Qadınların kitabı – Osho

0
0

Qadınların kitabı – Osho

Kitabın adı oxucunu çaşdıra bilər. Ancaq bu, yalnız qadınlar üçün nəzərdə tutulan kitab deyil. İstənilən oxucu əsərdə özünü, dünyasını, onu maraqlandıran sualların cavabını tapa bilər. Bu kitab böyük hind filosofu Oshonun mühazirələri əsasında hazırlanıb. Cins­lərarası münasibətlərin – məişətdən siyasətə qədər, bütün çalarlarını fundamental şəkildə izah edərək problemdən çıxış yollarını göstərib.

Osho çap olunan kitablarının heç birini özü yazmayıb. O, yalnız sağlığında yüzlərlə insanın axışıb gəldiyi təlimlərində çıxışlar edib və bu çıxışlar toplanaraq zaman-zaman müxtəlif mövzularda Oshonun zəngin və maraqlı fikirlərindən, verdiyi örnəklərdən, elmi və mədəni biliklərindən ibarət, tamamilə yeni bir fəlsəfi kitabların üzə çıxmasına səbəb olub.

“Qadınların kitabı” insanlar və cinslərarası münasibətləri dünya siyasəti səviyyəsində çözür və elmi uğurların üstünlüyünü insanlığı aparıb çıxardığı böhrana qədər təhlil edərək, bu mövzuda detallı şəkildə oxucuya informasiya və düşünmək üçün imkanlar verir.

Giriş

* * *

Qadını anlamaq yox, sevmək gərəkdi. Hər şeydən öncə bunu bilin.

Qadınla kişi arasındakı ayrıntıların çoxu əsrlər boyu mövcud olan qaydalar əsasında yaranıb.

Kişi anlayışı qadın beyninə yük olub. “Kişi” deyəndə qadınların ağlına – yalan danışan, onu sıxışdıran, kölə edən, qadını dünyanın ikinci dərəcəli cinsinə çevirən bir varlıq gəlir.

Kişi qadının möhtəşəm olduğunu bilir. Qadının özgürlüyünü özü üçün təhlükəli sayır.

Qadın içindəki potensialı üzə çıxarıb onu inkişaf etdirməlidi. Bundan sonra ona zaval yoxdu. Qadın və kişi arasında nə bərabərlik, nə ayrıntı var. İkisi də uni­kaldı.

İki unikal varlığın birləşməsi yaşama olağan üstü (fövqəladə) bir anlam verir.

Bir kişi qadın ruhuyla bağlı necə fikir yürüdə bi­lər axı?

Mən qadın ruhu barədə danışanda bunu içimdəki kişi, ya qadın və ya hansısa başqa bir duyğu dilə gətirmir. Qadınla bağlı danışanda qavrayışım işə düşür. Mən qadını qavrayıram. Mən qadını bütünlüklə qavramağa çalışaraq çözürəm. Qavrayış nə qadındı, nə kişi. Qavrayış “bu” və ya “o” deyil. Eyni şeyi ağılla bədənə də aid etmək olar. Ağıl bədənin içidi, bədən ağılın çölüdü. Bədən və ağıl ayrılmazdı, bütündü, bütövlükdü. Bunları ayrı-ayrılıqda düşünmək yanlışdı.

Bə­dənlə ağıl arasında “və” yazmaq da lazım deyil. Bu bütünlüyü ifadə etmək üçün “ağılbədən” yazmaq daha doğrudu.

Ağıl və bədən sözünü hər iki varlığa həm kişiyə, həm də qadına asanlıqla yansıtmaq olur. Ancaq bu anlayışlardan kənara çıxan bir nəsnə var. Bu nəsnənin adı – qavrayışdı.

Mən indi kişilərin adından danışmıram, əks halda qadın haqda heç nə deyə bilmərəm. Mən indi bir qavrayış kimi danışıram. Dəfələrlə qadın bədənində yaşamışam, dəfələrlə kişi bədənində yaşamışam. Hər şey görmüşəm, hər şeyi izləmişəm. Bütün evləri, bütün geyimləri görmüşəm. Dediklərim təkcə indiki həyatla bağlı deyil. Həm də gələcək həyatla bağlıdı. Mənim gerçək yaşamım uzun-uzadı bir yolçuluğun kulminasiyasıdı.

Beləliklə, dediklərimi bir kişinin və ya bir qadının sözləri kimi qəbul etməyin. Yoxsa heç nə alınmaz. Dediklərimi bir qavram, bir anlayış, bir bilimsəllik kimi qəbul edin.

(The Dhammapada: The Way of the Buddha)

QADIN

Mənə elə gəlir ki, sən planetdə qadınları gerçəkdən tanıyan və onları olduqları kimi qəbul edən yeganə adamsan. Lütfən, bununla bağlı fikrini bildir.

Mən artıq demişəm, qadını anlamağa çalışmayın, onu, sadəcə, sevin. Bu bir.

Həyat elə sirlidi ki, onun ən yüksək nöqtəsinə çatmaq və ya ən dərin yerinə varmaq mümkün deyil. Həyatın istənilən predmeti – insan, heyvan, ağac, quş və s. alimin araşdırma obyektidi, mistikin işi deyil. Mən alim deyiləm. Elm özü mənim üçün sirdi. Artıq alimlər də bunu etiraf edirlər. Etiraf edirlər ki, bir vaxt sinələrinə döyüb dedikləri “biz hər şeyin sirrini aça bilərik” iddiası özünü doğrultmur. Həyatda açılmayan, sirr olaraq qalan çox şey var.

Albert Eynşteynin sayəsində elm tamamilə yeni yön aldı. O, hər şeyin dərinliyinə gedib, materiyanın sirlərini açmaq istədikcə daha çətinə düşürdü. Məntiqdən və rasionallıqdan imtina eləmək lazım gəldi. Həyata əmr vermək imkansızdı. Çünki həyat sənin məntiqinə tabe olmur. Məntiq insana məxsusdu. Eynşteyn bir dəfə dərin fikrə gedir, düşünür ki, həyatda bütünlüklə rasionallığa yer vermək doğrudumu?

Bu axmaqlıq olardı…

Həyatı insan məntiqiylə anlamağa çalışmaq faydasızdı. Əksinə, insan öz məntiqini həyatın məntiqinə kökləməlidi. İnsansa həyatı öz məntiqinə uydurmağa çalışır. Yaxşı olardı insan özü həyatın məntiqinə uysun.

Günlərin birində məntiqi, rasionallığı bir tərəfə qoyub təbiəti dinləmək məqamı gəlir. Mən bunu anlayışın ən yüksək həddi adlandırıram. Ancaq bu anlayış fərqlidi. Onu hiss edirsən, yaşayırsan, ruhundan keçirirsən, sözə çevirə bilmirsən. Bu anlayış ifadə olunmur, oluna bilməz. Kişi sirdi, qadın sirdi, heyvanlar sirdi, təbiət sirdi, bizi əhatə edən hər nə varsa sirdi. Bi­zim bu sirri açmaq üçün göstərdiyimiz bütün çabalar boşunadı.

Bir əhvalatı xatırladım. Kişi oyuncaq dükanından oğluna nəsə almaq istəyir. Riyaziyyatçı olduğu üçün dükançı ona ayrı-ayrı hissələrdən ibarət olan qur­aşdırmaq üçün tapmaca şəkil verir. Bu əməllicə baş­sındıran bir oyun olur. Kişi ha çalışır, şəkli yığa bilmir. Bütün dükan onu izləyir. Kişi sonunda pərt halda əsəbiləşib dükançıya deyir: “Mən bunu çözə bil­mi­rəmsə, uşaq necə çözəcək?” Dükançı cavab verir: “Bunu heç çözmək lazım deyil. Bu çözmək üçün deyil”. Kişi hirsli-hirsli soruşur: “Çözmək üçün deyilsə, nə üçündü?” “Bu, uşağa həyatı çözmənin mümkün ol­madığını öyrətmək üçündü”.

Həyatdan zövq almaq olar, onu doya-doya yaşamaq olar, əylənmək, sevinmək olar. Həyat adlı sirrin bir hissəsinə çevrilmək olar. Amma həyatı kənardan izləyərək anlamaq olmaz.

Mən heç özüm özümü başa düşə bilmirəm. Mənim üçün ən böyük sirr özüməm. Ancaq sənə bir neçə ipucu verə bilərəm.

Arvadının səndən havayı soruşduqlarını pulla soruşan adama psixiatr deyilir.

Mutluluğun açarı: gülə bilərsən, əylənə bilərsən, zövqdən bayıla bilərsən, sevgidən, ehtirasdan danışa bilərsən, ancaq gerçək ekstazı o zaman yaşayarsan ki, bütün bunlardan sonra açarlarını itirməyəsən.

Qadın öncə kişinin hücumlarının qarşısını alır, sonra onu geri çəkilməyə qoymur.

Qadını dəyişmək istəyirsənsə, onunla hər şeydə razılaş, qadını anlamaq istəyirsənsə, o danışanda diqqətlə üzünə bax, ancaq dinləmə…

Küçədə bir qadın polisə yaxınlaşıb deyir: “O kişini görürsüz? O mənim əsəblərimlə oynayır”. Polis cavab verir: “Axı mən bayaqdan fikir verirəm, o kişi sizə tərəf heç baxmır”. Qadın deyir: “Məni də elə bu əsəbiləşdirir”.

Romantik bir gənc yataqdakı gözələ baxıb soruşur: “Mən sənin ilkinəm?”

Qadın bir anlıq fikrə gedib deyir: “Ola bilər, yaddaşım zəifdi, adamların üzünü xatırlamıram”.

Hər şey sirlidi: Həyatı anlamağa çalışmaqdansa, yaxşısı, həyatdan zövq almaqdı. Sonucda həyatı anlamağa çalışan adam axmağa çevrilir. Həyatı ləzzətlə yaşayan adamsa müdrikləşir, bütün sirlərin, gizlinlərin dərinliyinə vara bilir.

Möhtəşəmlik ondadı ki, gizlinlərin açması yoxdu. Hər şey sirli və möcüzəvidi.

Bu mənim üçün dinin başlanğıcıdı.

(The Great Pilgrimage: From Here to Here)

Kişiylə qadının gerçək fərqini izah elə, lütfən.

Kişiylə qadın arasındakı fərq min illər ərzində mövcud olan şərtlər əsasında yaranıb. Bu fərqlər təbiətdə xüsusi bir məna ifadə etmir. Ancaq bəzi detallar var ki, onları sadalamaq çətin olmaz.

Birincisi odur ki, kişidən fərqli olaraq qadın dünyaya insan gətirir. Bu məsələdə kişi donordu və donorluğu da onun qadın üzərində dominantlıq eləməsinə şərait yaradıb. Kişinin natamamlıq kompleksi bunda özünü göstərir: O, hər an önəmli olduğunu sübut eləməyə çalışır, özünü və bütün dünyanı aldadır. Kişi daha üstün olduğunu göstərə bilmək üçün əsrlərcə qa­dın istedadını, dühasını, bacarığını batırmağa çalışıb. Hamiləlik dönəmində – doqquz ay, qadının zəifləməsi, qayğıya və dəstəyə ehtiyacının olması kişiyə estafeti əlinə almağa imkan verib. Ancaq bu fizioloji mə­sələdi. Bunun heç bir mənəvi yanı yoxdu.

Kişilər qadının bu köməksiz durumundan ən iyrənc şəkildə istifadə ediblər.

Kişi qadın psixikasını əzişdirib, onu aldadıb, onu zəif olduğuna inandırıb. Qadını dünya masştabında ikinci dərəcəli varlıq elan edib. Səbəbsə, kişinin fiziki gücüdü, muskulu, əzələsidi. Muskulsa mənəvi yükü ol­mayan, vəhşilik və yabanılıq əlamətidi.

Əgər fiziki güc nəsə doğrudan da önəmli bir anlam da­şıyırsa, onda istənilən vəhşi heyvan hamıdan üstün sayıla bilər.

Bütün hallarda kişi və qadın arasında gerçək fərqlər var və biz bunu araşdırmağa çalışacağıq.

Birinci fərq mənə görə, qadının kişiyə nisbətən daha dərin hisslər yaşamaq bacarığıdı. Kişi sevgisi qadınla müqayisədə daha çox fiziki tələbata yaxındı. Qadın sevgisi daha yüksək, daha dərindi. Qadın sevgisi ruhsaldı, zəngindi.

Kişi bütün dünyanı əlinə alsa da yetinməz. Qadınsa bircə kişiylə çox mutlu və tox ola bilər, yetinər. Qadının kişiyə münasibəti təkcə bir kişiyə olan ehtiyac deyil. Qadın həm də kişisilə qürur duymaq, onu yüksəlişə gedən yolda qazandığı bir uğur kimi dəyərləndirmək istəyir. Seksual baxımdan da kişi qadından zəifdi.

O, bir seks zamanı yalnız bir dəfə orqazma çata bilir. Qadın belə deyil. Əgər normal seksual yaxınlıqdısa qadın dəfələrlə orqazm yaşaya bilir. Qadının bircə yeri yox, bütün bədəni seksualdı. Kişidə isə seksuallıq ancaq bir yerlə, bir orqanla bağlıdı.

Problem ondadı ki, qadın bədəni hazırlıq dönəminə ehtiyac duyur. Kişinin belə bir sorunu yoxdu, həmən ha­zırdı. Kişi tarix boyu qadını öz ehtirasını soyutmaq üçün maşın kimi istifadə edib. İntim ilişkidən sonra böyrü üstə çevrilib yatıb. Seksuallığın bərpası, ehtirasın ödənməsi yaxşı yuxu gətirir. Kişi rahatlanır, boşalır, gərginliyi keçir. Hər qadınsa bundan kövrəlir, ağlayır. Qadını incidir bu. Özünü istifadə olunmuş hiss edir. Həyatda ən ikrah doğurucu kiminsə səndən maşın kimi, predmet kimi yararlandığını hiss etməkdi. Ey­bəcər hissdi. Qadın bu cür münasibəti kişiyə bağışlamır.

Buna görə də gərək qadının könlünü almağı öyrənəsiz, çevrilib yatmayasız. Kişi əzizləməyi, tumarlamağı, prelyudiyanı öyrənməlidi, yatmağa tələsməyin.

İntim görüşlər üçün xüsusi yer seçmək vacibdi. Sevgi məbədi, ilahi bir təmizliyi olan məkan, işığı göz qa­maşdırmayan, şam işığında sevişəcəyiniz bir yer…

İlahiliyi paylaşmaq üçün sevinclə, çox yaxşı əhvalda yaxınlaşmaq lazımdı qadına. Çox olur ki, seksdən öncə kişiylə qadın dalaşır. Bu sevgini zəhərləyir.

Sevişmək birgünlük, bir neçə saatlıq da olsa atəşi söndürmək, savaşı dayandırmaqdı. Əks halda bu, sa­dəcə, yalandı, rüşvətdi.

Kişi sekslə bir rəssam kimi məşğul olmalıdı. Sənət əsəri yaradan, ilhamı gələn bir şair, bir bəstəkar kimi…

Qadın bədəninə musiqi aləti kimi yanaşmaq lazımdı; onsuz da belədi.

Kişi sevinc hissi yaşayanda seks onun üçün yuxu dər­manı, idman, rahatlanmaq üçün vasitə yox, sevgi oyunu olacaq. Qadınla birgə, sevgi məbədinin hər titrə­yişində, hər tərpənişində rəqs etdiyini sanacaq, qut­sal bir sevinc paylaşılacaq. Sevgi gündəlik, adi bir vər­­dişə yox, ilahi bir nəsnəyə çevrilməlidi. Bu ruhsal yük­səlişin başlanğıcıdı.

Sevgidə zor ola bilməz. Sevgidə tamamən heç bir cəhd, heç bir ağıl hadisəsi ola bilməz. Sevgi azadlıqdı, ağıldan çox yuxarıda, kənarda olan bir sevincdi. Rəqs edirsən, mahnı oxuyursan, ruhun göylərə qalxır, ayaq­ların yerdən üzülür.

Sevgidə zorakılıq ola bilməz, bu iyrəncdi. Məcburi sevgi olmur.

Kişinin üstdə olduğu poza “missioner poza” adlanır. Batıda (şərqdə) bunun eybəcərliyini çoxdan qəbul ediblər. Şərqdə həmişə əksinə olub. Qadın üstdə olub.

Kişinin ağırlığı altında qalan qadın hərəkət edə bilmir. Yalnız kişi bir neçə saniyə hərəkət edir və hər şey bitir. Qadına qalansa göz yaşı olur, təəssüf və doymazlıq olur. Qadın seksdə heç bir iştirakı olmadan partnyorluq edir. Onu, sadəcə, qullanırlar bu pozada.

Qadın üstdə olanda daha hərəkətli, daha mobil olur. Kişiylə eyni tempi saxlaya bilir və bu o deməkdi ki, orqazm ikisində də eyni vaxtda ola bilər. Bu gözəldi. Sevişmənin ən gözəl məqamı partnyorların eyni anda orqazm yaşamasıdı.

Bu zaman sərhədsiz bir hiss yaşanır.

Dünya unudulur, bədən unudulur. İkisi də tama­mi­lə yeni, daha öncə heç görmədikləri, tanımadıqları bir qata düşürlər.

Qadın dəfələrlə orqazm yaşaya bilər. Buna görə də kişi mümkün qədər sakit davranmalı, tələsmədən se­viş­məlidi.

Kişi bacardığı qədər rahat, təmkinli, gərginlikdən uzaq olanda qadın orqazma çata bilir. Qadın ehtirasının pik nöqtəsində hər ikisi o möhtəşəm anı eyni vaxtda, bir-birini hiss edərək, sevə-sevə yaşaya bilər. Bu, sa­dəcə, anlayış məsələsidi. Kişi bunu başa düşməlidi.

Bu fərqlər çox doğaldı. Bunun mövhumatla heç bir əlaqəsi yoxdu.

Başqa fərqlər də var. Qadın kişidən ruhsaldı, təm­kin­lidi, gözləməyi bacarandı, dözümlüdü. Çox güman ki, bütün bunlara görə qadında xəstəliklərə qarşı daya­nıq­lıq inkişaf edir. Ona görə də qadınlar kişilərdən çox ya­şayırlar. Var-gəl etməməsilə, zərifliyilə qadın kişini mü­kəmməl şəkildə tamamlayır. Qadın kişi üçün rahat at­mosfer və sakitlik, dinclik yarada bilər. Ancaq kişi qorxur. İstəmir qadın onu istilik və rahatlıqla əhatə etsin.

Qorxur ki, azadlığını itirər, asılı vəziyyətə düşər. Buna görə də əsrlər boyu kişi qadını özündən aralı sax­layıb. O, qəlbinin dərinliyində qadının təbiət üçün daha önəmli varlıq olduğunu bilir. Təbiət məhz onu – kişini yox, qadını insan nəslinin artırılması üçün seçib.

Reproduktiv məsələlərdə kişinin rolu sıfıra bə­ra­bər­di. Buna görə də kişi qadının qol-qanadını kəsib. O, bütün mümkün vasitələrə əl atıb – aşağılayıb, qınayıb, qadağalar qoyub. Kişi qadına həmişə ev heyvanı kimi yanaşıb, hətta daha betər.

Çində uzun zaman hesab ediblər ki, qadının ruhu yoxdu. Kişi öz arvadını istəsə öldürə bilərdi və ta­ma­mi­lə cəzasız qalardı. Çünki qadın onun malı-mülkü sa­yılırdı.

Qadın üçün ən böyük təhqir onun ruhsuz olduğunu bəyan eləməkdi.

Kişi qadını təhsil almaqdan da məhrum edib. Onu özün­dən asılı vəziyyətə salıb.

Qadına aktiv həyat tərzi sürməyi qadağan edib. Çünki onun azadlığı kişi üçün təhlükə yaradır. Qadın həmən cəmiyyətdə önə çıxır, yer tutur, önəmli söz sahibi olur. Müsəlman qadını üzünü örtməlidi ki, ərindən başqa bir kimsə onun gözəlliyini, gözlərinin dərinliyini, anlamını görə bilməsin. İnduizmdə (yəhudi dini) qadın ərindən sonra həmən ölməlidi. Necə böyük qısqanclıq!

Ömrün boyu ona sahib olmusan. Ölümündən sonra da olmaq istəyirsən.

Bilirsən ki, ecazkardı, səndən sonra həyatında yeni biri ola bilər, hətta səndən daha ləyaqətli, daha üstün biri ola bilər. Buna dözə bilmirsən. Elə dəhşətli eqoistsən ki, özün haqda öləndən sonra da dü­şü­nür­sən. Qadının duyğuları, ürəyi, həyatı sənin üçün ta­ma­milə anlamsız bir şeydi.

Buna görə də sati sistemi uzun illər qüvvədə qaldı. (Sati – iudaizmdə adət. İnanca görə, əri öləndə qadın da ölməliydi. Buna görə də qadın xüsusi tonqalda diri-diri yandırılırdı) Təxəyyül satidən daha iyrənc bir mən­zərə yarada bilməzdi.

Belə cəmiyyətdə qadına yer yoxdu. Çünki bu cə­miy­yəti kişi qurub. Kişi hədsiz eqoist olduğu üçün mən onu şovinist adlandırıram.

Qadının unikal bir bacarığı var. Əgər kişi intellektual sferanı ələ alıbsa, qadın da sevgiyə sahibdi. Bu o de­mək deyil ki, qadın intellektual ola bilməz, elə deyil. Ona imkan versən çox da intellektual olar. Sadəcə, tarix boyu buna imkan yaradılmayıb. Sevmək bacarığını isə təbiət doğuşdan ona verir.

Qadın və kişi bir arfanın iki simidi. Onlar ayrı düşəndə ikisi də əzab çəkir.

Bu anlaşılmazlıq onları düşmənə çevirir, qəzəb­ləndirir.

Bir-birindən qisas almağa başlayırlar.

İlişkilərdə qadının rolunu olduğundan artıq də­yər­ləndirmək də lazım deyil. Qadının rolu necə varsa elə gözəldi. Qadın kişiyə taydı. Eynən başqa bir kişi kimi. Onun unikal keyfiyyətləri kişiyə mütləq lazımdı. Pul və nüfuz qazanmaq yetərli deyil. Önəmli olan isti, mehriban bir yuvadı. Qadın kişini bununla təmin edə bilir.

Qadın kişinin yuvasıdı.

Qadın istənilən evi rahat bir ocağa çevirə bilər. Ki­şi­yə dinclik gətirəcək hər cür şərait yarada bilər. Onu ca­vanlaşdıra bilər, gərginliyini yox edər.

Upanişadlar (upanişad – qədim hind fəlsəfi-dini traktatı, vedlərə və induizmin müqəddəs yazılarının şruti kateqoriyasına aiddi) yeni evlilərə qəribə bir üsul tətbiq edirlər. Cütlük xeyir-dua üçün Upanişad yozumçusunun yanına gedir. O deyir: “Ümid edirəm ki, sənin on uşağın olacaq. Ərinsə sənin on birinci uşağın sayılacaq. Çünki ərinə analıq edə bilməsən yaxşı qa­dınlıq da edə bilməyəcəksən”. Qəribə sözlərdi, ancaq yeni psixologiya üçün açar ola biləcək sözlərdi: Hər kişi qadında öz anasını axtarır, hər qadın kişidə ata­sını axtarır.

Buna görə də izdivaclarda sorunlar yaşanır. Çünki izdivacda ana, ya da ata tapmaq mümkün deyil. Sən anan olacaq qadınla evlənməmisən, sevgili, xanımın olmaq istəyən bir qadınla evlənmisən.

Qadının quruluşu belədi: Onda analıq instinkti var.

Atalıq institutu isə uydurmadı. Alimlər eksperiment aparıblar. Yeni doğulan körpələri anasız bir mühitdə tam təminat və qayğıyla böyütməyə çalışıblar. Nəticə göstərib ki, uşaqların çoxu normal inkişaf edə bilmir. Körpəyə ana bədəninin istisi lazımdı, ana nəfəsi lazımdı. Əks halda bəbək xəstələnəcək və tələf olacaq.

Kişi qadının yanında özünü aşağılanmış, əzilmiş hiss etməli deyil, heç bir halda.

Kişi öz üstünlüyünü sübut etməli deyil. Buna ehtiyac yoxdu. Onlar arasında heç bir fərq yoxdu. Bu, süni fərqdi. Onlar bir yerdə möhtəşəmdilər.

Hər ikisi eyni dərəcədə insandı. Hər ikisi insandı.

Onların bir-birinə ehtiyacı var.

Sənə vurulan qadın səni ilhamlandıra bilər, yaradıcı nəfəsini açar, səni cuşa gətirər, yaratmaq, qurmaq istəyərsən. Səni elə bir ruh yüksəkliyinə qaldırar ki, özünü gümrah, xoşbəxt, hər şeyə qadir hiss edərsən. Qadına, sadəcə, sevgi lazımdı. O, sevgi istəyir.

Kişi və qadın arasındakı fərqləri qorumaq lazımdı. Ancaq bir-birini incitmək, üzmək üçün yox, bir-birini anlamaq və dəstəkləmək üçün. Mən istərdim kişiylə qadın bir varlığa, bir tamlığa çevrilsin, bir-birinə hopsun, qarışsın və eyni zamanda ikisi də tamamilə azad olsun. Sevgi məhbəs deyil axı, sevgi azadlıqdı, sərhədsizlikdi.

Planetdə yaşayan insanların yarısının – qadınların, özlərini tamamilə ifadə etmək üçün imkanları olmayıb. Onların enerjiləri özlərində, içlərində qalıb. Bu enerji dünya üçün çox əhəmiyyətlidi. Bu enerji üzə çıxsa, dünyaya yayılsa, Yer üzü güllü-çiçəkli cənnətə dönər.

Qadın içindəki potensialı tapıb onu inkişaf et­dir­mə­lidi. Bu zaman onu gözəl gələcək gözləyir. Kişiylə qa­dını tutuşdurmaq olmaz. Onlar unikaldılar. İki unikal varlığın görüşməsi möcüzə yarada bilər.

(The Sword and the Lotus)

ONUN HEKAYƏSİ

Cübran Xəlilin “Peyğəmbər” əsərində qadın əl-Mus­­tafadan ağrı haqda soruşur. Əsərin həmin parçasına yorum verə bilərsənmi?

Və qadın soruşur əl-Mustafadan:

– Bizə ağrı haqda danışa bilərsənmi?

əl-Mustafa deyir:

– Ağrı düşüncə qabığını qırır. Necə ki, çəyirdəyi götürmək üçün qabığını qırmalısan, eləcə də ağrı olmalıdı ki, düşüncənizin özəyi gün işığına çıxsın.

Əgər siz gündəlik həyatda gözlənilməz şeylərə, möcüzələrə bu qədər heyrətlənməsəydiz, qəribə hallara şaşırmasaydız onda ağrını da sevinc kimi rahat qəbul edərdiz.

İlin fəsillərini rahat qəbul elədiyiniz kimi ürəyinizin də fəsillərini qəbul edərdiz. Və sakitcə qışı izləyərdiz…

Ağrıları çox adam özü seçir.

Bu həkimin sizin xəstə mənliyinizə yeritdiyi acı dərmandı. Həkimə inanın və sükut içində, rahatlıqla bu dərmanı için: çünki əli ağır və sərt olsa da bu dərmanı sizə qayğıkeş gözəgörünməz göndərir.

Dodağınızı yandıran bu camı dulusçu gildən və müqəddəs göz yaşlarından düzəldib…

Mənə elə gəlir, hətta Cübran Xəlil kimi masştablı adam da artıq çox dərinə kök salmış kişi şovinizmindən qurtula bilmirdi.

Bunu ona görə deyirəm ki, əl-Mustafa çox şeydə haqlı olsa da, incə bir məqam var ki, orda yanlışlığa yol verir. Sualı kimin verdiyini nəzərə almır. Sualı qadın verir, əl-Mustafasa başqa şeylərdən danışır, ətraflı cavab verir. Min illər boyu qadının payına düşən ağrı və əzabların kişi əzablarından çox-çox başqa olduğu haqda heç düşünmür.

Əl-Mustafa ümumi cavablar verir. Qadın ağrısıyla bağlı suala dəqiq cavab verilməyənə qədər bu sual ha­vada qalacaq və bu ağrıya çarə tapılmayacaq. Əl-Mustafa akademik, fəlsəfi izahatlar verir. Buna gərək yoxdu.

Əl-Mustafa kişinin qadına yaşatdığı acılara aydınlıq gətirmir. Hətta bu məsələyə heç toxunmur. Əksinə, siyasilərin və dindarların həmişə elədiyi işi görür, tə­səlli verir.

Ancaq təsəlli həqiqəti əvəz edə bilməz.

“Və qadın soruşdu…”

Qəribə deyilmi bir yığın adamın içindən ağrı haqda sualı yalnız qadının verməsi?..

Bu təsadüf ola bilərmi? Yox, əlbəttə yox! Qadının “ağrı haqda danış” deməsi heç bir halda təsadüf ola bilməz.

Yalnız qadın bilir nə qədər zərbə aldığını, yalnız qa­dın bilir necə dərin yaralandığını, yalnız qadın bilir neçə dəfə sındığını… necə ağrıdığını…

Heç bir kişi insan qürurunun, ləyaqətinin necə ama­nsızcasına aşağılana biləcəyini qadın qədər hiss et­məyib.

Heç bir kişi bunu qadın qədər yaşamayıb.

– Əl-Mustafa deyir: Ağrı düşüncə qabığını qırır. Necə ki, çəyirdəyi götürmək üçün qabığını qırmalısan, eləcə də ağrı olmalıdı ki, düşüncənizin özəyi gün işığına çıxsın.

Çox zəif bir cavabdı. O qədər zəifdi ki, Cübran Xəlilin yerinə mən utanıram. İstənilən sərsəm bunu deyə bilər. “Ağrı düşüncənin qabığını qırır”: Yox bir!

Çox ənənəvi cavabdı. Cübrana yaraşmayan cavabdı. Bu sözlərin müəllifi ağrıya haqq qazandırır. Guya belə də olmalıdı, insan ağrımalıdı. Bu tryuizmdi (tryuizm – bayağı, kütləvi həqiqətlər), bunda gerçək yoxdu.

Bu faktın çılpaq konstatasiyasıdı: Toxum sınaqdan keçməlidi, guya toxum əzablardan keçib məhv olmasa yeni ağac bitməyəcək, çiçək açmayacaq. Bəs kim o fədakar toxumu xatırlayacaq? Özünü yeni, nə olacağı hələ bilinməyən bitki üçün qurban verdiyini kim biləcək?

Eyni hal ağrı qabığı parçalayıb özəyi üzə çıxaranda da baş verir. Sözsüz ki, ağrıların da bəzən müsbət tə­siri olur. Səni bir dəfə ağrıdan nədisə ikinci dəfə ondan kənar dayanmağa çalışırsan. Bir ağrıda bir az bö­yüyürsən-filan. Ancaq qabıq məsələsi nə deməkdi? Bununla şairlər çarmıxdan canlarını qurtara biliblər. Bu qabıq onların düşüncəsinin qarşısını kəsməklə on­ları ölümdən xilas edib həm də. O, bunu izah eləməliydi.

Düşüncə çanağı – düşüncənin qarşısını kəsən örtük, qabıq, hər nə deyirsənsə, insan beyninə dolduru­lan axmaq bilgilər, tərbiyə, öhdəliklər, asılılıqlar və sairədi. Cəmiyyətin, ailənin, təhsilin yüklədiyi qaydalardı. Ancaq Cübran bu haqda bir kəlmə də yazmayıb.

Qautama Budda kişiydi. Onun öyrətmənləri də ki­şi­lər idi. Maxakaşyapa, Sariputta, Moqalayan. Doğrudanmı bir qadını həmin düşüncə yüksəkliyinə çatdırmaq olmazdı?

Ancaq Qautama Budda özü bunu istəmirdi. Sanki qadınlar yarımadamdılar. O deyirdi, qoy əvvəlcə adam olsunlar, sonra. Budda qadınları adam saymırdı.

Budda iddia edirdi ki, kişi hər yerə açılan yol ayırıcıdı: Aydınlanmaya, tam bir azadlığa aparan qovşaqdı.

Qadın haqda heç kəlmə də kəsilmirdi. Qadın qaranlıq küçədi, heç vaxt, heç kimin işıqlandırmaq istə­mə­diyi bir küçə. Heç bir dövlətin işıqlandırmayacağı bir lazımsız yer.

Kişi supertrasdı. Qadın əvvəlcə həmin trasa gir­mə­li­di, orda kişiyə çevrilib, kişidə doğulmalıdı, bundan sonra onun nəzəri olaraq bir insan kimi işıqlanmaq, ay­­dınlanmaq haqqı ola bilər.

Əl-Mustafa bir faktı diqqətdən kənarda qoyub. Qadınlar kişilərdən fərqli olaraq uşaq kimi qalırlar. Qadın içində hələ də uşaqdı, məsumdu və çox şeyi bilmir. Bu bilgisizlik ona gözəllik qatır. Kişi qadına çox şey öyrənməyə imkan verməyib.

Qadın daha çox evi necə yığışdırırlar, yeməyi necə bişirirlər, uşağa necə baxırlar – bunları bilir. Bunları öy­rənməyə ona heç kim mane olmayıb. Əksinə, belə işlərlə uğraşmağa gen-bol şərait yaradılıb. Bütün bu qayğılar qadının üstünə atılıb.

Buna görə də nə vaxt yanıma qadın gəlsə, məni çox böyük həvəslə, sevgiylə, diqqətlə dinləyib. Ancaq ilk dəfə yanıma gələn kişilərdə başqa cür olur.

Onlar təpgi verirlər, etiraz edirlər, razılaşmırlar, əzil­məkdən qorxurlar, özlərini gücsüz, axmaq hiss elə­məkdən qorxurlar.

Adətən belə deyirlər: “Mən bunları bilirəm. Burda qeyri-adi heç nə yoxdu”.

Bu özünü qoruma instinktidi. Öz çanağını qorumaq çabasıdı.

Bu çanaq sınmayınca sənin doğruları görmək şansın sıfıra bərabərdi, mümkünsüzdü. Sənin ayılmaq, sağ­lam düşünmək imkanın ancaq həmin çanaq parça­la­nandan sonra olacaq.

Qadınsa əksinə, dinləyir. Onun gözlərində qığılcımları görmək mümkündü. Maraqdan gözləri parıldayır.

“Peyğəmbər” əsərində ən yaxşı sualları qadınlar verir. Sevgi haqda, ailə haqda, uşaq haqda, ağrı haq­da. Nə Tanrı, nə fəlsəfə, nə həyatın sirləri haqda. Qadı­nın sual­ları çox sadə görünə bilər. Əslində, çox ciddi və çox önəmli suallardı. Bu suallar həllini tapmayın­ca, onu cavablandıran olmayınca dünya düzənə düş­mə­yəcək.

Əl-Mustafa elə cavab verir, sanki sualı hansısa bir “X” verib. Mən həmişə demişəm ki, sual əslində sualı verən adamın özü deməkdi. Sualın məzmunu sualı verən adamla bağlıdı. Müəllifi kənara qoyub sualı har­dansa ortaya çıxan bir problem kimi çözmək yanlışdı. Kim soruşur? Bu çox önəmlidi.

Qadın ağrıları… bu önəmli məsələdi. Bunu çözmək lazım idi.

Hər şeydən əvvəl qadın sürəkli hamilə olmaqdan əzab çəkir. Bətnində böyüyən körpə ona rahat yaşamağa imkan vermir. Ürəyi bulanır, gərgin olur, rahat­lı­ğı pozulur, nə yemək yeyə bilir, nə istədiyi kimi hərəkət edə bilir.

Doqquz ay qadın üçün ölümə bərabər olur. Doğuşdan sonra qadına bərpa olunmaq, özünə gəlmək üçün uzun zaman lazım gəlir. Ancaq bu zaman keçməmiş kişi yeni bir uşaq istəyir. Sanki qadın nəsil artırma fabrikidi.

Bu halda kişi nə iş görür? Neynir kişi? Doqquz ay qadının çəkdiklərini çəkmir, doğuşdakı sancıları, əziyyəti yaşamır. Ancaq öz genini davam elətdirmək və bir də seksual həzz almaq üçün qadından istifadə edir.

Bununla belə, dilini dinc də qoymur. “Səni sevirəm” deməyə utanmır.

Qadınla ev heyvanı kimi davranır.

“Ürəyinizdəki fəsilləri də ilin fəsilləri kimi rahat qəbul eləsəz, hər şey yaxşı olar”. Deyilişdə çox gözəl səs­­lənir. Ancaq tamamilə doğrudu demək olmaz buna.

Fəlsəfi iddia kimi doğrudu. Sorunlardan kənar bir fikir kimi doğrudu. Ancaq reallığı əks etdirən bir fikir kimi yanlışdı.

İstənilən olayı olduğu kimi qəbul edəndə bu adamı sa­kitləşdirir, dincəldir.

Çox da narahat olmursan, bilirsən bu da keçəcək. Ancaq qadında vəziyyət başqadı.

Həmişə bir fəsil yaşayır. Qadının həyatı gerçəkdən ağırdı.

Düzdü, inkişaf etmiş ölkələrdə qadının durumu xey­li yaxşıdı, ncaq əhalisinin səksən faizi kənddə-kə­sək­də yaşayan Hindistanda qadının həyatı dəhşətlidi. Yü­zillər boyu onun həyatı dəyişmir. “Ağrı lazımlıdı” mə­sələsini qadına tətbiq etsək, belə bir sonuc çıxar: “Kişinin sənə elədiklərini qəbul et, bütün ağrılara döz, onun səni köləyə çevirməsiylə razılaş”.

Əl-Mustafa nəsə bu məsələyə heç fikir vermir. Bəli, fəsillər bir-birini əvəz edir və insan fəsil dəyişikliyini qəbul edə bilər. Ancaq on min illik köləliyin ağrılarıyla razılaş deyib, bunu necə və nəylə əsaslandıracaqsan?

Qadına üsyankarlıq lazımdı, razılaşmaq yox.

Kişi dünyanın ən şəhvətli məxluqudu. Heyvanlar ilin müəyyən vaxtlarında cütləşmək istəyirlər. Bir mövsüm olur ki, heyvanlarda ehtiras yaranır. Bəzən gün­lərlə, həftəylə, bəzən bir ay, iki ay davam edir, vəs­sa­lam! Daha sonra onlarda vəhşi istək baş qaldırmır.

Buna görə də heyvanların çoxalma təhlükəsi yaran­mır. Yalnız insan il boyu seksual aktivlikdə olur. Hələ-hələ bu amerikalıdısa, günün istənilən vaxtı hazır və­ziy­yətdədi. Və sən istəyirsən ki, qadın ağrını qəbul eləsin?

Qadın, mən səndən ağrıları qəbul etməyi istəyə bil­mə­rəm.

Sənə inqilab lazımdı. Sən çevriliş eləməlisən.

“…sakitcə qışı izləyərdiz”.

Niyə? Niyə dəyişmək mümkün olduğu halda baxa-baxa qalasan?

Qarşı çıx! Nə olursa olsun, qarşı çıx! Fəsillərə, ki­şi­lərə, ağrılara qarşı çıx!

Kim olursa olsun, istəyir kişi olsun, istəyir qadın, pro­fessor, ya da dindar, ata, ya ana, cəmiyyət, ya da ha­kimiyyət, qarşı çıx, əzablara qarşı çıx, qadın!

İnsanın üsyankarlığı yoxdusa, onu tam bir varlıq hesab etmək olmaz.

İnsanın acıları daha çox kənarla bağlıdı, daha çox kə­nardan gələn şeylərdi.

Kənar ağrılara qarşı çıx. Özgələrdən gələn sarsıntılara qarşı dayan.

İzləmək lazım deyil. Təpgi göstər, itələ, dışla.

Bunu anlamaq lazımdı: “Bütün bu əzabları özüm-özü­mə sırımışam”. Bununla da əzablardan qurtulacaqsan. Qoy hər kəs sənin özünü necə qoruduğunu görsün.

Qısqanclıq, kin, kədər bunlar üzücüdü. Ambisiya­lar da üzücüdü. Bunlar kənardan gəlmir. Bunlar içə­ri­dən gəlir.

“Bu, xəstə mənliyinizə həkimin yeritdiyi zəhərli dər­mandı”.

Unutma! Bu həkim hər kimdisə, ərin, hakimiyyət, cə­miyyət səni sağaltmaq istəmir, əksinə, məhv edir. Çünki insan zəif olduqca onu idarə etmək asandı.

Müşahidə elə. Gör həqiqi həkim kimdi. Kimdi səni gerçəkdən sağaltmaq istəyən?

Zamanla sağaldıqca, təbiəti izlədikcə görəcəksən ki, həqiqətən səni sağaldan nədi.

Ancaq təbii doktorla saxta doktoru ayırmağı bacar, ara­larına dəqiq sədd çək.

Doğal olanı, üstünə gəlməyəni qəbul et, fikir çəkmə.

“Dodağınızı yandıran bu camı gözəgörünməz gil­dən və müqəddəs göz yaşlarından düzəldib”.

Əlbəttə, doğal olan nə varsa qəbul elə, qarşıla, barış, amma süni qarışığa, süni müdaxiləyə göz yumma. Səni gözəgörünməz “ilahi əl” sağaltmaq istəyir.

O, səni qavrayışın, dərketmənin ən yüksək pilləsinə qal­dırmaq istəyir.

Qaldı ki saxta, yalançı, qondarma müdaxiləyə susub boyun əyməyə, bu, ruhunu darmadağın etməkdi. Bu, ancaq kölələrin işidi. Ömrü kölə olaraq yaşamaq­dan­sa, ölmək yaxşıdı.

(The Messiah)

Qadınları zorlayan, incidən, aşağılayan, alçaldan kişilər məndə bu cinsə qarşı bütünlüklə nifrət, öc al­maq istəyi, acıq, kin yaradıb və bu duyğu olduqca də­rinə kök salıb. Görünür, bu duyğu bir çox insanın ya­şantılarından ötürülüb mənə.

Lütfən, içimdə olan, yaşamağa imkan verməyən bu ifritədən məni xilas elə.

Tərcüməçidən: Bu hissədə kiçik arayışa gərək yaranır. Gü­man ki, Osho burda ingiliscədə “witch” – türkcə mənası “ca­dugər” olan sözün etnik və kulturoloji izahını verib. Rus­cada tərcüməçi onu “vedma” kimi çevirib izah edir. Biz türkcə anlam verməyə çalışacağıq. Öncə “ifritə” sözünü açmağa çalışaq.

İfrit – ərəbcədə “sözə qulaq asmayan, üsyan edən” mə­na­sını verir. Dini kitablarda, folklorda “ara qarışdıran” kimi təqdim olunur. Etiraz edən, öz ağlı, düşüncəsi olan lə­nət­lənir, dışlanıb, aranı qatan, pis bir varlıq kimi göstərilir.

Türkcədə bu sözün qarşılığı “cadıdı”. Cadı, cadugər çox gü­man ki, “çat” sözündən yaranıb. İstədiyinə çatan, əldə edən, çatdıran və s. kimi mənalara bölünür. Prosesin özünə “cadu” deyilir. Caddə sözü (küçə qovşağı, prospekt) də eyni köklü sözdü. Ünvana çatdıran, mənzil başına çatdıran anlamında olduqca real görünür.

Kitabda söz ruscada “vedma” kimi təqdim olunub və tər­cü­məçi onu belə izah edir:

Vedma, “vedunya” – “öncül, arxasınca aparan, çatdı­ran, ağıllı, qabaqcıl müdrik” mənasını verir. Sonradan mə­na yükü dəyişdirilib.

Oshoya görə bu sözün anlamı xristianlıqda təhrif edilib.

Ağıllı adamlar, özgürlər həmişə cəmiyyət və hakim qüv­vələr üçün təhlükə yaradıblar. Dinin hakim olduğu cə­miy­yət­lərdə zəkası, azadlığı, düşüncəsi ilə parlayan adamlara “vedma”, “cadı”, “ifrit”, “ witch”, kimi “təhlükəli adam” dam­ğası urulub. Osho orta əsrlərdə zəkasıyla seçilən qadınlara cadugər adının verilməsini də eyni məntiqlə izah edir.

Orta əsrlərdə məlum oldu ki, minlərlə qadın yepiskoplardan, kordinallardan, Roma papasından daha ağıl­lıdı. Onlar həyatı necə transformasiya eləmək lazım olduğunu bilirdilər. Onlar gücü seksual enerjidən və sevgidən alırdılar. Qadın üçün bunu eləmək daha asan­dı. Çünki qadın anadı, həmişə də ana olaraq qalır. Hətta balaca qız olanda belə analıq instinktini daşıyır.

Analıq hissi yaşla bağlı deyil. Qadın doğuşdan bu hissin daşıyıcısıdı. Transformasiya güclü sevgi və olduqca həssas enerji ötürülməsiylə baş verir. Qadının bu bacarığı xristianlığa meydan oxumaq idi. Xristianlıq bunun qarşısına heç nəylə çıxa bilmirdi. Amma onun hakimiyyəti vardı.

Və bu, kişilərin hakimiyyəti idi. Hakimiyyət qərar verdi: “Cadugər qadınları məhv edilsin!” Amma necə? Bunun üçün xüsusi məhkəmə sistemi yaradıldı. Qadını tutub işgəncə verərək cadugərliyi boynuna qoyurdular.

Qadın cadugərliyi boynuna alana qədər işgəncə da­vam edirdi.

Xristian teologiyasına görə, cadugər şeytanla seksual ilişkisi olan qadın idi.

Nəsə heç indi belə bir hal baş vermir, heç bir qadın şeytanla intim yaxınlıq eləmir. Ya şeytan xristian mo­naxına çevrilib, ya da nikahdankənar ilişki yasağını qəbul edib. Yoxsa indi niyə belə hallar olmur? Min­lər­lə qadınla ilişki yaşayan kim idi görəsən? Və bu qadınların əksəri gənc yaşda deyildi. Çox qəribə bir işdi. Ətrafda bu qədər cavan, gözəl qız olduğu halda şeytanın yetkin qadınlara niyə tamahı düşürdü? Yəqin təc­rü­bəli qadın istəyirmiş.

“Cadugər” olmaq üçün həyat bilgisi, hazırlıq lazım idi. Qadın müdriklik yaşına çatana qədər kimyagərliyi öy­rənirdi.

Və bu yazıq qadınlara əzab, işgəncə verərək şeytanla sevişdiyini boyunlarına qoyurdular.

İnsana zülm versən, ondan nə istəsən almaq olar. İs­tənilən etirafı dedirtmək olar.

Etirafdan sonra qadın məhkəmədə hakim qarşısında dayanmalıydı. Eyni etirafı orda da eləməliydi. Bun­dan sonra ona cəza kəsilirdi. Şeytanla sevişmək ən böyük günah sayılırdı.

Lap tutaq ki, qadın gerçəkdən də şeytanla, iblislə se­vişirdi. Bunun kimə nə dəxli var? Bu niyə kimisə na­rahat etməlidi?

Bunun nəyi günahdı, kimə zərəri var?

Bu qadının təhlükəli olduğunu nəylə əsaslandırırdı xris­tianlıq?

Hansı haqla onu yandırırdılar?

Heç bir qadının cəsarəti cadugərliyə çatmasın deyə, qa­dını diri-diri yandırıb başqalarına dərs verirdilər. Heç bir qadın seçilməsin, bacarıqlı olmasın, heç bir qa­dın insanların inam yeri, güvən yeri olmasın. Heç bir qadın insanın çıxış yolu, yaxını olmasın.

Çünki bu qadınlar müdrik idilər, kitablar oxuyurdular, metodikalar öyrənirdilər, insan taleyi və situasiyalar haqda düşünürdülər.

Problemləri həll etməyə çalışırdılar. Transformasiya ilə məşğul olurdular. Bildiklərini paylaşırdılar, adamlara yol göstərirdilər.

Onlara inanan çox idi. Bu, dindarlar üçün ən böyük təhlükəydi.

Sənə elə gəlməsin guya cadugər sözü Papa sö­zün­dən pisdi. Əsla! Cadugər Papadan çox-çox yaxşıdı.

Papa müdrik-zad deyil. O, daha çox tutuquşunu xa­tırladır. Onun özündən deyəcək heç nəyi yoxdu. Əz­bərçi və təkrarçıdı.

Çox güman ki, mənə verdiyin bu sual sənin keçmiş həyatında olanlarla bağlıdı. Daha doğrusu, sənin ki­şi­lə­rə qarşı hiss elədiyin nifrət keçmiş həyatınla bağlıdı.

Yara çox dərindi və sağalması çətindi. Ancaq mümkünsüz deyil.

Səninlə kişilər yox, xristianlıq pis davranıb. Şüuraltı yaddaş xristianlığın işgəncələrini unuda bilmir.

Dindarlar ağız dolusu doğrulardan, savablardan, Tanrıdan danışırlar. Bütün bunlar yalandı. Onların doğru haqda heç bir təsəvvürləri yoxdu. Din adam­la­rı dünyanı aldatmağa çalışırlar. İnsan beynini zi­bil­lə­yirlər.

Kişiləri suçlamayın. Dinçilərə qarşı çıxmaq ye­tər­lidi.

İki min ildi xristianlıq insanlığı məhv eləməklə məş­ğuldu.

Allah yolunda, peyğəmbər yolunda, daha bilmirəm nə yolunda insanı məhv edirlər. Ona görə də dindarları qınamaq, onları mühakimə etmək ən doğrusudu. On­lar öldürdükləri insanlara görə cavab verməlidilər.

Bir məqam var! Hər kişi xristian deyil.

Hipnostik seans keçmək pis olmazdı. Ola bilər caduların texnikaları yadına düşər. Onlar kimi hərəkətə keçməyi öyrənərsən.

Dindarlar üçün təhlükə yaratmasaydılar xristianlıq onları məhv etməzdi.

Bu ciddi təhlükə idi. Çünki dinin bunun qarşılığında ortaya qoyacaq bir metodu, alternativi yox idi.

FEMİNİSTİK HƏRƏKAT

Səncə, çağdaş dövrün qadını nəyə gərək duyur?

İllərcə qadını simasız bir yaratığa çeviriblər deyə çir­kinləşib.

İnsanın doğal halı sıxışdırılanda, doyumsuzluq yaşananda, hisslər içdə batıb qalanda ruhu zəhərlənir, ey­bəcərləşir, iflic olur.

İndiki qadın həqiqi qadın deyil. İllərlə zülmə, bas­qı­ya məruz qalan bir cinsin davamçısıdı. Qadın ürəyi dəlmə-deşik olanda təkcə özü yox, kişi də mutsuzlaşır. Çünki kişiyə həyat verən qadındı. İçi darmadağın olan bir varlıq kimi mutlu edə, kimə həyat verə bilər? Təbii olaraq onun övladları da xoşbəxt olmur.

Qadının qurtuluşa ehtiyacı var. Qadın azadlığa gə­rək duyur. Ancaq indi lövhəyə yazılıb vurulan şüara yox, bu gerçək azadlıq deyil, imitasiyadı.

Qadına gerçək azadlıq lazımdı.

Yanıma çox qadın gəlir. Aralarında azadlıq şüarının tərəfdarları, müəllifləri olanlar da var. Təzə-təzə çox aqressiv olurlar. Onları anlayıram.

Bu, sadəcə, qisasdı, adi bir qisas duyğusudu. Bunun azadlığa dəxli yoxdu.

Onlar sağlam düşünə bilmirlər, ağıllarını itirmiş du­rumdadılar.

Vaxt keçdikcə yumşalırlar, sakitləşirlər, özlərinə gə­lirlər.

Qadına oxşamağa başlayırlar.

Gerçək azadlıq qadına qadınlığını qaytarır. Azadlıq – kişini imitasiya eləmək deyil.

Hazırda məhz bu dövr yaşanır. Qadın hər şeydə ki­şiylə ayaqlaşmağa çalışır.

Hər şeydə kişiylə eyni olmaq istəyir və beləliklə, qadın ikinci növ kişiyə çevrilir.

Bu, azadlıq, qurtuluş deyil. Bu, böyük köləlikdi, daha dərin köləlikdi.

Köləlik kənardan sırınanda ondan qurtulmaq olur. Ancaq insan köləliyi öz içində yaradanda, özü özünə sı­rıyanda bunun sonucları ağır olur, insan kimliyini itirir və bu kimliyi geri qaytarmaq çətinləşir.

Qadın özünü bütünlüklə ifadə edə bilməsə, kişi də özünü ifadə edə bilməyəcək.

Qadın azad olmadıqca mübarizə aparacaq. Ancaq bu mübarizə açıq döyüş deyil. Dolayısıdı, gizlindi, qadınsayağıdı. Qadın zərbələr endirəcək, bu yumruq zərbələri deyil. Ağlayacaq, üzüləcək, əzab çəkəcək. Qadının göz yaşları və üzgünlüyü ən güclü kişini də zəiflədəcək. Beləliklə də, kişi bütünlüklə qadından asılı duruma düşəcək. Onlar bir-birini asılı, kölə, bədbəxt edəcəklər.

Nəticə belə olacaq: zərif, incə bir qadın güclü bir kişini dabanaltı edəcək.

Qadını azadlığa buraxmaq lazımdı. Qadın azad olmayınca kişi də azadlığına qovuşmur.

İki azad varlığın bir araya gəlməsindən üstün heç nə yoxdu.

Ən önəmli və fundamental bir faktı yadda saxlamaq lazımdı. Kimisə köləyə çevirən adam sonucda özü də kölədi.

Azadlıq istəyən başqalarına da azadlıq verməlidi, başqalarının azadlığını tanımalıdı.

(The Dhammapada: The Way of the Buddha)

QADIN AZADLIQ HƏRƏKATINA NECƏ BAXIRSAN?

Qadın azadlıq hərəkatı çirkin bir şeydi. Bilirəm ki, bu hərəkatın yaranmasına əsas verən şovinist ki­şi­lərdi.

Qadın qisas almaq istəyir. Bu təbiidi. Onu çox incidiblər.

AMMA! Qisas duyğusu insanı dağıdıcı qüvvəyə çevirir.

Köhnə ağrıları, küskünlükləri xatırlamağa ehtiyac yoxdu.

Bağışlamağı və unutmağı öyrənmək lazımdı. Hə, haq­sızlıq idi, bunu belə də qəbul et, olana çarə yoxdu. Çarə unutmaqdı.

Hə, səninlə pis davranıblar, səni incidiblər. Qisasın bir önəmi varmı?

Qisas almaq istədikcə bir-birinizi incitməyə, izlə­mə­yə, aşağılamağa davam edəcəksiz. Yeni şovinizm yaranacaq – qadın şovinizmi. Bu yaxşı heç nəyə aparıb çıxarmayacaq və savaş bitməyəcək.

Düşünürəm ki, qadına bu qisasdan vaz keçmək, şov­inizmdən uzaq durmaq, bu savaş, qisas halqasından çıxmaq daha asan olar.

Kişi daha aqressivdi, daha qəddardı. Mənim bu mə­sələdə kişiyə heç bir ümidim yoxdu. Mən qadına ümid edirəm. Bu savaşı ancaq qadın durdura bilər.

Buna görə də qadın azadlıq hərəkatının aqressiyasını qəbul etmirəm və dəstəkləmirəm.

Qadın ruhu zəhərli olsa, onun ötürdüyü enerji də, ver­diyi tərbiyə də, hətta ana südü də zəhərli olacaq.

Həyatın problemlərini ancaq sevgiylə yoluna qoymaq olar, nifrətlə bunu eləmək mümkün deyil.

Qadın və kişi iki ayrı dünyadı. Buna görə onlar bir-bi­rini başa düşə bilmir.

Keçmişdə anlaşılmazlıq çox olub, ancaq bu o demək de­yil ki, gələcəkdə də belə olmalıdı.

Biz bütün bunlardan dərs almalıyıq. Qadın və kişi bir-birini anlamalı, bir-birinin fərqli tərəflərini qəbul et­məlidi. Bu fərqlər konflikt yaratmalı deyil, əksinə, bu fərqlər tərəfləri bir-birinə çəkir. Ayrıntılar, başqalıqlar olmasa, hər iki cins eyni psixologiyada olsa onları heç nə bir-birinə çəkməz. Qadın və kişi müsbət və mənfi yükləri xatırladır. Onlar bir-birini maqnit kimi çəkir.

Əks yüklü olduqları üçün bir yerdədilər. Sevgi, an­layış, mərhəmət olsa, bir-birinin dünyasına vara bil­sə­lər bütün sorunlar çözülər.

Kişi də qurtulmalıdı. Qadın qədər kişinin də azad olun­mağa ehtiyacı var.

Hər ikisi mental düzəndən və qaydalardan qurtulmalıdı.

Onlar yoldaşlıq, əməkdaşlıq eləməlidilər. Bir-birinə əl uzatmalı, yardımçı olmalıdılar, xurafatdan azad olmalıdılar. Bu olar gerçək azadlıq…

(The Dhammapada: The Way of the Buddha)

Necə düşünürsən, qadın qurtuluş hərəkatına görə an­caq qadınlar məsuliyyət daşıyır?

Biz gördüyümüz çağdaş hərəkatı kişilər yaradıb. Sənə yəqin maraqlı olar, deyim ki, hərəkat ideyası da ki­şilərin sövdələşməsidi.

İndi kişi qadından canını qurtarmaq istəyir. Onu mə­suliyyət qorxudur.

Qadından yalnız əyləncə kimi, oyun kimi istifadə et­mək istəyir.

İndi aktivist qadınlar mübarizəyə atılıblar, amma on­ların bütün çabaları qadın təbiətini məhv etməkdən başqa bir şey deyil. Bu halda kişilərlə eyni hüquqa sahib olacaqlarını düşünürlər.

Qadının təbiəti başqa cürdü axı. Qadın zərifdi, yum­şaqdı.

Bu gedişlə qadına: “yavrum” demək olmayacaq.

Kobud bir varlığa bu söz uyğun gəlmir.

Bütün savaşlar kobudluğa, qabalığa səbəb olur. Yalnız ev işlərilə yüklənən insan dünyayla rəqabətə girə bilməz.

Bu yarışda bütünlüklə kişiyə bənzəməyin sənə heç nə qazandırmaz.

Təbiətin qadına verdiyi həqiqi görəv ana olmaqdı. Müa­sir qadınsa ailəyə, uşaq böyütməyə o qədər də can atmır. Dünyayla yarışda gecikəcəyindən qorxur.

Qadınla kişi təbiəti fərqlidi. Onlar necə bərabər, eyni ola bilər? Kişi doğa bilmir – bu artıq onları ayırır, fərq­ləndirir.

Mən bu iki cinsin eyni hüquqlu olmadığından danışmamışam. Amma onların iki ayrı dünya olduğunu de­mişəm, deyəcəm də.

Onlar bütün bacarıq və cəhətlərilə fərqlidirlər.

Qadının ailəyə marağı itsə, təbii olaraq övlada da marağı itəcək. Doğmaq istəməyəcək, deməli, öz missiyasına marağı olmayacaq. Təbii olaraq lesbiyankaya çevriləcək.

Əminəm ki, kişiyə bir az qadınsallıq, bir az yumşaqlıq lazımdı. Kişi çox dərinə gedib, həddindən artıq kişiləşib. Dağıdıcı olub, insanlıqdan çıxıb.

Yarışma onunla, qadın, ayaqlaşma onunla. Onun kimi olma. Qışqıran, coşan, bağıran, döyüşən feminist qadınlar məndə ikrah oyadır. Onlarda kişilərin ən pis, ən eybəcər cəhətləri toplanıb.

(Take It Easy)

Mən hərdən sənin qadın və kişi ümumiləşdirməni başa düşə bilmirəm. Bəzən cinsindən asılı olmadan çö­zürsən kişi və qadın xüsusiyyətlərini. Bütövlükdə isə qadın haqda “primitiv” varlıq kimi danışırsan və kişiləri “canavar” kimi təqdim edirsən. Bəs bütün səy­ləri öz üzərinə götürən qoçaq qadınlar haqda necə olsun? Elə qadın var kişiyə canavar yox, dovşan kimi baxır. Elə kişi var passiv olmaq xoşuna gəlir. Ola bilər ki, qadınların arasında gəlişmək (inkişaf etmək) üçün özünü təsdiqə ehtiyacı olanlar var. Doğrudanmı, feministik düşüncə qadınları daha tələbkar və rasional varlığa çevirir?

Qadınların daha primitiv olduğunu deməklə qadınları yox, kişiləri qınayıram əslində. Bu “primitivlik” onların daha doğal, təbiətlə daha harmonik olduqlarını ifadə edir.

Sivilizasiya – sünilikdi, təbiətdən uzaq düşməkdi. Get­dikcə daha çox uzaqlaşdırır təbiətdən insanı. İnsan sivilləşdikcə yanlış düşüncədən asılı olur.

Ürəklə əlaqəni itirir. İnsan ürəyi əvvəlki kimi primitiv olaraq qalır. Universitetlərin insan ürəyinə yol tap­maması məni sevindirir.

Çünki bəşəriyyətin sağ qalması üçün yeganə ümid yeri insan ürəyidi.

Qadınla kişi arasındakı ayrıntıları, tutuşdurmaları, bu mövzuda çək-çeviri kənara qoyun. Kimin kim ol­duğu haqda düşünməyin. Bu heç bir önəm daşımır.

Bu qədər hay-küy qaldırmağa ehtiyac yoxdu.

Bəzən dediklərim ümumi sözlər kimi görünə bilər. Hər dəfə bütün incəlikləri demək olmur. Əks halda fi­kirlərim haşiyələrlə dolu olar. Zəhləm gedir haşiyəli ki­ tablardan. Guya kitabı yazan alim, uzman, nə bilim han­sısa axmaqdı.

Deyirsən ki, sənin qadın-kişi tipi haqda ümu­miləş­dir­məni başa düşə bilmirəm.

Mən həmişə tipdən danışıram. Hansısa cinsdən danışmıram.

“Qadın” deyəndə qadın tipi, “kişi” deyəndə kişi tipi nəzərdə tuturam. Hər dəfə bunu təkrar etməyə gərək duymuram. Haqlısan, elə qadın var “dişi canavardı”, elə kişi də var “pişik balasıdı”.

Mən qadın-kişi tipindən danışanda bunların hamısını nəzərdə tuturam.

Bioloji fərqlərdən danışmıram, psixoloji fərqlərdən da­nışıram.

Hə, elə kişilər var ki, qadınlıq keyfiyyətləri qadın­lar­dan daha çoxdu, elə qadınlar var ki, kişilikdə ki­şi­lər­dən daha üstündülər.

Ancaq bu təbiətə ziddi, dəhşətlidi. Çünki bu halda in­sanda ikiləşmə yaranır.

Əgər bədənin kişi, ruhun qadındısa, konflikt, sosial mübarizə səni parçalayacaq, içində vətəndaş savaşı başlayacaq. Həmişə kanatı dartacaqsan, içində mü­ba­rizə hiss edəcəksən, gərgin olacaqsan.

Əgər bədənin kişi, ağlın qadındısa, ömrün konflikt­­lərdə, mənasız yerə enerji itkisində keçəcək.

Əgər bədənin kişidisə, ağlın da kişi olmalıdı, əgər bə­dənin qadındısa, ağlın da qadın olmalıdı.

Feminist hərəkatı qadınları canavara döndərir, mübariz edir, kişilərə nifrət aşılayır. Kişiyə düşmən kimi baxır feminizm. Kişi düşməndisə onu necə sevmək olar? Onunla necə sevişmək olar? Axı kişi düşmən deyil.

Qadın – əsl qadın getdikcə daha çox qadınlaşmalıdı. Daha zərif və daha zəif olmalıdı.

Əsl kişidə daha çox kişilik olmalıdı.

Əsl qadınla əsl kişi qarşılaşanda iki ayrı-ayrı qütb­lər qarşılaşmış olur. Yalnız ayrı qütblər bir araya gələ bilər, bir-birini sevə bilər. Ayrı-ayrı qütblərin görüşü möhtəşəm olar. Onlar bu fərqli yaxınlıqdan zövq ala bilər.

Ancaq fərqliliklər cəlb edir insanı.

Biz bu gün qəribə bir unisekslə qarşılaşırıq.

Kişilərdə kişilik, qadınlarda qadınlıq yoxdu. Cə­miy­yət solğun, maraqsız, sönük olub.

Qadınla kişi heç bir halda bir-birinə bənzəyə bil­məz. Hər ikisi təbiətin yaratdığı kimi qaldıqda möh­təşəm olur. Onlar yaxınlaşdıqca iki ayrı dünya, iki ayrı aləm, iki ayrı ruh, düşüncə, duyğu yaxınlaşır. Bu yaxınlıqda iki dünya bir-birinə qovuşur, bir-birinə qarışır, bir-birində əriyir və bu onları inanıl­maz dərəcədə işıqlandırır, ilahi bir zövq yaşadır, ruhani, kosmik bir nur əmələ gəlir.

(The Book of Wisdom)

Qadının atacağı növbəti addım necə olmalıdı?

Mən bütün qadınlara demək istəyirəm ki, onların fe­minizmi heç bir uğur qazanmadı. Çünki bununla ağılsız qadınlar uğraşır. Onlar üsyançılardan çox, reak­sionerlərə oxşayırlar. Ən sadə səbəb budur ki, boş hay-küydənsə ayrıca seçim haqqı tələb etmək olardı. Qadın qadını, kişi kişini dəstəkləyə bilərdi. Qadın öz səsini qadına verə bilərdi. Bircə, çox sadə bir addım parlamentlərdə qadınların sayını artırardı. Bununla da qadınlar çox təbii üsulla idarəçiliyə gələrdilər.

Kişilər təbiətən qarşıdurmaya, mübarizəyə meyl­li­­dilər. Buna görə də onlar cürbəcür partiyalar, hə­rə­kat­lar yaradıb çox bəsit və önəmsiz mübarizələr aparırlar.

Beləliklə, əgər qadınlar parlamentdə bir vahid kimi təmsil olunsalar təbii olaraq digər tərəf – kişilər yeddi-səkkiz partiyaya parçalanacaq. Bununla da qadın dünya üzrə hakimiyyəti öz əlinə ala bilər. Amma ona bu lazım deyil. O, savaşmaq, döyüşmək istəmir. Onun nə kommunizmdə, nə kapitalizmdə marağı var.

Bütün bu “izm”lər beyindən gəlir. Qadınsa xoşbəxt olmaq istəyir. Ona çox az şey lazımdı, rahat ev, gözəl bağça, üzmək üçün hovuz.

Həyat cənnətə çevrilə bilər. Yalnız bir şey var… idarəçiliyi kişilərin əlindən almaq lazımdı. Onların qəddar təbiəti dünyanı viran qoyur.

Bunu çox asanca gerçəkləşdirmək olar.

(The Hidden Splendour)

SEKSUALLIQ

Seks haqqında düşünəndə məni qorxu bürüyür. Ki­şiy­lə tək qalmaq istəmirəm. Özümü boş buraxacağım­dan, özümü kontrol edə bilməyəcəyimdən qorxuram. İçimdə coşqun, çılğın bir qadını zəncirləmişəm. Hər­dən o qadın zəncirləri qırıb çölə atılanda kişilər hey­rə­tə gəlir. Bu məndə ümidsizlik, peşmançılıq hissi doğ­urur. Tez də onu geri qaytarıram, gizlədib dərinə gö­mürəm. Beləliklə də şəxsi həyatımda heç nə alınmır. Sən bu intim yaxınlıq qorxusuyla bağlı mənə nəsə deyə bilərsənmi?

İnsanlıq, xüsusilə də qadınlar bir çox azardan əziy­yət çəkir.

Sivilizasiya anlamsız ideyalarla insan beynini o qə­dər doldurub ki, adamlar yaşaya bilmirlər. Ən çox da qadın-kişi münasibətlərini zəhərləyiblər.

Bir neçə faktı mütləq yadda saxlamaq lazımdı. Birinci, kişi bir intim yaxınlıqda yalnız bir orqazm, qadınsa bir intim yaxınlıqda bir neçə orqazm yaşaya bilir. Və bu əsas problemdi. Daha doğrusu, problemi yaradan əsas səbəbdi. Kişilərdə əminsizlik, qorxu ya­ra­dan bir səbəbdi. Onlar qadını seksual baxımnan tə­min etməməkdən qorxurlar.

Nikah bağları və monoqamiya olmasaydı, bütün bun­ları asanlıqla çözmək olardı. Kişilər bundan çıxış yolu tapdılar. Ən yaxşısı qadını bircə orqazmdan da məh­rum etməkdi. Ondan da yaxşısı, orqazm haqda təsəv­vürünün olmamasıdı. Bu zaman kişi bacarıqsızlığını gizlədə bilər, qadının da bundan xəbəri olmaz.

İkincisi, kişi orqazmı çox səthidi, çünki bir orqanda baş verir. Qadında belə deyil. Qadın bədəni başdan-başa erogen zonadı. Ona hazırlıq üçün zaman la­zımdı. Amma qadın hazırlaşana qədər, kişi artıq işini bitirir. Üzünü çevirib xorhaxor yatır. Min illərdi saysız-hesabsız qadın dünyaya gəlib, bu təbii zövqü, həzzi yaşamadan, tamamilə xəbərsiz də dünyadan gedib. Qadına prelüdiya lazımdı, hazırlıq, əzizlənmə mərhələsi lazımdı. O həddə çatmalıdı ki, bədəni ehtirasdan alışıb-yansın, dözümsüz hala gəlsin. Əlbəttə, asan məsələ deyil.

Qadına bu zövqü necə yaşatmaq olar?

Kişi bunu bacarmayanda, bunun öhdəsindən gəl­mə­yəndə qadından seks maketi kimi istifadə edir. Qadın onun altında meyit kimi uzanır.

Kişidə sperma axını çox tez baş verir. İki, maksimum üç dəqiqəyə hər şey bitir. Bu vaxt ərzində qadın hələ nə baş verdiyini başa düşə bilmir. Hələ seksə kök­lənməyə macal tapmır.

Bioloji baxımdan orqazm elə böyük önəm daşımır. Amma psixoloji və daxili yüksəliş üçün bu çox vacibdi.

Güman edirəm ki, meditasiya insanın ağlına orqazmik ekstaz zamanı gəlib. Daha böyük zövqlər, daha da­vamlı və başqa zövqlər yaşamağı arzulayan zaman insan meditasiyanı icad edib.

Orqazm bacarığı insanın daxilindəki ilahilikdən, də­rin duyğular yaşaya biləcəyindən, imkanlarının son­suzluğundan xəbər verən faktdı. İnsanın axtarışa, araş­dırmaya meylli olmağını anlamaq çətin deyil.

Elm bu mövzuda çox gecikib. Bizim əsrdə elmə mə­lum olub ki, qadınların seksual problemləri var. Qa­dının məhrum həyat tərzini, ev qulluqçusu olduğunu, daxili yüksəlişdən uzaq düşdüyünü elm ancaq son illər araşdırmağa başlayıb. Nəsil artırma üçün eyakulyasiya yetərlidi. Burda xüsusi zövq-zad lazım olmur. Amma psixoloji baxımdan tamam ayrı cürdü. Qa­dınlar gərgin, əsəbi, qıcıqlı olublar. Bunun səbəbi on­ların anormal həyat tərzləridi. Qadın təbii haqqından məhrumdu.

Qərbdə gənc nəsil orqazmın nə olduğunu artıq bilir. Əlbəttə, bu bir məqam məsələsidi, ani bir yaşantıdı, amma onun verdiyi sonsuz zövq sərhədsizlik, azad­lıq qığılcımları oyadır insanda.

Orqazm iki cür təsir edir:

1)zaman dayanır;

2)ağıl dayanır.

Bu o qədər böyük bir sevincdi ki, əbədilik duyğusuyla tutuşdurula bilər.

Şərqdə bu hissi yaşamayan saysız qadın var. Mən intel­lektual, savadlı, dünya görüşlü qadınlarla söhbət et­mişəm. Onlar da bunu yaşamayıblar.

Məzmun etibarıyla şərqdə “orqazm” kəlməsinə ekvivalent söz yoxdu.

Şərq kişisi qadının beyninə yeridib ki, ancaq fa­hi­şə­lər seksdən zövq alır. Abırlı qadın seksdən nəinki zövq almaz, hətta bu barədə düşünməz, danışmaz.

Buna görə də qadın rahatlaşa bilmir, sərbəst ola bilmir, gərgin və əsəbidi.

Bir çox qadın intim yaxınlıqdan sonra kişisinin xorhaxor yatdığını deyir. Qadını belə vəziyyətdə ağlamaq tutur.

Qadın bədəni musiqi aləti kimidi. Onunla nəcib dav­ranmaq, onu hiss eləmək, öyrənmək gərəkdi. Qa­dın bədəni çox həssasdı. Kişinin üzərinə düşən öh­də­lik bu həssaslığı gücləndirmək, üzə çıxarmaq, ondan zövq almaqdı.

İntim yaxınlıqdan sonra yuxuya getmək tər­bi­yə­siz­lik­di, mədəniyyətsizlikdi, sayğısızlıqdı.

Sənə bu sevinci bağışlayan qadın əvəzində diqqət göz­ləyir, anlayış gözləyir. Faza sonucunda ən azı təşək­kür üçün diqqət göstərmək lazımdı. Yatmaq olmaz!

Sənin bu sualın çox vacibdi. Bu problem tezliklə həll olunmalıdı. Ancaq nikah, din, cürbəcür mental ide­yalar bu problemin çözülməsinə imkan vermir. Prob­lemin həllinə əngəl yaradır. Bu ideyaları yaradan, yön­ləndirən qüvvələr bütün güclərini sərf edirlər ki, insanlıq onlardan asılı olsun. İnsanlığın yarıdan çoxu sevinc hissindən məhrumdu. Çiçəklənmək, aydınlanmaq, işıqlanmaq yerinə turşuyur, sönür, boğulur insanlıq. Qıcıqlı, gərgin, nevrostanik olur.

Qadınla kişi bir-birinə nikahla bağlanmalı deyil. Onlar azad qalmalıdılar. Onlar bir-birini sevməlidilər. Bu sevgi onların azadlığını əllərindən almamalıdı.

Heç kim heç kimə borclu deyil.

Həyat daha açıq, daha dürüst yaşanmalıdı. Qadının öz dostları, kişinin öz çevrəsi olmalıdı. Bu qaçılmazdı, xoş­bəxtlik üçündü. Hər kəsin öz dünyası olmasa, iki insan bir-birini bədbəxt edər. Seks oyuna çevrilməlidi. Bu zaman aradakı gərginlik yox olar. Oyuna maraq həmişə olar və heç kim heç kimdən çəkinməz, qorxmaz.

Hamiləliyə qarşı dərmanlar mənə görə insanlığın edə bildiyi ən böyük inqilabdı.

İnsan hələ bunun fərqində deyil. Keçmişdə qadınlar sürəkli hamilə qalıb doğurdular və bu onların sağlamlığına ciddi ziyan vururdu.

Qadınla ev heyvanı kimi davranılıb.

Gələcəkdə bu cür sorunlar yaşanmayacaq. Marks de­yirdi: “Bütün dünya proletariatı, birləşin. Sizin itirəcək heç nəyiniz yoxdu”.

Marks insanları iki sinfə bölürdü – varlılara və kasıblara.

Mən insanları iki sinfə bölürəm: qadın və kişiyə.

Qədimlərdə qadınla heyvan kimi davranırdılar. Onu satırdılar, auksiona çıxarırdılar, diri-diri yandırırdılar, başına nə oyun desən açırdılar.

Bununla belə, dünya əhalisinin yarısı qadındı.

Deyirsən ki, kişiylə tək qalmaqdan qorxuram. İçim­dəki çılğınlığın üzə çıxacağından ehtiyat edirəm. Əs­lində, sən yox, kişi qorxmalıdı. Onun seksuallığı məh­dud­du. Səninsə seksuallığın sərhədsizdi.

Kişinin bacarığı bir yerə qədərdi. Birdəfəlikdi. Sən­də belə deyil.

Ona görə də kişilər ehtiraslı qadından ürəklərinin dərin­liyində çəkinirlər. Onunla kompleksli olurlar. Kişi enerjisini tez itirir. Qadınsa əksinə, getdikcə coşur, enerjiylə dolub-daşır.

Bunu dana bilmərik, kişi əsrlər boyu qadını yö­nəl­dib, əl atında saxlayıb, yaxına buraxmayıb. Onun sev­giy­lə bağlı dediyi hər şey boşdu, şişirtmədi.

“İçimdə çılğın bir qadın zəncirlənib”. Bu qadını üzə çıxarırsan və böyük bir peşmançılıq hissi yaşayıb geri qaytarırsan, yenidən içində həbs edirsən.

Bu, təkcə sənin yaşadıqların deyil. Demək olar bütün qadınlar bunu yaşayır.

Çıxış yolu tapmayan qadınlar ibadətə gedir, zi­ya­rət­gahlara üz tutur, Allaha dua edirlər. Amma Allah özü də şovinist kişidi.

Xristian üçlüyündə qadına yer yoxdu. Boq (Allah), oğul və qutsal ruh. Hər üçü kişidi. Bu, homoseksuallar klubudu.

Ən böyük zərbəni qadın ailə institutundan alıb. Nə qa­dın, nə də kişi monoqamdı. İkisi də psixoloji baxımdan poliqamdı. Onların bütün psixolojisi zorlanıb, təbiətə qarşı yönəldilib. Qadın kişidən asılı olduğu üçün bütün zərbələrə, aşağılanmalara dözməli olub. Çünki kişi sahibkar idi, başçı idi. Bütün maddi imkanlar onun əlindəydi. Özünün poliqam təbiəti üçün kişi fa­hişəlik peşəsi yaradıb. Fahişəlik ailə institutunun po­zuq əlavəsidi.

Ailə institutu yox olmayınca bu çirkin fahişəlik də yox olan deyil.

Fahişəlik – izdivacın kölgəsidi. Kişi poliqamlığı üçün ən iyrənc şeylər düşünüb. Monoqam ilişkilər onluq olmadığına görə hər şeyə can atır – azadlığa, təh­silə, pula. Qadını fahişəyə çevirmək ən qorxunc qətl növüdü.

Qəribədi, bütün dinlər fahişəliyə qarşıdı, ancaq fa­hi­şəliyi yaradan da onlardı.

Bütün dinlər nikah uğrunda mübarizə aparır. Fa­hi­şəlik ailə ilə eyni zamanda yaranıb.

Feministik hərəkat bu gün kişiləri yamsılayır. Qadınlar kişilərin onlara yaşatdığı acıları özlərinə qaytar­mağa çalışırlar, öc almaq istəyirlər.

Londonda, San-Fransiskoda, Nyu-Yorkda fahişəlik edən kişilərə rast gəlmək olur. Bu yeni fenomendi. Amma bu inqilab deyil, reaksion effektdi.

Qadın intim yaxınlıqda özünü kontrol etdiyi müd­dətdə orqazm yaşaya bilməyəcək.

Hər halda mənim tələbələrim bilməlidilər ki, qadın orqazm yaşayanda qışqıra, çığıra, bütün bədəni yı­ğı­la bilər. Bu ona görədi ki, onun bütün bədəni ehtirasa gəlib. Bundan qorxmaq lazım deyil. Bu hiss çox şəfalı bir işə xidmət edir: qadın ləçər, deyingən, əsəbi, gər­gin yox, yumşaq, həlim, sakit olur.

Qonşuları-filanı da düşünmə. Sənin səsin onları narahat edirsə, bu, onların problemidi. Sən axı onlara eyni şeyi eləməyə mane olmursan…

Qoy sevgi sənin həyatında həqiqi bayrama çevrilsin.

Seks düşüncədən gələ bilməz, seks spontan ha­di­sədi.

Buna uyğun atmosfer yarat; seks nəğmədi, mahnıdı, rəqsdi…

Danışılmış seks saxtadı. Seks spontan olmalıdı, ani­­dən olmalıdı.

Yataq otağı ancaq və ancaq sevişmək üçündü. Orda başqa işlər görmə.

Yataq otağı məbəddi, ocaqdı.

Oyna, rəqs elə, oxu və sevgi özü gələcək. Sən özün də heyrətlənəcəksən buna. Fiziologiya sayəsində me­di­tasiya pərdəsinin qalxmasına özün də təəccüb edə­cək­sən. Çılğın, ağlı başından çıxan qadını düşünmə. O, ağlını itirməlidi, dəli olmalıdı, çılğınlaşmalı, coşma­lı­dı. Axı onun bütün bədəni tamamilə ayrı bir dalğaya dü­­şür, tamamilə başqa bir ölçüyə girir. O özünü əldə saxlaya bilməz, əks halda meyit kimi olar.

Milyon adam dünyada meyitlə sevişir. Meyitlə se­vi­­şilirmi?

Mən dünyanın ən gözəl qadınlarından biri – Kleopatra haqqında bir əhvalat eşitmişəm. Qədim Misir adətlərinə görə, onun cəsədi üç gün basdırılmayıb.

Onun ölüsünü bu üç gündə zorlayıblar. Bunu ilk dəfə eşidəndə dəhşətə gəldim. Kim bunu edər axı? Son­ra öz-özümə düşündüm ki, burda təəccüblü heç nə yoxdu.

Kişilər onsuz da qadından meyit kimi istifadə edirlər. Onlar buna öyrəşiblər. Sevgi haqqında ən qədim traktat Vatsiyananın Kama Sutrası sayılır. Kitabda 48 seksual poza təsvir olunub. Xristian missionerləri şərqə gələndə kitabla tanış olub heyrətə gəliblər. Çünki onların ancaq bir poza haqqında təsəvvürləri vardı: kişi yuxarıda, qadın da meyit kimi onun altında.

Vatsiyana çox doğru olaraq başqa bir poza təklif edib. Qadın üstdə olmalıdı. Kişinin üstdə olmağı doğru deyil. Qadın daha zərif varlıqdı. Kişinin üstdə olmaq xoşuna gəlir, bu zaman o qadını kontrol edə bilir. Ona öz gücünü göstərə bilir.

Vəhşinin əzdiyi gözəllik tabe olmaq zorunda qalır.

Qadın hətta gözlərini də aça bilməz. Bu zaman özünü fahişə kimi aparmış sayılır.

Qadın özünü əsl ledi kimi aparmalıdı. Kişinin üstdə olduğu poza şərqdə missioner pozası adlanır.

Kişi-qadın münasibətlərində inqilab gözlənilir. Dünyanın inkişaf etmiş ölkələrində xüsusi klublar var, orda sekslə necə məşğul olmağı öyrədirlər.

Təəssüf ki, heyvanlar da bunu bilir, amma insana öyrətmək lazım olur.

Bu tədrisdə əsas yer ilkin mərhələyə, prelüdiyaya, əzizləmələrə və son mərhələyə verilir. O zaman seks müqəddəs bir hadisəyə çevrilir.

Qorxunu at. Kişiylə bir yerdə olmaqdan, tək qalmaqdan qorxmamalısan. Qoy səfehlər qorxsun, əgər onlara belə xoşdusa. Özünə sadiq qal, yüngülləş. Sən özün özünü aldadırsan, özünə yalan deyirsən, özünü məhv edirsən.

Kişinin qorxub qaçmağından çəkiniləsi nə var ki? Gedir, getsin. Arxasınca qapını bağla. Qoy hamı görsün ki, o axmağın biridi.

Ancaq sənə orqazm yaşamağa heç nə mane olmalı deyil. Bundan özünü məhrum etməyə gərək yoxdu.

Orqazm – qovuşmaq hissidi, bir-birinə qarışmaqdı, bu ondan, səndən, zamandan və ağıldan kənar haldı.

Ola bilər bu sənin üçün bir gün kişidən, partnyordan uzaqlaşıb özünə çəkilməyə, öz-özündə orqazm hiss eləməyə, ruhsallaşmağa aparan bir yolun başlanğıcı olar.

Mən bu cür vəziyyəti meditasiya adlandırıram.

Qorxma, çəkinmə, rəqs et, oyna bu oyunu. Kim hey­rətlənir özü bilər. Kimi bu narahat edir, yenə onun prob­lemidi. Kim gedir getsin. Dünyada milyonlarla kişi var və bir gün mütləq onların içində səni anlayan və səni olduğun kimi qəbul edən biri tapılacaq.

(The Razor’s Edge)

Deyirsən ki, şərq qadınlarının 98%-i orqazm yaşamır. Bəs necə olur ki, onlar qərb qadınlarından daha təravətli və sakit görünürlər?

Həyatın məntiqi hərdən təəccübləndirir, eyni zamanda da çox sadədi.

“Şərq qadınlarının 98%-i orqazm yaşamır. Bəs necə olur ki, onlar qərb qadınlarından daha təravətli və dinc görünürlər?”

Buna görə:

Üzgünlük o zaman yaranır ki, insan nəyisə arzulayır və ona çata bilmir. Bu halda insan nə istədiyini bilir, istədiyi nəsnə haqda məlumatı olur. Əgər şərq qadını bu duyğunu yaşamayıbsa nəyə üzüləcək, nədən narahat olacaq? Əgər onun heç bu duyğudan xəbəri yoxdusa frustrasiya (lat. frustatio – “xəyal qırıqlığı, uğursuzluqdan yaranan üzgünlük” və s.) necə yarana bilər?

Keçən əsrin sonuna qədər qərb qadını da bu cür idi. Daha sakit idi. Çünki onun da heç nədən xəbəri yox idi.

Psixoanalizin və insan energetikası ilə bağlı araşdır­ma­ların nəticəsi göstərdi ki, uzun illər biz qadının vaginal orqazm yaşadığını düşünməklə səhv etmişik. Qa­dın vaginal orqazm yaşamır. Bu təsdiqini tapmadı.

Əslində vagina hissiyyatdan məhrumdu. Qadın or­qazmı klitoraldı. Bu isə tamam ayrı şeydi. Qadın heç bir orqazm yaşamadan da hamilə qala bilər, sekslə məşğul ola bilər. Əsrlər boyu həm şərqdə, həm də qərbdə qadın ana olmaqla kifayətlənib. Hətta müəy­yən mənada qadın seksə qarşı olub, çünki bu ona heç bir sevinc, zövq gətirməyib. Üstəlik, hamiləlik onu yo­rub. Əsrlərcə qadın uşaq istehsal edən fabrik kimi möv­cud olub.

Seks qadının heç vaxt xoşuna gəlməyib. Həmişə bun­dan əziyyət çəkib, zəhləsi gedib seksdən. Qəlbinin də­rinliyində ərinə nifrət edib. Niyə qadınlar nikahsızlıq sözü verən müqəddəslərə sevgiylə yanaşıblar hə­mi­şə? Çünki bu subaylıq onların təmizliyindən xəbər ve­rib. Bu mənada qadın ərinə hörmət edə bilməzdi.

Qadın bircə dəfə də olsa onunla sekslə məşğul olan ada­ma hörmət eləmir. Çünki bilir ki, onu, sadəcə, kullanıblar.

Bütün dünyada sekslə məşğul olmaq deyəndə ki­şi­lər nəzərdə tutulur. Guya bu sözü qadına aid eləmək ol­maz. Guya sekslə ancaq kişi məşğul ola bilər. Qadın bu işdə obyektdi. Halbuki hər iki tərəf eyni işi görür.

Seks kişilərin ayağına yazılıb deyə qadınlar onun adın­dan belə ehtiyat edirlər.

Ər – Allahdı. Onu razı salmaq, onu qane eləmək la­zımdı. O nə istəsə, odur.

Və bu fikir qadını bütün zövqlərdən yayındırıb. Çün­ki qadın özü üçün yox, ərini razı salmaq üçün ya­şayıb. Buna görə də heç nədən zövq ala bilməyib, seksdən də.

Hələ ailə institutu olmazdan əvvəl çox güman ki, kişi və qadın azad quş kimi yaşayanda kişi qadının bir neçə orqazm yaşaya bildiyini anlayıb. Qadında or­qazm qığılcımını yandırmaq kişi üçün təhlükəli işdi. Bu­nun öhdəsindən gəlməyə bilər. Kişinin bir dəfə, qadının dəfələrlə bunu hiss edə bilməsi təbiətin yanlışı kimi görünür. Hər iki tərəfin bacarığı bir-birinə uymalıydı.

Buna görə də kişi faktın özünü, qadının dəfələrlə həzz yaşaya bildiyini onun özündən gizlətməyə çalışıb.

Buna görə də hələ də Şərqdə vəziyyət dəyişməz olaraq qalır. Mən gəlişmiş, mədəni şəhərləri nəzərdə tutmuram. Təhsildən uzaq, geridə qalmış bölgələri nəzərdə tuturam. Şəhər qadınlarının çoxu yəqin ki, Mas­ters və Conson haqqında bilir. Onlar ilk dəfə qa­dının bir neçə orqazm yaşaya bildiyini müəyyən ediblər.

Qərbdə bu, problem yaratdı. Bu faktın açılmasıyla ki­şilərin illərlə qadınları aldatması eyni anda üzə çıxdı. Bu mərhələdə qadınların azadlığı, qadın hüquqları uğrunda mübarizələr, hərəkatlar başladı. Qadınlar min illərlə edilən zülmün əvəzini çıxmaq istədilər. Birdən bu faktın açılması ən qatı feminist qadınları lesbiyanlara çevirdi. Yalnız qadın başqa bir qadına dəfələrlə orqazm yaşamaqda kömək edə bilərdi. Çünki bu vaginayla bağlı proses deyil.

Kişi və qadın bədəni çox bənzərdi. Qadın döşlərini çıx­maq şərtiylə. Klitor da elə penisdi. Vaginadan kə­nara çıxmış qabarcıqdı. Uşaqsa vaginadan çıxır, buna görə də kişi klitora toxunmaq haqqında heç dü­şün­mə­yib. Buna gərək olmayıb, məqsəd uşaq doğuzdurmaq­dısa, kişinin klitorla nə işi?

Ancaq klitorun stimulyasiyası olmadan qadın or­qazm yaşaya bilmir.

Şərq qadını daha məmnun görünür. Çünki o, hələ bu haqda heç düşünməyib. Hələ qurtuluş barədə fi­kir­ləşmir. Şərq həmişə nə varsa onunla qane olub: yox­sulluq, səfillik, gerilik, xəstəlik, ölüm.

Şərqdə düşüncə çevrilişi baş verməyib. Necə əsrlər boyu düşünüblər ki, nə var alın yazısıdı, qismətdi, taledi, eləcə də davam edirlər. Olanlarla razılaşıb yaşayırlar.

Guya indi yaşadığın həyat keçmiş həyatda qazandıqlarının sonucudu. Guya indi pisdisə, o biri həyatda yaxşı olacaq. Guya yaxşı adamlar əziyyət çəkməlidi-filan.

Verdiyin sualın çox sadə bir cavabı var.

Şərq qadını ona görə daha sakit görünür ki, öz ta­le­yilə barışıb.

Qərbin qadını bütün bu mübarizələrdən, üsyanlar­dan keçərək tamamilə alt-üst olub. Bunlar onu son həd­də çatdırıb. Qərb qadını çirkinləşib, iyrəncləşib.

Onun üsyanı artıq bunt deyil, adicə reaksionerlikdi.

Şərq və qərb qadını arasındakı suayırıcını Karl Marks çəkib. O, bütün dünyanı inandıra bilib ki, yoxsulluq alın yazısı deyil, Allahın buyruğu, qərarı deyil. Yoxsulluq sosial strukturun, ekonomik quruluşun nə­ti­­cəsidi. İqtisadiyyat yaradır bu bölgünü, insanı varlıya, kasıba ayırır və bunu dəyişmək mümkündü. Allahın bura heç bir dəxli yoxdu. Allah yoxdu. Bu sistemi in­san yaradıb.

Beləliklə, ilk zərbəni Karl Marks endirib. İkinci zərbə Ziqmund Froyddan (Freyd) gəldi.

O, qadın-kişi bərabərliyi haqda danışdı, cinslərin eyni hüquqa sahib olduğunu bildirdi. Qadınla kişini ayı­ran, fərqləndirən bütün fəlsəfi, dini nəzəriyyələri tən­qid etdi. Bütün bunları cəfəngiyat, şovinizm və ümumiyyətlə, insanlıqdan kənar adlandırdı. Üçüncü və sonuncu zərbəni Masters və Cons endirdi.

Onlar müəyyən etdilər ki, qadını əsrlər boyu or­qazm­dan məhrum ediblər.

Masters və Cons qadının istifadə olunduğunu bəyan edərək, ona qoyulan seksdən yararlanmaq, zövq almaq yasağını ifşa etdi.

Bu üç mərhələ qərbdə qadınların üzünə bağlanan qapıların açarı oldu. Qadınlar azadlığa çıxdılar. Şərqdə hələ vəziyyət dəyişməyib. Bu açar şərqin ənənəvi tə­fək­­kürünə hələ təsir etməyib. Bunun nəticəsində qərb qa­dını savaş xəttinə çıxdı.

Ancaq bu çıxış reaksion nəticədi, kortəbii mü­ba­ri­zədi. Ona görə mən feministik hərəkat adına atılan bü­tün addımlara qarşıyam.

Mən istərdim qadın azad olsun, cızığı aşmasın. Qa­­dın hərəkatı gerçəkdən də bütün cızıqları aşır. Bu etiraz etmək, kişilərdən qisas almaqdı, bu qurtulmaq, özünü ifadə etmək deyil. Qadın intiqam hissilə alışıb-yanır.

Bu, tamamilə anlamsız bir şeydi. Keçmiş keçmişdi. Ar­tıq yoxdu. Kişinin qadınla davranışı şüurlu şəkildə ol­mayıb. O, bilərəkdən belə eləməyib. Bilərəkdən qadını incitməyib. Bu qadına qarşı düşünülmüş xüsusi aksiya deyildi.

Nə qadın, nə də kişi baş verənləri dərk edib.

Qadın azadlığıyla uğraşan, bu hərəkatın iştirakçısı olan hər kəs qadının kişiylə hər hansısa bir ilişkisinin ol­masına qarşı çıxır. Bu, lesbiyanlığa meydan verən tə­şəbbüsdü, homoseksuallığın analoqudu.

Qadın qadını sevməlidi və kişini boykot etməlidi. Bu yüzdə yüz ifrata varmaqdı.

Feminist qadınlar özlərini pis aparır, kişilərlə pis dav­ranır, kobud jarqonlardan istifadə edir. Nə vaxtsa kişinin qadına elədiyi bütün pislikləri indi geri qaytarır feminist qadın, qarşılıq verir. Kişilər nə edirsə feminist qadınlar da eyni şeyi edir. Söyüş söyür, ucadan danışır, ələ salır və s.

Bu qadını cilddən çıxarır, simasını dəyişir. Onu vəh­şiləşdirir.

Qadınlar gözəlliklərini, möhtəşəmliklərini itirirlər.

Kişilər kimi geyinirlər, özlərinə bəzək-düzək ver­mir­lər, bütün yaşamları kişiylə eynilik təşkil edir.

Dəb də dəyişir. Şərqdə qadının geyimi ona eleqantlıq, zəriflik gətirir.

Qərbdə qadın kovboy kimi geyinir. Kobud ayaqqabı, mavi cins, pırpız saç, fəhlə paltarı qadını tamam ayrı şeyə oxşadır. Onlara elə gəlir ki, bu cür olmaqla qisas alırlar, işgüzar görünürlər, güclü görünürlər. Amma elə deyil. Bu cür olmaqla özlərini məhv edirlər, qa­dınlığı darmadağın edirlər.

Çünki bu formada qadın nə qadındı, nə də kişi.

Qisas hissi özünü məhv etməkdi.

Reaksionerlik özünü məhv etməkdi.

Mən istərdim ki, qadın gerçək bir üsyançıya çevrilsin.

(The Rebel)

Başa düşmüşəm ki, məni kişilərdən daha çox qadınlar cəlb edir. Bununla bağlı nə deyə bilərsən?

Seks insanın ilk günahı sayılıb. Ancaq bu ittihamın seksə heç bir dəxli yoxdu. Seks günah-zad deyil.

Nə ilkliyin, nə də günahın sekslə əlaqəsi yoxdu. Edem bağında bilik ağacının meyvəsini yeməzdən əvvəl Adəmlə Yeva və digər məxluqlar sekslə məşğul olub­lar. Bilik meyvəsini yeyəndən sonra bir şey baş verib. Adəmlə Yeva məşğul olduqları işi dərk eləyiblər. Nə iş gördüklərini başa düşüblər. Və utanıblar.

Niyə utanıblar? Çünki heyvanların gördükləri işi gör­düklərini anlayıblar. Amma bunda utanılası heç nə yoxdu. İnsan özü də heyvandı.

Bundan sonra da eqo baş qaldırıb: “Biz insanlar, şüurlu varlıq olaraq necə şüursuz heyvanların elə­diyini eləyə bilərik? Necə heyvanlar kimi sekslə məş­ğul ola bilərik? Onları bağışlamaq olar, çünki qanmırlar. Bizi isə bağışlamaq olmaz. Çünki bu bizim ləya­qə­ti­mizdən aşağı bir işdi”.

Seks o qədər önəmli yer tutur ki, insan həyatında eqo ondan qurtulmağa çalışır.

Hər şeydən əvvəl yadında saxla: seks təbii haldı. Ondan qaçmağın heç bir mənası yoxdu. Düzdü, seksin transtendensiya olduğu məqamlar da var, amma bu ayrı şeydi.

Güclə seksdən qurtulmaq mümkün deyil. Buna özü­nü məcbur etsən başqa fəsadlar yaranacaq. Homoseksuallıq ona görə yaranıb ki, biz insanları hetero­sek­suallıqdan məhrum etmişik. Homoseksuallıq monastırlarda yaranıb. Orda monaxlar və monaşkalar (ra­hib, rahibələr) qalın divarlarla bir-birindən ayrı yaşamağa məcbur edilirdilər. Hələ də Avropada katolik monastırları var ki, 12 əsrdi ora qadın ayağı dəymir. Ora hətta altı aylıq qız uşağını da yaxın qoymurlar.

Altı aylıq uşaqdan qorxan adamlar necə ola bilər? Bunlar necə insanlardı? Görünür, özünü idarə edə bilməyən, özünə cavabdeh olmayan, vəhşi və pozğun adamlardı.

Əsgərlikdə, monastırlarda homoseksuallıq yaranmalıydı. Çünki bu yerlərdə qadın-kişi ilişkisinə qadağa var. Cinslərin cütləşməsinə icazə verilməyən yerlərdə homoseksuallıq inkişaf edir. Yalnız qadınlardan və ya kişilərdən ibarət əks cinsin buraxılmadığı yataqxanalarda da bu yayılır. Homoseksuallıq fenomeni özü yanlış tərbiyənin sonucudu. Və bu, yalnız o zaman yox olacaq ki, qadın və kişi münasibətlərinə heç kim qarışmayacaq, qadağalar olmayacaq.

Qadın kişi ayrı-seçkiliyi ta uşaqlıqdan başlayır. Biz oğlan uşağına nələr deyirik?

“Sən axı kişisən. Kişi ol!” Əgər oğlan uşağı qızlarla oynayırsa biz dərhal işə qarışırıq. “Qızlarla oynayırsan? Qızbibisən? Kişi belə eləməz. Oğlanlarla oyna”. Bizə elə gəlir ki, belə deməklə oğlumuzu kişi kimi böyüdürük. Əslində isə onu qadınlardan uzaqlaşdırırıq. Onda əks cinsə qarşı utancaqlıq, çəkingənlik oyadırıq. Oğlan gəlinciklə oynasa tez təpinirik: “Gəlincik qızlar üçündü”. Əksini də edirik.

Qız ağaca dırmaşsa “oğlan kimisən, ağaca oğlanlar dırmaşar” deyirik. Əgər qız uşağı bizi dinləməsə onu acılayırıq, danlayırıq. Onu kobud sözlərlə aşağılayırıq. “Sən pis qızsan, oğlan kimi aparırsan özünü” kimi sözlər deyib uşağın qü­ruruna toxunuruq. Onda özüylə bağlı komplekslər yaradırıq.

Qız ağaca dırmaşmaq istəyir. Burda pis nə var? Axı bu çox maraqlıdı. Oğlan gəlinciklə oynamaq istəyir. Bunun nəyi pisdi? Onsuz da nə vaxtsa gəlinciklə oynamalıdı. Qoy indidən öyrənsin. Uşaqlıqdan qız kuklalarını tanıması, onlara öyrəşməsi yaxşı olmazmı? Əgər onu bundan yayındırsaq, gələcəkdə qadınlarla necə davranmaq lazım olduğunu bilməyəcək!

Bunun sənə heç bir dəxli yoxdu. Bu, bütün dünyanı saran sosial problemdi.

Bir dəfə iki mühafizəkar ingilis centlmeni tanışlarını müzakirə edir.

– Nə yenilik? Çolmondelidən bir xəbər yoxdu?

– Xəbərin yoxdu? Çolmondeli Afrikaya quş ovlamağa gedib, orda bir meymun tapıb özünə.

– Meymun? O mavidi ki?

– Yox, iraq olsun! Dişi meymundu.

Meymun da olsa, əsas odur dişi olsun.

Şərtlər çoxaldıqca insan özündən asılı olmayaraq təpgi verməyə başlayır. Biz seksə çox ciddi yanaşırıq. Əslində, çox təbii yanaşmalıyıq. Biz gah onu vəhşi, yabanı bir duyğu hesab edirik, gah da ilahiləşdiririk. Heç vaxt ona doğal bir duyğu, bir əyləncə, bir sevinc kimi baxmırıq.

Öz-özlüyündə seks yaxşı bir əyləncədi. Fiziki hə­rə­kət­di, idmandı.

İstənilən kardioloqdan soruş. Deyəcək ki, seks ürək­tut­masının qarşısını alır. Hələ heç bir kişinin seks vaxtı ürəyi dayanmayıb. Başqa bütün idman növlərində, fi­ziki hərəkətlərdə ürəktutması, ürəkkeçməsi kimi hal­lara rast gəlmək olur, seksdən savayı.

İntim yaxınlıq zamanı kiminsə infarkt olduğunu eşit­misən? Bu doğal, maraqlı, zövqlü idman növüdü.

Seksə ciddi yanaşmasan qadınlara olan meylindən na­rahat olmağa dəyməz.

Hər şey yaxşıdı. Sən qadın və kişidən yaranmısan. Bir hissən atandan, bir hissən anandan gəlir. Ona görə də hər bir insanda olduğu kimi səndə də həm qadın, həm kişi yaşayır. Bundan qorxmaq lazım deyil. Bu təbiidi.

Yeni dünya bunu belə də qəbul edəcək. Bir gün gə­lə­cək, insan bunu başa düşəcək.

Olur ki, bəzən içindəki kişini qadınlar cəlb edir. Buna görə ürkməyə dəyməz.

Qorxduqca vəziyyət daha da ağırlaşır. Hər şeyi olduğu kimi qəbul et.

Hər halda mən belə düşünürəm. Deyirsən ki, mə­nim daha çox qadınlardan xoşum gəlir. Çox yaxşı. Heç olmasa sənin kimdənsə xoşun gəlir.

Deməli, sevmək imkanın var. İnsan var çox darıxdı­rıcı, yorucu, maraqsızdı. Onu ancaq pul, şöhrət maraq­lan­dırır. Bu cür insanlar haqda heç kim “pozğundu” de­mir.

Ancaq onlar ən böyük pozğunlardı. Pul-para – onların Tanrısı da, həyatlarının mənası da ancaq budu. Sənin durumun onlardan yaxşıdı. Sən ən azı pula vurulmamısan. Qadınlar xoşuna gəlir? Çox yaxşı. Onlarla ünsiyyətini inkişaf etdir. Onlarla yaxınlaş. Sən için­də­ki bu hisslə mübarizə aparsan, qadınlardan qaçsan daha pis olacaq. Qadınlarla heç bir normal münasibət ya­rada bilməyəcəksən.

Bütöv bir ilişki qura bilməyəcəksən. Mən əminəm ki, sən bu məsələylə bağlı gərginləşsən, özünü sıxsan heç nə alınmayacaq. Əksinə, qadınlarla rahat ilişki qur­duqca görəcəksən ki, eyni cinsli münasibət insana heç nə verə bilməz.

Görəcəksən ki, bu, insanı xoşbəxt edə bilməz. Bunun uğurlu bir sonucunun olması mümkün deyil. Qaç­dıqca problem böyüyəcək. Və içindəki bu narahatlıq səni tərk etməyəcək. Bir qadın, o birindən elə də fərqli deyil. Eləcə də bir kişi, başqa bir kişidən fərqli deyil. Qadın kişidən, kişi qadından fərqlidi. İnanıram ki, sən qadınlarla daha dərin ilişkilərə getdikcə ta­mamlanmadığını görəcəksən.

Çünki bir qadını an­caq bir kişi, bir kişini ancaq bir qadın tamamlaya bilər. Onlar özlərində olmayanı digərində tapırlar. İki qadın bir-birinə nə verə bilər? Bəlkə də iki qadın və ya iki kişi bir-birini daha yaxşı başa düşər. Amma bu yetərlidimi?

Deyil, əlbəttə. Bu münasibətdə tamamlanma olma­ya­caq. Olması üçün məlum ziddiyyətlər vacibdi. Zid­diy­yət yoxdusa, münasibət çox cansıxıcıdı, monotondu.

Bunu başa düşmək üçün yaşamaq lazımdı. Əks halda, ömrünün sonuna kimi maraqda qalacaqsan. Bu fikir səni tərk etməyəcək.

Mənim problem haqda düşüncəm belədi. Əgər prob­lem varsa, onun kökünə getmək lazımdı. Ona baş vurmaq lazımdı. Əgər dibdə xəzinə varsa onu tapa­caq­san, yoxdusa boşluğu görüb geri qayıdacaqsan.

İki qadının sevgisi yüksək pilləyə çata bilməz. Ancaq bir dalğada, bir paraleldə ola bilər. Heç vaxt enmələr, qalxmalar baş verməyəcək. Uçuşdan qorxanlara bu cür münasibət bəlkə də daha rahat və konfortlu gələr.

Heteroseksuallar (normal seksuallıq, əks cinslərin sev­gisi) başqa cür ilişkilər yaşayır. Onlarda stabillik olmur. Onlar bir dalğa üzərində yaşamırlar. Onların münasibətlərində enmə-qalxma daimidi. Konflikt çox, anlayış azdı. Çünki söhbət iki əks cinsin ilişkisindən gedir. İki ayrı dünyanın birgəliyindən gedir.

Hərənin öz doğruları, öz düşüncəsi, öz yanaşması var. Və bu təbiidi.

İki eyni cins isə darıxdırıcı yaşam sürür. Sürprizlər, göz­lənilməzliklər, partlayışlar olmur.

Bəli, bəzi şənlənmələr ola bilər. Amma bu çox adi və qısa bir şeydi. Onların münasibəti homeopatik (homeopatik müalicə – xəstəlik tutmaması üçün sağlam adama yeridilən eyni simptomlu preparat) olacaq.

(gay – ingiliscədə “şən” anlamına gəlir)

Homoseksual münasibətlər saxarini (Saxarin – yun. sakchar – şəkər. Çox şirin şəffaf maddə) xatırladır. Onlar çox şirindi və bir az da ürəkbulanması verir. Qa­dın-kişi arasında münasibət sərt olur. Onlar bir-birini darıxmağa qoymur, hər dəqiqə bir-birini dartışdırır, dürtüşdürür. Qadın-kişi əks yüklüdü. Ona görə də bir-birini həmişə cəzb edir.

Qadınlarla ünsiyyət qurduqca görəcəksən ki, əks cins­lərdə tamam ayrı cürdü münasibətlər. O zaman ki­şilərlə münasibətlərini yaxşılaşdır, genişləndir. Anlayacaqsan ki, əslində bütün münasibətlər bitkindi. Qadın-kişi ilişkisi də gözlənilən nəticəni, arzuladığın məm­nunluğu gətirmir heç vaxt.

Və yalnız öz şəxsi təcrübən hesabına – heç bir buddanın dediyi, kiminsə öyrətdiyi kimi yox, yalnız öz təcrübən hesabına bir gün münasibətlər sərhədini aşıb öz təkliyindən zövq alacaqsan. Öz təkliyindən zövq al­mayan adam heç vaxt kimlik (şəxsiyyət) ola bilməz. Təklikdə xoşbəxt olmağı bacarmayan, xoşbəxt olmaq üçün başqalarına gərək duyan adam kölədi, quldu. İnsan yalnız o zaman bütün, tam bir varlıq sayılır ki, təkliyindən ləzzət ala bilir. Təklikdə darıxmır.

Sən özünlə darıxmırsansa, özünlə sənə maraqlıdısa kiminləsə münasibət qurmağa can atmayacaqsan. Bu o demək deyil ki, sən heç kimlə ünsiyyət qurmayacaqsan. Yox, əlbəttə, danışdığın, görüşdüyün adamlar olacaq. Amma heç bir ilişki, heç bir kəs səndə asılılıq yaratmayacaq. Asılılıq – köləliyin bir növüdü. Asılılıq – əsarətdi.

Dostluq edəcəksən, söhbətləşəcəksən, görüşə­cək­sən, ünsiyyət quracaqsan. Bundan ləzzət alacaqsan. Se­­vincini paylaşacaqsan. Çox adamla görüşəcəksən, çox adamla yoldaşlıq edəcəksən. Ancaq nə bir kimsə sən­­dən asılı olacaq, nə də sən kimdənsə asılı olacaqsan. Həyatın sevinclə, azadlıqla, rahatlıqla, sevgiylə dolacaq.

Deyirsən ki, bu məni narahat edir. Narahat olma. Bu sənin günahın deyil. Səni belə tərbiyə ediblər. Xris­tianlar, buddistlər, caynistlər və başqaları bu hala gə­ti­rib çıxarır adamları. İnsan dünyaya tərtəmiz, günahsız gəlir. Artıq hazır qaydaları, adətləri olan bir dünyaya göz açır. Heç təsəvvürünə də gətirmir ki, başına nə­lər gələ bilər. Hansı durumlara düşə bilər. Bu sənin gü­nahın deyil…

Özünü qınama. Bütün cəmiyyətlərdə eyni hal baş ve­rir. Hər cəmiyyətdə sənin kimi əziyyət çəkən insanlar var. Cəmiyyətlərdə dəyişiklik lazımdı. Ancaq bunun üçün individual dəyişikliklərdən başlamalıyıq. Cəmiyyətin transformasiyası üçün individual də­yi­şik­liklər olmalıdı. Qadınlardan xoşun gəlir? Olsun, da­dını çıxar. Bu natamamlıqdı, ancaq cinayət deyil. Bu səni heteroseksual münasibətlərə aparıb çıxaracaq. Amma yenə bütünlüklə qane olmayacaqsan. O za­man meditativ həyata qədəm basacaqsan. İlahi, ruh­sal bir dünyaya qovuşacaqsan. Bu dünya sənin tək­liyindi. Öz-özünlə baş-başa qala bilməyindi, işıqlanmağın, aydınlanmağındı, şəfa tapmağındı. İnsan an­caq təklikdə aydınlığa çıxa bilir.

(Be Still and Know)

EVLİLİK

Nə üçün qadın və kişi aradakı dostluğu qoruyub saxlaya bilmir? Sanki çox çətin bir şeydi. Sonucda da məlum olur ki, nəinki çətindi, heç mümkün deyil. Evlilər arasında ya kompromis yaranmır, ya tutqu zamanla nifrətə çevrilir. Niyə qadın-kişi ilişkisində mütləq bir eybəcərlik ortaya çıxır?

Bunun çox sadə bir cavabı var. Nikah insanın yaratdığı ən iyrənc institutdu.

Qadını istismar etmək üçün yaradılıb. Sanki qadın pul banknotudu, ya da torpaq sahəsidi.

Yadında saxla! Əgər insana əşya kimi baxsan, son­da özün də əşyaya çevriləcəksən. Çünki əşyayla ün­siy­yətdə olan adam əşyanın dilində danışmalıdı. Sən cahil biriylə elmi terminlərlə danışa bilməzsən. Eləcə də insanı özündən aşağı saysan özün də o səviyyəyə en­məli olacaqsan.

Ailə təbiətə qarşı çıxır.

Yalnız və yalnız bu günə, indiyə əmin olmaq mümkündü. Sabah nə olacağı bəlli deyil. Gələcək sual altındadı. Ailəsə insanları ömürlük birləşdirir. Ömürlük birgəlik söz verir, son nəfəsə qədər bir yerdə olaca­ğına and içir.

Və bu iyrəncliklərin çoxunu edən keşişlər də yalandan baş aldadır, guya nikah göylərdə kəsilir. Göy­lər­də-zadda heç nə kəsilmir. Göy-filan yoxdu.

Təbiəti dinlə və səni narahat edən bütün suallara cavab tapacaqsan. İçini dağıdan bütün problemlər buxarlanacaq.

Qadınla kişi bir-birinə meyl edir. Bu meyl sonsuza qə­dər davam edə bilməz.

Sən bir kişini, ya bir qadını görürsən. O, səni dəhşətli dərəcədə özünə çəkir. Tutqu yaranır. Həmin an ürəyin tez-tez döyünməyə başlayır, həyəcan, duyğu­lanma, sevinc baş qaldırır. O an ömrünü bu adamla keçirmək istəyirsən. İstəyirsən ki, həmişə yanında olsun, sənə yaxın olsun. Bunda pis heç nə yoxdu.

Sevənlər yalan danışmırlar. Onlar həmin an üçün ger­­çəkdən də böyük hisslər keçirirlər. Həmin an se­vir­lər və sevdikləri insan onlar üçün hər şeydən önəmli, əvə­zs­iz, əziz olur.

Bir-birinə “mən sənsiz yaşaya bilmərəm” deyirlər. Ger­çəkdən də həmin an bu cür hiss edirlər, yaşadıqlarını dilə gətirirlər, olanı deyirlər. Amma onlar həyatın tə­biə­tini bilmirlər hələ. Bilmirlər ki, zamanla hər şey də­yişir. Bəyəndikləri bu adam, bu qadın getdikcə dəyişir, başqa cür olur, kökdən və formadan düşür. Və ola bilir ki, indi dəlicəsinə sevdiyin, vurulduğun ada­mı illər sonra eyni tutquyla sevmirsən.

İllər keçir və insanlar başa düşürlər ki, tələyə dü­şüb­lər.

Onlar artıq bir-biri haqda hər şeyi bilirlər. İndi bil­dikləri əvvəllər sirli, bilinməz bir sahəydi. Artıq öy­rə­niləcək heç nə qalmayıb. Bütün maraq itib. Eyni söz­lər, eyni hərəkətlər itələyici effekt yaradır. Qadın artıq sənə qıcıq olur. Bunu gizləmək üçün sən qapıdan içəri gi­rən kimi yatağa girir, başını sarıyır, harasısa ağrıyır bir­dən-birə.

Qadın birtəhər bu gedilmiş yoldan çıxmaq istəyir. Kişi isə işdə katibəsilə mazaqlaşıb yeni sahə axtarışına çıxır.

Mənə görə bu doğaldı. Doğal olmayan insanları Allah xətrinə, din xətrinə bir-birinə calamaq və ayrılmağa qoymamaqdı.

Daha yaxşı və ağıllı dünyada insanlar yenə se­və­cək­lər, amma kontrakt bağlamayacaqlar. Bir-birinin qo­­lunu qandallamayacaqlar. Bu, biznes deyil!

Onlar anlayacaqlar, anlayacaqlar ki, həyatın axışını ida­rə eləmək mümkün deyil.

Onlar bir-birinə sədaqətli olacaqlar. O an ki, ər qa­dını artıq sevmədiyini anlayacaq, ondan ayrılacaq. Sənəd-sünədə, kağız-kuğuza ehtiyac qalmayacaq. Və yalnız bu zaman gerçək dostluq yaranacaq. Dost­luq yalnız eyni dərəcədə azadlığı, hüququ olan adam­lar arasında ola bilər. Dostluq sivilizasiyadan, cə­miy­yət­dən, onun qaydalarından asılı olmayan adamların hə­ya­tında yaşana bilər.

Nikah yoxdursa boşanma da yoxdu. Bu zaman dost­luq yarana bilər.

Soruşursan ki, niyə qadınla kişinin dostluğu mümkün deyil…

Məhbuslar, həbsdə olanlar arasında dostluq ola bil­məz. İnsan yalnız cəmiyyətin, kulturanın, sivilizasiyanın zəncirlərindən azad olub, ürəyinin səsilə yaşadığı za­man kiminsə dostu ola bilər, normal münasibətlər qura bilər.

Kişinin bir gün gəlib “əzizim, bal ayı bitdi” de­mə­sin­də acı heç nə yoxdu. Qadının bir gün gəlib “Hər şey əvvəlki kimi gözəl deyil, coşqu yelləri ayrı yönə əsir. Sevgi dönəmi bitdi. Aramızdakı yaz dövrü başa çatdı. Daha çiçəklər açmır, ətir saçmır. “Ayrılıq zamanı gəldi” deməsində qəlbinizi qıracaq, dəhşətli heç nə yoxdu.

Dəhşətlisi, məhkəmənin, hakimin, vəkilin sizin özəl həyatınıza qarışmasıdı.

Siz onlardan icazə istəməyə gedirsiz. Əsl dəhşət budu. Onlar kimdilər ki, sizin həyatınızla, şəxsi iş­lə­ri­niz­lə bağlı qərarlar versinlər?

Gələcəkdə heç bir ərlər, arvadlar olmayacaq. Gə­lə­cək­də ancaq dostluqlar, dostlar olacaq. Dostluq varsa heç bir halda tutqu yerini nifrətə verməyəcək.

Tutqunun ötüb keçdiyini hiss elədiyin andan sev­gi­linlə sağollaşırsan, yollarınız ayrılır. Ancaq ona nif­rət etmirsən, o sənə nifrət etmir. Çünki hər ikiniz bir-bi­rinizi anlayırsız və duyğularına hörmət edirsiz. Bir ada­mın sənə olan sevgisi ötüb keçibsə ona niyə nifrət et­məlisən? Ürəyi necə zorlamaq olar? “Ömürlük məni sev­məlisən” hökmüylə kimisə necə zorla yanında saxlamaq olar?

Əlbəttə, ağrılı ola bilər, əzab da verə bilər. Buna bax­mayaraq hər şeyi anladığın üçün qəbul etməkdən başqa çıxış yolun qalmır. Sən şüurlu insan olaraq başa dü­şürsən ki, qarşındakı insan artıq səni sevmir və bununla barışmalısan.

İnsanlıq sivilizasiya, mədəniyyət, adət-ənənə, qay­dalar yaradıb. Və bu qaydalara görə qadınla kişi müt­ləq evlənməlidi. Evləndikləri zaman qadın arvada, kişi ərə çevrilir. Sonucda bu ondan, o bundan asılı olur.

Burda münasibətlər azad deyil. Hisslər azad deyil. Burda borc var, boynuna qoyulan öhdəlik var. Bü­­tün insanların müxtəlif öhdəlikləri var. Amma bu öhdəlikləri kiminsə boynunda sənədləşdirmək, zorla kiməsə yükləmək uğurlu nəticə vermir. İnsan öz öhdəliyini qəlbinin səsilə, arzusuna görə ger­çək­ləş­dir­məli və ümumiyyətlə, seçməlidi.

Ancaq biz hazır qay­da­ları, adətləri, qanunları olan dünyada doğuluruq. Uşaq­lıqdan bu qaydalar bizim beynimizə yeridilir. Hər yerdə bu qaydalar təbliğ olunur. Və biz əslində se­çim etmirik. Sadəcə, öyrəşirik, öyrədilirik. Bizə elə gə­lir ki, doğrular elə bütün bunlardı. Bizim sərbəst dü­şünüb qərar vermək imkanımız çox məhduddu. Yox səviyyəsindədi. Çünki hər tərəfdə, hər yerdə bizə nələrsə aşılamağa çalışırlar. Hamı nəsə öyrətmək istə­yir.

Və ən pisi aşılanan “doğruların” hamısı hər kəsə aiddi və standartdı. Bütün insanlıq eyni qaydada yaşaya bilərmi?

İnsanlıq ümumilikdə eyni cür yaşayır, eyni cür ömür sürür, eyni qaydalara əməl edir. Və bu eyniliyin içində kimsə ayrı cürdürsə, ayrı cür yaşayır və davranırsa tez diqqət çəkir, təklənir, tənqid olunur. Ancaq azad insanı, ruhuna, ürəyinə özünə sayğısı olan insanı bütün bu təpkilər, anlaşılmamaq qorxutmur. Çünki öz gerçəkləri, öz doğruları ilə əslində hamıdan xoşbəxt və azaddı.

Dünya hansı səviyyəyə enib? Bütün insanlar özəl­ləşib. Kimsə mütləq kiməsə məxsusdu. Kimsə ki­mə­sə tabedi. Kimsə kimdənsə asılıdı. Kimsə mütləq ki­min­disə.

İnsanlar ərlərindən, arvadlarından elə yapışırlar, san­ki bir əşyadan söhbət gedir.

Eşini, dostunu qorumaq tamam ayrı şeydi. Ancaq onu öz mülkün saymaq, onu sənə məxsus bir torpaq sa­həsi, bir mal kimi hiss eləmək tamam ayrıdı.

Burdan da nifrət, hikkə, qısqanclıq, paxıllıq baş qal­­dırır.

Bütün bu duyğuların yaranma səbəbi insanların bir-birindən asılı vəziyyətdə yaşamasıdı.

Səni qonşunun arvadı cəlb edir. Təbii olaraq sən də başlayırsan öz arvadından şübhələnməyə. Başqasının arvadına tamah salmayan öz arvadını əlisilahlı pusmaz.

Qadından belə yapışıb qalmazlar. Özünə hörmət elə. Bəlkə artıq heç səni sevmir? Bəlkə heç səninlə yaşamaq istəmir?

Düşünürsən ki, belə bir mühitdə doğulub böyüyən uşaq­lardan nəsə çıxacaq?

Uşaq sevgidən doğulmalıdı. Ərə getmişəm, evlən­mi­şəm, uşağım olmalıdı anlayışından yox.

Bir-birini güdən, incidən, qısqanan cütlüklərin hə­ya­tına damla-damla nifrət dolur. Və bu nifrət çoxalıb hə­yatı cəhənnəmə döndərir.

Azadlıq varkən, sevgi bitdiyi zaman dostcasına ayrılmaq kimi bir seçim varkən niyə özünü də, onu da cəhənnəmdə yaşamağa məcbur edirsən?

Əlbəttə, hikkən, eqon imkan vermir. Sən axı, onu özəll­əşdirmisən, özünə tabe etmisən. O axı sənin qulundu, köləndi. Ağalar qullara azadlıq vermirlər axı.

Və sən belə bir dünya qurub içində xoşbəxtlik axtarırsan. Axmaq!

Sözün düzü, öz arvadınla fahişə arasında elə bir fərq yoxdu. Təxminən taksiylə şəxsi maşının arasında olan fərqdən başqa bir şey deyil.

Fahişəni bir neçə saatlıq alırsan, arvadı ömürlük. Amma ikisini də alırsan.

Kral ailəsindən olan adamların başqa bir zümrədən olan biriylə evlənməsi yasaqdı.

Burda məsələni həll edən şöhrətdi, puldu, mən­su­biy­yətdi. Bu durumda sevgidən söz gedə bilməz.

Qadın kişidən ancaq ona görə asılı olur ki, ailənin çö­rək ağacı kişidi. Kişilər əsrlər boyu qadını təhsil almağa, çalışmağa qoymayıblar. Əgər qadının öz bank hesabı, işi-gücü varsa, heç bir halda kiminsə əşyasına çevrilməz. Buna görə də kişi qadına ayaqları üstdə durmağa imkan verməyib. Doğrudan da düşünürsən ki, səndən asılı olan biri səni sevə bilər?

Demək olar ki, bütün qadınlar az qalırlar ərlərini öl­dürələr. Amma bunu eləmirlər. Çünki niyə? Bu kişini öldürsə nə edəcək? Savadı yox, işi yox, gedəcək yeri yox. Məcbur qalıb onunla yaşayır. Nəticədə nə olur? Özü­nü diri-diri öldürür.

Eləcə də ərlər, mən burda istisnalar etmək istə­məz­dim, öz arvadlarından qurtulmaq istəyirlər. Uşaqlar var, üstəlik, özü bu qadınla evlənib, yüz dəfə onu sevdiyini deyib. İşə gedəndə yalandan onun üzündən öpüb, yalandan üzünə gülüb. Sevgi-zad yoxdu. İki ske­let bir-birinə toxunur, vəssalam.

İnsan elə bir cəmiyyət yaradıb ki, orda kişiylə qadının dostluğu mümkün olmur.

Dostluq elə bir dəyərdi ki, onu heç nəylə əvəz et­mək mümkün deyil. Nə olursa olsun, dost qal. Övla­dı­na da, arvadına da, ərinə də. Dost olmağı öyrən. Dost­luq etməyi bacar. Bu sənə ancaq yüngüllük, rahatlıq gətirər. Qarşı tərəfə mütləq, bütöv azadlıq ver.

Burda dözülməz, başa düşülməz, dəhşətli heç nə gör­mürəm. Əgər bir gün sevdiyim qadın desə ki, baş­qa­sına vurulmuşam və onunla xoşbəxt ola bilərəm, mən onun xoşbəxtliyinə sevinərəm. Niyə ona başqasıyla xoşdusa, niyə kiminləsə xoşbəxt ola bilərsə mən ən­gəl olmalıyam? Niyə mən onun xoşbəxtliyindən ağrımalıyam?

Əlbəttə, sevdiyindən ayrı düşmək həm də ağrılıdı. An­caq bu ağrı sevdiyin adamın xoşbəxtliyindən üstün ola bilməz. Bu durumda yalnız eqo acı çəkə bilər. Fərqi yoxdu, o, səni kimə dəyişib. O səndən sonra kimi sevib. Məsələ o adamın səndən yaxşı və ya pis olmasında deyil. Bu sənin sürücün də ola bilər.

Məsələ balaca dəyişiklikdədi. Əgər siz bir-birinizə tam bir azad­lıq versəz, çox ola bilər ki, ömrünüzün sonuna kimi bir yerdə qalasız. Çünki ortada azadlıq var. Heç kimin ürəyi sıxılmayacaq, heç kimdə digərindən qurtulmaq hissi yaranmayacaq. Azadlıq var! Azad olmaq istəməyəcəksən.

Yalnız ailə bu bağlılığı yaradır. Zamanla azadlığının olmadığını hiss edirsən. Heç kimə vurulmasan belə, əlini-qolunu bağlayan gözəgörünməz kəndir səni bir gün sıxacaq, darıxdıracaq. Azadlıq hər insanın həyatında çox böyük bir dəyərdi.

Əgər birdən-birə evlilər arasındakı asılılıq aradan qal­­dırılsa, birdən-birə hər iki tərəf azad və özgür olsa, hər kəs dünyanın anidən cənnətə çevrilməsindən çaşıb qalar.

Bir problem var. Uşaqlarınız… onlar necə olacaq? Mə­nim cavabım budu. Uşaqlar valideynlərə məxsus ol­malı deyil. Onlar kommunaya məxsus olmalıdı.

O zaman problem olmayacaq.

Valideynlər övladlarıyla görüşə bilər, onların qayğısını çəkə bilər, onlarla dostluq edər. Amma heç bir halda övlad ata-anaya məxsus olmalı deyil.

Bu bir çox psixoloji problemi aradan qaldırar.

Əgər oğlan ancaq anasını tanıyırsa, ömrü boyu anasına oxşayan qadın axtaracaq.

Və heç vaxt tapmayacaq. Qız heç vaxt atasının ey­ni­sinə rast gəlməyəcək. Belə halda ikisi də məyusluq ya­şayacaq.

Uşaqlar kommunada böyüsələr, çoxlu əmilər, xalalar tanıyacaqlar və ağıllarında ancaq bir kişi və ya bir qa­dın obrazı qalmayacaq.

Onlar qadınların və kişilərin dünyasını tanıyacaqlar.

Onların təsəvvüründə çeşidli, çoxplanlı insan obrazları olacaq.

Konkret bir obrazı yox, kimisə tapmaq imkanı yara­na­caq. Beynindəki yayğın bir obrazı möhkəmlədən, ay­dınlaşdıran birinə rast gəlib onunla mutlu olmaq müm­kündü.

İndi hər kəsin xəyalında dəqiq bir obraz var. İnsan tanımadığı birinə rast gəlir və zamanla onunla xə­ya­lın­dakı adamın fərqini görüb məyusluq yaşayır.

Kommuna uşaqları daha mehriban, insan konusunda daha təcrübəli olacaqlar. Onlar ünsiyyətə girməyi, dostluq etməyi bacaracaqlar.

Kommunada böyüyən uşaqların dünyası zəngin olur. Ancaq öz valideynlərindən tərbiyə alan uşaqların dünya görüşü kəm olur. Bilmirlər ki, milyon insan və hər birinin də ayrı dünyası, düşüncəsi və öz gö­zəl­li­yi var.

İndi nə baş verir? Sən çimərlikdə bir qız görürsən və ona vurulursan. Onu tanımırsan. Onun ancaq gör­kü­­nə vurulursan. Tanıdıqca, sənin adamın olmadığı­nı başa düşdükcə təəssüflənirsən. İlahi, bu mənim qa­­dınım deyil, bu mənim dostum deyil, düşünürsən. Onun iç dünyasıyla, sənin iç dünyan anlaşmır.

Bir insanı tanımaq üçün çox insan tanımaq lazımdı. İn­sanlarla ünsiyyətdə olmaq, onlarla qaynayıb-qarış­maq lazımdı. Qoy uşaq bir neçə bulaqdan su içsin. Çoxlu adam tanısın, çoxlu dünyayla üzləşsin. Fərqli tiplər görsün. Bu zaman seçimini sərbəst və düzgün edə biləcək. Azadlıq duyğusu olacaq, böyüyəcək və ba­ğımsız bir insan kimi yetişəcək. Bağımsız (tabeliyi ol­mayan, müstəqil) insan nə istədiyini dəqiq bilir. Və çox vaxt doğru seçimlər edir, partnyorunun kim ola biləcəyini dəqiq bilir.

Bu halda heç kim vurulmayacaq. Sadəcə, görən kimi anlayacaq ki, bu, odu. Axtardığı adamdı. Ona la­­zım olan biridi. Biləcək ki, bu insanla bir yerdə ola bilər.

Çünki çox insan tanıyır. Seçə bilir, özünə uyğun olanı tanıya bilir.

örən kimi düşünəcək: “Məhz bu insan mənə lazımdı”. Bu halda dostluq yaranır. Sabah nəsə dəyişsə belə, bunda faciəvi heç nə olmayacaq.

Cəmiyyət hərəkətsiz, tənbəl, bir nöqtədə dayanan, bir duruş alan format olmalı deyil. Cəmiyyət axar çay sürətində olmalıdı. Bir qadın səni məmnun edər, di­gəri səni başqa cür sevindirər, üçüncü səninçün gözlənilməz olar. Niyə yoxsul olaraq qalasan? Ancaq ona görə ki, İsa “yoxsullar ruhən xoşbəxtdilər” deyib?

Həyat təcrübəsi yığ. Görüş, tanış ol, açıq və əlçatan ol. Qoy səninlə bərabər olan adam bilsin ki, siz iki azad insansız. Bir-birinizi zəncirləmək fikriniz yoxdu. Gələcəklə bağlı heç kimə heç nə söz vermə. Çünki gə­lə­cək məlum zaman deyil.

Nə olacağı bilinmir.

Tələbə vaxtı gözəl bir qız mənimlə maraqlanırdı. Çox ecazkar idi. Ancaq mən həmin dövrdə qızlarla maraqlanmırdım. Mən dəlicəsinə Tanrı axtarışına çıxmışdım.

Sonuncu imtahan vaxtı çatdı. Biz artıq universiteti tərk edirdik. Qız gözləyirdi. Mənim ona yaxınlaşmağımı gözləyirdi. Belə qəbul olunub. İlk addımı kişi atmalıdı. Qadın aktivlik sərgiləyə bilməz. Hərçənd, bu mənə heç vaxt çatmayıb.

Əslində, ilk addımı atmaq möhtəşəm bir şeydi. Kim olursa olsun, ilk addımı atmaq cəsarət göstəricisidi.

İmtahan bitdi və yəqin ki, qız heç bir şans qalma­dı­ğını fikirləşib mənə yaxınlaşdı. O, məni kənara çəkib dedi: “İki il gözlədim. Sən bir addım atmadın. Mən səni sevirəm, ömürlük səninlə bir yerdə olmaq is­təyirəm”.

Ona cavabım bu oldu: “Əgər sən məni sevirsənsə rahat burax. Mən də səni sevirəm, buna görə də səni rahat buraxıram. Dedim ki, mən sevgi adına edilən işləri bilirəm. İnsanlar bir-birini qandallayır, ömürlük həbs edir. Bundan sonra yaşamaq əvəzinə, sadəcə, mövcud olurlar. Mən bunu edə bilmərəm. Sənə də məsləhət görürəm ki, heç vaxt həyatını ömürlük kiməsə bağlama. Azad münasibətlər qur”.

İki insana bu gün bir yerdə olmaq xoşdursa, çox yaxşı. Əgər sabah da bu birgəlikdən mutlu olacaqlarsa, ikiqat yaxşı. Yox əgər sabah bir yerdə olmaq onlara əzab verəcəksə, onda adam balası kimi sağollaşmaq la­zımdı. Və bu məsələyə kiminsə qarışmağa haqqı yoxdu.

Bu günə kimi əsas sual uşaqlarla bağlı olub. Onların durumu necə olacaq? Mən artıq uşaqların kommu­na­da olması barədə danışmışam. Bir də deyirəm. Onlar öz valideynlərilə görüşə bilər, vaxt keçirə bilər, söh­bət­ləşə, əylənə bilər.

Ancaq onlar bütünlüklə valideynlərinə məxsus ol­malı deyillər. Əvvəla ona görə ki, belə olan halda ailə­də baş verən hər narazılıq uşaqlara pis təsir edir, ikincisi, uşaqlar sevginin köləlik yox, azadlıq olduğunu öyrənməli, çox insanla ünsiyyətdə olmalı, həyatı tanımalıdılar.

Seçmək zamanı çatanda onlar “mən vurulmuşam” kimi yöndəmsiz ifadə yox, “mən tapmışam” kimi me­ditativ ifadə işlədəcəklər. Çünki tapmaq, vurulmaq­dan qat-qat ciddi və önəmli məsələdi. Tapırsansa de­məli, dərk edirsən, qavrayırsan, deməli, meditasiya edirsən. Çox güman ki, bu halda bir-birini tapan adam­lar sona qədər bir yerdə olur. Çünki məzmun eti­barıyla azadlıq sonsuzluqdu.

Evlilik olmasa boşanma da olmaz. Boşanma evliliyin sonucudu. Heç kim indiyə qədər düşünməyib ki, niyə fahişələr var? Onlara görə kim məsuliyyət daşıyır? Bu yazıq qadınların fahişə olmasında kimdi günahkar? Əlbəttə ki, günahkar ailə institutudu.

Arvadınla sıxılırsan və başqa bir qadının yanına gedirsən. O qadının ki, sənin əl-qolunu bağlamayacaq. Çünki bir arvad sənə bəs edir. İkinci bir bağ sənə lazım deyil. Sənə rahatlıq, sərbəstlik lazımdı. Gedirsən və bir neçə saatlıq eşqbazlıq edirsən. İkiniz də bir-birinizə bir neçə saatlıq sevilmək imkanı verirsiz. Üstəlik, buna görə qadına pul ödənibsə, o, bunu bir iş, bir görəv kimi edir.

Bütün dünyada qadından bir gözlənti var – öz bə­dənini satmalıdı. Kim edib bunu? Sənin siyasi li­der­lə­rin, sənin dini liderlərin. Hesab edirəm ki, bu adamlar ci­nayətkarlardı. Həm də adi cinayətkarlar yox. Çünki əsr­lər boyu onlar insanlığa əzab veriblər.

Dəyişikliyə özündən başlamalısan. Başqa çarəsi yox­du. Əgər sən kimisə sevirsənsə aranızda yalnız bir bağ olmalıdı – azadlıq!

Bir gün qadınını kiminləsə qucaqlaşan görsən də­lilik eləmə.

Belə bir tutuşdurma edək. Sən gündəlik yeməkdən be­zib çin restoranına gedirsən. Damağına yeni bir dad gəl­məsini istəyirsən. Bu sənə bəs edir. Sən yenə də öz gün­dəlik yeməyinə dönürsən. Ancaq bu təzələnmə, ye­­nilənmə səni ruhdan düşməyə, həvəssizləşməyə qoy­mur, səni bərpa edir.

Bir neçə gün sonra yenə eyni hal baş verir. Bu dəfə sən italyan restoranına, spagetti yeməyə gedirsən. Bizim ağlımız belə qurulub.

Həyat çox sadə və gözəldi. Bircə şey çatmır – azadlıq. Əgər bir gün qadının səni tərk edib başqasına getsə, inan ki, tezliklə yeni düşüncəylə geri dönəcək. Ar­tıq sənə başqa gözlə baxacaq. Əvvəllər fikir və önəm ver­mə­diyi şeylərə nəzər salacaq. Bu vaxt ərzində kətildə otu­rub başını divara vurmaq lazım deyil. Sən də yeni təc­rübə yığacaqsan. Sən də bir yerdə olduğunuz vaxtlarda elədiyiniz səhvlərə, dediyiniz yanlış sözlərə, önəm vermədiyiniz önəmli məqamlara fikir verməyə baş­layacaqsan. Nəhayət, sən də boş oturmadın axı, çin restoranına getdin.

Həyat sevincə dönməlidi, güldürməlidi. Ancaq o za­man kişi və qadın arasında dostluq yarana bilər. Əks halda, tərəflər bir-birinə nifrət edəcək.

(From the False to the Truth)

Əgər sevgi ailədə məhv olursa, insanlar necə hər gün bir-birinə sevgi verə bilər?

Necə valideynlər uşaqlarını sevgiylə əhatə edə bilər? Əgər onlar bir-birinə güclə dözürlərsə…

Mən heç vaxt deməmişəm ki, ailə sevgini məhv edir. Ailə necə sevgini məhv edə bilər? Sevgini sən özün məhv edirsən. Sevgini partnyorlar məhv edir, ailə yox.

Çünki sən sevginin nə olduğunu bilmirsən. Sənə elə gəlir ki, bilirsən, anlayışın var. Özündən uydurursan. Sevgini öyrənmək lazımdı. Sevgi böyük bir elmdi.

Təsəvvür elə ki, bir rəqs klubunda kimsə sənə ya­xınlaşıb deyir: “Gəl, rəqs edək”.

Rəqs edə bilmirsənsə cavabın necə olacaq? “Mən rəqs etməyi bacarmıram”. Özünü dahi rəqqas kimi apara bilməzsən axı. Özünü gülünc duruma salmaqdan qorxacaqsan. Rəqs etməyi öyrənmək lazımdı. Plastikanı, hərəkətləri bilmək üçün məşq eləməlisən.

Fırça və kətan var deyə rəssam ola bilməzsən ki. Rəssamlıq sənətdi, onu öyrənmək lazımdı. Bəlkə nəsə qaralaya bilərsən. Amma rəsm əsəri yarada bilməzsən.

Bir qadın görürsən. Həmən də sevgiliyə çevrilirsən. Həmən də rəssam olub əsər yaradırsan. Bu necə olur?

O da tez fırçanı əlinə alıb çəkməyə başlayır. Heç birinizin də ağlına gəlmir ki, sonucda ikiniz də axmaq bir mənzərə cızıb ortaya qoyacaqsız.

Bu, doğuşdan verilmir. Bu, fitri deyil. Bunu öy­rə­nir­sən. Bu, elmdi!

Ən incə sənətdi.

İnsan potensial imkanlarla doğulur. Əlbəttə, sən bə­dəninlə doğulursan və rəqsi də bədənlə edirsən. Bəlkə də bu səndə qismən alınar. Bədənini hərəkət et­dirə bilərsən. Ancaq rəqqas olmaq üçün rəqs sənətini də­rindən öyrənmək gərəkdi.

Sevgi rəqsini necə öyrənmək olar?

Əslində bu, bir az da çətindi.

Sənə partnyor lazımdı. Partnyor da rəqsin nə olduğunu bilməlidi.

Toxunacağın nöqtələri tapmaq özü də sənətdi.

İnsanlar arasında harmoniya yaranmalıdı. İki insan iki ayrı dünyadı.

Əgər sən harmoniyaya gedən yolu tanımırsansa konflikt yaranacaq.

Xoşbəxtlik, sağlamlıq, harmoniya hamısı sevgidən yaranır.

Sevməyi öyrən. Əvvəlcə sevgini anla. Nikaha gir­məz­dən öncə sevgini dərindən dərk elə.

Bütün varlığınla, səmimi şəkildə sev, sonra evlən.

Sevginin əsas şərti nədi?

Həqiqətən sevən sevgi vermək istəyir. Onu sevilib-sevilmədiyi o qədər də düşündürmür. Sevginin özünün qəribə iç sevinci var.

Sevdiyin zaman nəticə gözləmirsən. Sadəcə sev… zamanla görəcəksən ki, daha çox sevgiylə dolursan. Yalnız sevgidən sevgini öyrənmək olar.

Yalnız sevdiyin zaman sevgini öyrənirsən. Üzməyi öyrənmək üçün üzmək lazım olduğu kimi… İnsan bəd­­bəxtdi. Gözləyir ki, onu kimsə sevsin, bundan son­ra özü də sevir.

Hardansa Kleopatra gəlib çıxacaq və onlar sevgili ola­caqlar.

Sevmək üçün bircə şansı belə qaçırma.

Küçədən keçərkən belə sevmək mümkündü.

Hətta küçə qızını da sevmək mümkündü.

Hətta tam təsadüfi bir adamı da sevmək mümkündü.

Nəsə vermək önəmli deyil, sadəcə, gülümsəmək də yetər. Bu heç nə deyil. Amma sənin bir gülüşün içində böyük bir yol aça bilər.

Kiminsə əlindən tut. Gözləmə kimsə gəlib çıxsın və sən onu sevəsən.

Sev və bir gün həmin adam özü mütləq peyda olacaq.

Sən sev, sevməyi öyrən, sevgi bəxş elə, sevgi ver…

Bir gün o, mütləq gələcək, sən ürəyini aç, ürəyini sev­giylə doldur.

Sevgini onun üzünə taybatay açılmış ürək cəlb edir. Səni yanlış tərbiyə ediblər. Guya sevmək çox asan şeydi. Əlbəttə, sevgi var. Amma onu anlamaq lazımdı. Sev­­giylə doğulmur insan. Sevgini öyrənir, qavrayır, ya­­şayır insan.

Sən nə vaxtsa görmüsən ki, arılar qönçəyə qonsunlar?

Guya onlar bilmir ki, qönçə açılıb gül olacaq? Bi­lir­lər. Amma onlara yetişmiş gül lazımdı. Toxum olaraq qalma. Gül ol! İki bədbəxt insan bir yerdə ancaq bəd­bəxt ola bilər. Bu adi riyaziyyatdı.

Bədbəxtlik üstəgəl bədbəxtlik bərabərdi… ?..

Sən bədbəxt, o bədbəxt… nə gözləyirsiz?

İki üstəgəl ikidi bu.

Sən məni daha sevmirsən? – Molla Nəsrəddinin arvadı kövrələrək soruşur, – əvvəllər məni əzizləyərdin…

– Sevirəm, sevirəm, – dedi Molla Nəsrəddin, – indi ağzını bağla, imkan ver pivəmizi içək.

Əvvəllər… bax bu tamam ayrı şeydi. Bu haqda ciddi düşünmək lazımdı. Məncə evlilikdən sonra bal ayı eləməkdənsə, bal ayından sonra evlənmək lazımdı.

Bal ayı toydan sonra çox təhlükəlidi. Mən bildiyim qədər 99% evlilik artıq bal ayının sonunda bitir. Ancaq bu addım artıq atılıb və geriyə yol yoxdu.

Din, cəmiyyət, qanunlar, məhkəmə, qohum-əqrəba bütün bunlar mane olur. Əslində hər şey bitib… Qanun tələsik nikaha icazə verməli deyil. O zaman icazə vermək olar ki, cütlük heç olmazsa iki il bir yerdə yaşayıb. İki il bir yerdə yaşamaq mümkündümü?

Qınaqlar, adətlər, başqaları olmasa iki il rahatca yaşaya bildinsə, demək, bundan sonra da yaşaya biləcəksən. Yox, sizi bir yerdə saxlayan ancaq kim nə deyər məsələsidisə, o zaman ailə əslində çoxdan dağılıb.

Belə bir anekdot var.

Bir klinikada çox gözəl tibb bacıları çalışır. Elə bir bu tibb bacılarını kimsə dünya gözəli yarışmasından xüsusi ola­raq yığıb gətirib.

Pasiyentlərdən biri hər dəfə onları görəndə eyni sözü deyir: “Bozluq!”

Onunla eyni palatada yatan adam dözməyib bir gün soruşur: “Sən niyə bu gözəl qızlara “bozluq” deyirsən?”

Pasiyent cavab verir: “O qızlara demirəm. Öz arvadım yadıma düşür”.

Arvad heç vaxt ərinə gözəl görünmür, ər heç vaxt ar­vadına yaraşıqlı görünmür. İnsanlar bir-birini tanı­yan­­dan sonra hər şey məhv olur, bozluq yaranır.

Nikahların əksəriyyəti insanlar bir-birini yaxşı tanı­madan qurulur.

Bunun nəticəsi də hamıya aydındı. Ya da romantikaya qapılıb evlənirlər.

Romantika yaxşıdı. Ancaq şairlər üçün. Kim deyir ki, şairdən yaxşı ər olur?

Şairlər adətən subay olurlar. Onlar hamıya sevgi, divanəlik aşılayırlar. Amma özləri subay qalırlar. Bu onlar üçün ilham mənbəyidi, onlar yazmağa, yaratmağa davam edirlər.

Poetik havayla ailə qurmaq olmaz.

Qoy nəsr havası gəlsin, o zaman qərar ver. Gündəlik həyat poeziya deyil. Gündəlik həyat daha çox nəsrdi. İnsan ayıq başla qərar verməlidi. Kifayət qədər yetkin olmalıdı. Yetkin insanın qərarları da yetkin olur. Ayıq başla sən həyatına və qərarına cavabdehsən. Yetkin olmaq o deməkdi ki, insan artıq ağılsız romantik deyil. Öz həyatına və qərarlarına görə cavabdehdi. Həyatının məsuliyyətini dərk edir. Birgə yaşayışın nə demək olduğunu bilir, problemləri həll etməyə hazırdı.

Yetkin insan çox gözəl başa düşür ki, qarşıda onu güllü-çiçəkli cənnət gözləmir. Başa düşür ki, bu, həyatdı və qarşısına qızılgüllər də, tikanlar, kol-kos da çıxacaq. Bütün bunları qavrayaraq seçim edir. Başqa bir insanla birgə yaşamağa qərar verir və onu özü seçir. Düşünərək, dərk edərək, əminliklə seçir. Havalı, romantik, hisslərə qapılmış vəziyyətdə deyil.

Əgər bütün problemləri anlayaraq, hesab edirsən ki, risk etməyə və həyatını başqa bir insana bağlamağa də­yər, o zaman evlən. Bu ailə sevgini öldürməyəcək. Çün­ki bu, realistik sevgidi. Amma “romantik sevgi” xalq arasında “it balası kimi sevirəm” deyiminin eynisidi. Bu sevgidən asılı vəziyyətə düşmək olmaz. Bu sevgi dondurma kimidi. Hərdən onu yemək olar. Amma davamlı olaraq yox.

Prozaik sevgi – ən doğrusu budu. Poetik sevgidən uzaq dur. Axmaq şeydi. Səni girinc edəcək. Öz-özlü­yün­­də nikah heç nəyi məhv eləmir. Nikah, sadəcə, içdə olanı üzə çıxarır. Gerçəklik ortaya çıxır. Gerçək sevgi yoxdursa axır-əvvəl bu üzə çıxır. Nikah, sadəcə, as­tarı üzə tez çıxaran vasitədi.

Yenə də deyirəm, nikahın sevgini öldürdüyünü id­dia etmirəm. Sevgini insanlar öldürür – sevməyi ba­carmayan insanlar. Öncəliklə, sevgi əslində heç olmadığı üçün ölür. Sən xəyallarla yaşamısan, reallıq isə bu xəyalları darmadağın edir. Məlum olur ki, sevgi-zad heç yox imiş. Eyforiyaya qapılmısan. Ayılanda hər şeyi anlayırsan. Əks halda – əgər sevgi doğrudan da olsaydı, belə tez itib getməzdi.

Artardı, böyüyərdi, çi­çəklənərdi. Əgər sən yaşamı qavramısansa, hər şeyə ayıq gözlə baxa bilirsənsə, reallığı, həyatı və sev­gini anlayırsansa, bu hiss içində səninlə birgə bö­yü­mə­lidi. Çünki insan özü günbəgün böyüyür, artır, yetkinləşir. İçində sevgi varsa, məntiqlə o da sənlə birgə böyüməlidi. İnsan böyüdükcə içində olanlar da böyüyür. Böyümək – kamilləşmək, yetkinləşmək anlamında deyirəm. İçin böyüməsindən danışıram.

Bu halda nikah sevgi üçün əla bir imkandı.

Heç nə sevgini yıxa bilməz.

Sevgi varsa yaşayacaq və artacaq. Düşünürəm ki, çox zaman bu sevgi olmur. Özün-özünü aldadırsan. Bu bəlkə vurulmaq olur, tutqu olur. Amma sevgi olmur. Bütün başqa hisslər tez bir zamanla keçib gedir. Eh­tiras da, vurğunluq da.

Sevgi tezliklə yox ola bilməz.

Əgər bu, sadəcə, seksual maraqdırsa, intim yaxınlıqdan sonra mütləq yoxa çıxır. Çünki bilinməyən şeylər həmişə maraq doğurur. Elə ki səni cəlb edən qa­dının və ya kişinin bədəninin dadını bildin, ona ma­rağın sönəcək..

Sevgini heç vaxt, heç nəylə qarışıq salma. Əgər bu gerçək sevgidisə… gerçək sevgidisə… “Gerçək sevgi” deyəndə nəyi nəzərdə tuturam?

Gerçək sevgi kiminsə yanında özünü birdən-birə xoş­bəxt hiss etməkdi. Onunla ekstaz yaşayırsan. Ya­nında olması ruhunu oxşayır. Qəlbinə hardansa qəribə duyğular axır. Yanında olması sənə yetir. Onunla özünü yüksəlişdə hiss edirsən, onunla se­vin­cək olursan, qəlbin şənlənir, gözlərin şənlənir, ru­hun mahnı oxuyur, rəqs edir. Yan-yana olmağınız əsl xoşbəxtlikdi səninçün. Onunla özünü tamamlanmış, harmoniyada, rahatlıqda hiss edirsən. Bütün bun­lar varsa, demək sevirsən, gerçəkdən sevirsən…

Sevgi – tutqu deyil. Sevgi – emosiya deyil. Bu, başqa bir insanın səni tamamladığını başa düşməkdi, səni tam bir halqaya çevirdiyini anlamaqdı. Sevdiyinlə özü­nü önəmli hiss edirsən. Sevdiyinlə məmnunluq duyğusu yaşayırsan.

Sevgi sənə azadlıq verir. Özün ola bilirsənsə – bu, sevgidi.

Diqqətli ol. Cinsi meyli sevgi kimi qəbul eləmə. Əks halda, məyus olacaqsan. Sayıq ol. Hiss edəndə ki, yalnız bir insan sənə lazımdı, deməli, sevirsən. Heç nə soruşmadığın, heç nəylə maraqlanmadığın, onun yalnız varlığıyla yetindiyin və bundan xoşbəxt olduğun bir zaman yaşayırsansa, deməli, sevirsən. İçin çiçəklənir, minlərlə şanagüllə açılır… deməli, sevirsən.

Sevirsən, sevirsən, sevirsən…

Həyatın bütün çətinliklərindən keçə bilərsən. Hər cür əzabdan, fanilikdən keçə bilərsən… sevgin azalmayacaq, əksinə, artacaq, ruhunda yüksəliş olacaq. Çünki həyatdan dərs aldıqca çətinliklərə sinə gəlirsən və sevgin sənə kömək olur.

Sevgi sonsuzluqdu… Sevgi getdikcə güclənən hissdi. Onun əvvəli var, sonu yox…

(The Discipline of Transcendence)

Sadəcə, Merfinin (Con Merfi – ingilis alimi) bir neçə deyimini nəzərə al – Zaman-zaman evli olmaq da pis deyil.

– Ağıllı kişi qadına onu anladığını deyir, axmaq kişi bunu sübut etməyə çalışır.

– Nikah üçhalqalı sirkə oxşayır. Birinci halqa – nişan üzüyüdü, ikinci halqa – evlilik üzüyüdü, üçüncü halqa – əzab üzüyüdü.

– Nikahdan başın gicəllənə bilər. Amma eyni hal alnına möhkəm bir zərbə endirsələr də baş verər.

– Evliliyi boşanmadan ancaq bir şey xilas edə bilər – toya getməmək.

– Qadın Tanrının ikinci səhvidi. Birinci səhvi kişidi. İki səhv bir arada həqiqəti ifadə edə bilməz.

Və sonuncu: azadlıq, həyat və kişi təqibi qadının haqqıdı.

Beləliklə, özün qərar ver. Mən kiməm ki, sən evlənmək qərarı versən buna qarşı çıxım? Mən, sadəcə, sənə deyirəm ki, tullanmadan öncə düşün.

(Zen: Zest, Zip, Zap and Zing)

SEVGİ

SEVGİ NƏDİ?

Sevgini müəyyən edən cürbəcür faktorlar var.

Nə qədər insan varsa, o qədər də sevgi növü var. Sev­gi iyerarxiyadı (iyerarxiya – ruhanilik səviyyəsinə görə idarəçilik): aşağı pillədən yuxarıya doğru, seksdən üstqavrama (bilinc ötəsinə, idrak yüksəlişinə) qədər. Sevginin çox pilləsi var. Aşağıdan yuxarıya doğru uzanan bu pilləkən adamların qavrayış, şüur, anlam səviyyəsinə görə dəyişir. Düşüncə səviyyəsi aşağı olan, aşağı plankada olan adamların sevgisilə, yuxarı plankalı adamların sevgisi eyni olmur.

Adolf Hitlerin sevgi anlayışıyla Qautama Buddanın da sevgi anlayışı eyni ola bilməz. Bu iki ayrı uclardı, ayrı nöqtələrdi. Onlar eyni cür sevə bilməzlər.

Aşağı səviyyədə sevgi nəsə politik bir qavramdı.

Əgər sevgiyə din, siyasət, qanun qarışırsa bu, politikadı.

Milyonlarla insana aiddi bu. Onlar sevgi haqda ancaq bir şey bilirlər. Ər-arvad, boy-frend (boy friend), göl-frend (girl friend) arasında olması önəmli deyil. İn­sanların sevgi anlayışı birdi: başqasını idarə etmək.

Dominantlıq eləmək insanın xoşuna gəlir. Sevgi – üstü şirin, içi zəhər olan həbləri xatırladır. Şi­rin­ləş­di­ril­miş siyasətdi. Başqa bir şey deyil.

İnsan sevgidən danışır, amma qəlbinin dərin­li­yin­dən başqasını ekspluatasiya (dəyişdirmə) eləmək ke­çir. Demirəm ki, insan bunu bilərəkdən edir. Yox, bunu heç kim qəsdlə və ya bilə-bilə eləmir. Bu, dü­şü­nül­mədən, anlamadan, şüursuz şəkildə baş verir. Hər kəs bunu avtomatik edir.

Buna görə də güclü qısqanclıqlar, asılılıqlar sevginin ayrılmaz hissəsinə çevrilib. Bu da ancaq əsəb, acı, gər­ginlik yaşadır. Buna görə də sevgi sevincdən çox kə­dər gətirir.

99% əzabdan ibarətdi sevgi. Yalnız bir faiz həbin üs­tündəki şəkərin payına düşür. O da zamanla sovrulur və acı dadır.

İlişkilərin başlanğıcında “bal ayı” yaşanır. Getdikcə şə­kər əriyir və zəhərli reallıq ortaya çıxır. Münasibətlər xo­şagəlməz şəklə düşür.

Milyonlarla insan bir daha sevməyəcəyinə söz verir. Milyonlarla insan bir daha acı çəkməmək üçün pi­şik, it, balıq, dovşan saxlayır. Acı çəkməkdənsə sevgisini maşınına versə daha yaxşı olar, düşünür. Maşınını sevir, heyvanını sevir, nə gəldi sevir, təki kimsə canını acıtmasın, təki kimsə onu idarə etməyə çalışmasın. Burda qəliz heç nə yoxdu. Hər şey aydındı.

Bir yığıncaqda qadın iki centlmenin söhbətini eşidir. Biri deyir:

– O… mən ölürəm ondan ötrü, ona təzim edirəm, bayılıram.

– Əgər o mənim olsaydı mən də belə edərdim.

– İlahi, o necə gözəldi, onun necə gözəl qaməti var, o necə şa­hanədi.

– Sənin bəxtin gətirib.

– Ən çox bilirsən nə xoşuma gəlir? Qulağımı yüngülcə dişləməsi.

Bu vaxt söhbəti eşidən qadın onlara yaxınlaşır.

– Ser, mən təsadüfən sizin söhbəti dinlədim. Bu qədər bo­şanma olduğu bir zamanda kiminsə öz arvadını belə sev­mə­si, ondan belə ehtirasla danışması məni yaxşı mənada hey­rətləndirdi.

– Arvadı? Nə danışırsız? Mən öz atımnan danışıram. Mə­nim atım cıdır yarışlarında birincidi.

Münasibətlər elə bir cəhənnəm yaşadır ki, insanlar meyl­lərini ata, itə, maşına salırlar. Çəkişmə, höcət onları dəli həddinə çatdırır.

Hər an konflikt, dava-dalaş yaşanır, sevgililər bir-birinin boğazından yapışır.

Bu alt qatın sevgisidi. Əgər bundan körpü, meditasiya kimi istifadə etsən pis heç nə yoxdu. Əgər olanları çözməyə çalışsan, anlamağa, görməyə çalışsan, bu, sənin üçün yüksəlişə gedən yol ola bilər. Hər şeyi başa düşərək daha uğurlu və daha sağlam mərtəbəyə qalxa bilərsən.

Yuxarı pillədə sevgi – ürəyin mutlu halıdı. Sevgi sənin sakitliyindi, təmkinindi. Bu pillədə lotos bütünlüklə açır və onun ecazkar ətri adamı məst edir.

Ən aşağı pillədə sevgi siyasət olaraq qalır. Ən yuxarı pillədə sevgi – bilimin ilahi yüksəlişidi.

Mən də səni sevirəm, Budda da sevir, İsa da. Bu sevgi qarşılıq gözləmir. Bu sevgi ancaq bəxş olunur, hə­diyyə olunur.

Onun transtendental gözəlliyinə, işıq saçmasına sə­bəb də budu. Bu sevgi ödəniş gözləmir. Söz açdığım sevgi ona qədər yaşadığın bütün sevincləri aşır.

Mən sevgidən bir hal kimi danışıram.

Sevgi ünvansızdı. Sən konkret kimisə sevmirsən. Sən, sadəcə, sevirsən. İçində sevgi var.

Sən özün sevgisən… Kiməsə öz sevgindən danışmaqdansa, mən özüm sevgiyəm demək daha yaxşıdı (sən sevgisən).

Bu halda kim sənin sonsuz bulağından su içmək istəyəcəksə, o da yanında olacaq.

Sən burdasan və heç bir qayda qoymursan. Sən, sa­dəcə, sevgi verirsən.

Amma bu o zaman realdı ki, sevgi meditasiyaya çev­rilsin.

Medisina və meditasiya eyni köklü sözlərdi. Sevgi hamıya məlum olduğu kimi xəstəlik kimi bir nəsnədi. Onu sağaltmaq gərəkdi. Meditasiya sevgini sağaldır, təmizləyir. Sevgi meditasiyadan keçib durulaşır. Sevgi durulaşdıqca onun yaratdığı ekstaz güclənir.

Nensi Elenlə kofe içə-içə söhbətləşir.

– Ərinin səni sevdiyini nədən bilirsən?

– Hər səhər zibili o atır.

– Bu sevgi deyil ki, bu, evdarlıqdı.

– Nə qədər pul istəyirəm verir.

– Bu da əliaçıqlıqdı.

– Həmişə mənim üçün qapı açır.

– Bu da sevgi deyil, o, mədənidi.

– Başqa qadınlara baxmır.

– Bu da sevgi deyil, pis görür yəqin.

– Məni həmişə öpür. Sarımsaq yesəm belə, başımda biqudi olsa belə, məni qucaqlayıb öpür.

– Hə, bu sevgidi!

Hər kəsin sevgi haqda öz düşüncəsi var. Elə bir vaxt gəlib çatır ki, sevgi hala çevrilir. Sevgi insanın düş­düyü vəziyyətə dönüşür. İdeya olmaqdan çıxır. Sevgi sənə artıq bir fikir kimi yox, bir yaşantı kimi tanış olur. Sevgi halına düşürsən. Bax bu zaman, sevgi Tan­rıya çevrilir, sevgi ən böyük həqiqət olur.

Qoy sevgi meditasiyadan keçsin. Onu müşahidə elə, ağlının fırıldaqlarına fikir ver, siyasi gücünü yoxla, iradəni yoxla. Sevdiyinə nəsə deyəndə dediyin sözə diqqət elə. Niyə bu sözü dediyini anlamağa çalış. Si­tuasiyanı, düşdüyün durumu hiss elə, dərk elə. Hər ad­dımını, hər hərəkətini izlə. Bu sənə özünü tanımaq üçün böyük bir şans verəcək. Niyə bu cür davrandın, niyə o sözü dedin? Bütün bunların şüuraltı mənasını tap­mağa çalış. Hər şeyi şüurundan keçirərək dərk elə. Kor­təbii davranma. Şüuraltı motivləri üzə çıxar, anlayış səviyyəsinə gətir.

Bu, həyatı transformasiya eləməyin sirlərindən biridi.

Hər şey dərk olunduqdan sonra yoxa çıxır.

Sənin motivlərin dərk olunmayıb. Sən onları hələ anlaya bilməmisən, kəşf etməmisən. Buna görə də onlardan qurtula bilmirsən. Onları üzə çıxar, izlə, tap və yox et.

Ağacın kökünü çıxarıb günün altında qoyanda tezliklə quruyur. Sənin motivlərin də elədi. Onlar çox dərindədi və buna görə də yaşayır.

Sənin sevgiylə bağlı problemlərini bu cür çözmək olar. Motivləri tapıb, üzə çıxarıb, onları yox etmək lazımdı.

Sevgi motivsiz olanda insanın həyatında ali bir şeyə çevrilir.

Sevgidə motiv olmaz. Motivsiz sevgi çox yüksək, ilahi bir duyğudu.

İsa “Tanrı elə sevgidi” deyəndə bunu nəzərdə tuturdu. Mən də sizə deyirəm, “Sevgi Tanrıdı”. Tanrını unuda bilərsən, amma sevgini unutma. Ancaq sev­gi­dən keçərək insan Tanrıya çatır. Sən bütünlüklə Tanrını unutsan belə, heç nə itirməyəcəksən. Ancaq sevgi haqda unutma. Sevgi körpüdü.

Sevgi idrakın kimyəvi prosesə çevrilməsidi.

(Unio Mystica)

Eqodan imtina etmədən sevmək mümkündürmü?

Sevmək üçün adamda kifayət qədər cəsarət olmalıdı. Çünki sevgi eqodan tamamilə imtina etməkdi. İnsan eqosunu itirməkdən çox qorxur. Onun üçün bu ölümə bərabərdi. Ona görə belədi ki, bizim eqodan başqa heç nə haqda bilgimiz yoxdu.

Biz özümüzü eqoyla bir tuturuq. Təbii olaraq da eqo­nu itirsək individuallığımızı itirilmiş sayırıq. Əs­lin­də, belə deyil. İnsan eqosunu itirməyənə qədər öz in­dividuallığına qovuşmur. Eqo saxta bir şeydi, uydurma, qondarmadı.

Reallığı eqonu itirməklə üzə çıxarmaq olar. Real ol­mayan real olanı ört-basdır edir, gizlədir. Buludlar gü­nəşi örtən kimi real olmayan da reallığı örtür.

Sevgidə eqonu yox etmək lazımdı. Bu zaman cən­nətin qapıları üzümüzə açılır.

Kimisə sevməkdən başlayıb, hər şeyi sevməklə bi­tir­mək olar.

İnsan göy üzünə açılan pəncərə kimi olur bu zaman.

Bunun üçün əvvəlcə sevgi uğruna mütləq və mütləq eqodan qurtulmaq lazım olduğunu tam şəkildə dərk elə.

İnsana sevgi lazımdı. Ancaq eyni zamanda o, bərk-bərk öz eqosundan yapışır.

Buna görə də sevgi onun üçün heç vaxt reallığa çev­rilmir.

İnsan doğulur və ölür. Ömür boyu da sevgi nekta­rını dadmır. Deməli, əslində heç yaşamır. Həyatın mə­nasını əldən verir.

(The Sound of One Hand Clapping)

Mənə həmişə elə gəlib ki, ömrüm boyu bir adamı sev­mişəm. Hər halda səni tanıyana qədər mən onu sev­diyimi düşünürdüm. İndi çaşqınlıq içindəyəm. Bil­mirəm, həqiqətən sevmişəm, ya yox. Səncə, mən sevib-sevmədiyimi necə müəyyən edə bilərəm? Bilmək istə­yirəm ki, mən, ümumiyyətlə, sevə bilirəm? Mən səni sevə bilərəm?

Səhvin onda olub ki, sən kimisə sevmisən.

Bütün insanların səhvi budu. Onlara elə gəlir ki, sevgi mütləq kiməsə yönəlməlidi. Mütləq kimisə, bir adamı sevmək lazımdı. İnsan elə bilir ki, sevgi konkret kimisə sevməkdi.

Sevginin bir ünvanı olanda məhv olur. Sanki sən deyirsən: “Mən ancaq sənə görə nəfəs alıram. Sən olmasan nəfəs almayacam”.

Sevgini nəfəsin özüylə tutuşdurmaq olar. Sevgi nəfəs kimidi. Harda olsan, kimlə olsan səninlədi. Heç kimlə olmasan belə yenə nəfəs alırsan, yenə də se­vir­sən, için sevgiylə doludu.

Məsələ kimisə sevməkdə deyil. Məsələ özünün sevgiyə çevrilməyindədi. İnsan özü sevgiyə çev­ril­məlidi.

Sevgi – sənin bütün mahiyyətindi. Sevgi – sənin var­lığındı. Sənin ilahiliyindi, ruhaniliyindi.

Özündən soruş: “Mən sevirəm?”

Eşinlə olanda onu sevirsən, balanla olanda balanı sevirsən, dostunla olanda dostunu, təbiətdə olan­da ağacları, okeanda olanda okeanı sevirsən. Se­vir­sənmi?..

Əsas məsələ budu.

Əgər sevirsənsə, sən özün sevgisən.

Sevgiyə konkret obyekt gərək olmur. Sevgi səndən, qəlbindən saçan işıqdı, şüadı.

Şüa nə qədər çoxdusa bir o qədər böyük ürəyin var.

Sevginin qanadları nə qədər böyükdüsə, ruhunun səması bir o qədər genişdi.

Sən də hamı kimi yaşamısan. Və indi sevgidən söz düşdükcə öz-özünə sual verirsən: “Mən sevə bilirəm?”

Burda olduğun zaman məni sevmək haqda düşün­mə. Belə düşünsən köhnə səhvlərini təkrar etmiş olacaqsan. Sən, sadəcə, sevginin özü ol. Bu zaman məni də, başqalarını da sevə biləcəksən. İnsanlar özləri sev­gi­yə çevrilsələr bütün dünya ekstaz, sevinc, sakitlik içində olar.

Dünya məbədə dönər. Dünyanı məbədə çevirməyin yeganə yolu budu.

Sevgi enerjiyə çevrilib bütün dünyanı sarar. Hər yer işıq saçar, xoşbəxtlik saçar. Hamı sevilər, hamıya sevgi çatar.

Sevgi hamıya çatacaq qədər geniş ölçülüdü…

Səhvini anla. Həyat sevgi cücərtmək üçün bir imkandı.

Əgər sağsansa, dirisənsə sevginin ömürlük səninlə ol­maq imkanları genişdi.

Bütün ömrünü havaya sovura bilərsən, amma son nəfəsdə belə sevgi hiss eləsən demək, ömrün hədər getməyib. Bir nəfəslik gerçək sevgi bir ömürlük sevgiyə bərabərdi. Çünki sevgi elə sevgidi. İstər bir ömürlük, istər bir nəfəslik. Əsas onu hiss eləmək, yaşamaq, anlamaqdı…

(The Rebellious Spirit)

Sən bir dəfə dedin ki, biz yalqız doğuluruq, yalqız ya­şayırıq və yalqız ölürük. Görünür, yalqız olduğumuz üçün də dünyaya gəldiyimiz andan etibarən baş­qalarıyla ünsiyyət axtarırıq. Seksual anlamda isə bizi konkret bir insan özünə çəkir. Bunu şərh edə bi­lər­sənmi?

Toxunduğun problem bütün bəşəriyyətin problemidi. Biz tək doğuluruq, tək yaşayırıq və tək ölürük. Özünlə baş-başa qalmaq – bu, varlığın mahiyyətidi, özüdü. Ancaq biz bunu tənhalıq kimi qəbul edərək, özü­müzdən qaçırıq. Özümüzü başqası kimi qəbul edirik, tanımırıq. Biz tək qalmağı, kimsəsiz qalmaqla eyniləşdirdiyimiz üçün öz təkliyimizin gözəlliyini duy­muruq, ondan həzz ala bilmirik. Sakitliyi və dünyanı dinləmirik, buna görə də yalqızlığı kimsəsizlik kimi qavramağa davam edirik. Çünki biz bu yalqızlıqdan zövq almağı öyrənməmişik.

Tək olanda dünyanı dinləmirik, sükutu dinləmirik. Tək olanda kiməsə ehtiyac duyuruq. Təklik bizə cansıxıcı gəlir, boğucu gəlir. Biz bu təklikdə özümüzü atıl­mış, tərk olunmuş, yetim və kimsəsiz hiss edirik.

Hər kəs tənhalıqdan qaçmağa çalışır. Tənhalıq yara ki­midi, ağrıdır. Bundan da qaçmağın yolları var. Topluma qarışmaq, arvad almaq, ərə getmək, uşaq doğmaq.

Bu çoxluqda insan öz tənhalığını unudur.

Əslində isə tənhalıqdan qaçmaq mümkün deyil. Sən ancaq özünü aldada bilərsən, tənhalığı buza qoya bilərsən. Amma bu onun yoxa çıxmasına kömək et­mə­yəcək.

Bu çarə deyil. Problem əksinə dərinləşir. Çünki tənhalığı əslində tanımırsan. Onu tanımağa cəhd gös­tər­məmisən. Səninçün öz-özlüyündə bu bir qayda olub:

“İnsan tək doğulur”. Deməli, o, tənhalıq üçün doğulub.

Yalnızlıqla guşənişinliyi (yalqızlığı) lüğətdə eyni cür qələmə verirlər. Bu yanlışdı. Bu, o deməkdi ki, lü­ğə­ti tərtib edənlərin heç nədən xəbərləri yoxdu.

Yalnızlıq və guşənişinlik ayrı-ayrı sözlərdi.

Yalnızlıq – uçurumdu, boşluqdu, dəlikdi. Onu nəy­lə­sə doldurmaq lazımdı. Ən əsası ona görə ki, anlamsız bir yer tutur. İnsan yaşa dolduqca dəlik böyüyür, ye­kəlir. İnsan öz-özüylə qalmaqdan qorxduğu üçün səfeh-səfeh işlər görür. Öz-özünə kart oynayan adam gör­müşəm. İndi hətta hər iki oyunçunun yerinə tək özü oynaya bilən oyunlar da icad ediblər.

Hər kəs nəyləsə məşğul olmaq istəyir. Təki öz-özüylə baş-başa qalmasın. İşbazlar bütün həftəni qaçaqaçda olurlar və onlar üçün ən dəhşətli şey bazar gün­ləridi. Bu günlərdə nə edəcəklərini bilmirlər. İşgüzar, işbaz adamın ən böyük qorxusu öz-özüylə baş-başa qalmaqdı. Bu onun üçün dözülməzdi.

Belə bir məlumat kifayət edir: dünyada ən çox ha­di­sə bazar günləri baş verir.

İnsanlar maşınla bağa, dağa, dənizə şütüyürlər. Bam­­per bamperin yanına qaçır.

(Bamper – avtomobilin önündə çıxıntı. Yüngül zər­bə­­nin qarşısını alır)

Səkkiz-doqquz saat bir yerdə vaxt keçirirlər, adam için­­də olurlar, kütləvi istirahətlərə gedirlər. Təki sakitlik olmasın, təki özlərinə çəkilməsinlər, hara olur ol­sun, guşə olmasın.

Televizora baxırlar, radio dinləyirlər, kart, şahmat oy­­nayırlar və bu saatlarca sürür.

Bütün səylər ancaq bir şey üçündü – tək qalmamaq üçün.

Kim sənə deyib ki, təklik pis şeydi?

Guşəyə çəkilənləri dinlə. Onların bu haqda fikirləri ta­­mam başqa cürdü.

Onlar sənə deyəcəklər ki, özünə çəkilməkdən, özü­nə qarışmaqdan gözəl, sakitləşdirici heç nə yoxdu.

Kütlənin hansısa Zərdüştün, ya da Buddanın nə de­diyi vecinə deyil. Bu fikir adamları özlərini də, başqalarını da aldadırlar, axmaq şeylər danışırlar onlara görə.

Çünki bu tək-tük adamların dediyi həqiqət ola bil­məz. Həqiqət toplumsal olur. Çoxluq deyən nədisə hə­qiqət odu. Çoxluqsa deyir ki, təklik qorxulu bir şeydi – cəhənnəmə bərabərdi.

Tək olmamaq üçün atdığın hər addım, gördüyün hər iş əslində səni bədbəxt edir. Durumu daha da ağırlaşdırır. Arvadını sevmirsən, amma tək qalmaqdan qorxduğun üçün onunla yaşayırsan. Ərini sevmirsən, amma təklikdən qorxduğun üçün onunla bir yerdəsən. Hamı həmişə səni inandırıb ki, təklik olduqca pisdi, dəhşətlidi. Sən bunun dəhşətini əslində heç yaşamamısan. Harda yaşadın ki? Sən özünə təkliyi hiss eləmək şansını harda verdin ki? Elə hey tək olmamaq üçün tədbirlər gördün. Nə bilirsən təklik pis şeydi?

Sevgi adına sevgidən başqa hər şey edilir. Dava, öcə­şmə, sözləşmə, hər şey, bircə tək qalmayasan, dalaşsan da yanında bir adam olsun.

Ancaq burda sevgidən söz gedə bilməz. Çünki fundament yoxdu.

Sevgi heç vaxt qorxudan yarana bilməz.

Deyirsən ki, biz yalqız doğuluruq, yalqız yaşayırıq və yalqız ölürük. Görünür, yalqız olduğumuz üçün də dünyaya gəldiyimiz andan etibarən başqalarıyla ün­siyyət axtarırıq.

Başqalarıyla ünsiyyətə can atmaq təklikdən qaçmağa çalışmaqdan başqa bir şey deyil. Südəmər körpə də özünə iş axtarır. Heç nə tapmayanda barmağını sor­mağa başlayır.

Bu, tamamilə faydasız bir işdi, amma yenə də işdi. Uşaqlar harasa gedəndə özləriylə oyuncaq ayıları, dovşanlar aparırlar. Bu, onlara arxayınlıq verir. Ayı­sız, kuklasız yata bilmirlər. Ala-toranlıq onların tək­li­yini bir az da qorxulu edir.

Plüş ayı onları tək olmağa qoymur. Sənin Allahın da böyüklər üçün plüş ayıdı.

Sən olduğun kimi yaşaya bilmirsən. Kimdənsə is­ti­fadə edirsən, kimisə kullanırsan. Və bilirsən ki, o da səni kullanır. Bu biabırçılıqdı. Kimisə kullanmaq onu aşağılamaq, əskiltməkdi. Tək olmamaq üçün sən adam­lardan istifadə edirsən.

Sən əslində heç kimi sevmirsən. Sadəcə, təkliyini ört-basdır eləmək istəyirsən. Tək qala bilmirsən, sənə özün­lə maraqsızdı, özün-özünə yüksən və bu yükü başqalarının çiyninə qoymağa çalışırsan. Sən heç vaxt ki­misə sevə bilməzsən. Çünki istifadə etmək istəyi sev­gisiz ürəyin sahibində olur.

Darıxmamaq üçün o dostunun, bu tanışının yanına gedirsən, onu axtarır­san, buna zəng vurursan. Heç vaxt tək qalmayan adam qorxuludu. Onun münasibəti saxtadı, saçmadı.

Onun qurduğu bütün münasibətlər mənaca iy­rənc­di. Çünki bu adam səninlə sevinc paylaşmaq, sə­nin­lə sevgi paylaşmaq üçün yanında deyil. Bu adam özün­dən qaçıb gəlir. Sənə öz bədbəxtliyini, axtalanmış ruhunu, sıxıntısını gətirir.

Deyirsən: “Seksual anlamda bizi konkret bir insan özünə çəkir. Bunu şərh edə bilərsən?”

Bunun psixoloji izahı var. Sən kişisənsə qadın obrazın səni tərbiyə edən qadındı – anandı. Bu zaman sə­nin rəqibin atandı. Çünki bu qadın təkcə sənə məxsus deyil, həm də ona məxsusdu.

Qadınsansa yenə eyni cürdü. Kişi obrazın atandı. Rəqibin anandı.

Bu, artıq sübut olunmuş faktdı ki, anasının obrazını oğul bütün qadınlara daşıyır. Anası onu həmişə hər yer­də izləyir. Hansı qadınla ünsiyyətdə olsa anasından asılı qalır, ağlında anasının obrazı olur.

Onun üzü, saçları, qayğısı, istisi səndə iz və ya imrint (damğa) qoyur.

Qadınlar da eyni cürdü.

Qarşına bir adam çıxır və düşünürsən ki, bir-biriniz üçün yaranmısız.

Belə deyil. Heç kim heç kim üçün yaranmayıb.

Belə düşündüyün üçün də bir adamdan yapışıb qa­lırsan. Və adətən bu adam sənə atanı və ya ananı xa­tır­ladır.

Arada kinoya getmək, sahildə, ya da bağçada gö­rüş­mək yaxşı olar. Amma yox, sən ona yapışıb qalmaq istə­yirsən. Onunla nikaha girmək, ömürlük onunla bir yerdə olmaq istəyirsən.

Bu bir-birinə vurulan adamların atdıqları ən təh­lü­kəli addımdı.

Evlilikdən sonra sən çaşıb qalırsan. Vaxt keçir və məlum olur ki, bu heç də sənin düşündüyün insan deyil. Heç də sənin tanıdığın kimi deyil.

Problem ondadı ki, arvadın öz atasını, sən də öz ananı axtara-axtara böyük bir yanlış addım atmısız.

Buna görə də boşanmalar getdikcə artır.

Ancaq boşanmayıb nikahını sürdürən cütlüklər də var. Dağılmayan ailələr də var.

Mən sənə belə bir ailə arzulamıram. Çünki ailə adlanan bu ortamda yaşayan adamlar çəkdikləri əzabdan və əzab verməkdən zövq alanlardı. Elə adam var ki, başqasına işgəncə verməyi, eləsi var özünə işgəncə verməyi sevir.

Sadistlərdən, mazoxistlərdən danışıram. Bu adamların birgəliyi psixoloji pozuqluğa əsaslanır. Əgər biri mazoxist, digəri sadistdirsə, onlar bir yerdə yaşaya bilir. Biri məmnuniyyətlə incidir, o biri məmnuniyyətlə inciyir.

Adətən aydınlaşdırmaq çətin olur. Sadistsən, yoxsa mazoxist. Ən yaxşısı psixoanalitik yanına get. O, sənə dəqiq diaqnoz qoyacaq və necə tiplərlə mutlu ola biləcəyini deyəcək. Beləliklə, siz bir-birinizin tələb­lə­ri­ni ödəmiş olacaqsız. Bu nə tələblərdi? Nə demək olar. İki psixopatın tələbləri nə ola bilər? Onların birgəliyi bütünlüklə işgəncədi.

Əks halda, sən yenə də xoşbəxt olmayacaqsan. Çün­ki valideynlərindən sənə keçən imprint canındadı.

Evlilikdən sonra da tənhalığın keçmir. Əksinə, arvadınla daha da tənhalaşırsan. Onu otaqda tək qoyub çıxa da bilmirsən. Çünki belə eləsən üzüləcək, pis olacaq. Beləliklə, məcburi ona yapışıb qalırsan.

İnsanın ailə qurmaq və ya özünə mütləq hansısa bir məşğuliyyət tapmaq çabası ancaq və ancaq bir səbəbdən doğur – tənhalıq hissindən qurtulmaq üçün.

Və mən vurğulamaq istəyirəm ki, məhz bu, meditasiya edənlə, adi adamı bir-birindən fərqləndirir.

Adi adam mümkün qədər təklikdən qaçmağa çalışır. Meditasiya edən mümkün qədər tək qalmağa çalışır.

Əvvəllər meditasiya edənlər mağaralara, meşələrə, dağlara çəkilirdi. Bu onlara özlərini tanımaq, cəmiy­yət­dən kənarda öz kimliyini anlamaq imkanı verirdi.

Toplumun içində bunu anlamaq mümkün deyil. Əngəl həddindən artıq çoxdu.

Yalqızlığı bilimsəyən (tanıyan, dərk edən) insan var­­lığın yetişə biləcəyi ən qutsal (ilahi), ən ali dəyərə yiyə­lənir. Çünki yalqızlığın özü qutsal – ilahi bir zövqdü.

Yalqızlıq harmoniyasına öyrəşəndən sonra sənə baş­qalarıyla danışmaq, dostlaşmaq asan olacaq. Sən öz-özünlə sakitlik tapandan sonra yad adamlarla da rahat ünsiyyətə girə biləcəksən. Söhbət etməkdən, vaxt keçirməkdən məmnun qalacaqsan. Çünki artıq bu münasibətlər qorxudan yaranmayacaq. Çünki sən tək qalmaqdan qorxduğun üçün kiminləsə ünsiyyətə qaç­mamısan. Öz təkliyində rahatlıq tapacaqsan və bu rahatlıq artıq sənin ruhunun rahatlığı olacaq. Rahat insan çox asanlıqla başqalarıyla ünsiyyət qurur, dostluq edir, sevgili olur. O, bütün münasibətlərdə rahat olur, rahatlıq gətirir.

Sənin daxili rahatlığın artıq özünü ifadə vasitənə çevrilir, potensialını göstərmək bacarığına dönür.

Yalnız bu cür insan sakit, məmnun, tox və hay-hə­şir­siz olur. Fərqi yoxdu, o tək yaşayır, yoxsa bir başqasıyla, evlidi, yoxsa subay. Onun yaşamı rəqsdi, musiqidi.

Onun yaşamı güllərin açılmasıdı. Və hansı işlə məş­ğul olursa olsun, gördüyü işə ecazkarlıq, şarm qata bilir. Çünki bu şarm onun bütün varlığı deməkdi.

Bu varlığın elədiyi hər şey sevimli olur.

Hər şeydən öncə yalqızlığı büsbütün bilimsəmək gə­rəkdi.

Özündən qaçmağı sənə ortam öyrədib. Özündən qaç­mağa başlamısan, çünki ətrafda hər kəs belə yaşayır. Hər kəs özündən baş götürüb gedir.

Hər uşaq böyüdükcə başqalarını, böyükləri yamsılayır.

Nə görürsə onu öyrənir, onu götürür. Çünki hər uşaq hazır qaydaları, adətləri, tərzi olan cəmiyyətdə do­ğulur. Bu qaydalar ona qədər qurulub. Böyüdükcə bunu həqiqət kimi qəbul edir və başlayır təlqin…

Bir incə məqamı yenə də vurğulamaq istəyirəm. Yal­qızlıqla yalnızlığı, təkliklə tənhalığı, hamılıqla gu­şə­nişinliyi qarışdırmayın. Bunlar ayrı-ayrı qavramlardı.

Yalnızlıq xəstəlikdi. Yalnız adam hər yerdə təkdi. Hamıyla təkdi, təkliyindən heç vaxt zövq almayan biridi. Yal­qız adam özünə qapıla bilən adamdı, öz-özüylə qala bilən adamdı. Yalqız adam yalnız deyil, amma guşəyə çəkilə bilir, özünü dinləyə bilir və o, kütlədən fərqlidi. (tərcüməçidən: qədim türk kulturasında bunun analoqu “yalquzaq”dı. Yalquzaq – həm də individuallıq simvoludu)

Qinsberq doktor Qoldberqin yanına gəlir.

– Həə, sən ciddi şəkildə xəstəsən.

– Bu yaxşı olmadı. Nəsə başqa şey eşitmək istərdim.

– Yaxşı. Sən həm də eybəcərsən.

Bizi həmişə bir axmaqlıq müşahidə edir.

Yadında saxla, yalqızlığına qovuşmayana qədər bu axmaqlıq səni rahat buraxmayacaq. Bu axmaqlığa önəmsiz yanaşa bilməyəcəksən.

Həyatın böyüklüyünü duymayacaqsan.

Yalqızlıq sənin məbədindi, ocağındı. Orda sənin Tan­rın yaşayır. Başqa yerdə məbəd axtarma, heç yerdə bu məbəd yoxdu. Məbəd sənsən, səndədi.

Öz içindədi sənin ocağın. Tanrıyla ancaq orda gö­rü­şə bilərsən. Tanrıyla orda söhbətləşə, dərdləşə bilər­sən, Ayda, Marsda yox…

Ürəyinin dərinliyinə varandan sonra özün də məəttəl qalacaqsan. Orda nə qədər sevinc, dad, sevgi giz­lənib. Sən bu boyda xəzinəni qoyub harasa, nəsə ax­tarmağa gedirsən. İçindəki var-dövləti qoyub ünvansız axtarışlara çıxırsan.

Öz xəzinəni tapandan sonra sən insanlara da sevinc bəxş edəcəksən. Onlara da öz içlərində axtarış et­məkdə kömək olacaqsan. Onlara yol göstərəcəksən.

Səninlə ünsiyyət insanlara rahatlıq gətirəcək.

Yaradıcı bir insana çevriləcəksən.

Bunu təəssüf ki, nə ailədə, nə universitetdə, nə cəmiyyətdə öyrədirlər. İnsan əzab çəkir, üzüntülər yaşayır, çünki özündən uzaqdadı.

Çünki hamıya bu cür öyrədilib.

Sən bunu dəyişəcəksən öz həyatında. Sən bunu bacaracaqsan. İstisna olacaqsan, özəl olacaqsan.

Sənə deyirəm: “Bacaracaqsan”.

(The Golden Future)

Xristianlıqda deyilir: “Yaxınlarını özün qədər sev”.

Özünü sevmirsənsə yaxınlarını necə sevəcəksən?

Öncə özünü sev. Hər şeydən öncə özünü!

Özünü bağışlamağı öyrən. Yenə və yenə, yeddi, yet­miş yeddi, yeddi yüz yetmiş yeddi dəfə bağışla özünü.

Özünü bağışlamağı bacar. Bu zaman çiçək açacaq­san və öz çiçəyinlə başqa bir çiçəyi özünə cəlb edə­cəksən. Bu çox doğaldı. Daş daşı çəkir, çiçək çiçəyi.

Qutsal bir duyğu oyanır. Bu inanılmaz bir xoşluq ya­şadır. Bu sonsuz bir həzdi.

Bu cür münasibət yarada bilsən, sevgin duaya çev­ri­ləcək. Və bu dualar sayəsində sən Tanrını duyacaqsan.

(Ecstasy: The Forgotten Language)

  1. Ünsiyyət

Niyə ünsiyyət qurmaq bu qədər çətindi?

Səbəb ondadı ki, sən yoxsan. İçində bir boşluq var. Bu nədənlə də ünsiyyət qura bilmirsən, daha doğrusu, ünsiyyətdən qaçırsan. Çünki ünsiyyət o boşluğu üzə çıxaracaq və məlum olacaq ki, görünən sən əslində sən deyil.

Uzaqdan uzağa görüntü yaratmaq olur. Guya varsan.

Yoxsan… Sən hələ doğulmamısan. Sən indi, sadəcə, potensial imkansan.

Ünsiyyət qura bilmirsən, çünki bunu iki harmonik insan edə bilir. Sənsə harmonik deyilsən. Ünsiyyət – həyatın böyük dəyərlərindən biridi.

Ünsiyyət – sevgidi, ünsiyyət – paylaşmaqdı.

Sevmək üçün əvvəlcə sevgiylə dolmaq, paylaşmaq üçün əvvəlcə nəyəsə sahib olmaq lazımdı.

İki toxum ünsiyyət qura bilməz. Onlar hələ cücər­mə­yiblər.

Ancaq iki gülün ünsiyyəti mümkündü. Sənin iki se­çimin var: gül kimi açmaq ya da toxum olaraq qalmaq.

Milyon insan ikincini seçib həmişə. Onlar toxum ola­raq qalıblar. Milyon insan həyatını yaranmayan im­kan, üzə çıxmayan potensial kimi başa vurub.

Ünsiyyətdə sənin hər şeyin üzə çıxır. Bütün çılpaqlığıyla varlığın ortada olur.

İçinin boşluğu, mənasızlığı, yararsızlığı ifşa olur.

Sevgililər belə sərhəd saxlayırlar. Onlar elə bir vəziyyətdə olurlar ki, istənilən an arxa çevirə bilsinlər, gizlənə bilsinlər. Kimsə özünü tamamilə açıq elan etmir.

Hə, bu da bir ilişkidi. Amma bu ilişki ünsiyyətə yox, yiyələnməyə əsaslanır.

Adamlar bir-birinə yiyələnir. Ər arvada, arvad ərə, sevgili sevgiliyə, valideyn uşağa və s.

Yiyələnmək, sahib olmaq ünsiyyət deyil. Əksinə, bütün ünsiyyət imkanlarını məhv eləməkdi.

Ünsiyyətdə sahib olmaq duyğusu ola bilməz. Ünsiyyət sayğılı olmaq duyğusu yaradır.

Ünsiyyətdə insanlar bir-birinə hörmət bəsləyir. Bir-birinə sevgi verir, bir-birinə qarışır. Heç kim digərinin azadlığına soxulmur.

Hər şey qarşılıqlı olur. Əslində, ailə münasibətləri “mən və sən” müstəvisində olur, “mən və bu” müs­tə­vi­sində yox.

Cübran Xəlil deyir: “Bir tavanı saxlayan iki dirəyə çev­rilin. Heç kim digərinə sahib olmağa çalışmasın. Hər iki dirək eyni bir tavanı saxlasın. Bu tavan – sevgidi”.

İki sevən insan görünməz bir hissi qoruyur. Çox də­yərli bir hissi: qəlbinin ən uzaq yerinə yayılan, hansısa musiqini, poeziyanı xatırladan, bir varlığın hiss edə biləcəyi ən ali bir duyğunu qorumaq, əslində, se­­vənlərin yeganə görəvidi. Onlar hər ikisi bununla məş­ğul olmalıdı, birgəlikdən yaranan harmoniyanı üfürə-üfürə saxlamaq lazımdı.

Qorxu yoxdusa onlar bir-birinə tam açıla bilər. Sevgililik içindəki gözəlliyi üzə çıxarmaqdı. Sevgilikdə qorxu yoxdu, digərinin azad­lığını əlindən almaq hissi yoxdu. Sevgidə sev­gi­dən başqa hiss yoxdu.

Ancaq insanlar bir qayda olaraq qorxu hiss edirlər. Çün­ki içlərində gözəllik yoxdu. Çünki üzə çıxarılası heç nə yoxdu. Çünki sevgiliyə verəcəkləri dəyərli nəyəsə sahib deyillər. Görüntü olaraq maraq doğura bilər nəsə. Amma zaman keçir və sən soyunmalı olursan, astarını üzə çıxarmalı olursan. Bu zaman iflas baş verir.

İçəridəki üfunət aşkarlanır və münasibətlərə pis qoxu yayılır.

Milyon insan toxum olaraq qalmağa üstünlük verir. Çünki toxum olmaq daha təhlükəsizdi. Çiçəyin, gü­lün ləçəklərini külək tökə bilər. Amma toxumu açıb içini ortaya tökmək küləyin işi deyil.

Ən yaxşısı gizlənməkdi. Gizləndikcə də ünsiyyət alınmır, saxta olur, qondarma olur.

Nəticədə hər şey məhv olub gedir.

Hə, toxum gerçəkdən də təhlükəsizlikdi. Amma toxum həm də hərəkətsizlikdi. Ölüm də hərəkət­siz­lik­di. Həyat isə başdan-başa hərəkətdi.

Kim yaşamaq istəyirsə riskə gedib gül kimi açılmalıdı.

Kim ölümü seçirsə ömrünün sonuna kimi hərə­kət­siz bir toxum kimi qalır.

Yüksəyə qalxmaq istəyən ayağının büdrəmə ehtimalını göz önünə almalıdı.

Sürüşüb yerə düşmə ehtimalını da…

Ağıllı-başlı adam risklərlə yaşayır. Bu onun hə­ya­tına məna verir. Bu onun yaşam tərzidi.

Soruşursan ki, niyə ünsiyyət qurmaq bu qədər çə­tindi.

Ünsiyyət üçün əvvəlcə sən mövcud olmalısan, var olmalısan. Sən yoxsan axı. Necə ünsiyyət quracaqsan?

Olmaq – əsas şərt budu. Sən burdasansa cəsarətin, axtarışın nəticəsi olur. Əgər varsansa onda ünsiyyətin də alınır. Yoxsansa hansı ünsiyyətdən danışmaq olar? Kiminləsə ünsiyyət – onun ərazisində araşdırma, ax­tarış, tədqiqat aparmaqdı. Ancaq sən onu da öz əra­zinə buraxmalısan. O da səni öyrənməli, araşdırmalıdı. Birtərəfli yol olmur.

Yolun iki başı olur. Yalnız o za­man araşdırılmağa imkan yaradırsan ki, araşdırmağa nəsə var, sənin sərvətin var. Onda qorxu olmur. Ək­sinə, sən onu öz sahənə qonaq edirsən, qucaqlayırsan qonağını, içəri dəvət edib onu hər yerlə tanış edirsən, ona rahat olması üçün şərait yaradırsan. İmkan verisən ki, dünyana girsin, sənin içində olsun. Sən özün­də olanı onunla bölüşə bilirsən.

Ünsiyyət – prosesdi. Üzdə olan münasibətlərdən qaç, daha dərin ünsiyyətə girməyə çalış, daha, daha dərin…

* Avoid relationship, and go deeper and deeper into relating.

Mən bilərəkdən vurğunu hərəkət bildirən feli isim­lərə edirəm.

İsimlərdən mümkün qədər uzaq qaç. Həyat-yaşam hə­rəkətdən ibarətdi, həyat büsbütün hərəkətdi. Həyat-ya­şam məzmunca isim deyil. “Yaşamaq” demək daha doğru olardı. Yaşam – sevmək yox, sevgiləmək, sevələməkdi (sevgi vermək, oxşayıb-əzizləmək). Yaşam – bağ yox, ilişki qurmaqdı. Münasibət yox, ün­siy­yətdi.

Tutuşdur və nə dediyimi biləcəksən. Bir mahnı səs­lə­nir, gözəldi, amma sonu var, bitir. Bitirmək ölümün işidi. Həyat bitmir. Dayanacaq ola bilər, dincini almaq üçün bir məntəqədə durarsan, amma son nöqtə yoxdu…

Mahiyyət etibarıyla insan bütün günü ünsiyyətdə olur. Yol gedir – torpaqla, dənizdə çimir – suyla, gecə göyə baxır – ulduzlarla ünsiyyətdə olur.

Burda ancaq ünsiyyət var.

Əvvəlcə meditasiya elə, özünlə ünsiyyət qur, özünlə danışmağa çalış. Sonra başqalarıyla da alınacaq. Özünü tanı, tap və sonra kimliyini başqalarıyla ta­nış elə.

Ayrı cür alınmayacaq. Başqalarıyla əlaqə yaratmaq üçün öncə özünlə əlaqə yaratmalısan. Bunu edəndən sonra hər şey yoluna düşəcək.

(The Book of Wisdom)

Bizə partnyorlarımızdan danış, lütfən. Eşləri­miz­dən, sevgililərimizdən danış. Hansı halda münasibəti da­vam etmək olar, hansı halda kəsmək lazımdı?

İlişkinin uğurlu, yoxsa uğursuz, hətta destruktiv (quruluşsuz, xaotik) olacağını nədən bilmək olar?

Ünsiyyət – mövcud olan sirlərdən biridi. İki insan arasında olduğu üçün də bu ikisindən asılıdı. İki insanın bir araya gəlməsi yeni bir dünyanın yaranmasıdı.

Onların bir araya gəlməsi hər ikisi üçün daha öncə heç ya­şanmamış, tamamilə yeni bir haldı. Bu yeni fenomen sayəsində hər iki insan dəyişir, transformasiya olur.

Ünsiyyətsiz sən bir cürsən, ünsiyyətdə başqa cürsən.

Qadın sevəndə tamamilə dəyişir. Kişi sevəndə ta­ma­milə dəyişir. Yeni dünya yaranır. Dünyaya uşaq gəlir. Biz bir önəmli məsələni diqqətdən kənar qoymuşuq. Uşaq doğulanda ana da doğulur. Uşağa qədər ana yox idi, ana uşaqdan sonra yaranır. Uşağa qədər qadın var idi. Ana – yeni varlıqdı.

Əvvəlcə sən ünsiyyət yaradırsan, sonra ünsiyyət səni yaradır. İki nəfər görüşür, bu o deməkdi ki, iki dünya görüşür. Asan məsələ deyil, çox çətindi, ən çə­tini budu. Hər insanda dünya əks olunur, qadında da kişidə də; bu, uzun-uzadı keçmişi və gələcəyi olan, çətin bir tapmacadı. Başlanğıcda ancaq iki görünüş rastlaşır. Əgər münasibətlər yaxınlaşsa, məhrəmləşsə, dərinləşsə, mərkəzlərin də görüşü baş tutur. Bu zaman ürəyin qapısı açılır və içəridə sevgi doğulur.

Zahiri görünüşlər, sahələr rastlaşanda, bu olur ta­nış­lıq. Sən yanlış olaraq tanışlığı sevgi kimi qəbul edir­sən. Sevgi mərkəzlərin görüşməsidi. Tanışlıq sevgi deyil.

SEVGİ nadir duyğudu. Sevgiyə çatmaq üçün səndə çev­riliş baş verməlidi. Tanışlıq sevgiyə çevrilməlidi. Sən çevrilişdən keçərək qarşı tərəfin mərkəzinə ulaşa bilər­sən. O da eynən.

Bunun üçün açıq, həssas və əlçatan olmalısan.

Bu təhlükəlidi. Ürəyini kiməsə açmaq olduqca təh­lükəlidi. Çünki onun səninlə necə davranacağını bil­mirsən.

Sirrini açandan və bütünlüklə ortada olandan sonra qarşındakı adamın səninlə necə davranacağı sual al­tında olur.

Bundan qorxuruq və buna görə də açılmırıq.

Biz, sadəcə, bir tanışlıq yaşayırıq və bunun sevgi ol­duğunu düşünürük.

Sərhədlər qarşılaşır, bizə elə gəlir ki, mərkəzlər qarşılaşıb.

Hətta ərlə arvad belə bir yerdə uzun müddət tanış kimi yaşaya bilər.

Və heç vaxt bir-birini öyrənməz.

Biriylə nə qədər çox yaşayırsan, o qədər çox unudursan onu hiss etməyi, dərindən tanımağı, dərk etməyi.

Hər şeydən əvvəl bunu bilmək gərəkdi: Tanışlığı sevgiylə səhv salma.

Sekslə məşğul ola bilərsiz, bir yerdə vaxt keçirə bilərsiz, bu o demək deyil ki, sevirsiz.

Bu bədənlərin, dərilərin görüşməsidi, amma sevgi deyil.

İki cür həyat tərzi var: biri qorxuyla dolu, digəri sevgiylə dolu.

Qorxuyla yaşayan insan heç vaxt səmimi müna­si­bət­lər qura bilmir. Bir az açılır və dərhal da divar hörür. Hər şey bitir.

Mənə görə o adam dindardı ki, sevə bilir. Dindar adam gələcəkdən qorxmayan, bu gün və indi yaşaya bilən adamdı. Sonuc onu qorxutmur.

Sonuc haqda düşünmə. Bu xəstəhal ağılın işidi. Nə baş verəcəyi haqda düşünmə; burda və indi ol. Hal-hazırda addım at, hal-hazırda yaşa nə yaşamaq istə­yir­sənsə.

Qorxan adam həmişə nəyisə hesablayır, götür-qoy elə­yir, həmişə nəyisə təşkil etməyə çalışır, planlayır, çözür. Bütün ömür xərclənir.

Bir dzen (dzen məktəbi – Şərqdə və bütünlüklə Asiyada ya­yılan, daosizmin təsirindən yaranan buddizm məktəbi; əsası e. ə. 5-ci 6-cı əsrdə Çində qoyulub) monaxı haqda əhvalat eşitmişəm. Axşama yaxın rahib öləcəyini bildirir. Xəbər yayılır və ölkənin hər tərəfindən adamlar onunla gö­rüş­məyə gəlir. Tələbələrindən biri bu xəbəri eşidən kimi bazara qaçır. Yanındakı soruşur:

– Ustad ölür, sən niyə bazara cumursan?

– Ustad meyvəli piroq sevir. Gedirəm ona piroq almağa.

Axşama qədər tələbə piroq axtarır və nəhayət, tapır. Bu vaxt ustadın yan-yörəsi adamla dolu olur. Hamının diq­qə­tini bir məqam çəkir. Ustad gözlərini tez-tez açıb ətrafa baxır və təzədən yumur. Sanki kimisə, nəyisə gözləyir. Hamını maraq götürür. Bu dəm tələbə əlində piroq gəlib çıxır.

Ustad onu görən kimi deyir:

– Axır ki, gəldin. Piroq hanı?

– Burda, – tələbə sevincək dillənir və piroqu öyrətməninə uzadır.

Monax piroqu sakitcə ondan alır. Bir nəfər dözməyib soruşur:

– Sizin bu yaşda, belə xəstə vəziyyətdə əliniz də əsmir. Bu necə olur?

Ustad deyir:

– Mənim canımda qorxu yoxdu, ona görə də əlim əsmir. Bə­dənim qocalsa da, əllərim heç vaxt titrəməyib.

Bir başqası soruşur:

– Sizin bir arzunuz varmı? Bizə bir məsləhətiniz varmı?

Ustad piroqdan bir dişləm alır, sonra ləzzətlə bir dişləm də alıb deyir:

– Necə dadlı piroqdu.

İndiylə yaşayan insan budu! Ölüm belə nisbidi. Bu an önəmli olan piroqun dadıdı, aldığın ləzzətdi. Ölüm önəmli deyil. Həyat sona qədər mövcuddu, bütövdü, tamdı.

Qorxu olmayanda bütün sərhədləri aradan gö­tür­­mək və açıq olmaq, səmimi olmaq mümkündü. Qorxu olmayanda sən sərhədləri açıb partnyorunu içəri buraxırsan. Onun qəlbinə girmək, səni tanımaq şansı yaranır.

Sən ona qapılarını açsan, o da sənə açacaq. Qarşılıqlı güvən yaranacaq.

Sən qorxmasan, o da qorxmayacaq.

Ancaq münasibətlərdə əksər halda qorxu olur. Sev­gi­lilər bir-birindən qorxur.

Qorxu varsa, bu, iki qorxaq insanın anlaşmasıdı, mani­pulyasiyası, dominantlığa iddiası, asılılığı, sahib­karlığı və ağlına nə gəlirsə odu, bircə sevgi deyil.

Sevgiyə gəlmək imkanı yaratsan, sənin nə dualara, nə Tanrıya, nə meditasiyaya ehtiyacın qalacaq. Sevgi bütün bunların cəmidi. Bütün bunlara yol sevgidən keçir. Sən hər şeyi dərk edirsən. Buna görə İsa “Tanrı sevgidi” deyirdi.

Tanrı sevginin özüdü.

Ən qəribəsi odu ki, insan qorxa-qorxa da yaşamağa davam edir və bununla mübarizə aparmır. İtirəcək heç nəyi olmasa belə, qorxudan qurtulmağa çalışmır.

Qabir (Sant Qabir Sahib – böyük hind şairi; 1440-1518) bir gün deyib: “İnsanlara baxıram hamısı qorxu, hürkü içindədi. Onlar mənə çılpaq adamın paltarlarını harda qurudacağını düşünüb çayda çimməkdən qorxan adamı xatırladırlar. İtirməyə heç nələri olmadığı halda bu qədər ehtiyatlı davranırlar”.

Nə itirirsiz? Heç nə. Ölüm onsuz da bədəni alıb apa­racaq. Heç olmasa ölümdən öncə bədəninizi sev­gi­yə verin. Ölüm bədəni aparmazdan əvvəl niyə onu ki­minləsə bölüşməyəsiz? Sən bölüşə bilirsənsə öz bə­də­ninin və öz həyatının ağasısan. Bölüşə bilmirsənsə nəin­ki həyatın, ölümün belə köləsisən.

Ölüm bütün hallarda bədəni çürüdüb yox edir.

Əgər dediklərimi doğru anlaya bildinsə ölümlə sev­gi arasında savaş başlayacaq içində. Əgər özünü sev­giyə versən, ölümə qalib gələcəksən. Çünki ona qə­dər sən artıq bədənini bağışlamısan.

Sevən insan üçün ölüm mövcud deyil. Sevməyən insanın hər anı ölümə bərabərdi.

Çünki hər anı itirir.

Nədən qorxursan? Niyə qorxursan? Hətta sənin haq­qında hər şey bilirsə belə, açıq kitaba oxşasan belə, nə üçündü bu qorxu? Bu sənə nə ziyan vura bilər? Axı bu yanlış konsepsiya, bu xurafat cəmiyyətə zorla ye­ridilən bu axmaq hiss sənə özü daha çox ziyan verir. Bundan qorunmaq lazımdı, sevgidən və dürüst olmaqdan yox. Hər kəsi düşmən gözündə görüb əbədi döyüşə hazır vəziyyətdə yaşamağın adı nədi?!

Heç kəs sənə qarşı çıxmır! Hətta hiss eləsən ki, kimsə sənə qarşıdı, o belə sənin düşmənin deyil. Çünki hamını yalnız özü narahat edir. Başqa heç kim. Qorx­mağa dəyməz. Real münasibətlər qurmazdan öncə bunu dərk etmək lazımdı. Qorxmağa dəyməz!

Bunun üzərində düşün. Daxili aləminin qapılarını tərəf­daşının üzünə aç, icazə ver içərinə girə bilsin, onu özünə dəvət elə. Heç bir sədd çəkmə, qala hörmə, nə olursa olsun, qapıları həmişə açıq qoy, özünə gətirən yolları açıq saxla, sənin yolun bağlı olmalı deyil. Darvazaları bütünlüklə, taybatay aç və sevgini qonaq elə. Sevginin gəlməsi, gələ bilməsi yalnız bu zaman mümkündü.

İki səmimi insanın, iki ürəyin görüşməsindən ya­ranır sevgi. Sevgi – suyun hidrogen və oksigen bir­ləş­məsidi. Partnyorun ya hidrogen, ya da oksigen ola bilər, amma sən ona gəlməyə kömək etməsən heç nə alın­mayacaq. İstədiyin qədər oksigen və ya hidrogen qəbul edə bilərsən, ancaq bu, susuzluğunu yatırmayacaq.

İki qəlbin görüşündən yeni bir nəsnə doğulur. Bunda həm yenilik, həm də sevgi var. Sevgi bir çox insanın su­suzluğunu yatırır. Məmnunluq qəfildən gəlir. Bu sevgi əlamətidi. Sən elə bir razılıq hiss edirsən, sanki, böyük bir məqsədinə çatmısan. Əslində, insanın hə­yatda sevgiyə çatmaqdan başqa bir məqsədi yoxdu.

Dərin məmnunluq – sevgi əlamətidi. İnsan sevirsə məmnundu. Sevgini görmək olmur, onu göstərən duyğu razılıqıdı. Bu sevinc nəfəsinə dolur, bütün mahiyyətinə dolur.

Yəqin insanın narazı olduğu vaxtlarda Allahı inkar et­məsi diqqətini çəkib. İnsan həyatından narazı olduğu vaxtlarda “Allah yoxdu” deyir. Ateizm məntiqin nə­­ticəsi deyil, ateizm məyusluğun nəticəsidi. Bunun əsası var, ya yox, o ayrı məsələdi. Sən axı heç vaxt mə­yus­luq yaşadığına görə ateist olduğunu deməzsən. De­yərsən ki, Allah yoxdu və mənim buna kifayət qə­dər sübutum var. Ancaq bu yalan olacaq.

Məyus olduğun vaxtlarda bütün varlığınla de­yə­cək­sən: “Allah var”. Tamamilə gözlənilmədən sən bunu hiss edəcəksən! Xoşbəxt olanda bütün həyatın işıq­lanır və sən Allaha inanırsan.

Sevgi varsa sən həyatın həzzini hiss edirsən; aydınlanırsan. Amma bundan əvvəl çox iş görmək lazımdı. Əvvəlcə qurtulmaq lazımdı, bütün saçmalıqlardan azad olmaq lazımdı. İçindəki əngəlləri məhv etmən gə­rəkdi.

Qoy sevgi içində bağ-bağata dönsün. Bu məsələdə özünü arsızlığa qoyma. Qoyma ki, sevgi bütünlüklə ağlını zəbt eləsin. Sevgi təkcə cismani həzzə çevrilməli deyil, sevgini ruhani həzzə çevirməyə çalış. Qoy daxilinə hopsun. Tərəfdaşınla dostlaş təkcə tanış olaraq qalma. Siz bu işdə bir-birinizə yardımçı ola bilərsiz və gözəl bir sevgi dünyası yarada bilərsiz.

Tantra haqqında nəsə eşitmisənsə, bilirsən ki, orda belə sözlər var: “Əgər qarşına çıxan insan – sevgilin, hə­yat yoldaşın məmnuniyyətlə səninlə birlikdə sənin da­xili aləminə varmaq, çox böyük həvəs və ürəklə sə­nin ruhunu tanımaq istəyəcəksə münasibətiniz ən yüksək pilləyə doğru addımlayacaq, bu münasibət sizi meditativ edəcək. Sizin birgəliyiniz ali, ilahi yük­sə­lişə çatacaq. Partnyorunuz sizin üçün möhtəşəm və ta­mamilə yeni bir dünyaya açılan qapı olacaq”.

İzah etməyə çalışacam: kimisə sevirsənsə, görk, pe­riferiya, forma tədricən yoxa çıxır. Sən formasızlaşır­san. Daxilinlə daha çox təmasda olursan. Zamanla for­ma yuyulub gedir və tamamilə itir. Bir az da dərinə ge­dəndə, hətta bu formasız individuum da əriyib it­mə­yə başlayır. Sərhədləri aşan bir dalğa yaranır. Bu hal baş verirsə, demək, sevdiyin insan sənin üçün qapı ola bilib. Sevgilin sayəsində sən ilahiliyə qovuşursan.

Sevməyi bacarmadığımıza görə bizə dini ayinlər – ax­maq əvəzedicilər, miskin surroqatlar lazım olur…

Birinci işarət individuum hesabına üzə çıxır. Kainatla əlaqəyə girmək çox çətindi. Kainat olduqca böyük, nəhəng, əvvəli və sonu olmayan bir yerdi. Hardan başlayım? Ona necə yaxınlaşım? Tərəf-müqabili bu­nun üçün ən doğru keçiddi, qapıdı. Sev…

Sevgini qarşıdurmaya çevirmə. Bu dolaşığı tərəfdaşınla çöz. Onu, sadəcə, öz dünyana dəvət et. Başqa heç bir şərt olmadan sənə gəlməyə icazə ver. Bu zaman insan yoxa çıxır, Tanrı peyda olur. Əgər sevən və sevilən mutlu ola bilmirsə, demək heç mutluluq, ilahi zövq deyilən bir şey yoxdu. Onda bütün bu dini söhbətlər, sadəcə, boşboğazlıqdı.

Biz özümüzü aldatmağa davam edirik. Özümüzdən sevgi uydururuq. Əgər bu sevgidisə, onda bütün yollar bağlıdı. Bir də cəhd elə. Onun gerçək kimliyini, dərinlikdə gizlənən mahiyyətini tapmağa çalış. İnsan sirdi. Ona baş vursan görərsən ki, iç dünyasının ucu-bucağı yoxdu.

Niyə bizi başqa bir insan tez yorur? Çünki biz yalnız periferiyada oluruq, onun səthində gəzişirik.

Bir əhvalat oxumuşam. Bir nəfər çox xəstə olur. Sağalmaq üçün bütün vasitələri sınaqdan keçirir, heç bir fayda vermir. Axırda bir hipnozçunun yanına gedir. Hipnozçu ona təkrarlamaq üçün belə bir mantra verir: “Mən xəstə deyiləm”. Bunu ən azı on beş dəqiqə təkrarlamaq lazım olur: “Mən xəstə deyiləm, mən sağlamam”. Gün ərzində bunu deyir, deyir və bir neçə gündən sonra özündə yüngüllük hiss edir. Bir neçə həftədən sonra tam sağalır.

Bundan sonra möcüzə haqda arvadına danışır. Deyir ki, bəlkə bir daha onun yanına gedim? Son vaxtlar mənim seksual həvəsim sönüb, istəyim yoxdu.

Arvadı sevincək “get” deyir.

Kişi hipnozçunun yanına gedir. Evə qayıdanda arvadı soruşur: “Nə oldu?” Kişi heç nə cavab vermir. Bir neçə həftə sonra seksual iştahı yaranır. Ancaq yenə arvadına bu barədə heç nə demir. Arvad bir gün eşidir ki, kişi hamamda çimdiyi yerdə öz-özünə nəsə danışır. Qulaq verir görsün kişi nə deyir və bu sözləri eşidir: “Təzə arvad, təzə arvad, təzə arvad”.

Bir-birimizə öyrəşirik və bir-birimiz üçün maraqsızlaşırıq. Ər üçün öz avradı, arvad üçün öz əri maraqsızdı. Çünki sirr yoxdu, gizlin yoxdu. Yenilik də yoxdu.

Periferiya qocalır, amma mərkəz yox. Sənsə mər­kəz­lə əlaqədə deyilsən, mərkəzə vurulmamısan. Ona görə də bədən yaşlananda sənin üçün bütün cazibəsini itirir.

Zaman eşini (həyat yoldaşını) adiləşdirir. Çünki bir-birinizin iç dünyasıyla heç bir bağınız yoxdu.

O artıq cavan qız deyil, sən artıq cavan oğlan de­yilsən.

Ruhsa heç vaxt qocalmır. Belə bir eksperiment elə. Göz­lərini yum və ruhunun yaşını müəyyən etməyə çalış. Görəcəksən ki, ruhun nə yaşlı, nə cavandı.

Ruh həmişə gəncdi. Çünki zamansızdı…

Uşağın doğulmasıyla böyüməsi bir olur. Uşaq həftə-həftə böyüyür deyəndə, əslində onun bədəninə artıq yaşlanma prosesinin hopduğunu nəzərdə tuturuq.

Uşaq həftə-həftə ölümə yaxınlaşır.

Zamana hesablanmış hər şey qocalır. Bədənin yaşlıdı, periferiyan yaşlıdı.

Sonsuza qədər bədəni sevmək mümkün deyil. An­caq mərkəz, ruh həmişə gənc olaraq qalır, həmişə təra­vətlidi. Adamın ruhunu sevəndə “bal ayı” heç vaxt bitmir.

Bitirsə, heç olmayıb.

Bir əsas məqam da var. Arada sorun yarananda bir tərəf həmişə günahı başqa tərəfdə görür. Bir tərəf mə­su­liyyəti digərinin üstünə atır. Yaranan problemə cavabdeh ancaq qarşı tərəf sayılır.

Bu, münasibəti uçuruma aparır. Bir tərəf günahkar və ya səbəbkar ola bilməz.

Yadında saxla! Nə baş verirsə hər şeyə cavabdeh yal­nız sən özünsən. Qoy bu sənin üçün güclənmək, ka­milləşmək vasitəsi olsun. Bütün olanlara görə mə­su­liyyəti öz boynuna götürməyi bacar. Başqasını yox, özü­nü sorumlu bil.

Sevgililər arasında problem yarananda əgər onlar ger­çəkdən də sevirlərsə hər biri öz-özlüyündə düşünür: “Mən nəyisə düz eləmədim”.

Həqiqətən sevən adam belə düşünür və səbəbi özün­­də axtarır.

Hər ikisi bu cür düşünüb eyni hissləri yaşayırsa onların sevgisi getdikcə dərinləşəcək və münasibətlərində yük­səliş mütləq olacaq.

Olsa belə bunu birlikdə çözmək, bir yerdə yoluna qoy­maq lazımdı.

Sevgini sadxana (sadxana – sanskrit termini – bud­dizm­də və induizmdə ruhani təcrübə, nəyəsə çatmaq, nail olmaq” (Tanrıya çatmaq, Tanrını dərk etmək, təmiz­lənməyə, yüksəlişə çatmaq və s.) kimi qəbul elə­sən heç vaxt partnyorunu günahlandırmazsan.

Sadəcə, konfliktin səbəbini hardasa öz içində, ya­xın­lıqda axtaracaqsan və tapıb aradan qaldıracaqsan.

Bu zaman mənasız eqo da aradan qalxacaq.

Eqodan qurtulmaq çətindi. Çünki liderlikdən, birin­cilikdən imtina etməli olursan. Ancaq burda əsas məqsəd eqonu məhv eləməkdi. Meditasiyadan, sev­gi­dən, yoqadan, nədən olursa olsun, keçməyin əsas səbəbi eqonu aşa bilməkdi.

Bunu sevgi hesabına eləmək çox asandı. Sevgi təbii dindi…

(My Way: The Way of the White Clouds)

Sevgilimlə özümü itirirəm. Tez özümə qapanıram. Nə edim?

Bu əsas problemlərdən biridi və bunu həll eləmək vacibdi. Bu problem doğuşdan olmur, sonradan qazanılır və mü­na­sibətlərə ağırlıq gətirir. Sevgililər bir-birinin sərhədini ta­nıyaraq ilişki qura bilmirlər. Mütləq bu onun, o bunun ərazisinə dürtülür.

İki insan bir yerdədisə “mən” “sən” anlayışı itir və “biz” an­layışı yaranır.

“Biz” nadir fenomendi. Hər dəqiqə ola bilməz. Sev­gililər tamamilə bir-birinə hopur, tamamilə bir-bi­rin­də əriyir. Hə, bu zaman gerçəkdən də “biz” olur.

Ancaq günün 24 saatını “biz” olmaq səfehlikdi.

Sənin “mən”in itdisə “biz”in kimə lazımdı?

“Sən” yoxdusa “biz” necə ola bilər?

Kimə lazımdı “sən”siz “biz”?

Sizin birləşməniz hərdən baş verirsə, müəyyən mə­qamlarda, zamanlarda bir-birinizə qarışırsızsa bu an yaranan “biz” fenomeni əvəzsizdi, dadlıdı, hey­rə­ta­mizdi.

Bütün günü siz bir-birinizə qarışa bilməzsiz axı. Bu normal və sağlam hal deyil. Düzdü, insanların əksə­riyyəti bir sevgili tapan kimi istəyir, hətta tələb edir ki, qarşıdakı adam ancaq və ancaq ona məxsus olsun. Hər şeyini paylaşsın, danışsın, bir addım belə tək­başına atmasın və bu cür münasibət yaxşı nəticələr ver­mir.

Çünki sən bir başqasını sökməklə, dağıtmaqla məş­ğulsan. Sənin aləmində adamın sevgilisi ona yapışıb qalmalıdı. Nəzərə almırsan ki, söhbət diri, canlı, ağlı başında, düşüncəsi, duyğuları olan tamamilə başqa bir adamdan gedir. Və onu səndən asılı olmağa məcbur etmək onu darmadağın etməkdi.

İnsanlara elə gəlir ki, bir adam sevgilindisə ondan asılıb qalmaq lazımdı, o da eyni şeyi eləməlidi, sən­dən asılıb qalmalıdı. Guya onun səndən başqa hə­ya­tın­da önəmli bir maraq, mühit, dəyər ola bilməz. Biz sev­diklərimizi öz maraqlarına, çevrələrinə, dostlarına, hobbilərinə, hətta bizim iştirakımız olmayan arzularına belə qısqanırıq.

Gör bu nə qədər anormal haldı. Biz bir adamı sevdiyimizi düşünürük və eyni zamanda bu sevdiyimiz adamın heç bir özəl qərarına, seçiminə, istəyinə sayğı göstərmirik. Eqomuz imkan vermir. Biz onun hə­ya­tın­da “hər şey” olmaq “ən önəmli” olmaq istədikcə onu həyatı, rahatlığı, dincliyi, əyləncəsi, stimulu, də­yi­şikliyi, yenilənməsi üçün vacib olan hər şeydən ayırırıq. Nəticədə onun həyatında gerçəkdən də bizdən başqa heç nə qalmır. Bütünlüklə boş olur.

Həvəssizləşir. Biz onun həyat eşqini söndürürük.

Biz onun özünü söndürürük.

SEVGİ BU CÜR OLMUR! BU HEÇ BİR HALDA SEVGİ DEYİL. BU, EQONUN SAHİBKARLIQ HİSSİDİ!

Niyə bunu anlamırıq? Əvvəla ona görə ki, bunu bizə öyrədən, deyən olmayıb. İkincisi, ona görə ki, biz adam­ların ürəklərini öyrənmək haqqında düşünmürük, biz adamların kimliyini, şəxsiyyətini nəzərə almırıq və ona görə də tanımırıq. Biz münasibətimizi, dav­ranışımızı qarşımızdakı adamın mənliyinə, xa­rak­te­rinə və dəyərlərinə hesablamırıq. Biz ancaq və ancaq öz xarakterimizə və eqomuza uyğun davranırıq. Bu da hər şeyi məhv edir. Çünki ilişki birtərəfli, bira­dam­lı olmur. Bütün münasibətlərdə qarşı tərəf var. Bunu heç kim nəzərə almır.

Bir gün mütləq partlayış baş verir.

Səbir kasası daşır.

Həmişə konfliktin, dava-dalaşın, gərginliyin olmasına yeganə və təkcə səbəb bir-birinin işinə burun soxmaq, sərhədini keçmək və hər şeyə qarışmaqdı.

Məsələn, o, xoşbəxtdi. Sən özünü aldadılmış, tərk olunmuş, gərəksiz hiss edirsən.

Niyə xoşbəxtdi? Təsəvvür edirsən? Səni sevdiyin adamın xoşbəxtliyi üzür, ancaq ona görə ki, özü­nü həyatın bütün məqamlarında ona yükləmək istə­yir­sən. O qədər eqoistsən ki, onun xoşbəxt olmağı səni qıcıq­landırır, əsəbiləşdirir. Onun xoşbəxt olması səni bəd­bəxt edir.

Və sən buna sevgi deyirsən? Dəlisən?

Birinci şərt budu: sevgilinə özü ola bilməsi üçün ta­ma­milə azadlıq verməlisən.

Onun üstünə getsən, ondan hesabat tələb eləsən, onu sənsiz yaşadığı sevinclərə görə ittiham etsən səni al­datmağa başlayacaq, səninlə səmimi olmayacaq.

O, xoşbəxtdisə, sən niyə olmayasan?

Məsələnin bu tərəfi də var.

Əgər “biz” olmaq istəyirsənsə o zaman xoşniyyətli “biz” ol.

O sevinəndə sən də sevin. O nəyəsə sevinəndə sən də o sevinir deyə sevin.

Əgər üzgündüsə, sən də bölüş onun üzüntüsünü. Yox, üzülməyin gəlmirsə, mahnı oxumağın, rəqs elə­mə­yin tutubsa bunu onun gözünün qabağında eləmə. Heç olmasa onu qıcıqlandırma. Rahat burax, tək burax, qoy sakitləşsin.

Bu zaman bir-birinizə sayğı göstərəcəksiz. Bir-bi­ri­nizə hörmətiniz sonsuz olacaq. Onu özünə uyğunlaşdırmağa çalışma. Hörmət sevginin məbədidi.

(Don’t Look Before You Leap)

ANA OLMAQ

Yaxşı ana olmaq üçün nə etmək lazımdı?

Yaxşı ana olmaq üçün analığı bir borc, bir görəv kimi qəbul etməmək lazımdı.

Gec-tez bütün qadınlar analığı bir görəv olaraq başa düşür. Həmin andan başlayaraq gerçək analıq ölür, yoxa çıxır. Analıq vəzifə yox, ilahi dəyərdi. Bu də­­yərə sahib olduğun üçün xoşbəxt hiss eləməlisən özü­­nü, görəvli yox. Əks halda səninlə balan arasında doğ­­malıq bağı qırılır. Ana olmağı (analığı) bir bayram kimi qəbul elə, bir şadyanalıq kim yaşa. Uşaq – Tanrının hədiyyəsidi. Hər şeydən öncə ona hörmətlə yanaş. Övladına qarşı sayğılı ol. Hörmət yoxdusa, hansı sev­­gidən danışmaq olar? Hörmət yoxdusa sevgi də yoxdu. Hörmət yoxdusa sən əslində ana yox, ağasan, yi­yəsən, mülkədarsan.

Sevdiklərinə yiyələnə bilməzsən. Kiminsə haqqında “yiyəsiz deyil” ifadəsi işlətmək özü qüsurludu. Əşyanın, predmetin yiyəsi ola bilər, insanın yox. Kiməsə onun sahibi kimi baxsan onu əşya səviyyəsinə endirirsən. Bu zaman uşaq doğrudan da anasının mülkiyyətinə çevrilir, yük olur. Anaların çoxu ömür boyu özünü övlad yolunda fədakarlıq etmiş kimi aparır. Analıq fədakarlıq deyil, borc deyil, iş deyil.

Əsl ana heç vaxt uşağı üçün nələrsə etdiyini dilinə gətirməz, heç bu barədə düşünməz, heç bunu hiss eləməz belə. Ana olmaq ona yetir, ana olduğu üçün uşa­ğına borclu sayır özünü. Söhbət uşaq doğmaqdan getmir. Uşağın doğulmasından gedir. Təkcə uşaq doğulmur axı, ana da uşaqla eyni anda doğulur.

Dünənə qədər ana yox idi. Uşaqla birgə doğuldu. Yepyeni bir in­san doğuldu. Uşaq səndə inanılmaz duyğular oyadır. Möhtəşəm duyğular…

Adi qadınla ana arasında çox böyük fərq var.

Beləliklə, sev, hörmət və kömək elə balana, bunu ona mane olmadan elə. Heç vaxt ananın səhvlərini tək­rarlama. Onun tərbiyə üsuluna əl atma. Tamamilə təzə, yeni üsuldan istifadə elə. Analıq haqda öz ananın səndə yaratdığı təsəvvürləri bir kənara tulla. Fərqli ol, hər şeyi unut və ürəyini dinlə. Anandan nə öy­rənmisənsə onu boş ver. Yeni metodlar tətbiq elə, bax, hiss elə, uşağın ehtiyaclarına qulaq ver və bütün bun­ları kortəbii yox, anlayaraq, dərk edərək yaşa.

Ana olduğunu sanma, ana olduğunu hiss elə.

Əmr vermək yox, sevgi vermək lazımdı. Təzyiq eləmək olmaz. Uşağın azadlığı toxunulmaz qalmalıdı. Sənin sevgin onun azadlığına mane olmalı deyil. Heç kim, heç vaxt balaca uşağın azadlığı haqda düşünmür. Nə vaxt düşünəcək? Bu gün körpədi, sabah hələ balacadı… Heç bir ana öz övladına yetkin insan kimi baxmır. Uşaq onun gözündə heç vaxt böyümür. Və hamısına elə gəlir ki, bu normal haldı, belə də olmalıdı.

Fəxrlə deyirlər: “Ana üçün uşaq heç vaxt böyümür”. Bu dəhşətdi! Çünki bu cür münasibət bir insanın böyümək, yetkinləşmək haqqını əlindən alır. Uşaqla ana arasındakı yaş fərqi nə qədərdisə ömür boyu da o qədər qalır. İyirmi ildisə həmişə iyirmi il olaraq qalır.

Beləliklə, övladına hörmət elə.

Onunla öz kiçiyin kimi davranma.

Əgər uşaq arada ağlayırsa tələsik üstünə cumma. Eybi yox, qoy bir az ağlasın. Hər ağlayanda onu sakit­ləş­dirməyə çalışma. Bəlkə də uşaq heç süd istə­mir, amma ağlayır. Ağlamaq uşağın xoşuna gəlir. Bu­­nun heç bir zərəri yoxdu. Ağlamaq uşağın özünü ifadə elə­mək üçün yeganə vasitəsidi. Dil bilmir, danışa bilmir, ağlamaq onun dilidi, bildiyi tək işdi. Tez ona süd ver­mə. Əgər toxdusa hər ağladığında sənin ona süd verməyin onun üçün narkotikə çevriləcək.

Analar döşlərindən narkotik kimi istifadə edirlər. Necə?

Uşaq ağlayan kimi ona döş verməklə. Uşaq əmir, əmir və yuxuya gedir.

Uyuşdurucu effekti yaranır. Əgər belə eləməsən sə­nin uşağının heç vaxt psixiatora ehtiyacı olmayacaq. İm­kan ver öz emosiyalarını üzə vursun, ağlasın, mızıldasın.

Bu uşağın özünü ifadə vasitəsidi. Bunun qarşısını bə­ləkdən alanda emosiyalar onda yığılıb qalır və nevroloji sorunlar yaranır.

İmkan ver, qoy enerjisini çıxarsın.

Hər şeyə icazə ver, qarışma. Yedir, içir, geydir, amma qadağalar qoyma, işinə burun soxma. Hətta səhv elədiyini görsən belə, yenə də qarışma. Ola bilər sənə səhv kimi görünən şey əslində səhv deyil. Ola bilər, çox ola bilər ki, uşaq əslində haqlıdı.

Ona sərbəst insan olduğunu hiss elətdir. Özünü gərəkli, önəmli sayması üçün əlindən gələni elə. Əs­lin­də, buna xüsusi çaba da gərək deyil.

Sadəcə, uşağa sayğıyla yanaş, hər işinə qarışma.

Öz nəzəriyyələrini uşağa sırımağa çalışma. O, dünyaya buna görə gəlməyib. Öz düşüncəni özündə saxla. Uşağın da düşüncəsi var. Bilirsən, uşağa nəyisə sırımaq çox asandı. Çünki köməksizdi, səndən asılıdı. Nə desən, nə öyrətsən onu da eləməyə məcburdu. Başqa yol yoxdu, sənə qarşı çıxmaq təhlükəlidi. Ancaq onun içində sənə qarşı gizli aqressiya formalaşacağını da nəzərə al. Sən onu sıxışdırdıqca, o ifadə edə bilmədiyi kimliyinə görə sənə nifrət edəcək.

Müdrik ana heç vaxt belə eləməz.

Müdrik ana övladına istədiyini eləməyə icazə verir, qadağalar qoymur. Hətta özünə qarşı çıxmağa da im­kan verir.

Sadəcə, izah edə bilər: “Mən düşünürəm ki, bu o qədər də doğru deyil. Amma sən qərar verməkdə azad­san. İstədiyin kimi davrana bilərsən. Mən, sadəcə, bunu elə də doğru addım hesab etmirəm”.

Qoy səhvlərini öyrənsin. Yalnız bu cür yetkin insana çevrilə bilər. Əks halda avam olaraq qalacaq. Yaşa do­lacaq, amma ağlı uşaq qalacaq. Bioloji yaşı artacaq, ağlı on bir, o iki yaşından o yana keçməyəcək.

İnkişaf dövrü orta hesabla on üç yaşına qədər davam edir. Sonra dayanır. Bu, Eynşteyndə də belə olub, Budda da, İsada da.

Adi insanlarda inkişaf dövrü təxminən səkkiz yaşına qədər davam edir. Və sonra dayanır. Bundan sonra o, böyümür, sadəcə, başqalarını yamsılayır, onların ar­xasınca gedir.

Sevgi bəxş elə, təcrübəni bölüş, amma heç vaxt, heç nə­yi sırıma.

Bu halda sənin övladın çox gözəl bir insana çev­ri­ləcək.

(Don’t Look Before You Leap)

Körpəm doğulan kimi mən də özümü yenicə doğulmuş kimi hiss elədim. Ananın doğulmasıyla bağlı danışa bilərsənmi?

Uşaq doğulan kimi ana da doğulur. Məzmunca ana və qadın bir-birindən köklü şəkildə fərqlənir.

İkincisi, analığı çox ciddi qəbul etmə. Yoxsa uşağı məhv edərsən.

Buna bir az da əyləncə kimi baxmaq lazımdı. Daha rahat qəbul eləmək anlamında deyirəm.

Bu işin nə qədər önəmli olduğunu uşağa göstərmə. Göstərsən məsələnin vacibliyini hiss edib yüklənəcək. Onu öz analığınla yükləmə.

Hesab elə ki, uşaq bir musiqi alətidi. Və sən onda ifa etməyi öyrənməlisən. Çox ciddi ifalara yol vermək olmaz. Heç bir halda uşağı yükləmək olmaz.

Mən dünyanın ən önəmli işi analıqdı deyəndə, bunu sənin üçün deyirəm. Uşaq üçün yox. Uşağa öz fədakarlığını yük eləmə. Qəti şəkildə onun üçün elə­dik­lərini başına vurma, göstərmə, işarələmə.

Uşağa minnət qoyma. Sən ana olmalısan, minnət qo­yan biri yox.

Çalış ki, övladın buddaya çevrilsin. Azad, sərbəst, sevincək bir insan kimi böyüt onu.

Uşağına sevinməyi öyrət.

Övladın sayəsində sənin həyatın işıqlanacaq.

Amma səni iki təhlükə gözləyir: ya uşaqdan yoru­la­caqsan; ya da sən ona çox ciddi yanaşaraq onu yük­lə­yəcəksən. Əgər doğru metoda əl atsan heç biri baş ver­məyəcək. Çünki heç biri doğru deyil. Uşağa kömək elə, ancaq sevinc üçün.

Heç vaxt fikirləşmə ki, sənə borcludu. Əksinə, ona min­nətdar ol ki, ana olaraq səni seçib. Səni ana edib. Ana­lıq səndə çiçəklənsə həmişə uşağına minnətdar olacaqsan.

Hər şeyi gərək sevinclə edəsən. Bu zaman xoşbəxt hiss edəcəksən özünü. Bunu borc kimi, görəv kimi eləsən heç vaxt xoşbəxtlik hiss eləməyəcəksən.

Özünü qurban kimi aparma.

(Sacred – ingiliscədə “qurban” deməkdi)

Qurbanlıqda müqəddəs heç nə ola bilməz.

Çünki qurban vermək nəyindənsə keçdiyini hiss elə­­mək, nədənsə ağrıyaraq vaz keçməkdi. Sən analığı fədakarlıq kimi qəbul etmə.

O zaman ilahiliyin itəcək.

Sənə böyük imkan verilir. Meditasiya et, reallaşdır. Bu qədər dərin münasibəti başqa heç nədə tapa bil­məz­sən. Kişi-qadın münasibəti belə, bu qədər dərin ola bilməz. Uşaqla ananın münasibətinə uyğun heç nə yox­du. Heç kimi doqquz ay bətnində gəzdirmirsən. Bu vaxt ərzində balan sənin orqanizminin bir parçasına çevrilir.

Övladın budda kimi böyüsə sən çox xoşbəxt bir ana olacaqsan. Çünki sizin mənəvi bağınız heç vaxt it­mə­yəcək. Fiziki bağın itməsi mümkündü, amma ruhsal bağın heç vaxt.

Çox şükür! Ana olmaq – xeyir-dua tapmaqdı!

(Walk without Feet? Fly without Wings and Think without Mind)

Necə yaxşı ana olmaq olar?

Budda deyirdi: Dünyanın ən böyük problemi ana olmaqdı.

Hər qadın ana ola bilmir. Ola bilsəydi insanlar bu qədər problemli olmazdılar.

Dünyada minlərlə insan psixoloq yanına gedir, nə qədər insan həkimə müraciət edir. Əsəbi, psixoloji pozuqluğu, nevrozu olan saysız-hesabsız adam var.

Bunların səbəblərini araşdıranda demək olar ki, hamısının kökü gedib anaya çıxır.

Dünyada ana olmaq istəyən saysız-hesabsız qadın var, amma bunu bacaran qadın çox azdı. Daha doğrusu, “ana necə olmalıdı” sualının cavabını bilən qadın çox azdı.

Bütün qadınlar doğa bilir. Ancaq bütün qadınlar ana ola bilmir.

Anayla övlad arasında münasibət alınmırsa uşağın bir ömürlük ilişki qurmaq problemi yaranır. Ana uşağın dünyayla ilk tanışlığıdı. Dünyaya ilk addımıdı. Əgər ilk addımda alınmadısa, demək ömür boyu alınmayacaq.

Ayaqların arasından ana olmurlar. Beyinlə, idrakla, ağılla, ana olurlar.

Əgər ana olmaq istəyirsənsə bunun bütün mənasını, mahiyyətini, məsuliyyətini ciddi şəkildə, bütünlüklə dərk eləməlisən.

Ana olmaq dünyada mövcud olan ən böyük mə­su­liy­yəti üzərinə götürmək deməkdi. Bunu bilmədinsə səndən ana olmaz.

İnsanlar var ki, qadından qorxurlar. Qadından qor­xur­sansa, onu sevə bilməzsən. Niyə qadınlardan belə qor­xursan? Ona görə ki, uşaqlıqda anandan qorxurdun. O, həmişə səni nəzarətdə saxlayıb, cəzalandırıb. Sənin yerinə qərar verib, nə etmək olar, nə olmaz; təbii ki, bunu sənin xeyrinçün elədiyini düşünüb. Amma bu sənə xeyir veribmi? Əsas sual budu.

Analar övladlarını kiçiltməklə, aşağılamaqla məhv edir­lər. Nə etmək lazım olduğunu göstərməklə ana uşağını şikəst edir, yarımçıq qoyur. O, səni incitdiyini anlamayıb. Özündən asılı edib və əlbəttə ki, bu sənin xoşuna gələ bilməzdi.

Köməksiz olduğun üçün də ondan asılı duruma düşmüsən. Qadın qorxun buna görə yaranıb.

Milyon kişi öz arvadında anasını görüb əvvəlcə. Zamanla bu qadının anasına əslində oxşamadığını anlayıb məyus olur, xəyal qırıqlığı yaşayır.

Xəyal qırıqlığı yaşadan bir adamla bir yerdə necə olarsan?

Hər şey dəyib bir-birinə.

Anasının təsiri altında böyüyən kişilərin əksəriyyəti arvadlarından da asılı vəziyyətə düşürlər. Onların dikdabanı altında yaşayırlar. Ana obrazı davam edir.

Anayla bir yatağa girmək olar? Bu mümkün deyil və buna görə də bəzi kişilərdə impotensiya yaranır.

Ancaq bu təkcə arvadlarına aiddi. Fahişələrlə belə olmur. İmpotentlik yaranmır.

Fahişələr analarını xatırlatmır.

Məhz anasına görə dünyada minlərlə insan ruhi xəstə, nevrotik olub.

Budda deyir: Ana olmaq gözəldi.

Əlbəttə ki, nəsə başqa bir şey nəzərdə tutur. Hər halda yəhudi ananı nəzərdə tutmur.

Hər halda prosesin özünü nəzərdə tutmur.

Ana olmağın bioloji proseslə, doğuşun özüylə heç bir əlaqəsi yoxdu.

Ana olmaq sevgidi, sevincdi. Təmiz, saf, qüsursuz bir duyğudu. Şərtiliyi olmayan qaydasız bir hissdi.

Ana şərt qoymadan sevirsə necə ki, əslində yalnız ana belə sevə bilir, uşaq şərtsiz də sevginin sevincini dadır.

Şərtsiz sevməyi bacarmaq əsl dindarlıqdı.

Qadına bunu eləmək daha asandı. Çünki o, belə yaranıb. Təbiət onu belə yaradıb.

Onda olan analıq instinkti kiminsə qayğısını çəkmək, təmənnasız sevmək, əzizləmək bacarığı yaradır.

Sən hər şeyin qayğısını çəkə bilərsən. Yapın, təbii halın budu.

Əsl terapevt anadı. Əks halda o, əsl ana da deyil.

O elə edir ki, pasiyent bərpa olunur, yaşama qayıdır.

“Budda psixologiyası” deyəndə bunu nəzərdə tuturam. Budda əsl terapevtdi, ustaddı. Səni elə bir qayğı, sevgiylə sağaldır, elə bir anlayış göstərir ki, onun qayğısını hiss edirsən. Əsl terapevt, ustad – ana kimi həmişə başının üstündə olan səmaya, buludlara oxşayır.

(The Dhammapada: The Way of the Buddha)

Ailə

İllər boyu ailə cəmiyyətin gözü olub, sosial nüvə olub.

Sən yeni dünyada ailəyə gərək olmadığını deyirsən.

Bunun yerinə nə təklif edirsən?

Ailə çox qədim institutdu. Zamanını başa vurub. Bu gün ailənin heç bir dəyəri qalmayıb. Bu gün ailənin heç bir yararı yoxdu. Bunu çox ayıq adamlar görə bilir. Vaxt keçdikcə qalanları da anlayacaq.

Ailə çağdaş insana heç nə verə bilməz.

Ailənin insana həm yararı, həm ziyanı olub.

Ailə hesabına insan salamat qalıb. Amma ailə həm də insanın ağlını dəlmə-deşik edib.

Keçmişdə insanın ailədən başqa seçimi yox idi. Alternativ seçim olmayıb. Gələcəkdə onun seçmək üçün çoxlu variantı olacaq.

Gələcəkdə ailəni seçən insanlar olsa belə, onlar bunu düşünülmüş şəkildə edəcəklər.

Bu bir qayda kimi qəbul olunmayacaq. İndi ailə bir qaydadı. Hamı bir qaydada evlənməlidi. Hamının ailəsi olmalıdı.

Gələcəkdə bu seçim olacaq və çox az adam ailəni se­çəcək. İndiki kimi kütləvi forma almayacaq.

Var, əlbəttə, dünyada yaxşı ailələr də var – çox nadir hallarda rast gəlinsə, bir faiz olsa da, elə ailələr var ki, həqiqətən çox gözəldi. Xeyrin hökm sürdüyü, azad ailələr var. Orda kiminsə xüsusi nüfuzu, avtori­tar­lığı, ağalığı yoxdu. Bu ailələrdə uşaqlar şikəst olmur, tərəflər bir-birini təhqir etməyə, bir-birindən qaç­mağa çalışmır. Məhəbbət və azadlıq hökm sürür orda; bu ailələrdə insanlar ünsiyyətdən yalnız sevinc du­yurlar, onların üzündən işıq saçır, onları sevgidən başqa bir səbəb birləşdirmir.

Tamahkarlıq yoxdu, nəfs ürəklərini zəbt eləməyib, dünya malında gözləri, ma­raqları yoxdu. Bəli, belə ailələr var. Bu insanların hə­yatlarında nəyisə dəyişmələrinə ehtiyac qalmır, nəsə başqa bir varianta əl atmaqlarının mənası yoxdu. Gələcəkdə belə ailələr, belə nikahlar ola bilər.

Amma bunun əksi olmayacaq.

Əksi deyəndə bugünkü mütləq əksəriyyətin ailə dediyi şeyi nəzərdə tuturam. Eybəcərliyi nəzərdə tuturam. Psixoanalitiklərdən soruş, onlar sənə deyəcəklər mən nədən danışıram. Hər cür ruhi pozulmalara, əsəbi xəstəliklərə, psixozlara, nevrozlara səbəb olan ailə­lərdən söz açıram. Bu ailə modeli xəstə insan yaratmaqla məşğuldu.

Ortada nə sevgi, nə sayğı, nə sədaqət, nə dürüstlük nə də rahatlıq, azadlıq var.

Hamı bir evdə bədbəxtdi. Mən bu ailədən danışıram. Çoxluğun ailəsindən.

(Sufis: The People of the Path)

Ailə bütün nevrozların səbəbkarıdı. Biz bunu bütün mənası ilə dərk etməliyik.

Kimi dindirsən deyəcək ki, xoşbəxt ailə yoxdu.

Bax, bundan danışıram. Əslində belə deyil. Əslində in­san çox asanlıqla xoşbəxt ola bilər. Belə adamlar az olsa da var. Belə ailə az olsa da var. Belə bərabərlik az olsa da… var.

Çoxluq nadürüst, eybəcər bir şərait yaradıb və ordan çıxa bilmir, çıxmaq istəmir. Və bu çoxluğu da din­dirəndə yalandan ailə haqda müqəddəs kəlamlar sa­dalayır. Halbuki özü evində bədbəxtlikdən gəbərir.

Çağdaş insanın bu tabuları darmadağın etməyə cə­sarəti çatacaq. O, saxta, qurama ailədə yaşamağı özünə layiq bilməyəcək.

Və beləliklə də dünya dürüst ilişkilər və dürüst insanlarla dolacaq.

İnsanların üzündəki gərginlik itib gedəcək. Çünki səmimi yaşayacaqlar. Hər kəs öz ruhuna, qəlbinə ra­hat olanı edəcək. Heç bir qüvvə yalandan insanları uzun müddət, ömür boyu bir evdə, bir yerdə olmağa zor­laya bilməyəcək. Dünyanın düzəni dəyişəcək.

Lao Tszı, Zərdüşt kimi insanların sosial asılılıqdan, cə­miyyət qaydalarından, ənənələrdən qurtulmaq bacarığı adamı heyran edir.

İlk növbədə, ailə müəyyən dini ideologiyanın, siyasi ehkamların, hansısa fəlsəfi görüşlərin, ilahiyyat məktəblərinin, cəmiyyət qaydalarının, “olmazların” uşağa təsir etməsinə şərait yaradır. Uşaq o qədər sadə, həssas bir varlıqdı ki, ona nə istəsən sırımaq olar. O, bütün bunları rədd edə bilmir, belə bir imkanı yoxdu. Olsa belə özü eləməz, çünki qarşı tərəfin buna mənfi reaksiyasını təxmin edir. Ən dəhşətlisi budu ki, uşağı tabe olmağa ailəsi məcbur edir.

Ailə biliyə can atan uşağın səylərini dəstəkləmir; onun beynini inanc və etiqadlarla doldurur. Uşaq ağlı bu xurafatlarla dolur və idrak iflic olur, qanadlar kəsilir. O, bütün bu ideyaların köləsinə çevrilir. Bir də özü haqda pis fikir yaratmaqdan çəkinir. Xurafatla dolandan sonra insan artıq həqiqət axtarışına çıxmır. Ona yeridilən fikirlərlə bağlı içində bir şübhə olsa belə, bunların əksini sübut edəcək nə yer, nə də imkan tanıyır. Sən artıq hazır düşüncənin daşıyıcısına çevrilirsən. Hətta bütün bunların saçmalıq olduğunu hiss eləsən belə, susursan, əl-qolunu yanına salıb yaşayırsan.

Hər bir uşaq budda kimi doğulur. Onun – şüurun yüksəlişinə çatmaq, həqiqət axtarmaq üçün lazımi potensialı olur. Bəs niyə belə az budda var? Səbəb ailədədi. Ailə uşağın potensialını dağıdır.

Hər bir uşaq çox ağıllı doğulur, amma ailə ondan bacarıqsız, yararsız bir varlıq düzəldir. Yaşamaq əzaba çevrilir. İnsana həyat bu üzdən belə əzablı gəlir. Uşaq suallarla doludu. Amma bu suallar içində qalır, zamanla bu sualları içində basdırır və getdikcə də tamam unudub robot kimi yaşamağa davam edir. Ailəyə sözəbaxan uşaq lazımdı. Böyüklərin ağzını güdən, onların hər dediyini edən, onlar istədiyi kimi olan uşaq lazımdı. Ailə bir təqlidçi yetişdirir.

Ona görə də deyirəm ki, ailə adlı nüvə insan idrakını dağıtmaqla məşğuldu.

Doxsan doqquz tam onda doqquz faiz insan budda olardı – əgər ailə dağılsaydı.

Xristian, müsəlman, caynist, buddist olmazdı. Ağıllı, zəkalı insanlar yetişərdi. Budda, İsa, Məhəmməd, Mahavir yetişərdi.

Budda öz ailəsinə qarşı çıxıb, Mahavir ailəsinə qarşı çıxıb, Məhəmməd ailəsinə qarşı çıxıb, İsa ailəsinə qarşı çıxıb. Bu adamlar qaydalara, ailəyə, əzbərlərə, özlərinə qədər mövcud olan hazırlara, adətlərə qarşı çıxmasaydılar axtardıqları həqiqəti tapmazdılar. Hamıdan seçilməzdilər.

Bu adamlar üsyankarlardı.

Ailəsə üsyankar ruhu rədd edir.

Bəşəriyyət çox sorumlu, həssas bir dövr yaşayır. Seçim etməliyik: əvvəlki kimi yaşamağa davam edirik, yoxsa yeni həyat tərzini seçirik. Bu yetərlidi! Köhnə qəliblərlə artıq yaşamışıq və nəticəsini görmüşük. Görmüşük ki, faydasızdı, səmərəsizdi. Vaxtdı! Bu faydasızlıqdan yaxa qurtarmaq zamanıdı. Qurtulub, Yer kürəsində yeni həyat yaratmaq zamanıdı.

(Philosophia Ultima)

Mənə elə gəlir ki, kommuna ən yaxşı çıxış yoludu.

Kommuna böyük bir ailə kimi yaşayan insan cəmiyyətidi. Bu cəmiyyətdə uşaqlar kommunaya – hamıya məxsusdular. Heç kimin şəxsi mülkiyyəti, şəxsi eqoizmi yoxdu. Burda kişi və qadın ona görə bir yerdə yaşayır ki, onlara birlikdə xoşdu. Bu münasibət onlar üçün qiymətlidi, sevinclidi. Bir gün sevginin artıq yox olduğunu hiss edən kimi dostcasına, mehribanlıqla sağollaşacaqlar. Və nə vaxtsa başqa birini sevib onunla xoşbəxt olacaqlar. Bu günə kimi ona görə belə münasibətlər olmayıb ki, tərəflər uşaqlar haqda düşünüb. Biz ayrılsaq uşaqlar necə olacaq?

Uşaqlar kommunada hamıya məxsusdu, bu daha yaxşıdı. Onların hər cür insanla ünsiyyətdə olmaq imkanları yaranır. Kiçik ailədə uşaq yalnız anasıyla ünsiyyətdə olur. Uzun illər yalnız ana və ata onu tərbiyə edir. Təbii olaraq da uşaq zamanla onları təqlid etməyə başlayır.

Uşaqlar valideynlərini yamsılayırlar. Ata-ananın ana­loji xəstəliklərinin varisləridi uşaqlar. Onlar birə-bir valideynlərinin surətidilər. Bu, öldürücüdü.

Seçim yox­du, çünki başqa mənbə yoxdu. O özü necə olardı? Bunu heç kim, heç vaxt bilmir.

Kommunada yüz nəfər yaşayırsa, uşaq bir nəfəri təq­lid etməli olmayacaq. Bir adama bağlanmayacaq. Ata­sından nəsə öyrənəcək, əmisindən, dayısından nəsə öyrənəcək. Kommunada olan digər kişilərlə ün­siy­yət quracaq. Dar düşüncəli yox, geniş düşüncəli ola­caq. Deməli, qəlbi də geniş olacaq.

Uşaq ailənin hökmü altında əzilir. Ailə uşağı xırda, yalançı dünyada böyüdür. Kommunada uşağın ruhu inkişaf edir; imkanları genişlənir, daxili aləmi zən­ginləşir. Çoxlu qadınlar tanıyır, cürbəcür qadınla ünsiy­yətdə olur və onun ancaq bir qadın obrazı formalaşmır. Qadın haqda ancaq bir təsəvvürü yaranmır. Bütün həyat boyu ana obrazından asılı olaraq qalmır.

Hər bir uşaq anasına qəzəblidi. Nə qədər ki ananın qadağaları olacaq, bu qaçılmazdı. Hətta yaxşı ana “yox” sözünü gərək hərdənbir desin. Uşağın istək­lərini məhdudlaşdırmaq olmaz. Uşaq bundan hirs­lənir, qəzəblənir. Anasına nifrət etməyə başlayır. Amma həm də onu sevir, onun yaşamı anasından asılıdı. Həyat eşqi, enerjisi içində boğulduğu üçün həm də uşaqda nifrət formalaşır. Buna görə də o həm nifrət edir, həm də sevir.

Bu prinsiplə yaşamaq olmur. Eyni zamanda həm sevmək, həm də nifrət etmək mümkün deyil. Üstəlik, heç bir seçimin də yoxdusa şüursuz şəkildə bütün qadınlarda ananı görürsən. Onları həm sevirsən, həm də nifrət edirsən. Buna görə də normal ünsiyyət qura bil­mirsən. Eyni hal qadınlarda da baş verir. Onlar da bü­tün həyat boyu atalarına bənzəyən kişini axtarırlar. Çünki ayrı kişi obrazı haqda təsəvvür yoxdu.

Kommunada böyüyən uşağın dünyada tanıdığı yeganə kişi ata deyil; bu zəngin bir aləmdi. Əgər sən başqa kişilərdə atanı axtarsan onsuz da onunla xoş­bəxt olmayacaqsan. İnsan xoşbəxt olmaq üçün sevgili ax­tarmalıdı, ata yox. Sevdiyin insanla bir yerdə yaşayırsan, atayla yox. Anana bənzəyən qadın axtarıb tapsan belə, onunla xoşbəxt olmayacaqsan. Sən artıq bu xarakteri görmüsən, tanıyırsan, bilirsən. Açılacaq maraqlı heç nə yoxdu. Yeni bir şey olmadığına görə də get­dikcə kədərlənəcəksən. Sənə yeni bir şey lazımdı. Tə­səvvüründə olmayan bir nəsnə.

Uşaq qəlbi kommunada zənginləşir. Çoxlu qadın, kişi tanıyır, ünsiyyətdə olur. Valideynə kortəbii meyl ya­ranmır.

Ailə insanda kortəbii bağlılıq əmələ gətirir. Gözübağlı tabeçilik, aludə bəşəriyyətin düşmənidi. Əgər sənin atan kiminləsə dalaşırsa, sən kimin haqlı olduğunu düşünmədən atanın tərəfini saxlayırsan. Sənə görə ata-ana həmişə haqlıdı. Xalq arasında bu cür de­yirlər: “Bəlkə də mənim ölkəm yaxşı deyil, amma bu, mənim ölkəmdi”. “Bəlkə atam pis adamdı, amma mə­nim atamdı”. “O mənim anamdı, mən onun yanında ol­malıyam”. Əks halda sən xəyanətkar sayılırsan.

Ailə uşağı haqsızlığa öyrədir. Görürsən ki, anan qonşu qadınla dalaşır; bilirsən ki, qonşu qadının da hü­quqları var, amma ananın tərəfində dayanırsan. Əda­lətsizliyi bu cür yaradır insan.

Uşaq kommunasında bir ailəyə çox bağlılıq yoxdu, belə ailə, sadəcə, mövcud deyil. Uşaq azaddı. Azaddısa, demək daha ədalətli olacaq. Sevgi verəcək, sevgi alacaq. Hiss edəcək ki, həyat – sevgidi.

Ailə səndən başqaları ilə sıx ünsiyyət qurmamağı tələb edir. Digər ailələrlə yaxın bağ qurmağına qarşı çıxır. Həyatına yad adamların girməsinə etiraz edir. Ailə monopolistdi. Sən yalnız ona məxsus olmalısan. Ailə inhisarçıdı. İstəyir sən yalnız ona xidmət edəsən. Ailə səni davakar, ambisiyalı, hikkəli, aqressiv edir. Kommunada aqressiv olmursan, çünki çox adam tanıyırsan, ünsiyyət səni sakitləşdirir.

Bu cür bir mühit – kommuna yaratmaq fikrindəyəm. Har­da ki hər kəs dostdu, hətta ər-arvad da dostdu. Onların nikah sazişi belədi – sadəcə, dost olmalısız. Dost ola bilmək xoşbəxtlikdi. Onlar bir-birinə müxalif deyil. Boşanmaya da ehtiyac qalmır. Çünki nikah yoxdu. İki azad, sərbəst insanın birgəliyi var.

İnsan getdikcə bədbəxtliyə öyrəşir. Heç vaxt, heç bir halda üzüntüyə, acıya dözmək olmaz. Ola bilər kimləsə keçmişdə sənə yaxşıydı. Amma indi dözülməzdi. Dözülməzdisə niyə dözürsən?

Xoş anlar bitdi, dostcasına ayrılmaq zamanı gəldi, vəssalam.

Dözmək nə deməkdi?!

Sevinc artıq yoxdusa, münasibətlərə son qoymaq lazımdı. Aqressiv olmaq, qəzəblənmək lazım deyil. Ürə­yə hökm etmək olmur.

Sevgi təmiz hava kimi, sərin meh kimi, ruzigar kimidi. Anlayırsan?.. Özü əsib gəlir. Sonra da sakitləşir. Bir külək kimi gəlir və gedir.

Sevgi – bu sirri manipulyasiya etmək olmaz, onunla manipulyasiyaya yol vermək olmaz. Sevgini leqallaş­dır­maq olmaz, zorla məhəbbət aşılamaq mümkün deyil. Kommuna insanı yalnız ona görə kiminləsə bir yerdə yaşayır ki, onlara bir yerdə xoşdu. Birgə ya­şamaq sevinci zamanla ötüb keçəndə də ayrılırlar. Bəlkə bu, kədərlidi, amma ayrılmaq bir yerdə əzab çək­məkdən daha yaxşıdı.

Bəlkə nostalji onları hələ də tərk etmir, amma yenə də ayrılmaq ən doğrusudu. Belə yaşamaqdansa ayrılmaqdı doğru olan. Onlar ürək ağrısıyla ayrılır, amma bir yerdə qalıb bir-birini in­citmək istəmirlər.

Gələcəkdə belə nikahlar olmayacaq. Boşanmalar ol­mayacaq. Həyat daha canlı, daha güvənli olacaq. İnsan həyatın sirlərinə maraq göstərəcək. Və həyat özü bu sirlərə aydınlıq gətirəcək. Nə məhkəməyə, nə polisə, nə keşişə, nə kilsəyə, nə mollaya, nə məscidə gərək qalacaq.

Uşaqlar hamıya aid olmalıdı. Uşaq valideynin döş nişanı kimi yaxasında gəzdirməsi üçün deyil.

Bu, bəşər tarixində çevriliş olacaq: İnsanlar kommunalarda yaşamağa başlayacaqlar, düzgün, təmiz, sadə olacaqlar və tədricən qanunların diktəsindən im­tina edəcəklər.

Gec-tez ailədə sevgi yox olur. Bəlkə də heç əvvəldən olmayıb. Bu, hesablanmış nikahda ola bilər: başqa motivləri olan – pul, hakimiyyət, nüfuz, olan nikahlarda. Belə nikahda uşaqlar sevgisiz doğulur. Sevgisizlik darıxdırıcıdı, insanı qəzəbli edir. Uşaq sevgini kimdən öyrənir? İlk dəfə gördüyü mühitdən, insandan. Sevgisizlik görəndə belə də qəbul edir.

Əgər evdə həmişə qırğın, əsəb hökm sürürsə uşaq necə sevgi dolu ola bilər? Düzdü, onun sevgiyə ehtiyacı olacaq, amma heç vaxt sevgini tanımayacaq. Sevgi görəndə özünü iti­rəcək, necə davranmalı olduğunu bilməyəcək. Evdə sevgi görməyən insan bir gün poeziyayla qarşılaşır. Və düşünür ki, real həyatda sevgi mövcud deyil. Sevgi ancaq əsərlərdə, şeirlərdə olur.

Sevgi onun üçün sırf poetik anlayışa çevrilir. Sevgi gö­rəndə yaxın getmir. Ona inana bilmir.

Əksinə, görəndə ki, ata-ana bir-birini sevir, ortada sayğı və anlayış var, bir-birinə acıyır, kədərinə, se­vin­ci­nə şərik olur, uşaq sevgini tanıyır. Çox yaxşı tanıyır. Və sevgi toxumu görən kimi ona doğru gedir.

Bu gün uşağı tərbiyə etmək ideyasının özü nonsens-di. Maksimum edə biləcəyin şey ona kömək olmaqdı. Tərbiyə eləmə.

Tərbiyə etmək anlayışının özü mənasızdı. Heç bir fay­da gətirmir, əksinə, dağıdıcı effekt verir.

Uşağı yaratmaq mümkün deyil. Uşaq kərpic deyil ondan ev tikəsən.

Uşaq ağaca bənzəyir. Bəli, sən ona qulluq edə bilərsən, şaxələnməsi üçün tədbir görə bilərsən, sulayarsan və s. Ancaq onu tərbiyə edə bilməzsən. O öz-özünə böyüyür.

Hər gələn yeni nəsil keçmiş nəslin nevrozunu özün­də daşıyır.

Hər nəsil öz nevrozunu gələcək nəslə ötürür. Buna rəğ­mən cəmiyyət öz səfeh qanunlarını dəyişmək haq­da düşünmür. Bu dəlixananın, bədbəxtliyin içində yaşamağa davam edir.

Yox, bu gün hər şeyi dəyişmək lazımdı. Ailə öz dövrünü başa vurdu. O artıq insanlığı xilas edə bilmir. Kommuna ailənin yerini tutmalıdı.

İnsan bundan yalnız və yalnız qazanacaq.

Yalnız kommunada sən həyatı bayram kimi qəbul edə biləcəksən. Yalnız kommunada sən ünsiyyət qur­mağı, sevməyi, sevgili, valideyn, dost olmağı öy­rə­nə­cəksən.

Meditasiya adlandırdığım mühiti qavrayandan, dərk edəndən sonra birgəliyi və sevgini öyrənəcəksən.

Azadlıq olmadan xoşbəxt olmaq mümkün deyil. Ailə qurumu azadlığı dağıdıb. Azadlığı dağıtmaqla da qadın xoşbəxtliyini məhv edib, sevgini məhv edib. Ailə yaşam üsulu olub. Bəli, ailə bədəni qoruya bilib, an­caq ürəyini darmadağın edib. İndi artıq ona ehtiyac yox­du. Bizə ürəyi qorumaq lazımdı. Bu, çox önəmli və vacibdi.

Ailənin gələcəyi yoxdu. Elələri var ki, bunu artıq başa düşüb. Gələcəkdə yalnız və yalnız sevgi hökmranlıq edəcək. “Ər”, “arvad” çirkin, qadağan olunmuş sözlər sayılacaq.

Ərini, arvadını monopoliya altında saxlayırsansa do­ğal olaraq uşağını da belə saxlayacaqsan. Tomas Qor­donla tam razıyam. O deyir: “Düşünürəm ki, bütün valideynlər potensial zalımlardı, çünki onların tərbiyə üsulları güc və nüfuza əsaslanır. Hesab edirəm ki, valideynlər arasında yayılmış “Bu mənim uşağımdı, istədiyim kimi davrana bilərəm” devizi – öldürücüdü. Uşağımla istədiyim kimi davrana bilərəm, düşüncəsi – qəddarlıqdı”.

Uşaq kətil deyil, avtomobil deyil, bu bir. Onunla istə­diyin kimi davrana bilməzsən. Onu rahat burax. Özünü ağıllı aparmağa çalışma. Get başqa yerdə ağıllı ol, bacarığını başqa yerdə sərgilə, əgər doğrudan da ağıllı və bacarıqlısansa…

Uşaq təcrübə laboratoriyası deyil. Özünü göstərmə, əttö­kənlik eləmə. Ancaq yarımçıq adam özünü uşağa gös­tərər. Ancaq səfeh adam özünü uşağından ağıllı, baş­bilən aparar. Bu, ağıl işi deyil. Ağlı başında olan adam heç vaxt öz uşağına hökmünü, necə də zəkalı ol­duğunu nümayiş elətdirməz. Bu gülüncdü.

Sən onu dünyaya gətirmisən, düzdü. Ancaq o sənə məxsus deyil. O, Tanrıya-həyata məxsusdu. Ona yi­yə­lən­məyə, ağası olmağa çalışma.

Ailə fenomeni sahib olmağa əsaslanır. Qadın, kişi, uşaq bir-birinin mülkiyyətidi. Bu zəhərdi.

Buna görə də mən bu cür ailəyə qarşıyam. Demirəm ki, xoşbəxt ailə yoxdu. Deyirəm ki, xoşbəxt – hörmət, mər­həmət, sevgi hökm sürən ailə çox azdı. Belə ailənin dağılmasına heç bir ehtiyac yoxdu. Bu onsuz da kommunadı – balaca kommuna.

Əlbəttə, böyük kommuna daha yaxşıdı, orda insan çoxdu, müxtəliflik çoxdu. Fikirlər, düşüncələr, xa­rak­terlər, tərzlər cürbəcürdü. Seçim çoxdu. Onların için­də insanı anlamaq, tanımaq mümkündü.

Onlardan həyatı öyrənmək, ünsiyyəti, xarakterləri öy­rənmək olar.

Uşaq anadan asılı vəziyyətə düşməsin deyə çox qa­dın­la ünsiyyətdə olmalıdı. Çox qadın tanımalıdı. Bu halda uşaq yalnız bir qadını yox, çox qadını, çox adamı sevə biləcək. Bir kişini yox, bir neçə kişini tanıyacaq.

Bu zaman həyat macəraya dönəcək, maraqlı olacaq.

Mən bir əhvalat eşitmişəm.

Ana oğluyla univermağa gedir. Orda oyuncaq şö­bəsində yellənən at olur. Uşaq tez dırmaşır atın üs­tü­nə və təxminən bir saat yellənir. Ana görür ki, uşaq yo­rulmaq bilmir, axırda onu dilə tutur: “Oğlum, ge­dək, gecdi. Atana şam yeməyi hazırlamalıyam”. Amma balaca getmək istəmir. Şöbənin meneceri, satıcısı nə qədər edir uşağı atdan düşürə bilmir. Nəhayət, məc­bur qalıb mağazanın psixiatrını köməyə çağırırlar.

Psixiatr oğlana yaxınlaşıb yumşaq tərzdə qulağına nəsə pıçıldayır. Uşaq dərhal enib anasının yanına qaçır.

“Siz ona nə dediz?” – heyrətə gələn ana soruşur.

Psixiatr yüngülcə nəfəsini dərib cavab verir: “Sa­də­cə, dedim ki, dərhal atdan düşməsə onu yaxşıca kö­tək­ləyəcəm!”

Gec-tez insan qorxunu tanımağa başlayır. Daha doğ­rusu, qorxu hissini anlamağa başlayır. Nüfuz, güc işə düşür. Uşaqlar acizdilər və valideyn bilməlidi ki, onu qorxutmaq, məcbur eləmək olmaz. Qorxudaraq valideyn uşağı istismar edir, ona zülm verir. Uşağın bundan gizlənəcək, qaçacaq yeri yoxdu.

Kommunada uşağın qaçmağa yeri olacaq. Dayısının, xalasının, nənəsinin yanına gedəcək. Hə, bilirəm, hərdən ər-arvad bir-birini əzizləyir. Ancaq uşaq bunu görmür.

Uşaq yalnız üzdə zəhrimar görür. Ər-arvad dalaşanda bunu uşağın yanında, gözü qarşısında edir. Sevəndə, əzizləyəndə uşaqdan gizlənirlər. Söyüşmələr, təhqirlər uşaqların gözü önündə baş verir. Və bu balaca varlıq hələ həyatı yaşamağa başlamadan zədələnir. Onun üçün həyat bütün gözəlliyini itirir.

Ər qonaq otağında oturub qəzet oxuyur. Bu vaxt arvadı ona yaxınlaşıb bir şillə vurur.

– Nəyə görə? – Əri qəzəblənmiş halda soruşur.

– Ona görə ki, sən pis məşuqsan.

Bir müddət sonra ər televizora baxan arvadına yaxınlaşıb ona şapalaq ilişdirir.

– Nəyə görə? – qadın çığırır.

– Ona görə ki, fərqi bilirsən.

Və bu gicbəsərlik günlərlə uşaqların gözü qarşısında baş verir.

Həyat budu? İnsan bunun üçün yaşayır? Həyat bundan ibarətdi?

Uşaq ümidini itirməyə başlayır. Heç cür yaşaya bilmir.

Onun üçün hər şey artıq bitib. Uğursuzluğu görüb, da­dıb. Ata-anam müdrik və güclü deyilsə, həyatda heç bir uğur qazanmayıblarsa, bir yerdə bədbəxtdilərsə insan nə üçün yaşamalıdı? Heç nə üçün – uşağın həyat haqda qərarı belə olur.

Beləcə, uşaqlar dərs alırlar: bədbəxtlik, təcavüzkarlıq dərsi. Uşaqlar heç vaxt sevgi görmürlər. Kommunada bu­nun üçün daha çox imkan var. Sevgi ifadə olunmalıdı. Uşaq bilməlidi ki, sevgi var. Bilməlidi ki, adamlar bir-birini sevə bilir…

Daha mükəmməl dünyada qarşılıqlı anlaşma, sevgi hökm sürəcək. Uşaq biləcək ki, sevgi özüdü. Görəcək ki, sevinc – sevənlər arasında yaşanır. Müşahidə edə­cək, oxuyacaq. Sevginin var olduğunu bilmək bütün qa­pıların üzünə açılması deməkdi.

Sevgi çoxalmalıdı; zorakılıqdan imtina etmək lazımdı. Məhəbbət daha çox olmalıdı. Sevən başqalarından gizlənə bilməz. Sevən ürəkdən gülmək, oxumaq, bağırmaq istəyir. İstəyir ki, hər kəs onun sevdiyini bilsin. Hamı bilsin ki, kimsə kimisə sevir, kimsə kiminləsə sevişir…

Sevgi qiymətli bir hədiyyə olmalıdı. Sevgi ilahilikdi, müqəddəsdi.

Həyat cənnətə dönə bilər, indi və burda.

Bütün sədləri aşmaq gərəkdi. Ailə sədlərin ən böyüyüdü.

(Sufis: The People of the Path)

Niyə bütün dinlər kontrasepsiyaya qarşıdı?

Papa kontrasepsiya əleyhinədi. Buna məcburdu; çünki bütün dinlər kotraseptik vasitələrə qarşıdı. Onlar qorxur ki, davamçılarının sayı azalar. Bu siyasi oyun­du: kimin daha çox tərəfdarı var? Katoliklərin, pro­testantların, caynistlərin, yoxsa induistlərin, ya mü­səlmanların?

Siyasət ilk növbədə demokratiya adıyla rəqəmlərə mü­raciət edir. Hər vətəndaş bir seçicidi. Nə qədər çox uşaq doğulsa, bir o qədər tərəfdar artır. Kim çox səs toplasa, o da ölkəni, toplumu, dünyanı idarə edəcək. Ona görə də bütün dini başçılar, bütün dini təsisatlar, din təbliğatçıları kontraseptik vasitələrə qarşı müxtəlif çıxışlar edir.

Əslində isə, kontrasepsiya – bəşər tarixində ən böyük uğur və qazancdı. Bu, böyük inqilabdı. Heç bir inqilab, icad hamiləliyin qarşısını alan vasitələrlə tutuşdurula bilməz. Çünki yalnız onların sayəsində qadın kişiylə bərabər hüquqa sahib ola bilir. Kontrasepsiya sayəsində qadın iddialı və uğurlu ola bilir. Əks halda, sürəkli hamilə olacaq.

Fabrikdə işləyə bilməz, ofisdə işləyə bilməz, profes­sor ola bilməz. Ən yaxşı halda evdar xanım ola bilər. Amma bu da alınmır. Çünki bütün həyatını uşaq doğmaqla keçirir. Demək, başqa heç nəylə məşğul ola bilmir: rəssamlıqla, musiqiylə məşğul ola bilmir. Heç adicə rəqs də edə bilmir. Necə edəcək, əgər elə hey hamilədisə?

Keçmişdə qadın özü bir fabrik idi. Uşaq istehsal edən fabrik. On altı yaşından qadını külfət basırdı, ta o vaxta kimi ki, kişi artıq nəsil artırmaq bacarığını itirirdi. On uşaq doğmuş qadının başqa heç nəyə şansı qalmır.

Bu qadından qul kimi istifadə etməkdi, qadını qullanmaqdı.

Sürəkli hamilə olan qadın özünü həmişə pis hiss edir. Və kişidən asılı olur. Köməyə ehtiyacı olur.

Həm fiziki zəiflik, həm maddi asılılıq səni kişinin əla­ltısına çevirir. Maddi asılılıq dünyada mövcud olan ən dəhşətli hallardan biridi. Kim pul verirsə şərtləri də o qoyur. Deməli, ailədə bütün şərtləri kişi qoyacaq. Sənin bütün varlığın ondan asılı olacaq.

Əgər biz qadınla kişinin bərabər hüquqa sahib olduğu bir dünyada yaşamaq istəyiriksə, hamiləliyin qarşısını alan vasitələr mümkün qədər çox istifadə olunmalıdı.

Kontraseptik vasitələr seksin keyfiyyətini belə də­yi­şir. Seks əyləncə olur. Seks artıq ciddi məsələ deyil, çünki ötüb keçir. Ondan bir uşaq qalmır. Səni ömürlük bədbəxt eləmir. Seks bir həzdi, oynadın, daddın bitdi, vəssalam. Bunda pis heç nə yoxdu. Sən futbol oy­nayırsan – bunun nəyi pisdi? Sən voleybol oynayırsan – bunun nəyi pisdi? Seks – oyundu, iki bədənin oyunu.

Seks keçmişdə oyun deyildi. Hamiləliyin qarşısını alan vasitələrin meydana gəlməsiylə hər şey dəyişdi. Kon­trasept seksi ciddilikdən məhrum etdi. Din bundan qorxmaya bilməz, çünki hamiləliyin qarşısını alan vasitələr onların bütün sistemlərini alt-üst edir. Buna heç ateistlər əsrlər boyu nail ola bilməyib.

Hamiləliyin qarşısını alan vasitələr onilliklər ərzində bu uğuru əldə edə bildi. Kontrasept insanı keşişlərdən azad edib.

Kontrasept xeyir-duadı. Papa bununla heç vaxt barışmaq istəməz. Onun hakimiyyəti sual altında qalır çünki. Çünki artıq Papa deyil, bütün dinlərin liderləri də onun kimi. Şankaraçarilər, ayətullahlar və sairələr bu vasitələrə nifrət edir. Onların bütün biznesi təhlükə al­tına düşür.

Mən ikiəlli hamiləliyin qarşısını alan vasitələrin tə­­rəfdarıyam. Onlar geniş istifadə olunmalıdı. Va­li­deyn­­lər, məktəb hamiləliyin qarşısını alan va­si­tə­lər­dən istifadəni uşaqlara öyrətməlidi. Seks ciddiliyini iti­rib əyləncəyə dönsə qadın azadlığa çıxacaq.

Hamiləliyin qarşısını alan vasitələr olmadan qadın qul vəziyyətində qalacaq, əhalisinin yarısı əsarət altın­da olan bir dünyada yaşamaq xoş deyil.

Papa aborta qarşıdı. Guya bu günahdı. Bir tərəfdən onlar ruhun ölümsüz olduğunu deyirlər, digər tərəf­dən aborta qarşı çıxırlar.

Ruh ölməzdisə abortda qorxulu bir şey yoxdu. Sən yalnız bir dölü məhv edirsən. Ruh gedib özünə yeni cism tapacaq. Sən yalnız bu ruhun bu cismə düş­mə­si­nin qarşısını alırsan. Alimlər iddia edirlər ki, ən azı əlli min planet mövcuddu. Bu o deməkdi ki, başqa yerlərdə də həyat var. Hətta əlli mindən çox ola bilər. Pis insanların burdan köçürülməsi üçün bundan istifadə də etmək olar. Əgər planetdə əhali çoxalsa ruhu başqa yerlərə göndərmək olar. Ruh səndən soru­şur: “Xanım, gəlmək olar?” Deyirsən, “yox”. Abort bu­du.

Başqa imkanlar da var. “Yox” deyəcəksən, o da baş­qa qapını döyəcək. Sən heç üzülmə. Onlar istəyir ki, sən vicdan əzabı çəkəsən. Əgər ruhun ölməzliyinə inanırsansa, onda heç nəyi məhv eləmirsən. Əgər ölüm­lü olduğuna inanırsansa yenə heç nəyi məhv et­mir­sən. Çünki hələ ruh yoxdu, yalnız cism var. Hər iki halda bu ölümü öldürmək kimi bir şeydi. Sən heç kimi öldürmürsən.

Biz planetimizdə nə qədər adamın xoşbəxt yaşaya biləcəyini müəyyən etməliyik. Amma bunun ar­xa­­sında gizli strategiyası var: Papalar, dini liderlər, digər din xadimləri insanın sevinc içində yaşamasını istəmir. Səbəbi sadədi: İnsanlar sevincək, xoşbəxt ol­­salar dini kəsim kimə lazım olacaq? Xoşbəxt insan cənnət haqqında düşünmür. Göylərdə heç nə axtarmır. Onun hər şeyi yanındadı, özündədi. Həyatdan ləz­zət alır.

İnsan üzüntüylə dolu olanda dindarlara gərək duyur, dinə gərək duyur. Onlar sənə deyirlər: “Həyatına bax, başdan-başa bədbəxtlikdi. Yer həyatı əzablıdı. Başqa bir həyat var ki, əməlli-başlı xoşbəxt ola bilərsən orda. Bizə tabe ol, bizə inan, nə deyiriksə onu elə. Bu həyat cəhənnəmdi, boş yerə vaxtını bura sərf etmə. Başqa həyatı düşün, ilahi həyatı…”

Sən də özün bilmədən onların təsiri və əsarəti altına düşürsən.

Mənim mövqeyim yuxarıda göstərilənlərdən ta­ma­milə fərqlənir.

Mən yaşadığımız həyatın tərəfindəyəm. Hər şey burda da ilahi və gözəl ola bilər. Hansısa göylərə can at­maq lazım deyil. Biz özümüzə gözəl həyat qura bilərik.

(Philosophia Ultima)

Abort barədə nə düşünürsən?

Abort günah deyil; əhalisi çox olan dünyada hətta dəyərdi. Əgər abort günahdısa, onda Polşa Papası və Tereza ana öz şirkətilə buna görə məsuliyyət da­şı­malıydı. Çünki onlar hamiləliyin qarşısını alan va­si­tə­lərin əleyhinə çıxırdılar.

Hamiləliyin qarşısını alan həb­lərdən istifadə eləməyi yasaqlayırdılar. Bu adamlar bütün abortların səbəbkarlarıdı. Mən hesab edirəm ki, onlar cinayətkarlardı!

Hamiləliyin qarşısını alan dərmanlara qadağa qoymaq cinayətdi. Əhalinin çox hissəsi yarıac yaşayır!

Hamiləliyin qarşısını alan vasitələr müasir elmin bə­şəriyyətin inkişafına ən sanballı qatqılarından biridi, bu vasitələr dünyanı cənnətə çevirə bilər.

Burda cənnət qursaq Tereza ana və missioner xey­riy­yəçilər necə olacaq onda? Kim Papanın yanına cən­nət haqda mülahizələrə qulaq asmağa gedəcək? İnsan xoşbəxt olsa bu adamlar heç kimin yadına düş­məyəcək. Kim ölümdən sonrakı cənnət haqda fi­kirləşəcək? Əgər cənnət burda və indi artıq varsa, onun haqda xülyalar, xəyallar qurmaq, onu icad et­mək kimə lazımdı?

Cənnət haqda əfsanəni ona görə uydurublar ki, in­sana burda yaşatdıqları cəhənnəmi ört-basdır elə­sinlər.

Bu cəhənnəm dindarlara, qondarma din adamlarına, müqəddəslərə, Papalara, hər cür ayətullahlara, şan­karaçariyalara, siyasətçilərə və bir sürü bu cür hoq­qabazlara çox kömək edir. Onlar özlərinə karyera, biz­nes, idarəçilik sistemi, hakimiyyət qururlar.

Əgər abort günahdısa qoy başqa bir variant təklif elə­sinlər, başqa bir çıxış yolu düşünsünlər. Bu adamlar minlərlə uşağın yetim, kimsəsiz, avara, yazıq olma­sı­na səbəbkardı. Bütün bunlara öz mənfəəti üçün razı olan bu adamlara heyrət etməmək mümkün deyil!

Mən bizneslə məşğul olan iki qardaş haqda eşit­mi­şəm. Bir qardaş gecələr kənddəki bütün evlərə qatran ya­xıb qaçır, səhərisi o biri qardaş peyda olub bütün kənd­də qışqıra-qışqıra gəzib deyir: “Evləri qatrandan tə­mizləyirəm! Kimin pəncərəsini təmizləmək lazımdı? Evləri təmizləyirəm”.

Biri ləkələyir, o biri təmizləyib pul qazanır. Bu da sizə biznes.

Eyni şeylə dindarlar məşğul olur. Həblərə qarşı eti­raz edir, doğuşları artırır, hər yeri avara, yetim uşaqlarla doldurur. Bundan sonra da insanlar layiqli həyat qazanmaq üçün onlara xidmət edir, tapınır. Bu bədbəxtlik guyamış göylərə aparan pilləkəndi.

Mən yoxsulluğu yerli-dibli məhv etmək istərdim; mən yoxsul insanlara xidmət etmək istəmirəm. Yetər! On min il axmaqlar kasıblara xidmət edib və bu, heç nəyi dəyişməyib. Bizə yoxsulluq, bədbəxtlik lazım deyil.

Kiminsə bağışlanmağa ehtiyacı varsa, yalnız bu adam­lardı: acizlərin, fağırların Tereza anası və Roma papası. Bax bunların günahlarına görə bağışlanmağa ehtiyacı var. Bu cinayət ört-basdır edilir, onu açmaq üçün qeyri-adi zəkaya malik olmaq lazımdı.

(Zen): Zest, Zip, Zap and Zing

Dahi və daha gözəl, daha sağlam nəsil yetişdirmək üçün sınaq şüşələrində uşaq böyütmək lazımdı fikrini eşidəndə şoka düşdüm. Zarafat edirdin?

Yox. Mən çox az hallarda ciddi oluram, amma bunu deyəndə çox ciddiydim. Kor təbiətin, yabanı biologiyanın yaratdığı insan hələ öz həqiqi bacarığını üzə çıxara bilməyib.

Çarlz Darvin deyirdi ki, insan meymundan əmələ gəlib. O vaxtdan milyon il keçib – milyon il ərzində in­san bir şey yaratmayıb. Meymun çox ağıllı olub, ən azı insan yaranıb ondan. İnsan bir varlıq kimi nə yaradıb? İmpotent olaraq qalıb. İnsanlıq öz kopyasını yaratmağa davam edir. Bunu dayandırmaq lazımdı.

Mən bir əhvalat eşitmişəm. Bir idarədə köhnə sənədləri məhv eləməklə bağlı yuxarıdan əmr gəlir. Hər birinin surəti çıxarılmaqla otuz-əlli ildən qalma qovluqlar məhv olunmalıydı. Surəti çıxarılacaqsa əsli niyə məhv edilir? Nə mənası?

Şok keçirməyinin səbəbini anlayıram. İstənilən adam şoka düşərdi bunu eşidəndə. Uşağı necə anasından ayırmaq olar? Ona ana qayğısı, ana sevgisi, ana qu­cağı lazımdı… Axı anadan ötürülən başqa şeylər də var: deyinmə, nifrət, qısqanclıq, axmaqlıq. Bütün bunlar da uşağa ötürülür axı.

Çox misal çəkmək olar və məlumdu ki, bütün dünyada belə faktlar olduqca çoxdu. Gör kimlər bu cür mü­nasibətlərin nəticəsidi: Adolf Hitler. O da təbii yolla, ana bətnindən doğulub. Eyni sözlər İosif Stalinə də aiddi. Və bu cür – Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Mussolini, Mao Szedun, Nadir şah, Tamerlan, Çingizxan; bəşər tarixi bu divlərlə doludu. Onları da sevişmədən hamilə qalan qadın doğub.

Mən artıq kor biologiyaya güvənmirəm. İnsan şüu­runa daha etibar edirəm. Sınaq şüşəsində insan ye­tişdirmək daha yaxşıdı: Onda bizim seçmək imkanı­mız var, yaxşı kişi toxumasından, ən yaxşı qadının to­xu­ma hüceyrəsindən sağlam, normal insanlar yarada bi­lərik. Narahatlığa əsas yoxdu, hamısı anonim olacaq. Üstəlik, orada hər birinin öz bankı olacaq – qan bank­­ları, yumurtahüceyrə sperma bankları olacaq; ən yaxşı mənbə və yaxşı yumurtahüceyrə tapılacaq və kli­niki üsulla sınaq şüşəsində birləşdiriləcək.

Uşaqlar bizim eybəcər keyfiyyətlərimizin varisinə çevrilməyəcəklər. Onlar günahsız insanlar olacaqlar. Biz sağlam yumurta və sperma seçə bilərik ki, uşaq sağ­lam və daha qabiliyyətli olsun.

İntim görüşdə hər kişidən milyonlarla canlı hü­cey­rələr ayrılır. Amma onlardan yalnız biri qadının yumurtahüceyrələrinə gedib çatır. Onlar hamısı tə­lə­sir, bu, çox sürətli bir tələskənlikdi. Milyonlarla çox ki­çik ölçülü canlının qaçışını düşün. Onlar olduqca ki­çikdilər. Gözlə görmək mümkünsüzdü. Onların arasında dəhşətli bir yarış gedir. Bu böyük yarışı dünyanın heç bir yarışıyla müqayisə etmək olmaz. Bu yarışda ancaq biri qələbə çalır. Ölçülərini nəzərə alsaq, belə bir tutuşdurma aparmaq olar.

Toxuma hüceyrə yumurtahüceyrəyə çatmaq üçün iki kilometr yol qət eləməlidi. Onlar həyat uğrunda bir müddət amansızcasına vuruşurlar. Üçüncü dünya savaşının astanasındadılar. Cəmi iki saat vaxtları var, vəssalam. Yalnız bir sperma yumurtahüceyrəyə yapışa bilər. Çox nadir hal­larda iki və daha artıq kişi hüceyrəsi eyni zamanda dü­şür. Bu halda əkizlər yaranır.

Hindistanın böyük şairlərindən biri Rabindranat Taqor ailədə on üçüncü uşaq olub. Qalan on ikisi səfeh çıxıb. Heç birinin it dəftərində də adı yoxdu. Bu mənə uzun, qaranlıq dəhlizi xatırladır. Əgər Rabindranatın atası on ikinci uşaqda dayansaydı biz dünyanın ən gözəl, ən böyük adamlarından birini itirərdik. Böyük bir şairi, böyük bir sənətkarı, sadəcə, böyük bir insanı iti­rərdik…

Əvvəlki on iki uşaqdan qurtulmaq lazım idi. Biz axı bilmirik Rabindranat yaxşı bir qadının yarım­hü­cey­rəsindən yaransaydı daha hansı potensiala sahib ola­caqdı. Heç kim bilmir.

Biz insan potensialını bilmirik. Ona şans vermək la­zımdı. Mən ancaq bunu deyirəm – ona şans verək. İlk baxışdan bütün bunlar insanlıqdan uzaq görünür. Bütün yeniliklər insanlıqdan uzaq görünüb həmişə.

Bilirsən ki, ilk qatar yaxınlıqdakı cəmi səkkiz kilometrlik yolu olan stansiyaya yola düşəndə heç kim pulsuz belə ona minmək istəməyib? Kimsə vaqona girməyə ürək eləməyib. Çünki həmin gün kilsədə keşiş deyib ki, qatarı Allah yaratmayıb. Bu, qeyri-təbiidi, təh­lükəlidi, bu insanlıqdan uzaqdı. Qatara minməyin!

Necə bilirsən, necə olmalıydı, insanlar minməli deyildilər qatara? Avtomobillər, qatarlar, uçaqlar olmamalıydı? Raketlər Aya uçmamalıydı?

Bizə ulduzlara çatmaq lazımdı. Bizə daha möhkəm bə­dənlər, daha ağıllı adamlar lazımdı, bizə bütün bu qədim pisliyə bulaşmayanlar lazımdı. Bu, yalnız o halda mümkün olacaq ki, tibb insanın dünyaya gəlişini ida­rə edə biləcək.

Mən bunu dəstəkləyirəm.

(The Last Testament)

Sənin sınaq şüşəsində insan yetişdirmək kimi gen mü­­həndisliyi haqda düşüncələrindən ürpənirəm. Bunun texnoloji tərəfini kənara qoyaq. Kim zəmanət ve­rəcək ki, belə bir önəmli prosesi həqiqi uzmanlar həyata keçirəcək, bizim yaratmaq istədiyimiz cə­sa­rət­li dünyanı Oruellin “1984”-ünə çevirmək istəyən si­yasətçilər bu işi ələ keçirməyəcək?

Kim bu gün texnologiyaya nəzarət edir? Kim nüvə silahına nəzarət edir? Kim elmi nailiyyətlərə nə­za­rət edir? Sən buna qarşı öz səsini qaldırmısan? Fi­kir­ləşmi­sən ki, bütün həyat bu gün bu dəlilərin, sər­səm­lərin, bu axmaq politikanın əlinin altındadı?

Həmişə də belə olub. İstənilən yeniliyin hökumətin əlin­də olduğunu düşün. Niyə təkcə gen mühəndisliyi ba­rədə soruşursan? Məgər səni qorxutmur ki, si­ya­sət­çilərin əlində planetin hər bir sakinini yeddi yüz dəfə öldürə biləcək kütləvi qırğın silahları var? İnsanı iki dəfə öldürmək lazım deyil. Elə bircə dəfədən ölür. Sən Tanrının bircəcik oğlu deyilsən. Üstəlik səni dirildəcək məsih də yoxdu. Ölsən səni həyata qaytaran olmayacaq. Bundan niyə narahat deyilsən?

Səni başa düşürəm. Əlbəttə, gen mühəndisliyi siya­sət­çilərin əlinə düşsə, idrak, sevgi, gözəllik, zəriflik da­şıyıcısı olan kamil insan yaratmaq ideyası puç olacaq. Onlar polad robotlar istehsal edib savaşlar üçün öl­dürən əsgərlər yaradacaqlar. Bunu bilirəm. Ona görə də təklif edirəm ki, dünyada millət anlayışı olmasın.

Dünya yalnız bir hökumət tərəfindən idarə olun­­sun. Bütün sərhədləri aradan götürmək lazımdı, bü­tün pasportları, yaşıl kartları yandırmaq lazımdı. İs­tənilən ölkəyə girmək üçün, sadəcə, insan olmaq ki­fa­yət etməlidi.

Mənim indiyə qədər dediyim bütün kontekstləri yad­da saxlamaq lazımdı. Yoxsa məni düzgün başa düş­məzsən. Mən istəyirəm ki, dünya birləşsin. Savaş və əsgər olmasın. Mən istəyirəm, dünyada bir höku­mət olsun. Prezident hakimiyyətdə yalnız altı ay qalsın ki, zərər verməyə imkanı tapmasın. Mən istəyirəm ki, bir nəfər yalnız bir dəfə seçilsin.

Bu halda gen mühəndisliyi, uşaq yaradan elmi laboratoriyalarda, alimlərin əlində cəmləşəcək. İnsanların dinə inamı iflasa uğradı. İnsanlar siyasətə inandılar, o da özünü doğrultmadı. İndi biz elmə müraciət et­məliyik. Bu üç yüz ildə elm daha çox inkişaf edib, nəinki insan özünün bütün tarixi mövcudluğu boyu.

Təklif edirəm ki, yalnız bir elmlər akademiyası olsun. Rus alimi, Amerika alimi, induist, xristian alimləri keç­mişdə qalsın. Bütün dahilər bir yerdə, eyni akademiyada işləsin. Əvvəllər atılan bütün cəhdlər uğursuzluqla sonuclandı. Elmə şans vermək lazımdı. Heç bir ziyanı yoxdu. Ən pis halda, elm də uduza bilər, amma belə olacağını düşünmürəm.

Bizə yeni insan yaratmaq lazımdı. Sevən, meditativ, səssiz, hay-həşirsiz yepyeni insan. Ondan əsl alim çıxacaq.

Mənim yeni insan haqqında dəqiq təsəvvürüm var. Bu insan dinsiz, milliyyətsiz, hökumətsiz olacaq; yalnız bir idarə sistemi və güclü dünya elmlər akademiyası olacaq. Dünya inkişafının başında elm dayanacaq.

Qorxma. Alimlər – o divlərdən deyil, alimlər insan­dı­lar. Meditasiya geniş yayılsa, sannyasinlərin sayı artsa, hamıdan qabaq alimlər insanın daxilini araşdıra­caq. Onlara bu lazımdı. Yoxsa onların yaşamlarında ta­razlıq olmaz. Onlar yalnız xarici axtarışla məşğul olub­lar. Tarazlığın qorunması və insanın iç dünyasına vara bilmək üçün bir neçə üsuldan istifadə etmək lazımdı. Meditativ alim azğınlar, divlər yarada bilməz.

Elm insan üçün xeyir-dua kimidi. Dünya bir vahidə çev­rilsə xeyir-dua, aydınlanma ola bilər.

(False to the Truth From the)

Yaradıcılıq

Mən qadınam və yaradıcı ruh içimi yandırır. Bi­li­rəm ki, qadın dünyaya daha öncə heç görünməmiş bir sənət, bir qavram, bir anlayış, yumşaqlıq təklif edə bilər. Yaradıcı potensialımın tamamilə başqa bir qay­nağı olduğunu hiss edirəm. Ola bilər bu, sənətin sev­gidən yaranmasıyla bağlıdı.

Yaradıcılığın kişisi-qadını olmaz. Əgər özündə yaradıcılıq həvəsi hiss edirsənsə, yarat. Ancaq elə bilmə ki, kişinin çata bilmədiyi zirvələri dərhal fəth edəcəksən.

Niyə həmişə qadın-kişi arasında demarkasiya xətti aparılır? Məsələ bundadı ki, hər bir qadının kişi başlanğıcı var. Hər kişinin də qadın başlanğıcı. Belə də olmalıdı. Kişi və ya qadın fərqi yoxdu, hər kəs yarada bilər. Bu proses yarı-yarıyadı. Səndə həm ata, həm də ana yaşayır. Medalın bir üzü qadın, bir üzü kişidi.

İncəsənət o vaxt udur ki, medalın bir üzündə qadınlar, bir üzündə kişilər olur. Sən yaradıcılıq haqda heç nə bilmirsən. Sadəcə, deyirsən ki, sevgidən yaranır. Ona görə də özünü rəssamlıqda, rəqsdə, heykəltəraşlıqda axtarmaq istəyirsən.

Ancaq sevginin hər şeyi udmasıyla bağlı yüz faizlik eh­timal var. Sevgi elə bir hissdi ki, başqa heç bir marağa yer saxlamır. Vaxtını rəsm çəkməyə xərcləmək istəmirsən. Hətta sevəndə heç kim poeziyayla maraqlan­mır. Poeziya qatara gecikənlərə lazım olur. Sevgini dərk ediblər, amma hər şey geridə qalıb. İndi poeziyada axtarırlar onu. Bununla təskinlik tapırlar. Əlbəttə, sevgidə də bir neçə sənət növü gizlənir. Bir kişini sevdiyin zaman mətbəxdə ixtiraçıya çevrilə bilər­sən.

Sevdiyin zaman kişiyə dadlı yeməklər bişirmək istə­yəcəksən. İstəyəcəksən yeməkdən ləzzət alsın. İstə­yəcəksən əyin-başı təmiz olsun, səliqədə olsun. Mə­nim geyimimə bax! Bu yaradıcılığa olan sevgidi. Se­vən qadının rəqsə yazılmaq, poeziya, rəssamlıqla maraqlanmaq ehtimalı çox azdı. Kişi yaradıcılığı əslində natamamlıq kompleksinin təzahürüdü. Axı kişi bu qədər sevməyi bacarmır, qadın kimi dünyaya uşaq gətirə bilmir.

Bu qadınla mübarizədə onun kompensasiyasıdı. Başlayır mənzərə yaratmağa, heykəl dü­zəltməyə, memarlıq edir, landşaftla uğraşır. Nəsə ya­ratdığını hiss etmək istəyir. Bunun səbəbi onun yarımçıqlıq duyğusudu. Həyat yaratmaq kimi böyük bacarığı olmadığı üçün başqa şeylər yaradır. Heykəl düzəldir – ölü heykəl, nə qədər gözəl olsa da cansızdı bu. Kişi kiməsə can verə bilmir.

Qadın yaradıcılıqdan danışanda tonundan kişilərə qarşı çıxmaq istəyi yağır. Sanki kişinin acığına nəsə elə­mək istəyir. Qadının kişiyə qarşı olması anormal haldı. Qadın kişiyə qarşı olanda özü kişiyə çevrilir. Psi­xoloji cəhətdən yararsızlaşır. Çünki kişi nəsə yarada bilər, musiqi, şeir yaza bilər. Bu rəsm, şeir, musiqi – doğa bilmədiyi üçün ona içində olan enerjini nəyəsə yö­nəltməyə kömək edir.

Kişiylə yarışmağa başlasan səni uğursuzluq göz­lə­yir. Kişilərlə rəqabət aparmaq mənasızdı, onsuz da onları ötüb keçirsən. Bunun üçün poeziyayla məşğul ol­maq lazım deyil, sənin poeziyan var. Sənin sevgin sə­nin musiqindi. Ürəyinin döyüntüsü rəqsdi. Poeziya, musiqi, rəqs yaratmaq istəsən, özünü sevgidən məh­rum etməli olacaqsan. Yaradıcılığı kompensasiya kimi ax­tarmaq iyrəncdi. Mən bunu dəstəkləyə bilmərəm. Qa­dın güclüdü, bunu sübut etməyə ehtiyac yoxdu…

Yox əgər hiss edirsən ki, uşaq istəmirsən, musiqi bəstələməyin gəlir, bunda da pis heç nə görmürəm.

Əslində, yaradıcılıqla uğraşman yaxşı olardı, çünki dün­ya əhalisinin sayı onsuz da hədsiz çoxalıb. Uşaq doğmasan böyük xidmət göstərmiş olarsan. Enerjini ya­radıcılığa verə bilərsən. Boyakarlığı yedizdirmək lazım gəlmir; heç rəqsi də. Nə qədər istəyirsən rəqs elə, oyna, şeir yaz. Bununla Efiopiya yaranmayacaq (Efiopiya Federak Demokratik Respublikası – Afrikada dövlət. Orda 82 dildə danışan xalqlar və tayfalar yaşayır) narahat olma. Kiçik bir problem var: bəzi insanları dinlədikdə ölümünə darıxa bilərsən. Bu da həll olunası məsələdi. Onlar sənsiz də keçinərlər.

Uşaq doğmağa həvəsin yoxdusa tamamilə normaldı. Başqa bir şey yaratmaq lazımdı. Məşğul ol, ancaq elə bilmə ki, kişilərin yaratdığından üstün nəsə yaradacaqsan. Kişi film çəkmək üçün bütün səylərini ortaya qoyur. İçindəki boşluğu doldurmaq üçün bu ona la­zımdı. Sənin belə bir qıtlığın yoxdu. Kişiylə yarışa girmə.

Çünki kişi sənin uşağınla yarışır! İstəyir lap Pi­kasso olsun, yenə də ümidsizlik içindədi. Həmişə özünü ala-yarımçıq hiss edir. Həmişə nəsə axtarır. İçində heç nə yarada bilmir. Nə yaradırsa çöldə yaradır və bu yaratdığı heç bir halda canlı olmur. Bütün həyatını yaratmağa sərf edir, ortaya yalnız cansız əsər çıxır. Tamam, əsər olduğunu qəbul edirik, əsərdi, ancaq ölü əsərdi. Sənsə dünyanın ən böyük canlı, diri əsərini yarada bilirsən.

Heç bir poeziya canlı ola bil­məz. Yadında saxla: qadın yaradıcılıqla məşğul ola bilər, amma onun əsərləri çox güman ki, üçüncü sort ola­caq. İstənilən halda qadının yaradıcılıqla əlləşməsi dün­ya üçün pis deyil. Əhali artımının qarşısını almaq gə­rəkdi. Bugünkü əhalinin dörddəbiri qədər olmalıdı əhali sayı. Ona görə də gələcək dünyaya misilsiz xid­mətini göstər. Xeyir-dua, işıq, yüksəliş və azadlıq tap­mış olarsan.

Böyük bir sevgi əsasında nəsə yaratmaq ideyasını rədd elə o yana. Əgər nəsə yaratmaq istəyirsənsə sev­gi haqda gərək düşünməyəsən. Sevgi elə bir yaradı­cı­lıq­dı ki, başqa heç nəyi yaxına buraxmır. Elə bir harmoniya, bütövlük, tam məmnunluq hissidi ki, şeir-zad yada düşmür. Elə bir möcüzədi ki, şeir yazmağa gərək duymursan.

Şeir bunun əksi baş verəndə yazılır.

Mən heç sevən bir insanın şeir yazdığını, rəsm çək­­diyini, ya da heykəl düzəltdiyini görməmişəm. Se­vən­də insan tamamlanır, özünü nədəsə başqa şeydə ifadə eləmək istəyi yaranmır. Ancaq yaralı insan yaratmaq istəyir.

Sənin yaratmaq ideyanla çox razıyam. Özündə yaradıcılıq meyli hiss etmən çox yaxşıdı, amma kişidə olan natamamlıq kompleksinin səndə olmadığını unut­ma. Bunu heç bir halda onunla rəqabət aparmaq üçün eləmə. Sənin durumun qat-qat yaxşıdı. Kişi bəd­bəxt­di, ona yazığın gəlsin.

(From Death to Deathlessness)

Dünən deyirdin, qadın uşaq doğur, kişi isə sənət əsəri və digər maddi dəyərlər yaradır. Qadının uşaq doğ­maq yox, sənətkar olmaq arzusu nevrozdu?

Mən heç vaxt uşaq doğmaq istəməmişəm. Rəqs, mu­siqi, poeziya, teatr və rəssamlıqla maraqlanmışam. Bunu şərh edə bilərsən?

Bunda qeyri-təbii heç nə yoxdu. Uşaq istəmirsənsə buna haqqın çatır. Yaradıcılıqla məşğul olmaq istə­yir­sən­sə, lap yaxşı. Mütləq uşaq doğmalısan deyə bir qanun yoxdu. Üstəlik, heç özün də bilmirsən doğduğun uşaq necə olacaq.

Rəsmin heç kimə zərəri yoxdu. Musiqi gözəldi, rəqs də pis deyil. Onlarda qeyri-təbii heç nə yoxdu. Kişilər hə­mişə qadının əsas işinin uşaq dünyaya gətirmək ol­du­ğunu bəyan ediblər. Bununla da qadını əsarətdə sax­­layıblar. Sürəkli uşaq doğan qadın nə vaxt rəsm çə­kəcək? Nə vaxt pyes yazacaq?

Kişi qadını dünyaya uşaq gətirməyə məcbur edir. Yüz il əvvəl bütün qadınlar bir ucdan elə doğurdular. Nə vaxt baxsan qadını hamilə görərdin. Hər dəfə də hə­yatının doqquz ayı və sonra uşağa qulluq dönəmi qa­dının bütün vaxtını alırdı. Altı ay keçməmiş qadın yenə hamiləydi. Doğuşu siqareti siqaretə calamağa dön­dərmişdilər.

Dəfələrlə soruşublar: “Niyə uşaq istəmirsən?” “Mən?” Ondansa intihar edərəm. Otağımda bir uşaq? Bu mümkün deyil. Biz heç vaxt bir yerdə yaşaya bil­mə­rik. Mən ya özümü, ya onu öldürərəm. Buna görə də heç vaxt evlənməmişəm. Kim bilir, bəlkə evləndiyim qa­dın uşaq arzuladı? Onda necə olacaq? Problemlər ya­ranacaq.

Problem onun haqda düşünməyənə qədər mövcud olmur. Elə ki, problem olduğunu düşündün, həmən ya­ranacaq. Heç kimə qulaq asma. Musiqi, şeir yazmaq, şəkil çəkmək, rəqs eləmək istəyirsən, et. Bu sənə həd­siz sevinc gətirəcək. Və bu da elə doğduğun uşaqlar olacaq. Çox adama sevinc gətirəcək uşaqlar…

Sən doğrudan da uşaq üçün sekslə məşğul olmağı gü­nah sayırsan? Bir tərəfdən deyirsən ki, ana olmaq böyük sevincdi. Digər tərəfdən uşaq dünyaya gətirmək üçün sekslə məşğul olmağın günah olduğunu deyirsən. İnsanın doğuluşu ilahi, sevincli bir prosesdisə necə günah ola bilər?

Bəli, bu günə qədər uşağın anadan olması qadının bö­yük yaradıcılığı, böyük qazancı olub. Ötənlərdə dün­ya əhalisinin sayı bu qədər deyildi. Uşaqlar doğulub, qadın missiyasını yerinə yetirib. Bu gün enerjisini başqa işlərə verməlidi. Yalnız bu halda kişiylə bərabər hü­quqa sahib ola bilər. Keçmişdə qadın uşaq istehsal edən fabrik idi. Çoxuşaqlı ailə iqtisadi cəhətdən sərfəli idi, uşaqlar biznesdə ailəyə kömək edirdilər. Keçmişdə uşaqlar yük deyildi.

Yoxsul ölkələrdə indiyədək düşünürlər ki, uşaq çox olduqca ailənin iqtisadi gücü artır. Keçmişdə doğru­dan da beləydi. Məhəmmədin doqquz arvadı olub; dörd arvad almağı müsəlmanlara icazə verməklə mə­sələni bir az da şişirdib. O zaman müsəlmanlar və digər dinə etiqad edənlər arasında daim savaş olur­du.

Xalqın sayından kimin hakimiyyətə gələcəyi asılıydı. Ona görə də həm iqtisadi cəhətdən, həm də si­yasi baxımdan bu vacib idi. Kişilər daha çox arvad alıb daha çox uşaq doğuzdururdular. Savaşlar zamanı hara getsələr başqalarının qadınlarını, arvadlarını oğur­layırdılar, əsir alırdılar. Kişiləri əsir götürmək lazım deyildi. Qadını oğurlamaq əl verirdi. Kişi reproduktiv deyil; nə qədər çox qadın olsa, bir o qədər çox uşaq olacaq.

Bu gün uşaq doğmaq təhlükəlidi. Əhali artımı mak­­simumu keçir.

Bu gün uşaq doğmaq özünü məhv etmək deməkdi.

Bugünün qadını yaradıcılıqla, elmlə məşğul olma­lı­dı. Keçmişdə qadın böyük poeziya, böyük sənət ya­­rada bilməzdi. Uşaqlar onun əl-ayağını bağlayırdı. Həmişə hamilə olurdu, canı ağrıyırdı, yorğun və xəs­tə­hal gəzirdi.

Hamiləliyə qarşı vasitələr qadını bu əzabdan qurtardı.

Qadın enerjisini azadlığa buraxmaq lazımdı. Bu gün o da Zərdüşt, Budda, İsa, Krişna ola bilər. O da Motsart, Da Vinçi, Mikelancelo, Şekspir, Kalidasa, Dost­oyevski, Çexov, Qorki, Tolstoy ola bilər.

Mən bilirəm ki, qadın doğmaqdan azad olunsa dahi buddalar yarada bilər. Nədən? Çünki qadının ya­radıcı enerjisi kişinin enerjisindən qat-qat artıqdı.

Heyvanlar doğuşun öhdəsindən çox yaxşı gəlirlər.

Bunun üçün onlara sevgi, duyğular, zövq, medita­si­ya lazım olmur. Biologiya, təbiət ondan ancaq çoxalma üçün istifadə edir. Bu üzdən hər kəs özünü günahkar hiss edir. Keşiş olmasa belə hər kəsin içində bir günahkarlıq hissi oyanır. Çünki din seksin günah olduğunu insanın beyninə yeridib. Çünki insanlar ekspluatasiya olunub. İnsanın sekslə bağlı şüuraltında günah anlayışı var. İnsanda qəribə bir duyğu yaranır.

Kiməsə seksual meyl hiss edəndə ona elə gəlir ki, qarşısındakı insana hiss etdiyi xüsusi bir duyğu deyil bu. Hormonlardı. Guya hormonlar onu idarə edir, hormonları da kimsə idarə edir. Əslində, səndə kiməsə qarşı duyğular oyanır, həmin an o adamı istəyirsən, arzulayırsan, sevirsən. Dinlər seksual istəyi elə gözdən salıblar ki, günahkar olmamaq üçün bundan qaçmağa çalışırsan.

Qaça bilməyəndə özünə bəraət qazandırmağa çalışırsan. Hormonlar öz işini gördü deyə.

Guya sənin bədənində elə bir şey var ki, sənə tabe deyil. Başqası – kimsə tərəfindən kənardan idarə olunur. İdarə olunduğunu hiss edən insan qula çevrilir. Sənə “qulsan” deyirlər.

Qul olan insanın içində həmişə günahkarlıq hissi olur. Həmişə nəyisə düz eləmədiyini düşünür. Günah duyğusu olan insanı istədiyin şəkildə yönəldə bilərsən. O, günahkar olmamaq üçün sənin hər dediyini eləməyə hazır olur. Seks heyvani akt kimi təqdim olu­nur. Seksual duyğular heyvani duyğular kimi təqdim olunur. Mən buna görə seksin günah olduğunu deyirəm.

Mən bu seksin günah olduğunu deyirəm. Heyvani hiss sayılan seksin.

Mənim dediyimdə heç bir mənəvi səbəb yoxdu. Ço­xalma məqsədilə gerçəkləşdirilən seksi günah sayıram. Yerin daha artıq insana ehtiyacı yoxdu. Əgər biz ağlımızı tamam itirərək dünyanı cəhənnəmə dön­dər­mək istəyiriksə, onda gərək bir an belə dayanmadan doğub törəyək. Onda get, Roma Papasını, Tereza ananı dinlə.

Onlar nə deyir, onu elə. Kontrasepsiyaya, təmizliyə qarşı çıxan bu səfehləri dinlə və bir ucdan doğ.

Aborta qarşı çıxır bu adamlar, bu tamamilə mə­nə­viy­yatsızlıqdı.

Ağzımda deyirəm, dünyada əhali artımı insanlığı məhvə aparıb çıxarır.

Deyirəm abortdan, hamiləliyə qarşı olan dər­man­lar­dan istifadə elə ki, səni külfət basmasın. Bir ucdan fab­rik kimi insan istehsal etməyəsən. İşlə, yaradıcılıqla məşğul olmağa vaxtın qalsın. Sağlam, gümrah hiss edə­cəksən özünü.

Əksini seçirsən seç, o Mahatma Qandi, o molla, ayə­tulla, Roma Papası, o da sən.

Adlarını çəkdiyim adamlar seksi günah sayırlar. Guya seks ancaq o halda günah deyil ki, ondan çoxalma vasitəsi kimi istifadə edilsin.

Məzmun etibarilə bu adamlar səni heyvan kimi ya­şamağa çağırırlar. Çünki ancaq heyvanlar seksdən ço­xal­ma üçün istifadə edir. Mənim üçün seks reproduktiv məqsədlə olanda günah sayılır. Heyvanlar kimi cütləşib nəsil artıranda şüursuz bioloji akta çevrilir.

Sekslə məşğul olmaq kiminləsə enerjini bölüşməkdi, sevincdi. Bu birliyin, birləşmənin bir formasıdı. Enerji enerjiylə, ürək ürəklə birləşir. Sekslə məşğul olmaq – bir-birində ərimək, bir-birinə qarışmaqdı. Başqa məqsəd-filan axtarmağa gərək yoxdu.

Bu proses zamanı “uşaq düzəltmək” fikri səni tə­qib etsə seks biznesə çevrilir. Seksə məqsədli yanaş­ma, seksə əyləncə, rahatlıq, sevinc kimi yanaş. Sən təbiət­dən, bioloji ekspluatasiyadan tamamilə havayı, təmənnasız istifadə edirsən. Heyvanların səviy­yə­sin­dən daha yüksəyə – insanlıq zirvəsinə qalxırsan.

İnsan seksi heyvani hiss ola bilməz. İnsan seksi –se­viş­mədi, sevgililikdi.

Mənə görə, seks yalnız heç bir məqsəd güdül­mə­yən­də gözəldi. Birləşmək üçün qadınla kişiyə duyğular bəs edəndə gözəldi. Onda sən ruhən ucalırsan. Və təkrar edirəm, seks yaradıcılıqdı, quruculuqdu. Qa­dın keçmiş yüklərdən azad olanda bunu yaşayacaq, hiss edəcək. Gəbəlikdən qurtulan kimi qadının həyatı dəyişəcək. Uşaq doğa bilər, gözəl musiqi bəstələyə bilməz? Kişi qadının yaradıcı enerjisini boğub həmişə.

Qadının yaradıcı enerjisi kişidən artıqdı. Bütün kişilər bunu bilir. Kişi qadının yaradıcı potensialından çəkinir. Təbiətin qadına nə qədər böyük istedad bəxş etdiyini bilir. Mən sənin yaradıcılıq arzunu tam dəstəkləyirəm, amma unutma, törətməklə yarat­maq ayrı-ayrı anlayışlardı. Bilərək, şüurlu şəkildə yara­dırsan. Bilmədən, şüursuz şəkildə törədirsən.

Bunlar sinonimlər deyil. Yaradıcılıq – bu şüurlu prosesdi, törətmək – şüursuz prosesdi. Yaradıcılıq meditasiyadı. Kişi ev heyvanı kimi istifadə edib qadından. Uşaqlarının tərbiyəsi üçün istifadə edib. Qadın onun fermasına damazlıq edib.

Nikah münasibətləri fermer təsərrüfatına oxşayır: Arvad – ərazidi, ər – fermer; Arvadın yeganə vəzifəsi yaxşı məhsul yetişdirməkdi.

Kişi qadın beyninə yeridir: sən möhtəşəmsən, çünki dünyaya uşaq gətirirsən. Həmişə demişəm, inanma bu yalaqlığa. Bu sənin başını piyləmək üçün işlədilən fənddi. Səni istismar eləmək üçün düşünülmüş yalandı. Bioloji köləlikdən azad olmanın vaxtı çoxdan çatıb.

(Philosophia Ultima)

Qadına gözəl imkan yaranıb. Kişi uşaq doğa bildiyinçün səni həmişə böyük həvəslə tərifləyə bilər. Bəs özün? Bir dünyaya bax. İnsanlığa fikir ver. Gör kimləri doğmusan. Başını qaldırıb, burnundan o yanı gör, dünyanı bürüyən bu səfehlər sənin bəh-bəhlə təriflənən doğmaq bacarığının nəticəsidi. Sənin yaradıcılığının bəhrəsidi.

Bunu bütün heyvanlar bacarır. Səni şirnikləndirib aldadıblar: “Qadın müqəddəsdi, çünki insan yetişdirir. Ulu Tanrı qadına yaratmaq bacarığı verib-zad”. Sən də key kimi deyilənlərə inanıb bir ucdan doğursan. Kasıb ölkələrdə indiyə kimi qadınlar on iki uşaq dünyaya gətirir. Qadın heyvan kimi dur­madan doğub-törəyir.

Elm sənə bu bioloji bataqlıqdan çıxmaq şansı verir, sənin böyük azadlığa qovuşmaq şansın var. Seksə rep­roduktiv üsul kimi yox, şənlik kimi yanaşmaq imkanın var.

Dünyanı gözəlləşdirmək üçün min cür yol var. Evinin bağçasını sahmana sal, landşaft kompozisiyası dü­zəlt. Gül ək, ağaclara qulluq elə. Bitkiləri qovuşdur, calaq elə yeni gül növü yetişdir. Onların ətrindən zövq al. Kişiylə yarışmağı ağlına belə gətirmə. Öz-özünlə mutlu olmağa çalış. Təbiətə, sənətə, elmə yaxın olsan kişiyə nəyisə sübut etməyə gərək qalmayacaq. İşinlə, maraqlarınla, quruculuğunla artıq bunu sübut etmiş olacaqsan. Xüsusi çabaya ehtiyac yoxdu. Yaşa!

Qadın Azadlıq hərəkatı yalnız kişilərə qarşı nifrət yaradır, bu uğurlu nəticə verə bilməz. Bir-birinə nifrət edən adamlar eyni dünyanı paylaşa bilməzlər, savaşları dayandıra, yaşadıqları məkanı cənnətə çevirə bilməzlər.

Qadının elə bir çevik, qıvraq bədəni var ki, o çox gö­zəl rəqs edə bilər. Kişi bədəni balta kimidi. Bu onun gü­nahı deyil, təbiət verməyib.

Qadının yüksək təxəyyülü olsa da evdarlıqla məh­dud­laşıb. Milyonlarca il qadının həyatı, dünyası evdən ibarət olub. Uşaq böyütməkdən başqa bu varlığın bir görəvi olmayıb. Mən sənin bu potensialının evinin divarları arasında qalmasına ehtiyac görmürəm.

Açıqlığa çıx, səmaya yaxınlaş. Ulduzlar, hava, dünya təkcə kişilərə yox, sənə də məxsusdu. Günəşin do­ğuşu, qürubu onların mülkiyyəti deyil. Qanadlan, əl-qolunu aç, arzular, xəyallar qur, dünya görüşünü artır, balaca bir məkanı dünya bilmə, dünya genişdi, ge­nişləndir öz dünyanı. Uşaqla bağlı: “O, həkim olmalıdı, mühəndis olmalıdı, filankəslə evlənməlidi, filan işi görməlidi” kimi fikirləri kənara at.

Qadın olmaq yalnız uşaqlı olmaq və bütün dü­şün­cə­ni, ömrünü buna həsr eləmək deyil. Səni aldadıblar!

Reallığa ayıq gözlə bax. Sənin özünə aid heç nəyin yoxdu. Sənə elə gəlir ki, uşaqdan, ərdən kənarda heç kimsən.

Amma uşaq da səndən kənarda insandı, ərin də, hamı səndən kənarda bir həyat sahibidi. Sən isə…

Xəbərin olsun, kişi səndən əməlli-başlı istifadə edib. Evdə sən onun uşaqlarını böyüdən bir dayəsən. Sən­dən aralıda onun möhtəşəm bir həyatı, işi, gücü dost­ları, əyləncəsi, sevinci var. Bu tərəfdə də uşağını bö­yüdən qulluqçusu var. Nəyi pisdi? Özü üçün yaşayır, kef edir.

Səni o qədər inandırıblar ki, kişidən kənarda heç kim­sən, doğulandan səni bu fikirlə böyüdüblər və ona görə də ağlın kəsəndən ərə gedib uşaq doğmaq haqda dü­şünürsən.

Boş ver, rədd elə, özünü düşün. Qur, yarat, sev, sevil, dostluq elə. İnsan olduğunu anla nəhayət!

Lazım olsa valideyninə qarşı çıx, lazım olsa bütün cə­­miyyətə qarşı çıx. Amma uşaq doğan fermaya, ev yığışdıran qulluqçuya, yemək bişirən aşpaza çevrilmə.

Qadın olaraq qal. Qadın ol nəhayət!

Elə bir dünya formalaşır ki, burda qadının Pikasso, Mosart, Van Qoq, Şekspir olması çox asandı. Niyə də yox?

Bu sənin üçün su içimidi. Bu səndə daha asan və rahat alınır.

Çünki enerjin kişidən qat-qat yaradıcıdı.

Kişiylə yalnız bir aspektdə yarışa bilməzsən – qol dö­yüşündə. Onun kimi muskullu ola bilməzsən. Kişiyə təbiət bu fiziki gücü verib. Qoy gedib sportzalda fiziki bacarığını sınasın, muskullarıyla öyünsün, əzələ yetişdirsin. Qadın da sportzala gedib özü üçün əzələ korseti formalaşdıracaqsa bu insanlıq tarixinin ən pis günü olacaq.

Sənə bu lazım deyil. Çünki qalan bütün sahələrdə üstünsən. Bu sənin qadın zərifliyini, yumşaqlığını pozar. Muskullu qadın mənə görə çox eybəcər görüntüdü.

Bura – mənim mühazirələrimə əzələli qadınlar doluşsa heç içəri girmərəm.

Belə bir mənzərə görmək istəmirəm.

(From Death to Deathlessness)

Qadın siyasətdə aparıcı yer tutsa, elm, poeziya, rəs­­samlıq və digər sahələrlə məşğul olsa dünyanı yeni perspektivlər gözləyir. Qadın professorların, öy­rət­mən­lərin sayı artmalıdı. Dünya əhalisinin yarısı qadındı. Bu boyda əhali işlək, yararlı hala gəlməsə dünyada yeni imkanlar yaranmayacaq. Qadınlar olduqca istedadlıdılar. Onların istedadına etibar eləmək lazımdı. Güvənmək lazımdı qadına.

Bu zaman cinslər arasında güvən yaranır və belə bir münasibətlərin hökm sürdüyü dünyada sevgiyə əsaslanmış möhtəşəm bir həyat mövcud olur. Çünki qadınlar səninlə ağılla yox, ürəklə kontakta girirlər.

(The Last Testament)

Qadının yaradıcı potensialını göstərə bilməməsinin səbəblərini sadaladım. İlk növbədə, bu, onun uşaqlarıyla bağlıdı. Uşaq qadının əl-qolunu bağlayıb. On iki uşağı olan qadını şeir yazan təsəvvür edirsən?

Mümkün deyil axı. Biri ətəyindən dartacaq, o biri su, o biri çiş istəyəcək.

Şeir yazmaq istəsə belə onun buna şəraiti yoxdu on iki uşaqla.

Və ya rəsm çəkmək istəsə… elə bilirsən evdəki on iki balaca rəssam farağat oturacaq? Analarından qabaq əllərinə karandaş alıb hazır dayanacaqlar.

(From Ignorance to Innocence)

Mənə elə gəlir ki, qadınlar öz istedadlarını kişi qürurunu xilas etmək üçün qurban veriblər. Elədi?

Bu, bəşəriyyət tarixində ən böyük fəlakətlərdən biri olub: qadının istedadını heç vaxt qiymətləndirməyiblər. Uzaqda saxlayıblar və içində boğublar. Qadın da zamanla bunu özü gizlətməyə başlayıb. Geri zəkalı qadına daha çox qiymət verilib. Çünki sərf edir. Qadında belə bir təsəvvür yaradıblar ki, axmaq olsa da yaraşığı, mütənasib bədəni yetərlidi. Guya qadın inək kimi şüursuz bir ünsür olmalıdı. Bütün gözləntilər bu qədərlə yetinirdi. Əks halda, ağıllı qadın özünü naqolay, pərt hiss edirdi. Çünki özü də, ağlı da aşağılanırdı, təhqir olunurdu.

Axmaq qadınlarla kişilər rahat keçinir.

Əsrlər boyu qadınlar bu oyundakı hiyləgərliyi başa düşmədilər. Oyunun qaydası budu: qadının istedadını, bacarığını göstərməsinə imkan vermək olmaz. Ağıllı qadın səfeh kimi görünməlidi ki, kişilər ona qiymət versinlər. Onu əzməsinlər. Qadın zəngin yaradıcılıq potensialını ürəyində gizləməliydi. Evin xırda-para problemlərinin həlli qadının başlıca və yeganə işi idi. Qonaq otağı, mətbəx və sairə – qadının dünyası bundan ibarət olmalıydı.

Əks halda qadının ləyaqəti, mənliyi tapdanırdı. Daha aktiv həyat, daha ictimai işlərlə məşğul olmaq istə­sə adına pozğun, əxlaqsız, özbaşına kimi damğalar vurulurdu. Qadın bu münasibətdən qaçmaq üçün ça­rəsizcə qoyulan qaydalara tabe olurdu. Ona hər şey, ağıla gələn bütün gözəlliklər, bütün sahələr, işlər, yaradıcılıq – rəssamlıq, heykəltəraşlıq, qadağan edilmişdi.

Ona yalnız ev hamballığı olardı, başqa heç nə!

Kişi məncilliyi (xudbinliyi) qadına normal mü­na­si­bət bəsləməyə imkan vermir. Kişidə olmayan bir çox üstün cəhətlər qadında var. Məsələn, intuisiya. Qadının ən üstün cəhətlərindən biridi. Kişidə intellekt inkişaf edib. Təbii olaraq, kişi intellekti daha üstün sayacaq. Buna görə də o, intellekti yüksək qiymətləndirib intuisiyanı aşağılayır. İntuisiyanı cəfəngiyat, kor inam, mövhumat, ağılsızlıq adlandırır. Kişi intuisiyanı pisləyir, çünki özündə yoxdu.

Kişi intuisiyadan qorxur, qadının üstünlüyünü həzm edə bilmir. Bu üzdən intuisiyası güclü qadınlar əcinnə, ifritə, cadı adıyla orta əsrlərdə dəhşətli də­rə­cədə təqib olunublar. Dindarlar qadının bu parlaq zə­kasıyla razılaşa bilmirdilər. Kilsə məzmunca kişi ha­kimiyyətiydi. Bütün xristian cəmiyyəti kişilərin qur­duğu bir sistem idi. Müqəddəs Troitsa günü bircə qa­dın belə görməzdin. İyerarxiya kişilərə aiddi.

Bu heç də əcinnə ovu deyildi, ov qadın özü idi – ağıl­lı qadın, anlayan qadın, duyan, bilən qadın ovlanırdı. Bir gün bəşəriyyət bu faktı anlayacaq. Həmin kam­paniya heç də cadugərliyə qarşı deyildi. Bunun sehr­bazlıqla əlaqəsi yoxdu. Bu mübarizə idi: İntellekt intu­isiyaya qarşı, məntiq – irrasional, amma çox güclü ağıla qarşı vuruşurdu.

Cadugərləri yandırırdılar, öldürürdülər, məhv edir­dilər, incidirdilər. Qorxu qadını bütün dünyadan uzaq­laşmağa, özünə qapanmağa məcbur edirdi. Qadın qorxmağa başladı!

Hansısa bacarığını göstərsəydi həmən ifritəlikdə suç­lanacaqdı. Həmən cəzalanacaqdı. Kişinin hansısa bacarığı üzə çıxanda həmən onu baş tacı edirdilər. Qa­dın şeytanla əlbir sayılırdı. Kişi Tanrının balasıydı; həmişə də eyni cəhətlərinə, eyni bacarıqlarına görə!

(Far Beyond the Stars)

Bədən

Canla bədənin harmoniyasını necə yaratmaq olar?

İlk növbədə, bədən haqqında düşünmək lazımdı. Bə­dən – sənin bazandı, sənin əsasındı, əsas səndi. Öz bədənini sevməmək bədbəxtlikdi, şizofreniyadı. Bədənini sevməmək özünü dağıtmaqdı. Sən – bə­dən­sən. Daha çox bədənsən demək istəyirəm. Sən dünyaya bədən olaraq gəlirsən. Bədənə qarşı olmaq Tanrını inkar etməkdi. Bədənə hörmətsiz yanaşmaq reallıqla əlaqəni itirməkdi. Çünki məhz bədən bu əlaqəni təmin edir. Sənin bədənin körpüdü. Sənin bədənin – məbəddi.

Onu oxumaq, sevmək və ona hörmət et­mək vacibdi. Bədən gözəllikdi. Tantra bu möhtəşəm möv­cudluğu sevməyi öyrədir. İnsan bədəni ən qəliz feno­mendi təbiətdə. Olur ki, ağacın, gülün, yaşıllığın gö­zəlliyi səni valeh edir. Ancaq öz bədənin səni heç vaxt valeh etmir. Sənə təbiətdən zövq almaq kimi bir ba­carıq verilibsə, deməli, öz bədənini də sevə bilərsən, on­dan da zövq ala bilərsən. Niyə etmirsən?

Bədənə qulluq eləmək, onu əzizləmək, formada sax­lamaq çox önəmlidi.

Bədəni boş vermək olmaz. Ac olanda yemək ye­yir­sən, susuz olanda su içirsən. Bədənin formadan çıxanda heç bir tədbir görmürsən.

Nədən?

Deməli, bədəninə hörmət eləmirsən, onu sevmirsən, onunla ilgilənmirsən.

Çünki insana bədəni qadağan ediblər.

Sən bir gülə, bir ağaca, dənizə, çaya, meşəyə yaxınlaşıb öz heyranlığını ifadə edəndə bunu heç kim əli­si­lah­lı qarşılamır. Əksinə, hamı bunu dəstəkləyir. Bu hamı­nın xoşuna gəlir. Ancaq bir kişiyə, bir qadına yaxınlaşıb ona öz heyranlığını bildirsən pis qarşılanır. Səni an­lamadığın şeylərdə, mənası olmayan səbəblərdə qı­nayırlar. Guya kiməsə heyranlıq bildirmək, kiməsə xoş söz demək ayıb bir şeydi, qəbahətdi.

Təkcə həmin adam yox, ətraf, tanımadığın yoldan ötənlər, polislər tökülüşüb səni cəzalandıracaq, tən­beh edəcəklər.

Nə baş verir? Hardasa çox ciddi sınıq, yarıq əmələ gəlib. Bu normal vəziyyət deyil.

Tantra bədənə Tanrının yaratdığı ən gözəl nəsnə kimi yanaşmağı öyrədir.

Heç vaxt bədənini iqnora qoyma. Tantra bədənə əsas­lanır. Bu, Yer üzündə yeganə dindi ki, bədənə də­yər verir. Digər dinlər bədəni aşağılayır, bir heç kimi təq­dim edir. Buna görə də onlar cansız, darıxdırıcı­dı­lar. Tantra canlı dindi, həyat doludu, əsas dəyər bə­dən­di onun üçün. Bədən Tanrının ən gözəl əl işidi.

Tantra bədənə güvənir. Tantra onun hisslərinə gü­və­nir. İnsana inanır. Tantra həmin enerjini daşıyan insana inanır. Tantra insana bütünlüklə inanır. Tantra, trans­formasiya edir. Tantra heç nəyi inkar etmir. Belə bir tantrik anlayışı necə əldə etmək olar? Bax, sənin bə­lədçin bədənindi, çölündü. Onu öyrənmək lazımdı. Bədənlə bağlı beyninə yeridilən axmaq sözləri rədd elə. Bədəni dışlama, önəmsiz bilmə.

Qapıdan keç­mə­dən içəri düşmək mümkün deyil. Əgər öz içini tanımaq, içəri boylanmaq, qəlbini, ruhunu dinləmək istəyirsənsə əvvəlcə qapıdan keç. Ruha aparan yol bədəndi. Lap əvvəldən başla. Bədəni təmizləmək lazımdı – bax, sənin başlanğıcın bədəndi, onu zorlama, onu heç nəyə məcbur eləmə. Ona qarşı çıxma, rahat burax. İstənilən zorakılıqdan azad elə onu.

Bədənə böyük sarsıntılar yaşatmısan, zəhərləmisən, onu həyatdan təcrid eləmisən. Buna görə belə narahat, gərgin, bədbəxt hiss edirsən özünü. Çünki bədənini minimumlarla qane olmağa məcbur edirsən.

Tantra deyir: “Xoşbəxtlik yalnız o halda ola bilər ki, maksimumla yaşayasan. İntensiv yaşasan səadət taparsan. Bədəninə qarşı çıxırsansa necə intensiv yaşaya bilərsən?”

İnsan həyatı boz rəngdədi. Bu həyatın istisi azdı, bu boz həyatın odunda qızınmaq olmur. Alov faktiki olaraq heç yoxdu, sönükdü, sadəcə, közərir. Bu od əsrlər boyu söndürülüb. Onu yenidən qalamaq lazımdı. Həyatın alovunu yenidən qızışdırıb gücləndirmək la­­zımdı. Tantra öyrədir: Əvvəlcə gərək öz bədənini tə­miz­ləyəsən, hər cür zorakılıqdan azad edəsən. Onun enerjisini bərpa etmək gərəkdi. Enerji qısqacları olmayan adama rast gəlmək çox çətindi.

Bədəni gərgin ol­mayan insana rast gəlmək mümkün deyil. Sakit ol, gər­ginlik yalnız sənin enerjinin qarşısını alır. Enerjini gərginlikdən azad elə, bu mümkünsüz deyil. İnsan nə­dən belə boğulur? Niyə belə çətindi rahat olmaq? Pişiyi mürgü döyəndə görmüsən? Necə sadə, necə rahat görünür. Sən elə arxayın ola bilməzsən? Yatanda da gərgin olursan.

Böyrü üstə çevrilirsən, yığılırsan, gərilirsən. Pişik də ayıq yatır. Amma bu ayıqlıq onun hazırlıqlı olması, gərgin olmaması ilə bağlıdı. Hər an oyanıb hərəkətə keçə bilir. Biz gərək pişikdən yatmağı öyrənək, başqa yolu yoxdu.

Tantra deyir: pişik kimi sakit olmağı, pişik kimi yatmağı, arxayın olmağı öyrən. Pişik kimi rahat ol. Bütün heyvanlar aləmi arxayınlıq içində yaşayır. İnsana bunu öyrətmək lazımdı, çünki onun ruhuna qaydalar yeridilib, insanın ruhu qadağalardan asılıdı. Onu proqramlaşdırıblar, rahat ola bilmir.

Uşaqlıqdan insanı gərgin yaşama öyrədirlər. İnsan qorxa-qorxa nəfəs alır. Birdən dərindən nəfəs alar və cinsəl istəyi baş qaldırar. Hamı nəfəsini içinə çəkib dayanıb sanki. Böyüklər seksin təhlükəli olduğunu iddia edirlər. Uşaq da nəfəs dərmir ki, birdən həyəcan hiss edər, kimisə arzulayar, kiməsə qarşı isti duyğuları oyanar. Dərindən və rahat nəfəs alanda seksual enerji axını gəlir. Bütün bədən sərbəstləşir.

Sənsə elə nəfəs alırsan ki, ciyərlərinin yarısı karbon qa­zıyla dolu olur. Ciyərlərdə altı min yuvaq (alveol) var və bir qayda olaraq üç mini heç vaxt təmizlənmir, hə­mişə karbonla dolu olur. Buna görə də belə qəmgin gö­rünürsən, buna görə canlılığın azdı, həyat eşqin çatmır, ölüyə oxşayırsan.

Bu mənada yoqa və Tantranın dərindən nəfəs almağı öyrətməsini anlamaq çətin deyil. Karbon qazı insana lazım deyil. Ondan uzaqlaş (yoqada düzgün tənəffüs təlimi var) Tantra sənə nəfəs almağı – pranayama öyrədir. (pranayama: sanskrit – prana – nəfəs, enerji, yama – kontrol, idarə etmək).

Sənə yeni, təmiz hava lazımdı, daha çox oksigen…

Oksigen daxilindəki sönmüş alovu alışdıracaq. Oksigen səni həyata qaytaracaq. Od püskürəcəksən, hə­yat eşqin cuşa gələcək.

Yalnız Tantra həyat enerjisini tam hərəkətə gətirir. Tantra səni asılı olmağa qoymur, sərbəstlik verir. Tantra heç bir qayda sırımır, çərçivələmir, tam bir azadlıq ya­şayırsan. İnsanların cinsəl arzuları susdurulanda ağıl­dankəm bir cəmiyyət yaranır. Çünki seksual istəyi bas­dırılan insan aqressiv olur. Sakit və sağlam düşünə bil­mir.

Seksual və enerjili insanlar ağıllı olur. Seksual tə­mi­natı olan adamın ağlı yaxşı işləyir. Optimal re­jim­də ça­lışır. Belə adam ağıllı, anlayışlı və sağlam olur. Çünki gərgin deyil və aqressiyasını üzə çıxarmaq üçün kiçik bəhanələr tapıb dəlilik eləmir. Sakit, təm­kinli və ra­hatdı.

Tantra deyir: “Bədəninlə dost ol”.

Sən öz bədəninə toxunursan? Bədənini hiss edirsən, yoxsa ona ölü cisim kimi baxırsan? İnsanı elə bil dondurmusan. Bədənlərini tabut kimi daşıyırlar. Ağır, ya­rarsız tabut kimi. Əgər sən bədənindəki elektrikin ayaq barmaqlarına qədər sızmasına icazə versən, ener­jinin bütün bədəninə yayılmasına imkan versən, öz bioenerjinə qovuşsan onda axar çay kimi azad yaşa­ya­­caqsan. Az qala ayaqların yerdən üzüləcək, yüngüllük hiss edəcəksən. Əksinə, olanda bədən yükə çevrilir. İlahiliyi, Tanrını hiss eləmək istəyirsənsə bədəninə azad­lıq ver.

Bədənə sayğılı davranmağın asan olmayacaq. Sə­nin yüz ildi beyninə yeridirlər ki, bədən önəmsiz bir şey­di, şəhvət dağarcığıdı və guya şəhvət, seksuallıq çox ayıb bir hissdi. Bir gün kimsə sənin bədəninə – sənə aşiq olur.

Sevir səni, dəlicəsinə arzulayır. Sənsə, bunu çox pis qə­bul edirsən.

Çünki bu bədəni özün də sevmirsən. Onu başqasının sevməsini necə başa düşə bilərsən? Öz bədənini sevən birini sevmək mümkündü, amma əksi mümkün deyil. Bədənini sevməyən birini sevmək mümkün­süzdü.

Qadınlar dodaqlarına boya çəkirlər. Guya belə daha gözəl görünürlər. Plastik əməliyyatlar edirlər, gö­zəllik salonlarında saatlarla özlərini eybəcər günə qo­­yub çıxırlar. Onlara elə gəlir ki, dodağı şişirdəndə, gicgicə bir pomadayla boyayanda çəkici görünürlər.

Sən ömründə dodağı boyalı ceyran görmüsən? Öm­ründə harasınısa şişirdən, rəngləyən qaranquş gör­müsən? Niyə sənə elə gəlir ki, adam belə şeylər edəndə gözəlləşir? Səncə, qaranquşların hansı gözəldi, cey­ranların hansı daha cazibədardı?

Hamısı! Çünki onlar özlərini dəyişmək haqda dü­şün­mürlər. Olduqları kimidilər və özlərini belə də təbii olaraq qəbul edirlər.

Sən əminsən ki, kifirsən, eybəcərsən, haransa əcaib­di. Özün haqda bu cür düşünməyin başqalarına itə­­ləyici təsir bağışlayır. Kim sənə yaxınlaşar?

Yaxınlaşsa belə içindəki vibrasiyanı, nigaranlığı, dar­tınmanı hiss edib qaçacaq.

Sakit ol, qadın, sakit…

Qırmızı dodaq sağlamlıq əlamətidi, qırmızı dodaq bo­yası axmaqlıq…

(From the False to the Truth)

Niyə minlərlə adam Buddaya, İsaya yaxınlaşmağa can atırdı? Çünki Budda da, İsa da özünü sevirdi. Bu adamlar özləriylə qürur duyurdular. Təbii, səmimi, sevimli olur özünü sevən adam. Özünü olduğu kimi qəbul edən adam özünü olduğu kimi qəbul etdirə də bilir. Özünü sevməyən adam narahat olur həmişə. Öz dünyasını gizlədib özünü olmadığı kimi, başqa cür, qorxa-qorxa təqdim edən adam heç vaxt rahatlıq tapmır.

Ola bilər yalandan özünü tərifləsin, özü haqda yük­sək sözlər desin. Əslində, qəlbinin dərinliklərində öz var­lığından, kimliyindən narahatdı. Bunu gizləməyə çalış­dığı üçün özünü yalandan öyür. Özünü sevən adam sakit adamdı.

Onunla xoşdu, rahatdı. Özünü sevən adam başqasını da sevə bilir. Sevməyi bacarır…

Tantra ilk növbədə bədənini sevməyi öyrədir insana. Bu Tantranın hədiyyəsidi.

Bədən sənə çoxlu sirr açacaq. Çox şeyi anlayacaqsan. Sənin böyüməyin bədəninlə münasibətindən asılıdı.

Hər bir uşaq gözəl duyğularla doğulur. Müşahidə elə, bax gör uşaq nəyə sevinir, hansı obyektə yönəldir diq­qətini. Oyuncaqlarıyla oynayır, oyun onu tam məş­ğul edir. Bu zaman uşağın gözlərinə bax. Uşaq, sadəcə, elədiyindən zövq alır.

Bax uşaq almanı necə yeyir. Necə ehtirasla! Hansı ener­jiylə! Necə heyranlıqla! Bax, uşaq bağda kəpənək da­lınca necə qaçır… Hətta Allah belə indi onun qarşı­sı­na çıxsa, uşaq ona məhəl qoymaz. Necə gözəl me­ditativ vəziyyətdədi. Ən önəmlisi, heç bir səy gös­tər­mə­dən. Bax, uşaq sahildə balıqqulağı toplayır, elə bil al­maz yığır. O qədər həvəslə, sevgiylə… necə böyük maraqla. Onun necə möhtəşəm duyğular yaşadığını hamı görə bilir. Bu o qədər təbiidi ki…

Böyüdükcə həmin bu uşaq həmin bu reallığa ayrı cür baxmağa başlayır. Sanki bütün bunlar getdikcə çirkli şüşə arxasında gizlədilir. Sanki eyni reallığa duman, toz dolur. Artıq nə ağaclara, nə də dənizə eyni gözlə baxa bilirsən. Hər şey darıxdırıcı və cansız gəlir. Hə­min ağaca, həmin sahilə, həmin balıqqulağına artıq sevinə bilmirsən.

Kədər səni bürüyür, gözlərin ölü gö­zünə dönür. Mahnı eşidirsən, amma ona uşaq marağın yoxdu, əvvəlki kimi sevindirmir, rəqs eləməyin gəl­mir, ruhsuzlaşırsan. Sən Buddanı dinləyə bilərsən, amma onu qiymətləndirmək bacarığın yoxdu. Qəlbin cansızdı çünki.

Bu hissləri bərpa eləmək lazımdı. Öz duyğularını gücləndirmək imkanından yararlan. Acdığın zaman, sadəcə, yemək yeyirsən. Yeməyin dadını duymursan. Unudulan duyğular qammasını yeniləməyə çalış. Bu çörəyin dadını hiss elə, çimdiklə. Gözlərin açıq olanda nələr hiss edirsən? Gözlərin yumulu olanda nələr hiss edir­sən?

Çeynəyəndə mexaniki hərəkətə yol vermə. Ye­diyini anla, duy, dad. Yadında saxla, yeməyi hiss et­mədən çeynəmək çörəyə qarşı, öz zövqünə qarşı hör­mət­sizlikdi. Qoy bu proses sənin üçün namaza, duaya çev­rilsin. Əsl dua, əsl ibadət budu.

Tantrik kimyanı öyrəndikcə adamlara toxunmağı öy­rənəcəksən. Biz münasibətlərdən qorxuruq. Əgər kimsə söhbət zamanı sənə toxunsa tez geri atılarsan. Biz ərazimizi var-gücümüzlə qoruyuruq. Hər hə­rə­kə­timizlə özümüzü toxunulmaz göstərməyə çalışırıq. Biz əl verib görüşmürük, qucaqlaşmırıq. Biz bir-bi­ri­mi­zə şübhəylə, ehtiyatla, çəkinərək yanaşırıq.

İnsana toxun, ağaca toxun, daşa toxun. Çaya yaxınlaş, əyil və onun sularında gəzdir barmaqlarını. Balıq suyu hiss edən kimi hiss elə suyu, balıq suyu bilən kimi bil. Duyğularını işə salmaq üçün hər imkandan, hər məqamdan yararlan. Xüsusi imkan axtarma.

Sənə gündə min yol bu imkan verilir. Bütün günün başdan-başa duyğularını işə salmaq üçündü əslində. Bu hisslər başdan-ayağa məşqdi. Bunun üçün istənilən imkandan istifadə elə. Duşun altında suyu duy, çırıl-çılpaq uzan, düşün, anla, bil, hiss elə. Nəyisə yox, hər şeyi hiss elə, sadəcə, hiss elə. Sahildə, qumda, yolda, ağacın altında.

Bütün vərdişlərdən qurtulmağın gərəkdi. Vərdiş­lər­di səni bu hallara salan. Sən yaşamağa vərdiş etmisən. Bu vədişləri yeni üsullarla əvəzlə, sevgidə yeni yanaşmalar tap. İnsanlar yenilikdən qorxurlar. Köh­nə, hazır adətlərlə yaşamaq daha asandı. Ancaq bu­nun adı yaşamaqdımı gerçəkdən? Hətta sekslə də mis­sioner kimi məşğul olurlar. Yeni təcrübəni yalnız bö­yük həssaslıq, duyum hesabına qazanmaq olar.

Hər dəfə bu prosesə yaradıcı yaxınlaş. Bəzən ondan öncə rəqs etmək gözəl olar. Hərdən gərək dua etməzdən öncə sekslə məşğul olasan. Bəzən seksdən öncə dua edəsən. Meşəyə get, qaç orda, tullan, sevin, dəlicəsinə gül. Bəzən elə seviş, sanki sudasan, üzürsən. Bu halda seks hər dəfə sənə yeni duyğular yaşadacaq. Darıxdırıcı olmayacaq. Mühafizəkarlığınla savaş, onu yenməyə çalış. Tənbəllik ölümə xidmət edir. İxtiraçı ol həmişə. Yaradıcılıqda sərhəd yoxdu. Balaca yenilik sənə böyük zövq verə bilər.

Həmişə yeməyi süfrə arxasında yemə. Hərdən otluğa, çəmənliyə get, yeməyini orda ye. Qoy bu sənə tamamilə yeni duyğular ötürsün. Ətrafda quşlar, təmiz hava, gün işığı və duyğular, nəm otun özü belə səni yüngülləşdirəcək, qorxuların harasa uçub gedəcək. Bu hisslər kətildə, masa arxasında oturmaqdan qat-qat fərqlidi.

Hərdən süfrəyə çılpaq otur, elə qəribə olacaqsan ki, özün də şaşıracaqsan. Kiçik bir dəyişiklik durumu dəyişə bilər. Çəngəl-bıçaqla yeməyə vərdiş etmisənsə bu dəfə əlinlə ye. Belə bir təəssürat yaranıb sanki yeməyə toxunmaq olmaz. Boş ver, toxun, əllə, dadını çıxar.

Qərbdə duyğu orqanlarıyla bağlı təcrübələr aparılıb: məlum olub ki, insan bir çox duyğu orqanlarından istifadə etmir. Bir misal çəkim: gözlərini yumub, burnunu tutub bir adama soğan uzatsan, ancaq çeynəyəndən sonra soğan olduğunu biləcək. Eyni cür almanı da uzatsan, dilinə dəyməmiş alma olduğunu bilməyəcək. Prosesdə bütün orqanlar iştirak edəndə, sən almanı həm görürsən, həm qoxusu gəlir, həm də da­dırsan. Yemək yeyəndə bütün orqanlarını işə sal.

Bu halda həyat macəraya dönəcək, darıxdırıcı gəl­mə­yəcək. Hər yaşantı sənə maraqlı, yeni görünəcək. Çünki aydın baxacaqsan, canlı olacaqsan. Psixoloqlar deyirlər ki, axmaqlama artıq yeddi yaşında özünü göstərir. Dörd yaşında üzə vurur, yeddidə aydın bi­linir. Uşaqlar yeddi yaşından başlayaraq kütləşirlər. Cə­miyyət yeddi yaşına kimi uşağı zəhərləyə bilir.

Əs­lində, bütün biliklərin əlli faizini uşaq yeddi yaşına qədər alır. Əgər yetmiş il yaşayırsa, qalan altmış üç ili yeni biliklərin cəmi əlli faizinə sahib olursan. Əlli faiz biliyi yeddi yaşına qədər mənimsəyir insan. Nə baş verir? Heç nə, cansıxıcı bir həyat.

Tantra deyir: “İnancları rədd elə və hər şeyə yaradıcı yanaş”. Tantra öyrədir: “Bənzəmə! Bənzətmə!” Yoxsa hisslərin korlaşacaq.

Bir əhvalat var.

Molla Nəsrəddinin bir hikkəli tutuquşusu olur. Xüsusilə qonaqların yanında həmişə onu pis vəziy­yət­də qoyur. Molla bundan çox narahatlıq keçirir. Tutuquşuyla heç cür bacara bilmir. Axırda tutuquşunu bir baytarın yanına aparır. Baytar belə bir məsləhət görür: “Nəsrəddin, sənin də payına acıqlı tutuquşu dü­şüb. Mənim gözəl gənc dişi tutuquşum var. Gəl on beş manata onu qəfəsə – sənin tutuquşunun yanına salaq”.

Tutuquşu bu vaxt qəfəsdə oturub həmin bu söh­bətə qulaq asır. Molla baytarın təklifindən bir az tu­tulur: “Heç bilmirəm… on beş manat…” Tutuquşu özü­nü saxlaya bilməyib deyir: “Tez elə, Nəsrəddin, nə fikirləşirsən, on beş manatı ver, qızı al”. Nəhayət, Nəs­rəddin razılaşır. Onlar dişi tutuquşunu qəfəsə salıb pərdə çəkirlər. Qəfəsdən birdən-birə qopan qışqırıq sakitliyi pozur; kişilər cəld qaçıb pərdəni açırlar. Gör­düklərindən heyrətə gəlirlər. Erkək dişini qəfəsdə yerə qısnayıb lələklərini yolaraq deyir: “Mən on beş ma­nata səni çılpaq istəyirəm, başa düşürsən, lüt istəyirəm?!”

Tutuquşu belə insan hərəkətlərini öyrənib, insanı təqlid edir, onun kimi qəzəbli ola bilir. Təqlid – nevrotik olmaq deməkdi. Bu dəliliyin qarşısını ancaq bir şey ala bilər – özün olmaq, özünü qorumaq, öz həyatını yaşamaq.

Beləliklə, ilk növbədə Tantra bədəni basqıdan, gər­gin­likdən xilas etməyi öyrədir.

İkincisi, hiss orqanlarını yenidən canlandırmağı öy­rədir.

Üçüncüsü, ağlını nevrozlardan, sırtıq fikirlərdən tə­mizləyib sakit buraxmağı öyrədir.

Hər fürsətdə arxayınlığa, rahatlığa can at. Beyninə dolan anlamsız fikir axınının qarşısını al. İndi tez de­yə­cəksən: “Demək asandı, necə edim?”

Tantranın öyrətdiyi üç üsul var: birincisi, ağlını işlət, qoy beynində çoxlu fikirlər dolaşsın; bu fikirləri tə­qib eləmə, etinasız yanaş.

Bu fikirlərə görə narahat olmağa dəyməz. Sən, sa­dəcə, beynində dolaşan fikirləri izlə. Kənar mü­şa­hidəçi ol, tədricən, sakitlik pauzaları yarandığını görəcəksən. İkincisi, özünü bir müşahidəçi kimi dərk elə­məyə çalış. Sakitlik məqamlarında müşahidəçinin özü­nü müşahidə elə. Bu zaman səndə növbəti sakitlik fa­silələri olacaq. Və bir gün gələcək düşünənin özü yoxa çıxacaq. Onda üçüncü mərhələ təbii hal kimi gəlir. Həm obyekt, həm subyekt yox olur: sən özündən kənara çıxıb, ruhsal yüksəlişə çatırsan.

Bu üç pilləni keçən kimi bədənin sərbəstləşəcək, his­slərin gərginlikdən qurtulacaq, ağlına qara yaxan fi­kirlərdən təmizlənəcəksən. Həyata ayıq, aydın göz­lər­lə baxacaqsan. Azadlıq illüziya deyil, gerçəklik olacaq. Bu, həyata Tantrik baxışdı…

(Tantric Transformation)

Özümü sevmirəm, bədənim də xoşuma gəlmir!

Sənin bədən haqqında müəyyən təsəvvürün var, bə­dən necə olmalıdı – sənin bununla bağlı beynində dəqiq model var. Əzab verən də budu.

Bu modeli itirməsən əzabın davam edəcək. Bədən belə olmalıdı, elə olmalıdı kimi düşüncələri kənara at.

Bu bədən sənindi, sənə məxsusdu. Tanrı səni bu bədənlə mükafatlandırıb.

Faydalan ondan. Zövq al ondan! Sən onu sevdikcə o gözəlləşməyə başlayacaq, dəyişməyə başlayacaq. Ona qayğı göstər, hər şeyin, hər kəsin qayğıya ehti­ya­cı var. Bədənə necə qayğı göstərmək olar? Çox sadə. Onu nəylə gəldi doldurmasan, ona nə gəldi ötür­mə­sən, onu ac qoymasan, siqnallarına, ehtiyaclarına fikir ver­sən bədəninə qayğı göstərərsən.

İnsan bədənini dinləməlidi. Dinlədikcə ona nə lazım olduğunu, nə lazım olmadığını bilir. Bu halda get­dikcə bədən gözəlləşir.

Bədəni sevməyəndə onu dinləmirsən. Ona qulluq et­mirsən, formadan çıxır, eybəcərləşir. Gülə də qulluq et­məyəndə çirkinləşir. Bu çox təbiidi.

Onda bədən sənin üçün problemə dönmür. Bədən heç vaxt sorun mənbəyi olmayıb. Sorunu sən özün yaradırsan.

Heç bir heyvan bədənilə bağlı nigarançılıq yaşamır. Heç bir heyvan düşünmür ki, bədəni çirkindi, suayğırı (begemot) belə.

İdeallardan əl çək. Bu idealları, sadəcə, istəmə. Maşınına necə həssas yanaşırsan? İstəmirsən üstündə bir cızıq belə olsun. Bir sevimli əşyanı necə qoruyursan?

Bəs öz doğmaca bədənini niyə belə önəmsəmirsən, niyə belə nifrət edirsən ona?

Bədənə qayğı, sevgi göstərmək lazımdı. Bu zaman hər şey qaydasında olacaq: bədən möhtəşəmdi! Bu, o qə­dər qarışıq, eyni zamanda ecazkar bir mexanizmdi ki, yetmiş il uğurla çalışır. Sən yatırsan, ya da yuxusuz qalırsan, şüurlu, ya da huşsuz olursan, bədən din­məzcə öz işini görür. Sən ona qarşı diqqətsiz olsan belə o sənə xidmət edir. Buna görə ona çox sağ ol de­mək yerinə onu aşağılayırsan.

Düşüncəni dəyiş, başqa cür baxmağa çalış bə­də­ni­nə, sevməyə çalış və altı ay müddətində onun necə çi­çəkləndiyini görüb şaşıracaqsan. Ona olan sevgin bə­də­nini kökündən dəyişəcək. Bax, bir kişi sevgisi hiss edən kimi qadın neynir? Saatlarla güzgünün qarşısında dayanır, özünə baxır, gözəl olmağa çalışır, səliqəli gö­rünməyə can atır. Sevgi gözəlləşdirir, mən artıq bu barədə sənə danışmışam. Bədən də eynən bu cürdü. Çox incə, həssas mexanizmdi. Dərhal səni hiss edir. Ət­rafda baş verənləri, özünə olan münasibəti duyur. İnsanlar bədəni vəhşicəsinə kullanırlar, ona qarşı kobud davranırlar. Onu hətta təhqir edirlər.

Onu kökdən salırlar. Belə halda bədən necə olmalıdı? Sən bədəninə sevgi ötür və nəticəni gözlərinlə gör.

(Hallelujah!)

Xarici gözəllik və bədən ayrı-ayrı məfhumlardı. Gözəllik və ya çirkinlik bədəndən kənar anlayışdı. Bədənin gözəlliyi sənin içindən başlayır. Hətta eybəcər adam belə öz görünüşünü meditasiyayla yaxşılaşdıra bilir.

İnanmırsansa, yoxla.

Mən illərdi bura gələn adamlara fikir verirəm. İlbəil üzlərindəki ifadə dəyişir.

Adamlar var ki, ilk dəfə bura gələndə görüb dəh­şə­tə gəlmişəm. Sifətlərində bir qaranlıq, bir çirkinlik olur ki, elə bil üzü bir yerə yığıb qara bir yumaq dü­zəlt­misən. Üzündən zəhrimar yağan bu adamlar get-gedə açılır, işıqlanır, gözəlləşir.

Üz-gözündən gərginlik yağan bu çirkin adamlar zamanla uşaqlaşır.

Səmimi, gülümsər bir simanın sahibinə çevrilir.

İç sevinc üzə vurur, mutluluq yağır bu adamlardan getdikcə.

Sənin çirkinlik haqda anlayışın nədi, bilmirəm, amma çirkinlik bayaq sadaladığım şeylərdi. Çirkinlik üzdəki qaranlıqdı, gərginlikdi. Üzü işıq saçan adama necə çirkin deyə bilərsən?

Fiziki gözəllik və ya çirkinlik həyatda heç bir rol oynamır. Mən sizə içdən gözəl olmağı öyrədəcəm. Bu çox önəmlidi. Daxilin gözəlləşdikcə fiziki gözəllik haqda düşüncələrə ilişib qalmayacaqsan.

Daxili gözəlliyi hiss elədikcə material, formal gözəl­lik­lər ikinci plana keçir.

Ruhun işıqlı olanda hər şey sənə gözəl görünür. Ruhun qaranlıqdısa, ən gözəl nəsnə, predmet, bədən belə səni maraqlandıra bilməz, sən gözəlliyi, sadəcə, anlamazsan.

Bu barədə narahat olma. Meditasiya et, rəqs elə, mahnı oxu, qaç, əllərini aç, gül, şənlən bütün bunlar səni gözəl edəcək, primitivlik səni özünə çəkə bilməyəcək.

Gözəllik nisbi anlayışdı. Otağında bir şam yandır. Bu şam ecazkar bir effekt verəcək. Sonra şamların sayını artır, daha bir neçəsini yandır. Həmin bayaqkı şam əvvəlki önəmini itirəcək. Gözəllik belə bir şeydi.

İç gözəlliyə can at…

(Unio Mystica)

eniz özüylə bağlı narahatlıq keçirirdi. “Mən eybəcərəm, – güzgüyə baxıb düşünürdü. – Burnum əyridi, çənəm ifadəsizdi, qulaqlarım uzundu, göz qapağım torbalanıb”. Ümid­sizdi Deniz. Bir gün plastik cərraha üz tutdu və onu na­rahat edən yerlərini düzəltdirdi. Çənəsi, burnu dəyişdi, qulaqları xırdalaşdı. Göz qapağı daha torbalanmırdı. Uzun sürən əzablı sınaq müddəti bitmişdi. Deniz artıq dostlarıyla rahatca görüşürdü, işə rahatca gedirdi. Ancaq yenə də bir müddət sonra ürəyi sıxılmağa başladı. Nəsə çatmırdı, nəsə qaydasında deyildi.

Bir gün rəfiqəsi dözməyib soruşdu: “Kino ulduzuna ox­şa­yırsan. Niyə kədərlisən, anlamıram?” Deniz məyus halda dedi: “Bilirəm, amma yeni üzüm əvvəlki bədənimlə harmoniya yaratmır”.

(Unio Mystica)

Çox çirkin bir qız sahildə oturub dincəlirdi. Ləpələr ayağının altına bir çıraq atdı. Qız çırağın ağzını açan kimi tüs­tüy­lə birgə cin çıxıb dedi:

– Beş min ildi mən bu çıraqda batıb qalmışam. Məni xilas elədiyin üçün sənin istənilən arzunu yerinə yetirə bilərəm.

Qız sevincək dedi:

– Sofi Lorendəki kimi bədən, Elizabet Teylorun üzü kimi üz, Cincer Rocersdəki kimi ayaqlar istəyirəm.

Cin bir xeyli qıza baxıb dərindən köks ötürdü.

– Qızım, mən çırağa qayıdası oldum.

(Ecstasy the Forgotten Language)

Şöhrətpərəstlik haqda danışa bilərsən?

Bütün dünyada qadınlar tez-tez güzgüyə baxırlar. Üstəlik, çantalarında da güzgü gəzdirirlər. Onlar güz­gü­də həmişə nə görürlər? Güzgü insanın kimliyini əks etdirə bilməz. Güzgü yalnız görüntünü əks etdirə bilər. Kimliyini, ruhunu göstərə bilməz. Ancaq qadınlar güzgüdə özlərinə baxmağa davam edirlər. Bir dəfə bax­dın bəsdi, bütün günü güzgüyə baxmağın adı nədi?

Demək qadın əslində görünən şey nədisə onun özü olma­dığını yaxşı bilir. Qorxur ki, bu yaratdığı görüntü pozular.

Bu yapmacılıq hər an dağıla, itə bilər. Onu tez-tez kon­­trol edir ki, hardasa nəsə qarışıbsa həmən düzəliş ver­sin. Çünki insan doğal halını düzəltmir.

Nəyini düzəldəcəksən? Olan budu. Dodağına çək­di­yin boyanın silinməsindən narahatsan, məsələn. Güz­güyə baxıb yoxlayırsan, silinibsə təzədən yaxırsan. Kimi aldatmaq istəyirsən? Kimi aldatsan da özünü yüz faiz aldada bilməzsən.

Güzgü üçün yapdığın o qadın sən deyilsən.

Uşaqlar belə şeylər edirlər, onlara maraqlı gə­lir. Amma qadın yaşa dolduqca dəyişmirsə ağlı bö­yü­mə­yib demək. Özünü tanımayıb, dərk etməyib. Hələ də dodaq boyasıyla böyümək istəyir. Fərqində deyil ki, çoxdan yekə qadın olub.

Süni kirpiklər, yalançı saçlar taxan qadının gerçək ki­mliyi çoxdan qəbiristanlıqdadı. Yoxdu, ölüb. Özünü öl­dürüb yerinə qondarma bir şey düzəldib.

(False to the Truth From the)

Təəssüf ki, təbiət qadını menstruasiyaya məhkum edib. Hər ay olacağını bilirsən və əsəblərin gərilir.

Ən çətini bu prosesin bəzən çox yersiz və zamansız ol­masıdı. Sən bununla heç nə edə bilmirsən. Qarşısını al­maq mümkünsüzdü. Qəribədi, ancaq faktdı, kişilər qa­dının menstruasiya dövrünü hiss edirlər.

Gərək bu dönəmdə içində baş verənləri izləyəsən.

Düşünə bilərsən ki, içəridə baş verən bioloji prosesi necə izləmək olar?

Müşahidə mədəniyyəti çölə və ya içəriyə aid bir pro­ses deyil. Əsas izləməyi bacarmaqdı. İçində baş verənləri izləyəndə də eyni effekt yaranır – çöldə baş ve­rənləri izləmiş kimi olursan.

Hər ikisində də eyni assosiasiya yaranır. Bütün hallarda problem yenə də müşahidə bacarığının olub-olmamasında deyil, identifikasiyadadı (identifikasiya – pro­sesə, şəxsə, olaya özünə ad vermək imkanı yarat­maq).

Aybaşı dönəmi yaxınlaşanda çalış prosesi izləyə bi­lə­sən, qavramağa, duymağa çalış. Bu proses özüylə nə gətirir, sən artıq bilirsən. Əsəbilik, depressiya, qə­zəb və bu kimi xoşagəlməz yaşantılar. Bu halda, sadəcə, səbirlə gözlə, təkcə özün yox, sevdiyin insana da bunu izah etməyə çalış. Məsələn, de ki, əzizim, mən­də qəribə şeylər baş verəcək. Çalışacam onları an­layım, bu menstrual simptomlardı. Çalışacam on­ların öhdəsindən gəlim, hər qıcığı sakitcə izləyib ötüş­dürüm. Bu təbiidi, prosesin özəl sindromudu. Sən də, sadəcə, məni izlə, məndə nə kimi proseslərin get­di­yinə fikir ver və təmkinli olmağa çalış.

Kişi bilməlidi ki, bu dönəmdə qadına çətin olur. O, başa düşülmək istəyir. Kişilərdə belə bir mərhələ ol­madığına görə onlar yüz illər boyu qadını anlamayıblar. Əgər kişi gerçək kişiliyi tanımaq, gerçək qadını bilmək istəyirsə, qadının menstrual dönəminə çox diq­qətlə fikir verməlidi. Prosesi izlədikcə öz qadınını də­rindən öyrənəcək və ümumiyyətlə, qadının nə olduğunu biləcək.

Sən də bilməlisən ki, kişidə də eynən sənin kimi ay­başı dönəmi olur. Hər ayın dörd-beş günü kişidə emo­sional vəziyyət yaranır. Eynən səndəki gərginliyi o da yaşayır. Əsrlər boyu kişi bunu başa düşməyib. Ancaq hər ay bu sınaqdan keçmək zorundadı. Hər ayın dörd-beş günü kişi anlaşılmaz bir vəziyyətə düşür. Bu proses onun üçün qaranlıq qalır. Qadın heç ol­masa bir aylıq da olsa məsuliyyəti tsiklin üstünə ata bilir. Kişidə belə bir şans yoxdu.

O, emosionallığını han­sısa prosesin üstünə ata bilmir. Onun menstruasiyası daxili prosesdi. Üzdə təzahür olunmur. Üstəlik, kişi həm də qadının gərgin dönəmini anlamağa məc­bur­du. Çünki qadın və kişi bir bütündü. Baxmayaraq ki, ki­şinin qadında baş verən bu aylıq proseslə bağlı özəl fizio­loji təcrübəsi yoxdu, ancaq son illər belə bir fakt or­taya çıxıb: kişilər də artıq bu sınaqdan hər ay qadınla bir yerdə keçirlər. Beləliklə, kişinin bu mənada səndən heç bir üstünlüyü qalmır. Heç səni də onunla mü­qayisədə bəxtsiz adlandırmaq olmaz.

Əsas çətinlik bir kişini sevəndən sonra yaranır. Siz bir yerdə olmaq qərarı verirsiz və zamanla duyğu və bədən ritminiz bir-biriylə harmoniya yaradır, ey­niləşir, bərabərləşir. Onda ikinizin də menstrual tsikli eyni vaxta düşür. Bu zaman ikiniz də gərgin və sə­bir­siz olursuz. Hər ikiniz üçün də yaranan vəziyyət qaranlıq qalır. Depressiv, ümidsiz hal yaşayırsız. Kiçik bir anlaşılmazlıq olan kimi bu onu, o bunu günahlandırır.

Belə bir təklif verə bilərəm: əvvəlcə kişi öz aylıq tsiklini hesablayıb qeyd edir. Bunu ay boyu bir neçə günlük – ruh halında dəyişiklik hiss edən kimi, edir. Gündəlik tutur və ora həmin günləri yazır. Bu, təx­mi­nən dörd-beş günlük bir zaman kəsiyidi. Bu günlər ar­dıcıl olaraq depressiyada, pis əhvalda, dalaşmağa ha­zır vəziyyətdə olursan. Bu qara günlər başlayanda qa­dını xəbərdar etmək lazımdı ki, kişinin davranış­la­rında olan dəyişikliyi yanlış anlamasın.

Eyni şey qadına da aiddi. Ünvansız qəzəb tutmaları olacağını əvvəldən kişiyə demək lazımdı. Kişi mütləq bu dö­nəm­lərdə qadını anlayışla, rahatca, təmkinlə yola ver­mə­lidi. Nə olursa olsun, cin atına minib o yan-bu yana ça­pan qadına kəskin, kobud heç nə demək olmaz. Belə şeylər baş verəndə kişi sakitliyini qorumalıdı. Qadına qarşı mümkün qədər anlayışlı olması, tarazlığını qoruması yalnız bir məna verəcək: “Mən bilirəm”.

İkinizin də tsikli üst-üstə düşərsə, bu əsl fəlakətdi. Hər halda ikiniz də hərəkətlərinizə nəzarət etməlisiz. Bil­məlisiz ki, qarşı tərəf də aybaşı dövründən əziyyət çəkir, yağa od tökmək olmaz; o da səni başa düşəcək. Ağır dövr keçirdiyini bildiyi üçün səninlə ehtiyatlı ola­­caq. Sadəcə, ayıq olmaq, diqqətli olmaq önəmlidi. Bütün dinlər buna mane olub indiyə kimi. Yoxsa qadınlar aybaşıdan çoxdan qurtulardı. Doğmaq fikrin yox­dusa bu mənasız proses nəyinə lazımdı? Ancaq dinlər hamiləliyin qarşısını alan dərmanlara qadağa qoy­maqla qadını bu əzaba məhkum ediblər.

Hamiləliyə qarşı dərmanlardan həmişə istifadə etsən aybaşı tamamilə kəsilər. Əksər qadınlar üçün bu həblər gözəl vasitə ola bilər: aybaşı yoxa çıxır. Bunda heç bir zərər, qəbahət yoxdu, həbləri qəbul elə. Bu ya­xınlarda eşitmişəm ki, hətta kişilər üçün də belə dər­man­lar buraxmağa başlayıblar.

Demək, həm də kişilər bundan istifadə edə bilər. Bu yalnız sənin fizioloji vəziyyətini dəyişəcək. Daha vacib qabiliyyətini – qavramını yox. Əgər sən qavra­mın­la özünü eyni tutursansa onda dərmanlar səni fiziki ağrıdan qurtaracaq və öz mənəvi dünyanla baş-başa qalaraq özünü yüngül və sərbəst hiss edəcəksən. Ona görə də bu metodu tam dəstəkləyirəm. Lazımsız fiziki ağrıya dözməyə heç bir ehtiyac yoxdu, əgər onu yum­şaltmaq olarsa niyə etməyəsən? Dərman at və fizioloji, bioloji çətinlikdən qurtul…

Şüur minlərlə üsuldan istifadə etmək imkanı verir. Sərt ağrılara dözməyə gərək yoxdu. Aybaşı kəsilməsə də ən azı prosesi yüngülləşdirəcək və hamiləliyin qar­şısını alacaq. Bu əsl xeyr-duadı. Onsuz da dünya əha­li­sinin sayı durmadan artır.

Bu dönəmdə duyumlu ol…

(The Transmission of the Lamp)

Menstruasiya başlayanda dəli kimi oluram həmişə. Keçən dəfə evdəki əşyaları çilik-çilik eləmişəm.

Dəlilik eləmək pis şey deyil. Belə bir enerji gələndə bun­dan yararlan. Başla oynamağa, həyəcanınla mü­ba­rizə aparma. Bəlkə də bunda qorxulu heç nə yoxdu, sən, məsələn, fincan sındıra bilərsən. Ancaq sındırmaq, dağıtmaq ideya olaraq pisdi. Həyata qeyri-konstruktiv yanaşma formalaşdırır. Fincanı niyə sındırırsan, onun axı heç bir günahı yoxdu?

Əksər qadınlar kritik günlərdə belə aqressiv olur. Bunun səbəbi təkcə fi­ziologiya ilə bağlı deyil. Ruhunda da dağıdıcılıq var. Bu proses sənə fiziologiyadan daha duyumlu, bir az daha yuxarı pilləyə qalxmaq şansı verir. Bu qədər ener­jini çox gözəl, faydalı işlərə, quruculuğa, idmana, yaradıcılığa xərcləyə bilərsən. Əks halda kritik dö­nəm­ləri hamiləlikdən pis keçirəcəksən.

Hamiləlikdə qadının sağlamlığında problemlər yaranır. Özünü pis hiss edir və s.

Ancaq bətnində uşaq yetişdirir deyə dağıtmaq istə­yi yaranmır. Hərçənd, hamiləlik dövrünü aqressiv ke­çi­rən qadınlar da var. Bu ona görədi ki, qadın enerjisini, ona qəfildən gələn bu gücü nə edəcəyini bilmir.

Məsələn, Hitleri götürək. O, rəssamlıq məktəbinə ge­­dib, rəssam olmağı arzulayıb. Təsəvvür edə bi­lir­sən? Dünyanın gəlib getmiş ən qəddar adamlarından biri rəssam olmaq istəyib. Əgər bu enerjini rəssamlığa, sə­nətə versəydi Pikasso ola bilərdi. Onun buna enerjisi vardı, bu şübhəsizdi.

Həmin enerji yaradıcı ola bilərdi, dağıdıcı yox.

Keçmişdə qadınlar hamiləlik dönəmində aqressiv olmazdılar. Bir uşaq, dalınca biri, sonra daha bir uşaq bu onların enerjisini alırdı. Bütün ömrünü qadın uşaq doğurdu və onun heyi qalmırdı. Bəşəriyyət tarixində biz ilk dəfə olaraq “zorakı qadın” tipinin ya­ranma təhlükəsilə üz-üzəyik. Bu gün çoxlu uşaq doğmağa ehtiyac yoxdu. Əksinə, hamiləlik dəbdən dü­şür. Doğumun azalması və feminizm hərəkatı arasında birbaşa əlaqə görürəm.

Qadınlar aqressiv olur, hər şeyə dağıdıcı yanaşırlar. Ola bilsin, onlar öz ailə mü­na­si­bət­lərini yaxşılaşdırmaq üçün hər vasitəyə əl atırlar. Əslində köləlikdən azad olmağa çalışırlar. Əslində bu, dağıdıcı fazadı. Onlarda enerji var, sadəcə nəyə sərf edəcəklərini bilmirlər. Doğuma nəzarət metodları tətbiq olunduqca qadınların gərginliyi artır.

Qərbdə ailə həyatı demək olar aradan qalxıb. Ortada cinslərin münaqişəsi, mübahisə, narazılıq və ardı-arası kəsilməyən mübarizəsi var. Heç kimin də ağlına gəlmir ki, bunun fizioloji səbəbləri var. Tsikl yaxınlaşanda qadın hücuma keçməyə hazır və­ziy­yət­də olur. Fiziologiyadan kənara çıxmaq olar və bunu et­mək lazımdı. Əks halda sən hormonların qulu olacaqsan. Beləliklə, rəqsə başla. Əgər tamamilə dəli olmaq istəmirsənsə, bunu et.

Rəqs enerjini udur. Sən əksini edirsən, kritik günlərdə hər şeydən təcrid olunub deyirsən ki, dincəlmək istəyirəm, evdə olmaq istəyirəm. Uzun bir gəzintiyə çıx, at sür, nəsə elə ki, enerjini ata biləsən. Vəziyyəti tam olaraq anlasan sakitləşərsən.

Qadın menopauzası haqda danışa bilərsən?

Hər bir insanın həyatında dəyişikliklər dövrü başlayır və yadda saxlamaq çox vacibdir ki, həyat tərzinin dəyişməsiylə insan özü də dəyişir.

Bu fizioloji baxımdan 13-14 yaşında olur. Səndən asılı deyil. Müəyyən yaş dövrü var ki, qadının bioloji təyinatını müəyyən edir və proses qırx yaşına kimi sü­rür. Hormonlar coşur və tədricən sakitləşir. Bu də­yi­şikliyi qəbul etmək də çətindi. Sənə elə gəlməyə baş­layır ki, artıq çirkinsən, heç kimə lazım deyilsən, təra­vətin itib. Və başlayırsan süni yollarla özünə düzən verməyə. Kosmetik vasitələrə cummağa.

Bir qadın cərrah yanına gedib dərisini dartdırmaq is­təyir. Həkim deyir:

– Sizin dəriniz yaxşı vəziyyətdədi, əl vurmağa dəyməz.

Qadın təkid edir. Onda həkim deyir:

– Yaxşı, bu sizə beş minə başa gələcək.

Qadın deyir:

– Mənim bu qədər pulum yoxdu. Siz daha ucuz bir şey təklif edə bilərsizmi?

– Bəli, özünüzə niqab alın.

Şərqdə həyatı olduğu kimi qəbul edirlər. Qərb isə elə hey təbiətə nəsə sırımağa çalışır, nəsə qurur, dü­zəl­dir, tikir, toxuyur ki, qocalmasın.

Keçid vaxtı gələndə, həyat dövrünün birindən di­gə­rinə adlayanda insanda qəribə hal baş qaldırır. Şam kimi yanıb bitdiyini hiss edir və bir azdan alovunun ta­mamən sönəcəyini anlayır. Heç kəs ölmək istəmir.

Tibb elminə yaxşı məlumdur ki, insanlar çox vaxt ölüm­qabağı birdən-birə durub otururlar və tam sağlam görünürlər. Onların bütün xəstəlikləri yox olur. Bu son cəhddi, ölümə güc gəlmək üçün verilən son təp­kidi. Ölən insanın yaxınları mutlu olur, xəstəliklər bir­dən geri çəkildi, insan sakitləşdi. Heç ağıllarına da gəl­mir ki, bu, ölüm əlamətidi. Xəstəlik yox olur, çünki öz funksiyasını yerinə yetirib, insanı məhv edib. Sonuncu sıçrayış bioloji dəyişikliyin ifadəsidi.

Seksdə də belədi. O vaxt yersiz olur ki, onun haq­qın­da çox düşünürsən. Nə vaxtsa birdən-birə böyük sıç­rayış baş verir! Cinsəl duyğuların baş qaldırır. Necə olur bu? Nədən yaranır cinsi istək?

Ziqmund Freydin və onun davamçılarının öyrət­dik­lərinin yarısı doğrudu, yarısı yox.

Cavanlıq dövrü keçəndə insanın hormonları sa­kit­lə­şir, seksə maraq itir. Psixoanalitikə getsən de­yə­cək ki, seksual istəklərin boğulub ona görə belə olmusan. Mən bu yanaşmanı heç cür dəstəkləyə bilmərəm. Qə­fil­dən gələn bu coşqu, sadəcə, keçid dövrünün tə­za­hü­rüdü.

Bir müddət səbirlə gözləsən keçib gedəcək.

Çünki bilirəm ki, gözlənilmədən ortaya çıxan bu cin­si istək dövr dəyişikliyinin inikasıdı. Dəyişikliklər olan­­da birdən-birə vulkan püskürür və sonra sakit­lə­şir. Sonra daha sakit və daha rahat olursan. Sən ən yaxşı dövrlərini kal yaşamamısansa, yaşa dolduqca müd­rik­­ləşirsən, seks tutmaların azalır. Bu yaxşı əlamətdi. Buna sevinmək lazımdı. Seksual həvəs bir yaşa qədər da­­vam edir. Bundan sonra sakit həyat tərzi başlayır.

(İngilis- Re-spect)

Göz gözü görmür. Səndən başqa Tanrı yoxdu.

Qadının ancaq bədəni lazımlı sayılıb. Buna görə yaşlandıqca, gənclik təravəti itdikcə qadın narahat olur. Elə bilir kişisini itirə bilər. Elə bilir itirsə başqa heç kimə lazım olmayacaq. Qadın ətrafdakıların diqqətini hiss etməyəndə pessimizmə qapılır. Əgər heç kim ona diq­qət yetirmirsə həyatın mənası qalmır. Buna görə də qa­dın öz bədənilə bağlı narahatlıq yaşayır. Kişi qadına ətrafın fikrilə hesablaşmağı öyrədib. Niyə gözəllik yarışmaları yalnız qadınlar arasında keçirilir? Qadının buna qarşı çıxmaq heç ağlına da gəlmir.

Niyə kişilər arasında keçirilmir bu yarışmalar? Dünyanın ən gözəl xanımı seçildiyi kimi dünyanın ən yaraşıqlı kişisi də seçilə bilər. Dünya gözəli olduğu kimi, dünya yaraşıqlısı da ola bilər. Niyə seçilmir? Çünki kişi bədəni heç kimi rahatsız etmir. Kişini piy də basa bilər, qarın da bağlaya bilər, amma yenə heç nə olmamış kimi qəbul edilir.

Hətta Uinston Çörçil də ola bilər, yenə də bütün dünya onu belə də qəbul edəcək. Bu formada hakimiyyətdə də ola bilər, baş nazir də işləyə bilər. Qadınsa yox, qadın mütləq baxımlı, arıq, piysiz olmalıdı. Kişi bütün iyrənc forması, eybəcər görünüşüylə hər sahədə çalışa bilər.

Ən gözəl qadınla yatağa girə bilər. Qadın da bunu təbii hal kimi sakitcə qəbul edir. Çünki qadından ancaq bədəni tələb olunub, kişidən yox. Buna görə də qadın qəbul olunmağa çalışır. Kişi qadını tərəvəzə döndərib. Fransada kişi qadına “səni ye­mək istəyirəm” deyir. Nədi bu, almadı, armuddu, nədi? Niyə yemək istəyirsən onu? Hannibaldılar, nə­di­lər bunlar? Səni yemək istəyirəm… yox bir…

Qadınlar da elə bilir ki, bu yaxşı sözdü. Kişi “səni ye­mək istəyirəm” deyirsə çox yaxşıdı. Deməyəndə üzü­lürlər, özlərini lazımsız sayırlar.

Fikirləşirlər ki, vəssalam, həyat bitib…

Hər şeydən əvvəl yaşını ürəklə qəbul eləməlisən. “Hər yaşın öz gözəlliyi var” fikri boş şey deyil. Ger­çək­dən də hər yaş sənə nəsə gətirir, nəsə öyrədir. Hər yaşın özünə xas arzuları, çabaları, ehtiyacları, sevinci olur.

Cavanlığında harmonik, sağlam, doya-doya, meditativ yaşayıbsansa, yaşlılığın da öz gözəllikləri olacaq sə­nin üçün.

Hər yaş təbiətin insana payıdı. Uca dağların zir­və­sindəki qarın gözəlliyi kimi saçlarındakı ağlıq da gö­zəldi.

Yetkinləşdikcə insan gəncliyindəki kimi gah bunun, gah onun dalınca qaçmır.

Ağayana olur, nə istədiyini dəqiq bilir, özü üçün hər şeyi artıq müəyyən etmiş durumda olur, təminatı, qa­zancı özünə yetəcək qədər olur, stabilləşir.

Qadın da eynən kişi kimi bu cür bir yaşlılıq dönəmi ya­şamalıdı. Öz əli, öz başı olmalıdı. Qocalana kimi kim­dənsə asılı olmaq çox pisdi.

Bu məsələdə qadın-kişi ayrı-seçkiliyi olmalı deyil.

İnsan fizioloji köləlikdən qurtulan zaman gəlir sevgi. Əsrlər boyu insanlar qaranlıqda sekslə məşğul ol­mağa üstünlük veriblər. İşıqsızlıqda, bir-birini gör­mə­dən intim yaxınlıq ediblər. Fiziologiya bu qədər çir­kin­ləşdirib münasibətləri.

Bioloji dəyişiklik zamanı sevinmək lazımdı, dəlilik elə­mək yox. Asılılıq hissi insana yaşını normal şəkildə qəbul etməyə imkan vermir. Cinsi istəyin olmaması ayıb bir şey kimi qəbul olunur. O qədər ki, kaftarlar ölənə kimi seksdən əl çəkməyiblər, o qadına, bu qadına, özlərindən xeyli cavan qızlara tamah salıblar, belə bir tərbiyəsizlik “kişilik” sayılıb. Ona görə də kişinin cinsəl istəyi azalanda və ya heç olmayanda bundan narahat olur.

Əslində bu çox təbiidi. Bu baş verirsə sənin daha başqa işlərə, yüksək duyğulara, daha dərin dostluqlara imkanın yaranır. Sən artıq bir yükdən azadsan. Seks yoxdusa bu natamamlıq deyil. Seksi başqa şeylərlə əvəz eləmək olar. Seks heç vaxt – sevgi, seviş, sevinc, ruhsallıq, ilahi bir akt sayılmadığı üçün, fizioloji tələb sayıldığı üçün seksual istəyi ölən insanda cəmiyyətdən asılı, kənardan gələn bir narahatlıq yaşanır.

Çünki seks çox özəl, çox dərin, çox intim proses kimi qəbul olunmayıb bu günə kimi. Seks özünü göstərmək, qadınlardan istifadə etmək, neçə qadınla yatdığınla öyünmək üçün vasitə olub. Buna görə də kişilərin seksual istəyi olmayanda, seksual potensiyadan məhrum olunanda canlarına vəlvələ düşür.

Çünki ömür boyu kal, yarımçıq, cahil qalıblar. Onların tənhalıq, sakitlik, sükunət, xeyir-dua, azadlıq, aydınlıq, yüksəliş kimi mənəvi daddan heç vaxt xəbərləri olmayıb.

(The Invitation)

Plastik cərrahiyyəyə milyardlarla pul tökülür.

Təkcə Amerikada milyardlarla dollar xərclənir buna. Təxminən yarım milyon adam plastik əməliy­yat­la­ra üz tutur. Əvvəllər bu əməliyyatlar yalnız qadınları maraqlandırırdı. Qocalığa yaxınlaşdıqca qadının dəliliyi tutur, cumur cərrahın üstünə. Əməliyyatdan bir neçə vaxt məmnun qala bilər, amma sonra vəziyyət bər­bad olur. Son araşdırmalar göstərir ki, təkcə qadınlar yox, kişilər də plastik cərrahların yanına gedir. Onlar da gənc qalmaq istəyirlər. Nəticədə daxili qoca, də­risi dartılmış bir adam çıxır ortaya.

Amerika mətbuatında 23 yaşlı idmançı haqda oxuduğum məqalə məni xeyli təəccübləndirmişdi. 23 yaşlı idmançı gənc qalmaq üçün plastik əməliyyat elət­dirmişdi. Bunu necə izah etmək olar? Amerika də­­lixanadı. Gənc bir oğlan daha cavan olmaq istəyir. Buna nə ad verəsən? Təbiət qanunlarına qarşı bu cür iy­­rənc münasibət insanlığın cilddən çıxmasıdı.

Təbiətdən zövq almaq: uşaqlıq, gənclik və qocalıq­dan zövq almaqdı. Gözəl ürəyə sahib olmaqdı. Gözəl ürə­yə sahib olmaq təbiət qanunlarını sevə-sevə qəbul etməkdi.

Bildiyimə görə bütün şərq peyğəmbərləri bu mə­sə­lədə məni dəstəkləyir – insan yaşa dolduqca çiçək kimi açılır; ağılsız gəncliyində də, sadəlövh uşaqlığın­da da; dünyəvi təcrübə əldə edib, dağın yüksək nöq­tə­sinə qalxaraq, həyata yuxarıdan aşağıya baxdığı yaş­lılıq, yetkinlik dövründə də.

Bu fakt varkən, hər yaşda cavan qalmaq istəyi dəh­şət­lidi.

Hər kəs bilməlidi ki, özünü gənc qalmağa məcbur edərək insan daha çox gərginləşir.

Plastik cərrahiyə bütün dünyada durmadan şöhrət qazansa insanlar bir-birindən seçilməz olar.

Hamının burnu, ağzı, sifəti bir-birinə oxşayar.

Adamlar eyni konveyerdən çıxmış kimi olar. De­yi­lə­nə görə, “Ford” dəqiqədə bir maşın istehsal edir. Hamısı da bir-birinin surətidi. Plastik əməliyyat adamları “ford” edəcək. Şirkətin qapısından saatda altmış avtomobil çıxır. Gecə-gündüz beləcə istehsal davam edir, iş növbəsi dəyişir, ancaq istehsal prosesi eyni cür davam edir. Saatda eyni cür altmış maşın buraxılır.

Hər yerdə Sofi Lorenə rast gəlmək olar? Bu necə can­sıxıcı gələr.

Uzun müddət yaşamaq və heç qocalmamaq sənə nə verə bilər?

Niyə insanlar qocalmaqdan qorxur? Əslində insan ölümdən qorxur, çünki qocalıqdan sonra ölüm gəlir. Hamı çox yaşamaq istəyir, uzun ömür arzulayır. Qocalmaq – ömür xəttindən bir addım da uzaqlaşıb ölüm xəttinə yaxınlaşmaq anlamına gəlir.

Gənclik xəstəlikdi, ondan hər gün yavaş-yavaş qurtulursan. Qocalıq bu xəstəliyin dərmanıdı. Ona hər gün yaxınlaşırsan. Həyatın bütün qaynar testlərindən keçib hər şeydən azad, tərəddüdsüz ola biləcəyin bir məkana çatırsan. Qərb qocalığın gözəlliyini heç vaxt başa düşməyib. Mən bunu anlaya bilərəm, amma bununla razılaşa bilmərəm. Qərb növbəti ideyanı bayraq edib: problem odu ki, gözəl qadın çoxdu, həyat isə çox qısadı. Ona görə də heç kim qocalmaq istəmir, hər kəs zamanı maksimum uzatmaq istəyir. Mənsə deyirəm: gözəl qadın az, zaman çox olsaydı dünyada daha çox problem olardı. Həyat necə varsa elə də mükəmməldi.

(The Great Pilgrimage): From Here to Here

Ağıl

Kişi və ya qadın olmaq məzmunca nə deməkdi?

Fərq kişi və qadın fiziolojisində yox, psixolojisindədi. Psixoloji baxımdan kişi, fizioloji baxımdan qadın olanlar var və ya əksinə. Zorakı qadın tipi var – təəssüf ki, aqressiv qadınların sayı artır. Feminizm hərəkatının əsasını belə bir qadın obrazı yaratmaq tutur. Əsəbi, dalaşqan, nevrostanik qadın. Dalaşqan qadın qadınsal deyil, qabadı.

Janna D’ark – heç də qadın deyil, amma İsa Məsihin psixolojisi qadındı.

Janna D’ark aqressivdi. İsa aqressiv deyil. İsa deyir: “Əgər bir yanağından vursalar, o birini çevir”. Bu, İsa­nın psixoloji cəhətdən aqressiv olmadığını göstərir. İsa deyir: “Əzablara dirəniş göstərmə”. Hətta bəlaya, əzaba qarşı çıxmaq olmaz! Dirənişsizlik, təpkisizlik – bu mənaca incəlikdi… Bu incəlik – qadınsaldı.

Elm – kişi cinsinə mənsubdu, din – qadın cinsinə. Elm təbiəti fəth etməyə çalışır, din təbiətdə əriyir. Qadın həzinliyin, yumşaqlığın nə olduğunu bilir, bilir ki, ancaq bu şəkildə birləşmək, anlaşmaq mümkündü. Həqiqət axtarışında olan hər kəsin təbiətə qarşı çıxmadan, təpki vermədən, dirənmədən, necə hopmaq, qarışmaq, onunla necə birləşmək, onda necə üzmək lazım olduğunu bilməsi vacibdi. Yumşaldıqca sən me­ditativ olursan, həzinləşdikcə enerjin aqressiyasız olur. Sərtlik, qabalıq itir, yerini sevgiyə verir.

Səni komandanlıq eləmək deyil, sənət, yaradıcılıq özünə çəkir. Qadın psixologiyası budu. Anlayışlı olmaqdı, yumşaqlıqdı. Kişilər indiyə qədər bircə qadını belə başa düşə bilməyiblər. Kimi dindirsən “qadını anlamaq mümkün deyil” söyləyəcək. Kişi psixologiyası isə öyrənilib, araşdırılıb. İndiyədək psixologiya yalnız kişiləri öyrənib. Buna görə də alimlər siçovul üzərində təcrübə aparır. Siçovulların köməyilə elm kişi psixologiyasını aça bilir.

Qadını anlamağa sufilərdən başlamaq lazımdı. Çünki sufi bunun üçün ideal örnəkdi. Onda sən, Basyö (Matsuo Basyö, 1644-1694 – böyük yapon şairi), Rinzay məktəbi, Budda, İsa, Lao-Tszı haq­qında da çox şeyi biləcəksən. Qadını öyrənmək istə­yirsənsə öncə bunları öyrənməlisən. Bundan sonra qadın psixologiyasının dərinliyini dərk edə bilərsən.

(Dhammapada)

Qadın və kişi psixologiyası arasında fərq nədi?

Müasir elm bu yüzillikdə çox mühüm bir kəşf edib: insanın iki ağlının olduğunu tapıb. İnsan ağlı iki yarımkürədən ibarətdi: sağ və sol. Sağ əl sol yarım­kü­rəylə əlaqəlidi – bütün irrasional, məntiqsiz, anla­şıl­maz, mücərrəd, xəyali, romantik, poetik, dini pro­seslər burda baş verir. Sol əl sağ yarımkürəylə əla­qə­lidi – rasional, məntiqi, riyazi, elmi, intellektual pro­ses­lər bu əlaqəyə tabedi. Bu iki yarımkürə arasında həmişə mübahisə olur. Dünyada ən böyük siyasi pro­seslər sənin daxilində gedir. Sən bunu bilən kimi hər iki yarımkürə arasında ortaq nöqtə tapmağa çalışacaqsan. Sol əl sağ yarım kürəylə əlaqədədi.

Xəyalla, mis­tikayla, intuisiyayla, poeziya, dinlə; sol əli tez-tez pis­ləyirlər. Cəmiyyət sağların əlindədi. Onlar üçün şərait yaradılıb. Sol əl sağ yarımkürəylə bağlıdı. Uşaqların on faizi solaxay doğulur və onları zorla sağaxay edirlər. Solaxay uşaqlar əsasən, irrasional, intuisiyası güclü və təmənnasız olur… Onlar cəmiyyət üçün təhlükəlidi, buna görə də onların solaxaylığını cidd-cəhdlə dəyişməyə çalışırlar.

Bu məsələ daxili siyasətin əlində deyil: uşağın solaxay olması sağ yarım kürə üçün təhlükəlidi. Sağçıların maraqlarına ziddi. Güman var ki, əvvəllər solaxaylarla sağaxayların nisbəti əlli-əlliyə idi. Sağlar uzun müddət hakimiyyətdə olduqlarına görə bu fərq doxsanın ona nisbəti oldu. Hətta aranızda çox adam solaxay ola bilər, siz bunu, sadəcə, hiss eləmirsiz. Sən sağ əllə yazırsan, sən sağ əllə iş görürsən, bəlkə uşaqlıqda sağ əllə yazmağa səni zorla öyrədiblər. Bu hiylədi, çünki solaxaylar sağ tərəfi aktiv şəkildə idarə edə bilirlər.

Sol yarımkürə məntiqə əsaslanır, sağ yarımkürə məntiqdən kənara çıxır. Bu biclikdi. Çünki sağ əllə işlə­yən adamlar çoxaldıqca həyat məntiqə əsaslanır, proqramlaşır. Sol əllə işləyən adamlar artdıqca sağ ya­rımkürə işə düşür və insan duyğulu, intuitiv olur. Sən heç düşünmüsən ki, niyə bizi sağ əllə yazmağa öy­rədirlər? Sağ əl sol yarımkürəni işə salır və insan rasionallaşır.

Dünyanın ən məzlum azlığı, solaxaylardı. Zən­ci­lərdən daha çox sıxışdırılıb onlar. İnsanlıq bu bö­lün­mə­ni dərk eləsə hər şey aydın olar. Məsələn, götürək proletariat və burjuaziyanı: proletariat sağ yarım kürəylə hərəkət edir; yoxsul insanlarda intuisiya güclü olur. Sadə insanlarla danışsan görərsən ki, onlarda intuisiya necə inkişaf edib.

İntellekt səviyyəsi nisbətən aşağı ola bilər, bu onun imkansızlığı ilə bağlıdı, amma duyumu güclü olur. Fikrini deməkdə çətinlik çəkə bilər, hesabda zorlanar, bu yoxsulluğuyla bağlıdı. Varlı adamlar sol yarım kürədən istifadə edirlər. Onlar daha ehtiyatlı, bacarıqlı, ağıllı, hesabdar və planlı olurlar. Bu da onların varlanmalarına səbəb olur.

Bütün bu deyilənlər qadınla kişiyə də uyğun gəlir.

Qadın sağ yarımkürədən istifadə edir, kişilər sol. Kişi qadına əsrlər boyu başqanlıq edib. İndi bəzi qadınlar buna qarşı çıxır. Ancaq bu qadınların bildiyimiz qadın tipinə uyğun olmaması adamı çaşdırır. Onlar qadından çox kişini xatırladırlar: rasional, davaya meylli, hesabdar. Çox güman ki, Rusiya, Çin bəlkə Amerikanın harasındasa inqilab baş verəcək və qadınlar kişiləri sıxışdırıb hakimiyyətdən uzaqlaşdıracaqlar.

Ancaq qələbəyə qədər onlar artıq qadınlıqdan çıxacaqlar. Onlar sol yarım kürədən istifadə edəcəklər. Savaşmaq üçün, hesablamalar aparmağı bacarmaq lazımdı, kişilərlə vuruşmaq üçün onlar kimi aqressiv olmaq lazımdı. Qadın azadlıq hərəkatından məhz bu aqressivlik yağır. Zəriflik getdikcə itir, yox olur. Halbuki qadınlar intuisiyayla, zərif duyğularla doğulurlar.

Mübarizədə gərək özünü düşmən kimi aparasan, qəddar, planlı, acımasız olasan. Bəşəriyyətin ən böyük problemlərindən birinin əsası qoyulub. Qadın kişinin düşməninə çevrilir. Getdikcə kişiyə oxşayır, bənzər üsullara əl atır, analoji taktikadan istifadə edir – qəddarlaşır, aşağılayır, acımasızlaşır. Düşmənə qalib gəlmək olar, amma qalib olana qədər sən özünə məğlub olursan. Özünə düşmən olursan…

Yalnız zahiri detallar dəyişir, dərindəki savaş, münaqişə dəyişmir. Konfliktin çözümü içəridə, iki yarımkürənin tən ortasındadı. Konflikt itmir, aradan qalxmır. Konflikt daxildə, dərinlikdə həllini tapmalıdı. Əks halda sənin üzdə qalib olmağının mənası yoxdu. Üzdəki başarı səni dəyişir, qadınlıqdan çıxırsan.

Arada kiçik bir körpü var. Əgər hansısa hadisədən, fizioloji deffektdən və ya hansısa başqa səbəbdən dağılsa, insan şüuru haçalanacaq, insanda ikiləşmə baş verəcək. Bu, qondarma, şizofrenik kimlik olacaq. Körpü dağıla bilər – o çox həssasdı – haçalanmaya meyllidi. Bu zaman sənə elə gələcək ki, iki nəfərdən ibarətsən. Səhər sevimli olacaqsan, axşam acıqlı – baş verənlər yadında qalmayacaq. Qala da bilməz. İki insan yaşayır səndə. Biri olanda, o biri olmur. Biri o birini tanımır. O biri tamam ayrı adamdı. Onun elədiklərini yalnız özü xatırlayır.

Körpü o qədər güclənməlidi ki, iki tərəf möhkəm birləşə bilsin. Kristallaşma yaransın. Georgiy Gürcüyev (Georgiy Gurcüyev – 1866-1949; filosof-mistik, okkultist, bəstəçi. Atası Gürcüstana köç etmiş yunanlardan, anası erməni olub. Ermənistanda doğulub) bunu “kimliyin kristallaşması” adlandırırdı. Kristallaşma baş­qa bir şey deyil, iki ağılın, iki düşüncənin, iki dünyanın, İn və Yanın, iki ruhun, sağ yarım kürəylə sol yarım­kürənin – qadınla-kişinin görüşüdü, məntiqlə irra­sionallığın görüşü, Platonla Aristotelin görüşüdü.

Sənə içində və çölündə tüğyan edən bütün ha­di­sə­lərin səbəbi aydın olacaq. Qadın zəkasında incəlik var, kişidə – səmərə.

Haçalanmanın, ikiləşmənin səbəbini anlayan kimi bü­tün yollar açılacaq. Düyün çözüləcək. İçində və çö­lün­də baş verən konfliktin səbəbi də, çarəsi də sənin üçün tam aydın olacaq.

Qadın ağlı incədi. Kişi ağlı effektivdi. Bunlar arasında sonsuzadək savaş olsa incəlik məhv olacaq, effek­tiv­lik qələbə çalacaq. Çünki dünyada hər şey effektə he­sablanıb, sevgiyə yox. Bu da o deməkdi ki, dünyadan incəlik silinəcək, sevgi, duyğusallıq itib gedəcək. İki tərəfdən biri qələbə qazansa hakimiyyəti bir tərəf əlinə alacaq. İnsan ancaq effekt axtaracaq, hesabdar ola­caq. Duyğusuz olacaq. Təsəvvür edirsən, tamamilə duy­ğusuz bir varlığa çevrilsən nə günə düşərsən? Maşına, robota dönərsən.

Demək ki, bu iki güc, bu iki dünya, bu iki kürə bir-birindən ayrı yaşaya bilməz. Onlar bir-birilə əlaqədə olmalıdı. Ancaq bir yerdə də yaşaya bilmirlər. Arada həmişə savaş var. Mənim anlayışım belədi:

Mübarizə bayırda deyil, içəridə gedir. Sol yarım kürəylə sağ yarımkürə arasında bağ yaratmalısan. Yox­sa savaş bitməyəcək. İkisi də var olmalıdı. Birini boğsan, o biri səni məhv edəcək. İkisi də eyni dərə­cə­də, eyni bərabərlikdə harmoniyada olmalıdı. Siz tarazlıq yaratmalısız. Yalnız bu zaman sevgi yarana və yaşaya bilər.

Bütün ailələrdə münasibətlər demək olar ki, eybə­cərdi. İstisnalar çox azdı. Əvvəlcə hər şey çox gözəl olur, sonra ört-basdır edirsən, axırda reallıq dirənib üzə çıxır. Məlum olur ki, siz heç ailə-filan deyilsiz. Bir-birinə dözən iki ayrı insansız. Ailə münasibətləri hər iki tərəfi elə yorub əldən salır ki, adamlar həyat eşqini itirirlər. Narazılığın, mutsuzluğun ucu-bucağı görünmür. Homoseksuallığın yaranma səbəblərindən biri də budu. Kişi-qadın münasibətləri qaydasına düşmür deyə homoseksuallıq yaranır.

Cinslər bir-birindən küsür. Sevgi münasibətlərində tamlıq, məmnunluq yaşanmır. Yalnız acı, üzgünlük, əzab olur. Və insanlara elə gəlməyə başlayır ki, onu yalnız öz cinsindən olan adam başa düşə bilər. Qadınlarda lesbiyanlıq da çox vaxt belə yaranır. Dərin mənəvi böhran qadını kişidən uzaqlaşdırır. Bəlkə də hardasa mənəvi rahatlığını tapır, hardasa… amma bu da lazım olan deyil. Çünki qarşılığını çox ağır ödəməli olur. Bu ona gözəlliyi, zərifliyi, qadınlığı bahasına başa gəlir. Qadınlığını ödəyib balaca bir rahatlıq tapır. Və bu rahatlıqda o heç vaxt özünü əsl qadın kimi hiss eləmir…

Ailə quran kimi sən boşalırsan. Boşalan kimi ger­çək­lər ortaya çıxır və konflikt yaranır. Zahirən ailə hə­yatı gözəl görünə bilər. Amma yaxınlaşdıqca oazis bu­xarlanmağa başlayır, yoxa çıxır. Nikah bağı mənəvi həbs­xanaya salır səni. Bu həbsxanaya səni tərəfdaşın salmır, ora özün düşürsən. Sol yarım kürəylə yaşasan həyatda uğurların çox olacaq. Amma qırx yaşına çatanda səndə xora xəstəliyi yaranacaq.

Qırx beşdə ən azı iki infarkt keçirəcəksən. Əlli yaşına çatanda demək olar ölü olacaqsan. Bəlkə də çox yaxşı bir alim kimi tanındın, amma uğurlu insan ola bilməyəcəksən. Xeyli sərvət də toplaya bilər insan, ancaq bu həqiqi dəyər deyil. Hətta Makedoniyalı İskəndər kimi bütün dünyanı fəth edə bilər, iç dünya isə fəth olunmayacaq. Özünü kəşf edə bilməyəcək. Mənəvi dünya maddi dəyərlərdə, evlərdə, avtomobillərdə, pulda, hakimiyyətdə, nüfuzda tapılmır.

Sol yarımkürədə cəmləşən maddi dəyərlər çoxdu. Hindistanda maddi predmetlərə bağlı olan adama qrusta və ya köşkbaz deyirlər.

Həyatı həndəsi yolla da yaşamaq olar. Ancaq başqa yol da var – xəyal…

Dünən sən məndən soruşdun ki, mələklər, pərilər mövcuddu?

Bəli, mövcuddu. Sağ yarım kürə dominantlıq edərsə sehr də, pərilər də olar…

Bütün uşaqlar sağ yarım kürəylə yaşayırlar. Onlar hə­mişə ruh, pəri, mələk görürlər. Ancaq sən həmişə uşağı bundan uzaqlaşdırmaq istəyirsən. Sol yarım kü­rə­yə doğru itələyirsən. Uşaq gözünə nəsə göründüyünü deyəndə gülürsən, ələ salırsan. “Heç nə görünmür axı, sənə elə gəlir” deməklə uşağı zaman-zaman inan­dırırsan ki, onun gözünə doğrudan da heç nə gö­rün­məyib.

Əslində, uşaq ruhlar, xəyallar dünyasını görür. Hə­min dünyada yaşayır.

Sən onu xəyallar dünyasından qoparırsan. O sənin dün­yanda yaşamağa məcbur olur. Sənin boz, cansıxıcı dün­yanda…

Sözsüz ki, bu tərbiyəylə böyüyüb yaxşı riyaziyyatçı da olacaq. Amma heç vaxt rahatlıq tapmayacaq. Hə­qi­qi kimliyindən uzaq düşəcək. Getdikcə əşyaya, bazar məhsuluna çevriləcək.

Necə ki, milyonlarla insan nə istədiyini bilmədən, rahatsız və gərgin bir həyat yaşayır. Cəmiyyətin gö­zün­də uğurlu olursan, sayılıb-seçilirsən.

Bəs öz gözündə kimsən, necəsən?

Əslində ruhunda nələr baş verir? Xoşbəxtsənmi?

Cəmiyyətin xoşuna gəlməyə çalışdıqca insan öz gö­zün­dən düşür. Çünki özü xoşbəxt olmur, xoşbəxtliyi oyna­yır. Sannyasin – xəyallarda yaşaya bilən, xəyallar qura bilən adamdı.

Həyatı alqışlayan adamdı. Onun üçün kiminsə nəsə deməsi, nə düşünməsi heç bir önəm daşımır. O, belə adamları heç görmür də. O, ağacları daha yaşıl görür, quşlar daha gözəl cəh-cəh vurur; onun üçün ətrafda var olan hər şey parıldayır, işıq saçır. Çaylaq daşı onun üçün almaza çevrilir. Onun üçün həyatda adi heç nə yoxdu. Sağ yarımkürənin köməyilə həyata baxır, həyat onun üçün müqəddəsdi, ilahidi.

İki dost sağ tərəfdən gəlib kafedə çay içir. Biri fincana baxıb köks ötürüb deyir:

– Bilirsən, həyat çay süfrəsinə bənzəyir.

Dostu bir az fikirləşib soruşur:

– Niyə? Niyə həyat çay süfrəsinə bənzəyir?

– Mən hardan bilim, filosofam?

Beynin sağ yarımkürəsi yalnız faktları təsdiq edir, izah verə bilmir. “Niyə?” Cavab yoxdu. Təsəvvür et ki, gəzinti zamanı şanagülü görürsən. “Necə gözəldi” – qışqırırsan. Kimsə soruşsa “niyə?” – cavabın olma­ya­caq. Bunun çox sadəcə cavabı var: “Nə bilim”. Amma bu özlüyündə tam, bitmiş bir cavabdı. İzaha, yo­ruma gərək yoxdu. Burda fakt həm də öz təsdiqini ifadə edir. Sadəcə, gözəldi…

Sağ yarımkürə – Yer kürəsinin poeziya, sevgi hissəsidi.

Dəyişiklik etmək zamanıdı. Bu dəyişiklik – daxili transformasiyadı.

(Ancient Music in the Pines)

Qadın ağlıyla bağlı söhbəti davam edə bilərsən?

Qadın ağlının iki cəhəti var: mənfi və müsbət. Müs­bət cəhəti – sevgidi. Mənfi cəhəti – qısqanclıqdı. Müsbət yanı – bölüşməyi bacarmasıdı, mənfi yanı – sahibkarlıq hissidi. Müsbət tərəfi – gözləməyi bacarmasıdı, mənfi tərəfi – süstlüyüdü. Əslində, gözləmək kimi görünən də elə süstlükdü.

Kişidə də bu ikili cəhət var. Müsbət tərəfi – biliyə ma­rağıdı, axtarışa meylli olmasıdı, mənfi tərəfi – şüb­həli olmasıdı. Şübhəsiz axtarışda olmaq mümkünmü? Bu pozitivizm adlanar.

Bir məqam da var. Heç nə axtarmadan oturub eləcə şüb­hələnmək işə yarımaz. Kişinin daha bir müsbət cə­hə­ti var: o, rahatlıq axtarır; amma tapa bilmir və bu, mənfi keyfiyyətdi. Kişi ipə-sapa yatmır deyə özünü nev­rozla identifikasiya eləyir.

Bundan dincliyə gedən yol kimi, tramplin kimi istifadə etmək olar. Elə edə bilərsən ki, bütün ne­qa­tiv­lər pozitivə xidmət etsin. Meditasiyaya vara biləsən.

Neqativliyə çox fikir verdikcə yaxşı heç bir nəticə əldə etmək olmur. Yaxşı şeylərə – pozitivlərə diqqət yetir, uğurlu sonuclar gözləyir səni.

Kişi və qadın buna yer verməlidi. Ayrılmazlıq zamanı çatacaq, bir bütün yaranacaq, simfoniya çalınacaq, barış, birlik olacaq. Hər şey səs-səsə verəcək, gurultu qopmayacaq, əksinə, yaşam ritmi əmələ gələcək, rəng qatılacaq.

(The Mustard Seed: My Most Loved Gospel on Jesus)

Kim daha ağılsızdı – qadın, ya kişi?

Sənə belə bir lətifə danışım:

Kişi qadından soruşur:

– Allah sizi niyə belə gözəl yaradıb?

Qadın deyir:

– Siz bizi sevə biləsiz.

– Bəs sizi niyə belə ağılsız yaradıb?

– Biz sizi sevə bilək.

Əslində axmaqlığın cinslə heç bir bağlılığı yoxdu. Bütün formalarda və ölçülərdə, istənilən növdə və cinsdə axmaqlıq tapmaq olar.

(Take It Easy)

Qadınlar kişilərdən cəsarətlidi?

Şübhəsiz. Kişilər yalnız qısqanclıq hiss edə bilir… On­ların cəsarəti yoxdu. Qadın böyük bir sevgiyə qa­dir­di, çünki məntiqlə deyil, dupduru hisslərlə və ürək­dən yaşayır.

Ürəyin yolu gözəldi, amma təhlükəlidi. Ağılın yolu gözəl deyil, amma təhlükəsizdi. Kişi ən təhlükəsiz və ən qısa yolu seçir. Qadın ən gözəlini və təhlükəlisini se­çir. Qadının yolu emosiya, hiss, ovqat yoludu. Bu ona hədsiz iztirablar gətirir, çünki kişi bu günə qədər onu həm də qaydalarla hasarlayıb. Qadın kişi cə­miy­yə­tinə heç cür yazıla bilməyib. Bu cəmiyyət intellekt və məntiq əsasında yaradılıb. Bu cəmiyyətdə ürəyə yer yoxdu. Ürək bu cəmiyyətdə kül olub havaya sovu­rulur.

Ürəyinin səsilə yaşayan qadının bu cəmiyyətdə yeri yox­du. Onu burda ancaq və ancaq əzablar gözləyib hə­mişə. Kişiyə daha səmimi olmağı öyrənmək lazımdı, daha içdən, daha ruhsal olmalıdı kişi. Bu ge­diş­lə dün­yanı qlobal intihar bürüyəcək. İntellekt, tex­­niki uğur­lar ekologiyanı, təbiətin harmoniyasını məhv edib. Kişi gözəl maşınlar yaradıb, amma bə­şə­riy­yə­tin gözəlliyini məhv edib. Şəxsən mənə qalsa, iddia edi­rəm ki, daxilin, təbiətin ürəyə daha yaxındı. Əl­bət­tə, ağıl çölə aparan ən qısa yoldu. Ürək daha uzun yoldu.

Ax­tarışlara olan həvəsin səni bu qısa yola yönəldib. Bu da səni ürəkdən tam uzaq salıb. İçəri aparan yola üz tutsan çox şey dəyişər həyatında. Qəlb – sevgiyə aparan ən qısa yoldu. Bu yolu getməsən heç vaxt sevginə qovuşa bilməyəcəksən, heç vaxt meditasiya edə bilməyəcəksən. Hər şeydən öncə öz dünyana varmalısan, içində sonsuzluq, zamansızlıq yaratmalısan ki, kənar uğurlar sənə rahatlıq gətirə bilsin.

Mən sevginin tərəfindəyəm!

Öncə içində bir mənəvi səbəb axtarıb tap. Qadın ürək­dən asanlıqla başlaya bilər. Kişi də eynən. Sadəcə, kişini doğru yönləndirməyiblər heç vaxt. Kişini xurafatla bəsləyiblər. Ona yalandan deyiblər ki, kişi sərt ol­malıdı, qısqanc, kobud olmalıdı. Bütün bunlar nonsensdi. Kişilər ağlamır. Uşaqlıqdan onlara öyrədirlər ki, kişi ağlamaz, yalnız qadınlar ağlayar, o da elə bilir düz deyirlər.

Ağlamayan adam necə olar? İnsan necə ağ­lamaz? Göz yaşı vəziləri hər iki cinsdə də var və eyni cürdü. Necə olur ki, qadın ağlaya bilir, kişi yox? Ana­loji fərq yoxdu axı, göz yaşı vəzisi ikisində də eynidi. Heç nəylə fərqlənmir.

Ağlamaq lazımdı! Göz yaşları – bu, çox mühüm ün­siy­yət vasitəsidi, xüsusi dildi. Məqamlar olur ki, sözlə ifadə etmək mümkün olmayan hissləri göz yaşıyla ifadə edirsən. Heç kim sənə demir bütün günü zırılda. Çox həssas, çox duyğulu anlar yaşanır. Kişi bu zaman di­şini barmağına sıxıb durur ki, ağlamasın. Niyə? Sən adam deyilsən? İnsan deyilsən?

İnsan emosiyalarla dolu bir varlıqdı. Hanı sənin emosiyan, hara dürtüb gizlədirsən onu? Emosiyasını gizlədən adam aqressiv olur, it kimi qapır. Ona görə kişilər belə aqressivdilər. Kişinin özünü dəli kimi aparmasının əsas və önəmli səbəblərindən biri budu – bu məxluq ağlamır, özünü boğur.

Stress toplanıb üst-üstə yığılır və zaman-zaman partlayışlar baş verir. Bəzən özü də anlamır ki, burda niyə bağırdı, niyə belə mənasız qəzəb sərgilədi.

Buna görə də qadınlar kişilərdən daha dözüm­lü­dü­lər. Onlarda dəli olma faktları nisbətən azdı. Qadınlar kişilərə nisbətdə intihara meylli deyillər, cinayətə meyl­li deyillər, infarkta meylli deyillər.

Kişilərdə intihara meyl qadınlardan iki dəfə çoxdu.

Çox qəribədi ki, qadın intihar haqda kişidən çox da­nışır, amma özünü öldürənlərin arasında kişilər iki dəfə çoxdu.

Dəhşətlisi kişilərin geydirmə, qondarma maskanı taxıb hisslərini, emosiyalarını boğaraq yaşamağa da­vam etməsidi.

Bütün bunların sonu gəlir. Kişi də artıq normal insan kimi öz emosiyalarını üzə vurmağı, ürəyilə yaşamağı öyrənəcək.

Ürəkdən yan keçmək imkansızdı. Qadın həmişə ürə­yilə yaşadığı üçün kişidən qat-qat ürəklidi.

ÜRƏKLİ!

Qadının bu bacarığını, bu gözəl cəhətini alqışlamaq əvəzinə kişilər həmişə onu buna görə qınayıblar. Guya ürəklə yaşamaq, sevmək və sevgi uğruna hər şeyə hazır olmaq ayıb bir şeydi.

Hə, yəqin ki… sevgiylə nazir olmursan axı, nəyə la­zımdı.

Get nazir ol, rahatlıq da tapacaqsanmı?..

Bu səni xoşbəxt edəcəkmi?

Gərək qadın kişi kimi məntiqlə, hesab-kitabla, ölçüb-biçməklə müəyyən eləsin sevmək olar, ya yox.

Heç bir məntiq sevgidən üstün ola bilməz!

Məntiq qaniçəndi, zalımdı, insafsızdı.

Məntiq acgözdü.

Kişi qadını döyüb, əzib, susdurub. Kişi qadına qan uddurub tarix boyu.

Və heç ağlına da gəlməyib ki, qadını zədələməklə özünü də zədələyir. Çünki qadın-kişi bir tamdı. Bir hissə sıradan çıxdısa, yaralandısa, bütün orqanizm əziy­yət çəkir.

Kişi də əziyyət çəkib. Ancaq niyəsini başa düşməyib. Başa düşməyib ki, ona görə belə ağrıyır ki, bir hissəsi, yarısı yaralıdı və bu yaradan qan damır.

Nifrət – sevginin o biri üzüdü. Qısqanclıq – sevginin digər tərəfidi. Qadın nifrətdən, qısqanclıqdan uzaq dursa bütün gözəlliyi özünə qayıdar. Qısqanclıq sevgini öldürür, zəhərləyir. Özünü zəhərlədinsə ətrafını da zəhərləyəcəksən. Sənə yaxın düşməyə qorxacaqlar. Sevginin anlayışa ehtiyacı var. Qısqanclıq qəzəb do­ğuran hissdi, qısqanclıq gərginlik yaradır. Bu, sevgini uçuruma aparır. Bu cür sevgi zirvəsinə çatmaq müm­kün deyil. Buna görə də çox qadın sevilə bilmir, im­kan vermir onu sevəsən.

Yaxınlaşan kimi aqressiya yayılır ondan. Ola bilsin, bu səbəbdən kişi ağılla yaşamaq qərarına gəlib. Ürəyi susdurub. Ürəklə yaşayan adamın asanlıqla xətrinə dəymək olar – axı bu onun əh­valıyla birbaşa əlaqəlidi. Önəmli olan budu – qıcıq, qıs­qanclıq, qəzəb sevgini yerlə bir edir. Sevgini qorumaq üçün həzinliyini qoru. Sevmək sənətdi. Sevgi özü sənətdi. Bu sənətə yalnız ürəklə, sakit havayla, qə­zəbsiz, kinsiz yiyələnmək olar.

Kişi məntiqdən, qadın qısqanclıqdan imtina elə­mə­lidi sevginin kosmik aurasına düşmək, ləzzətini dad­maq üçün. Sevgili ola bilmənin tək yolu budu.

Təcrübə, iş, qazanc da önəmlidi. Amma tək bununla məşğul olan insan ruhani münasibətlərdən uzaq dü­şür. Kişi məntiqdən iş, karyera aləti kimi istifadə edib sonra onu kənara qoymalıdı. Gecə-gündüz hesabcıl olmaq daxili dünyanı darmadağın etməkdi. Qa­dın fikirləşməlidi ki, qısqanclıq, nifrət, qəzəb onu uçu­ruma düşürəcək. Sevgi qadının böyük sərvətidi, qısqanclıq bu sərvəti məhv edir.

Və hər iki həyatın ortaq yeri sevgi olsa, hər ikisi güclü varlığa çevrilər. Bu əsl çevriliş olar. Siz sevgi adlı məbədin qapısından içəri əl-ələ tutaraq girəcəksiz. Siz gerçəkdən… sevişəcəksiz.

Qadın sevərkən hər şeyini – şəhərini, anasını, atasını, dostlarını tərk etməyə hazır olur. Hər şeyi sevgiyə qurban verməyə hazır olur. Kişi belə deyil. Əslində əksinə olmalıdı. Çünki kişi qadın üzərində üstünlüyünü iddia edir. Buna görə məhz o, qurbanlar verməlidi. Çünki o güclü olduğunu iddia edir, o özünü üstün sayır, Deməli, o da hər şeyindən vaz keçmək gücünə sahib olmalıdı. Hər şeyi atıb sevdiyi qadını tutmalıdı. Ancaq bəşəriyyət tarixində belə bir fakt olmayıb. Heç bir kişi valideynlərini, evini, ətrafını, tanışlarını tərk etmir.

Yeni torpağa ayaq basmağa, yeni atmosferə düş­mə­yə can atmır. Ancaq qadın buna gedib həmişə.

Belə çıxır ki, qadın kişidən cəsarətlidi. Ana öz övladına elə bir sevgiylə bağlanır ki, heç bir ata bu sevgiyə qadir deyil. Qadın ərinə elə bir sevgi verir ki, heç bir ər arvadına bu sevgini vermək bacarığına sahib deyil. Hətta balaca qız olanda da qadın elə sevir ki, heç bir oğul valideynini bu cür sevə bilmir. Kişi üçün həyat böyük anlam daşıyır. Sevgi bu anlamın içində kiçik yer tutur.

Kişi sevgini hər şeyə – pula, vəzifəyə, nüfuza qurban verə bilər. Qadın bütün bunları sevgiyə qurban verə bilər. Qadının ruhunu heç nəylə tutuşdurmaq müm­kün deyil. Kişi çox şeyi ondan öyrənməlidi. Biz bir-birimizlə dərindən qarşılıqlı ilişkilər qura bilsək – söhbət seksdən getmir, intim yaxınlıqdan, bir-birini kökündən dərk etməkdən, duymaqdan gedir – sevgililərarası münasibət ruhani hal ala bilər. Hər ikisi mənən zənginləşər. Deməli, bütün cəmiyyət zənginləşər.

(Socrates Poisoned Again after 25 Centuries)

Qadınlar niyə birləşə bilmirlər? Niyə onlar arasın­da birlik, dostluq yoxdu? Tək səbəb rəqabətdi. Qadın­la­rı bir-birilə düşmən edən kişilərə olan manyakca mü­nasibətləridi. Kişiyə olan heyranlığı qadını öz həm­cins­lərinə düşmən gözüylə, rəqib gözüylə baxmağa vadar edir. Uğurlu qadın öz həmcinslərinin həsədinə, paxıllığına səbəb olur. Geyimi, bəzək əşyaları, sürdüyü maşın onlarda qısqanclıq hissi doğurur. Qadınlar hamısı azad və varlı olsaydılar bu qədər paxıl olmazdılar bir-birinə qarşı. Onların paxıllığı köləlikdən doğur.

Onlar kişidən asılı, kölə həyatı yaşadıqları üçün azad və uğurlu qadınlara həsəd aparırlar. Bu həsəd düşmən münasibətinə qədər gedib çıxır. Buna görə də qadınlar vahid gücə çevrilə bilmir. Qadınlar azad olsalar onlar arasındakı düşmənçilik aradan qalxar. Onlar birləşər. Kişilər gizlində buna həmişə əngəl olmağa çalışıblar. Qadınların birləşməsi təhlükəlidi onlar üçün. Onlar birləşib hakimiyyəti ələ ala bilər. Baxın, siz necə bir-birinizə nifrət edirsiz. Ancaq biz belə deyilik. Biz bir-birimizə nifrət etmirik.

Bunu yadda saxlayın. Belə düşmənçiliklə sizin hə­ya­­tınızda bir ər olacaq, amma heç vaxt bir kişiniz olmayacaq.

(Joshu): The Roar Lion’s

Qısqanclıq nədi?

Qısqanclıq – psixoloji cəhalətdi. Qısqanclıq – insanın nə özü haqqında, nə də başqası haqda bilməsidi. Qısqanclıq – təcrübəsizlikdi, bilgisizlikdi. Kiməsə elə gələ bilər ki, hər şeyi bilir. Əslində, heç nə də bilmir. Sevgi, insan, ilişki haqda anlayışı yanlışdı. “Sevgi” adı altında insanlar nə başa düşürlər?

Sahibkarlıq, inhisar, özəlləşdirmə! Sadə bir faktı anlamırlar: Qarşında canlı bir varlıq var, ayrı bir insan, dipdiri bir adam var. Niyə onu əlaltı eləmək istəyirsən? Kiməsə ağalıq etmək onu köləyə çevirməkdi. Ağa varsa kölə də var. Kölə varsa demək azadlıq hissi ölüb, demək insanın mahiyyəti ölüb, insan ölür, məhv olur. Adam adama sahib olmaq istəyirsə bu xəstəlikdi, anormal bir hissdi. Niyə kimsə kiməsə sahib olmalıdı?

Kimisə yumruq altında saxlamaq olmaz. Kimdənsə yapışıb qalmaq olmaz. Əgər onu əldə etmək istə­yir­sən­sə, əllərini geniş açmalısan, sıxıb dayanmamalısan. Tamam, sənin evdə bir kölən olacaq, amma qadının olmayacaq, kişin olmayacaq.

Əsrlər boyu hər şey tərsinə baş verib: Xurafatdan do­ğan qısqanclıqla sevgini ayıra bilmirik. Sevgi və qıs­qanclıq bizim üçün eyni şey deməkdi. Adamlara elə gəlir ki, sevirsənsə qısqanmalısan. Qısqanmırsansa sevmirsən. Qadını qısqanmasan narahat olur, elə bilir sevmirsən. Sevgiylə qısqanclıq qarışıb, aləm bir-birinə dəyib. Əslində bu, iki bir-birinə tamamilə zidd olan hisslərdi. Ağıllı adam, zəkalı adam, ruhu zəngin adam gic-gic qısqanclıq səhnələri düzəltməz, qısqanmaz. Ağıl sahibi sevgini bilir, o, qısqana bilməz.

(Sermones in Stones)

Qısqanclığın əsiri olmamaq üçün mən ona soyuq və ayıq gözlə baxdım və bu eyforiyadan qurtuldum.

Afərin! Mənim üçün bir nömrəli əxlaqsızlıq – qıs­qanc­lıqdı. Bütün təlimim də elə bunun üstündə qurulub.

Bir problemi həll etmək istəyirsənsə ona mümkün qədər soyuq başla və dimdik bax. Güzgüyə baxdığın kimi…

Özümüzü aldadaraq, səbəblər uyduraraq biz əs­lin­də heç bir problemi kökündən həll etmirik. Üzdə nə­yi­sə yoluna qoymuş görünə bilərsən, özünü yalançı əsas­larla yatırda bilərsən, amma zamanla eyni problem yenə qaynayıb üst qata çıxacaq.

Qısqanmamaq üçün təcrübədən, sınaqdan keç­mə­lisən. Özünü sınamalısan, yoxlamalısan. Bu təcrübə çox önəmlidi. Georgi Gürcüyev şagirdlərinə tamamilə də­yişməyə kömək edirdi. İnsan energetikası ilə işlə­yir­di. Energetika insanın bir nömrəli düşmənidi. Əgər o transformasiya edilmirsə, nəyəsə yönlənmirsə dar­ma­dağın olursan. Qısqanclıq pis şəkildə ifadə olunan ener­getikadı. Bu bir nömrəli düşməni yaxşı yerlərə yön­ləndirmək lazımdı.

Heç bir marağa, işə-gücə, sə­nə­tə, hobbiyə sərf olunmayan enerji, əlbəttə, qısqanclıq kimi üzə çıxacaq. Qısqanclığın başqa açıqlaması, bə­raəti yoxdu. Qısqanclığa haqq qazandırsan qalacaq və getdikcə artacaq. Bir gün də partlayıb hər şeyi alt-üst edəcək. Səni də, onu da bütün münasibətləri də da­ğıdacaq. Qısqanclığa haqq qazandırmaq olmaz. Ki­mi­sə günahlandırmaq olmaz. Qısqanclığa görə insan yal­nız özü cavabdehdi.

Qısqanclığın gözünə dik baxmaqla sən gerçəyi görə bi­lərsən. Bu hissin səni nələrə vadar etdiyini, nə hallara qoyduğunu, münasibətlərinizə vurduğu zərbəni görə bilərsən.

Gələn dəfə yenə səndə qısqanclıq baş qaldırsa hə­min dəqiqə onu dərk etməyə çalış, içinə var, anlamağa çalış. İçinə vardıqca, mahiyyətinə endikcə problemin bü­tün qatlarını bir-bir dəf edirsən.

Bütün psixoloji düşmənlərinlə bir nömrəli düş­mə­nin kimi davran.

Bu düşmənlər azdı, onlar tez yox olacaqlar. Enerji qaldıqca problem yaranır. Bu enerjini hara sərf edə­cə­yi­ni düşün. İndiyə kimi bunu qısqanclıqla eləmisən. Enerji bütün bədəninə yayılır. Daha həssas olmusan, sev­giylə dolusan. Enerjinə azadlıq ver:

Rəqs et, oyna, hoppan, sev, əylən, ağlına nə gəlirsə elə.

(The Transmission of the Lamp)

Lütfən, sahiblənmə duyğusundan danış.

Dünyada bir insanı əşya səviyyəsinə endirməkdən dəh­şətli və iyrənc heç nə yoxdu.

Ancaq bir əşyaya sahiblənmək mümkündü. İnsana sahib­lənmək olmaz!

İnsana sevgi, poetika, gözəllik ötürmək olar, ağlını, bədənini verə bilərsən, amma insana yiyələnə bil­­məzsən. İnsanla ünsiyyət qurmaq olar, danışmaq, bö­lüşmək olar, amma münasibəti biznesə çevirmək ol­maz. Dünyada bundan betər heç nə yoxdu. Buna rəğmən bütün dünya bu işlə məşğuldu.

Bu təbiətə qarşı dayanmaqdı. Bu acılar yaşadır. Bi­ri­nə nə qədər sahiblənmək istəyirsənsə bir o qədər azad­lığa can atır. Hər kəsə təbiət azadlıq haqqı verib. Sən kiminsə özəl haqqını, özəl həyatını, dünyasını dağıdırsan. Sən dünyada ən müqəddəs yeri dağıdırsan.

Nə İsrail, nə Məkkə, nə Kaş müqəddəs yerdi. Tək ocaq var bu dünyada. O da insanın özlüyüdü.

Kimsənin bu özlüyə, bu tək sahibi olan özəl dünyaya burun soxmaq, orda hakimiyyət qurmaq haqqı yoxdu. Və heç bir sevgi buna razı da olmaz. Kimisə ger çəkdən, doğrudan-doğruya sevirsənsə heç vaxt de­tektiv kimi gizli, şəxsi evə girmək ağlına gəlməz. Ağ­lına gəlməz ki, qıfılı qırıb içəri dürtüləsən. Ya da açar yerindən gizlincə içəri boylanasan.

Sevdiyin adamın şəxsi həyatına hörmət edirsən.

İndi insanların münasibətlərinə fikir ver. Bütün sərhədləri keçiblər.

Bir-birinin həyatına o qədər soxulurlar ki, hər ikisinin nəfəsi kəsilir. Nədən? Sərbəst, hür insandan qorxurlar. Çünki sabah o başqasını sevə bilər. Adamlar qarşılarına biri çıxan kimi yapışıb qalırlar ondan ömürlərinin sonuna kimi. Əl çəkmirlər. Sevgi əbədi hiss deyil. Sevgi tələsik hissdi.

Yox oldusa yalandan bərabərliyi sürdürüb özünü al­datmağın mənası yoxdu. Sevgisiz birgəlik insan həyatı deyil. Sevgi əbədi də ola bilər. Sonsuza qədər sevə bilərsən. Ancaq adətən belə olmur. Sevgi yaşayan adam xoşbəxtdi. Ancaq bu hiss keçdisə, sən ona minnətdar olmalısan. Çünki bu hiss sənə zamanında çox gözəl anlar yaşadıb. İlahi, qutsal havanı içinə çəkdirib.

Açıq ol və sənə yenə sevgi gələcək. Yenə kimisə sevə bilərsən. Məsələ insanda deyil, məsələ duyğunun özündədi. “Sevgi daim hərəkətdə olmalıdı, onu saxlamaq, qarşısını almaq olmaz. İnsanlar axmaq be­yin­lərilə düşünürlər: “Bu mənim əlimdən çıxsa bir daha sevə bilməyəcəyəm”. Başa düşmürlər ki, ki­mi­sə əldə saxlamağa çalışmaqla əslində sevgisizliyə dü­şürlər.

Onların sevgisi olmayacaq. Kimisə öz kimliyindən məh­rum edib sevmək mümkün deyil. Bu necə olur? Adamı olduğu kimi qəbul edə bilmirsənsə, dəyişməyə, kontrol eləməyə çalışırsansa, özündən asılı duruma salırsansa kimi sevirsən bəs?

Maketi sevirsən? Əgər bu adamın dünyasına girib orda yerdəyişmələr eləmək haqqında düşünürsənsə sən hansı dünyanı sevirsən onda?

Və niyə sən özünə uyğun olan dünyanı axtarıb tapmırsan, diri bir adam götürüb onun üstündə təcrübə keçmək istəyirsən?

Mebeldən sevgi qazanmaq mümkün olmadığı kimi, bir insanın ruhunu, dünyasını, özəlliyini dağıdıb onun maketindən sevgi qazanmaq da mümkün deyil.

Əsl sevgini ancaq azad insandan almaq olar. Həqiqi sev­giyə ancaq azad insan qadirdi. Sevgi azad, rahat mü­nasibətlərdə doğulur. Onu adama yiyələnməyə çalışmaqla məhv etmə. Sevgi məhz iki özgür insan arasında yaranır və möhkəm olur. Sevməklə əslində həm də kiməsə azadlıq verirsən. O, artıq olduğu kimi sevildiyini hiss edib tamamən rahatlaşır.

Kiminsə ərazisinə baş vurmağa çalışma, özün də imkan vermə kimsə sənə bunu eləsin. Sevgi formal mü­nasibətlər olmayanda mənəvi dəyər kimi qalır. Elə ki nikah kağızı, öhdəliklər, məcburlar yarandı, sevgi də­rinlikdən çıxır üst qata, getdikcə itib-batır.

Kimisə özəlləşdirmək hissi mədəni hiss deyil. Ki­misə özəlləşdirmək ehtirası cahillikdi. Evlənirsiz, hər şey dəyişir, əslində bir-birinizi aldatmağa davam edir­siz. Həyatı isə aldatmaq olmur.

Hisslərə sevgi adı verməklə onu sevgiyə çevirmək olmur.

Sahiblənmək hissi sevgidən doğa bilməz. Bu qəd­dar hissdi. Sevgi necə qəddar ola bilər? Bu artıq sevgi yox, nifrətdi. Aqressiya olan yerdə sevgidən söhbət gedə bilməz. Bu artıq mənimsəməkdi. Kompromisdi, razılaşmadı. Adını nə istəyirsən qoy, amma sevgi de­yil. Məsələnin mahiyyətinə vardıqca anlayırsan ki, sevgi və nifrət ayrı-ayrı şeylər deyil. Görünür, bunları ayrı-ayrı sözlər kimi təqdim etmək linqvistik səhv olub. Bu bir nişanın iki üzüdü. Yəqin gələcəkdə bu iki söz arasında “və” bağlayıcısı qoyulmayacaq. Belə ifa­də olunacaq: sevginifrət.

Qısqanclıq qadına çətinliklər yaradır. Sevməyi öyrən­məsə çətinlik getdikcə artır. Getdikcə xoşbəxt­li­yi­ni məhv edir. Kişini əldə saxlamaq tamamilə cəfəng işdi. İmkansız bir şeydi. Kimisə əldə saxlamaq onu da özü­nü də əsəbi xəstə eləməkdi. Sən buna çalışdıqca o da səndən qisas alacaq. Sən onun azadlığını əlindən aldıq­ca boğulduğunu hiss edəcək. Boğulduğunu hiss edən­də adam qurtulmaq istəyir. Qaçmaq üçün an göz­ləyir. Fürsət axtarır canını qurtarsın.

Əsrlər boyu kişi belə yaşayıb. Qadınsa belə yaşama­yıb və bunun bir neçə səbəbi var.

Qadın tez-tez hamilə qalırdı və buna görə də onun mad­di dəstəyə ehtiyacı olurdu.

Kişi bu durumdan öz xeyrinə istifadə etdi. Qadının boy­nuna saf, təmiz qalmağı, sadiqliyi, başqa kişini sev­məməyi qoydu.

Qadının bir kişidən sürəkli uşaq doğması onu hə­min kişidən bütün mənalarda asılı edir. Beləliklə də, qa­dının genetik yaddaşında kişidən asılı olmaq qaldı. Belə bir deyim var: “Kişiyə hər şey olar”.

Kişi qadının ətrafında böyük Çin səddi çəkdi. Mü­səlmanlar əsrlər boyu qadına üzlərini başqasına gös­tər­məyi də qadağan ediblər. Qadın təhsil ala bilmirdi, sevə bilmirdi, kişiylə söhbət etmək belə yasaqlanmışdı. O qədər ki, qadınlar özləri də bunu artıq norma, təbii hal kimi qəbul eləyirlər. Onlara elə yeridilib ki, sanki kişi ilə söhbət etmək və ümumiyyətlə, kişi anlayışı özü ayıb bir şeydi.

Çağdaş dövrdə situasiya fərqlidi. Bu gün qadın da artıq anlayır ki, kişidən qaçıb gizlənmək heç də abır-həya göstəricisi deyil. Abrın bura, ümumiyyətlə, dəxli yoxdu.

Yer üzündə iki cins var və bu iki cins bir-birilə eyni rüt­bədə, eyni səviyyədə, eyni bərabərlikdə ünsiyyət qur­malıdı. Birinin digəri üstündə hakimiyyəti olmalı deyil. Çünki bu dünya hər ikisinə də eyni cür aiddi.

Artıq qadın sevdiyi işlə də məşğul ola bilir, sevə də bilir, seçə də bilir. Və bu çox gözəldi. Onun kişi dostları da var, onlarla gözəl münasibətlər qurur. Müasir dövrün kişisi də artıq əvvəlki kimi vəhşi, cahil deyil. O da anlayır ki, qadınları əsarətdə saxlamaq dünya əhalisinin yarısını yararsız hala salmaqdı və bundan heç kimə xeyir gəlməz. İndi onlar görüşürlər, bö­lü­şür­lər, həyatdan zövq ala bilirlər.

Müasir qadını hamiləlik narahat etmir. Özü qərar ve­rir. Nə zaman hamilə olacaq, neçə uşağı olacaq və bun­lara hər iki tərəf eyni cür yanaşır.

Köhnəlmiş düşüncə artıq təslim olmağa məcbur qalıb. Min illər hökm sürdü və qadınla kişini bir-biri­nin düşməninə çevirdi. Dünyanı aqressiya meydanına çevirdi.

Sənin seçimin var. Partnyorunu əsrlər boyu bütün qadınların elədiyi kimi didişdirməyə davam edə bi­lər­sən. Bu, ancaq onu səndən uzaqlaşdıracaq. Rahat ol­maq üçün yad qucaqlar axtaracaq. Dır-dırdan başını gö­türüb gedəcək.

Alternativ var. Toparlan və cəsarətini yığıb ona de ki, ikiniz də öz qərarınızda, addımlarınızda azad adam­larsız. O istədiyini eləməkdə sərbəstdi. Sən də onun kimi. İkili standart olmalı deyil. Standart hamıya aiddi. Əgər onun başqa bir qadın xoşuna gəlirsə, ki­misə sevirsə gedə bilər. Sən də başqa bir kişiylə ilişki qurub xoşbəxt ola bilərsən.

Sən də başqa birini sevə bilərsən. Əgər qorxdusa, əgər yaranan situasiyanı anladısa həmən deyəcək ki, bu şeylər bir də tək­rar­lan­mayacaq. Bir də eləməyəcəm. Hər halda anlayacaq ki, ikili oyun sənin ürəyincə deyil və sən də seçmək hü­ququndan istifadə edib ondan ayrılıb başqa biriylə xoş­bəxt ola bilərsən. Burda pis heç nə yoxdu!

Mən demirəm ki, kişi nəyisə düz eləmir. Deyirəm ki, ikili standart olmalı deyil. Standart varsa ikiniz üçün də eynidi. Standart onun həyat tərzinə, arzularına, tələblərinə uyğun ayarlana bilməz. Standart standartdı. Bir standart iki tərəfə də eyni cür aiddi.

Hər cütlüyün öz standartları var. Siz bir-birinizə məx­sus olduğunuza qərar verirsiz. Qərarınız monoqam olmaqdı. Bu da çox gözəldi. Əgər ikiniz də bu qərarı sevinclə, ürəklə verirsizsə bu möhtəşəmdi. Yox, iki tərəfdən biri deyirsə: “Mən öz azadlığımı saxlamaq istəyirəm”, o zaman sən də saxla. Bu əzablar nəyə lazımdı? Əzab o zaman yaranır ki, tərəflərdən biri şənlənir, o biri kədərlənir.

Sən də şənlən.

Gələcəkdə qadın ancaq belə hərəkət edəcək. Kişi azad­lığını saxlamaq istəyirsə lap yaxşı. Qadın da sax­la­yacaq. Cəsarətini topla və getməzdən əvvəl ona de: “Belə olacaq, məni qısqanmaq lazım deyil”. Bu halda kişilər daha çox sevirlər, daha çox qısqanırlar, şo­vinizm baş qaldırır. “Mənim qadınım başqasıyla se­vi­şəcək” düşüncəsi onu dəli edir. Bu zaman o, əsl kişi ol­madığını hiss edir.

İki insan bir yerdə yaşamaq qərarı verirsə gərək münasibətlərin öz qaydaları olsun və bu qaydalara hər iki tərəf eyni cür əməl eləsin. Danışığa gəlmək, razılaşmaq lazımdı ki, xaos yaranmasın.

Dünyada o qədər yaxşı, gözəl insan var. Özünü itirmə, tanış ol, insanlarla danış, söhbət elə.

Hər insanın unikal, özəl keyfiyyətləri var. Hər kəs­dən nəsə öyrənirsən, nəsə götürürsən. Ərin varsa bu o demək deyil ki, insan mühitindən aralanmalısan. İnsanlarla ünsiyyətdə olmaq lazımdı. Vəhşi deyilsən ki, cəmiyyətin bir üzvüsən. Dostların, əhatən, yoldaşların olmalıdı. Bu, məgər sənin ərinə olan sevginə mane olur?

Cəmiyyət içində, mühit içində olduqca sən daha təc­rübəli, daha yetkin, daha zəkalı olacaqsan. İnsan psi­xologiyasını tanıdıqca öz şəxsi həyatında səliqə ya­ratmaq asanlaşacaq. Niyə kişidən yapışıb qalasan? Kimdənsə yapışıb qalan adam kal adamdı. Yetkin, ağlı başında, düşüncəli adam heç vaxt heç kimdən asıl­ıb qalmaz. Rahat burax, onu da, münasibəti də, özü­nü də.

Belə bir fikir formalaşıb: guya kişi nə qədər xəyanət edir­sə qadın bir o qədər əzab çəkir. Belə deyil. Bunu heç bir elmi araşdırma təsdiqləyə bilməyib. Kişiyə azad­lıq verirsən. Kimlə istəyir görüşür, sevişir və tanış olur. Və bu halda istənilən kişi tez-tez fikrə gedir: “Bü­tün bunlar nəyə lazımdı? Arvadım da mənə qayğı, sevgi, rahatlıq gətirmirmi?” Əgər cavab müsbətdirsə gec-tez kişi macəralarından əl çəkir.

Ona birdən-birə anlamsız gəlir bütün bunlar. Düşünür: “Xanımımdan bütün bunları ala bilirəmsə niyə dilənçi kimi o qadının, bu qadının dalınca düşmüşəm”. O sənə gəlir, sənə tələsir və bir daha xəyanət etmir.

Əgər sıxıb saxlasan, bu azadlıq olmasa çətin səni düşünə. Əlindən canını qurtaran kimi azadlığın dadını çıxaracaq.

Müasir psixologiya iddia edir ki, nikahı qorumaq üçün ötəri, kənar macəralar ola bilər. Yoxsa ailə həyatı dəhşətli dərəcədə darıxdırıcı olur. Münasibətlərdə təzəlik, tərlik itir.

Eyni seks, eyni söhbətlər. Bütün cazibə itir. Heyranlıq yoxa çıxır. İstədin, istəmədin, insanlar uzun müddət bir yerdə yaşayanda bir-birindən yorulurlar. Ən böyük sevgidə də bu belə olur, ən adi ilişkidə də. Bu halda azadlıq vəziyyətdən çıxara bilər. Adamlar rahat nəfəs aldıqları yerə getmək istəyirlər. Dır-dır ol­­mayan, heç kimin deyinmədiyi, hər kəsin sərhədi, ki­mliyi, özəlliyi qorunduğu bir yerə istəyirlər. Böyük cə­miyyətdə də bu belədi, kiçik cəmiyyətdə də belədi.

Kənardakı flirt münasibətləri qoruyur həm də. Böyük bir boşluq varsa, onsuz da heç bir münasibətdən söh­bət gedə bilməz. Bu halda heç nə kömək etmir.

Kiçik boşluqları doldurmaq olur. Başqa bir adamla ünsiyyət quranda başın qarışır.

Qadınlar buna görə heç kimlə görüşmürlər. Çünki bu halda kişini günahkar çıxarıb beynini deşmək olur. Kişiyə günahkarlıq hissini yaşadanda ona hökmün keçir. Əlinə hakimiyyət keçir.

Başlayır şantaj, gərginlik, ağlaşma, yalanlar, rüşvət.

Nəyinə lazımdı?

Boş ver. Qoy neynir, eləsin. Sən də elə.

Sənin romanın olsa ona baş qoşmayacaqsan.

Sevgidə azadlıq varsa tamamilə yeni bir münasibət dal­ğası yaranır. Əsl gözəllik yaranır. İdarə etməyə çalışma. İdarəçilik konflikt, söz-söhbət, qısqanclıq, hirs gətirir.

Kimisə sevsən sakitləşəcəksən. Sakitlik imkan ve­rə­cək ki, indiki münasibətlərinizə ayıq başla baxasız. Heç vaxt köhnəlməyəcək bu münasibətlər. Sönük, bez­dirici olmayacaq. Bir az cəsarət və belə olduğunu görəcəksən.

(Don’t Look before You Leap)

Bir az da qocalıq haqqında danışsan sənə minnətdar olaram.

Gec, ya tez qocalıq gəlib çıxır. Bizə qocalığın azadlığını anlamaq lazımdı. Biz qocalığın müdrikliyini, onun azadlığını anlamalıyıq. Ağılsız cavanlıq geridə qaldı. Yüksəklikdən baxırıq artıq həyata. Yüksəkliyi du­yuruq. Bu zirvəni meditasiya ilə tamamlamaq olar. Özü­nə sual verəcəksən: niyə gəncliyimi boş yerə sərf etdim? Niyə valideynlərim uşaqlığımı korlayıb? Niyə dün­yada bir nömrəli hədiyyə – meditasiya olmayıb bu günə kimi həyatımda? Niyə o olmayıb, bu olmayıb?..

Meditasiyaya başlamaq heç vaxt gec deyil. Ölümə bir neçə saniyə qalmış belə bunu etmək mümkündü. Həyatını havaya sovurmadığını hiss eləmək üçün meditasiya et. Şərqdə qocalığa həmişə hörmət ediblər. Keçmişdə nəvə-nəticə sahibi olan adamın hələ də seksual həvəsinin olması həyasızlıq sayılardı. Yaşlılıq seksdən bir pillə yuxarı qalxmaq imkanı verir. Sən artıq bu meydanı başqa futbolçulara ötürməlisən.

Yox, mümkün qədər uzun vaxt ərzində bu meydanın hakimi olmaq istəyirsənsə heç vaxt müdriklik zirvəsinə çatmayacaqsan. Sənə həyatın verdiyi bu müdriklik mərhələsini, dadını zövqlə qəbul edib buna görə həyata təşəkkür etmək yerinə hələ də beldən aşağıyla əlləşirsənsə cahil olaraq qalmısan.

Uşaqlıq gözəldi, gənclik gül kimidi, qocalığın da öz üstünlükləri var. Problem ondadı ki, uşaqlıq öz-özünə gəlib gedir, yaşlılığı isə sən özün yaradırsan. Yaşlılığa sən həyatın boyu hazırlaşıb baqaj yığırsan. Hə, bu dönəmdən sonra ölüm gəlir. Sən qocalığını özün yaradırsan. O əzab da ola bilər, rahatlıq da. Qocalıq həm də ölümü gətirir. Onu minnətdarlıq hissi ilə qəbul et.

(The Great Pilgrimage: From Here to Here)

MƏN NİYƏ ÖLÜMDƏN BU QƏDƏR QORXURAM?

İnsan həqiqi həyat yaşayıbsa, ölümdən qorxmağa vaxtı olmur. Əgər sən mənalı bir ömür yaşayırsansa ölüm hardan yadına düşür? Zövqlü, azad, sevgi dolu həyat yaşayan, bütün acıları sevə-sevə qəbul edən, hə­yatın dadını anlayan adama ölüm rahatlıq, dinclik kimi gələcək. Böyük yuxu kimi gələcək.

Həyat boyu atdığı hər addımda yüksəliş hiss edən adam üçün ölüm zirvədi. Bu onun üçün xeyir tapmaqdı. Amma sən tam boş, anlamsız bir həyat yaşamısansa ölüm səni qorxudacaq. Ötən günlərini yaşamamısan, gələcək də artıq yoxdu. Əslində, ölüm qor­xusu yaşanmamış günlərə görə heyfsilənməkdi. Əslində, bu, ölümdən qorxmaq deyil, yaşamadığını anlamaqdı.

Gəncliyini, yaşlılığını doya-doya yaşasaydın ölüm səni heç narahat etməzdi. Adam həyatın dadını çıxaranda həyat haqda düşünür, ölüm haqda yox.

Əgər anbaan yaşamaq üçün bütün imkanlardan istifadə edirsənsə, bütün sınaqlardan cəsarətlə ke­çir­sənsə, qocalıq kamillik dövrüdü sənin üçün. Əks halda, qocalıq xəstəlikdi. Çox adam qocalır, amma yet­kinləşmir. Çox adamın bədəni yaşlanır, amma ağlı bö­yümür. Çox adam üçün yaşlanmaq işıqlaşmaq, ziyaya çatmaq, aydınlaşmaq yox, ölüm qorxusu adlı xəs­təliyə tutulmaqdı.

Bədən qocalır, daxili dünya zənginləşmir. Daxili işıq yoxdu. Həyatdan hər şey ala bilən adam qocalığı sə­mimi şəkildə qarşılayır. Açıq alınla, dik başla qarşılayır. Gözünü qaçırmağa çalışmır.

İndi o artıq öz təcrübəsini, bilgisini bölüşə bilər, indi artıq daha çox sevgi, istilik verə bilər. İndi o, daha zəiflərin qayğısına qala bilər. Onlara qucaq aça bilər. Belə də olmalıdı, çünki bütün həyat buna doğru istiqamətlənib; qocalıq zirvəsinə doğru. Yolun əv­və­lin­də zirvə ola bilməz. Həyatın ortasında da ola bil­məz. Zirvə son nöqtədədi. Əgər sən bunu uşaqlıqdan bil­məsən bütün həyatın iztirabla dolu olacaq. Qo­calığı aşa­ğılamaqla getdiyin yeri aşağılayırsan.

Düşünürsən ki, gənclik zirvədi. Və otuz beşdən son­ra səni dərd götürür. Enerjin boşalmaq yerinə yığılır, gərilir. Xəstəliyə tutulursan. Ölüm onsuz da qa­pını dö­yəcək. Bu qapı evinin qapısı ola bilər, əgər hə­ya­tını sevinci, kədərilə birgə doya-doya yaşasan. Yox, əzab­lara, vaxtsız və yersiz gərginliyə xərcləsən ölüm evin yox, xəstəxananın qapısını döyəcək.

Uşaqlıq və gəncliyin pik nöqtəsi – qocalıqdı. Biz bu haqda düşünmürük nədənsə.

Həyatın axını boyunca getsən nəhayətdə yuxarı qal­xacaqsan. Ölüm – həyatın ən yüksək zirvəsidi, kulminasiyadı.

Niyə insan qocalır, amma böyümür? Hardasa nəsə po­zulub demək; hardasa sən yolunu dəyişmisən. Hardasa yalançı yolla getməyə razılaşmısan. Kiminləsə saziş bağlamısan. Bu saxtakarlıqdan qurtulmaq lazımdı. Bu müqaviləni yandırmaq lazımdı. Buna deyərəm əsl sannyasin.

Uşaq olanda başa düşmədən saziş bağlamısan, kom­­promisə getmisən. Azadlığını havayı satmısan. Əvə­zində heç nə qazanmamısan, almamısan. Əvə­zin­də sənə cəfəng şeylər sırıyıblar. Hansısa xırdalığa ru­hu­nu vermisən. Sən başqası olmağa razılaşmısan.

Anan istəyir kimsə olasan, atan istəyir kimsə olasan.

Yalançı bir obraz düzəldirlər səndən. Belə halda necə yetkinləşə bilər insan?

Bu maskadı. Bununla böyümək imkansızdı. Hər kəs bir başqası olmaq istəyir.

Qızılgül fil olmaq qərarına gəlir, fil bir kol olmaq istəyir, qartal it olmaq istəyir, it nəsə başqa bir şey. İnsanların həyatı təxminən belə keçir. Sonuc da nə olur? İt xəstəxanaya düşür. Çünki qartal kimi uçmaq istəyəndə guppultuyla yerə dəyib. Və dünyada yaranan eybəcər mənzərə bütün bunların nəticəsidi. Hər şeyi kənara qoymaq lazımdı. Bütün “olar və olmaz”ları. İnsanların nə dediyinə, nə düşündüyünə önəm vermək lazım deyil. Kimdi onlar? Hansı sənin həyatını sənin yerinə yaşaya bilər? Kim sənin yerinə öləcək? Kim?

Kiminsə gözləntilərinə uyğun yaşaya bilərsən. Amma öləndə öz əcəlinlə öləcəksən. Buna görə də elə yaşamaq lazımdı ki, ölümü də böyük bir zövqlə qarşılayasan. Həyatını özün seçdin, özünü yaşadın, indi də əbədi rahatlığa qovuşursan. İnsan başqa necə yaşayıb, başqa necə ölməlidi?!

Situasiyanı anlamağa çalış. Həyatını öz əlinə al. Cəsarət topla. Gözlənilmədən enerji axını hiss edəcəksən. Qərar anında öz-özünə deyəcəksən: “Mən özüm olaraq qalacam”. Böyük dəyişiklik, böyük bir yüngüllük yaranacaq içində. Bu baş verməsə qocalıqdan qorxacaqsan. Ömrünü boş yerə yaşadığını düşünərək rahat olmaq mümkünmü? Günü-günə satma. Hər an yaşa dolursan, yaşlanırsan. Mənim fikrimi soruşursansa, həyatın sənə verdiyi nə varsa hamısını qucaqla, geniş ürəklə qarşıla.

(The Alpha & Omega)

Meditasiya

Meditasiya nədi? Meditasiya tətbiq edə biləcəyimiz bir texnikadı? Onu gerçəkləşdirmək üçün xüsusi çabaya ehtiyac varmı? Meditasiyanı ağlın köməyi ilə hə­yata keçirmək mümkünmü?

Yox, mümkün deyil. Ağıl bu məsələdə gücsüzdü. Meditasiya başlandığı yerdə ağıl bitir.

Bunu yadda saxlamaq vacibdi: bütün həyat boyu nə ediriksə ağlın köməyi ilə edirik. Nəyə çatırıqsa ağıl­la çatırıq. İç dünyamıza boylananda da texnika, üsul­lar, metodika barədə düşünürük. Bütün həyat təc­rübəsi göstərir ki, hər şeyə ağılın köməyilə çatmaq mümkündü. Doğrudu, hər şeyə çatmaq olar, meditasiyadan başqa.

Meditasiya – insanın uğurları deyil, meditasiya həmişə mövcud olub. Meditasiya – insanın təbiətidi. Meditasiyaya çatmaq olmaz, ona varmaq mümkündü ancaq. Onu tanımaq, qavramaq, duymaq mümkündü. Meditasiyanı xatırlamaq lazımdı. O gözləyir. Yadına düşən kimi onu hiss edəcəksən. Çünki meditasiya sənin içindədi.

Meditasiya sənin ayrılmaz hissəndi, sənsən, özün­sən. Meditasiya sənin həyatındı. Onun sənin işlərinə heç bir dəxli yoxdu. Onu qazanmaq, əldə etmək, ona nail olmaq mümkün deyil. Onu yalnız duymaq mümkündü.

Meditasiya əşya deyil. Meditasiyanın mövcudluğunu başa düşən kimi hər şey sənə aydın olacaq. Əks halda hər şey qaranlıq qalacaq. Meditasiya aydınlıq halıdı. Meditasiya açıqlıqdı, yozumdu. Ağıl qarmaqarışıqdı. O aydın olmur.

Düşüncələr səni alt-üst edir, yorur. Meditasiya səni yorğunluğun əlindən alır, dinclik gətirir. Beynin işıqlanır. Fikirlər beynində buludlar kimi dolaşır. Ancaq onları dəqiq görmək çox çətindi.

Buludlar çəkib gedəndə, fikirlər yoxa çıxanda, sən özünlə baş-başa qalanda aydınlanma olur. Bu aydınlanmada çox uzaqları görə bilirsən, sonu belə görə bilirsən, hər şey bəlli olur, məlum olur. Sən həyatın mənasını görürsən. Bütünlüklə həyatın özünü gö­rür­sən. Fikirlərdən imtina etmək lazımdı.

Mən “fikirlərdən imtina etmək lazımdı” deyəndə tələsik qərar vermə. Mən dilin imkanlarından istifadə edib bu cür ifadə edirəm düşüncəmi. Beləliklə, de­yi­rəm: “Düşünmə”. Yenə də səhvə yol verə bilər­sən. Yenə də nəsə eləmək istəyəcəksən, tədbir görə­cək­sən. Düşünməmək üçün başqa bir işin qulpundan ya­pışacaqsan.

Mənsə heç nə eləmək lazım deyil, de­yi­rəm. “Düşünmə” tamamən heç nə eləmə anlamına gəlir. Bunu nəzərdə tuturam. Sadəcə, otur və hə­rə­kətə keçmə. Düşünməmək üçün iş görmə. Heç nə eləmə, heç nə. Tamamən özünü boş burax. Sakitləş. Fikir­lərdən azad ol. Elə bil ki, açıq gözlərlə yuxuya ge­dirsən.

Yatmırsan, amma bütün bədənin yuxuya gedir. İçə­ridə ayıqsan, amma bədənin yuxulayır, rahatlayır. Fikirlər öz-özünə sıralanacaq. Beynindəki xaos, qa­rışıqlıq öz-özlüyündən sahmana düşəcək. Özün heç nə eləməli deyilsən. Düzən yaratmalı deyilsən. Təsəv­vür elə ki, çay bulanıb. Neyləyəcəksən? Özünü çaya atacaqsan ki, durulsun? Yox. Gözləmək lazım gələcək. Gözləmək ki, durulsun hər şey. Sus, rahatlan, dü­şünmə, boşal və hər şey yerbəyer olacaq.

Kimsə ayağıyla toz eləyirsə sən bu tozcuqları bir-bir özün arıya bilməzsən. Gözləməlisən ki, yatsın. İştiraksız qal. Kimsə meşədə gəzib yerə düşən ölü yarpaqları qarışdırıb havaya qaldırırsa sən təmkinlə gözləməlisən. Bütün hallarda bu qoparıq sakitləşəcək. Toz-torpaq yatacaq. Ağlında dayandırmaq, nəsə eləmək istəyi yarananda suyu daha çox bulandırırsan, daha çox toz qoparırsan. Nə edə bilərsən ki, bulanıq çaya?

Heç bir addım atma. Yaponiyada bu “sadəcə, oturmaq” dzadzen adlanır: Sadəcə, otur və heç nə eləmə. Bu dəfə meditasiya özü sənin yanına gələcək. Bunu necə biləcəksən? Onu dərhal bilmək olur, sən də biləcəksən. Çünki bu səndədi. Səni izləyir içəridən. Sənin içində sərvət var, daş-qaş var. Sənsə başqa şeylər haqda düşünürsən, başqa yerlərdə sərvət axtarırsan. Bircə öz dünyanla maraqlanmırsan, qalan hər şeyə dəli bir marağın var.

Sənin enerjin öz mənbəyinə qayıdanda, sən bu enerjini hiss edəndə qəfil bir aydınlıq yaşayacaqsan. Onda min kilometr uzaqlıqda olan buludları da görə biləcəksən, qədim musiqini eşidə biləcəksən. Onda hər şey əlçatan olacaq.

(The Ancient Music in the Pines)

Meditasiya – bilinməzliyə səyahətdi, insanın çıxa biləcəyi ən böyük səyahətdi. Meditasiya indiki məqamda, heç nə etməmək, sadəcə, var olmaq de­mək­di. Nə hərəkətlər, nə fikir, nə emosiya. Sadəcə, “sən” var. Bu təmiz heyranlıqdı. Heç nə eləmirsənsə bu fərəh hardan qaynaqlanır? Hər yerdən. Meditasiya səbəbsizlikdi. Həyat, sevinc adlanan parçadan ibarətdi. Meditasiya yalnız sənə öz imkanlarını dərk etməyə kömək edir.

Psixoloqlar iddia edirlər ki, insan öz potensialını yalnız beş faiz istifadə edir. Necə böyük israfçılıq! Təkcə beş faiz. Doxsan beş faizi potensial imkanlar toxunulmaz qalır. Boş-boşuna itib gedir. İnsanlarsa bir də yaşamaq istəyirlər. Qısa, amma çox parlaq, intensiv həyat yaşamaq olar, əgər yüz faiz öz potensialından istifadə etsən. Bu daha yaxşıdı. On min il boş-boşuna mövcud olmaqdan min dəfə yaxşıdı. Potensialından maksimum istifadə etməklə yetmiş illik sevinc dalğası yaşayacaqsan!

(Hallelujah!)

Heç bir iş görmədiyin, heç nə eləmədiyin – nə fiziki, nə zehni işlə məşğul olmadığın, aktivliyin tamamən dayandığı zaman, sadəcə, mövcud olduğun, var olduğun zaman meditasiya başlayır.

Onu eləmək olmur, onu gerçəkləşdirmək olmur, o, sadəcə, baş verir. Sənin nə vaxtsa, sadəcə, var olmağa zamanın olanda bütün işlərini kənara qoy və var ol.

Düşünmək – bu özü də nəsə eləməkdi, köklənmək – bu da işdi, dağınıqlıq – bu da işdi.

Təsəvvür elə ki, heç nə eləmirsən. Öz varlığının mərkəzinə, içinə, mayasına en, var, gir içəri, bütünlüklə boşal, məhz bu zaman baş verir meditasiya.

Onu duyan kimi istədiyin qədər bu vəziyyətdə qala bilərsən.

Sutkanın iyirmi dörd saatı bu cür qala bilərsən.

Mütləq rahatlığı tanıyan kimi tədricən özün elə dav­ranacaqsan ki, öz mahiyyətini narahat etməyəsən. Özün öz varlığının sakitliyini pozmamağa çalışacaqsan. Hər şeydən əvvəl, sadəcə, var olmağı, sadəcə, olmağı öyrən. Sonra hər şey öz-özünə yaranır. Bundan sonra döşəmə yuyanda da, iş görəndə də sən meditativ mərkəzdən ayrılmayacaqsan.

Öz mahiyyətində, öz kimliyində qalacaqsan. Məsələn, mən səninlə danışıram, amma meditasiyam toxunulmaz, tərpənməz qalır. Mən danışmağa davam edə bilərəm, amma bunun mərkəzə dəxli yoxdu. Məni heç nə dərindən tərpədə bilməz. Səthi qırışlar ola bilər, amma köklü bir titrəmə, silkələnmə, dağıntı ola bilməz. Mahiyyətim tamamilə sakit qalır.

Həyatdan gizlənmək lazım deyil. Meditasiya səni yeni həyat tərzinə alışdırır. Daha doğrusu, sənə yeni yaşam tərzi öyrədir. Mərkəzində sakitlik hökm sürür, rahatlıq hökm sürür, amma həyatına şənlik, sevinc qatılır. Bəlkə bu indi xəyal kimi görünür, amma böyük qurtuluşu meditasiya sənə mütləq yaşadacaq.

Həyat davam edir. Sən müşahidəçiyə çevrilirsən. Ətrafında baş verənlərə aydınca baxa bilirsən. Buna rəğmən daxilindəki sakitlik, dinclik, tarazlıq tərpən­məz qalır. Meditasiyanın sirri bundan ibarətdi: izlə­yi­ci­yə çevrilirsən.

Əvvəlki kimi öz sürətinlə işini gör, məşğul ol. Bu günə kimi neynirdin, ona da davam elə. Quyudan su çıxaranda belə, odun yaranda belə içindəki böyük, sonsuz məmnunluq, firavanlıq yerində olacaq.

Bir incə məqamı yadında saxla: nə iş görürsən gör, öz varlığını narahat etməli deyilsən.

Meditasiyanın məzmunu budu.

(From Misery to Enlightenment)

Meditativ bilimin yüksəlişinə çatmaq üçün hansı addımlar atmaq lazım olduğunu açıqlaya bilərsənmi?

İlk addım – öz bədənini hiss etməkdi.

Getdikcə, addım-addım insan hər jestini dərk etməyə, bilməyə başlayır.

Möcüzə baş verir: keçmişdə elədiyin şeylərin çoxu itib gedir.

Bədən rahatlayır, sağlamlaşır. Nəbzinin döyüntüsünü bədənində həzin musiqi kimi eşidirsən.

Necə durulduğunu, necə istirahətdə olduğunu gö­rürsən.

Daha sonra fikirlərini dərk eləməyə çalış. Fikirlər bədəndən daha həssas materiyadı. Onlarla ehtiyatlı olmaq lazımdı.

Fikirlərini qavradıqca daxilində nələr baş verdiyini görəcəksən. Bütün baş verənləri qeyd eləsən səni sür­priz gözləyir. İnana bilməyəcəksən ki, bütün bunları yaşayırsan. Yazmağa davam elə. Heç olmasa on dəqiqə yaz. Qapıları, pəncərələri bağla ki, kimsə sənə mane olmasın, səni görməsin. Mümkün qədər dürüst, səmimi ol.

Yanında od olmalıdı ki, bütün yazdıqlarını ora atıb yandıra biləsən. Səndən başqa heç kim bunu bilməli deyil. Sonsuza qədər dürüst ol özünlə. Nə varsa hamısını yaz. Və on dəqiqədən sonra yazdıqlarını oxu. Görəcəksən ki, daxilində vəhşi bir küy var. İçində çıldırmış bir qoparıq var. Biz bu çılğınlığı, bu qovğanı, bu qoparığı dərk etmədiyimiz üçün bu yeraltı baş verir. Ancaq hər işimizə təsiri olur.

Bütün həyatımıza yansıyır. Ən dəhşətlisi bununla yaşamaqdı.

Beləliklə, bu dəliliyi dəyişmək lazımdı. Möcüzə odur ki, sənə heç nə etmək lazım gəlməyəcək, sadəcə, var olmaq kifayətdi. Situasiyanı müşahidə elə, özü dəyişəcək. Tədricən yoxa çıxacaq bu qoparıq; yavaş-yavaş görünməyəcək, yox olacaq xaos. Daxilin kosmosu xatırladacaq. Ucsuz-bucaqsız, dərin… içinə sakitlik çökəcək.

Bədəninlə beynin harmonik olacaq. Görəcəksən ki, onların arasında körpü var. Artıq hərəsi bir yerə qaç­mayacaq. Ora-bura çapmayacaqlar. İlk dəfə onlar ra­zılığa gələcək. Bu da növbəti pilləyə daha bir addım olacaq. Şüurdan yuxarı qalxmaq üçün gözəl imkan yaranır. Bu çox incə, həssas qatdı. Onu ehtiyatla keçməlisən.

Cəmi bir addım qalır. Ovqatın, hisslərin, emosiyaların artıq tamamilə fəth olunacaq, özünü dərk edəcəksən. Bu üç pillə birləşib fenomen yaradır. Bir­likdə ahəng yaradır. Dördüncü mərhələ başlayır. Bu da artıq sənin səylərindən asılı deyil. Özü gəlir. Bu birlik, bu vəhdət – hədiyyədi.

Bu mükafatdı. Ali şüur oyanması baş verir. Oyanış baş verir. Dördüncü pillədə budda yaranır.

Bədənin zövqü bilir, ağlın xoşbəxtliyi dərk edir, ürəyin sevinci tanıyır. Dördüncü pillə səadətdi. Xoş­bəxt­lik – bu sannyasinin məqsədidi, aradığıdı. Oyanış isə – xoşbəxtliyə aparan yoldu.

(The Old Pond)… Plop!

Qadına özəl meditasiya lazımdı?

Yox. Meditasiya duyumla bağlıdı, duyumun isə cinsi olmur.

Bunu hamının bilməsi vacibdi.

Dinlər qadına ruhsal yüksəlişə çatmağa imkan ver­məyiblər. Qadının bədəni, fiziologiyası, ruhu yük­sə­lişə çata bilməz. Guya qadın orqanizmi tamam ayrı cürdü. Qəribə bir məsələ var. Heç kim indiyədək sual ver­məyib ki, yüksəlişə əslində necə çatırlar, ağılla, bə­dənlə, yoxsa ruhla?

Qadının bədəni ayrı cürdü. Bədən meditasiya et­səydi doğal olaraq qadın üçün ayrı, kişi üçün ayrı me­di­tasiya olardı. Ancaq bədən meditasiyaya cəlb olunmadığı üçün bu ayrıntı da yoxdu. Məsələn, yoqada bədən önəmli rol oynayır. Yoqada daha çox bədən hə­rə­kətlərinə yer verilir. Bir çox asan var ki, qadınlara aid­di. Eləsi də var ki, qadınlar üçün deyil (asan – metod).

Yoqa bununla fərqlənir. Qadınlar üçün yoqa var, kişilər üçün yoqa var.

Kişi məntiqlə düşünür, linqvistik düşünür. Qadınsa emosiyalar, duyğularla. Buna görə də mübahisə et­mək­dən daha çox ağlayır, kövrəlir, dalaşır.

Qadın yüz illər boyu belə olub. Və belə situasiyada kişi həmişə uduzur. Nə edəcəyini bilmir çünki. Onun emosional təcrübəsi yoxdu. Duyğusal deyil və belə anlarda necə davranmaq, nə demək lazım olduğunu bilmir. Həmən təslim olur.

Kişi üçün ağlamağın ancaq bir anlamı var – ağlamaq.

Qadın üçün bu həm də silahdı. Ona görə də qadın ağ­layanda kişi həyəcanlanır.

Beləliklə, o halda ayrı-ayrı qadın-kişi meditasiyasına ehtiyac olardı ki, meditasiya özlüyündə bədənlə bağlı olardı. Deyilsə, demək bu məsələdə ayrıntı yoxdu. Bu meditasiya sənin varlığının mərkəzi bö­lü­müy­lə bağlıdı. Bu, şüurun güzgüsüdü. Kişiyə və qadına xas deyil. Sadəcə, güzgüdə əks olunan sənsən.

Meditasiya sayıqlıqdı.

(Light on the Path)

Meditasiya – xilas olmaq, qurtulmaqdı. Xilas olmaq üçün başqa yol yoxdu, bütün çirki təmizləyən, ağrılardan ca­nını qurtaran, canında, ruhunda, şüurunda gizli proses kimi öz işini görən, yığılıb qalan xəstəliklərdən yaxa qurtar­maq­dı meditasiya.

(Walking in Zen, Sitting in Zen)

Meditasiya – daxili təmizlənmədi. İnsan qəlbini tə­miz­ləmək, keçmiş yükləri atıb rahatlamaq, darıxdırıcı, ölü dünyanı diriltmək; Səni daha həssas insana çe­vir­mək. Daha çox həssaslıq lazımdı ki, varlığını hiss edəsən.

Sənin mərkəzində Tanrı var. İlk növbədə sarsıntılardan uzaqlaşmaq üçün meditasiya sənə zəkat kimi la­zımdı. Atırsan yükünü, bütün qadağalardan özün-özünü azad edirsən. Ənənəvi təmizlənmə üsullarına yeni üsullar əlavə etmək lazımdı. Məsələn, xatxa-yoqa çox önəmli bir üsuldu Fikrimcə, iki min il insan bey­ninə doldurulan zir-zibildən qurtulmaq üçün bu üsula da əl atmaq olar. Eksperiment eləməkdə pis heç nə yoxdu. Mən özüm də çox eksperiment edirəm.

(The Eternal Quest)

Niyə sistematik yox, xaotik meditasiyanı üstün sayırsan?

Mən daha çox xaotik, spontan meditasiyadan isti­fa­də edirəm. Spontan yanaşma şüur mərkəzinin ye­rini dəyişməyə, şüuru ağıldan ayırmağa imkan verir. Bu mərkəzi hansısa sistematik metodun kö­mə­yilə dəyişmək olmur. Çünki sistemləşdirmə ağılın işidi. Sistemləşdirilmiş metod ağılı bir az da möhkəm­lən­dirər. Bizə isə ağıldan kənar orqanları işə salmaq lazımdı. İnsanı robot sistemindən çıxardaq.

Spontanlıqda ağıl işsiz qalır. Metod o qədər xaotikdi ki, mərkəz avtomatik olaraq ağıldan ürəyə keçir. Mənim dinamik meditasiya metodumu – spontan, canlı metodu, təcrübədən keçirsək, o zaman mərkəz ürəyə doğru irəliləyəcək. Bax katarsis budu.

Katarsis – ağılın ürəyi sıxışdırmasıdı, əzməsidi. Ağıl bütün varlığı ələ alıb, onu istədiyi kimi idarə edir. Ürəyə yer qalmayıb, ürək arzuolunmaz olub sadəcə. İn­san illərdi heç nəyi ürəkdən, ürəklə, ürəyin istəyi, diktəsilə eləmir. Ağıl həmişə dürtülür.

Beləliklə, spontan metod ona görə lazımdı ki, ürəyə şərait yaransın.

Katarsis ağlın ürəyə təzyiqinin qarşısını almaq üçündü. Ürək yüngülləşdikcə mərkəz bir az da aşağı düşür, göbəyə yaxınlaşır.

Göbək – həyat mənbəyidi. Bədənə həyat verən toxumdu. Mən xaos metodunu çox ayıq şəkildə tətbiq edirəm.

Sistemli metodologiya kömək etməz. Ağıl onu öz məqsədləri üçün istifadə edəcək. Bu gün mantra, bxayan da oxumaq kömək etməz. Ürək o qədər əzilib ki, özünü mahnıya verməyə halı yoxdu.

Nəğmələr onun üçün sığınacaq ola bilər; dualar sığınacaq ola bilər. Ürək dualara vara bilməz. Mən həqiqətən dua nəğmələrinə baş vura bilən insana rast gəlməmişəm. Dualar sevgi qədər mümkünsüz olub.

Bilinci (şüuru) mənbəyə, köklərə qaytarmaq lazımdı. Yalnız bu zaman transformasiya mümkündü.

İnsan xaotik duruma düşəndə ağıl işini dayandırır. Məsələn, maşın sürürsən, birdən kimsə təkərin altına atılır; sənin reaksiyan o qədər anidi ki, ağıl işə düşməyə macal tapmır. Ağıla vaxt lazımdı.

Bu vaxt ərzində ağıl qərar verməyə çalışır. Nə etsə daha yaxşı olar? Qəza şəraiti yarananda anında gö­bək ət­rafında yüngül bir gərginlik, bir yanğı hiss edir­sən. Bəd­bəxt hadisəni əvvəldən bilmək olsaydı ağıl tədbir görərdi. Hansı məqamda nə edəcəyini müəy­yən­ləş­di­rər­di.

Dzen kahininə sual versən ki, fikirlərin hardan gəlir, o, əlini göbəyinə qoyar.

İlk dəfə bunu yaponlardan eşidənlər təəccüb qalırlar: “Boş şeydi, adam da qarnıyla düşünər?”

Şüur bədənin hər bir hissəsindən istifadə edə bilir.

Göbək başlanğıc mənbəyə yaxın yerdi. Ağılsa ilkin mənbədən çox uzaqdı. Buna görə də həyat enerjisi içəri axır. Əgər həyat enerjisi içəri axırsa duyma mər­kəzi göbəkdi.

Bu spontanlıq insan duyumunu ilkin mənbəyə qay­tarmağa imkan verir. Əks halda hər şey söz müs­tə­visində qalır. Transformasiya baş vermir.

Təkcə bilmək yetərli deyil. Həm də kökündən də­yi­şiklik etməyi bacarmaq lazımdı.

Bu zaman özün də dəyişəcəksən, hər şey dəyişib tə­zələnəcək. Mənim gördüyüm budu: çağdaş insan o qədər dəyişib ki, onun yeni metoda, yeni yanaşmaya ehtiyacı var. Xaos metodu müasir ağıla kömək edə bilər. Çünki müasir insan xaotikdi. Yoqa təlimləri haqda danışsaq belə bir açıqlama vermək olar: bu mər­kəzin ağılla savaşıdı.

Ağıl bütün ərazini monopoliyaya çevirdiyi üçün mərkəz protest edir. İnsan ruhu buna qarşı çıxır.

Belə davam edə bilməz. Buna görə universitetlər etirazlar mərkəzinə çevrilib. Bu təsadüf deyil. Əgər cəmiyyət orqanik bədəndisə, universitet başdı, beyindi.

Öz asi təbiətilə müasir beyin gərək xaos metodunu nəzakətlə qəbul etsin. Dinamik metod bilinçi (şüuru) ağıldan ayırmağa kömək edir. Bu zaman dinamik metoddan istifadə edən adam etirazçılıq etməyəcək. Çünki etirazçılıq narazılıq əlamətidi. Dinamik metoddan yararlanan adamda narazılıq olmur. O özünü məmnun, tox hiss edir, rahatlayır.

Mənim üçün meditasiya təkcə individuumun trans­­formasiyası, xilası yox, həm də bütün cəmiyyətin fun­­damental dəyişikliyi deməkdi. Sonunda insan ya in­ti­har etməlidi, ya da enerjisini yönləndirməlidi.

(The Psychology of the Esoteric)

Meditasiyanı gah elm, gah sənət adlandırırlar. Sənin üçün bunlardan hansıdı?

Meditasiya bəxşişdi.

Nə elmdi, nə sənət növüdü. Meditasiyaya səssizlik lazımdı, başqa heç nə. Səssiz olmağı bacarmaq, susmağı bacarmaq önəmlidi meditasiya etmək istəyənə. Bu çox doğruçu səssizlik olmalıdı. Yalandan susmaqla olmaz.

Dartınaraq, özünü boğaraq, fikirləri üstələməyə çalışaraq meditasiyaya çatmaq, baş vurmaq imkansızdı. Bəlkə yalançı bir proses alınar, amma dərinə baş vura bilməzsən. Meditasiya səni fikirlərdən azad eləmir, fikirləri dərinə aparır, içəri ötürür. Vəssalam.

Ancaq onlar itmir. Sadəcə, aydınlaşır, sənin üçün dəqiqləşir, sıralanır. Gün ərzində bir insanı müşahidə etsən görəcəksən ki, ötəri anlarda səssizliyə düşür. Bu anlar öz-özünə gəlir.

Beləliklə, görməli olduğun ilk iş əvvəlcə bu anları bi­limsəməkdi.

Belə anlar yarananda bütün işlərini kənara qoy. Sakitcə otur, əriyib it məqamlarda. Bu məqamlar öz-özlüyündən gəlir. Sən onu gətirmirsən. Sadəcə, imkan ver ki, bu səssizlik səni ələ alsın.

Təsəvvür elə ki, bayırda təmiz hava var, günəş doğub və sən qaranlıqda oturmusan. Aç pəncərəni, təmiz havanı içəri burax, günəş şüaları girsin içəri.

Təravətləndirsin, işıqlandırsın.

Hərdən gecələr, bütün dünya yuxuya gedəndə sənə gözlənilməz bir sakitlik gəlir.

Daldalan onda, bürün bu sakitliyə…

Hərdən səs-küyün içində hardansa içinə sakitlik dolur. Daldalan, bürün bu sakitliyə…

Heç vaxt sonraya saxlama onu, heç vaxt onu boğma, unutma.

Düşün ki, bu İlahidən gələn bir rahatlıq ola bilər. Onu anında yaxala və ver özünü ona. Atıl qucağına. Bu sənə Tanrının göndərdiyi bir paydı. Onu özün yaratmamısan. Sənin üçün yaradılıb. Bu – meditasiyadı.

Sən onu hiss edən kimi, bilimsəyən kimi tez-tez bu fövqəladə duyğuya qapılacaqsan. Sən və gözəllik arasında körpü yaranacaq. Sən və sakitlik, sən və dinclik bir-birinə qarışacaq.

Həyəcan, çaba, gərginlik səndən gen düşəcək. Hə­min an, sadəcə, gözlərini yumub öz dünyanı gö­rə­cəksən.

Meditasiyanı öyrənmək olmur, onu özündə bil­mə­li­sən.

(The Tongue-Tip Taste of Tao)

Doğru meditasiya üçün nə etmək lazımdı?

Soruşursan ki, meditasiyanı necə düz eləmək olar? Əsas məsələ bütün fikirlərdən təmizlənməkdi. Söhbət bütün fikirləri silib atmaqdan getmir. Yaxşıları saxlayıb, pisləri atmaqdan gedir. Meditasiya edən üçün istənilən fikir zir-zibildi; fərqi yoxdu, pisdi, yaxşıdı. Fikir özü lazımsız şeydi. Bütün fikirlər yer tutur səndə. Buna görə içəri vara bilmirsən. Sakitliyə qapıla bilmirsən. Beləliklə, bütün fikirləri başından at.

Uşağı da kənar elə.

Meditasiyaya mütləq sakitlik lazımdı. Gərək heç kim, heç nə həmin an səni narahat etməsin. Meditasiyanın nə olduğunu anlayan kimi bütün dünyanı unudub yalnız öz daxili aləminə baş qoşacaqsan. Ağıl işlətmək də lazım deyil o an. Ağıl çaxnaşmadı, hərc-mərclikdi. Ağıl – dəlixanadı, qarğaşadı.

Ağılın sərhədlərini aş. Düşüncənin girə bilməyəcəyi bir yerə keç. O yerə ki, orda xəyallar yaranmır. Orda sən kimsə deyilsən, sadəcə, özünsən, çıl-çılpaq sənsən.

Bu daha çox bilmək yox, başa düşməkdi. Bunda nizam yoxdu, mütləq qaydalar yoxdu. Əksinə, meditasiya qaydasızlıqdı. Heç nə eləmək lazım deyil. Bircə meditasiyanın nə olduğunu dəqiq bilməlisən, başqa bir qanun yoxdu.

Bir dəqiqə əvvəl kimləsə dalaşırdın, sözləşirdin, nəyəsə əsəbiləşirdin. Meditasiyanın nə olduğunu anlamaq bütün bunlardan uzaqlaşmaq deməkdi.

Meditasiyanın özəyini anlamaq ev yiyəsini evinə qaytarmaqdı. Sən öz evinə girəndə özünlə sevinc, həzinlik gətirirsən. Ağıl artıq bu evin yiyəsi olmur, köməkçisi olur.

Əgər meditativ alana, fəzaya düşdünsə oyanış – vaxt məsələsidi. Onu tezləşdirmək olmaz. Sənə göz­­lənilməz olmaq lazımdı. Sonsuz, hüdudsuz göz­lə­məli olacaqsan. Aclıq kimi, susuzluq kimi bir ehti­ya­ca çevrilməlisən. Bu sənin həyatında nəhəng bir ha­disədi. Sən bu hadisənin içində balaca, zərif bir xa­nımsan. Aydınlanmaya çox yaxınsan, əlin çatacaq qə­dər yaxınsan. Ancaq ona toxunmaq olmur. Aydınlanma toxunmaq anlayışından kənar bir hadisədi. Sənə enərək içini dolduracaq. Sən onu tuta bilməzsən.

Ancaq gerçəkdən aydınlanmaya can atırsansa ar­xa­yınca gözlə, arzuyla, həvəslə gözlə. Aydınlanma ola­caq, işıq gələcək. Gərəkli zamanda gələcək.

Aydınlanma həmişə gərəkli zamanda gəlir.

(The New Dawn)

Kişilərin kitabı – OshoXalqların və kütlənin psixologiyası – Gustave Le Bon

Fikirlərinizi bildirin.