Sürücülük vәsiqәlәrinin verilmәsi, dәyişdirilmәsi vә qaytarılması

107
Sürücülük vәsiqәlәrinin verilmәsi, dәyişdirilmәsi vә qaytarılması

Sürücülük vәsiqәlәrinin verilmәsi, dәyişdirilmәsi vә qaytarılması

I.Bu Qanunun 33-cü maddәsinin birinci hissәsindә nәzәrdә tutulmuş sürücülük vәsiqәsini almaq istәyәn hәr bir şәxs:

1)yol hәrәkәtinin qaydaları üzrә nәzәri vә nәqliyyat vasitәlәrini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanları vermәli;

2)Azәrbaycan Respublikası qanunvericiliyi ilә müәyyәn edilmiş mәblәğdә dövlәt rüsumu ödәmәlidir.

I-I.Sürücülük vәsiqәsini almaq istәyәn hәr bir şәxs yol hәrәkәti qaydaları üzrә nәzәri vә nәqliyyat vasitәlәrini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanlara müstәqil hazırlaşa bilәr vә ya nәqliyyat vasitәlәri sürücülәrinin hazırlanması kursunda hazırlıq keçә bilәr. “A” vә “B” kateqoriyalarına “A1” və “B1” altkateqoriyalarına aid nәqliyyat vasitәlәri istisna olmaqla, digәr kateqoriyalara aid nәqliyyat vasitәlәrinin idarә edilmәsi üçün sürücülük vәsiqәsini almaq istәyәn hәr bir şәxs nәqliyyat vasitәlәri sürücülәrinin hazırlanması vә onların ixtisasının artırılması kursunda hazırlıq keçmәlidir.

II.Sürücülük vәsiqәsi almaq istәyәn şәxs Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanına aşağıdakı sәnәdlәri tәqdim etmәlidir:

1)Azәrbaycan Respublikası vәtәndaşının şәxsiyyәt vәsiqәsi (müvafiq olaraq Azәrbaycan Respublikasının әrazisindә әcnәbinin qeydiyyata alınması haqqında vəsiqə vә ya Azәrbaycan Respublikasının hüdudlarında istifadә edilmәsi üçün vәtәndaşlığı olmayan şәxsin şәxsiyyәt vәsiqәsi);

2)müstәqil hazırlıq keçәn şәxslәr istisna olmaqla, digәr şәxslәr üçün müvafiq kateqoriyalı (altkaterqoriyalı) nәqliyyat vasitәlәri sürücülәrinin hazırlanması üzrә tәdris planlarında vә proqramlarında nәzәrdә tutulan hәcmdә hazırlıq keçmәlәri barәdә tәhsil müәssisәsinin sәnәdi;

3)Azәrbaycan Respublikasının Səhiyyə Nazirliyi tәrәfindәn tәsdiq olunmuş formada tibbi arayış;

4) sürücülük vәsiqәsi verilmәsi üçün dövlәt rüsumunun ödәnilmәsi sәnәdi.

III.Sürücülük vәsiqәsi almaq istәyәn şәxs Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanına sәnәdlәri bilavasitә vә ya internet vasitәsilә tәqdim edir (göndәrir). Sәnәdlәr bu Qanunun 33-cü vә 35-ci maddәlәrindә göstәrilәn tәlәblәrә uyğun olduqda şәxsә yol hәrәkәti qaydaları üzrә nәzәri vә nәqliyyat vasitәlәrini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahan verәcәyi tarix vә vaxt barәdә bilavasitә vә ya internet vasitәsilә mәlumat verilir. Sәnәdlәr göstәrilәn tәlәblәrә uyğun olmadıqda şәxsә uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şәxs yaşadığı vә ya olduğu әrazi üzrә imtahan-qeydiyyat mәntәqәsindә imtahan vermәk hüququna malikdir.

IV.Bu Qanunla müәyyәn edilmiş yaş vә sağlamlıq vәziyyәti tәlәblәrinә cavab verәn:

1)sürücülәrin hazırlanması vә onların ixtisasının artırılması kurslarının mәzunları;

2)avtomobil nәqliyyatı vasitәlәri ixtisası üzrә kadrların hazırlanması nәzәrdә tutulmuş ali vә orta ixtisas tәdris ocaqlarının mәzunları;

3)yol hәrәkәtinin qaydaları üzrә nәzәri vә nәqliyyat vasitәlәrini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanlara müstәqil hazırlaşmış şәxslәr Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanına müraciәt etdikdәn sonra, üç gün müddәtindә yol hәrәkәti qaydaları üzrә nәzәri vә nәqliyyat vasitәlәrini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanlara buraxılırlar.

IV-I.İmtahanların qәbulu vә sürücülük vәsiqәsinin verilmәsi zamanı aşağıdakılar tәmin olunmalıdır:

1)dövlәt rüsumunun, şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimənin yalnız bank, poçt, plastik kart və ya internet vasitəsi ilə ödənilməsi;

1-1)Az. Res İXM-nin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması;

2)növbәlәrin yaranmasını istisna edәn sәnәdlәrin qәbulu vә verilmәsinin elektron idarәetmә sistemi;

3)sәnәdlәrin qәbulu vә verilmәsi, hәmçinin imtahan prosesini interaktiv şәkildә әks etdirәn monitorlar, o cümlәdәn imtahan zalında videokamera;

4)nәzәri imtahanın informasiya-kommunikasiya texnologiyaları vasitәsilә verilmәsi;

5)nәqliyyat vasitәlәrini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanların qәbulunda növbәlәri istisna edәcәk sayda vә imtahan verilәn gün istehsal tarixi beş ildәn artıq olmayan, imtahan prosesini qeydə alan videokameralarla təchiz edilmiş nәqliyyat vasitәlәrindәn istifadә.

IV-II.“B” kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxsin seçiminə əsasən nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahan mexaniki və ya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmisiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmisisiyalı nəqliyyat vasitəsini idare etmək hüququ verir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitəsini idarə etmə hüququ verir.

V.Sürücülük vәsiqәsi DİN-nin imtahan-qeydiyyat mәntәqәlәrindә yol hәrәkәtinin qaydaları üzrә nәzәri vә nәqliyyat vasitәlәrini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanları müvәffәqiyyәtlә vermiş şәxslәrә hәmin orqan tәrәfindәn 30 dәqiqә әrzindә verilir. Sürücülük vәsiqәlәrinin verilmәsi Az. Res-nın müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş “Nәqliyyat vasitәsini idarә etmәk hüququ verәn sürücülük vәsiqәsi almaq istәyәn şәxslәrdәn imtahanların qәbul edilmәsi vә onlara sürücülük vәsiqәsinin verilmәsi qaydaları haqqında” Әsasnamәyә uyğun olaraq hәyata keçirilir.

VI.Sürücülük vәsiqәsinin dәyişdirilmәsi üçün әsaslar aşağıdakılardır:

1) onun etibarlıq müddәtinin qurtarması;

2) sahibinin soyadı, adı vә ya atasının adının dәyişdirilmәsi;

3) onun yazılarında dәqiqsizliyin müәyyәn edilmәsi;

4) onun yararsız hala düşmәsi;

5) onun itirilmәsi;

7)yol hərəkətinin tənzimlənməsi sahəsində Az. Res-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Az. Res-nın vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitəsini idarə etmək niyyətində olması;

8)yol hərəkətinin tənzimlənməsi sahəsində Az. Res-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici döxlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi; və ya vətəndaşlığı olmayan şəxsin Az. Res-da müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması.

VII. Sürücülük vәsiqәsinin dәyişdirilmәsi sahibinin әrizәsi әsasında әvvәllәr malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla,  bu Qanunun 35-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Az. Res-nın müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.

VIII. Sürücülük vәsiqәsinin dәyişdirilmәsi üçün aşağıdakı sәnәdlәr tәqdim edilir:

1)Azәrbaycan Respublikası vәtәndaşının şәxsiyyәt vәsiqәsi;

2)sürücülük vәsiqәsi (sürücülük vәsiqәsinin itirilmәsinә görә onun dәyişdirilmәsi halı istisna olmaqla);

3)qanunla müәyyәn edilmiş dövlәt rüsumunun ödәnilmәsi barәdә sәnәd;

4)bu Qanunun 34-cü maddәsinin V hissәsinin 2-4-cü bәndlәrindә nәzәrdә tutulduğu hallarda tibbi arayış.

Sürücülük vәsiqәsinin dәyişdirilmәsinә sәbәb onun yazılarında dәqiqsizlik müәyyәn edilmәsi ilә bağlı olduqda dövlәt rüsumu ödәnilmir.

IX.Sürücülük vәsiqәsindә göstәrilmiş kateqoriyaların (altkateqoriyaların) dәyişdirilmәsi mәqsәdi ilә sürücülük vәsiqәsinin dәyişdirilmәsi bu maddәnin I-V hissәlәrindә nәzәrdә tutulmuş qaydada hәyata keçirilir.

X.Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn verilmiş sürücülük vәsiqәlәrindәki mәlumatların mәrkәzlәşdirilmiş uçotunu aparmalıdır.

XI.Hәr hansı şәxs bu Qanunla müәyyәn edilmiş qaydada ona sürücülük vәsiqәsinin verilmәsi; vә ya dәyişdirilmәsi haqqında әrizәyә baxılmamasından vә yaxud belә әrizәnin süründürülmәsindәn; habelә yol hәrәkәtinin qaydaları üzrә nәzәri vә NV-ni idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanlara onun buraxılmasından imtina edilmәsindәn mәhkәmәyә şikayәt edә bilәr.

XII.Bu Qanunun tәlәblәrinә zidd olaraq, sürücülük vәsiqәsinin verilmәsi vә ya dәyişdirilmәsi haqqında әrizәyә baxılmamasında vә ya baxılarkən süründürmәçilik edilmәsindә, yol hәrәkәtinin qaydaları üzrә nәzәri vә nәqliyyat vasitәlәrini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanlara buraxılmasından әsassız imtina edilmәsindә, habelә sürücülük vәsiqәsinin oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında vә ya ondan qanunsuz istifadә olunmasında tәqsirli şәxslәr Az. Res-nın qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar.

XIII.Nәqliyyat vasitәsini idarә etmә hüququnun mәhdudlaşdırılması müddәti qurtardıqda sürücülük vәsiqәsi aşağıdakı qaydada qaytarılır:

1)nәqliyyat vasitәsini idarә etmә hüququ bir ildәn çox müddәtә mәhdudlaşdırılmış şәxslәrә nәqliyyat vasitәsini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanı müvәffәqiyyәtlә verdiyi gün;

2)nәqliyyat vasitәsini idarә etmә hüququ bir il vә daha az müddәtә mәhdudlaşdırılmış şәxslәrә imtahansız, hәmin müddәt bitdiyi gün.

Xarici dövlətin səlaiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi (maddə 35-1)

I.Az. Res-nın vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Az. Res-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Az. Res ərazisində nəqliyyat vasitəsini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Az. Res-nın vətəndaşı ölkə ərazisində NV-ni həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.

II.Az. Res-da müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Az. Res-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Az. Res ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Az. Res-da müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində NV idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.

III.Bu Qanunun 35-1-ci maddəsinin I və II hissələrində nəzərdə tutulmuş sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır.

Avtombil (Yoxlanış) – Sınaq avadanlığından istifadə edərək nəqliyyat vasitəsini yoxlamaqAvtomobilin idendifikasiya nömrəsi (VIN nömrəsi)

Əvvəlki məqaləƏlavə məlumat nişanları (lövhəciklər) (maddə 68)
Növbəti məqaləKişilər ətirdən necə istifadə etməlidirlər?

Fikirlərinizi bildirin.