Yuxuyozma 1500 – Miller Gustavus Hindman

Nahar yeməyi — Yuxuda yalnız nahar etdiyinizi görməniz yaxın gələcəkdə mühüm problemlər barədə dərin düşüncələrə qərq olmaq üçün tutarlı bir səbəblə üzləşəcəyinizə işarə edir. Gənc bir xanım yuxuda sevgilisilə nahar etdiyini görmüşsə, gerçək həyatda onunla ya mübahisə edəcəyi, ya da ümumiyyətlə, ayrılacağı gözlənilir. Lakin birgə nahar etmələri olduqca xoş və ürəkaçan bir ab-havada keçmişsə, münasibətləri son dərəcə uğurlu məcrada inkişaf edəcək. Yuxuda özünüzü nahara dəvət olunmuşlardan biri olaraq görmüsünüzsə, tezliklə sizə qarşı son dərəcə yaxşı münasibətdə olan insanların qonaqpərvərliyindən zövq alacaqsınız.

Nal — Yuxuda nal görmək işlərdə uğurun, xanımlar üçün isə xoşbəxt bir əmək­daşlığın əlamətidir. Qırıq nal görmək uğursuzluğa işarə edir. Hasardan asılmış nal görməniz əldə edəcəyiniz uğurların ən cəsarətli imkanlarınıza üstün gələcəyindən xəbər verir. Yuxuda yolda nal tapıb qaldırdığınızı görmüşsünüzsə, reallıqda heç fərqində belə olmadığınız bir mənbədən xeyli gəlir əldə edəcəksiniz.

Naməlum — Yuxuda naməlum, tanımadığınız, lakin suyuşirin, gülərüz adam­larla qəribə surətdə görüşdüyünüzü görməniz reallıqda yaxşılığa doğru dəyişikliklərdən xəbər verir. Görüşdüyünüz adamın xarici görkəminin xoşagələn olmaması bir o qədər də xoş əlamət deyil. Əgər yuxuda özünüzü qəribə bir mühitdə yad kimi hiss etmişsinizsə, sizin qanınızı qaraldacaq bir sıra olaylarla üzləşə bilərsiniz. Özünüzü tanımadığınızı görməniz isə bir sıra qəribə­liklərlə üzləşəcəyinizə işarə edir.

Namərdlik, xainlik — Yuxuda dostların xainliyinin şahidi olmaq reallıqda onların diqqəti və hörməti ilə əhatə olunacağınız deməkdir. Sevgililər üçün belə bir yuxu xoş gələcək vəd edir.

Nar — Yuxuda nar görmüsünüzsə, deməli, mənəvi və fiziki sağlamlığa zərər verən bihudə əyləncələrə qapılmaqdan çəkinərək, mənəvi təkmilləşmə istiqamətində öz bacarıqlarınızdan səmərəli yararlanmağı bacaracaqsınız. Sevgilinizin sizi nara qonaq etdiyini görməniz məkrli və fəlakətli qadın hiylələrinə məruz qala biləcəyinizdən xəbər verir, lakin narahat olmayın, çünki bu əsarətdən qurtulmağa kifayət qədər güc tapacaqsınız. Nar yemək kiminsə cazibəsinin təsiri altına düşəcəyinizə işarədir.

Narahatlıq — Belə bir yuxu təhlükəli vəziyyətdən sonra uğur və mənəvi gücün bərpa olunmasını vəd edən müsbət bir əlamətdir. Lakin əgər yatan adam hansısa bir əhəmiyyətli iş barədə narahatlıq keçirirsə, belə bir yuxu onun həm işdə, həm də ətrafdakılarla münasibətlərdə xoşagəlməz proqnozlar vəd edir.

Narkotik, tiryək məhlulu — Yuxuda narkotik qəbul etdiyinizi görməniz həqiqətdə zahirən fiziki cəhətdən zəif göründüyünüzə baxmayaraq, başqalarına böyük təsir gücünə malik olduğunuzu bildirir. Bu, xəbərdarlıq kimi bir yuxudur: ətrafdakılara olan təsirinizi idarə etməyi öyrənməlisiniz. Yuxuda kimlərinsə narkotik qəbul etməsinin qarşısını aldığınızı görməniz real həyatda insanlara xeyir və sevinc bəxş etdiyinizin əlamətidir. Sevdiyiniz xanımın həyatdan küsərək narkotik qəbul etdiyini görməniz işlərdə uğursuzluğa və dostlardan birinin itkisinə işarə edir. Özünüzün kiməsə narkotik verdiyinizi görməniz isə ailə üzvlərinizdən birinin yüngül nasazlığından xəbər verir.

Nasos — Yuxuda nasos görməniz çalışqanlığınızla əməksevərliyinizin tez­lik­lə arzuladığınız var-dövlətə nail olacağınızdan xəbər verir, həm­çi­nin bu yuxu möhkəm sağlamlıq əlamətidir. Qırıq, nasaz bir nasos görmüsünüzsə, ailə qayğıları sizin şöhrətpərəst meyillərinizi sıxışdıracaq. Həm evlilər, həm də subaylar üçün bu yuxu əbəs yerə sərf olunmuş səylərə işarə edir. Yuxuda nasosla işlədiyinizi görməniz isə həm sevinc, həm də gəlirli bir işin əlamətidir.

Naşir, nəşriyyatçı — Naşir və nəşriyyatçı ilə bağlı yuxular səyahətlər və ədəbiyyata me­yillilikdən xəbər verir. Əgər hansısa bir xanım yuxuda həyat yoldaşının naşir olduğunu görübsə, reallıqda ərini tanışlarına qısqanacaq. Yuxuda naşir sizin əlyazmanızı rədd edərsə, gerçək həyatda hansısa bir məsələdə sizi məyusluq gözləyir. Yox, əgər əlyazmanı qəbul edərsə, ümidlərinizin tam doğrulmasına ürəkdən sevinəcəksiniz. Naşirin əlyazmanızı itirdiyi məlum olarsa, tanımadığınız adamların bədxah əməllərinin qurbanına çevrilmə ehtimalınız var.

Natiq — Yuxuda bir natiqin gözəl və aydın nitqinin təsiri altında olduğunuzu görməniz reallıqda kobud bir yaltaqlığa düçar olacağınızdan və nalayiq insanlara yardım etmək niyyətinə düşəcəyinizdən xəbər verir. Gənc bir xanım yuxusunda mahir bir natiqə aşiq olduğunu görmüşsə, gerçək həyatındakı səthi təəssüratları onun məhəbbətində həlledici bir rol oynayacaqdır.

Nekroloq — Yuxuda nekroloq görmək reallıqda üzərinizə qoyulacaq xoşa­gəlməz və bir-birinə zidd vəzifələrin qoyulacağından xəbər verir. Nekroloq oxu­maq xoşagəlməz xəbərlərin müjdəçisidir.

Neştər, iynə (arılarda, əqrəblərdə) — Yuxuda hansısa bir həşəratın sizi sancdığını görməniz şər və mərdi­mazarlıq əlamətidir. Bu sayaq yuxu sahibi bir xanımdırsa, reallıqda qarşı cinsin lovğalığı və saymazlığı üzündən kədər və ruh düşkünlüyünə uğraya bilər.

Nəbz – Yuxuda nəbzinizi hiss etməniz reallıqda haqlı olaraq işləri­nizin gedişatına və səhhətinizə xüsusilə həssas yanaşdığınızın göstə­ricisidir. Başqasının nəbzini duymanız isə həqiqətdə özünüzü istənilən sevincdən məhrum etdiyinizi bildirir.

Nəfəs — Yuxuda təmiz və təravətli nəfəsi olan birinə yaxınlaşdığınızı görmü­sü­nüzsə, real həyatdakı davranışınız tərifə layiq olacaq, işgüzar addımlarınız isə uğurla nəticələnəcək. Yox, əgər yaxınlaşdığınız adamın nəfəsi sağlam deyilsə, üfunətli və xoşa­gəlməzdirsə, ehtiyatlı olun – xəstəlik və düşmənlərin tələlərinə uğraya bilərsiniz. Yuxuda boğulmaq uğur gözlədiyiniz işlərin tərsinə çevrilə biləcəyinə işarədir.

Nəleyin (tapoçka) — Yuxuda nəleyin görmək uğursuz və riskli ola bilən bir eşq macə­ra­sının əlamətidir. Qadın xeylağı üçün bu yuxu ailəli bir adamın təəş­şüqünə səbəb olacağına və bunun da pərtlik gətirəcəyinə, bəlkə də qalmaqalla nəticələnəcəyinə dair xəbərdarlıqdır. Tapoçkalarınızın kiminsə heyranlığına səbəb olduğunu görmüşsünüzsə, eşq macəranız sizin üçün böyük bir rüsvayçılıqla nəticələnəcək.

Nəmişlik, rütubət — Yuxuda rütubətlə əhatə olunduğunuzu görməniz reallıqda düşmən­lərlə amansızcasına mübarizə edəcəyinizdən xəbər verir. Lakin onların məhvedici qüvvələrinin qarşısında aciz qalmamaq üçün, iradənizi və enerjinizi səfərbər etməlisiniz.

Nənə və baba — Yuxuda nənə ilə babanı görüb onlarla söhbət etmək real həyatda bir sıra həlli müşkül olan çətinliklərlə üzləşmə ehtimalının artması de­məkdir. Lakin dəyərli məsləhət bu çətinliklərin öhdəsindən gəlmənizə mütləq yardımçı olacaq.

Nifrət etmək, nifrət — Yuxuda kiməsə nifrət etdiyinizi görməniz real həyatda da həmin adama qəribə bir nifrət hissi keçirəcəyinizdən xəbər verir və sizin onun dürüstlüyünə dair şübhələriniz təsdiqlənəcəkdir. Başqalarının sizə nifrət etdiyini zənn etmişsinizsə, sizin xoş niyyətləriniz onların eqoistliyində itib gedəcək. Gənc bir xanımın yuxuda məşuqunun ona nifrət etdiyini görməsi reallıqda ona heç uyğun olmayan birinə aşiq olacağından xəbər verir. Həmçinin belə bir yuxu sizin yaxınlarınızla davranışda ehtiyatsızlıq üzündən onları incidə biləcəyinizə dair bir xəbərdarlıqdır.

Nifrət, hörmətsizlik — Başqalarının sizə hörmətsizlik və ya nifrət etdiyini gördüyünüz yuxu həqiqətdə tamamilə əksinə yozulur. Belə ki, tezliklə yuxuda sizə qərəzli münasibət bəsləyən kəslərin məhəbbətilə yüksək qiymətini qazanacaqsınız. Sərbəst, xoşbəxt və bəxti gətirən olacaqsınız. Lakin yuxuda özünüzü nifrətəlayiq biri kimi görmüsünüzsə, reallıqda işgüzar və dost dairələrindən qovulma təhlükəsilə üzləşə bilərsiniz. Məhkəməyə qarşı hörmətsizlik ifadə etdiyinizi görməniz isə işgüzar aləmdə səhvə yol verdiyinizin göstəricisidir.

Nikah, izdivac, evlilik — Gənc bir xanımın yuxuda yaşlı bir kişi ilə evləndiyini gör­məsi bütün mövcud olan problemlərə, üstəlik, xəstəliyin də əlavə olunacağından xəbər verir. Əgər mərasim zamanı əynində qara paltar olan sevgilisi onun yanından ötüb keçirsə, deməli, reallıqda dostlarla münasibətlərdə soyuqluq gözlənilir. Yuxuda nikah mərasimi görmək sevinc və səa­dətə işarədir. Təbii ki, əgər mərasim iştirakçılarının əynindəki paltar­lar rəngarəng və gözəldirsə. Ümumiyyətlə, qara və tünd rəngli pal­tarlar kədərə işarədir. Əgər yuxuda özünüzü nikah mərasiminin xidmətçisi kimi görmüsünüzsə, gerçəkdə özünüzə qarşı qayğı və iltifat görəcəksiniz. Toy mərasimi zamanı bədbəxt hadisə görmək qəm-qüssədən xəbər verir. Gənc bir xanım özünü o qədər də xoşbəxt olmayan bir gəlin qismində görürsə, sevgidə məyusluq yaşaya bilər. Evli, ailəli bir xanım üçün isə belə bir yuxu xoşməramlıdır.

Nişan üzüyü — Qadın xeylağının yuxuda öz nişan üzüyünü parlaq və parıltılı gör­məsi real həyatda qayğıyla xəyanətdən uzaq olacağından xəbər verir. Üzük itmiş və ya qırılmışdırsa, həyatında kədərli məqamlar gözlənilir. Dostunuzun və ya başqa insanların barmağında nişan üzüyü görməniz kiminsə vədini ciddi qəbul etməyəcəyinizə işarə edir. Ola bilsin ki, qadağan olunmuş nəşələrə can atacaqsınız.

Nitq — Yuxuda hökumət adamının nitqini eşitməniz dostlarınızdan biri ilə mübahisə edəcəyinizdən xəbər verir. Kiminsə nitqini müza­kirə etdiyinizi görməniz xoşagəlməz macəraların, nitqi xatırlamağa çalışdığınızı görməniz qəfil çətinliklərin gözlənildiyini bildirir. Hansısa bir nitqi təkrarladığınızı, təhlil etdiyinizi gör­məniz isə arzuladığınız nəticələri əldə etməzdən əvvəl ciddi maneələri dəf etməli olacağınızdan xəbər verir.

Nizamsızlıq — Yuxuda intellektual bacarıqlarınızı həddindən artıq sərf etdiyinizi görməniz real həyatda nə yolla olursa olsun, şan-şöhrətə yiyələnmək istəyinizin həm özünüzə, həm də dost-tanışa zərər yetirəcəyilə təhlükəli olduğundan xəbər verir. Sevgidə və ya digər istəklərdə ifratçı olduğunuzu görmüsünüzsə, səhhətinizin bir qədər zəifləyəcəyi və ya ətrafdakıların sizə qarşı hörmətinin azalacağı ehtimal olunur. Gənc bir xanım üçün belə yuxu sevgilisilə ayrılığa və ya yaxın dostların qəzəbinə işarə edə bilər.

Nizə, mizraq — Yuxuda nizə görmək ən alçaq hərəkətlərə belə hazır olan düşmən­lərinizin olduğunu bildirir. Nizə yarası almaq isə gələcəkdə əsəblərinizin gərilməsinə səbəb olacaq ədalət məhkəməsinin səhvindən xəbər verir. Nizəni qırmısınızsa, mümkün olmayanların gerçəkləşməsini və ən ümdə arzularınızın reallaşacağını gözləyin. Əgər sizə hücum edən düş­mənlərdən nizəylə müdafiə olunduğunuzu görmüsünüzsə, deməli, real həyatda üzərinizə qoyulmuş ittihamların yalan olduğunu və özünüzün haqlı olduğunuzu sübut etməlisiniz. Nizənin bədəninizi deşib keçdiyini görməniz yaxşı əlamət deyil, bu o deməkdir ki, düşmənləriniz bir müddət bayram edəcək. Nizəli adamlar görmək isə maraqlarınıza zərər yetirə biləcək bir təhlükənin əlamətidir.

Noxud — Yuxuda noxud yediyinizi görməniz sağlamlıq və maddi gəlir­lə­rin artacağından xəbər verir. Kəndlilər üçün belə bir yuxu aktiv fəa­­liy­yətə işarədir. Noxudun bitdiyini görmək uğurlu sahibkarlıq işlərinin gözlənildiyindən xəbər verir. Noxud əkmək – möhkəm əsaslı ümidlərinizin tezliklə həyata keçəcəyi, noxud məhsulu yığmaq isə planlarınızın reallaşacağı deməkdir, yaxın gələcəkdə əməyinizin bəhrəsini görəcəksiniz. Yuxuda konservləşdirilmiş noxud görmüsünüzsə, bəzi ümidləriniz bir müddət qeyri-müəyyənlik içində qalacaq, lakin nəticədə yenə də uğur əldə etməyi bacaracaqsınız. Qurudulmuş noxud yemək uğurun ardınca baş verə biləcək inciklik və etinasızlığın əlamətidir. Qurudulmuş noxud görmək isə yorğunluğun nəticəsidir.

Odçəkən, atəşkeş — Yuxuda bərk qızdırılmış odçəkən, yaxud da ondan istifadə edərək, kiminləsə mübahisə etdiyinizi görməniz reallıqdakı sınaqları tam hazırlıqlı qarşılamağı bacaracağınızdan xəbər verir.

Odun, bir qucaq odun — Yuxuda bir qucaq odun görmək sevdiyiniz biri ilə münasi­bətlərdə anlaşılmazlıq və hətta inciklik ola biləcəyinə işarədir. Adətən Milad axşamında yandırılan böyük bir odun parçası görmək isə yaxşı yuxudur: bayram günlərinin birində ən ümdə arzularınız çin olacaq.

Odun-çırpı  — Yuxuda odun-çırpı qalağından qalxan qatı tüstü görmüşsü­nüzsə, deməli, düşmənləriniz sizə qarşı qərəzli fikirdədir, lakin çör-çöp gur şəkildə alışıb-yanırdısa, xoşagəlməz çətinləşmələrdən qurtularaq, sər­vət əldə edəcəksiniz. Yanan çör-çöpü ayaqladığınızı görməniz dostlarınızın düşüncəsiz hərəkətlərinin sizə ziyan vuracağını bildirir. Alışıb-yanan çör-çöpü ayaqlayarkən heç bir yerinizi yandırmadığınızı gördüyünüz yuxu müstəsna bir çiçəklənmənin əlamətidir.

Ofisiant  — Yuxuda ofisiant görməniz reallıqla dostlardan birilə ürəkaçan anlar yaşayacağınıza işarə edir. Yuxunuzdakı ofisiant əsəbi və səliqəsizdirsə, sevmədiyiniz kimsələrə qarşı qonaqpərvərlik nümayiş etdirmək məc­buriy­yətində qalacaqsınız.

Oğru — Yuxuda oğru olduğunuzu və polisin sizi təqib etdiyini görmü­sü­nüzsə, işlərdə uğursuzluqlar və ətrafdakılarla münasi­bətlərin pozu­lacağı ehtimalı vardır. Özünüz oğrunu təqib edərək yaxalamısınızsa, düşmənlərinizi məğlub etməyi bacaracaqsınız. Yuxuda gecə qul­dur­larının təqibinə məruz qalmısınızsa, reallıqda rəqiblərinizlə münasi­bətləriniz kəskinləşə bilər. Bu sayaq yuxular xüsusilə də tanımadığınız adamlarla münasibətdə ehtiyatlı olmanıza dair bir xəbərdarlıqdır. Yuxuda evinizin və ya iş yerinizin qarət olunduğunu görmüsünüzsə, etiqadınızın müdafiə olunmasında səbir və mərdliyiniz tələb olunacaq. Səhlənkar adamlar üçün belə yuxu yaxşı əlamət deyildir.

Oğul — Oğlunuz varsa və onu yuxuda gözəl və itaətkar görmüşsünüzsə, reallıqda da fəxr etməniz üçün yetərli əsaslarınız olacaq və yüksək şərəfə can atacaqsınız. Əlil və ya əzab çəkən uşaq görmək isə xoşagəlməz əlamətdir. Ana yuxuda oğlunu quyunun dibinə yıxılmış vəziyyətdə görürsə və oradan köməyə çağırdığı sədalarını eşidirsə, bu yuxu da müsbət əlamət sayılmır. Lakin oğlunu xilas etdiyini görmüşsə, deməli, yuxunun xəbərdarlıq etdiyi təhlükə aradan qaldırılacaq. Belə bir yuxunu ehtiyatlı və diqqətli olmağa çağırış olaraq dəyərləndirmək gərəkdir.

Oğurluq — Yuxuda oğurluq və ya bu işi görən soyğunçuları görməniz iradəsizli­yinizdən və gözlənilən uğursuzluqlardan xəbər verir. Oğurluq etməkdə ittiham olunduğunuzu görməniz isə xoşagəlməz bir anlaşılmazlığın hansısa işinizdə əngəllər törədəcəyinə və sizin də bunu ağır qəbul edəcəyinizə işarə edir; lakin narahat olmağa dəyməz, nəticədə yenə də hörmət sahibi olacaqsınız. Əgər gördüyünüz yuxuda başqa birisi ittiham olunmuşdursa, deməli, real həyatda ehtiyatsız tələskənliyinizlə günahsız bir adamı qınamış olacaqsınız.

Ox — Yuxuda əlinizdə ox tutduğunuzu görməniz məmnunluq əla­mə­­tidir. Bu yuxudan sonra əyləncələr, bayramlar və maraqlı səyahətlər göz­lənilir. Əzab-əziyyət uzunmüddətlik bitəcək. Köhnə və ya qırıq ox isə sevgidə, yaxud da işlərdə məyusluğa işarə edə bilər.

Oxuma, mütaliə — Yuxuda mütaliə etdiyinizi görməniz bir vaxt sizə olduqca çətin görünən bir işdə fərqlənəcəyinizdən xəbər verir. Başqalarının mütaliə etdiyini görməniz isə dostlarınızın sizə qarşı mehriban olacağını, özünüzün də həmin müddətdə ürəkaçan vəziyyətdə olacağınızı bildirir. Mütaliə üçün hansısa bir kitabı təklif etdiyinizi və ya oxuduğunuzu müzakirə etdiyinizi görməniz ədəbi biliklərinizi hər zaman təkmilləşdirdiyinizin göstəricisidir. Əlinizə aydın olmayan və mənasız bir mətnin keçdiyini görməniz isə narahatlıq və məyusluq əlamətidir.

Oxuma, nəğmə — Yuxuda eşitdiyiniz oxuma, nəğmə sevinc və möhkəm bir dostluğun əlamətidir. Ehtimal ki, tezliklə uzaqda olan bir dostunuzdan məktub alacaqsınız. Özünüzün oxuduğunuzu, ətrafda olanların isə səadət saçdığını gördüyünüz yuxu reallıqdakı səadətinizin gerçəkliyi istiqamətində canfəşanlıqla uğraşacağınızı bildirir. Yuxuda eşidilən kobud, təklifsiz oxuma isə israfçılıq və böyük məsrəflərin əlamətidir.

Okean — Yuxuda suları sakit olan bir okean görmək xeyir əlamətdir. Dənizçilər üçün bu əlamət ürəkaçan və uğurlu bir səfərdən, işgüzar adamlar üçün işlərinin gedişatından məmnun qalacaqlarından, gənc oğlanlar üçün isə sevgililərinin lətafətindən zövq alacaqlarından xəbər verir. Okeanın sahildən uzaq bir yerində olub, dalğaların gəmiyə çırpılmasını dinləmək işgüzar aləmdə çətinliklərə, ailədə isə mübahisə və acı tənələr dövrünün ehtimal olunduğuna işarə edir. Sahildə dayanıb, okeanın dalğalarının bir-birinin üstündən aşmasını seyr etmək reallıqda düşmənlərin çirkin niyyətlərindən qurtulacağınızdan xəbər verir. Okeanın gah asanlıqla keçilə biləcək dərəcədə çay kimi dayazlaşdığını, gah da dalğaların sakitləşərək çəkildiyini və suların müdhiş dərinliyinin gözünüz önündə açıldığını görmüsünüzsə, həyatınızdakı uğur və əmin-amanlıq çətinlik və qayğılarla növbələşəcək. Okeanın sakit suları üzərində üzmək isə istənilən işlərdə uğur əlaməti hesab olunur.

Omba — Yuxuda öz hamar və ağappaq ombanızı (budunuzu) görmək böyük uğur və müxtəlif cür kef-səfadan xəbər verir. Yaralanmış, zədələnmiş omba görməniz xəstəlik və xəyanətdən qorunmanıza işarə edir. Gənc bir xanım yuxuda öz ayaqlarına, ombasına baxıb fərəhlənirsə, bu onun əyləncəli eşq macəralarına hazır olduğundan xəbər verir, lakin xoşa­gəlməz hallara yol verməmək üçün davranışında daha ehtiyatlı və diqqətli olması tövsiyə olunur. Əgər gənc bir xanım yuxuda öz ayaqlarını çox arıq görürsə, bu, hansısa bir nasazlığın və ya xəstəliyin işarəsidir. Yuxuda heyvanların kök və ətli budlarına tamaşa etmək həyatda rahatlıq əldə edəcəyinizdən xəbər verir.

Omlet (un və südlə çalınmış yumurtaların qayğanağı) — Yuxuda omlet hazırladığınızı görməniz sizə qarşı istifadə oluna biləcək yalan və yaltaqlığa dair bir xəbərdarlıqdır. Omleti yediyinizi görməniz isə uzun müddət sadəlövhlüyünüzdən sui-istifadə edən biri tərəfindən aldadılacağınızdan xəbər verir.

Opera — Yuxuda özünüzü operada görmüsünüzsə, reallıqda tezliklə yaxın dost və həmfikirlərlə görüşəcəksiniz, həmçinin işlərinizin uğurlu inkişafı üçün olduqca münbit şərait yaranacaq.

Orkestr — Yuxuda orkestrdə ifa etdiyinizi görməniz şən əyləncələr vəd edir. Belə bir yuxu həm də sevgilinizin sizə sadiq olacağının əlamətidir. Orkestr sədaları eşitməniz isə insansevərliyinizin istənilən vəziyyətdə sizin hər zaman diqqət mərkəzində olacağınızdan, taleyin isə hələ uzun müddət üzünə güləcəyindən xəbər verir.

Orqan (ərğənun – musiqi aləti) — Yuxuda orqanda (ərğənunda) çalınan təntənəli, əzəmətli musiqi əsərinin sədalarını dinləmək uzunömürlü bir dostluqdan və xoş güzə­randan xəbər verir. Orqan musiqi alətinin kilsədə olduğunu görməniz ailədə yarana biləcək mübahisələrə və mümkün ayrılığa işarə edir. Orqanda ifa olunan xoşagələn, ahəngdar bir musiqi sədalarını dinləmiş­sinizsə, gözəl həyat qurmaq cəhdlərinizdə uğur əldə edəcək və geniş məşhurluq qazanacaqsınız.

Orqan çalan — Yuxuda orqan çalanı görməniz reallıqda ən yaxın dostunuzun ehtiyatsız hərəkətlərilə sizə böyük narahatlıq yaradacağı ehtimal olunur. Gənc bir xanım yuxuda özünün orqan çalan olduğunu görmüşsə, sevgilisilə gərəksiz tələbkarlığı tezliklə qarşı tərəfin hisslərini soyuda bilər.

Ot — Yuxuda ot görmək həqiqətən də xoşbəxt və yaxşı təmin olunmuş bir həyat vəd edən son dərəcə xoş müjdəçidir. Bu yuxu işgüzar adamların qısa müddətdə sərvət toplayacağını, artist və ədiblərin şöhrət qazanacağını, bütün sevib-sevilən insanların isə coşqun bir məhəbbət dənizində nəşələnəcəyini vəd edən əlamətdir. Yaşıl otlu düzəngahlar üstündə ucalan dağlar görmək isə təhlükəyə işarə edə bilər. Yaşıl çəmən­likdə gedərək, qurumuş otları olan sahələrə rast gəldiyinizi görmə­niz xəstə­liyə və ya işlərdə çətinliyə dair xəbərdarlıqdır. Yalnız yaşıl və təzə, təravətli ot görülən yuxular xaş əlamət sayılır. Qurumuş ot isə məyusluğa işarə edir.

Otaq — Yuxuda özünüzü son dərəcə gözəl və mebellə təchiz olunmuş bir otaqda görməniz gözlənilməz gəlir əldə edəcəyinizdən, naməlum qohum-əqrəbadan və ya alver yoluyla miras sahibi olacağınızdan xəbər verir. Gənc bir xanım üçün belə bir yuxu real həyatda tanımadığı zəngin bir kişinin ona ailə həyatı və gözəl ev təklif edəcəyinə işarə edir. Xanımın yuxuda gördüyü otağın görünüşü sadədirsə, gerçək həyatda onu ortabab gəlir və daimi qənaətcillik gözləyir.

Ov — Yuxuda ova çıxdığınızı görməniz həqiqətdə demək olar ki, qeyri-real planlar uğrunda mübarizəyə başlamalı olduğunuzdan xəbər verir. Ov quşlarını təqib edərək, hədəfə nail olduğunuzu görmüsünüzsə, qarşınıza çıxan çətinliklərin öhdəsindən gələrək, arzularınızı həyata keçirməyi bacaracaqsınız. Yuxunuzdakı ov uğursuz keçmişdirsə, işgüzar həyatda bəzi itkilər və səhv qərarlar ehtimal olunur. Ov şeypurunun gümrah sədalarını eşitmək real həyatda tam bir xoşbəxtliyin və taleyin əhəmiyyətli dəstəyinin əlamətidir.

Ovsun — Yuxuda özünüzü ovsun oxuyarkən görməniz ailə-sevgi mü­nasibət­lərində xoşagəlməz anlar yaşayacağınızdan xəbər verir. Yuxuda ovsun oxuyan səsləri eşitmək reallıqda dostlarınızın qeyri-səmimiliyinə işarədir.

Oyun kartları — Yuxuda əylənmək üçün kart oynamısınızsa, uzun müddət qəlbinizi toxtadan ümidlərinizin tezliklə gerçəkləşəcəyini gözləyin. Xırda nasazlıqlar da yoxa çıxacaq. Lakin pullu şərtlərlə keçən kart oyunu haqqında yuxular həyati çətinliklərdən xəbər verir. Oyunda uduzduğunuzu görməniz reallıqda düşmənlərlə toqquşma, udduğunuzu görməniz isə böyük çətinliklərdən sonra qanun qarşısında bəraət qazanacağınızı bildirir. Gənc bir xanımın yuxuda sevgilisinin kart oyunu oynadığını görməsi onun xoş niyyətlərində şübhələr yaşayacağına işarə edir. Söhbət ictimai yerlərdə, yaxud da kübar dairələrdə oynanılan oyun­lardan gedirsə, yuxuda brilyant görmək var-dövlətin, zənginliyin müjdəçisidir; oyun klubları görmək isə həyat yoldaşınızın son dərəcə tələbkar və hər şeyə irad tutan olacağını, həmçinin ona tez-tez evdə olmadığınızın səbəblərini izah etdiyiniz zaman çətinliklər çəkəcəyinizi bildirir; qırmızıtoxmaq kartları görmək sədaqət və rahatlığın əlamətidir; qaratoxmaq kartlar isə sizin böyük bir mirasa sahiblənərək, onu idarə etməkdə çətinliklərlə üzləşəcəyinizə işarə edir. Bundan əlavə, oyunun uğurlu keçdiyini görmüsünüzsə, qonaq getdiyiniz evdə son dərəcə qeyri-səmimi şəkildə qarşılanacaqsınız, lakin bu hadisə sizə həm də əsl dostlar tapmanıza, dostunuzu-düşməninizi ayırd etmənizə yardımçı olacaq. Həqiqi dostlar həyatın bir çox çətin məqamlarında hər zaman sizin yanınızda olacaqlar. Kart oyunu partiyasını uduzduğunuzu görməniz isə şəxsi münasibətlərdə xoşbəxtlik tapmayacağınızın və işləri səliqəyə salmaqda müəyyən çətinliklər çəkəcəyinizin əlamətidir.

Öküz — Yuxuda kök öküz görmək bir liderə çevriləcəyinizdən və qarşı cinsin rəğbətinə sahib olacağınızdan xəbər verir. Yaşıl otlaqda çoxlu kök öküzlər görmək uğur və cəmiyyətdə təsəvvür belə etmədiyiniz yüksək mövqe vəd edir. Əgər öküzlər başını aşağı, ota tərəf əyibsə, var-dövlətiniz bir qədər azala, dostlar isə müəyyən səbəblərə görə sizdən uzaqlaşa bilər. Kişi üçün yuxuda seçmə cins öküzlər görməsi imkanlı bir xanımla xoşbəxt nikah bağlayacağından, yaxud da əvvəlki sadiq sevgilisilə barışacağından xəbər verir. Ölü öküz kədər əlamətidir. Əgər yuxuda öküzlər təmiz bulaqdan və çaydan su içirlərsə, mehriban və sadiq bir xanım sizə hayan olacaq. Belə bir yuxunu xanım görübsə, reallıqda sadiq sevgilisinin təklifini tezliklə qəbul edəcəkdir. Ağ öküz görmək xüsusilə xoşbəxt əlamətli yuxudur.

Öküz (işlək öküz) — Yuxuda öküz görmək əsl sadiq dostlar qazanacağınıza, həm­çinin ürəkaçan bir ziyafətdə iştirakçı olacağınıza dair xəbər­darlıqdır. Allahın köməyilə uzun müddət sağlamlığınızda heç bir narahatlıq olmayacaqdır, dar məqamda isə gözlənilməz də olsa, etibarlı bir dəstək alacaqsınız.

Ölüm, vəfat etmiş adam, mərhum — Yuxuda yaxınlarınızdan birini vəfat etmiş görməniz xəbər­darlıq hesab olunur: qarşıda ehtimal olunan bir sınağı, hətta bəlkə də itkini səbatla qəbul etməyə çalışmalısınız. Vəfat etmiş dostu­nuzun səsini eşit­məniz xoşagəlməz xəbərlərə işarə edir. Ölümlə bağlı yuxular insanlara bir xəbərdarlıq olaraq göndərilir. Yuxuda vəfat etmiş atanızla söhbət etdiyinizi görməniz sizi başlamağa hazırlaşdığınız bir işi və onunla bağlı bütün əməliyyatı ətraflı düşünüb-daşınmağa səsləyir. Bu yuxu həm də kimlərinsə sizə qarşı fitnə-fəsad niyyətində olduğunun xəbərdarlığıdır. Həm kişilər, həm də qadınlar belə bir yuxudan sonra öz davranışlarına daha çox diqqət etməli, təmiz adlarını qoruyub-saxlamağa çalışmalıdır. Vəfat etmiş ananızla söhbət etdiyinizi görməniz isə meyillərinizi, həvəslərinizi idarə etmənizə, sağlamlığınıza diqqət yetirmənizə bir çağırışdır. Yuxuda vəfat etmiş qardaşınızla söhbət etməniz reallıqda kiminsə sizin yardımınıza və şəfqətinizə ehtiyac duyduğunu bildirir.

Vəfat edənlərdən kimsə yuxunuza şad-xürrəm gəlmişsə, deməli, həyatınızı düzgün təşkil etməmisiniz; iradənizi səfərbər edərək bütün gələcək taleyinizə təsir göstərmək iqtidarında olan ciddi səhvləri düzəltməyə çalışmalısınız. Dünyasını dəyişmiş qohumlardan birinin yuxuda sizdən istənilən bir vəd almağa çalışdığını görməniz gerçək həyatda ehtimal olunan ümidsizliyə, işlərin tənəzzülə uğrayacağı dövrə qarşı müqavimət göstərməli və müdrik məsləhətlərə etinasız yanaşmamalı olduğunuza işarə edir. Yuxuda eşitdiyiniz vəfat etmiş qohumlardan birinə məxsus olan səs zahiri qüvvələrin yaxın gələcəkdən göndərdiyi və yatan beynimizin qəbul edə bildiyi yeganə real xəbərdarlıq formasıdır. Hələ qədim İsveçrə alimi Parasels dünyasını dəyişmiş yaxınlarımızın bizə dediklərinə etinasız yanaşmamağı tövsiyə etmişdi: yatmış adam yuxuda hətta vəfat etmiş yaxınlarından məsləhətlər də ala bilər və illərin təcrübəsi bu məsləhətlərdən faydalanmağın səmərəsiz olmadığını da təsdiqləmişdir; vəfat etmiş yaxınlarımızın ruhu yuxumuza gəlməklə, sadəcə, beynimizin yatan sahələrini oyadaraq, orada olan bilgiləri həyata səsləyir, canlandırır.

Öpüş, busə — Yuxuda bir-birilə öpüşən uşaqlar görmək ailədə xoşbəxt barışıq, işgüzar sahədə də məmnunluq əlamətidir. Ananızı öpdüyünüzü görməniz sahibkarlıqda uğur, dostlar arasında hörmət və məhəbbət qazanacağınızdan xəbər verir. Qardaşınızı və ya bacınızı öpməniz gələcək uğurların və mehriban dostluğun müjdəçisidir. Sevgilinizi qaranlıq bir otaqda öpməniz təhlükə və əxlaqsızlığa dair xəbərdarlıq, işıqlı otaqda öpməniz isə reallıqda xanımlara qarşı alicənablığınızı dəyişməyəcəyinizin gös­təricisidir. Yuxuda tanımadığınız qadını öpdüyünüzü görməniz ədəb­siz­lik əlamətidir. Rəqibinizin sevdiyiniz qadını öpdüyünü görməniz isə sevgilinizin etimadını itirə biləcəyinizə işarə edir. Ər-arvad üçün yuxuda bir-birilə öpüşdüyünü görməsi evlərində mənəvi harmoniyanın hər zaman mövcud olacağını bildirir. Yuxuda düşməninizi öpdüyünüzü görmüşsünüzsə, reallıqda dostunuzla barışığa nail olacaqsınız. Gənc bir xanım yuxuda pərəstişkarıyla öpüşərkən gözlənilmədən ifşa olunduğunu görmüşsə, reallıqdakı saxta dostları tərəfindən kobud rəftara hazır olmalıdır.

Ördəklər — Yuxuda çayın təmiz sularında üzən ördəklər görməniz xoşbəxt səfərləri və dəniz səyahətlərinin əlamətidir. Ağ lələkli ördəklərin kənd həyətində gəzişdiyini görməniz evinizə çiçəklənmə və bol məhsul vəd edir. Ördək ovuna çıxmaq isə planların reallaşması məsələsində kəskin dəyişikliklərin müjdəçisidir. Ördəklərin ov zamanı vurulduğunu görməniz bədxahların sizin işlərinizə müdaxilə etmək niyyətində olduğuna dair xəbərdarlıqdır. Ördək­ləri uçan vəziyyətdə görmək isə son dərəcə uğurlu bir əlamət hesab olunur: tale üzünüzə gülümsəyəcək. Xoşbəxt bir nikah quracağınız, gözəl övladlar dünyaya gətirəcəyiniz və ya təzə ev alacağınız ehtimal olunur.

Örtülü şitillik, oranjereya — Yuxuda gördüyünüz örtülü şitillik reallıqda yaltaqlığın sizin üçün təhqiredici məna daşıdığı qeyri-səmimi söhbətləri dinləmək məcburiy­yətində qalacağınızdan xəbər verir. Gənc bir xanımın yuxuda oranjereyada yaşadığını görməsi gerçək həyatda nüfuzuna xələl gətirmək iqtidarında olan böyük bir pislik astanasında qalacağına dair xəbərdarlıqdır.

Öskürək — Yuxuda inadcıl bir öskürəkdən əziyyət çəkdiyinizi görmü­sünüz­sə, sağlamlığınıza diqqətli yanaşmanız məsləhət görülür. Lakin səhhə­ti­ni­zin qayğısına qalaraq, bu öskürəkdən azad olduğunuzu və bu səli­qəliliyin sizdə bir vərdiş halını aldığını görməniz bu işlərin uğurla nəticələnəcəyini bildirir. Başqalarının öskürdüyünü görmək gələcəkdə hansısa xoşagəlməz hadisələrin mümkünlüyündən xəbər verir. Lakin siz bunun da öhdəsindən gəlməyi bacaracaqsınız.

Paxla — Yaxşı yuxu deyil. Bitən paxla görmək uşaqların xəstəliyinə işarədir. Qurudulmuş paxla bir çox işlərdə dərin ümidsizlik deməkdir. Yaxın gələcəkdə ailə üzvlərinizin və sizi əhatə edən insanların hansısa bir nasazlığı ola biləcəyinə diqqət yetirmək gərəkdir. Yuxuda paxla yemək yaxın bir tanışınızın uğursuzluqlarından və xəstəliyindən xəbər verir.

Paket — Yuxuda hansısa bir paket aldığınızı görməniz reallıqda uzun müd­dətdən bəri yanınızda olmayan, yaxud da başı işə-gücə qarışmış birinin qayıtmasını təəccüb və sevinclə qarşılayacağınızdan xəbər verir. Əlinizdə paket apardığınızı görməniz isə xoşagəlməz bir işə sövq ediləcəyinizə işarə edir. Əlinizdəki bağlı paketi kiməsə apararkən əli­niz­dən saldığınızı görmüsünüzsə, başladığınız hansısa bir işin uğursuzluğundan əmin olacaqsınız.

Palçıq — Yuxuda palçıqda yeridiyinizi görmüsünüzsə, dostların etibarını və ailədəki mehribanlığı itirmə ehtimalı vardır ki, buna səbəbkar da məhz özünüz olacaqsınız. Başqalarının palçıqla yeridiyini görməniz dostunuzun və ya iş yoldaşınızın sizə dair yaydığı çirkin dedi-qodudan xəbər verir. Kəndli üçün belə bir yuxu məhsulun gəlirinin azalacağına işarədir. Paltarınızın üzərində palçıq görmüsünüzsə, nüfuzunuza xələl yetirməyə çalışanlardan ehtiyatlanın. Bu palçığı təmizlədinizsə, deməli, reallıqda da düşmənlərin şər-böhtanından qurtulmağı bacaracaqsınız.

Palıd ağacı — Yuxuda dayanıb palıd meşəsinə baxdığınızı görmüsünüzsə, əmin-amanlıq və bütün işlərin uğurlu inkişafı gözlənilir. Palıd ağaclarının üstündə çoxlu palıd qozaları görmək isə uğurların daha da artacağından və ürəkaçan təsadüflərdən xəbər verir. Kəsilmiş palıd ağacı qəfil və heyrətləndirici sürprizlərə işarədir. Sevgililər üçün yuxuda palıd ağacı görmək yaxın gələcəkdə ailə quracaqlarından və ürəkaçan yeniliklərdən xəbər verir.

Palıd qozası — Yuxuda palıd qozaları görmək qarşıda gözlənilən xoş xə­bərlərə işarədir. Qozaları yerdən toplamaq məsuliyyətli bir işin qarşılığında böyük uğura nail olmaqdan xəbər verir. Xanımın yuxuda palıd qozaları yediyini görməsi reallıqda həyatının tezliklə xoş məcrada dəyişəcəyini bildirir. Qozaları ağacdan çırpıb yerə tökmək işgüzar sahəyə və məhəbbətə aid məsələlərdə böyük uğurlara nail olmaq deməkdir. Ağacda sallanan və ya yerə tökülmüş yaşıl palıd qozaları görmək də xoş əlamətdir. Yalnız ağacdan yığmaq və ya yerdən çürümüş qozalar toplamaq o qədər də ürəkaçan əlamət deyildir.

Pal-paltar — Yuxuda görülən pal-paltar gələcəkdən xəbər verən bir əla­mətdir. İşlərinizin uğuru yuxuda gördüyünüz paltarların növündən asılı olacaq: bütöv və təmiz, yaxud kirli və cırıq paltarlar. Gözəl, lakin dəbdə olmayan paltar görmək gələcəkdə uğura nail olacağınızdan, lakin dəyərli məsləhətlərə etinasız yanaşacağınızdan xəbər verir. Dəbdən düşmüş paltardan imtina etdiyinizi görməniz tezliklə yaxın ətrafınızdan uzaqlaşaraq, yeni tanışlıqlar, işlər və sevgi münasibətləri quracağınızı bildirir. Bütün bu yeniliklər sizi tamamilə dəyişəcək. Başqalarının və özünüzün ağ rəngli paltarlar geyindiyinizi görməniz mübahisələr, ümidsizlik və xoşagəlməz yol yoldaşları kimi bir qədər kədərli dəyişikliklərin müjdəçisidir. Ağ paltar geyinmiş birilə gəzişdiyinizi görməniz həmin adamın (qadın və uşaq istisna olmaqla) nasazlayacağından xəbər verir.

Gəzişdiyiniz qadın və ya uşaqdırsa, bu yuxu ürəkaçan dəyişikliklərin əlaməti ola bilər. Kommersiya fəaliyyəti ümidlərinizi doğrultmayacaq. Yuxuda görülən sarı rəngli paltarlar maraqlı əyləncələr və maliyyə uğurlarının müjdəçisidir. Qeyri-təbii bir işıqlandırma altında sarı paltarlara bürünmüş kabus görmək xoşagəlməz dəyişikliklərə işarə edə bilər. Yuxuda gözəl, yaraşıqlı sarı rəngli parça görmüsünüzsə, uğura nail olacaqsınız. Mavi rəngli paltarlar görmüsünüzsə, yüksək enerjiniz arzularınıza tezliklə çatmanıza səbəb olacaq. Dostlarınız sizi dəstəkləyəcək. Moruq rəngli paltarlar görməniz niyyətlərinizi vaxtlı-vaxtında dəyişməklə, qorxunc düşmənlərdən azad olacağınıza işarə edir. Yaşıl rəngli paltarlar çiçəklənmə və səadətə dair ümidin mövcudluğunun əlamətidir. Rəngarəng paltarlar isə gələcəkdə kəskin dəyişik­liklərlə yanaşı, xeyir və şərin növbələşəcəyini bildirir. Yuxuda əyninizə yaxşı oturmayan, əndazənizə uyğun olmayan paltarlar görmək reallıqda bəzi bağlılıqlarınızın sonuna işarə edir. Hansısa bir təşəbbüsdə səhvə yol verəcəyiniz ehtimalı var. Gənc bir adamı və ya ahıl bir kişini gözəl biçilmiş bir kostyumda görməniz xoşagəlməz və yorucu tədbirlər görəcəyinizi təxmin edir.

Qadın xeylağının yuxuda əynindəki paltarı bəyənmədiyini görməsi reallıqda dünyəvi uğurlara nail olması yolunda xoşagəlməz rəqabətlə üzləşəcəyini bildirir. Başqalarının paltarlarına heyranlıqla baxdığını görməsi isə sevgilisinin qısqanc şübhələrindən xəbər verir. Əyninizdəki paltarın hansısa bir hissəsinin itdiyini görməyiniz kommersiya və sevgi məsələlərində maneələrin ehtimal olunacağına işarə edir. Gənc bir xanımın yuxuda özünü qara kostyumda görməsi kədər və məyusluq əlamətidir. Başqa bir qadını əynində moruq rəngli paltarda, üzündə də krep parçadan tikilmiş matəm duvağıyla görməsi reallıqda özünə tay saymadığı birinin onunla rəqabətə başlayacağından, acı məyusluğun bütün qadınlara qarşı qəzəbli bir münasibət bəsləyəcəyindən xəbər verir. Ümumiyyətlə, pal-paltarla bağlı görülən yuxuları yozarkən, yuxuda görülən əşyaların, insanların və sair detalların təbii olub-olmadığı amilinə diqqətlə yanaşmaq gərəkdir. Yuxulardakı rənglərin parlaq olmasına baxmayaraq, görülən simalar təhrif olunmuş, işıqlanma qeyri-təbii olmuşdursa, diqqətli olun, çünki mühüm planların reallaşmasında ehtimal olunan uğursuzluq sizə ziyan vura bilər. Kirli və cırıq paltarlar bütün hallarda yalan vəd edir və tanımadığınız insanlarla ünsiyyətlə ehtiyatlı olmanıza çağırır. Belə bir yuxu həmçinin nüfuzunuza xələl gətirə biləcək bir hərəkətdən uzaqlaşmanıza səsləyir.

Təmiz pal-paltar isə əksinə – uğur və əmin-amanlığın əlamətidir. Yuxuda çoxlu sayda parlaq və gözəl pal-paltara sahib olduğunuzu görmüsünüzsə, ehtiyatlı və diqqətli olun. Belə ki, səhv addımlarınız hətta ən zəruri dəyərlərdən belə məhrum olacağınızla nəticələnəcək itkilərə yol aça bilər. Gənc bir xanımın bu sayaq yuxu görməsi yerinə yetməyən ümidlərinin olduğunu bildirir. Pambıq parçadan tikilmiş yüngül, xoşagələn paltarlar bəzi hadisələrin sizin əleyhinizə baş verəcəyi ehtimalını bildirir. Gənc bir xanımın yuxuda pambıq parça rulonu görməsi reallıqda bacarıqlı və ailəcanlı bir şəxslə xoşbəxt ailə quracağından xəbər verir. Ailəli xanımlar üçün isə bu yuxu evlərində rahatlıq və qarşılıqlı anlaşma ab-havasından hökm sürəcəyinə işarə edir. Özünüzü paltarsız görməniz ətrafınızda dolaşan dedi-qodulardan xəbər verir. Yuxuda nüfuzlu bir şəxsi paltarsız görməniz sizə doğma olan adamların kədərilə nasazlığına işarə edə bilər. Başqalarını paltarsız görmək isə oğurlanmış bir sevincin əlamətidir.

Paltarların yuyulması — Yuxuda paltarların yuyulmasını görməniz sizin qələbənizlə nəticə­lənəcək və uğura gətirib çıxaracaq bir mübarizənin müjdə­çisidir. Paltarlar təmiz yuyulmuşdursa, meyil və təşəbbüsləriniz qüsursuz bir xoş­bəxtlik bəxş edəcək. Paltarların görünüşündən narazı qaldığınızı görməniz isə uğursuzluq əlamətidir. Yuxuda paltar yumaqla məşğul olan gözəl-göyçək bir qız görməniz qadağan olunmuş əyləncələr axtaracağınıza işarə edir.

Palto — Yuxuda palto görməniz inadkarlığınızın sizə zərər verəcəyinə işarə edir. Kimdənsə palto alıb geyinməniz başqalarının səhvinin qurbanına çevrilə biləcəyinizdən xəbər verir. Gözəl, təzə bir paltoya baxdığınızı və ya onu geyindiyinizi görmüsünüzsə, arzularınızın reallaşmasında müstəsna bir uğur gözləyir sizi. Yuxuda əyninizdə olan paltonun başqa birinə məxsus olduğunu dərk etmişsinizsə, həqiqətdə müşkül bir vəziyyətə düşərək, dostların məsləhətinə ehtiyac duyacaqsınız. Əyninizdəki palto cırıq idisə, bəzi çətinliklər ehtimal olunur. Paltonuzu itirdiyiniz yuxu da bir o qədər ürəkaçan əlamət sayılmır. Belə ki, işgüzar sahədəki gərəksiz sadəlövhlüyünüzə və səliqəsizliyinizə görə peşmanlıq çəkib özünüzü lənətləyərək, taleyinizi, həyatınızı yenidən qurmaq məcburiyyətində qalacaqsınız.

Pambıq — Yamyaşıl pambıq əkinləri gördüyünüz yuxu möhtəşəm biznes və çiçəklənmə dövrünün yaxınlaşdığından xəbər verir. Toplanmağa hazır olan pambıq görmək isə kəndlilər üçün zənginlik və bolluq əlamətidir. Sənayeçilər üçün yuxuda görülmüş pambıq gəlir, ticarətçilər üçün isə işlərdə yaxşılığa doğru dəyişikliklərdən xəbər verir.

Panter (pişiklər fəsiləsindən heyvan cinsi) — Yuxuda panter görüb qorxduğunuzu duymanız reallıqdakı müqa­vilə­lərin (işgüzar və ya nikah müqavilələri) gözlənilmədən ləğv oluna biləcəyinə işarə edir. Baş verənlərə səbəb xoşagəlməz hallar olacaq. Yuxunuzdakı panterin öldürülməsi və ya məğlub olması təşəbbüs­lərinizin sevinc və uğurla nəticələnəcəyindən xəbər verir. Ürəkaçan perspek­tivlər həm də sizi əhatə edənlərə də təsir edəcək. Panterin yuxuda sizin üçün təhlükə yaratdığını görməniz işlərdə bəzi maneələrdən xəbər verir. Ola bilər ki, kimlərsə sizə verdikləri vədlərdən boyun qaçıracaq. Yuxuda panterin vahimə doğuran nəriltisini eşitməniz gerçək həyatdakı gəlirlərinizin azalacağına dair xoşagəlməz xəbərlərə işarə edir. Ola bilər ki, ictimai rəyin ziddinə getməli olacaqsınız. Yuxuda qorxmamağınız isə baş verə biləcək xoşagəlməz halların minimuma enəcəyinin əlamətidir. Yuxuda görülmüş panter də, eynilə pişik kimi, onu məğlub etməmişsinizsə, xoş əlamət sayılmır.

Parazitlər (tüfeylilər) — Yuxuda parazitlərdən (hansılar olduğunun fərqi yoxdur) əziyyət çək­diyinizi görməniz yaxın gələcəkdə dağıdıcı qüvvənin hökm sürə­cəyinə işarə edə bilər. Parazitlərin başqa birini əldən saldığını görməniz isə reallıqdakı xoşagəlməz bir əhvalatın sizi sarsıdacağından xəbər verir.

Parça, qumaş — Yuxuda parça, qumaş görməniz vəfasız dostlarınızın sizi itki və pis­liklərə sürükləməklə çoxlu sayda maneələr törətməyə çalışacaqlarından xəbər verir. Gördüyünüz parça elastik deyildirsə, reallıqda möhkəmlik göstərərək, uğurun sizdən uzaqlaşması üçün əlindən gələni əsirgəməyən paxılların hücumlarına davam gətirəcəyinizə işarə edir.

Pardaqlama, cilalama — Yuxuda hansısa bir əşyanın və ya yazdığınız məqalənin cilalanması, tamamlanmasıyla məşğul olduğunuzu görməniz həsə­dedici bir gələcəyinizin olacağından xəbər verir.

Parik — Yuxuda parik taxdığınızı görməniz yaxın gələcəkdə baş verə­cək dəyişikliklərin sizin üçün ürəkaçan olmadığını bildirir. Pariki itirdiyinizi görməniz düşmənlər tərəfindən təhqir və rişxənd olacağınıza işarə edir. Başqalarını parikdə görməniz isə reallıqda sizi hər tərəfdən əhatə edən xəyanətin əlamətidir.

Park — Yuxuda səliqəli bir parkda gəzişdiyinizi görməniz reallıqdakı asudə vaxtınızın ürəkaçan məcrada keçəcəyindən xəbər verir. Parkda sevgi­linizlə birlikdə gəzişdiyinizi görməniz isə nikahda xoşbəxt və arxayın olacağınıza işarə edir.

Paroxod — Yuxuda sahilə yaxınlaşan paroxoda tamaşa etdiyinizi gör­məniz reallıqda talenin sizin üçün xoş əyləncələr hazırladığını bildirir. Uzaqlaşan paroxod görmək isə yüngülvarı itkilərin və məyusluğun əlamətidir.

Partlayış — Yuxuda partlayışlar görmək reallıqda sizi əhatə edən insanların səhv hərəkətlərinin sizin narazılığınıza səbəb olacağından xəbər verir. İşgüzar sahədə də bəzi qanqaraldıcı olaylar ola bilər. Əgər yuxuda partlayış nəticəsində özünüzün və başqalarının üzünün qaraldığını görmüsünüzsə, deməli, yaxın gələcəkdə sizi ədalətsiz olaraq boşboğazlıqda günahlandıracaqlar. Tüstü və qəlpə-qırıntı görmək işlərdə uğursuzluqlara işarədir. Əgər yuxuda özünüzü alova bürünmüş və ya partlayış dalğasının gücündən yuxarı atılmış görmüsünüzsə, belə bir yuxu sizə layiq olmayan dostlarınızın sizin hüquqlarınızı pozacağından və etibarınızdan sui-istifadə edəcəyindən xəbər verir. Belə bir yuxu görmüş gənc xanımlar reallıqda tanımadıqları adamlarla ünsiyyətdə son dərəcə ayıq və ehtiyatlı olmalıdırlar.

Partnyor — Yuxuda işgüzar partnyorunuzun və ya iş yoldaşınızın içində qab-qacaq olan bir səbəti (və ya qutunu) əlindən saldığını görmə­niz reallıqda səliqəsiz və səhlənkar partnyorlarınızın günahı üzündən işlərinizin bir qədər «axsayacağından» xəbər verir. Diqqətsizliyi üzündən onu məzəmmət etmişsinizsə, işlərinizin qaydaya düşəcəyindən əmin ola bilərsiniz.

Payız — Qadın xeylağının yuxuda payız görməsi reallıqda müəyyən məh­kəmə çəkişmələrindən sonra əmlaka sahib olacağından xə­bər verir. Yu­xuda payız fəslində ailə qurmağa hazırlaşdığını görmüşsə, xoşbəxt ailə, mehribançılıq və əmin-amanlıq gözlənilir.

Payızgülü (xrizantem) — Yuxuda ağ xrizantemlər topladığınızı görməniz itki və böyük çətin­liklərin əlamətidir. Xrizantemlər başqa rəngdə idisə, xoşagələn məş­ğuliyyətlər gözlənilir. Xrizantemləri dəstədə görməniz həyatınıza sevginin gələcəyini müjdələyir, lakin təkəbbürünüz bu məhəbbəti rədd edəcəyinizə səbəb olacaq. Kənarlarında ağ və sarı rəngli xrizantemlər bitən xiyabanda getdiyinizi görməniz isə həssaslığınızı artıracaq itki və kədərin əlamətidir.

Peç, soba — Qadın xeylağının yuxuda qaz peçinin qıpqırmızı rəngə kimi qızdığını görməsi mehriban və təmənnasız xasiyyətinə görə ailəsi tərəfindən sevilən, dost-tanış tərəfindən də qiymətli olduğunun əlamətidir. Qənnadı məmulatı bişirdiyini görməsi isə ötəri məyusluqların ehtimalını artırır. Qaz plitəsinin sındığını görmüşdürsə, uşaqları üçün narahatlıq keçirəcəyi gözlənilir. Qalanmış ocağı olan soba görmək böyük uğur, sönmüş soba isə insanlarla münasibətlərdə gələcək səhvlərin və çətinliklərin əlamətidir. Bədən üzvlərinizin birinin plitəyə toxunaraq yandığını görməniz isə işgüzar aləmdəki rəqiblərinizin sizə hiylələr hazırladığına dair bir xəbərdarlıqdır.

Pendir — Yuxuda pendir yediyinizi görməniz məyusluq və dilxorluq əlamətidir. Bir müddətliyinə uğur sizdən uzaqlaşa bilər. Ümumiyyətlə, pendirlə bağlı yuxu adətən insanı iradəli olmağa səsləyən bir əlamətdir.

Peyin — Yuxuda peyin qalağına baxdığınızı görməniz olduqca uğurlu bir əlamətdir. Bu yuxu xüsusilə də kəndlilərə və işgüzar şəxslərə çoxlu sayda uğurlar bəxş edəcək. Uğur, əlverişli işlər və bol məhsul əlamətidir. Gənc bir xanım üçün bu yuxu uğurlu nikah vəd edir.

Pəhləvan — Yuxuda gözləmədiyiniz bir halda yanınızda pəhləvan görsəniz, reallıqda düşmənlərlə üzləşə biləcəyinizə hazır olun. Əgər bu pəhləvan sizə qarşı müqavimət göstəribsə, məğlubiyyətiniz qaçılmazdır. Əgər yolunuzdan çəkilərsə – yaxşı əlamətdir.

Pələng — Yuxuda sizə tərəf gələn pələng görməniz düşmənlərinizin sizi təngə gətirəcəyindən xəbər verir. Pələngin sizə hücum etdiyini görməniz isə ehtimal olunan uğursuzluğun ümidsizliyə qapılacağınıza işarə edə bilər. Pələngin hücumunun qarşısını almağı və ya onu öldürməyi bacarmışsınızsa, bütün təşəbbüsləriniz uğurla nəticələnəcək. Qorxaraq sizdən uzaqlaşan pələng görməniz isə düşmənləriniz üzərində qələbə çalacağınızın, məqamınızın yüksələcəyinin müjdəçisidir. Qəfəsdə pələng görmüşsünüzsə, rəqiblərinizi çaşdırmağı bacaracaqsınız. Yuxuda görülmüş pələng dərisi nəfil əyləncələrin əlamətidir.

Pəncərə — Yuxuda pəncərələr görmüsünüzsə, reallıqdakı planların bəzi­lərinin müvəqqəti bir iflasa uğraması, təşəbbüslərinizin bəhrə verməməsi sizi ümidsizliyə sala bilər. Yuxuda görülmüş bağlı pəncərələr baxımsızlıq tərzidir. Pəncərələr qırıq idisə, reallıqda xəyanətə dair duyduğunuz aciz şübhələr sizi sarsıdacaq. Pəncərə altlığında oturmusunuzsa, axmaqlıq, düşüncəsizlik və tədbirsizlik qurbanına çevrilə bilərsiniz. Evə pəncərədən keçib girdiyinizi görməniz isə zahirən münasib görünən bir məqsədə çatmaq üçün çirkin üsullardan istifadə etmənizin üstünün açılması gözlənilir. Pəncərədən çıxıb qaçmanız sizi məngənəyə sala biləcək hansısa bir təhlükədən xəbər verir. Hansısa bir evin yanından keçərək, pəncərəyə baxmanız və qəribə görüntülərlə üzləşməniz reallıqda önəmli hesab etdiyiniz, sağlamlıq və əmin-amanlığınız uğrunda riskə atdığınız bir işdə uğursuzluq yaşaya biləcəyinizdən xəbər verir.

Pərdə — Yuxuda pərdə görmək sizin narahatlığınıza səbəb ola biləcək göz­lənilməz ziyarətçilərdən xəbər verir. Kirli və ya cırıq pərdələr rüsvayçı mübahisələrin və ya acı tənələrin müjdəçisidir.

Pəri, sehrbaz qadın — Yuxuda pəri görmək hər kəs üçün xoş əlamətdir, çünki gözəl-göyçək bir qız uşağının və ya cazibədar xanımın gəlişi hər zaman özü ilə sevinc gətirir.

Pıçıltı — Yuxuda pıçıldaşan adamlar görməniz reallıqda ətrafınızda dolaşan bədxah dedi-qodulardan dolayı narahatlıq çəkəcəyinizdən xəbər verir. Pıçıltıyla edilmiş məsləhət və ya xəbərdarlıq eşitməniz isə gerçək həyatda dostların dəstəyinə və müdrik məsləhətlərinə ehtiyac duyduğunuzun göstəricisidir.

Pilləkən, nərdivan — Yuxuda pilləkən görmək yuxarıya doğru irəliləyiş əlamətidir; ener­jinizlə bacarıqlarınız işgüzar dairələrdə mühüm və nəzərə­çar­pan bir yer almanıza səbəb olacaq. Nərdivanı qaldırmaq çiçəklənmə və misil­siz səadət əlamətidir. Nərdivandan yıxılmaq isə ticarətçilər üçün dilxorluq və uğursuz səylərə, kəndlilər üçün qıtlığa işarə edir. Qırıq nərdivan görmək bütün işlərin çətinliyə düşəcəyindən xəbər verir. Endirilmiş nərdivan (təyyarə nərdivanı) biznesdə məyusluq və reallaşmamış arzuların əlamətidir. Həbsdən və ya zindandan nərdivanın köməyilə qaçmaq isə bir çox mənalarda uğurdan xəbər verir, hərçənd bu yolda bir sıra riskli addımlar atmaq zərurəti də yarana bilər. Yuxuda pilləkənlərlə çıxarkən başgicəllənməsi halı keçirməniz reallıqda yeni rütbələri narahatlıq və həyəcanla qəbul edəcəyinizi bildirir. Belə ki, yeni yüksək bir rütbəyə yiyələnən kimi naz edib əmrlər vermək ürəyinizcə olacaq.

Pilləkənlər — Yuxuda pilləkənlərlə yuxarı qalxdığınızı görməniz uğur və böyük bir səadətə yetişəcəyinizdən xəbər verir. Pilləkəndən yıxıldığınızı görməniz isə paxıllıq və nifrət obyektinə çevriləcəyinizə işarə edə bilər. Pillələrlə aşağı enmək işdə uğursuzluq və cavabsız məhəbbət əlamətidir. Geniş və gözəl bir pilləkən görməniz zənginlik və şərəfə yiyələnəcəyinizi bildirir. Başqalarının pilləkənlərlə aşağı endiyini görməniz isə alacağınız xoşagəlməz xəbərlərin ovqatınızı korlayacağına işarə edir. Yuxuda pillələr üstündə əyləşmək uğura və firavanlığa yetişmənin əlamətidir.

Pinset, maqqaş — Yuxuda pinset görməniz reallıqda sizi məyus edə biləcək bir vəziyyət yarana bilər. Belə ki, dostlarınızın nalayiq davranışı sizi çaşdıracaq.

Piramida, ehram — Yuxuda ehramlar görməniz həyatınızda çoxsaylı dəyişikliklərin yaxınlaşdığından xəbər verir. Ehramlara qalxdığınızı gör­məniz isə arzularınızın gerçəkləşəcəyi ilə nəticələnəcək tək­başına bir səyahətə çıxacağınıza işarə edir. Gənc xanımlar üçün belə bir yuxu onlara yaraşmayan həyat yoldaşının olduğunun göstəricisidir. Yuxuda qədim ehramların sirrini araşdırdığınızı görmüsünüzsə, sevgidə təkmilləşərək, təbiətin sirlərini dərk edib, bu sahədə daha məharətli və səriştəli olmağı bacaracaqsınız.

Piroqlar — Yuxuda piroq yediyinizi görmüsünüzsə, düşmənlərinizi diqqətdən kənarda qoymayın, çünki onlar sizə zərər yetirməyə hazırlaşır. Gənc bir xanım yuxuda piroq bişirdiyini görmüşsə, zarafat xatirinə özünü kişilərə bəyəndirməyə çalışacaq. Bu, xəbərdarlıq xüsusiyyətli bir yuxudur.

Pissuar (ayaqüstü ayaqyolu) — Yuxuda pissuar görmək reallıqda evinizdə başlanmaq astanasında olan qaydasızlığın əlamətidir.

Pişik — Yuxuda pişik görmək uğursuzluq əlamətidir, lakin onu öldürdüyünüzü və ya qovladığınızı görmüsünüzsə, çətinlikləri dəf etməyi bacaracaqsınız. Pişik üzərinizə atılırsa, deməli, təmiz adınızı ləkələmək və əmlakınız yiyələnmək üçün hər çirkin yola əl atmağa hazır olan düşmənləriniz var. Lakin əgər üzərinizə atılan pişiyi qoylayıb özünüzdən uzaqlaşdırdığınızı görmüsünüzsə, çoxlu sayda maneələri aradan qaldırmağı bacaracaqsınız, həm taleyiniz, həm də nüfuzunuz qorunmuş olacaq. Arıq, kirli və miskin bir pişik görməniz xoşagəlməz xəbərlərə işarə edir: dostlarınızdan birinin səhhətində problemlər yarana bilər; lakin əgər bu pişiyi qoyladığınızı görmüsünüzsə, dostunuzun naxoşluğu tezliklə keçib gedəcək. Yuxuda pişiklərin cingiltisini və miyovultusunu eşitmək özünü sizə dost kimi qələmə verən riyakarın sizə zərər yetirmək arzusunda olduğuna işarə edir. Pişiyin sizi cırmaqladığını görməniz düşmənlərinizin sizi zaman və böyük əmək sərf etdiyiniz sövdələşmədən alacağınız gəlirdən məhrum edəcəyini bildirir.

Gənc bir xanım yuxuda qucağında pişik və ya pişik balası tutduğunu görmüşdürsə, hansısa çirkin əməllərə cəlb olunacaq. Təmiz, ağappaq bir pişik görmək isə əmlakınızı itirmənizə səbəb ola biləcək bir qarışıqlıqdan, qeyri-müəyyənlikdən xəbər verir. Tacirin yuxusunda pişik görməsi maksimum diqqətli olmasına dair bir xəbərdarlıqdır, çünki rəqibləri onun kommersiya təşəbbüslərini əngəlləməyə can atacaq. Uğura nail olmaq üçün əlindən gələni əsirgəməməlidir. Yuxuda bir-birinə qarşı dostcasına davranan pişiklə ilan görmək şiddətli bir mübarizənin başlanmasını bildirir. Bu o deməkdir ki, siz özünüzə aidiyyəti olan bir sirri öyrənmək üçün düşmən tərəfə keçməyə belə hazır olacaqsınız. Ondan aldığınız məlumatların həqiqətə uyğun olub-olmadığına şübhəylə yanaşdığınız üçün, gizli həyat tərzinizin təfərrüatlarının dedi-qodu obyektinə çevriləcəyindən ehtiyatlanaraq, onlardan imtina edəcəksiniz.

Pişik balası — Qadın xeylağı üçün yuxuda gözəl, ağ və yumşaq tüklü pişik balası görmək hiyləgər bir yalan yoluyla onun üçün hazırlanmış tələyə uğraya biləcəyindən xəbər verir, lakin sağlam düşüncəsilə davranmağı bütün maneələri ondan uzaqlaşdıracaq və beləliklə o, səfalət təhlükəsindən qurtulmağı bacaracaqdır. Pişik balaları çirkli, arıq-cılız və ya ala-bəzəkdirsə, reallıqda zahiri bərbəzəyə aldanaraq, kiminsə çirkin hərəkətinin qurbanına çevrilə bilər. Çoxlu pişik balaları görmək xırda qanqaraldıcı hadisələrin və səbiliyin əlamətidir və bu qanqaraldıcı olaylar siz yuxuda pişik balasını öldürməyənə qədər sizi təqib edəcək, yalnız ondan sonra bütün fəlakətlər aradan qalxacaq. Yuxuda ilanların pişik balalarını öldürdüyünü görmək sizə ziyan vermək üçün əlləşən düşmənlərinizin nəticədə özlərinin ziyana uğrayacağından xəbər verir.

Piştaxta — Yuxuda piştaxta görməniz reallıqdakı əməksevərliyinizlə işinizə göstərdiyiniz böyük marağınız sayəsində tənbəlliklə yaramaz fikirlərin sizin həyatınıza sirayət edə bilməyəcəyinə işarə edir. Boş və kirli piştaxtalar görmək isə böyük narahatlıq və həyəcana səbəb ola biləcək uğursuz təşəbbüslərə dair xəbərdarlıqdır.

Pivə — Yuxuda bar dirəyi qarşısında dayanıb pivə içdiyinizi görməniz məyusluq əlamətidir. Başqalarının pivə içdiyinə tamaşa etməniz isə sizə qarşı hiylələr quran insanların yaxın gələcəkdə bəzi arzulardan uzaqlaşacağınızdan xəbər verir. Pivə sevən birisi yuxuda təbii və rahat bir mühitdə bu içkini içməkdən zövq aldığını görmüşsə, onun reallıqdakı perspektivləri tarazlıq və ahəng vəd edir.

Pivə istehsalı, pivə zavodu — Yuxuda özünüzü böyük bir pivə zavodunda görməniz reallıqda dövlət məmurları tərəfindən ədalətsiz təqiblərə məruz qalacağınızdan xəbər verir. Lakin siz təqsirsizliyinizi sübuta yetirməklə, təqibçilərinizə üstün gəlməyi bacaracaqsınız. Yuxuda pivə istehsalına aidiyyəti olan nə isə görmək sonda məmnuniyyət və maliyyə gəliri ilə nəticələnəcək bəzi qayğılara işarə edir.

Piy, iç yağı — Yuxuda donuzun iç yağını görmək talenin uğurlu bir dönüşünün müjdəçisidir. Qadın xeylağının öz əllərinin əridilmiş piylə yağlandığını görməsi reallıqda ictimai rəydə daha yüksək məqam tutmaq cəhdlərinin uğursuz ola biləcəyinə işarə edir.

Piy, yağ — Yuxuda üst-başınızı yağa bulanmış görməniz yaxın gələcəkdə o qədər də xoşagələn olmayan, lakin ədəbli insanların əhatəsində ürək­açan bir səyahət edəcəyinizdən xəbər verir. Ümumiyyətlə isə, yağ, piy elementlərinin iştirak etdiyi yuxular itkilərə işarədir.

Planet — Yuxuda planet görmüsünüzsə, reallıqda cansıxıcı bir səfər və üzücü bir iş ehtimal olunur.

Poçt — Yuxuda poçt görmək ürəkaçan əlamət sayılmır.

Poçtalyon — Yuxuda poçtalyon görməniz reallıqda ürəyinizcə olmayan və səmə­rəsiz bir işə görə üzərinizə məsuliyyət götürəcəyinizdən xəbər verir. Poçtalyonun sizə məktub gətirdiyini görməniz xoşagəlməz xəbərlər alacağınıza işarə edə bilər. Poçtalyonun zəngini və ya qapını döyməsini eşitmişsinizsə, gözlənilməz ziyarət ehtimal olunur. Poçtalyonun sizin evin yanından keçdiyini gör­müsünüzsə, reallıqda xoşagəlməz hallar ola bilər. Yazdığınız bir məktubu poçtalyona verdiyinizi görmüsünüzsə, sizə qarşı qərəzli olan adamlar tərəfindən hansısa bir zərərə hazır olmalısınız. Yuxuda poçtalyonla söhbət etməniz isə istəmədən qalmaqal iştirakçısı ola biləcəyinizdən xəbər verir.

Polis — Yuxuda polisin sizi təqsirkar olmadığınız bir cinayətdə şübhəli şəxs kimi həbsə almağa cəhd etdiyini görməniz reallıqda rəqibinizə üstün gələcəyinizdən xəbər verir. Həbsiniz əsaslı idisə, həyatda müxtəlif olaylarla nəticələnə bilən müşkül bir mərhələyə qədəm qoymaq astanasındasınız.

Polis nəfəri — Yuxuda polis nəfəri görməniz reallıqda sizdən daha yüksək məqamda olanlar təzyiqinə məruz qalacağınızı bildirir.

Pomidor — Yuxuda pomidor yediyinizi görməniz nasazlıqdan nicat tapacağınızın göstəricisidir. Ləkdə bitən pomidorlar ailə həyatında sevinc və səadət əlamətidir. Gənc bir xanımın yuxuda yetişmiş pomidorlar görməsi ona xoşbəxt bir nikah vəd edir.

Poni — Yuxuda poni görməniz kiçik sazişlərinizin uğurla nəticələnəcəyinin əlamətidir.

Porsuq — Yuxuda porsuq görmək uzunmüddətli tale mübarizəsindən sonra uğur və müvəffəqiyyətin müjdəçisidir.

Portağal — Yuxuda yetişmiş və bol məhsul gətirmiş sağlam portağal ağacları görmək sağlamlıq və ürəkaçan mühitin müjdəçisidir. Portağal yemək isə pis əlamətdir, bu yuxu dostunuzun və ya qohumunuzun xəstəliyinin sizi kədərləndirəcəyindən xəbər verir. İşgüzar sahədə də narazılıq yarana bilər. Əgər yediyiniz portağallar təzə və ətirlidirsə, böyük ehtimalla tale üzünüzə güləcək. Gənc bir xanımın yuxuda portağal yediyini görməsi məşuqunu itirə biləcəyi deməkdir. Əgər ağacın ən yuxarı budağında bitmiş gözəl bir portağal görürsə, həyat yoldaşı seçimində ehtiyatlı olacağından xəbər verir. Yuxuda ayağınız portağal qabığına ilişib büdrəyirsə, hansısa bir qohumunuzun ölüm xəbəri alacağınız ehtimalı var. Arvadınızın inadkar xahişilə yuxuda portağal alıb onun bu portağalları yediyini görmüsünüzsə, işlərinizdəki dolaşıqlar öz-özünə həll olunacaq və siz də bu işdən gəlir götürəcəksiniz.

Portfel — Yuxuda gördüyünüz portfel vəzifənizin ürəyinizcə olmadığının və işinizi dəyişmək haqqında düşündüyünüzün göstəricisidir.

Portret — Yuxuda son dərəcə gözəl birinin portretinə tamaşa etdiyinizi görməniz reallıqda kef-nəşədən zövq alarkən, bu kimi nəşələrin narahatlıq və xəyanətlə nəticələnə biləcəyini unutmamağınıza dair bir xəbərdarlıqdır. Portretlərlə əlaqədar yuxular gündəlik işlərinizin zərər görmək ehtimalının yüksək olduğuna işarə edir.

Pul — Yuxuda pul tapdığınızı görmüsünüzsə, xırda narahatlıqlardan sonra böyük səadətə qovuşacaqsınız. Həyatınızda dəyişikliklər gözlənilir. Yuxuda pul ödəmək mümkün uğursuzluqdan xəbər verir. Kimdənsə qızıl aldığınızı görmüsünüzsə, geniş perspektivlər və sevinc dolu dəqiqələr gözlənilir. Pulu itirmək evdə və işdə qanıqaralıqdan xəbər verir. Yuxuda pulunuzu sayıb çatışmazlıq, əskiklik görmüsünüzsə, hansısa ödənişlərlə problemlərin yaşanacağı ehtimal olunur. Pul oğurladığınızı görməniz təhlükədə olduğunuzdan xəbər verir, ehtiyatlı olmanız məsləhətdir. Pulunuza qənaət etdiyinizi görməniz var-dövlət və rahatlıq əlamətidir. Pulu udduğunuzu görmüsünüzsə, hansısa bir işə ciddi maraq göstərəcəksiniz. Yuxuda böyük miqdarda pul saymaq xoşbəxtlik və var-dövlət əlamətidir. Bir bağlama valyuta tapdığınızı, lakin gənc bir xanımın bu pula iddialı olduğunu görməniz real həyatda yaxın adamınızın sizin işlərə qarışacağı üzündən sahibkarlıqda bəzi itkilər yaşayacağınızdan xəbər verir. Belə bir yuxunu görmüş adam bədxərclik etdiyini və ayağını yorğanına görə uzatmadığını anlayacaqdır. Bu yuxu bir xəbərdarlıqdır.

Ağlınızı zəngin fantaziyalarla qıcıqlandırmayın, imkanlar əldən getdikdən sonra onları qaytarmaq mümkün olmur. Yuxuda dəmir pullar (sikkələr) görmək işlərdə narazılığa işarədir, yaxınlarınız isə onlara kifayət qədər diqqət ayırmadığınızdan gileyli olacaq. Dəmir pulları itirmək özünüzə qarşı laqeyd olacağınıza işarədir. Dəmir pul tapmaq isə tədbirli və qənaətcil olacağınızdan xəbər verir. Yuxuda pulu borca aldığınızı görmüsünüzsə, ikili vəziyyətin yaranacağından xəbər verir: başqalarının gözündə olduğunuzdan daha yaxşı görünsəniz də, məmnun qalmayacaqsınız. Özgəsinin pulunu xərclədiyinizi görməniz real həyatda xırda bir yalanınızın ifşa olunmasıyla yaxın dostunuzu itirə bilərsiniz. Saxta pullar xoşagələn əlamət deyil. Borc pul istəmək saxta müvəffəqiyyət pərdəsi altında yeni qayğıların yaranacağından xəbər verir.

Pul daxılı — Yuxuda pulla dolu daxıl görmək qarşınızda sevindirici per­spek­tivlərin açılacağından, boş daxıl görmək isə böyük səylə­rinizin qarşılığında çox cüzi bir mənfəət görəcəyinizdən xəbər verir.

Pul kisəsi — Yuxuda pul kisənizin brilyant və ya pulla dolu olduğunu görmü­sünüzsə, ruhlandırıcı kəlmələr söyləyən insanların əha­təsinə düşəcək­siniz, harmoniyayla zərif məhəbbət isə dünyanı sizin üçün cənnətə çevirəcək.
Pusqu — Yuxuda pusqudan sizə hücum olunduğunu görməniz reallıqda ətra­fınızda gizlənmiş bir təhlükənin tezliklə aşkar olunacağından xəbər verir. Xəbərdarlıqlarla ehtiyat tədbirlərinə məhəl qoymasanız, işiniz çətin olacaq. Qisas almaq üçün özünüzün pusquda gizləndiyinizi görmüsünüzsə, deməli, heç bir tərəddüd etmədən alçaq əməllərə əl atacaqsınız.

Rahib — Yuxuda diqqətlə bir rahibin üzünə baxmaq ailədə ixtilafların və xoşa­gəlməz işgüzar səfərlərin ehtimalını artırır. Gənc bir xanım üçün belə yuxu dedi-qodu ilə yalanın onun özünə qarşı istifadə olunacağını bildirir. Özünüzü rahib obrazında görmüsünüzsə, yaxınlarınızın səhhətində nasazlıqlar ehtimal olunur.

Rahibə — Mömin bir adamın yuxuda bir neçə rahibə görməsi reallıqdakı maddiyyatın yuxu görənin mənəviyyatına əngəl olmasından xəbər verir. Qadın xeylağının yuxuda rahibələr görməsi sevgilisilə ayrılıq ehtimalına işarə edir. Özünü rahibə obrazında görməsi isə reallıqdakı mövqeyindən narazı olduğunu bildirir. Ölmüş rahibə görmək ümidsizlik əlamətidir: sevib bağlandığınız bir adamın xəyanəti barədə xəbər alacağınız ehtimal olunur. Qadın üçün yuxuda öz üzərindən rahibə geyimini çıxarıb atması dünyəvi əyləncələrə marağının artmasını bildirir. Bu yuxu onun üzərinə götürdüyü öhdəçiliklərin icrasını mümkünsüz edə bilər.

Revmatizm, yel xəstəliyi — Yuxuda revmatizm ağrıları hiss etdiyinizi görməniz gələcək planlarınızın müvəqqəti olaraq təxirə düşə biləcəyindən xəbər verir. Başqalarının sözügedən xəstəlikdən əziyyət çəkdiyini görməniz isə peşmançılıq əlamətidir.

Rezin — Yuxuda əyninizdə rezin paltar görməniz əxlaqi mövqeyinizin, əqi­dənizin mətinliyi və dəyişməzliyi sayəsində qüsursuz nüfuza layiq olacağınızdan xəbər verir. Rezin paltarınız nimdaş və cırıq idisə, davranışınıza diqqətlə yanaşmanız tövsiyə olunur, çünki ətrafınızda gurultulu bir qalmaqalın başlanma ehtimalı var. Əl-ayağınızın sanki rezindən olan kimi uzandığını görməniz nasazlıq və ya işgüzar sahədə ehtimal olunan yalanın əlamətidir. Rezin məmulatlar görmüşsünüzsə, işlərdə həddindən artıq qapalı olmanız üzündən dostlarınız sizin əqidənizdən şübhələnə bilər.

Rəqəm — Yuxuda rəqəm görmək reallıqdakı işlərin qeyri-müəyyən olmasının narahatlığınıza və narazılığınıza səbəb olacağından xəbər verir.

Rəqəmlər — Yuxuda rəqəmlər görmək müstəsna ruh yorğunluğu və xəs­təliyin əlaməti ola bilər. Hərəkətlərinizlə danışığınızda ehtiyatlı olmasanız, böyük bir işi bərbad edə biləcəyiniz ehtimal olunur.

Rəqib — Yuxuda rəqibinizin olduğunu görməniz şəxsi həyatınızda hüquqlarınızı müdafiə edərkən astagəl və bacarıqsız olmanızın nəticədə nüfuzlu şəxslərin rəğbətini itirə biləcəyinizə dair xəbərdarlıqdır. Gənc bir xanım üçün bu yuxu sevgisini qoruma­ğa səsləyən bir əlamət hesab olunur, çünki səhlənkarlıq edərək düzəldilməsi mümkün olmayan səhvə yol verə biləcəyi ehtimal olunur. Yuxuda rəqibinizin sizi aldatdığını görməniz işini­zə həddindən artıq barmaqarası və diqqətsiz yanaşdığınızın, sərbəstliyinizdən sui-istifadə etdiyinizin göstəricisidir. Özünüzün bacarıqlı bir rəqib olduğunuzu görməniz isə müvəffəqiyyətə nail olacağınızdan və rəqibinizin nəticədə sizinlə həmfikir olacağından xəbər verir.

Rəqslər, rəqs axşamı — Yuxuda şən, rəqs edən uşaqlar görməniz xoşbəxt bir nikah quracağınızdan, sevgi dolu, mehriban bir ailənizin olacağından xəbər verir. Gənc adamlar üçün bu yuxu işlərinin asan, asudə vaxtlarının isə maraqlı olacağını bildirir. Rəqs edən yaşlı adamlar görmüşsünüzsə, işlərdə parlaq perspektivlər gözlənilir. Özünüzün rəqs etməniz uğur əlamətidir.

Rom — Yuxuda rom içdiyinizi görməniz yaxın gələcəkdə zənginləşə­cə­yinizdən, lakin qaba əyləncələrə meyilli olmanız üzündən tərbiyəsiz və ədəbsiz olaraq qalacağınızdan xəbər verir.
Rüsvayçılıq, biabırçılıq — Yuxuda övladlarınızın və ya dostlarınızın rüsvayçı əqidəsindən utandığınızı görməniz reallıqdakı bəzi ümidlərinizin boşa çıxa biləcə­yinə işarə edir. Özünüzün rüsvay olduğunuzu, gözdən düşdüyünüzü görməniz isə həqiqətdə əxlaq və düzgün əqidə qaydalarına etinasızlıq göstərməklə, nüfuzunuzu təhlükə altına sala biləcəyinizə dair bir xəbərdarlıqdır.

Saat — Yuxuda saat görməniz birjada müvəffəqiyyət qazanacağınızdan xə­bər verir. Saata baxdığınızı görməniz isə rəqiblərin cəhdlərinizin boşa çıxmasına çalışacağına dair xəbərdarlıqdır. Saatı sındırmaq itki və kədər əlamətidir. Saatın şüşəsini sındırdığınızı görməniz isə xoşagəlməz bir cəmiyyətdə yüngülxasiyyət davranışınızın göstəricisidir. Qadın xey­­lağının yuxuda saat itirdiyini görməsi ailədə baş verən olayların bədbəxtliyinə səbəb olacağını bildirir. Yuxuda saat oğurladığınızı təsəvvür etməniz reallıqda hər vəchlə adınızı ləkələməyə çalışan düş­mənlərinizin olduğuna dair xəbərdarlıqdır. Kiməsə saat bağışladığınızı görməniz isə çətinliklərə işarə edə bilər.

Sabun — Yuxuda sabun görməniz dostlarınızın sizi maraqlı bir ziya­fətə dəvət edəcəyindən xəbər verir. Fermerləri çoxtərəfli fəaliyyət­lərində uğurlar gözləyir. Gənc xanımın yuxuda sabundan istifadə etdiyini görməsi reallıqda heç bir ehtiyac duymayacağını bildirir.

Saç daramaq — Yuxuda saçlarınızı daradığınızı görməniz hansısa bir dostunuzun nasazlayacağından xəbər verir. Həmçinin bu yuxu köhnə dostluq əla­qələrinin pozulmasına və əmlakın itirilməsinə də işarə edə bilər.

Saçlar — Əgər hansısa bir xanım yuxuda saçlarını daradığını görübsə, reallıqda davranışındakı yelbeyinliyindən vaxt keçdikdən sonra peşman olacaqdır. Yuxuda saçlarının seyrəldiyini görən hansısa bir kişinin reallıqdakı yersiz comərdliyi isə onu yoxsullu­ğa sürükləyə bilər. Öz saçlarınızı ağarmış görməniz o qədər də ürəkaçan əlamət deyildir. Üst-başınızda çoxlu saç görməniz bağışlanma və mərhəmət əlamətidir. Bu yuxunu xanım görmüş­dürsə, reallıqda ədəb qaydalarına zidd olaraq, bütün diqqətini özünə yönəldəcək və nəfsinin qurbanına çevriləcək. Yuxuda saçlarınızın qara və qıvrım olduğunu görmüsünüzsə, sevgi tələsinə uğraya bilərsiniz. Qızılı rəngli saçlar sevgilinizin mərdliyindən və ləyaqətindən xəbər verir. Kişi xeylağı sevdiyi xanımını kürən saçlı görübsə, münasibətlərində dəyişikliklər baş verə bilər. Şabalıdı rəngli saçlar işgüzar sferada uğursuzluqlardan xəbər verir. Yuxuda gözəl saç düzümü görmüsünüzsə, işlərinizdə uğurlu dəyişikliklər baş verəcək, lakin əgər saçlar çox qısa qırxılmışdırsa, bu, sizi bədxərclikdən çəkin­dirməyə yönəldilmiş bir işarədir. Yumşaq saçların qəşəng saç düzümü sonsuz səadətə işarədir.

Hansısa bir xanım yuxuda saçlarının həm açıq, həm tünd rəngli olduğunu görərsə, deməli, reallıqda gözlənilən hansısa bir seçimdə tərəddüdlərlə qarşılaşacaqdır, bir qədər ehtiyatlı olmaq məsləhətdir. Pırtlaşmış səliqəsiz saçlar uğursuzluq əlamətidir. Yuxuda ağ saçlı adamlar görmək də xoşagəlməz dəyişikliklərin müjdəçisidir; sevgililər üçün belə bir yuxu rəqiblərin yaranma ehtimalından xəbər verir. Saçların tökülməsinə dair yuxuların da yozumu ürəkaçan deyil. Lakin eyni zamanda, qar kimi ağappaq saçlar yuxu sahibinə sevindirici xəbərlər vəd edir. Yuxuda kiminsə saçlarını sığallamaq sevgi məsələlərində xoş dəyişikliklərdən xəbər verir.

Saçlara sancılmış güllər görmək xoşagəlməz halların yaranacağına işarədir, lakin heç narahat olmayın, cüzi qanqaraldıcı olaylar sizi sarsıdıb qorxutmayacaqdır. Hansısa bir xanım yuxuda saçlarına düzülmüş çoxlu sayda ağ çiçəklər görmüşsə, reallıqda iradəsini möhkəmlədərək, ruhunu bir qədər sınaqlara hazırlamalı olacaq, lakin bu sınaqlar tez keçici olacaq. Kiminsə yuxuda üzünü cavan, saçlarını isə ağarmış görməsi reallıqda ehtiyatlı olmazsa, bəzi narahatlıqlar və naxoşluqlardan xəbər verir.

Safsar — Yuxuda safsar görməniz iyrənc bir hadisəyə sürüklənəcəyinizə işa­rə edir. Paltarınızdan safsar qoxusunun gəldiyini duymuşsunuzsa, real­lıqdakı davranışınızın nəzərəçarpacaq dərəcədə kobud olduğunun, işlərinizin isə tərs getdiyinin fərqinə varacaqsınız. Safsarı öldürdüyünüzü gördüyünüz yuxu isə yolunuza çıxacaq ən qəliz maneələri belə dəf edəcəyinizi müjdələyir.

Sağsağan — Yuxuda sağsağan görmək məyusluq və mübahisələrin əla­məti­dir. Belə bir yuxu görmüş adam ətrafdakılara istəmədən ziyan vurmaması üçün bütün ifadələrini və hərəkətlərini əsaslı surətdə düşünüb-daşınmalıdır.

Sahib, yiyə, ağa — Yuxuda sahibinizin olduğunu görməniz insanlara rəhbərlik etmənizə imkan verməyən səriştəsizliyinizin göstəricisidir. Böyük ehtimalla, sizin özünüzün iradəli bir adamın rəhbərliyi altında çalışmanız daha yaxşı olardı. Yuxuda özünüzün ağa olduğunuzu və insanlara rəhbərlik etdiyinizi görməniz isə həyati dəyərlərə qiymət vermək bacarığınızla başqalarından seçiləcəyinizdən və cəmiyyətdə yüksək bir məqam tutacağınızdan xəbər verir.

Sahil — Yuxuda sahil boyunca maşınla hərəkət etdiyinizi görməniz qarşıda həyəcanlı anların gözlənildiyindən xəbər verir. Xəta­sız-xətərsiz hərəkət etməyi davam etmişsinizsə, reallıqda xoşa­gəlməz olaylardan qurtulacaqsınız və bu qurtuluş da sizin uğurunuzun başlanğıcı olacaq. Sahil boyu at belində getdiyinizi görməniz firavanlıq və xoşbəxtlik yolundakı bütün maneələri mərdliklə qarşılayacağınızı və dəf edəcəyinizi bildirir. Sahil boyunca piyada gəzişdiyinizi görmüsünüzsə, həyatdakı mövqeyinizi möhkəmlətmək üçün uzunmüddətli və usandırıcı bir mübarizədən şərəflə və hətta mükafatla çıxacaqsınız.

Sakitlik, sükut — Yuxuda sakit bir dəniz görmək şübhələr doğuran hansısa bir işin uğurlu sonluğunu vəd edir. Özünüzü sakit və xoşbəxt hiss etdiyinizi görməniz uzun və mənalı keçəcək ömrünüzün ürəkaçan və enerjili qocalığa kimi davam edəcəyindən xəbər verir.

Saqqal — Yuxuda saqqal görmək reallıqda sizinlə tamamilə fərqli dünya­gö­rüşündə olan bir nəfərin sizə meydan oxuyacağından xəbər verir. Sizi iqtidar uğrunda amansız bir mübarizə gözləyir və bu mübarizədə, böyük ehtimalla, müəyyən itkilər də verə bilərsiniz. Ağarmış saqqal uğursuzluq və küsülülüklərin əlamətidir. Saqqallı bir xanım görmək xoşagəlməz görüşlər və uzunsürən xəstəlik deməkdir. Əgər yuxuda kimsə sizi saqqalınızdan dartırsa, şəxsi mülkiyyətinizdən keçməsəniz, böyük risk altına düşə bilərsiniz. Saqqalı daramaq və ya sığallamaq xoş güzəranınızla yanaşı şöhrətpərəstliyinizin də artmasının nəticədə sizi köhnə dostların gözündə düşürməyə qadir olduğundan xəbər verir. Əgər gənc bir xanım yuxuda saqqalını sığallayırsa, belə bir yuxu onun subaylıq tövbəsini pozmaq istədiyini və uğursuz bir izdivac ehtimalını bildirir.

Salat — Yuxuda salat yediyinizi görməniz nasazlayacağınıza və ya ətrafda­kılarla anlaşma tapmayacağınıza işarə edə bilər. Gənc xanımın yuxuda salat hazırladığını görməsi pərəstişkarının axmaq və araqızışdıran biri olacağının göstəricisidir. Ətli salat yediyinizi görməniz isə əhəmiyyətsiz mübahisələrə görə dilxor olacağınızdan və bunun da sağlamlığınız üçün təhlükəli ola biləcəyindən xəbər verir.

Salfet, əlsilən — Yuxuda salfet görməniz reallıqda başlıca fiqurlardan olacağınız əyləncə əlamətidir. Gördüyünüz salfet kirli idisə, alçaldıcı işlərlə məş­ğul olmağa vadar olunacağınız ehtimal olunur.

Saman, saman qalağı — Yuxuda görülmüş saman qalağı səhhətin zəifləyəcəyinə və ya mühüm bir işgüzar görüşmənin uğursuz nəticələnəcəyinə işarə edə bilər. Sadəcə, saman gördüyünüz yuxu qayğı gətirəcək səmərəsiz təşəbbüslərə dair xəbərdarlıqdır. Qadınların saman qalaqları görməsi isə dedi-qodu və səmərəsiz işlərə sərf olunan vaxtın əbəsliyini işarə edir. Alışıb-yanan saman tayası işlərin uğurla inkişaf edəcəyinin əlamətidir. Yuxuda mal-qaraya saman yedirtdiyinizi görməniz reallıqda sizdən asılı olanları layiqincə təmin etməyi bacaracağınızı bildirir. Samanla dam örtdüyünüzü və ya samanla örtülmüş damınızın köhnəldiyini görməniz uğursuzluq əlamətidir. Lakin dərrakəli rəftarınızla bu maneələri aradan qaldırmağı bacaracaqsınız.

Sancaqlar — Yuxuda sancaq görmək ailədə dedi-qodu və anlaşılmazlıq əlamətidir. Gənc bir xanımın sancaq görməsi sevgilisi tərəfindən kobudluq görə­cəyinə dair xəbərdarlıqdır. Əgər yuxuda sancaq udmusunuzsa, real hə­yatda hansısa fövqəladə hallar üzündən önəmli bir qərar vermək, riskli addımlar atmaq qarşısında qalacaqsınız. Yuxuda itirilmiş bir sancaq yüngülvarı itki və ya dedi-qoduya işarədir. Əyilmiş və ya paslı bir sancaq görməniz yelbeyinliyiniz üzündən ətrafdakıların hörmətini itirə biləcəyinizdən xəbər verir. Əgər yuxuda sancaq bədəninizə batırsa, deməli, kimsə sizin təşəbbüslərinizə əngəl törətmək niyyətindədir.

Sap — Yuxuda sap görməniz həyatınız boyunca qarşılaşacağınız çətinlik­lərin hələ xeyli uzaqda olduğundan xəbər verir. Qırılmış saplar isə dostların xəyanəti üzündən ehtimal olunan qanqaraldıcı əlamətdir.

Saray — Özünüzü hansısa bir sarayda görmüsünüzsə, deməli, yaxın gələcək­də ürəyiniz istəyən kimi yaşamanız üçün kifayət qədər var-dövlətə nail olacaqsınız. Bu sayaq yuxu sizin böyük bir səy­yah olmaq niyyətinizdən, müxtəlif millətlərdən olan insanlarla ünsiyyət qurmaq həvəsinizdən xəbər verir. Yuxuda köhnə, atılmış, sarmaşıq bitkisi basmış bir saray görmək sizin romantik macəralara meyilli olduğunuza işarədir. Münasib bir ailə qurmanız üçün bu məsələdə diqqətli və ehtiyatlı olmanız məsləhətdir. Bu sayaq yuxudan sonra sizin kommersiya işləriniz bir qədər zəifləyə bilər. Yuxuda sarayı tərk etdiyinizi görmüsünüzsə, reallıqda bəzi itkilər yaşanma ehtimalı var.

Saray, imarət — Yuxuda böyük bir sarayda boş-boşuna gəzib-dolaşdığınızı görmü­sü­nüzsə, perspektivləriniz kifayət qədər genişlənəcək və yeni adı layi­qincə üzərinizə götürməyi bacaracaqsınız. Bir-birilə söhbət edən və rəqs edən gözəl xanımlar və bəylər gör­mək xoşagələn və mənfəətverici bir cəmiyyətə üzv olacağınıza işarədir. Ortabab imkanlı bir xanımın yuxusunda özünün rəngarəng əyləncələrin bərabər hüquqlu iştirakçısı olduğunu görməsi nikahının və ya qohumluq əlaqələrinin sayəsində cəmiy­yətdə böyük uğurlar qazanacağından xəbər verir. Məhdud imkanlı bir xanım üçün bu sayaq yuxu əksər hallarda aldadıcı və boş xül­yalar yaradan bir əlamətdir, çünki belə adamların ağlı qeyri-real xam xəyallarla doldurur. Bu adamlar belə yuxulardan sonra vicdanla işləməyə və təkəbbürdən çəkinməyə çalışmalı, anasının və dostlarının dəyərli məsləhətlərinə əməl etməlidir.

Sarıbülbüllər — Yuxuda bu oxuyan quşu görmək gözlənilməz sürprizlərə işarə edir. Gənc bir xanımın evində sarıbülbül olduğunu görməsi böyük hörmətdən, ədəbiyyat sahəsində uğurlardan, yaxud da sevgi aləmində gənclik arzularının xoşbəxt reallaşmasından xəbər verir. Yuxuda sarıbülbülü hə­diyyə aldığınızı görmüsünüzsə, çoxdandır arzuladığınız mirasa sahib olacaqsınız. Sarıbülbülü azadlığa buraxmaq isə sizə əziz olan istəklərdə müəyyən bir tənəzzül yaşana biləcəyini bildirir. Sarıbülbülün öldüyünü görmək dostların xəyanətindən xəbər verir. Dəbdəbəli malikanələrdə qanad açıb uçuşan sarıbülbülləri görmək əyləncələr, ürəkaçan görüşlər, bayram ziyafətləri, nəcib həyat, var-dövlət, məmnunluq bəxş edən dostluq əlaqələrinin əlamətidir.

Sarımsaq — Yuxuda sarımsaq əkilmiş ləkləri alaq elədiyinizi görməniz ifrat bir kasıbçılıqdan cəmiyyətdə əhəmiyyətli məqama qədər yüksələcəyinizdən xəbər verir. Gənc xanıma bu yuxu sevgi əsaslı yox, maddi səmərə əsaslı bir nikah quracağını vəd edir. Yuxuda sarımsaq yediyinizi görməniz isə uzaqgörənliyiniz sayəsində əvvəlki qayələrdən imtina edəcəyinizə işarə edir.

Satış — Yuxuda nəyisə satdığınızı görməniz qayğı və həyəcanın əlamətidir.

Savaş — Yuxuda savaş görmək həqiqətdə çətinliklərlə mübarizə nəti­cə­sində uğurların nail olunacağından xəbər verir. Əgər yuxuda savaşarkən məğlub olmusunuzsa, başqalarının yol verdiyi yaramaz əməllər sizin xeyir əməllərinizi həyata keçirmənizə maneələr yaradacaq.

Sehrbaz — Yuxuda sehrbaz görmək işlərdə ürəkaçan dəyişikliklərin baş verə­cəyinə işarədir. Belə ki, hansısa bir təsadüf səadət və zənginliyə doğru gedən yolda sizə yardımçı olacaq. Ola bilər ki, möhkəm və xoşbəxt bir ailə quracaqsınız və bu ittifaqın möhkəmliyi sizin səbrinizdən asılı olacaq.

Sehrbaz, cadugər — Yuxuda sehrbaz görmüsünüzsə, reallıqdakı şöhrətpərəst arzularınız dəyişərək, sizi məyusluğa uğradacaq. Sehrbazın məha­rətini seyr etmək sizin düşüncə tərzini dəyişə biləcək bir təhlükənin yaxınlaşdığından xəbər verir.

Sex, emalatxana — Yuxuda emalatxana binasında olduğunuzu görməniz reallıqda bədxah adamların adınızı ləkələmək niyyətinin qarşısını almaq üçün fövqəladə tədbirlər görmək məcburiyyətində qalacağınızdan xəbər verir.

Sevgili, aşiq — Yuxuda özünüzü kiməsə aşiq olmuş görməniz sizi qalmaqallı vəziyyətə sürükləyə biləcək eqoist niyyətlərdən ehtiyatlı olmalı olduğunuza dair bir növ xəbərdarlıqdır. Gənc bir xanım üçün belə bir yuxu yasaq görüşlərin müjdəçisidir, lakin sonunda bu yuxunun sahibi hə­yatını təmkinli və əxlaqlı birisi ilə bağlayacaq. Ailəli bir xanım üçün isə bu növ yuxular evdəki narazılıqdan dolayı kənarda əyləncə axtarmaq niyyətlərindən irəli gəlir. Yuxuda başqalarını aşiq olmuş görmək gerçəkdə sizin əxlaqi-mənəvi dəyərlərə sayğısızlıq göstərmənizə sövq edilə biləcəyinizdən xəbər verir.

Sevinc — Yuxuda hansısa bir hadisəyə sevindiyinizi görməniz dostlarınız arasında harmoniya və mehribanlıq abhavasının hökm sürəcəyindən xəbər verir.

Seyf — Yuxuda gördüyünüz seyf işlərinizin və sevgi məsələlərinizin etibarlılığının təsdiqidir. Seyfi açmağa cəhd etdiyinizi görməniz isə pozulmuş planlar üzündən əhval-ruhiyyənizin korlanacağına işarə edə bilər. Yuxuda açdığınız seyf boş idisə, məyusluq ehtimal olunur.

Seyrə çıxmaq — Yuxuda seyrə çıxdığınızı görməniz uğur və əsl sevinc vəd edir. Belə bir yuxu gənclərə xüsusilə böyük səadət bəxş edəcək. Seyrə çıxdığınız zaman üzləşdiyiniz ildırım və ya digər gözlənilməz maneələr isə müvəqqəti maliyyə gəlirlərinin, həmçinin sevgidə və ya xidməti sahədə uğurun əlamətidir.

Səbət — Yuxuda səbət görmək və ya onu daşımaq misilsiz bir uğurdan xəbər verir, lakin səbəti dolu görmüsünüzsə. Boş səbətlər isə məmnuniyyətsizlik və ya kədər əlamətidir.

Səcdəgah — Yuxuda səcdəgah qarşısında keşiş görmək kommersiya və ev işlərində gözlənilən ixtilaflardan xəbər verir. Nikah mərasimi görmək dostlarınızın həyatında kədərli hadisələrin baş verəcəyinə işarədir. Yuxuda səcdəgah sizi səhv addımlardan qorumaq üçün bir xəbərdarlıq işarəsi deməkdir. Bu yuxu yaxın zamanda peşmançılıq hissi keçirəcəyinizə işarə edir.

Sədəqə, ehsan — Yuxuda sədəqə verdiyinizi görməniz reallıqdakı işləriniz durğun bir vəziyyətdə və özünüzün kiməsə yardım əli uzatmaq imkanınız olmadığı bir halda, ehtiyacı olan insanların sizə kömək üçün müraciət etməsinin sizi xeyli sarsıdacağını bildirir. Xeyriyyəçi təşkilatlara yardım etdiyinizi görmüsünüzsə, mənfəətli bir əmlaka sahib olmaq hüquqlarınız mübahisəyə çıxarılacaq. Qanqaraldıcı hadisələr və sağlamlığınızın zəifləməsi təhlükəsi var. Gənc adamların yuxuda sədəqə verdiklərini görməsi namərd rəqiblərin onları təngə gətirəcəyinə işarə edir. Özünüzün diləndiyinizi və ya xeyriyyəçi yardım aldığınızı görməniz isə uzunillik ağır əməyinizdən və çoxsaylı itkilərdən sonra işlərinizin uğurla inkişaf edəcəyindən xəbər verir. Ümumiyyətlə, sədəqə ilə bağlı yuxular, əgər sədəqə verilən adamlar onu məmnuniyyət və minnətdarlıqla qəbul edirsə, olduqca xoş əlamət sayılır.

Səfər, səyahət — Yuxuda səyahət etdiyinizi görməniz reallıqda həm işgüzar, həm də sevgi münasibətlərdə uğura nail olacağınızdan xəbər verir. Qaranlıq, tanımadığınız yerlərə səyahət etdiyinizi görmüsünüzsə, təhlükə və nasazlıq ehtimalı artır. Çılpaq, dik qayalara dırmandığınızı görmüşsünüzsə, sizi sözsüz ki, uğur gözləyir, lakin ondan sonra məyusluq və dilxorluq ehtimalı da var. Qarşınızda uzanan dağlar, dərə-təpələr yaşıl və çiçəklənmiş idisə, səadət və firavanlıq içində yaşayacaqsınız. İçərisi adamlarla dolu bir maşında səyahət etdiyinizi görməniz isə maraqlı əylən­cələrin və yeni tanışlıqların müjdəçisidir. Dostlarınızın şənlənərək səyahətə hazırlaşdığını görmüşsünüzsə, həyatınızda ürəkaçan dəyişikliklər gözlənilir. Lakin yuxunuzdakı dostlar sizdən kədərli vəziyyətdə uzaqlaşırsa, uzunmüddətli bir ayrılıq ola bilər.

Səhəng, bardaq — Yuxuda şəffaf maye ilə dolu bir səhəng görmüsünüzsə, reallıqda tezliklə nail olacağınız xoş güzəranınız özünüzdən daha artıq hörmət obyektinə çevriləcək. Sadiq dostlarınızın böyük əksəriyyəti sizi sevin­dirmək və sizin üçün faydalı olmaq üçün birləşəcəklər. Boş səhənglər görmək isə göstərdiyiniz davranışın dostlarınızı hürküdüb qaçıracağından xəbər verir. Sınıq səhənglər xəstəlik və uğursuzluq əlamətidir. Yuxuda səhəngdən şərab içdiyinizi görməniz sağlamlığınızın ürəkaçan olacağına və sizin də cəmiyyətin bütün təbəqələrində yaxşı qəbul olacağınıza işarə edir. Nikbinliyiniz başqalarına da sirayət edəcək. Səhəngdən xoşagəlməz nə isə içdiyinizi görməniz isə ümidlərinizin doğrulmadığından məyusluq və hətta nifrət hissləri yaşayacağınızı bildirir.

Səhər, sübh — Yuxuda aydın bir səhərin gəldiyini görmək yaxın gələcəkdə gözlənilən zənginlik və həyatdan məmnunluq əlamətidir. Tutqun səhər isə mühüm işlərin tezliklə bütün vaxtınızı alacağına işarə edir.

Səhra, biyaban — Yuxuda çöllü-biyabanlarda gəzişdiyinizi görməniz reallıqda uğurdan tamamilə əmin olduğunuz sahələrdə şübhə və uğursuzluq ehtimalının böyük olacağından xəbər verir. Səhrada bir səyyah və ya qəriblə üzləşdiyinizi görməniz isə qıtlıq və yoxsulluq dövrünün yaxınlaşacağını bildirir.

Səlahiyyətlər — Yuxuda özünüzü səlahiyyət sahibi olaraq görməniz reallıqda sizə həm narahatlıq, eyni zamanda da yüksək məqam və maddi gəlir gətirəcək mühüm bir işlə məşğul olmağa başlayacağınızdan xəbər verir. Yüksək səlahiyyətlərə malik digər birini görməniz isə davranışınızla özünüzü təhlükəli bir vəziyyətə salacağınıza, bununla da qaçılmaz mübahisə və anlaşılmazlıq yaradacağınıza dair bir xəbərdarlıqdır. Ola bilər ki, yaxın dostunuzun son dərəcə məsuliyyətsiz olması sizi qəzəbləndirəcək.

Səma — Yuxuda təmiz və aydın səma görmək müstəsna ehtiram, yüksək şərəf və son dərəcə gözəl bir mühitdə maraqlı səyahət əlamətidir. Əks təqdirdə, belə bir yuxu puç ümidlər və qadın incikliyinə işarə edir. Yuxuda əcaib-qəraib simaların, fantastik heyvanların əhatəsində səmada uçduğunuzu görmüsünüzsə və buna yuxuda ikən, yaxud da yuxudan ayıldıqdan sonra son dərəcə heyrətlənmisinizsə, bütün kədərinizə, hətta inkişaf etməmiş qəlbləri belə sarsıdan iztirablı ağrı-acılarınıza səbəb məhəbbətinizin bəhrəsi olan bəsit bir qısqanclıq olacaq, xəyanət isə ifşa olunacaq. Səmanın qızardığını görmək qiyam və ictimai təlatümlərin əlamətidir. Ulduzlu səma isə real həyatda özünüzü təsdiqləmək hüququ uğrunda həqiqi, sizin üçün uğurla nəticələnəcək bir mübarizə yoluna qədəm qoyacağınıza işarə edir.

Göy cisimlərinin nurlandırdığı işıqlı, aydın bir səma görmüsünüzsə, daxili-mənəvi aləmdə gərgin çalışaraq, müdriklik və rahatlığa qovuşacaqsınız. Özünüzü göylərə qaldırılmış vəziyyətdə görməniz isə qarşınızda açılan son dərəcə geniş imkanlardan istifadə etmək cəhdlərinizin uğursuz olacağına və işinizdə müvəffəqiyyət qazanmaq şanslarınızın az olacağına işarə edir. Səmaya nərdivanla qalxdığınızı görmüsünüzsə, çox qısa zamanda cəmiyyətdə sürətli yüksəlişə imza atacaqsınız.

Sənəd, icazə; lisenziya, patent — Yuxuda sənəd (lisenziya və ya patent) görmək mübahisə və itkilərə işarədir. Ailəli bir xanımın belə yuxu görməsi onun təbii şənliyinin boğulması, susdurulmasıyla təhlükəlidir. Bir xanım üçün yuxuda nikah şəhadətnaməsi görmək yaxın zamanda onun məğrurluğuna xələl gətirəcək xoşagəlməz məhdudiyyətə uğrayacağından xəbər verir. Yuxuda sənəd imzaladığınızı görmüsünüzsə, qarşıda hansısa bir məhkəmə çəkişməsi gözlənilir ki, bu təhlükədən də sizi yalnız bacarıqlı bir vəkil qurtara bilər. Ümumiyyətlə, yuxuda sənəd imzalamaq xoşagələn əlamət deyildir.

Sərçə — Yuxuda sərçələr görmüsünüzsə, reallıqda sizi sevgi və rahatlıq dolu bir həyat gözləyir. Kədərli etirafları səbir və mərhəmətlə dinləməyi bacardığınız sayəsində nüfuzunuz böyüyəcək. Əgər yuxuda yaralı, vurulmuş, kefsiz və ya tüklərini pırpızlatmış sərçələr görmüsünüzsə, hansısa bir xəbər əhvalınızı korlaya bilər.

Sərxoş, kefli — Yuxuda özünüzü azacıq sərxoş görməniz gerçək həyatda da yelbeyin bir ahəngə köklənmək niyyətində olacağınıza və həyatın çətin vəziyyətlərindən boyun qaçırdığınız üçün vicdan əzabı çəkməyəcəyinizə işarə edə bilər. Həmçinin belə bir yuxu işinizi itirəcəyinizə dair xəbərdarlıq kimi də yozulur. Başqalarını sərxoş görməniz iş yoldaşlarınızın davranışıyla əxlaqına ciddi yanaşmadığınızın göstəricisidir. Bu yuxu mümkün çətinliklərlə bağlı xəbərdarlıq da ola bilər: hiyləgər yaltaqlığa uymamalı, başınızı itirməməlisiniz! Gənc bir xanım üçün kefləndiyini hiss etdiyi yuxu reallıqda peşman olacağı bir hərəkətə yol vermək təhlükəsilə üzləşəcəyindən xəbər verir.

Sərxoşluq — Yuxuda görülmüş sərxoşluq reallıqda kef-səfaya meyilli olduğunuzu bildirir.

Sərnişin — Yuxuda əlində baqajı ilə çıxan sərnişinlərə tamaşa etdiyinizi görməniz işlərin yaxşılaşacağını bildirir. Sərnişinlər harasa getməyə hazırlaşırsa, arzusunda olduğunuz əmlakı itirəcəyiniz ehtimal olunur. Bu sərnişinlərdən biri özünüzsünüzsə, hazırkı həyatınızdan narazı qalacaq və onu dəyişmək üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.

Sərsəri, avara — İnsanın yuxuda özünü səfil, sərsəri görməsi real həyatda yoxsulluq və cəfa çəkə biləcəyindən xəbər verir. Bir dəstə sərsəri görmək sizin bir qədər qəribə ətrafınızın mənfi təsiri altına düşə biləcəyinizə işarədir. Bir sərsəriyə nəzir vermək gerçəkdə səxavətinizin layiqincə dəyərləndiriləcəyini bildirir.

Səs — Yuxuda xoşagələn, sakit səslər eşitmək barışıq və razılıq əla­mətidir; qışqırıq intonasiyalı kobud səslər isə xoşagəlməz olaylara işarədir. Yuxuda eşitdiyiniz kiminsə ağlamaq səsləri gerçəkdə yaxınlarınızdan birinin xətrinə dəyə biləcəyinizə dair sizi düşündürəcək. Tanrı sədası isə sizin ruhən yüksəlmənizə, hörmət və ətrafdakıların etibarını qazanmağa çalışmanıza səbəb olacaq. Ananın yuxuda övladının sədasını eşitməsi onu ehtiyatlı olmağa səsləyir. Yuxuda kiminsə xəbərdaredici səsini eşitmək bir sıra uğursuzluqların gözlənildiyinə işarədir. Bunun üçün səbrinizi ələ alıb, müdrik davranmağa çalışın. Əgər həmin bu xəbərdaredici səsin dəqiq kimə məxsus olduğunu bilirsinizsə, çətinliklər daha ciddi ola bilər.

Səs-küy — Yuxuda qəribə səs-küy eşitdiyinizi görməniz xoşagəlməz xəbərlərin əlamətidir. Yuxunuzdakı səs-küy oyanmanıza səbəb olmuşdursa, işlə­rinizdə ürəkaçan dəyişikliklər gözlənilir.

Səyyah — Yuxuda səyyah görməniz səmərəsiz yerə uzaq bir səfərə çıxmaqla, özünüzü bihudə məsrəflərə sürükləyə biləcəyinizə dair xəbərdarlıqdır. Xanımlar üçün isə bu yuxu ürəkaçan görüşlərə işarə edir.

Səyyah, zəvvar — Yuxuda səyyahlar görmüşsünüzsə, yaxın gələcəkdə evinizi və onunla bağlı olan hər bir şeyi tərk edərək, uzunmüddətli bir səyahətə yola düşəcəyinizdən xəbər verir. Lakin bu səyahətin özünüz və əzizləriniz üçün səmərəli olduğunu düşünməniz yanlışdır. Özünüzü səyyah olaraq görməniz isə itkilər və daşürəkli iş ortaqlarıyla mübarizə aparmalı olacağınızı bildirir. Gənc xanım yuxuda ona yaxınlaşan bir səyyah görmüşsə, reallıqda hansısa bir yalanın qurbanına çevrilməsi mümkündür. Yuxusundakı səyyahın onun yanından ötüb keçdiyini görməsi isə iradəsizliyindən qurtulmağa cəhd edərək, ruhunun möhkəmlənməsinə çalışacağından xəbər verir.

Sığınacaq — Yuxuda sığınacaq inşa etdiyinizi görməniz reallıqdakı düş­mən­lərinizin fitnə-fəsadından qurtula biləcəyinizdən xəbər verir. Özünüzə sığınacaq axtardığınızı görməniz isə hansısa bir dələduzluqda təqsirkar olacağınıza və özünüzə bəraət qazandırmaq istəyəcəyinizə işarə edir.

Siçan — Yuxuda siçan görmək ailədə söz-söhbət və dostların qeyri-səmimi­liyini bildirir. Biznes işləri sarsıdıcı vəziyyət ala bilər. Siçanı öldürdüyünüzü görməniz bədxahlara qalib gələcəyinizdən xəbər verir. Onu əldən buraxdığınızı görməniz isə hansısa müəm­malı aqibəti olan bir işdə mübarizə etməli olduğunuza işarə edir.

Siçan tələsi — Yuxuda siçan tələsi görmüsünüzsə, ehtiyatlı olmalısınız, çünki hiy­ləgər adamlar sizə qarşı çirkin planlar qurmaqdadır. Yuxuda içi siçanlarla dolu siçan tələsi görməniz reallıqda düşmənlərin sizin üçün qurduğu tələyə düşmə ehtimalını artırır. Özünüzün siçan tələsi qurduğunuzu görmüsünüzsə, zirəkliyiniz və fərasətinizlə düşmənlərinizə qalib gələcəksiniz.

Siçovul — Yuxuda siçovul görməniz qonşularınız tərəfindən aldadılacağınızdan və bəlkə də döyüləcəyinizdən xəbər verir. Həmçinin şəriklərlə də anlaşılmazlıqlar ehtimal olunur. Siçovulu tutmaq insan alçaqlığına, əclaflığına nifrət etdiyinizi və düşmənlərinizə qalib gələcəyinizi bildirir. Onu öldürmək isə istənilən bir işdə və istənilən vəziyyətdə qələbə əlamətidir.

Silah, top-tüfəng — Bu yuxu xeyir əlamət deyil. Silah səsi eşitmək iş yerinin itirilməsinə və ya rəhbərlikdə səhv idarəetməyə işarə edə bilər. Yuxuda kiməsə atəş açdığınızı görmüsünüzsə, rüsvayçılıq ehtimal olunur. Özünüzün güllələndiyinizi görməniz isə reallıqda bədxah insanların sizə narahatlıq törədəcəyindən xəbər verir. Həmçinin sağlamlıqda nasazlıq da ehtimal olunur. Qadın xeylağının yuxuda atəş səsləri eşitməsi reallıqda onun nüfuzunu ləkələyə biləcək qalmaqallı hadisələrin əlaməti ola bilər. Ailəli xanımlar üçün belə bir yuxu zərif cinsin nümayəndələrinin günahkarı ola biləcəyi xoşagəlməz hallardan xəbər verir.

Silah-sursat — Yuxuda silah-sursat (mərmi, güllə) görmək başlanmış bir işin fərəh­ləndirici nəticələr verəcəyindən xəbər verir. Döyüş zamanı silah-sursatın bitdiyini görmək isə hansısa bir işdə əbəs və səmərəsiz cəhdlərin heç bir fayda verməyəcəyinə işarədir.

Sim, məftil — Yuxuda məftil görməniz reallıqda tez-tez qısamüddətli səfərlərə göndəriləcəyinizdən və bu səfərlərdən sonra yetərincə qiymətləndirilmədiyinizi anlayacağınızdan xəbər verir. Köhnə və paslanmış məftil dostlarınız arasında böyük narahatlığa səbəb olacaq mənfi xasiyyət sahibi olmanızın göstəricisidir. Yuxuda metal hasar görməniz isə uzun müddətdən bəri reallaşdırmağı nəzərdə tutduğunuz bir işdə fırıldaq və hiyləgərliklə üzləşə biləcəyinizə dair xəbərdarlıqdır.

Sinaqoq (yəhudi məbədi) — Yuxuda gördüyünüz sinaqoq reallıqdakı düşmənlərinizin uğura doğru yolunuzda hər zaman maneələr yaratmağa çalışdığını bildirir. Sina­qoqun bayır divarıyla yuxarı dırmandığınızı görmüşsünüzsə, bütün maneələri dəf edərək, uğura nail olacaqsınız. Sinaqoqun divarlarında yazılmış qədim yəhudi əlyazmalarını oxuduğunuzu görmüsünüzsə, müəyyən çətinliklərlə üzləşsəniz belə, talenin sizə qarşı yenə də rəhmdil olması bu müşkülləri aradan qaldıracağınıza səbəb olacaq.

Sincab — Yuxuda sincab görmüsünüzsə, yaxın ürək dostlarınızın tezliklə sizi ziyarət edəcəyi deməkdir. Belə bir yuxu həmçinin işlərdə uğur vəd edir. Yuxuda sincabı öldürən adamı tənhalıq gözləyir. Sincabla mehriban davranış ailə sevinclərindən xəbər verir. Əgər yuxuda hansısa bir itin sincabın dalınca qaçdığını görmüsünüzsə, dostlarla münasibətlərdə soyuqluq və mübahisələr ehtimal olunur.

Sinə — Gənc bir xanımın yuxuda sinəsindən yaralandığını görməsi hansısa bir təhlükə qarşısında qala biləcəyinə işarədir. Sinənizi kirlənmiş və ya solmuş görmüsünüzsə, sevgidə peşmançılıq və çoxlu sayda rəqiblərlə üzləşəcəksiniz. Ağ və dolu sinə görmək yaxın gələcəkdə uğur və xoşbəxtlikdən xəbər verir. Bir xanımın yuxuda hansısa bir pərəstişkarının onun sinəsinə xəlvəti nəzərlər yetirdiyini görməsi reallıqda kiminsə inadkar diqqəti qarşısında güzəştə gedəcəyinin əlamətidir.

Sink — Yuxuda sink və ya onunla çalışdığınızı görməniz əhəmiyyətli və enerjili bir irəliləyiş əlamətidir. Canlanma kommersiya və digər fəaliyyətlərin müxtəlif sahələrində baş verəcək. Sinkin yarpaqlarını görmək də uğurun yaxınlaşacağına işarə edir.

Sırğalar — Yuxuda sırğalar görməniz xoş xəbərlər və maraqlı bir iş təklifi alacağınızın müjdəçisidir. Sırğaları qırılmış görməniz isə, vaxtında müdriklik və ehtiyatkarlıq göstərməyəcəyiniz təqdirdə, dedi-qoduların sizə zərər yetirə biləcəyindən xəbər verir.

Sırıqlı yorğan — Yuxuda sırıqlı yorğan görməniz işlərinizin ürəkaçan məcrada inkişaf edəcəyindən xəbər verir. Gənc xanıma bu yuxu praktiki və işgüzar bacarıqlarının ondan xoşu gələn, onunla ailə qurmaq niyyətində olan bir adamın diqqətini cəlb edəcəyini bildirir. Əgər yuxuda gördüyü yorğan təmiz, lakin cırıq idisə, həyat yoldaşı ona yüksək dəyər versə də, özü bu xanımın arzu etdiyi bir yol yoldaşı olmayacaq. Xanımın gördüyü yorğan kirli idisə, davranışındakı ehtiyatsızlığına görə cavab verməli və bunun nəticəsində alicənab və layiqli bir həyat yoldaşını əldən vermiş ola bilər.

Sırımaq — Qadın xeylağı üçün yuxuda sırıma işi ilə məşğul olduğunu görməsi dəlisovluğu və israfçılığı üzündən xoşagəlməz olaylara, əsəbə, gərginliyə yol açacağından xəbər verir.

Sirkə — Yuxuda sirkə içdiyinizi görməniz reallıqda ürəkaçan nəticələr gözləmədiyiniz bir işdə iştiraka razılıq verəcəyinizdən irəli gələn narahatlıqların əlamətidir. Sirkə əlavə etməklə tərəvəz xörəyi hazırladığınızı görməniz isə işlərinizin pozulacağına işarə edə bilər.

Sirr — Yuxuda sirli, anlaşılmaz hadisələrdən dolayı çaşıb qaldığınızı gör­müsünüzsə, tanımadığınız adamlar yardım istəməklə sizi təngə gətirəcəklər. Bu yuxu insani borcunuza münasibətdə kifayət qədər etinasız olduğunuza dair xəbərdarlıqdır. İşlərdə xoşagəlməz ağırlaşmalar da ehtimal olunur. Yuxuda dünyanın yaradılması sirləri ilə maraqlandığınızı görməniz isə sizə həqiqi ruh yüksəkliyi və yaradılış sevinci bəxş etməyə qadir olan yaradıcı mühitin törəməsinə yol açan dəyişikliklərin baş verəcəyini bildirir.

Sisək (həşərat) — Yuxuda sisəyin cırıldamasını eşitmək kədərli xəbərlərin əlamətidir. Sisək görmək isə yoxsulluqla ağır bir mübarizədən xəbər verir.

Siyasətçi — Yuxuda hansısa tanınmış bir siyasətçini görməniz reallıqda olduqca qabiliyyətsizcəsinə vaxt itirəcəyiniz bir mühitə, gərəksiz insanların əha­təsinə düşəcəyinizdən xəbər verir. Siyasət mövzusunda müzakirələrə qarışdığınızı görmüsünüzsə, dostlarınız hansısa bir anlaşılmazlıqdan və ya nasazlıqdan sizin zərərinizə istifadə edəcəklər. Gənc xanımın yuxuda siyasətçilərlə maraq­landığını görməsi reallıqda aldadıla biləcəyinə dair bir xəbərdarlıqdır.

Siyənək balığı — Yuxuda siyənək balığı görməniz maliyyə çətinliklərinə dair xəbərdarlıqdır. Bu çətinlikləri aradan qaldırmaq üçün çoxlu səylər sərf edərək, uğura nail olacaqsınız.

Skamya — Yuxuda skamyada əyləşdiyinizi görmüşsünüzsə, reallıqda sizə borclu olan adamlara bir o qədər də etibar etməyin. Başqalarını skamyada əyləşən görməniz isə vaxtilə anlaşılmazlıq üzündən ayrılmış dostların xoşbəxt bir barışığının müjdəçisidir.

Skelet — Yuxuda skelet görmək şər qüvvənin gətirəcəyi xəstəlik, mübahisə və itkilərin əlaməti hesab olunur. Özünüzü skelet olaraq görməniz əhəmiyyətsiz şeylərə görə dilxor olmağa meyilli olduğunuzu bildirir, təxəyyülünüzü bir qədər cilovlamağa çalışın. Skeletin yuxuda tez-tez sizə göründüyünü zənn etməniz reallıqda möhkəm iradə göstərməli olacağınız xoşagəlməz bir olaya işarə edir.

Skripka — Yuxuda skripka görmək və ya onun sədalarını eşitmək ailədə harmoniya və əmin-amanlığın müjdəçisidir; maliyyə işləri də narahatlıq törətməyəcək. Gənc bir xanımın yuxuda skripka çaldığını görməsi ger­çək həyatda şan-şöhrətə sahib olacağından xəbər verir. Skripka çalmaq cəhdi uğursuz olmuşdursa, kiminsə iltifatını itirə bilər. Sındırılmış skripka isə itki və ayrılıq əlamətidir.

Soğan — Yuxuda çoxlu sayda soğan görməniz uğura nail olduqda qarşılaşacağınız qəzəb və paxıllığın əlamətidir. Soğan yediyinizi görmüsünüzsə, düşmənlər geriyə çəkiləcək. Soğanın bitdiyini görməniz işgüzar sahədə kifayət qədər rəqiblərinizin olacağını və onlarla mübarizənin sizi ruhən daha yüksəldəcəyini, həyat sevginizi artıracağını bildirir. Yuxuda soğan qovurmaq (qızartmaq) rahatlıq və biznesdə yüngülvarı gəlir əlamətidir. Soğanı doğradığınızı və bunu edərkən gözlərinizin yaşardığını hiss etdiyinizi görməniz rəqiblərinizin sizə zərbə endirməyə hazırlaşdığından xəbər verir.

Soyuducu — Yuxuda soyuducu görməniz reallıqdakı xudpəsəndliyinizin halal zəhmətilə dolanmağa çalışan birini yaraladığından və ziyan vurduğundan xəbər verir.

Soyuq — Yuxuda soyuqdan əziyyət çəkmək xəbərdarlıq əlamətidir: işlərinizə diqqətlə yanaşın. Sizə qarşı qərəzli mövqedə olanlar işinizə zərər yetir­mək niyyətindədir. Bundan da əlavə, səhhətiniz də təhlükə altındadır.

Söhbət, danışıq — Yuxuda kiminləsə söhbət etdiyinizi görmüşsünüzsə, yaxınlarınızdan birinin səhhətində narahatlıqlar ola bilər. Bundan əlavə, işlərdə də bəzi çətinliklər ehtimal olunur. Ucadan danışan adamlar görmüşsünüzsə reallıqda başqalarının işinə qarışmaqda suçlanacağınız gözlənilir. Yuxudakı söhbətin sizin haqqınızda olduğunu zənn etməniz reallıqda ətrafdakıların qərəzkarlığı ilə üzləşə bilərsiniz.

Studen (həlməşik) — Yuxuda həlməşik yediyinizi görməniz məqsədə doğru yolunuzdakı çoxlu sayda maneələri asanlıqla aradan qaldırmağı bacaracağınızdan xəbər verir. Qadın xeylağının həlməşik hazırlanmasını görməsi dostlarla ürəkaçan görüşlərin müjdəçisidir.

Stul, oturacaq — Yuxuda stul görmək iltizamların icrasının mümkünsüzlüyünün əla­mətidir. Tərpənmədən stulda əyləşən dostunuzu görməniz isə onun barəsində xoşagəlməz xəbərlər alacağınıza işarə edə bilər.

Su — Yuxuda təmiz su görmək xoş güzəran və məmnuniyyət vəd edir. Bulanıq su görmək təhlükədən və bəzi narahatlıqlardan xəbər verir. Əgər yuxuda evinizi su basdığını və suyun getdikcə artdığını görmüsünüzsə, deməli, real həyatda şər qüvvələrlə mübarizə apararaq qələbəyə nail olacaqsınız. Yox, əgər su getdikcə azalırdısa, bədxah təsir altına düşmək təhlükəsi var. Əgər nəm torpağın üstündə yeriyərək ayaqlarınızın islandığını görmüsünüzsə, müşkül məsələlərin həlli, xoşagəlməz hallar, xəstəlik və yoxsulluq kimi qanqaraldıcı vəziyyətlər yarana bilər, lakin sayıqlığınız sayəsində bütün bu müsibətlərdən qurtulmağı bacaracaqsınız. Gəmini ağuşuna alan bulanıq suya dair yuxunun da yozulması təxminən yuxarıdakı kimidir.

Bulanıq suya düşdüyünüzü görməniz həyatda bir çox səhvlər edərək, bundan peşmanlıq çəkə biləcəyinizə dair bir xəbərdarlıqdır. Bulanıq suyu içmək xəstəlik, təmiz su içmək isə ən ümdə ümidlərin uğurla həyata keçəcəyinə işarədir. Yuxuda suyun içində idmanla məşğul olmaq qəfil sevgi və ehtiras əlamətidir. Əgər başınıza su damcıladığını görmüsünüzsə, sonluğu xoşbəxtliyə bağlanacaq coşqun bir sevgiyə düşəcəksiniz. Yuxuların yozulmasını tədqiq edən gənc bir xanım sözügedən mövzuda olan yuxuları aşağıdakı kimi izah edir: «Yuxuda, bilmirəm necə oldusa, özümü təmiz mavi su üzərində üzən bir qayıqda gördüm. Qayıq gözümə bəmbəyaz görünən bir limana doğru üzürdü. Səhərisi gün mənim gözəl, sevimli bir qonağım gəldi. Biz onunla anamın icazə verdiyindən artıq vaxt keçirdik və mən buna görə sərt bir töhmət aldım. Nəticədə anladım ki, mavi rəngli su və ağ qayıq məyusolma və dilxorluq əlaməti idi».

Sual — Yuxuda mətləbə uyğun sual vermək reallıqda sevdiklərinizdən birinin xəyanətindən şübhələndiyinizə işarədir. Həqiqətə müdafiə edərək uğura nail olacaqsınız. Əgər yuxuda sizin özünüzə sual verilibsə, real həyatda haqsızlığa uğrayacaqsınız.

Suda batmaq, boğulmaq — Yuxuda suda batmaq əmlak itkisinin və ya bədbəxt hadisənin əla­məti ola bilər. Lakin suda batarkən, qurtulmağı, xilas olmağı bacardığınızı görməniz karyerada irəliləyiş, möhkəm sağlamlıq, ətrafdakıların hörmətini ifadə edən son dərəcə uğurlu əlamət hesab olunur. Suda boğulan birinin köməyinə çatdığınızı görməniz böyük bir səadətə layiq olduğunuzun göstəricisidir; bundan əlavə, dostunuza vaxtlı-vaxtında yardım etməklə, onun yüksəlişinə səbəb olacaqsınız. Gənc bir xanımın sevgilisinin suda boğulduğunu görməsi dilxorluq əlaməti olaraq yozulur.

Sui-qəsd, əlbirlik — Yuxuda özünüzü sui-qəsd obyekti kimi görməniz reallıqdakı işlərin idarəsində səhv addımlar ata biləcəyinizdən xəbər verir.

Suiti — Yuxuda suiti görməniz istər cəmiyyətdəki yüksək məqama, istərsə də nüfuzlu vəzifəyə – bir sözlə, qoruyub-saxlaya bilmədik­lərinizə can atdığınızın göstəricisidir. Suiti ilə bağlı yuxuları görən adamların şöhrətpərəst meyilləri ilə narazılıqlarının onları nüfuzlarının yüksəlməsi uğrunda mübarizəyə başlamağa sövq etdiyindən xəbər verir.

Sup, şorba — Yuxuda sup görmək xoş xəbərlərin və dincliyin əlamətidir. Sup yeyən adamlar görməniz ailə qurmaq şanslarınızın böyük olduğunu bildirir. Gənc xanım yuxuda sup bişirdiyini görmüşsə, ev işlərilə məşğul olmasına zərurət qalmayacaq, çünki imkanlı bir şəxslə ailə quracaq. Yuxuda görülmüş sup ehtiyacınız olan məqamda sizi hər zaman dəstəkləməyə hazır olan sadiq dostlarınızın olduğunun göstəricisidir. Cəld sup hazırladığınızı görməniz isə taleyinizi asan və uğurlu şəkildə idarə etməyi bacaracağınızdan xəbər verir.

Susamuru — Yuxuda şəffaf sularda oynaqlaşan susamuru görmək böyük ehtimalla səadət və işlərdə uğurdan xəbər verir. Əgər hələ ailəli deyilsinizsə, erkən evlilikdə ideal xoşbəxtliyə sahiblənəcəksiniz. Xanımlara isə belə bir yuxu həyat yoldaşları tərəfindən böyük qayğı və məhəbbət görəcəklərinə işarədir.

Suya baş vurmaq — Yuxuda təmiz suya baş vurmaq hansısa çətin, dolaşıq bir işin uğurlu yekunlaşmasının müjdəçisidir. Baş vurduğunuz su bulanıq idisə, işlərdəki dəyişiklikləri düşünərək, narahatlıq keçirəcəksiniz. Başqalarının təmiz suya baş vurduğuna tamaşa etmisinizsə, olduqca xoşagələn insanların əhatəsində maraqlı bir səyahətə yola düşəcəksiniz. Sevgililər üçün belə bir yuxu ümdə arzuların çin olmasını vəd edir.

Suyun artması, cərəyan — Yuxuda gördüyünüz su cərəyanı reallıqdakı işlərinizin çiçək­lənməsi üçün münbit şəraitin yaranacağından xəbər verir.

Süd — Yuxuda süd içdiyini görmək fermerlər üçün bol məhsul və ailədə firavanlıq, səyahətçilər üçün isə uğurlu bir səfərin gözlənil­diyinin əlamətidir. Həmçinin belə bir yuxu xanımlar üçün də son dərəcə uğurlu bir əlamətdir. Böyük miqdarda süd görmək qarşıda gözlənilən zənginlik və sağlamlıq əlamətidir. Süd payladığınızı görməniz reallıqda şəxsi mənfəət əldə etmək uğrunda xeyirxahlıq edəcəyinizə işarə edir. Südün dağılmasını görmək yüngül itkilərdən və müvəqqəti narahatlıqdan xəbər verir. Həmçinin kirli süd olan yuxular da eyni məna daşıyır. Yuxuda turşumuş süd içdiyinizi görməniz dostlarınızın problemlərindən sarsılacağınıza işarə edir. Süd içməyə böyük səy göstərən, lakin buna nail ola bilməyən adamlar görməniz reallıqda sizin üçün önəmli olan bir şeyin itkisindən və ya yüksəkrütbəli bir insanın etimadını itirə bilmənizdən xəbər verir. Qaynar süd içmək zənginlik və arzuların gerçəkləşməsilə nəticələnəcək bir mübarizənin əlamətidir. Südlə çimdiyinizi görməniz isə ürəkaçan görüşlərdən və dostlarla xoş ünsiyyətdən xəbər verir.

Süfrə dəstləri, qaşıqlar — Yuxuda qaşıq görmək və ya ondan yararlanmaq uğur vəd edən xoş bir əlamətdir. Ailə məsələləriniz sizə sevinc və məmnunluq bəxş edə­cək. Yuxuda qaşıq itirdiyinizi zənn etməniz isə reallıqda hansısa çirkin bir əməldə suçlana biləcəyinizdən xəbər verir. Qaşıq oğurladığınızı görməniz ailə üzvlərinizə qarşı nümayiş etdirdiyiniz simiclik və əhəmiyyətsiz bəhanələrə görə məzəmmətə layiq olduğunuzu bildirir. Yuxudakı sınıq və kirli qaşıqlar itki və dilxorluq əlamətidir.

Sükan — Yuxuda sükan görməniz yaxın gələcəkdə uzaq ölkələrə son dərəcə maraqlı səyahətlərinizin olacağından və yeni tanışlıqlar bağlayacağınızdan xəbər verir. Qırılmış sükan isə peşmanlıq və xəstəlik əlaməti hesab olunur.

Sümüklər — Yuxuda bədəninizdən qabaran sümüklərinizi görmüsünüzsə, saxta dostların xəyanəti sizi ruhdan sala bilər. Bir yığın sümük görmək isə aclıq və fəlakətli hərəkətlərin əlamətidir.

Sünbə, şiş (kabab üçün) — Yuxuda sünbə və ya şiş görməniz tərslik və kədər əlamətidir. Gənc xanımın əyilmiş və ya qırılmış kabab şişi görməsi əziz dostunun və ya sevgilisinin onu tərk edəcəyinə işarə ola bilər.

Süngü — Yuxuda süngü görməniz düşmənlərinizin sizi öz hakimiyyəti altına almağa çalışacaqlarından xəbər verir. Lakin gördüyünüz süngü sizə məxsus idisə, vəziyyət sizin üçün əlverişli olacaq.

Süni göl, nohur — Yuxuda nohur görməniz gələcək hadisələrin sizi kədərlən­dirmə­yəcəyini, talenin də sizin baş verənlərə qarşı dayanıqlı olmanıza imkan verəcəyini bildirir. Yuxuda gördüyünüz gölün suyu bulanıq idisə, ailədə söz-söhbət və ya kiminsə nasazlığı ehtimal olunur. İçi qaynaşan balıqlarla dolu və təmiz sulu nohur isə işlərinizin əvvəlkindən daha uğurlu inkişaf edəcəyindən xəbər verir; həmçinin əyləncələr də ehtimal olunur. Təmiz bir nohura yıxıldığınızı görməniz uğur və qarşılıqlı sevgi, bulanıq sulu nohur isə xoşagəlməz xəbərlərin əlaməti hesab olunur.

Süpürgə — Yuxuda təzə süpürgə görməniz çiçəklənmə və taleyinizdə sürətli müsbət irəliləyişlərdən xəbər verir. Gördüyünüz süpürgə köhnə, əldən düşmüşdürsə, işgüzar sahədə bəzi itkilər ehtimal olunur. Qadın xeylağı üçün yuxuda süpürgə itirmək bir həyat yoldaşı kimi inadkar və səliqəsiz olacağına, bütün bu nöqsanların isə onun ailə həyatında çoxlu sayda problemlər yaradacağına işarə edir.

Süpürgəçi — Yuxuda süpürgəçi görmək övladlarınızın yaramaz tərbiyəsinin sizin qəlbinizi qüssəylə dolduracağına işarədir. Süpürgəçini axtarıb tapmamaq rahat həyatınızı pozacaq xırda qanqaraldıcı hadisədən xəbər verir. Əgər yuxuda onu axtarıb tapmısınızsa, reallıqda xaricilərlə xoş tanışlıq sizin əhvalınızı yüksəldəcək və işləriniz yoluna düşəcək.

Sürtkü yağı, neft — Yuxuda üzərinə sürtkü yağı sürtən adamlar görməniz tezliklə xüsusi əhəmiyyətə malik olacağınız hadisələrdən xəbər verir. Çoxlu miq­darda yağ görməniz ürəyinizcə olan bir sahibkarlıqda ifrata yol verə bilə­cəyinizi bildirir. Kişi xeylağının yuxuda özünün neft alverilə məşğul olduğunu görməsi reallıqda üzüyola və mehriban bir xanımla rastlaşdığını zənn etdiyinə baxmayaraq, uğursuz məhəbbətə uğraya biləcəyindən xəbər verir.

Sürünənlər — Yuxuda sürünənlər fəslindən olan bir heyvanın sizə hücum etdiyini görməniz reallıqda xoşagəlməz bir olaya dair xəbərdarlıq kimi yozula bilər. Onun öhdəsindən gəlməyə nail olmuşsunuzsa, son nəticədə real maneələri aradan qaldırmağı bacaracaqsınız. Yuxunuzdakı ölmüş bir sürünənin dirildiyini görməniz həllini tapdığını sandığınız mübahisəylə anlaşılmazlıqların yenidən baş qaldıracağından xəbər verir. Zərər almadan hansısa bir sürünənə toxunduğunuzu görmüşsünüzsə, dostlarınızın pis əhvalruhiyyəsilə kəskinliyi sizi sarsıdacaq, lakin siz onlarla yenə də mehriban münasibətləri qoruyub-saxlamağı bacaracaqsınız. Gənc xanım yuxusunda kərtənkələlər, ilanlar və digər sürünənlər görmüşsə, gerçək həyatda müxtəlif cür təhlükələrə qarşı hazır olmalıdır. Belə ki, sevgilisi öz diqqəti ilə istəyini başqalarına yönəldə bilər. Yuxusundakı həşəratların birinin onu sancdığını görməsi isə rəqibinin onun obrazını sevgilisinin ürəyindən birdəfəlik silmək imkanı əldə edəcəyini bildirir.

Sürünmək — Yuxuda yerdə sürünərkən əlinizi yaraladığınızı görməniz reallıqda alçaldıcı hesab etdiyiniz öhdəçiliklərlə vəzifələndirilə biləcəyinizə işarə edir. Çala-çuxur və daşlıqlarda süründüyünüzü görməniz qarşınızda açılmış imkanlardan yararlana bilmədiyinizin göstəricisidir. Gənc bir xanım üçün belə yuxu sevgilisinin etimadını itirə biləcəyinə dair xəbərdarlıqdır. Başqa adamlarla birlikdə bataqlıq içində süründüyünüzü görməniz isə işlərdə ümidsizliyə qapılacağınıza və etimadınızı itirə biləcəyinizə işarə edir.

Sürüşmə — Yuxuda sürüşmə görmək işlərdə məyusluq, sevgililər üçün isə xə­yanət əlamətidir. Yaşıl otlarla örtülmüş bir təpənin yamacından aşağı sürüşdüyünüzü görmüşsünüzsə, reallıqda sizi riyakar vədlərlə uyudaraq, aldada bilərlər.

Şabalıd — Yuxuda şabalıdları əlinizdə tutduğunuzu və ya onları bir—bir seçib ayırdığını görmüsünüzsə, işlərdə bəzi ziyanlar, həyatda isə gözəl həyat yoldaşınızın olacağı gözlənilir. Şabalıd yemək bəzi qüssələrin əlamətidir, lakin nəticədə bu qüssələri sevinc əvəz edəcək. Gənc bir xanımın yuxuda şabalıd yediyini və ya onlarla fala baxdığını görməsi taleyin ona imkanlı bir pərəstişkar və möhkəm sağlamlıq bəxş edəcəyini bildirir.

Şadlıq — Yuxuda əhvalınızın xoş olduğunu, dostlarla əyləndiyinizi görməniz uşaqlarınızın yaxşı tərbiyəsindən məmnun qalacağınızdan, işlərin uğurla inkişaf edəcəyindən xəbər verir. Əgər şadlıq zamanı cüzi də olsa bir xoşagəlməzlik görmüsünüzsə, deməli, gələcəkdə xoş və o qədər də ürəkaçan olmayan hallar bir—birini əvəzləyəcək.

Şaftalı — Yuxuda şaftalılara baxdığınızı və ya onları yediyinizi görməniz uşaqların xəstəliyinə, biznesdəki gəlirlərdən dolayı irəli gələn məyusluğa və reallaşmayan sevinclərə işarə edə bilər. Lakin şaftalıları yarpaqlar arasında ağaclarda bitən görmüşsünüzsə, çoxsaylı səylərdən sonra arzuladığınız mövqeni tutmağı bacaracaq, sağlamlığınızı və pulunuzu riskə atmanızın bol bəhrəsindən yararlanacaqsınız. Qurudulmuş şaftalılar görməniz bədxahların sizi qabaqlamağa çalışacağının əlamətidir. Gənc bir xanım yuxusunda gur bitmiş ağaclardan yetişmiş, ətirli şaftalıların yığıldığına tamaşa etmişsə, tezliklə iti zəkasıyla cazibədarlığı sayəsində varlı və müdrik biri ilə ailə quracaqdır. Şaftalıları dadarkən, onların yaşıl və kal olduğunun fərqinə varmışsa, qohumlarının qəddarlığı və yaxud da cazibəsini azaldan hansısa bir nasazlıqla üzləşə bilər.

Şahin, tərlan (quş) — Yuxuda şahin quşu görməniz reallıqdakı firavanlığınızla layiqli həyat tərzinizin paxıllığınızı çəkən adamların qəzəbinə səbəb olacağını bildirir. Qadın xeylağı üçün bu yuxu təmiz adı ətrafında dolaşan böhtanlara dair xəbərdarlıqdır.

Şahmat — Yuxuda şahmat oynadığınızı görməniz işlərdə durğunluğun, ağılsız iş ortaqlarının və zəif sağlamlığın əlamətidir. Şahmatda uduzduğunuzu görmüsünüzsə, yaramaz və alçaq adamlardan xoşagəlməz xəbərlər alacağınıza hazır olun. Oyunda qalib gəl­diyinizi görməniz isə sizə göstərilən xoşagəlməz təsirdən uğurla qurtulmağı bacaracağınızdan xəbər verir.

Şaxta, qırov — Yuxuda tutqun şəfəq toranlığına bürünmüş ağaclar üzərində qırov görmək doğma diyardan didərgin düşmək ehtimalını artırır. Lakin səyahətinizin sonluğu kifayət qədər uğurlu olacaq. Yuxunuzda qırovun günəş altında işıldayan ağaclarla kolların üstünə düşdüyü qış mənzərəsi görmüsünüzsə, tezliklə peşman olacağınız xəyali sevinc və əyləncələrin iştirakçısı ola bilərsiniz. Dostunuzu şaxtalı bir gündə görməniz rəqibiniz üzərində qələbə çalacağınız uzunmüddətli bir qayğı və diqqətlə əhatə olunacağınızdan xəbər verir. Qadın üçün belə bir yuxu sevgilisinin zahiri soyuqluğuna dair şübhələrinin əbəs olduğunu bildirir.

Şal — Yuxuda şal görməniz kiminsə sizə yaltaqlanacağından xəbər verir. Şalınızı itirdiyinizi görməniz isə kədər və narahatlığın əlamətidir. Gənc xanımın belə bir yuxudan sonra cazibədar bir kişi ilə maraqlanacağı ehtimal olunur.

Şalğam (turp növü) — Yuxuda şalğamın bitdiyini görməniz planlarınızın parlaq olacağından, uğurun da sizi olduqca ruhlandıracağından xəbər verir. Şalğamı yemək nasazlıq əlamətidir. Şalğamı ləkdən dartıb çıxardığını görməniz vəziyyətin yaxşılaşacağını və səy göstərəcəyiniz təqdirdə, arzuladıqlarınıza yiyələnəcəyinizi bildirir. Kal şalğam yemək peşmançılıq, şalğam əkilmiş tarla görmək isə çiçəklənmə əlaməti hesab olunur. Gənc xanımın şalğam əkdiyini görməsi böyük sərvətə sahiblənəcəyindən və gözəl bir kişi ilə ailə quracağından xəbər verir.

Şalvar — Əgər yuxuda şalvar görmüsünüzsə, tezliklə ədalətsiz hərə­kətlərə sürüklənmə ehtimalınız var. Yuxuda şalvarı tərsinə geyin­misinizsə, tezliklə kiminsə təsiri altına düşə bilərsiniz.

Şam — Yuxuda yanan şam görməniz reallıqda xoşbəxt bir təsadüfün sizi çoxdan görmədiyiniz dostlarla görüşdürəcəyindən xəbər verir. Bu yuxu qarşıda açılan və işinizə xeyir gətirəcək imkanların və yeni görüşlərin də müjdəçisi hesab olunur. təmiz, şəffaf bir alovla yanan bir neçə şam görmək isə səadət və qarşılıqlı anlayış əlamətidir. Hava cərəyanının söndürdüyü şamı görməniz adınız ətrafında ağlasığmaz dedi—qoduların canlanacağına işarə edir. Şamı üfürüb söndürmək isə xoşagəlməz olayların əlaməti ola bilər.

Şam ağacı — Yuxuda görülmüş şam ağacı istənilən bir işdə qeyd—şərtsiz bir uğurun əlamətidir. Qadın xeylağının qurumuş şam ağacı görməsi isə qayğı və itkilərə işarə edə bilər.

Şamdan — İçində bütöv bir şam olan şamdan görməniz parlaq bir gələcə­yinizin olacağından xəbər verir: müstəsna sağlamlıq, səadət və sevimli ailə üzv­ləri. Şamdanı boş görmüşsünüzsə, qismət bir müddətliyinə sizdən üz döndərəcək.

Şampun, baş yumaq — Başınızı şampunla yuduğunuzu gördüyünüz yuxu reallıqda kiməsə zövq vermək xatirinə yaramaz fırıldaqlarda iştiraka qadir olduğunuzun göstəricisidir. Başınızın yuyulduğunu görməniz isə yaxın gələcəkdə başqalarından xəlvəti bir səfərə yollanacağınızdan və bu səfərin əsl məqsədini ailənizlə dostlarınızdan gizlətməyi bacaracağınız təqdirdə, sizə böyük zövq yaşadacağından xəbər verir.

Şeytan, iblis — Yuxuda iblis görmüş insan bir kəndlidirsə, təəssüf ki, onu məhsulun məhv olunması, mal—qaranın xəstəliyi və sair bu kimi itkilər gözləyə bilər. İdmançıları, xüsusilə də tez—tez ölkədən kənara səfər edən idmançıları bu sayaq yuxular ehtiyatlı olmağa çağırır. Əgər iblis yuxunuza gözəl geyinmiş—kecinmiş gələrək, sizi öz evinə dəvət edibsə, real həyatda riyakar insanların sizin üçün hazırladıqları tələlərdən ehtiyatlı olmalısınız. Xüsusilə də bu cür yuxular gənc xanımlar üçün təhlükəlidir və onlar belə yuxulardan sonra atdığı addımlarda xüsusilə ehtiyatlı olmalı, dostlara və yaxın insanlara daha möhkəm bağlanmalıdırlar. Əgər yuxuda iblis sizin heyrətə gətirirsə, reallıqda hansısa bir tələyə uğrama ehtimalı var. İblislə söhbət etmək sizi düşünülməmiş addımlardan çəkinməyə, ümumiyyətlə, bu sayaq yuxular az tanıdığınız insanlara həddindən artıq etibar etməməyə çağırır.

Şeytanlar — Yuxuda şeytanları görmək xəbərdarlıqdır. Əyləncə axtarışındakı səriştəsizliyiniz problemlər gətirəcək. Özünüzü şeytan qismində gör­məniz isə ağılsızlığınızla gizli nöqsanlarınızın sizi səfalətə sürükləmək iqtidarında olduğunun göstəricisidir.

Şəfəq — Yuxuda şəfəq görmək uğurlu təşəbbüslərin əlamətidir. Amma o halda ki, şəfəqqabağı zülmətdə ətrafda olanları seçib—ayıra bilməmişsinizsə. Bu yuxu uğurun xüsusilə yaxın olduğunu zənn etdiyiniz bir vaxtda ümidsizliyə qapılacağınıza da işarə edə bilər.

Şəhər — Yuxuda özünüzü tanımadığınız bir şəhərdə görmüsünüzsə, reallıqda hansısa bir kədərli səbəb üzündən məşğuliyyətinizi, həyat tərzinizi və hətta bəlkə də yaşayış yerinizi belə dəyişmək məcburiyyətində qalacaqsınız.

Şəkil, rəsm — Yuxuda qarşınızda bir şəkil görürsünüzsə, deməli, eyni vaxtda həm al­dadılmış, həm də xoşagəlməz bir olaya qarışmış ola bilərsiniz. Əgər özünüz yağlı boyalarla rəsm çəkirsinizsə, reallıqda müəmmalı və riskli bir təşəbbüsdə iştirak etməli olacaqsınız. Yuxuda hansısa bir şəkli zədələmişsinizsə, hüquqlarınızın müdafiəsi üçün xeyli səylər sərf etmək məcburiyyətində qalacaqsınız. Rəsm almaq nalayiq bir ticarətin əlamətidir. Yuxuda genealogiya cədvəlində öz rəsminizi görmüsünüzsə, çiçəklənmə və məmnunluqla yanaşı, həm də dostluq münasibətlərində məyusluq və qarşılıqlı anlaşmanın yoxluğu gözlənilir. Ətrafınızda çoxlu sayda qədim və müasir ustadların qravüralarını görmüşsünüzsə, deməli, reallıqda ali nailiyyətlər düşkünlüyünə mübtəla olmusunuz. Bu istəklərlə müqayisədə, hazırkı uğurlarınız son dərəcə aciz görünür. Yuxuda rəsm qalereyasını ziyarət etmək müxtəlif cür ixtilaflara işarə edir. Lakin evdə, ailədə sülh və əmin—amanlığı, qarşılıqlı anlaşmanı bərpa etmək üçün çoxlu səylər göstərsəniz də, qəlbən tamamilə başqa insanlara doğru can atacaqsınız.

Şəlalə — Yuxuda şəlalə görmək gerçəkdə şiddətli istəklərinizə sahib çıxmağı bacaracağınızdan və taleyin sizə qarşı mərhəmətli olacağından xəbər verir.

Şərab, çaxır — Yuxuda şərab içdiyinizi görməniz gerçəkdə sevinc və möh­kəm dostluq münasibətlərindən xəbər verir. Şərab şüşəsini sındırmaq sevginizlə ehtirasınızın bütün mümkün sərhədləri yarıb keçəcəyinə işarədir. Şə­rabla dolu çəlləklər görmək böyük dəbdəbə əlamətidir. Şərabı bir qabdan digərinə süzmək kef—səfa, əyləncə və səyahətdən xəbər verir. Şəra­bın yerə töküldüyünü görmüsünüzsə, gördüyünüz işin müqabilində la­yiqli mükafat alacaqsınız. Gənc bir xanımın yuxuda şərab içdiyini görməsi reallıqda zəngin və əsilzadə bir insanla ailə quracağından xəbər verir. Şərab butulkaları və çəlləklərlə dolu anbara (zirzəmiyə) enmək ən xoş təəssüratların əlamətidir.

Şifrə — Yuxuda hansısa şifrələri açdığınızı və ya qədim mətnləri oxumağa çalışdığınızı görməniz uzun müddətdən bəri ədəbi əməyə can atmanızın göstəricisidir. Bu yuxu dərin biliklərə və təcrübəyə yiyələnməklə sözügedən sahədə uğurlara imza atacağınızdan xəbər verir.

Şikayətlər, gileylər — Yuxuda dostlarınızı və ya əmlakınızı itirdiyiniz üzündən gileylənib ah—zar etdiyinizi görmüsünüzsə, reallıqda bir sıra çətinliklərlə qarşılaşıb, sizin üçün sevinc və əmin—amanlıq mən­bəsi olanlarla uzun və ağır bir mübarizəyə düçar ola bilərsiniz. İtirdiyiniz qohumlar üçün ağladığınızı görməniz isə xəstəlik və məyusluq əlamətidir, lakin buna rəğmən iş ortaqları ilə müna­sibət­lərdə harmoniyaya nail olacaqsınız. Bunun nəticəsi olaraq da qarşınızda çoxsaylı parlaq perspektivlər açılacaq.

Şir — Yuxuda şir görmək reallıqda hansısa nəhəng bir qüvvə ilə idarə olunduğunuzdan xəbər verir. Şiri ram etməyi bacarmışsınızsa, istənilən bir işdə qalib olacaqsınız. Şir sizə qalib gəlmişsə, bədxahların zərbələri qarşısında müdafiəsiz olacaqsınız. Qəfəsdə pələng görmək uğurunuzun sizə qarşı çıxanları neytrallaşdırmaq bacarığından asılı olduğunu bildirir. Yuxuda şiri qəfəsdə və ondan kənarda idarə edən təlimçini görmək işlərdə uğura işarədir: bilikləriniz və yüksək işgüzarlıq keyfiyyətləriniz ətrafdakıların diqqətilə rəğbətini qazanmanıza səbəb olacaq. Körpə şir görmək, diqqətli və tədbirli olacağınız təqdirdə, uğurlu bir işin sizi gözlədiyindən xəbər verir. Gənc bir xanım yuxusunda körpə şir gör­müş­sə, onu cazibədar bir məşuqla yeni tanışlıq gözləyir. Qadın üçün yuxuda Müqəddəs Danieli şirin qəfəsində görməsi yüksək idrakı və cazibədarlığıyla taleyin rəğbətini qazanacağı və çoxdandır arzuladığı bir insanla tanış olacağı deməkdir.

Yuxuda şirin nəriltisini eşitmək qadınlar üçün gözlənilməz nailiyyətlər və uğur əlamətidir. Başınız üzərində dişlərini qıcamış nərildəyən bir şir görmüsünüzsə, ixtiyar sahibi olmaq istəyiniz iflasa uğrayacaq. Şir dərisi görmək zənginlik və xoşbəxtlik əlamətidir. Özünüzün şiri mindiyinizi görməniz çətinliklər qarşısında sarsılmayacağınızı bildirir. Əlinizdə iti bir bıçaq tutub övladlarınızı şirdən xilas etdiyinizi görmüsünüzsə, düşmənlərinizin hiylələrinə tabe olub bir anlığına belə məsuliyyət və öhdəçiliklərinizdən sapdığınız təqdirdə, onlar uğura sahiblənəcək.

Şirin krem — Ailəli bir xanım yuxuda şirin krem hazırladığını və ya yediyini görmüşsə, yaxın gələcəkdə gözlənilməz bir qonağı qarşılamalı olacaq. Gənc bir xanımın bu sayaq yuxu görməsi isə tezliklə onun ən yaxın adamına çevriləcək bir adamla tanış olacağından xəbər verir. Yuxuda görülən krem ürəkbulandıran dərəcədə şirin və ya əksinə – dadsızdırsa, dilxorluğa səbəb olacaq bəzi problemlər ehtimal olunur.

Şirinlik, şirin dad — Yuxuda ağzınızda şirin dad hiss etmişsinizsə, reallıqda ağır sarsıntılar dövründəki davranışınız hər cür tərifdən daha üstün olacaq və bununla da ətrafdakıların dərin hörmətini qazanacaqsınız. Ağzınızdakı şirin daddan hansısa bir yolla qurtulmağa çalışdığınızı görməniz isə yaxın gələcəkdə dostlarınızı alçaldıb məsxərəyə qoymaqla, onlara qarşı haqsızlıq edə biləcəyinizə dair xəbərdarlıqdır.

Şokolad — Yuxuda şokolad görməniz reallıqda sizdən asılı olanları layi­qincə təmin edəcəyinizdən xəbər verir. Şokolad konfetlər görmək isə işgüzar partnyorlarınızın sizə layiq olduğuna işarə edir. Yuxunuzdakı şokolad təzə deyildisə, xəstəlik və məyusluq ehtimal olunur.

Şose — Yuxuda şoseyə baxdığınızı və ya magistralla hərəkət etdiyinizi görməniz böyük bir səmərə ilə ürəkaçan səyahətə çıxacağınızdan xəbər verir. Gənc adamlara bu yuxu nəcib arzular vəd edir.

Şotka, fırça — Yuxuda saç şotkasıyla darandığınızı görməniz işləri düzgün idarə edə bilməməyinizin uğursuzluğa səbəb olacağına işarə edir. Köhnə saç şotkaları görmək xəstəlik əlamətidir. Paltar təmizləmək üçün fırçalar görməniz isə ağır bir məsələdə verəcəyiniz qərarın həlledici olacağını bildirir.

Şöhrət, məşhurluq — Yuxuda məşhurlaşdığınızı görməniz hansısa bir arzunuzun ger­çək­ləşmə ehtimalını azaldır. Məşhur insanlarla əhatə olunduğunuzu görməniz isə gerçək həyatda çalışdığınız sahədə uğura imza atacağınızdan xəbər verir.

Şpris — Yuxuda şpris görməniz reallıqda yaxınlarınıza guya təh­lükə yarada biləcək bir xətərdən çəkinərək əsassız həyəcan keçirəcəyinizə işarə edir. Yuxunuzdakı şpris sınıq idisə, reallıqda yol verdiyiniz səhvlərə görə cavab verməyə hazır olun. Bu yuxu həmçinin səhhətinizin zəifləyəcəyinə də işarə ola bilər.

Şüşə banka — Yuxuda boş bankalar görmək kasıblıq və ehtiyac vəd edir. Onların içini dolu görmək isə uğur və məmnunluğun əlamətidir. Əgər yuxuda banka alırsınızsa, real həyatdakı uğurunuzun davamsız, məyusluq yükünün isə ağır olacağı qaçılmazdır. Sınıq banka görmək uzunsürən xəstəlikdən və dilxorluqdan xəbər verir.

Şüşə — Yuxuda şüşə arxasından baxmaq xoş əlamət sayılmır. Şüşəni (pən­cərəni) qırdığınızı görməniz böyük əmək sərf etdiyiniz bir işin uğursuz olacağına işarə edir. Şüşə ilə bədəninizin hər hansı bir hissəsini kəsdiyinizi görmüşsünüzsə, bacarıqlarınızı nümayiş etdirmək niyyətinə düşsəniz, çoxunun rəğbətini qazanmış olarsınız. Tərtəmiz yuyulmuş pəncərə şüşələrini seyr etdiyinizi görməniz isə nüfuzlu bir işə dəvət alacağınızdan, lakin bu vəzifədəki xidmətiniz zamanı ətrafdakılarla saysız ziddiyyətlərlə üzləşəcəyinizdən xəbər verir. Pəncərə şüşələrini bulaşıq görmək isə uğursuzluq əlamətidir.

Tabaşir — Qadın xeylağının yuxuda üzünü tabaşirlə ağartdığını görməsi reallıqda pərəstişkar qazanmaq istəyindən xəbər verir. Yazı taxtasında tabaşirlə yazdığınızı görmüsünüzsə, ictimai şərəfə layiq görüləcəksiniz. Lakin yazı taxtasının qara rəngli olmaması daha uğurlu yuxu hesab olunur. Qaradırsa, bəzi işlərdə uğursuzluq ehtimalı var. Əllərinizin tabaşirə bulandığını görməniz də cüzi bir məyusluğa işarə edir.

Tabut, cənazə arabası, cənazə salları (arabanın oxlarını birləşdirən ağac) — Yuxuda tabut görmək xoşagəlməz anlardan və hansısa bir qohumun xəstələnə biləcəyindən xəbər verir. Kilsədə üstünə çiçək səpilmiş tabut görmək uğursuz evliliyə işarədir. Ümumiyyətlə, bu sayaq yuxular xoş əlamət deyil. Məsələn, kəndçi üçün belə bir yuxu qıtlıq və mal—qaranın xəstələnəcəyindən, işgüzar adamlar üçün uğursuzluqlardan, gənc adamlar üçün isə uğursuz evlilikdən xəbər verir. Hərəkət edən cənazə arabası görmək də eyni cür yozulur. Belə bir yuxunun ardınca xəstəlik, sonra isə əvvəlki hadisələrdən dolayı sarsılmış vəziyyətdə evlilik ola bilər. Əgər yuxuda özünüzü tabutda və yaxud onun qapağının üstündə əyləşərkən görmüsünüzsə, dedi—qodu, xəstəlik, davranışda məyusluq ehtimalı vardır.

Taxt— Yuxuda özünüzü gözəl bir taxtda böyük zövq—nəşə ilə istirahət edən və sevgilinizlə məhəbbətdən söhbət edən görməniz reallıqda paxıl rəqiblərinizin sizi nişanlınızın gözündən salmaq üçün yollar axtardığına dair xəbərdarlıqdır. Bu yuxu sizi davranışda daha qətiyyətli olmağa səsləyir; toy məsələnizi uzatmamağınız tövsiyə olunur.

Taxt — Yuxuda taxtın üstündə yarıuzanmış vəziyyətdə əyləşdiyinizi gör­mə­niz əbəs gözləntilərdən xəbər verir. İşlərinizdəki istənilən dəyişikliklərə qarşı son dərəcə diqqətli olmalısınız, çünki ümidlərinizi yalnız bu şəkildə doğrultmağı bacaracaqsınız.

Taxta — Gənc bir xanımın yuxuda özünün bulanıq bir çay üzərindən çürümüş taxtalarla keçdiyini görməsi sevdiyi insanların reallıqda ona qarşı münasibətdə göstərdikləri etinasızlıq və soyuqqanlılığın, həmçinin digər qanqaraldıcı halların onu dilxor edəcəyindən xəbər verir. Bundan əlavə, təmiz adı da təhlükə altına düşə bilər. Yuxuda gözəl, möhkəm döşəmə üstündə yerimək isə xoş əla­mətdir, lakin belə bir yuxunu görən adam davranışında son dərəcə ehtiyatlı olmalıdır.

Taxtabiti — Yuxuda taxtabiti görmək uzunsürən xəstəliyin və ya digər bir bəlanın müjdəçisidir. Çoxlu sayda taxtabiti görmək qaçılmaz hadisələrin iştirakçısı olmaq ehtimalını artırır. Yuxuda taxtabitilərin öldüyünü zənn etməniz hansısa bir xəstəlikdən əziyyət çəkmənin əlamətidir. Taxtabi­tiləri əzib, onlardan qan əvəzinə suyun axdığını görməniz narahatedici bir xəstəlikdən xəbər verir. Lakin bu xəstəlik sağalmaz olmayacaq, tezliklə hər şey yoluna düşəcək. Ağ divar üzərində yuxarıya doğru sürünən taxtabitilər görmək də ciddi bir xəstəliyə işarə edir, lakin bu halda da xəstəliyin sağalmaz olduğu düşüncəsi əsassızdır.

Taxt—tac, səltənət — Yuxuda taxt—tacda əyləşdiyinizi görməniz reallıqda bütün işlərdə sürətli bir uğura imza atacağınızı müjdələyir. Taxt—tacdan endiyinizi görməniz isə böyük peşmançılıqların əlaməti olaraq yozulur. Başqalarının taxt—tacda əyləşdiyini görməniz də uğura ətrafdakıların uğuru ilə xeyirxahlığı sayəsində nail olacağınızdan xəbər verir.

Taksi — Yuxuda taksidə getmək ürəkaçan əyləncələrin, həmçinin orta səviy­yəli bir firavanlığın müjdəçisidir. Axşamçağı başqa adamlarla birlikdə taksidə getdiyinizi görməniz reallıqda dostlarınızdan gizlətməyə çalışacağınız bir sirr sahibi olacağınızdan xəbər verir. Qadınla taksidə getmək isə dedi—qodu əlamətidir; hansısa bir qalmaqal sizin adınızın axmaq əqidəli insanlarla birgə çəkiləcəyinə səbəb ola bilər. Özünüzü taksi sürücüsü olaraq görməniz isə karyerada çox cüzi irəliləyişlər vəd edən fiziki əməyə cəlb olunacağınızı bildirir.

Tale, qismət — Yuxuda taleyinizi dərk etdiyinizi görməniz bütün hallarda ixtilaf və mübahisə əlaməti sayılmır. Bu yuxu bacarıqlarınızı reallaşdırmağa və daha fəal həyat tərzi keçirməyə meyillənəcəyinizin də göstəricisi ola bilər. Gənc bir xanım yuxuda taleyini aldatmağa çalışdığını görmüşsə, sadiq dostla sevgili arasında asanlıqla seçim etməyi bacaracaq.

Tamaşa, pyes — Gənc bir xanım yuxuda teatr tamaşasını seyr etdiyini görmüş­sə, xoşuna gələn birisi onun sevgisini qazanmaq üçün çalışacaq, gələcəkdə isə tam arzuladığı bir ailə quracağı gözlənilir. Yuxusundakı pyes və ya onun ayrı—ayrı həyəcanlı səhnələrindən təsirləndiyini görmüşsə, qarşıda onu ürəkaçan yeniliklər gözləyir.

Tanışlar — Yuxuda hansısa bir tanışınıza rast gələrək, onunla şirin—şirin söh­bət etdiyinizi görmüsünüzsə, işləriniz uğurlu məcrada inkişaf edəcək. Halbuki bu arada ailədə yüngülvarı fikir ayrılığı da ehtimal olunur. Lakin söhbətiniz bir mübahisələrin iştirakçısına çevrilə bilərsiniz. Əgər hansısa bir tanışınızla görüş zamanı sıxılma—utanma kimi hisslər ke­çir­misinizsə, yaxud da bu görüşün yersiz olduğunu hiss et­mi­si­nizsə, reallıqda düşünmədən qadağan olunmuş bir işdə iştiraka sürüklənə bilərsiniz və bunu gizlətmək mümkün olmayacaq. Gənc bir xanım yuxuda çoxlu sayda tanışlarını görübsə, belə bir yuxu bir neçə əhəmiy yətsiz əyləncəyə baş qoşacağından, həmçinin çoxlu sayda səylər sərf etdiyindən zərrə qədər də olsun peşmançılıq çəkmədən böyük bir məhəbbətə nail olacağından xəbər verir. Əgər xanım yuxuda tanışlıqlarının azlığından kədərləndiyini görmüşsə, özünə qarşı daha tələbkar olmasa, reallıqda da onu maraqsız, cansıxıcı və bayağı bir həyat gözləyir.

Tanrı, səcdəgah — Tanrını gördüyünüz bir yuxu heç də xoş müjdəçi deyil. Hansısa bir zalım qadının ixtiyarına uğraya bilərsiniz. Əgər yuxuda Tanrı sizinlə söhbət edibsə, ehtiyatlı olun: kiminsə qınaq obyektinə çevrilmək təh­lükəsi var. İşlər də uğur vəd etmir. Belə bir yuxu sağlamlığın zəiflə­diyini bildirir. Əgər Tanrını ibadət etdiyi halda görmüsünüzsə, gördüyünüz işlərdən dolayı dərin peşmançılıq gözlənilir. Yuxuda Tanrı sizə iltifat göstərirsə, gerçəkdə uğurlar bəxş edən tanınmış bir adamın sizi himayə edəcəyi ehtimal olunur.

Tapança — Yuxuda görülmüş tapança uğurlu əlamət deyil. Söhbət özü­nüzə məxsus tapançadan gedirsə, deməli, həqiqətdə narahat və zəif təbiətinizi sizə üstün gələcək. Tapança haqqında hansısa bir söhbəti eşitdiyinizi görmüsünüzsə, kimlərinsə sizə qarşı yönəldilmiş çirkin planları pozmağa nail olacaqsınız. Öz tapan­çanızdan atəş atdığınızı görməniz hiyləsiz birinə qibtə edəcəyinizdən və sizə qarşı yönəldilən ziyanın intiqamını almaq üçün böyük nailiyyətlərə yetişəcəyinizdən xəbər verir.

Tapşırıq — Yuxuda tapşırıqla harasa yollandığınızı görməniz həmfikir­lərlə gö­rüşəcəyinizdən və ailədə mehribanlıq ab—havasının hökm sürəcəyin­dən xəbər verir. Gənc bir xanımın yuxuda kimisə tapşırıqla bir yerə yolladığını görməsi sevgilisinin arzu—istəklərini qarşıladığı etinasızlığı üzündən onu itirə biləcəyinə dair xəbər­darlıqdır.

Tarix — Yuxuda tarixi ədəbiyyatın oxunması reallıqda yaxın gələcəkdə uzun­müddətli və ürəkaçan bir istirahətdən xəbər verir.

Tas, ləyən — Yuxuda ləyən görmək yeni, ürəkaçan qayğıların və sevincin əla­mətidir. Ləyəndəki təmiz su ilə əl—üzünüzü yuduğunuzu görmüş­sü­nüzsə, aludə olduğunuz meyil arzularınızın reallaşmasıyla bitəcək və hə­yatınızı ürəyinizcə olan birisi ilə qovuşduracaq. Gördüyünüz ləyən çirkli və ya qırıq idisə, başqalarına acı yaşadan, sizi isə, sadəcə, əyləndirən haram görüşlərə görə peşmanlıq hissi keçirəcəksiniz.

Tatuirovka (tatoo) — Yuxuda bədəninizdə çoxlu sayda döydürmə şəkillərin olduğunu görməniz reallıqda ehtimal olunan hansısa xoşagəlməz bir olayın uzun müddətliyinə evinizi tərk etmək məcburiyyətində qalacağınızdan xəbər verir. Başqalarının bədənində döydürmə şəkillər görməniz tezliklə kiminsə qısqanclıq obyektinə çevriləcəyinizi bildirir. Özünüzün yuxuda kiminsə bədənində döydürmə şəkillər çəkdiyinizi görməniz isə qəribəliyiniz üzündən dostlarınızın sizdən üz döndərə biləcəyinə dair xəbərdarlıqdır.

Taun xəstəliyi — Yuxuda taun xəstəliyinin geniş yayıldığını (epidemiyasını) görməniz yaxın gələcəkdə gözlənilmədən işinizdə baş verəcək qanqaraldıcı bir pozuntudan, arvadınızın (və ya sevgilinizin) isə bir müddət acınacaqlı həyat tərzi sürmənizə səbəb olacağından xəbər verir. Özünüzün taun xəstəliyinə düçar olduğunuzu gördüyünüz yuxu isə ehtiyatlı və tədbirli davranmaqla bütün dolaşıq işlərinizi yoluna qoymağı bacaracağınızı bildirir. Yuxuda xəstəliyə tutulmamağa çalışdığınızı görməniz qarşısının alınması mümkünsüz görünən çətinliklərin bir müddət sizi təqib edəcəyinə işarə edə bilər.

Teatr — Yuxuda özünüzü teatrda görməniz tezliklə sadiq dostlar qazanacağınızdan xəbər verir. Tamaşada iştirak edən aktyorlardan biri olduğunuzu görməniz ehtimal olunan sevincinizin uzunmüddətli olmayacağına işarə edə bilər. Özünüzü varyetedə görməniz isə bütün arzu və istəklərinizin reallaşacağının müjdəçisidir. Teatrda əyləşərək güldüyünüzü və əl çaldığınızı görməniz yaxın gələcəkdə əhəmiyyətsiz bir tərsliyi təmin etmək üçün şərəfinizi təhlükə altında qoya biləcəyinizə dair xəbərdarlıqdır.

Telefon — Yuxuda telefon görməniz reallıqda sizi çaşdırmağa çalışan insanlarla qarşılaşacağınıza dair xəbərdarlıqdır. Qadın xeylağının telefonla danışdığını görməsi rəqiblərinin çoxluğunu, lakin əhatə olunduğu bədxahlığa qalib gələcəyini bildirir. Xanım yuxuda telefonla danışarkən ona deyilənləri pis eşitmişsə, sevgilisini itirə bilər. Həmçinin qəzəbli dedi—qoduların obyektinə çevriləcəyi də ehtimal olunur.

Teleqram — Yuxuda teleqram aldığınızı görməniz reallıqda xoşagəlməz xəbər alacağınıza işarə edir. Belə ki, dostlarınızdan biri marağında olduğunuz məlumatı dəyişdirə bilər. Bu yuxu, həmçinin uğurla nəticələnəcəyi təqdirdə, sizə böyük ehtiram və sərvət bəxş edəcək təhlükəli bir işin başla­nacağının da əlaməti olaraq yozulur. Özünüzün teleqram göndər­diyinizi görməniz işdə xoşagəlməz olayların və ya hansısa bir məlumatla bağlı şayiələrin gözlənildiyinə dair xəbərdarlıqdır. Yuxuda teleqraf və ya teleqraf binasında olduğunuzu görməniz isə reallıqda başladığınız işin uğursuz nəticələnə biləcəyinin əlamətidir.

Teleskop — Yuxuda görülmüş teleskop ailə—sevgi münasibətlərində soyuqluq törədən hadisələrə işarə edə bilər. İşdəki ab—hava da ürəkaçan olmayacaq. Teleskopdan ulduzları seyr etdiyinizi görməniz son dərəcə maraqlı səyahətlərin, lakin bu səyahətlərdən sonra maliyyə çətinliklərinin gözlənildiyini bildirir. Qırılmış teleskop görmüş­sünüzsə,vərdiş etdiyiniz həyat tərzinizin pozulacağı və xoşagəlməz qayğıların yaranacağı gözlənilir.

Termometr — Yuxuda termometrə baxmısınızsa, deməli, real həyatda uğursuzluqlar yaşayırsınız və işinizdən də narazısınız. Sınmış termometr xəs­təlik əlamətidir. Əgər yuxuda termometrdəki civə sütununun endiyini görmüsünüzsə, deməli, yaxın gələcəkdə işgüzar durumunuz sizə müəyyən dərəcədə narahatlıq yaşadacaq. Yox, əgər civə sütununun qalxdığını gör­müsünüzsə, deməli, biznesinizlə bağlı bütün çətinlikləri uğurla dəf etməyi bacaracaqsınız.

Təhlükə — Yuxuda özünüzü böyük bir təhlükə qarşısında görməniz reallıqda tezliklə tanınaraq, nüfuzlu bir məqam tutacağınızdan xəbər verir. Lakin təhlükədən qurtulmağı bacarmamısınızsa, dünyanızı dəyişdiyinizi və ya yaralanaraq əziyyət çəkdiyinizi görmüşsünüzsə, işlərdə itkilər, evdə isə xırda və cansıxıcı narahatlıqlar sizi sarsıda bilər. Aşiq olduğunuzu görməniz isə planlarınızın zaman süzgəcindən keçmədiyi üçün onların bir qismindən imtina edəcəyinizdən xəbər verir.

Təhsil — Yuxuda yaxşı təhsil almağı arzuladığınızı görməniz gələcək həya­tınızın hər bir dövründə biliklərə, elmə qarşı güclü şövqünüzün cəmiy­yətdə yüksək məqama nail olmanıza imkan yaradacağından xəbər verir. Tale sizə qarşı mərhəmətli olacaq. Yuxuda təhsil aldığınızı görməniz isə səmimi və nüfuzlu dostların hər zaman sizin yanınızda olacağını bildirir.

Təkərlər — Yuxuda sürətlə fırlanan təkər görmüsünüzsə, reallıqda işləri­nizi ehtiyatlı tutmağı və ailə səadətinə qovuşmağı bacaracaqsınız. Hərəkətsiz və ya zədələnmiş təkər görmək yaxınlarınızdan birinin səhhətində problemlərin mümkünlüyündən, yaxud da səfərə çıxacağından xəbər verir.

Təklif — Yuxuda təklif aldığınızı və ya kiməsə təklif verdiyinizi gör­məniz reallıqda özünüzdə məsuliyyətli olmaq üçün yüksək tələblərə cavab ver­mək vərdişini inkişaf etdirməyənə kimi riyakarlıq və yaltaqlıq edə­cəyinizi bildirir.

Təqlid, yamsılama, saxtakarlıq — Yuxuda nəyinsə əslini deyil, oxşarını, təqlidini görməniz reallıqda kiminsə sizi aldatmaq niyyətində olduğunu bildirir. Gənc bir xanımın yuxuda onun özünü və ya sevgilisini yamsıladığını görməsi isə başqalarının səhvləri üzündən yalan və iztirablara düçar olacağından xəbər verir.

Təqsirləndirmək, ittiham etmək — Yuxuda kimlərisə alçaq hərəkətlərində təqsirləndirdiyinizi gör­məniz reallıqda sizə tabe olanlarla mübahisələr yaşayacağınızdan və mənliyinizin tapdalanacağından xəbər verir. Özünüzün təqsirlən­diril­diyinizi görmüsünüzsə, hiyləgər və qabaqcadan düşünülmüş bir tərzdə qeybət və dedi—qoduya cəlb oluna bilərsiniz.

Təqvim — Yuxuda əlinizdə təqvim tutduğunuzu görmüsünüzsə, il boyunca vərdişlərinizdə son dərəcə metodik və səliqəli olacağınızı bildirir. Təqvimi uzaqdan—uzağa görmüsünüzsə, hesablamalarınızda yanılma ehtimalı var. Təqvimi diqqətlə oxuyub bələd olmağa çalışdığınızı görməniz isə gələcəkdə əsassız narahatlıqlardan xəbər verir: diqqətinizə layiq olmayan şeylərə görə narahatlıq və qəzəb hissi keçirəcəksiniz.

Tələ — Yuxuda tələlər qurduğunuzu görməniz reallıqda məqsədlərinizə çatmaq üçün əlinizdən gələni əsirgəməyəcəyinizin əlamətidir. Əgər yuxuda tələyə uğramışsınızsa, düşmənləriniz sizə qalib gələcək. Lakin özünüzün kimisə tələyə saldığınızı görməniz istənilən bir işdə qələbə çalacağınızı bildirir. Boş tələ görmək yaxın gələcəkdə bəzi uğursuzluqlardan xəbər verir. Sınıq tələ isə işlərdə uğursuzluq, yaxud da yaxınlardan birinin nasazlığının əlamətidir.

Təlxək, nədim, oyunbaz — Yuxuda al—əlvan rəngli paltar geyinmiş nədim görməniz reallıqdakı önəmli işlərinizi fani istəklərə qurban verməli olmadığınıza dair xəbərdarlıqdır.

Təmir — Yuxuda kirlənmiş paltarın təmirini görməniz reallıqda haqq—ədaləti bərpa etməyə cəhd edəcəyinizdən xəbər verir, lakin bu cəhdiniz vaxtsız olacaq. Əgər təmir olunan paltar təmiz idisə, gəlirlərinizin artırılmasında uğur gözlənilir. Gənc bir xanımın yuxuda təmirlə məşğul olduğunu görməsi reallıqda həyat yoldaşına işlərində yardım edəcəyini bildirir.

Təmizləmə işi, yır—yığış — Qadın xeylağının yuxuda ev yığışdırdığını və ya süpürdüyünü gör­məsi həyat yoldaşının ona qarşı münasibətinin yaxşılaşacağından, övladlarının da şən və itaətkar olacağından xəbər verir. Yuxuda evinizin döşəməsinin kirli olduğunu, sizin də naməlum bir səbəbdən evi süpürmədiyinizi görmüsünüzsə, yaxın gələcəkdə məyusluq və kədər ehtimal olunur.

Təmsil — Yuxuda təmsil oxuduğunuzu və ya söylədiyinizi görməniz reallıqda ədəbiyyatla məşğul olmanızın sizə xoş duyğular bəxş edəcəyindən xəbər verir. Gənc adamlar üçün bu yuxu romantik bağlılıq deməkdir. Dini mövzuda əsatirlər dinləmək və ya söyləmək yuxu görən adamın real həyatda itaətkar mömin olacağından xəbər verir.

Tənbəllik — Yuxuda bir iş görməyə tənbəllik etdiyinizi görməniz reallıqda hansısa bir işin təşkilində səhvə yol verəcəyinizdən və bunun da dərin məyusluqla nəticələnəcəyindən xəbər verir. Gənc bir xanım yuxusunda sevgilisinin tənbəl olduğunu düşünübsə, əks cinsin rəğbətini qazanmaqda çətinlik çəkəcək. Davranışıyla onunla ailə qurmaq niyyətində olan kişiləri özündən uzaqlaşdıracaq.

Tənhalıq, yalqızlıq — Yuxuda yalqızlığınızın kimsə tərəfindən pozulduğunu gör­məniz reallıqda hakimiyyət və səlahiyyət sahibi olan insanların sizi narahat edəcəyindən xəbər verir. Qadın xeylağı üçün bu yuxu xəbərdarlıq xarakteri daşıyır. Belə ki, şəxsi həyatına daha diqqətli yanaşması və insanlarla ünsiyyətdə ifrat səmimilik nümayiş etdirməməsi tövsiyə olunur.

Təntənəli yürüş, nümayiş — Yuxuda hansısa bir nümayiş və ya təntənəli yürüş görmüş­sünüzsə, deməli, gələcək planlarınızın reallaşmasına dair narahatlıqlarınız olacaq. Gördüyünüz yürüş matəm mərasimi idisə, xoşagəlməz xəbərlər ehtimal olunur. Özünüzün məşəl yürüşündə iştirak etdiyinizi görməniz isə həqiqi məziyyətlərinizi nüfuzdan sala biləcək hansısa bir əyləncə məclisində iştirak edəcəyinizdən xəbər verir.

Tər — Yuxuda möhkəm tərlədiyinizi görməniz reallıqdakı çoxsaylı dedi—qoduların əsası olan çətinliklərin öhdəsindən şərəflə gəlməyi bacaracağınızdan xəbər verir.

Tərcüməçi — Yuxuda özünüzü tərcüməçi kimi görməniz reallıqda əhəmiyyətli gəlir əldə edəcəyinizə inandığınız hansısa bir işin ümidlərinizi aldatma ehtimalına işarə edir.

Tərəf, kənar, qıraq, səmt — Yuxuda hansısa bir əşyanın yalnız bir tərəfini görmüşsünüzsə, deməli, işgüzar təklif etməyə çalışdığınız bir kimsə sizin bu təklifinizə etinasız yanaşacaqdır. Kənarda dayanıb öz iztirablarınızı seyr etdiyinizi görməniz işdə çoxlu sayda çətinliklərlə üzləşəcəyinizdən və bu çətinliklərin sizin üçün bir sınaq rolu oynayacağından xəbər verir. Kə­nardan dayanıb baxaraq, özünüzü sağlam və güclü zənn etdiyinizi görməniz isə həm işdə, həm də sevgidə çoxsaylı uğurlara imza atacağınıza işarə edir.

Tərəvəzlər — Yuxuda tərəvəz yemək gözlənilməz bir uğurun əlamətidir. Bəlkə də ilk vaxtlarda siz bu uğuru taleyin hədiyyəsi olaraq qəbul edəcəksiniz, lakin tezliklə zahiri uğurun arxasında böyük bir yalanın gizləndiyini anlayacaqsınız. Yuxuda görülən solmuş və çürüyən tərəvəzlər qüssə əlamətidir. Gənc bir xanımın yuxuda tərəvəzlərdən yemək hazırladığını görməsi reallıqda adi bir inciklik üzündən sevgilisini itirəcəyindən, lakin tezliklə layiqli və sadiq birisiylə xoşbəxt ailə quracağından xəbər verir.

Tərəzi — Yuxuda tərəziyə çıxıb çəkinizi yoxladığınızı görmüsünüzsə, gerçək­də ədalət hissi xasiyyətinizi yumşaldacaq, həmçinin mü­vəf­fəqiyyətiniz də artacaq. Əgər hansısa bir xanım yuxuda sevgilisini tərəzidə çəkdiyini görürsə, gerçəkdə onun ləyaqətinə şahid olub ona xüsusilə bağlanacaq, onun sədaqəti isə sevgilərinə dayaq olacaq.

Tərki—dünya, münzəvi — Yuxuda tərki—dünya, münzəvi görmək dostların xəyanəti üzün­dən baş verəcək kədər və tənhalıqdan xəbər verir. Özünüzü münzəvi olaraq görməniz reallıqda dolaşıq bir işə qarışaraq, bəzi aktual problemlərə böyük maraq göstərəcəyinizi bildirir. Yuxuda özünüzü tərki—dünya olan birinin yaşadığı yerdə görməniz reallıqda nəinki dostlara, hətta düşmənlərə qarşı belə təmənnasızlıq, qərəzsizlik nümayiş etdirməyi bacaracağınızdan xəbər verir.

Təsəlli, təskinlik, sakitləşdirmə — Yuxuda əzab çəkən bir insana təsəlli verməyə çalışdığınızı görməniz həqiqi həyatdakı insaniyyətinizə görə bir çoxlarının sevimlisinə çevriləcəyinizdən xəbər verir. Gənc bir xanım üçün bu yuxu sadiq həyat yoldaşının və vəfalı dostlarının olacağını ifadə edir. Qəzəblənmiş bir adamı sakitləşdirməyə çalışdığınızı görməniz isə reallıqda başqalarının uğuru üçün fədakarlıq etməyə qadir olduğunuzun göstəricisidir. Sevən bir adamın yuxusunda kiminsə onun qısqanc şübhələrini aradan qaldırmağa çalışdığını görməsi reallıqdakı seçiminin yanlış olduğunu anlayacağına işarə edir.

Təsir, nüfuz — Yuxuda başqalarına təsir göstərmək yolu ilə yüksək ada və ya uğur­lara nail olduğunuzu görməniz reallıqda bəzi arzularınızın həyata keçməmə ehtimalına işarədir. Lakin əgər özünüzün yüksək rütbəyə, ada—sana malik olduğunuzu görmüsünüzsə, plan­larınızın ən parlaq şəkildə reallaşacağından arxayın ola bilərsiniz. Dostlarınızın yüksək məqama sahib olduğunu görmü­sünüzsə, şərikləriniz sizinlə tam bir razılığa gələcəklər və siz bütün çətinlikləri aradan qaldırmağı bacaracaqsınız.

Tıxac, üzücü nişan (üzgəc) — Yuxuda hansısa bir ziyafətdə butulka tıxaclarını açdığınızı gör­məniz yaxın gələcəkdə həqiqi bir xoşbəxtlik içində məst olacağınız çiçəklənmə dövrünün yaxınlaşdığını bildirir. Tibbdə istifadə olunan tıxaclar görməniz isə nasazlıq və bihudə sərf olunmuş cəhdlərin əlamətidir. Rəvan, təmiz bir suyun üzündə yırğalanan üzgəc görmək uğur müjdəçisidir. Gördüyünüz su dalğalı idisə, ədəbsiz adamlar zəhlə­nizi tökəcək. Butulkaları tıxacladığınızı görməniz reallıqda işlərinizi məharətlə təşkil etmənizin və həyatınızın nizamlı olacağının göstə ricisidir. Gənc bir xanımın yuxusunda şampan butulkalarının tıxaclarını çıxardığını görməsi tezliklə onu diqqət və qiymətli hədiyyələrə məruz qoyacaq şən və mehriban bir sevgilisinin olacağından xəbər verir. Belə bir yuxudan sonra həmin xanım təmiz adını qoruyub—saxlamağı haqqında ciddi düşünməli və valideynlərinin dəyərli məsləhətlərinə diqqət yetirməlidir.

Tilsim (talisman) — Yuxuda talisman daşıdığınızı görməniz reallıqda sadiq bir dostla rastlaşacağınızdan və səlahiyyətləri şəxslərin etimadını qazanacağınızdan xəbər verir. Gənc xanımın yuxusunda sevgilisinin ona talisman hədiyyə etdiyini görməsi ailə qurmaqla bağlı bütün arzularının həyata keçəcəyinə işarə edir.

Timsah — Yuxuda timsah görmək reallıqda ən yaxın dostlarınız tərə­fin­dən tez­liklə aldadılacağınıza işarə edir. Bundan əlavə, düşmənləriniz də əvvəl­kindən daha çox sizinlə ədavət aparacaq. Timsahın kürəyində yeridiyinizi görməniz xoşagəlməz hallardan xəbər verir. Siz bu dolaşıqdan qurtulmaq üçün təkbaşına mübarizə aparmalı olacaqsınız və bunu bacaracaqsınız. Bu xəbərdaredici yuxuya etinasız yanaşmayın! Ətrafdakılarla ünsiyyətdə ifrat səmimiyyətdən çəkinin.

Tısbağa — Yuxuda tısbağa görməniz reallıqda baş verəcək təsadüfi bir ha­disənin sizə sevinc və ruh yüksəkliyi bəxş etməklə, işinizə də müsbət təsir göstərəcəyindən xəbər verir. Tısbağa şorbası yemək isə müəmmalı əyləncələrə işarə edir.

Toxum, taxıl, dən — Yuxuda buğdanın taxıl döyümünü, toxumla dolu sünbüllər görmək bir çox işlərdə müxtəlif cür əyləncələrin və uğurların müjdəçisidir. Kim­lərinsə taxıl yığdığını görmüsünüzsə, yaxın gələ­cəkdə dost və yaxınlarınız üçün sevincli duyğular yaşayacaqsınız. Ümumiyyətlə, toxum və ya taxılla bağlı yuxular ən gözəl və müsbət əlamətlərdən sayılır. Tale gənc xanımlara bu sayaq yuxuları onların xoşbəxtliyinə inamını artırmaq üçün qismət edir.

Toxuma — Bir xanım üçün yuxuda toxuma ilə məşğul olduğunu görməsi mehriban, bir—birini sevən ailə üzvlərinin və sözəbaxan, onu sevindirən və fərəhləndirən övladların olduğu ailə həyatından xəbər verir. Kişi xeylağı üçün yuxuda toxuculuq sexində olduğunu görməsi başlanan çiçəklənmə və uğura doğru yoldakı sarsılmazlığından xəbər verir. Gənc bir xanımın yuxuda toxuma görməsi tələsik də olsa, xoşbəxt bir evliliyin əlamətidir; yuxuda toxuculuq dəzgahında çalışdığını görübsə, reallıqda layiqli və sadiq bir sevgilisi olacaqdır. Çalışdığı dəzgahın sındığını görübsə, işlərdə və məhəbbətdə bəzi xoşagəlməzliklər ola bilər.

Toxumaq, hörmək — Yuxuda toxuma, hörmə işlərilə məşğul olduğunuzu görməniz reallıqda əmin—amanlığa yetişmək niyyətinizə əngəl törədə biləcək istə­nilən cəhdləri dağıdacağınızdan xəbər verir. Başqalarının toxuduğunu görməniz isə əhatə olunduğunuz ab—havanın sağlam və xeyirxah olduğunun reallıqda bəzən fərqinə varmadığınızın əlamətidir.

Toqqa — Yuxuda toqqa görməniz reallıqda əyləncə məkanlarına də­vət­lərlə təngə gətiriləcəyinizdən, işlərinizin baxımsız qalma təh­lükəsilə qarşılaşacağından və bütün bunların da faciəvi nəticələnə biləcəyindən xəbər verir.

Toqqa, qayış, qurşaq, belbağı — Yuxuda əyninizdə belbağı, toqqa olan bir paltar görmüşsünüzsə, reallıqda sizinlə dilxoşluq edən birinin sizə bağlılığını qoruyub—saxlamağa çalışacaqsınız. Gənc bir xanım yuxusunda sevgilisinə toqqa aldığını görmüşsə, reallıqda sevgilisinə sadiq qalacaq və səmimi, mehriban davranışıyla onun hörmətini qazanacaq. Əyninizdəki toqqanın sizə dar olduğunu hiss etməniz arzuolunmaz təsir altına düşə biləcəyinizdən xəbər verir. Başqalarının əynində gözəl və bahalı toqqalar görməniz isə əvvəlki planlarınıza zidd olaraq, əldə etməyə çalışdığınız sərvətə yiyələnmək üçün əlinizdən gələni əsirgəməyəcəyinizin göstəricisidir. Qadın xeylağı yuxusunda gözəl bir belbağı hədiyyə aldığını görmüşsə, onu əhatə edənlərin çoxunun hörməti ilə minnətdarlığını qazanacağı ehtimal olunur.

Toqquşma — Yuxuda toqquşma görmək məyusluq, dilxorluq və işlərdə uğursuzluq əlamətidir. Gənc xanımın yuxuda toqquşma görməsi reallıqda seçim etməkdə çətinlik çəkəcəyindən xəbər verir.

Top (silah) — Bu yuxu ölkənizlə doğma evinizin təhlükə qarşısında dayandığını bildirir. Gənclərin qarşıda gözlənilən dağıdıcı çevrilişlərdən əziyyət çəkəcəyi ehtimal olunur. Gənc bir xanımın yuxuda top—tüfəng görməsi tezliklə əsgər arvadı olacağına və həyat yoldaşına onu və Vətənini mü­dafiə etməyə yola salarkən «Allah sənə yar olsun» kəlmələrini deyəcəyinə işarə edir. Oxucu gördüyü yuxuları gerçək həyatda uğradığı təsirləri, yaşadığı təəssüratları və şüurunda toplanmış təcrübəni nəzərə alaraq yozmalıdır. Əgər siz top—tüfəng barədə çox düşünüb, onları sülhün bərqərar olduğu bir vaxtda görmüşsünüzsə, deməli, bu yuxu sizi gərəksiz mübarizə və mümkün məğlubiyyətdən qorumaq üçün bir xəbərdarlıqdır.

Toplama əməli (riyaziyyatda) — Yuxuda toplama əməli üzərində düşündüyünüzü görməniz reallıqda təhlükəli hal almağa başlayan işlərinizdə ehtimal olunan çətinlikləri aradan qaldırmalı olacağınızdan xəbər verir. Toplama əməlində hansısa bir səhvi aşkar etdiyinizi görməniz isə düşmənlərinizin çirkin niyyətlərinin qarşısını alaraq, onlara üstün gələcəyinizə işarə edir. Rəqəmləri aydın seçib oxuya bilməmişsinizsə, reallıqda yaranmış vəziyyətdə gözüaçıq olmağı bacarmadığınız üçün uğuru əldən verəcəyiniz ehtimal olunur.

Tor — Yuxuda tora düşdüyünüzü görməniz reallıqdakı düşmən­lərinizin işlərin çiçəkləndiyi bir dövrdə sizə xoşagəlməz təsir göstərəcəyinə dair xəbərdarlıqdır. Gənc xanım üçün bu yuxu ətrafdakıların ona çoxlu ziyanlar vura biləcəyinə və nəticədə yalnız qalacağına işarə edir. Yuxuda torlardan azad olmağa müvəffəq olmuşdursa, qeybət və dedi—qodudan çətinliklə də olsa, qurtulmağı bacaracaq. Açılmış tor görməniz işlərdəki incəliklərə etinasız yanaşacağınızı, insanlara qarşı da qərəzkar yanaşacağınızı bildirir. Gördüyünüz torlar köhnə və cırıq idisə, son dərəcə sarsıla biləcəyiniz maliyyə problemləri ehtimal olunur.

Torağay quşu — Yuxuda uçan torağaylar görmək yüksək məqsədlərə nail olmaqla, eqoistlikdən qurtulub, özünüzdə cəlbedici əqli keyfiyyətləri inkişaf etdirəcəyinizdən xəbər verir. Torağayların havada cəh—cəh vurduğunu eşitmək reallıqda yaşayış yerinizi dəyişməklə xoşbəxtliyə nail olacağınıza, biznesinizin çiçəklənəcəyinə işarədir. Yuxuda cəh—cəh vurub yerə yıxılan torağaylar görmək xoşbəxtlik arzusunda olub ona nail olmadıqda ruh düşkünlüyünə uğraya biləcəyinizdən xəbər verir. Yaralı və ya ölmüş torağay kədər əlamətidir. Torağayı öldürmüsünüzsə, günahsız bir adamı haqsız yerə incitdiyinizi bildirir. Torağay ətrafınızda uçaraq təsadüfən üstünüzə yıxılırsa, sizi uğur gözləyir. Torağayı tutub qəfəsə yerləşdirdiyinizi görmüsünüzsə, tezliklə sevgi, hörmət və şərəfə nail olacaqsınız. Yuxuda dən dimdikləyən torağaylar görmək bol məhsuldan xəbər verir.

Torpaq — Yuxuda bərəkətli, məhsuldar torpaq görmək yaxşı əlamətdir, lakin əgər torpaq barsız və daşlıdırsa, uğursuzluq və iflas ola bilər. Dəniz səyahəti zamanı uzaqdan qurunu görməniz isə tezliklə qarşınızda açılan parlaq perspektivlərin müjdəçisidir. Bağda təzəcə qazılmış torpaq görmək çiçəklənmə və firavanlıq əlamətidir. Paltarınızın torpağa, palçığa bulandığını görmüsünüzsə, hansısa xəstəlikdən və ya qanun təqiblərindən xilas olmaq üçün doğma evinizi tərk etmək məcburiyyətində qala bilərsiniz.

Toy paltarı — Yuxuda toy paltarı görməniz yaxın gələcəkdə ürəyinizcə olan ictimai işlərdə iştirak edəcəyinizdən və orada yeni dostlar tapacağınızdan xəbər verir. Paltarınızı kirlənmiş və ya səliqəsiz görməniz isə reallıqda çox istədiyiniz bir adamla yaxın ünsiyyəti əldən verə biləcəyinizə işarə edir.

Toy, kəbinkəsmə, nikah — Yuxuda toy görməniz uğura doğru yolda təlaş və maneələrə səbəb ola biləcək hadisələrdən asanlıqla çıxış yolu tapacağınızdan xəbər verir. Gənc bir xanımın yuxuda xəlvəti nikaha girdiyini görməsi onun təbiət xarakteristikası üçün son dərəcə uğursuz əlamət sayılır. Bu yuxu onu özünü idarəetməsinə sövq edə bilər. Yuxuda evlilik təklifini qəbul etdiyini görmüşsə, reallıqda ondan daha yuxarıda dayananların gözündə dəyəri artacaq, ümidləri aldanmış olmayacaq. Yuxuda valideynlərinin onun nikahına qarşı çıxdığını zənn etmişsə, reallıqda da yaxınları nikahına etiraz edəcəklər. Sevgilisinin başqasıyla ailə qurduğunu gördüyü yuxu gərəksiz iztirabların və mənasız, əsassız qorxuların əlamətidir. Artıq ailəli olduğunuzu görməniz isə xoş əlamət sayılmır. Gənc xanım yuxuda öz toyunda matəm paltarı geyinmiş birini görmüşsə, ailə həyatında problemlər ehtimal olunur. Başqasının toyunda belə bir adam görməsi isə reallıqda qohumunun və ya dostunun kədərli taleyinə acıyacağından xəbər verir. Bu yuxu, həmçinin gözlənilən səadət və sağlamlıq əvəzinə pərtlik və ya xəstəlik gətirə bilər. Belə bir yuxudan sonra baş verəcək ürəkaçan səyahətin yaradacağı xoş əhval—ruhiyyə xoşagəlməz olay və ya digər bir sürprizlə kökdən düşə bilər.

Toyuq — Yuxuda toyuq görmək ailə çərçivəsində xoş, ürəkaçan görüş­lərdən, ailə üzvlərinin artacağından xəbər verir.

Toyuq qaqqıldaması — Yuxuda toyuq qaqqıldaması eşitmək ətrafdakılardan birinin qəfil xəstəliyi üzündən sarsılacağınızdan xəbər verir. Bu xəstəlik hətta ki­minsə yoxsulluğuna da yol aça bilər.

Toz — Yuxuda toz görməniz reallıqda vicdansız və şərəfsiz insanlarla üzlə­şəcəyinizə işarə edə bilər. Sayıqlığınız sayəsində onların çirkin niyyətlərini sezməyi bacaracaqsınız. Üst—başınızı tozlu görməniz kiçik itkilərin əlaməti ola bilər. Paltarlarınızı tozdan təmizlədiyinizi görmüşsünüzsə, tezliklə idarəetməni yenidən əlinizə alacaqsınız.

Tramvay — Yuxuda gördüyünüz tramvay kiminsə sizə maneə törətmək niyyə­tinin göstəricisidir. Dayanacaqda tramvay gözlədiyinizi gör­məniz təh­lükəli bir işə başlamağı düşündüyünüzü bildirir. Tramvay səfəriniz rahat keçmişsə, başladığınız işi uğurla bitirəcəksiniz. Yol qəzası isə reallıqda ciddi çətinliklərin əlamətidir. Tramvayın həddindən artıq hündür olduğunu zənn etməniz hansısa bir təhlükəyə işarə edə bilər. Bir o qədər də hündür olmayan, sürətlə hərəkət edən bir tramvayda yol getdiyinizi görməniz isə tezliklə qarşıya qoyduğunuz məqsədə yetişəcəyinizdən xəbər verir.

Tumba (yolun və ya səkinin yanında dirəkcik) — Özünüzü tumbada dayanmış gördüyünüz yuxu işgüzar sahədə sürətli uğurunuzun müjdəçisidir. Ətrafdakıların hörmətini qazanacaq­sınız. Sevən bir adamın yuxusunda sevgilisi ilə birlikdə tumbada dayandığını görməsi xoşbəxt bir izdivaclarının olacağına işarə edir. Tum­badan yıxılmaq və ya aşağı tullanmaq reallıqda qarşıya çıxacaq çətinliklərin əlamətidir.

Tunc — Əgər bir xanım yuxuda tunc heykəl görürsə, real həyatda onun özü üçün nişan götürdüyü qarşı tərəfin rəğbətini qazanmaq cəhdləri boşa çıxa bilər. Əgər yuxudakı heykəl həyati əlamətlərə xasdırsa, yəni tərpənirsə, bu yuxunu görən xanımı eşq macərası gözləyir. Yuxuda tunc ilanlar və ya digər həşərat görmək reallıqda paxıllığın sizi təqib edəcəyindən xəbər verir.

Tunel — Yuxuda özünüzü tuneldə irəliləyən görməniz nə işgüzar sahədə ürəkaçan əlamət sayılır, nə də ailə—sevgi məsələlərində. Tuneldə gedər­kən qarşınızdan qatar gəldiyini görməniz isə nasazlığa, həmçinin iş istiqamətinizi dəyişə biləcəyinizə işarə edir. Tuneldə maşınla hərəkət etdiyinizi görmüşsünüzsə, işgüzar həyatınızdan məmnun qalmayacağınız, ehtimal olunan səfərinizin isə sizi məyus və müflis edəcəyi gözlənilir. Yuxunuzdakı tunelin tağtavanının gözünüz önündə çökmə­sini görməniz uğursuzluq və düşmənlərin hiyləgərliyinin əlaməti olaraq yozulur. Tunelə göz gəzdirdiyinizi görməniz isə demək olar ki, çıxılmaz bir vəziyyətdə qəti qərar verməli olacağınızdan xəbər verir.

Turist — Yuxuda özünüzü turist olaraq görmüşsünüzsə, tezliklə sizi evinizdən xeyli uzaqlara aparacaq maraqlı bir işdə iştirak edə­cəyiniz gözlənilir. Yuxuda görülmüş bir neçə turist isə yeni, lakin stabil olmayan bir işə və məhəbbətdə qətiyyətsizliyə işarə edən əlamətdir.

Turp — Yuxuda ləkdə bitən turp görmək uğur əlamətidir. Dostlarınız sizə qarşı son dərəcə iltifatlı, işiniz isə müvəffəqiyyətli olacaq.

Turşu (burada: essensiya) — Turşu içmək narahatlıqlar vəd edən xoşagəlməz bir yuxudur. Qadın xeylağı üçün yuxuda turş maddələr içmək reallıqda ləkələyici hə­rəkətlərilə özünü tələyə sala biləcəyinə və hətta sağlamlığına zərər ye­tirəcəyinə işarə edir. Zəhərli turşular görmək yaxın gələcəkdə xəya­nətlə üzləşəcəyinizdən xəbər verir.

Tut — Yuxuda tut görməniz səhhətinizdəki nasazlığın qarşıya qoyduğunuz məqsədə yetişmənizə əngəllər törədə biləcəyinə və sizin bu səbəbdən sarsılacağınıza işarə edir. Tut yemək isə acı peşmançılıq əlamətidir.

Tutuquşu — Yuxuda boşboğazlıq edən tutuquşu görməniz cəfəng söz—söhbətlərin və dostlarınız arasında dolaşan mənasız dedi—qoduların göstəricisidir. Tutuquşunu sakit vəziyyətdə görməniz isə ailə çəkişmələrindən uzaq uzunmüddətli mehribanlıq dövrünün müjdə­çisidir. Gənc bir xanım yuxuda tutuquşunun olduğunu görmüşsə, sevgilisi onun yaramaz əxlaq sahibi olduğundan şübhə­lənəcək. Tutuquşunu danışmağa öyrətdiyinizi görməniz şəxsi işlərdə xoşagəlməz məqamların ərsəyə gələcəyini bildirir. Ölü tutuquşu isə dostluq əlaqələrinin korlanacağının xəbərdarlığı ola bilər.

Tülkü — Yuxuda tülkü ovu görmək müəmmalı təşəbbüslərə və riskli eşq macəralarına qədəm qoymağa meyilli olduğunuzu bildirir. Tülkünün xəlvətcə yaşadığınız həyətə girdiyini görməniz isə paxıl insanlardan ehtiyat etməli olduğunuza dair xəbərdarlıqdır. Adınız, nüfuzunuz təhlükə altındadır. Yuxuda tülkünü öldürmək isə istənilən bir işdə qalib olacağınızdan xəbər verir.

Türk hamamı — Yuxuda türk hamamında yuyunmaq evdən və dostlardan uzaqda gözlənilməz bir xəstəlikdən xəbər verir. Eyni zamanda ürəkaçan ma­cəralar da gözlənilir. Əgər yuxuda başqalarının yuyunub çimdiyini görürsünüzsə, reallıqda xoş bir tanışlıq gözlənilir. Yuxuda özünüzün hamamda buğlanıb tərlədiyinizi görməniz real həyatda son dərəcə əsəbi və tez qəzəblənən insanlarla ünsiyyət vəd edir. Hamamdan çıxdığınızı görmüsünüzsə, yaxın gələcəkdə bütün narahatlıqlarınızın əsassız olduğunu anlayacaqsınız.

Türkəçarə dərmanlar — Yuxuda türkəçarə dərmanlar qəbul etdiyinizi görmüsünüzsə, reallıqda hansısa bir bəlanın təsiri altında xəstəlik dərəcəsində mütəəssir olacaqsınız və bu bəladan yalnız borcunuzu, öhdəliklərinizi layiqincə yerinə yetirməklə qurtulmağı bacaracaqsınız. Əgər yuxuda həmin bu dərmanı qəbul etməyə dair təlimatı oxuduğunuzu görmüsünüzsə, real həyatda bəlalı şərikləriniz sizə əzab—əziyyət verərək, işlərinizdə əngəllər yaratmağa can atacaq.

Tüstü — Yuxuda tüstü görmüsünüzsə, öz şübhə və qorxularınızda tamamilə dolaşığa düşə bilərsiniz. Tüstü sizi bihuş etmişdirsə, real həyatda sizin üçün təhlükə təşkil edən insanlar sizi öz təsiri altına sala bilər.

Tütün, tənbəki — Yuxuda görülmüş tütün işlərdə müvəffəqiyyət, sevgidə isə uğursuzluq vəd edir. Ləkdə bitən tənbəki görməniz sahibkarlıqda uğura nail olacağınızdan xəbər verir. Quru tənbəki yarpaqları kəndli üçün bol məhsula, ticarətçi üçün isə yüksək gəlirə işarə edir. Tənbəki çəkmək isə dostluq əlamətidir.

Uçuş, uçmaq — onsuz səma açıqlığında uçmaq uğursuz nikahın əlamətidir. Yuxuda yer səthinə yaxın uçduğunuzu görməniz nasazlığa və ya müşkül vəziyyətə düşə biləcəyinə işarə edir. Su səthinin üzə­rində uçduğunuzu və suyun bulanıq olduğunu görməniz bədxah insanları fitnə—fəsadına dair bir xəbərdarlıqdır. Xarabalıq üzərində uçmaq uğursuzluq və kədər əlamətidir. Xarabalıq üzərində uçarkən, bəzi yerlərdə yaşıllıq, ağaclar görmüşsünüzsə, deməli, müşkülləriniz tezliklə aradan qalxacaq. Uçarkən Günəşi görmüşsünüzsə, bütün narahatlıq və həyəcanlarınız əbəs olacaq, daimi pislik təhlükəsinə baxmayaraq, həyatınız son dərəcə uğurlu olacaq. Hündür səma altında uçaraq, yolda Ay və ya digər səma cisimlərini görməniz bütün Yer kürəsi üçün təhlükə əlaməti ola bilər. Uçarkən kürəyinizdə qara qanadlarınızın olduğunu görməniz acı bir məyusluq əlamətidir.

Yaşıl ağaclar üzərində uçduğunuzu və kürəyinizdə ağ qanadlarınızın olduğunu gördüyünüz yuxu isə son dərəcə uğurlu əlamət hesab edilir: işlərdə böyük uğur və xoşbəxt məhəbbət sahibi olacaqsınız. Lakin qurumuş ağaclar üzərində uçmuşsunuzsa, uğura doğru yolunuzda taleyin bəzi sınaqları ehtimal olunur. Uçuş zamanı yerə yıxılmaq, xüsusilə də yıxılarkən ayılmamaq xoş əlamət sayılmır. Qadın xeylağının bir şəhərdən digərinə uçarkən, vaxtaşırı kilsə damlarına, taxtapuşlarına əyləşdiyini görməsi reallıqda öz sevgisini riyakar insanlardan mühafizə etmək üçün bir çox sınaqlardan keçməli olacağından xəbər verir. Bu sayaq yuxular bəzən onun özünün və ya yaxınlarının səhhətində narahatlıqlara da işarə edə bilər. Xanım yuxuda uçarkən güllə ilə vurulduğunu görmüşsə, reallıqda uğur və əmin—amanlığa doğru irəlilədiyi yolda bədxahların törədəcəyi maneələrlə üzləşmə ehtimalı böyükdür.

Uğur, müvəffəqiyyət — Yuxuda başladığınız işlərdə müvəffəqiyyətə nail olduğunuzu gör­məniz reallıqda karyera yüksəlişindən və sevgidə uğurlu seçimdən xəbər verir. Başqalarının uğurlara imza atdığını görməniz isə taleyin sizə mehriban və sadiq dostlar bəxş etdiyinin göstəricisidir.

Uğursuzluq, müvəffəqiyyətsizlik — Yuxuda müvəffəqiyyətsizlik yaşadığınızı görməniz real həyat üçün tamamilə fərqli cür dəyərləndirilir. Yuxuda rədd olunduğunu görmüş sevən bir insan əksinə, ruhlanmalı, ilhamlanmalıdır: xeyirxahlığıyla qayğıkeşliyini bir az da gücləndirməklə sevgilisinin qəlbini fəth etməyə nail olacaq (İnsanın qorxduğu və ya təhqir olunduğu yuxu isə reallıqda da oxşar bir vəziyyətin müjdəçisidir). Gənc bir xanım yuxuda bütün həyatının puç olduğunu dərk edirsə, deməli, reallıqda taleyin ona bağışladığı bütün imkanlardan istifadə etməyə can atacaq. Belə bir yuxu onu həyatda daha fəal olmağa səsləyir. İşgüzar adam üçün bu yuxu uğursuzluqlara işarə edir. Belə ki, öz bacarıqlarına daha çox ümid bəsləsə, işlərinin öhdəsindən tezliklə gələr.

Ulduz falı — Yuxuda münəccimin şəxsən sizin üçün tərtib etdiyi ulduz falınızı əlinizdə görməniz işgüzar sahədə gözlənilməz dəyişiklik­lərdən, uzun­müddətli səfərlərdən, maraqlı tanışlıqlardan xəbər verir. Əgər yuxu görən şəxs yuxuda gələcək taleyindən məlumatlar aldığını görürsə, real həyatda onu əsla uğursuzluq gözləmədiyi məsələlərdə xoşagəlməz anlar və məyusluq gözləyir.

Ulduzlar — Yuxuda parlaq, sayrışan ulduzları seyr etməniz möhkəm sağlamlıq və çiçəklənmədən xəbər verir. Lakin əgər yuxunuzdakı ulduzlar sönük və tünd qırmızıdırsa, bəzi çətinliklər ehtimal olunur. Alışıb—yanan və ya axan ulduz görmək kədər və qəm nişanəsidir. Ecazkar şəkildə közərən və öləziyən ulduzlar görmüsünüzsə, yaxın gələcəkdə müəmmalı hadi­sələr və dəyişikliklərin şahidi olacaqsınız. Ulduzun düz sizin üzərinizə düşdüyünü görməniz ailədə qanqaraldıcı olaylara işarə edə bilər. Yuxuda ulduzların Yer kürəsinin ətrafında dolandığını görmək isə böyük fəlakətlərdən və ağır zamanların yaxınlaşdığından xəbər verir.

Un, qarğıdalı unu — Yuxuda qarğıdalı unu görməniz coşqun arzularınızın həyata keçə­cəyindən xəbər verir. Qarğıdalı unundan bişirilmiş çörək yediyinizi görməniz düşüncəsizliyiniz üzündən uğura doğru yolunuzda özünüz—özünüzə maneələr törədəcəyinizə işarə edir. Əsasən unla bağlı yuxular sadə və xoşbəxt bir həyatın müjdəçisi olur. Gənc bir xanım yuxuda üst—başını unlu görürsə, tale ona evinin xanımı olmasını və həyat yoldaşının onunla hesablaşacağı səadətini nəsib edəcək. Un satmaq isə riskli işgüzar təşəbbüslərin əlamətidir.

Urna — Yuxuda urna görməniz uğursuzluqla müvəffəqiyyətin bir—birini əvəzləməsinin sizi nə həddindən artıq ümidsizliyə qapılmanıza, nə də həddindən artıq rahat olmanıza imkan verməyəcəyindən xəbər verir. Qırılmış urna kədər əlamətidir.

Uşağı övladlığa götürmək — Yuxuda övladlığa götürdüyünüz uşağı və ya himayədar valideynləri görməniz böyük bir uğurun və yad adamların kömə­yinin hər zaman sizə yol yoldaşı olacağından xəbər verir. Özünüzün və ya başqa birinin övladlığa uşaq götürdüyünüzü görməniz reallıqda yaşayış yerinizi dəyişəcəyinizin ürəyinizcə olmayacağına işarə edir.

Uşaq — Yuxuda ağlayan uşaqlar görmək nasazlıq və peşmançılıq əlamətidir. Şən, təmiz və səliqəli uşaq mükafatlandırılmış mə­həb­­bətin və çoxlu sayda sadiq dostlarınızın olduğunu bildirir. Təkbaşına gəzişən uşaq görməniz sərbəstliyinizin və nalayiq fikirlərə etinasız yanaşmanızın gös­təricisidir. Qadın xeylağının yuxuda hansısa bir uşağı əzizlədiyini görməsi reallıqda ən çox etibar etdiyi biri tərəfindən aldadıla biləcəyinə işarə edir. Öz övladınızı qızdırma içində qucağınıza götürdüyünüzü görməniz xoş əlamət sayılmır, bu yuxu mənəvi iztirab və kədər əlamətidir.

Uşaq arabası — Yuxuda uşaq arabası görmək sizə çoxlu yaxşılıqlar edəcək və hətta ürəkaçan sürpriz hazırlayacaq yaxın, sadiq bir dostunuzun olduğunun xatırlamasıdır.

Uşaq əmizdirən ana — Yuxuda uşaq əmizdirən ana görmüsünüzsə, reallıqdakı imkanlarınızın gerçəkləşməsi üçün olduqca münasib bir şəraitin yaranacağı gözlənilir.

Uşaq oyuncağı — Körpə uşağın yuxuda oyuncaqla oynadığını görmək ailədə mehribanlıq və firavanlıq, həmçinin halal və gəlirli qazancdan xəbər verən xoş əlamətdir. Gənc bir xanımın bu yuxunu görməsi nəcib bir sevgi və qayğı ilə seçilən erkən evlilik müjdəçisidir. Yuxuda uşağın əlinə oyuncaq vermək isə sərmayənin uğursuz yerləşdirildiyini bildirir.

Uşaqlar — Yuxuda gözəl—göyçək uşaqlar görmək müstəsna çiçəklənmə, səadət və rifah əlamətidir. Bir ananın yuxuda öz övladını naxoşlamış görməsi real həyatda övladının sağlamlığının möhkəm olacağından xəbər verir. Lakin onunla bağlı digər məsələlərdə narahatlıqlar yaşanma ehtimalı da var. Uşaqların oxuduğunu, ya­xud işlədiyini görmək sülh və əmin—amanlıq əlamətidir. Əh­valı pozulmuş və ya ağlayan uşaqlar görmək xoşagəlməz hallar­dan, həyəcanlı hisslərdən, saxta yoldaşlarınızın xəya­nətilə hiyləgər­liyindən xəbər verir. Yuxuda uşaqlarla məşğul olmaq, onlarla oynamaq, vaxt keçirmək bütün maliyyə və şəxsi işlərinizdə uğurlara nail olacağınıza işarə edir.

Uzağı görməmə (göz zəifliyi) — Yuxuda gözünüzün uzağı görmədiyini görməniz işlərdə dolaşıqlıqdan və gözlənilməz bir qonağın ziyarətindən xəbər verir. Gənc xanımın belə bir yuxu görməsi gerçəkdə gözlənilməz rəqib qazanacağına işarədir. Sevgilinizin göz zəifliyini görmək isə onun sizi hansısa bir məsələdə məyus edəcəyini bildirir.

Uzunboğaz corab — Yuxuda uzunboğaz corab görməniz yolunu azmış insanların mühi­tinə qane olacağınızın göstəricisidir. Gənc xanımın yuxuda uzunboğaz corablarının köhnəldiyini və ya cırıldığını görmə­si reallıqda əxlaqsızlığa da olmasa, ən azından yolverilməz yüngül­lüyünə görə qınanılacağına dair xəbərdarlıqdır. Zərif, dəbdə olan bir corab geyindiyini görmüşsə, kişilərin ona qarşı marağından «ağlını itirəcək», lakin ehtiyatlı olması tövsiyə olunur. Xanımın ayağına geyindiyi uzunboğaz corabların ağ olduğunu görməsi isə onu kədərli peşmanlıqlardan və ya xəstəlikdən qorunmağa səsləyir.

Üçüz (üç ekiz uşaq) — Yuxuda üç ekiz uşaq görmüşsünüzsə, uğuruna şübhə etdiyiniz bir iş olduqca uğurlu bitəcək. Kişi xeylağının həyat yoldaşının üç ekiz uşaq dünyaya gətirdiyini görməsi uzun müddətdən bəri müzakirə mərhə­ləsində olan bir problemin həllinə dair irəli sürdüyü təklifinin qəbul olunacağından xəbər verir. Yuxuda yeni doğulmuş üç ekiz uşağın ağlamağını eşitmək ətrafda olan anlaşılmazlıqların tezliklə sülhlə bitəcəyini müjdələyir. Gənc xanımın yuxuda üç ekiz uşaq dünyaya gətirdiyini görməsi zəngin, lakin sevgidə bədbəxt olacağına işarə edir.

Ürək — Yuxuda ürəyinizin ağrıdığını və ya boğulduğunuzu hiss etdi­yinizi görməniz işlərdə çətinliklərin yaranacağına işarə edir. Şəxsi səhvinizi vaxtlı—vaxtında düzəltməsəniz, böyük bir itkiyə yol açmış olarsınız. Öz ürəyinizi görməniz xəstəlik və ener­jinin azalacağının əlamətidir. Hey­van ürəyi görməniz isə rəqiblərlə mübarizədə qalib olaraq, bütün diqqətləri özünüzə cəlb edəcəyinizin müjdəçisidir.

Ürəkkeçmə, bayılma — Yuxuda ürəkkeçmə görmək ailə üzvlərindən birinin nasazlığına və ya xoşagəlməz xəbərə işarə edir. Gənc bir xanımın bu sayaq yuxu görməsi qayğısız həyat tərzi üzündən peşmanlıq keçirəcəyindən xəbər verir.

Üskük, oymaq — Yuxuda üskükdən istifadə etdiyinizi görmüsünüzsə, deməli, tezliklə kimlərinsə sevincinə səbəb olacaqsınız. Üsküyü hansısa bir xanımın barmağında görmüsünüzsə, reallıqda ciddi bir əməl sahibi olacaqsınız. Üsküyün itdiyini görməniz kədər və ehtiyac əlamətidir. Köhnə, əyilmiş bir üskük görməniz yaxın gələcəkdə sizin üçün son dərəcə önəmli olan bir işdə başısoyuqluq edə biləcəyinizdən xəbər verir. Təzə üskük aldığınızı və ya kiminsə sizə onu hədiyyə etdiyini görməniz tezliklə sizi əhatə edən insanlarla ünsiyyət quracağınızdan və bu ünsiyyətdən son dərəcə məmnun qalacağınızdan xəbər verir. Yuxuda barmağınıza üskük taxmaq istəyərkən üsküyün ağzının bağlı olduğunu görmüsünüzsə, ciddi problemlərlə üzləşə bilərsiniz, lakin dostlar çətin anda köməyinizə yetişəcək və sizi xoşagəlməz nəticələrdən qorumağı bacaracaqlar.

Ütüləmə — Yuxuda ütü işləri ilə məşğul olmaq ailə rahatlığından və işlərin uğurlu məcrada inkişaf edəcəyindən xəbər verir. Hansısa bir xanımın yuxuda əlini ütü ilə yandırdığını görməsi onun mənəvi rahatlığını pozacaq xəstəlik və qısqanclığa işarədir. Əgər ütüləyərkən hansısa bir paltarı yandırdığını görübsə, reallıqda hər cür qanıqaralıq və şübhələrə səbəb olacaq bir rəqibi meydana çıxacaq. Əgər ütü çox soyuqdursa, bu, ailədə qeyri—səmimi ab—havanın olmasına işarədir.

Üz, sifət — Yuxuda hiylədən uzaq olan, gözəl, saf bir sifət görmək yaxın gələ­cəkdə qismətinizə düşən macəralarda tam rahatlıqla, ən­dişəsiz iştirak edə biləcəyinizə işarədir. Eybəcər, tutqun və qə­zəbli sifət görmək isə arzuolunmaz olaylardan xəbər verir. Üzünüzün gözəl dərisinə baxıb zövq aldığınızı görmüsünüzsə, uğura və gözlənilməz də olsa, sevindirici hadisələrə nail olacaqsınız. Üzünüzün tutqun olmasını görməniz isə uğursuzluqlardan xəbər verir. Yuxuda kiminsə kobud, eybəcər dodaqlarını görmək tələsik və düşünülməmiş qərarlar verməyə meyilli olduğunuza dair xəbərdarlıqdır. Xoşagələn, gülümsəyən toppuş dodaqlar isə sevgidə harmoniya, ailədə isə bolluq müjdəçisidir. Sevən insanlar üçün belə bir yuxu qarşılıqlı məhəbbət əlamətidir. Nazik dodaqlar sizin müşkül bir vəziyyətdən asanlıqla qurtula biləcəyinizi bildirir. Xəstə, şişkin dodaqlar isə yanlış istəklərə, itkilərə, yaxınlardan kiminsə səhhətində yaranacaq problemlərə işarə edir. Ətrafda gözəl, xoşbəxtlik saçan üzlərin olduğu yuxu son dərəcə xoş bir əlamətdir. Tutqun simalar isə əndişə əlamətidir. Öz üzünüzü və ya tanımadığınız birinin üzünü görməniz qanqaraldıcı olaylardan xəbər verir. Güzgüdə öz əksinizi görmüsünüzsə, iradənizi cəmləyib, başladığınız işləri sona yetirə bilmədiyiniz üçün özünüzdən narazı olacaqsınız.

Üzük — Yuxuda barmaqlarınızda üzüklər görmüsünüzsə, qarşıda sizi uğur qazanacağınız yeni işlər gözləyir. Qırılmış üzüklər ailədə inciklik və qalmaqalların, sevgililər üçün isə ayrılığın əlamətidir. Gənc bir xanım yuxuda ona üzük bağışlandığını görmüşsə, deməli, onun sevgilisilə bağlı narahatlıqları arxada qaldı, çünki o yuxudan sonra o, bütün həyatını və özünü sevdiyi qıza həsr edəcək. Yuxuda başqalarının barmaqlarında üzük görməniz rifahınızın artacağından və yeni tanışlıqlardan xəbər verir.

Üzüm — Yuxuda üzüm yemək qarşıdakı böyük qayğıların sizi yetərincə möhkəmlədəcəyindən xəbər verir; lakin əgər yarpaqlar arasında sallanmış üzüm salxımlarını görmüsünüzsə, tezliklə cəmiyyətdə əhəmiyyətli bir yer tutaraq, ehtiyacı olanlara əl uzatmaq iqtidarında olacaqsınız. Gənc bir xanım üçün belə bir yuxu ən ümidverici əlamətlərdən sayılır. Belə ki, bu yuxunu görən xanım özünün ən ümdə arzusunun həyata keçdiyini görəcəkdir. At minib üzümlükdə gedə—gedə üzüm salxımlarını dərib yemək reallıqda gəlirli iş və arzuların həyata keçəcəyindən xəbər verir. Əgər yuxuda yediyiniz üzümün dadı ürəyinizcə olmamışdırsa, bu, işgüzar sahədə qorxu və tərəddüdlərə işarə edir, lakin bununla belə, tezliklə yenə də daxili müvazinətinizi bərpa etməyi bacaracaqsınız.

Vaqon — Yuxuda vaqon görmək ailə həyatınızın o qədər də xoşbəxt olmayacağından xəbər verir, çətinliklər üzündən vaxtsız qocalma ehtimalı böyükdür. Vaqonda dağdan üzü aşağı getmək narahatlıq və itkilərə səbəb olacaq bir çox çətinliklərin əlamətidir. Vaqonda üzü yuxarı get­mək mülki işlərin yaxşılaşmasına işarədir. Dolu vaqonda getdiyinizi görmüsünüzsə, ətrafdakıların sizin nüfuzunuza xələl yetirmək cəhdlərinə baxmayaraq, əxlaqi borcunuz sizi yüksək səviyyədə qoruyub—saxlayacaq. Kirli su üzərində getmək bədbəxtlik işarəsidir. Qapısı bağlı vaqon görmək işlərinizə pəl vura biləcək gizli bir xəyanətə işarədir. Gənc bir xanım yuxuda təhlükəli qum təpəsinə yaxın bir yerdən vaqonla keçdiyini görübsə, ehtiyatlı olub səhv addımlardan çəkinməsə, bir çoxlarının qəzəbinə və nifrətinə tuş gələ bilər. Əgər yataqlı vaqonda getdiyini görübsə, real həyatda yelbeyinlikdən çəkinərək, davranışına nəzarət etməsi üçün bir xəbərdarlıqdır.

Valideynlər — Yuxuda valideynləri şad—xürrəm görmək münasibətlərdə harmoniya və xoşagələn ünsiyyət vəd edir. Valideynlərinizi artıq dünyalarını dəyişdikdən sonra görməniz isə hansısa çətinlik və xoşagəlməz hallara dair xəbərdarlıq olaraq yozulur, bu üzdən işlərdə xüsusilə diqqətli olmalısınız. Valideynləriniz sağdırsa və siz onları yuxuda öz evinizdə rahat və xoşbəxt görmüşsünüzsə, ürəkaçan dəyişikliklər ehtimal olunur. Gənc xanımlar üçün belə yuxular adətən nikah və firavanlıq əlaməti sayılır. Valideynlərinizi solğun simalı və əyinlərində qara paltarlı görmüsünüzsə, reallıqda ciddi peşmançılıqlar təhlükəsi var. Sağlam və razı görünən valideynlərinizə baxdığınızı görməniz talenin sizi qoruduğundan, işlərinizin və sevgi məsələlərinizin çiçəklənəcəyindən xəbər verir. Valideynlərinizi xəstə və kədərli görməniz isə uğurun sizdən yan keçdiyinin fərqinə varacağınıza işarə edir.

Vals — Yuxuda vals rəqsi edənləri görmək şən, lakin macəra həvəskarı olan bir şəxslə ürəkaçan münasibətlərin yaranacağından xəbər verir. Gənc bir xanımın sevgilisilə vals rəqsi ifa etdiyini görməsi real həyatda bir çox pərəstişkarlarının məftunluq obyektinə çevriləcəyi deməkdir, lakin əfsus ki, bu pərəstişkarlardan heç birinin ona dair ciddi fikri olmayacaq. Əgər xanım yuxuda sevgilisinin onun rəqibilə rəqs etdiyini görübsə, xoşbəxtlik uğrunda nümayiş etdirdiyi müdrik davranış və güclü iradə sayəsində yoluna çıxan bütün maneələri uğurla dəf etməyi bacaracaqdır. Əgər xanım yuxuda xanımla vals oynadığını görərsə, deməli, məlahətinə və mehriban qəlbinə görə daim seviləcəkdir. Nizamsız və yöndəmsiz şəkildə çoxlu sayda vals oynayan adamlar görübsə, kef—səfa istəyi onu bütövlüklə ağuşuna alacaq və səhv addımlarıyla yaxınlarını məyus etməmək üçün güclü iradə nümayiş etdirmək məcburiyyətində qalacaq.

Vanna — Gənc bir adamın yuxuda vanna qəbul etdiyini görməsi reallıqda sevgilisinə görə güclü ürək sarsıntıları keçirəcəyindən və hətta sevgilisinin gözündən düşmək qorxusu yaşayacağından xəbər verir. Hamilə bir qadın üçün belə bir yuxu onu ehtiyatlı olmağa çağırışdır, ailəli bir adam üçün mümkün xəyanətə işarədir. Əgər yuxuda təkcə deyil, kiminləsə vanna qəbul etməyə hazırlaşırsınızsa, reallıqda bədxah yol yoldaşlarından, həmçinin ünvanınıza səsləndirilə biləcək dedi—qodudan ehtiyatlı olun. Vannanın içində kirli su görmüsünüzsə, şər qüvvələrin yaxın ətrafınızda olmasından ehtiyat edin. Soyuq təmiz su sevinc və sağlamlıq işarəsidir. Ümumiyyətlə isə bu növ yuxular insanları ehtiyatlı davranışa və biçimli addımlara səsləyir.

Var-dövlət — Əgər yuxuda vara—dövlətə sahib olduğunuzu görürsünüzsə, bu si­zin gerçək həyatda işinizdə göstərdiyiniz ciddi səy və çalışqanlığınızın nəticəsi olaraq, daha yüksəklərə nail olacağınızdan xəbər verir. Həyat yoldaşınızı aldatmaqla bəxtinizi sınamağa cəhd etməsəniz, tale sizi sevindirər. Var—dövlətlə bağlı yuxu işgüzar həyatda riskli olsa da, uğurlu təşəbbüslərin əlamətidir. Başqalarını varlanmış görmək çətin anlarda dost—tanışın sizi tərk etməyəcəyinə dəlalət edir. Gənc xanımlar üçün belə bir yuxu onları valideynlərinə qarşı daha iltifatlı və diqqətli olmalarına sövq edir.

Vaşaq — Yuxuda vaşağa baxdığınızı görməniz reallıqdakı düşmən­lərinizin işinizə zərər yetirməyə hazırlaşdığına və ailə düzümünüzü pozmaq niyyətində olduğuna dair xəbərdarlıqdır. Qadın üçün bu yuxu sevgili­sində gözü olan bir rəqibinin olduğunu bildirir. Yuxusundakı vaşağı öldürməyi bacarmışsa, rəqibinə üstün gələcək və ya taleyində ürəkaçan dəyişikliklərin şahidi olacaq.

Vedrə — Yuxuda südlə dolu vedrələr görmək parlaq müvəffəqiyyət və ya ürəkaçan mühitə düşəcəyinizdən xəbər verir. Boş vedrə aclıq və ya qıtlıq əlamətidir. Gənc bir xanımın yuxuda dolu vedrə daşıması reallıqda sevindirici xəbər alacağının işarəsidir. Kömür üçün nəzərdə tutulan vedrə görmüsünüzsə, dəlisov addımlardan çəkinin, çünki onlar ümidsizliklə uğursuzluqdan başqa heç bir şey gətirməyəcəklər. Yuxuda evinizə kömürlə dolu vedrə gətirən qonşunu görmək o qədər də yaxşı əlamət deyil: yaxın ətrafınızın bayağı davranışı sizə xələl yetirə bilər.

Velosiped — Yuxuda velosipedlə dağın döşü ilə yuxarı istiqamətdə getmək par­laq perspektivlər vəd edən əlamətdir. Əgər bir xanım yuxusunda velo­sipedlə dağdan üzü aşağı gedirsə, təmiz nüfuzu və sağlamlığı barədə düşün­məyinin əsl zamanıdır. Uğursuzluqlar çox yaxında ola bilər.

Vetçina (donuz budu) — Yuxuda vetçina görməniz reallıqda kiminsə sizin sadəlöv­h­lüyü­nüzdən sui—istifadə etməsi nəticəsində təhlükə altına düşə biləcəyinizə işarə edir. Vetçinanın böyük bir tikəsini kəsdiyinizi görməniz sözügedən təhlükəni mətanətlə qarşılamağı bacaracağınızı bildirir. Vetçinanın hazırlanması sizi əhatə edən insanların saymazyana münasibətindən xəbər verir. Yuxuda vetçina satmaq işlərdə uğur və müvəffəqiyyət əlamətidir. Belə bir yuxu həm də sağlamlıq rəmzidir. Vetçinanı yemək isə bir o qədər də ürəkaçan əlamət deyil. Təzə vetçinanın ləziz ətrini duymanız işgüzar sahədə uğurlu və mənfəətli bir əməliyyatın gözlənildiyini bildirir.

Vetçina (qaxac edilmiş donuz əti), bekon (hisə verilmiş, duzlanmış donuz əti) — Yuxuda vetçina yediyinizi görməniz yalnız kimlərləsə birlikdə və yeyərkən əllərinizin təmiz olduğunu gördüyünüzdə xoş əlamətdir. Köh­nəlmiş bekon görmək kədər və narazılıq hisslərinin əhvalınızı korlayacağından xəbər verir. Bekon hazırladığınızı, xüsusilə də onu duzladığınızı və his, tüstü ətri duyduğunuzu görməniz o qədər də yaxşı yuxu sayılmır.

Vəhy — Yuxuda sizə xeyir müjdəli bir vəhy nazil olduğunu görməniz son dərəcə gözəl perspektivlərə işarə edir. Vəhy kədərlidirsə, həyat yolunda bir sıra maneələrlə üzləşəcəyiniz ehtimal olunur.

Vəkil — Gənc bir xanımın yuxuda vəkillə ünsiyyətdə olduğunu görməsi onun real həyatda özündən asılı olmayaraq, uğursuzluq və təhqiredici tənqid obyektinə gətirib çıxaracaq xoşagəlməz bir addım atacağından xəbər verir. Vəkili məhkəmədə görmək hansısa bir əmlak mövzusunda ciddi fikir ayrılıqlarının olacağına işarə edir. Əgər yuxuda vəkil sizi müdafiə edirsə, bu, çətin məqamda dostlarınız tərəfindən güclü dəstək alacağınızı bildirir. Sadəcə, yuxuda vəkil görmək sizin qabiliyyətli və istedadlı bir insan olduğunuzun, öz rəyinizi digərlərin rəyindən üstün tutduğunuzun əlamətidir. Amma yenə də dəyərlənmə məsələlərində ehtiyatlı olun.

Vəsiyyətnamə — Yuxuda vəsiyyətnamənizi yazıb tərtib etdiyinizi görmüsü­nüzsə, gələcəkdə çətin sınaqlara və dərin düşüncələrə düçar ola bilərsiniz. Yuxu görənin vəsiyyətnamənin onun xeyrinə olmadığını düşünməsi ehtimal olunan bir hadisə nəticəsində mübahisə və məhkəmə pro­ses­lə­rindən, mübarizə və narahatlıqlardan xəbər verir. Əgər yuxuda vəsiyyətnamənizi təsdiq etdirə bilməmişsinizsə, böhtana uğraya bilər­siniz. Vəsiyyətnamədən məhrum olmaq kommersiya və digər işləriniz üçün xoşagələn əlamət deyil. Vəsiyyətnaməni cırıb məhv etmək bir xəbərdarlıqdır: ehtiyatlı olun, reallıqda yalan və xəyanət obyektinə çevrilməkdəsiniz.

Vicdan — Yuxuda söylədiyiniz yalan üzündən vicdan əzabı çəkdiyinizi gör­məniz reallıqda bəzilərinin sizi çirkin bir əmələ sövq edəcəyinə dair xəbərdarlıqdır. Hər zaman diqqətli olmanız tövsiyə olunur. Yuxuda vicdanınızın təmiz olduğunu hiss etməniz barənizdə yaranacaq ictimai rəyin olduqca yüksək olacağına işarə edir.

Vidalaşma — Yuxuda kimlərləsə sevincək surətdə vidalaşdığınızı görməniz reallıqda ürəkaçan ziyarətlərə və əyləncə məclislərinə dəvət alacağınızdan xəbər verir; vidalaşmanız kədərli notlarla müşayiət olunmuşdursa, bəzi itkilər yaşana bilər. eviniz və ya ölkənizlə vidalaşdığınızı görməniz uğursuz bir səfərin əlamətidir. Sev­dik­lə­rinizə və ya uşaqlara vidalaşma əlaməti olaraq öpüş göndərdiyinizi görməniz yaxın gələcəkdə uğurlu bir səfərinizin olacağını və kimsənin bu səfərdən alacağınız gözəl təəssüratları korlaya bilməyəcəyini bildirir. Bəzi hallarda yuxuda görül­müş vidalaşma xoşagəlməz xəbərlərin müjdəçisi kimi yozulur. Gənc bir xanımın yuxuda sevgilisilə vidalaşdığını görməsi onunla münasibətlərinin soyuqlaşacağına işarə edə bilər. Vidalaşarkən şən olduğunu görmüşsə, tezliklə bir başqasıyla təsəlli tapacağı gözlənilir.

Vint — Yuxuda vintlər görmüsünüzsə, reallıqda üzərinizə cansıxıcı bir iş qoyulacaq, bundan əlavə, işgüzar partnyorlarınızın qıcıqlandırıcı davranışlarına qarşı da səbir nümayiş etdirməli olacaqsınız. Həm də belə bir yuxu onu bildirir ki, hər işdə səliqəli, qənaətcil və canyandıran olmalısınız.

Viranə, xarabalıq — Yuxuda xarabalıq görmək iztirablı əmək şəraitinin, məhsulun məhvinin, sağlamlığın pisləşməsinin, sevgililər üçün isə bir—birlərinə verdikləri vədin pozulmasının əlaməti ola bilər. Hansısa qədim bir tikintinin dağılmış xarabalıqlarını görmüşsünüzsə, müxtəlif səfərlər ehtimal olunur, lakin çoxdankı arzunuzun gerçəkləşdiyindən dolayı keçirdiyiniz sevincə yaxın dostunuzun bu səfərlərdə yanınızda olmadığı üzündən bir qədər kədər də əlavə olunacaq.

Vizit (görüş, ziyarət) — Yuxuda kimisə ziyarət etməniz gerçəkdə ürəkaçan hadisələrə yol açan bir əlamətdir. Lakin əgər görüş zamanı özünüzü narahat hiss edir­­sinizsə, bu, bədxah kəslərin sizin həyatınıza müdaxilə edəcəyi deməkdir. Yuxuda dostlarla görüşmək hər zaman xoş xəbərlərə işarə edən əlamətdir. Pis əlamət olan yuxunuza gələn dostlarınızın kədərli görü­nüşü, yaxud da ağ və ya qara geyimləri ola bilər.

Vulkan (yarandağ) — Yuxuda vulkan görmək reallıqda nüfuzunuza xələl gətirə biləcək qərəzli mübahisələrdən xəbər verir. Gənc bir xanımın belə bir yuxu gör­məsi onun eqoistliyinin son dərəcə xoşagəlməz və dolaşıq bir vəziyyət yaradacağına işarədir.

Yaba — Yuxuda yaba görmək gerçəkdə sizdən həm fiziki, həm də mənəvi güc tələb edəcək gözəl qismət uğrunda mübarizəyə işarədir. Kiminsə əlində yaba ilə sizə hücum etdiyini görmüsü­nüzsə, tərəddüd etmədən sizə ziyan verməyə çalışan düşmənlə­rinizdən son dərəcə ehtiyatlı olun.

Yağ — Yuxuda təzə, qızıl kimi sapsarı yağ yediyinizi görməniz gözəl sağ­­lamlıq və reallaşan arzuların əlamətidir. Belə bir yuxu sizə mülk, zənginlik və idrak gətirəcək. Qaxsımış yağ yemək ağır fiziki əmək sayəsində əldə edəcəyiniz var—dövlət və firavanlığın müjdəçisidir. Yağ satmaq kiçik bir gəlirdən xəbər verir. Qadın xeylağı yuxuda bədəninə yağ çəkdiyini görmüşsə, yaxın gələcəkdə müvəqqəti əyləncələrə qapılacaq.

Yaxta — Yuxuda gözəl bir yaxta görməniz işgüzar qayğılardan və narahat rəiyyətdən uzaqda şən və xoşbəxt bir istirahət keçirə­cəyinizdən xəbər verir. Dayazlığa düşmüş və ya sahilə tullanmış yaxta görmək xırda uğursuzluqların və əyləncələrdə cüzi narahatlıqların əlamətidir.

Yalan — Yuxuda cəzalandırılmaqdan qurtulmaq məqsədilə yalan söylədi­yinizi görməniz reallıqda günahsız bir adamla nalayiq, ədalətsiz davranacağınıza işarə edir. Dostunuzu layiq olmadığı bir cəzadan xilas etmək məqsədilə yalan söylədiyinizi görməniz isə reallıqda layiq olmadığınız tənqidə məruz qalacağınızdan, lakin bütün bu xırdaçılıqlardan yuxarıda qalmağı və hətta bunu gülərüzlə qarşılamağı bacaracağınızdan xəbər verir. Yuxuda başqalarının yalan söylədiyini eşitməniz bədxahların sizi tovlayaraq tələyə salmaq niyyətində olmasını bildirir.

Yalan, fırıldaq — Yuxuda işgüzar sahədə aldadıldığınızı görmüsünüzsə, reallıqda uğura doğru yolunuzda əngəllər törətməyə çalışan insanlarla üzləşəcəksiniz. Gənc adamların yuxuda hiyləgər qumarbazlar tərəfindən aldadıldıqlarını görməsi cəfəng anlaşılmazlıqlar üzündən sevgililərilə ayrılmalı olacaqlarına işarə edir. Özünüzün yuxuda kimisə aldatmağa cəhd etdiyinizi görmüsünüzsə, tamahkarlığınız sizi nüfuzunuza xələl gətirəcək yelbeyin və axmaq hərəkətlərə sövq edə bilər. Yuxuda kimlərinsə sizi aldatdığından sarsıldığınızı görməniz isə rəqiblərinizin sizə heç bir zərər vura bilməyəcəyinin əlamətidir.

Yalançı — Yuxuda yalançı hesab etdiyiniz adamları görməniz gerçək həyatda reallaşması istiqamətində cidd—cəhdlərlə iştirak etdiyiniz işgüzar bir layihəyə olan inamınızın zəifləyəcəyini bildirir. Qadın üçün yuxuda sevgilisinin yalançı olduğunu zənn etməsi bir xəbərdarlıqdır: nalayiq davranışıyla əziz bir insanı itirə bilər. Yuxuda kiminsə sizi yalançı adlandırdığını görmüsünüzsə, saxta dostların xəyanətinin səbəb olduğu bir sıra xoşagəlməz hallarla üzləşəcəksiniz.

Yalın ayaq — Yuxuda gecə vaxtı, cırıq—yırtıq paltarda küçədə gəzib—dolaşmaq reallıqda ümidlərinizin iflasa uğrayacağından xəbər verir. Şər qüvvələr atacağınız hər bir addımda əngəllər törədəcək.

Yamaq — Yuxuda əyninizdəki paltarın yamaqlı olduğunu görməniz reallıqda hansısa öhdəçiliklərdən azad olduğunuz zaman yalançı lovğalıq hissinin təbiətinizə aid olmadığını yetərincə nümayiş etdirməyi bacaracaqsınız. Başqalarının paltarını yamaqlı görməniz yoxsulluq və ehtiyac əlamətidir. Gənc bir xanım yuxuda təzə paltarının üstündə yamaq olduğunu aşkar edirsə, gerçək həyatda ömrünün ən xoşbəxt sandığı günlərində hansısa xoşagəlməz hallarla üzləşə bilər. Paltarındakı yamağı gizlət­məyə cəhd etmişsə, xasiyyətinin hansısa xoşagəlməz bir cəhətini sevgi­li­sindən gizlətməyə cəhd edəcək. Yuxuda paltarına yamaq vurduğunu görmüşdürsə, reallıqda ürəyincə olmayan öhdəçilikləri üzərinə götürmək qarşısında qalacaq. Qadın xeylağının yuxuda ev paltarlarına yamaq vurduğunu görməsi ailə münasibətlərinin möhkəm və mehriban olacağından, lakin pulsuzluğun qanqaraldıcı olaylar yaşadacağından xəbər verir.

Yanaqların qırmızılığı, allığı — Gənc xanımın yuxuda yanaqlarının allandığını görməsi real­lıqda məruz qalacağı şər ittihamların ona narahatlıq törədəcə­yindən xəbər verir. Başqalarının yanaqlarının qızardığını görməsi isə gerçək həyatda abırsız bir lağlağıya səbəb olacağına və beləliklə də dostları arasında etimadını itirəcəyinə işarə edə bilər.

Yandırmaq, qaynar su tökmək — Yuxuda kiminsə sizin üstünüzə qaynar su tökərək yandırdığını görmüsünüzsə, reallıqdakı sevincinizə bir qədər dilxorluq qatacaq olaylar ehtimal olunur.

Yanğı, susuzluq — Əgər yuxuda susuzluq hiss etdiyinizi görmüsünüzsə, deməli, hazırda sizin üçün əlçatmaz bir şeyə nail olmağa can atırsınız, lakin əgər sərin və xoşagələn içki içərək susuzluğunuzu yatırdığınızı görmüsünüzsə, arzularınız reallaşacaq. Başqalarının susuz olduğuna və susuzluqlarını yatırdığına dair gördüyünüz yuxu isə zəngin və nüfuzlu şəxslərin rəğbətini qazanacağınızdan xəbər verir.

Yanğın — Yuxuda insan itkisi olmadan bitib sovuşan böyük bir yanğın görmək gələcəkdə ürəkaçan dəyişikliklərə – xoşbəxtlik və mənfəətə işarə edir.

Yanıqlar — Yuxuda görülən yanıqlar xoş xəbərlərin müjdəçisidir. Əlləri­nizin şəffaf və rəvan bir alovdan yandığını görməniz fikir aydınlığı ilə dostların dəstəyinə işarə edir. Ayaqlarınızın köz üzərində və ya yanğın yerində gəzişməklə yandığını görmüsünüzsə, ətrafdakıların mümkünsüz hesab etdiyi istənilən təşəbbüsə imza atacağınız gözlənilir. Həmçinin belə bir yuxu sağlamlıq əlamə­tidir. Lakin yuxunuzdakı alov sizi öz ağuşuna almışdırsa, reallıqda dost hesab etdiyiniz insanların xəyanəti üzündən bir sıra işlərinizdə pozulmalar ehtimal olunur.

Yanmaq, qaralmaq (gündən) — Qaralmaq qadın üçün xoşagələn bir yuxu deyil. Bu sayaq yuxular xəstəlikdən və çoxlu sayda uşaqlara qayğı göstərməli olacağınızdan xəbər verir. Bundan əlavə, belə bir yuxu görən xanım dəstəyini umduğu insanların alçaqlığı, əclaflığı və yoxsulluğu ilə üzləşə bilər.

Yara — Yuxuda yaralı olduğunuzu görməniz uğursuzluq əlamətidir. Başqalarının yaralı olduğunu görməniz isə dostlar tərəfindən haqsızlıq görə­cəyinizə işarə edir. Ağrını sakitləşdirməyə çalışdığınızı və ya yaranı sarıdığınızı görmüsünüzsə, böyük bir uğura nail olacaqsınız.

Yara-xora, çiban, sızanaq — Yuxuda yara, çiban, sızanaq və sair görmək reallıqda gözləni­lən hansısa bir nasazlıqdan dolayı üzülmədən xəbər verir. Yaranı sarımaq (üzərinə kompres qoymaq) gizli, məhrəm arzularınızın həyata keçməsinin yaxın ətrafınıza sevinc bəxş edəcəyinə işarə edir. Əgər yuxuda dərin, sümüyə qədər çatmış xorası olan körpə bir uşaq görmüsünüzsə, iztirablı və acınacaqlı hadisələrin sizin planlarınızı pozmaq iqtidarında olacağı, övladlarınızın isə yoluxucu xəstəliklər təhlükəsilə üzləşəcəyi deməkdir. Yaraları öz bədəninizdə görmüsünüzsə, fiziki və ruhi sarsıntılara məruz qalmaq ehtimalı vardır. Belə bir yuxu təkcə xəstəlik deyil, həm də işlərin uğursuzluğa uğraya biləcəyini bildirir.

Yarasalar — Bu yaramaz, bədheybət heyvanı yuxuda görmək xoş əlamət deyil. Bir çox kədərləndirici hallar keçirə bilərsiniz. Yaxınlardan kiminsə sağlamlığında problemlər ehtimal olunur. Ağ yarasa qəm—qüssə əlamətidir. Bu sayaq yuxular insanı ehtiyatlı və möhkəm olmağa səsləyən xə­bərdarlıqlardır.

Yardım — Yuxuda kiməsə yardım etdiyinizi görməniz reallıqda yüksək mə­qa­ma yetişmək təşəbbüsündə uğura nail olacağınızdan xə­bər verir. Kiminsə sizə yardım etdiyini görməniz isə münbit şə­raitin yaranacağının və sevən dostlar əhatəsində olmanızın göstəricisidir.

Yarmarka — Özünüzü səs-küylü, gur izdihamlı bir yarmarkada görməniz xoşa­gələn və gəlirli məşğuliyyətlərinizin olacağından, həmçinin sadiq dostlar qazanacağınızdan xəbər verir. Gənc xanıma bu yuxu həyatsevən və özünə arxayın bir həyat yoldaşı vəd edir.

Yarpaqlar — Yuxuda çoxlu yarpaq görmək xoşbəxtlik və biznesin çiçək­lənəcəyi əlamətidir. Solğun, saralmış yarpaqlar məyusluq və itkilər burulğanında üzülən ruhunuzu narahat edən boş ümidlər və tutqun xəbərlərə işarə edir. Gənc bir xanımın yuxuda solmuş yarpaqlar görməsi toy ərəfəsində tərk olunma ehtimalını bildirir. Bəzən belə bir yuxu qəmgin xəbərlərin müjdəçisi olur. Xanımın gördüyü yarpaqlar tər və yaşıldırsa, mirasa sahiblənəcək və ya imkanlı biriylə ailə quracaq. Başınızın üstündə və ya ayağınız altında qızılı yarpaqlar görmüsünüzsə, son dərəcə gözəl, parlaq bir gələcək sahibi olacaqsınız.

Yastıq, balış — Yuxuda yastıq görmək istirahət və zövq-nəşə əlamətidir. Gənc bir xanımın yastıq hazırladığını görməsi gələcəyə ümidverici perspektiv­lərinin olacağından xəbər verir. İpək yastıq hazırlaması tezliklə xoşbəxt bir ailə quracağına işarə edir. Yuxuda başınızı ipək yastığın üstünə qoyub uzandığınızı görməniz reallıqda başqalarının həyəcan və qayğıları bahasına, nəhayət, istirahətə nail olacağınızı bildirir. Gözəl yastıqlar görməniz isə bütün işlərdən müstəsna çiçəklənmə və irəliləyiş müjdəçisidir. Balaca yastıq görməniz yaxınlarınızın daha bəxtli və xoşbəxt olacağı təqdirdə, sizin özünüzün qüdrətinizin azalacağına işarə edir. Qadın xeylağı üçün bu yuxu mənəviyyata və sərbəstliyə meyillənəcəyinən xəbər verir.

Yaş — Yaşla bağlı istənilən yuxu uğursuz sayılır. Yuxuda öz yaşınızla bağlı nə isə görmüsünüzsə, ifrat düzlüyünüz və inadcıllığınızla yaxınlarınızın qəzəbinə səbəb olacaqsınız. Gənc bir xanım yuxuda öz yaşından böyük hesab olunduğunu görmüşsə, real həyatda ləyaqətli vərdişlərindən uzaqlaşaraq bədxah bir mühitə düşə bilər. Sevgilinizi qocalmış görmü­sünüzsə, naxoşluq və ayrılıq ola bilər.

Yataq otağı — Yuxuda yeni mebellər təchiz olunmuş yataq otağı görmək olduqca xoş dəyişikliklərin əlamətidir. Bu yuxunu görmüş adamı yaxın gələ­cəkdə ürəkaçan yol yoldaşlarının əhatəsində uzaq ölkələrə son dərəcə maraqlı səyahətlər gözləyir.

Yataq yeri — Təmiz və ağappaq yataq yeri qayğı və həyəcanların uğurlu tamamlanma əlamətidir. Qadın xeylağının yuxuda yataq yerini yığışdırdığını görməsi yeni sevgilisinin olacağından və ürəkaçan dəyişikliklərdən xəbər verir. Özünüzü tanımadığınız bir otaqda yataq yerində uzanarkən görməniz isə dostların gözlənilmədən sizi ziyarət edəcəyini bildirir. Xəstə adamın özünü yataqda görməsi nasazlığının güclənə biləcəyinə dair xəbərdarlıqdır. Yuxuda açıq havada olan yataqda yatdığınızı görməniz cəmiyyətdəki yerinizi möhkəmlətmək üçün yeni imkanların yaranacağını bildirir. Dostunuzun solğun sifətlə yataqda uzandığınızı görməniz isə dostlarınızın xoşagəlməz olaylara sövq oluna biləcəyinə dair xəbərdarlıqdır. Ana üçün övladının yerini islatdığını görməsi narahatlıq yaşayacağına və xəstələr haqqında qayğılanacağına işarə edir. Yuxusunda yatağını islatdığını görən adam nasazlıq və ya xoşagəlməz bir olaydan ehtiyatlı olmalıdır.

Yazı yazmaq — Yuxuda yazı yazdığınızı görməniz sonu olduqca təhlükəli ola bilə­cək bir səhvə yol vermə ehtimalınızın böyük olduğunu bildirir. Başqalarının yazdığını görməniz laqeydlikdə və başısoyuqluqda suçlanacağınızdan xəbər verir. Hansısa bir məhkəmə çəkişməsi sizi sarsıda bilər. Tanımadığınız dildə yazılmış hansısa bir yazını oxumağa çalışdığınızı görmüsünüzsə, düşmənlərdən xilas olmanızın yeganə yolu işgüzar sahədə yeni qərarlar verməyi bir müddətliyinə təxirə salmanızdır.

Yazı, kitabə — Yuxuda görülmüş yazı və ya kitabə bir o qədər də xoş olmayan xəbərlərin müjdəçisidir. Baş daşları üzərindəki yazıları oxuduğunuzu görmüsünüzsə, kiminsə nasazlığından sarsılacaqsınız. Özünüz yuxuda nəyinsə üzərində yazı yazmısınızsa, yaxın bir dostunuzla ayrılıq ehtimal olunur.

Yemək — Yuxuda yemək, təamlar görmək real həyatda sənədlərə etina­sızlıq göstərməklə, biznesdə son dərəcə mühüm olan əməliy­yatlara böyük zərər vurduğunuza işarədir. Əgər tənhalıqda oturub yemək yediyinizi görmüsünüzsə, yüngülvarı itkilərlə üzləşmə ehtimalı var. Ürəkaçan bir cəmiyyətdə yemək yediyinizi gördüyünüz yuxu isə son dərəcə xoş əlamətdir. Belə ki, bu sayaq yuxular işlərdə uğur və mənfəətdən xəbər verir. Lakin əgər qızınızın, yaxud da ofisiantın hələ yeyib bitirmədiyiniz ət yeməyini sizin qarşınızdan götürüb apardığını görmüsünüzsə, hörmə­tinizə layiq olmayan insanlar tərəfindən incidilə bilərsiniz.

Yeni il — Yuxuda Yeni il bayramını qeyd etmək xoşbəxt gələcəyin əlamətidir. Gənclər üçün belə bir yuxu xoşbəxt evliliyə işarə edir.

Yepiskop (Baş keşiş) — Yuxuda yepiskop görmək müəllimlər və yazıçılar üçün qarışıq işlərdən irəli gələn iztirabların və mənəvi sarsıntıların əlamətidir. Tica­rətçi üçün belə bir yuxu gərəksiz alış—veriş nəticəsində maddi itkilərlə üzləşəcəyindən xəbər verir. Ümumiyyətlə, yuxuda yepiskop görənlər nasazlıq və ağır əməklə qarşılaşa bilər. Yox, əgər yuxuda hörmət etdiyiniz bir yepiskopun sizi təriflədiyini görmüsünüzsə, onda bütün işlərinizdə sizi uğur gözləyir, xüsusilə də sevgidə və işgüzar sferada.

Yer (teatrda, konservatoriyada, paroxodda) — Yuxuda sadalanan yerlərdən birinə yer (bilet) əldə etdiyinizi gör­müsünüzsə, reallıqda sizə yardım üçün müraciət edən insanların üzün­dən əziyyət, sarsıntı çəkəcəyiniz ehtimal olunur. Qadın xeylağının biletinin pulunu ödədiyinizi görməniz isə kiminsə tədbirli məharəti qarşısında aciz qalacağınıza işarə edir.

Yeraltı mağara — Yuxuda özünüzü yerin altında yaşayan görməniz təmiz adınıza və indiyə qədər işlərinizdə qazandığınız uğura zərər vermək iqtidarında olan hansısa bir təhlükə ilə qarşı—qarşıya qalacağınızdan xəbər verir. Yeraltı dəmir yolu ilə hərəkət etdiyinizi görməniz isə reallıqda sizin üçün o qədər də ürəkaçan məcrada bitməyəcək qeyri—adi bir işə sövq oluna biləcəyinizə işarə edir.

Yerimə, hərəkət — Yuxuda dolanbac cığırlarla tikanlı itburnu kollarının arasından keçib gedən adamlar görməniz reallıqdakı işlərinizdə yaranacaq çə­tin­liklərdən dolayı sarsılacağınızdan xəbər verir. Ətrafdakılarla münasibət­lərdəki xoşagəlməz anlaşılmazlıqlardan sonra soyuqluq və laqeydlik də meydana çıxacaq. Yuxuda ürəkaçan bir ərazidə piyada yeridiyinizi görməniz isə böyük bir sərvətə yiyələnəcəyinizə işarə edir; bu yuxu əmin—amanlıq əlamətidir. Gecə vaxtı harasa getmək isə əmin—amanlıq uğrunda bihudə mübarizəyə və kədərə işarə edə bilər. Gənc xanımın yuxuda cəld addımlarla yeridiyini görməsi reallıqda əmlaka sahib olacağından və can—dildən sevdiyi bir adamın məhəbbətini qazanacağından xəbər verir.

Yerkökü — Yuxuda yerkökü görmək möhkəm sağlamlıq və çiçəklənmə əla­mətidir. Gənc bir xanımın yuxuda yerkökü yediyini görməsi tezliklə uğurlu bir nikah quracağından və bu nikahda bir neçə sağlam, şən və cəsur övladın anası olacağından xəbər verir.

Yeşik, qutu — Yuxuda içində mal olan yeşiyin qapağını açdığınızı görməniz misilsiz zənginlikdən və xoşbəxt təəssüratlarla müşayiət olunacaq uzaq ölkələrə möhtəşəm səfərlərin gözlənildiyindən xəbər verir. Gördüyünüz yeşik boş idisə, işlərdə məyusluq ehtimal olunur. İçi pullarla dolu yeşik gördüyünüz yuxu isə tezliklə işgüzar qayğılardan azad olunacağınızı və ürəkaçan bir istirahət keçirəcəyinizi vəd edir.

Yetim — Yuxuda yetimə şəfqət göstərdiyinizi görməniz reallıqda ba—xı­m­sız və qayğısız qalmış insanların dərdinə acıyaraq, bir çox nemətləri qurban verəcəyinizi bildirir. Gördüyünüz yetim öz qohumlarınızdan biridirsə, həyatınıza daxil olacaq yeni öhdəçiliklər dostlarınızın və sizə qarşı dostyana münasibət bəsləyən kəslərin sizdən uzaqlaşacağı ilə nəticələnəcək.

Yəhər — Yuxuda yəhər görməniz xoş xəbərlərin və gözlənilməz qonaqların müjdəçisidir. Bundan əlavə, olduqca böyük ümidlər verən bir səyahətə yollanacağınız da ehtimal olunur.

Yıxılma — Yuxuda yıxılmanız və bundan dolayı çox qorxmanız reallıqda əhə­miyyətli çətinliklərin öhdəsindən asanlıqla gələcəyinizdən və uğura nail olacağınızdan xəbər verir. Yıxılarkən möhkəm yaralandığınızı gör­müsünüzsə, hansısa bir itkiyə hazır olmalısınız; bu, dostlarınızın sizi tərk edəcəyi də ola bilər.

Yırğalanan kreslo — Yuxuda gördüyünüz yırğalanan kreslo sizə mehriban dostluq və istənilən bir vəziyyətdə rahatlıq və xatircəmlik hissi bəxş edəcək. Yırğalanan kresloda əyləşib istirahət edən ananızı, həyat yoldaşınızı və ya sevgilinizi görməniz son dərəcə gözəl perspektivlərdən xəbər verir. Boş yırğalanan kreslolar isə tənhalıq və itki əlamətidir. Belə bir yuxunu görən adam səbirli olmağı öyrənməlidir.

Yırtıcı — Yuxuda yırtıcı görməniz sizə qarşı hazırlanan bir zərbədən bəhs edir. Lakin yırtıcını yaralı və ya öldürülmüş görmüşsünüzsə, çətinliklərdən asanlıqla qurtula biləcəksiniz. Qadın xeylağının yuxuda yırtıcı görməsi reallıqdakı davranışıyla qeyri—iradi olaraq böhtan və dedi—qoduların yaranmasına səbəb olacağının göstə­ricisidir. Bu yuxu onu daha diqqətli və əzmli olmağa səsləyir.

Yırtıcı quş — Yuxuda yırtıcı quş (tərlan, qırğı) görməniz amansız bir yalanın qurbanı olacağınızı ehtimal edir. Yırtıcı quşu güllələdiyinizi gördüyünüz yuxu isə uzunmüddətli bir mübarizədən sonra səadətə doğru yolda bütün maneələri dəf edəcəyinizdən xəbər verir. Gənc xanımın yuxuda yırtıcı quşları ürküdərək balalarına yaxınlaşmağa qoymadığını görməsi, reallıqda çalışqan olacağı təqdirdə, bütün arzularını reallaşdırmağı bacaracağını bildirir. Belə bir yuxu həm də düşmənlər tərəfindən ehtimal olunan real bir təhlükəyə dair xəbərdarlıq olaraq yozulur. Yuxuda yırtıcı quşları sizə hücum etməzdən və yaralamazdan öncə qorxudub qaçırdığını görmüşsünüzsə, işləriniz uğurla inkişaf edəcək. Yırtıcı quşu ölü görmək uğur və qələbə əlamətidir. Quşu güllə ilə vurduğunuzu görməniz isə düşmənlərlə cəsur bir mübarizəyə başlayacağınızdan və böyük ehtimalla qələbə çalacağınızdan xəbər verir.

Yoxluq, olmama — Yuxuda kiminsə yoxluğundan kədərləndiyinizi görməniz reallıqda atdığınız tələsik addımdan dolayı duyacağınız peşmanlığın dostluq əlaqələrinizi ömürlük qoruyub—saxlamağı bacarmanıza səbəb olacağını bildirir. Dostlarınızın yoxluğundan dolayı sevindiyinizi görmüsünüzsə, tezliklə reallıqdakı düşmənlərinizdən qurtulmağı bacaracaqsınız.

Yoxsul, dilənçi — Yuxuda özünüzü yoxsul görməniz reallıqda hansısa bir xoşa­gəl­məz hadisəyə işarə edir. Dilənçi görmək isə həyatda co­mərdliyə və səxavətliliyə meyillənməniz deməkdir.

Yol — Yuxuda tanımadığınız, daşlı—kəsəkli bir yolla getmək sizə uğur və gəlir gətirəcək yeni işlərdən və məşğuliyyətlərdən xəbər verir. Kə­narlarında ağac və gül—çiçək bitən yol gözlənilməz uğurun əlamətidir. Bu yolda dostların da sizi əhatə etməsi övladların xoşbəxt, ərlə—arvadın isə bir—birinə sadiq və mehriban olacağı ideal bir ailə həyatından xəbər verir. Yuxuda yolunu azmaq reallıqda hansısa bir işdə səhvə yol verəcəyinizdən və bunun nəticəsində maliyyə itkilərinə uğrayacağınızdan xəbər verir.

Yonqar — Yuxuda yonqar görməniz reallıqdakı səhvlərinizin ailədəki hüzuru poza biləcəyindən xəbər verir.

Yorğan — Yuxuda görülən kirli yorğanlar xəyanət və xainliyin əlamətidir. Yorğanlar təzə və təmizdirsə, cüzi müvəffəqiyyətsizlik ehtimalı olsa da, işlərdə uğura işarə edir.

Yorğunluq — Yuxuda özünüzü yorğun hiss etdiyinizi görməniz səhhətinizin zəif­ləyəcəyinə və işlərdə tənəzzülə işarə edə bilər. Gənc bir xanımın yuxuda başqalarının yorğun olduğunu görməsi isə əhvalının pozulacağının əlaməti hesab olunur.

Yumruq (dəyənək, kötək) zərbəsi — Yuxuda kimisə yumruqla (yaxud da döyənəklə) döydüyünüzü gör­məniz reallıqda yaxın gələcəkdə mübahisələrdən və qarşılıqlı qınamalardan xəbər verir. Özünüzün kimdənsə zərbə aldığınızı görməniz isə xəstəliyə dair xəbərdarlıqdır. Üzərinizə endirilən çoxsaylı zərbələrdən müdafiə olunduğunuzu görməniz reallıqda işgüzar sahələrdə və insanlarla münasibətlərdə bir çox uğurlara imza atacağınızdan xəbər verir.

Yumurta — Yuxuda içində yumurtalar olan yuva tapmaq zənginlik və xoşbəxt evlilik əlamətidir. Qadın xeylağı üçün bu yuxu əylən­cələrinin çox olacağına işarə edir. Yumurta yediyinizi gör­məniz qeyri—adi həyəcanların evinizdə məskən salacağını bildirir. Təzə yumurtalarının qırıldığını görməniz isə taleyin sizi mükafatlandırmağa hazır olduğundan xəbər verir. İti əqlinizlə yüksək ədalət hissiniz sizi bir çoxlarının sevim­lisinə çevirəcək. Lax yumurtalar olan yuxu isə əmlak itkisi və işdə tə­nəzzül vəd edir. Yumurtalarla dolu zənbil görməniz əlverişli işgüzar əməliyyatlarda iştirak edəcəyinizi bildirir. Meşədə quş yumurtaları tapdığınızı görməniz isə uzaq qohumlardan alacağınız mirasa işarə edə bilər.

Yun — Yuxuda yun görməniz maraq sferanızın genişləndirilməsi üçün parlaq imkanlarınızın olduğunun göstəricisidir. Torpağa bulaşmış, kirli yun görməniz isə etiqadınızda sizinlə tamamilə həmfikir olmayanlardan iş istəmək məcburiyyətində qalacağınıza işarə edir.

Yuva — Yuxuda quş yuvasına tamaşa etmək reallıqda uğurlu bir təşəb­büsə maraq göstərəcəyinizdən xəbər verir. Gənc bir xanım üçün bu sayaq yuxu yaşayış yerini dəyişəcəyinə işarədir. Boş quş yuvası görmək dostunuzla ayrılığın sizi kədərləndirəcəyinin əlamətidir. Yuxuda yuvanın içində yumurta üstündə oturmuş quş görmək ailə münasibətlərinin ürəkaçan, övladlarınızın isə şən və itaətkar olacağından xəbər verir. Yuvadakı yumurtaları sınmış görmüsünüzsə, ümidsizlik və uğursuzluğa işarə ola bilər. Boş yuva həmçinin işgüzar həyatda uğursuzluqdan da xəbər verir. İçi ağ quş yumurtalarıyla dolu yuva görmək isə bir çox işlərin və səfərlərin uğurlu olacağının əlamətidir. Yuvada atılmış, tərk olunmuş quş balaları görmək düşünülməmiş davranışınızın səbəb olacağı xoşagəlməz anlardan xəbər verir.

Yuyunmaq — Yuxuda yuyunduğunuzu görməniz reallıqdakı çoxsaylı sevgi macəra­larınızla həddindən artıq açıq—aşkar öyündüyünüzü bildirir.

Yük — Yuxuda yük daşıdığınızı görmüsünüzsə, reallıqda qayğılar, sevgi və iltifatla dolu uzun bir həyat sürəcəksiniz. Yükün ağırlığı altında yıxıldığınızı görməniz isə sizə ehtiyacı olan kəslərin ümidlərini boşa çıxaracağınızdan xəbər verir. Başqalarının yük altında əziyyət çək­diyini görməniz isə maraq bəslədiyiniz adamların müəyyən həyat çətinliklərilə üzləşəcəyinə işarədir.

Yüyən — Yuxuda yüyən görmək reallıqda böyük narahatlıq bəxş edə­cək, lakin sonda böyük məmnuniyyətlə nəticələnəcək hansısa bir işə işarə edir. Gördüyünüz yüyən köhnə və ya cırıq idisə, qəfil bir görüşlə bağlı çətinlikləriniz ola bilər. Bu yuxunun xəbərdarlıq mahiyyətini lazımi dərəcədə dəyərləndirməsəniz, reallıqda hansısa bir çətinlik qarşısında aciz qala bilərsiniz.

Zadəganlıq — Yuxuda zadəganlarla ünsiyyətdə olduğunuzu görmüsünüzsə, de­məli, gerçəkdəki yanlış meyilləriniz, təşəbbüsləriniz, əylən­cələri idrakın yüksək inkişafından üstün tutsanız, sizi dalana sürükləyəcəkdir. Gənc bir xanımın yuxuda zadəgan görməsi reallıqda qadınların müha­fizəkarı olmalarının səbəbi olan müdrikliyə məhəl qoymadan, zahiri keyfiyyətlərinə görə özünə pərəstişkar seçəcəyindən xəbər verir.

Zağca quşu — Yuxuda zağca quşları görməniz reallıqda sizə sevinc və məm­nun­luq bəxş edə biləcək dostlarınızın olduğunu bildirir, halbuki sizi düşüncələriniz, hissləriniz və zövqünüz əksər hallarda bu dostların hə­yat mövqeyini irəliləyir. Ölü zağca quşu görmək xəstəlik və hansısa bir itkidən xəbər verir.

Zağca, dolaşa quşu — Yuxuda dolaşa quşu görmək xəstəlik və ixtilaflardan xəbər verir. Quşu tutduğunuzu görmüsünüzsə, gerçəkdəki düşmənlərinizə üstün gəlməyi bacaracaqsınız, onu öldürmüsünüzsə, mübahisəli əmlak üzərin­də varislik hüququ əldə edəcəksiniz.

Zanbaq — Yuxuda zanbaq görmək xoş əlamət deyil. Zanbaqları tozlu yarpaqlar arasında görmək erkən evlilik və tezliklə onun ardınca gələn ayrılıq əlamətidir. Balaca uşaqların zanbaqlar arasında oynadığını görmək isə onların zəifliyindən və zərifliyindən xəbər verir. Gənc bir xanımın yuxusunda zanbaq toplaması və ya onlara heyranlıqla baxması sevinclə əlaqəli, həm də bir qüssə əlamətidir. Belə ki, sevib—seçdiyi insanın sağlamlığında müəyyən problemlər ehtimal olunur. Qadın xeylağının yuxuda solmuş zanbaqlar görməsi reallıqda gözləmədiyi halda qanqaraldıcı hallarla üzləşə biləcəyindən xəbər verir. Yuxuda bu güllərin ətrini qoxuladığınızı görməniz isə kədərin sizi ruhən saflaşdıracağını və əqlinizi itiləşdirəcəyini bildirir.

Zaponka (taxma düymə) — Yuxuda taxma düymə görmək hədsiz lovğalığınızı məmnun etmək üçün dəridən—qabıqdan belə çıxmağa razı olduğunuzdan və buna nail olacağınızdan xəbər verir. Gördüyünüz taxma düymələr brilyant qaşlarla bəzədilmiş və düymənin mərkəzindəki qaş digərlərindən böyükdürsə, deməli, real həyatda bolluq və təmtəraqdan zövq alacaq, yaxud da dost—tanışla xoş istirahət saatları keçirəcəksiniz.

Zarıltı, inilti — Yuxuda zarıltı səsləri eşitdiyinizi görməniz reallıqda ətrafınızda yaranmaqda olan xoşagəlməz mühitdə cəld qərarlar verməli olacağınızı bildirir.

Zenit, zirvə — Yuxuda zenit, nəyinsə ən yüksək zirvəsini görmək əsaslı surətdə hazırlanmış və məharətlə həyata keçirilmiş çiçəklənmənin və firavanlığın, həmçinin pərəstişkarların uğurlu seçiminin müjdəçisidir.

Zəhər, ağı — Yuxuda kiminsə sizi zəhərlədiyini görməniz reallıqda ehtimal olunan əzabverici təsirdən ehtiyatlı olmanıza dair xəbərdarlıqdır. Zəhərin kiməsə təsir etdiyini görmüşsünüzsə, alçaq niyyətlərdə suçlu olacağınız və ya başqalarının sizin sayənizdə haqq yoldan azacağı ehtimal olunur. Gənc xanımın yuxuda rəqibindən zəhərin köməyilə qurtulmağa çalışdığını görməsi sevgilisini yanında saxlamağın yolunu bilmədiyinin göstəricisidir. Yuxuda əlinizdəki zəhəri kənara tullamışsınızsa, xoşagəl­məz vəziyyəti aradan qaldırmaq üçün güc tətbiq etməli olacaqsınız. Zəhəri əlinizdə tutduğunuzu və ya başqalarının onu əlində tutduğunu görməniz isə uğursuzluqların hələ bir müddət sizi təqib edəcəyini bildirir. Övladlarınızın və ya başqa qohumlarınızın zəhərləndiyini gör­düyünüz yuxu naməlum bir qüvvənin sizə zərər verəcəyinə dair xəbərdarlıqdır. Zəhərlənən adamın sizin düşməniniz və ya rəqibiniz olduğunu görməniz bütün maneələri dəf edəcəyinizdən xəbər verir. Yuxuda strixnin (ən güclü zəhərlərdən biri) və ya həkimin təyin etdiyi digər zəhərli bir dərman vasitəsi qəbul etdiyinizi görməniz reallıqda riskli bir işə cəsarət edəcəyinizə işarə edir.

Zəiflik — Yuxuda özünüzü zəif hiss etməniz reallıqda sağlamlığınıza zidd bir məşğuliyyətə başladığınızı bildirir. Belə bir yuxudan sonra vərdişlərinizə nəzər salıb, həyat tərzinizi dəyişməyə çalışmalısınız.

Zəiflik, gücsüzlük — Zəif ifadəli bir yuxu uğursuz məhəbbət və işlərdə çətinliklərin əlamətidir. Yuxuda gücsüz, halsız adamlara tamaşa etmək də ürəkaçan əlamət deyil.

Zəlilər — Yuxuda gördüyünüz zəlilər reallıqda sizin maraqlarınıza zərər yetirmək niyyətində olan düşmənlərinizi xarakterizə edir. Zəlidən müalicə məqsədilə istifadə etdiyinizi görməniz isə ailə üzvlə­rinizdən birinin nasazlığına işarə edə bilər. Başqalarının zəli müalicəsinə əl atdığını görməniz dostlarla aranızda çəkişmələrinizin olacağını bildirir. Zəlilərin sizin bədəninizə yapışdığını görmüsünüzsə, hər işdə ehtiyatlı olmağa çalışın.

Zəlzələ — Yuxuda zəlzələ görmək və ya hiss etmək sahibkarlıqda uğursuzluqdan, millətlərarası iğtişaşlar və müharibələrin nəticəsi olaraq çoxlu sayda fəlakətlərdən xəbər verir.

Zəmanət, zaminlik — Yuxusunda zaminlik axtardığını görən şəxs reallıqda gözlənil­mədən ciddi problemlərlə üzləşə bilər. Özünüzün kiməsə zaminlik etdiyinizi görməniz də gələcəkdə müşkül və xoşagəlməz vəziyyətlərin əlamətidir.

Zəmi, tarla — Yuxuda biçilmiş, buğdası yığışdırılmış bir tarla görmək uğursuzluqlara işarə edə bilər. Yaşıl və ya geniş, sünbüllənmiş bir tarla görmək isə kəndlilər üçün bol məhsul, digərləri üçün isə həyatda xoşbəxt bir dövr vəd edir. Şumlanmış tarla görməniz isə yaxın gələcəkdə əmin—amanlığa nail olacağınızdan xəbər verir.

Zəncir, buxov, qandal — Yuxuda özünüzü buxovlanmış, qandallanmış görməniz reallıqda haqsız olaraq üzərinizə qayğı və məsuliyyət yükünün düşəcəyindən xə­bər verir. Lakin zəncirləri qırmağı bacarmışsınızsa, xoşagəlməz qayğılardan azad olacaqsınız. Sadəcə, zəncir görmək isə şər—böhtana və paxıl adamların xain niyyətlərinə işarə edir.

Zəncirotu — Yaşıl otluqda bitən zəncirotu gülləri xoşbəxt ittifaqlar və uğurlu işlərin müjdəçisidir.

Zənglər, zəng qülləsi — Yuxuda zəng səsləri eşitmək uzaqdan xoşagəlməz xəbər və ya xain insanların hərəkətlərindən doğan narahatlıqdan xə­bər verir. Azadlıq zəngi (bayram sədaları) qələbə sevincinin əlamətidir. Yuxuda Milad bay­ramında zənglərin dalbadal çalınmasını eşitmək kənd təsərrüfatı və bizneslə məşğul olan hər bir kəs üçün ürəkaçan perspektivlər vəd edir. Gənc bir oğlan üçün bu zəng sədalarını eşitmək arzusunun həyata keçəcəyini bildirir. Zənglərin melodik çalınmasını eşitmək qalib çıxacağınız bir mübarizədən xəbər verir.

Zərər, ziyan — Yuxuda kiməsə ziyan vurduğunuzu görməniz reallıqda həya­tınıza və sağlamlığınıza təhlükə törədə biləcək riskli bir işinizin olacağını bildirir. Ziyan vurulmuş adam özünüz idinizsə, rəqiblərlə uğursuz toqquşma ehtimal olunur.

Zərf — Yuxuda zərf görmək o qədər də ürəkaçan olmayan xəbərlərə işarə edir.

Zərgər məmulatları — Yuxuda qırılmış və ya sınıq zərgər məmulatları görməniz arzuladığınız məqsədə çatdıqdan sonra kəskin bir məyusluq yaşaya biləcəyinizə dair xəbərdarlıqdır. Bu yuxu, həmçinin sadiq dostların yaxın gələcəkdə sizə xəyanət edəcəyinə, qayğıların isə təkcə sizin üzərinizə düşəcəyinə işarə edə bilər.

Zibil — Yuxuda zibil görməniz reallıqdakı işlərinizin öhdəsindən çə­tinliklə gələcəyinizə işarə edir. Böyük zibil qalaqları ictimai həyatla əlaqədar qay­ğıların əlamətidir. Həmçinin işlərdə uğursuzluğun və insanlarla münasibətlərdə alçaldıcı məqamların da ehtimalı böyüyür.

Zindan, həbsxana — Yuxuda həbsxanada başqalarını görməniz reallıqda bütün imtiyazların qeyd—şərtsiz inandığınız, etibar etdiyiniz adamlara həvalə olunmasını tələb edəcəyinizdən xəbər verir. Aydın işıqlan­mış pəncərələri olan həbsxana görməniz isə gözüaçıqlığınızın sizi xətadan qurtaracağına işarə edir. Gənc bir xanımın yuxuda sevgilisini zindanda görməsi reallıqda əsassız olaraq onun əxlaqına şübhə edəcəyini bildirir. Özünüzü dustaq olaraq görməniz reallıqdakı işlərinizə mənfi təsir göstərəcək olayların baş verəcəyinə işarə edir. Uğur nəticəsində həbs olunmaqdan qurtulduğunuzu görməniz isə bir neçə gəlirli işdə iştirak edəcəyinizi müjdələyir. Bəladan qurtulacağınızı və ya öhdəsindən gələcəyinizi müjdələ­yən ən uğurlu əlamət dustağın həbsdən azad olunduğunu gördüyünüz yuxu hesab olunur.

Zinət əşyaları — Yuxuda zinət əşyaları taxdığınızı görməniz reallıqda qabiliy­yət­lərinizi artıracağınıza işarədir. Zinət əşyalarını hədiyyə aldığınızı gör­məniz sahibkarlıqda uğurlu və şanslı olacağınızdan xəbər verir. Zinət əşyaları hədiyyə etmək isə düşüncəsiz israfçılıq əlamətidir. Yuxuda zinət əşyalarınızı itirdiyinizi görməniz sevgilinizi itirəcəyinizə və ya iş­güzar sahədə uğurlu bir imkanı qaçıracağınıza işarə edə bilər.

Zirzəmi, anbar — Yuxuda soyuq zirzəmidə olduğunuzu görməniz reallıqda şübhələr içində qalacağınızdan xəbər verir. Belə ki, istəklə­rinizlə niyyətlərinizin sahibi olmağa cəhd etməsəniz, kədərli düşün­cələrdən əziyyət çəkə—çəkə və bu sarsıntılardan çıxış yolu axtara—axtara, hər şeyə inamınızı itirə bilərsiniz. Bu yuxu, həmçinin əmlakınızın əldən çıxma ehtimalını da artırır. İçi qida azuqələri və şərablarla dolu zirzəmi görməniz müəmmalı mənbələrdən əldə olunmuş bir gəlirdə hissə payı almaq təklifi alacağınızdan xəbər verir. Gənc bir xanımın bu sayaq yuxu görməsi reallıqda alverlə məşğul olan və ya qumar oynayan birindən evlənmə təklifi alacağına işarə edir. Həmçinin qadın xeylağı üçün yuxuda görülmüş zirzəmi nasazlıq və ya mübahisə əlaməti hesab olunur.

Yuxu görən xanımın ətrafındakı insanların hansınısa yuxuda ölmüş və zirzəmidən çıxan görməsi reallıqda xoşagəlməz bir olayın onun həmin adamla əlaqədar olacağını bildirir. Lakin yuxu görən üçün bu olay olduqca uğurlu yekunlaşacaq. Yuxu görən xanımın dünyasını dəyişmiş qardaşını zirzəmidən çıxan görməsi müəyyən çətinliklərlə üzləşəcəyindən və bu çətinliklərdən qurtulmaq üçün yalnız enerjisi ilə iradəsini səfərbər etməli olacağından xəbər verir.

Zir-zibil, dəyərsiz şeylər — Yuxuda zir-zibil, dəyərsiz şeylər görmək çoxlu sayda demək olar ki, həlli olmayan problemlərin, zəif mükafatın və narahatlıq hissinin əlamətidir. Bir qalaq dəyərsiz şeylərin yandığını görmək isə gözlə­nilməyə bir mənbədən daxil olacaq gəlirə işarə edir. Yuxuda görülmüş çoxlu sayda sınıq—salxaq mebel isə fəlakətə sürükləyə biləcək düşün­cəsiz hərəkətlərə dair xəbərdarlıqdır.

Ziyil — Əgər yuxuda ziyillərinizin olmasından dolayı narahatlıq keçirməniz reallıqda şərəfinizə xələl yetirə biləcək həmlələri uğurlu şəkildə dəf etmək iqtidarında olmayacağınızdan xəbər verir. Ziyillərin əllərinizdən yoxa çıxdığını görməniz isə uğura doğru olan yoldakı bütün maneələri məharətlə dəf edə biləcəyinizi bildirir. Başqalarında ziyil görmək qatı düşmənlərinizin yaxın ətrafınızda olduğu barədə xəbərdarlıqdır. Yuxuda ziyilləri təmiz­ləmək isə sizə və yaxınlarınıza təhlükə törədə biləcək çətinlikləri məharətlə aradan qaldırmağı bacaracağınızdan xəbər verir.

Zorlama, zorlanma — Yuxuda tanışlarınızın zorlanmaya məruz qaldığını görmüsü­nüzsə, reallıqda dostlarınızdan biri xoşagəlməz olaylarla üzləşə bilər. Gənc bir qız yuxuda zorlandığını görmüşdürsə, reallıqda onun namusuna toxunacaq bir hadisə baş verə, sevgilisi isə onu tərk edə bilər.

Zülmət, qaranlıq — Yuxuda gəzişərkən qaranlığın sizi gözlənilmədən yaxaladığını gör­məniz reallıqda yaxın keçmişdə başladığınız istənilən bir işdə uğursuzluğun əlamətidir. Lakin gəzintiniz başa çatmamış günəş buludlar arasından görünmüşsə, bütün çətinlikləri aradan qaldırmağı bacaracaqsınız. Yuxuda dostunuzu və ya övladınızı qaranlıqda itirdiyinizi görməniz isə ədalətsiz qəzəbə düçar ola biləcəyinizə dair xəbərdarlıqdır. Bu yuxudan sonra özünüzü idarə etməyə çalışın, çünki həm biznesdə, həm də sevgidə müəyyən sınaqlar ehtimal olunur.

Fikirlərinizi bildirin.