Yol hərəkəti ilə bağlı əsas anlayışlar

344
Yol hərəkəti ilə bağlı əsas anlayışlar

Yol hərəkəti ilə bağlı əsas anlayışlar. Yol hərəkəti qaydaları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuşdur. Bu qaydaları öyrənmək üçün ilk növbədə onların mətnində istifadə edilən vahid termin və anlayışları mənimsəmək lazımdır. “Yol hərəkəti haqqında” Azrəbaycan Respublikasının Qanununda aşağıdakı termin və anlayışlardan istifadə olunur:

Yol hərəkəti

Xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitəsinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur.

Yol hərəkətinin təşkili

Nəqliyyat vasitəsinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini, optimal sürətini təmin etmək məqsədilə küçə-yol şəbəkəsində həyata keçirilən və yol hərəkətinin ayrılmaz hissəsi olan mühəndis və təşkilatı tədbirlər sistemidir.

Yol hərəkətinin təşkilinin texniki vasitələri

Yollarda hərəkətin təşkili və tənzimlənməsi, o cümlədən nəqliyyat vasitəsinin və piyadaların təhlükəsizliyinin və fasiləsiz hərəkətinin təmin edilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün tətbiq edilən qurğular, avadanlıqlar və təsvirləridir (svetoforlar, yol nişanları, nişanlanma xətləri, qoruyucu sədlər, dirəkciklər və s.).

Yol hərəkətinin təhlükəsizliyi

Yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir.

Beynəlxalq yol hərəkəti

Bir dövlətin fiziki və ya hüquqi şəxsinə məxsus olan və başqa dövlətin ərazisinə müvəqqəti gətirilərək və orada qeydiyyata alınmayan nəqliyyat vasitəsinin iştirak etdiyi yol hərəkətidir.

Avtomobil yolu

Yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur (şəkil 1).

Avtomagistral

Nəqliyyat vasitəsinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə tutulmuş elə bir yoldur ki: həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti təyinatlı obyektlər digər nəqliyyat vasitəsi tərəfindən istifadə edilə bilməz; ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın müəyyənləşdirildiyi hallardan başqa, əks istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri vardır, həm də bu hissələr arasında hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulmuşdur; dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur (şəkil 2); hərəkət hissəsində nəqliyyat vasitəsinin dayanması və ya durması qadağan edilir, hər  kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir.

Yol hərəkəti ilə bağlı əsas anlayışlar

Yolun hərəkət hissəsi

Yolun nəqliyyat vasitəsinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər) (şəkil 1).

Yol çiyni

Yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları müəyyən nəqliyyat vasitəsinin hərəkəti üçün nəzərdə tutulduqda, “yol çiyni” digər yol istifadəçiləri üçün  yolun qalan hissəsinin kənarıdır (şəkil 1).

Baş yol

Kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt  və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (şəkil 3,4) (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir).

Yol hərəkəti ilə bağlı əsas anlayışlar

Piyada keçidi

Yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə, yaxud mühəndis qurğusudur (şəkil 5).

Yol hərəkəti ilə bağlı əsas anlayışlar

Yolayrıcı

Yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir (şəkil 6,7,8).

Yol hərəkəti ilə bağlı əsas anlayışlar

Nizamlanan yolayrıcı

Hərəkət növbəliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır (şəkil 9).

Nizamlanmayan yolayrıcı

Nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır (şəkil 10).

Yol hərəkəti ilə bağlı əsas anlayışlar

Ayırıcı zolaq

Yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayrılan, lakin nəqliyyat vasitəsinin hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsidir (şəkil 1,2,11).

Yol hərəkəti ilə bağlı əsas anlayışlar

Hərəkət zolağı

Yolun hərəkət hissəsinin nişanlanma xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır (şəkil 1,12).

Səki

Yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir (şəkil 1).

Nəqliyyat vasitəsi

Yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur (nəqliyyat vasitəsinin mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsinə bölünür).

Mexaniki nəqliyyat vasitəsi

Asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitəsi istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsidir.

Avtomobil

Yollarda adamların və ya yüklərin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitəsinin yedəyə alınması üçün istifadə edilən mexaniki nəqliyyat vasitəsidir (bu anlayış trolleybusları, yəni elektrik naqili ilə birləşdirilmiş relssiz nəqliyyat vasitəsini də əhatə edir, lakin yollarda adamların və yüklərin daşınması və ya bu məqsədlə istifadə edilən nəqliyyat vasitəsinin yedəyə alınması üçün istifadə edilən və yalnız yardımçı funksiya daşıyan kənd təsərrüfatı traktorları kimi nəqliyyat vasitəsini əhatə etmir).

Operativ nəqliyyat vasitəsi

Yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.

Qoşqu

Mexaniki nəqliyyat vasitəsi ilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsidir (şəkil 13).

Yarımqoşqu

Avtomobillərə birləşdirmək üçün nəzərdə tutulan, bir hissəsi avtomobilə söykənərək özünün və yükün kütləsinin xeyli hissəsini onun üstünə salan hər hansı qoşqudur (şəkil 14).

Uzunölçülü nəqliyyat vasitəsi

Uzunluğu 24 metrdən çox olan nəqliyyat vasitəsidir (şəkil 15).

Yol hərəkəti ilə bağlı əsas anlayışlar

Özügedən maşınlar

Tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsidir (şəkil 16).

Təkərli traktor

Yollarda qoşquları yedəyə almaq üçün istifadə edilən və konstruksiyasına görə maksimum sürəti saatda 30 kilometrdən yüksək olmayan nəqliyyat vasitəsidir (şəkil 17).

Trisikl

İşçi həcmi 50 sm3-dən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir (şəkil 18a).

Yol hərəkəti ilə bağlı əsas anlayışlar

Yügül kvadrisikl

Yüksüz vəziyyətdə kütləsi 350 kiloqramdan (elektrik mühərrikli nəqliyyat vasitəsi üçün akkumulyatorların kütləsi nəzərə alınmır) ox olmayan dördtəkərli aşağıdakı mexaniki nəqliyyat vasitəsidir.

-işçi həcmi 50 sm3-dən çox olmayan məcburi alışdırmalı daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitəsi;

-maksimal effektiv gücü 4 kVt-dan çox olmayan digər növ daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitəsi;

-Uzunmüddətli yüklənmə rejimində mühərrikin nominal maksimal gücü 4 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən nəqliyyat vasitəsi.

Kvadrisikl

Yuxarıdakı bənddə nəzərdə tutulmuş nəqliyyat vasitələr istisna olmaqla, yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitəsi üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitəsi üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli dördtəkərli mexaniki nəqliyyat vasitəsidir (şəkil 18b).

Motosiklet

Mühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsidir (trisiklər və yüngül kvadrisikillər motosikletlərə bərabər tutulur) (şəkil 19).

Yol hərəkəti ilə bağlı əsas anlayışlar

Moped

İş həcmi 50 sm3-dən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üçtəkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsi də mopedlərə bərabər tutulur).

Velosiped

Əlil arabaları istisna olmaqla, idarə edən şəxsin əzələ enerjisi ilə, xüsusən pedalların və ya dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı nəqliyyat vasitəsidir.

Nəqliyyat vasitəsinin dayanması

Adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir.

Məcburi dayanma

Texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır (şəkil 22).

Yol hərəkəti ilə bağlı əsas anlayışlar

Nəqliyyat vasitəsinin durması

Əgər nəqliyyat vasitəsinin digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir.

Parklanma

Nəqliyyat vasitəsinin parklanma yerlərində durmasıdır.

Parklanma yeri

Yaşayış mntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitəsinin durması üçün ayrılmış, bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş yerdir (şəkil 23).

Yol hərəkəti iştirakçısı

Hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifdə edən şəxsdir.

Sürücü

Hər hansı növ nəqliyyat vasitəsini idarə edən şəxsdir (sürücülüyü öyrədən avtomobil təlimatçısı da sürücüyə bərabər tutulur).

Sərnişin

Nəqliyyat vasitəsində hərəkətdə olan, lakin onun idarə edilməsinə aidiyyəti olmayan şəxsdir.

Piyada

Nəqliyyat vasitəsindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir (mühərriksiz əlil arabalarında gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq və ya əlil arabası aparan şəxslər də piyadaya bərabər tutulur).

Velosipedçi

Əlil arabaları istisna olmaqla velosipedi idarə edən şəxsdir.

Mal-qara ötürən

Mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxsdir.

Ötmə

Hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir (şəkil 24).

Yol hərəkəti ilə bağlı əsas anlayışlar

Üstünlük

Nəzərdə tutulan istqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur (şəkil 25).

Yol vermək

Sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitəsinin sürücülərini və ya piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir (şəkil 25,26).

Yol hərəkəti ilə bağlı əsas anlayışlar

Məhdudiyyətli görünmə

Duman, yağış, qar və başqa şəraitdə, habelə toranlıqda yolun 300 metrdən az məsafədə görünməsidir (şəkil 27).

Yol-nəqliyyat hadisəsi

Yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitəsinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir (şəkil 28).

Yol hərəkəti ilə bağlı əsas anlayışlar

Ümumi istifadədə olan nəqliyyat vasitəsi

Sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay).

Mütəşəkkil nəqliyyat dəstəsi

Qarşıda qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş operativ nəqliyyat vasitəsinin müşayiəti ilə bir hərəkət zolağında bir-birinin ardınca faraları yandırılmış vəziyyətdə hərəkət edən üç və ya daha artıq mexaniki nəqliyyat vasitəsindən ibarət olan dəstəsidir.

Avtoqatar

Bu mexaniki nəqliyyat vasitəsinə qoşularaq birlikdə hərəkət edən bir neçə nəqliyyat vasitəsindən ibarət olan dəstədir.

İcazə verilən maksimum kütlə

İstehsalçı müəssisə tərəfindən müəyyən edilmiş, nəqliyyat vasitəsinin sürücü, sərnişin və yüklə birlikdə yol verilən kütləsinin yuxarı həddidir. Avtoqatarın icazə verilən maksimum kütləsi tərkibə daxil olan nəqliyyat vasitəsinin icazə verilən maksimum kütlələrinin cəmindən ibarətdir.

Sutkanın qaranlıq vaxtı

Sutkanın günəş batandan günəş çıxanadək olan müddətdir.

Yaşayış məntəqəsi

Giriş və çıxışları müvafiq olaraq 5.22-5.25 nişanları ilə işarələnmiş, əhalinin yığcam məskunlaşdığı ərazidir. Ağ fonu olan 5.22 və 5.23 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu, göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir.

Yaşayış zonası

Yaşayış məntəqəsinin giriş və çıxışları müvafiq olaraq 5.51 və 5.52 nişanları ilə işarələnmiş hissəsidir.

Ağırçəkili nəqliyyat vasitəsi

Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir.

İriqabaritli nəqliyyat vasitəsi

Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir.

Texnoloji nəqliyyat vasitəsi

Küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, sənaye sahələrində müvafiq texnoloji proseslərin həyata keçirilməsi zamanı istifadə edilən, xüsusi texnoloji qurğu və avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitəsidir.

Texoqraf

Nəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin nəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazıdır.

Online sürücülük imtahan testləri 59 (şərhlərlə) – Yol hərəkəti qaydalarıOnline sürücülük imtahan testləri 64 (şərhsiz) – Yol hərəkəti qaydaları

Əvvəlki məqaləXəyanət haqqında ən axmaq inanclar və həqiqətlər
Növbəti məqaləUğura inan, öz biznesinə başla – Elşən Bədirxanov

Fikirlərinizi bildirin.