Oyanışın 7 mərhələsi – Robin Sharma

0
0

Oyanışın 7 mərhələsi – Robin Sharma

FERRARİSİNİ SATMIŞ RAHİBLƏ ÖZ TALEYİNİ ÖYRƏN

Bu kitab mənim arayıcı həmkarlarıma, kütlədən xaric olmaq üçün lazım olan cəsarəti göstərmiş və həqiqət adlandırılan məkana, yəni evə dönüş yolunu tapmış insanlara həsr edilir.

Qoy sizin oyanmaq və həqiqi qüvvə ilə yaşamaq əzminiz heç vaxt itməsin. Qoy sizin öyrənməli olduğunuz dərslər sizə zərif tərzdə yetişsin. Qoy sizin ruhunuzun zülmət gecələri az və nadir olsun.

Qoy sizin işığınız elə parlaq olsun ki, həyatınızın sonunda insanlar ayaq saxlayaraq desinlər: “Ah, bu öz həyatını dolu-dolu və tam yaşamış insandır”.

Sənin ruhunun çeşməsi yenidən qaynamalı və şırıldaya-şırıldaya dənizə doğru axmalıdır. Və sənin sonsuz dərinliyinin məxzəni gözlərinin önündə özünü faş edəcək. Lakin sənin bilinməyən xəzinəni ölçmək üçün qoy heç bir mizan qurulmasın.

Nə bir maddə, nə də bir akustik xətlə öz biliyinin dərinliyini axtarma. Çünki içindəki mənliyin həddi-hüdudu olmayan bir dənizdir.

Xəlil Cibran,

Kahin

Ey məzarçı, mənim məzarımı qazanda onu dayaz qaz ki, yağışı hiss edə bilim.

Deyv Metyus,

Şeytan

Robin Şarmadan müqəddimə

Siz haçansa olmanızı arzuladığınızdan daha böyüksünüz. Hal-hazırda öz həyatınızı sürdürürkən nələr yaşamanızdan asılı olmayaraq, inanın ki, başınıza gələn hər şey yaxşıdır və sizin maraqlarınıza xidmət edir.

Bu şeylər elə də ürəkaçan görünməyə bilər, lakin taleyinizə yazılmış şəxsiyyətin səviyyəsinə yüksəlməniz məqsədilə öyrənməli olduğunuz dərslər məhz həmin şeylərdir.

Sizin həyatınızda baş verən şeylərin hamısı sizi maksimal dərəcədə təkamülə məruz qoymaq və öz həqiqi gücünüzə qovuşdurmaq üçün mükəmməl şəkildə təşkil olunmuşdur. Həyatdan öyrənməyə çalışın və onun sizi taleyinizə yazmış yerə götürməsinə imkan verin – sizin ən ümdə maraqlarınız daima onun ağlındadır.

Bu kitabın səhifələrində həyatın bir sıra ən vacib suallarına cavablar tapacaqsınız. Mən dua edirəm ki, siz bu kitabdan çoxlu həqiqət tapasınız, dünyada necə müvəffəqiyyətli ola biləcəyiniz və onun gərdişi haqqında fəhm əldə edəsiniz.

Lakin, nəticə etibarilə, sizin ­aradığınız cavablar sizin öz qəlbinizin dərinliklərində yatır. Onları başqa axtaracaq yer də yoxdur. Bəli, mənim sözlərim sizə yol göstərə və öz qəlbinizin dərinliklərində əzəldən bildiyiniz şeyləri xatırlamanıza yardım edə bilər.

Amma daxili aləminizdə mürgüləyən və sizin ən cəsur hissəniz tərəfindən oyadılmasını gözləyən həqiqi müdriklik, güc və sevgi xəzinəsinin olmasına heç zaman şübhə etməyin. Bunu bilmək inanılmaz dərəcədə şövqverici deyilmi?

Siz elə indidən bütün həyatınız boyu olmağa can atdığınız hər şeysiniz. Siz, sadəcə, öz əsl təbiətinizi ört-basdır edən, onu üzə çıxmağa qoymayan maneələri aradan qaldırmanız üçün tələb olunan daxili işi görməlisiniz.

Məncə, insan həyatının məqsədi öz məninin “Böyük Oyandırma” yolu keçməkdən və bir zamanlar aid olduğunuz məkana (və bir zamanlar sizə yaxşı tanış olan yerə) – evə dönməkdən ibarətdir.

Mənim ən dəyərli inancım yeni doğulmuş körpənin mükəmməlliyi və hər birimizin geri dönməli olduğumuz varlıq vəziyyətini təmsil etməsindən ibarətdir.

İnsan doğulduğundan bir an sonra qorxmazlığa, saf sevgiyə, məsumluğa, müdrikliyə, hüdudsuz imkanlara sahib olur və bu kainatın yaradıcısı ilə görünməz bağlarla əlaqəli olur. Kiçik bir körpə ikən siz möcüzələrlə dolu və həyata qarşı tamamilə canlı idiniz.

Həqiqətən, həmin zaman siz, demək olar ki, aydınlaşdırılmış şəxsiyyət idiniz (aydınlaşdırılmış, ziyalı olmaq tamamilə işığın ziyasına qərq ­olmaqdır: elə bir varlıq ki, yalnız işıqdan ibarətdir, nə kölgəsi, nə qaranlıq tərəfi, nə qəzəbi, nə qorxusu, nə hiddəti, nə də ki məhdudiyyəti var).

Bu gün bu planetdə yaşayan biz insanların əksəriyyəti öz həqiqi kimliyi, imkanlara doğru irəliləməyə və ulduzlara uzanmağa qorxmadığımız bu orijinal varolma vəziyyəti ilə əlaqəsini itirmiş vəziyyətdədir. Biz kim olduğumuzu bilirik. Biz özünü eqoist, qorxaq və riyakar bir tərzdə aparan insanlara çevrilmişik.

Bu davranış bizim orijinal mahiyyətimizin, zatımızın inikası deyil, əksinə doğularkən bizə xas olan və həyat yolumuzla irəliləyərək qovuşmağa çalışdığımız məsumiyyətimizi tərk etdiyimiz zaman aldığımız yaraların əks olunan surətidir.

Yalnız ağrı-acı içində olan insanlar başqalarına ağrı verən şeylər edə bilərlər. Yalnız ziyana məruz qalmış insanlar başqalarına ziyan verə bilərlər. Yalnız qəlbləri qapalı olan insanlar daha az sevgi bəxş edən üsullarla hərəkət edə bilərlər.

Mən hesab edirəm ki, bizim canlı olmamızın bütün səbəbi, öz ən böyük kimliyimizin səviyyəsinə ucalmamız və zatımızda kim olduğumuzu xatırlamamızdan ibarətdir. Sizi bu arayışda həyat özü mükəmməl şəkildə dəstəkləyəcək.

Sizə öz daxilinizdəki parlaqlığı daha çox aşkar etməyə və öz imkanlarınızı daha çox açmağa, kəşf etməyə dəvət edən insanlar, hadisələr və sınaqlar göndəriləcək. Çox vaxt öyrənməli olduğunuz dərslər sizə asan yolla gəlməyəcək.

 Əzab hər zaman köklü mənəvi inkişaf üçün bir vasitə olmuşdur. Böyük varlıqlar səviyyəsinə yüksəlmiş insanlar məhz böyük əzab və məşəqqətlərə tab gətirmiş insanlardır. Həyatın dərin yaralar vurduğu insanlar, adətən, başqalarının ağrı və acılarını bir göz qırpımında hiss edə bilirlər.

Bəla və müsibətlərə tab gətirmiş və həyatın alçaltdığı insanlar, nəticə etibarilə, daha ürəyiaçıq, daha mərhəmətli və daha real olurlar.

Bizə ağrı-acı üz verəndə bu bizim xoşumuza gəlməyə bilər, lakin o bizə çox gözəl xidmət göstərir: o, ürəyimizin üstünü örtmüş qabığı sındırır və daxili aləmimizi dörd əllə yapışdığımız bütün yalanlardan arındırır, kim olduğumuzu, nə üçün burada olduğumuzu və bizim bu möhtəşəm dünyamızın həqiqətdə hansı qanunlarla işlədiyini bizə xatırladır.

Daxilimiz bunlardan azad olan andan etibarən, biz yenidən yaxşı, nəcib və həqiqi olan şeylərlə doldurula bilərik. Qayğı və narahatlıqlar dəyişə bilər, əlbəttə, əgər biz onlara bunu etmək imkanını verməyi seçsək. Cozef Kempbell bu haqda belə yazırdı: “Harada ayağınız büdrədisə, deməli, sizin xəzinəniz orada yatır”.

“Öz Taleyini Öyrən” sizin öz ən böyük həyatınızı bərpa etməniz haqqında bir kitabdır. Mən öz qəlbimdəkiləri bu kitabın səhifələrinə boşaltmağa və şəxsi liderlik, özünükəşf və həqiqət məkanına istinadən həyat sürdürmək haqqında bildiklərimi bölüşməyə çalışmışam.

Siz bilməlisiniz ki, mən də sizin kimi adi bir insanam. Mən də hər gün öz məhdudiyyətlərim, öz qorxularım və “qədim davranış nümunələri” adlandırdığım şeylərlə, ömrümü sürdürürkən öyrəndiyim o əski davranış formaları ilə mübarizə edirəm.

Mən öz şəxsimi davam etməkdə olan bir iş kimi görürəm və öz daxili aləmimin fəth edilməmiş zirvələrinə yüksəlmək məqsədilə hər gündən bir platforma kimi istifadə etmək üçün aramsız olaraq öz-özümə meydan oxuyuram.

Belə bir əfsanə var ki, bu cür kitablar yazan insanlar aydınlaşmış, ziyalı varlıqlardır, öz həyatlarını səfa içində və dərkedilməz bir aləmdə yaşayır və “dağbaşından” insanlar həqiqət haqqında sözlər söyləyirlər.

Əslində isə mənim öyrəndiyim bir şey var, o da öz üzərimizdə nə qədər işlədiyimizdən və hansı zirvələrə yetişdiyimizdən asılı olmayaraq, hər birimizin öz üzərimizdə apardığımız bu işi davam etdirməyə ehtiyacımızın olmasıdır.

Bizim hər birimizin işıqlı və qaranlıq tərəflərimiz mövcuddur. Bizim hər birimizin düzəldiləsi qüsurlarımız və daxilimizdə şəfa tapmaq üçün ah-nalə edən yaralarımız var. Bizim hər birimizin ruhu parça-parçadır (çünki biz mənəviyyat ilə maddiyyatı barışdırmağa çalışırıq).

Bizi insan edən də elə məhz bu qeyri-mükəmməl vəziyyətdə olmamızdır. Və mən öz daxili aləmimin nə qədər çox dərinliyinə ensəm, az şeylər bildiyimi bir o qədər çox anlamağa başlayıram. “Müqəddəs”, “Serfinqçi” və “Müdir” kitablarında yazdığım kimi – “Bir dağın zirvəsi başqa dağın ətəkləridir”.

Biz hal-hazırda dırmaşmaqda olduğumuz bir dağın zirvəsinə çatanda, sizcə, nə görürük? Başqa daha yüksək zirvələr. “Yer Məktəbi”ndəki həyatın mahiyyəti də elə bundan ibarətdir:

Bitib tükənməyən inkişaf və yeganə bir məqsədlə (və ya bu mənəvimi məqsəd olmalıdır?), nə qədər kədərli də olsa, itirdiyimiz böyüklük və bütünlüyü xatırlamamıza və onu bərpa etməyimizə yardım etmək üçün qarşımıza çıxan dərslər.

Mənim də insani məhdudiyyətlərim olsa da, sizə etiraf edəcəyəm ki, məni kiçik saxlayan əngəlləri aşmaq baxımından mən də qısa müddət ərzində çox uzun bir yol qət etmişəm (deməli, növbəti səhifələrdə izah edilən qeyri-adi prosesə riayət etsəniz, siz də buna nail ola bilərsiniz).

Yalnız bir neçə il bundan əvvəl mən məhkəmə vəkiliydim və pul, şan-şöhrət, maddiyyat arxasınca düşərək dünyəvi müvəffəqiyyət yolunda irəliləməkdə idim. Öz həyatımı daxildən bayıra yönəlik yaşamaq əvəzinə bayırdan daxilə hədəflənmiş bir şəkildə yaşayırdım (bu səbəbdən də həyatımın alınmamasında təəccüblü heç nə yoxdur).

Mən çox ağır boşanma prosesindən keçməli oldum və indi iki inanılmaz dərəcədə gözəl övladımı tənha ata kimi böyütməkdəyəm. Bu zaman ərzində böyük müvəffəqiyyətsizliklərə uğradım və bəzən heç zaman bitməyəcəyini düşündüyüm şəxsi sınaqlarla üzləşdim.

Lakin biz əsasən ən böyük problemlərlə üzləşdikdən sonra ucalırıq. Dərk etdim ki, bu sınaqlar mənə öz davranışlarımı düzəltmək və öz zəifliklərimin içindən keçərək güclənməyim üçün göndərilib.

­Həyatın ən böyük ağrı-acıları, əslində, şəxsi inkişaf, müsbət dəyişiklik və körpəlik dövrünün mükəmməlliyini tərk edərək bu dünyaya qədəm qoyduğumuzda itirdiyimiz həqiqi gücün bərpa edilməsi üçün əla imkanlar təklif edir. Onlara bir hədiyyə imişlər kimi qucaq açın.

Həyatın bu inanılmaz (və qısa) oyununun qarşıma çıxardığı bütün bu enişli-yoxuşlu vəziyyətlərdə mən heç vaxt baş verənlərə görə payıma düşən məsuliyyəti öz boynuma götürmək və bu prosesdə ən böyük kimliyimə qovuşmaq öhdəliyindən imtina etmədim.

Mən inanıram ki, həyatımızda başımıza gələnlərin böyük əksəriyyəti əvvəlcədən taleyimizə yazılmış şeylərdir. Lakin mən həmçinin inanıram ki, bir insan varlığı olaraq, biz öz xəyallarımızda qurduğumuz həyatı gerçəkləşdirmək üçün saysız-hesabsız seçimlərə sahibik.

Tale və bizim seçimlərimiz bizim həyatlarımızı formalaşdırmaq üçün bir-biri ilə əlaqəli hərəkət edirlər. Və talelərimizin, nəticə etibarilə, həyata keçməməsində bizim şüurlu şəkildə etdiyimiz seçimlərin rolu danılmazdır.

Bunları yaddan çıxarmaq, özünü qurban rolu biçmək anlamına gəlir. Bu həqiqətə barmaqarası baxmaq, istədiyiniz hər şeyi realizə etməniz üçün sizə bəxş edilmiş gücdən imtina etmək anlamına gəlir.

Bu kitabda təsvir etdiyim yol – Oyanışın 7 mərhələsi – liderin və ya qəhrəmanın əbədi və orijinal (ilkin) səyahətini özündə əks etdirir.

Bundan əvvəlki, “Öz ­Ferrarisini Satmış Rahib” adlı kitablar seriyasının ənənəsinə uyğun olaraq, bu kitabdakı rəvayətlər də Culian Məntlın uydurulmuş macəraları vasitəsilə nəql olunur.

Lakin unutmamaq lazımdır ki, bu rəvayətlər çox real və inanılmaz dərəcədə təsirli gücə malikdir. Bu yeddi mərhələdə təcəssüm etdirilən proses haqqında məlumatları həm Şərq, həm də Qərb müdriklik ədəbiyyatına aid qədim mətnlərdən müxtəlif formalarda tapmaq mümkündür.

Öz həyatınızın qəhrəmanı məhz sizsiniz. Əgər siz, bir insan varlığı olaraq, ən böyük oyunu oynamaq qərarını versəniz (və mən də bilirəm ki, siz bunu edəcəksiniz), bunun üçün siz də bu yolu keçməlisiniz. Bu yolla getməniz sizin həqiqi uğurunuza zəmanət verir.

Öyrənməyin ən yaxşı yolu öyrətməkdir. Əgər siz bu materialı mənimsəmək və öz həyatınızın bir parçası etmək istəyirsinizsə, bu kitabı bitirdikdən iyirmi dörd saat keçməmiş onu bir başqasına təslim etməniz çox vacibdir.

Bu, iki məqsədə xidmət edəcək: birincisi, bu sizə öyrəndiyiniz bilikləri vahid bir sistemdə birləşdirməyə yardım edəcək; ikincisi, bu sizin ətrafınızda olan insanlara əslində kim olduqlarını xatırlamağa kömək edəcək.

Siz “Öz Taleyini Öyrən” kitabını oxuduqca sevdiyiniz kimsələri öyrəndiyiniz şeylər haqqında söhbətə cəlb etməyə çalışın. Öz fikirlərinizi onlarla bölüşün. Öz ən böyük həyatınız istiqamətində hərəkət etmənizə yardım edəcək dəyişikliklərə öz sadiqliyinizi dilə gətirin.

Belə etməniz sizin buna olan əminliyinizi daha da dərinləşdirəcək və uzunmüddətli nəticələrin ortaya çıxmasına səbəb olacaq.

Bu kitabı seçdiyinizə görə sizə təşəkkür edirəm. Ümid edirəm ki, bu kitab ondan əldə etmək istədiklərinizin hamısını (və bir çox başqa şeyləri də) sizə verəcək.

Bu əsəri oxumaq və orada yazılanlar haqqında düşünmək üçün tələb olunan vaxtı öz həyatınızın saatlarından ayırdığınız üçün də sizə minnətdaram. Öz taleyinizi kəşf etmək istiqamətində atdığınız bu nəhəng addım üçün də sizə öz səmimi ehtiramımı izhar edirəm.

Siz bu kitabı və “Öz Ferrarisini Satmış Rahib” seriyasından olan digər kitabları oxuduqca dünyanın müxtəlif yerlərindən bu cəmiyyətin üzvlərinə çevrilmiş qadın və kişilərə qoşulmuş olacaqsınız. Bizim toplanış yerimiz olan robinsharma.com saytında qeyri-adi söhbətlərimiz olur.

Bu saytda siz öz taleyinizə aparan yol ilə irəlilədikcə zəngin alətlər seçimi və dəstək olduğunu kəşf edəcəksiniz.

Biz bir-birimizlə görünməz bağlarla rabitə halındayıq. Siz öz səhhətinizlə məşğul olduğunuz zaman bütün dünyanın şəfa tapmasına yardım etmiş olursunuz. Siz öz işığınızın bərq vurmasına imkan verdiyinizdə ətrafınızda olan insanları da səssizcə parlamağa dəvət etmiş olursunuz.

Siz öz həyatınızda ən yüksək və ən yaxşı şeylərin müdafiəsinə qalxmaq üçün tələb olunan işi gördükcə, başqalarının da özlərinin ən böyük oyunlarını oynaması üçün nümunə rolunu oynamış olursunuz. Mənim tələbələrimdən biri tez-tez belə deyərdi: “Bu çox gözəldir”.

Həyat adlanan bu səyahətdə sizə ən dərin xeyir-dualarımı göndərirəm.

Sevgilərlə,

Robin Şarma

BİRİNCİ FƏSİL
Ruhi Böhran

Həyat sənin məntiqinə qulaq asmır; sakitcə öz yoluna davam edir.

Həyata sən qulaq verməlisən; həyat sənin məntiqinə qulaq asmayacaq, sənin məntiqin onun vecinə deyil.

Oşo

Başıma dirənmiş metalın varlığını hiss edə bilirdim. İşlər necə bu həddə gəlib çata bilmişdi? Mən, həqiqətən, köhnə bir motel otağında oturmuşdum və gicgahıma dirədiyim silahın tətiyini çəkməyə hazır idim. Alnımdan soyuq tər damlaları axır, ürəyim isə şiddətlə döyünürdü.

Əllərim əsəbilikdən titrəyirdi. Mənim harada olduğumu heç kim bilmirdi. Deyəsən, daha heç kim mənimlə maraqlanmırdı. Uğruna yaşayacağım heç bir şey qalmamışdı. Ona görə də ölməyə hazırlaşırdım.

Mənim ölümümlə bağlı yazılmış nekroloqun sərlövhəsini də xəyalımda canlandıra bilirdim: “Beynəlxalq otel sahibi Dar Sandersen, üç uşaq atası, boşanıb, 44 yaşında vəfat edib – intihar edib”.

Lakin gözlərimi yumub son duamı ucadan edən zaman nəsə gözlənilməz – yox, möcüzəli – bir şey baş verdi. Başım gicəlləndi və silahı əlimdən salaraq döşəmənin üstünə yıxıldım. Mən orada hərəkətsiz uzandığım zaman bədənimə gözqamaşdırıcı ağ işıq dolmağa başladı.

Amma mənim bu hekayəmi bir kənara atmazdan öncə, bilmənizi istərdim ki, mən hər zaman çox məntiqli və sağlam düşüncəli bir insan olmuşam. O ana qədər həyatımda heç vaxt buna bənzər şeylər başıma gəlməmişdi. Mistik hekayələr eşidəndə həmişə istehza ilə gülərdim, çünki onları başısoyuqluğun və məsuliyyətsizliyin əlaməti hesab edirdim.

Mən heç vaxt mələklər ilə danışmamışam və elə indi də danışmıram, heç öz həyatımı da ulduzların gündəlik mövqeyinə görə planlaşdırmıram. Bununla belə, sadəcə, on iki ay bundan əvvəl həmin motel otağında başıma gələn şeyi nə hesabdan silə, nə də onu heç olmamış kimi qəbul edə bilərəm.

Bu, ilahi bir təcrübəydimi? Ruhun oyanışıydımı? Bəlkə, bu həmin an keçirdiyim həddən artıq güclü ruhi gərginliyə sadəcə bədənimin verdiyi reaksiyaydımı?

Doğrusunu desəm, bunu heç özüm də bilmirəm. Bildiyim bir şey var, o da həmin otaqda baş verən şeyin bir zamanlar yaşadığım həyatın hər bir elementini dəyişdirən hadisələr zəncirini hərəkətə gətirməsidir.

Bu işıq getdikcə daha da parlaqlaşdı. Çox keçmədi ki, bütün bədənim yarpaq kimi titrəməyə başladı, elə bil mən çox ağır bir tutma keçirirdim. Qollarım, qıçlarım və gövdəm soyuq və çirkli döşəmənin üstündə əsdikcə, bədənimdən sel kimi tər axırdı.

Həmin an bu mənə sonu olmayan bir proses kimi gəlmişdi. Sonra isə, haradansa qeybdən, qəlbimin ən dərin qatlarını deşən bu sözləri eşitdim: “Sənin həyatın bir xəzinədir və sən dərk etdiyindən daha dəyərlisən”.

Eşitdiyim bunlardır. Fikrimdən bu sözlər keçdiyi anda bədənimin əsməsi dərhal dayandı. Mən, sadəcə, döşəmədə yaranmış tər gölməçəsinin içində uzanıb gözlərimi tavana zilləmişdim. Bütün həyatım boyu belə bir daxili rahatlıq hiss etməmişdim.

Mən öz bədənimlə, öz ürəyimlə tam bir vəhdət halındaydım. Sənin həyatın bir xəzinədir və sən dərk etdiyindən daha dəyərlisən.

Bir müddət keçəndən sonra mən ağır-ağır ayağa qalxdım və öz əşyalarımı topladım. İçimdə bir dəyişiklik baş vermişdi, amma bunun nə olduğunu heç özüm də izah edə bilmirəm – sadəcə, hiss etmişdim. Daha özümü öldürmək, intihar etmək arzum qalmamışdı.

Bəlkə də, həmin səs haqlıydı – bəlkə də, içimdə hal-hazırda fərqində olduğumdan daha çox dəyərli şeylər vardı.

Ümumiyyətlə, biz çətin anlar yaşayarkən elə düşünürük ki, elə bil dünyanı reallıqda olduğu kimi görürük, amma bu, yanlış fikirdir. Fərqində deyilik ki, biz dünyaya, sadəcə, özümüzün heç bir yararı olmayan dəyərlər sistemimizin çərçivəsindən baxırıq.

Biz hər şeyə öz kədərli və ümidsiz gözlərimizlə baxırıq. Həqiqət isə ondan ibarətdir ki, özümü yaxşı hiss etməyə ­başladığımız anda bizi əhatə edən dünya da gözəlləşir. Və bizim daxilimizdə sevinc əhvali-ruhiyyəsi bərpa olunduğu vaxt, ətrafımızdakı dünya da bu hisləri bizə qarşı əks etdirəcək.

Mən öyrəndim ki, dünya özü də bir güzgüdür. Biz həyatdan nə istədiyimizi deyil, nə olduğumuzu alırıq. Mən bir də onu öyrəndim ki, bizim həyatlarımızın da mövsümləri var və ağrı-acılı dövrlər heç vaxt uzun sürmür.

İnanın ki, ən qaranlıq gecələrdən sonra hər zaman səhərin parlaq işığı gəldiyi kimi, sizin də kədərinizin qışı öz yerini sevincinizin yayına verəcək.

Mən artıq özünə yazığı gələn, ümidini itirmiş birisi deyildim. Mən daha çıxış yolunun olmadığını düşünən birisi deyildim. Həmin gün mənə nəsə bilmədiyim bir qüvvə verilmişdi.

Bununla belə, düzünü desəm, həyatım hələ də qarmaqarışıq idi, amma onu qaydasına salmaq üçün hansısa bir gücə sahib olduğumu anlamağa başlamışdım. Nədənsə, inanırdım ki, yardım artıq yoldadır və xoşbəxt günlərim hələ qabaqdadır.

Bu yardımın necə ecazkar olacağı və həyatımın necə gözəl olacağı haqqında çox az təsəvvürüm vardı. Amma bu təfsilatlara girməzdən öncə, yəqin ki, məni intihar etmək həddinə çatdıracaq qədər ağır ruhi sarsıntıya salan şəraitin nədən ibarət olduğu sizin üçün maraqlı olar.

Hələ bir neçə il bundan öncə elə düşünürdüm ki, mən hamının arzulaya biləcəyi bir həyat yaşayıram. Məni bütün qəlbi ilə sevən gözəl və ağıllı bir həyat yoldaşım vardı. Məni bütün qəlbi ilə sevən gözəl və ağıllı bir həyat yoldaşım vardı.

Yerinə yetirməyə qərar verdikləri bütün işlərin öhdəsindən müvəffəqiyyətlə gələn sağlam və xoşbəxt üç övladım vardı. Bütün dünyanın insanla qaynayan və mürəkkəb nöqtələrində yerləşən butik-otellərin sahibi kimi, təsəvvür edə biləcəyimdən daha artıq pul qazanırdım.

Mənim müştərilərimin arasında kino ulduzları, inanılmaz dərəcədə varlı insanlar və ümumiyyətlə, varlı səyyahlar elitası vardı. Dünyanın ekzotik yerlərinə səyahətlər edir, bir çox oyuncaqlar toplayırdım və kifayət qədər məşhur bir insan olmuşdum, ən azından, içində fəaliyyət göstərdiyim bazar məkanında.

Sonra bir gün bütün dünyam dağıldı. Almaq istədiyim daşınmaz əmlakın satıcısı ilə etdiyim işgüzar şam yeməyindən sonra evə gəldim.

Reyçel, adətən, mənim gəlişim üçün evdə bir neçə işığı yanılı vəziyyətdə qoyardı, amma həmin gecə ev zülmət qaranlığa bürünmüşdü. Mən buna heç bir məna verə bilmədim – hələ saat ancaq on olardı. Reyçel harada idi? Uşaqlar harada idilər?

Evə daxil oldum və dəhliz ilə mətbəxin işıqlarını yandırdım. Evdə məni qarşılayan yalnız sükut oldu. Amma mətbəxdəki masanın üstündə Reyçelin tanış xətti ilə yazılmış qısa bir məktub vardı. Orada yazılmışdı: “Dar, uşaqları özümlə anamgilə aparmışam. Səni daha sevmirəm. Məni bağışla. Sabah səhər mənim vəkilim sənə zəng vuracaq”.

Sizi belə bir məktuba heç nə hazırlaya bilməz, heç nə. Baxmayaraq ki, özümü elə aparırdım, elə bil evliliyimdə hər şey qaydasındaydı, amma bir-birimizdən uzaqlaşdığımızı bilirdim.

Səyahətlər və biznes ­işlərimlə məşğul olarkən ailəmdən kənarda keçirdiyim bütün bu zaman evliliyimdən və ailəmdən çalınmış zaman idi, bir zamanlar aramızda yaşadığımız sevgi də artıq qeyb olmuşdu.

Mən həmçinin özümü yaxşı ata kimi göstərməyə çalışırdım, bəlkə də, kənardan bu belə də görünürdü. Lakin mənim övladlarımın müdrik ruhları həqiqətdən xəbərdardırlar. Hətta öz övladlarımın yanında oturduğum zamanlarda belə, fikrən onların yanında olmurdum.

Mənim beynim bir an belə biznesdən başqa heç nə haqqında düşünmürdü və emosional olaraq mən əlçatmaz idim. Məncə, həmin vaxtlar mənim həddən ziyadə eqoist bir adam olmağım bir həqiqətdir. Dünyanın yalnız mənim ətrafımda döndüyünə inanırdım.

Heç kimin ehtiyacları və heç kimin hisləri mənimki qədər əhəmiyyətli ola bilməzdi. Mən zəngin olmaq istəyirdim. Məşhurlaşmaq, tanınmaq istəyirdim. Qalib gəlmək istəyirdim. Və bu yolda mənim üçün ən vacib və ən əhəmiyyətli olan hər şeyimi itirdim.

Bu məktub, sonra isə boşanma ilə bağlı məhkəmə çəkişməsi mənim ürəyimi parça-parça etdi. Öz evimi tərk etməyə məcbur edildim və öz otellərimdən birində yaşamağa başladım. Öz uşaqlarımla yalnız həftədə bir dəfə və bəzi həftə sonları görüşə bilirdim.

Əyyaşlığa qurşandım və inanılmaz dərəcədə çəkim artdı. Mən hər zaman çox yaraşıqlı və yaxşı formasını qoruyan bir adam olmuşam, amma indi bütün bunlar keçmişdə qalmışdı. Yuxudan dözülməz miqren ilə oyanırdım və spirtli içki qəbul etməsəm, bu başağrıları məndən əl çəkməzdi.

Xoşbəxtlikdən, heç olmasa öz biznesimi itirmədim. Öz biznesimdə birinci dərəcəli idarə heyətindən istifadə edəcək qədər ağıllı bir adam idim: mən öz yaralarımı yalayaraq sağaldarkən, onlar mənə sadiq olduqlarından, bütün işlərin idarəçiliyini öz əllərinə almışdılar.

Əlbəttə ki, mən bəzi yığıncaqlarda iştirak edir və bəzi müqavilələr bağlayırdım. Lakin mən, əsasən, öz evimdə tək-tənha olurdum, qaranlıq otaqda oturub Billi Holideyin köhnə mahnılarına qulaq asar və Cek Daniel şüşələri ilə uzun-uzadı söhbətlər edərdim.

Məhz bu əzab-əziyyət, bu mənəvi düşkünlük sonunda məni haqqında sizə söhbət elədiyim həmin köhnə motel otağına gətirib çıxarmışdı. Lakin siz onu da bilməlisiniz ki, məni qurtuluşa aparan da elə həmin əzab-əziyyət, mənəvi düşkünlük oldu.

Onu da öyrəndim ki, ağrı və müsibət insanın şəxsi inkişafına təkan verən çox qüvvətli vasitələrdir. Sizin daha sürətlə öyrənməyinizə, böyüməyinizə və inkişaf etməyinizə onlardan başqa heç nə yardım edə bilməz.

Sizin bir şəxsiyyət kimi öz həqiqi qüvvənizi geri qaytarmaq üçün sizə onlardan başqa heç nə daha çox imkan yarada bilməz. Bizim insani gözlərimiz onu mənfi təcrübə kimi görür. Bu, saf bir mühakimədir və onun arxasındakı yanlış inanc isə sadəcə qorxu hissidir.

Özünüz də bilirsiniz ki, istəmədiyimiz bir şey baş verəndə iztirab çəkməyə başlayırıq. Həyat bizə nəsə gözlənilməz bir şey verəndə, ya da bizi yeni bir şəraitə salanda bu, baş verir.

Həyatımızda yeni bir şəraitin yaranması o deməkdir ki, bunun xəstəlik və ya candan sevdiyiniz bir insanın itirilməsi, ya da maliyyə itkisi olmasından asılı olmayaraq, biz köhnə vərdişlərimizdən, bir zamanlar bərk-bərk tutunduğumuz sahillərdən əl çəkməliyik.

Bizdən öz ümidlərimizdən əl çəkmək tələb olunur və bir insan üçün öz ümidlərindən əl çəkmək ürküdücü ola bilər. Bizə tanış olan və bələd olduğumuz təhlükəsiz limanı tərk etməkdən qorxuruq. Bəzən həyatımızın bizi sürüklədiyi tanımadığımız, bilmədiyimiz yerlərə səfər etməyə qarşı dirəniş göstəririk.

Belə bir səfərə çıxmaq haqqındakı düşüncənin özü də bizi qorxuzur. Bizim bütün yeniliklərə qarşı göstərdiyimiz müqavimətin arxasında dayanan şey də elə bu qorxu hissidir.

Amma burada qorxmalı bir şey yoxdur. Bizim bu kainatımız bizim düşündüyümüzdən qat-qat daha dostyana və mehriban bir yerdir. Lövbərdə durduğu limandan kənara çıxmayan qayıq, əlbəttə ki, zədələnməz, amma qayıqlar limanda dayanmaq üçün hazırlanmayıb.

Eynilə, öz həyatının naməlum məkanlarına girməyə heç vaxt cəsarət etməmiş bir insan da yaralanmaz, inciməz – amma bəşər övladı da bunun üçün yaradılmayıb. Öz həyatımız boyu səyyahlar kimi bizə məlum olmayan, bələd olmadığımız yerlərə səfərlər zamanı əldə edilən yüksəlişə nail olmaq üçün yaradılmışıq.

Bizim müdrik gözlərimiz bu həqiqətdən xəbərdardır və dəyişiklik ilə əzabı həqiqətdə olduğu kimi görür – bədənlərimizin xəstə nahiyələrini müalicə etmək üçün gəlmiş qayğıkeş bir həkim kimi. İztirab bizim dərinləşməyimizə xidmət edir. İztirab bizim yardımımıza gəlir, əsl simamızı açır və reallıqda kim olduğumuzu bizə göstərir.

İztirab bizi bildiyimiz, vərdiş etdiyimiz və balaca bir uşağın yeni, gözəl şeylər öyrənəcəyi məktəbə ilk gedəcəyi gün öz anasının əlini buraxaraq sinif otağına təkbaşına girməyə qorxduğu kimi, bərk-bərk tutunduğumuz hər şeydən əl çəkməyə və onları təslim etməyə məcbur edir.

Bilinməyən “yeniliyin” olduğu yerdir və yenilik bütün dünyada imkanları tapa biləcəyiniz yeganə yerdir. Və hər bir insan öz həyatı boyu imkanlara və potensiala doğru can atmaq üçün proqramlaşdırılıb. Biz hər birimiz dahi olmaq üçün yaradılmışıq.

Bəs onda sizi yaxşılaşdıran şey məhz iztirab olduğu halda, onun pis şey olduğunu necə söyləmək olar? Bəli, bu iztiraba dözdüyümüz zaman daxilimizdəki insani tərəfimiz əzab çəkir. Bu, normal bir haldır. Lakin bu ağrı sonunda səngiyəcək və siz daha zəngin, daha güclü və daha müdrik olacaqsınız.

“Bilinməyəndən qorxmayın, çünki sizin əzəmətiniz, böyüklüyünüz məhz ordadır, – çox sevdiyim bir müəllimim bizə deyərdi, – gələcəkdə ondan çox şeylər öyrənəcəksiniz”. İnsanların əksəriyyəti öz həyatlarının ən yaxşı illərini bildikləri, tanıdıqları məkanda keçirirlər.

Yad ərazilərə çıxmağa onların cəsarəti çatmır və kütlənin içindən kənara çıxmağa çəkinirlər. Onlar kütləyə qarışaraq gözdən itməyə çalışır və başqalarından seçilməkdən qorxurlar. Onlar hamı kimi geyinir, hamı kimi düşünür və hamı kimi davranırlar, hətta belə davranışların doğru olmadığını hiss etsələr belə.

Vərdiş etdikləri təhlükəsiz sahildən uzaqlaşmağı rədd edərək, onlar öz ürəklərinin səsinə qulaq asmağa və yeni şeyləri sınaqdan keçirməyə meyilli olmurlar. Ona görə də hamı nə edirsə, onlar da onu edirlər. Belə etdiklərinə görə onların bir zamanlar şəfəq saçan ruhları qaralmağa və qırışmağa başlayır.

“Ölüm həyatınızı itirməniz üçün mövcud olan bir çox üsullardan yalnız biridir”, – macəraçı Alvah Simon demişdir.

Öz həyatınız boyu təhlükəsiz hesab etdiyiniz sahillərə tutunmaq öz qorxularınızın əsarətində qalmaq seçimini etməkdən başqa bir şey deyil. Elə illüziya yarana bilər ki, öz həyatınızın çərçivəsində yaşadığınız zaman siz azadsınız, amma mənə inanın ki, bu, sadəcə, xülyadan, özünü aldatmaqdan başqa bir şey deyil.

Siz yeni üfüqlər fəth etmək üçün bu çərçivənin hüdudlarından kənara çıxdıqda və kütlənin ardınca getməkdən əl çəkdikdə, əlbəttə ki, qorxularınız üzə çıxacaq, çünki siz insansınız. Lakin cəsarət də elə bunu tələb edir: qorxu hissi keçirmək və buna rəğmən irəliyə doğru hərəkət etmək.

Cəsarət heç də qorxu hissinin olmaması demək deyil, əksinə bu qorxu hissinə üstün gələrək sizin üçün vacib olan hədəfə doğru onun içindən keçərək irəliləmək üçün mövcud olan iradədir. Təhlükəsiz limanda sizə məlum olan və vərdiş etdiyiniz şeylərə tutunaraq yaşayarkən siz canlı ölülərin arasında olursunuz.

Bilinməyənin içinə baş vurduğunuz və həyatınızın sizə məlum olmayan hissələrini kəşf etməyə başladığınız anda siz yenidən həyata qayıdırsınız və ürəyiniz ­yenidən ­döyünməyə başlayır. Həyat macərası və yaşamağın verdiyi həyəcan hissi yenidən qayıdır.

Unutmayın, qorxularınızın o biri tərəfində öz taleyinizi kəşf edəcəksiniz.

Sizə təklif edəcəyim güclü metafora budur. Əgər bütün həyatınızı həbsxanada keçirmisinizsə, azadlığa buraxıldığınız gün bir çox qorxularınız üzə çıxacaq.

Azadlıqdan məhrum olmanıza baxmayaraq, həbsxanada olduğunuz zaman siz sizə məlum olan bir aləmdə yaşayırdınız, çünki həmin yerdə sizin üçün müəyyən edilmiş ciddi qaydalar vardı: yuxudan nə vaxt oyanmaq tələb olunduğunu bilirdiniz, nə vaxt işləyə biləcəyinizi, nə vaxt və hansı qidanı qəbul edə biləcəyinizi dəqiq bilirdiniz.

İndi isə, artıq həbsxanadan azad edilməyinizə baxmayaraq, siz qorxu hissi keçirirsiniz. Nə edəcəyinizi və hara gedəcəyinizi bilmirsiniz. Qarşıda sizi gözləyən həyatda heç bir nizam, heç bir struktur yoxdur, sadəcə, qeyri-müəyyənlik.

İçinizdə yaranan ilk arzu sizi gözləyən qeyri-müəyyənliyin etibarsızlığı və narahatlığı ilə üzləşməkdənsə, sizə məlum olan, vərdiş etdiyiniz həyata geri dönməkdir. Öz azadlığınızı yenidən əldə etməkdənsə, həbsxanada məhbus olmağı seçərdiniz.

Bu, məntiqsiz görünsə də, əksəriyyətimiz öz həyatlarını belə sürdürür.

Bütün bu fəlsəfəni yuxarıda haqqında qısaca danışdığım müəllimimdən öyrənmişəm. Bu günə qədər mənim həyatıma ən böyük təsiri məhz bu müəllim göstərmişdir.

Bu müdriklik və yeddi mərhələli prosesi o mənimlə təxminən on iki aydan bir az artıq müddət ­ərzində bölüşdü və həyatımda inqilab edərək onu tamamilə dəyişdirdi. Həyatımda heç vaxt belə xoşbəxt olmamışdım.

Özümü heç vaxt belə canlı hiss etməmişdim. Özümə heç vaxt bu qədər hörmət etməmişdim. Bütün həyatımın məhəbbətini tapmışdım. Sağlamlığım əla vəziyyətdədir. Və biznesim artmaqda, inkişaf etməkdədir. Həyatın bu qədər yaxşı ola biləcəyini heç vaxt düşünməmişdim.

Eyni şeylər sizin üçün də doğru ola bilər. Mənim aldığım bu hədiyyələr sizin üçün də əlçatandır. Əlbəttə, bunun üçün siz bəzi yeni seçimlər etməli və bəzi imkanlardan istifadə edərək bəxtinizi sınamalı olacaqsınız.

Əlbəttə, özünüzün itirmiş ola biləcəyiniz böyük və parlaq hissələriniz ilə yenidən birləşə bilməyiniz üçün müəyyən zaman və enerji sərf etməli olacaqsınız. Əlbəttə, sizin artmanıza mane olan bir sıra qorxularınız ilə, bunu etiraf etsəniz də, etməsəniz də, üzləşməli ola bilərsiniz.

Lakin bunu etməklə siz özünüzün ən yüksək və ən böyük məninizi oyadacaqsınız. Və bundan daha əhəmiyyətli başqa nə ola bilər?

Yuxarıda qeyd etdiyim müəllim həyatımda tanıdığım ən müdrik, ən qüvvətli və ən alicənab şəxsiyyətdir. O çox ekssentrik bir adamdır – əsl orijinal, özünəməxsus birisi – və yumşaq şəkildə ifadə etsək, onun istifadə etdiyi üsullar heç də standart deyil.

Əslində, bəzən o, bir az vəhşi adam olur. Siz ona bənzər bir insanla heç vaxt qarşılaşmamısınız və heç vaxt da qarşılaşmayacaqsınız. Lakin onun həyatı dəyişən biliklərdən xəbər vermək qabiliyyəti elə güclüdür ki, bu sahədə sizin ruhunuzla ünsiyyət qurmaq iqtidarındadır və qarşınızda həyatın bütün gözəlliklərini açacaq dəyişiklikləri yaşamanıza sizi məcbur edir.

Öz taleyinizi kəşf etmək cəhdlərinizdə və doğuşdan haqqınız olan gözəl həyatı yaşamanızda onun verdiyi dərslərin böyük faydası olacaq.

Düşünürəm ki, həyatda təsadüfi hadisələr olmur. Həmin motel otağındakı oyanışımdan bir gün sonra öz müəllimimlə rastlaşdım.

Öz işçilərimlə və kadrlar şöbəsinin müdiri Evan Yanssen ilə görüşmək üçün həmin gün işə getdim və əlimdə həmin axşam baş tutacaq təşviqetməyə dair seminar üçün iki biletlə öz kabinetimə daxil oldum. Evan belə tədbirləri çox xoşlayırdı və bütün personalın inkişaf etdirilməsi hərəkatının böyük tərəfdarı idi.

Onun əksinə olaraq, mən belə şeylərə şübhə ilə yanaşırdım. Sizə düzünü desəm, təşviqetməyə dair seminarlarda çıxış edən natiqlərdən qətiyyən xoşum gəlmirdi. Onlar mənə həmişə şəkər pambığını xatırladıblar – bir an ağzında şirinlik hiss edir, sonra isə onun yox olduğunu aşkar edirsən.

Həmin axşam Evanın balaca oğlu piano ilə solo konsertdə çıxış etdiyindən, o, həmin seminarda iştirak edə bilmədi. Məndən xahiş etdi ki, seminara mən gedim. O düşünürdü ki, bu tədbir mənim əhvali-ruhiyyəmi qaldıra və bəlkə də, öz həyatımda bəzi dəyişiklikləri etməyə məni həvəsləndirə bilər.

Evan onu da bilirdi ki, mənim yalnız peşəkar kimi deyil, həm də bir şəxsiyyət kimi öz yoluma qayıtmağa ehtiyacım vardı. Ona bu tədbirə getmək istəmədiyimi və belə tədbirlərdə çıxış edən natiqlər tərəfindən istifadə edilən bayağı, çeynənmiş aforizmləri və onların şablon moizələrini həzm edə bilməyəcəyimi dedim.

Söhbət əsnasında ona bir çox məsələlər ilə əlləşdiyimi və bu axşam mənim üçün ən yaxşısı yalnız qalmaq olduğunu dedim. Sonra çox qəribə bir şey baş verdi. Mənim kolleqam, çox yüksək intuisiyaya malik bir insan düz gözlərimin içinə baxaraq dedi: “Dar, bu məsələdə mənə etibar elə.

İçimdə bir hiss mənə deyir ki, sənin bu seminara getməyin vacibdir. Bunu bağırsaqlarımla hiss edirəm. Xahiş edirəm, get bu seminara”.

Mən həmişə öz ağlı ilə yaşayan bir adam olmuşam. Hislərimdən daha çox ağlıma arxalanmışam. Əgər bir şey intellektual səviyyədə mənə məntiqli görünmürdüsə, mən adətən bunu eləmir və bir kənara atırdım.

Lakin bütün həyatımı bu üsula sadiq qalaraq yaşasam da, yenə də həyatımda heç də hər şey qaydasında deyildi. Eynşteynin dəliliyə verdiyi tərifdən çox xoşum gəlirdi: “Eyni şeyləri edərək müxtəlif nəticələr gözləmək”.

Əgər həyatımda yeni nəticələrə çatmaq istəyirdimsə, başqa cür davranmalı olduğumu dərk edirdim. Əks təqdirdə, mən ölüncəyə qədər həyatım dəyişmədən, olduğu kimi davam edəcəkdi.

İçimin dərinliklərindən bir hiss mənə söylədi ki, insan varlığı kimi mövcud olmaq üçün məhz orada başqa bir yol da ola bilər. Həmin günlərdə həyatımda ilk dəfə fəlsəfi bir kitab oxumuşdum, baxmayaraq ki, əvvəllər belə şeylərə heç vaxt barmağımın ucu ilə də toxunmazdım.

Məni bu təklifi qəbul etməyə nəyin vadar etdiyini heç indi də anlamıram, amma təklifi qəbul etdim. Bəlkə də, həmin vaxt çox böyük ağrı və iztirabların içində qıvrıldığımdan, canımı bu acılardan qurtarmaq üçün istənilən yerə getməyə hazır idim.

Ən bədbəxt və qaranlıq çağlarımızda ən dərinlərə enməyi arzuladığımız da bir həqiqətdir. Həyatımız firavan keçərkən dərinlərə enmir, həyatımızı səthi yaşayırıq; hər şeyi çox dərindən düşünən varlıqlar deyilik.

Amma işlərimiz tərsə düşəndə biz özümüzdən çıxırıq və hər şeyin nə üçün tərs alındığı haqqında düşünməyə, baş sındırmağa başlayırıq. Bizə üz verən bədbəxtlik və bəlalar bizi filosofluğa daha çox meyilləndirir.

Çətin anlarımızda öz-özümüzə: Nə üçün iztirab çəkməyə məcburuq? Nə üçün bizim ən yaxşı düşündüyümüz planlar gözlədiyimiz sonluqla nəticələnmir? Görəsən, həyat susqun təsadüf tərəfindənmi, yoxsa qüdrətli seçimin yumruğu iləmi idarə olunur? – kimi daha böyük və daha dərin həyati suallar verməyə başlayırıq.

Mənim seçdiyim bu kitabda onun müəllifi iddia edir ki, ağıl məhdud, ürək isə intəhasızdır. Ağıl qəddardır və sizə həyatınızın ən gözəl illərini keçmişin xülyaları ilə yaşamağa və ya onu heç vaxt baş verməyəcək şeylər uğrunda mübarizə apararaq boş yerə sərf etməyə vadar edə bilər.

Ağıl mənəvi dəyərlərə deyil, pul, vəzifə və əmlak kimi dünyəvi dəyərlərə əsaslanan kənar ­qüvvə mənbəyinə can atır. Kənar qüvvə mənbəyi ilə bağlı problem isə onun ötəri və keçici olmasındadır: pulunu, vəzifəni və əmlakını itirdiyin anda öz qüvvəni də ­itirmiş olursan.

Əgər sən öz şəxsiyyətini və fərdiliyini bu şeylərlə bağlamısansa, onları itirdiyin anda öz kimlik hissini də itirəcəksən. Hansısa bir dəyəri olan yeganə qüvvə insanın daxilindən gələn qüvvədir.

Bu kitaba görə, ürək belə xırda işlərlə məşğul olmaq arzusuna sahib deyil. Ürək hazırkı anla yaşayır və həyatın yaşanmalı olduğu yerin məhz həmin an olduğunu bilir. Ürək bütövlük və sevginin içində qərq olmaq və başqa insanlara xidmət göstərməklə sağalmaq arzusundadır.

O bilir ki, bizim hər birimiz görünməz bir səviyyədə bir-birimizlə əlaqədəyik, hamımız eyni ailəyə mənsub bacı və qardaşlarıq və onu da bilir ki, xoşbəxtlik başqalarının öz böyük mənləri həddinə qədər inkişaf etməsi üçün onlara imkan vermək və yardım göstərməkdən doğur.

“Damladan əl çək və okeana çevril”, – görkəmli sufi şairi Rumi demişdir. Ürək bu həqiqətdən xəbərdardır. Bəli, ağıl özünün dərk etmək və düşünmək qabiliyyəti ilə əla alətdir və ürək öz işində ondan istifadə etməlidir.

Bu alətdən planlaşdırma, öyrənmə və düşünmə kimi fəaliyyətlər üçün istifadə edilə bilər. Lakin bu fəaliyyətlər ürəklə razılaşdırılmış bir şəkildə və onun rəhbərliyi altında icra edilməlidir.

Əgər kimsə gözəl bir həyat yaşamaq istəyirsə, onda baş ilə ürək öz aralarında bütün həyat böyü davam edəcək bir tərəfdaşlıq qurmalıdır, deyə kitab mənə məlumat verirdi.

Onlar harmonik bir şəkildə fəaliyyət göstərməlidirlər Əgər tamamilə ağıla əsaslanan bir həyat yaşasanız, həyatın nəfəsini və ritmini hiss edə bilməzsiniz.

Yox, əgər tamamilə ürəyinizə və hislərinizə arxalanaraq yaşasanız, onda da zəif mühakimə yürüdən və nizamsız həyat sürən ağlını itirmiş aşiq kimi davrandığınızı görə bilərsiniz. Əsas məsələ bunlar arasında incə müvazinətin saxlanmasıdır. Buna nail olmaq üçün isə zaman, enerji və dərketmə tələb olunur.

Evanın səbirlə məndən cavab gözlədiyi vaxt orada duraraq hiss etdim ki, nəsə yeni bir şeylər kəşf etmək arzusu məni harasa çəkib aparır.

Səthin altında nələr baş verdiyinə diqqət vermək üçün bir anlıq düşüncələrə daldım və sonra, qısa müddət üçün olsa belə, məntiqimin qoyduğu məhdudiyyətləri bir kənara qoyub öz dərin hislərimə arxalanmaq qərarına gəldim. Həmin seminara getməyə razılıq verdim və ondan biletləri aldım.

Evan mənə tərəf uzanaraq məni qucaqladı: “Səni çox sevirik, bunu özün də bilirsən”.

Uzun müddət birlikdə işlədiyim həmkarımdan bu dərin mehribanlıqla dolu sözləri eşidəndə içimdəki hislər məni çulğasa da sakitcə dayanmışdım. Gözlərimdən yaş damcıları axmağa başladı.

Bunun səbəbi qismən son günlərdə həyatımda baş verənlərlə bağlı keçirdiyim qüssə olsa da, bir tərəfdən də başqa bir insanın mənə qarşı göstərdiyi təmənnasız sevgidən kövrəlmişdim.

– Sağ ol, Evan, – deyə cavab verdim. Sən yaxşı insansan. Mən bunu yüksək qiymətləndirirəm.

– İnan mənə, Dar, bu seminar sənin üçün həqiqətən çox əhəmiyyətli olacaq. Bir də kim bilir, sən orada kimlərlə görüşəcəksən?

Mən, həqiqətən də, bilmirdim ki, orada məni ən gözəl həyata istiqamətləndirəcək bir insanla görüşəcəkdim.

İKİNCİ FƏSİL
Arayıcı Öz Ustadı ilə Görüşür

Biz axtarışlarımıza heç vaxt ara ­verməməliyik.

Və bizim bütün axtarışlarımızın sonu başladığımız yerdə bitəcək və həmin yeri ilk dəfə görmüş kimi olacağıq.

T.S.Eliot

Həmin axşam həyatın ən böyük suallarına cavab axtaran başqa beş min nəfər insan ilə birlikdə zalda oturmuşdum. Dinamiklərdən gələn rok musiqisinin səsi qulaq batırır və gözqamaşdıran işıq effektləri əslində qaranlıq və mağaraya bənzər zalı işığa qərq edirdi. Zalda olan enerjini hiss etmək olurdu. Sonra isə natiq səhnəyə çıxdı.

O yaraşıqlıydı, sözləri çox aydın tələffüz edirdi və çox xarizmatik görünürdü. Çox bəlağətli danışırdı və dinləyicilərin bütün diqqətini özünə cəlb edə bilmişdi: iki saat ərzində bizi emosional amerikan dolanbaclarına götürmüş və bizi gülməyə, ağlamağa, eləcə də nə üçün yaşadığımız və hər birimizi öz həyatımızı necə daha da yaxşılaşdıra biləcəyimiz haqqında düşünməyə vadar etmişdi.

O bizə öz uşaqlıq çağlarında necə atasız böyüdüyü haqqında danışdı. Xərçəng xəstəliyi ilə necə mübarizə etdiyi və mübarizənin onun daha sadə, amma həyatımızda çox vaxt etinasız yanaşdığımız şeylərlə əlaqə yaratmasına necə yardım etməsi haqqında bizimlə müzakirələr apardı.

“Həyatdan gözləyə biləcəyiniz yeganə şey gözlənilməz olan şeydir” və “Əgər Allahı güldürmək istəyirsənsə, ona öz planlarından danış” kimi bəzi fikirləri ilə bizi gülməyə vadar etdi. Onun təvazökarlığı da çox xoşuma gəldi.

O bizə quru olmadığını, əksinə sadəcə, həyat məktəbinin tələbəsi olduğunu söylədi və bir də səhər duasında: “Allahım, itim məni kim hesab edirsə, mənim həmin adam olmağıma yardım elə”, – deyərək Allaha yalvarması ilə bağlı bizimlə bir zarafat da etdi.

“Sizin yaralarınız sizin müdrikliyinizə çevrilməlidir”, – o bütün çıxışı boyu bu cümləni tez-tez təkrar edirdi. “Sizin ilişərək yıxıldığınız daşlar, əgər seçsəniz, sizin üçün pilləkənlərə çevrilə bilər. Müsibətin və hətta faciənin təklif etdiyi əla imkanları əldən verməyin. Sizin ürəyinizi qıran şeylərlə həyatınızı daha da yaxşılaşdırmaq mümkündür”.

Öz nitqinin sonunda natiq özünün hər bir dinləyicisini elə bil ovsunlamışdı. Onun hər bir sözünü eşitmək istədiyimizdən, zalda tam bir sakitlik hökm sürürdü. O öz çıxışını bu sözlər ilə bitirdi: “Əksər insanlar ölüm ­saatı çatana qədər necə yaşayacaqlarını müəyyən edə bilmirlər və bu da utancverici bir haldır.

İnsanların çoxusu öz ömürlərinin ən yaxşı illərini televizora baxmaqla puç edirlər. Əksər insanlar iyirmi yaşlarında vəfat edir və səksən yaşlarında torpağa basdırılırlar. Sizdən dönə-dönə xahiş edirəm, bunun sizin başınıza gəlməsinə imkan verməyin”.

Gurultulu alqışlardan sonra natiq səhnəni tərk etdi. Mən isə dinməzcə yerimdə oturub qalmışdım və beynimdə əmələ gələn suallar bir-birini sürətlə əvəz edirdi. “Niyə həyatımda özümü bu qədər ac, həris hiss edirəm?”

Nə qədər pul qazansam da və ya işlərimdə nə qədər müvəffəqiyyətli olsam da fərqi yoxdur, hislərim dəyişmirdi. Mən düşünürdüm ki, görəsən, özüm üçün seçdiyim karyera mənim məşğul olmalı olduğum bir iş idimi, yoxsa “həyatımın işi” olması alnıma yazılmış başqa bir məşğuliyyətdəmi vardı?

Mən həmçinin öz-özümdən soruşdum ki, görəsən, öz həyatımda əsl sevgini tapa biləcəkdimmi və ya görəsən, doğma ruhlar doğrudan da ola bilərdimi? Bir neşə anlıq sükuta dalmaq və susmaq üçün ayırdığım bu qısa vaxt ərzində bu qədər çox sualın beynimdə canlanması, özünə yer eləməsi mənim özüm üçün də maraqlı gəlirdi.

Mən dərinlərə daldıqca daha çox sual üzə çıxırdı: Həyatımın belə bir məcrada getməsində, görəsən, mənim iradəm olubmu, yoxsa bütün bunlar hansısa əzəmətli baş plana görə əvvəlcədən müəyyən edilibmiş? Əgər mənim iradəm və seçimim olubsa, bəs onda vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən tədbirləri görməyimə mane olan nə idi?

Qarşıda məni gözləyən daha yaxşı həyat həqiqətən var idimi, yoxsa bu, sadəcə, arzuların reallıq kimi qəbul edilməsiydi?

Eləcə də mənim üçün çox maraqlıydı, görəsən, Reyçel ilə mənim aramda baş verənlər təbiətin hansısa gözəgörünməz qüvvəsi tərəfindənmi təşkil edilmişdi və ya görəsən, həyatımızda başımıza gələnlər mənim öz iradəmlə etdiyim seçimlərin real həyata inikasından başqa bir şey deyildimi:

biznesimi ailəmdən önə qoymam, öz ehtiyac və istəklərimi hər şeydən önə çəkməm, geniş ürəkli, şəfqətli və qayğıkeş olmaq əvəzinə, istədiyim hər şeyi etməm.

Gözlərimi yumdum və bu mühüm suallar haqqında düşünməyə başladım. Sonra isə həyatımda heç vaxt etmədiyim bir şeyi elədim: cavabları tapmaq üçün dua etməyə başladım.

Yalnız bir neçə dəqiqə sonra kiminsə mənim adımı çağırdığını eşitdim. Başımı qaldırıb ətrafıma baxdım, amma nə qədər təəccüblü olsa da, ətrafda tanıdığım bir kimsəni görə bilmədim. Keçən gün yaşadığım sarsıntılı gecəni xatırlayaraq düşündüm ki, bəlkə, başıma hava gəlib.

Sadəcə, iyirmi dörd saat bundan əvvəl bədənimə ağ işığın dolduğunu hiss etmiş və bu mesajı almışdım: “Sənin həyatın bir xəzinədir və sən dərk etdiyindən daha dəyərlisən”. Və indi də unudulmaz bir təşviqetmə seminarından sonra, demək olar ki, boşalmış bir auditoriyada kiminsə mənim adımı çağırdığını eşidirdim.

Gözlərimi bir də yumdum və yenidən kiminsə mənim adımı çağırdığını eşitdim! Tez gözlərimi açıb yenə ətrafıma baxdım, amma yenə də tanıdığım bir adamı görə bilmədim.

Bununla belə, bu dəfə yanımdakı oturacağın üstündə qəribə, amma heç bir şübhə yeri qoymayan bir işarə gördüm: üstündə qırmızı qələmlə gözəl bir xətlə mənim adım yazılmış ağ rəngli şax bir zərf. Zərf möhürlənmişdi.

Onu cırdım və içindəki vərəqdə bu sözləri oxudum: “Öz həyatınızı yalan-dolan yaşamağa son verin, Dar. Özünüzə qarşı dürüst olun və onda sizin taleyiniz qapınızı döyəcək. Sizi səhnənin arxasında gözləyəcəyəm. Yeri gəlmişkən, çox qəşəng köynəyiniz var, zolaqları xoşuma gəldi, çox əla görünür”.

Nə baş verirdi? Bu təşviqetmə seminarında bəzi vacib şeylərin baş verəcəyi haqqında Evan mənə demişdi, amma bu reallıq həddini aşırdı. Ürəyim şüddətlə döyünməyə başladı və mən öz-özümdən soruşdum, görəsən bu, sadəcə, bir zarafat idi, yoxsa kimsə məni təhlükəli bir vəziyyətə sürükləmək niyyətindəydi?

Lakin təşviqetmə seminarındakı natiqin təqdimatı içimdə nəyisə tərpətmişdi, elə bil o, toxumlar əkmişdi və onlar artıq cücərməyə başlamışdılar. Ağlıma gələn ilk söz bu oldu: inan. Öz qeydlərimi götürdüm və onları öz “Quççi” portfelimə qoydum.

Sonra yerimdən qalxdım və tərəddüd etmədiyimi söyləyə bilmərəm, natiqin öz ilhamverici çıxışını bizə təqdim etdiyi səhnənin kənarına yaxınlaşdım. Səhnənin ön hissəsinin yaxınlığındakı pərdəyə tərəf addımladım və parçanın qatlarının arasındakı yarıqdan sivişərək içəri keçdim.

Səhnənin arxasında qızğın iş gedirdi. Seminarda çıxış edən natiq gözə dəymirdi, amma audio-vizual texniki işçilər gərgin şəkildə öz işləri ilə məşğul idilər – öz avadanlıqlarını alüminium qutuların içinə qablaşdırırdılar. Deyəsən, hamının başı qarışıq olduğundan məni görmürdülər.

Mən səhnənin arxasındakı ərazidə ora-bura gəzişməyimə davam edərkən bir qapı yavaşca açıldı və qapının arasından gələn parlaq işıq ətrafa yayılaraq səhnənin arxasındakı alatoran ərazini aydınlatdı.

Nə qədər qəribə səslənsə də, deyim ki, içimdə elə bir hiss vardı, elə bil kimsə məni həmin qapıya tərəf yönləndirirdi. Mən faktiki olaraq həmin qapıya tərəf dartıldığımı hiss etdim; qapıdan keçərək dəhlizə girdim.

Dəhlizlə irəlilədiyim zaman həyəcanımdan ürəyim sürətlə döyünür, qarnımda bağırsaqlarım isə elə bil bir-birinə düyünlənmişdi. Bütün bədənimin uçunduğunu və qərarsız olduğumu hiss etdim. Lakin, bununla belə, içimdə əvvəllər heç vaxt hiss etmədiyim bir inam hissi də vardı və o, yumşaqca mənə hər şeyin qayğısına qalındığını söyləyirdi.

Dəhliz məni gətirib qırmızı bir qapıya çıxardı, onun üstündə gümüşü rəngli ulduzdan başqa heç nə yox idi. Düşündüm ki, yəqin bu otaq bu tamaşa zalında çıxış edən ulduzlar üçün ayrılmış qrimlənmə otağıdır. Qapını üç dəfə döydüm. Heç kim cavab vermədi.

Qapını bir də döydüm, amma bu dəfə daha bərkdən. Yenə də cavab verən olmadı. Bir neçə saniyə ərzində gözləyəndən sonra belə qərara gəldim ki, bəlkə də, vaxtımı boşa sərf edirəm. Aldığım məktubda səhnənin arxasına keçməm xahiş olunurdu, amma orada heç kim yox idi.

Bütün bunlarda bir məntiq görmürdüm. Özümü çox yorğun hiss edirdim və bir az yatmaq üçün çox ciddi ehtiyacım vardı. Çox gərgin iki gün yaşamışdım və bir fincan isti çay yıpranmış sinirlərimi sakitləşdirə bilərdi.

Dönüb geri qayıtmaq istəyirdim ki, elə bil kimsə sehrli çubuğunu yellədərək qapını açdı. Qapının arxasında heç kimi görə bilmirdim, amma qapı açılmağa davam edirdi. Otağa daxil olanda orada gördüyüm şey məni heyrətə saldı. Döşəməyə qızılgülün ləçəkləri səpilmişdi.

Əyninə al qırmızı xalat geyinmiş hündür boylu bir adam qarşımda dayanmışdı – belə xalatları Nepalda rahiblər geyinirdilər. Onun kürəyi mənə tərəf idi və tərpənmədən yerində dayanmışdı. Onun xalatının arxasındakı mürəkkəb tikmə naxış diqqətimi çəkdi.

Çox gözəl və al-əlvan bir naxış idi. Nədənsə, rahatlaşdım və dərindən bir ah çəkdim. Birdən – bunun səbəbini məndən soruşmayın – hiss etdim ki, dost hüzurundayam.

Həmin adam yavaş-yavaş və teatral bir şəkildə mənə tərəf döndü və düz gözlərimin içinə baxdı. O öz dəlici baxışları ilə sanki ruhuma toxunurdu. Bütün həyatım boyu özündən ətrafa bu qədər güc və qüvvə saçan bir insanla qarşılaşmamışdım.

O çox cavan görünürdü, dərisi günəşdə yanaraq əsmərləşmişdi, zil qara saçları vardı və fiziki vəziyyəti əla görünürdü, lap keçmiş zamanlardan gəlmiş yunan tanrısına, ya da Hollivud kino ulduzuna bənzəyirdi. Və bu gözlər!.. Bu gözləri heç vaxt unutmayacağam. Həyatımda gördüyüm ən kəskin baxışları olan gözlər idi.

Bu adam kimdir? Gözlərini nə üçün belə zilləyib mənə baxır? Bəs mən nə üçün qorxmuram? Mən nə edəcəyimi bilmirdim və qarşımdakı mənzərənin sehrinə düşərək yerimdə donub qalmışdım.

Otaqda sükut hökm sürürdü, bu tanımadığım adam isə üzündə heç bir ifadə göstərmədən hərəkətsiz dayanmışdı. Sonra birdən onun dodaqları qaçaraq yüngülcə gülümsədi, gözləri isə uşaqlara xas bir parıltı ilə işıldamağa başladı. O özünə arxayın bir tonla danışırdı.

– Öz taleyinizi yalnız siz kəşf edə bilərsiniz, Dar. Sizin üçün döşənmiş yolu yalnız siz tanıya bilərsiniz, ürəyiniz sizi bu yolla addımlamağa çağırır.

Lakin bələdçinin olması bu səyahəti bir qədər də asanlaşdıracaq – öz həyatımızın ən böyük hədəflərinə çata bilməmizdə bizə yardım etməsi üçün hamımızın yaxşı bir həyat ustadına ehtiyacımız var.

Zen müdrikləri belə deyirlər ki, tələbə hazır olduğu anda, müəllim özünü yetirəcək. İndi, ola bilsin ki, bu ifadədən lazım olduğundan daha çox istifadə edilir, amma bu ifadənin doğru çıxdığı hallar da olur. Öz instinktlərinə etibar edərək bu gecə buraya gəldiyinə görə özümü çox xoşbəxt hiss edirəm.

Heç nədən qorxmaq, ya da çəkinmək lazım deyil. Sənin başına nə gəldiyini bilirəm. İtirdiklərindən də xəbərdaram. Çəkdiyin ağrı-acılardan da xəbərim var. Çaşqınlıq içində olduğunuzu da bilirəm. Mən həmçinin sizin bəzi arzu və istəklərinizi də bilirəm.

– Mənim arzularımı? Siz nə demək istəyirsiniz?

– mən alçaq səslə ondan soruşdum.

– Siz arayıcısınız və bu gün yer üzündə sizin kimi minlərlə arayıcı mövcuddur. Bir zamanlar adi həyat sürmək istəyən insanlar indi qeyri-adilik biyabanlarını öyrənmək üçün öz rahatlıq zonalarından kənara çıxdıqca dünya da dəyişir.

İnsanlar daha öz həqiqi güclərindən təcrid olunmuş şəkildə yarımcanlı halda yaşamaqla kifayətlənmək istəmirlər. Onlar gözəl həyat yaşamaq, buludların arasında süzmək və ulduzlar ilə rəqs eləmək istəyirlər! – Onun ehtiraslı və güclü səsi ucalaraq bu balaca otağı doldurdu.

Sonra isə o gülməyə başladı. Necə də səmimi və sirayətedici bir gülüş idi!

– Məni bağışlayın, Dar, bir balaca hislərə qapıldım. Bunun səbəbi bu gün dünyada baş verən şeylərin məni dərindən həyəcanlandırmasındadır. Milyonlarla insan öz gözəl həyatlarını qorumaq üçün ayağa qalxır.

Görün nə qədər insan daha qurban rolunu oynamaq istəmir, əksinə onlar bu gün qalib rolunu oynamağa üstünlük verirlər. Görün nə qədər insan öz qorxuları ilə üzləşmək və onlara qalib gəlmək üçün öz daxili aləmlərinə baş vurur.

Bütün dünyada ürəklər açılır və insanlar özlərinin böyüdükcə və yetkinlik yaşlarına çatdıqca itirdikləri ən yaxşı və gözəl hissələrini bərpa etməyə çalışırlar. Bu, yaşamaq üçün çox qeyri-adi bir zamandır. Bütün dünya yaşamaq üçün daha yaxşı bir yerə çevrilməkdədir. Əslində, insan olmaq üçün bundan daha gözəl bir zaman mövcud olmamışdır.

– Bu mənə heç də belə gəlmir, – deyə mən dilləndim və səsimdəki inamsızlıq özünü büruzə verdi. – Ətrafımızda müharibələr, aclıq və cinayətkarlıq baş alıb gedir.

Bizi əhatə edən mühit qarmaqarışıq bir vəziyyətdədir. Məni yanlış anlamayın, mən elə də sosial şüura sahib olan birisi deyiləm, amma hətta mən də dünyamızın qeyri-müəyyənliyin və çaxnaşmaların hökm sürdüyü bir yer olduğunu görə bilirəm.

– Tamamilə doğru buyurdunuz, – deyərək bu adam itaətkarcasına cavab verdi. Elə bil mənə sübut edə biləcəyi heç bir dəlili, ya da öz eqosunu məmnun etmək, özünü doğrultmaq üçün heç bir sərmayəsi yox idi. Dünyada cəhalət qaranlığı hələ də həddindən çoxdur.

Amma, inanın mənə, bugünkü dünyamızda işıq da heç vaxt olmadığı qədər çoxdur. İndi həddən çox insan artıq başa düşür ki, qaranlığı lənətləmək mümkündür və ya inanılmaz dərəcədə çoxsaylı insanın şamı yandırmağa cəsarəti var.

Məhz bir insan kimi liderliyin əsas mahiyyəti də elə bundan ibarətdir – qaranlığın içində şamlar yandırmaq. Zülmət yalnız işığın olmadığı yerdə mövcud ola bilər. Və obrazlı şəkildə ifadə eləsək, planetimizin hər yerində şamlar artıq yandırılmaqdadır.

Biz kritik kəmiyyət, dönüş nöqtəsi istiqamətində hərəkət edirik və o nöqtədə kütləvi dəyişikliklər baş verəcək. Bu məqam elə də uzaqda deyil.

Kifayət qədər insanın özlərinin həqiqi kimliyini anlayacaq səviyyədə ayılacağı və özlərinin ən yüksək potensiallarını yenidən bərpa edəcəkləri zaman keyfiyyət sıçrayışı baş verəcək. Bütün bu dünya yaşamaq üçün çox gözəl bir məkana çevriləcək – Yer üzündə Cənnətə.

– Yer üzündə Cənnət? Keyfiyyət sıçrayışı?

– Bəli. Əsllik, saflıq cığırına qədəm qoymuş insanların sayında keyfiyyət sıçrayışı baş verəcək – bu cığır həyatınızı öz şərtlərinizə görə, özünüzün ən qiymətli dəyərlərinizə və ən yüksək ideallarınıza uyğun şəkildə yaşamağı ehtiva edir. Bu elə bir yoldur ki, onunla irəliləmək üçün ürəkaçıqlığı və yüksək səviyyədə inkişaf etmiş ağılla yaşamalısan.

Bu elə bir yoldur ki, onunla irəliləmək üçün ürəkaçıqlığı və yüksək səviyyədə inkişaf etmiş ağılla yaşamalısan. Bu elə bir yoldur ki, bu yolda öz qorxularınla və səni başını dik tutmağa qoymayan şeylərlə üzləşməlisən və beləliklə də öz böyüklüyünün üzə çıxaraq şəfəq saçmasına imkan yaratmalısan.

Bu çox gözəldir, əzizim! – bu yad adam mənə göz vuraraq dedi. – Öz qaranlıq yanlarını islah etmək istəyən və başqa insanlara zərər verəcək və ya onları məhdudlaşdıracaq heç bir şey etməyən insanların sayında keyfiyyət sıçrayışı olacaq.

Nəcib, xeyirxah və qorxusuz həyatdan daha aşağı olan başqa bir həyat yaşamaqdan imtina edən insanların sayında keyfiyyət sıçrayışı olacaq. Öz həyatları üzərində əsl liderliyi öz əllərinə alacaq insanların sayında keyfiyyət sıçrayışı olacaq.

Xoşbəxtlik, daxili rahatlıq və daha dərin mənalı həyat arayışına çıxaraq arayıcılara çevrilmiş, lap elə sizin kimi, Dar, insanların sayında keyfiyyət sıçrayışı olacaq. Bütün bəşəriyyət çox böyük təkamül dəyişiklikləri yaşayır. Bütün növlər dəyişməkdədir. Biz şəxsi əzəmətdən başqa heç nəyi qəbul eləmirik, – deyə bu adam böyük şövq ilə əlavə etdi.

– Təkamül dəyişiklikləri deyərkən siz nəyi qəsd ­edirsiniz?

– Bu suala görə çox sağ ol. Bilirsənmi, belə vacib söhbətdə səfeh suallar olmur.

– Bu günə qədər, insan varlığı kimi, bizim təkamülümüzün böyük bir hissəsi əsas diqqəti maddiyyatın, bizdən kənarda olanın üzərində cəmləşdirməyi ilə bilinirdi. İndiyə qədər bütün diqqətlər nəsə toplamağa və nəsə yığmağa verilirdi.

İndiyə qədər dominantlıq edən dəyər – “kim ən çox qələbə qazanıb, kimin bəxti daha çox gətirib və başqalarının üzərində kimin daha güclü hakimiyyəti var” – kimi şeylər olub. Və bu dəyərə görə, oyunun adı “vəziyyətə ən yaxşı uyğunlaşan sağ qalır” olub.

Bütün məsələ rəqabətdədir, çünki biz elə düşünürük ki, hamının qalib gəlməsi üçün kifayət qədər imkanlar yoxdur. Bir irq kimi, bu fəlsəfə daha bizim karımıza gəlmir. Bu, sadəcə, kasadlığın nəticəsidir. Bu kasadlıq ideyasının arxasında isə açıq-aşkar qorxu dayanır.

Bizim niyyət və düşüncələrimiz ətraf aləmdə gördüklərimizi yaratdığından, ətrafda görə bildiklərimiz yalnız çatışmazlıqdır – heç vaxt heç nə bizim üçün kifayət qədər deyil. Və beləliklə, sikl başlayır, bizdə heç vaxt kifayət qədər şeyə sahib olma hissi olmur və ona görə də heç vaxt özümüzü xoşbəxt hiss etmirik.

– Lap valehedicidir. Mən həyatımda heç vaxt belə sözlər eşitməmişəm, – mən qrim otağındakı stullardan birinə oturaraq dedim. Bu yad adam isə əllərini kürəyinin arxasında çarpazlayaraq əvvəlki kimi ayaq üstə dayanmışdı.

– İndi isə baxın, təkamül dəyişiklikləri deyərkən mənim demək istədiklərim bunlardan ibarətdir: planetimizdəki insanların böyük əksəriyyəti birmənalı olaraq yalnız maddiyyat haqqında düşünməkdən vaz keçməyə və əsas diqqətlərini mənəviyyata yönəltməyə başlamışlar.

Biz artıq əsas diqqət mərkəzinin “mən, mən, mən” üzərində cəmləşdiyi müstəqillikdən “qarşılıqlı asılılığın” böyük əhəmiyyətinə qiymət vermək istiqamətində hərəkət etməkdəyik. Eyni ailənin fərdləri olduğumuzu bir çoxlarımız artıq dərk etməyə başlayıb.

Bütün aləmdə bu gün bizim aramızda ən çox təkamülə uğramış olanlar əsl liderlərdirlər – liderlər deyəndə mən heç də müəssisə rəhbərlərini, prezidentləri və hərbi generalları nəzərdə tutmuram, əksinə kütlənin arxasınca getməkdən imtina etmiş və bizim hamımızın ən dərin səviyyədə bir-birimizlə əlaqəli olduğumuzu dərk etmiş bütün qadın və kişiləri nəzərdə tuturam.

Onlar başa düşürlər ki, başqa bir insana zərər yetirdikdə, əslində, özlərinə zərər vermiş olurlar. Onlar başa düşürlər ki, başqa bir insana yardım etdikdə, əslində, özlərinə yardım etmiş olurlar.

Hətta qabaqcıl elm sahələri də, mistiklərin min illər ərzində söylədiklərini təcrübə yolu ilə sınaqdan keçirərək bu gün bunu təsdiq edir.

Kvant fizikası ilə məşğul olan alimlər aşkar ediblər ki, kainatımız içindəki hər şeyin bir-biri ilə qarşılıqlı əlaqədə olduğu heyrətamiz bir sistemdir və bu sistemin daxilindəki hər şey bir-biri ilə daim əlaqəlidir və biri digərinin təsirinə məruz qalır.

“Heç kim öz-özlüyündə müstəqil bir ada deyil; hər bir insan bir materikin, bir bütünün parçasıdır… hər hansı bir insanın ölümü məni azaldır, çünki mən bütün bəşəriyyətlə birəm, bağlıyam; və ona görə də, heç vaxt sincin kimin üçün çalındığını soruşma; o sənin üçün çalır”,

– deyə yazarkən ingilis şairi Con Donn, əlbəttə ki, doğru söyləyirdi.

– Bu çox maraqlıdır, – deyə mən dilləndim, çünki indi eşitdiyim bu yeni məlumat, həqiqətən, məndə böyük maraq oyatmışdı.

– Gör aramızdan nə qədər çox insan öz diqqətini kənarda bir şeylər axtarmaqdan öz daxili aləmində səyahət etməyə çevirmişdir. Bir çoxları üçün səyahətə çıxmaq anlayışı öz daxili aləminə səyahət etmək anlamına çevrilmişdir.

Biz həm də dərk elədik ki, davamlı müvəffəqiyyətin qapısı heç də bayıra deyil, əksinə içəri açılır. Ən qiymətli xəzinələr daxili aləmdə yatan xəzinələrdir. Bir növ kimi, indi biz artıq öz mənəvi ehtiyaclarımız haqqında daha çox düşünməyə və şəxsi inkişaf, daha çox sevmək, şəfqətli olmaq və özümüzdən sonra bir irs qoymaq kimi fəaliyyətlərə daha çox zaman ayırmağa başlamışıq.

Müvəffəqiyyət qazanmaq, əlbəttə ki, vacibdir, amma əhəmiyyətlilik isə ondan da vacibdir. Bütün dünyadakı bestseller kitabların siyahısına bir baxın, görün onlardan özünüdərketmə və şəxsi azadlıq haqqında olanlar nə qədər çoxdur.

Bütün Yer üzündə insanlar kütləvi şəkildə “Mən nə üçün buradayam?” və “Mənim taleyim nədir?” kimi ən böyük həyati suallar verirlər. Və bayaq dediyim kimi, insanlar nə qədər çox dəyişsələr, bütün dünya da bir o qədər çox dəyişəcək. İndi baş verən də elə bu gözəl prosesdir. Və həqiqətən də, indi yaşamaq üçün çox gözəl bir zamandır.

– Çox ruhlandırıcı sözlərdir, – deyə mən dilləndim, özümü daha rahat hiss etməyə başladım və eşitdiklərimi tam şəkildə canıma çəkməyə çalışdım. Mən çarpazladığım qollarımı açdım.

– Məni yanlış başa düşməyin, – rahib dedi. – Çoxlu pul qazanmaqda, gözəl şeylərə sahib olmaqda və ya gözəl maddi həyat yaşamaqda pis heç nə yoxdur.

Biz bəşəri təcrübələrə sahib olan mənəvi varlıqlarıq və insanların yaratdıqları ecazkar şeylərdən faydalanmaqla həyatı daha da yaxşı etmək mümkündür.

Pul həyatı asanlaşdırır və insana çox böyük azadlıqlar bəxş edir. Sizə bunun əksini söyləyənlər, böyük ehtimalla, dəvəquşu sindromundan əziyyət çəkirlər.

– O nə deməkdir elə?

– İnsanların böyük əksəriyyəti həqiqətlə üzləşməkdən yayınmağa çalışırlar. Başını dəvəquşu kimi quma basdırmaq həqiqətə qarşı öz müqavimətinizə qarşı çıxmaqdan daha asandır. Və əsl həqiqət ondan ibarətdir ki, pul qazanmaq və gözəl əşyalara sahib olmaqda heç bir pis şey yoxdur.

Sizin gözəl əşyalara sahib olma və eyni zamanda mənəviyyatlı, yaxşı və təkamül etmiş birisi ola bilməyəcəyiniz haqqındakı o axmaq anlayışı kim uydurub? Gözəl evə sahib olun. Əla maşınlarda gəzin. Ekzotik yerlərə səyahətlər edin. Gözəl paltarlar geyinin. Mən iddia eləmirəm ki, siz belə dünyəvi zövq və səfadan faydalana bilməzsiniz.

Nəticə etibarilə onlar da çayları, dağları və ağacları yaratmış həmin gözəgörünməz qüvvə tərəfindən yaradılmışdır. Amma yaddan çıxarmaq lazım deyil ki, gözəllik dərin bir şey deyil, yalnız dəri qalınlığındadır. Bu şeylər sizi hərəkətə gətirən gücə çevrilməməlidir.

Öz mənliyinizi və öz dəyərinizi belə şeylərlə əsaslandırmayın. Bilin ki, onlar davamlı olmayacaqlar. Bu daha çox prioritet məsələsidir – xarici aləmə xas olan belə şeyləri yığaraq toplamağı öz əsas prioritetlərinizə çevirməyin. Biz bu dünyaya heç bir şeyə sahib olmadan gəlir və elə gəldiyimiz kimi də heç bir şeyə sahib olmadan köçüb gedirik.

Qəbiristanlığa gedən cənazə arabasının arxasınca mən mal-mülk yığılmış qoşqunun getdiyini heç vaxt görməmişəm. Yadda saxlanılması lazım olan əsas şey də elə budur. Gözəl şeylərə sahib ol, amma onların əsirinə çevrilmə.

Onlara sahib ol, amma onların sənə sahib olmasına imkan vermə. Öz həyatınızın əsas məqsədini, öz yüksək potensialınızı kəşf etmək, özünü başqalarına həsr etmək və sadəcə, özünüz üçün yaşamaqdan daha vacib şeylər üçün yaşamaqla fərq yaratmaq kimi, daha vacib məşğuliyyətlərə həsr edin.

Müvəffəqiyyət qazanmaq, əlbəttə ki, yaxşıdır, amma əhəmiyyətlilik – bu oyunun əsl adı bax budur, – deyərək o, bir daha qeyd etdi.

Həyatımın indiki mərhələsində eşitməyə ehtiyacım olduğu məhz bu adamın söylədiyi bütün bu müdrik sözlər idi. Bəlkə də, mən, həqiqətən, tələbə idim və bəlkə də, nəhayət ki, öyrənməyə hazır olduğum bir məqama çatmışdım və indi müəllim də özünü yetirmişdi.

Bəlkə də, həyatımın bu anına qədər yaşadığım şeylərin hamısı heç də puç edilmiş həyat anlamına gəlmirdi. Bəlkə də, indiyə qədər yaşadıqlarım məni bu hazırlıq məqamına yetişdirmək üçün nəzərdə tutulmuşdu.

Hər dəfə işlərimiz planlaşdırdığımız kimi getməyəndə mənim kadrlar şöbəsi müdirim Evan – çox zəngin mənəviyyatlı insandır – belə deyərdi: “Kainatda hər şey qaydasındadır”. İşdə və ya şəxsi həyatda başına nə gəlirsə gəlsin, Evan deyərdi ki, “hər şey yaxşıdır”, hətta ağrılı-acılı günlər yaşadığında belə.

Məndə elə bir hiss yaranırdı ki, o, həqiqəti söyləyir. Bəlkə də, qəzavü-qədər adlı heç nə yox idi və bizim həyatlarımızda baş verən bütün mürəkkəb və müəmmalı hadisələr təsadüfən baş vermir və nə qədər dərk etməyə cəhd etsək də, başa düşə bilmədiyimiz incə, sezilməyən, amma bununla belə kamil bir ağılın iradəsinə uyğun şəkildə gerçəkləşirdi.

– Ümid edirəm ki, bu sualıma cavab verməkdən imtina etməzsiniz, bəs deyin görüm siz kimsiniz axı? – mən bütün cəsarətimi toplayaraq və mənimlə bu dərin və müdrik fikirləri bölüşən bu qəribə, amma unudulması mümkün olmayan adamın xətrinə hər hansı bir formada dəyməməyə ümid edərək ondan soruşdum.

– Mənim adım Culian Məntldır və sənə mürşidlik etmək üçün gəlmişəm. Sənə öz taleyini öyrənməkdə yardım etmək üçün burdayam, – deyə o cavab verdi.

Sonra o, xalatının yan tərəfinə tikilmiş böyük ipək cibə əlini saldı və oradan bir banan çıxardı. Buna inana bilirsinizmi? Banan! O, bananı soydu, ondan dişlədi və ağzını marçıldada-marçıldada onu iştahla yeməyə başladı.

– Siz də banan istəyirsinizmi? – deyə o, mehribanlıqla soruşdu. – Bel çantamda bir banan da var, – deyə o əlavə etdi və barmağı ilə küncə atılmış parusin çantaya işarə etdi. – Banan bədən üçün əla yanacaqdır. Əgər bədəninizin ən yüksək səviyyədə çalışmasını istəyirsinizsə, onu yalnız ən yaxşı ərzaq məhsulları ilə qidalandırmalısınız.

Onun dediklərini, demək olar ki, eşitmədim, çünki mənim zehnim sürətlə işləməyə başlamışdı. Culian Məntl! İnanılmaz şeydir! Culian Məntlın kim olduğundan xəbərim vardı. Tanıdığım insanların hamısı Culian Məntlın adını bilirdi. Mən içimdə baş qaldıran həyəcanı heç cür boğa bilmirdim.

– Culian Məntl! Ferrarisini satmış rahib? Siz bunu ciddi deyirsiniz?

Bütün bu mənzərə mənə sürreal gəlirdi: qarşımda dayanmış bu rahib, onun mənə söylədiyi müdrik sözlər, bananın marçıltı ilə çeynənməsi. Özümü elə hiss edirdim ki, elə bil öz bədənimi tərk edərək burada baş verən hər şeyə haradansa yuxarıdan tamaşa edirdim.

Dünən öz kəlləmə silah dayamışdım və öz həyatıma son verməyə hazır idim.

Yalnız bir gün sonra isə ekssentrik bir rahibin apardığı təşviqetmə seminarından sonra səhnənin arxasına gəlmişdim və bu rahib indi mənə bananın bir ərzaq məhsulu kimi qidalandırıcı məziyyətlərindən danışır və hal-hazırda bütün dünyada baş verməkdə olan ruhi, mənəvi dəyişikliklər haqqında öz fikirlərini mənimlə bölüşür.

Bu, sadəcə, inanılmazdır.

Cavan vaxtlarımdan bəri Culian haqqında müntəzəm olaraq bəzi şeylər eşidirdim. Mənim atam məhkəmə vəkili idi və şəhərimizin ən böyük şirkətlərindən birində çalışırdı. Atam tez-tez “ulu Culian Məntl” haqqında hekayələr danışaraq məni əyləndirərdi.

Culian ölkənin ən yaxşı məhkəmə vəkillərindən biriydi və o yalnız özünün zəngin hüquq bilikləri ilə tanınmırdı, həm də təmtəraqlı və dəbdəbəli həyat tərzi ilə də məşhur bir adam idi. Culian Məntl sözün əsl mənasında super ulduz idi. O, bir bəşər övladının arzulaya biləcəyi hər şeyə sahib idi.

Lakin o bütün bunları bir kənara atmışdı. Culian Harvard Universitetinin hüquq fakültəsini bitirmişdi və müvəffəqiyyətli həyat onun alnına yazılmışdı.

O, “qızıl oğlan” idi. Ən böyük və səs-küylü məhkəmə işləri ona verildiyindən, ən yaxşı müştərilər ona müraciət etdiyindən və məhkəmədə qələbələri bir-birinin ardınca qazandığından, adama elə gəlirdi ki, onu dayandırmaq heç cür mümkün deyil.

Bu müvəffəqiyyət yolunda irəliləyərkən, mənim atamın bir vəkilin qazana biləcəyini təsəvvür edə biləcəyindən qat-qat çox pul qazanmışdı və bir ay ərzində başqa vəkillərin bütün karyeraları ərzində tanına bildiyindən daha artıq səviyyədə məşhurlaşmışdı.

Atam deyirdi ki, o, şəhərin ən gözəl qadınları ilə, əsasən maneken qadınlarla görüşə çıxırdı və həyata sığmaq bilməyən əzəmətli şəxsiyyətinə və hiyləgər ­cazibəsinə görə hamı tərəfindən sevilirdi.

Mən hələ uşaq ikən, atam məni öz maşınına mindirib şəhərin ən dəbdəbəli rayonunda gəzməyə aparar və Culianın dünyanın ən məşhur rok ulduzlarından birisinin evindən cəmisi bir neçə qapı aralı yerləşən əzəmətli malikanəsini göstərərdi.

Belə görünürdü ki, Culian tam və dolu bir həyat yaşayır və istədiyi hər şeyə sahibdir. Onun hətta al-qırmızı rəngli bir Ferrarisi də vardı və onu evə giriş yolunun düz mərkəzində saxlayardı. Uşaq vaxtı bu avtomobilə baxmağı nə qədər çox sevdiyimi indi də xatırlayıram.

Onun içinə oturub bir balaca gəzmək üçün hər şeyimdən keçərdim. Atam deyərdi ki, bu maşın Culianın ən çox sevdiyi əmlakıdır.

Və sonra, atamın dediyinə görə, Culian Məntla nəsə oldu. O, uçuruma yuvarlanmağa başladı. O, bərk kökəldi və həddən artıq çox siqaret çəkməyə başladı. Öz işində həddən ziyadə riskə getməyə başladı və çoxlu sayda məhkəmə işini uduzdu.

Onun işlərinin tərs getməsinin səbəbini dəqiq bilməsəm də, bu, şöhrətin zirvəsində olan bir insanın həyatımız boyu gördüyümüz ən inanılmaz düşüşü idi. Zənnimcə, nə qədər yüksəyə qalxsan, düşüşün bir o qədər ağrılı olacaq.

Və günlərin birində, səs-küylü bir məhkəmə prosesi zamanı insanlarla ağzına qədər dolu məhkəmə zalında Culian yerə sərildi – deyəsən, ürək tutmasından. Atam o vaxt dedi ki, bu, Culian Məntlın həyatında həlledici bir məqam – dönüş nöqtəsi oldu.

Öz həyatımızda dönüş nöqtəsinə çatanda bizim necə görünməyimizin, özümüzü necə ­aparmağımızın, həmin andan sonrakı həyatımızın, nəticə etibarilə, necə alınacağına çox güclü təsir göstərdiyini öyrənmiş oldum. Bundan sonra Culianın etdiyi şey onun həyatının axarını həmişəlik dəyişdi.

Bir neçə ay ərzində öz qüvvəsini bərpa edəndən sonra Culian öz vəkillik fəaliyyətinə xitam verərək istefaya çıxdı və ölkəni tərk etdi. Öz malikanəsini, əmlakını satdı.

O, Hindistana, milyonlarla sərgüzəştləri və zamana sığmayan müdrikliyi özündə yaşadan o ekzotik ölkəyə getməzdən əvvəl, hətta üstündə əsdiyi Ferrarisini də satdı. Mənə elə gəlir ki, o bəzi suallara cavablar axtarışındaydı və deyəsən, Hindistan ona bu suallara cavablar tapacağına bəzi ümidlər vermişdi.

Uzun, çox uzun illər ərzində Culiandan bir xəbər verən olmadı. Bir çoxları hətta onun vəfat etdiyini düşünürdülər.

Bir neçə ay bundan əvvəl hansısa qəzetin birinci səhifəsində “Culian Məntl: Ferrarisini Satmış Rahib – Dünyanı Təkmilləşdirmək üçün Səlib Yürüşünə Çıxmış Bir Adam” sərlövhəli bir məqalə oxumuşdum.

Məqalədən məlum olurdu ki, Hindistanda yaşadığı müddət ərzində Culian Məntl əhəmiyyətli dərəcədə dəyişiklikliyə məruz qalmışdı. Himalay dağlarının yüksək zirvələrində Culian az tanınan bir qrup rahibə rast gəlibmiş.

Bu rahiblər ona şəxsi transformasiya və öz həyatını ən gözəl şəkildə yaşamaq haqqında qədim və dərin bir fəlsəfənin sirlərini açmışlar. Öyrəndiyi bu fövqəladə müdriklik sayəsində Culian öz həyatında köklü və ecazkar dəyişikliklər etməyə müyəssər olmuşdur.

Faktiki olaraq, o özünü yenidən yaratmışdı, öz həqiqi yaşından çox cavan görünürdü və ətrafına müstəsna dərəcədə əhəmiyyətli olan həyat enerjisi saçırdı.

Zehni səviyyədə o, zəngin və mənalı həyatın əsaslandığı ümumbəşəri həqiqətlərə vaqif olmuşdu və bu həqiqətləri dünyaya hansı gözlə baxmasına tətbiq etmiş və bu yolla da daxili dincliyə nail olmuşdu. Emosional cəhətdən isə o öz uşaqlıq çağlarında əziyyət çəkdiyi yaralardan hali olmuşdu.

Bu o yaralar idi ki, yetkinlik yaşına çatmış bir insan olmasına baxmayaraq, onlar hələ də onun həyatını yönləndirir və hər birimizin gündəlik həyatda yaşamağa və hiss etməyə layiq olduğumuz zövqləri onun yaşamasına əngəl olurdu.

Sonra bu bilgilər ona bütün həyatı boyu içində daşıdığı qəzəbin böyük bir hissəsini silib yox etməyə imkan verdi və ona həm fiziki, həm də psixi səviyyədə öz təsirini göstərdi. O artıq keçmişin ağrı-acılarını sağaltmaq iqtidarındaydı.

Mənəvi cəhətdən özünün ən dərin dəyərlərinə daldı və öz yüksək mənliyinə yenidən qovuşdu. Culian bütün həyatı boyu geyindiyi sosial maskasını çıxardı və əsl üzünü açdı. İndi isə həyatını öz şərtlərinə görə, özünün ən yüksək dəyərlərinə müvafiq şəkildə və öz ürəyinin hökmünə qulaq asaraq yaşamağa başladı.

Başqalarının xoşuna gəlmək üçün sürdüyü həyat tərzinə son qoydu və bu dünyada hamıya yaxşı görünmək haqqında düşüncə və qayğılarına son verdi. O, kütlənin ardınca getməkdən və hər hansısa bir formada özünə xəyanət etməkdən imtina etdi.

İndi onu maraqlandıran bir şey vardı, o da həqiqi olmaq və xeyirxah əməllər etmək idi. “Culian Məntl öz taleyini kəşf etdi və bu da onu xoşbəxt bir adama çevirdi”, – mən həmin məqalədə yazılmış bu cümləni ­xatırladım.

Məqalədə həmçinin o da qeyd edilirdi ki, Qərbə qayıtmağı və imkanı çatdığı qədər çox sayda insanın öz həyatlarını ən yaxşı şəkildə yaşamasına və öz potensiallarından tam şəkildə istifadə edə bilməsinə yardım etmək işini özü üçün əsas missiya kimi qəbul edib.

Məqalədə, eləcə də Culianın müxtəlif yerlərdə öz qırmızı xalatı ilə gözlənilmədən ortalığa çıxması və özünün bəzi köhnə dostlarına, ailə üzvlərinə və bəzən də tanımadığı insanlara öz şəxsi əzəmətlərini bərpa etmələrinə və xoşbəxt, sağlam və tam dəyərli bir həyat sürmələrinə necə yardım etməsi haqqında danışılırdı.

Müxbir yazırdı ki, Culianın gördüyü bu iş böyük səs-küyə səbəb olmuşdu və bütün ölkədə insanlar kütlələr halında bir araya gələrək onu axtarıb tapmaq üçün ekspedisiyalar təşkil edirdilər.

Culian müəyyən mənada xalq qəhrəmanına çevrilmişdi və onun ətrafında mistika pərdəsi yaranmağa başlamışdı. Lakin Culian əcaib dərəcədə ələkeçməz olmuşdu: Culianı cidd-cəhdlə axtaran heç bir kəs onu tapmağa müvəffəq ola bilmirdi.

Bu məqalədə Culiandan müsahibə alınmamışdı, amma hamı onu “Həvəssiz Quru” adlandırmağa başlamışdı. Culianın həyat hekayəsi böyük əksəriyyətimizin mənəvi aclıq çəkdiyi bu zamanda kinofilm üçün əla ssenari ola bilərdi.

– Siz, həqiqətən də, Culian Məntlsınız? – hələ də içimdəki şübhəni boğa bilməyərək ondan soruşdum. – Nə üçün məni axtarmağa gəlmisiniz? Atam sizin haqqınızda mənə çox söhbətlər edərdi. Bilirsinizmi, atam da sizin həmkarlarınızdan idi.

– Sizin atanızın kim olduğunu mən dəqiqliyi ilə bilirəm, – incə bir tərzdə cavab gəldi. – O mənim dostum idi və mən öz dostluq münasibətlərimə çox böyük dəyər verirəm. Sənin atan mənə sənin haqqında çox danışıb və bu yaxınlarda sənin ailə həyatında baş verənlərdən də xəbərdaram.

Sənə yardımımın toxunması üçün gəlmişəm. Bilirsənmi, bütün liderlər arasında ən güclü olanlar qulluqçu liderlərdir.

– Bunu heç vaxt bilməmişəm, – deyə cavab verdim.

– İşlər heç vaxt göründüyü qədər pis olmur. Bizə güc, qüvvə və müdriklik bəxş edən şeylər özü elə məhz bizi kədərləndirən vəziyyətlərdir.

Çox qısa sükutdan sonra o, sözünə davam etdi:

– Sizin müstəsna dərəcədə ağır vəziyyətlərdən keçməli olduğunuzu bilirəm, Dar. Sizin yaşadığınız şeylərə qarşı mən çox həssasam və keçirdiyiniz hisləri əsla kiçiltmək niyyətində deyiləm. Hislər sizin ruhunuza açılan qapılardır və onlar əvvəlcə etiraf edilməli və sonra sonuna qədər yaşanmalıdır.

Hislər özündə çox vacib informasiya daşıyır və əgər tam şəkildə öyrəniliblərsə, sizin özünüzlə münasibət qurmanıza yardım edir. Onları inkar etmək özünüzün təbii bir hissənizi inkar etmək anlamına gəlir.

Hiss etdiklərinizə rəğmən ­yalandan özünüzü heç nə hiss etmirmiş kimi göstərmək həm psixoloji, həm də fizioloji cəhətdən çox qeyri-sağlam bir davranış olardı. Öz hislərini boğmaq insanı xəstəliyə düçar edə bilər.

Lakin bu oyunda bundan qat-qat daha böyük bir mənzərə də var, amma bu mənzərəni indiki qavrayış imkanınızla dərk edə bilməzsiniz. Unutmayın ki, biz dünyanı olduğu kimi deyil, olduğumuz kimi görürük. Siz dəyişdikcə, dünyaya baxış tərziniz də dəyişəcək.

Sizin idrakınızın hüdudları genişləndikcə, əvvəllər nə görə bildiyiniz, nə də dərk edə bildiyiniz şeylərin fərqində olmağa başlayacaqsınız. Bu aləmdə hər şey yaxşıdır. Sizin başınıza gələn hər bir şey sizi fantastik bir aləmə yönləndirir.

İnsan varlıqları olaraq, bizim içimizdəki meyillər həyatı bizim istədiyimiz şeylərə qulaq asmağa çağırmaqdır. Amma həyat bu tərzdə fəaliyyət göstərmir. O bizə ehtiyacımız olanı, bizim üçün ən yaxşı olanı verir – bizim ən mühüm maraqlarımıza uyğun gələni.

Siz həyata qulaq asmağa başladığınız anda həyatınız qat-qat daha yaxşı fəaliyyət göstərməyə başlayacaq. Çayın axarını dəyişməkdənsə, ona imkan verin, özü sizi istiqamətləndirsin. Və inanın ki, həyatın sizi apardığı yer məhz sizin həmin anda olmalı olduğunuz yerdir.

Bütün müqavimətlərinizi bir kənara qoyun və qarşıda sizi gözləyən hər nə varsa, onu təslimiyyət ilə qəbul edərək ona doğru hərəkət edin. Belə etmək sizin öz tale yolunuzla, öz həqiqi yolunuzla addımlamanızı təmin etməyin üsullarından biridir.

– Bu yaxınlarda qəzetlərin birində sizin haqqınızda bir məqalə oxudum, – mən ona dedim. – Dünyamızı daha yaxşı bir yerə çevirmək uğrunda yardım göstərmək üçün gördüyünüz işlər inanılmazdır.

– Bəli, o məqaləni mən də oxumuşam, – Culian dişlərini ağardaraq cavab verdi. – Əslində, o məqalə məndə olmalıdır, onu harasa qoymuşam. Mən idealistəm və belə yazıları oxuyanda özümü çox xoşbəxt hiss edirəm, çünki belə yazılar mənim nəsə bir fərq yaratdığımı mənə xatırladır.

Mən öz həyatımı yaşadığım onilliklər ilə deyil, əksinə gördüyüm işlərə görə hesablayıram. Mən onu da öyrəndim ki, uzunmüddətli xoşbəxtlik almaqla deyil, verməklə gəlir. Çinlilərdə bu haqda çox gözəl bir deyim var: “qızılgüllərin verdiyi azacıq bir xoş qoxu ələ ilişib qalır”.

Amma bununla belə, biz bunu çox vaxt unuduruq. Məsələn, götürək elə biznes sahəsini, uduzulması mümkün olmayan vəziyyətlərdə belə, biz bəzən hərəkətə keçmək iqtidarında olmuruq. Bəzən yanlış bir fikrə aldanırıq ki, bizim müzəffər olmamız üçün kiminsə müvəffəqiyyətsizliyə uğraması lazımdır.

Öz ərazilərimizi qoruyuruq və ətrafımızda olan hər kəsin müvəffəq olmasına yardım etməklə bağlı dəyərləri təqdim edən düşüncə sisteminə əsasən fəaliyyət göstərməkdən imtina edirik. Bunda heç bir doğruluq yoxdur.

Əslində, biznesin hansısa bir sahəsində liderlik etmənin ən yaxşı üsulu öz müştərilərinə və alıcılarınıza onların gözləməyə haqqı çatmadığı dərəcədə dəyər verməkdir. Biznes sahəsindəki əsl liderlər onların ­masalarının ­üstünə qidanı kimin qoyduğunu çox yaxşı dərk edirlər və ona görə də, öz müştəriləri ilə şahlar ilə davranırlarmış kimi rəftar edirlər.

Onlar öz müştərilərinin qulluğunda dayanır, onlarla şəfqətlə rəftar edir, onları əzizləyir və sevirlər. Biznesdə sevgi inanılmaz dərəcədə güclü bir vasitədir, bunu bilirdinizmi?

– Sevgi haqqında heç vaxt bu cür düşünməmişdim.

– Amma bu, həqiqətdir, mənim dostum. Bir kimsə sizə yardıma gəlməzdən əvvəl siz onun ürəyinə toxunmalısınız. Günəş kimi olun: günəş verə biləcəyi hər şeyini verir. Bunun əvəzində isə bütün güllər, ağaclar və bitkilər böyüyərək ona tərəf can atır.

Təkcə öz işgüzar həyatınızda özünüzü öz müştərilərinizi məmnun etməyə və onları sevməyə həsr etməklə, siz xoşməramlı səfirlər ordusu yaratmış olacaqsınız, onlar da bütün dünyanı gəzərək sizin nə etdiyiniz və kim olduğunuz haqqında öz bildiklərini hər kəsə danışacaqlar.

Hətta söhbət sizin rəqabət adlandırdığınız məsələdən gedəndə belə, onlara kömək eləmək üçün əlinizdən gələni etməyə çalışın. Onlar ilə ittifaqlar yaradın. Onlar ilə dostluq münasibətləri qurun. Biznesin əsas mahiyyəti də elə münasibətlərdən ibarətdir.

Onlara istədiklərini əldə etməyə yardım edin və qədim qarşılıqlılıq qanunu işə düşəcək – onlar da sənin istədiyin şeyi əldə etməyinə yardım etməyə başlayacaqlar. Vermək – almaq prosesini başladır.

– Çox gözəl məntiqdir, – deyə onunla razılaşdım, çünki müsahibimin sözlərindəki qüvvəni hiss edə bilirdim.

– Hə, dediyim kimi, həmin məqalədə mənim balaca bir fərq yaratmam haqqında yazılanları oxumaq içimdə məmnunluq hissinin yaranmasına səbəb olur, çünki o yazı özümə məxsus xırda bir üsulla başqalarının həyatlarına xoşbəxtlik payı qatdığımı mənim yadıma salır.

Lakin qazandığım bu məşhurluğu mən o qədər də ciddi qəbul eləmirəm. Bilirsinizmi, özlərinə qarşı həddən artıq ciddi olanları heç kim ciddi qəbul eləmir.

Bu cümləni eşidəndə mən gülümsədim. Bu adam nə danışdığını yaxşı bilirdi.

– Onların məni müdrik adam adlandırmalarına inana bilmirəm, – öz qədim xalatının üstündən banan qırığını götürərək o, sözünə davam etdi. – Belə şeylər haqqında mən nə bilirəm?

Mən bəzi çox qüdrətli müəllimlərin yardımı ilə onu qəbul etmiş bütün insanları gözəl həyata yönləndirəcək bir fəlsəfəni özü üçün kəşf eləmiş adi bir insanam.

Öz həyat fəlsəfəsini aydın şəkildə ifadə edə bilmək üçün hər bir insanın əlavə zamana ehtiyacı var – bu, insanın edə biləcəyi ən əhəmiyyətli şeylərdən birisidir. Həqiqi və gözəl həyat sürmək üçün hər bir insan əvvəlcə necə yaşamaq istədiyini və onun parlaq həyatının nəyə bənzəyəcəyini müəyyən etməlidir.

Biz hamımız bir kağız parçasında öz bəyanatımızı yazmalıyıq ki, hər səhər tezdən hamının yatdığı bir vaxtda onu təkrarən oxuya bilək. Həmin kağız parçası gündəlik seçimimizi etməmiz üçün bizi istiqamətləndirərək kompas rolunu oynayacaq.

Həmin kağız parçası bizi ən yaxşı gedişlərə kilidləmək üçün bir lövbər rolunu oynayacaq. Belə bir fəlsəfi bəyanata sahib olmayan kimsə gün ərzində qarşısına çıxan şeylərə reaksiya verməklə öz həyatını təsadüflərə görə yaşayacaq.

Bu cür həyat tərzi keçirmək fəlakətə aparan yola qədəm qoymaq deməkdir – öz həyatını bu tərzdə sürdürdüyün zaman öz başınıza müsibət açmaq üçün yalvarmış olursunuz. Bir məsəl haqqında düşünmədən dura bilmirəm: “Əgər hara getdiyini bilmirsənsə, istənilən yol səni oraya aparacaq”.

– Deməli, öz həyatımı necə yaşamaq istədiyim haqqında düşünməm üçün bir az zaman ayırmalıyam?

– Tamamilə doğrudur, Dar. Bu, həyatın tələblərindən birisidir. Müvəffəqiyyətli və özünü doğrultmuş insanlar düşünmək, planlaşdırmaq və götür-qoy etmək üçün zaman ayırırlar.

Onlar öz həyatlarına qarşı gözüaçıq davranırlar, çünki hər bir yeni günün baha biçilməz dərəcədə qiymətli bir hədiyyə olduğunu çox yaxşı bilirlər. Əgər bu dediklərimə inanmırsansa, onda evə gedərkən bir xəstəxanaya get və xərçəng xəstəliyi palatasında yatan xəstələr ilə danış.

Onlardan əlavə bir gün yaşaya bilmələri üçün nələrdən keçə biləcəklərini soruş.

Culianın sözləri köksümü ox kimi dəlmişdi. Həyatımda o qədər çox şeyi “elə belə də olmalıdır” kimi qəbul eləmişdim. Mən heç vaxt torpağın üzərində gəzdiyim heç bir günü bir hədiyyə və nəsə gözəl bir əməl etmək və ya fərq yaratmaq üçün bir imkan kimi dəyərləndirməmişdim.

– İnsanların böyük əksəriyyəti öz yay tətilini planlaşdırmaq üçün öz həyatlarını planlaşdırmağa sərf ­etdiklərindən daha çox vaxt sərf edirlər. Necə də utancverici bir haldır. Öz həyatınız haqqında düşünün.

Özünüzə sual edin: Mən necə yaşamaq istəyirəm? İrəliyə baxaraq nə etmək istədiyiniz, öz həyatınızda bundan sonra dözmək istəmədiyiniz şeylər və hansı mükəmməllik standartlarına tutunacağınız haqqında özünüzə suallar verin.

Mükəmməlliyə sədaqətli olmadan həyat sürmək sizə bəxş edilmiş baha biçilməz hədiyyə və istedadların ləkələnməsi, təhqir edilməsi anlamına gəlir.

Culian danışarkən bir neçə addım ataraq və sözlərinə əlavə təsir qüvvəsi üçün əllərini havaya qaldıraraq davam etdi:

– Necə həyat sürmək istədiyiniz və kim olmağı hədəflədiyiniz ilə bağlı sizin həqiqətlərinizi özündə əks etdirən bir fəlsəfəyə sahib olmadan sizin üçün doğru olan seçimləri necə edə bilərsiniz axı?

Belə bir fəlsəfəyə sahib olmadan siz öz həyatınızı başqa insanların arzularına müvafiq şəkildə yaşamağa məcbur olacaqsınız. Siz sıldırım qayalıqdan düşərək ölməyə can atan kütlənin arxasınca gedən ala siçana bənzəyəcəksiniz.

Belə bir fəlsəfəyə sahib olmadan siz özünüzü “birdən mənim bütün həyatım ancaq yalandan ibarətdirsə, onda necə olsun?” – deyə düşünərək ölüm yatağında uzanmış bir vəziyyətdə görə bilərsiniz.

– Bu sözləriniz vərəqdə yazılanları izah edir. “Öz həyatınızı yalanla yaşamağa son verin”, – cümləsini deyirəm. Düşünürəm ki, həmin ismarışı mənə siz yazmışdınız, hə, Culian?

– Əlbəttə. Əgər sirrə bir eyham olmasa, həyatın nə marağı olar? Balaca macəralar olmadan həyatda hansı sevincdən danışmaq olar? Sizin həyatınıza balaca bir möcüzə çaları qatmağa çalışdım. Sizin keçmək marağında olduğunuz bu yol əsəbləri zəif olan ağciyərlər üçün deyil, mənim dostum.

O çox böyük bir cəsarət tələb edir. Siz öz qorxularınızla qarşı-qarşıya durmalı və sonra isə bu qorxuları dəf edərək onların içindən keçməlisiniz. Bu heç də asan olmayacaq, amma daxilinizdəki ən dərin hissənizin öyrənmək arzusu ilə tutuşub yandığı yerə məhz bu yolla çata bilərsiniz.

İstənilən halda, bundan əvvəl söylədiyim kimi, insanların məni quru adlandırdığına inana bilmirəm. Mən, sadəcə, başqaları ilə bölüşməyə kifayət qədər güclü düşüncələri olan həyat məktəbinin bir tələbəsiyəm. Mənim haqqımda daha çox bir bələdçiyəmmiş kimi düşünün.

Mən insanların həyatına onlara doğru istiqaməti göstərmək üçün girirəm. Mən öz həyatlarında böyük dəyişikliklər etmək istəyən insanları axtarıram, çünki onlar hal-hazırda yaşadıqları həyatdan qat-qat daha böyük və daha mənalı həyatın olduğunu öz qəlblərinin dərinliklərində başa düşürlər.

Ruminin bir zamanlar söylədiyi bir fikir məni çox düşündürür: “Yola bələdçisiz çıxmış adam iki günlük bir məsafəni yüz ilə qət edəcək”.

Onun paylaşdığı bu müdrikliyin dərinliyindən xoşhallanaraq mən güldüm. Bu doğrudan da Culian Məntl olmalıydı. Onun paylaşdıqları ilə başqa kim paylaşa bilərdi ki? Bu qeyri-adi insanın kimliyi ilə bağlı ­qətiyyətsizliyimin son damlasını da özümdən kənarlaşdıraraq daha çox yüngülləşdim və daha çox rahatlaşdım.

– Bəlkə də, mənim etdiklərimə yanaşmanın ən yaxşı yolu məni, sadəcə, bir məşqçi hesab etməkdir. İnsanların öz mənliklərinin zirvəsinə çatmaları üçün mən onları təlimləndirirəm və onlara, insan varlıqları kimi, özlərinin ən böyük oyunlarını oynamaqda yardım edirəm.

Mən insanlara öz talelərini öyrənməkdə və öz arzularını həyata keçirməkdə yardım edirəm. İnsanların böyük əksəriyyətinin öz arzularını həyata keçirmək əvəzinə daha çox kütlənin arxasınca getmək və başqalarının etdiyi şeyləri etmək ilə məşğul olduğu bir dünyada yaşadığımıza inanmaq, əlbəttə ki, çox çətindir.

Sizə bir şey söyləyəcəyəm və xahiş edirəm ki, onu heç vaxt yaddan çıxarmayasınız: İnsanın nə vaxtsa ən çox peşman olacağı şeylərdən birisi öz həyatının sonuna gəlməsi və bütün həyatı boyu heç vaxt öz arzularını gerçəkləşdirməməsini anlamasıdır. Həyatınızın sonuna…

Ya da hətta ortasına çatdığınızda və bir gün səhər yuxudan ayılaraq həyatınız boyu heç nəyə cürət etmədiyinizi, ulduzlara tərəf uzanmadığınızı və öz imkanlarınızın hətta onda birisini həyata keçirmədiyinizi anladığınız vaxt sizin ürəyiniz qırılacaq, qəm-qüssəyə batacaqsınız.

Mənim bu sözlərimə inanın – bunu hər zaman müşahidə edirəm. Həyatımızın sonunda bizim qəlblərimizi kədərlə dolduran şeylər bizim girdiyimiz bütün risklər deyil.

Əksinə, bizi ən çox kədərləndirən şey girməyə cürətimizin çatmadığı bütün risklər, istifadə etməyərək boşa verdiyimiz bütün imkanlar və gerçəkləşdirmədiyimiz bütün işlər haqqındakı düşüncələrimizdir.

Öz həyatınızı cəsarətsiz bir ruh kimi yaşamayın, mənim dostum. Səhnəyə çıxın, bütün tənqidçiləri unudun və öz günlərinizin hədiyyələri ilə oyunu böyük oynayın.

Həyat çox qısadır və illər qızmar günəşli bir gündə çimərlikdə barmaqlarınızın arasından süzülərək axan qum dənələri kimi hiss edilmədən çox sürətlə keçib gedəcək. Siz parlamaq və öz istedad və qabiliyyətlərinizi gün işığına çıxarmanız üçün yaradılmışsınız.

Həyatda yalnız bir müvəffəqiyyətsizlik mövcuddur, o da nəyisə etməyə cəhd etməmək. Həyatda ən böyük uğursuzluq insanın öz yüksək oyununu oynamaq və onu qorxudan yerlərə getmək arzusunda olmamasıdır.

– Sizinlə razıyam, Culian, tamamilə razıyam. İndiyə qədər sürdüyüm həyat tərzinə görə necə peşmançılıq keçirdiyimi sözlə ifadə etməkdə çətinlik çəkirəm.

– Özünüzə qarşı bir qədər mülayim olun. Biz öz səhvlərimizdən öyrənərək yüksəlirik. Bir bu ifadəyə diqqət verin: sağlam düşüncə təcrübə ilə gəlir, təcrübə buraxılmış səhvlərin sayəsində qazanılır, səhvlər isə yanlış düşüncədən törəyir.

Öz rahatlıq ərazimin hüdudlarından kənara çıxmaqdan imtina edərək inkişafdan geri qalmaqdansa, mən öz həyatımla eksperimentlər aparmağa və bir neçə səhvə yol verməyə üstünlük verərdim. Beləliklə, siz bir neçə səhvə yol vermisiniz. Özünüzü əfv edərək yolunuza davam edin.

Keçmiş əslində bir məzardır və öz həyatınızı məzarın içində yaşamaqla keçirməkdə heç bir məntiq yoxdur. Hər bir son yeni bir başlanğıcın xəbərçisidir. Ya da başqa sözlə desək, əgər siz arxa görünüş güzgüsünə baxaraq ilişib qalmısınızsa, heç bir vəchlə irəliyə hərəkət edə bilməzsiniz.

Siseronun dediyi kimi: “Müdrik insanların ruhları özlərinin gələcək mövcudluğunun hansı vəziyyətdə olacağına baxır; onların bütün düşüncələri əbədiyyətin üzərində cəmləşib”. Əsas məsələ buraxdığınız səhvlərdən ibrət almaqdan və müdrikliyin təməlini qoymaqdan ibarətdir.

Şəxsi məsuliyyət hissini özünü bağışlama ilə qarışdırın. Digər əsas məqam isə öz qorxularınızdan uzaqlaşmaq əvəzinə onlara tərəf qaçmağa davam edin, çünki sizin ən böyük qorxularınızın digər tərəfində sizin ən gözəl həyatınız mövcuddur.

Əgər siz öz qorxu divarınıza tərəf qaçmağa davam etməsəniz, siz heç vaxt və əsla şəxsi azadlığı kəşf edə və onun zövqünü dada bilməyəcəksiniz. Azadlıq da qorxularınızın digər tərəfində öz mövcudiyyətini sürdürür. Sizcə, əksər insanlar tez-tezmi qorxu hissi keçirirlər?

– Bu haqda heç bir fikrim yoxdur, – deyə səmimiyyətlə cavab verdim. – Bəlkə də, bir neçə ayda bir dəfə.

– Əgər siz hər gün qorxu hissi keçirmirsinizsə, deməli, siz öz həyatınızı təhlükəsiz bir limanda və sahilə tutunmuş bir şəkildə keçirirsiniz. Kolumbun Yeni Dünyanı necə kəşf etməsi haqqındakı hekayəni bilirsinizmi? – deyə Culian mehribanlıqla məndən soruşdu.

– Yox, Culian, bilmirəm. Mən tarixə aid çoxlu sayda kitab oxumuşam, amma sizin verdiyiniz bu suala nə cavab verəcəyimi bilmirəm.

– O, hədəfinə tərəf perpendikulyar hərəkət edirdi,

– deyərək Culian özünün gündə qaralmış əllərini bir-birinə yaxınlaşdırıb “T” işarəsini yaratdı.

– Bununla nə demək istəyirsiniz?

– Kolumba qədər bütün əvvəlki macəra axtaranlar torpağı gözdən itirməmək üçün öz gəmilərində sahildən çox uzağa üzmürdülər. Bu, dənizdə üzmək üçün hamı tərəfindən qəbul edilmiş bir üsul idi. Kolumb isə bu üsuldan fərqli bir şey etməyə cürət göstərdi.

O bütün başqa insanların etdiyi kimi davranmaqdan imtina etdi və riskə girdi. Kolumb öz gəmisi ilə qarşı sahilə perpendikulyar üzdü – düz dənizin içərilərinə doğru. Məhz hamının bildiyi bir şeydən əl çəkməsinə və qeyri-müəyyənliyə doğru üzməyə cürət göstərməsinə görə, o ən böyük qəhrəmanlardan birisinə çevrildi.

Görürsünüzmü, mənim dostum, qəhrəmanlar özləri də inqilabçıdırlar. Bütün bəşəriyyət əldə etdiyi inkişaf üçün başqaları kimi düşünməyi, hiss etməyi və davranmağı rədd etmiş insanlara borcludur.

Con Fidcerald Kennedinin aya adam endirmək üçün gecə-gündüz yorulmadan işləməyini söyləməsi də kütlənin arxasınca sürünməkdən və balaca oynamaqdan imtina etmiş bir inqilabçı sözləri idi.

Mahatma Qandinin öz millətini azadlığa çıxarmaq arzusu öz qorxularının əsirinə çevrilməkdən imtina etmiş bir inqilabçının xəyalları idi. Tereza Ananın Kəlküttəni aclığın girdabından xilas etmək niyyəti ona bunu etməyin mümkün olmadığını və hətta bunu etməyin lazım olmadığını ona deyən skeptiklərin ­qışqırıqlarına qulaq asmağı rədd etmiş bir inqilabçının əqidəsi idi.

Corc Bernard Şou çox gözəl deyib: “Ağıllı insan özünü ətraf aləmə uyğunlaşdırır, düşüncəsiz insan isə ətraf aləmi özünə uyğunlaşdırmağa çalışır. Ona görə də bütün proqres düşüncəsiz insanlardan asılıdır”. Bu, müdrikliyin çox vacib bir məqamıdır.

Bütün inkişaf düşüncəsiz insanlara görə baş verir, çünki onlar kütlənin dediyi ilə oturub-durmaqdan imtina edərək öz ürəklərinin və öz vicdanlarının səsinə qulaq asırlar. Bütün bu günkü inkişaf riskə girməyə cürət edənlərin və onları qorxudan məkanlara girməyə çəkinməyən qadın və kişilərin sayəsində baş vermişdir.

– Bu çox dahi bir fikirdir, Culian, – deyərək onunla razılaşdım. – Bəşəriyyətin bütün inkişafı, dünyamızda əldə edilmiş bütün müvəffəqiyyətlər – odun kəşf edilməsindən tutmuş, ta ki personal kompüterin yaradılmasına qədər

– kütlənin söylədiklərinə qulaq asmamaq və onların daxilində inamsızlıq və qorxu hissini yaradıb-yaratmamasından asılı olmayaraq, özlərinin doğru bildikləri şeyləri etmək cürətinə sahib olan insanların sayəsində mümkün olmuşdur.

– Riskə girmək qorxu hissini oyatmaq üçün lazımdır, amiqo. Lakin riskə girmək özünü mümkün olduğu qədər canlı hiss etmək üçün də vacibdir. Mən bütün ürəyimlə his edirəm ki, cəsarətli olanda və öz həyatımızın bilinməyən məkanlarına səfərlər edəndə özümüzü daha canlı hiss edirik.

Mənim fikrimə görə, “böyük risklər böyük həyat deməkdir, kiçik risklər isə cılız ­həyat sürmək anlamına gəlir”. Əgər böyük və əhəmiyyətli bir həyat yaşamaq istəyirsinizsə, onda böyük risklərə girməkdən çəkinməməlisiniz.

İncini əldə etmək üçün dalğıc cəsarətsiz ruhların dalmaq istəmədiyi dərinliklərə baş vurmaq arzusunda olmalıdır.

– Çox gözəl bir misaldır.

– Heç xahiş etmədiyiniz bir şeyi kimdənsə xahiş edərkən sizin ürəyiniz şiddətlə döyünməyə başlayır, sizin həqiqətən diri olduğunuz an da elə budur. Bir insana bir söz söyləmək istəyirsiniz, amma sadəcə, söyləyəcəyiniz şeyi düşünməyinizin özü qarnınızda ağrıların baş qaldırmasına səbəb olur.

Sizin, həqiqətən diri olduğunuz an da elə budur. Həyatınızda indiyə qədər heç vaxt etmədiyiniz bir işə girişir və onu sona çatdırırsınız, çünki ürəyinizin dərinliyində dərk edirsiniz ki, həmin şey sizin həyatınızı daha da yaxşılaşdıracaq və onu daha da zənginləşdirəcək.

Sizin həqiqətən diri olduğunuz an da elə budur. Papa Valenda – böyük kəndirbaz görün nə gözəl deyib: “Həyat naqilin üstündədir. Yerdə qalan hər şey, sadəcə, gözləyir”.

Culian bugünkü dünyamızda nadir hallarda rast gələ biləcəyimiz bir şövq və ruh yüksəkliyi ilə davam etdi:

– Dediyim kimi, məni öz həyat təlimatçınız kimi qəbul edin. Biznes aləminin bütün ağıllı adamları arzuladıqları hədəflərinə çata bilmələri üçün özlərinə təlimatçı tuturlar. Hər bir idmançı öz imkanlarından tam yararlana bilməsinə yardım etməsi üçün məşqçi ilə ­işləyir.

Hə, özünüz haqqında həyat meydanında çıxış edən elit bir ifaçı kimi düşünün – taleyinizdə kim olmaq yazılmışsa, o istiqamətdə irəlilədikcə sizi istiqamətləndirməsi, həvəsləndirməsi və sizi çempion etməsi üçün bir məşqçiyə ehtiyacınız var. Bu gecəki seminara gələcəyinizi bilirdim.

O oğlan öz rolunun öhdəsindən çox gözəl gəldi – onun söyləməli olduğu sözləri həqiqətən bəyənmişdim. Ümid edirəm ki, sizi özümə tərəf çəkmək üçün istifadə etdiyim üsul sizi qorxutmadı.

– Ah, Culian, yox, siz məni əsla qorxutmadınız,

– deyərək yalan danışdım.

Culian davam etdi:

– Bu yəqin ona görədir ki, mənim işlədiyim insanlar böyük ehtimalla riskə girməkdən çəkinmirlər. Öz həyatımızla irəliləyərkən hər addımbaşı bizim qarşımızda seçim olur. Biz müqavimət göstərdiyimiz şeylərə qarşı çıxa və bu yolla da insan varlıqları kimi ucala bilərik. Yaxud da özümüzü əziyyətə salmamağı seçə və bunun nəticəsində də durğun, süst və balaca qala bilərik.

Başqa sözlə desək, bizim seçimlərimiz ya bizi azad edir, ya da məhdudlaşdırır. Ona görə də sizin necə reaksiya verəcəyinizi öyrənmək üçün yolunuzun üstünə bir neçə balaca problem qoydum. Və siz bu sınaqdan əla çıxdınız.

– Hə, Culian. Ümid edirəm ki, sizi Culian deyə çağırmağıma etiraz etməzsiniz…

– Əlbəttə, yox, Dar. Qarşıdan gələn bir neçə həftə ərzində biz bir-birimizi daha da yaxından tanıyacağıq. Gəl bütün rəsmiyyəti bir kənara ataq, – deyə Culian “Evan” suyundan bir udum alandan sonra cavab verdi.

– Mən çox istərdim ki, siz mənim həyat təlimatçım olasınız. Sözün düzü, məni özünüzə növbəti layihə kimi seçmənizlə mənə böyük şərəf verdiniz. Siz haqlısınız. Öz taleyimi öyrənmək və əsl həyatımı yaşamaq üçün hazır olduğuma içimdə çox böyük inam və əzm var.

Dünən başıma çox qəribə möcüzəyə bənzər bir şey gəldi və zehnimin, şüurumun qapılarını açdı. Mən elə bu dəqiqə onun təfsilatlarına girə bilməsəm də, icazə verin sadəcə deyim ki, mən artıq həyatın bu hədiyyəsinin necə bir xəzinə olduğunu anlamağa, onu qiymətləndirməyə başlamışam.

Mən həmçinin başa düşməyə başlamışam ki, bizim hər birimizin əksəriyyətimizin dərk edə biləcəyindən qat-qat daha böyük potensiala sahib olduğumuzu anlamağa başlayıram.

– Tamamilə doğrudur, – deyə Culian mənim dediklərimi təsdiq etdi.

Mən davam etdim:

– Culian, icazə verin, sizə çox sadə bir sual verim. Məncə, bu sual çox insanı düşündürür: bir insan, sözün əsl mənasında, öz taleyini necə öyrənə bilər?

Culian əlini öz xalatının önündəki tikmə naxışın üstündə gəzdirdi, sonra gözlərini yumdu. Elə bil hansısa ali mənbədən bir təlimat gözləyirdi. Uzun bir müddət susandan sonra o danışmağa başladı:

– Heç kim öz taleyini öyrənmir, Dar. Sizin taleyiniz özü sizi kəşf edəcək – o özü sizi tapacaq, əlbəttə ki, əgər siz hər hansı bir imkan özünü göstərdiyi anda ondan istifadə etmək üçün tələb olunan hazırlığı və içinizdəki işləri yerinə yetirmisinizsə.

Karlos Kastaneda çox gözəl deyib: “Biz hamımız, döyüşçü olub-olmadığımızdan asılı olmayaraq, ara-sıra gözlərimizin qarşısında ortalığa çıxan bir kub santimetrlik şansa sahibik.

Döyüşçü ilə orta statistik insan arasındakı fərq isə odur ki, döyüşçü bundan xəbərdardır və sayıqlığını itirmədən şansın özünü göstərməsini gözləyir, ona görə də bu bir kub santimetrlik şans özünü göstərən kimi ondan ­yararlanır”.

– Dəqiq.

– Açar isə bundan ibarətdir. Öz taleyinizi tapmaq ilə bağlı narahat olmanıza son verin. Özünüzü tanımaq üçün bir qədər vaxt sərf edin. Dünyaya göstərdiyiniz üz qabığınızı parçalayın və həqiqətdə kim olduğunuzu müəyyən etmək üçün tələb olunan daxili işi öz üzərinizdə daha dərindən yerinə yetirin. Bütün diqqətinizi özünüzlə münasibətin bərpasına yönəldin.

Özünüzün ən dərin və ən həqiqi dəyərləriniz ilə tanış olun. Üstünlük verdiyiniz şeyləri və prioritetlərinizi öyrənin – ən vacib olduğunu başqalarının sizə öyrətdiklərini deyil, ən yüksək dəyərə malik olduğunu özünüzün qəlbən hiss etdiklərinizi.

Özünüzü həqiqətən xoşbəxt hiss etməyə vadar edən şeyin nə olduğunu öyrənin. Şüuraltı modellərinizi və sizi əhatə edən şeylərə reaksiya vermə üsullarınızı idrakınızın işığına çıxarın ki, onları müalicə etmək mümkün olsun. Öz qorxularınız ilə tanış olun, onlara necə sahib olduğunuzu ayırd edin.

Özünüzün kim olduğunuzu biləndən sonra öz taleyinizə sahib olma iddiasını irəli sürə bilərsiniz, çünki taleyiniz sizə yaxınlaşmış olacaq.

Özünüzün həqiqi kimliyinizi və əslində nədən ibarət olduğunuzu öyrəndiyiniz anda bir kub santimetrlik şans özünü göstərən kimi onu ələ keçirmək imkanına sahib olacaqsınız. Və mənə inanın ki, bu, baş verəcək.

– Yaxşı. Ağlabatan fikirdir. Sizin dediyiniz bütün o “daxili iş” ilə məşğul olmaq üçün mən hazıram, hətta özümün ən qaranlıq qorxularım ilə tanış olmağa da.

– Sizin qorxularınızı sizə kimsə verib, bilirsinizmi? Onları sizə kimsə öyrədib.

– Ciddi deyirsiniz?

– Əlbəttə. Öz doğum anınızda siz, sözün əsl mənasında, qorxusuz bir varlıq idiniz. Öz doğum anınızda siz mükəmməlliyin özü idiniz. Bir vaxtlar Anri Amiel belə yazırdı: “Uşaqlıq çağlarına göylər özü xeyir-dua verir, çünki o, həyatın qəddarlığına cənnətdən bir qədər pay qatır.

Hər gün baş verən minlərlə doğum bizim pozulmuş təbiətimizlə mübarizə aparan təmizliyə və məsumluğa yeni əlavələrdir”.

– Hə, bu dəqiqdir, Culian. Bizim öyrənməli olduğumuz dərsləri bizə öyrətmək üçün körpələr bizə yetkin insanlardan inkişafın daha yüksək səviyyəsində gəlirlər.

Özüm də bilirəm ki, bu dərsi mən dəfələrlə unutmuşam. Bir çox cəhətdən uşaqlar əsl müəllimdirlər. Onlar bizim onlara inandığımızdan qat-qat çox şeylər bilirlər.

– Tamamilə doğrudur, amiqo. Körpə uşaq olduğumuz vaxt biz, həqiqətən, mükəmməl oluruq. Həmin vaxt biz hələ də dünyanı yaratmış güclə əlaqəli oluruq. Amma yaşa dolduqca bizi əhatə edən dünyadan qoxuları canımıza hopdururuq. Biz “korlanırıq”.

Bu ona görə baş verir ki, biz ətraf aləmə uyğunlaşmağa və hamı kimi olmağa çalışırıq. Biz istəyirik ki, valideynlərimiz bizi sevsin və bizə məftun olsunlar. Ona görə də onları özümüz üçün nümunə seçirik və onların qorxularını, məhdudlaşdırıcı inanclarını və yanlış fikirlərini mənimsəyirik ki, onlara daha çox bənzəyə bilək.

Bütün bunları sevilmək arzusu ilə tutuşub yandığımıza görə edirik. İndiki anda olduğunuz adam sizin əsl kimliyiniz deyil. Əslində, bu sizing bu dünyada olmanız nəticəsində mənimsədiyiniz kimlikdir.

Ətraf aləmdən qəbul etdiyiniz bütün bu qorxuları silib yox etmək üçün siz geriyə dönməli və özünüzün bütün qorxularınızın mənbəyini tədqiq etməli olacaqsınız.

Sonra da bu qorxuların sizin ruhunuzun bir hissəsi olmayana qədər onların içindən keçərək onlarla işləməli olacaqsınız. Taleyinizin sizi səsləyəcəyi səviyyəyə qədər özünüzü tanımaq üçün siz həmçinin öz həyatınıza daha çox diqqət verməli və öyrənməli olduğunuz dərslər üzərində daha çox düşünməlisiniz.

Özünüzə qarşı tələbkar olmalı və öz həyat tarixçənizi yaxşı öyrənməlisiniz.

– Həyat tarixçəmi?

– Bizim hər birimiz öz həyatımız haqqında bir tarix yaradırıq, hətta bunu yalnız özümüzə desək belə. ­Bizim bəzilərimiz üçün bu tarix yalnız qurban olmaqdan ibarətdir.

Öz uşaqlıq çağlarına görə və ya boya-başa çatdıqları məkana görə, ya da onların başına gələn bədbəxt hadisələrə görə onlar belə düşünürlər. Bir görün, bu gün dünyamızda peşəkar qurbanlara çevrilmiş nə qədər insan var.

– Nə üçün?

– Ona görə ki, qurbanın rolunu oynamaq çox asandır. Həyatınızın düşdüyü hala görə öz üzərinizə heç bir məsuliyyət götürmək məcburiyyətində deyilsiniz. Özünüzə heç vaxt nəzər salmadan və lazım olan dəyişiklikləri etmədən həyatınızdakı problemlərə görə başqalarını günahlandıra bilərsiniz.

Lakin qurban rolunu oynamağa başladığınız an siz öz qüvvənizi sizi qurban halına saldığını iddia etdiyiniz şeyə vermiş olursunuz. Bu, çox iqtidarsız bir həyat sürmə tərzidir.

– Hə, çox dəqiq söylədiniz, – deyərək cavab verdim və razılıq əlaməti olaraq başımı yırğaladım.

– İnsanların uydurduqları hekayələr, adətən, öz arzularının ardınca qaçmaları üçün onların həddən artıq yaşlı olmaları və ya istədikləri həyat yoldaşını tapmaları üçün kifayət qədər cazibədar olmadıqları, ya da arzusunda olduqları şeyi həyata keçirmək üçün kifayət qədər ağıllı olmadıqları haqqında olur.

Bu siyahını istədiyiniz qədər uzatmaq mümkündür. Mənim fikrim isə belədir:

edə biləcəyiniz ən yaxşı gediş öz-özünüzlə münasibətlərinizin üzərində işləməkdir.

– Sizin Himalay dağlarında etdiyiniz kimi, – deyərək müdaxilə etdim.

– Hə, lap mənim Himalay dağlarında etdiyim kimi, – Culian mənim dediklərimi təkrar etdi. – İnsanların böyük əksəriyyəti özləri ilə əlaqəni, ünsiyyəti itiriblər. Onlar reallıqda kim olduqlarını yaddan çıxarıblar.

Bu məni çox kədərləndirir. Bizlərdən hər birimiz bizim DNT-mizə qeyd edilmiş əzəmətə sahibik. Bizim həyatlarımız sevinc dolu, maraqlı, sevgi ilə zəngin, dinc və gözəl olması üçün bizə bəxş edilmişdir. Xoşbəxtlik doğuşdan sahib olduğumuz hüququmuzdur.

Lakin hər birimiz ondan özümüzəməxsus bir şəkildə istifadə edirik. Biz alababatlıq tələsinə düşmüşük. Elə düşünürük ki, bizim başımıza möcüzələr gələ bilməz. Biz risk etmədən balaca oynamağa çalışırıq, çünki düşünürük ki, əgər imkanlarımızın daha yüksək səviyyələrinə çıxsaq xəsarət ala bilərik və ya insanlar bizi sevməz, ya da həyatımız kəllə-mayallaq gedər.

– Çox dəqiq söylənmiş fikirdir.

Culian həvəslə sözünə davam etdi:

– Biz xoşbəxtliyi yalnız pul-paranın gətirəcəyi ilə bağlı yalanlara inanırıq və ona görə də ruhumuzu satırıq. Biz, sadəcə, artıq kim olduğumuzu və kim olmaq üçün yaradıldığımızı bilmirik. Dünyada olmamızdan dolayı hiss etdiyimiz kənar gücün əvəzinə anadangəlmə bizə bəxş edilmiş həqiqi qüvvəni qeyri-iradi olaraq təhvil veririk. Biz, həqiqətən, öz əsl kimliyimizi unutmuşuq.

Və əgər siz kim olduğunuzu və məhz kim ­olmaq istədiyinizi dəqiq bilmirsinizsə, taleyiniz özünü sizə göstərdiyi vaxt siz onu necə tanıya və ona sahiblənə bilərsiniz? Özünüzü dərk edin və mən sizə söz verirəm ki, sizin taleyiniz özü gəlib sizi tapacaq.

Bu məqamda Culian bir anlıq susdu və sonra dedi:

– Yaxşı, bizim ilk təlimat sessiyamızı yekunlaşdırmaq vaxtı gəlib çatdı, Dar. Artıq gecdir və mən əminəm ki, bir gecə üçün kifayət qədər həyəcanlı anlar yaşamısınız.

Sonra biz qrim otağından çıxaraq dəhlizlə getdiyimiz zaman Culian öz əzələli qollarından birini mənim çiynimə qoydu. Sadəcə, Culianın yanında olmaq özü mənə dinclik gətirmişdi.

– Sizdən istədiyim yalnız bir şey var, o da mənə etibar etmənizdir. Əgər istəsəniz, mən sizi heç vaxt təsəvvürünüzə gətirmədiyiniz bir yerə aparacağam. Frederik Faust çox gözəl deyib: “Hər bir insanın içində bir nəhəng yatır. O nəhəng yuxudan ayılanda möcüzələr baş verir”.

O yüksək dağ zirvələrində keçirdiyim vaxt ərzində öyrəndiyim sirləri mən sizinlə bölüşəcəyəm. Həyatın verə biləcəyi ləzzəti dadmanız üçün bilməyə ehtiyacınız olan hər şeyi açıb sizə göstərəcəyəm. Həyatınızda heç olmasa bir dəfə yüyəni uzunluğunun imkan verdiyi qədər sərbəst buraxın, mənim dostum.

– Bununla nə demək istəyirsiniz?

– Hə, bu mənim ən çox sevdiyim ifadədir. O bizim hər birimiz üçün öz qorxularımıza tərəf getməli olduğumuz haqqında danışır, əlbəttə ki, əgər biz böyük və gözəl bir həyat yaşamaq istəyiriksə. Bu ifadəyə Meri Kolmodelyin hansısa yazısında rast gəlmişəm. Budur, al, karına gələ bilər.

Culian öz xalatının cibindən çıxarıb mənə bir vərəq kağız uzatdı. Çox istifadə edildiyindən vərəq tamamilə əzilmişdi. Vərəqdə bu sözlər yazılmışdı:

Həyatımın hər keçən ilində mən daha da əmin oluram ki, həyatımızın boş yerə sərf olunmasının səbəbi, vermədiyimiz sevginin, istifadə etmədiyimiz gücün, heç bir şeydə riskə girməyən xudbin tədbirlilik və ağrı-acıdan qaçaraq canımızı qurtararkən yan keçdiyimiz xoşbəxtliyin altında yatır.

Uzunmüddətli zaman pespektivində heç kim heç vaxt həyatında heç olmasa bir dəfə “yüyəni uzunluğunun imkan verdiyi qədər sərbəst buraxan” insandan daha kasıb ola bilməz.

– Heyrətamiz sitatdır, Culian. Lütfən bilin ki, sizin mənə verəcəyiniz hər məsləhəti canla-başla etməyə hazıram. – Culianın mənə həyat mürşidliyi etmək təklifinin altında yatan nəhəng imkanı dərk edərək mən cəld cavab verdim.

Bizneslə məşğul olan dostlarımın böyük əksəriyyətindən həyat təlimatçısına malik olmanın dəyəri haqqında çox eşitmişdim və həyatımın belə bir məqamında Culianın mənim həyatıma girməsinə görə özümü çox xoşbəxt hiss edirdim.

– Məndə bu dəyişikliklərin baş verməsi üçün nə qədər zamana ehtiyacım olacaq?

– Şəxsi transformasiya sürət yarışı deyil, Dar. Əslində, bəzən dəyişmək üçün nə qədər çox qüvvə sərf edirsənsə, bu, bir o qədər çox zaman alır. Gör nə qədər insan özünüdərketmə ilə ekstremal idman növündə olduğu kimi davranırlar: öz sağalmalarına nail olmaq üçün bu yolla başgicəlləndirici bir sürətlə irəliləməyə çalışırlar.

Onlar bir-birinin ardınca ara vermədən kitablar oxuyurlar. Bələdçidən bələdçiyə qaçır və bir-birinin ardınca seminarlarda iştirak edirlər. Onlar mübarizə aparmağa məcbur olduqları böyük suallara cavablar tapmaq arzusundadırlar.

Lakin öz həyat sirlərinin içində duruş gətirə bilməyən və şəxsi inkişaf prosesindən həzz ala bilməyən insanlar qorxu içində olan insanlardır.

– Ciddi deyirsiniz? – mən eşitdiklərimdən təəccüblənərək soruşdum. Bizim cəmiyyətimizin əsas dəyərlərindən biri “nə qədər tez olsa, bir o qədər yaxşıdır” devizidir və Culianın bu fikri rədd etdiyini eşitmək Culianın özünün və onun qeyri-ənənəvi fəlsəfəsinin ətrafında yaranmış əsrarəngizliyi bir qədər də artırdı.

– Bir şeyə inanmalısınız ki, sizin zamanlamanız ilə təbiətin zamanlaması heç də həmişə eyni olmur. Ona görə də gərginliyinizi boşaldaraq özünüzü prosesin axarına buraxın. Siz bütün sualların cavablarını bilmək iqtidarında deyilsiniz, ən azından hələlik.

Nəsə bir şey öyrənmək və ya konkret bir dərsi almaq üçün hazır olduğunuz zaman o özü gələcək. Əgər bir kinofilmə yarısına qədər baxandan sonra onun süjetinin bütün dönüşlərini əvvəlcədən bilsəydiniz, filmin davamına baxmağın nə anlamı qalardı?

Sizin həyatınız da bir triller filmi kimidir, mənim dostum – alacağın zövqün yarısı qabaqda nə baş verəcəyini bilməməkdədir. Həyat da maye kimidir. Hər şey durmadan dəyişir.

Bir şeyin necə nəticələnəcəyini güman etməniz heç də onun sizin düşündüyünüz kimi alınacağı anlamına gəlməz. Bütün təmrinin ləzzəti də elə bundadır. Bu özü də bir hədiyyədir.

– Nə demək istəyirsiniz?

– Həyatın məqsədinin bir hissəsi də bütün bunların sirr olmasını, sadəcə, qəbul etməkdən ibarətdir. Sizin bu səyahətinizin bir hissəsi də işlərinizin sizin istədiyiniz kimi alınmayacağı ilə bağlı bütün qorxularınızdan yaxanızı necə qurtaracağınızı öyrənməkdən ibarətdir.

Həyat heç vaxt sizin gözlədiyiniz kimi getməyəcək. Ta rahatlaşa və bütün bu macəradan həzz almağa başlaya biləcəyinizi dərk etdiyiniz vaxta qədər. Sadəcə, dönüb indiyə qədər öz keçdiyiniz həyat yoluna bir baxın. Heç həyatınızda nəsə bir şey planlaşdırdığınız kimi baş ­veribmi?

– Son bir neçə ay ərzində mən tez-tez düşünmüşəm ki, həyatımın bu cür inkişaf edəcəyini heç təsəvvür belə edə bilməzdim.

– Düzdür. Hər bir insanın da həyatı belədir. Və əgər siz mənim bu sualım haqqında daha uzun bir müddət və daha dərindən düşünsəniz, sizə qabaqcadan bildirirəm ki, görəcəksiniz ki, sizinçün gözlənilməz olan minimum dəyərlər üçün keçərli olan şeyləri eynilə həyatınızın yüksək məqamları üçün də söyləmək ­mümkündür.

– Hə, tamamilə doğrudur, Culian. Mən indi çox çətin bir dövr yaşamaqdayam, lakin düzünü desəm, etiraf edirəm ki, həyatımda qazandığım bütün ­müvəffəqiyyətlərdən bu qədər zövq alacağımı heç vaxt düşünməmişdim. Bu qədər çox şeyin belə əla olması tamamilə gözlənilməzdir.

– Tamamilə doğrudur. Deməli, dərsimizdən aydın oldu ki, heç kim həyatı nə nəzarətdə saxlaya bilər, nə də onun böyük ideyasını anlaya bilər.

Lakin mənə inanın ki, onda bir mükəmməllik var. Hətta elə indicə hiss etdikləriniz, müəyyən bir zaman keçəndən sonra, sizin həyatınıza inanılmaz dərəcədə böyük dəyər və zənginlik qatmış gözəl bir xeyir-dua kimi özünü büruzə verəcək.

– Ciddi deyirsiniz?

– Hə, tamamilə ciddi deyirəm, – deyə Culian cavab verdi.

O əlavə etdi:

– Həddən artıq çox insan öz plan və hədəflərinin onların gözlədiyi kimi alınmayacağı fikrini həzm etməkdə acizdir. Bu cür düşüncə tərzi belə insanlarda nəzarət probleminin olduğunu göstərir. Onların nəzarət etmə ehtiyacının arxasında isə çox vaxt qorxu hissi dayanır.

Bu cür insanlar təbiətin üsullarına etibar etmirlər. Belə insanlar bütün yaradılışın mənbəyi olan sevgiyə də çox az inanırlar. Bəli, planlar qurun və hədəflər müəyyən edin. Səylə işləyin və istədiyinizə nail olun.

Bu, məsuliyyətli insan olmanın şərtlərindən birisidir – bu, bir həqiqətdir ki, qarşıya məqsədin qoyulması onların əksəriyyətinin həyata keçməsinə səbəb olur. Lakin öz plan və hədəflərinizdən dörd əllə yapışmayın. Kainat çox vaxt öz xəzinəsini bizə gözləmədiyimiz bir formada göndərir.

Əgər bizim bütün fikir-zikrimiz özümüz üçün ən yaxşısı hesab etdiyimiz şeydən bərk-bərk yapışmağa, onu izləməyə yönəlibsə, onda bizim üçün həqiqətən yaxşı olan şeyi gözdən qaçıra bilərik.

– Həyatımda heç vaxt buna bənzər sözlər eşitməmişəm. Hindistanda yaşayan o müdriklər çox heyrətamiz insanlar olmalıdırlar.

– Bu sözlər onları kiçiltməkdir, mənim dostum. Hə, deməli, gəl səninlə bölüşdüklərimə qayıdaq, – bütün diqqətini mənim başa düşməyimi istədiyi məsələyə cəmləyərək Culian dedi, – öz taleyinin axarına nəzarət etmək fikrindən əl çək. Ona görə ki, nə qədər çalışsan da sən bunu edə bilməyəcəksən.

Əlbəttə ki, siz müdrik seçimlər edə bilərsiniz və sizin etdiyiniz seçimlərin müəyyən təsiri olacaq. Lakin nəticə etibarilə siz ona nəzarət etmək iqtidarında deyilsiniz. Bir insan varlığı olaraq, biz çox təkəbbürlüyük. Biz düşünürük ki, kainatdan daha ağıllıyıq.

Qürub və göy qurşağını yaratmış kainatdan. Ulduzları və ayı yaratmış kainatdan. Biz düşünürük ki, öz ən mühüm maraqlarımız haqqında bütün mövcudatı yaratmış mənbədən daha çox bilirik.

Bu haqda düşünmək belə gülüncdür. Bizim içimizdə inanc çox zəifdir.

– Bunun səbəbi içimizdəki qorxulardır, mən artıq onları qiymətləndirməyə başlayıram.

– Düzdür, – deyə Culian razılaşdı. – Qorxu hissi insanları kiçik və saxta həyat sürməyə vadar edən faktorlardan birincisidir.

Dəyişiklik prosesinin nə qədər cəkəcəyi ilə bağlı sizin əvvəldə verdiyiniz suala qayıtmaq üçün bir daha demək istəyirəm ki, şəxsi yüksəliş finiş xəttinə tez çatmağı hədəfləyən bir sürət yarışı deyil. Əksinə bu, fitri və təbii bir prosesdir.

Sizin öz daxili aləminizin dərinliklərinə nüfuz edə bilməniz üçün sizə açacağım dərslər üçün vaxt ayırmalısınız. Hər hansı bir dərsi almaq üçün hazır olduğunuz anda həmin dərsi öyrənməniz üçün sizə imkan yaradacaq əla bir təcrübə keçəcək və ya bir insanla tanış olacaqsınız.

Həmin dərsi öyrəndikdən sonra, onunla bütünləşə bilməniz üçün müəyyən zaman müddəti keçməlidir. Bu prosesdə tələskənliyə ehtiyac yoxdur. Bu çox gözəl bir səyahətdir. İnanın ki, hər hansı bir zaman anında haradasınızsa, deməli, sizin taleyinizdə elə orada da olmaq var imiş.

– Yaxşı, mən içimdəki gərginliyi bir qədər azaldaram. Bunun bir sürət yarışı olmadığını başa düşürəm. Öz dəyişikliyimin, sizin də dediyiniz kimi, “təbii” axarına mane olmaram, Culian, – mən dedim.

Culian məni uzun bir dəhlizlə apardı və bu dəhliz bizi yenidən zala çıxardı. Kiminsə sement döşəməyə atdığı boş sodalı su bankasını görəndə, o əyilərək bankanı yerdən qaldırdı.

– Hər bir kiçik əməl belə hesaba alınır, – o dedi.

Culianın bu sözlərlə nə demək istədiyinə əmin olmasam da cavab verməyərək susdum.

– Qarşıdan gələn həftələr və aylar ərzində yenicə doğulmuş körpə ikən bildiyiniz mükəmməlliyi bərpa etməkdə sizə yardım edəcək yeddi mərhələli proses haqqında bildiklərimi sizinlə bölüşəcəyəm.

Bu proses sizin daxilinizdəki ən ali və ən yaxşı olanları oyadacaq. Amma siz səbirli olmalısınız. Əgər onu mütləq sonluğa çatana qədər izləsəniz, bir insan varlığı kimi, siz aydınlaşmanı dada biləcəksiniz.

– Aydınlaşma? Belə de! – qarşıda məni gözləyən sevinci hiss edərək dilləndim.

– Siz bu səyahətə çox ciddi yanaşmalısınız, Dar. Siz Özünü-Oyatmanın 7 mərhələsindən keçmək üçün tələb olunan daxili işi yerinə yetirməyə və sizə göstərəcəyim yol ilə cəsarətlə addımlamağa hazır olmalısınız.

Lütfən bilin ki, bu yolla irəlilədiyiniz zaman onun hər bir mərhələsində sizin seçiminiz olacaq – öz talelərinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı insanların hər zaman seçimləri olur. Siz təşviq etmək niyyətində olduğum yüksəlişə müqavimət göstərə, ya da onu qəbul edə bilərsiniz.

Və əgər siz yüksəlməyi və öz qorxularınızın üstünə getməyi seçməkdə davam etsəniz, siz şəxsi azadlığın və fərdi əzəmətin daha yüksək pillələrinə qalxacaqsınız. Siz həyatın əsl anlamının nə olduğunu dərk etmək iqtidarında olacaqsınız.

Siz dünyanı idarə edən universal həqiqətləri və təbii qanunları başa düşməyə başlayacaqsınız. Bütün bunları biləndən sonra onlara uyğunlaşmaq üçün öz seçimlərinizi etməyə davam edə bilərsiniz.

Və özünüzü dünyanı idarə edən təbii qanunlara uyğunlaşdırdığınız anda sizin həyatınız avtomatik olaraq istədiyiniz kimi inkişaf etməyə başlayacaq. Siz həqiqəti anlamağa başlayacaqsınız. Özünüzün əslində kim olduğunuzu dərk etməyə başlayacaqsınız.

Siz öz şəxsi parlaqlığınızdan və öz həyatınızın cövhərində yatan ucsuz-bucaqsız imkanlardan istifadə etmək imkanına sahib olacaqsınız. Bax, elə həmin anda sizin həyatınız möcüzəyə çevriləcək.

– Bu mənə nə qədər pula başa gələcək, Culian? – bir müddət öncə təşviq etmə seminarında natiqin çıxış etdiyi zala daxil olanda mən müsahibimdən soruşdum. – Mən eşitmişəm ki, şəxsi kouçinq xidməti çox bahalı ola bilər.

– Əlbəttə ki, buna görə siz heç nə ödəməli olmayacaqsınız. Mənim göstərdiyim xidmət pulsuzdur, sadəcə, məni banan ilə yaxşı təmin etsəniz yetər, – deyə Culian gülümsəyərək dedi. – Ciddi deyirəm, insanlara onların həqiqətdə nədən təşkil olunduqlarını başa düşməkdə yardım etmək üçün mən səlib yürüşünə çıxmışam.

Mənə ən çox sevinc bəxş edən şey mənim biliklərimə ehtiyacı olan insanlara yardım etməkdən ibarətdir. Heç bir mənfəət güdmədən, fədakarcasına xidmət göstərməklə mən bu gözəl planetdə yaşamağım üçün icarə haqqımı ödəyirəm.

Mən istəyirəm ki, tam şəkildə fəaliyyət göstərən oyanmış insan varlığının nə demək olduğunu bütün insanlar bilsinlər. Dünyamızın nə hala düşdüyünə baxanda içimdə ağrı hiss edirəm, – Culian birdən hərəkətini dayandıraraq dedi.

O, bir müddət susaraq tərpənmədən yerində dayandı, amma onun gözlərindən iri yaş damlaları axmağa başlamışdı.

– İndi bura insanların xəyallar qurmağı unutduğu bir yerə çevrilib. İnsanların yenidən xəyallar qurmasına kömək etmək istəyirəm. Əgər insan irqi xəyalpərəst bir toplum kimi bir araya gələ bilsəydi, bu, inanılmaz dərəcədə gözəl bir şey olmazdımı?

Bir özünüz təsəvvür edin, dünyamız necə gözəl olardı. Özümüzdən sonra övladlarımız üçün qoyacağımız mirası bir təsəvvür edin! İnsanların yenidən etibar edə bilmələri üçün onlara yardım etmək istəyirəm. İnsanların yenidən gözəl həyat sürmələrinə yardım etmək istəyirəm.

Və mən əsl həyatı nəzərdə tuturam. İnsanlara yenidən necə sevə biləcəklərini göstərmək istəyirəm. Hə, mənim dostum, sizə yardım göstərmək mənim borcumdur. Sizə bir faydamın toxunması mənə böyük sevinc bəxş edəcək.

Mən, sözün həqiqi mənasında, qulluqçu liderəm, əlbəttə, əgər mənim belə deməyimə etiraz etmirsinizsə. Başqalarına nəsə vermək mənə böyük xoşbəxtlik bəxş edir. Bu mənim üçün kifayət etdiyindən daha böyük bir mükafatdır, – Culian dedi.

– Sizə minnətdaram, Culian, – deyərək mənə yardım etməkdə bu qədər maraqlı olan bu adama səmimi qəlbdən öz minnətdarlığımı ifadə etdim.

– “Borc” sözü bizim mədəniyyətimizdə çox vaxt mənfi mənada başa düşülür. Əksər insanların bu sözün mənasından xoşları gəlmir, onlara elə gəlir ki, borc onları məhdudlaşdıracaq və onların hazırkı anı yaşamalarına mane olacaq. Mənə görə, borc sözü azadlıq və xoşbəxtliyi ifadə edir.

Bunu böyük hind şairi ­Rabindranat Taqor mənim ifadə edə biləcəyimdən qat-qat gözəl söyləmişdir: “Mən yatmışdım və elə xəyal edirdim ki, həyat Sevincdir, amma sonra ayıldım və dərk elədim ki, həyat Borc imiş.

Və sonra mən işləməyə getdim… və möcüzəyə bir baxın, Borcun Sevinc ola biləcəyini aşkar etdim”. Mənim taleyim xidmət göstərməkdir. Və taleyinə yazılmış olanları yerinə yetirmək – bu planetdə yerləşdirilməmin məqsədi olan bir işi yerinə yetirmək – mənim üçün əsl sevinc və mütləq səadətdir.

Vudro Vilson bu sözləri deyərkən, əlbəttə ki, yanılmamışdır: “Sən, sadəcə, öz həyatını sürdürmək üçün burada deyilsən. Sən ona görə buradasan ki, dünyanın daha zəngin, daha böyük xəyalla, daha böyük ümid və nailiyyət ruhu ilə yaşamasına faydan toxunsun.

Sən ona görə buradasan ki, dünyanı daha da zənginləşdirəsən və əgər bu vəzifəni unutsan özünü tükətmiş olarsan”.

– Yaxşı, Culian, – deyə cavab verdim. – Sizə söz verirəm ki, mən əla bir tələbə olacağam. Sizin müdrikliyinizə qulaq asacağam. Sizin məsləhət gördüyünüz dəyişiklikləri edəcəyimə söz verirəm. Məni axtarıb tapdığınıza görə də sizə təşəkkür edirəm.

Çox sağ olun. İçimdə elə bir hiss var ki, bugünkü gecədən sonra mənim həyatım bir də heç vaxt əvvəlki kimi olmayacaq.

– Bunu söyləməkdə haqlısınız, mənim dostum. Sabah səhər “Q” otelində görüşərik. Sabah tam dərsimizə başlayacağıq.

– Bu mənim otellərimdən birisidir, – deyərək ­güldüm.

– Bilirəm, – deyə Culian üzündən şəfəq saçaraq cavab verdi. – Mən həmin oteldə qalıram. Dediyim kimi, maddi cəhətdən gözəl, təmin edilmiş bir həyat yaşamaqda pis heç nə yoxdur. Bir şərtlə ki, onu həyatının əsas mənasına çevirməyəsən.

– Bunu bilmək əla oldu. Əgər bütün həyatım boyu min əziyyətlə qazandığım hər şeydən əl çəkməli olsaydım, ən yaxşı kimliyimi oyatmaq o qədər də əyləncəli olmayacaqdı. Sahib olduğum bəzi əşyalarım, məsələn ,yelkənli qayığım mənə çox böyük sevinc və xoşbəxtlik bəxş edir.

Gözəl yay günlərində dənizə açılmağı çox sevirəm. Orada danışdığımız zaman elə düşünürdüm ki, aydınlığa qovuşmağımın yeganə yolunun sahib olduğum hər şeyi satmaq və bir dağın zirvəsinə çıxaraq hamıdan təcrid olunmuş bir vəziyyətdə orada yaşamaq olduğunu mənə söyləyəcəksiniz.

– Hesab edirəm ki, bu, əslində, bir çox cəhətdən, sadəcə, bəhanə olardı. İstənilən insan dünya ilə əlaqəsini kəsərək öz həyatını tənhalıqda keçirməklə daxili sakitliyə müəyyən dərəcədə nail ola bilər. Tam tənha bir həyat keçirdiyiniz zaman heç kim və heç nə sizin düymələrinizə toxuna bilməz.

 Tibet məbədlərinin birində yaşayaraq həyatının yeddi ilini tam tənhalıqda keçirən bir rahib haqqında oxuduqlarımı heç vaxt unutmaram. O, aylar ərzində bir kəlmə belə kəsmədən həyatını sürdürər və öz ağlını, düşüncələrini artıq şeylərdən təmizləməklə sakitləşdirərdi.

Və bir gün elə bir an yetişir ki, o özünün aydınlaşma vəziyyətinə çatdığını hiss edir. Bilirsinizmi, bundan sonra o nə edir?

– Desəniz, bilərəm.

– O yenidən Nyu York Sitiyə qayıdır. Geri döndüyü ilk gün alış-veriş etmək üçün rahib o gözəl metropolisin dükanlarını gəzir. Cəmi bir neçə dəqiqə sonra yenə ruhi gərginliyin burulğanına düşür.

Avtomobillərin qulaqbatıran siqnalları, sayı-hesabı bilinməyən insan kütləsi və başgicəlləndirən hərəkətlilik onu qorxuya salır. Bunu çox çətinliklə aydınlaşmış bir insanın reaksiyası adlandırmaq olar. Lakin mən demirəm ki, öz yüksək kimliyinizə qovuşmaq üçün sakitliyin və tənhalığın heç bir əhəmiyyəti yoxdur.

Böyük filosof Xəlil Cübran bir vaxtlar belə yazırdı: “Ağızın ifadə edə biləcəyindən daha böyük və daha saf nəsə var. Sükut ruhumuzu işıqlandırır, ürəyimizə pıçıldayır və ruhumuzla ürəyimizi bir araya gətirir. Sükut bizi özümüzdən ayırır, ruhumuzun üfüqünə tərəf üzməyə vadar edir və bizi cənnətə yaxınlaşdırır”.

– Gözəl sözlərdir, – Culianın elə indicə mənimlə bölüşdüyü sitatın məna dərinliyindən həzz alaraq dedim.

– Hə, gözəl sözlərdir. Ona görə də həyatın təklif etdiyi bütün imkanlardan yararlana bilmək üçün sükutun və tənhalığın çox böyük əhəmiyyət kəsb etdiyini danmaq olmaz.

Lakin insan xarakterində əsl cəsarət və güc tələb edən şey aydınlığı məhz burada, şəhərin düz ortasında tapmaqdır. Əsl müdriklik tələb edən şey də elə budur: olduğun yerdəcə öz daxili dincliyinə qovuşa bilmək.

– Bəs sizin tanış olduğunuz rahiblər necə? Çox maraqlıdır, görəsən, onlar Nyu York Sitiyə necə reaksiya verərdilər? – öz fikirlərimi yüksək səslə söylədim.

– Onlar Sivana Müdrikləri adı ilə tanınırlar. İndiyə qədər çox az sayda insan onların olduğu yerlərə gedib çıxa bilib, çünki onlar çox tərki-dünya həyat sürür və Himalay dağlarının ən ucqar yerlərində məskən salıblar. Onu da bilməlisiniz ki, bu rahiblər, həqiqətən, çox aydınlanmış insanlardır.

Onları dünyanın istədiyiniz yerinə qoyun, istədiyiniz vəziyyətə salın, fərq etməz, sizi inandırıram ki, onlar öz daxili sakitliklərini qoruyacaq və öz rahatlıqlarını itirməyəcəklər. Bu müdriklər möcüzəli insanlardır, desəm, yanılmaram.

Mən əminəm ki, öz həyatımda bir də onlara bənzər insanlarla qarşılaşmayacağam, – Culian baxışlarını döşəməyə dikərək dedi. Təxmin etdim ki, Culian onlar üçün darıxır.

– Mənimlə “Q” mehmanxanasında sabah səhər saat neçədə görüşmək istəyirsiniz? – yumşaq bir səslə ondan soruşdum.

– Səhər saat 5-də.

– Yəqin zarafat edirsiniz.

– Belə bir şeylə bağlı heç sizinlə zarafat edərəmmi, amiqo? – Culian soruşdu və qımışaraq mənə göz vurdu. – Əgər bir rahibdən müdriklik dərsi almaq istəyirsinizsə, oyunu onun qaydalarına uyğun oynamalısınız.

Müdriklər belə hesab edirdilər ki, səhərin çox erkən saatlarının, demək olar ki, mistik keyfiyyəti var və bu saatlar öyrənməyə və dərinləşməyə çox gözəl imkan yaradır.

Öz inancını belə ifadə edəndən sonra Culian qollarını uzadaraq məni cəld qucaqladı və xalatının ətəklərini ora-bura yellədə-yellədə dəhlizlə addımlayaraq məndən uzaqlaşdı. Mən isə orada qalaraq bir neçə dəqiqə sakitliyə qərq olmuş vəziyyətdə yerimdən tərpənmədim.

Mən tərpənmədən sakitcə dayanmışdım. Taleyimin bu xoş hədiyyəsinə inanmaqda zorluq çəkirdim. Axtardığım suallara heç vaxt cavab tapa bilməyəcəyimi düşündüyüm andaca mənim həyatıma əsl bir ustad daxil olmuşdu.

Tamaşaçı zalından keçərək bayıra çıxmaq istəyəndə kiminsə öz dəri pul kisəsini döşəməyə saldığını gördüm. Mühafizəçiyə, ya da gecə növbəsinin rəhbərinə vermək məqsədilə onu yerdən qaldırdım.

İçimdəki maraq hissi məni məğlub etdi və pul kisəsini açıb onun içində nə olduğuna baxmaqdan özümü saxlaya bilmədim. Pul kisəsinin içində nə pul, nə kredit kartları, nə də şəxsiyyəti təsdiq edən bir sənəd tapa bilmədim.

Əslində, bir şeydən başqa onun içində heç nə yox idi: pul kisəsinin içində olan şey məni çox təəccübləndirdi. Bu, Culian və onun başına gələn macəra haqqında bizim yerli qəzetdə yazılmış məqalənin bir nüsxəsi idi.

Onu dəri kisənin içindən çıxardım və gözlərimi ona zillədim. Deyəsən, Culian onu buraya mənim üçün qoymuşdu. Məqalənin son iki cümləsinin altından qırmızı xətt çəkilmişdi. Həmin cümlələrdə bu sözlər yazılmışdı: “Culian Məntl

– Öz Ferrarisini Satmış Rahib – insan ruhunun dünyada xeyirin tərəfində olan bir güc ola bilməsi üçün kifayət qədər güclü olmasına inanır. Deyəsən, o, hər bir şanlı həyatın üzərinə qurulduğu həqiqətin sirrini aça bilib və əgər bəxtiniz yavər getsə, bəlkə də, onun növbəti tələbəsi siz olacaqsınız”.

Kağızı qatlayaraq köynəyimin döş cibinə qoydum – düz ürəyimin üstünə.

ÜÇÜNCÜ FƏSİL
Arayıcı Çağırışın Gücünü və Taleyin Gizli Mənasını Öyrənir

Sadəcə, təsəvvür edin ki, həyatın məqsədi yalnız sizin xoşbəxt olmanızdır – onda həyat qəddar və mənasız bir şeyə çevrilərdi.

Siz insanlığın müdrikliyini qəbul etməlisiniz.

Sizin ağlınız və ürəyiniz sizə deyəcək ki, həyatın mənası sizi bu dünyaya göndərmiş qüvvəyə xidmət etməkdədir. Onda həyat sevincə çevrilir.

Lev Tolstoy

Həmin gecə yatdığım çox qısa müddət ərzində yatağımda aramsız olaraq çırpınır və ora-bura çevrilirdim, özü də indiyə qədər heç vaxt görmədiyim qəribə bir yuxu görürdüm. Yuxumda görürdüm ki, çılpaq halda küçə ilə harasa qaçıram. Həmin gecə başqa bir yuxu da gördüm.

Gördüm ki, maşınımın içində kilidlənmişəm və maşınım mənimlə birlikdə körpüdən uçaraq ­dənizə düşür. Başqa bir yuxuda isə gördüm ki, quş kimi qanadlanıb uça bilirəm. Gördüyüm hər bir yuxunun, məncə, məni qarşıda gözləyən şeylərlə bağlı nəsə bir mənası vardı. Haradansa oxumuşdum: “Yuxular ruhlarımızın dilidir”.

Çılpaq halda küçə ilə qaçmaq, yəqin ki, mənim daha kövrək olmamı və bütün ömrüm boyu kütləyə uyğunlaşmaq və mümkün olduqca başqalarına daha çox bənzəmək üçün geyindiyim maskanı, arxasında gizləndiyim üz qabığını soyunmamı istəyən ürəyimin arzusu, həsrəti ilə bağlıydı.

Bu yuxu, deyəsən, daha həqiqi olmaq və eyni zamanda, başqalarına açıq olmanın yaratdığı qorxu haqqındaydı. Qapıları kilidlənmiş maşının içində dənizdə batmaq isə, yəqin, keçən gecə Culiandan ayrılandan sonra içimdə baş qaldırmış qorxularımın xəbərçisi olmalıydı.

Onun dünən mənə dediyi bəzi şeylər haqqında tərəddüd etməyə başladım. Öz həyatımı həqiqətən də dəyişə bilərdimmi? Əgər öz daxilimə dalaraq araşdırsam və öz kimliyimə çata bilsəm, görəsən, mənim taleyim doğrudan da dəyişərdimi?

Əksər insanların babat bir həyatla barışaraq onlar üçün hazırlanmış inanılmaz dərəcədə gözəl, başgicəlləndirici yaşamı əldən vermələri həqiqət idimi? Bəs Özünü-Oyatmanın 7 Mərhələsi necə olsun?

Mən Culiana etibar etdiyim müddətcə onun zəkasının parlaqlığı bütün şübhələrin fövqündəydi, onun mənimlə bölüşdüyü şeylərin bəzisi adama necə də mistik gəlirdi.

Uçmam ilə bağlı yuxuma gəlincə, içimdən bir səs dedi ki, bu mənim iç dünyamın ən dərin qatları – ən yüksək potensialıma yetişmək arzusu ilə tutuşub yanan ruhum ilə əlaqəli olmalıydı.

Cəmisi ikicə gün bundan əvvəl həmin motel otağında eşitdiyim o sözlər haqqında düşündüm: “Sənin həyatın bir xəzinədir və sən dərk etdiyindən daha dəyərlisən”.

Erkən səhərin qaranlığında oturub öz yuxularım haqqında düşündükcə, müdrik və qayğıkeş bir məşqçi olan Culianın yardımı ilə mənim həyatımın yaxşılaşmaqdan başqa bir yolunun qalmadığına getdikcə daha çox əmin olmağa başladım.

“Q” oteli bizim butik-otel portfelimizdə ən çox sevdiyim mülklərimdən biriydi. Bu otelin çox dəbli tərzi vardı və modapərəstlər, cəmiyyətin elit təbəqəsinin nümayəndələri arasında populyar idi.

Saat 4:30-da çox çətinliklə yuxudan oyandım, amma Culian ilə görüşə gecikmək istəmirdim. Onun verilən sözün tutulmasına dəyər verən son dərəcə dəqiq bir insan olduğunu bilirdim. Bunu mənə atam söyləmişdi.

Öz maşınımla eleqant və minimalist görünüşlü “Q” otelinə yaxınlaşanda otelin qarşısında dayanmış heyranedici dərəcədə qəşəng maşını görməyə bilməzdim. Bu, klassik bir Ferrari idi.

Par-par yanan qırmızı maşın – əla vəziyyətdə, təptəzə. Gözlərimi ondan çəkə bilmirdim. Bu maşına baxarkən öz uşaqlıq illərimi xatırladım: atamla mən Culianın dəbdəbəli malikanəsinin yanından keçər və binanın qarşısında dayanmış maşına baxardıq.

Mən, həqiqətən, öz atam üçün çox darıxırdım. O çox yaxşı bir insan idi. Atam bir neçə il bundan əvvəl vəfat etmişdi və mən hər dəfə onun vəfatı haqqında düşünəndə hələ də kədərlənirdim. Elə gün olmurdu ki, onu xatırlamayım, onun üçün darıxmayım.

Öz uşaqlarım üçün də burnumun ucu göynəyir. Əlbəttə ki, uşaqlarımla hər həftə görüşürəm, amma onlar mənim ürəyimin bir parasıdır və çox istərdim ki, hər günümü, bütün zamanımı onlarla birlikdə keçirim. Hə, dediyim kimi, bu Ferrari mənim uşaqlıq xatirələrimi canlandırdı, ən gözəl xatirələrimi.

Maşınımı bu Ferrarinin arxasında saxladım və otelimizin yeni qapıçısı Ceyk məni qarşılamağa tələsdi.

– Sabahınız xeyir, cənab Sandersen, “Q” otelinə xoş gəlmisiniz, – o gülərək dedi. – Sizi burada görmək, həqiqətən, çox xoşdur, boss.

– Mən də səni görməyimə şadam, Ceyk, – deyə səmimiyyətlə ona cavab verdim. – Bu gözəlçə kimindir? – əlimlə maşına işarə edərək ondan soruşdum.

– Əmin deyiləm. Bircə onu bilirəm ki, bu həftə otelimizə bir rahib qonaq gəlib. Hamı onun haqqında danışır. Rahib bu maşında səhər saat dörddə gəlib, mən öz növbəmə başlayandan cəmisi bir neçə dəqiqə sonra.

Bu oğlan Ferrarini necə sürmək lazım olduğunu əla bilir, küçə ilə maşını necə sürdüyünü bir görəydiniz! Əgər etiraz etməsəydiniz deyərdim ki, lap əla oğlandır. Hələ mənə bir iyirmilik də çaypulu verdi.

Böyük Culian Məntl hər zaman sürprizlərlə doludur. Onun bir neçə əmlakı olduğunu bilirdim, qəzetdəki məqalə də bunu təsdiq edirdi. Məqalədə qeyd edilirdi ki, o öz keçmiş həyat tərzinə geri dönmək niyyətində deyil.

Lakin mən bilirdim ki, Culian həyatın bütün zövqlərindən hələ də həzz alırdı, bu, gün kimi aydın idi. Həyatın dəbdəbəsinə olan sevgisinə və ən yaxşı şeyləri seçə bilən zövqünə görə Culian üzrxahlıq etmirdi. Əsas fərq ondaydı ki, daha belə şeylər onun həyati prioritetlər siyahısının başında gəlmirdi.

Bu əşyaların verə biləcəyi zövqdən həzz alsa da, onlara qətiyyən ehtiyacı yox idi.

Bu Ferrarinin ona hardan olduğu haqqında heç bir fikrim yox idi və “Q” otelində qalmaq üçün kifayət edəcək pulu da haradan əldə etdiyini bilmirdim. Mən, sadəcə, inanırdım ki, kainatda hər şey tam qaydasındadır. Ceykin əlini sıxdım və lobbiyə daxil oldum. İtaliyalı gözəl konsyerj Mariya məni salamladı:

– Cənab Məntl sizi öz otağında gözləyir, cənab Sandersen. Sizə gözəl sabahlar arzulayıram.

– O hansı otaqdadır, Mariya?

– Biz ona “Lotus Loft” nömrəsini vermişik.

– O otaq otelimizdəki ən bahalı nömrələrdən birisidir! – mən təəccüblə dedim.

– Hmm, o, içəri daxil oldu və bir nömrə istədi. Hə, bir də dedi ki, ona hansı nömrəni verəcəyimizin heç bir fərqi yoxdur və istənilən otaqda özünü rahat hiss edəcək. Və o elə nəzakətli və mehriban idi ki. Ona görə də ona otelimizin ən gözəl nömrəsini verdik.

Mən “Lotus Loft” nömrəsini çox sevirəm – elə də böyük olmasa da, mənim hissiyyatıma görə, bu nömrənin çox gözəl ­enerjisi var.

Mən, sadəcə, gülümsəyərək başımı yırğaladım. Liftlərə tərəf addımladım və Culianın olduğu mərtəbəyə qalxdım. Dəhlizlə Culianın nömrəsinə tərəf gedərkən kiminsə maqnitofonda çalınan musiqiyə dəm tutaraq onunla bərabər oxuduğunu eşidə bilirdim.

Həmin adam bizim yatmış müsafirlərimizi oyadacaq qədər yüksək səslə oxumasa da, onu eşitmək mümkün idi. Mən öz təyinat nöqtəmə yaxınlaşdıqca, bu rok-ulduz təqlidçisinin (əlbəttə ki) başqa birisi yox, məhz böyük Culian Məntl olduğunu başa düşdüm.

Mən qapını döyən kimi qapı dərhal açıldı… qarşımda heyrətamiz bir səhnə vardı: otaqda Culian Məntl əynində yalnız qar kimi ağappaq trusiklərdən başqa paltar olmadan gülümsəyərək dayanmışdı. Onun elastik və günəşdə qaralmış bədəni vardı, tarım çəkilmiş əzələlərinin damarları dərisindən az qalırdı pırtlayaraq bayıra çıxsın.

Belə görkəmli fiziki vəziyyətdə olan insanları nadir hallarda görmüşdüm və əlbəttə ki, əgər atam bu gün sağ olsaydı, onunla təxminən eyni yaşda olan bir adamın belə yaxşı formada olmasını heç görməmişdim. Culianın saçları səliqə ilə arxaya daranmışdı və o, dinc, amma çox enerjili görünürdü. Onun əlində bir fincan portağal şirəsi vardı.

– Sabahın xeyir, amiqo, hə, içəri gəl görüm, – o, böyük ruh yüksəkliyi ilə dedi. – Sadəcə, bir az musiqiyə qulaq asırdım. Bu, Deyv Metyusdur, mahnının adı isə “Qəbirqazan”dır. Bu mahnını çox sevirəm. Mənim fikrimcə, bu mahnıda nə qədər ki, imkan var, həyatı tam yaşamağın vacibliyi haqqında danışılır.

Həyatı mümkün olduğu qədər dolu-dolu yaşamaq… Həyatın hər bir anından zövq alaraq… Çünki həyat daimi deyil, çox tezliklə sona çatacaq.

Biz nə baş verdiyini dərk etməyə macal tapmamış, altı fut torpağın altında olacağıq və yağış damcılarını öz üzümüzdə hiss etmək, ya da öz uşaqlarımızın necə gülüşdüklərinə tamaşa etmək, yaxud da günəşin doğmasına baxmaq kimi təbii hesab etdiyimiz bütün o sadə zövq və ləzzətlər keçmişdə qalacaq.

Sizə bir şey deyəcəyəm, Dar: adətən iyirmi, otuz və qırx yaşlarında bizim ən çox dəyər verdiyimiz şeylər həyatımızın sonunda ən az dəyərə malik şeylərə çevrilir.

Dərin insani münasibətlər, təsadüfi xeyirxah əməllər, əla fiziki formada olmaq, özümüzü öz işimizdə mükəmməlliyə həsr etmək, özümüzdən sonra bir irs qoyub getmək,

daxilimizdəki ən yaxşı şeyin bərq vurması üçün hər gün öz üzərimizdə işləmək üçün vaxt ayırmaq kimi, hal-hazırda bizim aramızdakı insanların böyük əksəriyyətinin ən az dəyər verdiyi şeylərin sonunda ən dəyərli olduğu özünü büruzə verəcək.

Ölüm yatağında olanda bizlərdən heç kim öz bank hesablarında daha çox pul olmasını, ya da evinin önündə daha böyük maşının durmasını arzulamır. Bunun əksinə, biz son nəfəslərimizi çəkərkən arzulayırıq ki, kaş yaşadığımız həyat cəsarət, həqiqət və sevgi dolu olaydı.

– Dəqiq deyilmiş bir sözdür. Amma biz yenə də ömrümüzün ən gözəl illərini məşhurluq və var-dövlət dalınca qaçmaqla keçiririk.

– Doğrudur. Biz ona görə belə edirik ki, ətrafımızdakı insanlar bizə bu dəyərlərin vacib olduğunu öyrədirlər.

Amma bizim seçimimiz də var: biz kütlənin vacib hesab etdiyi dəyərlərə şirniklənə bilər, ya da özümüzə sadiq qalmağa cürətimiz çatar və ən dərin, ən həqiqi səviyyədə doğru hesab etdiyimiz dəyərlərə görə həyatımızı sürdürə bilərik. Yenə də deyirəm, pula sahib olmaqda pis heç nə yoxdur.

Əslində, düzgün istifadə edildikdə, pul insana daha çox xoşbəxtlik gətirən və bir çox yaxşılıqlara yol açan çox gözəl bir vasitədir. Pul qazanmaq da gözəldir və əgər gözəl bir həyat yaşamaq istəyirsənsə, o sənin prioritetlərindən birisi olmalıdır.

– Lakin pul qazanmağın ardınca düşmək mənim həyatımın ən yüksək məqsədinə çevrilməməlidir.

– Tamamilə doğrudur. Pul qazanmağı səni buraya göndərmiş gücə xidmət etmək, bu planetdə gəzdiyin zaman fərq yaratmaq, öz ailəni sevmək və öz ən böyük mənini bərpa etmək kimi öhdəliklərindən daha yüksəyə qoymaq kimi səhvə yol vermək olmaz.

Yadda saxlayın ki, zənginliyin bir çox forması vardır və maliyyə zənginliyi də onlardan birisidir. Zəngin münasibətlərə sahib olan və ətrafındakı insanların sevgisini qazanmış bir insan, mənim düşüncəmə görə, zəngindir. ­Macəralar, həyəcan və fasiləsiz öyrənmək imkanları ilə dolu bir həyata sahib olan insan isə başqa bir formada zəngindir.

Ruhən həyata bağlı, hər səhər dərin bir rahatlıq içində yuxudan ayılan və həqiqətdən xəbərdar olan bir insan da, heç şübhəsiz, başqa bir formada zənginlik toplamış birisi hesab edilməlidir. Kütlə – bizim cəmiyyət adlandırılan tayfamız – bizə təlqin edir ki, iqtisadi zənginlik arxasınca qaçmalı olduğumuz yeganə zənginlik formasıdır.

Yalandır. Və lütfən pul haqqında bu vacib fakt haqqında düşünün: pul, sadəcə, ikinci dərəcəli, yəni kənar məhsuldur.

– Nəyin kənar məhsuludur?

– Başqalarına dəyər vermənin və onlara yaxşılıq etmənin. Bütün diqqətinizi gördüyünüz işdə mükəmməl olmağa yönəldin. Özünüzü başqalarının həyatlarını yaxşılaşdırmaq üçün əlinizdən gələni etməyə həsr edin. Peşəkar və şəxsi həyatınızın hər bir elementində həqiqətən öndər olun.

Bunun ardınca pul da gələcək, bunun baş verəcəyinə sizə zəmanət verirəm. Bilirsinizmi, Dar, pul başqalarına istədikləri şeyləri əldə etməkdə yardım etmək üçün sərf edilmiş həyatın nəzərdə tutulmayan, amma bununla belə, qaçılmaz yan məhsuludur.

Pul başqalarına verdiyin dəyərin qarşılığında kainatın etdiyi ödənişdən başqa bir şey deyil. Nə əksən, onu da biçərsən.

– A-a, Culian, – deyərək mən müdaxilə etdim, – bəs sənin paltarların hara qeyb olub? Yadımdadır, dünən axşam siz dediniz ki, biz bütün rəsmiyyəti bir kənara qoymalıyıq, amma, sizcə, bu, bir az həddi aşmırmı?

Amma qeyd etməliyəm ki, qəşəng trusikləriniz var, – altdan-altdan gülərək dedim. Culian ilə zarafatlaşmamda bir qüsur olmadığını bilirdim, çünki çox şən adam idi.

– Hal-hazırda mənim paltarlarım kimyəvi təmizləmədədir, Dar. Sənin burada çox yaxşı personalın var, məndə çox xoş təsir buraxdılar. Onlar mənə dedilər ki, bir neçə saatdan sonra paltarlarımı mənə geri qaytaracaqlar.

Ona görə də hələlik öz trusiklərimlə vaxtımı asudə keçirməklə məşğulam. Musiqini çox sevirəm, musiqi mənim ruhumu dilləndirir və məni də oxumağa vadar edir. Musiqi mənim həyatımda çox vacib şeylərdən biridir. O özümü inanılmaz dərəcədə əla hiss etməyə sövq edir. Musiqisiz bir həyat təsəvvür edə bilmirəm.

Deyv Metyusu, dəbdəbəli otelləri və əla şeyləri xoşlayan bir rahib. Çimdikləyin məni. Culian öz portağal şirəsi stəkanını bitirdi və sonra CD pleyeri söndürdü. O, günahkar bir görkəmlə mənə tərəf baxdı.

– Ümid edirəm ki, qapını əynimdə bircə trusiklə açdığıma görə sizi utanmağa vadar etmədim. Öz paltarım haqqında düşünmək ağlıma gəlmədi. Bu gün səhər ovqatım elə yüksəkdir ki.

Hindistanda Sivana müdrikləri ilə görüşümün nəticəsində hasil etdiyim fikirlərdən birisi də mənim “həyat eşqi” adlandırdığım ideyadır. Həyat eşqini alovlandırmaq üçün hamı etməli olduğu şeyi yerinə yetirməlidir.

Biz həyatın sadə zövqlərindən, uşaq çağlarımızda içimizdə əzizləyərək bəslədiyimiz şeylərdən vəcdə gəlmək üçün müəyyən vaxt ayırmalıyıq. Mənə görə, həmin zövqlər suyun üzəri ilə atıla-atıla gedən daşlar, ya da kövrək qarlı qış günlərində qarda mələklər düzəltməyə bənzəyir.

Və ya tam tənhalıqda bir musiqinin sədaları altında rəqs etmək… Bu günlərdə mən bu anlara elə dalıram ki, bir vaxtlar məhkəmə vəkili olduğum zaman çox əhəmiyyət verdiyim bəzi sosial ədəb qaydalarını bəzən tamamilə unuduram. Onların heç birisi indi mənə əvvəlki kimi əhəmiyyətli gəlmir.

Bütün fikrim indiki zamanla elə məşğuldur ki, indi məni yalnız həyat üçün vacib şeylər düşündürür. Daha heç bir şey mənim üçün bütün varlığımla burda olmaqdan daha vacib deyil. Həyat indiki zamanda yaşanır, mənim dostum.

Əvvəldə dediyim kimi, keçmiş bir məzardır. Həyat isə yaşamaq üçündür. Aramızdakı müdrik insanlar bunu dərk edirlər. Böyük yazıçı və mütəfəkkir Paulo Koelyo özünün gözəl əsəri olan “Əlkimyagər” kitabında təsdiq etdiyi kimi: “Məni yalnız indiki zaman maraqlandırır.

Əgər siz bütün diqqətinizi yalnız indiki zaman üzərində cəmləyə bilsəniz, siz xoşbəxt bir insan olarsınız. Siz səhrada həyat olduğunu, göylərdə ulduzların sayrışdığını və  qəbilə üzvlərinizin insan irqinə mənsub olduqlarına görə vuruşduqlarını görəcəksiniz.

Həyat sizin üçün bir ziyafətə, böyük bir bayrama çevriləcək, çünki həyat indiki zamanda yaşadığımız andan ibarətdir”.

– Mən bütün bu sizin dediklərinizi bir yerə qeyd etməliyəmmi, Culian? – tam səmimiyyətimlə ondan soruşdum.

– Yox, hələlik yox. Eşitdiklərinizi qeydə almaq özünüdərketmə üçün çox vacib bir praktikadır. Himalay dağlarında rast gəldiyim rahiblər mənə gündəlik yazmağın böyük əhəmiyyət kəsb etdiyini mənə öyrətdilər. Bu nizam-intizam mənim bütün həyatımı dəyişdirdi, Dar.

Başqa bir insanla dərin söhbətlər etməklə onu tanıdığınız kimi, hər gün səhərlər gündəlik yazmaqla da özünüzü tanımış olacaqsınız. Mən nə istədiyimi və mənim gözəl bir həyat yaşamama mane olan şeyin nə olduğunu öyrəndim.

Mənim yazdığım gündəlik mənə öyrəndiklərimi yazmaq üçün bir yer, mənim yolumu kəsən və yaşamadığım emosiyalar vasitəsilə hislərimi saf-çürük etməm üçün bir çıxış yolu və öz-özümə riayət edəcəyimə söz verdiyim fəlsəfəni ifadə etməm üçün bir vasitə təklif etdi.

Lakin bununla belə, gündəliyin yazılması duyğuların və emosiyaların təmizlənməsi və sağlamlaşması üçün gözəl bir vasitə olsa da, bu, ağıl və düşüncə mərkəzli bir fəaliyyətdir. Və hələlik sizin öz ağlınızdan kənarlaşaraq öz ürəyinizə daha çox yaxınlaşmanızı istəyirəm.

Sizi intellektinizdən hisləriniz istiqamətində yönləndirmək istəyirəm. Siz bütün ömrünüzü ağlınızla yaşamısınız və bu sizi hara gətirib çıxarıb?

– Mən hələ də acınacaqlı bir vəziyyətdəyəm, – tam səmimiyyətimlə onun sualına cavab verdim.

– Yaxşı, bəlkə də, – amma bu yalnız gümandır – çatışmayan bir və ya iki element mövcuddur, – Culian mehriban bir səslə dedi. – Mənə elə gəlir ki, siz öz ürəyinizi açmalısınız, mənim dostum. Hal-hazırkı anda yaşanan həyat ağılda deyil, ürəkdə baş verir.

Oturub valehedici qüruba tamaşa edərkən bütün diqqətinizi qarşınızda açılmış mükəmməl mənzərəyə vermək əvəzinə iş, ya da həmin gün ilə bağlı öz planlarınız və yaxud da sizi narahat edən hansısa bir problem haqqında düşündüyünüz olubmu?

– Əlbəttə, olub.

– Hmm, bu ona görə baş verib ki, hər şey ağlınızın nəzarəti altında olub. Ağıl əla qulluqçu olsa da, əzazil bir sahibdir.

Ağıl plan qurmaq, səbirlə düşünmək və bir daha təkrarlanmaması üçün keçmiş səhvləri saf-çürük edərək onlardan ibrət almaq üçün çox gözəl bir alətdir, ondan yalnız çox az vəziyyətlərdə istifadə etmək mümkündür.

Ağıl sizə bilgi əldə etməkdə və həyatın verdiyi dərslərdən ibrət almaqda yardımçı ola bilər. Lakin ağıl, bir çox insanlarda olduğu kimi, hər şeyə nəzarət etməli deyil. Keçən gecə sizə dediyim kimi, həyatı ürəyiniz və ağlınızın birgə fəaliyyəti arasında müvazinət quraraq yaşamalısınız.

Baş və ürək arasında harmoniya və tərəfdaşlığın olması müstəsna dərəcədə əhəmiyyətlidir. Ürəyiniz günəşin doğmasında gələn hər bir hədiyyəni sizin qəbul etməyinizi istəyir. Ürəyiniz bilir ki, həyatı yalnız indiki anda yaşamaq mümkündür.

Culian dayanaraq susdu. “Lotus Loft” nömrəsinin pəncərəsindən bütün şəhər görünürdü, qarşımızda çox gözəl bir mənzərə açılırdı. Səyahət və istirahət göstərirdi ki, bu nömrə bütün dünyada ən gözəl otel otaqlarından birisidir.

– Ey, bəs o avtomobil nə məsələdir? – birdən aşağıda dayanmış Ferrarini xatırlayaraq ondan soruşdum.

– Mənə dedilər ki, sən səhər tezdən buraya həmin maşında gəlmisən. Sən heç yatmırsanmı?

– Əlbəttə, yatıram. Yaxşı istirahət etmək bədən üçün çox vacibdir. Mən, sadəcə, əksər insanların yatdığı qədər yuxulamıram. Həyat çox qısadır və mən öz vaxtımı boşa sərf etmirəm. Mən sabah ölə bilərəm – kim bilir? Ona görə də hər günümü dolu-dolu yaşamağa çalışıram.

Həyatda o qədər sevinc var ki, özünü onlardan məhrum etməməlisən. Mənim görməli olduğum işlərim və özümdən sonra qoymalı olduğum mirasım var. Mənə bir çox gözəl hədiyyələr bəxş edilib və yerinə yetirməli olduğum bir missiyam var, bu missiyamın bir çox insanın daha zəngin bir həyat yaşamasına kömək etməsi üçün dua edirəm.

Öz həyatınızın daha yüksək məqsədinə və əsas hədəfinə qoşulduğunuz anda sizin həyatınıza o hədəf və məqsədəmüvafiq gücdə ehtiras və enerji daxil olacaq. Öz həyatınızda fövqəladə səviyyələrdə ehtiras yarada bilmənin sirri sizin öz həyatınızın daha böyük məqsədini aşkar etmənizdə gizlənir.

Öz həyat vəzifənizi aşkar etdiyiniz anda həyəcanlanmağa başlayacaqsınız. Bu vəzifə və ümumiyyətlə, öz həyatınızla bağlı nə qədər çox həyəcanlanacaqsınızsa, sizin yatmaq ehtiyacınız, ya da istəyiniz də bir o qədər az olacaq. Əksər insanlar yuxudan dərman kimi istifadə edirlər.

Onlar özlərinin fikirlərini yayındırmaq və zamanı keçirmək üçün yuxudan istifadə edirlər. İnsanlar öz ən böyük həyatları və ən yüksək imkanlarına müvafiq olmayan bir həyat yaşamağa başladıqları anda onların içində böyük ağrılar yaranmağa başlayır.

İnsanların böyük əksəriyyəti bunun fərqində deyil – bu, təhtəlşüur səviyyəsində baş verir – amma bu o demək deyil ki, o yoxdur və hər an, hər seçimdə, hər müstəvidə onlara öz təsirini göstərmir. Görün nə qədər insan bu ağrıdan canını qurtarmaq üçün yuxudan istifadə edir.

– Bu çox maraqlı bir perspektivdir, Culian. Mən heç vaxt bu haqda düşünməmişəm. Mən həmişə ağrı haqqında gizlədilməsi mümkün olmayan daha açıq bir şey kimi düşünmüşəm, – deyərək etiraf etdim.

Culian başını yırğaladı və sözünə davam etdi:

– Lakin Benjamin Franklin, Mahatma Qandi, Martin Lüter Kinq, Tereza Ana və Nelson Mandella kimi öz həyatlarını nəyin uğrunda sərf etdiklərini aşkar etmiş insanlara bir bax. Onlar öz həyatları bahasına müdafiə etmək qərarına gəldikləri səlib yürüşünə bənzər bir işə qoşulmuşlar.

Bu onların ürəklərini sonuna qədər məşğul etmişdir. Bu, gördükləri iş ilə bağlı onların ürəklərini emosiya ilə doldurub. Və öz məqsədiniz ətrafında, sadəcə əqli deyil, müəyyən emosional bağlılıq yarada bildiyiniz anda həyəcan axını hərəkətə gəlir və enerji partlayışı baş verir.

Bu məqamda sizin düşünməli olduğunuz böyük ideya budur, mənim dostum.

Dəfedilməz səbəbə ağlınızla deyil, ürəyinizlə qoşulun. Sonra da təhlükəsizlik kəmərini bağlayın, çünki həyatınız uçmağa başlayacaq.

– Mənim həyatımın müdafiə etməli olduğu bu səbəbi tapmaq üçün mən biznes aləmini və hal-hazırda məşğul olduğum işimi tərk etməliyəmmi? Sizin qeyd etdiyiniz insanlar azadlıq uğrunda döyüşənlər və ictimai xadimlər idilər. Xətrinizə dəyməsin, Culian, amma dediyiniz o şeylər mənlik deyil.

– Çox gözəl məqama toxundunuz. Əlbəttə ki, elə indi olduğunuz məqamda da siz öz məqsədinizi – öz səlib yürüşünüzü tapa bilərsiniz. Öz ürəklərini məşğul etmək və riqqətə gəlmək məqsədilə bir şeylər tapmaq üçün heç kim öz işini tərk etmək məcburiyyətində deyil.

Çox vaxt bütün tələb olunan şeylərə fərqli şəkildə baxmaq lazım olur. Məsələn, siz, bu otellərin sahibi kimi, bir çox insanın həyatında köklü dəyişikliklərin baş verməsinə səbəb ola bilərsiniz. Bu özü də həyəcanlanmaq, riqqətə gəlmək üçün bir səbəbdir.

– Yəni deyirsiniz bilərəm?

– Əlbəttə. Sənin üçün işləyən bütün insanlar öz vaxtlarını evlərindən daha çox işdə keçirirlər. Onlar hər səhər öz ailələrini tərk edirlər və sizin öz arzu və xəyallarınızı gerçəkləşdirə bilmənizə yardım etmək üçün buraya gəlirlər.

Təsəvvür edin ki, onlar öz həyatlarının ən yaxşı günlərini, ən yaxşı saatlarını sizə verirlər. Ona görə də bu hədiyyənin qarşılığında bu işçilərin özlərini təhlükəsizlikdə hiss edə biləcəkləri bir iş mühitini yaratmaq üçün hər nə tələb edilirsə, onu etməniz, məncə, mümkündür.

Bir təsəvvür edin, əgər iş yerində olmaq onlar üçün sadəcə sevinc bəxş edən, onların inkişaf ­edəcəyi, öyrənəcəyi və öz təbii yaradıcılıq qabiliyyətlərinin özünü büruzə verəcəyi bir yer olsaydı, bu sizin işçiləriniz üçün nə anlama gələrdi.

Bir düşünün, əgər onların iş yerlərini onlar üçün əyləncəyə və nəcib dəyərlərin adi norma olduğu bir mədəniyyətin hökm sürdüyü yerə çevirməyi özünüz üçün prioritet bir məsələyə çevirsəydiniz, sizcə, necə olardı?

Əgər istəsəydiniz, sahib olduğunuz o gözəl otellərinizin hər birində belə bir mədəniyyət yarada bilərdiniz. Bütün bunları həyata keçirmək üçün vaxt, əmək və bir az da yeniliklərin tətbiq edilməsi tələb olunur.

Bu yaxınlarda Londona getmişdim və orada İan Şraqerin sahibi olduğu “Əziz Martin-Leyn” otelində müsafir qaldım. Həmin otel işçilərin öz iş yerlərindən, yenilikçi olmaqdan həzz aldığı və öz işlərini sevdiyi yerə çox ideal bir misal ola bilər.

Və sizə deməliyəm ki, onların bu ehtirası sirayətedici idi. Orada keçirdiyim vaxtdan çox böyük zövq aldım. Unutmayın ki, insanlar bizneslə məşğul olmağı sevən insanlarla iş görməyi sevirlər.

– Bəli, bu dedikləriniz çox doğrudur, – mən dedim.

– İnsanların işləməsi və bizneslə məşğul olması üçün xüsusi bir məkan yaratdığınızı bilmənizin sizə necə həyəcan verəcəyini bir düşünün. Əgər qavrayışda da bəzi dəyişikliklər etməyə nail olsanız, sizin üçün işləyən insanlara xidmət göstərməklə yalnız bu məqsədi, amalı aşkar etmiş olmazsınız.

Siz həmçinin qapınızdan keçən hər bir müştəri üçün nə edə biləcəyinizi düşünəndə böyük hiss və həyəcan, eləcə də emosional iştiraka təkan vermiş olacaqsınız. Öz səyləriniz, eləcə də öz kollektivinizin səyləri sayəsində siz gözəl xatirələr yarada bilərsiniz.

Siz onları gülməyə və özlərini yaxşı hiss etməyə vadar edə bilərsiniz. Onlardan bir çoxları məzuniyyətdədir və özünüzün ən gözəl məziyyətlərinizi faş etməklə onların həyatlarına böyük sevinc gətirə bilərsiniz.

Hər səhər yuxudan qalxdığınızı və özünüzü müştəriləriniz üçün “unudulmaz təəssüratlar” bəxş etməyə həsr etdiyinizi bir təsəvvür edin. Bu sizi həyəcanlandırardımı?

– Əlbəttə. Bu imkan haqqında düşündüyümdə belə, içimdə ruh yüksəkliyi və həyəcan hiss edirəm. Belə düşüncələr ilə bağlı daha dərinlərə daldıqca içimdəki hiss və həyəcanın daha da yüksək səviyyələrə qalxdığını hiss edirəm.

Bizim əksəriyyətimizdən daha az yatmağınızın səbəbi indi mənə aydın oldu – siz xüsusi bir amala, əqidəyə bağlısınız və ona sədaqətlisiniz. Və sizin adlandırdığınız kimi, sizin “amalınız” sizə yanacaq və enerji verir.

– Bəli, Dar. O mənə ümid və bir də elə çox enerji verir ki. Bu amal sizin biznesinizdə iştirak edən kişi və qadınlar üçün inanılmaz təəssüratlar bəxş etməsindən və ya dünyanın xilas edilməsi ilə bağlı olmasından asılı olmayaraq, enerji qaynağının ağzını açır.

Bu, yadda saxlamaq üçün böyük ideyadır. Siz verə biləcəyiniz ən yüksək və ən yaxşı şeylərlə əlaqədar nəsə böyük bir hədəfə kilidləndiyinizdə sizin ən böyük hissəniz sizin həyatınızı dəyərli bir məqsəd uğrunda sərf etdiyinizi hiss edir.

Ürəyiniz açılmağa və əvvəllər heç vaxt olmadığı kimi döyünməyə başlayır. Görürsünüzmü, mənim dostum, ağıl – planlaşdırma, düşünmə və öyrənmə kimi işlərdə faydalı olsa da – çox vaxt insanı məhdudlaşdırır.

 Əksər insanların başlarını dolduran əqli söhbətlər çox zaman bizim nə üçün bəzi şeyləri etməməli olmamız və müvəffəqiyyətsizliyin mənfi nəticələri haqqında olur. Ağıl çox vaxt bizi olduğumuzdan daha kiçik qalmağa məcbur edir. Ürək ilə emosiyalar isə azadlığın carçılarıdır.

Onlar bizi öz üzərimizə məsuliyyət götürməyə və böyüklüyə çatmağa məcbur edir. Həyəcan və ehtiras yaratmağa və bizim böyük kimliyimizi oyuna qoşulmağa vadar edir.

– Sizin mənimlə paylaşdıqlarınızın dəyərini, əlbəttə, dərk edirəm. Məncə, amalın, əqidənin və ya səlib yürüşünün kəşf edilməsi insanları çətin zamanlar yaşamağa və bu çətinliklərin içindən keçməyə vadar edir.

– Çox əla məntiqdir! – deyə Culian uca səslə dedi. – Siz əla tələbəsiniz, Dar, indiyə qədər mənim ən yaxşı tələbələrimdən birisi.

O, sadə gümüş vazada duran tək qızılgülə yaxınlaşdı və onun ətrini ciyərlərinə çəkdi.

– Leonardo da Vinçi bu haqda çox gözəl deyib: “Öz istiqamətinizi ulduza yönəldin və siz öz gəminizlə istənilən qasırğadan salamat keçə bilərsiniz”.

Öz həyatınızın əsas məqsədini anladıqdan sonra – haqqında danışdığım bu əsas missiya – yaxşı və çətin zamanlardan keçməniz üçün sizə bələdçilik edərək sizin üçün Şimal Ulduzunun rolunu oynayacaq.

Culian susdu və gündə qaralmış barmaqları ilə saçlarını daradı.

– Sizin mənim nə üçün belə az yatmam ilə bağlı verdiyiniz suala belə dolayı cavab verdiyimə görə məni bağışlayın, amma mən bilirəm ki, sizin ən yaxşı həyatınızın yaradılması üçün indicə sizinlə paylaşdığım şeylərin son dərəcə əhəmiyyətli olduğunu dərk edirsiniz.

Öz amalınızı kəşf edin və öz işinizi qürur və sevgi ilə icra edin – xeyirxah əməllər üçün sevgi inanılmaz bir gücdür. Bunu mükəmməlliyə sədaqətlə edin. Dünya bunun əvəzini sizə təsəvvür edə bilməyəcəyiniz üsullarla ödəyəcək.

– Qürur, sevgi və mükəmməlliyə bağlılıq – bu terminləri çox bəyəndim.

– Müsbət qürur gözəl həyatın yaradılmasında çox vacib bir elementdir. Bilirdinizmi, Mahatma Qandi bir dəfə belə deyib: “Etməli olduğunuz işin nə qədər əhəmiyyətsiz olmasından asılı olmayaraq, onu bacardığınız qədər yaxşı yerinə yetirməyə çalışın.

Ən vacib hesab etdiyiniz bir işi yerinə yetirərkən ona nə qədər diqqət və qayğı göstərəcəkdinizsə, bu işə də eyni diqqət və qayğını göstərin. Çünki həmin balaca, əhəmiyyətsiz şeylərə görə sizing haqqınızda mühakimə yürüdüləcək”.

Ardıcıllıq da məhz belədir, Dar: etdiyiniz hər bir işdə, burada işdə bir lider kimi rolunuzdan tutmuş, öz ailənizdəki atalıq roluna qədər, özünüzü mükəmməlliyə həsr etdiyinizdə öz günlərinizi necə yaşamanızla, onları necə keçirməyinizlə bağlı daha böyük müsbət qürur ­hissini keçirməyə başlayacaqsınız.

Bu da, öz növbəsində, özünəhörmət və özünəinam hislərini gücləndirir, onlar da, öz növbələrində, daha böyük enerji və ehtirasın yaranmasına səbəb olur. Bundan bir az öncə sizə dediyim həmin “həyat eşqi” də bundan sonra özünü büruzə verməyə başlayır.

Özünüzü yaxşı hiss etməyə, özünüz haqqında yaxşı düşünməyə başlayırsınız. Özlərini yaxşı hiss edən insanlar böyük işlər görür və çox böyük şeylər yaradırlar. Məhz bu da, öz növbəsində, bu insanları öz mükəmməllik standartlarını bir qədər də yüksəklərə qaldırmağa təşviq edir.

Bu, insanları durmadan artan sevinc, məna və daxili dincliyin olduğu məkanlara aparan, yuxarıya doğru hərəkət edən bir spiraldır.

– Bu eşitdiklərim məni, həqiqətən, həvəsə gətirir, Culian, – böyük pəncərənin yanındakı sığallı dizayner divanına əyləşərkən mən dedim. – İndi isə icazə verin sizdən soruşum, bizim hər birimizin özümüz üçün kəşf etməli olduğumuz və sonra da əsl həyat yaşamaq istəyiriksə, ona riayət etməli olduğumuz bir vəzifəmiz varmı?

– Çox böyük bir sualdır, mənim dostum. Bu sualın cavabını, demək olar ki, heç kim bilmir, elə deyilmi? Lakin bununla belə, bir çoxları özlərini bu sualın cavabını bilirmiş kimi göstərir, əgər bütün bu kitabları oxusanız, onların müəlliflərinin bütün yaradılış mənbəyi ilə birbaşa əlaqələri varmış kimi yazdıqlarının şahidi ola bilərsiniz.

Əgər siz aydınlaşmamısınızsa, bunun cavabını bilməniz mümkün deyil – edə biləcəyiniz ən yaxşı şey içinizdə düzgün olduğunu hiss etdiyiniz həyatın necə qurulduğunu anlamağın yolunu dərk etməkdir. Şəxsən mən inanıram ki, biz dünyaya gəlməzdən öncə, bizim necə yaşayacağımız ilə bağlı öncədən yazılmış ümumi bir plan mövcuddur.

Əgər istəyirsinizsə, onu tale də adlandıra bilərsiniz. Bunu söyləməklə yanaşı, mən inanıram ki, həyatlarımızın son nəticədə hara gəlib çıxmasında bizim hər birimizin inanılmaz dərəcədə çoxlu seçim imkanımız var və bizim yekun taleyimizin yaradılması bizim etdiyimiz konkret seçimlərdən asılıdır.

Elə bil həyatlarımızın eskiz layihəsi və ya planı bizim üçün göylərdəki müdrik memar tərəfindən hazırlanmışdır, amma onun təfsilatlarının necə olacağı isə bizim seçimlərimizin öhdəsinə düşür.

Mən bir də deməliyəm: yekunda bizim həyatlarımızın nəyə bənzəyəcəyinə təsir etmək üçün bizim ixtiyarımızda çoxlu sayda imkanlar mövcuddur. Bir çox cəhətdən, arzusunda olduğumuz həyata nail ola bilərik.

Heç bir şübhə yoxdur ki, bir insan varlığı olaraq biz başımıza gələn hər şeyi öz nəzarətimiz altında saxlaya bilmərik – bu, taleyə aid olan hissədir. Həyat öz xəttinə müvafiq olaraq keçib gedir. Lakin üzərində bizim çox güclü nəzarətə sahib olduğumuz şey həyatın qarşımıza çıxardıqlarına qarşı göstərdiyimiz reaksiyadır.

Deməli, bu özü də bir növ tərəfdaşlıqdır: əlinizdən gələni edin – öz həyatınızın hər bir ölçüsündə nə etməli olduğunuzu bildiyiniz şeyin ən yaxşısını edin – və ondan sonra qoyun yerdə qalanını həyat özü etsin.

Bu, həqiqətən, bir şeyi reallaşdırmaqla bir şeyin baş verməsinə imkan vermək arasındakı incə bir müvazinətdir. Biz, həqiqətən, öz uğurumuzun qurucusu ola bilərik və yaxşı işlər, bir qayda olaraq, yaxşı işlər görən insanların başına gəlir.

Bu o demək deyil ki, həyat öz axarını elə plana uyğun şəkildə davam etdirir və sizin necə hərəkət etməyinizin heç bir fərqi yoxdur. Bu cəfəngiyatdır və sürdürdükləri həyat tərzləri ilə bağlı öz üzərlərinə heç bir məsuliyyət götürmək istəməyən insanların uydurduğu əfsanədir.

Lakin öz əlinizdən gələnin ən yaxşısını etdiyiniz andan etibarən hər şeyin başını boş buraxın və inanın ki, qarşınıza hər nə çıxarsa çıxsın, o sizin mükəmməl kimliyiniz üçün ən müvafiq olanı olacaq.

– Əslində, elə sizin təklif etdiyiniz şey özü də həyatın mənasıdır, düz demirəmmi, Culian?

– Bəli, mən düşünürəm ki, həyatın mənası inkişaf etmək və özünü yaddan çıxarmamaqdan ibarətdir.

Əvvəllər olduğumuz, yəni ilk doğulduğumuz anda olduğumuz parlaq varlıqlar – ətrafımızdakı bizim mükəmməlliyimizi çirklədən bütün bu zir-zibili canımıza hopdurmazdan əvvəl – səviyyəsinədək yüksəlməyi və onları xatırlamağı nəzərdə tuturam.

Biz korlanmazdan, eləcə də kim olduğumuza və taleyimizə necə gözəl və cəsarətli əməllərin yazıldığı haqqında həqiqətə qarşı qəflətdə olmamızdan əvvəlki kimliyimiz.

– Bizim konkret bir vəzifəmizin və ya taleyimizin olub-olmaması ilə bağlı mən hələ də tam əmin deyiləm, Culian. Mən başa düşürəm ki, bu həm mürəkkəb bir sahədir, həm də böyük sualdır, amma bu mənim üçün çox vacibdir. Mənim yerinə yetirməli olduğum konkret bir tapşırıq varmı?

Konkret bir qadın – öz ruh yoldaşım – varmı ki, onu tapmaq mənim taleyimə yazılmış olsun? Bu məqamları, lütfən, mənə daha ətraflı şəkildə izah edə bilərsinizmi?

– Siz haqlısınız. Bunlar çox mürəkkəb suallardır. Belə suallar verdiyinizə görə sizə afərin, – Culian məmnunluğunu gizlətməyərək dedi.

Sonra mənə yaxınlaşdı və üzündə mehriban bir təbəssümlə kürəyimi şappıldatdı.

– Əvvəla, icazə verin bir daha təkrar edim ki, bir çox cəhətdən sizin verdiyiniz sualların cavabları yoxdur. Siz insan səviyyəsində, yəni bizim məhdud qavrayışımızla başa düşülməsi mümkün olmayan bir şeyi dərk etməyə çalışırsınız.

Lakin sizin verdiyiniz bu sual o deməkdir ki, siz dərinlərə dalırsınız və sizin üçün uyğun olan həyat fəlsəfəsi haqqında düşünürsünüz.

Mənim bir hissəm bunun, sadəcə, həyatın sirləri olduğunu demək istədiyi halda, digər hissəm sizin öyrənmək istədiyiniz sualların cavablarını daxilimdə hiss etmək gücünə sahib olduğumu söyləmək istəyir.

Və lütfən, bilin ki, Hindistanda görüşdüyüm o müdriklər orta statistik insanların heç vaxt çata bilmədiyi bir çox həqiqətlərə vaqif olmuş və aydınlığa qovuşmuş ruhlara sahib insanlar idilər və mənim sizə söylədiklərimin böyük əksəriyyəti çox etibarlı mənbədən əxz edilmişdir.

– Sizi başa düşürəm, – mənim bütün anlayışlarımı həmişəlik dəyişdirəcək az bilinən o sirlərdən yenə bir neçəsini eşitmək üçün səbirsizlənərək dedim.

– Mənim fikrimə görə, hər şey bax belə işləyir. Bizim ən yaxşı həyatımıza gedən bir çox mümkün yollar bizim üçün əvvəlcədən yazılıb. Səadət evinə açılan bir çox qapı mövcuddur.

İşdən öz evinizə getmək üçün seçə biləcəyiniz müxtəlif yollar olduğu kimi, ən yaxşı həyatınıza, sizin taleyinizə yazılmış həyata nail olmaq üçün də seçə biləcəyiniz istiqamətlər mövcuddur – ora çata bilmək də sizin bir növ evə dönüşünüzə bənzəyir.

Sizi öz taleyiniz ilə qovuşdurması üçün seçə biləcəyiniz bir çox məşğuliyyətlər var. Eynilə, sizə müxtəlif ibrət dərsləri təklif edən, sizə doğma olan bir çox ruhlar var və onların hər biri sizin öz ən böyük kimliyinizədək inkişaf etmənizə və öz ən böyük kimliyinizi oyatmanıza yardım etmək iqtidarındadır.

Özünüzün ən böyük kimliyinizə və ən böyük həyatınıza çatmanız həyatın əsas qayəsidir. Evinizə çatmağın, parlaqlıq, sevgi və cəsarətin olduğu yerə çatmağın sizin mövcud olmanızın səbəbi olduğunu unutmusunuz. Öz həqiqi həyatınıza çatmağa səy göstərdiyiniz zaman hansı yolu və ya marşrutu seçəcəyiniz indi sizin özünüzdən asılıdır.

Bu cığırlardan heç biri digərindən daha yaxşı deyil – onlar, sadəcə, bir-birindən fərqli görünürlər. Hansısa bir yolun seçilməsi bu səyahətin daha uzun çəkəcəyi anlamına gələ bilər, necə ki, evinizə gedərkən seçdiyiniz konkret bir marşrut daha uzun bir məsafənin keçilməsi və daha dərə-təpəli yollardan keçilməsi anlamına gələ bilər.

Başqa bir yolun seçilməsi öz təyinat məntəqənizə gedən sürətli avtomagistralın seçilməsinə bənzəyə bilər – dərə-təpəsiz yol və buludsuz mavi səma. Hər şey özünüzdən asılıdır.

Bu, böyük ölçüdə, həyatda yaşadığınız zaman etdiyiniz seçimlərlə müəyyən edilir. Sizin həyat hekayəniz haqqında yazılmış ssenarinin həmmüəlliflərindən biri də siz özünüzsünüz, mənim dostum.

– Yaxşı, Culian, ona görə də indi sizdən soruşmalıyam: bizim həyatlarımız üçün əvvəlcədən yazıldığını sizin qeyd etdiyiniz qaralama və ümumi plana müvafiq olaraq, olmalı olduğumuz təyinat məntəqəsinə yetişmək üçün həmin sürət marşrutlarını biz axı necə seçə bilərik?

– Sadəcə, yaxşı əməllər etməklə və yaxşı insan olmaqla, – deyə sualıma açıq bir cavab gəldi. – Bizim bu dünyamız bir sıra dəyişməz təbii qanunlara müvafiq olaraq idarə olunur və bu qanunlar təbiətin bütün bu dünyanı yaratmış və sizi buraya göndərmiş eyni gücü tərəfindən yaradılmışdır.

Siz, məsələn, futbol kimi bir oyunu onun qaydalarını bilmədən oynaya bilməzsiniz. Həyat özü də oyun kimidir. Ona görə də oynamaq və qalib gəlmək üçün oyunun qaydalarını öyrənməniz böyük əhəmiyyət kəsb edir.

Öz həyatınızı bu qaydalara uyğun şəkildə yaşayın və həyatınızda hər şey alınmağa başlayacaq. Kainat özü sizin müzəffər olmanızı arzulayır, bunu heç bilirdinizmi? Siz, sadəcə, öz tutduğunuz yoldan bir kənara çəkilməli və bacardığınız qədər qısa müddət ərzində bu oyunun qaydalarını öyrənməlisiniz.

Əlbəttə ki, bu oyunun qaydalarını öyrənmək üçün bir qədər səy göstərmək və sakit yerlərdə oturub dərin düşüncələrə dalmaq, eləcə də filosof olmaq üçün həqiqi istək tələb olunur.

– Filosof olmaq? – deyə ondan soruşdum.

– Əlbəttə. “Fəlsəfə” sözünün mənası “müdriklik sevgisi” anlamına gəlir. Öz ən böyük həyatına çatmaq üçün öz tale yolu ilə getmək istəyən hər bir insan özündə hikməti, müdrikliyi təqdir etmək qabiliyyətini və həyatın bütün mənasının nədən ibarət olduğunu öyrənmək ehtirasını inkişaf etdirməlidir.

Əgər biz hamımız özümüzə dərin düşüncə və böyük məharətlə daha zövqlü və daha mənalı həyatın yapılması prosesi ilə məşğul olan bir filosof kimi baxmağa başlasaydıq, bu dünyamız daha yaxşı bir yerə çevrilərdi. Beləliklə, gəlin əbədi və əzəli olan təbii qanunlara qayıdaq.

Öz gündəlik həyatınızı bu qanunlara görə tənzimləyin və öz ən böyük həyatınıza gedən sürət yoluna avtomatik olaraq çıxacaqsınız. O qanunlara əhəmiyyət verməsəniz, evinizə aparan daha uzun yolu seçmiş olacaqsınız.

– Bəs onda bu təbii qanunlar nədən ibarətdir? – daha çox şey öyrənmək həvəsi ilə mən ondan soruşdum.

– Onlar ta başlanğıc anından bəri dünyanı və onda baş verən prosesləri idarə edən qanunlardır. Bu qanunlara “öz istədiyiniz şeylərə nail olduğunuz zaman, başqalarının da öz istədikləri şeylərə nail olmalarına hər zaman yardım etmək”, “qüsursuz dürüstlüyə sahib olmaq”,

“hal-hazırkı anla yaşamaq”, “tanıdığınız ən mərhəmətli insana çevrilmək”, “əlinizdən gələn hər şeyi etmək və etdiyiniz hər bir əməldə mükəmməl ­olmaq”, “özünə qarşı dürüst olmaq” və “bir şey arzulayarkən cəsarətli olmaq” kimi əsas prinsiplər daxildir.

Bizim bir çoxlarımız bu prinsiplərdən xəbərdar olsa da, yalnız çox az bir hissəmiz öz həyatlarını onlara uyğun şəkildə yaşayır. Bu, bir zamanlar Volterin dediyinə çox bənzəyir: “Ümumi prinsiplər heç də ümumiyə xas bir şey deyil”.

– Tamamilə haqlısınız, Culian. Bu günlərdə biz ona çox az dəyər veririk, sanki o, mürəkkəb və incə bir həqiqət deyilmiş.

Bununla belə, həqiqətlərin böyük əksəriyyəti çox sadədir, düz demirəmmi?

– Əgər sadə olmasaydı, o, həqiqət olmazdı, – Culian üzündə müdrik bir ifadə ilə cavab verdi.

– İndi də deyirsiniz ki, “öz hərəkətlərinizi bu təbii qanunlara görə tənzimləyin və öz ən böyük həyatınıza aparan sürət yolunu seçmiş olacaqsınız. O qanunlara əhəmiyyət verməsəniz, evinizə aparan daha uzun yolu seçmiş olacaqsınız”.

Onda siz bizlərdən bəzilərimizin öz həyat yolumuzla səyahət edərkən ağrı və acılarla üzləşdiyini və bəzilərimizin isə bu yolda heç bir çətinliklə üzləşmədiyini söyləyərkən, bu təbiət qanunlarının pozulduğunu və buna görə də sürət yolundan çıxaraq daha yavaş və daha dolanbac yollardan birinəmı düşdüyümüzü demək istəyirdiniz?

– Qulaq asın, Dar, sizin də qeyd etdiyiniz kimi, bizim bu planetimizdə yaşayan hər bir insan öz həyatının yaxşı və çətin dövrlərini yaşayacaq, hətta onlar öz ömürlərini əzizlər kimi yaşasalar belə.

İbrət almalı olduğumuz ­şeylərdən lazımi dərsləri çıxarmamıza yardım etmək üçün qət etdiyimiz yolun həmin anında qarşımıza ağrılı-acılı hadisələr çıxır. Bizim sağalmamız, dərinləşməmiz və fəlsəfi mənada daha da inkişaf etməmizə yardım etməsi üçün həyatımızda hüznlü təcrübələr də olmalıdır.

Heç kim öz canını onlardan qurtara bilməz, çünki heç kim mükəmməl deyil. Ona görə də, biz hətta xeyirxah, alicənab və cəsarətli bir həyat yaşasaq belə, qeyri-mükəmməl olmamız o anlama gəlir ki, hələ öyrənməli və ibrət almalı olduğumuz çox şeylər vardır, aydındırmı?

– Bu sözlərdə dərin məntiq var, – Culianın sözləri ilə oynayaraq dedim və gülümsədim.

– Ona görə də bizlərdən ən çox oyanmış olanları belə bu yolda ağrı-acı ilə üzləşəcək, çünki bu təcrübə idrakın və təkamülün növbəti səviyyəsinə yüksəlməmiz üçün tələb olunan konkret dərsləri bizə təklif etmək üçün gələcək.

“Nə səhvlər, nə də təsadüfi uyğunluqlar mövcuddur. Bütün hadisələr onlardan dərs çıxarmamız üçün bizə verilmiş xeyir-duadır”, – Elizabet Kübler- Ross deyib. Ağrı və acıların nə üçün çox gözəl və zəruri olduğunu indi anlayırsınızmı?

– Bəli.

– Həyatın iki sahili olan bir çaya bənzədiyini söyləyən bir müdrik bunu çox əla bənzədib. Çayın bir sahilində biz xoşbəxtliyi tapacağıq, o biri sahilində isə qarşımıza kədər çıxacaq.

Çay ilə irəliyə doğru hərəkət etdikcə, biz labüd olaraq hər iki sahilə də sürtüləcəyik. Əsl kələk ondan ibarətdir ki, heç bir sahilə həddən artıq uzun müddət ilişib qalmayasan.

– Qulağa xoş gəlir. Bu metaforadan çox xoşum gəldi, Culian. Deməli, belə çıxır ki, heç kimin həyatı keşməkeşsiz və qəm-kədərsiz keçmir, çünki bu hadisələr bizə ibrət dərsi vermək üçün başımıza gəlir və nə qədər təkamül etmiş olmamızdan asılı olmayaraq, hər birimizin öyrənməli olduğumuz dərslər var, hə?

– Düzdür. Heç bir problemi və müsibəti olmayan insanların hamısı altı fut torpağın altında yatırlar. Yaşamaq problemlər, ağrı-acı və əzab-əziyyətlə üzləşmək deməkdir. Bu şeylər inkişaf etməmiz, yüksəlməmiz və bütün ömrümüz boyu öyrənməmiz üçün vasitələrdir.

Həyatın sınaqları müdriklik qazanmaq və öz həqiqi gücümüzü daha çox xatırlamamız üçün bizə verilmiş imkanlardan başqa bir şey deyil, əlbəttə, əgər biz seçiriksə. Amma gəlin unutmayaq ki, hər bir həyatın öz zəfər və gözəl zaman payı da olacaq.

Heç bir çətinlik əbədi olaraq davam etmir. Heç bir müvəffəqiyyətsizlik əbədi olaraq davam etmir. Heç bir müsibət əbədi olaraq davam etmir. Bizim başımıza onlardan hər hansı biri gələndə bizə elə gələ bilər ki, onlar bizi heç vaxt tərk etməyəcək, lakin bu, doğru deyil.

Əgər bilmək istəyirsinizsə, həyatın öz mövsümləri, öz fəsilləri olur. Yaşadığımız çətin dövrlər nəticə etibarilə, bir heykəltəraş kimi bizdən daha yaxşı varlıqlar yaradır.

Burada əsas məsələ ondan ibarətdir ki, əgər biz mənim haqqında danışdığım təbii qanunlara diqqət verməyi və öz həyatımızı həmin qanunlara riayət etməklə yaşamağı seçəriksə, vaxtımızın böyük hissəsini çətinliklər və ağrı-acılarla dolu olan dolanbac yollar əvəzinə həmin sürət magistralında sərf etmiş olarıq.

Bu üsullarla çəkdiyimiz əzab-əziyyətin kəmiyyətini minimuma endirə bilərik.

– Deməli, əgər “yaxşı bir insan olmaq” və ya “öz həyatımızla kiçik oyunlar oynamağa son qoymaq” kimi bizim öyrənməli olduğumuz dərsləri bizə öyrətmək üçün iztirab gələrsə və əgər biz həqiqəti və ya sizin adlandırdığınız kimi “qaydaları” dərk etsək, onda onları ağrı-acılı yolla öyrənməyimizə lüzum yoxdur.

Biz öz həyatımız boyu daha az əzab çəkəcəyik, çünki əzab və iztirab öz həyatımızı dünyanı idarə edən qanunlara müvafiq şəkildə yaşamadığımızda baş verir. Deməli, biz öz həyatımızın necə davam edəcəyinə əhəmiyyətli dərəcədə təsir göstərə bilərik.

– Əla, Dar! – deyə Culian ucadan qışqırdı və xoşbəxtcəsinə yumruğunu havaya qaldırdı. – Lakin yaddan çıxarmayın ki, siz yenə də çətinliklərlə üzləşə bilərsiniz, çünki mükəmməl varlıqlar olmadığımız səbəbilə, bizim öyrənməli olduğumuz dərslər hər zaman olacaq və bəzən bu dərslər ağrıverici də ola bilər. Bu, sadəcə, elə belə olur.

Lakin, bəli, öz əməllərimiz üçün mütləq şəxsi məsuliyyəti öz üzərimizə götürməklə və öz gündəlik həyatımızda müdrik seçimlər etməklə biz bu iztirabları azalda bilərik. Bu üsulla da biz öz taleyimizi formalaşdırır və daha xoşbəxt həyat yaşamaq gücünü qazanırıq.

CD pleyerə tərəf gedib onun üstündəki disklərin arasında hansınısa axtararaq Culian sözünə davam etdi:

– Oh, kainat sizin ürəyinizdəki arzularınızdan bixəbər deyil. Sizin üçün yazılmış planın bir hissəsinə görə siz heç vaxt özünüz üçün yanlış olan bir şeyə cəlb olunmayacaqsınız. Sizin haqqınızda olan bütün ideya sizin xoşbəxt olmanızdan ibarətdir.

Sizin taleyiniz heç vaxt sizi özünüzü bədbəxt hiss edəcəyiniz bir şeyi etməyə vadar etməyəcək. Əgər siz bizneslə məşğul olmağı sevirsinizsə, sizinlə bağlı qurulmuş plan, böyük ehtimalla, həyatınızın əsas işi kimi sizin əsas diqqətinizin həkim və ya aktyor olmaq üzərində cəmləşməsinə imkan verməyəcək.

Əgər bir şəxs yazar olmağı xoşlayarsa, o öz kompüterinin önündə tək qaldıqda onun ürəyi sevincdən uçacaq və sanki yazmaqdan başqa heç bir şeyin əhəmiyyəti yox imiş kimi, böyük əminliklə və ehtirasla yazmağa başlayacaq, onun ruhunun məqsədi, yəqin ki, qapı-qapı gəzərək satıcılıq etmək olmayacaq.

Kainat, həqiqətən, sizin müzəffər olmanızı istəyir. Sizin üçün yazılmış planda əsas məqsəd sizin xoşbəxt olmanızdan ibarətdir.

Balaca bir uşaq öz sevimli oyuncaqlarını özünün ən sevimli dostu ilə bölüşdüyü kimi, Culian da topladığı CD kolleksiyasını mənə göstərdi. Həmin CD-lərin arasında “Morçiba” qrupunun “Prosesin Mərhələləri” albomu, “Koldpley” qrupunun

“Qanın Başa Vurması” albomu, Bon Covinin bestselleri və əvvəllər heç vaxt görmədiyim daha iki qrup vardı: qruplardan birinin adı “Aua Leydi Pis” sərlövhəsi isə “Qravitasiya”, digəri “Neqativlər” adlanırdı və müğənninin adı isə Lloyd Koul idi.

– Kifayət qədər eklektik musiqi zövqünüz var, Culian. Siz yəqin ki, planetimizdəki ən hippi rahibsiniz.

Mənim dediklərim onu gülməyə vadar etdi. Onun bütün üzü işıqlandı.

– Sizə dediyim kimi, Dar, musiqi mənim ruhumu oxumağa şövqləndirir. Musiqi mənim həyatımda mövcud olan ən şirin həzzlərdən birisidir. Mən musiqi və kitab dükanlarında çox vaxt keçirirəm. Musiqi və kitablar – mənim ən böyük iki həzz mənbəyim.

Culianın yığılmamış yatağının üstündə çox oxunmaqdan əzik-üzük hala düşmüş üç kitab vardı: Markus Aureliusun “Meditasiyalar”, Oq Mandinonun “Dünyanın Ən Dahi Satıcısı” və üçüncüsünün isə adı çox qəribəydi – “Əziz, Serfinqçi və İcraçı Direktor” – bu müəlliflərin bəzilərinin öz kitabları üçün düşündükləri adlar məni təəccübləndirməyə heç vaxt ara vermirdi!

Otaqda onun sadəcə bir neçə paltarı vardı. Onun bel çantası isə bir küncə atılmışdı. Culianın sadə həyat tərzi sürdüyünə heç bir şübhə yox idi.

Culian xaki rəngli şortlarını, ağ futbolkasını və bir cüt səndəllərini ayırıb bir kənara qoymuşdu. Mən gördüm ki, bu səndəlləri o, “Qəp” şirkətinin dükanından almışdı.

Getdikcə daha çox anlamağa başlayırdım ki, Culian çox az əşyaya sahib olsa da və öz həyat səyahətinə yüngül baqajla çıxsa da, o, real həyatdan qaçan və aydınlanmanın yeganə yolunun tərki-dünyalıq olduğunu düşünən spiritualistlərdən birisi deyildi.

Bu dünyanın verə biləcəyi zövqləri sevdiyinə görə, Culian qətiyyən üzrxahlıq etmirdi. Onun bütün fəlsəfəsi, mənə görə, çox müvazinətləşdirilmiş görünürdü. Ürək ilə baş arasında yaradılmış müvazinət.

Arzuların ardınca düşmək və onların reallaşdırılması ilə hadisələrin baş verməsinə imkan vermək və daha yüksək bir plana bel bağlamaq arasındakı müvazinət.

Həyatın məqsədinin öz ruhi kimliyimizə dönmək olduğunu anlamaq ilə heç bir günahkarlıq hissi keçirmədən dada biləcəyimiz və hətta dadmalı olduğumuz bir çox gözəl zövqlərlə dolu dünyada öz qeyri-mükəmməlliyi ilə yaşayan insani varlıqlar olduğumuza dərin ehtiramla yanaşma arasındakı müvazinət.

Nəticə etibarilə, mənə elə gəldi ki, Culian gözəl həyatın qızıl açarının Yer ilə Fələk arasında müvazinətin yaradılmasından ibarət olduğuna inanır. İçimdən bir hiss mənə bunun doğru olduğunu söyləyirdi.

Culian əlini Oq Mandinonun kitabına sarı uzadaraq mənə sarı rənglə işarələnmiş bir sətiri göstərdi.

– Budur, bu həqiqət incisini oxuyun, amiqo.

Elə indicə bütün həqiqətlərin sadə olduğunu öyrənmişdim və bu cümlə də çox sadə idi. Orada belə deyilirdi: “Mən yer üzünə bir təsadüf nəticəsində gəlməmişəm. Mənim buraya gəlişimin bir məqsədi var və bu məqsəd sıxılaraq bir qum dənəsinə deyil, böyüyərək bir dağa çevrilməkdən ibarətdir”.

– Təşəkkür edirəm, Culian, – deyə mən yumşaq səslə dilləndim. – Mənim həyatımı xilas etdiyinizə görə sizə minnətdaram.

DÖRDÜNCÜ FƏSİL
Arayıcı Özünə Xəyanətin Cinayət Olmasını və Öz Zəncirlərini Necə Sökəcəyini Öyrənir

Öz arzularınızı qoruyun. Öz ideallarınızı qoruyun. Ürəyinizi riqqətə gətirən musiqini, beyninizdə təcəlla edən gözəlliyi, ən incə düşüncələrinizə hopan cazibədarlığı qoruyun. Çünki bütün valehedici vəziyyətlər, bütün səmavi mühit məhz onlardan törəyəcək. Əgər onlara sadiq qalsanız, sizin həyatınız da sonunda elə onlardan inşa ediləcəkdir.

Ceyms Allen

Siz necə tərəddüd edə bilərsiniz axı? Risk edin! Hər şeyinizlə risk edin!

Başqalarının fikirlərinə, o başqa səslərə heç bir əhəmiyyət verməyin.

Yer üzündə sizin üçün ən çətin olan şeyi edin.

Öz maraqlarınıza uyğun davranın. Həqi­qətlə üzləşin.

Katerina Mansfild

Culian bilirdi ki, mən dərin düşüncələrə dalmışam və o məni bir neçə dəqiqəlik yalnız qoydu, elə bil mənə dediklərini həzm edə bilməyim üçün mənə imkan yaradırdı. O, vanna otağına getdiyi müddətdə, mən bütün bu illər ərzində sürdüyüm həyat tərzi haqqında düşünürdüm.

Krandan su axarkən onun zümzümə etdiyini eşidə bilirdim. Öz keçmişimdə buraxdığım səhvləri xatırladıqca içimdə dərin bir peşmançılıq hissi baş qaldırmağa başladı.

Bu səhvlərdən inkişaf etmək və öyrənmək üçün bir yem kimi öz xeyrimə istifadə etmək əvəzinə, onların ehtiva etdiyi dərslərə qarşı ayıq olmamış və inkişaf üçün bu imkanlara qarşı korcasına öz həyatımı sürdürmüş və taleyimdən şikayətlənməklə kifayətlənərək boş-boş veyllənmişdim.

Daha gənc yaşlarımda Culianın bu fəlsəfəsi haqqında eşitməyimə və onun haqqında danışdığı təbii qanunlara daha uyğun bir həyat yaşamadığıma görə kədərləndim.

Nə qədər qiymətli illər boşa sərf edilmişdi, həyatım boyu mənə verilmiş talant və hədiyyələri başqalarının ümidlərini doğrultmaq uğrunda boşuna sərf etmək əvəzinə həmin illəri ən yaxşı və ən gerçək həyata nail olma yolunda sərf edə bilərdim.

Kütlə məni öz ağuşuna çəkərək ­udmuşdu və mən, demək olar ki, hər zaman onun məni məhv etməsinə imkan vermişəm.

Culian geri qayıdandan sonra öz qolunu mənim çiynimə qoydu. Mənim nə haqda düşündüyümü, hansı hisləri keçirdiyimi o, yaxşı bilirdi.

– “Bağışlama dərketmənin meyvəsidir”, – müdrik rahib Tiç Nhat Hanh deyib. Siz öz yolunuzda haradasınızsa, deməli, məhz elə orada da olmalı idiniz. Həmin anlayış – və həyatın inkişaf etmək üsulu haqqında sizin bildikləriniz – artdıqca, sizin daxilinizdə çox gözəl bir hiss olan özünü bağışlama hissi baş qaldıracaq.

Siz özünüzə qarşı çox tələbkarsınız, – Culian çox mülayim bir tərzdə dedi və öz intuisiya gücü ilə məni heyrətləndirdi.

O məni otaqdan dəhlizə çıxardı. Divarlardan gözəl rəsm əsərləri asılmışdı və məharətlə gizlədilmiş dinamiklərdən yumşaq launj musiqi sədaları axıb gəlirdi. Deyəsən, otelin müsafirlərinin böyük əksəriyyəti hələ də yatırdı.

– Bu şeylər haqqında mənə bir az da danış, Culian, – mən özümü topladım və öz parlaq, ortodoks olmasa da, həyat məşqçimin mənimlə bölüşdüyü müdrik kəlamlardan daha çox eşitməyə özümü hazır hiss edərək dedim.

– Olar, amiqo, danışaram, – deyə o, cavab verdi və biz liftə mindik. – Bir insan varlığı kimi özünün ən böyük oyununu oynayan, yəni özünün ən böyük potensialına müvafiq şəkildə yaşayan və öz həqiqi missiyasının cığırı ilə addımlayan bir şəxs özünü sevə bilən bir insandır, – o dedi. – Gözəl bir həyat yaşamaq insanın özünə olan sevgisini ifadə etməkdir.

– Mən heç vaxt bu haqda düşünməmişəm.

– Öz həyatını sanki bu planetdə ən dahi insanlardan birisi imiş kimi – həqiqətən, ağır çəkili birisi kimi – sürdürən insan yalnız özünə deyil, eləcə də onu yaradan təbiət qüvvələrinə qarşı da dərin hörmət hissi bəsləyən bir insandır.

Bu günlərdə “anı yaşamaq” və “indinin dadını çıxarmaq” haqqında çoxlu söz-söhbətlər var. Məni yanlış anlamayın, bu cür şeylər yaxşı yaşamaq üçün çox əhəmiyyətlidir. Mən özüm də buna inanıram və bu ideyaya tam şəkildə dəstək verirəm.

Birlikdə olduğumuz bu qısa müddət ərzində hətta mənim də belə şeylər haqqında danışdığımı eşitmisiniz. Lakin hər şeyin əsası tarazlıq məsələsidir və ulduzlara çatmaq, içinizdəki istedadın günəş kimi parlamasına imkan yaratmaq üçün tələsməkdə qətiyyən pis heç nə yoxdur.

Əslində, siz özünüz üçün böyük hədəflər seçəndə və böyük arzuların arxasınca qaçanda inanılmaz dərəcədə böyük bir yaradıcı fəaliyyətə başlamış olursunuz. Nəsə ecazkar bir şey inşa etmək üçün siz öz təxəyyülünüzdən və öz qabiliyyətlərinizdən istifadə edirsiniz. Bu da fəaliyyət zamanı yaradıcılıqdır.

– Gözəl qavramdır. Ən əhəmiyytli hədəflərimin arxasınca getməyim haqqında heç vaxt yaradıcılıq fəaliyyəti kimi düşünməmişdim. Lakin bu belədir, düz demirəmmi? Bunu edərkən əvvəllər sadəcə ilkin ideyadan başqa bir şey olmayan bir şeydən nəsə yaratmalı ­olursan.

Yeni biznes sahəsi qurmaq və ya yeni bir məhsulun istehsalına başlamaq, ya da öz həqiqi ehtirasının ardınca düşmək öz xəyalında canlandırdığı görüntünü gözəl bir sənət əsərinə çevirdiyi zaman bir rəssamın etdiklərindən heç nə ilə fərqlənmir.

– Bəli. Və biz öz xəyal və arzularımızın həyatını canlandırdığımız zaman, tapın görək, kimin modelindən istifadə edirik?

– Heç bir fikrim yoxdur.

– Biz bütün bu dünyanı yaratmış sonsuz gücə sahib olan qüdrəti modelləşdiririk. Bu gücü “Allah” və ya “Kainat”, ya da “Təbiət” adlandıra bilərsiniz, amma ona yapışdırdığınız yarlık sadəcə bir sözdən ibarətdir və mən yarlıklara ilişib qalmaq istəmirəm.

Əsas məsələ ondan ibarətdir ki, siz öz istədiyiniz şeyi əldə etmək üçün sevgi və özünüzü unudaraq fədakarlıqla onun ardınca düşəndə ulduzları və dənizləri yaratmış enerjiyə qoşulursunuz.

Sizin həyatınıza bir növ sehr daxil olmağa başlayır və sizin idrakınızın qavraya bilmədiyi şeylər baş verir. Sizin düz yolda olduğunuzu təsdiq edən əlamətlər özlərini büruzə verməyə başlayır.

Siz öz maşınınızla evə gedirsiniz və yolda dalbadal on dəfə yaşıl işığa tuş gəlirsiniz. Bu lap özünüzdə cəsarət taparaq görüşə dəvət etdiyiniz şəxsin sizə müvafiq birisi olub-olmadığını düşünməyinizə bənzəyir.

Ya da lazım olan insan sizə lazım olan vaxtda zəng vurması və uğrunda mübarizə apardığınız işin sizin üçün düzgün seçim olub-olmadığına qərar vermənizə yardım etməsi kimi.

Öz dişlərinizi təmizlətdirmək üçün hazır olduğunuz və diş həkiminin gözləmə otağında oturaraq gözlədiyiniz zaman çox çətin bir problemin ideal həllini əlinizə aldığınız kitabda aşkar etməniz kimi. Qədim bir məsəldə deyildiyi kimi: “Sinxroniklik Allahın öz anonimliyini qoruma üsuludur”.

– Ooooh, bu çox gözəl deyimdir, Culian.

– Hə, bunu mən də bilirəm.

Biz liftdən par-par alışıb yanan vestibülə çıxdıq.

Günəşin şüaları döşəmədən tavana qədər uzanan pəncərə şüşələrindən süzülürdü və vestibülü başdan-ayağa doldurmuş gerberalar ətrafda gözəl mənzərə yaradırdı. Mən sahibi olduğum bu otel və onun başqa otellər arasındakı mövqeyi ilə fəxr edirdim. Burada yaratdığım şeylərə baxanda içimdə sevinc hissi baş qaldırırdı.

– Siz əlinizdən gələn hər şeyi etdikdə və özünüzü mükəmməlliyə həsr etdikdə kainat da sizə dəstək verir və qanadlarınızın altına külək qoyur. O öz arzularına, öz ideallarına çatmaq istəyən və taleyinə yazılmış kimliyinə yetişməyə çalışan insanı görür.

Belə bir səy dünyanı müşahidə edən gözdən heç vaxt yayınmır. Beləliklə, unutmayın ki, hər şey sizin istədiyiniz kimi alınmayacaq. Bu oyunda ali ağıl mövcuddur və çox vaxt biz onun məntiqini anlamaqda çətinlik çəkirik.

Lakin siz əlinizdən gələn hər şeyi etməyə davam etsəniz və başınıza gələn hər şeyin sizin ən mühüm maraqlarınıza müvafiq olduğunu dərk etməklə onları qəbul edərək qalanını həyatın öz öhdəsinə buraxsanız, həyat çox gözəl alınacaq. Nəticə etibarilə, əslində, gözləniləndən daha yaxşı alınacaq.

Mən eşitdiklərimi elə yenicə həzm etməyə başlamışdım ki, Culian döşəməyə çökdü və qəribə hərəkətlər etməyə başladı. Qeydiyyat masası işçiləri ona baxaraq gülüşməyə başladılar. Mariya elə bil ovsunlanmışdı.

Culian isə öz işindəydi, buna heç bir şübhə ola bilməzdi. Başqalarının onun haqqında nə düşünəcəyi onu az maraqlandırırdı. Gün kimi aydın idi ki, əgər bir şey onun fikrincə doğru idisə, o bunu mütləq edəcəkdi. O öz həyatını öz şərtlərinə uyğun şəkildə yaşayırdı. Və onun mənə öyrətdiyi kimi, müvəffəqiyyətin əsl mənası da elə məhz bundan ibarət idi.

– Mən aşağı baxan it təmrinini yerinə yetirirəm. Öz enerjimi bərpa etmək və yaxşı fiziki vəziyyətdə olmamı təmin etmək üçün yoqa mənim gündəlik yerinə yetirdiyim məşqlərdən birisidir. Siz də bunu sınamalısınız.

Bu təmrinlərdən min illər boyu boş-boşuna, səbəbsiz olaraq istifadə edilməyib: onların xeyri var. Ey, əgər Madonna ilə Stinq ona qeyd-şərtsiz inanırlarsa və ona and içirlərsə, deməli, o pis ola bilməz, düz demirəmmi?

– deyərək Culian dişlərini ağartdı və bütün diqqətini durduğu pozaya yönəltdi; o, zərif bir tərzdə hərəkət etdikcə, onun əzələləri də müvafiq şəkildə oynayırdı.

Bu pozada bir neçə dəqiqə qaldıqdan sonra Culian ayağa qalxdı və davam etdi:

– Hə, gəlin qaldığımız yerdən söhbətimizə davam edək. Bu gün dünyamızda həddən artıq çoxlu sayda spiritualist mənim “mənəvi süstlük” adlandırdığım xəstəlikdən əziyyət çəkir.

Onlar sizə öz arzularınızın dalınca düşməməyi və ya oyunu böyük oynamamağı məsləhət görəcəklər və bunu da onunla əsaslandıracaqlar ki, belə etmək taleyə nəzarət etmək və nəticələri zorlamaq anlamına gəlir. Nə böyük bir axmaqdır! – Culian öz əlini havada dramatik bir tərzdə oynadaraq dedi.

– Hə, ümid edirəm ki, bütün bu vaxt ərzində hər şeyi anlaya bilmişəm, öz ən yaxşı həyatlarını yaşayanlar – yəni onların talelərinin onlar üçün arzuladığı həyatı – bir şeyin baş verməsinə nail olmaqla bir şeyin baş verməsinə imkan vermək arasındakı incə tarazlığa riayət etməyə müvəffəq olmuşlar.

Sizinlə razıyam ki, həddən artıq səy göstərmək çayı irəli itələmək və nəticələri zorlamaqdan başqa bir şey deyil. Lakin çoxsaylı mənəviyyat arayıcıları, deyəsən, cidd-cəhdlə işləməyin, intizamlı olmağın və istədiyin şeyin ardınca qaçmağın qeyri-sağlam və mənəviyyata uyğun olmayan davranış olduğuna inanırlar.

Heç bir şey həqiqətdən bu qədər uzaq ola bilməz. İnsanın özü üçün hədəflər seçməsi, vaxtını səmərəli şəkildə idarə etməsi və istədiyini əldə etməsi üçün hesablanmış və düşünülmüş risklərə getmək, əslində çox ruhani və mənəvidir, çünki dəyərli işlər üçün sizə bəxş edilmiş talant və gücdən istifadə edirsiniz.

Başqa cür düşünən insanlar bu dünyanın işləməkdən həzz alan insanlarına əks cəbhədə ola bilərlər, amma onların görüşləri də ifratçı və tarazlaşdırılmamış olaraq qalır. Və mənim fikrimcə, formasından asılı olmayaraq, ekstremizm sağlam ola bilməz.

– Bir insan həddən ziyadə mənəviyyatlı ola bilərmi?

– Əlbəttə. Öz otağınızda oturub arzuladığınız həyata nail olmanız üçün bütün günü meditasiya və ya dua etmək sizə həmin həyatı verməyəcək və bunun əksini düşünmək isə primitiv düşüncədən başqa bir şey deyil. Bu, əslində, sərsəmləməkdir.

Bizim talelərimiz ilə bağlı eskiz plan layihəsinin olduğuna inandığım haqqında sizə artıq demişəm. Bu plan biz hələ bu dünyaya gəlməmişdən əvvəl cızılaraq hazırlanıb.

Bunu deməklə yanaşı, təsdiq edirəm ki, müəyyən səbəbə görə insan varlıqlarına azad seçim, azad iradə bəxş edilib: öz talelərimizin real həyatda gerçəkləşməsi üçün lazım olan addımların atılması kimi.

İçini doldurmaq gücünə sahib olduğumuz çox boşluqlar və birləşdirməli olduğumuz çoxlu nöqtələr mövcuddur. Arzuladığımız həyatı yaşamaq üçün bizdən qüvvə sərf etmək və qurbanlar vermək tələb olunur. Biz intizamlı olmalı və müdrik seçimlər etməliyik.

Hər bir fəaliyyətin öz nəticəsi olur və arzuladığımız məhsulu toplamaq üçün toxumlar əkməliyik. Bu da təbiət qanunlarından birisidir. Və əgər mənim dediklərimə inanmırsınızsa, işləri əla gedən, müvəffəqiyyət qazanmış istənilən fermerlə söhbət edə bilərsiniz.

O sizə deyəcək ki, ağır əmək sərf etməsə və cidd-cəhdlə toxum əkməsə, onun torpağında heç nə bitməz. Əgər o bütün günü oturub meditasiya və ya dua etməklə məşğul olsaydı, iflasa uğrayaraq öz fermasını itirərdi.

– Mənə görə də bu sözlər doğrudur, – mən dedim.

– Əgər mən öz taleyimi özümə tərəf çəkmək üçün heç bir şey etməsəm, taleyimin öz ayağı ilə gəlib mənim qapımı döyəcəyini təsəvvürümə belə gətirə bilmirəm.

Bu haqda nə qədər çox düşünürəmsə, sizinlə bir o qədər daha çox razılaşıram, Culian: əgər bizə verilmiş özəl gücdən istifadə etməli olmasaydıq, məncə, insan varlıqları olaraq bizə bu özəl güclər bəxş edilməzdi.

Biz otel binasından erkən səhərin təmiz havasına çıxdıq.

– Tamamilə doğru deyirsiniz, Dar. Bizə bəxş edilən hər bir hədiyyə – və bizim hər birimizə belə hədiyyələr bəxş edilib – boş-boşuna, məqsədsiz şəkildə verilməyib.

Verilmiş hər bir hədiyyə ilə onun formalaşdırılması, inkişaf etdirilməsi və başqa insanların həyatlarının zənginləşdirilməsinə xidmət edəcək bir şəkildə bu hədiyyələrin dünyamıza tətbiq edilməsi ilə bağlı boynumuza düşən məsuliyyət də artır.

Həyatdan istədikləri ilə bağlı öz niyyətlərini müəyyən etməyən və sonra da öz arzularını cəsarətlə təqib etməyən insanlar içlərində daha çox qorxu hissi bəsləyən və bu qorxuların qarşısında aciz olan insanlardır. Onlar hər şeydən qorxurlar. Onların içində şəfa tapması tələb olunan problemlər və müayinə edilməsi lazım olan kölgələr mövcuddur.

– Hansı qorxular onları idarə edə bilər, Culian?

– Müvəffəqiyyətsizliyə uğramaq qorxusu, uğur qazanmaq qorxusu, bilinməyənin qarşısında hiss etdikləri qorxu, rədd edilmək, ya da qəbul edilməmək qorxusu, başqalarından fərqlənmək qorxusu, kifayət qədər ­yaxşı ola bilməmək qorxusu…

Mən davam edə bilərəm, bu siyahını istədiyiniz qədər uzatmaq mümkündür. Orada olmayanlar, əlindən gələn hər şeyi etməyənlər, özünün ən böyük oyununu oynamaq üçün özünü bu işə həsr etməyənlər və öz həyatlarını mükəmməllik standartlarına uyğun şəkildə yaşamayanlar,

daxili aləmlərini, hansısa kök səviyyəsində, qorxuların sardığı və bundan müalicə edilməyə ehtiyac duyan insandır.

İndi isə bəzi məqamları bir qədər aydınlaşdırmalıyam: yer üzündə elə bir insan yoxdur ki, onun içində həqiqi potensialına görə yaşamasını məhdudlaşdıran qorxu hissinə sahib olmasın.

Yenə də bunu deməyi lazım bilirəm, insan olmağın özü elə qeyri-mükəmməllikdir və bu qeyri-mükəmməlliyin böyük bir hissəsini biz öz əsl təbiətimizin mükəmməlliyini tərk edərək bu dünyaya gələrkən seçib götürdüyümüz qorxulardan törəyir.

– Deməli, bu günlərdə bir çox insanların “nəticələri zorlamamaq” və “bütün diqqəti indiki an üzərində cəm etmək” haqqında etdiyi söhbətlər onların içindəki qorxunu göstərir, düz demirəmmi?

– Yox, tam da sizin dediyiniz kimi deyil, Dar. Nəzəri baxımdan bu fəlsəfə doğrudur, amma onun praktikada tətbiq edilməsində yanlışlar var. Sizə təlim etdiyim ifadəni xatırlayın: əlinizdən gələn hər şeyi edin və qalanını həyatın öhdəsinə buraxın.

Öz arzularınızın dalınca düşün. İstədiyiniz həyatı qurmaq üçün əlinizdən gələn hər şeyi edin. Sizi qorxudan yerlərə səfərlər edin və bu dünyaya təqdim edilməsi üçün sizə bəxş ­edildiyini ­ürəyinizdə bildiyiniz böyüklüyünüzü sıxaraq balacalaşdırmayın.

Və siz, bir insan kimi, öz arzularınızın gerçəkləşməsi üçün əlinizdə olan imkanların hamısından istifadə etdikdən sonra – və yalnız bundan sonra – nəticələri öz ixtiyarına buraxın. Tənliyin sizə aid olan hissəsini, özünüzü bu işə tam şəkildə həsr etməklə, icra etdikdən sonra rahatlaşın və sizə gələn hər şeyi qəbul edin.

Siz imkanınız daxilində olan hər şeyi etdiniz. Siz məsuliyyətlə davrandınız, ən yaxşı gedişləri etdiniz və öz imkanınız daxilində olan ən yaxşı seçimləri etdiniz. İndi isə qoyun daha yüksək güc hər şeyi öz üzərinə götürsün və olmalı olduğunuz yerə çatmanız üçün sizə bələdçilik etsin.

Qoyun həyat özü sizi taleyinizin cığırına tərəf aparsın. Sizin rahatlaşacağınız və təslim olacağınız an məhz bu məqamdır.

– Oldu, mən sizin dediklərinizi anlayıram. Yenə də dediyiniz balans məsələsi.

Mən öz üzərimə düşən hissəni yerinə yetirməliyəm və sonra həyat və ya təbiət, ya da Nəhayətsiz Şüur və yaxud da Allah, hər şey üzərində mütləq nəzarətə sahib olan bu yüksək gücə nə ad veririksə verək, qalanını bizim üçün həyata keçirir. Və nəticədə başıma nə gəlirsə gəlsin, mən dərk etməliyəm ki, həmin şeyin baş verməsinin nəsə bir səbəbi vardır.

– Əslində, başınıza gələn şey sizin ən yüksək rifahınız üçün baş verir və sizi olmalı olduğunuz yerə aparır. Əgər siz əlinizdə olan bütün imkanlardan istifadə etmisinizsə və öz həyatınızı təbiətin qanunlarına müvafiq şəkildə yaşamısınızsa, başınıza nə gəlir gəlsin, bu sizin xeyrinizə olacaq, hətta əgər ilk baxışda lənətə bənzəsə belə.

– Çox güclü fikirlərdir, Culian, çox güclü. Deməli, özlərini spiritualist adlandıran bu insanların hər şeyi başlı-başına buraxmaq, həyatı heç bir məqsədə qulluq etmədən yaşamaq və indiki ana təslim olmaq haqqında onların etdiyi bütün söhbətlər, əslində, onların qorxduğunu göstərir.

Onlar oyunu kiçik oynayırlar və öz qorxularının onların həyatlarını idarə etməsinə imkan verirlər. Onların davranışlarında heç bir tarazlıq yoxdur. – Culianın elə indicə mənə öyrətdiklərinin cövhərini çıxarmağa və onları ümumiləşdirməyə çalışaraq dedim.

– Bəli. Onların bir çoxları üçün “mənəviyyat” öz içlərindəki hər şeyə rəhbərlik edən qorxmuş balaca uşaqları qorumaq üçün geydikləri maskadan başqa bir şey deyil. Onlar qorxurlar ki, birdən müvəffəqiyyətsizliyə uğrayarlar və ya kifayət qədər yüksəkdə ola bilməzlər, ya da bu cığır çətin ola bilər.

Ona görə də onlar özlərini bütün məsuliyyətlərdən azad etmək üçün bəhanələr gətirməklə məşğuldurlar. Onlar öz həyatlarını planetlərin mövqeyinə və ya falçıların onların taleləri haqqında dediklərinə görə tənzimləyirlər.

Məni səhv başa düşməyin, Dar, mən astrologiyanın etibar edilə biləcək böyük bir elm sahəsi olduğunu Hindistanda öyrəndim. Bu elmdən min illər ərzində çox böyük müvəffəqiyyətlə istifadə edilmişdir. Lakin əsas şey, həqiqətən, tarazlıq məsələsidir.

Öz həyatımı tam şəkildə onunla ­tənzimləsəm, qurban rolunu oynamış olaram. Öz ovqatıma, öz hərəkətsizliyimə və öz səhvlərimə görə planetlərin düzülüşünü günahlandırmam bir insan varlığı kimi mənə bəxş edilmiş güc və qüvvəni planetlərə, aya və ulduzlara vermiş olmam anlamına gələr.

Bu öz həyatını sürdürməyin zəif yoludur. Unutmayın ki, siz yalnız sizin əhval-ruhiyyənizdən ibarət deyilsiniz, əksinə onlardan qat-qat böyük qüvvəsiniz. Siz yalnız sizin psixologiyanızdan ibarət deyilsiniz, əksinə onlardan qat-qat daha müdriksiniz.

– Sizin söylədiklərinizdən anladığım budur ki, istədiyi həyata nail olmaq üçün tələb olunan şeyi bir insan varlığı olaraq imkanı daxilində olanları etməyən insan əslində məsuliyyətsiz adamdır, çünki həmin adam ona bəxş edilmiş hədiyyələrdən istifadə etmir.

– Bu, keçən gecə qrim otağında dediklərimə bənzəyir. “Xoşbəxtlik bizə doğuşdan verilən haqdır”. Öz həyatımıza və dünyaya müstəsna hədiyyələr bəxş etmək üçün biz fövqəladə şeylərlə birbaşa rabitələnmişik.

Bu haqda Martin Lüter King çox gözəl deyib: “Hər bir insan dahi olmaq gücünə sahibdir, şöhrət yox, dahilik gücünə”. Lakin biz öz-özümüzə xəyanət edirik. Biz öz həyatımızı xırda və cəsarət tələb etməyən şeylərə sərf edirik.

“Cəsarət etmə”, “xəyallar qurma”, “həddən artıq çox parlama, yoxsa başqalarından seçilə bilərsən və müvəffəqiyyətsizliyə uğra”, – deyən və bizi öz ağuşuna alaraq həyatlarımızı tənzimləməyi bizə öyrədən inanc sistemlərinə aldanırıq.

Biz addımlayaraq bayıra, günəşin işığına çıxdıq. Otelə gələn qonaqlardan bir çoxu bayırda dayanmış Ferrariyə heyranlıqla baxmadan keçə bilmirdilər. O çox gözəl bir avtomobil idi və köhnə model olsa da, görünüşünə görə qüsursuz bir vəziyyətdəydi. Culian öz maşınına baxanda gülümsədi.

– Hə, amiqo, gəl bir az maşınla gəzintiyə çıxaq.

Mən həyatımda heç vaxt Ferrarinin içində oturmamışdım və bu avtomobilin təklif etdiyi hər bir hissi təcrübənin hər bir aspektindən zövq alırdım. Sarımtıl qəhvəyi rəngli oturacaqda yerimi rahatlayandan sonra gözlərimi yumdum və zəngin italyan dərisinin qoxusundan ləzzət aldım.

Culian açarı starterə salıb buranda mühərrik canlanaraq nərildədi. O, sürət ötürücüsünün rıçaqını birinci sürət pilləsinə keçirdi və təsadüfi şahidlər öz nəzərlərini avtomobilə və onun içindəki iki bəxtəvər insana zillədikləri anda sürətlənərək oteldən uzaqlaşdı.

Culian əlini uzadıb CD pleyeri işə saldı. Biz şəhərin hələ də boş və sakit olan küçələrindən keçərək bizi şəhər kənarına aparacaq magistral yola çıxanda möhtəşəm səs sistemindən “U2 Beautiful Day” sədaları eşidildi.

– Ey, Culian, – mən dilləndim. – Bəlkə mənə deyəsən, bu kimin maşınıdır?

– Bu, bir sirdir, – deyə o, barmaqlarını musiqinin ahənginə uyğun tıqqıldadaraq mənə cavab verdi.

– Onda, ən azından, hara getdiyimizi bəlkə mənə deyəsən?

– Kamden Mağaralarına, – Culian qaz pedalına basaraq cavab verdi.

Onun gözləri tam diqqətlə yola zillənmişdi və içində keçirdiyi sevinc hissi onun üzündən bəlli olurdu. Bu avtomobili idarə etməkdən həzz aldığı açıq-aşkar onun üzündən oxunurdu.

Mən Kamden Mağaraları haqqında eşitmişdim. Onlar arxeoloqların və macəra axtaranların tez-tez tədqiq etdiyi şəlalənin yaxınlığında yerləşən qədim mağaralar silsiləsiydi. Culianın məni oraya nə üçün apardığı haqqında heç bir fikrim yox idi, amma mən ondan heç nə soruşmadım.

– Oyanışın 7 Mərhələsi haqqında səni təlimləndirməm üçün artıq zaman yetişib, Dar. Keçən gecəki və bu gün səhərki söhbətlərimiz yalnız dərsə giriş idi. Səndə hər şey çox yaxşı alınır. Qarşıdan gələn yaxın həftələr və aylar ərzində sizin çox böyük və güclü nəticələr əldə edəcəyinizi bilirəm.

Gözlərinizin içinə baxanda sizin qətiyyət dolu olduğunuzu görə bilirəm. “Qətiyyət” mənim üçün çox böyük və vacib bir sözdür. Qətiyyətli və öhdəlik hissi ilə yaşanan həyat inanılmaz dərəcədə mühüm bir vəzifədir.

“Öhdəlik” və “məsuliyyətlilik” sizin bütün varlığınızı çulğaması lazım olan sözlərdir. Siz bu sözlər haqqında tez-tez düşünməli və özünüzü onlara riayət etməyə həsr etməlisiniz.

– Sizə söz verirəm ki, mən bu sözlərə çox ciddi yanaşacağam, – mən tam səmimiyyətim ilə söylədim.

– Öz ən böyük həyatınızı yaşamanız və taleyinizin cığırı ilə əmin addımlarla irəliləməniz üçün Oyanışın 7 Mərhələsi çox güclü bir prosesdir. Öz ən yaxşı kimliyinizin oyanışı və sizi bu dünyaya göndərmiş qüvvənin sizə verdiyi potensialı meydana çıxarmaq üçün yeddi mərhələ yekun bir plandır.

Bu gün dünyamızda çox az sayda insanın bu yeddi mərhələdən xəbəri vardır, amma bu vəziyyət çox qısa bir zaman ərzində dəyişəcək, – Culian üzündə sirr və müəmma dolu bir ifadə ilə dedi. – Yeddi mərhələ öz ilkin kimliyinə, təbiətinə

– ilk anlarda saf və təmiz olduqları zaman hiss etdikləri əhvali-ruhiyyələrinə, bədənlərinə və ruhlarına – geri dönmək istəyən hər bir arayıcının keçməli olduğu cığır anlamına gəlir.

– Və əgər mən bu yeddi mərhələdən keçsəm, onda mən necə bir şəxsiyyət olacağam? – içimdə ümidlə ondan soruşdum.

– Əgər siz yeddi mərhələnin hamısından keçsəniz, mənim dostum, hamının “aydın”, ya da “ziyalı” adlandırdığı bir vəziyyətə çatmış olacaqsınız. Bizdən əvvəl bu planetin bəzəyi olmuş yalnız bir ovuc insan bu prosesin sonuna qədər getməyə müvəffəq olmuşlar, lakin bu vəziyyət də tezliklə dəyişəcək.

Mənim insanlar ilə bölüşmək istədiyim oyanış ilə bağlı bu prosesi dünyamız kəşf etdiyi anda dünya özü də dəyişikliyə uğrayacaq.

– Bu, ağlasığmayan bir vəddir, Culian.

– Bunun inanılmaz bir vəd olduğunu mən də bilirəm. Onu da bilirəm ki, sizinlə bölüşmək üzrə ­olduğum bu sistemi dərk etmək nə qədər asan olsa da, onu həyata tətbiq etmək bir o qədər çətindir.

İndi sizdən xahiş edirəm ki, məni səhv başa düşməyəsiniz – mən demirəm ki, bu, icra edilməsi çətin olan bir sistemdir.

Əslində, onun bəzi hissələri inanılmaz dərəcədə asandır. Bunun üçün siz, sadəcə, özünüzü bu sistemin öyrənilməsinə həsr etməlisiniz və o sizin ikinci xislətinizə çevrilənədək ona riayət etməlisiniz.

– Yaxşı, onda deyin görüm, bəs Oyanışın 7 Mərhələsi nədən ibarətdir? – deyə Culiandan soruşdum.

– Birinci mərhələ hal-hazırda planetimizdəki insanların böyük əksəriyyətinin olduğu mərhələdir. Bu, həyatı fərqində olmadan sürdürmək mərhələsidir – başqa sözlə ifadə etsək, sükan arxasında yuxulamaq.

Bu mərhələ “Yalan içində yaşamaq” adı ilə də məşhurdur, çünki şəxsi təkamülün bu başlanğıc platformasında insanlar dünyanın gərdişi və dünyada onların mövcud olmaları haqqında deyilən yalanın içində ilişib qalıblar.

Bunu söyləməklə mən öz həyatlarının tamamını bu mərhələdə keçirən insanları hər hansı bir formada mühakimə etmək niyyətində deyiləm.

Başqa bir insanı mühakimə etmək üçün mən kiməm axı? Amma bütün yeddi mərhələ ilə, eləcə də insanın fəaliyyət göstərə biləcəyi imkan ilə müqayisə etdikdə bunun şüurluluğun ən aşağı səviyyəsi olduğunu deməklə mən, sadəcə, faktı qeyd etmiş oluram.

Görürsünüzmü, bizlərdən Birinci Mərhələdə olan kəslərin həqiqət ilə heç bir əlaqəsi yoxdur.

– Bununla nə demək istəyirsiniz, Culian?

– Hmm, qarşıdan gələn bir neçə həftə ərzində bizim bu dünyamızın necə işləməsi və dünyamızın hüdudları daxilində həqiqi müvəffəqiyyətə nail olmaq üçün sizin nə etməli olduğunuz haqqında bildiyim həqiqətləri sizinlə bölüşəcəyəm.

Həqiqətdən bixəbər olmaq yalanın içində yaşamaq anlamına gəlir. Həyatın mənasını və bizim nə üçün burada olduğumuzu anlamadan yaşamaq yanlış düşüncələrə qapılmaq anlamına gəlir. Və çox təəssüflər olsun ki, bunu planetimizdə yaşayan insanların böyük əksəriyyətinə şamil etmək mümkündür.

Keçən gecə sizə dediyim kimi, bu vəziyyət çox sürətlə dəyişməkdədir və çox tezliklə əksər insanların şüurlarında keyfiyyət dəyişiklikləri baş verəcək. “Matrisa” filmini görmüsünüzmü? – deyə Culian məndən soruşdu.

– Bəli, görmüşəm. Həmin filmdə çox möhtəşəm xüsusi effektlər də var, – deyə mən təsdiq etdim.

– Dar, həmin film, sadəcə, səliqəli xüsusi effektləri deyil, ondan daha çox şeyləri aşılamağa çalışır. Baxın, həmin filmdən insanların böyük əksəriyyətinin əxz etdikləri elə sizin dediklərinizdir.

Bir çoxları üçün həmin film, sadəcə, Hollivudun istehsal etdiyi daha bir savaş filmidir. Lakin bizim aramızdakı arayıcılar üçün – yəni bizlərdən burada olmamızın səbəbləri və dünyanın həqiqi təbiəti haqqında olan suallara cavablar axtaranlar üçün – “Matrisa” filmi fəlsəfi bir şah əsərdir.

Bu çox dərin mənalı bir filmdir. Əslində, mən risk etməyə və Matrisa” filminin indiyə qədər istehsal edilmiş ən fəlsəfi film olduğunu iddia etməyə hazıram.

– Ciddi deyirsiniz? – deyə mən Culianın dediyi sözlərdən təəccüblənərək soruşdum.

– Tamamilə ciddi deyirəm. Filmdə Morfiusun Neoya verdiyi izahatı, yəqin ki, xatırlayırsınız, bizi əhatə edən bütün dünyamız – hal-hazırkı qavrayış səviyyəmizin gözləri ilə gördüyü dünyamız – illüziyadan başqa bir şey deyil.

O bizim özümüzə danışdığımız – özümüzə satdığımız – yalandır. Filmdə personajların real olduğunu düşündükləri hər şeyin kompüter tərəfindən yaradılmış və “Matrisa” adlandırılan hallüsinasiya olduğu məlum olur.

Bu, Hollivudun çəkdiyi elmi-fantastik bir filmdir. Bizim dünyamız, əlbəttə ki, kompüter tərəfindən yaradılmış bir fantaziya deyil. Lakin hal-hazırda, sizin real aləm kimi gördüyünüz dünya, sadəcə, illüziyadır, mənim dostum.

– Mənə elə gəlir ki, siz məni itirirsiniz, Culian. Məni bir dəqiq başa salın görüm, gördüyüm dünyanın gördüyümü düşündüyüm dünya olmadığını deyəndə nə demək istəyirsiniz axı?

– Hə, siz bu dünyanı hansı formada görməniz, sizə onu görməniz üçün öyrədilmiş görmə üsulunun funksiyasından asılıdır. Hələ körpə bir uşaq olduğunuz vaxtlarda bəzi şeylərə inana bilməniz üçün sizə müəyyən şeylər öyrədilmiş və bəzi şeylərə dair təlim keçilmişdir.

Məsələn, sizə kütləyə uyğunlaşmalı və başqaları kimi davranmalı olduğunuz haqqında təlimatlar verilib. Özünüzü xoşbəxt hiss etdiyiniz anlarda çox yüksək səslə oxumamaq və ruh yüksəkliyi hiss etdiyiniz vaxtlarda çox böyük şeylər haqqında xəyal qurmamaq öyrədilib.

Siz öyrənirsiniz ki, başqalarından fərqlənən insanları kütlə qəbul etməyəcək və kütləyə uyğunluq isə sizi müvəffəqiyyətə aparacaq. Sizə öyrədiblər ki, düşündüklərinizi açıq-aşkar söyləmək və həddən artıq çox sevmək olmaz, əks təqdirdə üstünlüyünüzü əldən verə bilərsiniz.

Sizə öyrədiblər ki, sahibi olduğunuz əmlak və zahiri güc sizi davamlı xoşbəxtliyə çatdıracaq.

– Bizə bu inancları kimlər aşılayıb?

– Sizin valideynləriniz. Sizin məktəb müəllimləriniz. Din xadimləriniz. Sizin dostlarınız. Televiziya və kütləvi informasiya vasitələri.

– Mənə öyrədilən şeylərin həqiqətə uyğun olmadığını demək istəyirsiniz?

– Bilirsinizmi, dünyada əksər insanların fərqində olduğundan daha çox hadisələr cərəyan edir. Ya da icazə verin bu fikrimi daha yaxşı ifadə edim: Siz hal-hazırda düşündüyünüz adam deyilsiniz.

Siz özünüzün ən cəsarətli xülyalarınızda təsəvvür edə biləcəyinizdən qat-qat daha böyük daxili qüvvəyə və potensiala sahibsiniz. Siz daha böyük işlər üçün nəzərdə tutulmusunuz. Və bizim bu böyük və gözəl dünyamız haqqında inanmanız üçün sizə öyrədilmiş şeylərin böyük əksəriyyəti tamamilə yanlışdır.

– Nə kimi yanlışlar?

– Hər şeydən əvvəl, biz hamımız görünməz səviyyədə bir-birimizlə əlaqəliyik. Biz hamımız eyni ailəyə mənsub olan bacı və qardaşlarıq. Bizim ayrı-ayrı ­olmamız yalnız illüziyadır.

Min illər ərzində mistiklər və müdriklər bunu bizə demişlər – biz hamımız eyni materiyadan biçilmişik və ona görə də başqa bir adamı incidəndə biz həm də özümüzü incitmiş oluruq.

Bu, təbiətin fundamental həqiqətlərindən birisidir və bununla belə, birinci mərhələdə olan insanların dərketmə səviyyəsi məhdud olduğundan insanların böyük əksəriyyəti bunu görə bilmir. Ona görə də biz öz yaşamımızı yalanlar içində sürdürürük.

Məhdud olduğunu düşündüyümüz resurslar uğrunda biz bir-birimiz ilə rəqabət aparırıq. Bir-birimizə dəstək vermirik. Biz əlimizə keçəni qamarlayır və ehtiyat yaratmaq üçün toplayırıq, çünki qorxu içindəyik.

– Qorxu içindəyik?

– Bəli, biz qorxu içindəyik ki, birdən başqası qazanarsa, biz uduzmalı olarıq. Biz qorxuruq ki, dünyamızda hamı üçün kifayət edəcək qədər bolluq və çiçəklənmə olmaya bilər.

Biz qorxuruq ki, əgər başqa bir insana səmimi qəlbdən yardım etsək, özümüz nəyisə itirmiş olarıq, amma bu yardımın altında yatan həqiqəti görmürük, görmürük ki, başqalarına nə qədər çox yardım etsək, öz həyatlarımıza bir o qədər çox bolluq gələr.

Kainatın əzəli həqiqətlərindən birisini çox sadə bir şəkildə ifadə etmək mümkündür: Məcburiyyətdən uzaqlaşaraq başqalarına səmimi xidmət göstərmək öhdəliyinə keçsəniz, sizin həyatınız müvəffəqiyyət partlayışına məruz qalmaya bilməz.

– Çox güclü ifadədir, – deyə mən dilləndim.

– Beləliklə, birinci mərhələ sizinlə ilk görüşümüzdən bəri eyham vurduğum özünə xəyanətlə bağlıdır. Biz mükəmməl varlıq olaraq doğulmuşuq – qorxusuz, intəhasız müdrik, hüdudsuz potensial və əsl məhəbbətə sahib varlıqlar kimi.

Və içimizdəki kütlədən fərqlənmək qorxusu ilə biz öz ilkin təbiətimizi unutmağa və bizi əhatə edən dünyanın inanclarını, dəyərlərini və davranışlarını qəbul etməyə başlayırıq. Bizi əhatə edən bu dünyadakı nifrətə bir baxın.

Dünya öz yolunu itirib və indiyə qədər heç vaxt olmadığı qədər görünməmiş bir acınacaqlı vəziyyətə düşüb. Bu gün dünyamızda həddən artıq qorxu və nifrət var, – deyə Culian üzündə kədərli bir ifadə ilə dedi. – Kütləni tərk etmək və öz ilkin təbiətinə sadiq qalmaq üçün çox böyük qüvvə və dəyanət tələb olunur.

Lakin liderlik də elə bundan ibarətdir – kütlədən ayrılmaq və öz əsl kimliyinə sadiq qalmaq. “Siz almazları anbarlarda, səndəl ağaclarını cərgələrdə, şirləri naxırda və mömin insanları sürü içində görə bilməzsiniz”, – bu sözləri mistik Kəbir deyib.

– Niyə axı kimsə şüurlu şəkildə özünə xəyanət etsin və yalan içində yaşamağa başlasın?

– Əla sualdır. Əvvəlcə icazə verin qeyd edim ki, siz özünüzə xəyanət edərkən sizin daha dərinlərdə olan kimliyiniz sizin nə etdiyinizin fərqində olur. Bizim hər birimizin şahidi var – bizim cövhərimizdə, əsl kimliyimizdə yaşayan bilincin dərin yeri – və bizim hər etdiyimizə göz qoyur.

Bu bilinc yerini adətən vicdan adlandırırıq. Biz həqiqi həyat yaşamadığımızda bu şahid bunu görür. Biz kimisə aldadanda, yalan danışanda və ya qərəzli bir şəkildə hərəkət edəndə bu şahid bunu görür.

Biz öz həyatımızı xırda şeylərə sərf edərək və bizə bəxş edilmiş böyük potensiala müvafiq yaşamaqdan imtina edərək öz ləyaqətimizi alçaldanda bu şahid bunu görür. Biz öz sevgimizi dünyaya verməyə müvəffəq olmadıqda bu şahid bunu görür.

Özümüzə qarşı törətdiyimiz bütün bu xəyanətlər bizi yavaş və ağrılı ölümə tərəf sürükləyir. Bu şahid bizim öz-özümüzə etdiklərimizi görəndə inana bilmir. Bu şahid bizim bu qədər ziddiyyətli olmamıza inana bilmir. Bu şahid bizim bu qədər ziddiyyətli olmamıza inana bilmir.

Bu şahid bizim öz insanlığımıza qarşı törətdiyimiz bu cür cinayətlərə kənardan tamaşa etməyə dözə bilmir. Ona görə də o geri çəkilməyə və qapanmağa başlayır. Biz, bir insan kimi, öz şəxsi ləyaqətimizi itirməyə başlayırıq.

Bizim özünə hörmətimiz, özümüzə verdiyimiz dəyər aşağı düşür. Özümüzü bədbəxt, acıqlı və əsəbi hiss etməyə başlayırıq. Fiziki səviyyədə biz enerji və həyat gücü qıtlığı hiss etməyə başlayırıq və bundan hətta xəstəliyə də düçar ola bilərik.

Bütün bunları özümüzə biz edirik, lakin bunlar adətən təhtəlşüur səviyyəsində baş verir. Biz sadəcə kim olmalı olduğumuz və öz həyatımızı necə yaşamalı olduğumuz haqqındakı yalanlara uyuruq.

Bu da nəticədə bizi məhv edir. Sonra isə ölüm yatağına düşərkən, nəhayət, biz başa düşürük ki, yaşamalı olduğumuz həyatı yaşamamışıq. Lakin həmin vaxtda nəyisə dəyişmək üçün artıq çox gec olur.

– Yaxşı, bəs onda nə üçün kimsə özünə bunları edir? – deyə soruşaraq mən israr etdim.

– Ona görə ki, biz daha yaxşısının nə olduğunu bilmirik. Hər şey biz körpə uşaq olarkən başlayır. Çağa ikən biz ümid edirik ki, dünyanın necə qurulduğunu bizə valideynlərimiz öyrədəcək.

Biz onların sevgisinin həsrətini çəkirik. Və ona görə də öz valideynlərimizə oxşamaq üçün əlimizdən gələn hər şeyi edirik, bunu edərkən də ümid edirik ki, əgər öz valideynlərimiz kimi düşünsək, hiss etsək və onlar kimi davransaq, onların sevgisini qazanacağıq.

Təəssüflər olsun ki, belə etməklə biz öz əsl kimliklərimizi arxamızda tərk edirik.

– Özünə xəyanət, – mən dedim.

– Tamamilə doğrudur. Ona görə də öz əsl kimliyinizi oyatmaq üçün yetkinlik yaşına çatmış birisi kimi indi olduğunuz yerdən, bir vaxtlar yenicə doğulmuş bir körpə ikən tanıdığınız yerə səyahət etməlisiniz. Bu, evə dönüş səyahətidir. Bu öz ilkin təbiətinizə geri dönüşdür.

Biz bütün ömrümüz boyu olmağımızı arzuladığımız hər şey artıq olmuşuq. Bu yolda irəliləyərkən, biz sadəcə bunu unutmuşuq. Və məhz ona görə də, mən düşünürəm ki, özünü təkmilləşdirmə anlayışının özü də cəfəngiyatdır.

Bizim bu planetimizdə təkmilləşməyə, inkişaf etməyə ehtiyacı olan bir nəfər belə insan yoxdur, çünki mükəmməl olan bir varlıq təkmilləşə bilməz və bizim təkmilləşməli olduğumuz haqqında söylənilən fikir isə, sadəcə, bizi kifayət qədər yaxşı olmamağımızı düşünməyə və özümüzü daha çox günahkar hiss etməyə vadar edir.

Hər bir insanın vəzifəsi özünü təkmilləşdirmək yox, əksinə özünü xatırlamaqdan ibarətdir. Özünü xatırlamaq üçün öz varlıq vəziyyətimizi və yeni doğulmuş uşağın mükəmməl vəziyyətini tərk edərkən və bizim qorxu ilə dolu dünyamıza, yəni bu yolda bizi korlamış dünyamıza öz qədəmlərimizi atarkən itirdiyimiz həqiqi gücümüzü geri qaytararaq bərpa etməkdən ibarətdir.

– Və bu “korlanma prosesi”, əgər belə demək olarsa, bizim hər birimizin illüziya görməsinə səbəb olub. Həyatın həqiqəti və bizim insani qavrayışımız arasında sanki bir filtr yerləşdirilir. Bu filtr və ya şəxsi kontekst tamamilə bizə öyrədilən yalanlardan təşkil olunur.

Gördüyümüzü sandığımız bu dünya, əlbəttə, əgər biz öz həyatımızı bu prosesin birinci mərhələsində sürdürürüksə, əslində, təxəyyüldən başqa bir şey deyildir. Bu, həqiqətən, bir növ yalandır. Bizim gördüyümüz şeylər həqiqi deyil və ətrafımızdakı insanların xoş məramla bizə görməmiz üçün öyrətdikləri üsulların mürəkkəb qarışığıdır.

– Bu, demək olar, ona bənzəyir ki, elə bil biz balaca bir pendir parçası üçün qaçış cığırı ilə şütüməyə öyrədilmiş bir qrup laboratoriya siçanlarıyıq, – mən dedim.

– Mən bu fikirlə razılaşardım. Unutmayın ki, biz dünyamızı olduğu kimi deyil, olduğumuz kimi görürük.

Biz kütləyə qarışmaq və başqaları tərəfindən sevilmək üçün etdiyimiz səylər zamanı öz valideynlərimizdən, ilk müəllimlərimizdən və ümumilikdə bizi əhatə edən aləmdən əxz etdiyimiz bütün inancları, qorxuları, gümanları və dəyərləri özündə ehtiva edən öz şəxsi qavrayış filtrlərimizə rəğmən bu dünyanı görə bilirik.

– İnanılmaz dərəcədə füsunkar fikirdir, Culian. Buna inanmaq, həqiqətən, çox çətindir. Mən bütün ömrüm boyu heç vaxt bir an dayanıb düşünməmişəm ki, öz həyatımı yaşayarkən məni əhatə edən bu dünyada gördüyüm şeylər, bəlkə də, heç əslində baş verən şeyləri əks etdirmir.

– Bir müddət bundan əvvəl mən başqa bir fərdi məşq etdirirdim və mən ona müvafiq dərsi verərkən biz bir sinif otağında oturmuşduq. O mənə bir sual verdi və mən də onun sualına ehtiyatla cavab verdim. Onun bədən dili dərhal dəyişdi və o əhəmiyyətli dərəcədə qəzəbləndi.

Onun inandığı şeyləri qurdalamam onun neqativ reaksiyasına səbəb olmuşdu. Sonra o mənə izah etdi ki, mənim onu rədd etdiyimi düşünübmüş. Məsələnin mahiyyəti isə ondan ibarət idi ki, mən belə bir şey əsla etməmişdim.

Onunla birlikdə onun narahatlıq mənbəyinın daha da dərinlərinə endikdə, həmin şəxs özü üçün çox böyük bir kəşfə nail oldu. Sən demə, onun atası çox tələbkar bir insan imiş və mənim tələbəmi özünü rədd edilmiş kimi hiss etməyə vadar edirmiş.

Bu adamın içində ona “insanlar səni qəbul etmir” deyən bir inanc yaranmışdı və bu qədim nümunə onun bütün həyatı boyu təkrarlanmışdı. Bunu bilmək mənim tələbəm üçün çox vacib idi. Unutmayın ki, dərketmə seçimdən əvvəl, seçim isə dəyişiklikdən əvvəl baş verir.

– Culian avtomobili magistral yoldan Kamden Mağaralarına aparan bir cərgəli yola döndərərkən dedi.

– Bəs bunun mənası nədir?

– Həyatınızda düzgün olmayan bir şey haqqında xəbərdar olduğunuz anda siz yeni seçimlər edə bilərsiniz. Bu yeni seçimlər isə sizi pozitiv dəyişikliklərə aparacaq. Məsələn, deyək ki, sizin əqli qabiliyyətlərinizdə çatışmazlıq var.

Sizə elə gəlir ki, dünyada sizdən daha səxavətli birisini tapmaq olmaz, amma bu, həqiqətin inkarından başqa bir şey deyil. Siz səthin altında sizinlə nə baş verdiyinə baxmaq istəmirsiniz. Əsk həqiqət ondan ibarətdir ki, siz çox eqoistsiniz və əlinizə keçirə bildiyiniz hər şeyi özünüz üçün saxlamağa can atırsınız. Ətrafınızdakı hər kəs sizin bu xudbin davranışınızı görür.

Onlar sizə deyə bilərlər ki, siz dünyanı hər şeyin bol olduğu bir yer kimi görmürsünüz və ona görə də ehtiyata mal toplamaqla məşğulsunuz.

Əgər onlar öz üzərlərində bir qədər işləsəydilər və şəxsi təkamülün müəyyən səviyyəsinə sahib olsaydılar, başa düşərdilər ki, sizin belə davranmağınızın səbəbi sizin müəyyən mənada qorxu içində olmanıza görədir.

Əlinizdə olanı itirmək qorxusu, kiminsə sizi aldada biləcəyi qorxusu, müvəffəqiyyətsizliyə uğramaq qorxusu – bu məsələnin daha da dərininə enmək indi bizim məqsədimizə uyğun deyil.

Lakin onlar başa düşürlər ki, sizin davranışlarınızı idarə edən şey qorxudur və onlar bilirlər ki, bunun kökü uşaqlıqda yaşadığınız acılara dayanır – planetimizdə yaşayan hər bir insanın da qorxularının kökü onun uşaqlıq çağlarında yaşadıqları ilə bilavasitə əlaqəlidir.

İstənilən halda, siz özünüz haqda sevgi dolu və səxavətli bir insan olduğunuzu düşünürsünüz. İndi isə gəlin düşünək ki, sizin bir şəxsiyyət kimi necə inkişaf edə biləcəyiniz haqda başqalarından səmimi cavablar vermələrini xahiş etmək üçün kifayət qədər cəsarətiniz var.

Və gəlin bir anlıq təsəvvür edək ki, sizin yaxınlarınız həqiqəti söyləmək üçün kifayət qədər cəsarətli insanlardır.

Onlar bütün bu müddət ərzində sizin haqqınızda bildiklərini sizə söyləyirlər: siz öz işlərinizi qıtlıq düşüncəsindən çıxış edərək idarə edirsiniz və heç də özünüzün düşündüyünüz qədər də əliaçıq bir insan deyilsiniz.

Əgər siz onlara qulaq assanız, bu sizin içinizdə yeni idrak mexanizmini inşa etmiş olar. Bir zamanlar təhtəlşüur sferasında olan kölgələr indi şüurluluq sferasına keçəcək və orada siz onları rahatlıqla görə biləcəksiniz. Öz-özünü təhlil etmə şəxsi böyüklüyə aparan ilk pillədir.

Bu inanc sisteminin haradan törədiyini və bu qorxuların ilk olaraq haradan başladığını siz tədqiq edə bilərsiniz. Bu yeni idrak, yeni düşüncə, öz növbəsində, sizi yeni seçimlər istiqamətində aparacaq, əlbəttə, əgər siz bu seçimləri etməyə hazırsınızsa.

Siz daha əliaçıq ola və öz keçmiş xudpəsənd üsullu davranışlarınızdan imtina edə bilərsiniz. Yeni seçimlər isə sizi haqqında düşündüyünüz, hiss etdiyiniz və can atdığınız yeni dəyişikliklərə doğru aparacaq. Və nəticədə sizin həyatınız dəyişəcək. Gözəl və balaca bir prosesdir, elə deyilmi?

– Çox maraqlıdır, Culian. Mən bilirəm ki, biz artıq, demək olar ki, mağaralara çatmışıq. Aman Tanrım, buranın dünyanın ən gözəl yeri olduğuna əminəm, – mən maşının pəncərəsindən sarı güllərlə dolu çəmənliyə baxarkən dedim.

Yolun kənarı ilə çay axırdı və yolumuzun hər iki tərəfində palıd ağacları cərgələnmişdi. – Bəs yeddi mərhələnin qalan hissəsi haqqında nə deyə bilərsiniz? Birinci mərhələ həyatın həqiqətlərinə qarşı insanların şüursuz vəziyyətdə olduqları və dünyanın həqiqətdə necə işlədiyi haqqında zəif təsəvvürlərə malik olduqları bir mərhələdir.

Onlar öz qorxularını, yanlış inanclarını və meyillərini özlərinin yaratmaları və bununla da reallığın təhrif olunmuş görünüşünü əldə etmələri faktından bixəbərdirlər və qəflət yuxusundadırlar. Mən belə başa düşürəm ki, insanların böyük əksəriyyəti məhz bu mərhələdədirlər və buna görə də bizim dünyamız belə qarışıqlıq və nizamsızlıq içindədır.

Biz öz orijinal təbiətimizdən ayrı düşmüşük. Biz bir zamanlar mükəmməl olan kimliyimiz ilə bağlı uydurulmuş düşüncələr ilə boya-başa çatmışıq. Bu özünə xəyanət bizi söndürmüş və özümüzə qarşı içimizdə nifrət hissi oyatmışdır.

Məncə, biz özümüzün sevgi dolu, qorxmaz və fövqəladə kimliklərimizi tərk etdikcə və ətrafımızdakı kütləyə uyğunlaşmaq üçün özümüzü qəliblərə saldıqca, biz özümüzə daha dərin bir səviyyədə – bəlkə də, təhtəlşüur səviyyəsində – nifrət etməyə başlayırıq. İnsanların belə acınacaqlı vəziyyətdə və hirsli olması heç də təəccüblü deyil.

Culian avtomobilin siqnalını çalmağa başladı. O, bir əli ilə sükandan yapışaraq o biri əlini yumruq şəklində havaya qaldırıb var gücü ilə ucadan: “Bu çox gözəl bir gündür”, – deyə oxumağa başladı. Mənim onun ­söylədiklərini və mənimlə bölüşdüyü prosesi anlamamdan Culian bir daha məmnun qalmışdı.

Mənim məşqçim olmaqdan onun böyük həzz duyduğunu hiss edə bilirdim və elə mən də onun tələbəsi olmağıma çox şad idim. Culiandan öyrəndiklərim, həqiqətən də, baha biçilməz şeylərdir. Mənim eşitdiklərimi daha şox insan eşidə bilsəydi, bizim yaşadığımız bu dünya tamamilə fərqli bir yerə çevrilərdi.

Dünyamız yüksək ədalətin, doğruluğun və sevginin hökm sürdüyü bir yerə çevrilərdi. Həmin anda mən qərara gəldim ki, xoşbəxt bir insan olaraq aldığım bu informasiyanı sadəcə həyata tətbiq etməklə kifayətlənməyim, həmçinin özümü bu məlumatları başqa insanlara çatdırmağa həsr edim.

Bu günlərdə “yevangelist” termini bir balaca neqativ mənalar qazanıb. Əslində isə o, sadəcə, “xoş xəbər yayan insan” anlamını daşıyır. Mən Culianın gətirdiyi xəbəri yayacağam. Mən də yevangelist olacağam.

Culian maşını ot basmış bir yamacda saxladı və onunla birlikdə bizi mağaralara aparacaq cığırla addımlamağa başladıq.

O öz səndəllərini çıxardı və yalın ayaqla getdi. Culian bir söz belə demədi, bunun əvəzinə bizi əhatəsinə almış təbiətin gözəl hədiyyələrinə tamaşa edə-edə dodaqaltından nəsə zümzümə etməyə üstünlük verdi. Biz mağaralardan birinə yaxınlaşanda o danışmağa başladı:

– Yeddi mərhələnin birincisi “Həyatını yalan içində yaşamaqdır”. Verilmiş düzgün sual düzgün cavab doğurur, bunu bilirdinizmi? Suallar özünü dərk etməyə şərait yaradan çox güclü vasitələrdir.

Əslində, bu vasitəylə müzakirə mövzusu ortaya çıxır: mənim yaxınlıqda olmadığım vaxt qeyd etməniz lazım olan böyük sual budur:

“Mənim həyatımda bundan sonra dözməyəcəyim şeylər hansılardır?” İstənilən halda, mən bilirəm ki, siz daha heç vaxt özünüzə xəyanət etməyəcək və özünüzə aid olmayan bir həyatı yaşamayacaqsınız. Yeddi mərhələnin ikinci mərhələsi “Seçim Nöqtəsi” adlanır. Siz kütlənin arxasınca getdiyinizi və həqiqi olmayan bir həyat yaşadığınızı anladığınız anda sizə seçim imkanı veriləcək.

– Bu məqam “Matrisa” filmində də mövcuddur: Neoya mavi, ya da qırmızı həbin udulması arasında seçim etmək təklif olunur, elə deyilmi? Mən həmin filmin nə qədər dərin və mənalı olduğunu başa düşməyə başlayıram, Culian. O filmə gərək bir də baxam, – deyə mən vəd etdim.

– Yaxşı fikirdir. Və siz haqlısınız. Kütlənin sizin inanmanızı istədiyi illüziyanın həqiqət olduğuna aldandığınızı başa düşdüyünüz anda sizin seçiminiz olacaq: həmişə yaşadığınız kimi yaşamağa davam etmək – belə etsəniz, miyana və bədbəxt həyatla barışmalı olacaqsınız – ya da, belə demək mümkündürsə, qırmızı həbi seçərək öz ən böyük həyatınız istiqamətində addım atmaq.

Və heç vaxt şair Davud Uaytın bir vaxtlar söylədiyi bu fikri unutmayın: “Ruh başqasının həyatını yaşayaraq müvəffəq olmaqdansa, öz həyatını yaşayıb müvəffəqiyyətsizliyə uğramağı daha üstün tutar”.

Öz həyatını yaşamaq üçün cəsarətə sahib olmaqdan daha vacib heç nə ola bilməz. Üçüncü mərhələ “Möcüzə və İmkanları Dərk Etmək” adlanır. Bu mərhələdə siz hər şeyə yeni gözlər ilə baxırsınız.

Əvvəllər görə bildiyinizdən daha çox həqiqətlər görürsünüz. Siz anlamağa başlayırsınız ki, dünya sizin müzəffər olmanızı arzulayır və buranın bolluq, imkanlar və möhtəşəmlik yeri olduğunu dərk etməyə başlayırsınız.

Siz həmçinin insanların öz mahiyyəti etibarilə yaxşı varlıqlar olduğunu və onların pis əməllər etməsinin səbəbinin həyatın onlara verdiyi ağrı-acı olduğunu anlamağa başlayırsınız.

Mən demək istəmirəm ki, bizim hamımızın seçim etmək imkanı yoxdur, əlbəttə ki, var və bizlərdən hər birimiz, nə qədər əzab-əziyyət çəkməyimizdən asılı olmayaraq, xeyirxah, sözündə bütöv və yaxşı olmağı seçə bilər. Bu mərhələdə mənim təklif etdiyim şey sizin, öz davranışlarına görə, həqiqətən zərərli və alçaq ola biləcək insanları ayırd etməyə başlamaqdır.

Bu cür davranışlar sərgiləyən insanların acı çəkdiyini görməyə başlayacaqsınız. Xoşbəxt və açıqürəkli olan heç bir insan heç vaxt başqa bir insana zərər verə bilməz. Özünü oyatma prosesinin bu məqamında siz özünüzün ən yaxşı kimliyinizdən agah olmağa başlayırsınız.

Siz özünə xəyanətın bütün hallarını əvvəllər olduğundan daha aydın şəkildə sezməyə başlayır və zatınızın nədən ibarət olduğunu öyrənirsiniz. Bu, evə dönüş yolunun son dərəcə şövqləndirici bir mərhələsidir.

– Bəs dördüncü mərhələ nədən ibarətdir?

– Hmm, həyatı yalan içində yaşamaq mərhələsini tərk etdikdən, öz ən yaxşı kimliyinizi oyatmaq üçün qərar verdikdən sonra və illüziyadan kənarda olan dünyadan – fövqəladə möcüzələr və hüdudsuz imkanlar dünyasından – xəbərdar olduqdan sonra siz dördüncü mərhələyə çatacaqsınız: “Ustadlardan Təlimat Almaq”.

Məhz bu mərhələdə arayıcı özü üçün müxtəlif müəllimlər arayışında olur və təlim almaq üçün müxtəlif yolları tədqiq edir. O, həsrətində olduğu cavabların və şəfanın arayışındadır. Bu, çox dolaşıq bir zaman ola bilər, çünki qısa bir müddət ərzində arayıcı o qədər çox yeni biliklərlə qarşılaşır ki, onları həzm edərək mənimsəmək çox çətin olur.

Amma lütfən, bilin ki, dolaşıqlıq müəyyən bir zaman keçəndən sonra aydınlığın əmələ gəlməsinə təkan verir və elə bir an gəlib çatır ki, öyrəndiyiniz bütün yeni biliklər sizin idrakınıza uyğunlaşaraq əla bir şəkildə öz yerini tutur. Bu da həqiqi müdrikliyin başlanğıcıdır.

Bundan sonra beşinci mərhələ gəlir: “Transformasiya və Yenidən Doğulma”. Bu ən çətin mərhələ ola bilər. Lakin bu mərhələ də ən unudulmaz mərhələlərdən birisidir. Məhz bu mərhələdə sizin ən böyük kimliyiniz özünü gündəlik olaraq büruzə verməyə və bütün dünyanız dəyişməyə başlayır.

Düzdür, dəyişikliyə məruz qalmaq heç də həmişə asan olmur, lakin prosesin bu məqamında əldə edəcəyiniz faydalar sizin həyatınızın qalan hissəsində sizə çox gözəl xidmət göstərəcək. Altıncı mərhələ “Sınaq” adlanır.

Arayıcı öz xəzinəsinə çatmazdan əvvəl o, sınaqla üzləşməli olur. Bu sınağın icra ­edilməsində iki məqsəd vardır: birincisi, bu yolla irəliləyərkən onun öyrənməsi nəzərdə tutulmuş bütün dərsləri aldığına əmin olmaq və ikincisi, onun bu mükafatı nə qədər çox istədiyini müəyyən etməkdir.

Məhz bu mərhələdə əksər insanlar təslim olaraq yolun yarısında dayanırlar. Olduqca çox sayda insan bu nöqtədə geri çəkilir və çox təəssüflər olsun ki, onlar səbir edərək bir qədər daha çox israrlı olsaydılar, onlar üçün nəzərdə tutulmuş ən möhtəşəm hədiyyələrin elə də uzaqda olmadığının və əlçatan olduğunun şahidi ola bilərdilər.

Və nəhayət, yeddinci mərhələ “Kimliyin Böyük Oyanışı” adlanır. Bu məqama çatmaqla – bayaq dediyim kimi bu mərhələyə çox az sayda insan yetişir – siz aydınlıq vəziyyətinə çatırsınız. Sizin orijinal təbiətinizi əks etdirən nə varsa, hamısı sizdə cəmləşmiş olur. Sizi bu dünyaya göndərmiş qüvvə ilə əlaqəli olduğunuz vaxtda tanıdığınız, bildiyiniz varolma yoluna dönürsünüz.

Siz intəhasız müdrikliyə, həddi-hüdudu olmayan potensiala və təmiz məhəbbətə sahib olan qorxusuz və məsum bir varlığa çevrilirsiniz. Heç bir kölgə qalmamışdır, yalnız işıq. Əgər iradəniz və sədaqətiniz olarsa siz bu mərhələyə yetişə bilərsiniz.

Lakin bu mərhələyə çata bilməniz üçün ora çatmağı həyatın özündən daha çox istəməlisiniz. Şeyla Qrahamın bir vaxtlar yazdığı bir fikir məni düşünməyə vadar edir: “Siz istədiyiniz hər şeyə nail ola bilərsiniz, yetər ki, həmin şeyi kifayət qədər fədakarlıqla arzulayasınız.

Siz onu dərinizdən fışqıraraq çıxan və dünyanı yaradan qüvvəyə qovuşan bir şövqlə arzulamalısınız”.

– Gözəl sözlərdir, – deyərək mən onu alqışladım.

– Aydınlaşmadan başqa bir insanın yetişmək üçün can ata biləcəyi daha yaxşı yer nə ola bilər? – biz qaranlıq mağaranın içinə girəndə Culian məndən soruşdu.

– İndi isə sizə deməliyəm ki, Özünü Oyatmanın 7 mərhələsi şəxsi transformasiya üçün keçməli olduğunuz prosesdə müvəffəqiyyətli nəticəni tez əldə etməniz üçün möcüzəvi bir həb deyil. Bunun baş verməsi üçün qüvvə sərf etmək, səbirli olmaq və zaman tələb olunur.

Qarşıdan gələn bir neçə həftə ərzində yeddi mərhələni sizin üçün gerçəkləşdirmək məqsədilə mən sizə müxtəlif təcrübələri yaşatmalı olacağam. Mən sizin məşqçinizəm və sizə yeddi mərhələli prosesi göstərmək mənim vəzifəmdir. Lakin bizim görüşümüzdən sonrakı həftələr, aylar və hətta illər ərzində onu öz həyatınıza tətbiq etmək sizin öhdənizə düşəcək.

Mən içimdə yüngülcə kədər hiss etdim. Culian mənim həyatıma, sadəcə keçən gecə daxil olmuşdu və belə tezliklə onun məni tərk edəcəyi haqqında söhbət etmək mənə qorxuducu gəldi.

Birlikdə olduğumuz bu qısa müddət ərzində o mənim qəlbimi artıq böyük ruh yüksəkliyi ilə doldurmağa müvəffəq olmuş və mənə bu qədər çox müdrik şeylər aşılamışdı.

Mən bilirdim ki, onun mənə öyrətdiyi biliklərin, sadəcə, balaca bir hissəsinə riayət etsəydim, mənim bütün həyatım tamamilə başqa bir rəng alardı.

Culian bir daha mənim içimdəki duyğuları hiss etdi.

– Ey, amiqo, narahat olmağına dəyməz, biz hələ birlikdə çox böyük işlərə imza atacağıq və mən hələ bir müddət sizi tərk etmək fikrində deyiləm. Sizinlə işimiz başa çatanda sizin artıq mənə heç bir ehtiyacınız qalmayacaq. O vaxt siz mənsiz də həyatdan ləzzət almaq iqtidarında olacaqsınız, – Culian səmimiyyətlə gülərək dedi.

Sonra Culian mənim qolumdan tutdu və ehtiyatla məni qaranlıq mağaranın içinə apardı. Mağaranın içində təxminən bir dəqiqə gəzişdikdən sonra o məndən torpağın üzərinə oturmağı və qarşımdakı divara baxmağı xahiş etdi.

– Bütün diqqətinizi qarşınızdakı divarın üzərində cəm edin, Dar. Gözlərinizi divardan ayırmayın. Söz ­verirsinizmi?

– Bəli, söz verirəm, – deyə cavab verdim.

Qəfildən mağara işıqlandı. Arxamda nə baş verdiyi haqqında heç bir fikrim yox idi, amma Culianın ətrafda vurnuxduğunu eşidə bilirdim. Gözlərimi qarşımdakı divarı zilləyərək oturduğum zaman qayanın üzərində müxtəlif təsvirlər görürdüm.

Mağaranın divarında oynayan təsvirlərə təxminən on dəqiqə tamaşa edəndən sonra arxadan Culianın səsini eşitdim:

– Mağaranın divarında gördüyünüz təsvirlər illüziyadan başqa bir şey deyil. Gördükləriniz yalandır. İndi isə həqiqəti görmə zamanı gəlib çatdı. Bunu istəyirsinizmi, hazırsınızmı?

– Hə, istəyirəm, – deyə qarşımdakı divarda oynaşan təsvirlərdən gözlərimi çəkmədən cavab verdim.

– Onda geri çevrilin və əslində nə baş verdiyinə baxın.

Mən geri çevrildim və Culianın balaca bir tonqal qaladığını gördüm. Bir də onun əllərində xırda daş fiqurlar vardı və Culian o daş fiqurları ocağın qarşısına qoyurdu. Bu fiqurlar da mənim qarşımdakı divarda tamaşa etdiyim təsvirləri yaradırdı.

– Heç nə vaxtsa Platonun “Respublika”sını oxumusunuzmu, Dar? – deyə Culian məndən soruşdu.

– Yox, heç vaxt əlimə keçməyib.

– Böyük kitabları birinci oxumaq çox vacibdir, bilirsinizmi. Əks təqdirdə, bunun üçün vaxtınızın qalmadığını aşkar edə bilərsiniz. Hər halda, o kitabda belə bir bölmə var – insan kütləsi, bizim indi oturduğumuz kimi, bir mağarada oturublar.

Həmin kütlə də, elə sizin indi tamaşa etdiyiniz kimi, divarda görünən təsvirlərə tamaşa edirlər. Bu işin kədərli cəhəti ondan ibarətdir ki, onlar gördükləri təsvirlərin həqiqi olduğunu düşünürdülər; onlar, sadəcə, illüziyaya tamaşa etdiklərini heç vaxt ağıllarına belə gətirməmişdilər.

Bir gün bu kütlənin içindən olan adamlardan birisi başqalarından fərqlənməyə cəsarət etdi. O, arayıcı olmaq cəsarətini göstərdi və həqiqətin arayışına çıxdı.

O onu yerə bağlayan zəncirlərdən azad etdi və qarşısında nümayiş etdirilən təsvirlərə baxmağa davam etmək əvəzinə kütləni tərk edərək arxasında nə baş verdiyinə baxmaq üçün kifayət qədər cəsarətli olduğunu nümayiş etdirdi. Və onun gördükləri onu sarsıtdı.

– Mərc gələrəm ki, o öz arxasında ocaq qalandığını gördü. Və onu da gördü ki, divarda görünən təsvirləri, sadəcə, ocağın qarşısına qoyulmuş fiqurlar yaradır. O bütün ömrü boyu inandığı yalana daha inanmaq istəmədi və həyatında ilk dəfə həqiqəti görməyə müvəffəq oldu.

– Çox gözəl, – Culian böyük məmnunluqla başını yırğalayaraq dedi. – Çox gözəl söylənmiş bir fikirdir. Və həmin yeni bilgi onun həyatını dəyişdirdi. İndi ki, siz mənim nə demək istədiyimi başa düşdünüz, gəlin buranı tərk edək.

Əgər mənim şəxsi fikrimlə maraqlansanız, bura bir az vahiməli bir yerdir, adamın içinə xof salır, – deyərək Culian güldü. Culian tonqalı söndürdü və biz ayaqlarımız büdrəyə-büdrəyə mağaradan işıqlığa çıxdıq.

Culian məni dar bir cığırla meşəlik bir yerə apardı. Şam və sidr ağaclarının qoxusu məni atamla birlikdə getdiyim meşə gəzintiləri ilə bağlı xatirələrimi canlandırdı. Çox keçmədən su şırıltısı eşitdim. Bir müddət həmin səs istiqamətində irəlilədikdən sonra bir qədər öndə balaca bir şəlalə, onun üzərində isə göy qurşağını gördüm.

– Bu, yaxşı əlamətdir, Culian üzündə xoşbəxt bir ifadə ilə dilləndi. – İndi isə şəlalənin düz altında dayanın, – deyə o mənə təlimat verdi.

– Siz zarafat edirsiniz?

– Əsla yox. Mən sizdən bunu yalnız bir necə dəqiqə ərzində etmənizi istəyirəm. O sizi paklaşdıracaq və bir vaxtlar sizə aid olan mükəmməl mövcudluq vəziyyətini tərk etmənizdən bəri topladığınız natəmizliklərin təmizlənməsi ilə bağlı bir metaphor rolunu oynayacaq. Şəlalənin altına girin və gözlərinizi qapadın.

Suyun sizin bütün məhdud inanclarınızı, yanlış təsəvvürlərinizi, qorxularınızı və beyninizə yeridilmiş yanlış düşüncələri yuyub apardığını təsəvvür edin.

Culianın mənə dediyini yerinə yetirdim və əvvəlcə su bir az mənə soyuq gəlsə də, aldığım təəssüratlar inanılmaz idi. Özümü daha yüngül, daha xoşbəxt və daha təmiz hiss etdim.

– İndi sizin bütün həyatınız boyu hansı illüziyalar içində yaşadığınızdan xəbəriniz var, – mən qurumaq üçün şəlalənin altından çıxıb özümü günəşə verdiyim an Culian dedi. – İndi siz daha özünüzə yalan danışmağınıza son qoya və həqiqəti aramaq üçün kütlədən ayrıla bilərsiniz.

Sizi torpağa bağlayan zəncirlərdən azad olun və öz ən böyük həyatınızı yaşamaq üçün ayağa qalxın. Bunu etməklə – yalanlardan arınmaq və sizin üçün nəzərdə tutulmuş həyatı yaşamaqla – bizim hər birimizin can atdığı bir şeyi özünüz üçün kəşf edəcəksiniz: azadlıq. Özünü Oyatmanın 7 Mərhələsinin birincisini tərk etmək üçün indi siz artıq hazırsınız.

Sonra Culian məndən gözlərimi yummağı və şəlalənin yaxınlığındakı otluq yamacda oturmağı xahiş etdi.

– Bu sözlər dahi müəllif Herman Hesseyə aiddir və mən istərdim ki, siz onları öz qəlbinizə həkk edəsiniz, Dar. Həmin sözlər sizin bu səhər öyrəndiyiniz şeylərlə əlaqədardır.

Culian çox ucadan danışırdı, elə bil haqqında danışdığı həqiqətləri bütün təbiətə elan etmək istəyirdi:

– Özünə gəlməyin vaxtı artıq yetişib. Siz yaşamalı və gülməyi öyrənməlisiniz. Siz həyatın lənətə gəlmiş radio musiqisinə qulaq asmağı, onun arxasındakı ruha ehtiram göstərməməyi və onun təhriflərinə və əyriliklərinə gülməyi öyrənməlisiniz. Ona görə də, alın, bu da sizə görəcəyiniz iş. Bundan əlavə sizdən heç nə tələb ­olunmayacaq.

BEŞİNCİ FƏSİL
Bir İnsanın Edə Biləcəyi Bir və Ən Vacib Seçimin Nə Olduğunu Arayıcı Aşkar Edir

Bir insanın şüurlu bir şəkildə səy göstərərək öz həyatını ucaltmaq qabiliyyətindən daha ümidverici bir fakt söyləyə bilmərəm.

Bu hansısa bir rəsmi çəkmək, ya da heykəl yonmaq və bununla da bəzi əşyaları gözəlləşdirmək kimidir.

Bizim içindən baxdığımız atmosferi və mühiti yonmaq və ya rəsmini çəkmək isə daha şərəfli işdir.

Mənəvi cəhətdən biz bunu etmək iqtidarındayıq.

Henri Deyvid Toro

Biz bu yaban ərazini tərk edirdik və mən burada Özünü Oyatmanın 7 Mərhələsinin birinci mərhələsini başa vurmuşdum. Culian yenə də qırmızı Ferrarinin ­sükanının arxasında oturmuşdu.

– Oyanmaq və öz potensialını realizə etmək üçün bu yola çıxmış hər bir əsl arayıcı, nəticə etibarilə, elə bir məqama yetişəcək ki, orada onun həyatını kəskin bir şəkildə həmişəlik dəyişəcək seçimi etmək üçün ona imkan veriləcək.

Bəzən bu dönüş nöqtəsi sevdiyiniz bir insanın itirilməsi, xəstəlik, maliyyə böhranı və ya faciəvi bir qəza kimi güclü ağrı və acılı bir yolla qarşımıza çıxır.

Bəzən də o, sadəcə, arayıcının həyatın növbəti səviyyəsinə keçməyə hazır olması və bu imkanı mümkün etmək üçün tələb olunan daxili işi artıq yerinə yetirməsi səbəbilə özünü büruzə verir, – maşının sükanını kəskin şəkildə döndərərək bizi şəhərin mərkəzinə aparacaq şoselərdən birinə çıxdığımız anda Culian dedi.

– Əgər özünə xəyanətlə məşğul olduğunuzdan agah olaraq Oyanışın 7 Mərhələsinin birinci mərhələsini tərk etmisinizsə, sizing – həqiqət arayıcısı və öz ən böyük həyatınızın tədqiqatçısı kimi – ikinci mərhələyə, yəni Seçim Məqamına keçməkdən başqa yolunuz qalmır.

– Culian, mən düşünürəm ki, arayıcının bu seçim nöqtəsinə necə gəlib çıxması bir çox cəhətdən onun taleyini müəyyən edir. Nəsə bir qərar verirsən və sizin mənə bir müddət öyrətdiyiniz şoselərdən biri ilə irəliləməyə başlayırsan. Başqa bir qərar verirsən və bu dəfə daha kələ-kötür bir yola düşürsən.

– Bəli, düz buyurdunuz, Dar. Seçim nöqtəsində sizin üzləşdiyiniz əsl qərar o anlama gəlir ki, siz ya öz həqiqi həyatınızın şüurlu cığırı ilə inamlı bir şəkildə irəliləmək üçün səmimi bir arzu hiss edəcəyiniz, ya da bir vaxtlar yaşadığınız həyata, bir vaxtlar sizə yaxşı məlum olan ayaq üstə yuxulamağa geri dönəcəyiniz anlamına gəlir.

Nəticə etibarilə, seçim nöqtəsi sizə öz ən böyük həyatınızı seçməyi, ya da lemminqlər sürüsü arasında qalaraq sizi əhatə edən və hər birisinin uçurumdan yıxılması labüd olan insanların arxasınca şüursuz bir şəkildə yolunuza davam etməyi təklif edir.

Öz şəxsi təcrübəmdən sizə bir şey söyləmək istəyirəm: əgər seçim nöqtəsində sizə təklif olunan bu iki seçimdən daha yüksək və daha nəcib olanını seçməsəniz, onda həyatınızın sonuna çatacağınız vaxta qədər özünüzü dərin təəssüf və bədbəxtlik dolu bir həyata məhkum etmiş olacaqsınız.

Sizə bəxş edilmiş potensialınızı aşkara çıxarmaq üçün sizə imkan verildiyinin və sizin bu imkandan istifadə etməkdən imtina etdiyinizin fərqində olmanız qədər insanın ürəyini qıran ikinci heç nə ola bilməz.

Öz ən yaxşı həyatınızın çağırışını qəbul etməkdən imtina etmək sizi yaratmış qüvvəni təhqir etmək deməkdir, – Culian həmişə olduğundan daha yüksək gərginliklə dedi.

Culian qəfildən maşının sükanını kəskin bir şəkildə döndərərək şosedən çıxdı və şəhər kənarında yerləşən kiçik bir xəstəxanaya aparan yan yolla irəlilədi.

– Biz oraya nə üçün gedirik, Culian? – Mən bir qədər çaşqın halda ondan soruşdum. Culianın mürəbbiliyi heç vaxt öz zənginliyinə və müəmmalı halına ara vermirdi.

– Özünüz görəcəksiniz, – deyə Culiandan peyğəmbərcəsinə bir cavab gəldi.

Biz xəstəxananın əsas qəbul otağına daxil olduğumuzda iki cazibədar tibb bacısı irəli atılaraq Culianı ­salamladılar.

– Salam, əzizim, – tibb bacılarından birisi işvəkarcasına dedi, – bizimlə görüşmək üçün buraya gələrək bizə lütf etdiniz.

İkinci tibb bacısı isə dişlərini ağardaraq Culiana ­sataşdı:

– Salam, Culian. Nəhayət ki, tibbi müayinədən keçmək qərarına gəldin?

Onların hər ikisi şaqqanaq çəkərək güldülər və o mənim bir növ unikal olan həyat məşqçimi mehribanlıqla qucaqladı.

– Ciddi deyirəm, Culian, – bizimlə ilk danışan tibb bacısı dilləndi. – Sizi burada yenidən görmək çox gözəldir. Yuxarı qalxın, sizi orada gözləyirlər.

– Qısa bir müddət mənim dostuma göz qoya bilərsinizmi, xanımlar? – Culian onlardan soruşdu. – Bir neçə dəqiqəlik hədiyyələr dükanına baş çəkməliyəm.

Culian öz işinin dalınca getdiyi müddət ərzində mən burada nə baş verdiyini çözməyə çalışdım. Mənim bəzi cavablara ehtiyacım vardı.

– Siz ikiniz də Culianı haradan tanıyırsınız? – deyərək tibb bacılarından soruşdum.

– Ah, o buraya, demək olar ki, hər gün baş çəkir,

– tibb bacılarından birisi cavab verdi.

– O bizim ən yaxşı könüllümüzdür, – o biri tibb bacısı söhbətə müdaxilə etdi. – Hamı Culianı çox sevir. Günlərin birində o buraya gəldi, düzünü desəm, cəmisi bir neçə həftə bundan öncə və dedi ki, bizə yardım etmək istəyir.

Özü də bizdən xahiş etdi ki, onu sağalmaz xəstəliklərə düçar olmuş xəstələrin olduğu şöbəyə təyin edək. Onun “xidmət vasitəsi və insan varlığına dəyər verməyin vacibliyi” haqqında buna bənzər nəsə dediyini hələ də xatırlayıram. Culian əməlli-başlı idealist birisidir, bilirsinizmi?

– Bəli, bilirəm, – deyə cavab verərək başımı ­yırğaladım.

Culian qucağında böyük bir gül buketi ilə geri qayıtdı.

– Gəlin gedək, Dar, sizi tanış etmək istədiyim bir qrup xüsusi insanlar var.

Biz divarları steril ağ rəngə boyanmış uzun dəhlizlə gedirdik. Buranın hər yerindən ammonyak və qəhvə qoxusu gəlirdi. Dəhlizin sonunda istirahət otağı vardı. Biz otağa daxil olanda otaqda oturmuş altı nəfər cəld ayağa qalxdı və üzlərində təbəssümlə Culianı qucaqlayaraq salamladılar.

Onların bütün davranışlarından bəlli olurdu ki, Culiana dərin hörmət bəsləyir və onun haqqında yüksək fikirdədirlər. O da aydın idi ki, Culian da bu insanların ona göstərdikləri sevgidən mütəəssir olmuşdu. Onun gözlərində yaş damcılarının olduğunu sezdim. Gözlərinin yaşarmasını gördüyümü o özü də hiss etdi.

– Kişinin ağlamasında pis heç nə yoxdur, – deyə o mənim qulağıma pıçıldadı. – Bunu heç vaxt unutmayın. Öz hislərini boğan insan həssaslıq, şəfqət və başqasının dərdinə şərik olmanın nə olduğunu bilməz.

Müharibələr başladan, cinayətlər törədən və nifrət yayanlar məhz bu qəbildən olan insanlardır. Öz hislərinizi boğmağa çalışmayın, Dar. Onlar sizin əsl kimliyinizin ayrılmaz hissəsidir.

Sonra Culian ətrafımızda toplaşmış insanlara tərəf dönərək ucadan danışmağa başladı:

– Bu xanımlar və bəylər mənim dostlarımdır, – o dedi. – Xanımlar və cənablar, lütfən mənim dostum Darı salamlayın.

Onların hər biri səmimiyyətlə mənim əlimi sıxdı. Mənə oturmaq üçün yer göstərildi və mən də əyləşdim.

– Biz sizin gəlişinizi gözləyirdik, Culian. Söhbət etməyimi xahiş etdiyiniz adam budurmu? – otaqdakılardan təxminən səksən yaşlarında olan birisi soruşdu.

Onun əynində dama-dama kostyum və ağ köynək vardı, boynuna isə kəpənək qalstuk taxmışdı. Ağarmış saçları səliqə ilə geriyə daranmışdı.

– Bəli, Piter, sizə dediyim bəy budur. Bir həftə bundan əvvəl sizin qonağınız olduğum zaman mənimlə bölüşdüklərinizi niyə də bu bəylə bölüşməyəsiniz axı. Sizin sözləriniz çox təsirli idi. Onun həmin sözləri sizin özünüzdən eşitməsini istədim.

– Yaxşı, – deyə yaşlı adam cavab verdi, – cavan dostumuz Culiana sadəcə dedim ki, ömrümün sonunda ən çox içimdə musiqinin oxumasına imkan vermədiyimə heyfsilənirəm.

Qəlbimin dərinliklərində anlayıram ki, içimdə öz ifasını gözləyən bir mahnı varmış, – qoca şairanə bir tərzdə dedi. – İçimdə azad olmaq və gerçəkləşmək üçün hayqıran bir yaradıcılıq missiyası gizlənibmiş.

Demək istədiyim odur ki, bizim hamımızın öz həyatımız ərzində həyata keçirməli olduğumuz xüsusi şeylər var. Bizim hər birimiz möcüzəvi qabiliyyətlər və inanılmaz bacarıqlar hədiyyə edilmiş xüsusi varlıqlarıq.

– Piter buraya düşməzdən əvvəl lektor-təşviqatçı idi, – otaqdakı qadınlardan biri qocaya sataşdı.

Bütün qrup gülməyə başladı. Deyilənə görə, gülüş insan ürəkləri arasındakı ən qısa yoldur. Biz birlikdə gülərkən bizi bir-birimizdən aralı durmağa vadar edən bütün sosial şərtiliklər bir kənara atılır və biz real insanlar kimi ünsiyyət qurmağa başlayırıq.

Bu hadisəni müşahidə etmək çox gözəldir. Elə həmin an Culianın mənə dediyi bir həqiqəti anladım: biz hamımız bir ailəyə mənsub bacı və qardaşlarıq. Biz hamımız görünməz bağlarla bir-birimizlə əlaqədəyik və içimdən bir səs dedi ki, bu həqiqətə məhəl qoymamaq kütlənin aşıladığı xülyaya aldanmaq anlamına gəlir. Biz bir-birimizdən ayrı deyilik, – deyə düşünərək dərk etdim.

Biz görünməz bağlarla bir-birimizə bağlıyıq. Bu, hətta gülüşün doğurduğu bağlardan da güclüdür. O vaxtdan sonra dərk etmişdim ki, öz ağrılarımızı bölüşməklə də bir-birimiz ilə ünsiyyətdə ola bilərik.

Əgər hər kəs öz həyatı boyu çəkdiyi bütün əzab-əziyyəti bölüşmək üçün, heç olmasa, yarım saatlıq bir araya gələ bilsəydi, onda biz hamımız dost ola bilərdik. Yer üzündə düşmənçilik qalmazdı, müharibələr olmazdı.

Qoca sözünə davam etdi:

– Dediyim kimi, ən çox qəlbimin səsinə qulaq asmadığıma görə heyfsilənirəm. Bilirdim ki, öz həyatımda çox böyük və mükəmməl işlər görə bilərdim. Cavan vaxtlarımda çox yaxşı yazıçı idim. Universitet tələbəsi olduğum illərdə hətta bir neçə ədəbi mükafatlara da layiq görülmüşdüm.

Lakin anam mənim mühasib olmamı arzulayırdı. O mənə deyirdi ki, əgər ona qulaq asmasam, həyatımın səhvini etmiş olacağam. Əslində isə mənim həyatımın səhvi özümə qarşı dürüst olmamam və öz hislərimə inanaraq etməli olduğum işi yerinə yetirməməmdən ibarətdir.

Ona görə də indi etdiyim seçimlərə görə çox peşmanam. Hə, bir də bilməlisiniz ki, buradakı həkimlər mənə cəmi bir neçə həftə ömrümün qaldığını söyləyirlər. Öz həyatımı puç etdiyimi hiss edirəm. Səksən yeddi illik ömür bir göz qırpımındaca gəldi keçdi.

Öz nişanlım Marqaret ilə elə bil dünən evlənmişdim. İçimdə elə hiss var, elə bil dünən öz uşaqlarımın doğumuna tamaşa etmişdim. İndi Marqaret artıq vəfat edib, uşaqlarım isə öz həyatlarını müstəqil yaşamaları üçün hərəsi bir yana gedib. Sizin həyatınız xəyal edə biləcəyinizdən daha sürətlə keçib gedəcək. Günlər həftələrə, həftələr aylara, aylar isə illərə calanacaq.

İndi siz kifayət qədər cavan görünürsünüz, amma diqqətli olun, siz bir şey anlamamış mənim kimi ahıl birisinə çevriləcəksiniz. Həyat belə şeydir. Ona görə də yaşamalı olduğunuz həyatı yaşamağa çalışın. Sizin həyatınız yalnız ölüm ayağında ağlınız başınıza gələnə qədər gözləməniz üçün çox qiymətlidir.

Öz həyatımı yaşayacaq qədər müdrik olmaq əvəzinə mən anamın mənə biçdiyi həyatı yaşadım. Mən öz həyatımı başqalarını məmnun etmək naminə sərf etdim. Bəs indi həmin insanlar haradadırlar? Bütün həyatım boyu məmnun etməyə çalışdığım insanların heç biri indi yanımda deyil.

Ölüm yatağında cavab verməli olacağın bir insan var, o da hər səhər surətinə güzgüdə baxdığın adamdır. Yaxşısı budur, onunla dürüst davranasınız. Culianın təbirincə desəm, “özünə xəyanət” adlandırılan bir cinayət törətmişəm. Məni məhv eləyən də elə budur – xərçəng, sadəcə, bəhanədir.

Otaqda tam sakitlik hökm sürürdü. Piterin dostları başlarını aşağı dikmişdilər, yəqin, sadəcə, başqa bir insanın öz həyatının ən böyük peşmançılığı haqqında etdiyi söhbətdən deyil, həm də bu insanın tezliklə onlarla birlikdə olmayacağının onlara xatırladılmasından kədərlənmişdilər.

Həyat necə də kövrəkdir. Əslində, həmin ana qədər mən özüm də bunu tam mənası ilə dərk etmirdim. O bizə onu qorumamız və ondan imkanlarımız daxilində lazımınca istifadə etməmiz üçün bəxş edilmiş baha biçilməz bir xəzinədir.

Həyatı bu dərəcədə müqəddəs edən də onun bir daha geri qaytarılmasının mümkün olmamasıdır. Amma bununla belə, kütlənin içində yaşayan insanların böyük əksəriyyəti bütün həyatları boyu fasilə düyməsini basmır və nə üçün burada olduqları və hansı vəzifələri yerinə yetirməli olduqları haqqında düşünmək üçün heç olmasa altmış saniyə ərzində belə dayanmırlar.

Biz Kamden mağaralarını tərk etdikdən sonra Culian mənə balaca bir əhvalat danışmışdı. Günlərin birində bir müdrik adam küçədə bir dilənçi ilə rastlaşır.

Qarşısındakının kim olduğundan xəbərsiz olan dilənçi müdrik adamı saxlayır və ona üç sual verir: Sən nə üçün buradasan? Sən hara gedirsən? Getdiyin yerə getmək üçün vacib bir səbəb varmı? Müdrik adam dilənçini süzür və ondan bir gün ərzində orta hesabla nə qədər pul qazana bildiyini soruşur.

Sualına verilən səmimi cavabı eşidəndə müdrik adam deyir: “Lütfən, gəl və mənim üçün çalış. Əgər hər səhər mən öz meditasiya təmrinlərimə başlamazdan öncə mənə bu üç sualı versən, sənə gün ərzində qazana bildiyin məbləğin on qatını ödəyərəm”.

Həmin vaxtdan etibarən dərk etdim ki, düşünmək müdrikliyin təməlidir. Biz özümüzdən nə üçün burada olduğumuzu, necə həyat sürdüyümüzü və həyatın bizə bəxş etdiyi hədiyyələrdən nə dərəcədə istifadə etdiyimizi sual etmək üçün müəyyən qədər vaxt ayırmalıyıq.

Öz həyatımıza diqqətlə yanaşmalıyıq. Öz arzularımızla tez-tez rabitə halında olmalıyıq. Bizim bu kainatımız, həqiqətən də, çox xeyirxah yerdir və əgər bizim öz xəyallarımızı gerçəkləşdirmək üçün müvafiq potensialımız olmasaydı, biz nəyisə arzulamaq, xəyal etmək iqtidarında olmazdıq.

– Kainat bizim müzəffər olmamızı istəyir, – Culian tez-tez deyir. – “Bunun üçün biz, sadəcə, öz yolumuzdan kənara çıxmalıyıq”.

Piterin sözləri qəlbimin dərinliklərinə toxunmuşdu. Başa düşürdüm ki, Culianın istədiyi də elə bu idi. Bəzi qərarlar verməliydim. Öz böyük həyatımı yaşamam üçün müəyyən mövqe seçməm lazım idi, özü də ­birdəfəlik.

Biz xəstəxanada təxminən yarım saat qaldıq. Bitki çayı içdik və Culianın dostlaşdığı gözəl insanlar ilə xoş söhbətlər etdik. Culian həmçinin bir neçə dəqiqəsini bu insanların otağına tər gül dəstəsini qoymaq üçün sərf etdi. O həddən ziyadə xeyirxah və həssas bir insan idi.

Bizə göstərdikləri qonaqpərvərliyə görə onlara təşəkkür etdik və sonra bütün qrup Culian və mənimlə gələrək bizi Ferrariyə qədər ötürdülər. Culianı, həqiqətən, burada hamı sevirdi. Maşınımız da hamını valeh etmişdi.

– Beləliklə, sizi öz həqiqi həyatınıza aparan bu cığırla irəlilədiyiniz, kütləni tərk etdiyiniz və öz dəyərlərinizə, öz inanclarınıza və öz qəlbinizin arzularına müvafiq şəkildə yaşamağa başladığınız zaman bir arayıcı kimi siz mütləq “Seçim nöqtəsinə” yetişəcəksiniz.

Bu dönüş nöqtəsində necə davranacağınız həyatınızın qalan hissəsinin necə davam edəcəyi baxımından həlledici rol oynayacaq,” – bizə əl yelləyən yeni dostlarımın “xudahafiz” sədaları altında xəstəxananın dayanacaq yerini tərk etdiyimiz zaman Culian öz fikrini qısaca xülasə etdi. – Harriet Biçerin bir zamanlar yazdığı bu sözləri heç vaxt unutmayın:

“Qəbirlərin üstündə tökülən ən acı göz yaşları deyilməmiş sözlər və görülməmiş işlər üçündür”. Fəaliyyət adamı, evdən çıxıb öz ən böyük həyatını yaşamaq üçün var gücünü sərf edən o ipə-sapa yatmayan ruhlardan olun.

Necə etmək lazım olduğunu bildiyiniz işi yerinə yetirmək üçün əlinizdən gələni əsirgəməyin. Sonra isə heç nəyə qarşı çıxmayın və payınıza nə gələrsə, hamısını xoşbəxt ürəklə qəbul edin və əmin olun ki, onlar təbiətin sizin üçün yaratdıqlarıdır.

– Başa düşdüm, ustad. Amma bu avtomobilin sahibinin kim olduğunu mənə hələ də deməmisiniz. Bu sizin avtomobiliniz deyil, elə deyilmi?

– Yox, onun sahibi mən deyiləm. Bu günlərdə mən çox yüngül yüklə səyahət edirəm. Ona görə də bunun kimi bir əşyaya sahib ola bilmərəm. Mən çox sadə insanam. Amma bu avtomobil bir zamanlar mənə məxsus idi, – deyə Culian boynuna aldı. – Bu mənim köhnə ­Ferrarim idi.

– Doğrudan? – deyə mən ucadan dedim. – Mən balaca uşaq olanda atam məni öz avtomobilində sizin qonşuluğunuzdakı yerlərə aparıb gəzdirərdi. Hər zaman bu maşının yanından keçəndə gözümü ondan çəkə bilməzdim. Dostum, mən bu gözəlçəni çox sevirdim.

– Bilirəm, – deyə Culian dilləndi. – Bəzən gözlərinizi zilləyib ona baxdığınızı görürdüm, – deyərək Culian mənə göz vurdu.

– Doğru deyirsiniz?

– Əlbəttə. Mən Hindistana səfər etməzdən bir qədər öncə bir müəssisə sahibi olan müştərim bu avtomobili məndən aldı. Mənə də dedi ki, istədiyim vaxt bu maşını heç bir sorğu-sual olmadan ondan geri ala bilərəm.

Bir də mənə dedi ki, şəhərə geri qayıtdığımda avtomobili sürə bilərəm. O mənə qarşı bir çox hallarda çox comərd davranmışdı. Mən burada olduğum müddət ərzində o bu avtomobili mənə borc verib.

Biz uzun müddət dinməzcə yolumuza davam etdik. Mehmanxananın giriş yoluna daxil olanda Culian maşını saxladı. Ayaqçı baş barmağını qaldıraraq bizim hər ikimizə də gülümsədi. Deyəsən, biz onda lazım olan təəssüratı yaratmışdıq.

– Lütfən, saxlanc yerinı açın, Dar, orada sizin üçün bir şey var. Hədiyyəyə mən gedəndən sonra baxmanızı istəyirəm və təəssüflər olsun ki, bir neçə dəqiqədən sonra sizi tərk etməli olacağam. Bu günümün cədvəlində masaj seansı var və mən masaj seanslarına gecikməyi xoşlamıram. Bu özüm üçün etdiyim adi hədiyyələrdəndir.

– Sizin masajı bu qədər sevdiyinizi heç vaxt güman etməzdim, – deyə cavab verdim.

– Nə üçün, Dar? Masaj terapiyası həyat tonusunu qaldırmaq, toksinləri bədəndən çıxarmaq və ümumi sağlamlığı yaxşılaşdırmaq üçün çox gözəl üsuldur. “Müvəffəqiyyət strukturu” adlandırdığım bir sıra şeylər var – öz həftəlik fəaliyyətimə əlavə etdiyim işlər – ki, öz sağlamlığımı, xoşbəxtliyimi və mənəvi dincliyimi qorumaq üçün onlara güvənirəm.

Gündəlik təmrinlər, elitar pəhriz tutma, meditasiya, təbiətin qoynunda keçirilən vaxt və hər yeddi gündə bir dəfə masaj özüm üçün etdiyim şeylərin siyahısına daxildir və ona görə də uzun bir ömür sürəcəyimə və qayəm olan işləri ­yerinə ­yetirmək iqtidarında olacağıma ümid edirəm.

Bu həyatımda mənim bir missiyam var və mən onu yerinə yetirmək niyyətindəyəm. Həftədə bir dəfə masaj seansına girmək bəzi insanlara çox bahalı görünə bilər, amma mənə görə bu, xərc yox, sərmayə qoyuluşudur. Bu çox gözəl şəkildə sərf edilmiş puldur.

Əgər mən xəstəxana palatasında yataramsa, başqaları üçün heç bir dəyərim qalmaz. Belə demək mümkündürsə, mən öz masaj seanslarıma öz biznesimə çəkdiyim xərclərin bir hissəsi kimi baxıram.

– Çox maraqlı yanaşmadır, Culian.

– Bu gün sizin üçün çox əhəmiyyətli bir gün oldu, Dar. Mən bir az toxum əkdim və bir müddət sonra onlar çiçəklənərək gözəl ideyalara çevriləcəklər. Bu dediklərimə inanın – bu gün çox böyük bir dərs aldınız.

– Sizinlə birlikdə keçirdiyim bu gün üçün çox minnətdaram, Culian. Siz kifayət qədər dərin mənalı dərsləri mənimlə bölüşdünüz. Mən bunu anlayıram. Və bu dərsləri bölüşərkən istifadə etdiyiniz üsul onları unudulmaz edir. Öyrənmənin bu qədər şən, yadda qalan və daxilə nüfuz edən ola biləcəyi haqqında heç bir anlayışım yox idi.

– Öyrənmə prosesi şən, yadda qalan və daxilə nüfuz edən olmalıdır. Kitablar vasitəsilə nəsə öyrənmək intellektual baxımdan əladır. Lakin sizi emosional səviyyədə özünə cəlb edən üsulla öyrənmək daha qüvvətli və daha uzun müddət qalıcı olur.

Məhz buna görə mən sizin dərs almanız lazım olan şeyləri öyrənmənizə yardım etmək üçün təcrübələr də qururam. İstənilən ­halda, bu günümüz gözəl keçdi.

Mən saxlanc bölməsini açdım və orada paketlənmiş bir hədiyyə gördüm. Paketin nahamar kənarlarından bəlli olurdu ki, hədiyyəni Culian özü qablaşdırmışdı, amma mən ona göstərdiyi səylərə və düşüncəyə görə əla qiymət verdim.

– Çox sağ ol, Culian. Bunun içində nə olduğunu təsəvvür edə bilməsəm də, səndən olduğuna görə ona dəyər verəcəyimi bilirəm.

– Ah, yeri gəlmişkən, bunlar da sizə çatacaq, – deyərək Culian Ferrarinin açarlarını mənə tərəf uzatdı.

– Avtomobili dayanacağa qoymamı istəyirsiniz? – deyərək soruşdum və Culiana bacardığım hər cür formada köməyə hazır idim.

– Yox, dostum, – o dedi və bir müddət susdu. – Bu avtomobil sənindir.

Mən heyrətimdən çaşıb qalmışdım. Doğrudanmı Culian öz keçmiş maşınını mənə təklif edirdi? Uşaqlıq çağlarımda çin çıxmasını istədiyim bundan yaxşı arzu təsəvvür edə bilməzdim. Hətta indinin özündə belə nöqsansız vəziyyətdə olan klassik Ferrariyə sahib olmaq hissi içimi riqqətə gətirir.

– Mən sizin üçün Seçim məqamını hazırlamaq istəmirəm, Dar, çünki arayıcı olan insanın səyahəti zamanı onun yolunun üstünə belə bir məqam, təbii olaraq, özü gəlib çıxacaq. Həqiqətin axtarışında öz gözlərini açmaqda davam etdiyiniz zaman Seçim məqamı labüd şəkildə özünü sizə göstərəcək.

Lakin mən, həqiqətən də, Özünü Oyatmanın 7 Mərhələsinin sizin ­həyatınızda ­gerçəkləşməsi üçün əlimdən gələni etmək niyyətindəyəm və ona görə də hər bir mərhələnin mahiyyətini sizə öyrətmək üçün bəzi yadda qalan təəssüratlar yaratmağa cəhd göstərdim.

İndi mən sizə seçim imkanı verirəm və mən tamamilə ciddi deyirəm: əgər bu Ferrarini istəyirsinizsə, onu özünüzə götürə bilərsiniz. Mənim keçmiş müştərim buna qətiyyən etiraz etməyəcək. O mənə deyib ki, mənim istədiyim nədirsə, elə onun istədiyi də odur. Keçmişdə ona bir neçə böyük xeyirxahlığım dəyib. Lakin burada balaca bir əmma var.

– Onda deyin görək o nədir, – deyərək gülümsədim və daha pis şeyin baş verəcəyindən əndişələndim.

– Hmm, əgər avtomobili götürmək seçimini etsən, mən daha sənin mürşidin ola bilməyəcəyəm. Seçim belədir: ya bu maşın, ya da mənim mürşidliyim. Biz yenə də dost qala bilərik, amma mən öz növbəti işimə keçməliyəm.

Görürsünüzmü, Seçim məqamı elə belə şeylərdən ibarətdir: nəyisə nəyəsə qurban vermək. Nəsə qurban verməsəniz, yaxşı heç nə qazana bilməzsiniz. Seçim məqamı indiyədək tanıdığınız, vərdiş etdiyiniz dünyanı tərk edərək öz yüksək həyatınızın sizə tanış olmayan sərhədlərinə doğru hərəkət etmək riskini gözə almaqdan ibarətdir.

Və bu yüksək həyata daxil ola bilmək üçün onu dünyanın bütün başqa naz-nemətlərindən üstün tutmalısan. Siz hətta onu Ferraridən də üstün tutmalı, daha çox arzulamalısınız. Əksər insanlar elə düşünürlər ki, öz həyatlarını dəyişmək üçün onlara aylar, hətta illər lazım olacaq.

Əslində siz öz həyatınızı bir anın içində dəyişə bilərsiniz. Bunun üçün, sadəcə bir şeyə qərar vermək lazımdır: nə olursa olsun, bir də yaşadığınız həyat tərzinə geri dönməmək. Aylar, illər və hətta onilliklər tələb edən bir şey var, o da bu qərarınıza əməl etmək üçün tələb olunan qətiyyətin qorunmasıdır.

– İncə fərqləndirmədir, Culian, – mən dedim.

– Ona görə də seçim sizindir, amiqo: bu nadir və ekzotik idman avtomobili, yoxsa özünüzə qarşı dürüst olmaq şansı? Hər şey tamamilə sizin öz əlinizdədir.

– Ah, Culian, – deyə ah çəkdim. – Siz məni məhv edirsiniz, dostum, – deyə gülərək əlavə etdim. – Siz mənim nə cavab verəcəyimi yaxşı bilirsiniz, mən səfeh deyiləm. Mən, əlbəttə ki, sizin mürşidliyinizi seçirəm. Mən öz ən böyük həyatımı seçirəm! – deyə ucadan dedim.

Mənim qərarımdan məmnun qalan Culian əllərini bir-birinə vurdu:

– Şəxsən mənim fikrimə görə, Seçim məqamında ediləcək yeganə seçim də elə budur – ulduzlara doğru uzanmaq və sizin taleyinizə yazılmış həyata tərəf irəliləmək üçün edilmiş seçim. Lakin sizə deyim ki, əşyalar ilə bağlı məsələdə belə yaxşı oğlan olduğunuza görə sizə başqa bir təklifim də olacaq.

Əgər bu avtomobili mənim dostumun evinə aparmağa etiraz etmirsinizsə, onda onunla şəhərdə bir qədər dolaşa bilərsiniz. Danışdıq?

– Danışdıq.

Culian məni qucaqlayandan sonra maşından düşdü. Sonra o öz başını pəncərədən içəri salıb dedi:

– Gəlin yeddi gündən sonra səhər düz saat beşdə elə buradaca görüşək, lütfən. Özünü Oyatmanın 7 Mərhələsindən üçüncüsünü sizə izah etmək istəyirəm. Bunu öyrənmək sizin çox xoşunuza gələcək. Həmin vaxt qədər isə özünüzlə mərhəmətlə davranın. Siz bir çox dəyişikliklərdən keçməli olacaqsınız.

Ona görə də bir çox özünəqayğı fəaliyyətləri üçün bir qədər zaman ayırın. Meşəliklərdə uzun-uzadı gəzintilərə çıxın. Çox sevdiyiniz musiqilərə qulaq asın. Masaj seansları qəbul edin. Və əlbəttə ki, sakitlik, dinclik və xəlvətə çəkilmək üçün özünüzə vaxt ayırın. Tezliklə görüşərik, əziz dost.

Mənə bu təlimatları verəndən sonra hər şeyi bilən həyat mürşidi rahib və müdrik adama çevrilmiş bu keçmiş superulduz vəkil “Q” otelinə daxil olaraq gözdən itdi.

Mən isə keçirdiyim günü xəyalımda canlandıraraq və qəlbimin dərinliklərində şüurlu həyat yolum ilə addımlamağa davam etmək haqqında düşünərək Ferrarinin sərnişin oturacağında uzun müddət qaldım.

Mən Culianın mənə hədiyyə etdiyi paketi açdım. Bu, Platonun “Respublika” əsərinin yeni çapdan çıxmış nüsxəsi idi. Mən kitabı vərəqləyəndə kitabın əvvəlindəki iki boş səhifədə Culianın yazdığı məktubu gördüm. Culian yazırdı:

Əzizim Dar!

Hər şeydən əvvəl, izin verin göstərdiyiniz cəsarətə görə sizə öz ehtiramımı bildirim. Kütlənin cazibəsini tərk etmək və daha dürüst bir həyat yaşamağa başlamaq üçün böyük qətiyyət və qüvvə tələb olunur.

Məhz bu səbəbdən kosmik gəmi startdan sonra ilk üç dəqiqə ərzində dünya ətrafında tam bir dövrə vurmaq üçün tələb olunandan daha çox yanacaq sərf edir: Yer kürəsinin cazibə qüvvəsinin öhdəsindən gəlinməsi üçün çox böyük enerji tələb olunur.

Peşmanlıq və kədər dolu bir həyatdan canınızı qurtarmanız üçün siz bu qüvvənin öhdəsindən gəlməlisiniz, mənim dostum.

Bu kitabı vərəqlədiyiniz müddət ərzində siz artıq öz həyatınız ilə bağlı yeganə və ən böyük qərarınızı vermiş olacaqsınız: öz taleyinizin yolu ilə addımlamaq və öz ən böyük həyatınıza yetişmək (mən bilirdim ki, siz məhz bu seçimi edəcəksiniz, sizin atanız çox müdrik və böyük bir insan idi, meyvə isə öz ağacının dibinə düşər).

 İndi isə mən sizi bir insan varlığı kimi öz ən böyük oyununuzu oynamağa yardım edəcək bir neçə gündəlik seçimləri etməyə dəvət edirəm.

Qarşıdan gələn həftələr və aylar ərzində öz həyatınıza qədəm qoymanız üçün beş əsas praktik təmrin mövcuddur, əlbəttə, əgər sizin üçün nəzərdə tutulmuş o gözəl həyatı həqiqətən yaşamaq niyyətiniz varsa. Mən onları “5 Şeyə Gündəlik Sədaqət” adlandırıram.

1.Özünüzü hər səhər saat 5-də yataqdan qalxmağa həsr edin. Həyatdan ən gözəl şeyləri əldə edənlər ən tez yuxudan qalxan insanlardır.

2.Özünüzü hər günün ilk altmış dəqiqəsini öz “Müqəddəs Saatınız” kimi ehtiyat üçün ayırmağa həsr edin. Öz ən yaxşı kimliyinizə nail olmanıza yardım etmək üçün lazım olan daxili dünyanızda görməli olduğunuz işləri yerinə yetirməniz üçün sərf edəcəyiniz müqəddəs zamandır.

Bu zaman müddətindən müdrik kitabları oxumaq, meditasiya və ya dua etmək, öz həyatınızın hansı vəziyyətdə olduğu və qeyd jurnalınızdakı arzuların necə inkişaf etdiyi haqqında ­düşünmək və ya günün müvəffəqiyyətli olduğu qənaətinə gəlməniz üçün həmin günün qarşıdan gələn saatları ərzində nələrin baş verəcəyi haqqında dərin düşüncələrə dalmaq üçün istifadə edin.

Bu ritualın gündəlik olaraq icra edilməsi sizin ətrafınızdakı dünyaya şəfəq saçmanıza və öz ən gözəl həyatınızı yaşamanıza yardım edəcək.

3.Özünüzü sizin haqqınızda heç kimin düşünə bilməyəcəyi və sizdən gözləməyəcəyi səviyyədə qayğı, mərhəmət və xarakter standartını nümayiş etdirməyə həsr edin. Bunları etməklə siz yeni dünyanın qurulmasına yardım edilməsində öz töhfənizi vermiş olacaqsınız.

4.Özünüzü heç kimin sizdən gözləməyəcəyi səviyyədə işdə mükəmməllik standartı nümayiş etdirməyə həsr edin. Bolluq və səadət sizə geri dönəcək.

5.Özünüzü tanıdığınız ən çox sevən insan olmağa və hal-hazırda planetimizdə yaşayan ən dahi və böyük insanlardan biriymişsiniz kimi (çünki siz onlardan birisiniz) düşünməyə, hiss etməyə və davranmağa həsr edin. Sizin həyatınız bir də əvvəlki kimi olmayacaq və siz bir çox həyatları xoşbəxtliyə çatdırmağa müvəffəq olacaqsınız.

İcazə verin, məktubumun sonunda sizə bir insan kimi valeh olduğumu ifadə edim. Siz öz həyatınızda çoxlu çətin günlər yaşamısınız və sizi qarşıda daha parlaq günlər gözləyir – həmişə belə olur. “Hər qışın bir baharı var”, – Xəlil Cübran yazır. Bilirsinizmi, o haqlıdır.

Sizi sevən . . . Culian.

Mən şübhə etmirdim ki, həyatımın ən xoşbəxt günləri hələ qabaqdadır. Mən şübhə etmirdim ki, ən yaxşı şeylər məni qarşıda gözləyir.

ALTINCI FƏSİL
Arayıcı möcüzəsi və imkanlar aləminə daxil olur

Mən həyatımı əsirgəmədən hücuma keçir, hər bir zövqü yorulmaq bilmədən öyrənməyə çalışır, cavablar üçün ehtiyat yığır, hətta onun içindən ağrını sıxıb çıxarıram.

Mən həyatı eşələyərək altını üstünə çevirir, onun izi ilə gedirəm.

Marita Golden

Dünya dahiyanə bir kitabdır. Yerindən tərpənməyərək evdə oturan insanlar onun yalnız bir səhifəsini ­oxuyurlar.

Əziz Avqustin

Culianla son görüşümdən sonrakı həftə ərzində böyük dəyişikliklər baş verməyə başladı. Özümü tamamilə başqa cür hiss edirdim. Hiss edirdim ki, həyatımı öz istədiyim kimi və indiyə qədər olduğundan daha şüurlu şəkildə yaşamağa başlamışdım.

Mən düşüncələr, hislər və davranış baxımından etdiyim seçimlərə diqqət verirdim və bu seçimlərin hər birinin qüsursuz səmimiyyət və əsl şərəfin mövcud olduğu yerdən gəlməsini təmin etməyə çalışırdım.

Bu isə öz növbəsində, məndə bütün həyatım boyu indiyədək hiss etdiyimdən daha çox əminlik və daxili rahatlıq hissi yaradırdı. Bir çox cəhətdən özümü qarşısıalınmaz, canlı hiss edirdim.

Bütün içimi sevinc hissi bürümüşdü. Daxilən özümün daha yaxşı versiyama çevrildiyimi də hiss edə bilirdim. Başa düşürdüm ki, artıq oyanmağa başlamışam.

Bununla belə, düzünü desəm, içimdəki bir çox gizli qorxularım üzə çıxmağa başlamışdı. Özünün əsl və ən yaxşı kimliyinə aparan yolla irəliləyən hər bir arayıcı daima mövcud olduğundan bixəbər olduğu qorxuları ilə üzləşməli olacaq.

Şüursuz bir həyat sürdüyümüz müddətcə bizim qorxularımızın böyük bir hissəsi özlərini bizim şüuraltı dünyamızda gizlədir. Biz hətta onların orada olmasından belə şüurlu şəkildə xəbərdar olmuruq. Lakin onlar oradadırlar və bizim bütün seçimlərimizə və həyatımızın idarə edilməsinə öz təsirlərini görünməz səviyyədə göstərirlər.

Biz oyandıqda və daha həqiqi dəyərlər sistemindən öz həyatımıza nəzər salmaq istədikdə bizim daxilimizdəki qorxular gün işığına çıxır və bu zaman biz bu qorxularımıza qarşı gəlməliyik. Adətən elə bunun özü qorxunc bir şeydir.

Lakin mən öyrəndim ki, bizim qorxularımız içinə saman doldurulmuş müqəvvalar kimidir. Əgər onları inkar edəriksə, o zaman onlar qaranlıq zirzəmidə qalaraq gizlincə bizim həyatlarımızı korlamağa və bizi öz arzularımızdan uzaqlaşdırmağa çalışarlar.

Amma biz bu bədheybətləri zirzəmidən yuxarı dəvət edərək bir fincan çaya qonaq etməklə onlara qarşı çıxsaq – əgər onları tanımağa başlasaq – onda başa düşərik ki, onlar bizim əvvəllər düşündüyümüzdən qat-qat daha balacadırlar.

Lap kölgənin gün işığında yoxa çıxması kimi, insanın şüurunun ziyasına dəvət edilmiş qorxu hissi də buxarlanıb yox olur. Başa düşürsünüzmü, biz nəyə müqavimət göstəririksə, o da bizə inad edir. Əgər biz daxili dünyamızda görməli olduğumuz işləri yerinə yetirməkdən, sonra isə öz qorxularımızın üzərində işləməkdən imtina etsək, onda onlar bizi daima idarə edəcəklər.

Lakin əgər bizim özümüzü öyrənməyə və öz qorxularımızı dərk edərək onları etiraf etməyə cəsarətimiz çatsa, onda bu qorxular bizim içimizdən keçəcək və sonra da bizi tərk edərək azad olacaqlar. Bizim müqavimət göstərdiyimiz şey, həqiqətən, bizə inad edəcək. Bizim dostlaşdıqlarımız isə labüd olaraq ötüb keçəcək.

Bir dəfə Culian mənə miqyasını ölçdüyü dağın zirvəsinə günorta vaxtı çatmış bir alpinist haqqında rəvayət danışmışdı. Ondan sonra həmin alpinistin qarşısında duran əsas çətinlik gün batana qədər dağın zirvəsindən enərək təhlükəsiz bir yerə yetişməkdən ibarət idi.

Alpinist dağdan endikcə görürdü ki, günəş də getdikcə daha çox qüruba yaxınlaşır. O, addımlarını sürətləndirdi, amma saatlar keçdikcə işıq öz yerini qaranlığa verdi və günəş üfüqdə gözdən itmək həddinə çatdı. O qorxmağa başladı və daxilindəki qorxuları baş qaldıraraq üzə çıxdı.

O hiss edirdi ki, əgər hava tam qaralınca dağın dibinə çata bilməsə yolun yarısında ilişib qalacaq və həddən ziyadə qorxulu bir vəziyyətə düşəcəkdi, bəlkə də, dağdan yıxılaraq öləcəkdi.

Nəhayət ki, günəş üfüqdə görünməz oldu və alpinist zülmət qaranlığa qərq oldu. Ümidsizliyə qapılan bu adam əlini ora-bura sürtərək yapışa biləcəyi bir şey axtardı və bir müddət sonra, nəhayət ki, dağın qayalıq səthindəki çatların arasından bitmiş bir ağac budağından tuta bildi.

Alpinist bütün gecəni həmin budaqdan sallanaraq keçirdi. Bərk qorxmuş və soyuqdan donmuş bu adama elə gəlirdi ki, əgər budağı əlindən buraxsa yıxılacaq və aşağıdakı qayalara çırpılaraq həlak olacaq. Həmin gecə onun üçün, sadəcə, bir kabus idi – əsl dəhşət.

Lakin səhər günəşin ilk şüaları yenidən ətrafa işıq saçdıqda o gülməyə başladı. Öz gözlərinə inana bilmirdi. Onun keçirdiyi qorxu və dəhşət hissi illüziyadan başqa bir şey deyilmiş. Onun ayaqlarından, sadəcə, 10-15 santimetr aşağıda bir çıxıntı vardı.

Qaranlıqda o bu çıxıntını görə bilməmişdi. Lakin ətraf işıqlanandan sonra o başa düşdü ki, bütün gecəni təhlükəsiz və nisbətən daha rahat bir şəraitdə keçirməsi üçün ona yalnız bir neçə santimetr aşağı sürüşmək lazım imiş. Onun keçirdiyi qorxu hissi boşuna imiş.

Yaşadığı qorxu və dəhşətin reallıqda heç bir əsası yox imiş. Mənim də varlığını öyrəndiyim qorxular alpinistin keçirdiyi hislərə bənzəyir. Bu qorxular bizi şəxsiyyət kimi balacalaşdırır, əl-ayağımızı buxovlayır və həyatımızı korlayır.

Amma bununla belə, bizi məhdudlaşdıran qorxularımızın hər biri, əslində, 10-15 santimetr dərinliyə malikdir. Bu qorxuların sizə hakim kəsilməsinə imkan verməyin. Onların sizin həyatınızı alt-üst etməsinə, korlamasına imkan verməyin.

Mən “Q” otelinə düz səhər saat beşdə çatdım. Səhər tezdən yuxudan qalxmaq bir xeyli asanlaşmışdı və mən erkən qalxma intizamının mənə təklif etdiyi əlavə saatlardan zövq alırdım.

Culianın təklif etdiyi kimi, mən bu “göydən düşmə” zamandan planlaşdırmaq, qarşıma qoyduğum hədəfləri fikrimdə canlandırmaq, dərin düşüncələrə dalmaq və içi müdrikliklə dolu dahiyanə kitablar oxumaq üçün sərf etmək niyyətindəydim.

Bu isə məni hər bir dahiyanə həyatın əsasını təşkil edən əhəmiyyətli həqiqətlərlə əlaqələndirirdi. Səhərlər kitab oxumaq da məni çox ruhlandırırdı, çünki bu mənə, nə qədər gözəl olmasından asılı olmayaraq, problem və çətinliklərdən azad bir həyatın olmamasını xatırladırdı.

Heç bir problemi olmayan fərdlər yalnız öz qəbirlərində yatan insanlardır. Əslində, bizi böyük, güclü və müdrik edən də elə problem və çətinliklərin mövcud olmasıdır. Əlbəttə ki, biz onlardan qaça və həyatın çətin olmasından acı-acı şikayətlənə, ya da onları qəbul edərək daha yaxşı bir varlığa çevrilə bilərik.

Adətən məhz ən çox ağrı-acı çəkdiyimiz günlərdə biz öz əsl kimliyimiz və yaradılış məqsədimiz ilə daha sıx əlaqədə oluruq. Martin Lüter Kinq oğul bir zamanlar belə deyib: “İnsanın dəqiq kimliyi onun rahatlıq içində yaşadığı anlarda deyil, çətinlik və təzadlar içində çabaladığı zaman bəlli olur”.

Mən vestibülün qapısından içəri daxil olduqda Culianın qeydiyyat masasının işçiləri ilə söhbət etdiyini gördüm. Culian nəsə danışaraq onları güldürür və özü də bığaltından onlarla birlikdə pıqqıldayırdı. Onun gülüşünü eşidəndə mən də özümü saxlaya bilməyərək güldüm.

Onun gülüşü elə səmimi, elə ürəkdən idi ki, lap uşaq kimi. Həyatımda heç vaxt Culiana bənzər bir insanla qarşılaşmamışdım. O çox səmimiydi və maska arxasında gizlənmirdi. Mənim gözümdə o hamımızın olmağa çalışdığı insan timsalıydı: şən ədalı, sevgi dolu, müdrik və qorxu bilməz.

Bu gün Culianın əyninə öz xalatını geyinməsini görəndə mən təəccübləndim. Onun yenə də qeyri-rəsmi paltarlar geyinəcəyini güman edirdim, amma əynindəki libas və bu libasın yaratdığı dəbdəbəli görünüş məni valeh etmişdi.

Mən hiss etdim ki, Sivana müdriklərinin ənənəvi libasını geyinməkdən qürur hissi duyur. Mən həmçinin hiss etdim ki, bu cür xalatı geyinmək ona yalnız seçdiyi yolu deyil, həm də həmin müdrikləri xatırladır.

– Sabahınız xeyir, amiqo, – deyə Culian vestibülün o biri başından qışqırdı. – Hamıdan erkən yuxudan duran bu insanlarla burada bir az əylənirik. Bilirsinizmi, bizim üzv olduğumuz bu “erkən duranlar” klubu çox əhəmiyyətli bir cəmiyyətdir. İnsanın həyatında nizam-intizamın olması qədər heç nə onun həyatını bu cür böyük və gözəl etmir.

– Mən sizin dediklərinizi eşidirəm, Culian. Mən artıq buna vərdiş etməyə başlamışam.

– Hə, lap əla, – o mənə yaxınlaşaraq və böyük sevgi ilə gündə yanaraq qaralmış qolunu çiynimə qoyub dedi. – Bilirsənmi, sənin üçün darıxmışdım.

– Mən də sənin üçün darıxmışdım, Culian. Keçən həftə birlikdə keçirdiyimiz gün əla idi. Bugünkü məşğələmizdə nələr haqqında danışacağımızı bilmək üçün çox səbirsizlənirəm.

– Bu gün biz Özünü Oyatmanın 7 Mərhələsindən üçüncüsünü öyrənəcəyik, Dar. Üçüncü mərhələnin əsas qayəsi hər şeyə yeni gözlə baxmaqdan ibarətdir. Bilirsinizmi, əziz dostum, bu gün Yer üzündəki insanların böyük əksəriyyəti öz həyat yolları ilə kor gözlərlə, sadəcə, kütlənin arxasınca gedirlər.

Onlar yalan bataqlığında yaşayırlar. Elə düşünürlər ki, onlara bəxş edilən günləri yaşayarkən reallığı olduğu kimi görə bilirlər, amma mağaranın divarında həqiqət kimi görünən yalançı təsvirlərə tamaşa edən kütlənin, sadəcə, tərkib hissələridirlər.

Onların tamaşa etdikləri illüziyadan başqa bir şey deyil. Həyat onların dərk edərək qiymətləndirə biləcəklərindən qat-qat daha böyükdür. İnsanlar qəlblərinin dərinliklərində onlar üçün münasib olmadığını bildikləri inanclar, dəyərlər və gümanlara görə yaşayaraq özlərinə xəyanət etməməlidirlər.

İnsanlar öz həyatlarını başqalarının istək və arzularına görə yaşamamalıdırlar. İnsanlar öz arzularını öz içlərində basdırmamalı və tamamilə fərsiz və darıxdırıcı həyat yaşamamalıdırlar.

Onlar bu zəncirləri qıra, öz ən böyük həyatları naminə ayağa qalxa və dünyaya yeni gözlərlə – yalanları görməyə adət etmiş deyil, həqiqəti görən gözlərlə – baxa bilərlər.

– Yaxşı, bəs siz üçüncü mərhələnin necə adlandığını mənə xatırlada bilərsinizmi, Culian? – biz oteldən çıxaraq taksiyə oturanda mən ondan soruşdum.

– Üçüncü mərhələ “Möcüzə və İmkanların Dərk Edilməsi” adlanır. Arayıcı evə, yəni öz həqiqi kimliyinə, yəni öz taleyinə doğru aparan yolla irəliləyərkən birinci mərhələyə xas olan yalanı tərk edir və ikinci mərhələnin seçim məqamında onun üçün nəzərdə tutulmuş həyata doğru irəliləyəcəyi ilə bağlı öhdəlik götürmək qərarını verir və bundan sonra o labüd olaraq üçüncü mərhələyə yetişəcək.

 Məhz həmin vaxt arayıcı ona məlum olandan tamamilə fərqli bir dünyanın mövcud olduğunu görməyə başlayır. Bu, bəşər övladının gəlib çata biləcəyi inanılmaz bir məkandır. Sadəcə bu haqda düşünün.

Arayıcı kütlənin ona vurduğu buxovlardan azad olub və gördüyü işləri daha dürüst bir şəkildə yerinə yetirir. Bütün məhdudiyyətlər aradan qaldırılmışdır. O indi əlinə düşən imkanlar ilə oynamağa hazırdır.

Artıq başqalarının nə düşündüyündən asılı olmayaraq, özü üçün düzgün hesab etdiyi dəyərlər, inanclar və davranışlar haqqında dərin düşüncələrə dalır. İndi o özünə qarşı dürüst davranır.

Həmçinin o indi öz daxili aləminin əvvəllər heç vaxt enmədiyi dərinliklərinə dalır, öz qorxularını, öz baxışlarını, eləcə də başqalarının bu dünyada müvəffəqiyyət qazanmaq üçün ona öyrətdikləri və inandırdıqları bütün həyat sürmə tərzlərini saf-çürük edir.

Əlbəttə ki, həmin an böyük dəyişikliklər zamanıdır. Həmçinin o, böyük həyəcanlanmaların baş verdiyi andır.

– Necə yəni?

– Çünki o doğrudan da həqiqətləri görməyə başlayır. O, başa düşməyə və qiymətləndirməyə başlayır ki, bizim bu dünyamız özü bir möcüzədir. Bu, möcüzələr və imkanlarla dolu çox gözəl bir aləmdir.

Bəli, arayıcı bu mərhələdə ona “məlum olanı”, yəni bu günə qədər yaşadığı yeri tərk edir və birbaşa ona məlum olmayan, qeyri-müəyyənlik və sirlərlə dolu bir aləmə qədəm qoyur.

Əlbəttə ki, bu da qorxuların baş qaldırmasına səbəb olacaq, çünki insan bir varlıq olaraq öz rahatlıq zonasını tərk etdiyi zaman həmişə qorxu hissi keçirir. Lakin yeni imkanları yalnız “naməlum”un hökm sürdüyü məkan daxilində tapmaq olar.

Bizə məlum olan məkanda yeni heç nə tapmaq mümkün deyil, çünki əgər bu mümkün olsaydı, onda da yeni olmazdı, elə deyilmi? – deyə Culian məndən soruşdu.

– Məncə, sizin nə demək istədiyinizi anlayıram,

– Culianın bu məntiqi düşüncə zəncirləri ilə söhbəti hara aparmaq istədiyini başa düşərək cavab verdim.

– Siz demək istəyirsiniz ki, mənim həyatım üçün ən yüksək imkanları yalnız mənə məlum olmayan yad yerlərdə tapmaq mümkündür. Sizi düzmü anladım?

– Tamamilə doğrudur. Kolumb Yeni Dünyanı görən ilk avropalı idi, çünki o ona tanış olan yerləri tərk ­etmək və onu qorxudan yerlərə – yeni, xəritəyə salınmamış naməlum torpaqlara – səyahətlər etmək istəyirdi.

Bütün kəşflər və bütün innovasiyalar naməlum olanları sınaqdan keçirməyə cürət etmiş qadın və kişilərin fəaliyyətinin nəticəsidir.

Siz öz qorxularınıza tərəf addımlamalı, bir şəxsiyyət kimi ucalmaq üçün yeni məkanlara səfərlər etmək və sizi bir insan varlığı olaraq gözləyən xəzinələri kəşf etmək arzusunda olmalısınız. Həmişə yaşadığınız dünyada qalmanız şəxsiyyət olaraq balaca qalmaq və cəsarətsiz olmaq anlamına gəlir.

– Başa düşdüm, – deyə məmnunluqla dedim.

– Ona görə də aydınlığa doğru yol alan arayıcı içində yaşadığı yalanları tərk edir və öz həqiqi gücünü yenidən əldə etmək, əsl həyatını bərpa etmək üçün ən vacib seçimini edir və həmin andan sonra onun dünyaya baxışı da dəyişməyə başlayır.

O, həqiqətən də, onu əhatə edən dünyaya tamamilə yeni gözlərlə baxmağa başlayacaq. O, həqiqətən də, qarşısında tamamilə yeni reallığın açılmağa başladığını görəcək. O, möcüzələr və yeni seçimlər ilə dolu olan yeni bir aləmə cəsarətlə qədəm basacaq.

Mən bilirəm ki, bu dediklərim sizin həyatınızda artıq baş verməyə başlamışdır, Dar. Və siz seçdiyiniz bu şüurlu cığırla irəliləməyə davam etdikcə bütün bu söylədiyim şeylər sizin qarşınızda özünü daha çox faş edəcək.

– Mənə bir neçə misal söyləyə bilərsinizmi?

– Əlbəttə. Siz üçüncü mərhələyə qədəm qoyduqdan sonra indiyədək heç vaxt yaşamadığınız hisləri ­keçirməyə başlayacaqsınız.

Ya da ki, daha dəqiq ifadə etsəm, bir vaxtlar uşaq ikən hiss etdiyiniz, amma uca səslə oxumağın və ya içinizdəki sevincdən doğan şəfəqləri ətrafa həddən artıq çox saçmağın nəzakətdən kənar bir şey olduğunu sizə əhatəsində olduğunuz dünya tərəfindən öyrədilməsindən sonra içinizdə boğduğunuz həmin hisləri yenidən hiss etməyə başlayacaqsınız.

Siz elə bir sevinc hissi keçirəcəksiniz ki, gözləriniz yaşaracaq. Günəş şüalarına qərq olmuş bir gün sağ olduğunuza görə elə böyük minnətdarlıq hissi yaşayacaqsınız ki, ürəyiniz daha güclü döyünməyə başlayacaq.

– Çox gözəl, – deyə həyəcanla dilləndim və Culianın söylədikləri möcüzələri öz həyatımda sınaqdan keçirmək üçün səbirsizləndim. Bununla belə, Culianın mənə mürşidlik etməyə başladığı gündən sonra bu möcüzələrin bəzilərinin artıq mənim həyatımın bir hissəsinə çevrilməyə başladığını da hiss edə bilirdim.

– Siz öz hislərinizi tamamilə yeni bir səviyyədə təcrübədən keçirəcəksiniz. Və mən onu da qeyd etməliyəm ki, siz yalnız uzun illər boyu hiss etmədiyiniz zirvələri deyil, həmçinin minimumları da hiss etməyə başlayacaqsınız, – Culian dedi.

– Bəli, bu mərhələdə bütün ömrünüz boyu hiss etdiyinizdən daha böyük xoşbəxtlik və sevinc hisləri keçirəcəksiniz. Lakin siz öz ağrı mənbəyinizə də çıxış əldə etmək imkanına sahib olacaqsınız.

Siz özünüzü həmişə olduğundan daha yaxşı tanımağa başlayacaqsınız, çünki siz bir zamanlar yalan bataqlığı olan həyatınızı tərk etməkdə və həqiqətlərə qarşı ­oyanmaqdasınız. Həqiqət isə ondadır ki, siz öz kədərinizin böyük bir hissəsini rədd etmisiniz.

Siz bir zamanlar olduğunuz şəxsiyyəti tərk etmiş olduğunuzdan, özünüzə xəyanət edərək öz əsl təbiətinizi, xarakterinizi tərk etmiş olduğunuzdan sizin bir hissəniz artıq məhv olmuşdur. Sizə ağrı hiss etdirən də elə budur.

Siz əsl kimliyinizi tərk etdiyinizdən və sevgidən daha çox qorxu ilə dolu olan bu dünyamıza qədəm basdığınızdan sizin daxilinizdə çox böyük kədər hissi yaranıb. Sizə ağrı-acı yaşadan təkcə bunlar deyil, sizi müxtəlif yollarla əzaba düçar edən həm də bu dünyamızdır. İnsanlar sizin ümidlərinizi əzərək heç ediblər. İnsanlar sizin ruhunuzu boğublar.

İnsanlar sizin arzularınızı ayaqlar altına alaraq tapdalayıblar. Onlar sizə sizin üçün münasib olmadığını bildiyiniz tərzdə davranmanızı söyləyiblər. Onlar sizə hər şeydən qorunmağı və sizin ən böyük və ən yaxşı hissənizin yanlış olduğunu bildiyi tərzdə davranmağı öyrədiblər. Amma yanlış olduğunu bilə-bilə siz onların dediklərini etdiniz.

– Başqaları tərəfindən sevilmək və kütləyə uyaraq ondan seçilməmək, – mən Culianın əvvəllər mənə öyrətdiklərini xatırlayaraq dedim.

– Tamamilə doğru söylədiniz. Ona görə də siz bu kədəri yaşayaraq onu həzm və təhlil etməlisiniz. Siz içinizdə daşıdığınız ağrıları və təhtəlşüurunuzda irinləmiş köhnə yaraları saf-çürük etməlisiniz.

Bunu etsəniz, əksər insanları boz, mənasız və rəngsiz həyat yaşamağa sövq edən dar hissiyyat zolağınız genişlənməyə ­başlayacaq. Udaraq içinizə doldurduğunuz kədər və ağrıları daha kəskin şəkildə hiss etdikcə, siz həm də həyatın bizə bəxş etdiyi sevinc və zövqlərini daha parlaq şəkildə hiss etmək iqtidarında olacaqsınız.

Günəşin doğmasını görməkdən mütəəssir olduğunuz və göy qurşağını seyr etməkdən məmnunluq hissi keçirdiyinizi sezəcəksiniz. Siz görəcəksiniz ki, dünyamız sizin bir vaxtlar onun haqqında düşündüyünüzdən daha rəngarəng və daha həyat dolu bir məkandır.

Siz həmçinin uzun illər boyu hiss etdiyinizdən daha çox sevgidolu olduğunuzu sezməyə başlayacaqsınız. İçinizdəki sevgi yalnız sizi əhatə edən insanlara qarşı olmayacaq, bu sevgi sizin özünüzü də öz ağuşuna alacaq.

– İnanılmazdır.

– Üçüncü mərhələdə siz öz həyatınız haqqındakı illüziyaları tərk etdikdən və dünyanı həqiqətdə olduğu – inanılmaz dərəcədə gözəl bir məkan – kimi görməyə başladıqdan sonra həyatınızdakı sinxronizmin sürəti də artacaq.

Görürsünüzmü, dostum, kainatın sizin yaşamanızı istədiyi həyatınızı sürdürərkən nə qədər çox cəsarət və əminlik nümayiş etdirsəniz, o sizə də bir o qədər çox xoşbəxtlik və nemətlər bəxş edəcək. Kainat sizə öz yaşıl işıqlarını yandıracaq. Elə gözəl şeylər baş verəcək ki, ağlınızı başınızdan alacaq.

İnsanlar sizin həyatınıza elə münasib vaxtlarda daxil olacaqlar ki, elə bil onlar insan yox, arzusunda olduğunuz şeyləri əldə etmənizə yardım etmələri üçün göndərilmiş mələkdirlər.

Bəzi məqamlarda sizə az qala elə gələcək ki, gözlə görünməyən bir cüt əl sizi bir zamanlar yalnız xəyallarınızda yaşaya bildiyiniz gözəl həyata doğru istiqamətləndirir. İçinizdəki arzularınız sizin reallığınıza çevrilməyə başlayacaq.

Taksi şəhərin boş küçələri ilə irəliləyərkən, Culian əlini xalatının içinə saldı və bir parça qırığı çıxardı. Mən bir söz deməyə macal tapmamış o, əlini mənə tərəf uzadaraq parça ilə gözlərimi ehtiyatla bağladı.

– Culian, nə baş verir? – mən təəccüb və həyəcan qarışıq bir hislə ondan soruşdum. – Mən heç nə görə ­bilmirəm.

– Sadəcə, rahat olun, amiqo. Bu etdiyim boş yerə deyil, onun bir mənası var. Görürsünüzmü, bu gün planetimizdə əksər insanlar gözlərini bir növ sarğı ilə bağlamış vəziyyətdə öz həyatlarını yaşayırlar. Belə demək mümkündürsə, onlar zülmətə qərq olublar.

Onlar dünyanın həqiqi gərdişi və bu dünyada onlar üçün biçilmiş rollar haqqında tamamilə qəflətdədirlər. Əslində, insanların böyük əksəriyyəti – mən kiməsə qarşı hörmətsizlik etmək fikrindən çox uzağam, mən, sadəcə, bəzi həqiqətlər haqqında danışıram – elə tərzdə yaşayırlar ki, bu cür həyatı yalnız “kimi səciyyələndirmək olar.

– Bu sözlərlə nəyi qəsd edirsiniz, Culian? – biz taksidə sonu bəlli olmayan naməlum istiqamətdə yolumuza davam etdiyimiz zaman mən ondan soruşdum.

– Hmm, hər hansı bir qabiliyyətin öyrənilməsində

– bunun velosiped sürməyi öyrənmək və ya dahiyanə bir həyat sürməyi öyrənmək qabiliyyəti olmasından asılı olmayaraq – ustalıq səviyyəsinə yetişmək üçün yola çıxan öyrəncinin keçməli olduğu dörd məqam mövcuddur.

Birinci məqam və ya mərhələ bayaq dediyim “qeyri-iradi qabiliyyətsizlik” məqamıdır. Bu mərhələdə tələbə yalnız səriştəsiz olmur, həmçinin nə üçün səriştəsiz olduğu haqqında, ümumiyyətlə, heç bir fikrə də sahib deyil. Başqa sözlə desək, bu mərhələdə tələbə bilmir ki, bilmir.

Belə ki, velosiped ilə bağlı misaldan göründüyü kimi, tələbə velosipedi sürə bilmir və onu idarə etmək üçün hansı qabiliyyətlərə sahib olub-olmaması haqqında heç bir təsəvvürü yoxdur. Təəssüflər olsun ki, bir çox insan öz ömrünün ən gözəl illərini naşı insanlara xas olan bu səviyyədə keçirir.

– Onlar, məcazi mənada desək, öz həyatlarını gözləri bağlı yaşayırlar və əslində, kim olduqları və necə yaşamalı olduqları haqqında heç nə bilmirlər, – mən gözlərimi örtən bağı açmadan dedim.

– Tamamilə doğru buyurdunuz. Bu cür insanlar öz davranışları, etdikləri seçimlərin xüsusiyyəti və keyfiyyəti, eləcə də həyatın oyun meydançasında bir insan varlığı olaraq öz ən böyük oyunlarını oynaya bilmələri üçün hansı keyfiyyətləri təkmilləşdirməli olduqları haqqında düşünmələri üçün qətiyyən vaxt ayırmırlar.

Amma əgər təkmilləşmə arzusu varsa, bəzi insanlar ikinci mərhələyə qədəm qoyurlar və bu mərhələ “şüurlu qabiliyyətsizlik” adlanır. Bu mərhələdə öyrənci məharət baxımından hələ də qabiliyyətsiz olaraq qalır, ­lakin, ən azından, o bütün bilmədiklərini və öyrənməli olduğu şeyləri dərk etməyə başlayıb.

Əgər velosiped ilə bağlı söylədiyimiz misala qayıtsaq, tələbə hələ də onu sürə bilmir, amma indi artıq o, velosipedlə irəliyə doğru hərəkət edə bilməsi üçün müvazinətini saxlama qabiliyyətini inkişaf etdirməli, müəyyən üsulla sükandan tutmalı və pedallardan lazımi formada istifadə etməyi öyrənməli olduğunu bilir.

Onun bilikləri artmaqdadır. Nələri bilmədiyiniz haqqında bilik və təsəvvürləriniz artdıqca, yeni seçimlərin edilməsi də mümkün olur. Yeni və daha yaxşı seçimlər müsbət dəyişikliklərin baş verməsinə səbəb olur.

– Bəs öz həyatını yaşama qabiliyyəti baxımından “şüurlu qabiliyyətsizlik” səviyyəsində olan bir insan haqqında nə demək olar? Bu insanın vəziyyəti nəyə bənzəyir?

– Çox gözəl sualdır, – taksi sürətini artırdığı anda Culian dedi. – Belə bir şəxs yenə də ustalıq məqamından çox uzaqlarda olacaq, lakin, ən azından, gerçəkliyə qarşı oyanmağa başlayacaq, yəni bilmədiyi və üzərində işləməli olduğu şeylər haqqında aydın təsəvvürə malik olacaq.

Bu şəxs öz həyatını lazımi şəkildə yaşamaq üçün səriştəli olmasa belə, etdiyi bütün səhvləri görməsi üçün tələb olunan dərrakəyə sahib olacaq. Məsələn, o öz həyatında qorxularının onu idarə etdiyi və ya hər dəfə öz bütünlüyünü əldən verdiyi bütün məkanları görmək iqtidarında olacaq.

Dürüst və həqiqi olmadığı və ya əzəmətlilik əvəzinə alababatlıqla kifayətləndiyi bütün halları görə biləcək. Və bir halda ki, dərketmə seçimdən öncə gəlir, eləcə də yeni seçimlər fərdin həyatında yeni dəyişikliklərin baş verməsi üçün imkan yaradır, deməli, bu fərd öz həyatında irəliyə doğru bəzi nəhəng addımlar atacaq.

Bundan sonra biliyin bu növü həmin şəxsi üçüncü məqamın kandarına gətirəcək. Bu məqamın adı “şüurlu qabiliyyətlilik”dir. Bu mərhələdə tələbə artıq bacarıqlıdır.

Bununla belə, o hələ də əvvəlki kimi öz etdiklərinə lazımi diqqət ayıra bilməsi üçün çoxlu enerji sərf etməlidir, çünki tələbə hələ ustalıq səviyyəsinə çatmayıb, amma onun yüksək nəticələr əldə etməsi əsla şübhə doğurmur.

Məsələyə velosiped məcazının baxış bucağından yanaşsaq, öyrənci artıq velosipedi lazımi qaydada sürə bilir. Lakin, bununla belə, o, sükanı necə tutduğuna, velosipedin üstündə öz müvazinətini necə qoruduğuna və pedalları necə fırlatdığına diqqət yetirməlidir.

– Öz həyatının “şüurlu qabiliyyətlilik” mərhələsində olan insanların ovqatı necə olur?

– Çox yaxşı, çünki yüksək nəticələr əldə edirlər. Onlar dünyanı idarə edən bir çox təbiət qanunlarından istifadə imkanı qazanıblar. Onlar bir zamanlar həyatlarını çulğamış yalanı tərk ediblər və özlərinə qarşı etdikləri xəyanəti bütün acısı ilə dərk edirlər.

Onlar artıq kütləni tərk etmişlər və öz həyatlarını istədikləri kimi yaşayırlar, öz ürəklərinin asta pıçıltılarını dinləyir və vicdanlarının söylədiklərinə qulaq asırlar. Lakin onlar hələ də hər gün öz seçimlərini şüurlu şəkildə və hərtərəfli fikirləşərək etməlidirlər.

Onlar hələ də gördükləri hər işə çox böyük diqqətlə yanaşmalıdırlar. Öz ən böyük həyatlarına yetişmək üçün bu cığırla irəliləyən bir çox arayıcılar bu mərhələyə çata bilirlər və sizə deməliyəm ki, bu məqam elə gözəldir ki, buraya gəlməyinə dəyər.

Amma əgər sizin içinizdə istək varsa və siz özünüzü buna həsr etməyə hazırsınızsa, siz bu yolda daha yüksək mərtəbələrə çata bilərsiniz və bu məqam “şüursuz qabiliyyətlilik” adlanır. Bu yüksək mərtəbədə tələbə öyrənmək məharətinin həqiqi ustalıq səviyyəsinə çatır. Bu mərhələdə velosipedçi daha heç nə haqqında düşünmək məcburiyyətində deyil.

O, sadəcə, evdən çıxır, öz velosipedinə minir və onu yüksək sürətlə küçə ilə sürür. Bu zaman o öz velosipedinin sükanını necə tutduğundan qat-qat daha çox üzünə vuran küləyə və kürəyini qızdıran günəş şüalarına diqqət verir.

Və öz həyatını bu səviyyədə yaşayan hər bir kəsin bütün diqqəti indiki an üzərində cəmləşir. Öz günlərini yaşayarkən məharətlə irəliləyir.

O sonsuz dərəcədə müdrik və ayıqdır. Və bu çox gözəl bir şey olardı, – taksinin təkərləri ciyilti çıxararaq dayananda Culian dedi. – “Gəlib çatdıq, mənim dostum. Lütfən, biz binaya daxil olana qədər gözündəki bağı açma.

– Biz haradayıq?

– Yeddi mərhələli Oyanışın üçüncü mərhələsində sizin etməli olduğunuz ən vacib şeylərdən biri nəzarəti yumşaltmaqdır. Sizin hər şeyi öz ixtiyarına buraxmaq istəyiniz olmalıdır. Sizin indiyə qədər sahib olduğunuz hər şeyi təslim etmək və yeni reallığın içinə addımlamaq arzunuz olmalıdır.

Bəli, bunu etmək heç də asan olmaya bilər, lakin bu sizin indiyədək etdiyiniz ən yaxşı gedişlərdən biri olacaq, qarşınızda bir dünya dolusu imkanlar və dəyərli hədiyyələrin qapısını açacaq. Yazıçı Marsel Prustun bu sözləri lap yerinə düşər: “Həyatı gözləmə.

Onun üçün əldən- ayaqdan getmə. Həmişə və hər an bil ki, möcüzələr burada və bu an baş verir”. E.E.Kamminqsin dedikləri daha lokanikdir: “Böyümək, boya-başa çatmaq və əsl kimliyinizi dərk edərək həmin şəxsə çevrilmək üçün cəsarət tələb olunur”.

Biz maşından düşdük və Culian mənim qolumdan tutaraq məni binaya tərəf apardı. Gözlərim hələ də ­bağlı idi.

– Hə, amiqo, indi qaranlıq aləmdən çıxa və möcüzələr aləminə qədəm qoya bilərsiniz.

Mən gözlərimi qapayan bağı açdım. Yerli incəsənət qalereyasının əsas salonlarından birində olduğumuzu o dəqiqə anladım. Culian mənə baxaraq gülümsəyirdi.

– Bütün ay boyunca bu qalereya Salvador Dalinin beynəlxalq sərgi ekspozisiyasına ev sahibliyi edib. Bu qalereyada sənətkarın bəzi ən məşhur əsərləri var. Onun sənəti inanılmaz dərəcədə valehedicidir. Mən hər gün, sadəcə, onun əsərlərinə tamaşa etmək üçün saatlarla vaxtımı burada keçirirəm.

Arayıcının başladığı səyahətin üçüncü mərhələsi ilə bağlı bir məqama aydınlıq gətirmək üçün sizi buraya gətirmişəm. Bir zamanlar həyatınızın girdabına batdığı yalanı tərk ­etdiyiniz, ­oyanmağa qərar verdiyiniz və şüurluluq cığırına qədəm qoyduğunuz anda üçüncü mərhələ sizin həyatınıza labüd şəkildə daxil olacaq və bundan əvvəl söylədiyim kimi, siz dünyaya tamamilə yeni gözlərlə baxmağa başlayacaqsınız.

Bu yolu getmək heç də həmişə asan olmayacaq, bunu artıq siz özünüz də bilirsiniz. Lakin əgər sizin üçün cızılmış nəcib həyatı yaşamaq istəyirsinizsə, onda bu, yeganə yoldur.

“Hər gün cəsarətin cəmi bir neçə şahidi olur. Lakin sizin cəsarətiniz də ondan daha az nəcib deyil, çünki sizin qarşınızda təbil vurulmur və camaat sizin adınızı ucadan qışqırmır”, – Robert Lüis Stivenson yazırdı.

Bir zamanlar yaşadığımız dünyanın necə böyük, gözəl və zəngin bir yer olduğunu görmənizə maneə olan bağ, həqiqətən, düşəcək və siz öz həyatınızı bir sənət əsəri kimi görməyə başlayacaqsınız. Salvador Dalinin sənəti və məharəti başqa heç bir rəssamınkına bənzəmir.

O, dünyaya fərqli prizmadan baxırdı və bunun nəticəsində də onun yaratdığı əsərlər insanı valeh edir və öz yaradıcılıq təsiri baxımından onun əsərləri misilsizdir. Mən istəyirəm ki, siz bir zamanlar qərq olmuş olduğunuz zülmətdən işığa çıxmağa davam edəsiniz.

Mən istəyirəm ki, siz öz günlərinizi sürdürərkən “şüurlu qabiliyyətliliyə” davam edəsiniz və bir gün ustalıq səviyyəsinə və “şüursuz qabiliyyətlilik” kimi bilinən həqiqi iqtidara çata biləsiniz. Mən istəyirəm ki, siz, həqiqətən, sənət əsəri hesab edilə biləcək bir həyat qurasınız. Siz bunun üçün lazım olan hər şeyə sahibsiniz. Sizdə bu potensial var.

Əslində, bizim ­hamımızda bu potensial mövcuddur. Hər şeyin başı olan məqam isə sizin həmin səviyyəyə yetişmək üçün tələb olunan daxili içi görmək arzunuzun olub-olmamasıdır. Öz həyatınızda Salvador Dali olun, mənim dostum və sadəcə, qarşınızda açılan möcüzələrə tamaşa edin.

Səhərin qalan hissəsini Culian ilə mən sənət nümunələrinə tamaşa etməklə və bir-birimizlə müsahib olmaqdan zövq almaqla qalereyada gəzişdik. Söhbət zamanı Culian mənə özü haqqında çox şeylər danışdı.

Mənə vəkil praktikası ilə məşğul olduğu zaman üzləşdiyi şəxsi problemlər və öz hüquqşünas karyerasına son verərək düşüncələrini məşğul edən bir sıra suallara cavablar tapmaq üçün onu Hindistana səfər etməyə vadar edən bəzi hadisələr və şərait haqqında söhbət açdı.

Dəbdəbəli həyat sürən bir vəkil kimi məhkəmə proseslərində başına gələn hadisə və sərgüzəştlər haqqında mənimlə bölüşdükləri məni uzun müddət ərzində güldüyümdən daha çox güldürdü.

Onun yeganə qızının sərxoş sürücünün idarə etdiyi avtomobildə qəzaya düşərək həyatını itirməsi ilə bağlı vəkillik karyerasına son verməsinin kütləvi informasiya vasitələrində necə geniş əks-səda doğurması haqqında mənə danışanda göz yaşlarımı saxlaya bilmədim.

– “Həyat öz-özlüyündə sizə ağrı-acı verəcək”, – Culian məşhur psixoloq Milton Eriksondan sitat gətirərək dedi, – “sizin məsuliyyətiniz isə sevincə həyat verməkdir”.

Həyat mənim yoluma kifayət qədər böyük müvəffəqiyyətsizliklər çıxardı. Lakin heç nəyə rəğmən mən sağ qaldım və heç nə mənim inkişafımı ləngidə bilməz. Mən bir də onu anladım ki, həyatda hər nə baş verir versin, onun bizim ona verdiyimizdən başqa mənası olmur.

Ağrı və əzab yalnız mühakimə nəticəsində təzahür edir. Biz mühakiməni bir kənara qoyduğumuz, hər şeyə “mənfi” və ya “müsbət” damğasını vurmağımıza son verdiyimiz və onların, sadəcə, öz ən böyük kimliyimizə təkamül etmək üçün bir fürsət olduğunu qəbul etdiyimiz andan etibarən, bizim həyatlarımız dəyişməyə başlayır.

Əslinə baxsan, “bədbəxt” və hətta “xoşbəxt” təcrübə deyə bir şey yoxdur. Sadəcə, həyat var – bilmirəm, nə demək istədiyimi anlaya bildinizmi. Həyat yolumuzda irəlilədikcə, biz başımıza gələnləri şərh edir, onları fikir süzgəcimizdən keçirir və bununla da öz reallığımızı yaradırıq. Bir çox cəhətdən bizim dünyamızı formalaşdıran da elə bizim düşüncələrimizdir.

Mən həyata əla bir macəra kimi baxıram. Çətin anlarım mənim inkişaf etməyimə təkan verir və daha müdrik olmama səbəb olur. Yolumdakı asan düzlüklər mənim daxilimi sevinc hissi ilə doldurur və sanki öz həyatımı oyunun təbii qaydalarına riayət edərək yaşadığıma görə bir mükafatdır.

Keçən həftə Piterin bizə dediyi kimi, əslində, həyat, həqiqətən, çox qısadır, mənim dostum və içimizdəki əzəmətə yetişmək üçün bu istiqamətdə gündəlik olaraq addımlar atmalıyıq. Həyat sensasiyalı bir səyahətdir və mən, öz payıma, ondan zövq almaq niyyətindəyəm.

YEDDİNCİ FƏSİL
Arayıcı öz ustadından təlimatlar alır

Kim olmaq istədiyini əvvəlcə özünə etiraf et və sonra boynuna düşəni yerinə yetir.

Epiktet

Bəs birdən səfillərin ən yoxsulu və cinayətkarın ən qabasının öz içimdə olduğunu, öz mərhəmətimin sədəqəsinə ehtiyacım olduğunu və sevilməli düşmənin mən özüm olduğumu aşkar etməliyəmsə – bəs onda necə olsun?

Karl Yunq

Culian ilə sənət əsərləri qalereyasında son görüşümdən düz bir ay keçmişdi. Mən hər gün sübh tezdən yuxudan qalxır və vaxtımın böyük hissəsini düşüncələrə qapılaraq keçirir, indiyədək sürdüyüm həyatımda olduğundan daha dərinlərə dalırdım.

Keçirdiyim illər ərzində Culianın öyrəncisi olmazdan öncə heç vaxt fərqinə varmadığım bir çox düşüncə tərzi, hissiyyat və davranış modellərini dərindən anlamağa başlamışdım. Məlumatlılıq, həqiqətən də, bir çox yeni seçimlərin müjdəçisi oldu.

Nəyi təkmilləşdirməli olduğum haqqında heç bir fikrim olmadığı halda öz həyatım üçün yaxşı seçimləri necə edə bilərdim axı? Və mənim etdiyim yeni seçimlər, həqiqətən də, məni yeni dəyişikliklərə gətirib çıxardı.

Özümə qarşı necə tez-tez təxribatla məşğul olduğumu və bununla da öz həyatımı necə məhdudlaşdırdığımı görməyə və dərk etməyə başladım. Mən öz davranışlarıma diqqət verməyə başladım və ömrümdə ilk dəfə öz davranışlarımın köklü səbəblərini aydınlaşdırmaq üçün ciddi şəkildə özünütəhlil ilə məşğul oldum.

Həmin anlar mənim üçün müdhiş dərəcədə həyəcanverici idi, çünki getdikcə özümü daha yaxşı tanımağa başlamışdım. Həmin anlar mən həmçinin melanxoliyaya da qapılırdım, çünki özümə qarşı necə tez-tez xəyanətkarcasına davrandığımın şahidi olurdum.

Culianla görüşmədiyim həftələr ərzində məni bu qədər ağrı-acıya düçar etdiyini indi anladığım o keçmiş özünəxəyanət davranışlarından birinə yuvarlanmaq üzrə olduğum məqamları görməyə başladım.

Bununla belə, keçmişdə mən düşünmədən buna mənfi reaksiya verərdim, amma indi bu hala reaksiya verməzdən öncə fasilə götürürəm. İnsanların və ya şəraitin məni necə tez-tez tətiklədiyinə inanmaqda çətinlik çəkirdim.

Keçmiş günlərimdə insanlara və şəraitə qarşı keçirdiyim hiss və göstərdiyim reaksiyaları günahlandırardım. İndi isə, Culianın müdrik məsləhətləri sayəsində, mən öz hislərimin hakiminə çevrildim və hər şeyin səbəbkarının özüm olduğumu anladım.

Bunu müşahidə etmək mənə çox qəribə gəlirdi və bu hal özümü daha yaxşı hiss etməyimə səbəb oldu. Məncə, mən artıq bir şəxsiyyət kimi böyüməyə və taleyimin istədiyi insana çevrilməyə başlamışdım.

Culianla telefon söhbətim zamanı mən təsdiq etdim ki, bu, həqiqətən də, şəxsiyyət kimi böyümənin ən bariz nişanələrindən biri idi. O da mənə bildirdi ki, bu yaxınlarda nevroloqlar aşkar ediblər ki, stimul və ona müvafiq reaksiyanın verilməsi arasında 0,25 saniyəlik fürsət pəncərəsi mövcuddur.

Bu müddət ərzində insan düşünə və ən yaxşı seçimi edə bilər. O belə düşünür ki, öz davranışlarımı yenidən yazmaq və həyatımın böyük bir hissəsini yenidən formalaşdırmaq və bununla da, mənim daha şüurlu vəziyyətə yetişməm üçün tələb olunan daha yüksək qərarların verilməsində mənə lazım olan vaxt da məhz 0,25 saniyəlik zaman dilimidir.

Culianın mənimlə bölüşdükləri haqqında daha çox düşündükcə, mən daha aydın şəkildə anlamağa başladım ki, Culian gözəl həyat sürmək üçün dərin müdrikliyi olan, eləcə də həddən ziyadə praktik bir fəlsəfi konsepsiya hazırlamağa müvəffəq olmuşdur.

Bəli, mənim gündəlik olaraq etdiyim seçimlər mənim həyatımın hansı istiqamətdə inkişaf edəcəyinə çox böyük təsir göstərəcəkdi.

Görmək istədiyim şeylərin gerçəkləşməsində, əlbəttə ki, mənim rolum çox böyük idi. ­Lakin mənim taleyimin yekunda gəlib çıxacağı məqam, sadəcə, mənim, bir insan varlığı olaraq, etdiyim seçim və nəzarət imkanlarımdan asılı olmayacaq, onları qat-qat aşacaqdı.

Bizim dərslərimiz zamanı Culianın mənə tez-tez dediyi kimi: “Siz əlinizdən gələni edin və sonra qalanını təbiətin ixtiyarına buraxın”. Əlimdən gələn bir şey vardı, o da, sadəcə, ola biləcəyim qədər yaxşı insan olmaq və öz həyat yolumun hər bir mərhələsində mümkün olduğu qədər dürüst yaşamaq.

Belə olan halda, həyat hər şeyi öz üzərinə götürər və məni olmalı olduğum yerə doğru istiqamətləndirərdi.

Gəlib çatdığım yer xoşuma gəlməyə də bilər, amma Culianın dediyinə görə, mən inanmalıyam ki, mənə göstərilən yolla gəlib çatdığım yer ən çox böyüyəcəyim, ən çox yüksək səviyyəli səhhətə qovuşacağım və ən səmərəli təhsil alacağım yerdir.

Bu “şou”nu idarə edən daha yüksək bir nizam mövcuddur, elə yüksək nizam ki, bir insan varlığı olaraq öz məhdud idrakımla onu dərk etmək iqtidarında deyildim.

Mən böyüdüyüm müddət ərzində çox tennis oynayırdım və Culianın “tale və seçim, onlar bizim ömür yolumuzda bəxtimizin necə olacağına təsir edir” arasındakı tərəfdaşlıq haqqındakı şəxsi fəlsəfəsi bəzən mənə bu oyunu xatırladırdı.

Adama elə gəlirdi ki, mən yalnız oyun meydançasının özümə aid hissəsində baş verənlərə nəzarət edə bilərəm. Mənim yeganə vəzifəm öz ən yaxşı servisimi yerinə yetirmək və ən yaxşı zərbəmi endirə bilməkdən ibarətdir.

Həyat ilə bağlı mənim öz işığımın şəfəq saçmasına izin vermək və öz arzularım ilə bağlı hərəkətə keçmək kimi vəzifəm vardı. Bundan daha azını etmək mənə bəxş edilmiş hədiyyələri ləkələmək anlamına gəlirdi.

Lakin mən bunu edən kimi, top meydançanın o biri hissəsinə getdi, mən isə nəticələr ilə bağlı düşüncələrimi başımdam atmalı və rahatlaşmalıydım.

Sonsuz dərəcədə müdrik olan kainatımızın mehribanlığına etibar etməliydim. Nəticələrin necə olacağı haqqında narahatçılığıma səbəb olan yalnız öz qorxularım idi.

Culian məni inandırmışdı ki, öz qorxularımı dəf etməyə və daha böyük plana ümid etməyə başladığım andan etibarən mən hər şeyin ən yaxşı nəticələrə kökləndiyini görməyə başlayacaqdım.

Culian ilə son görüşümüzdən sonrakı bir ay ərzində mən şəxsi məsuliyyətlə bağlı öhdəliklər və hesabatlılıq anlayışı haqqında düşüncələrimi dərinləşdirdim.

Talenin mənim üçün bir qədər qaralama cızdığını anlayaraq onu qiymətləndirməyə başladığımda, öz günlərimin anlarında necə davrandığımdan asılı olaraq, taleyimi formalaşdırmaq üçün boşluqları doldurmaq ilə bağlı əlimdə olan gücü və qüdrəti bütün həyatımda heç vaxt olmadığı qədər daha aydın hiss etməyə başladım.

Əgər mən dürüst olsam, düzgün olan şeyləri etsəm, istədiyim şeyləri yaratmaq üçün öz istedadımdan istifadə etsəm və öz arzularımın ardınca getsəm, həyatımın indiyədək olduğundan daha yaxşı məcrada davam edəcəyinə başımda heç bir şübhə işarəsi yox idi. “Göylər də özünə yardım edənlərə yardım edir”, – bir dəfə Culian mənə demişdi.

“Öz talenizin böyük hissəsinin memarı siz ola bilərsiniz”. Bir şeyin baş verməsinə nail olmaq, onun baş verməsinə imkan vermək, nəyisə etmək və olmaq, həqiqətən də, mənim seçim gücümlə talenin əlində olan şeylərin arasında nəhəng ekvilibristika aktına bənzəyirdi.

Yeni öyrəndiklərimdən məni ən çox heyrətləndirən şey həyatım boyu ən çox müqavimət göstərdiyim bütün şeylər haqqında artan anlayışım oldu.

Culian “daima öz müqavimətinə qarşı çıxmaq” ilə bağlı dərin inanc sahibi idi və mən bu haqda nə qədər çox düşünürdümsə, qaçmağa çalışdığım bütün şeyləri bir o qədər daha aydın görməyə başlayırdım. Sem Kin bir zamanlar belə yazırdı: “Biz qaçmağa çalışdığımız şeylərin tələsinə düşmüşük”. Doğru deyilmiş sözlərdir.

Culian məndən xahiş etmişdi ki, İstedadlı Uşaqlar üçün “Stone İnstitutu”na məxsus məktəb binasında onunla görüşüm. Culian görüşümüzü axşam vaxtına, kifayət qədər gec saatlara təyin etmişdi və mən öz macərapərəst mürşidimin bu tədris sessiyasında mənimçün nə planlaşdırdığını öyrənmək üçün maraqla gözləyirdim.

Culianın tələbəsi olmaq kimi imtiyazımın nə qədər davam edəcəyi də məni çox düşündürürdü. Culianın şəhərə geri dönməsindən kütləvi informasiya vasitələrinin xəbəri yox idi və mən bilirdim ki, o, ehtiyatla davranır və diqqət çəkməmək üçün əlindən gələni edirdi.

Bütün bunlardan anladığım o idi ki, Culian öz günlərini Piterlə tanış olduğum xəstəxanada könüllü kimi işləməklə, incəsənət qalereyasında Salvador Dali ilə söhbətlər etməklə, vaxtı-zamanı yetişəndə mənimlə işləməklə və öz üzərində işləmək üçün meditasiya etmək, kitab oxumaq, jurnalda qeydlər tutmaq və səbirlə düşüncələrə dalmaqla keçirir.

Mənə onu da demişdi ki, o öz vaxtının böyük bir hissəsini meşə gəzintilərinə və təbiət ilə ünsiyyətə sərf edir. Culian, həqiqətən də, həddən ziyadə sadəliyi ilə seçilən bir insan idi. Mən bir də onu anlamışdım ki, Culian, həqiqətən də, dahi bir insan idi, vəssalam.

Mən binaya daxil olanda divarda Culianın xətti ilə yazılmış bir kağız parçası gördüm. Kağızda bu sözlər yazılmışdı: “Həyat bu planetdə yaşadığımız müddətcə öyrənməli olduğumuz dərslərin hər birini ala bilməmiz üçün bizə imkan verilməsi məqsədilə ideal şəkildə yaradılmış bir inkişafetmə məktəbidir.

Biz Yer adlı “məktəb binası”nda yaşayırıq. Sizin müəllimlərinizdən birisi sizin gəlişinizi böyük şövq və həyəcanla gözləyir. Mən 101-ci otaqdayam. Bugünkü dərsimizin proqramı Ən Yaxşı Kimliyin Oyadılması adlanır”.

Kağız parçasının aşağı hissəsində bu hərflər qeyd edilmişdi: “Ö.F.S.R.” Mən bu hərflərin anlamını bilirdim: Öz Ferrarisini Satmış Rahib. Hərflərin sonunda isə təbəssüm ifadəsinin işarəsi vardı.

Mən qaranlıq dəhlizlə irəlilədim. Birdən qulağıma təbil səsi gəldi. Mən səs gələn yerə yaxınlaşdıqca təbil səsinin 101-ci otaqdan gəldiyi məlum oldu. Bundan sonra daha nələrin baş verməsini gözləməli olduğum haqqında heç bir fikrim yox idi.

Otağın qapısı bağlı olsa da mən ora yaxınlaşanda təbil səsi bir az da gücləndi. Keçirdiyim sinir və həyəcandan ürəyim sürətlə döyünməyə başladı. Görəsən, qapının o biri tərəfində nə baş verirdi?

“Sizi qorxudan yerlərə getməkdən çəkinməyin”,

– Culianın təliminə əsasən öz həyatımda riayət olmalı olduğum ifadələrdən biri də bu idi. Ona görə də qapını cəsarətlə açdım və otağa daxil oldum. Otaqda böyük dairə formasında düzülmüş yüzlərlə balaca şamların saçdığı işığa rəğmən içəri qaranlıq idi.

Dairənin düz mərkəzində isə əyninə xalat geyinmiş Culian dayanmışdı və öz təbilini xüsusi həvəslə, ritmlə döyəcləyirdi. Onun gözləri qapalı idi və astadan bu sözləri zümzümə edirdi: “Bütün cavablar sizin qəlbinizdədir. Öz qorxularınıza tərəf addımlayın və onda siz uçmağı öyrənəcəksiniz”.

O bu sözləri durmadan elə hey təkrar edirdi. Bu zümzüməni edərkən Culian bir dəfə də olsun gözlərini açmadı. Xarici görünüşündən adama elə gəlirdi ki, o, dərin trans vəziyyətindədir. İçəri girəndən sonra arxamca qapını bağladım və dinməzcə orada dayandım.

Təxminən beş dəqiqə sonra Culian öz təbilini döyəcləməyə ara verdi. Otağa qulaqdeşən bir sükut çökdü. O, gözlərini açdı.

– Xoş gəlmisən, Dar. Qeyri-ənənəvi təlim üsullarıma görə məni bağışlayın, – Culian dişlərini ağardaraq dedi. – Həmişə olduğu kimi, nəticələrə baxaraq mühakimə edin. Zaman keçdikcə aşkar edəcəksiniz ki, mənim ­təlim prosesim sizin həyatınızda xariqələr yaradacaq.

Sadəcə, içinizdəki etibarı itirməyin. Bu günədək siz çox yaxşı tələbə olmusunuz. Mən bunu etiraf etməliyəm. Və onu da bilirəm ki, siz hal-hazırda öz ən böyük həyatınızı özünüzə tərəf çəkməklə məşğulsunuz.

– Mənim harada əyləşməyimi istəyirsiniz, Culian? – Bir an sonra alacağım həyat təlimi ilə bağlı böyük ümid və səbirsizliklə ondan soruşdum.

– Bura gəlin, düz “Həqiqət Dairəsi”nin mərkəzinə. Yerli amerika hinduları həyatın dairələr boyunca yaşandığına inanırlar; onlar bunu “Həyat Dairəsi” adlandırırlar. Öz həyatımızın sonunda biz bu səfərə ilk başladığımız yerə dönürük. Bu elə bir dairədir ki, tamlıq və bütövlük haqqındadır.

Bu axşam həmin dairənin içində biz yalnız həqiqətləri deyəcəyik. Yaddan çıxarmayın, həyatın bütün məqsədi evə, yekparəliyə, bütünlük məkanına, öz həqiqi, qorxmaz, hər şeyi bilən və hədsiz-hüdudsuz sevgi ilə dolu kimliyinizə geri dönmək üçün tələb olunan səyahətə çıxmaqdan ibarətdir.

Həyatın məqsədi bütünlük boşluğunu doldurmaqdan ibarətdir.

– “Bütünlükdəki Boşluqlar” konsepsiyası ilə tanış deyiləm. Sizcə, mən bunu bilməliydimmi?

– Xeyr, amiqo. Mən elə indicə onu sizə təqdim edirəm, çünki siz bunun üçün artıq tamamilə hazırsınız. Sizinlə ilk görüşümüzdən etibarən, dünyaya göz açdıqdan sonra insanın başına nələr gəldiyi haqqında danışıram. Bu proses zamanı biz öz həqiqi kimliyimiz ilə bizi əlaqələndirən bağları itiririk.

Biz doğularkən əsl və təmiz ­oluruq. Biz anadan qorxmaz və ürəyiaçıq doğuluruq. Biz dünyanı idarə edən təbiət qanunlarından və buraya nə üçün gəldiyimizdən xəbərdar olaraq dünyaya göz açırıq.

Lakin – indi bundan sizin də xəbərdar olduğunuzu bilirəm – biz ətrafımızdakı insanları məmnun etməyə və kütləyə uyğunlaşaraq onun içində gözdən itməyə çalışırıq…

– Kütlə həqiqəti dəqiq təmsil edənə deyil, reallığın mağaranın divarında rəqs edən uydurma əksinə tamaşa edir, – Kamden mağarasında keçdiyimiz təlim sessiyası zamanı Culianın mənimlə bölüşdüyü Platonun “Respublika” əsərindəki mağara metaforasını xatırlayaraq mən tez müdaxilə etdim.

– Tamamilə doğrudur, – deyə Culian yumruğunu havada yelləyərək bağırdı. – Öz həqiqi kimliyimizi tərk etdiyimiz və bizi əhatə edən insanlardan inanclar, dəyərlər və davranışlar əxz edərək özümüzə xas olmayan başqa insanlara çevrildiyimiz prosesi mədəni normalara uyğunlaşma adlandırırlar.

Beləliklə, öz həqiqi kimliyimizi tərk edərək sosial kimliyimizə tranformasiya etdiyimizdə bu boşluq formalaşmağa başlayır. Biz öz orijinal təbiətimizi bir kənara qoyaraq saxta şəxsiyyət maskasının arxasında gizlənirik.

Biz öz bütünlüyümüzdən kənara çıxırıq, nəticədə “Bütünlük Boşluğu” yaranır. Həqiqi kimliyimiz ilə dünyaya faş etdiyimiz ictimai kimliyimiz arasındakı boşluq böyüdükcə bizim həyatımız daha az səmərəli olacaq.

Uçurum nə qədər böyük olsa kainat bizə daha az dəstək verəcək, çünki biz kim olduğumuzu unutmuşuq və öz oyunumuzu riayət etməli olduğumuz qaydalara əməl etmədən oynayırıq. Geniş “Bütünlük Boşluğu” ilə biz daha az sevinc hissi keçirəcək, daha az enerjiyə sahib olacaq və kiçik həyatlar yaşayacağıq.

Biz “şəxsiyyətə pərəstiş” mühitində yaşayacağıq, bu isə bizim yaşamalı olduğumuz mühit deyil. Sizin şəxsiyyətiniz həqiqi deyil. O, sadəcə, sizin başqaları tərəfindən bəyənilmək, yox, sevilmək üçün yaratdığınızdan başqa bir şey deyil. Qorxunuzdan siz üzünüzə sosial maska geyinmisiniz.

– Doğrudur. Əksər insanlar üçün bu şouya sevgi qazanmağa can atan balaca uşaq rəhbərlik edir. Bu balaca uşaq qorxur ki, birdən onu sevməzlər. Bu balaca uşaq qorxur ki, birdən ətrafa uyğunlaşa bilməz.

Bu balaca uşaq öz atasının, anasının və onun əhatəsində olan digər yetkin insanların davranışlarını təkrarlayır və ümid edir ki, əgər onlar kimi – yəni kütlə kimi – davransa, var gücü ilə can atdığı bəyənilməyə nail ola bilər.

İnsanların böyük əksəriyyətinin həqiqət cığırı ilə getməyə nə üçün qorxduqlarını görməyə, anlamağa başlamısınızmı? Onlar çox dərin, eyni zamanda çox vaxt nəzərə çarpmayan səviyyədə başqaları tərəfindən sevilməyəcəklərinə görə qorxu hissi keçirirlər.

Və hər bir insan varlığının əsas arzusu başqaları üçün ən istəkli varlıq olmaqdan ibarətdir. Məhz bu arzu da bizi tələyə salır. Biz özümüzə xəyanət edirik, öz arzularımızdan imtina edirik və var olmanın bizim üçün nəzərdə tutulmamış formasını qəbul edirik.

– Və bu da bizi “söndürən” və həyatlarımızı məhdudlaşdıran “Bütünlük Boşluğu”nu yaradır. Bütün bu davranışların hərəkətverici qüvvəsi isə qorxu hissidir. Mən indi başa düşürəm ki, insanın öz üzərində işləməsi nə üçün bu qədər böyük əhəmiyyət kəsb edir.

Davranışlarımızı idarə edən qorxularımızın içindən keçməmiz üçün tələb olunan daxili işi yerinə yetirməyə başladığımız andan etibarən, bu kölgəlik zonalarını insan şüurunun işığına çıxarmış oluruq. Sizin də qeyd etdiyiniz kimi, kölgənin işığa çıxarılması onun yox olması ilə nəticələnir.

Qorxu hislərimiz bizi tərk edərək yox olur.

– Doğrudan da, Dar, qorxu hissi, sadəcə, yox olmaqla qalmır, onun yerini sevgi tutur. Sizə əvvəllər söylədiyim kimi, qaranlıq işığın yoxluğundan başqa bir şey deyil: insan şüurunun və dərrakəsinin işığını öz varlığınızın ən dərin güşələrinə buraxdığınız anda içiniz işıqla dolmağa başlayacaq.

Bir zamanlar qorxunun kök atdığı yerdə indi sevgi məskən salacaq. Yaddan çıxarmayın ki, “ziyalı” sözü içindəki işığı çölə verən mənasını daşıyır. “Bütünlük Boşluğu”nu doldurmaq əzmilə atdığınız hər bir addım sizi öz evinizə, xislətinizə xas olan ziyalılığa doğru atılmış addım hesab edilməlidir.

Qorxu hissinin sizə hakim kəsilmək istədiyi anda sevilmək üçün etdiyiniz hər bir hərəkətlə siz öz mənəviyyatınızı – və bir də unutmayın – öz orijinal təbiətinizi bərpa edirsiniz.

Öz ən böyük kimliyinizi dünyaya təqdim etmək üçün atdığınız hər bir addımın bir zamanlar dünyaya göz açarkən sizə bəxş edilmiş həqiqi gücün daha çox ­hissəsini geri qaytarmanıza yardım etməkdə müvafiq effekti olur. Sizə özünü təkmilləşdirmə anlayışının cəfəngiyat olduğunu məhz buna görə söyləmişdim.

Heç bir insanın işi təkmilləşmək deyil – ən dərin səviyyədə də olsa, biz artıq mükəmməlik və mükəmməl olan bir varlığı təkmilləşdirmək mümkün deyil. Qızıl Budda ilə bağlı rəvayəti sənə danışmışdımmı, amiqo?

– Yox, bu rəvayəti mənə danışdığınızı xatırlamıram.

Culian “Həqiqət Dairəsi”nin mərkəzində əyləşdi və bir qıçını o birisinin üstünə aşırdı. Yanan şamların sayrışan işığı otağa mistik ab-hava verirdi. Culian tam sakit görünürdü və onun baxışları elə bil iç dünyamın ən dərin güşələri ilə rabitə yaratmışdı.

Məndə elə bir hiss vardı ki, o sanki mənim içimə baxır və daxilimdəki ən nəcib və real hissəmi özünü faş etməyə səsləyirdi.

– Uzun illər bundan əvvəl Şərqdə bir qrup rahib vardı. Onlar Buddanın qızıldan düzəldilmiş nəhəng heykəlinin qarşısında dayanıb ona sitayiş edirdilər. Onlar bu bütə sitayiş edir, onun ətrafına yığışaraq meditasiya ilə məşğul olur, bu bütün onların həyatında olmasından razılıq edir və onu ən əziz bir şey kimi şəfqətlə sevirdilər.

Elə bir zaman gəldi ki, bir gün onların yaşadıqları torpaqlar xarici işğalçılar tərəfindən hücum təhlükəsi ilə üzləşdi. Bu rahiblərdən hər biri onların ixtiyarında olan belə bir icmaya sahib olmaq imtiyazından məhrum olmaqdan qorxurdu.

Ona görə də rahiblərin hamısı bir nəfər kimi öz torpaqlarını necə müdafiə edəcəkləri haqqında düşünməyə başladılar. Rahiblərdən biri ilk baxışdan sadə, amma çox effektiv bir tədbir tökdü.

Bu tədbirin tələbinə görə, rahiblərin hamısı birlikdə çalışaraq qızıl Buddanı yad gözlərdən gizlətmək üçün onun üstünə torpaq tökməli idilər. Və bu tədbir işə yaradı: qəsbkarlar qızıl heykəli tapa bilmədilər.

– Çox maraqlı rəvayətdir.

– Amma bu sizə demək istədiklərimin hamısı deyil, dostum. İllər sonra cavan bir rahib səhər erkəndən gəzintiyə çıxmışdı və birdən əvvəllər də yanından dəfələrlə keçdiyi dağın torpaq qatının altında nəyinsə parıldadığını sezir.

O, vaxt itirmədən öz rahib bacı və qardaşlarını köməyə çağırır və onlar hamılıqla torpağı qazmağa başlayırlar. Onlar qızıl Buddanın üstünü örtən torpaq qatlarını qazıb çıxardıqca qızıl özünü daha aydın şəkildə büruzə verməyə başlayır.

Nəhayət, heykəlin üstünü örtən bütün torpaq qatları qazılaraq çıxarıldıqdan sonra qızıl Budda özünün bütün gözəlliyini rahiblərin gözü önündə sərgiləyir. Onların gözləri önündə baha biçilməz bir xəzinə açılmışdı.

– Əla rəvayətdir, – deyərək etiraf etdim.

– Baxın, bu bizim üçün bu axşam məktəb binasında güclü metafor kimi işimizə yarayacaq. Bilirsinizmi, həyatın bütün qayəsi təhsil almaqdan ibarətdir. Əgər siz həyata diqqət versəniz, o hər gün sizə öyrənməyə ehtiyacınız olan şeyləri öyrədəcək.

Problem ondadır ki, əksər insanlar həyata qarşı diqqətsizdirlər. Problem ondadır ki, əksər insanlar yuxudadırlar, huşları özlərində deyil. İndi sizin də artıq bildiyiniz kimi, həmin ­insanlar ­Oyanışın 7 Mərhələsinin Birinci Mərhələsində ilişib qalıblar.

Lakin siz oyandığınız və bu mərhələlərdən keçərək öz ən yaxşı kimliyinizi bərpa etmək və aydınlanmanın son, yekun vəziyyəti istiqamətində irəlilədiyiniz anda öz əsl təbiətinizi dərk etməyə, onu tanımağa başlayacaqsınız.

Hər keçən gün, əslində, varlığınızı və cövhərinizi təşkil edən parlaqlıq və qızılın üstünü örtmüş palçığın başqa bir qatından keçərək irəliləməniz üçün sizin önünüzə yeni imkanlar çıxaracaq. Və məhz ona görə də evə geri dönmək, “Bütünlükdəki Boşluqlar”ı doldurmaq üçün əsas yol özünü kəşf etmək və mənim haqqında tez-tez danışdığım daxili işi yerinə yetirməkdən ibarətdir.

Vaxtınızı başqalarına və şəxsi məsuliyyətdən qaçmaq yollarının arayışına sərf etməkdənsə, ondan öz müqavimətinizə qarşı çıxmaq, məyusluq və qorxularınız üzə çıxaraq özünü büruzə verdikdə özünüzü imtahan etmək üçün səmərəli şəkildə istifadə etməlisiniz.

Sizi qəzəbləndirən və ya qıcıqlandıran şeylərə görə başqalarını günahlandırdığınızda sizin davranışlarınıza təsir edən kölgələrdən daha çoxunu tanımaq kimi dəyərli imkanı itirmiş olursunuz. Belə olan halda, siz daha dərinə enmək və təhtəlşüurunuzun hakimiyyəti altında olan şeyləri onların sağala və azad ola biləcəyi şüurun hökm sürdüyü məkana gətirmək imkanını əldən vermiş olursunuz.

Bu gün həyatda olan hər bir insanın həqiqi kimliyinin üzərini palçıq qatı örtmüşdür. Bəzilərimizin içində keçməli olduqları qatlar digərlərimiz ilə müqayisədə daha çoxdur. Öz həqiqi ­kimliyimizdən uzaqlaşaraq kütləyə qarışdıqca biz bu qatları toplamağa başlayırıq.

– Bu prosesə mədəni normalara uyğunlaşma deyirik, – deyə mən müdaxilə etdim.

– Doğrudur. Həyatın məqsədi, rahiblərin torpaq qatını qazıb çıxararaq qızıl Buddanın gün işığına çıxmasını təmin etdikləri kimi, cövhərimizi təşkil edən qızılın daha çox parlaması və gün işığına çıxması üçün bu palçıq qatlarını çıxarmaqdan ibarətdir.

Ən maraqlı cəhət isə ondan ibarətdir ki, hər bir cəsarətli addım, hər bir xeyirxah əməl və şəxsi məsuliyyət nümayiş etdirən hər bir davranış sizə dərhal öz bəhrəsini verəcək:

siz hər dəfə doğru olduğuna əmin olduğunuz bir şeyi edəndə və kütlənin diktə etdiklərinə deyil, öz həqiqətlərinizin ardınca gedəndə sizin əsl kimliyinizin üstünü qapatmış palçıqdan daha çox qatlar töküləcək və həqiqi kimliyiniz parlamağa başlayacaq.

Siz hər dəfə qorxu ilə deyil, şəfqət və sevgi ilə davrandığınızda sizin üçün nəzərdə tutulmuş həqiqi kimliyinizə daha çox yaxınlaşırsınız. Hər dəfə öz arzularınıza doğru can atdıqda və öz ürəyinizin səsinə qulaq asdıqda əsl kimliyinizi bir qədər daha çox xatırlamağa başlayırsınız.

Məhz bu yolla siz özünüzü tanıyırsınız. Ən böyük oyununuzu da bunlara riayət etməklə oynayırsınız. Məhz bu yolla öz taleyinizi yaşayırsınız.

Culian sözünə bir qədər ara verdi və sonra dedi:

– Hə, bu gün sizə öyrədəcəyim şey – Yer Məktəbində öyrənə biləcəyiniz ən əhəmiyyətli dərs – həyatın ­qayəsinin “Bütünlükdəki Boşluqlar”ın doldurulmasından ibarət olması haqqındadır. İdeal vəziyyətdə heç bir boşluq olmur və sizin dünyaya təqdim etdiyiniz şəxsiyyət əsl kimliyiniz olur.

İdeal vəziyyətdə sizin dünyaya təqdim etdiyiniz şəxsiyyət sizin həqiqi kimliyinizin mükəmməl surəti olur. Kütləyə uyğunlaşmaq və başqaları tərəfindən sevilmək üçün sizdən rola girməyinizi tələb edən qorxularınız olmayacaq.

Özünüzü o qədər çox sevəcəksiniz ki, başqalarının sizin haqqınızda nə düşündüyünün sizin üçün heç bir əhəmiyyəti qalmayacaq. Nə qədər ki, özünüzə qarşı dürüst olacaqsınız, hər şey qaydasında olacaq. Və bu, mənim dostum, bir insan varlığı olaraq qazana biləcəyiniz əsl müvəffəqiyyətdir.

– Sizin fəlsəfəniz dərindir, Culian. Düzünü desəm, həyat dəyişəndir. “Bütünlükdəki Boşluqlar”ı doldurmaq üçün, sizin təbirinizcə desəm, “Yer Məktəbi”ndə hansı alət və vasitələrdən istifadə etməliyəm?

– Jurnalda mütəmadi olaraq qeydlər aparmaq çox güclü vasitədir. Bu sizə özünüzü daha yaxşı tanımağa və özünüzlə olan ünsiyyətinizi dərinləşdirməyə yardım edir. Bu jurnal sizin üçün müntəzəm baş çəkərək özünüzü yoxladığınız yer olmalıdır.

Onun gətirdiyi anlayışla siz sonra daha yaxşı seçimlər edə bilərsiniz. Mən həmçinin meditasiya və sakitliyi də qeyd edərdim. Hər gün bir müddət yalqız qalmaq və sakitliyin ağuşunda vaxt keçirmək özü də sizin ayılmanıza və öz həqiqi gücünüzü bərpa etmənizə yardım edən bir vasitədir.

Əlbəttə, “Yer Məktəbi”ndə müvəffəqiyyətə nail olmaq üçün yaxşı müəllimlərinizin olması da şərtdir. Və bu da məni zərafətli bir şəkildə 7 Mərhələli Oyanışın Dördüncü Mərhələsinə gətirib çıxarır. Oyanış yolundakı arayıcılar əski dünyanı tərk edərək yeni dünyaya qədəm basan səyyahlara bənzəyirlər.

Yeni bir məkana qədəm basanda sizi istiqamətləndirəcək və sizə yol göstərəcək bələdçilərə ehtiyacınız olur. Dördüncü mərhələnin əsas qayəsi “Ustaddan təlimatların alınması” üçün səylərin göstərilməsidir. Bu mərhələdə arayıcılar müəllimlərə, kitablara və tədris mənbələrinin digər növlərinə üz tuturlar.

Məhz bu mərhələdə əksər arayıcılar bir oturuşda saatlarla öz jurnallarında qeydlər edir və kitabları bir-birinin ardınca acgözlüklə oxuyurlar. Bəzən sizin içinizdə də vahimə və təlaş hissi baş qaldıra bilər. Siz içinizdə məyus olur və qorxu hissi keçirirsiniz, çünki sizin dünyanız artıq dəyişməkdədir.

Belə bir qısa müddət ərzində öyrənməli o qədər çox şey var ki. Hər şey dəyişmə, bir haldan başqa hala keçid prosesindədir. Çoxsaylı və müxtəlif mənbələrdən öyrəndiyiniz təqdirdə siz yaxşı tələbə kimi davranmış olursunuz.

Və sizin həyatın qayəsinin və sizin onun içindəki rolunuzun nədən ibarət olduğu ilə bağlı həqiqət arayışınızda öz işinizə, heç vaxt olmadığınız qədər, sədaqətlisiniz.

– Culian, mənim yaşadıqlarım tam dəqiqliyi ilə bu dediklərinizlə üst-üstə düşür. Mən nəzarəti nə qədər çox boş buraxır və öz həyatımın mənə bəlli olmayan güşələrinə daxil olurdumsa, qarşıma bir o qədər çox suallar çıxırdı. Çox maraqlıdır, görəsən, mən, əslində, kiməm.

Çox bilmək istərdim, görəsən, mənim taleyim necə olacaq. Mənim ən dərin dəyərlərimin nələr olduğunu, həqiqətən, bilmək mənim üçün çox maraqlı olardı. Dünyanın gərdişi haqqında özüm üçün qət etdiyim güman və fərziyyələrlə mübarizə aparıram və dünyanın üstündə qurulduğu həqiqi təbiət qanunlarını öyrənmək istəyirəm. A

llahın olub-olmaması məsələsi və nədən bu qədər əzablara düçar olmamın səbəbləri də məni çox düşündürüb. Həyatımın bundan sonra necə alınacağını və öz ən yaxşı, həqiqi həyatımı yaşamaq üçün nələr etməli olduğumu bilmək istəyirəm.

– İçinizdəki bütün bu mübarizələrin olması yaxşı əlamətdir. Sadəcə, o böyük sualları artıq özünüzə verməniz özü sizin şəxsiyyət kimi böyümə və oyanış prosesində olmanızın dəlilidir. Siz kütləni tərk edirsiniz və daha şüurlu bir varlığa çevrilirsiniz.

Və ona görə də hər şeyə şübhə ilə yanaşır və sorğulayırsınız. Bu əladır! Düzgün sualın verilməsi özü çox vaxt düzgün cavabın tapılmasının 90 faizi anlamına gəlir. Bunu etməklə də siz öz həqiqətinizi və həqiqi həyatınızı kəşf etməyə başlayırsınız.

Və unutmayın ki, sorğulama sizin qəlbinizin dərinliklərində artıq mövcud olan biliyin və dərrakənin kilidini açır. Özünüzə düzgün sualı verın və mən sizə söz verirəm ki, axtardığınız cavab, vaxtı gəlib çatanda, üzə çıxaraq özünü büruzə verəcək.

– “Vaxtı gəlib çatanda” deyərkən nə demək ­istəyirsiniz?

– Əsas təbii qanunlardan biri budur: üstümüzə gücümüz çatdığından daha artıq yük qoyulmur. Bu yol sizin üçün böyük sevgi ilə planlaşdırılıb və sizə heç vaxt, heç bir vəchlə qəbul etməyə hazır olduğunuzdan daha artıq bilik və ya həqiqət verilməyəcək.

Beləliklə, bütün bu dediyim şeylər hissə-hissə siz onları qəbul etməyə hazır olduğunuz zaman sizə gəlir. Tələbə səbirli olmalıdır və cavablar da vaxtında gələcək.

Culian nəfəsini dərib sözünə davam etdi:

– İnanın ki, siz indi məhz olmalı olduğunuz yerdəsiniz. Siz indi sizdən əvvəl bir çox müdrik insanların keçdiyi yoldasınız. Sizin keçdiyiniz bu təcrübə unikal deyil. Sadəcə inamınızı qoruyun və öz daxili aləminizin dərinliklərinə baş vurmaq seçimini etməkdə davam edin.

Axtardığınız bütün cavablar sizin daxilinizdədir. Kitablar, müəllimlər və seminarlar, əlbəttə ki, sizə yardım edəcək. Amma bir şeyi əsla yaddan çıxarmayın: başqa bir insanın yazdığı kitabı oxumaq həmin şəxsin həqiqətini düşünməkdən başqa bir şey deyil.

Kiminsə söylədiyi seminarı dinləyərkən siz həmin şəxsin həqiqətini, onun dünya və öz həyatı haqqında olan fəlsəfəsini dinləmiş olursunuz. Sizin səyahətinizin bu mərhələsində bunlar normal şeylərdir. Başqalarının nə düşündüyünü öyrənmək özünüzün əslində nə düşündüyünüzə aydınlıq gətirmənizə yardım edəcək.

Lakin başqa birisi üçün həqiqət olan şeyin sizin üçün də hökmən həqiqət olacağını düşünmək kimi bir səhvə yol verməyin. Başqa birisinin ardıcılı olmağa o qədər də cəhd etməyin. Özünüz lider olmağa çalışın. Liderlər heç kimin getmədiyi istiqamətdə gedərək öz cığırlarını açırlar. Bütün bu macəranın ana qayəsi həqiqi və dürüst olmaqdır.

Təmkin və özünü ələ almanın yüksək mərtəbələrinə doğru irəlilədikcə həyatın gərdişi və bu həyatın içindəki yeriniz haqqında öz fəlsəfənizi yaradacaqsınız. Siz başqalarının həqiqətlərindən elələrini seçəcəksiniz ki, bu həqiqətlər sizin daxili aləminizin ən dərin guşələrində əks-səda versin. Siz başqalarının sizin üçün də həqiqət kimi səslənən müdrikliyi ilə bütünləşəcəksiniz.

Sizinlə danışmayan və sizin üçün bir anlam kəsb etməyən ideyaları bir kənara atmalısınız. Bunu etdiyiniz təqdirdə, siz öz ən böyük həyatınızı yaşamanız üçün öz məcəllə və konstitusiyanızı yaradacaqsınız. Mənim müvəffəqiyyətə verdiyim tərif belədir: öz həyatını istədiyin kimi yaşamaq.

Əsl müvəffəqiyyət isə həyatınızın hər bir anında özünüz üçün seçdiyiniz həyatı yaratmaq prosesində olmaqdır. Siz öz həyatınızı başqalarının sizin üçün cızdığı plana görə deyil, öz qəlbinizin səsini dinləyərək yaşayacaqsınız. Və bunu etdiyiniz təqdirdə, elə bir gücə sahib olacaqsınız ki, bu güc sizi dünyanın təbiət qüvvəsinə çevirəcək.

– Bu dedikləriniz, həqiqətən, valehedicidir, Culian. Dediyim kimi, bütün bunlar hal-hazırda yaşadıqlarımla tam dəqiqliyi ilə üst-üstə düşür. Daim içimdə olan bu aclıq artıq oyanıb.

Həyatımda indiyədək etmədiyim dərəcədə hər şeyin başını boş buraxmışam, heç nəyə nəzarət etməyə çalışmıram və öz nadanlığımı bütün kəskinliyi ilə dərk edirəm. Əldə etdiyim nəticə isə ondan ibarətdir ki, kitabları bir-birinin ardınca oxuyuram.

Və bütün bu cavabların arayışındayam. Mənə elə gəlir ki, mən həqiqi arayıcıya dönüşmüşəm.

– Bəli, Dar. Siz dərrakəli olmağa başlamısınız. Siz oyanmağa başlamısınız. Siz evə geri dönmək üçün yollar aramağa başlamısınız. Bəzi kitablar maariflənmək istiqamətində yollar göstərir, ya da ən azından xoşbəxt həyat sürmək üçün pozitiv düşünmək lazım olduğu haqqında moizə oxuyur.

Bəzi kitablar isə ağlınızın deyil, qəlbinizin səsinə qulaq asaraq yaşamanızı tövsiyə edir. Digərləri isə sizə ambisiyalı işbaz olmağı, özünüz üçün yüzlərlə hədəf seçməyi və öz istədiyinizi qovmağı məsləhət görür. Başqa kitablar isə sizi “bu günlə” yaşamağa və həyatın sizin üçün hazırladıqlarını ehtiyatla sizə təqdim etməsinə imkan verməyə dəvət edir.

– Tamamilə doğru buyurursunuz. Bəs onda mən bu kitablardan hansına etibar etməliyəm? Bütün bu tövsiyələr çox ziddiyyətli görünür. Mən bu dünya həyatına bel bağlamalı, yoxsa özüm üçün mənəvi bir cığır ­seçməliyəm?

– Ah! – deyə Culian içini çəkdi. – Öz cığırınızı, öz yolunuzu tapmanız üçün siz məhz bu sualları verməlisiniz. Siz, həqiqətən də, bir şəxsiyyət kimi inkişaf etməkdəsiniz və bu da yaxşı haldır.

“Bütünlükdəki Boşluqlar”ı qapatmaq, əsl kimliyinizi bərpa etmək və öz həqiqi nəfsinizi xatırlamaq üçün siz yollar axtarırsınız. Bu minvalla siz bir çox müxtəlif üsulları sınaqdan keçirir, bir sıra müxtəlif müəllimlər və mürşidlər üçün açılırsınız və bu da əladır, – deyərək Culian özünə arxayın bir tərzdə gülümsədi.

– Belə düşünürəm ki, məni hələ qarşıda çox şey gözləyir. Özümü bütünlükdən hələ nə qədər uzaq olduğumu sezməyə başlayıram – mənim “Bütünlükdəki Boşluqlar”ım, deyəsən, çox böyükdür. Mənə belə gəlir ki, bütün mümkün hallarda mən öz sosial maskamı geyinmişəm.

İndi dərk edirəm ki, mən öz həyatımın böyük bir hissəsini, sadəcə, başqa insanları, öz valideynlərimi və ətrafımda dolaşan digərlərini məmnun etmək üçün yaşamışam. Mən hətta əslində kim olduğumu bildiyimi də düşünmürəm.

Siz insanın özü ilə əla münasibətdə, gözəl ünsiyyətdə olması və “özünü tanıma” haqqında maariflənmənin və aydınlanmanın bir vasitəsi kimi danışırsınız. Həqiqətən, kim olduğum haqqında mənim heç bir fikrim yoxdur.

Düzünü desəm, bu məni pərişan edir, içimi böyük kədər hissi ilə doldurur. – Gözlərimdən yaş damcıları axmağa başladı. Həyatım boyu heç vaxt belə emosional hal yaşamamışdım.

– Bu kədəri hiss etməyə çalışın, Dar. Mən bu haqda sizə əvvəllər danışmışdım. – Culian dedi və ehmallıca əlini çiynimə qoydu. – Öz daxilinizdəki emosiyaları nə qədər güclü hiss edə bilsəniz, bu hislər sizin daxilinizdə özlərini bir o qədər çox tamamlayacaqlar.

Hisləri bir növ qasırğa ilə müşayiət olunan leysan yağışlarına bənzətmək olar: onların da başlanğıcı, ortası və sonu vardır. Və siz onlardan hər birini tamamladıqca – bu hislərin qəzəb, kədər, inciklik və ya məyusluq olmasından asılı olmayaraq – öz daxilinizdəki qızıl “Buddanı” xatırlamaq üçün həmin qatlardan bir-bir keçəcəksiniz.

Bu məqamda Culian susaraq mən özümü ələ alana qədər səbirlə gözlədi.

– Yaxşı, Dar. Əgər həyatın qayəsi “Bütünlükdəki Boşluğu” doldurmaqdan ibarətdirsə, onda belə bir sual ortaya çıxır ki, həyatın sizi nəyisə etməniz üçün dümsüklədiyi o proses bəs nədən ibarətdir? Görürsünüzmü, əvvəllər dediyim kimi, kainat özü sizin müzəffər olmanızı istəyir. Həyat elə qurulub ki, siz xoşbəxt olmaq üçün köklənmisiniz, böyük şəxsiyyət olmaq üçün yaradılmısınız.

– Lakin mən bunu etmək üçün oyunun qaydalarına riayət etməliyəm, – deyə mən cavab verdim. – Və mən onlara qarşı oyanıq olmasam – hələ də Birinci Mərhələdə ikən – onda mənim həyatımın baş tutması üçün heç bir yol qalmır.

– Əla! – deyə Culian qışqırdı və məni qucaqladı. O yenə təbili döyəcləməyə başladı, əvvəlcə yumşaq bir tərzdə, sonra isə böyük sevgi ilə. Mən başa düşürdüm ki, müdrikliyi dərk etməyə başladığıma görə bu, bir növ mənə ehtiram göstərmək üsulu idi. Culian əl saxladı və otaq yenidən sükuta qərq oldu.

– Təbiət və ya kainat, ya da Allah və yaxud da Sonsuz Şüurun – bütün yaradılışın mənbəyinə hansı yarlığı yapışdırırsınızsa yapışdırın – bu proses vasitəsilə Sizi “Bütünlükdəki Boşluğu” doldurmanız üçün dürtmələməsi “təkrar istifadə” termini ilə adlanır.

Təkrar istifadə həyatın nə dərəcədə alındığını izah edən bir istilahdır. Mahiyyət etibarilə, bu elə bir fenomeni təsvir edir ki, onun nəticəsində bu yolun müvafiq mərhələsində ən çox ehtiyacımız olan dərsləri bizə öyrətmələri üçün biz öz həyat yolumuzda irəlilədikcə qarşımıza konkret insanları çıxarır.

Misal üçün deyək ki, bizim səyahətimizin konkret bir məqamında almalı olduğumuz dərs bağışlamaqdan ibarətdir. Belə olan halda bizim mükəmməl şəkildə yaradılmış kainatımız qarşımıza elə bir insan çıxarar ki, o bizə xəyanət etsin. Hər zaman olduğu kimi, həyatımızda baş verənlərə hansı formada reaksiya verəcəyimiz ilə bağlı bizim seçimimiz var.

Əgər bizim etdiyimiz seçim yalnız həmin şəxs ilə bağlı olsa və biz kimisə günahlandırmaq və qurbanlıq keçi axtarmaq kimi oyuna başlasaq, onda bu seçimimizə uyğun olan “müəllimlər” həyatımıza daxil olacaqlar.

Bənzər tipli insanlar qarşımıza çıxacaqlar. Yeganə problem isə ondan ibarətdir ki, sizing üçün təyin edilmiş dərsə qarşı siz nə qədər çox müqavimət göstərsəniz, o, təkrar-təkrar daha güclü, daha intensiv və daha ağrılı bir şəkildə sizə təşrif gətirməyə davam edəcək.

– Beləliklə, o mənim diqqətimi özünə cəlb edə, elə deyilmi?

– Bəli. Sadəcə, yaddan çıxarmayın ki, nəyəsə qarşı müqavimət göstərsəniz, o daha inadla sizi narahat edəcək, amma o şeyə ki, dostcasına davranaraq onu qəbul edirsiniz, ötüb keçəcək və bir də sizi narahat etməyəcək.

 Təbiət sizdən “Bütünlükdəki Boşluğu” qapatmanızı, Həyat Məktəbinin müdavimi olduğunuz müddətcə dərslərinizi öyrənməyinizi və bunu etməklə də həqiqi kimliyinizə qovuşacağınız məkana, yəni evə qayıtmağınızı istəyir.

Təkrar istifadə öz ən yaxşı kimliyinizi oyatmaq uğrunda başladığınız bu hərəkata, bu səyahətə dəstək vermək üçün baş verir. Lakin həyatın axarına qarşı biganə və ya kor olsanız, həyat özü də sizə daha güclü əks zərbə endirəcək.

Əgər siz hər şeyə diqqət yetirsəniz, qəflət yuxusundan ayılsanız və şəfa tapmanız, inkişaf etməniz üçün məsuliyyəti öz üzərinizə götürməklə şüurlu bir həyat sürdürsəniz, onda sizin üçün təyin edilmiş dərsi öyrənər və öz həqiqi kimliyinizə daha da yaxınlaşarsınız.

Öyrənməli olduğunuz dərslərə müqavimət göstərmək əvəzinə onları qəbul etdiyiniz və öyrənməyə başladığınız andan etibarən boşluq qapanacaq və həyatınız daha yaxşı olacaq.

– Bu inanılmazdır, – həyatın gərdişi haqqında Culianın təsəvvürlərini eşidəndə ilk ağlıma gələn şey bu sözlər oldu.

Mən başa düşdüm ki, əgər mənim daxilimdə qəzəb, qıcıq və ya qısqanclıq kimi hislər oyadan insanları günahlandırmağa başlasam, onda mənim üçün nəzərdə tutulmuş dərsi öyrənmək imkanına qarşı müqavimət göstərmiş olaram.

Həmin dərs mənim həyatımda təkrarən baş verəcək, amma daha böyük gərginlik və daha güclü ağrı-acı ilə. Fikrimcə, əsas məqam, sadəcə, bundan ibarətdir: içimdə baş verənlərlə bağlı şəxsi məsuliyyəti öz üzərimə götürməklə və öz kimliyimlə, eləcə də mənim mənfi reaksiyalarımın kökündə duran səbəblər ilə tanış olmaqla mən öz həyatımda təkrar sikllərin baş verməsini minimuma endirə bilərəm.

Qarşıma çıxan ibrət dərslərinə görə başqalarını günahlandırmaqdan imtina edərək sevgi dolu reaksiyalar verməklə mən öz həyatımdakı ağrı və acıları əhəmiyyətli dərəcədə azalda bilərəm. Mən bu oyunu təbiətin qanunlarına riayət etməklə oynayar, təbiət isə, öz növbəsində, mənə dəstək verər.

Mən həyatın gərdişinə qarşı gözü açıq olaram və həyat da, öz növbəsində, mənim qarşıma daha böyük mükafatlar çıxarar.

Culian yerindən qalxdı və “Həqiqət Çəmbəri”ni tərk edərək sinif otağının o biri başında quraşdırılmış yazı lövhəsinə tərəf getdi.

O, yazı lövhəsinin yaxınlığında bir neçə şam qoyaraq onları yandırmışdı və ona görə də mən lövhənin üzərində onun nə çəkdiyini də aydın şəkildə görə bilirdim. Yazı lövhəsinin üzərində böyük çevrə çəkmək üçün o, təbaşirdən istifadə etdi. Culian çevrəni kvadrantlara böldü.

Birinci kvadrantda o, “İdrak” sözünü yazdı. İkinci kvadrantda “Cisim”, üçüncüdə “Emosiyalar” və nəhayət, dördüncüdə “Ruh” sözlərini qeyd etdi. Çevrənin üst tərəfində isə bu sözləri qeyd etdi: “4 Oyanış”. O bir anlıq mənə baxdı və sonra sözünə davam etdi.

– Sizə bundan öncə də söylədiyim kimi, Liderin öz həqiqi kimliyinə dönməsi üçün evə gedən yola qədəm basmağın – və bu, liderlik səyahətindən başqa bir şey deyil – əsas qayəsi yalnız “Bütünlükdəki Boşluğu” doldurmaqdan ibarətdir. Bütünlük deyəndə yekparəlik, yəni tamlıq anlamı nəzərdə tutulur.

Tamlıq isə çevrə ilə təsvir edilir. Həyatın məqsədi isə tamlığa geri ­dönməkdən ibarətdir. Həyatın geri dönüşə dəstək verdiyi proses isə təkrar istifadə adlanır. Sonuncu hissəyə isə “Bütünlükdəki Boşluğu” qapadan konkret praktika daxildir.

Oyanışa aparan bu yolun təlimat mərhələsində – Dördüncü Mərhələ – tamlığa geri dönmək üçün siz şüurlu seçimlər etməyə başlayırsınız. Yenidən tam bir varlıq olmanız üçün oyadılması zəruri olan həqiqi kimliyinizin dörd ölçüsü vardır.

Bu dörd ölçü sahəsini oyadarkən siz əslində kim olduğunuzu xatırlayacaqsınız. Beləliklə, bu dörd oyanış sahəsi bunlardır, – Culian əli ilə yazı lövhəsinə işarə edərək dedi. – Evə geri aparan yolla səyahətə başladığınız andan etibarən siz öz şüurunuzu, öz cisminizi, öz emosiyalarınızı və öz ruhunuzu oyatmalısınız.

– Söylədiyiniz şeylər çox maraqlıdır, Culian. Mən özüm də bu məqamın üzərində baş sındırırdım. Sizin də qeyd etdiyiniz kimi, bəzi kitablarda iddia edilir ki, biz öz ən özəl həyatımıza yalnız öz şüurumuzu ən yüksək potensialınadək inkişaf etdirdiyimiz təqdirdə qovuşa bilərik.

Bu müəlliflərin söylədiklərinə inansaq, biz daha çox kitab oxumalı və öz düşüncəmizin keyfiyyətini tədqiq etməyə davam etməmiz üçün daha çox öyrənməliyik. Onların dediyinə görə, reallığı da yaradan bizim düşüncələrimizdir. Onlar iddia edirlər ki, biz düşüncələrimizi dəyişdirdiyimiz anda bizim həyatlarımız da dəyişəcək.

– Bu, həqiqətən də, belədir, Dar. Lakin bu, hekayənin sonu demək deyil. Şüurun, idrakın oyanışı tamlığa geri dönüşün və öz bütünlüyünü bərpa etmənin yalnız iyirmi beş faizini təşkil edir. Bəli, siz öz idrakınızı oyatmalısınız, bu da özünüzün əsas inanclarınızı, fərziyyələrinizi və öz qorxularınızı tədqiq etmək anlamına gəlir.

Bunu başqalarının kitablarını oxuyaraq, CD-lərinə və seminarlarına qulaq asaraq onların həqiqətlərini kəşf etmək və öyrənməklə etmək olar.

Həmçinin idrakın oyanışına – mən bunu “İlkin Oyanış” adlandırıram – gündəlik yazmaqla, səbirlə düşünməklə və öz həyat tərzinizə daha çox diqqət ayırmanıza və bilmədiyiniz bütün şeylər haqqında real təsəvvür əldə etməyinizə şərait yaradan sükuta dalmaqla nail oluna bilər.

“İlkin Oyanış”ın əsas qayəsi bilik yığma, öyrənmə və sizin üçün mümkün olan daha yüksək seçim variantlarından xəbərdar olmaq ilə bağlıdır. Bu, mənəvi yola qədəm qoymuş tələbə tərəfindən yerinə yetirilməsi zəruri olan intellektual bir işdir.

Lakin tamlığa geri dönmək və “Bütünlükdəki Boşluğu” qapatmaq üçün, şüurun oyanışı ilə yanaşı, daha üç ölçüdə oyanışa nail olmaq zəruridir: cismani, emosional və mənəvi. Siz, əlbəttə ki, öz cisminizi oyatmalısınız.

Sağlam düşüncə, sağlam idrak sağlam bədən olmadan bütünlüyü, tamlığı özündə əks etdirə bilməz. Bu halda heç bir tamlıqdan, bütünlükdən söhbət gedə bilməz. Ona görə də, “İlkin Oyanış” ilə yanaşı, siz “İkinci Oyanış”ı da həyata keçirməlisiniz.

– Yaxşı, bəs onda mən öz bədənimi oyatmaq üçün nə edə bilərəm?

– Müntəzəm olaraq fiziki təmrinləri həyata keçirmək, əla diyeta (düzgün qidalanma), günəş işığında ­olmaq, masaj, təmiz havada olmaq, çoxlu su, vitaminlər və əlavələr qəbul etmək, reyki, yoqa və sairə vasitəsilə…

– Mən, deyəsən, sizin dediklərinizi anlamağa başlayıram, Culian. – Mənim üçün əlçatan olan bir sıra vasitələr mövcuddur, elə deyilmi?

– Tamamilə doğru buyurursunuz. “İkinci Oyanış”ın, yəni bədənin şəfa tapmasının əsas qayəsi sizin fiziki parametrlərinizin əla vəziyyətdə olmasını təmin etməkdən ibarətdir. Və siz öz şüurunuzla yanaşı bədəninizi də oyatdığınız zaman öz emosiyalarınızı da oyatdığınıza əmin olun.

Bunu isə “Üçüncü Oyanış” adlandıracağıq. Vacib olan odur ki, siz öz həyatınız boyu içinizdə daşıdığınız istənilən qəzəb hissini həzm edərək onun içindən keçəsiniz. Vacib olan odur ki, sizi yaralamış və sizə ağrı-acı yaşatmış hər hansı bir insanı bağışlaya biləsiniz. Bağışlama, əslində, özünüz üçün etdiyiniz bir şeydir, bunu bilirsinizmi?

– Mən bunu bilmirdim, – deyə tam səmimiyyətimlə cavab verdim.

– Hə, bilirəm. Sizə pislik etmiş adamları bağışlamadığınız müddətcə özünüzü elə hiss etməlisiniz, elə bil sanki həmin adamı öz dalınızda daşıyırsınız – bu isə daşınması üçün çox ağır bir yükdür. Lakin onları bağışladığınız anda onları azad etmiş və nəhayət, öz həyatınıza davam etmək imkanı qazanmış olursunuz.

Onlar daha sizi aşağı dartmırlar və siz bir insan varlığı olaraq özünüzü daha azad və sərbəst hiss etməyə başlayırsınız. Lakin sizə onu da deməliyəm ki, bir insanı bağışlamaq onun davranışına göz yummaq və ya həmin davranışla barışmaqdan tamamilə fərqlidir.

Onları bağışlamaq, əvvəllər də sizə dediyim kimi, həmin adamların ağrı-acı verən əməllər törətmələrinin onların özlərinə də əzab verdiyini, sadəcə, görə bilməkdir.

– Bəs ziyan və ağrıverici davranışa qarşı səsini ucaltmamaq, sizcə, doğrudurmu?

– Məncə, sizə deməyə çalışdığım şey odur ki, siz daha dərinə enməli və sizin başqa insanlar haqqındakı mühakimələrinizin altında yatan həqiqəti dərk etməlisiniz. Mən sizi bir həqiqəti anlamağa çağırıram: başqalarını yaralamış, onları incitmiş insanlar özləri də yaralı və incidilmiş insanlardırlar.

Özlərini sevməyən insanlar başqalarına sevgi göstərə bilməzlər. Və özlərinə hörmət etməyən insanlar başqalarına bu hörməti necə göstərmək lazım olduğu haqqında heç bir fikrə sahib deyillər. Bu dediklərimi heç vaxt yaddan çıxarmayın və siz azad ediləcəksiniz.

Bu reallıqlar və əbədi həqiqətlər haqqında gündəliyinizə qeydlər etməyə davam edin ki, onlar sizin şüurunuza daha dərindən nüfuz etsinlər. Öz qorxularınızdan qaçmayın, əksinə onları səsləyin, onlara meydan oxuyun və onlar sizin içinizdən keçəcək.

Unutmayın ki, hislər fırtına ilə müşayiət olunan leysan yağışı kimidir; onun da başlanğıcı, ortası və sonu olur. Əgər biz onları (hisləri) boğsaq, onlar yara kimi çirk verəcək. Əgər biz onlara diqqət versək və onları idrakın, şüurun işığına çıxarsaq, biz onların içindən keçəcəyik və onlar da tamamlanmış olacaqlar.

Və biz getdikcə daha güclü sağlamlıq istiqamətində irəliləyəcəyik.

– Bəs “Dördüncü Oyanış” haqqında nə deyə bilərsiniz, ruhun oyanmasını nəzərdə tuturam? – Mən yazı lövhəsinə yaxınlaşıb sonuncu kvadrantı göstərərək ­soruşdum.

– Çox gözəl sualdır. Öz ruhumuzu oyatmağa müvəffəq olduğumuz zaman biz öz ən yüksək kimliyimizi, mənimizi qidalandırmış və tərbiyələndirmiş oluruq. Bu, müxtəlif insanlar üçün müxtəlif şeylər kimi görünür. Bəziləri üçün ruh Allaha dua etmək və ya onunla danışmaqdan ibarət ola bilər.

Digərlərinin fikrincə isə ruhun qayğısına qalmaq özünü təbiətlə ünsiyyətdə olmaqda və ya hisləri ehtizaza gətirən musiqiyə qulaq asmaqda göstərə bilər.

Bir başqaları üçün isə ruhun oyanışına xidmət, könüllü fəaliyyəti və ya insanın öz maraqlarından daha çox ümumi maraqlar üçün yaşaması yolu ilə nail oluna bilər. Hansı üsul və ya vasitədən istifadə etmənizdən asılı olmayaraq, sadəcə, unutmayın ki, biz öz əsas ölçümüzün oyanışına eyni vaxtda başlamalıyıq.

– Belə görünür ki, görüləcək işimiz həddən artıq çoxdur, Culian, – deyə mən tam səmimiyyətimlə dilləndim.

– Heç zaman unutmayın, min kilometrlik bir səfər də atılan təkcə bir addımla başlayır. Siz bütün bunları bir həftə, ya da bir ay ərzində etməli deyilsiniz. Sadəcə, əsl kimliyinizə çatmaq cəhdilə oyanmaq üçün hər gün nəsə etdiyinizdən əmin olun, etdiyiniz şeyin sizin gözlərinizdə nə qədər əhəmiyyətsiz görünməsi isə sizi narahat etməsin.

Mən təkidlə tövsiyə edirəm ki, siz məhz burada, bu otaqda söz verəsiniz və öz üzərinizə ­öhdəlik ­götürəsiniz. Hər günün ilk altmış dəqiqəsini – sizin müqəddəs saatınızı – əsasən, öz “Dördüncü Oyanış”ınız üzərində işə sərf edin. Bu sizin ən böyük həyatınızı yaşamanız və öz taleyinizi dərk etməniz üçün çox güclü bir üsuldur.

– Mən bunu edə bilərəm, – deyə mən söz verdim.

– Sizin mənə dediyiniz kimi, öz daxili aləmimdə görməli olduğum işi irəlilətmək üçün mən hər səhər müəyyən qədər vaxtımı buna sərf edirəm. Bu iş mənə o qədər məntiqli və əhəmiyyətli gəlir ki, Culian.

– Hər səhər öz daxili dünyanızın dörd əsas sahəsi üzərində işləməniz üçün vaxt sərf edəcəyinizə burada, bu otaqdaca öz-özünüzə söz verin. Siz həmin vaxtı gündəlik yazmaqla və ya kitab oxumaqla, ya da ki, meditasiya etməklə keçirə bilərsiniz.

Siz həmin vaxtın bir hissəsini dua etmək, digər hissəsini isə fiziki təmrinlərin yerinə yetirilməsi üçün ayıra bilərsiniz. Təkcə bu strategiyanın özü sizin həyatınızı dəyişəcək, əlbəttə, əgər onu qəbul edərək öz günlərinizin bir hissəsinə çevirsəniz. Lütfən, bu dediklərimə şübhə etməyin.

Bilirsinizmi, mənim dostum, əgər siz həyata öz təsirinizi göstərməsəniz, həyat öz təsirini sizə göstərəcək. Günlər keçərək həftələrə, həftələr isə aylara çevriləcək… Siz bunun fərqinə varmağa macal tapmamış həyatınız da başa çatmış olacaq.

Parlaq və gözəl bir xəzinə olan həyatınızın barmaqlarınızın arasında qum kimi süzülüb getməsinə izin verməyin. Kim olduğunuzu xatırlamanıza yardım edəcək seçimləri etməyə davam edin.

Özünüzə dalmaq və daxilinizdəki qızıl “Budda”nı oyatmaqdan ötrü tələb olunan daxili işi yerinə yetirmək üçün hər gününüzün başlanğıcında altmış dəqiqənizi bu işə sərf edin. Bu, həyatınız boyu özünüzə bağışladığınız ən böyük və ən gözəl hədiyyə olacaq.

Culian “Həqiqət Çəmbəri”nə geri qayıtdı.

– Dördüncü Mərhələ ilə bağlı sizinlə bölüşmək istədiyim bir və sonuncu hissə də var – Ustaddan təlimatlar alma mərhələsi. Hər gün öz ölümünüz ilə rabitədə olmanız və onu xatırlamanız üçün bu çox müdrik bir fəlsəfədir.

Unutmayın ki, həyat çox qısadır və onun nə zaman bitəcəyini əvvəlcədən bilməniz qeyri-mümkündür. Biz hər ikimiz də sabah artıq vəfat etmiş ola bilərik, Dar. Əsas məsələ öz ən böyük oyununuzu oynamanız və ən böyük həyatınızı indi yaşayaraq ən böyük imkanlardan bəhrələnmənizdən ibarətdir.

Müdrik insanlar hər gün özlərinə həmin günün son gün ola biləcəyini xatırladırlar. Bunu etməklə də yaşadıqları günün saatları ərzində onlar qorxu hissi ilə yaşamaq əvəzinə sevgi dolu bir həyat sürməyi öz öhdəliklərinə çevirirlər.

Culian əlini yaxınlıqdakı masaya tərəf uzatdı, çox zərif bir poçt vərəqi götürdü və sözünə davam etdi:

– Bizim hamımızın öz həyatımızın tarixini yazmamız üçün seçim və imkanlarımız olur, əlbəttə, əgər bunu etməyi istəsək. Hər gün öz nekroloqumuzun necə yazılacağını müəyyən etmək və vəziyyəti dəyişmək üçün bizim imkanlarımız olur.

Həyatın bizə təsir etmək ehtiyacı yoxdur. “Bütünlükdəki Boşluğu” qapatmaq və həyatımızda baş verən təkrar istifadələrin (resikllərin) sayını azaltmaq məqsədilə öz günlərimizin saatları ərzində şüurlu addımlar atmaq üçün biz seçim edə bilərik.

“Dörd Oyanışı” irəlilətmək məqsədilə nəsə etmək haqqında biz gündəlik olaraq qərarlar verə bilərik. Daha yüksək və daha böyük bir həyat yaşamaq məqsədilə biz hər bir günümüzdən tramplin kimi istifadə edə bilərik. Etdiyimiz seçimlər isə bizim taleyimizi formalaşdırır.

Edə biləcəyiniz ən təsirli şeylərdən biri də öncədən öz həyatınızın tarixini yazmaqdan ibarətdir. Yaşadığınız həyat yazdığınız kimi alınmaya da bilər, lakin çox köhnə bir məsəldə deyildiyi kimi: “Əgər hara getdiyinizi bilmirsinizsə, istənilən yol sizi oraya aparacaq”. Heç bir plana sahib olmamaqdansa, mən pis-yaxşı nəsə bir planımın olmasına üstünlük verərdim.

Mənim fəlsəfəmdən sizin xəbəriniz var: İnsan əlindən gələn hər şeyi etməli, sonra isə qalanını (edə bilmədiklərini) təbiətin öhdəsinə buraxmalıdır.

Var gücünüzlə çalışın, özünüz üçün dəqiq və aydın hədəflər seçin, öz arzularınızın ardınca düşün və sonra həyat qarşınıza nə çıxarsa, onunla yetinərək qəbul edin. Həyat bir şeylərin baş verməsinə nail olmaq ilə bir şeylərin baş verməsinə imkan vermək arasında çox incə tarazlıq deməkdir.

Əlinizdən gələnin ən yaxşısını etməyə çalışın. Öz hədəflərinizi müəyyən edin və öz niyyətlərinizi elan edin, həyatdan almaq istədiyiniz şeylər ilə bağlı arzuladıqlarınızın ardınca düşün. Sonra isə gücünüz çatmayan şeyləri başlı-başına buraxmaq üçün cəsarət və müdrikliyə sahib olun.

Öz niyyətlərinizi təslim edin və qarşınıza çıxan hər şeyi qəbul edin, hətta əgər həmin vaxt bu elə də yaxşı görünməsə belə, bilin ki, həmin şey sizin üçün ən yaxşı olanıdır. Həyat əla şəkildə toxunmuş gözəl qobelen parça kimidir.

Biz çox vaxt arzu etdiklərimizi əldə edə bilmirik, lakin ehtiyacımız olan şeyləri hər zaman alırıq. Biz hər zaman bizim ən ümdə maraqlarımıza uyğun gələn şeyləri əldə edirik. Həyatın ən böyük ibrət dərslərindən biri də budur.

– Yaxşı, bəs onda deyin görüm, mənim nə etməyimi istəyirsiniz?

– Mən istəyirəm ki, siz öz həyat tarixinizi yazasınız. Mən istəyirəm ki, siz öz nekroloqunuzu yazasınız. Mən istəyirəm ki, siz yenə böyük şeylər arzulayasınız və sizin həyatınız üçün nəzərdə tutulmuş potensialla oynayasınız, mənim dostum.

Bu, emosional bir təcrübədir; o hətta sizin gözlərinizdən yaşların axmasına da səbəb ola bilər. Lakin mən istəyirəm ki, siz bütün emosiyalarınızla və qəlbinizdəki sevginin hər bir qətrəsi ilə yazasınız. Öz qəlbinizi bu təmrin üçün açın.

Həmin yaz axşamı mən həmin otaqda şamların əhatəsində və mənim üçün ən yaxşısını arzulayan bir insanın yanında öz həyatımın hekayəsini yazdım. Mən olmaq arzusunda olduğum şəxsiyyət və özüm üçün qurmaq istədiyim həyat haqqında yazdım.

Mən bir gün qarşıma çıxacaq o qadın və ola biləcəyim ər haqqında yazdım. Hər zaman layiq olduğumu hiss etdiyim ailə həyatı haqqında yazdım. Və bir insan varlığı olaraq həyatımın necə olmasını istədiyim haqqında yazdım. Özüm üçün müəyyən etdiyim dəyərlər, həqiqi inanclar və meyarlar haqqında bütün gücümlə yazdım.

Həmin sehrli gecə, bir şəxsiyyət kimi, öz ən böyük oyunumu oynamağa və öz daxili aləmimdə kəşf etdiyim işığın gün işığına çıxmasına imkan yaratmağa özümü həsr etdim. Mənim qızıl cövhərimin üstünü örtmüş qatlar bir gün ovularaq töküləcək.

Məni buxovlamış zəncirlər qırılmağa davam edəcək. Mən isə həqiqət və aydınlanma istiqamətində irəliləməyə davam edəcəyəm. Mən öz həyatım ilə bağlı qəflət yuxusundan oyanmağa davam edəcəyəm.

Gözlərimdən yaşlar sel kimi axmağa başladı. Mən uca səslə hönkürərək ağlamağa başladım. Çox keçmədi ki, mən körpə uşaq kimi hıçqıraraq zar-zar ağlayırdım. Culian da mənimlə birlikdə ağlayırdı, çünki məni qorxudan yerlərə və indiyə qədər heç vaxt enmədiyim dərinliklərə enmə üçün göstərdiyim cəsarət və istəkdən o da kövrəlmişdi.

Mən bu adamın qəlbinin necə geniş və hər şeyə açıq olduğunu hiss edə bilirdim. O, qollarını mənim boynuma dolayaraq məni sakitləşdirməyə çalışırdı. Sonra o mənim yazdıqlarımı oxumaq üçün icazə istədi. Öz qəlbimin arzu və istəklərini onunla bölüşmək içimdə xoşbəxtlik duyğusu oyadırdı.

Kağızı masanın üstünə qoyandan sonra o mənə tərəf baxdı və sadəcə dedi: “Çox gözəldir. Siz evə dönmək üçün öz yolunuza rəvan olmusunuz”.

SƏKKİZİNCİ FƏSİL
Tələbə dəyişməyə və özünü yenidən formalaşdırmağa başlayır.

Xəyalpərəst o kəsdir ki, öz yolunu yalnız ay işığında tapa bilər və onun cəzası dan yerinin sökülməsini hamıdan əvvəl görməsidir.

Oskar Uayld

Balaca şübhə, balaca aydınlanma. Böyük şübhə, böyük aydınlanma.

Zen məsəli

Qaranlıq zamanda göz görməyə başlayır.

Teodor Retke

Bu mənim həyatımda ən çətin zaman idi. Culianla məktəbdə görüşdüyüm gündən bəri düz altı həftə keçmişdi. İndi dünyaya yeni gözlərlə baxırdım və əski dünya dayandığı bünövrənin özü artıq dağılmağa başlamışdı. Vaxtımın böyük hissəsini nə baş verdiyini anlamaq üçün düşüncələrə dalmaqla keçirir və bəzən də çaşqınlıq hissinə qapılırdım.

Sonuncu sessiyamızın sonunda mənimlə ayrılarkən Culian mənə izah etmişdi ki, mən öz köhnə baxış və görüş üsulundan əl çəkdiyimdə içimdə gizlənmiş ən dəhşətli qorxularım üzə çıxacaq və mən suda boğulanın saman çöpündən yapışdığı kimi bir zamanlar mənə yaxşı tanış olan öz köhnə dünyagörüşümdən bərk-bərk yapışacağam.

O demişdi ki, həmişə olduğu kimi mənim yenə də istənilən şeylə bağlı seçimim olacaq. Mən evə gedən bu cığırla öz əsl kimliyim istiqamətində təkbaşına da irəliləməyə davam edə, ya da öz mürşidimin rəhbərlik etdiyi bu yola müqavimət göstərə və olduğum yerdə qalaraq öz durğunluğumu qoruya bilərdim.

Bir dəfə Culian filosof Cozef Kempelldən belə bir misal çəkmişdi: “Həyatı qəhrəmancasına yaşamaq – fərdi macəralardan çəkinməmək, onları yaşamaqdan ibarətdir. Bu çağırışdan imtina etmək isə durğunluq anlamına gəlir”.

Daxili dünyamın ən dərin guşəsində Culian ilə motivasiya seminarında ilk dəfə rastlaşdığım gün qədəm qoyduğum bu səyahətə davam etmək arzusu vardı, lakin bunu etmək mənim üçün günü-gündən daha da çətinləşirdi.

“Birdən Culian yanılırdısa, bəs onda nə olsun?”

– deyə bəzi vaxtlarda öz-özümə sual edirdim. Əgər onun dünyaya baxış üsulu və mənimlə paylaşdığı nəzəriyyələrin hamısı yanlışdırsa, bəs onda nə etməliyəm?

Mənim əski dünyagörüşüm, dünyaya baxışım düzdürsə və mənə tanış olan paradiqmadan, yəni baxışlar sistemindən əl çəkməyim məni həyatımın daha da bərbad olacağı naməlum məkana aparacaqsa, bəs bu halda nə etməliyəm?

“Əgər həddən artıq çox şeyini bölüşsən, insanlar bundan sui- istifadə edər” və ya “Müvəffəqiyyət qazanmanın yeganə yolu rəqabətdə sütun mövqeyə sahib olmaqdır”, ya da “insan nə qədər çox var-dövlət yığa bilsə, özünü bir o qədər xoşbəxt hiss edər” kimi həyatım boyu etibar etdiyim bütün inanc və təxminlər dünyanı idarə edən həqiqətin özü imişsə, onda nə etməli?

Onlara riayət etməsəydim, bəlkə də, mənim həyatım başdan-başa müvəffəqiyyətsizlikdən ibarət olardı. Bəlkə də, Culian, xoşməramlı olmasına baxmayaraq, öz ruhi müvazinətini itirmiş və öz fəlsəfəsindən ifrata ­varmışdır.

İşimdə keçirdiyim zamanın böyük bir hissəsini sanki duman içində olmuşam. Bütün fikrim-zikrim qarşılaşdığım daxili mübarizə ilə məşğul olub.

Fikrimin durulduğu anlarda dərk etmişəm ki, belə çaşqınlıq içində olmam bəlkə də, bir ayağımın hələ də keçmiş dünyamda, o biri ayağımın isə tamamilə yeni bir dünyada olmasından irəli gəlir.

Ərəstundan öz ən böyük həyatım, həqiqi kimliyim istiqamətində aparan bu evə dönüş səyahətində üzləşdiyim bəzi çətinliklərimə anlam qazandıran bir sitat tapmışdım. O sitatı öz hamam otağımdakı güzgüyə yapışdırdım ki, onu hər səhər görə və oxuya bilim. Sitatda belə deyilir:

“Ruhun, qəlbin gözəlliyi o zaman parlamağa başlayar ki, insan bir-birinin ardınca başına gələn bədbəxtliklərə soyuqqanlılıq və səbirlə sinə gərsin, ona görə yox ki, bunların ağrısını hiss etmir, ona görə ki, yüksək və qəhrəmanlara xas mənəviyyata sahibdir”.

Bir zamanlar mənə tanış olan dünyadan əl çəkmək və həyatımda heç vaxt varlığından xəbərdar olmadığım bir dünyaya doğru açılmaq məni qorxudurdu.

Lakin Culian mənə demişdi ki, biz qeyri-müəyyənliyə qədəm basdığımız və öz qorxu divarlarımızın içindən keçəcək qədər cəsarətə sahib olduğumuz zamanlar daha canlı, daha həyatdolu oluruq.

Mən həmçinin çaşqınlığın həmişə öz yerini aydınlığa verməsi və xaosun, nəhayət, özünə inamla nəticələnməsi haqqında Culianın mənə öyrətdiklərini durmadan yadıma salırdım. Mən Culiana etibar etməliydim.

Bu günlərdə mənim nə haqqında danışdığımı dostlarımdan heç biri anlaya bilməzdi və iş yoldaşlarım isə mənim ağlımı itirdiyimi zənn edərdilər. Bu dövr ərzində özümü çox yalnız hiss edirdim və vaxtımın böyük hissəsini təbiətin qoynunda keçirmək qərarına gəldim.

Mən evdən çıxaraq meşəlikdə payi-piyada gəzintilərə çıxırdım. Belə anlarda bir qədər təsəlli tapırdım. Bu böyük kainatın bir hissəsi olduğumu hiss edirdim və daxilimə rahatlıq dolurdu.

İntensiv özünütəhlil və dəyişiklik dövrü ərzində qan-tər içində və yarpaq kimi əsə-əsə, bəzən də ürəyimi dəlib keçən kəskin ağrı ilə gecənin bir aləmində yuxudan oyanırdım. “Bu kouçinq prosesinə nə üçün baş qoşdum?” – deyə öz-özümə sual verirdim. Əvvəllər hər şey necə də asan idi.

Filosofların nə üçün az bilməyin xoşbəxtlik olduğunu iddia etmələrini indi anlamağa başlamışdım. Culianla görüşməzdən öncə əsl həqiqətin nə olduğunu, bəlkə də, bilmirdim, amma keçmiş həyatımdakı xülyalarımda nəsə mənə rahatlıq verən bir şey vardı.

Bununla belə, özünü büruzə verməyə başlayan bütün qorxu və çaşqınlıq, düşüncələrimi məşğul edərək mənə rahatlıq verməyən bütün bu suallar və öz daxili dünyamın dərinliklərinə nüfuz etdikcə üzə çıxmağa başlayan əski ağrı-acılarla yanaşı, həyatıma indiyədək keçirmədiyim qəribə və yeni bir sevinc duyğusu da daxil olmuşdu.

 İlk zamanlar bu duyğular tez-tez baş vermirdi, lakin özümü indiyədək olduğundan qat-qat daha canlı, daha həyatdolu hiss etməyə başlamışdım. Bəlkə də, əvvəllər heç vaxt olmadığı kimi, mən əsl həyata dönürdüm, ayılmağa başlayırdım.

Culianın haqqında danışdığı o “qədim yaraları” təhlil süzgəcindən keçirməyə başladığıma və keçmiş həyatımda etdiyim səhvlərin məsuliyyətini öz üzərimə götürdüyümə görə bütün bunlar baş verdi.

Öz uşaqlıq çağlarım və yetkinlik dövründə keçdiyim həyat təcrübəsi haqqında düşüncələrə dalmağa başladığım andan etibarən emosiyalarım və keçmiş, çoxdan unudulmuş xatirələrim üzə çıxaraq özünü büruzə verməyə başladı. Mən onları gündəlik olaraq jurnala qeyd edərdim.

Öz hislərimi saf-çürük etmənin bir yolu kimi öz-özümə məktublar da yazardım. Keçirdiyim hisləri nə qədər çox duymağa başlayırdımsa, bir o qədər öz daxili aləmimin dərinliklərinə baş vururdum.

İçimdə elə bir hiss vardı, elə bil daxilimdəki müxtəlif qatlarla hərəkət edir və öz həqiqi kimliyimə, cövhərimə yetişmək üçün soğan kimi öz köhnə qabığımdan soyularaq ayrılırdım. Əsl kimliyimlə tanış olmağa, kim olduğumu anlamağa başlamışdım. Və Culianın dediyinə görə, bu, “nəcib iş” idi.

Yenə də qeyd etməliyəm ki, sizinlə dürüst olmalıyam: bu, asan bir proses deyildi. Lakin mən dərinə daldıqca bu iş həddən ziyadə məmnunedici bir şeyə çevrilirdi. Dediyim kimi, əvvəllər heç vaxt yaşamadığım xoşbəxtlik duyğularını getdikcə daha çox hiss etməyə başladım.

Daxilimin ən dərin guşəsindən yalnız mənə məlum olan bir hiss bunun həqiqi sevinc olduğunu ­deyirdi.

Bir səhər dan yeri sökülməmiş yatağımdan qalxdım və günün doğmasına tamaşa etdim. Təbiətin sərgilədiyi bu ecazkar səhnədən içimə dolmuş xilaskar vəcdlə ağladığımın fərqinə vardım.

Başqa hallarda isə hər gün dinlədiyim musiqi indi içimdə tamamilə yeni bir səviyyədə yeni duyğular oyadan başqa bir şeyə çevrilirdi. Xüsusi istedadla yazılmış bir operaya və ya şövqlə ifa edilən hər hansı bir pop musiqisinə qulaq asarkən riqqətə gəldiyimdə üzümdə təbəssüm ifadəsi yaranırdı.

Və insanlarla ünsiyyət qurma üslubum da dəyişməyə başlamışdı. Öz dostlarıma, ailə üzvlərimə, eləcə də öz həmkarlarıma başqa prizmadan baxırdım və içimdə ­onlara qarşı indiyədək heç vaxt duymadığım bir sevgi hissinin olduğunun fərqinə varmışdım.

İnsanların əvvəllər məni əsəbiləşdirən hərəkət və davranışları indi məni daha az qıcıqlandırırdı, çünki bu davranışların, sadəcə, onların içindəki yara və qorxulardan irəli gəldiyini dərk etmişdim. Onlar öz bildiklərinə əsaslanaraq əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar və bu haqda Maya Ancelo belə deyir:

“Biz bir şeyi daha yaxşı bildiyimiz halda, onu daha yaxşı yerinə yetirə bilərik”. Yadıma saldım ki, onların hər birinin qəlbinin dərinliklərində qızıl kimi, mükəmməl və sevgi dolu insan varlıqları yatır.

Hər dəfə kimsə mənə ağrı-acı verəcək bir şey edəndə, hətta ən yüngül formada olsa belə, mən Culianın bu sözlərini xatırlayırdım: “Ağrı-acı çəkən insanlar ağrıverici işlər görürlər”. Qorxunun əsiri olan insanlar qorxulu yollara baş vururlar.

Onların mənim qəzəbimə deyil, mərhəmətimə ehtiyacları var. Əgər mən öz daxilimdə mərhəməti tapa bilmirdimsə, onda bunun məsuliyyətini öz üzərimə götürməli və öz qəlbimlə daha yaxından təmas etmək üçün daha da dərinlərə nüfuz etməliydim.

Hər hansı bir fərd ilə bağlı məni narahat edən istənilən şeydə şəxsi inkişaf üçün bir hədiyyə vardır.

Ovqatımı pozan hər hansı bir şərait mənim öz daxili qatlarımdan biri ilə irəliləməyim üçün gözəl fürsətlər təklif edir və bunu etdiyim təqdirdə isə öz ən yaxşı kimliyimi xatırlamaq və öz həqiqi gücümü, qüdrətimi bərpa etmək üçün imkan əldə etmiş oluram. Seçim isə mənimdir: şikayətlənmək, yoxsa əldə etmək.

Düzünü söyləmək lazımdırsa, bu mənim üçün yeni bir fəlsəfə idi. Mənim mənsub olduğum dünyadan çox az sayda insan bu cür düşünərdi. Lakin bunun düzgün olduğunu hiss edirdim;

daxilimdəki bilik məkanı dərk edirdi ki, mən bu tərz həyatı nə qədər dərindən mənimsəsəm, həyatım bir o qədər yaxşılaşacaqdı. İnstinktlərim mənə bu cür həyat tərzi sürməyin müdriklik yolu olduğunu deyirdi.

Culian məndən xahiş etmişdi ki, onunla “Metro Zoo” heyvanat bağçasında görüşüm. Xüsusilə də o məndən yerli növlərdən tutmuş çox nadir rast gəlinən ən ekzotik kəpənək növlərinın saxlanıldığı “Kəpənək Cənnəti” adlandırılan bölmədə görüşməyi xahiş etmişdi.

Mən təyin edilmiş görüş yerinə doğru irəlilədikcə piyada yolunun kənarında səliqə ilə əkilmiş gözəl güllərin ətri məndə ecazkar hislər doğururdu və mənə həyatın gözəlliklərini xatırladırdı. Həyat, həqiqətən, valehedici bir hədiyyədir.

Biz necə də tez-tez həyatımızın gözəl alınması üçün heç bir rol oynamayan şeylərə sığınır, vacib olan şeylərə isə heç diqqət ayırmırıq.

Bir dəfə Culian mənə demişdi ki, dünyanı idarə edən təbiət qanunlarından biri də odur ki, biz diqqətimizi öz həyatımıza daxil olmasını istəmədiyimiz şeylər üzərində cəmləyirik və bununla da həyatımıza girməsini arzuladığımız şeylərin yolunu kəsmiş oluruq.

Və nəyə ki, biz öz diqqətimizi ayırırıq, o şey bizim həyatımızda böyüməyə başlayacaq. Həyatınızda olmasını istəmədiyiniz şeylər üzərində diqqətinizi nə qədər çox cəmləsəniz, həmin şeylər ­sizin həyatınıza bir o qədər çox daxil olmağa başlayacaq.

Dünyamız güzgü kimidir. Onun mənə öyrətdiyi kimi, biz həyatdan arzuladığımız şeyləri deyil, ruhi varlıqlar olaraq kim olduğumuza görə nəsə əldə edirik.

Belə bir nəticəyə gəlmişəm ki, həyatın xırda sevincləri bir çox cəhətdən ən məmnunedici şeylərdir. Məhz buna görə də mən öz diqqətimi həmin şeylər üzərində cəmləməyə başladım.

Culianı tapmaq üçün mən ətrafa nəzər saldım, lakin onu heç yerdə görə bilmədim. Hətta turistlərə xidmət göstərmək üçün orada hazır olan bələdçilərdən buralarda əyninə rahib mantiyası geyinmiş qəşəng görünüşlü bir adamı görüb-görmədiklərini belə soruşdum.

“Onu gözdən qaçırmanız mümkün deyil”, – mən dedim. Onlar mənə gülümsəyərək cavab verdilər ki, belə bir adam görməyiblər. Culianın gəlməsini gözləyərkən yaranmış bu imkandan mən öz gündəliyimdə etdiyim bəzi qeydləri nəzərdən keçirmək üçün istifadə etdim.

Mən aşkar etdim ki, yazmaq fəaliyyəti, sadəcə, başladığım bu qəribə səyahətin mərhələlərini qeyd etməklə qalmayıb, üstəlik bu gündəlik mənə özümü tanımaq, dərk etmək və eləcə də indi həyatımda baş verən oyanış ilə bağlı aydın bir fikir əldə etməm üçün gözəl bir vasitəyə çevrilib.

Gündəliyin tutulması mənə kağız üzərində düşünmək və sonra da öz mənimdən aralaşaraq öz düşüncə və davranışlarımı kənardan obyektiv şəkildə saf-çürük etmək imkanı yaratdı. Gündəliyin tutulması mənə, sözün əsl mənasında, öz düşüncələrimin keyfiyyəti haqqında düşünmək imkanı verdi.

Əgər düşüncə və ya davranış tərzinin hər hansı bir üsulu mənim əldə etmək və qurmaq istədiyim həyata uyğun gəlmirdisə, mənim kim olmaq və nə əldə etmək istədiyimə daha müvafiq olan yeni seçimlər etmək imkanım vardı.

Özünü ifadə edə bilmək və Culianın dediyi kimi, öz-özünlə söhbət edə bilmək imkanın olmaq çox gözəl bir hissdir. Məsələnin mahiyyəti çox aydın şəkildə izah edilirdi: əgər biz öz-özümüzlə söhbət etməsək, özümüzü necə tanıya bilərik?

Özümüzü nə qədər dərindən tanısaq, olmaq istədiyimizi öz daxilimizdə hər zaman dərk etdiyimiz yerə, yəni evə aparan liderlik səyahətini həyata keçirmək üçün bir o qədər çox həqiqi seçimlər edə bilərik. Keçmişdə Yunan və Roma məbədlərinin girişlərinin yuxarı hissəsində, adətən, bu sözlər yazılardı:

“Özünü tanı və onda sən kainatı və allahları tanıyacaqsan”. İndi bu sözlər mənim üçün əvvəllər olduğundan qat-qat daha çox məna və anlam daşıyır.

Mən yerimdən qalxdım və yenidən Culianı axtarmağa başladım, lakin təxminən on dəqiqə sonra da onun iz-tozuna rast gələ bilmədim. Qəfildən nadir kəpənəklərin saxlanıldığı şüşə otaqlardan birindən bərk taqqıltı səsi eşitdim. Mən səs gələn otağa baxdım və gözlərimə inana bilmədim.

Culian məni təəccübləndirməyinə ara vermirdi! O indiyədək həyatımda gördüyüm yüzlərlə ən valehedici kəpənəklərlə örtülmüş şüşənin arxasında dayanmışdı. Həmin otaq elə rəngarəng və elə həyatdolu idi ki…

Onun əynində hələ də həmin qırmızı mantiya, ayaqlarında isə həmişə geyindiyi həmin səndəllər vardı. Lakin bu dəfə Culian da başına heyvanxana işçilərinin çox vaxt geyindikləri üzü tor ilə tamamilə örtən həmin şlyapalardan birini geyinmişdi. O, şüşənin o biri tayından ucadan gülərək mənə səsləndi:

– Buraya, mənim yanıma gəlin, dostum. Bu gün öyrənəcəyimiz dərsin əhəmiyyəti çox böyükdür! Mən bilirəm ki, siz bu dərsin ibrətlərini aşkar etmək üçün artıq hazırsınız. Qapının bayır hissəsində sizin üçün də bu şlyapalardan biri var, heyvanxananın işçiləri ilə danışaraq hər şeyi etmişəm.

Mən qapıya tərəf addımladım və mənim ekssentrik, amma çox effektiv həyat koçumun mənə söylədiyi kimi, önündən tor asılan həmin şlyapanı başıma qoydum. Qapını açaraq otağa daxil oldum və bu kəpənəklərin təcəssüm etdirdiyi təbiətin bu möcüzəsinə heyran qaldım.

Bəlkə də, bizi əhatə edən dünyamız mükəmməldir və gözlərimizin önündə açılan hər şey həddən artıq yüksək şüurun qurduğu plana müvafiq olaraq baş verir.

Biz həyatımızda baş verən şeylərin hansı səbəblər üzündən baş verdiyini anlamağa çalışırıq, lakin o da ola bilər ki, biz insan şüurundan qat-qat daha yüksək olan bir şüur tərəfindən yaradılmış bir şeyi dərk etməyə çalışırıq.

Bəlkə də, hər birimizin həyatında nəsə bir mükəmməllik var, elə bir mükəmməllik ki, biz ona mühakimə və qorxu prizmasından baxdığımızda onun mahiyyətini anlaya bilmirik. Bəli, bizim etdiyimiz seçimlər hesaba alınır. Bəli, bizim etdiyimiz hərəkətlərin öz nəticələri var.

Bəli, öz talelərimizin hansı formanı alacağı və necə olacağında bizim də kifayət qədər təsir gücümüz var. Lakin bizim əlimizdə olanda daha böyük bir qüvvə də vardır ki, nəticə etibarilə, daim oyunu idarə edir və hər şeyi öz nəzarətində saxlayır.

Culian kəpənəklər ilə oynayan, öz maraq və sevincini gizlədə bilməyən balaca bir uşağı xatırladırdı. O, kəpənəkləri də yedəyinə alaraq otaqda dövrə vurduqca gülür və əllərini bir-birinə vururdu.

Sonra o, əlini yellədərək kəpənəkləri özündən kənara qovdu; kənardan baxan insanda elə bir hiss yaranırdı, sanki kəpənəklər onun təlimatlarına uyurdular. O mənə tərəf gəldi.

– Necəsiniz, mənim dostum? – yaxınlaşıb məni qucaqlayarkən Culian dedi. Onun çiyinlərində hələ də bir neçə kəpənək qalmışdı.

– Hmm, mənim bundan da yaxşı həftələrim olub,

– deyə düşündüyümü gizlətmədən tam səmimiyyətimlə cavab verdim. – Həyatımda o qədər yeni şeylər baş verir ki. Bəzən dərk edə bilmirəm ki, haradansa gəlirəm, yoxsa harayasa gedirəm, Culian.

Düzünü desəm, bu günlərdə həddən artıq ağrı-acı hiss edirəm. İndiyədək heç vaxt düşünməmişdim ki, oyanışa aparan yol bu qədər əzab və ağrılara səbəb ola bilər.

– Bütün bunlar yeddi mərhələli prosesin hissələridir, Dar. Bu yol insandan inanılmaz dərəcədə böyük cəsarət tələb edir. Siz bunu bilavasitə öz üzərinizdə təcrübədən keçirərək öyrənirsiniz. Bu isə öyrənmənin ən yaxşı üsuludur.

Əgər həyatınızı gözüaçıq və onun ibrətlərinə ayıq yaşasanız, heç bir kitab sizi həyatın özü kimi öyrədə bilməz. Riskə getmək yaşamaq deməkdir, mənim dostum. Biz oyunu balaca oynayaraq bunun yaşamaq üçün daha az riskli olduğunu düşünürük, halbuki bizim üçün ən riskli olanı da elə budur. Bu, xülyalarımızın bir hissəsidir.

– Sizinlə razıyam, Culian. Nil Donald Uolş deyir: “Siz yaşamaqdan və həyatın özündən elə qorxursunuz ki, təhlükəsizlik uğrunda apardığınız sövdələşmədə öz varlığınızın təbiətindən də imtina etməli olursunuz”.

– Çox gözəl sözlərdir, – deyə Culian mənimlə razılaşdı. – Bu sözləri heç vaxt eşitməmişdim.

Culian gözlərini yumdu, deyəsən, mənim indicə dediklərimi həzm etmək üçün düşüncələrə dalmışdı. Culian çox gözəl dinləyici idi. Onunla birlikdə zaman keçirmək çox xoşuma gəlirdi. O mənə xüsusi olduğumu hiss etdirirdi.

– Budur, buna bir baxın, – Culian bir baramaya işarə edərək dilləndi. – Bir vaxtlar Riçard Bax yazırdı ki, tırtılın dünyanın sonu kimi gördüyü şeyi ustad kəpənək kimi görür.

Bu sözlər mənə ruhi səviyyədə xitab etdi. Məncə, onlar doğru sözlər idi.

Culian sözünə davam etdi:

– Siz metamorfoza dövrünü yaşayırsınız. Siz köklü dəyişikliklər yaşayırsınız. Siz bütün həyatınızı böyük bir yalan kimi yaşamısınız. Siz özünüzə xəyanət etmiş və həyatınızı səmimiyyətlə yaşamamısınız, sadəcə, ­kütləyə uyğunlaşmağa çalışmısınız.

Sizin seçim və davranışlarınız xülyalara, illüziyalara əsaslanırdı. Mağaranın divarlarında real kimi görünən yalançı obrazları xatırlayırsınızmı?

– Mən onları necə unuda bilərəm, Culian? – deyə cavab verdim.

– Siz də, yəqin xatırlayırsınız ki, həqiqət arayıcısının yolunun “İkinci Mərhələ”sinə əsas bir seçim daxildir: ya qəflət yuxusuna və kiçik qalmağa davam etmək, ya da aydınlanma və öz ən böyük kimliyi istiqamətində irəliləmək üçün idrak səyahətinə qədəm qoymaq.

Əgər sonuncu seçim edilərsə, onda arayıcı “Üçüncü Mərhələ”dən keçməli olur ki, bu mərhələdə o, qarşısında açılan tam və yeni reallıqları görməyə başlayır, “Dördüncü Mərhələdə isə arayıcı ona nə olduğu ilə bağlı ustadlarının təklif etdiyi cavabları hərisliklə öyrənir və illüziyanın arxasında mövcud olan dünyanı dürüst şəkildə dərk etməyin yollarını araşdırır.

Bu da bizi “Beşinci Mərhələ”yə – “Kökündən dəyişmək və yenidən doğulmaq” mərhələsinə gətirir. Bu çox çətindir, arayıcı üçün çətin bir dövrdür, çünki bu dövr dəyişikliyin dərin keçid dövrüdür. Bu dövr həm də arayıcı üçün ən həyəcanverici və əhəmiyyətli bir dövrdür.

İnkişaf bəzən çətin formada özünü büruzə verir. Lakin inkişaf hər zaman faydalıdır. “Sizi arzularınıza aparan yolu siz yalnız bir ayağınız əbədiyyətdə, o birisi isə etibarsız torpaqda olarsa, tapa bilərsiniz”, – tanınmış mütəfəkkir Rik Tarvinio belə deyib.

Culian sözünə davam etdi:

– Bu günlərdə necə qarışıq hislər keçirdiyinizi təxmin edə bilirəm. Yaşadığınız acıları da başa düşürəm. Siz bu yolla irəlilədikcə müəyyən dərəcədə ağrı-acı yaşamalısınız.

Sizin yaşadığınız acıları azaltmaq istəmirəm. Lakin onu da deməliyəm ki, əgər sizə öz indiki həyatınıza əlli min fut (15 250 metr) yüksəklikdən baxa bilsəydiniz, həyatınızda baş verən hər şeyin çox gözəl olduğunu görə bilərdiniz.

– Gözəl? Mən həyatımda heç vaxt bu qədər ağrı-acı yaşamamışam. Mən həyatım boyu heç vaxt bu qədər çaş-baş qalmamışam. Mənə elə gəlir ki, həyatım yaxşılaşmaq, düzəlmək əvəzinə xaosa doğru sürüklənir.

– Bu hislər yalnız sizin indiki qavrayışlarınızla bağlıdır, – deyə Culian cavab verdi. – Sizin insan gözləriniz qarışıqlıq və xaos görür.

Lakin siz yeni hədəflər, yeni arzular qazanma prosesindəsiniz. Buna davam etdikcə, siz görəcəksiniz ki, sizin başınıza gələn hər şey sizin əvvəlki həyatınız ilə bağlı baxışlar və anlayışlar sisteminin tərk edilmiş prosesinin bir hissəsindən ibarətdir.

Sizinlə bağlı baş verən hər şey sizin köklü inkişaf yolu keçdiyinizi göstərən dəlilin inikasından başqa bir şey deyil. Siz indiyədək bildiyiniz hər şeyi və keçmiş həyatınızı idarə edən baxış və davranış üsullarının hamısını tərk edirsiniz.

Əvvəllər sizin kimliyinizi müəyyən edən şeyləri tərk etdikcə və özünüzü bunlardan azad etdikcə həyatınıza yeni şeylərin daxil olması üçün boş yer hazırlamış olursunuz. Siz yeni şüur, yeni davranış və mövcudiyyət üsulları üçün boş yer hazırlayırsınız.

Bəli, razıyam, bəzən bu proses çox böyük qarışıqlıq yarada bilər. Başqa cür necə ola bilər? Öz həyatınızı sürdürərkən söykəndiyiniz bünövrənin özünə meydan oxunur və sonra da yerlə yeksan edilir. Amma mən sizə deyəndə ki, bu sizin həyatınızda başınıza gələn ən yaxşı şeydir, lütfən, mənə inanın. Sizin fikir və ağlınız oyanır. Ürəyiniz taybatay açılır.

Sizin emosiyalarınız şəfa tapır və ruhunuz pərvazlanmağa başlayır. Siz öz həqiqi gücünüzü bərpa edirsiniz, bu isə böyük rütbəli şəxslərin, bank hesablarının və böyük pəncərəli ofislərin təmin etdiyi kənar, xarici gücdən kəskin şəkildə fərqlənir. Bütün bunlar həyatın axarında gəldi-gedər şeylərdir.

Və bir gün bu güclər gedəndə onlarla birlikdə özünüzün hesab etdiyiniz güc də yox olub gedir. Lakin heç kim sizin həqiqi gücünüzü sizdən ala bilməz, Dar. Siz onu qazanır, sonra isə onun sahibi olursunuz – həmişəlik, əbədi. Ona görə də bütün bunlar çox gözəldir.

Bir zamanlar sizin həyatınızda hökmranlıq edən şeylərə nəzarəti tərk edirsiniz. Tırtılın barama mərhələsindən keçməsi kimi, siz də zülmət qaranlıqdan keçərək nəsə yeni bir varlığa çevrilirsiniz. Bəli, baramanın içində zülmət qaranlıqdır və bəzən sizə elə gələ bilər ki, burdan heç bir çıxış yolu yoxdur.

Ancaq əslində, tırtıl kəpənəyə çevrilməkdədir. Durğunluq azadlığa çevrilir. Köklü dəyişiklik məhz belə olur və siz bunun xoşunuza gəlmədiyini deyəndə mən sizi eşidirəm, nə dediyinizi anlayıram.

Bir arayıcı kimi sizin səyahətinizin bu mərhələsində sizə elə gəlir ki, əvvəllər öz həyatınızı sürdürərkən onun idarə edilməsi üçün yararlandığınız daxili hakimiyyət özülünə qədər yerlə yeksan edilib, onun yerini isə tamamilə yeni bir rejim alıb. Elə bil orada inqilab baş verməkdədir.

Yeni inanc və əqidələr yaranmaqdadır. Dünyanın gərdişi ilə bağlı yeni fərziyyələr işlənib hazırlanmaqdadır. Qorxular tərk edilir və onlar daha sizi narahat etmir. Şəxsi dürüstlüyə daha böyük bağlılıq özünü büruzə verir. Bunun nə qədər inanılmaz olduğunu görürsünüzmü?

Baş verənlərə müqavimət göstərməməyə çalışın. Siz çox ecazkar bir yerə istiqamətlənmisiniz, mənim dostum. Həyatımızın keçid mərhələləri onun ən zəngin dövrləridir. Siz işı doğru addımlamaqdasınız. Qaranlıq isə keçib gedəcək. Kəpənək təşrif gətirir.

– Həqiqi sözünüzdür? – mən bu sualı verməkdən özümü saxlaya bilmədim.

– Təbiət qanunları həyatın qanunlarını izah edir, – deyə Culian cavab verdi. – Siz özünüz də bunu bilirsiniz. Tırtıl baramanın içində əbədi olaraq qala bilməz. Zamanı yetişəndə kəpənək üzə çıxmalıdır. Sadəcə, təbiətin zamanlamasına etibar edin; təbiətin saatı sizinkindən fərqlidir.

Bunu heç vaxt unutmayın. Keçirdiyiniz ağrı-acılar keçib gedəcək – həmişə belə olur. Karl Yunqun dediyi kimi: “Ağrıları yaşamadan huşunuzun özünüzə gəlməsi mümkün deyil”. Yenə də təkrar edirəm, nəzarəti boş buraxın və sadəcə, başa düşün ki, daha böyük hadisələr baş verir. Hamısı da mükəmməl.

– Bu dediyiniz şeylərin həqiqət olduğunu haradan bilirsiniz axı?

– Oradan bilirəm ki, mən də öz həyatımda bu oyanış yolunu keçmişəm. T.S.Eliotun bu sözlərini heç vaxt unutmayın: “Yalnız həddən artıq uzağa getməyə cəsarət edən kəslər, böyük ehtimalla, nə qədər uzağa gedə biləcəklərini öyrənə bilərlər”.

Siz elə bir yerdən keçməkdəsiniz ki, mistiklər onu ruhun zülmət gecəsi adlandırmışlar. Mən bilirəm ki, siz hər şeyi sorğu-sual edir, hər şeyə şübhə ilə yanaşırsınız. Bu, pis şey deyil. Hər şeyi sorğulamaq o anlama gəlir ki, siz status-kvonu (yəni mövcud vəziyyəti – tərc.) daha həqiqət kimi qəbul etmirsiniz.

Siz daha kor-koranə sürünün arxasınca gedən qoyunlardan biri deyilsiniz. Siz oyanırsınız və inkişaf edirsiniz. Liderlərin etdiyi də məhz budur. Onlar kütləni birdəfəlik tərk edir və öz yollarını açırlar. Mahatma Qandi də kütlənin arxasınca getmədi.

O özünün orijinal konsepsiyasını ortaya qoydu və sonra onun müdafiəsinə durmağa cürəti olduğunu sübut etdi. Helen Keller, Ameliya Erhart, Tereza Ana, Martin Lüter Kinq oğul və bütün digər liderlərin hamısı – dövlət liderlərindən tutmuş Salvador Dali və Pikasso kimi incəsənət aləminin liderlərinə qədər – eyni şeyi etdilər.

Dali Rembrant və ya Mikelanceloya daha çox bənzəməyə can atmadı. O öz ömrünü öz təsəvvürlərinə əsasən yaşadı və öz qəlbinə yerləşdirilmiş yaradıcılıq istedadını dünyaya nümayiş etdirməyə cəsarəti çatdı.

– Bu doğrudur, – deyə mən təsdiqlədim və ətrafdakı kəpənəklərin əllərimdən birinin üstünə qonmasına imkan verdim.

– Siz başqalarının sizi tərk edəcəyindən qorxduğunuz üçün həyatınızı daha başqalarını məmnun etmək və kütləyə uyğunlaşmaq üçün yaşamırsınız.

Bunun əvəzində, siz öz daxili aləminizə, qəlbinizin dərinliklərinə baş vurur və bir insan varlığı olaraq özünüzü tam olaraq büruzə vermə üzulunuzla dünyaya daha çox sevgi saçmağa başlayırsınız. Siz, sözün həqiqi mənasında, öz həqiqi kimliyinizi bərpa edirsiniz.

Siz kəpənəyə çevrilir və öz azadlığınızı bərpa edirsiniz. Sizin üçün çox şadam. Və bəli, bu proses bu yolda olan hər bir kəsin həyatında ağrı-acılara səbəb olur.

Culian sözünə başqa bir faydalı metafora ilə davam etdi:

– Uşaq doğuş kanalından keçəndə inanılmaz dərəcədə böyük ağrılar keçirir. Lakin nə uşaq, nə də ana bu ağrılara təslim olmur. Onlar hər ikisi də bu keçid dövrünün ağrılarına inadla dözür və bilirlər ki, əldə edəcəkləri nəticə möcüzə olacaqdır.

Əgər təslim olmasanız və seçimlərinizi etməkdə davam etsəniz, siz də belə bir möcüzənin şahidi olacaqsınız. İnsan varlıqları olaraq bizim hər birimizin seçim imkanlarımız var. Bizim hər birimiz güman etdiyimizdən qat-qat çox seçim imkanına sahibik.

Biz elə zənn edirik ki, öz həyatımızda o dərəcədə məhduduq ki, həyatımızda sürdürməli və hazırda etdiyimiz şeyləri etməyə davam etməliyik. Bu, əslində, sözdə belədir və bunun qurbanları da bundan istifadə etməyə meyillidirlər.

Bu, hər zaman sizdən asılı olan bir şeydir – yəni siz evə aparan cığırla öz sosial kimliyinizdən həqiqi kimliyinizə doğru nə qədər uzağa getmək istəyirsiniz. Bəzi insanlar heç vaxt şüur yoluna çıxa bilmir və bütün həyatlarını qəflət yuxusunda keçirirlər.

Digərləri isə evə doğru bir neçə addım atır, onlardan bəziləri isə qismən kim olduqlarını xatırlamağa müvəffəq olurlar. Lakin kişi və qadınların çox az bir qismi evə gedən bu yolla axıra qədər getməyə və öz həqiqi kimliklərini tam şəkildə xatırlamağa nail ola bilmişlər.

Bu cəsarətli ruhlar öz həqiqi güclərini bərpa etmişlər. Bu güc bizim hər birimizin daxilində mövcuddur və o, dünyamızda “aydınlığa qovuşmuşlar” kimi tanınır.

Onlar planetimizin əsl öndərləri, lap istəsəniz, mənəvi nəhəngləridirlər. İndi keçirdiyiniz ağrı hisləri ona görədir ki, siz hal-hazırda doğuş kanalından keçməkdəsiniz. Siz yenidən doğulma təcrübəsini yaşayırsınız və lazımi vaxt yetişəndə yeni bir varlıq ortaya çıxacaq.

Kainat bizim düşündüyümüzdən daha ağıllıdır, bu, həqiqətən, belədir. Bizim həyatlarımızı idarə edən şeylər arasında çox parlaq bir bağlılıq mövcuddur. Nəticələri zorlamaqdan nə qədər tez əl çəkə və sadəcə, özümüzü axının ixtiyarına buraxa bilsək, bizim həyatlarımız formasında bəxş edilmiş möcüzə özünü bir o qədər tez büruzə verəcək.

Bir şeyi baş verməyə məcbur etməyə və hadisələrin öz-özünə baş verməsini idarə etməklə onların özləri arasında müvazinət yaratmadan zorla nəticələr əldə etməyə cəhd etmək hər şeyə nəzarət etməkdən başqa bir şey deyil. Sadəcə, bilin ki, siz dəyişikliklər dövrünü yaşamaqda və hər an həmin proseslə birlikdə olmaqdasınız.

Hal-hazırda yaşadıqlarınızdan və onların sizi götürəcəyi yerdən ləzzət almaq və onların dəyərini bilmək üçün bir qərar verin. Onlara “pisdir” yarlığını vurmadan, sadəcə, onları öz üzərinizdə sınaqdan keçirin. Bütün mühakimələri özünüzdən uzaqlaşdırın, çünki o, illüziyanın bir hissəsidir.

Real deyil. Kütlə sizə buna bənzər şeylərin “pis” olduğunu öyrədib. İnam sahibi olun. İçinizdə yaranan hisləri duyun və onların içindən keçərək prosesi sona çatdırın. Müəyyən zaman keçəndən sonra siz arxanıza dönüb ona öz həyatınızın həlledici məqamı kimi baxacaqsınız.

Culian öz bel çantasından köhnələrək yırtılmış bir kitab çıxardı və dedi:

– Budur, bir buna baxın, – Culian dedi. – Burada Ruminin bəzi şeirləri toplanıb. Onları çox sevirəm.

O, kitabın səhifəsindən oxumağa başladı: “Mən kədərin qəm-qüssə badəsini içdiyini gördüm və ona səsləndim: “Onun dadı şirindir, düz demirəmmi?” “Siz məni yaxşı yaxaladınız və mənim işimi alt-üst etdiniz”, – deyə kədər cavab verdi. – “Siz qüssənin səadət olduğunu bildiyiniz halda, mən daha onu necə sata bilərəm?”

– Sizin kədəriniz, əslində, səadətdir. O sizi formalaşdırır və oyadır. Lütfən, “Beşinci Mərhələ”ni keçərkən bunu unutmayın.

– Hmm, bəs bu mərhələni keçmək üçün mən nələri etməliyəm, Culian? Sizinlə səmimi olmalıyam. İçimdə bir hiss mənə artıq təslim olmağa başladığımı söyləyir. Daha kimə qulaq asacağıma qərar verə bilmirəm. Mənim dostlarım və həmkarlarım başqa dünyanın adamlarıdırlar.

Bir hissəm dərk edir ki, onlar kütləyə mənsubdurlar və onların inancları illüziyaya əsaslanır. Lakin onların mənə söylədiklərini nəzərə almamaq həddən ziyadə çətindir.

Məncə, mənim demək istədiyim ondan ibarətdir ki, bir vaxtlar mənim dünyaya baxışlarımın yalan üzərinə qurulmuş olmasını və bir insan varlığı kimi davranmanın tamamilə yeni və daha dürüst üsulları olduğunu xatırlamaq bəzən çox çətin olur.

Özümü elə hiss edirəm, elə bil iki dünya arasında sıxışıb qalmışam. Bəzən özümü onda tuturam ki, sizin mənə söylədiyiniz hər şeyin, həqiqətən, doğru olub-olmadığı haqqında suallar verirəm. Sizin səmimiliyinizə və dürüstlüyünüzə, ümumiyyətlə, şübhə etmirəm.

Mənim demək istədiyim şey bu deyil, Culian. Mənə sadəcə maraqlıdır, əgər sizin söylədikləriniz doğru deyilsə, siz yanılırsınızsa, bəs onda necə olsun? Birdən mən öz həyatımı daha da pisləşdirirəmsə və özüm üçün daha çox çətinliklər yaradıramsa, bəs onda necə olsun?

– Əhsən, əla işdir, Dar. Siz nə qədər çox öz qorxularınızı saf-şürük etsəniz, sizin içinizdən bir o qədər çox qorxu keçəcək. Siz nə qədər çox bu haqda danışa bilsəniz, içinizdə gizlənmiş kölgələr bir o qədər çox işığa çıxacaq və onları bu işığın altında saf-çürük etmək, ­onlardan xilas olmaq olar.

Öz həqiqətinizi açıq söylədiyiniz üçün çox sağ olun; çox az sayda insan bunu etməyə qadirdir. Unutmayın ki, öz qorxularınız haqqında danışmaq və onları açığa çıxarmaq zirzəmidə yaşayan bir bədheybəti yuxarı mərtəbəyə, mətbəx masasının arxasına bir fincan çay içməyə dəvət etməyə çox bənzəyir.

Bu bədheybət sizin şüurunuzun işığına çıxdığı andaca əriyərək yox olmağa başlayır. Bir zamanlar təhtəlşüurun mülkündə olan şey indi ayıq şüurun hakimiyyət zonasına çıxır və siz onu burada təhlil edə və qiymətləndirə, eləcə də əgər istəsəniz onunla bağlı bir qərarlar verə bilərsiniz.

Əksər qorxular illüziyadan başqa bir şey deyil. İndi siz də bunu bilirsiniz. Bununla belə, onlar bizim həyatlarımızı idarə edirlər. Onlar bizə başımızı qaldırmağa, qəddimizi düzəltməyə imkan vermirlər. Onlar bizi buxovda saxlayır və həyatlarımızı imkanlar əvəzinə məhdudiyyətlər ilə doldururlar.

Sizdən istədiyim yalnız mənə olan etibarınızı itirməmənizdir. Ən qaranlıq vaxt həmişə sübh çağından öncə olur. Hər bir insanın həyatında elə bir məqam yetişir ki, o öz oyununu oynayarkən risk etməli və böyük fürsətləri fövtə verməməlidir.

Hər bir arayıcının həyatında elə bir məqam yetişir ki, o öz qəlbinin dərinliklərində anlayır ki, riskə getməkdən imtina etmək onları yenidən adi, miyana həyata qaytaracaq.

Amma sıçrayış etmək – bu zaman böyük qorxuların üzə çıxması və bunun üçün böyük cəsarət tələb olunmasına baxmayaraq – buna cəsarət etmiş insanların tamamilə yeni məkanlara səyahət etməsinə imkan verəcək.

Potensial xoşbəxtlik və azadlıq diyarına, öz daxili aləminizin dərinliklərinə baş vurun və öz daxili səsinizə qulaq asın. Sonra onun bələdçiliyinə etibar edin. “Həyat öz sahibinin cəsarətinə düz mütənasib olaraq ya sıxılır, ya da genişlənir”, – deyə Anais Nin yazırdı.

– Bilirsinizmi nə var, Culian? Bu günlərdə mən içimdə getdikcə ucalan bir növ daxili səsə bənzər bir şey eşitməyə başlamışam. Daha bir dəyişən şey də budur. Əvvəllər mənə, sadəcə, sizing müdrikliyiniz bələdçilik edirdi. Məni bu məqama çatdıran da elə sizin həyat mürşidliyinizdir.

İndi mənə elə gəlir ki, elə bil öz daxili müdrikliyimə və öz şəxsi həqiqətimə əlim çatmırdı. Amma indi bu haqda düşündükcə bu vəziyyət də dəyişməyə başlayır.

– Çox gözəl söylədiniz, Dar. Sizin yalnız özünüzlə deyil, həmçinin sizin kimi bu yola qədəm qoyaraq sizinlə birlikdə bu yolla addımlayan başqa insanlarla da söhbətlərə davam etmək arzunuzun səbəblərindən biri də məhz budur. Hal-hazırda dünyamızda bir çox insan bu yolla irəliləməkdədir.

Əvvəllər sizə xatırlatdığım kimi, söhbət əminliyi və əqidəni dərinləşdirir. Siz olmaq istədiyiniz şeylər haqqında nə qədər çox söhbətlər etsəniz, özünüzü bir o qədər çox zəruri olan şeylərin həyata keçirilməsinə həsr etmək iqtidarında olacaqsınız.

Culian kəpənəklərlə oynamağa başladı. Onun daxili aləmindəki uşaq açıq-aşkar diri və sağlam idi. Kənardan baxana elə gəlirdi ki, onun gah çiyinlərinə, gah da qollarına qonan kəpənəklər də onu sevirdilər.

Mən də ona qoşuldum. Biz tamamilə indiki anı yaşayan, tamamilə həyat dolu, bütün məhdudiyyət və ya utancaqlıq hislərindən azad şəkildə məktəb həyətində oynayaraq şənlənən iki balaca uşağa bənzəyirdik. Bəlkə də, mən öz keçmişimdə həyata həddən artıq ciddi yanaşırmışam.

Bəlkə də, bu mənim həyatımın ən vacib və ən zəngin məqamı idi. Daha dərindən düşündükcə bunun həqiqət olduğunu dərk etməyə başlayırdım. Mən bu həqiqəti öz bədənimdə, bədənimin lap özəyində, onun cövhərində hiss etdim.

Beynimdəki boş laqqırtı mənə bunun belə olmadığını söyləmək istəyirdi. Amma Culian haqlı idi: çox vaxt bu laqqırtı qorxunun səsindən başqa bir şey olmur. Baş məhdudlaşdırıcı, ürək isə azadedici orqandır. Mən öz həyatımda həmişə olduğundan daha çox lider rolunu oynamaq istəyirdim.

Mən özümü tam şəkildə göstərmək və qalan günlərimi böyük oynayaraq keçirmək istəyirdim. Mən öz məhdudiyyətlərimi tərk etmək və evə aparan səyahətə çıxmağı arzulayırdım.

Məni əhatə edən dünya ilə bağlı inanclar, gümanlar və qorxuları qəbul etdiyim gündən yığılmış bütün qatların altında qalmış həqiqi şəxsiyyətimi geri qaytarmağı, onu xatırlamağı və bərpa etməyi arzulayırdım. Mənim böyüklüyüm özünü büruzə verməyə hazırlaşırdı.

Biz, sözün əsl mənasında, əsl kimliyimizin üzə çıxmasından qorxuruq. Biz öz işığımızdan qorxuruq. Biz özümüzün ən yüksək perspektivlərimizdən qorxuruq. Biz dik durmaqdan və öz işığımızın dünyaya saçmasına imkan verməkdən qorxuruq.

Böyük hədiyyələr ilə birlikdə böyük məsuliyyət də gəlir. Məncə, insanların bu hədiyyələrə baxmaq istəməməsinin səbəbi, onların bu hədiyyələrlə birlikdə gələn məsuliyyətlə əlaqədar olmaq istəməmələrindədir.

Bu məsuliyyət həyatı qorxusuz yaşamaq və dünyada fərq yaratmaqdan ibarətdir. Məsuliyyətdən qaçmaqla, onlar öz böyüklüklərini itirərək cılızlaşırlar. Mən and içmişəm ki, bunun mənim başıma gəlməsinə heç vaxt imkan verməyim.

Heyvanat bağçasında Culian ilə görüşümüzdən sonrakı günlər ərzində bütün bunlar mənə hissə-hissə getdikcə daha çox gəlməyə başladı. Mənim üçün hər şeyin anlamı getdikcə artmağa başladı.

Həqiqətə aparan bu yolda səbirli və oyanıq olmaq tələb olunurdu. Əgər bilmək istədiyim hər şey mənim həyatımda dərhal və anidən baş versəydi, məncə, səyahət üçün heç nə qalmazdı. Mən başa düşdüm ki, bizim canlı olmağımızın əsas səbəbi, öz həyatlarımızı evə aparan yolu tapmağa sərf etməyimizdir. Və bu da bir səyahətdir.

Lakin bir çox cavablar artıq gəlməyə başlayıb. Mən dərk etdim ki, onlar, deyəsən, yalnız mənim onları qəbul etməyə hazır olduğum vaxtda özlərini büruzə verirdilər. Məni narahat edən suallar öz cavabını, demək olar ki, üzvi surətdə tapırdılar.

Mən nə qədər çox daxili aləmimlə məşğul olurdumsa, daha çox həll yolları əldə edir və daha yüksək inkişafa nail olurdum. Mən nə qədər çox daxili aləmimlə məşğul olurdumsa, daha çox həll yolları əldə edir və daha yüksək inkişafa nail olurdum.

Mən nə qədər çox öz daxili aləmimin dərinliklərinə baş vururdumsa, məni əhatə edən xarici aləm bir o qədər çox dəyişikliyə uğrayırdı.

Öz köhnə dünyamda mən düşünürdüm ki, qurtuluş və xoşbəxtliyə aparan yol öz diqqətini xarici görünüş üzərindən cəm etməkdən keçir. Bir başqa sözlə ifadə etsək, mən inanırdım ki, maşınım nə qədər bahalı, kostyumum nə qədər yüksək keyfiyyətli olarsa, mən özümü daxilən bir o qədər xoşbəxt hiss edərəm.

Lakin mən Culianla nə qədər çox vaxt keçirirdimsə, xoşbəxtliyin daxili bir iş olduğunu bir o qədər aydın anlayırdım. Söhbət xalis dəyər ardınca düşmək, onu təqib etməkdən getmir, insanda özünə daha böyük dəyər verməni tərbiyələndirməkdən gedir.

Söhbət daha çox pula sahib olmaq haqqında deyil, daha böyük məna kəsb etmək haqqındadır. Məsələ yalnız müvəffəq olmaqdan ibarət deyil, dünyada davamlı dəyərlər yaradan insanın həqiqətən əhəmiyyətli olmasından ibarətdir.

Bütün bunlarla mənim demək istədiyim hər şeyin sanki öz-özünə, təbii şəkildə baş verməsidir. Elə bil daha yüksək şüur mənə bələdçilik edir. Mən hər zaman həyatla mübarizə etmişəm və bilirəm ki, bütün bunlar hamısı nəzarət ilə bağlı şeylərdir.

İndi mən həyatımı tamamilə fərqli tərzdə sürdürürdüm: mən onun mənə bələdçilik etməsinə imkan verirdim. Bu o demək deyil ki, mən öz davranışlarım üçün heç bir məsuliyyət daşımıram. Həyatda hər şey çox incə bir müvazinətə tabedir.

Mən hələ də özüm üçün hədəflər seçir, atmalı olduğum addımları atır və praktik olaraq fəaliyyət göstərirdim. Lakin həyata müqavimət göstərmək əvəzinə, boşalır, rahatlaşırdım. Daha çox təslim olurdum.

Mən əlimdən gələn hər şeyi etmiş və qalanını həyata keçirməsi üçün həyatın öhdəsinə buraxmışdım. Əgər mən əlimdən gələni edəndən sonra da nəsə hələ də baş vermirdisə, hiss edirdim ki, həmin şeyin baş verməsi nəzərdə tutulmayıbmış.

Və bilirdim ki, mənim şəxsi təkamülüm üçün ondan da gözəl bir şey özünü büruzə verəcək. Bir qapı bağlananda hökmən başqa bir qapı açılır və hər bir son isə, həqiqətən, nəsə yeni bir başlanğıcdır.

Mən bir şeyin baş verməsinə nail olmaq ilə bir şeyin öz-özünə baş verməsinə imkan vermək arasında müvazinət qurmağa başladım. Mən bir şeyi etməklə bir şey olmaq arasında müvazinət qurmağa başladım.

Mən öz ağlımdan istifadə ilə ürəyimin səsinə qulaq asmaq arasında müvazinət qurmağa başladım – səbəb və ehtiras birlikdə. Nəhayət, güman edirəm ki, mən Yerlə Göy arasında müvazinət qurmaqda idim.

DOQQUZUNCU FƏSİL
Arayıcı Sınaqdan Keçir

Əgər sizdə nəsə böyük bir şey varsa, o sizin ilk çağırışınızda səsinizə hay verməyəcək.

Zəhmət çəkmədən və səy göstərmədən o özünü büruzə verməyəcək və sizin yanınıza gəlməyəcək.

Ralf Ualdo Emerson

Culianla görüşmək üçün heyvanat bağçasına getdiyimdən sonra keçən dörd həftə ərzində mənim həyatımda həddən artıq çox uğurlu şeylər baş verdi. Uşaqlarım – onlarla hər həftə görüşürəm – münasibətlərim daha açıq və sevgi dolu bir səviyyəyə çıxdı.

Mən öz uşaqlarıma elə səviyyədə qulaq asmağa başlamışdım ki, bu, Culianla görüşdüyüm günədək sürdürdüyüm həyatımda heç vaxt mümkün olmamışdı. Bizim aramızdakı sevgi bağları da həndəsi silsilə ilə güclənirdi.

Onlar mənə deyirdilər ki, indi mən daha rahat, qayğıkeş və şux görünürəm və deyirlər ki, heç vaxt məni bu cür ovqatda görməyə alışmayıblar. Mən, nəhayət ki, həmişə arzuladığım ata olmağa, atalıq səviyyəsinə yüksəlməyə başlamışdım.

Həmçinin, bizim yerli kitabxanada keçirilən özünüdərk və şəxsi transformasiyaya dair mühazirədə iştirak edərkən gözəl və ağıllı manual terapevt Saşanı gördüm. Mən ona aşiq olmuşdum; qadınlara buna bənzər hislər bəsləyə biləcəyim heç ağlımın ucundan da keçməmişdi.

O çox sakit, emosional cəhətdən stabil, elə müdrik, sevimli və məzəli idi ki. Onunla görüşdüyüm zaman mən artıq bilirdim ki, bizim alnımıza ömrümüzün qalan hissəsini bir yerdə keçirmək yazılıb. Bu, sadəcə, içimdəki hiss idi, elə bir hiss ki, sonrakı bir neçə gün ərzində ona daha çox diqqət ayırmaq qərarına gəlmişdim.

Culianın dərsləri və onun “müqəddəs saat” konsepsiyası sayəsində mənim daxili aləmim bərpa edilmişdi. “Birinci Oyanış”a doğru irəliləmək, öz müdriklik bazamı inkişaf etdirmək və onu yad ünsürlərdən arındıraraq saflaşdırmaq üçün mən çoxlu kitablar oxuyurdum.

Həmçinin izləmək niyyətində olduğum həyat fəlsəfəsini saflaşdırmaq məqsədilə hər gün öz gündəliyimə qeydlər edirdim. Culianın verdiyi məsləhətlər sayəsində qərar vermişdim ki, başqalarının mənim əvəzimdə düşünməsinə yol verməkdənsə, öz həyatım haqqında özüm düşünüm. Mən başqa birisinin həyatını və ya kütlənin məni yaşamağa təşviq etdiyi həyatı yaşamaqdan qəti şəkildə imtina etmişdim.

Lakin şüurun oyanması bütünlüyün bərpa edilməsi və “Bütünlükdəki ­Boşluğun” qapadılması üçün görməm tələb olunan işlərin yalnız iyirmi beş faizini təşkil etdiyindən mən bədənimin qidalanmasına, emosiyalarımın sağalmasına və ruhuma qayğının göstərilməsinə xüsusi diqqət verirdim.

Həftədə dörd dəfə yoqa məşğələlərində iştirak edirdim. Düşüncə, hiss və davranış tərzimə hissedilməz şəkildə təsir göstərməsin deyə həftədə üç gün öz emosional vəziyyətimi nəzərdən keçirir və içimdə boğulmuş qəzəb və ya gizli kədər hissinin olub-olmadığını saf-çürük edirdim.

Və öz ruhi varlığımın oyanması üçün hər gün, nə qədər əhəmiyyətsiz və ya kiçik olmasından asılı olmayaraq, nəsə edirdim. Bəzi günlərdə dualar etməklə məşğul olurdum.

Bəzən isə öz “müqəddəs saatım”ın bir hissəsi kimi bir bağçaya gedib orada oturar, ətrafdakı güllərin ətrini ciyərlərimə çəkər və gün şüalarının üzümü oxşamasını hiss edərdim.

Və əlbəttə ki, mən hər zaman özümə sadiq olmaq və şüurumun mərkəzində kütləyə tərəf sürüklənmək əvəzinə mənim üçün həqiqət anlamı verən dəyərlərə riayət etməklə yaşamaq ilə bağlı öz öhdəliklərimi yerinə yetirirdim.

Bütün bunlar elə təəssürat yarada bilərdi ki, sanki öz ən böyük həyatımı oyatmaq üçün mən həddən artıq çox vaxt sərf etmişəm.

Həqiqət ondan ibarətdir ki, mən öz daxili aləmimdə apardığım iş üçün sərf etdiyim vaxt tamamilə öz əvvəlki həyat tərzimdə televizora baxmaqdan tutmuş, lazım olandan daha artıq yatmağa qədər müxtəlif diqqət yayındırıcı fəaliyyətlər ilə məşğul olaraq boşa sərf edəcəyim zamandan götürülmüşdü.

Bir də mənə, həyatımda heç vaxt olmadığı qədər, aydın idi ki, mənim bu işlərə bu qədər vaxt sərf etməyimin səbəbi mənim çox dərin və təhtəlşüur səviyyəsində ağrı-acılar içində olmağım idi. Taleyinə yazılmış qeyri-adi gözəl və dolu bir həyat yaşamaqla özümə xəyanət etdiyimi dərk etməyim də mənə acı verən amillərdən idi.

Özümü tanımağa və daxilimdə, həqiqətən, nələrin baş verdiyini dərk etməyə başladığım ana qədər mən nə üçün yaşadığımı və həyatımın əsl məqsədini anlamırdım. Mən, sadəcə, kütlənin arxasınca sürünür və bu haqda elə də çox düşünmürdüm.

Mən yalan bataqlığında çabalayarkən ələ keçmişdim. Mən xəyalət və illüziyalar aləminin cəngində imişəm. Və bu məni həlak edirmiş. “Nə qədər insan öz gündəlik vərdişlərinin tələsində ilişib qalıb: bəziləri çaşqın, bəziləri qorxmuş, bəziləri isə etinasız?

Daha yaxşı həyata sahib olmaq üçün biz öz həyat tərzimiz ilə bağlı daim seçimlər etməliyik”, – Albert Eynşteyn demişdir.

Həyatı yaşamaq sevincə çevrilmişdi. İndi heç vaxt hiss etmədiyim çox enerjim vardı. Bütün dostlarım indi on yaş cavan göründüyümü söyləyirdilər. Başqa insanlarla indi daha sıx əlaqəli olduğumu hiss edirdim.

Mənim insan olmaq arzum və əminliyim aşıb-daşırdı. İşlərim də əla gedirdi. Culianın mənə dediyi bu sözlər, məncə, doğrudur: “Biz öz həyatımıza arzularımızla deyil, kim olduğumuzla bağlı şeyləri cəlb edirik”.

Mən daha sevgi dolu, daha müdrik və daha həqiqi olduqca həddi-hüdudu olmayan bu müdrik kainatımız da mənə sarı uzanır və qanadlarımın altına külək üfürürdü.

Culian mənə öz kitabxanasından “Müqəddəs”, “Serfinqçi” və “Müdir” adlı kitabların nüsxələrini vermişdi, bu kitabları mən “Q” otelində onun qaldığı otaqda görmüşdüm. Bu öz ən böyük həyatını tapmaq üçün səfərə çıxmış bir insan haqqında yazılmış hekayədir.

Kitabdakı hadisələr üç mürşidin ətrafında dönür. Bu mürşidlər əsərin qəhrəmanının özünü dəyişdirməsi üçün yardım edən çox güclü və ibrətamiz dərslərin sirrini açırlar. Bu, insanı oxumağa təşviq edən bir kitab idi və onun içində müxtəlif çoxlu sitatlar vardı.

Bu kitabın nə üçün Culianın xoşuna gəldiyini anlayıram. Kitabın sonlarına yaxın bir yerində oxuduğum sitat həyatımın bu dövründə gündəlik olaraq təkrar etdiyim bir deyimə çevrilmişdi.

Mən bu sitatı vanna otağındakı güzgüyə, Ərəstunun bundan əvvəl qeyd etdiyim bir ifadəsinin yanına yapışdırmışdım və hər səhər onu da uca səslə oxuyurdum. Sitat Henri Frederikdən götürülmüşdü və aşağıdakı sözlərdən ibarət idi:

Həyat elə bir prosesdir ki, bu proses zamanı ruh ­doğulmalıdır.

Bu ən yüksək dərəcəli əl-kimyadır və məhz o bizim yer üzündə olma səbəbimizi doğruldur.

Bizim vəzifəmiz də, ismətimiz də budur.

Öz daxili aləmimin daha dərinliklərinə endiyim və dünyaya daha parlaq işıq saçdığım həmin dövrdə oxuduğum kitablar arasında Trina Paulusun yazdığı “Güllərə olan ümid”, Herman Hessenin “Sidharta”, İosif Yavorskinin “Sinxroniklik”, Fil Ceksonun “Müqəddəs Çəmbərlər” və Piter B.Kinin “İşbaz” adlı balaca və əla kitabı vardı.

Özümü öz ən yaxşı kimliyimə təqdim etmək üçün mən böyük kitabların gücünü heç vaxt lazımi səviyyədə qiymətləndirməmişdim.

Özünütəhlil və şəxsi inkişafın bu dövründə mən həmçinin Culianın məni öyrətdiyi bu prosesi tam şəkildə dərk etməyə kifayət qədər çox zaman sərf edirdim. Mən başa düşmüşdüm ki, “Oyanışın 7 Mərhələsi” hər bir arayıcının evə yetişməsi və öz əsl kimliyinə qovuşması üçün keçməli olduğu yolun, sadəcə, incə modelidir.

Nə üçün burada olduğumuz və nədən bizim həyatlarımızın bu dərəcədə sadə və asan dərk edilən strukturda olması haqqında mən o qədər çox və müxtəlif mədəniyyətlərin və mistiklərin fikirlərini bir araya gətirmişdim ki.

Culianın təsvir etdiyi səyahət evə, yəni bəşər övladının yarandığı gündən bəri can atdığı və əldə edə bildiyi iki hədəfə – həqiqət və aydınlanmaya aparan səyahət idi.

Mən həmçinin dərk etmişdim ki, Culian bu bir neçə ay ərzində məni bu prosesdən keçirərək istiqamətləndirdiyi və bu prosesin hər bir mərhələsinin nədən ibarət olduğunu mənim dərk etməyimə yardım etmək üçün müxtəlif ssenarilər qurduğu bir vaxtda mən də öz

həyatımda irəlilədikcə bu mərhələlərin hər birini ayrı-ayrılıqda təcrübədən keçirəcəyəm, əlbəttə, oyanış və həqiqiliyə aparan bu yolda irəliləməkdə istəkli və bu yola sadiq olduğum müddətcə.

Artıq bir dəfə dediyim kimi: “Oyanışın 7 Mərhələsi hər arayıcının öz ürəyinin hər zaman olmaq istədiyi yerə – evə getdiyi zaman keçməli olduğu bir prosesdir”. Culian mənə izah etmişdi ki, ­əslində, bu prosesin başa çatdırılması üçün cəmi bir neçə ay deyil, bütün ömrün sərf edilməsi tələb edilə bilər.

Mahiyyət etibarilə, evə aparan yola qədəm qoymuş hər kəs son mənzilə yetişə bilməyəcək. Onların əksəriyyəti son mənzilə yetişməyəcək.

Bununla belə, yaşadığımız hər gün bizə öz idealımıza daha da yaxınlaşmaq və taleyimizə yazılmış kimliyimizə qovuşmaq üçün, kiçik də olsa, daha bir addım atmaq imkanı təklif edir. Bu yola qədəm basdığımızdan etibarən, hər gün bizə daha böyük nemətlər və daha böyük şəxsi qüvvə bəxş edir.

Bu şüurluluq yolunda olduğumuz hər an inanclarımız və düşüncələrimizi məhdudlaşdıran qorxularımızın çirk qatlarından təmizlənərək daha çox parlamamız üçün içimizdəki qızıl Buddanın üstünü örtmuş daha çox qatın sökülüb dağılmasına səbəb olur.

Hər şeyi daha tez dərk etməmə yardım etmək üçün Culian, sadəcə, bu prosesi hissələrə parçalamışdı. Mənəvi yolu izah etməklə Culian mənə aydın və çox möhkəm bir karkas təklif etməyə cəhd edirdi. Culian mənə bacardığı qədər dəyər verməyə və əlində olan məhdud zaman çərçivəsində mümkün olduğu qədər yardım etməyə çalışırdı.

Mən başa düşmüşdüm ki, dünyada Culianın xidmət göstərmək istədiyi insanların sayı həddən artıq çoxdur və onu da bilirdim ki, o növbəti tapşırığın icrasına başlamalıdır. Məni tapdığına və öz həyatımı dəyişdirməyimə yardım etdiyinə, əlbəttə ki, o bunu edə bilmişdi, ona görə mən Culiana çox tez-tez öz minnətdarlığımı bildirirdim.

O mənim atamın sadiq dostu olmuşdu və mən müntəzəm olaraq bunu ona deyirdim. Mənim bu sözlərim onu çox sevindirirdi və cavabında mənə deyirdi: “Dostluq mənim üçün inanılmaz dərəcədə vacibdir, Dar. Mən öz dostlarımı sevir və onlara dəyər verirəm. Sizin atanız çox gözəl bir insan idi. Sizə yalnız mənə məlum olan üsulla yardım etməkdən sevinc duyuram”.

Bu yaxınlarda Culian mənə dedi ki, qlobal sülh hərəkatına qoşulmaq fikrindədir və həmin sahədə xidmət göstərə biləcəyi yolları araşdırmaqdadır. Onun haqqında məlumatlar yayıldıqca bir sıra siyasi liderlər artıq onun gördüyü işlər haqqında xəbərdar olmuşlar və Culian da onlara bildirmişdi ki, bacardığı qədər yardım göstərmək üçün əlinə fürsət düşərsə bundan çox məmnun olar.

O əməlli-başlı əmin idi ki, onun müdrikliyi və fəlsəfəsi, Orta Şərq və Şimali İrlandiya kimi, dünyanın bir çox qaynar nöqtələrində münaqişələri əhəmiyyətli dərəcədə azalda bilər.

Mən onun bu fikri ilə tamamilə razı idim və Culianın dövlət adamı qismində ortaya çıxaraq prezidentlərə və baş nazirlərə müharibələrə son verilməsi,

“məğlubedilməz” ittifaqların yaradılması və dünyanın daha yaxşı və sevgi dolu bir məkana çevrilməsində onların öz qəlblərini açmalarının və öz ən yaxşı kimliklərini bərpa etmələrinin nəcə real bir vasitə olduğunu göstərəcəyi günü gözləyirdim.

“Dünyada nifrətə son qoymaq üçün biz ilk növbədə öz içimizdə daşıdığımız nifrəti kökündən məhv etməliyik”, – bir axşam biz telefonla söhbət edərkən Culian mənə demişdi.

Mən əmin idim ki, bu həqiqəti qorumaq üçün o öz sinəsini güllənin önünə verərdi.

Culian mənə onu da demişdi ki, bir neçə ay öncə bir film prodüseri onu necəsə tapmağa müvəffəq olmuşdur. Ona məlumat çatmışdı ki, Culianın həyatı və yeni dünya qurmaq üçün onun gördüyü işlər haqqında bir film çəkilərsə, bu, böyük marağa səbəb ola bilər.

Culianın üfüqündə çox böyük işlər açılırdı. Mən bilirdim ki, o öz şəxsinə diqqət çəkmək niyyətində deyildi və gördüyü işləri təmiz niyyətlə həyata keçirirdi. Lakin Culianın layiq olduğu məşhurluğu əldə etdiyini görmək məni xoşbəxt edirdi.

O, sözün əsl mənasında, yevangelist idi. Onun bütün fəaliyyəti dünyanın şiddətlə ehtiyac duyduğu xoş xəbəri yaymaqdan ibarətdi.

Mən səhər saat 9-da Culian ilə məhkəmə binasında görüşməli idim. O mənə bildirmişdi ki, mənim üçün heç vaxt unuda bilməyəcəyim və növbəti dərsi canlandıracaq çox xüsusi bir dərs sessiyası planlaşdırıb.

Mən məhkəmə binasının beton pillələrinə yaxınlaşanda bir polis zabiti qaçaraq mənə tərəf gəldi. O mənim adımı söyləyəndə mən çox təəccübləndim.

– Cənab Sandersen?

– Hmm, bəli, – deyə cavab verdim və bütün bunların nə demək olduğunu düşündüm. – Nə baş verir, nə olub?

– Sadəcə, mənimlə gəlin, lütfən. Mənim adım zabit Peresdir və məndən xahiş edilib ki, sizi binanın içinə qədər müşayiət edim. Sizə bundan artıq daha heç nə deyə bilmərəm – bu sirri qoruyacağıma and içmişəm.

İçimdən bir səs bütün bunların arxasında Culianın dayandığını deyirdi. Bir hissəm isə bir balaca narahat olmağa başladı. Polis zabiti elə ciddi görünürdü ki.

Bununla belə, mən kifayət qədər qanuna riayət edən bir vətəndaş idim və öz işi ilə məşğul olan, başqalarının işinə burnunu soxmayan və problemlərdən kənar durmağa çalışan bir adamdım. Bəs bu polis məndən nə istəyirdi axı?

Zabit Peres məni divarlarından əyinlərində mantiya və hüquqi geyim olan keçmiş hakimlərin portretləri asılmış dəhlizdən keçirdi. O, heç dinib danışmır, özünü çox rəsmi aparırdı. Mən ondan bir və ya iki addım arxada gedirdim.

Mən həyatımda heç vaxt məhkəmə binasında olmamışdım və düşdüyüm bu mühit məndə böyük maraq oyatmışdı. Bu gün teleekranları doldurmuş hüquqi və məhkəməyə aid dram əsərlərinə tamaşa etməkdən zövq alırdım. Anam da mənim hüquqşünas olmamı istəyirdi.

– Hə, gəlib çıxdıq, cənab Sandersen. Bu gündən zövq almağa çalışın, ser, – deyərək, zabit zorla hiss ediləcək bir tərzdə gülümsədi.

Məni 6 nömrəli məhkəmə otağına gətirmişdilər və mən indi iki qanadlı nəhəng taxta qapının önündə dayanmışdım. Binadan kif qoxusu gəlirdi, uzun illər ərzində tapdandığından döşəmədəki xalçaların vəziyyəti çox pis idi və dəyişdirilməsinə kəskin ehtiyac vardı.

Ətrafda heç kim gözə dəymirdi. Mən əlimlə qapını itələyərək açdım və zala daxil oldum. Burda məni nə gözlədiyi haqqında heç bir fikrim yox idi. Ürəyim şiddətlə döyünürdü.

Məhkəmə zalında iki nəfərdən başqa heç kim yox idi. Ön tərəfdəki mağaraya bənzər dərin boşluqda, kürsünün arxasında yaşlı bir hakim oturmuşdu. Onun qarşısında isə əyninə nazik zolaqlı kostyum geyinmiş uzunboylu vəkil arxası mənə tərəf dayanmışdı.

Əla keyfiyyətli kostyumların bilicisi olduğumdan vəkilin əynindəki kostyumun çox bahalı olduğunu dərhal anladım. Hakim ilə vəkil hansısa məsələni müzakirə edirdilər, amma onların dediklərindən bir söz belə eşidə bilmirdim.

Onların hər ikisi də çox həyəcanlı görünürdü: hakim əllərini irəli-geri oynadır, vəkil isə başını yırğalayırdı. Mən irəliyə bir-iki addım atıb məhkəmə prosesində iştirak etmək istəyən ictimaiyyət nümayəndələri üçün nəzərdə tutulmuş uzun taxta skamyalardan birində əyləşdim və nəzərlərimi döşəməyə dikdim.

– Orada yox, cənab Sandersen, burada əyləşin, – hakim əli ilə məhbuslar üçün ayrılmış oturacağa işarə edərək amiranə bir tərzdə dedi.

– Mən nəsə bir günahmı işləmişəm? – mən soyuqqanlılığımı qorumağa çalışaraq soruşdum. – Bir dostum məndən səhər saat 9-da onunla burada görüşməyimi xahiş edib.

Mən binaya daxil olmaq üçün pillələrlə qalxarkən bir polis zabiti, hmm, zabit Peres məni saxladı və məni bu məhkəmə zalına qədər müşayiət etdi. Bütün bunların nə demək olduğunu başa düşə bilmirəm.

İndi yəqin dostum məni axtarır və buraya nə üçün ­çağırıldığımı bilmədiyimdən ovqatım da əməlli-başlı təlx olub. Mən hansısa cinayət əməli törətməkdəmi ittiham olunuram?

– Cinayət özünə xəyanət etməkdir, amiqo, – ucaboylu vəkil mənə tərəf dönərək uca səslə dedi və gülməyə başladı. Bu, Culian idi! O mənə tərəf şığıyaraq məni bərk-bərk qucaqladı, indiyədək heç vaxt məni belə qucaqlamamışdı. Mən başımı qaldırıb əsl məktəbli kimi gülən hakimə tərəf baxdım.

– Ümid edirəm ki, sizi qorxutmadıq, Dar. Bu, Uolterdir… Hakim Ford demək istəyirdim, – Culian dedi və öz əməl ortağına göz vurdu, – o sizə bugünkü dərsi təlim etməm üçün hazırladığım bu balaca şaradada iştirak etməyə razılıq verdi.

Mən hüquq praktikası ilə məşğul olduğum vaxtlar biz onunla vaxtımızın çoxunu birlikdə keçirərdik və bu minvalla da aramızda çox yaxın və səmimi dostluq yarandı. Dünən axşam zəng edib ondan lütfkarlıq edərək mənə bir işdə azacıq yardım etməsini xahiş etdim, – deyə Culian gülümsəyərək mənə izah etdi.

İndi də Hakim Culiana sevgi və nəvaziş dolu nəzərlərlə baxaraq danışmağa başladı:

– Siz həyatımda qarşıma çıxan vəkillər arasında ən yaxşısı idiniz, Culian. Məhkəmə vəkili kimi heç kim sizinlə müqayisə edilə bilməzdi. Mən, həqiqətən, hakim kürsüsü arxasında keçirdiyim karyeram ərzində heç vaxt sizdə olan hüquqi dərrakəyə rast gəlməmişəm.

Və mən öz karyeramda bir çox parlaq vəkillər görmüşəm. Amma sizi yenidən görməkdən çox məmnunam, əziz dost. Siz öz hüquqşünas praktikanızı tərk edəndən sonra haraya getdiyiniz haqqında biz hamımız çox baş sındırmışdıq.

Sizin Himalaylarda məruz qaldığınız dəyişiklik ilə bağlı hekayə kifayət qədər inanılmaz macəradır – bunu mənimlə bölüşdüyünüz üçün sizə minnətdaram. İndiki görünüşünüzsə öyrəşməyimiz üçün bizə bir qədər vaxt lazım olacaq. Demək istəyirəm ki, siz yenə cavan bir oğlan olmusunuz!

Bu, inanılmazdır – nə belə bir şey görmüşəm, nə də eşitmişəm. Əgər bir axşam şam yeməyi üçün mənim qonağım olmaq istəsəniz, qapılarım sizin üzünüzə hər zaman açıqdır, özünüz də bunu bilirsiniz, elə deyilmi, Culian?

– Əlbəttə, bilirəm. Çox sağ ol, Uolter, – deyə Culian nəzakətlə cavab verdi.

– Culian, bütün hüquq ictimaiyyəti sizin üçün çox darıxır. Və sizə gəlincə, cənab Sandersen, Culianın sizə burada nə haqda təlim keçdiyini bilmirəm, amma içimdə elə bir hiss var ki, o sizin bütün həyatınızı dəyişmək niyyətindədir.

– O bunu artıq edib, ser. Bunu artıq edib, – deyə cavab verdim. Artıq özümü daha sərbəst hiss edirdim və Culianın saysız-hesabsız zarafatlarındakı yumoru da başa düşməyə başlamışdım. Mən bilirdim ki, o, hadisələrin maraqlı olmasını və hər şeyi qarışdırmağı xoşlayır.

Hakim öz yüksək kürsüsündən endi və Culianın əlini ikiəlli sıxdı, lap siyasətçilərin seçki kampaniyası zamanı seçicilərin rəğbətini qazanmaq və onlara öz ­səmimiyyətlərini göstərmək üçün etdikləri kimi. Sonra o, məhkəmə zalının arxasındakı xidməti qapıdan keçərək zalı tərk etdi.

– Əlbəttə ki, siz heç bir cinayət əməli törətməmisiniz, mənim dostum. Mən bilirəm ki, siz özünə xəyanət mərhələsini bundan həftələr öncə artıq arxada qoymusunuz. Mən, sadəcə, “Oyanışın 7 Mərhələsi”nin altıncısını sizin həyatınıza gətirə biləcək nəsə etmək istəyirdim. Bilirsinizmi, altıncı mərhələ tamamilə sınaq ilə bağlıdır.

– Məhkəmə zalında?

– Yox, Dar, bu, bir balaca başqa cür sınaqdır. Arayıcının öz ən böyük həyatının yekun təyinat nöqtəsinə yetişməsindən öncə onun qarşısına bir sınaq çıxarılacaq. Arzusunda olduğu xəzinəyə çatmasından öncə arayıcı sınaqdan keçiriləcək. Bu yolla irəliləyənlərin həyatları məhz belə qurulub.

Əgər şəxsi oyanışa aparan səyahəti təsvir edən hər hansısa bir müdriklik kitabını oxusanız, görəcəksiniz ki, arayıcı və ya qəhrəman mükafatı, yəni hər zaman arzusunda olduğu həyatı əldə etməzdən əvvəl bəzi sınaqlar və ya bəlalar ilə üzləşməli olur.

– Bəs nə üçün dünya belə gərdiş edir, Culian? Nə üçün təbiət qanunları belə yaradılıb ki, arayıcının bu səyahətin məhz sonuna çatmasından bir an əvvəl o, sınağa çəkilsin?

– Əla sualdır. Təbiətin qarşımıza sınaqlar çıxarmasının iki səbəbi var. Birincisi, bu sınaqlar arayıcının həyatı ərzində öyrənməsi nəzərdə tutulmuş bütün dərsləri öyrəndiyinə və onları öz həyatına tam şəkildə tətbiq ­etdiyinə əmin olmaq, ikinci səbəb isə bu sınaqlar vasitəsilə arayıcının qətiyyətini yoxlamaqdan ibarətdir.

Əksər insanlar öz arzularına bilavasitə yetişməzdən bir an əvvəl təslim olur və bu yoldan dönürlər. Əksər insanlar arzuladıqları şeyləri əldə etmələrinə bir neçə addım qalmış öz səylərinə son verirlər. Bu, qızılaxtaran haqqındakı köhnə rəvayətə çox bənzəyir.

O, varlı bir insana çevrilmək üçün bütün həyatını böyük qızıl külçəsi tapmağa sərf edib. Günlərin birində böyük bir qaya parçasını öz çəkici ilə parçalayan, yonan zaman o qərara gəlir ki, daha bəsdir. Otuz beş illik ağır zəhmətdən sonra o yenə də güc-bəla ilə keçinməyə çalışır.

Beləliklə, o, qaya parçasını bir kənara atır, öz çəkicini yerə qoyur və mədəni birdəfəlik olaraq tərk edir. Ertəsi günün səhəri cavan bir oğlan öz ilk iş günündə əvvəlki qızılaxtaranın kənara atdığı böyük qaya parçasını götürür.

Cavan qızılaxtaran bu qaya parçasının artıq kifayət qədər yonulduğunu görərək onu sındırmaq üçün sonuncu güclü bir zərbəni endirmək qərarına gəlir. Bunu etdikdən sonra cavan adam gördüklərinə inana bilmir.

Qaya parçası ikiyə bölünür və başqa mədənçilərin indiyədək gördüyü ən böyük qızıl külçəsi görünür. Cavan adam bu qaya parçasına yalnız ona görə güclü zərbə endirmək qərarına gəlir, çünki yaşlı mədənçi öz istədiyini əldə etməkdə inadkar olmaq üçün kifayət qədər müdrik və cəsarətli olmamışdı.

Bu məqamda Culian çox ehtirasla danışırdı:

– “Bəlalar səmaların göndərdiyi hər şeyə gözünü qırpmadan dözüm gətirmək üçün ruhun cəsarətinə xitab edir”, – Evripid deyirdi. – Bu yolda qarşınıza sınaq çıxdığında siz heç vaxt təslim olmamalısınız. Və bu yolda hələ qarşınıza çox sınaqlar çıxacaq.

Bəli, siz ən böyük zəfərinizdən öncə ən böyük çətinlikdən keçiriləcəksiniz. Öz şəxsi təkamülünüzün ən yüksək nöqtəsinə çatmanızdan bir an öncə, əmin olun ki, siz ən böyük sınaqla üzləşəcəksiniz. Aıtıncı mərhələdə məhz belə şeylər haqqında söhbət açılır.

Lakin dediyim kimi, öz daxili aləminizin dərinliklərinə, daha dərinlərə baş vuraraq və öz əsl kimliyinizi daha dərindən xatırlayaraq müəyyən zəfərlər əldə etməyinizdən bir qədər öncə sizin qarşınıza çoxsaylı sınaqlar çıxacaq.

Bu dediklərimin qədəm qoyduğunuz yolun bir parçası olmasını dərk etməklə siz öz həqiqi kimliyinizə evə dönmək üçün səyahət etməlisiniz. Bu sizin üçün elə də çətin olmayacaq, çünki buna hazırlaşmış olacaqsınız.

– Mən dediklərinizi anlayıram və siz haqlısınız. Bəzi müvəffəqiyyətsizliklər və ya qarşıma bəzi maneələrin çıxacağını anlamağım bu prosesin hansı üsulla işlədiyini daha yaxşı dərk etməyimə imkan verir.

Qarşıma tələlər çıxanda mən başa düşəcəyəm ki, bu yola məndən başqa qədəm qoymuş hər bir arayıcı da buna bənzər şeylərlə üzləşib. Bu da məni ürəkləndirəcək, işimi asanlaşdıracaq. Və içimdə başqa bir hiss mənə bu müvəffəqiyyətsizliklərin gücümə güc qatacağını söyləyir.

Çətin anlar bizi daha güclü insanlara çevirir, – mən dedim. – Yeri gəlmişkən, deyim ki, əla kostyumdur, – deyə əlavə edərək gülümsədim.

– Onu, sadəcə bu səhər üçün borca almışam. Ədliyyə sarayına onsuz gələ bilməzdim. Bu məhkəmə zalına geri dönmək içimdə o qədər çox xatirələr oyadır ki.

Bilirsinizmi, amiqo, mən bu yeni həyatımdan, yəni Hindistandan geri döndüyümdən bəri sürdürdüyüm həyatdan çox məmnunam. Həyatımda heç vaxt özümü belə rahat hiss etməmişdim. Özümü tamamilə hədəfə kilidlənmiş və mənim üçün biçilmiş həyatı yaşadığımı hiss edirəm.

Hər səhər yuxudan gözəl sevinc hissi və hədsiz enerji ilə ayılıram. İçimdə dünyaya açılmaq və mənə bəxş edilmiş hədiyyə və istedadla nəsə bir iş görməyə can atıram. Düzünü desəm, öz əvvəlki həyat tərzim üçün heç darıxmıram. O mən deyildim. Bütün bunların, zahirən, mənmişəm kimi göründüyünü anlayıram.

Ətrafımdakı gözəl xanımlar, dəbdəbəli həyat tərzi, qəzetlərin birinci səhifələrini bəzəyən məhkəmə zəfərlərim, hara qoyacağımı bilməyəcəyim qədər çoxlu pul. Amma daxilimdə özümü gözəl ölü kimi hiss edirdim. İçimdə qığılcım yox idi. Mənim daxili işığım tutqun idi.

O cür həyat yaşamaq deyildi və mənə inanın ki, o həyat tərzini arzulamıram, onun üçün darıxmıram. Amma bu gün buraya gəlişim məndə bir çox keçmiş xatirələri oyatdı. Mən öz peşəmdə bir çox dostlara sahib olmuşam və həmin dövr ərzində bir çox, həqiqətən, yaxşı insanlar ilə rastlaşmışam.

Bilirsinizmi, Dar, hər bir insanın daxilində xeyirxahlıq var. İnsanlar rəzil və ya zərərli davranışlar sərgiləyəndə gördüklərinizin həmin insanların əsl kimliyini təcəssüm etdirdiyini düşünmək kimi səhvə yol verməyin. Öz zatında heç bir insan pis deyil, onlar, sadəcə, pis davranış nümayiş etdirirlər.

Mən heç demək istəmirəm ki, sizə pislik edən insanların yanında qalmalısınız. Əlbəttə ki, siz müəyyən sərhədlər qoymalı və özünüzü qorumalısınız. Sadəcə, demək istəyirəm ki, pis insanın mövcud olduğunu qəbul edərək yanlış düşüncələrə qapılmamalısınız.

Zərərli davranışlarda bulunanlar özləri başqaları tərəfindən alçaq və rəzilcəsinə incidilmiş insanlardır. Başqalarının sizə etdikləri pislikləri siz etməyin.

– Sizin dediklərinizi eşidir və anlayıram, Culian. Maraqlı məntiqdir. Bizim cəmiyyətimizdə bir çox məsələlər ilə bağlı mühakimə etməyə və nəticə çıxarmağa çox tələsirik. Kimsə bizim bəyənmədiyimiz bir şey edəndə biz dərhal ona “pis”, “insafsız”, “xudbin” və ya “nəzarətə can atan” kimi damğalar vururuq.

Sizin dediklərinizdən anladığım odur ki, bu, vəziyyətə çox səthi baxış üsuludur. Həqiqəti aşkar etmək üçün biz daha dərinlərə baş vurmalıyıq. Bir arayıcı olmaq müəyyən vəziyyətdə və ya ümumi götürüldükdə, həyatda əslində nə baş verdiyini, yəni həqiqəti aşkar etmək deməkdir, düz demirəmmi?

Culian başını yırğaladı. Mənim öyrəndiklərim onu məmnun etmişdi.

– Və daha dərin səviyyədə qaba rəftar edən insanlar, əslində, onları hər zaman idarə edən keçmiş lentləri təkrar çaldırmaqdan başqa bir şey etmirlər. Onlar dünya ilə bacarmaq və sağ qalmaq üçün öz uşaqlıq çağlarında qazandıqları davranış üsulu və nümunələrinə müvafiq şəkildə hərəkət edirlər.

Onlar bundan yaxşısını bilmirlər. Öz daxili aləmlərində baş verənlərə qarşı oyaq olmadıqlarından onlar öz həyatlarındakı bütün müvəffəqiyyətsizliklərə görə xarici aləmi günahlandırırlar. Bunu etməklə də, onlar öz kölgələrini üzə çıxarmırlar, onları şüur və dərrakənin işığına çıxaran kölgələri.

Ona görə də onlar balaca qalır və öz həyatlarının yalanının tələsinə düşürlər. İnsanlara işi görməyin daha yaxşı və daha müdrik üsulları öyrədildikdə onlar daha müdrik və daha yaxşı həyat tərzi sürməyə başlayırlar.

Onlar öz həyatlarını dəyişdirmək üçün özlərinin dəyişməsinə ehtiyac olduğunu anladıqda qəflətdən ayılır və öz ən böyük həyatları istiqamətində addımlar atmağa başlayırlar.

Culian mənim söylədiklərimi eşitdikdə əl çaldı. Sonra qarşısındakı parıldayan masanın üstünə çıxdı, qəribə və qısa bir rəqs ifa etdi. Bu rəqsi Himalay dağlarında və ya mürşidlik etdiyi başqa insanlardan öyrəndiyinə əmin deyildim. Həyatımda buna bənzər bir rəqs seyr etməmişdim.

Culian mənim güldüyümü gördü, amma bu onun vecinə deyildi. O öz əllərini havada yellətməyə və ayaqlarını ora-bura hərəkət etdirməyə davam edirdi. Bir neçə dəqiqədən sonra o, masanın üstündən yerə endi və məni məhkəmə zalından bayıra çıxardı.

– Qoy bu məhkəmə zalı və burada qurduğum bu zarafat sınağı “Öyanışın 7 Mərhələsi”nin altıncı mərhələsini sizə xatırlatsın. Böyük hadisələrin baş verməsindən öncə bəzən çətin dövrlər gəlir. Və lütfən, qoy mənim bu qəribə və qısa rəqsim həyatın bir oyun olduğunu sizə xatırlatsın.

Onu elə də ciddi qəbul etməyin. Əylənin. Rəqs edin və gülün. Gələcəklə bağlı sağlam ümidlər bəsləyin. Yaxın keçmişinizdə ağrı-acılı günlərinizin olduğunu bilirəm. Belə şeylərə qarşı çox həssasam. Amma mən sizi həyatınızda Allahın hələ çox, özü də lap çox lütflərinin olacağını xatırlamağa dəvət edirəm.

Bu gün dünyada təxminən bir milyarddan artıq insanın yatağa ac girəcəyini heç bilirdinizmi? Qida tapa bilməyən uşaqlar var.

Həbsxanalarda qıfıllı qapılar arxasında salınmış və içgəncələrə məruz qoyulan insanlar var. Bizim bəşəriyyət adlandırılan bu qəbiləmizdə başqa insanlar var – bəzi dağıdıcı xəstəliklərə qarşı mübarizə aparan və xəstəxana otaqlarında həbs edilmiş qardaş və bacılarımız.

Görün bizdən dəfələrlə daha pis həyat yaşayan nə qədər çox sayda insan var. Və mənim ürəyim onlara səslənərək qışqırır, – Culian dedi və onun danışıq tərzində yumşalma hiss olunurdu. – Kaş mən onların hər birinə necəsə yardım edə biləydim. Tereza Ananın dediklərini xatırlayın: “Böyük işlər deyilən heç nə yoxdur, sadəcə, böyük sevgi ilə görülmüş kiçik işlər vardır”.

– O həmçinin belə deyib: “Əgər mən Kəlküttədə həmin ilk adamı götürməsəydim, qırx iki mini də götürə bilməzdim, – deyə mən əlavə etdim. – Mən bunu təlim aldığım kitablardan birindən oxumuşam. Və siz haqlısınız, Culian.

Əvvəllər mən bütün diqqətimi həyatımda olan bütün yaxşı şeylərə vermək əvəzinə məndə olmayan şeylərə vermişəm. Zənnimcə, bir insanın varlığı olaraq sənin yetkinliyin, kamilliyin sevdiyin şeyləri əldə etməyə həddən artıq canfəşanlıq etməklə deyil, əlində olan şeyləri sevmən ilə əlaqədardir.

Mən bilirəm ki, siz bizim təşəbbüs göstərməli və öz arzularımızın arxasınca düşməli olduğumuzu düşünürsünüz. Lakin mən həmçinin hər bir insanın həyatına dərin minnətdarlıq hissinin nüfuz etdirilməsinin vacib olduğunu söylədiyinizi də eşitmişəm.

– Bu sözlər mənim xatirimə qədim fars məsəlini saldı: “Başqa birisinin ayaqlarının olmadığını gördüyüm anadək ayağımda ayaqqabının olmasına görə lənətlər yağdırırdım”, – deyə Culian qeyd etdi.

Biz sükut içində məhkəmə zalını tərk etdik. Çıxışa doğru addımladığımız zaman Culian dəhlizin divarlarından cərgə ilə asılmış portretlərə baxırdı. Binadan çıxdığımızda Culian ayaq saxladı və küçənin qarşı tərəfindəki gur bitkilərlə örtülmüş parka baxdı.

O, əlini pencəyinin iç cibinə salaraq oradan xətli leqal ölçülü bir vərəq çıxardı və mənə uzatdı; bu vərəq vəkillərin məhkəmə işlərinə baxılan zaman qeydlər etməyi sevdikləri növdən idi.

Vərəqin baş hissəsində bu sözlər yazılmışdı: “Sınaqlardan müzəffər çıxmağın qaydaları”.

– Buyur, amiqo, bu sizin üçündür, – Culian kağız vərəqini mənə uzadaraq dedi. Öz ən böyük və ən yaxşı kimliyinizi oyatmanız üçün qədəm qoyduğunuz yolda qarşınıza çətinliklər çıxdığı zaman sizə yardım edəcək və bu çətinliklərin içindən keçirəcək bəzi spesifik ­vasitələrinizin olması üçün mən sizin bu qaydaları əzbərləmənizi istəyirəm.

Culian bu məqamda sözünə ara verdi və başını qaldırıb səmaya baxdı. Mən onun sanki öz-özünə danışırmış kimi bu sözləri söylədiyini eşitdim: “Ən yaxşı şəkildə xidmət göstərə bilməyim üçün, lütfən, mənə güc ver”.

Sonra o yenə nəzərlərini mənə tərəf çevirdi. Onun gözlərində kədərin kölgəsi hiss olunurdu.

– Siz çox güclü insansınız, – o dedi. – Yalnız bir neçə ay bundan öncə siz öz həyatınıza son verməyə hazır idiniz. Lakin içinizdəki nəsə bir şey sizə bunu etməyə imkan verməzdi.

Bunun əvəzinə siz həyatın sizə rəhbərlik, bələdçilik etməsinə imkan verdiniz və hər şeyə yeni nəzərlərlə baxmaq üçün qəlbinizi açmağa başladınız. Bunu etmək üçün çox böyük cəsarət tələb olunur və bu özü sizin necə bir şəxs olduğunuz haqda sözlə ifadə edilməsi mümkün olandan daha çox şey söyləyir.

Sizə mürşidlik etdiyimdən siz mənə etibar göstərmisiniz və bəzən sizə qəribə görünsələr də, mənim təlimatlarıma riayət etmisiniz. Siz dərinliklərə baş vurmuş, öz müqavimətinizə qarşı çıxmış, öz qaranlıq və kölgəli tərəflərinizi tədqiq etmiş və öz qəlbinizi açmısınız.

Siz böyük bir şəxsiyyət olma prosesində olan çox yaxşı insansınız, Dar. Mən bütün qəlbimlə dərindən hiss edirəm ki, dünyamızın sizin kimi insanların, yəni öz qəlblərinin səsinə inanaraq öz ən yaxşı həyatlarını oyada biləcək qadın və kişilərin çox olmasına böyük ehtiyacı var.

İnsanların öz güc və potensiallarının yalnız balaca bir hissəsini ­realizə edərək yaşadığını görəndə qəlbim parça-parça olur. İnsanların başqalarına və özlərinə yardım edəcək tərzdə həyat sürmək əvəzinə, öz maraqlarını başqalarının maraqlarından üstün tutaraq xudbincəsinə yaşadığını görmək mənə ağrı-acı verir.

Əgər insanlar başqalarına daha böyük xidmətlər göstərmək üçün azacıq vaxt ayırsaydılar, planetimizdəki hər bir insanın özünü necə xoşbəxt hiss edəcəyini təsəvvür edə bilirsinizmi? İnsanlar özlərini başqaları üçün real və uzun müddət davam edən dəyərli şeylər etməyə həsr etdiklərində onların varlığına nüfuz edən sevinc hissi haqqında bir fikriniz varmı?

İnsanların öz arzularına çatmaları üçün onlara yardım göstərməniz, bu nöqteyi-nəzərdən baxıldıqda, sizin özünüz üçün edə biləcəyiniz ən böyük hədiyyədir. Amma əksər insanlar bu həqiqəti görə və anlaya bilmirlər.

Bu məqamda Culian susdu.

– Əksər insanlar öz həyatlarını gözübağlı yaşayır və elə düşünürlər ki, onların gördükləri aləm yeganə reallıqdır. İndi bunu siz də bilirsiniz. Və onlar elə düşünürlər ki, onların sürdürdükləri bu miyana və kiçik həyatlar onlar üçün əlçatan olan yeganə həyat tərzidir.

Hər birimizin taleyinə həyatlarımızın böyük olması yazılıb. Bu bizim üçün əvvəlcədən yazılmış “eskiz tale”nin bir hissəsidir. Lakin talemizin təfsilatlarını qurub yaratmaq bizim öz öhdəmizə düşür. Bundan əvvəlki dərslərimizdə haqqında danışdığım tərəfdaşlıq da məhz bundan ibarətdir.

Həyat özü birgə yaradıcılıq prosesidir. Əlinizdən gələn hər şeyi edin. Öz arzularınızı təqib edin. Qəlbinizi açın. Öz daxilinizdə aparmalı olduğunuz işi yerinə yetirin. Daim fəaliyyətdə olun, çoxlu sayda tədbirlər görün. Səhər erkəndən qalxın və intizamlı olun.

“Bütünlükdəki Boşluğu” qapatmaq üçün mümkün olan hər şeyi edin, təkrarlara son qoyun və dörd oyanışı həyata keçirin. Ondan sonra – yalnız və yalnız ondan sonra heç nəyə nəzarət etməyin və qismətinizə çıxan hər şeyi qəbul edin və bilin ki, sizin üçün ən xeyirli olanı məhz onlardır.

Culianın insanların potensialına olan inamı məni dərindən mütəəssir etdi. Hər birimizin böyük ola biləcəyimiz ilə bağlı anlayışdan imtina etmiş insanların həddən artıq çox olduğu belə bir cəmiyyətdə Culian inananlardan idi. Həyatımızın hansısa dönəmində əksəriyyətimiz böyüklüyün yalnız bir ovuc insan üçün nəzərdə tutulması yalanına inanmağa başlayırıq.

Həyatımızın hansısa dönəmində kimsə bizə yanlış fikir sırımışdır ki, bizim həyatlarımız qeyri-adi olmaq üçün deyil. Culianın bildiklərinə görə isə həqiqət tamamilə bunun tərsi idi. O bilirdi ki, biz oyunu böyük oynamaq üçün yaradılmışıq.

O dərk etmişdi ki, biz parlaq ziya saçmaq üçün yaradılmışıq. O, həqiqətə qarşı qəflət yuxusunda deyildi. O bilirdi ki, bizim planetimizdə başqalarından fərqlənən fövqəl insanlar yoxdur və biz hamımız öz ətrafımızdakı insanların həyatlarına təsir etmək və onları xoşbəxtliyə çatdırmaq üçün məsuliyyət daşıyırıq.

– Mən sabah səhər şəhəri tərk etməliyəm. Mənim növbəti vəzifə təyinatım İngiltərədədir və mənim ­təyyarəm axşam saat doqquzda uçur. Sizi tərk etməli olduğuma görə kədərlənirəm, amiqo. Sizin çatdığınız mərtəbə və bundan sonra hansı yüksəkliklərə çatacağınızı düşünərkən içim fərəh hissi ilə dolur.

Və siz qarşınıza çıxan hər şeyə layiqsiniz. Mən sizə keçməli olduğunuz yolu göstərdim və müdrikliyi təqdim etdim. Lakin sizinlə bölüşdüyüm biliyi həyata keçirmək üçün lazım olan cəsarəti və sağlam düşüncəni siz nümayiş etdirdiniz. İcranın olmadığı yerdə müdrikliyin bir qara qəpik qiyməti yoxdur.

Culianın şəhərdən getməyinə inana bilmirdim. Bir neçə mübtəlalığı olan, yəni sürətli avtomobillər sürən və bəzən əla kostyumlar geyinən bu adamı sevməyə başlamışdım. Mən ona dərin hörmət bəsləyir və onun rifahı necə olacağının mənim üçün böyük əhəmiyyəti vardı.

Və düzünü desəm, bu yolda bələdçisiz qalacağımı öyrənəndən sonra bir balaca qorxmağa başladığımı sezmişdim. Həmişə olduğu kimi, Culian bu dəfə də mənim içimdən keçənləri hiss etdi.

– Bilirsinizmi, Dar, siz heç vaxt yalqız qalmayacaqsınız. İndi sizin Saşanız var. Və siz bilməlisiniz ki, bu yolda daha çox irəlilədikcə siz öz həyatınıza, təbii olaraq, daha çox arayıcı cəlb edəcəksiniz. Bu yolda siz təsəvvür edə biləcəyinizdən daha çox dəstək tapacaqsınız. Lütfən, narahat olmayın.

Və bir də, – deyə Culian qeyd etdi, – unutmayın ki, nəticə etibarilə bütün sualların cavabları sizin daxilinizdədir. Sizə daha mürşid, ya da bələdçi lazım deyil. Bu səyahət, əslində, sizin ­öyrənməli olduğunuz şeylər haqqında deyil, əksinə daha çox unutmuş olduğunuz şeyləri xatırlamanız haqqındadır.

Qızıl Budda artıq sizin içinizdədir. Sizin etməli olduğunuz şey yalnız onun üzərinə örtmüş qatları bir-bir söküb atmaqdan ibarətdir və bundan sonra sizin aləminizdə hər şey əla olacaq.

– Çox sağ olun, Culian. Sizi öz doğma atam qədər sevirəm, bunu bilirsinizmi?

– Bilirəm. Buna görədə sizə minnətdaram. Sizin ulduzunuzun yüksəlişini müşahidə edəcəyəm, – deyə o cavab verdi. – Deməli belə, gəlin sabah səhər saat beşdə görüşək. Mənimlə “Rollinq Hillz Qəbristanlığı”nda görüşə gəlmənizi xahiş edirəm.

Mən başa düşürəm ki, bizim nə üçün həmin yerdə görüşməli olduğumuz ilə bağlı sizin mənə vermək istədiyiniz suallar var, lakin cavablar tezliklə aydın olacaq.

Culian özünəməxsus ayı tərzi qucaqlamalarından birini mənə bəxş etdi və sonra məhkəmə binasının pillələri ilə aramla düşərək uzaqlaşdı. Mən onun yoldan keçən dilənçiyə salam verməsini və sonra küçəni keçərək parka daxil olmasını izlədim.

Mən onun arxasınca baxanda gözlərim yaşlar ilə dolmuşdu. Culiansız mənim həyatımda böyük bir boşluq olacaqdı.

Mən nəzərlərimi aşağı dikib əlimdəki kağız parçasına baxdım. Orada belə yazılmışdı: “Sınaqlardan müzəffər çıxmağın qaydaları”. Kağızda yeddi qayda qeyd edilmişdi və mən dərk edirdim ki, həyatımda olacaq çətin dövrləri atlata bilməm üçün bu qaydalar mənə yardımçı olacaq. Kağızda aşağıdakı qaydalar yazılmışdı:

Qayda № 1: Unutmayın ki, həyat mövsümlər zəncirindən ibarətdir. Ən yaxşı yay mövsümlərinin rahatlığına yetişmək üçün hər bir insan qışın məşəqqətlərinə dözməlidir. Heç vaxt unutmayın ki, qış əbədi deyil.

Qayda № 2: “Ümid Klubu”na qoşulun. Bəla və müsibətlərin içindən keçərkən sizi ruhlandırmaq üçün böyük, gözəl və qeyri- mümkün görünən hədəflər əla vasitələrdir. Mən bir zamanlar sizə Da Vinçidən misal gətirmişdim:

“Öz istiqamətinizi ulduza yönəldin və siz istənilən qasırğada hərəkət edə bilərsiniz”. Siz daxili aləminizdəki ən yaxşı olan şeylərə müraciət edən dahiyanə və nəcib hədəflərə uzandıqda sizin onlara çatmaq arzunuz arayıcının yolunda qarşınıza çıxacaq çətin dövrlərdən keçmənizə yardım edəcək.

Qayda № 3: Hər zaman diqqətinizdə saxlayın ki, biz ən çox yaşadığımız ən böyük əzab-əziyyətlər sayəsində ucalırıq. Biz bu əzab-əziyyətlərdən keçdiyimizdə ağrı-acı hiss edirik. Lakin biz bu əzabları yaşayaraq onların içindən keçdikcə həm də şəfa tapırıq.

Su kuzəsi yerə düşərək sındıqda onun içində gizlənmiş şey bayıra axaraq özünü büruzə verməyə başlayır. Həyat sizə öz dolanbaclarından birini göndərdikdə unutmayın ki, o sizin açılmanıza və içinizdə gizlənərək mürgüləyən bütün sevgi, qüvvə və potensialın sizin ətrafınızdakı xarici aləmə aşıb-daşmasına yardım etmək üçün göndərilib.

Və sınmış və sonra bitişmiş sümük kimi biz də sümüyü bitişmə yeri kimi daha da möhkəmlənirik.

Qayda № 4: Müvəffəqiyyətsizlik özü də bir seçimdir. İnkişafın qarşısının alınmasına etiraz edən kişi və ya qadını heç nə dayandıra bilməz. Qeyd etdiyim kitab – “İşbaz” bu məsələ ilə bağlı sizin üçün faydalı ola bilər. O kitabı tez-tez mütaliə edin.

Sadəcə, qəlbinizin tam ortasından belə bir qərar verin ki, başınıza nə gəlir gəlsin, bu həqiqət yolunda addımlamağa davam edəcəksiniz. Bunu etməniz sizə həqiqi müvəffəqiyyətlər dolu bir həyat bəxş edəcək.

Qayda № 5: Çətin dövrlər ərzində insanda özünü boş buraxmaq kimi meyillər oyanır. Müsibətlərə düçar olduğunuzda öz gündəlik işlərinizi yerinə yetirməyə davam etmək üçün nizam-intizamlı olun. Səhər erkəndən yerinizdən qalxın. Öz müqəddəs saatınızı icra edin.

Yaxşı qidalanın. Təmrinləri yerinə yetirin. Təbiətin qoynunda zaman keçirin və öz mərkəzi ölçülərinizin – ağıl, bədən, emosiya və ruh – hamısını işlək vəziyyətdə saxlamaq üçün əlinizdən gələn hər şeyi etdiyinizə əmin olun.

Qayda № 6: Öz duyğularınıza qulaq asın. Həyatınızda çətin dövrlərlə üzləşdiyiniz zaman bəzi insanlar sizə, sadəcə, müsbət şeylər haqqında düşünməyi tövsiyə edəcəklər. Bu cür məsləhətlərin heç bir faydası yoxdur.

 Arxa görünüş güzgüsünə baxdığınız zaman avtomobili irəli sürə bilməyəcəyiniz və keçmişlə yaşamağın sağlam davranış olmadığı fikri ilə razılaşmağıma baxmayaraq, neqativ bir hadisəni pozitiv bir hadisə kimi qələmə verməyin də heç bir mənası yoxdur. Əgər belə etsəniz, bu sizi inkarçılığa sürükləyəcək.

Təbii şəkildə özlərini büruzə verəcək ağrı-acı, qəzəb və kədər kimi hisləri yaşamağa çalışın. Bu hisləri həzmi-rabedən keçirmək sizə onlardan canınızı qurtarmağa imkan verəcək. Bircə bu bataqlıqda ilişib qalmayın. Burada əsas məsələ müvazinəti qorumaqdan ibarətdir.

İçinizdə baş qaldıran hisləri duymağa çalışın ki, onları udmayasınız və onlar sizin içinizdə qalaraq irinləməsin. Eyni zamanda hər bir qara buludla gələn ümid işartısını görə bilməniz üçün öz intellektual gücünüzdən də istifadə edin. Bu, elmi proses deyil və nəticə etibarilə, qəlbinizlə düzgün olduğunu hiss etdiyiniz şeyləri etməlisiniz.

Qayda № 7: Unutmayın ki, vəziyyət nə qədər ağırlaşır, ağırlaşsın siz heç vaxt yalqız olmayacaqsınız.

Mən kağızı qatladım. Mətnin sonunda heç vaxt yalqız olmayacağım ilə bağlı dediklərinin nə anlama gəldiyini tam başa düşməsəm də, Culianın müdrikliyi həm dərin, həm də praktik idi. Belə düşündüm ki, zaman və təcrübə özü bunun cavabını mənə verəcək. Mən dərk etməyə başlamışdım ki, zaman ən yaxşı müəllimdir.

Mən məhkəmə binasının qarşısındakı pilləkənlərdə təxminən bir saat beləcə oturdum. Yanımdan keçən insanları və səmada süzən quşları seyr edirdim. Üzümdə günəşin ilıq şüalarını, saçlarımı oynadan xəfif küləyi hiss edirdim.

Sabah Culian məni tərk edəcəkdi. Bundan sonra mürşidim olmayacaqdı. O mənim həyatıma o qədər yeni şeylər gətirmişdi ki. Bu borcu ona qaytaracağıma and içdim.

ONUNCU FƏSİL
Arayıcı Oyanır

Hansısa böyük bir məqsəddən və ya böyük bir layihədən ilham aldığınız zaman sizin bütün düşüncələriniz öz buxovlarını qıraraq azad olur; idrakınız məhdudiyyətləri aşır, şüurunuz bütün mümkün istiqamətlərdə genişlənir və özünüzün yeni və gözəl bir aləmdə olduğunuzu kəşf edirsiniz.

İçinizdə mürgüləyən güclər, qabiliyyətlər və istedad oyanaraq canlanır və siz ümid və arzu etdiyinizdən daha böyük bir şəxsiyyət olduğunuzu aşkar edirsiniz.

Patancali

Mən maşını “Rolling Hills” qəbiristanlığına tərəf sürərkən günəş doğmaqda idi. Bu balaca və çox az tanınan qəbirisitanlıq şəhərdən kənarda, öz açıq düzənlikləri və gözəl göy çəmənlikləri ilə məşhur olan bir məkanda yerləşirdi.

Şosedən çıxaraq mən dolanbaclı bir yola çıxdım və bu yol məni uşaq ikən öz atamla tez-tez balıq tutmağa getdiyim gölün yanına apardı.

Mən qəbiristanlığa yaxınlaşdıqda yüksək səslə dini nəğmə oxunduğunu eşitdim. Maşını saxlayaraq düşdüm və o dəqiqə anladım ki, Qriqoryan xoral nəğmələrinin yazıldığı CD-ni oxutdurur.

Bu nəğmə və göz işlədikcə uzanan alçaq təpələrin üstünü hələ də ağ yorğan kimi örtmüş səhər dumanı ətrafa xüsusi mistik bir ovqat verirdi. Culian heç yerdə gözə dəymirdi.

Mən torpaq cığırla otluq təpənin başında tikilmiş balaca binaya tərəf addımladım. Yamaca qalxdıqca ətrafımdakı xaçlarla dolu sahəyə göz gəzdirdim və onların təmsil etdiyi həyatlar haqqında düşüncələrə daldım.

Əbədiyyət məfhumu ilə müqayisədə hətta ən uzun həyatın da inanılmaz dərəcədə qısa olduğunu yalnız o an dərindən anladım.

Biz öz həyatımız boyu ən vacib olanları unudaraq o qədər dəyərsiz və mənasız şeylərlə baş qatırıq ki, oyuna qoşulmasaq bizə bəxş edilmiş həyatın bizdən yan keçəcəyini anlamaq və onu qiymətləndirmək iqtidarında olmuruq. Çox vaxt biz ayılanda artıq çox gec olur və həyatımızın ən yaxşı illərini boşa vermiş oluruq.

Həyatımın çox böyük bir hissəsini tanınma və var-dövlət arxasınca qaçmağa sərf etmişdim. Buna baxmayaraq nə qədər çox şeylərə nail olsam da, əldə etdiklərimə qane olmur, gözüm heç vaxt doymurdu.

Bu, demək olar ki, narkomanlıq, ya da aludəçiliyə bənzəyirdi. İçimdəki bu yanğını heç nə basdıra bilmirdi və ­mənim nə qədər cidd-cəhdlə müqavimət göstərməyimdən asılı olmayaraq, mən yenidən bu pis vərdişin girdabına geri dönürdüm.

Bu müddət ərzində özüm üçün ən əhəmiyyətli hesab etdiyim şeyləri itirdim. Bilirdim ki, bu səhvlərə bir daha heç vaxt yol verməyəcəkdim. Əlbəttə, üzdə görünən müvəffəqiyyət çox əhəmiyyətli idi.

Culianın özünü realizə etmə ilə bağlı fəlsəfəsinin pul qazanmağa, gözəl əşyalara sahib olmağa və dünyəvi həyat sürməyə icazə verməsi faktı mənim çox xoşuma gəlirdi. Əslində, onun dediyinə görə, belə şeylərin ardınca getmək özü də pozitiv davranış idi.

Biz mənəvi, ruhi varlıqlarıq, lakin həddən artıq bəşəri olan bir dünyada yaşayırıq, ona görə də dünyanın bizə bəxş etdiyi maddi hədiyyələrdən həzz aldığımıza görə üzrxahlıq etməyimizin heç bir mənası yoxdur.

Culianın əsas ideyası ondan ibarət idi ki, belə zail və ötəri mükafatların ardınca düşmək həyatın əsas qayəsi olmamalıdır. Burada əsas məsələ prioritetlərin düzgün sıralanmasında idi və öz ən yaxşı kimliyimin oyadılması mənim əsas vəzifəm olaraq qalmalıydı.

Mən o balaca tikiliyə yaxınlaşanda nəğmə səsi daha da gurlaşdı. Culianın haradasa yaxınlıqda olduğuna əmin idim. Bu, şübhəsiz, Culianın daha bir qeyri-ortodoksal təlim üsulu idi. Mənim simamda təbəssüm ­yarandı.

– Culian, – deyə mən onu çağırdım. – Bilirəm ki, buradasınız. Mənə harada olduğunuzu özünüz də deyə bilərdiniz.

Mənim çağırışlarıma cavab gəlmədi. Mən bir az da ucadan səsləndim:

– Hə, səsinizi çıxarın, Culian. Sizin buralarda bir yerdə olduğunuzu bilirəm. Haradasınız?

Sonra duman qatını yararaq mənə yaxınlaşan bir insan siluetini gördüm. Gələn Culian idi və onun əynində yenə də həmin xalat vardı, kapüşonu da başına çəkmişdi. Onun əllərində iri, təzə-tər gül dəstəsi vardı, çantasını da belinə taxmışdı.

– Sabahınız xeyir, Dar, – o, ciddi bir səslə mənə dedi. – Bu gün, bir qədər sonra mən hava limanına gedəcəyəm. Lakin bunu etməzdən əvvəl sizinlə görüşmək istəyirdim. Bu bizim birlikdə keçirəcəyimiz son təlim-məşqimiz olacaq.

 “Oyanışın 7 Mərhələsi”nin sonuncu mərhələsini sizinlə bölüşməliydim. Lütfən, arxamca gəlin, – deyə Culian məni tikilidən bayıra çıxarmazdan əvvəl dedi və biz binadan çıxaraq qəbir daşları olan bir sahəyə gəldik. Dini musiqinin ifası davam edirdi.

Təxminən bir dəqiqə beləcə addımladıqdan sonra Culian yeni yazılmış bir qəbrin yanında dayandı. O, diz çökdü və əlindəki tər çiçəkləri qəbrin ətrafına dairə formasında düzdü. O əsla dinib danışmırdı və indi olduğumuz bu müqəddəs yerə olduqca ehtiramlı bir görkəmi vardı.

– Culian, bu kimin qəbridir? – deyə mən yumşaq bir tərzdə soruşdum.

– Sizin, – deyə o cavab verdi.

Bu sözlərlə onun nə demək istədiyi haqqında heç bir fikrim yox idi. Biz öz həyatımızı sürdürdükcə insanlar bizə bəzi şeylər haqqında nələrsə deyir və ya bizə qarşı müəyyən bir formada davranırlar. Bir insan varlığı olaraq bizim yaşadığımız əzab-əziyyətin böyük bir hissəsi başımıza gələn şeylər ilə bağlı bəzi təxminlər etməmizdən qaynaqlanır.

Məsələn, biz iş yerimizə gedirik və iş yoldaşlarımızdan biri bizimlə salamlaşmır. Biz elə güman edirik ki, onun bizə acığı tutub. Bunun səbəbi isə tamamilə başqa bir şey ola bilər, məsələn, həmin şəxsin uşağı xəstədir və onun bütün düşüncələri bu problemlə məşğuldur.

Öz təxminlərimizin doğruluğunu yoxlamağın bir yolu var, o da vəziyyəti düz anlayıb-anlamadığımızı aydınlaşdırmağa yardım edəcək sualları vermək cəsarətinə sahib olmaqdan ibarətdir. Bunun üçün isə insanlarla yaxşı ünsiyyət qurmaq qabiliyyətinə sahib olmaq tələb olunur.

Lakin əksər insanlar heç vaxt bunu etmirlər. Keçən bir neçə həftə ərzində bütün belə vəziyyətləri özüm üçün aydınlaşdırmaq üçün mən bu sualları vermişəm. Bir şeyi anladım ki, keçmişdə mən bu cür vəziyyətlərdə yanlış təxminlər etmişəm və qərara aldım ki, bundan belə cavablara ehtiyacım olanda öz həqiqətlərimi dilə gətirim.

– Culian, siz nə deməyə çalışırsınız? Necə yəni bu mənim qəbrimdir? Mən ki hələ ölməmişəm. Mən həyatımda heç vaxt bu qədər sağlam və xoşbəxt olmamışam. Mən indiyədək heç vaxt özümü bu qədər canlı hiss etməmişəm. Siz nə demək istəyirsiniz? Sözləriniz məni çaşbaş saldı.

– Sakitləşin, amiqo. Bu qəbir, sadəcə, sizinlə paylaşmalı olduğum son dərs ilə bağlı bir metaforadır. Bu, sizin qəbriniz ola bilərdi. Bu, mənim qəbrim ola bilərdi. Bu, istənilən başqa bir şəxsin qəbri ola bilərdi. Əsas məsələ isə bundan ibarətdir: öz ən yaxşı həyatınızı oyatmaq məqsədilə siz həyatda ikən ölmüş olmanız çox vacibdir.

– Bu sözlərlə siz nə demək istəyirsiniz?

– Bir çox insan öz həyatını elə yaşayır, elə bil bu dünyadakı bütün zaman ona məxsusdur. Onlar özlərinə uzun ömür arzulayır, amma, bununla belə, öz zamanlarını boşa sərf edirlər. Onlar həyatı gələcəkdə hansısa bir hadisənin baş verməsinədək təxirə salırlar.

Bu cür insanlar, adətən, belə deyirlər: “Öz karyeramda filan mərtəbəyə çatandan sonra ailəmlə birlikdə daha çox zaman keçirəcəyəm və ya övladlarım boya-başa çatandan sonra özümə daha çox zaman ayıracağam və özüm üçün yaşayıb həyatdan zövq alacağam

və ya indikindən bir balaca çox pul qazanmağa başlayan kimi öz arzularımı gerçəkləşdirməyə başlayacağam və ya bu çətin dövr bitəndən dərhal sonra öz səhhətimin qayğısına qalacağam”.

Həyat isə heç kimi gözləmir. Sizə öyrədə biləcəyim ən vacib şeylərdən biri də öz ölümünüz ilə müntəzəm olaraq əlaqədə olmaqdır. Hər zaman öz-özünüzə xatırladın ki, zaman sizin ixtiyarınızda olan ən dəyərli şeydir. Özünüzə gələcəyin hansısa bir dönəmində öz ən böyük kimliyinizi oyadacağınızı söyləməniz özünə həddən artıq güvənmək və təkəbbürlülük anlamına gəlir.

Siz və ya mən bu gün vəfat edə bilərik. “Q” otelində sizinlə görüşdüyümüz zaman sizə dediyim kimi, zamanımızın nə vaxt bitəcəyini bizlərdən heç kim bilmir. İnsan hər gününü elə yaşamalıdır ki, elə bil həmin gün onun bu planetdəki sonuncu günüdür. Görüşdüyünüz hər bir insanla elə davranın ki, sanki onunla bir daha heç vaxt görüşməyəcəksiniz.

Öz saatlarınızı yaşadığınız müddətcə böyük risklərə gedin və şəxsi böyüklük və əzəmət üçün qarşınıza çıxan bütün fürsətlərdən faydalanmağa çalışın. Mən təklif edirəm ki, siz səhər erkəndən qalxasınız və hər bazar günü və ya bir neçə bazar günündən bir buraya gələsiniz. Bunu təkbaşına edin. Bunu özünüz üçün müntəzəm ayinə çevirin.

– Yaxşı, deyək ki bura gəldim, bəs burada nə ­etməliyəm?

– Öz ölümünüzlə əlaqəyə girin, onunla rabitə yaradın. Yaratmaq iqtidarında olduğunuz həyat haqqında düşüncələrə dalın və özünüzə xatırladın ki, əgər həmin həyatı yaşamasanız və hər gün bu həyatla nəfəs almasanız özünüzü təhqir etmiş olursunuz.

Torpağın üstündə keçirdiyiniz hər bir an sizə bəxş edilmiş böyük imkandır. Bunu sizə əvvəllər də söyləmişdim, Dar. Hər gün yuxudan oyanmağınız bayram kimi qeyd ediləcək bir hədiyyədir. Sizin taleyinizə parlamaq yazılıb.

Həyatın gözəlliyi və incəliyi ilə bağlarınızı təzələmək üçün buraya gəlin. Bu haqda bir düşünün: bu gün səhər planetimizdə yuxudan oyanmış insanların bir çoxu günəş batmazdan öncə öz həyatlarını itirmiş olacaqlar.

Belə bir şeyin onların başına gələcəyi bu insanların əksəriyyətinin ağlının ucundan belə keçməyəcək. Onların bir çoxunun müvafiq zamanı gələndə həyata keçirmək niyyətində olduqları bir çox böyük planları var. Heç kim heç vaxt öz ölümünü planlaşdırmır.

Culianın son sözləri qəlbimin dərinliklərinə işlədi. İndi həyatımda heç vaxt olmadığı qədər şüurlu, daha böyük sevinc hissi və daha böyük ruh yüksəkliyi ilə həyat sürdüyümü bilirdim. Lakin hələ də özümü boş buraxmır, hərəkətlərimi məhdudlaşdırırdım.

Mən hələ də Saşaya olan məhəbbətimi bir qədər buxovlamağa çalışırdım. Mən onun üçün indi olduğumdan daha böyük anlam daşıya bilərdim. Və mən daha dərindən düşündükcə başa düşürdüm ki, mənim bu müqavimətimin arxasında duran şey qorxu hissi idi. Mən qorxurdum ki, əgər öz qəlbimi bu qadına tam açsam, o məni yaralaya və ya məndən sui-istifadə edə bilər.

Əslində, mənim bu qorxumun heç bir əsası yox idi – Saşa hər bir cəhətdən inanılmaz qadındır. Lakin bizim qorxularımızın çox vaxt gerçəkliklə heç bir əlaqəsi olmur; onlar, sadəcə, bizim öz xəyallarımızda qurduğumuz illüziyadır. Və əgər sağlam düşünsək, görərik ki, onların kökləri elə də dərin deyil.

Mən öz uşaqlarım ilə münasibətlərimdə də oyunu öz imkanlarımdan daha balaca oynayırdım. Mən bilirdim ki, onlar üçün inanılmaz bir ata ola bilərəm və elə həmin andaca özümə söz verdim ki, uşaqlarım üçün məhz belə ata olacağam. Bu haqda nə qədər çox düşünürdümsə, ola və edə biləcəyim çox şeylər olduğunu bir o qədər dərindən anlayırdım.

Niyə axı mən öz biznes sahəmdə ən böyük liderlərdən biri olmamalıyam? Niyə axı mən yüzlərlə, hətta minlərlə insanın həyatına inanılmaz dəyərlər qatmayım? Niyə mən şəxsi aydınlanma halına indiyədək təsəvvür etdiyimdən daha çox yaxınlaşa bilməyim axı?

– Məktəb binasında görüşdüyümüz zaman sizdən icra etməyinizi xahiş etdiyim təmrin xatirinizdədirmi? – deyə Culian məndən soruşdu.

– Mən bunu necə unuda bilərəm? – deyə onun sualına sualla cavab verdim. – Siz məndən özüm üçün nekroloq yazmağımı xahiş etmişdiniz. Siz xahiş etmişdiniz ki, öz həyatımı sondan əvvələ yaşaya bilməyimə yardım edəcək müdriklik və dərrakəni əldə etməm üçün öz həyatımın hekayəsini yazım. Sonda harada olmağı arzuladığımı bilməklə hər bir gün, hər bir saat və hətta hər bir anımda həmin yerə yetişmək üçün tələb olunan seçimləri edə bilərəm.

– Çox gözəl qeyd etdiniz.

– Və mən çox vaxt öz müqəddəs səhər saatımda öz nekroloqumu ucadan oxuyurdum. Bu mənim səhər yuxudan ayılan kimi dərhal icra etdiyim işlərdən biridir. Təkcə bu işin özü düşüncə tərzimdə, hislərimdə və davranışlarımda dərin dəyişikliklərə səbəb olub.

– Bu da sizi ehmallıca oyanış prosesinin yeddinci və sonuncu mərhələsinə ötürür. Siz “Seçim nöqtəsində” həqiqət yoluna qədəm qoymaq haqqında qərar verməklə bir zamanlar həyatınızı öz girdabına almış yalanı tərk etdikdən sonra…

– Bu, prosesin birinci və ikinci mərhələləri, – deyə ucadan səsləndim.

– Tamamilə doğrudur. Hmm, bu ilk iki mərhələni başa vurduqdan sonra siz üçüncü mərhələyə yetişir və hər şeyə yeni gözlərlə, yeni nəzərlərlə baxmağa başlayırsınız. Nəticədə, siz həqiqəti görməyə başlayırsınız. Siz içinizdə nə qədər böyük qüvvənin yarandığının fərqinə varırsınız.

Əvvəllər özünüzə necə xəyanət etdiyiniz və özünüzü necə məhdudlaşdırdığınızı dərk etmək baxımından güclənirsiniz. Bizim bu dünyamızın necə gözəl bir yer olduğunu və sizi nə qədər çox sevincin gözlədiyini görməyə başlayırsınız. Bəs bundan sonra nə gəlir, amiqo? – deyə Culian məndən soruşdu.

– Dördüncü mərhələ. Məhz bu məqamda arayıcı öz yolu ilə irəlilədikcə özlərini büruzə verməyə başlayan bir çox sualların cavablarını öyrənmək arzusu ilə tutuşub yanır.

Bu mərhələdə arayıcı öz yolunu tapa bilməsi üçün özünə mürşid və bələdçi arayışına başlayır. Arayıcının aldığı bütün bu təlimlər və onun bilik səviyyəsinin yüksəlməsi sonda çaşqınlığa səbəb olur.

– Bəli. İndiyədək arayıcının özü üçün dayaq seçdiyi özülün özü ovulub dağılmağa başlayır. Dünyanın gərdişi ilə bağlı bütün inanc və təsəvvürlər, eləcə də bütün bunların arasında arayıcının öz yeri sorğulanır və yenidən qiymətləndirilir.

Beşinci mərhələ böyük ­təbəddülatlar və dəyişikliklər dövrüdür. Bu mərhələ həm də çox gözəl şəxsi inkişaf dövrüdür. Tırtıl baramanın içindəki qaranlığa qərq ola bilər, lakin bir təxmin etməyə çalışın, əslində, nə baş verir?

– Yeni bir kəpənək doğulur, – deyə mən inamla cavab verdim.

– Siz bunu artıq mənimsəmisiniz. Hər şey əladır. Bundan sonra bu yola qədəm qoymuş hər bir arayıcının öz şəxsi təcrübəsində yaşayacağı labüd sınaq gəlir. Böyük zəfərdən bir az öncə həyat səyahətçiyə daima böyük bir sınaq göndərir.

Belə anlarda bizim bu sınaqlara necə reaksiya göstərməyimiz bir çox cəhətdən bizim talelərimizi müəyyən edir. Cəsarəti və var gücünüzlə irəliləməyi seçmək sizin ən yaxşı gedişinizdir. Və, əlbəttə ki, bu da məni son mərhələyə, Öz Mənimin Böyük Oyanışına gətirir.

Bir yerdə olduğumuz müddət ərzində hər bir mərhələnin bütün hissələrini öz üstünüzdə təcrübədən keçirmisiniz. Bəli, bu prosesin hər bir hissəsinin həyatda gerçəkləşməsi üçün mən bəzi ssenarilər işləyib hazırlamışdım.

Bunu ona görə etmişdim ki, sizin öyrənməyinizə və idrakınızın güclənməsinə yardım edim. Lakin sizin yaşadıqlarınız bir çox şeylər bir-biri ilə əlaqəli şəkildə meydana gəldi.

Siz yalanı tərk etməklə və qəflət yuxusundan ayılmağı seçməklə siz öyrənmək, öz müdriklik bazanızı yaratmağa yardım edə biləcək kitablar və bələdçilərə üz tutdunuz. Və bunu etməklə də, siz “Beşinci Mərhələ”nin təqdim etdiyi çaşqınlığı və köklü dəyişikliyi yaşadınız.

Və siz bu yolda geri ­çəkilmədiyinizə görə, sizin həyatınızda real transformasiya baş verdi. İndi hər şey qısa bir müddət bundan əvvəl olduğundan fərqli görünür, elə deyilmi?

– Şübhəsiz. Həyatım gözəlləşdi, Culian. İndiyədək heç vaxt özümü belə xoşbəxt hiss etməmişdim. Sizə bütün qəlbimlə minnətdaram.

– Dəyməz, Dar, mənim üçün böyük zövq idi. Mən gedəndən sonra həyat sizin qarşınıza öz sınaq və ssenarilərini çıxaracaq və siz bir sıra yeni mərhələlərdən mən sizin yanınızda olmadan keçəcəksiniz. Həyat özü sizin müəlliminizə çevriləcək – ən yaxşı müəllim elə həyat özüdür, əlbəttə, əgər siz ona imkan versəniz.

Culian əli ilə öz mantiyasının üstündəki tikmə naxışı sığalladı.

– “Yeddinci Mərhələ” yekun təyinat yeridir. Bu yolda irəliləyərək bu mərhələyə yetişmək ziyalanmaq, aydınlanmaq anlamına gəlir. Əvvəl dediyim kimi, bu yüksək mərtəbəyə çox insan çatmışdır. Amma bu vəziyyət bir gün dəyişəcək.

Mən istəyirəm ki, siz mənim fəlsəfəmin həyatları ilə əlaqədar olduğunuz şəxslər arasında yayılmasında mənə yardım edəsiniz. İçimdə güclü bir hiss var ki, sizə verdiklərimin müqabilində mənə vermək istədiyiniz bəzi şeylər var. Lütfən, bilin ki, mənim dünya malına nə marağım var, nə də ehtiyacım.

Əlbəttə, öz köhnə “Ferrari”mi sürməkdən və məhkəmə zalında əla kostyumlar geyinməkdən zövq almışam. Lakin bu şeylər mənim üçün ən əhəmiyyətli olan şeylər deyil. Mən dünyanı dəyişmək istəyirəm, mənim dostum.

Mən mümkün olduğu qədər daha çox insana təsir etmək istəyirəm. Mən mənəvi cəhətdən öz həyatından narazı, yaşamaq üçün mübarizə aparan bir vəkil idim. Mənim həyatım tamamilə müvazinətdən və nəzarətdən kənar idi. Amma siz mənə indi baxın, – Culian həyəcanla dedi.

 – O dağlarda öyrəndiklərim karıma gəlir və həmin dağların zirvələrindəki ziyalı müdriklərlə olduğum müddət ərzində öyrəndiklərimi başqa insanların da kəşf etmələri üçün əlimə düşən hər bir fürsətdən faydalanmaq istəyirəm.

Sizdən bircə xahişim var, o da sizinlə bölüşdüyüm şeylər haqqında başqa insanlara danışmanızdır. Öyrənməyin ən yaxşı yolu öyrətməkdir, deməli, bu prosesı başlamaqla özünüzə faydalı bir xidmət göstərmiş olacaqsınız.

Culian mənə yaxınlaşdı və hər iki əlini çiyinlərimə qoydu və başını qaldırıb son dəfə mavi səmaya baxdı. Sonra gözlərini yumdu.

– Dar, siz çox əla tələbə idiniz. Həyatınızda baş vermiş dəyişikliklər və həyatınızın bugünkü vəziyyəti baxımından mən sizin üçün bundan artıq sevinə bilməzdim. Siz möhtəşəm məkanlara istiqamətlənmisiniz və sizi qarşıda gözləyən möcüzələri təsəvvür belə edə bilməzsiniz.

Sizinlə birlikdə keçirdiyim vaxtdan inanılmaz dərəcədə böyük zövq aldım. Siz mənimlə böyük mərhəmət, hörmət və sevgi ilə davrandınız. Lütfən, içinizdə böyüməkdə olan o balaca səsə qulaq asmağa davam edin. O sizin qəlbinizin səsidir və ona etibar etsəniz, sizi getməli olduğunuz yerə aparacaq.

Sizə bəxş edilmiş istedadların gün işığına çıxmasına imkan verin. Həyatınızda olan hər bir şəxsə dəyər verməyə davam edin. Qarşınıza nə çıxarsa, çıxsın bu yolla irəliləməyə davam edin. Əgər bunu etsəniz, həyatınız inanılmaz dərəcədə gözəl, özünüzdən sonra qoyacağınız irs böyük olacaq.

Culian gözlərini açdı. Onun gözündən bir damla yaş axaraq mantiyasının yaxasına düşdü. O, başını aşağı dikib gözyaşının mantiyanın üzərində buraxdığı ləkəyə baxdı və güldü:

– Hər bir son yeni bir başlanğıcdır. Bunu mənə bir qədər əvvəl siz öyrətmişdiniz, bunu unutmayın, koç, – ədalı bir tərzdə dedim.

– Çox yerində deyilmiş bir sözdür, amiqo. Bu, sadəcə, sevməyə başladığım insanları tərk etməyin mənim üçün çətin olduğundandır. Hindistandan geri döndüyümdən bəri siz və mürşidlik etdiyim digər insanlar mənim qəhrəmanlarımsınız.

Sizlərin göstərdiyi cəsarət mənə nə qədər cılız olduğumu göstərir. Kaş mən burada qala və sizə bu yolda bələdçilik edə biləydim. Amma sizin buna ehtiyacınız yoxdur.

Və bu mənim taleyimə də yazılmayıb. Getməzdən əvvəl mən bir şey etmək istəyirəm, əlbəttə, əgər etiraz etmirsinizsə. Etiraz etmirsiniz ki? – deyə Culian məndən soruşdu. Əlbəttə, etiraz etmirəm, Culian, siz hər nə etsəniz, mənim ­qəbulumdur.

Culian öz bel çantasını çıxardı və açdı. Çantanın içindən dəri cildli köhnə və əzilmiş bir jurnal çıxardı və onu vərəqləyərək istədiyi səhifəni tapdı. Culian qəbrin kənarında durub güclü və uca səslə dedi:

– Mən indiyədək heç vaxt etmədiyim bir şeyi etmək istəyirəm. Mən öz nekroloqumu ucadan oxumaq ­istəyirəm.

Bir anlıq sükutdan sonra aşağıdakıları oxumağa ­başladı:

Culian Məntlın Nekroloqu

Culian Məntl insan ruhunun bu planetdə xeyirxah işlərin görülməsi üçün güclü bir qüvvə olduğuna inanan bir insandı. O, idealist və hər bir canlı insanın, əlbəttə, əgər onlar bunu etməklə bağlı onların həyatlarına edilmiş çağırışları qəbul etməyi seçsələr, həqiqi fərqlərə imza ata biləcəyinə sidq ürəkdən inanan bir şəxs idi.

Culian sadə bir insan olmuşdur. O, dahiyanə kitabları, günəş qürublarını, ulduzlarla dolu gecə səmalarını və arada bir də qalın şokoladlı tortu çox sevirdi. Lakin hər şeydən çox Culian insanları sevirdi və bütün həyatını insanların öz əsl kimliklərini kəşf etmələrinə yardım etməyə sərf edib.

O öz həyatında çoxlu səhvlərə yol verib. Amma buraxdığı səhvlərindən də çox şeylər öyrənib. Öz həyatında çoxlu ağrı-acı çəkib və onların sayəsində bir şəxsiyyət kimi ucalıb.

Culian heç vaxt öz qorxularından qaçmayıb, əksinə, onlara sarı addımlayıb və bunu etməklə də öz azadlığını yenidən əldə edib. O, səmimi, cəsarətli və sevgi dolu idi.

Dünən gecə Culian 108 yaşında vaxtsız vəfat edib. O, bir çox insanın həyatına, qəlbinə yol tapa bilib və onun yoxluğu onların qəlbində hiss ediləcək.

Culianın oxuduğu bu sözləri eşidəndə mən ağlamağa başladım. Başımı qaldırıb baxanda onun getmiş olduğunu gördüm. Nəzərlərimi döndərib ətrafa baxdım, amma Culian heç yerdə gözə dəymirdi.

Təpənin üstündəki balaca tikilidən hələ də dini nəğmənin sədalarını eşitmək olurdu, günəş isə səmadan öz parlaq işığını ələyirdi. Göy üzündə bir bulud belə gözə dəymirdi.

Mən qəbirlərin arasından keçərək gedəndə otların arasında nəyinsə parıldadığını gördüm. Yerə əyildim və gördüyüm şey məni heyrətləndirdi. Bu, nazik və uzun bir dəri qaytana bərkidilmiş qızıl “Budda” idi və onu boynundan asaraq gəzdirmək olardı. Çox səliqə ilə işlənmiş bu əşyanın arxa tərəfində incə bir xətt ilə bu sadə sözlər həkk edilmişdi:

Öz ən yaxşı kimliyini oyat və parlamağa davam et.

Sevgilərlə, CM

Culianın bu hədiyyəsini boynumdan asdım və öz avtomobilimə tərəf addımladım. Özümü gülümsəməkdən saxlaya bilmirdim. Mənim həyatım gözəlləşmişdi.

 “Oyanışın 7 Mərhələsi”

MƏRHƏLƏ 1: Yalanla yaşamaq (Özünə Xəyanət Mərhələsi)

MƏRHƏLƏ 2: Seçim Nöqtəsi (Nəzarəti Boş Buraxma və Öz Zəncirlərini Qırma Mərhələsi)

MƏRHƏLƏ 3: Möcüzə və İmkanlardan Xəbərdar Olmaq (Aləmə Yeni Gözlə Baxma Mərhələsi)

MƏRHƏLƏ 4: Mürşidlərdən Təlimat Almaq (Öyrənmə, Müvəffəqiyyətsizliyə Uğrama və Hazırlıq Mərhələsi)

MƏRHƏLƏ 5: Transformasiya və Yenidən Dirçəlmə (Boşalma və Yenidən Dolma Mərhələsi)

MƏRHƏLƏ 6: Sınaqlar (Sınaq və Təsdiq Mərhələsi)

MƏRHƏLƏ 7: Kimliyin Böyük Oyanışı (Qorxmazlıq Mərhələsi)

Uzaqgörən liderlərin 8 ritualı – Robın SharmaFerrarisini Satan Rahib – Robin Sharma

Fikirlərinizi bildirin.