Gəncsən başla – Nadir Adilov

Gəncsən başla – Nadir Adilov. Uğur qazanmaq istəyən gəncliyin kitabı
Əziz gənclər!

Bu gün Azərbaycanın dünyanın siyasi xəritəsində müstəqil dövlət olaraq yer alması millətimizin böyük uğurudur. Azərbaycanın müstəqillik qazanması, yenidən bərpası və qorunub saxlanmasında sözsüz ki, gənclərin rolu əvəzsizdir. Ulu öndər, Ümummilli Lider Heydər Əliyevin söylədiyi “müstəqilliyi qoruyub saxlamaq bizim üçün ən başlıca vəzifədir” sözlərini gənclər hər zaman fəaliyyətlərində rəhbər tutublar.

Gənclərimiz bu vəzifələrin öhdəsindən gəlmək üçün öz şəxsi inkişafında ən yüksək səviyyədə olmağa borcludurlar. Bəs biz özümüzü inkişaf etdirmək üçün nə etməliyik? Ən əsas məsələ bu suala hər bir gəncin özünün cavab tapmasıdır. Lakin uğura aparan yolda ümumi meyarlar var ki, bunu tətbiq etməklə gələcəkdə çoxlu nailiyyətlər qazana bilərik.

Uğur dedikdə əmək fəaliyyətində hansısa vəzifə tutmaq deyil, bacardığın işi ən yüksək səviyyədə həyata keçirməyi öyrənməkdir. Çünki yalnız özünü təkmilləşdirmək və seçdiyin sahənin incəliklərini dərindən mənimsəmək şəxsi inkişafın qarantıdır.

Şəxsi inkişaf üçün ən uğurlu zaman isə tələbəlik illəridir. Uğurlu olmaq arzusu və istəyi gəncin asudə vaxtdan səmərəli istifadəsini şərtləndirir. Tələbəlikdə təhsildən əlavə olaraq müxtəlif kurslar, ictimai həyatda fəaliyyət, könüllülük fəaliyyəti hər bir gəncin həyat təcrübəsi toplaması üçün mühüm amillərdəndir.

Çətin sahə yoxdur, sadəcə öyrənmək istəməyən fərdlər var. Əgər bir gənc “mən bunu bacaracağam” prinsipini əsas tutaraq öz həyat yolunda irəliləsə, mütləq uğura imza atacaqdır. Ən əsası haradansa başlamaqdır. “Bu iş mənə görə deyil” prinsipi ilə hərəkət etmək uğurlu karyeranı başlamadan bitirmək deməkdir.

Məqsədə çatmağın üç mərhələsi vardır. Nə istədiyini bilmək, istədiyini əldə etməyə çalışmaq və əldə edəcəyinə inanmaq uğurun formuludur.

Qeyd etdiyimiz kimi, uğura gedən yolu bizim üçün işıqlandıracaq, ümumi meyarları özündə əks etdirən bir kitabın olması gənclər üçün əlavə üstünlük və güc mənbəyidir. Əziz gənc oxucular!

Əlinizdə tutduğunuz bu kitabın digərlərindən yazı üslubu, içindəki mövzular baxımından çox fərqləndiyini görəcəksiniz. Təbii ki, uğur əldə etmək üçün təkcə bu kiçik kitabla kifayətlənmək səhv olardı. Müəllifin də bu kitabda qeyd etdiyi kimi, digər kitab və resurslardan da çox öyrənmək, öyrəndiklərinizi isə həyatda tətbiq etmək çox vacibdir. Çünki yuxarıda da qeyd etdiyim kimi bir istiqaməti mükəmməl öyrənmək üçün ona daha geniş aspektdən baxmaq lazımdır.

Çox sevindirici haldır ki, bu kitabı əldə edən, içindəkilərə vaqif olmaqla yanaşı, önəmli bir işə, aksiyaya da dəstək vermiş olur. Belə ki, bu kitabın satışından əldə edilən vəsait şəffaf qaydada müsabiqə əsasında seçiləcək bir neçə tələbənin təhsil haqqının ödənilməsinə sərf ediləcəkdir. Belə bir təşəbbüs gənclərimiz üçün gözəl nümunə olmaqla bərabər, istedadlı gənclərin inkişafına da böyük dəstək sayıla bilər.

Deyərdim ki, bu, elə özünə dəstəkdir. Tələbələr “Gəncsən? Başla!” oxumaqla yaşıd olduqları bir tələbəyə kömək etmiş olacaqlar. Çalışmaq lazımdır ki, bu cür təşəbbüslərin sayı daha da çox olsun. Dövlətimizin gənclər siyasətini dəstəkləyən vətəndaş təşəbbüsləri nə qədər çox olarsa, bundan yararlanan vətəndaşların sayı, bir o qədər çox olar.

Hər birinizə gələcək həyatınızda uğurlar arzu edirəm.

Hörmətlə,
Dr. Fuad Muradov
Millət vəkili, Azərbaycan Respublikası Mill Məclisinin
Gənclər və İdman Komitəsinin sədri

Qadınların kitabı – OshoSex haqqında TOP 10 kitab

Əvvəlki məqaləNəqliyyat vasitəsinin qeydiyyat şəhadətnməsi (maddə 28)
Növbəti məqaləUşaq evlərində böyüyən məşhurlar

Fikirlərinizi bildirin.