Dayanacaq meydançasına (sarı ziqzaq şəklində işarələnmiş yer), meydança olmadıqda isə, ümumi istifadədə olan NV-nin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən yaxın dayanmaq qadağandır (m.52.IV). A və C minik avtomobillərinin sürücüləri bu qaydaya əməl edərək 5.12 nişanından 15 metr aralıda dayansalar da, B avtomobilinin sürücüsü qaydalara əhəmiyyət vermir və ya onları bilmir. Deməli, yuxarı şəkildəki şəraitdə B avtomobilinin sürücüsü qaydaları pozmuş olur. Ümumi istifadədə olan NV-nin dayanacaq meydançası avtobusların həmin yerlərə rahat girişini, maneəsiz hərəkətə başlayıb yola çıxmasını və adamların avtobusa təhlükəsiz şəraitdə minib-düşməsini təmin etməlidir. Dayanacaq meydançası iki və daha artıq avtobusun eyni vaxtda dayanması üçün nəzərdə tutduğu halda, dayanacaq meydançasının uzunluğu sarı ziqzaq şəklində olan nişanlanma ilə müəyyən edilir (m.69.VI). Əgər sarı ziqzaq şəklində nişanlanma varsa, ona 15 metrdən yaxın dayanmaq qadağandır.