Dukan pəhrizində balıq məhsulları:

Xanı balığı yaxud Naqqa balığı

Fransada balıqların kralı hesab olunur. Sədəf kimi ağ, nazik, ancaq eyni zamanda yağsızdır, çox tələb olunan, lakin təəssüf ki, baha qiymətə satılan qidadır. Bazarda ən baha satılan balıqdır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Xanı balığı yağsızdır. Hər 100 qramında 1,8 qr lipid var. Proteinlə zəngindir, hər 100 qramının tərkibində 18,5 qr təşkil edir. Az kalorilidir. Hər 100 qramında 90 kalori var.
  • Dukan pəhrizində rolu: Bizim pəhrizimizdə xanı balığı lüks qida kimi saxlanılmalı və xüsusi yeri olmalıdır. Həm ailənizlə yeyə biləcəyiniz, həm də qonaq üçün çəkinmədən hazırlaya biləciyiniz qidadır. Əgər işgüzar nahara dəvət almısınızsa, hesabın nə qədər olacağı sizə maraqlı deyilsə, çəkinmədən xanı balığı və ya qalxan balığı sifariş verə bilərsiniz.
  • Dukan pəhrizində hazırlanma qaydası: Dadının xərçəngkimilər kimi qalmasını saxlamaq və ətinin yüngüllüyünü qorumaq üçün asan üsulla hazırlanmalıdır. Ən ideal hazırlanması şüyüd toxumu, yaxud tər şüyüdlə sobada qızartmadır. Cirə ilə balığın yod ətri bir-birinə qarışdıqda xüsusi dad alır. Əgər balıq yetəri qədər böykdürsə, duzlu qazmaq da hazırlamaq olar. Belə ki, duz və ədviyyatları qarışdıraraq əla qazmaq hazırlaya bilərsiniz. Döş ətini tavada bişirmək məsləhətdir.
Şüyüdlü xanı balığı və sakit okean xanı balığı

Hazırlanması: 20 dəqiqə/Bişirilməsi: 30 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 2 dənə xanı balığı, təxminən 400 qr, 4 qıça şüyüd, 2 xörək qaşığı qoz yağı, 1 ədəd limonun şirəsi, 1 çay qaşığı şüyüd toxumu və ya üyüdülmüş cirə, duz, istiot

  • Balığın pullarını təmizləmədən içalatını çıxarın. Balığın hər tərəfindən 2-3 çərtik açın. Fırçanı qoz yağına batırıb balığı yağlayın. Duzlayın, istiotlayın. Sobanı 210°C-də qızdırın.
  • Şüyüdü yuyub başını saxlamaqla xırda-xırda doğrayın. Bir hissəsini limon şirəsinə qatmaq və balığın qarnına doldurmaq üçün saxlayın.
  • Balıqları bir qaba qoyub sobaya yerləşdirin.
  • Onların üzərinə qoz yağı, şüyüdlə qarışdırılmış limon şirəsi və yarım stəkan su tökün.
  • Sonra üzərinə şüyüd toxumu və ya cirə səpin. Toxumun qalanlarını isə ətrafına qoyun.
  • 30 dəqiqə sobada bişirin. Arada bişib-bişməməsini yoxlayanda üzərinə limon şirəsi süzün. Bişirdikdən sonra tər şüyüdləri əlavə edin.

Treska balığı

Treska portuqalların bakalo dedikləri balıqdır. Eyni cinsdəndir, ağ əti yağsızdır və xüsusi dada malikdir. Ət sərt olsa da, dadı zərifdir və çəngəlin təzyiqindən sonra dərisi lay-lay qopur.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Ən yağsız və ən az kalorili balıqdır. Hər 100 qramının tərkibində 0,7 qr lipid, 75 kalori var. Uzun lifli birləşdirici toxumaya malik olduğu üçün tez həzm olunur. özü ətinin tərkibindəki proteinlə eyni miqdar təşkil edir. B vitamini və yodla olduqca zəngindir.
  • Dukan pəhrizində rolu: Treska balığı və adi dəniz dili balığı kambalakimilər dəstəsindəndir. Ağ əti olan bu balıqlar fransızların mətbəxində ən üstünlük verdikləri balıqlardır. Belə ağ ət bir də qızılbalıqdadır və daim rəqabətdədirlər. Bu mənada pəhrizimizdə işi asanlaşdırır. Bircə qiymətinin yüksək olması sizə uyğun gəlməyə bilər. Elə təkcə treskanın beli hər cibə uyğun deyil.
  • Dukan pəhrizində hazırlanma qaydası: Ləzzətli dadı var. Adətən tavada soğan əlavə edərək hazırlanır. Çalışın ağ şərabdan istifadə etməyin, yoxsa zərif dadını qaçıracaqsınız. Ekzotik dad sevərlər, duzlu treska ala bilərsiniz, çünki duz dadını daha kəskinləşdirir. Duzunu tökməsi üçün soyuq suda 48 saat saxlamaq lazım gəlir. Tavada, yaxud od üstündə qrildə, ya da sobada pomidor və bibər əlavə edərək bişirə bilərsiniz. Kabab, yaxud lülə kimi də hazırlaya bilərsiniz. Ətini yumşaldaraq provanssayağı qızartma edə bilərsiniz. Treskanın kürüsündən də yararlanmaq olar. Tavada hazılanan kürünün axırı adətən tarama bişirməklə, yəni yunan mətbəxindəki kimi hisə verməklə bitir. Bu balığı alarkən kürüsünü də istəyin.
Treska balığından paştet, hisəverilmiş qızılbalıq və Sən-Jak molyusku

Hazırlanması: 15 dəqiqə/Bişirilməsi: 30 dəqiqə

3-4 nəfərlik porsiya üçün ərzaqlar: 500 qr təzə treska balığı, qızıl balığın 2 ədəd hisəverilmiş iri tikəsi, 3 ədəd Sən-Jak molyusku, 1 ədəd yumurta

  • Ətçəkən maşında treska balığını soğan və Mala soğanı ilə bir yerdə çəkin. Çəkilmiş əti bir boşqaba qoyun.
  • Yumurtanı, yağsız qaymağı və şüyüd toxumunu əlinizlə qarışdırın.
  • Bu qiyməni iki yerə bölüb qəlibə tökərək saxlayın. Molyuskaları içindən çıxarıb kub şəklində doğrayın. Bir hissəsini qiymənin yarısına qarışdırın. Ətin və molyuskun bir hissəsini saxlayın.
  • Qəlibə folqanı yerləşdirin. Tərkibi Sən-Jek molyusksuz olan qiymədən tökün. Digər hissəsini paşteti bitirmək üçün saxlayın.
  • Sonra qızılbalıq tikəsini qaba yerləşdirin. Molyusklu qiymə əlavə edin və bağlamaq üçün bükün. Qızılbalığı əlavə edin və qəlibin ətraflarını, üstünü qiymənin qalan hissəsi ilə örtün.
  • Folqanın hər tərəfini və 30 dəqiqə 160°C-də bişirin.
  • Soyuq halda yeyin.

Sayda balığı

Sayda balığına merlua da deyirlər. Ağ əti nazikdir, amma kambala və dorada balığı ilə müqayisədə daha sərtdir. Statistikaya görə, bu balıq cavanları və orta yaşlıları elə də çox maraqlandırmır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Yağsız balıqdır və yüksək keyfiyyətli proteinlərlə zəngindir. Hər 100 qramının tərkibində 2 qr lipid, 17 qr protein var. Nəhayət, çox az kalorilidir. Hər 100 qramında 92 kalori var.
  • Dukan pəhrizində rolu: Bu balıq səhhətinə və xarici görünüşünə fikir verənlər üçün maraqlı ola bilər. Daha çox ədviyyəli həlimdə hazırlanır, öz dadını itirir, lakin protein/kalori müqayisəsində ən yaxşılar sırasındadır və bu üsünlüyü ilə getdikcə tanınmağa başlayıb. Təəssüf ki, bu balığın əti bir az bahadır.
  • Dukan pəhrizində hazırlanma qaydası: Həlimi tavada saxlayın. Yağsız vetçina, soğan, sarımsaq, kəklikotu və cəfərini çuqun qazanda da yerləşdirə bilərsiniz. Ağ şərabın bir üstün cəhəti var ki, pəhrizə mane olmur, çünki bişirilmə zamanı spirti buxarlanır. “Pyrenees” restoranının baş aşpazı Firmən Arrambid souslu molyusk və sarımsaq əlavə edərək, qızartmağı təklif edir.
Yulaflı sayda balığından piroq

Hazırlanması: 10 dəqiqə/Bişirilməsi: 35 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 2 iri tikə dondurulmuş sayda balığı, 2 ədəd yumurta, 4 xörək qaşığı yulaf, 2 xörək qaşığı buğda kəpəyi, 1 baş soğan, 2 xörək qaşığı ağ pendir 0% yağlı, 2 xörək qaşığı yağlı xama (3%-li), 1 çay qaşığı acıtma, şüyüd (zövqə görə), duz, istiot

  • Öncə balığın donunun açılmasını gözləyin. Donu açıldıqdan sonra xırda şəkildə doğrayın. Soğanı da doğrayaraq əlavə edin.
  • Yumurtaları, yulafı, buğda ununu, xamanı və ağ pendiri birlikdə qarışdırın.
  • Acıtma tozunu isti suda həll edib qarışığa qatın. Sonra hamsını qarışdırın. Mikserlə, yaxud əllə qarışdıra bilərsiniz.
  • Duz, istiot və şüyüdü əlavə edin. Qarışığı silikon qaba tökün. 180°C-də 35 dəqiqə (termostat 6) bişirin.

Dorada balığı

Yağsız dəniz balığı doradanın üç növü var: kral doradası, çəhrayı dorada, boz dorada. Dorada arıqlamaq istəyənlər üçün uyğun balıqlardan hesab olunur.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Protein, fosfor, kalsium və dəmirlə zəngindir. Hər 100 qramının tərkibində 17 qr protein var. Lipidləri azdır, cəmi 2 qram təşkil edir. Hər 100 qramında 77 kalori var.
  • Dukan pəhrizində rolu: Əti ağdır, zərifdir, doyumludur, hedonikdir. Bizim pəhrizimizdə xüsusi əhəmiyyəti var, çünki çox tələb olunan qidadır. Bir az yod dadı hiss olunur. Əsl enerji mənbəyidir. Kral doradası həqiqətən də adına laiqdir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Doradanın bel ətindən daha çox istifadə olunur. Kral doradası bol göyərti əlavə olunaraq bişirilir. Kiçik ölçülü doradalara az miqdarda duru yağ əlavə edib yağ hopduran dəsmalın üstünə qoyun. Bu balıqdan yapon mətbəxinə aid “saşimi (bəzən “sasimi” də deyilir. Yapon milli mətbəxinə məxsus xörəkdir. Balığın filesindən və ya digər dəniz məhsullarından hazırlanır. Əsas inqridiyent kimi soya sousu və vasabidən istifadə edilir.)” xörəyidə hazırlamaq mümkündür. Qiymətlər yüksək olsa da, şox orqanoleptik xüsusiyyəti yüksək keyfiyyətlidir. Təmiz proteinə malik olub, digər balıqlar kimi əti ağdır və ətlə müqayisədə daha tez həzm olunur. Dondurulma dadını dəyişə bilər, ancaq qidalandırıcı keyfiyyətinə təsir etmir.
Qırmızı duzda qızardılmış dorada

Hazırlanması: 15 dəqiqə/Bişirilməsi: 30 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 1 kiloqramlıq, yaxud 2 ədəd 400 qramlıq orta çəkidə dorada, 1 kq duz, 2 xörək qaşığı pomidor pastası, təzə kəklikotu, 2 ədəd yumurtanın ağı

  • Balıq satandan onu təmizləməməsini və içalatının çıxarılmamasını xahiş edin. Beləcə, duz ətinə az hopmuş olacaq.
  • Sobanı 210°C-də (termostat 7) qızdırın və məcmuyəsinə alüminium vərəq qoyun.
  • Duzu, kəklikotunu, yumurtaların ağını və pomidor pastasını mikserin yuvasına qoyun və duz qızarana qədər yüksək sürətlə yaxşıca qarışdırın.
  • Duzu bir lay alüminium vərəqin üstünə yayın. Doradanı üstünə elə qoyun ki, bütün duzun üstünü əhatə etsin. Sobada 30 dəqiqə bişirin. Sonra sobadan çıxarıb kəsməzdən öncə dağılmasın deyə 5 dəqiqə kənarda saxlayın.
  • Duza toxunmadan xörək qaşığı ilə tikələri götürün.

İmperator balığı

Bu balığın əti sədəf kimi ağ olub dünyada ən çox qiymətləndirilir və lüks hesab olunur. Dənizlərdə çox dərinliklərdə yaşadığı üçün tutlması da çətindir. Yeganə uyğun gəlməyən amil qiymətinin baha olmasıdır. Bununla bərabər üstünlüyü də var: dərinlikdə yaşadığı üçün çirkab sulardan uzaqdır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Protein, fosfor, maqnezium, kalsium və dəmirlə zəngindir. Lipidləri və kalorisi azdır. Hər 100 qramının tərkibbində 0,7 qr lipid, 77 kalori, 17,9 protein var. Dadı möcüzədir.
  • Dukan pəhrizində rolu: İstehlakçıların çoxu bu balığın döş ətini lanqustla müqayisə edirlər. Ətinin çox nazik olması, eyni zamanda yod dadının hiss olunması, sərtliyi, eləcə də şirəli olması ilə həqiqətən adına uyğun status verir. Təəssüf ki, poeziyadan uzaq ölkələrdə bu balğı beriks adlandırırlar.
  • Dukan pəhrizində hazırlanma qaydası: Ən yaxşı hazırlanma qaydası çox sadədir. Bel ətini tavada çox nazik doğranmış soğanın üstünə qoyun, limon və toz şəklində olan şüyüdlə dad verib vam odda bişirin. Beləliklə, vam odun üstündə tamam bişəcək. Bişməyə az qalmış şüyüd tozu əlavə edin. Fileni kiçik hissələrə bölüb rulet şəklində krevetkalarla bir yerdə və ya iri dəniz xərçəngi ilə də bişirə bilərsiniz.
Balqabaq püresi ilə imperator balığı

Hazırlanması: 30 dəqiqə/Bişirilməsi: 35 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 600 qr imperator balığının bel əti, 3 kiloluq balqabaq, 1 dəstə kəklikotu, 1 dənə dəfnə yarpağı, bir çimdik cövüz tozu, 3 diş sarımsaq, 4 xörək qaşığı yağlı ağ pendir (0%-li), 30 qr qaymaq (3%-li), duz, istiot

  • Balığın bel ətini ayırın. Duz və istiot vurun. Sərin yerdə saxlayın. Balqabağı doğrayın, qabığını soyun və tumlarını təmizləyin. Kiçik hissələrə bölün.
  • Kiçik hissələrə bölünmüş balqabağı kəklikotu və dəfnə yarpağı ilə birgə iri qazanda qaynayan duzlu suya salın. Təxminən 20 dəqiqə bişirin.
  • Bu vaxt ərzində sarımsağın qabığını soyun və yağsız qaymaqda 5 dəqiqə tavada qovurun.
  • Balqabağı sudan çıxarın. Qaymaq və sarımsaqla birgə mikserdən keçirin. Sonra cövüzü və ağ pendiri əlavə edin. İsti yerdə saxlayın.
  • Odadavamlı tavada balığın döş ətini qızardın. Hər boşqaba balqabaq püresini yayın və balığı qoyun.
  • Gözləmədən dadına baxın.

Qılınc balığı

Bu ortayağlı balıq şiş burnu və iri quyruğu ilə məşhurdur. Bəzi əfsanəvi növləri isə qızılı rəngdə açılan üzgəcləri ilə tanınır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Proteinlə çox zəngindir (hər 100 qramının tərkibində 19 qr). Dəmir mənbəyidir. Lipidləri orta miqdardadır: hər 100 qramının tərkibində 4,5 qramdır. Ürək-damar xəstəliyindən əziyyət çəkənlərə məsləhətdir.
  • Dukan pəhrizində rolu: Əti nazik olmaqla bərabər həm də bərkdir. Dukan pəhrizində xüsusi seçiləndir, çünki əti ton balığı ilə müqayisədə az qurudur, qızılbalıqla müqayisədə isə az yağlıdır.
  • Dukan pəhrizində hazırlanma qaydası: Doğrayıb sobada və ya tavada qızarda bilərsiniz. Çöp şişlərə taxıb krevetkalarla, Sən-Jak molyuskları ilə qarışdırıb bişirə və yaşıl limon şirəsində karpaççio kimi, konservləşdirilmiş dana əti ilə süfrəyə verə bilərsiniz.
Qurudulmuş bibər və pomidorlu qılınc balıq karpaçiosu

Hazırlanması: 15 dəqiqə/Bişirilməsi: 20 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 350 qr doğranmış qılınc balığı, 80 qr qurudulmuş bibər, 80 qr qurudulmuş pomidor, 4 ədəd limon, 1 xörək qaşığı cəfəri, duz, istiot

  • Balığın dərisini və onurğa sümüyünü çıxarın. Yuyun, qurulayın və 30 dəqiqə ərzində soyuducunun buzluğunda saxlayın. Rahat doğramaq mümkün olsun deyə çox dondurayın. Sonra soyuducudan çıxarıb nazik-nazik doğrayın.
  • Tikələri məcməyi boyunca düzün. Qurumuş bibər və pomidorları doğrayın və yağı süzülməsi üçün hopdurucu kağız üzərinə qoyun. Sonra balıqların üstünə düzün.
  • Limonları sıxın və şirəsini karpaççioların üstündə gəzdirin. Doğranmış cəfərini, duz və istiotu əlavə edin.
  • Qida plyonkası ilə bükün. Soyuducuda minimum 20 dəqiqə saxlayın.

Paltus və hisəverilmiş paltus

Əti yumşaqdır, lakin elə təəssürat yaradır ki, yağlıdır, halbuki elə də yağlı deyil. Bu səbəbdən də pəhrizimizə daxil etmişik. Paltusu ya təzə, ya da dondurulmuş az tıxlı halda tapa bilərsiniz. Bu balığın hisəverilmişi də çox tələb olunan qidadır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Digər ağ balıqlarla müqayisədə bir az artıq kalorilidir. Təzə paltusda 86 kalori, hisəverilmiş paltusda isə 185 kalori var. Protein isə hər 100 qramının tərkibində 18 qr təşkil edir, ancaq bir az yağlıdır, belə ki, hər 100 qramında 12 qr yağ var. Nəticədə Omeqa-3, D vitamini və selenlə zəngindir.
  • Dukan pəhrizində rolu: Əti yumşaqdır. Xüsusi dada malik olduğu üçün o tamı zəiflətmək, daha doğrusu, dadına dad qatmaq üçün hazırlıq görərkən əlavə göyərtilərdən və ədviyyatlardan istifadə edə bilərsiniz.
  • Dukan pəhrizində hazırlanma qaydası: Ən çox qəbul olunan hazırlanma forması, üzərinə yağ çəkib, sonra yağ hopdurucu kağızla yağını alıb tavada qızartmaqdır. Birgə bişirilən uyğun tərəvəzlər tam bişməmiş qabaq və qaymaqlı ispanaqdır. Çalışın bel ətini, molyusku xırda doğranmış Şarlot soğanı və ətirli göyərtilərlə hazırlayasınız.
Karrili paltus balığı

Hazırlanması: 20 dəqiqə/Bişirilməsi: 15 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 4 ədəd paltus bel əti, 3 baş Şarlot soğanı, 4 xörək qaşığı təzə qaymaq (3%-li), 4 xörək qaşığı pendir (0%-li), 1 xörək qaşığı karri, duz, istiot

  •  Şarlot soğanlarını soyun və xırda-xırda doğrayın.
  • Odadavamlı tavaya iki xörək qaşığı su tökün və soğanları əlavə edin.
  • Yağsız qaymağı, pendiri, və karrini bir kasada qarışdırın.
  • Soğanı suda yüngül pörtlətdikdən sonra ətlər və qarışığı əlavə edin.
  • Duzlayın, istiotlayın və 15 dəqiqə bişirin.

Pişka balığı-hisəverilmiş (Haddok (İngilislər pikşa balığını “haddock” adlandırır))

Pişka balığı ən çox tələb olunan balıq siyahısında olub, dondurulmuş çubuq, suxarılanmış və hisəverilmiş halda satılır. Qiyməti də əlçatandır və uzun müddət donmuş halda saxlanıla bilir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə ən yağsız balıq kimi tanınır (hər 100 qramının tərkibində 0,3 qr lipid var) və ən az kalorilidir. Haddokun 100 qramının tərkibində 101 qr kalori olsa da, yenə yağsız olaraq qalır. Unlanmış (yaxud suxarılanmış) pikşanın tərkibində kalori 187-ə qalxır və hər 100 qramının tərkibində 9,2 qr təşkil edir, üstəlik, şəkər 3,1 qramadək qalxır.
  • Dukan pəhrizində rolu: Pikşa həddən artıq yağsız olduğu üçün pəhrizimizdə elə də böyük yer tutmur. Sadəcə məqsəd yağsız balığı tanıtmaq idi. Şam yeməyinin hazırlanmasına çox vaxt ayırmamaq üçün dondurulmuş çubuq, eləcə də Dukan üsulu unlanmış çubuq yaxşı seçimdir. Haddok ağır olmayan, hisə verilib qurudulmuş bu yeni tam və tərkiblə yaxşı arıqlatma xüsusiyyətinə malikdir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Pikşa da treska balığı kimi halqa-halqa doğranıb qızılı qovrulmuş soğanla birgə tavada qızardılır. Dukan resepti: əvvəlcə yumurtaya, sonra isə yulafa batırırsınız. Diqqətli olun! Dərisi çox həssas olduğu üçün sobada çox saxlamaq olmaz. Haddoku südə salıb sonra tavada 4% yağlı süd məhsullarının biri ilə üzərinə yüngülcə çəkib azca qızardın. Balıqdan salatlara dad qatmaq üçün istifadə edə bilərsiniz. Nəhayət, qızılbalıq, yaxud ağ balıq, dəniz kələmi turşusu ilə birgə süfrəyə verin.
Yaşıl limon şirəsində marinada qoyulmuş haddok

Hazırlanması: 20 dəqiqə/Bişirilməsi: 3 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 600 qr haddok, 3 ədəd yaşıl limon, 30 sl yağsız süd, 1 xörək qaşığı soya sousu, 1 dəstə şnitt

  • Haddoku 3 dəqiqə süd və suyun qarışığında qaynadın. Qarışığın içindən çıxarın və soyumasını gözləyin.
  • Limon şirəsi və soya sousunu qarışdırıb marinadı hazırlayın. Haddok soyuduqdan sonra dərisini soyun və ətini nazik tikələrə bölün.
  • Onları marinadın içinə qoyun və sərin yerdə ən az 1 saat saxlayın.
  • Üstünə doğranmış şnitt səpin.

Qara, yaxud sarı sayda (Pollachius-treskalar fasiləsinə aid balıq cinsi. Pollak da deyilir.) balığı

Sayda balığı lap qədimlərdən balıqçıların pişiklərə atdığı paydır. Çox yağsızdır və neytral dadı var. Son vaxtlar mətbəxin bəzəyinə çevrilməyə başlayıb. Az tıxlıdır. Bu balıq elə də baha deyil.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə baxsaq, klassik ağ balıqdır, yəni az kalorilidir. Hər 100 qramının tərkibində 90 kalori var. Yağsızdır. Hər 100 qramının tərkibində 2 qr təşkil edir və proteinlə zəngindir.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə podiuma çıxacaq bir balıq deyil, çünki neytral dadı var və ocaq üstündə tez dağılır. Bununla  belə, bu balığı sevənlər uşaqlarına da sevdirməyi bacarırlar. Başqa nə demək olar ki?!
  • Dukan pəhrizində hazırlanma qaydası: Hazırlayarkən ətin zərifliyini nəzərə almaq lazımdır, azca qovrulması kifayət edir. Doyumludur. Ümumiyyətlə, sobaya verərkən doğranmış göyərtilərdən, sarımsaq və sırokla birgə yaxşı olardı. Həmçinin halqavarı doğranmış soğan, pomidor və ədviyyatla hazırlamaq olar. Eləcə də dondurulmuş çubuqları yumurtaya və yulaf kəpəyinə batırdıqdan sonra sobada bişirmək olar.
Xardallı qara sayda balığı filesi

Hazırlanması: 10 dəqiqə/Bişirilməsi: 30 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 2 ədəd qara sayda balığı filesi, 2 xörək qaşığı yağsız qaymaq (3%-li), 2 xörək qaşığı ağ pendir (0%-li), 1 xörək qaşığı xardal, duz, istiot

  • Sobanı 210°C-də (termostat 7) isidin. Fileni məcməyiyə yerləşdirib sobaya qoyun.
  • Bir kasada qaymağı, ağ pendiri, xardalı, duzu və istiotu qarışdırın.
  • Balığın filesini bu qarışığa batırıb sobada 30 dəqiqə 180°C-də (termostat 6) bişirin.

Xanı balığı

Çox yağsız balıqdır. Az kalorilidir, ancaq əti incədir, dadlıdır, diş altında tez əriyir. Əsas üç üstünlüyü var ki, bunlardan biri qiymətinin əlçatan olmasıdır, digəri proteinlərlə zəngin olub, tutumlu olması, nəhayət, yodun dadının hiss olunmasıdır. Tiroid problemi olanlar daha çox sevirlər.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə yağsız balıqdır. Hər 100 qramının tərkibində 1 qr lipid, 18 qr protein var və yodla zəngindir.
  • Dukan pəhrizində rolu: Bizim pəhrizimizdə xanı balığı təbliğ olunanlardandır. Bu balığı sevməyənlər onu heç vaxt yemək fikrinə düşməyəcək, yaxud onu dadmaq üçün motivasiyası olmayacaq. Onları anlayıram, balıq seçimi çoxdur və qapı hamıya açıqdır. Bütün pəhrizlərin əsas qayəsi yeyilməyə icazə verilmiş qida dünyasına maksimum girişin olmasıdır.
  • Dukan pəhrizində hazırlanma qaydası: Xanı balığının porsiyası adətən iri olur. “3 damcı duru yağ + yağ hopdurucu kağız” ənənəsi ilə tavada qızardılır. Bişirilmə iti ocağın üstündə qısa müddət ərzində olmalıdır, çünki ətin sərtliyini saxlamaq lazımdır.
Sən-Jak molyusku və xanı balığı qızartması

Hazırlanması: 10 dəqiqə/Bişirilməsi: 25 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 4 ədəd sayda balığının bel əti, 16 ədəd Sən-Jak molyusku, 2 xörək qaşığı 3% yağlı qaymaq, 1 xörək qaşığı qarğıdalı nişastası, 3 ədəd limonun şirəsi, Şnitt soğanı, duz, istiot

  • Hər tikəni uzununa doğrayın. Sən-Jak molyuskunu hər filenin üstünə qoyun və rulet şəklində bükün. Diş çöpü ilə bərkidin və sobaya qoymağa hazır edin. Yerdə qalan molyuskaları isə filenin ətrafına düzün.
  • Limon şirəsini üzərinə əlavə edin, ağız dadınıza uyğun duzlayın, istiotlayın. 200°C-də sobada 20 dəqiqə bişirin.
  • Bu zaman digər limonların şirəsini çəkin və vam odun üstünə qoyun. Nişastadan 2 xörək qaşığı götürüb suda qarışdırın.
  • Limon şirəsi qaynamağa başlayanda yavaş-yavaş qaymağı əlavə edin. Yaxşıca çalın.
  • Vam odun üstündə bir neçə dəqiqə qarışdırın, sonra nişastanı əlavə edin. Qarışdırmağa davam edin, çünki sous azca qatılaşmağa başlayacaq. Yüngülcə duz və istiot səpin. Boşqaba qoyun və üzərinə şnitt əlavə edin.

Nalim balığı

Ağ, yağsız, sərt, doyumlu və sümüksüz balıqdır. Lüks və bahalı qidadır. Az-maz dəniz xərçəngi və ya pektunklyus molyuskunun dadını xatırladır. Başına yaxın tərəfləri Sən-Jak molyusk və lanqustla eyni dadı verir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Bu balıq dəniz balıqları arasında ən yağsız olanlardandır. Hər 100 qramının tərkibinə 0,7 qr lipid var. Az kalorilidir və yüksək qidalandırıcı proteinlərlə boldur. Hər 100 qramının tərkibinə 69 kalori, 15 qr protein var.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə ilk plandadır. Nalimi merou, tunes və qılıncbalıq kimi “balıq-ət” cərgəsinə daxil etmişik, çünki ət kimi tutumludur və sərtdir. Onu doyumlu edən və həddən artıq toxluq hissi verən amil dərisinin yağlılığıdır.
  • Dukan pəhrizində hazırlanma qaydası: Bütün növ xörək reseptlərinə uyğun gəlir. Tavada iri tikəni limon şirəsi və bir xörək qaşığı portağal şirəsi ilə hazırlaya və ya bişirdikdən sonra folqada hind qozu südü ilə, ya da çöp şişdə bişirə bilərsiniz.
Qaymaq-brüleli (qızardılmış qaymaq) nalim balığı

Hazırlanması: 10 dəqiqə/Bişirilməsi: 1 saat 15 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 1,5 kq nalim balığı, 4 ədəd yumurta, 1/4 ml yağsız süd, 4 xörək qaşığı yağsız qaymaq (3%-li), duz, istiot

  • Nalim balığını 15 dəqiqə qaynadın. Bel ətini ayırın.
  • Qaymaq-jeleni hazırlamaq üçün yumurtaları, südü, yağsız qaymağı bir aparatla qarışdırın və duzlayın.
  • Balıq tikələrini silikon qaba yerləşdirin. Sonra qarışığı qaba doldurun. Sobanı 200°C-də (termostat 6-7) 1 saat ərzində bişirin.
  • Soyuducuda 24 saat ərzində saxlayın, Dukan üsulu mayonezlə, yaxud ev üsulu hazırlanmış pomidor sousu ilə süfrəyə verin.

Skumbriya balığı

Mavi rəngdə, yağlı balıqdır. Ürəyə xeyri var. Omeqa-3 ilə zəngindir. İlin bütün fəsillərində tapılan ucuz balıqdır. Ağ şərabla konservləşdirilmişi də var.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Skumbriyanın yağı çox keyfiyyətli olub okeanların ən yaxşısı hesab edilir. Ürək, sinir sistemi və stressə davamlılığa xeyirlidir. Yağldır, hər 100 qramının tərkibində 17,8 qr təşkil edir, yükək proteinə malikdir və adi mal ətindən çox kalorilidir, təzə skumbriyanın hər 100 qramının tərkibində 128 kalori var.
  • Dukan pəhrizində rolu: Bizim pəhrizimizdə skumbriyanın daha çox konservləşdirilmişinə üstünlük verilir. Ağ şərabda konserviləşdirilmiş balıq masanın bir küncündə oturmaqla əllə yeyilir. Tez doydurur, dadı xoşagələndir, bəzən uzaq tutulur, ancaq laqeyd də qalmaq olmur.
  • Dukan pəhrizində hazırlanma qaydası: Bu balığı xoşlayanlar üçün ən yaxşı hazırlanma qaydası limon şirəsi və soya sousu ilə qızartmaqdır. Əgər çox yağlıdırsa, yağ əlavə etmədən Provans göyərtilərindən bolluca istfadə edərək bişirin. Dondurulmuş skumbriya da yaxşı seçimdir, çünki daha yumşaq olur.
Dəniz duzunda skumbriya balığı qızartması

Hazırlanması: 10 dəqiqə/Bişirilməsi: 5 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 4 ədəd kiçik skumbriya, Yapon soya sousu, dəniz duzu

  • Balıq satandan bel ətini balıqdan ayırmasını xahiş edin.
  • Dərisinə xələl gətirmədən tıxları rahat çıxarmaq üçün hər tərəfdən sümüklərinin yanlarından kəsik açın. Sonra ətin üstünə çarpaz kəsiklər atın.
  • Odadavamlı tavanı qızdırın. Sonra əvvəlcə dərisi olan tərəfini qızardın.
  • 2-3 dəqiqədən sonra dərisi xırçıltılı hala gəldikdə ət tərəfini çevirib 1 dəqiqə bişirin.
  • Dəniz duzu ilə duzlayın. Sonra üstünə soya sousu gəzdirin.

Merlan balığı

Merlan ağ və yağsız balıqdır. Əti sərt deyil, rahat həzmə gedir, ancaq çox axtarılan balıq deyil. Qiyməti münasibdir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Yağsızdır, proteinlə zəngindir və az kalorilidir. Hər 100 qramının tərkibində 0,5 lipid, 15 qr protein, 70 kalori var.
  • Dukan pəhrizində rolu: Bizim pəhrizimizdə dənizlərin ulduzu deyil. Onu daha dəyərli edən hazırlanma qaydasıdır. Əsasən qızartma və unlanaraq qızardılaraq yeyilir. Folqa kağızda, yaxud qaynadılaraq bişirilməsi az cəlbedicidir. Çöpdə bişirilən və bişdikdən sonra qalan qırıntıları daha dadlı olur.
  • Dukan pəhrizində hazırlanma qaydası: Bəziləri qızardılarkən dağılan halını daha çox sevir. Balıq şorbasına əlavə oluna bilər və ya çəkilmiş ətindən də xörəklərdə istifadə edilir.
Merlan balığı zapekankası

Hazırlanması: 10 dəqiqə/Bişirilməsi: 15 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 2 ədəd merlan balığının bel əti, 200 qr Paris göbələyi, 1 ədəd yumurta, 3 xörək qaşığı qaymaq (3%-li), 3 xörək qaşığı xoş qoxulu sirkə, 20 qr yağsız rəndələnmiş qruyer pendiri, cəfəri, 1 baş Şarlot soğanı, duz, istiot

  • Sobanı 210°C-də (termostat 7-8) qızdırın. Göbələkləri təmizləyib doğrayın.
  • Yaxşı isinmiş tavada 5 dəqiqə ərzində sirkədə qovurun. Sonra doğranmış cəfərini, xırda doğranmış soğanı, duz və istiotu əlavə edib qarışdırın.
  • Bel ətini iri tikələrə bölüb bir qaba qoyun. Sonra ətrafına göbələk və soğanları yerləşdirin.
  • Bir kasada yumurta və yağsız qaymağı yaxşı qarışdırıb üzərinə əlavə edin.
  • Daha sonra rəndələnmiş pendiri üzərinə səpib 15 dəqiqə sobada bişirin. İsti-isti yeyin.

Merou balığı

Merou polineziyalı balıqçıların kral balığı hesab olunur, çünki əti möhkəm və bərkdir. Nəhəng balıq yaşlandıqca əzələləri yağlanır. Ürək üçün faydalı olan Omeqa-3 ilə zəngindir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə nəzər salsaq, merou balığı çox yüksək proteinlər zəngindir, çox yağsızdır. Hər 100 qramının tərkibində 16 qr protein, 1 qr yağ var. Nəhayət, az kalorili olub hər 100 qramının tərkibində 82 kalori var, həmçinin dəmir və B vitamini ilə zəngindir.
  • Dukan pəhrizində rolu: Əti çox sərtdir, şirəlidir və yodludur. Kral xörəyi, kral qiyməti: çox bahalıdır, çünki balığın tutulması çətindir və uzaqlara getmək lazım gəlir. Bizim rejimimizdə merounu arzulanan hesab etmək olar, çünki bu balıqlar çox doyumludur.
  • Dukan pəhrizində hazırlanma qaydası: İdeal hazırlanma: limonlu və sarımsaqlı, nazik doğranmış soğanlı marinaddan sonra tavada qızardılır. Yapon üsulu ilə soya sousunda alaçiy də bişirilir yaxud taiti üsulu kub şəklində doğranış limonun şirəsində eyni ölçüdə doğranmış pomidor və xiyarla yeyilir. Nəhayət, marinaddan sonra çöpə taxılıb yoğurtla, şirin bibər və hind ədviyyatı qaram masala ilə, duz, istiot və limonla birgə bişirə bilərsiniz.
Qırmızı və yaşıl istiot vurulmuş merou balığının çöpdə qızartması

Hazırlanması: 10 dəqiqə/Bişirilməsi: 15 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 2 çöp merou, 1 ədəd yumurtanın sarısı, 2 ədəd pomidor, 2 xörək qaşığı yağsız qaymaq (3%-li), 2 xörək qaşığı ağ pendir (0%-li), 2 baş Şarlot soğanı, 1 ədəd dəfnə yarpağı, kəlikotu, qırmızı bibər, duz, bir neçə dənəvər yaşıl istiot

  • Pomidorları soyub mikserdə doğrayın. Sonra Şarlot soğanlarını xırda-xırda doğrayın.
  • Odadavamlı tavanı qızdırın, sonra pomidorları və soğanları, kəklikotunu, dəfnə yarpağını, duz, yaşıl istiotu əlavə edin. 10 dəqiqə güclü odun üstündə qovurun.
  • Çöpdəki merouları tavaya yerləşdirin. Qapağını örtün, 20 dəqiqə bişirin.
  • Yumurtanın sarısını, yağsız təzə qaymağı, ağ pendirli və qırmızı bibəri bir qazana tökün. Bir neçə dəqiqə ocağın üstündə qarışdırın və meroular olan qarışığı əlavə edin.
  • Təxminən 2-3 dəqiqə odun üstündə saxladıqdan sonra süfrəyə verin.

Loban balığı

Loban balığı milşəkilli gümüşü rəngdə balıqdır. Əzələlidir, cəlddir, əti ağ və sərtdir. Çox sayda xörəkdə istifadə olunur, lakin uzun müddət saxlamaq olmur. Bahalı olmayan balıqlar siyahısındadır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı planda orta yağlı balıq hesab olunur. Hər 100 qramının tərkibində 4,9 lipid var. Yüksək proteinli olub 100 qramında 25 qr təşkil edir. Yağsız ətlə müqyisədə az kalorili (hər 100 qramının tərkibində 25 qr) balıdır. Omeqa-3 və B vitamini ilə olduqca zəngindir.
  • Dukan pəhrizində rolu: Bizim pəhrizimizdə balığın yeri xüsusidir, çünki münasib qiymətə alınan, tez bişən, pulları ilə qızardıla bilən, doyumlu, ağızda çox yağlılıq hiss olunmayan qidadır. Kürüsü sərtliyinə görə reputasiya qazanıb. Kürü qurudur, ətrafı mumla örtülüb. Bu kürüdən tarama hazırlanmasında istifadə olunur. Digər balıqların kürüsü ilə də birgə “Bridelight” süd məhsullarından bir qayda, yulaf kəpəyi, 3 damcı parafin yağı, limonu qarışdıraraq xörək hazırlamaq olar.
  • Dukan pəhrizində hazırlanma qaydası: Loban əzələli və azca yağlı olduğu üçün qızartmaq üçün yaxşıdır. Tavada bütöv də qızartmaq olar. İri lobanları tikələrə bölüb qızartmaq məsləhətdir. Çalışın, sobanı qızmar edib balığı çox yumşaltmayasınız.
Şnitt sousunda loban balığı

Hazırlanması: 15 dəqiqə/Bişirilməsi: 15 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 1 ədəd loban balığı, 1 ədəd yerkökü, 1 dəstə kəvər, 1 baş soğan, 1 dəstə göyərti, 2 xörək qaşığı qaymaq (3%li), 2 xörək qaşığı ağ pendir (0%-li), şnitt dəstəsi, 1/2 limon şirəsi, duz, istiot

  • Suyu qaynadıb yerökünü, kəvəri, soğanı, göyərti dəstəsini və istiotu əlavə edin. Bu arada balığı təmizləyin. Qazandakılar hazır olan kimi balığı qaynayan suya salın və 15 qədiqə bişirin.
  • Balıq bişənə qədər sousu hazırlayın. Bir qazanda yağsız qayağı, ağ pendiri vam odun üstünə qoyun, Şnittləri kiçik-kiçik doğrayıb (7-8 saplaq ola bilər), duzu, istiotu sousa əlavə edin.
  • Balıq bişdikdən sonra çıxarıb bir neçə dəqiqə soyumasını gözləyin. Dərisini soyduqdan sonra ətini sümüyündən ehmalca ayırın.
  • Sousu isidib balığın üstünə gəzdirin və süfrəyə verin.

Skat balığı

Bel ətinin sərtliyi, ximirçəkli skleti və tıxsız olması, dəri qatının xırçıltılı olması balığa marağı artırır. Birüzlü əzələli olması iki müxtəlif bel ətinə ayırır. Yuxarı hissəsinə daha çox tələbat olur.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Çox yağsızdır, proteinlə olduqca boldur. Hər 100 qramının tərkibində 89 kalori, 1 qr lipid, 22 qr protein var.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə skatın xüsusi yeri var, çünki əti sərtdir, prteinlə boldur, hədsiz yağsızdır: amonyak dadının hiss olunmasına görə ya heyran qalırlar, ya da heç sevilmir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Klassik hazırlanma qaydası var. Qaynadılıb üstünə əvvəlcədən ərdilmiş yağ əlavə edilir. Pəhrizimizdə hazırlanma qaydası belədir: qoz yağı fırça ilə üstünə çəkilir, qozun dadı çox hiss olunmaması üçün və kalorsi artmasın deyə limon və kapers (yerqulağı) əlavə edilir.
Göyərtili və yerqulağılı skat qanadı

Hazırlanması: 25 dəqiqə/Bişirilməsi: 5 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 1 ədəd iri skat qanadı, 1/2 stəkan sirkə, 1 dəstə qarışıq göyərtilər (şnitt, cəfəri, tərxun və s.), duz, istiot. Sous üçün lazım olanlar: bir ədəd limon (yarısının şirəsindən qarnitur üçün istifadə ediləcək), 1 xörək qaşığı xırda doğranmış göyərti, 1 xörək qaşığı yerqulağı, duz, istiot

  • Skatın qanadını suyun altında yaxşı-yaxşı yuyun. Onu buxarda tezbişirən qazana qoyduqdan sonra duzlayıb istiotlayın və balığın üstünə bir az göyərti əlavə edin.
  • Tezbişirən qazana 2 stəkan sirkəli su tökün. Qazanın səbətini yuxarıda qoyun. Qazanın qapağını örtüb 5 dəqiqə bişirin.
  • Qanad bişdikdən sonra dərisini soyun, göyərtiləri götürün. Sümüyün yuxarı hissəsindən başlayaraq soyub isti boşqaba qoyu (yemək tez soyumasın deyə boşqab müxtəlif üsullarla qızdırılır. Məsələn, mikrodalğalı sobada bir neçə dəqiqə saxlayırlar). Eyni prosesi skatın daxili hissəs üçün də edin.
  • Beləliklə, balığa duz və istiotla dad qatıb, limon şirəsini, incə doğranmış göyərtiləri, yerqulağı və ikiyə bölünmüş yarı limonları qarnir kimi əlavə edərək süfrəyə verin.

Sultan balığı

Sultan balığının ətinə və xüsusi bədən quruluşuna görə ona laqeyd qalmaq mümkün deyil. Sevənlər sonra heyran qalırlar. Orta yağlıdır, xüsusi dada malikdir, ancaq çox tıxlıdır. Bu da uşaqlar və ümumiyyətlə, hamı üçün narahatlıq yaradır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Digər balıqlar kimi proteinlə zəngin olub, hər 100 qramının tərkbində 20 qr təşkil edir, ancaq lipidər cəmi 8 qramdır. Omeqa-3 ilə zəngindir və hər 100 qramının tərkibində 130 kalor var.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə bu balığa geniş yer ayırırıq, çünki sevənlər bir daha vaz keçmir, sanki hər yediklərində özlərini bayramda hiss edirlər. Orta yağlıdır, əti sərtdir, tez doyurur. Adətən təzə satılır. Üç ölçüdə rast gəlinir: kiçik olanının acıtəhər dadı var və sümüklərini ayırd etmək çətindir. Orta ölçülü olan klassik balıqdır. İri olan isə sobada hazırlanır və kral balıqlardan hesab edilir, çünki ona çox tələbat var və əti bahalıdır.
  • Dukan pəhrizində hazırlanma qaydası: Hazırlanma prosesi yavaş-yavaş olmalıdır: kiçik ölçüdə olanlar tavada, orta ölçülü olanlar sobada, iri olanlar Provans göyərtiləri ilə və limon əlavə etməklə hazırlanır. Sultan yeganə balıqdır ki,içini təmizləmədən bişirmək olur. Bu da ona daha kəskin dad verir. Supermarketlərdə dondurulmuş halda əldə edə bilərsiniz.
Provanssayağı cirəli sultan balığı

Hazırlanması: 5 dəqiqə/Bişirilməsi: 20 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 4 ədəd sultan balığı, 4 ədəd pələng krevetkası, cirə, dəfnə yarpağı, kəklikotu, 2 xörək qaşığı cirə likörü, duz, istiot

  • Sultan balıqlarını və pələg krevetkalarını perqament kağız üzərinə qoyun.
  • Ədviyyatlarla və cirə likörü ilə dad verin.
  • Duz və istiotunu vurduqdan sonra kağızı bükün.
  • Sobada 15-20 dəqiqə 210°C-də (termostat 7) bişirin.

Sardina balığı

Sardina kiçik yağlı balıqdır. Dünya sağlamlıq mühafizəçilərindən hesab olnur, eləcə də artıq çəkiyə qarşı mübarizə sahəsində də yer tutur, çünki əti həddən artıq doyumludur.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə balığın yağı istisna kefiyyətə – doymamış yağlara malikdir və Omeqa-3 ilə zəngindir. Tərkibi mövsümə görə 3-17% arasında dəyişir, lakin daha çox 9% həddində rast gəlinir. Mağazalarda satılanlarda adətən 12%-dir. Konservləşdirilmiş balıqlar kalsiumla zəngindir, bu da artıq çəkili menopoz dövrü keçirən xanımlar üçün faydalıdır.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə tez doyumluğuna, müstəsna yağlılığına və müxtəlif cür konservləşdirilməsinə görə (pomidorlu, limonlu, şərablı, duru yağda, çox tanınmayan bir növü isə təbii halda) yaxşı qidalardan biri hesab edilir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Müxtəlif sayda hazırlanma üsulu var. Əgər yetəri qədər vaxtınız varsa, çox sayda konserv seçimi var. Sardinanı kabab kimi, əgər bu alınmasa, əlavə yağdan istifadə etmədən tavada qızarda bilərsiniz. Əgər qoxusunu dözülməz hesab edirsinizsə, folqada limon və keşnişlə birgə bişirə bilərsiniz. Konservləşdirmək üçün əla seçimdir: tikələr arasına sarımsaq, cəfəri və limon qoyaraq konservləşdirə bilərsiniz
Kalabriya sardinası

Hazırlanması: 10 dəqiqə/Bişirilməsi: 12 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 12 ədəd təzə sardina, 200 qr pomidor püresi, 3 diş əzilmiş sarımsaq, 1 ədəd limonun şirəsi, 8 ədəd pomidor, 8 ədəd yaxşı bişmiş yumurta, paprika, duz, istiot

  • Bir qazana pomidor püresini, limon şirəsini və əzlimiş sarımsağı töküb 5 dəqiqə müddətində iti ocaqda bişirin.
  • Tavada 2 dəqiqə ərzində duzlanmış, istiotlanmış və paprikalanmış balıqları qızardın. Yarıbişmiş vəziyyətə gəldikdə püreni üzərinə əlavə edin.
  • İkiyə bölünmüş yumurta və pomidorları əlavə edib 2 dəqiqə bişirib süfrəyə verə bilərsiniz.

Qızılbalıq və hisəverilmiş qızılbalıq

Qızılbalıq 20 il ərzində dünyada ən çox satılan lüks qida statusunu qazanıb. Bu məqsədlə də balıqyetişdirmə müəssisələri sayəsində hər fəsildə ən çox üstünlük verilən qidalardandır. Praktikada qızılbalıq nə qədər yağlıdırsa, bir o qədər də dəyərli hesab edilir, daha çox quyruğundan yuxarı hissəsi yağlıdır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə yağlıdır. Omeqa-3 ilə zəngindir. Pəhriz saxlayarkən yuxusuzluq və stressə qarşı əla vasitədir. Nəhayət, hər təzə qızılbalığın 100 qramının tərkibində 200 kalori və hisəverilmişinin tərkibində 250 kalori, hər tikəsində 80 kalori var. Bu balıqdan necə vaz keçmək olar?
  • Dukan pəhrizində rolu: Bizim pəhrizimizdə ən vaciblərdəndir. Bu balıq bizim 1 nömrəmizdir. Niyə? Çünki bayram əhval-ruhiyyəsini saxlayıb, ağızda yağlılığı hiss olunur, rəngi də elə “qızılıdır”, doyumludur, az xərc aparır, soyuducuda tez donur və bu da onun nə dadını, nə də sərtliyini itirməsinə səbəb olmur.
  • Dukan pəhrizində hazırlanma qaydası: Qızılbalıq mətbəxdə hər cür bişirilə bilən balıqdır: qızartma, birtərəfli, folqa kağızında, buxarda, tavada, duzda. Hisəverilmiş halı sərhədlər aşıb, müxtəlif mədəniyyətlərdə sevilib. Konservləşdirilmiş qızıl balığın da tərəfdarları xeylidir. Demək olar ki, pəhrizimizdə qidaların birincisidir.
Minyarpaq xiyar və qızılbalıq

Hazırlanması: 5 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 2 tikə hisəverilmiş qızılbalıq, 1 ədəd xiyar, 2 ədəd 0%-li pendir, qızılbalıq və ya pinaqor (pinaqora dəniz sərçəsi də deyilir) kürüsü, duz, istiot

  • Xiyarı soyub təxminən 5-8 sm uzunluğunda doğrayın. Mandolinlə, ya da bıçaqla soyarkən hamısını eyni naziklikdə, uzunluqda doğrayın. Qızılbalığı da xiyarla bərabər hissələrə bölün.
  • Xiyarla qızılbalığı və pediri növbələşdirərək 3-4 lay üst-üstə qoyun.
  • Axırıncı layı xiyarla bitirib, üstünə qızılbalıq, yaxud pnaqor balığını kürüsü ilə bəzəyin. Azca duz və istiot əlavə edib sərin halda yeyin.

Kambala balığı

Kral hesab olunan balıq ağ, nazik və dadlı əti ilə çox tələb olunanlardandır. Hər kim ki balıq sevmir, bu balıqla onlara balıq sevgisini qəbul etdirmək olar. Məsələn, ağ əti, sərt və tıxsız olması uşaqların üstünlük verdiyi şeydir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Ən yağsız balıqlardandır, proteinlə zəngindir, az kalorilidir. Hər 100 qramının tərkibində 70 kalori, 0,5 qr protein var.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə xüsusi yeri var. İş yeməklərində ən çox istifadə olunan qidadır və aşpazların ancaq qızartmağa üstünlük verdikləri balıqdır. Lüks qida hesab olunur, çünki çox dadlıdır, simvolik olaraq əlavə sifariş edilər. Nəhayət, balığa toxumaq istəməyənlər, bişirmək istəməyənlər və çəkinmədən yemək istəyənlər üçün tövsiyə olunur.
  • Dukan pəhrizində hazırlanma qaydası: Hazırlanması çox sadə olmalıdır, çünki əlavə təsirlər balığın əsl dadını qaçırar. Tavada yaxud sobada, limon şirəsində bişirilməsi kifayət edir. Dadına dad qatmaq üçün çay xərçəngi və xərçəng şorbası ilə süfrəyə verə bilərsiniz. “Picard” mağazalarında dondurulmuş bel ətini tapa bilərsiniz.
Kambala və folqada boz krevetka

Hazırlanması: 20 dəqiqə/Bişirilməsi: 20 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 8 ədəd dəniz dili filesi, 120 qr boz krevetka, 8 xörək qaşığı ağ pendr (0%-li), 2 xörək qaşığı təzə yağsız qaymaq (3%-li), 2 ədəd limon, 2 budaq cəfəri, 8 ədəd şnitt budağı, duz, istiot

  • Şnittləri yuyub doğrayın. Cəfərilərin yarpaqlarını ayırın. Limonları halqavarı nazik doğrayın. Ağ pendiri qaymaqla bir qazançaya qoyub duz, istiot əlavə edin.
  • Şnitti əlavə edib vam odda qovurun, ancaq qaynatmayın. Folqanı iri dörd yerə bölüb hazır saxlayın. Sonra tikələri rulet şəklində büküb çöplə bərkidin. Bükülmüş hər tikənin ortasına limon,sonra hər folqanın içinə iki rulet qoyun.
  • Sobanı 180°C-də (termostat 6) qızdırın. Şnittə hazırlanmış sousu ruletlərin üstündə gəzdirin. Daha sonra boz krevatkaları və cəfərini əlavə edin.
  • Kağızların hərtərfli bağlayıb 18 dəqiqə ərzində bişirin. Sobadan çıxan kimi süfrəyə verin.

Surimi balığı

Artıq çəkiyə qarşı mübarizədə dünyada qəbul edilmiş qidalardandır. Mənşəcə Yaponiyadan olan balıq dənizdən tutulur: ağ ətli surimi yağsız zadəgan balıq hesab olunur. Yaponlar ondan xərçəngkimilərin əmələ gəlməsi üçün surroqat kimi istehsal edirlər. Fransada bu qida nişasta, bir neçə dəniz aromaları və yumurta ağı ilə assosasiya olunur. Kütlə bişdikdən sonra xırda-xırda quruplaşdırılıb kiçik tikələr və ya çubuqlar düzəldilir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə keyfiyyətli, sağlam və təmiz qidadır, narahatlıq yaradan heç bir əsas yoxdur. Bizim üçün, eləcə də arıqlamaq istəyən biri üçün surimi birinci plandadır. Hər 100 qramının tərkibində 113 kalori və 4,5 qr lipid var.
  • Dukan pəhrizində rolu: Suriminin üstünlükləri çox olduğundan pəhrizimizə daxil etmişik. Daşınması asan, qoxusuz, qiyməti münasib, doyumlu, mədəyə ağırlıq verməyən, sadə, ancaq asan qəbul edilən dad, yağsız və çoxsaylı xörəklərdə istifadə edilə bilən balıqdır. Təcrübə göstərir ki, qırx beş qida arasında ən çox istehlak edilən qidadır, xüsusilə də vaxtın az olduğu günorta yeməyində. Pəhrizdə o qədər əlverişli və asanlaşdırıcı rolu var ki, tərkibindəki 6% karbohidrat bizi narahat etmir, halbuki, süd məhsullarında laktoza (süd şəkəri) bu miqdardan artıqdır.
  • Dukan pəhrizində hazırlanma qaydası: Surimi daha çox çubuq şəklində yaxud ovulmuş halda salatlarda yeyilir. Bir az fantaziya işlətsəniz, məsələn, süd məhsullarından istifadə edərək kəvərli surimi paşteti, çörəkli tunes balığı ilə surimi kimi reseptlərlə yenilik edə bilərsiniz.
Qazanda surimi

Hazırlanması: 8 dəqiqə/Bişirilməsi: 20 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 360 qr rəndələnmiş surimi, 4 ədəd yumurta, 4 ədəd kəsmikli sırok (0%-li), 4 xörək qaşığı ağ pendir (0%-li), 2 çay qaşığı aqar-aqar (dəniz yosunlarından alınan qatı bitki həlimi), duz, istiot

  • Sobanı 240°C-də (termostat 8) qızdırın.
  • Bir salat qabında surimi rəndələrini töküb üstünə 4 ədəd yumurtanı, sonra kəsmikli sıroku və ağ pendiri, duz və istiotu əlavə edib qarışdırın.
  • Sonra aqar-aqarı sözüb yaxşıca qarışdırın.
  • Hazırlanmış qarışığı kvadrat, yaxud dairəvi soba məcməyisinə qoyub 20 dəqiqəlik 240°C-də qoyun.
  • Yaxşı şişməsi və qızarması üçün 20 dəqiqə bişirin.

Ton balığı və konservləşdirilmiş ton balığı

Balıq ölçüsünə, qidalandırıcı keyfiyyətlərinə, xüsusilə də müasir texnologiyalar sayəsində müxtəlif formalarda konservləşdirilə bildiyinə görə sevilir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə ən çox prteini olan balıqdır. Hər 100 qramının tərkibində 26,5 qr protein var. Az yağlıdır. Konservləşdirilmişin hər 100 qramının tərkibində 1,7 qr, təbii balıqda isə 6 qr təşkil edir. Adi steykdən çox az kalorilidir, hər 100 qramının tərkibində 150 qr var. Üstəlik, balıqda olan dəmir qırmızı ətin tərkibindəkindən daha çoxdur və əsəb sistemi, eləcə də enerjinin bərpası sisteminin fəaliyyətinə dəstək olan təmiz proteinlərlə zəngindir.
  • Dukan pəhrizində rolu: Bizim pəhrizimizdə ton balığı bünövrə qida hesab olunur. Balıqlar arasında proteinlə ən çox zəngin olanıdır. Tez doydurur, sərt əti var və bir çox xörəklərdə istifadə edilir. Təbii və konservləşdirilmişi adətən surimi ilə birgə yeyilir və bizim xəstələrimiz və pəhrizimiz vasitəsilə arıqlayanlar tərəfndən çox sevilir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Çoxsaylı xörəklərdə istifadə olunmağa hazırdır. Qızardılmış ton balıq kral xörəyidir. Çalışın çox qızarmasın, çünki şirəli halda daha ləzzətlidir. Bişirilmə prosesində balığı deşməyin. Sobada, folqa kağızında bişirmək olar, ancaq qızardılmış olanın dadını vermir. Tartarlı (xardallı sous) və karpaççiolu ton balığı ən çox üstünlük verilən balıq yeməklərindəndir. Taiti mətbəxinə xas üsulla konservləşdirilmiş balığı kiçik kublara bölüb yaşıl limon əlavə etdikdə dad və zərifliyini itirmir. Diqqətli olun! Xarab olmuş ton balığı digər balıqlarla müqayisədə qoxusundan, dadından və tərkibinin dəyişməsindən bilinmir. Bu səbəbdən də təzə olmasına əmin olun. Ən kiçik şübhədə belə bişirin, bu da bütün riski aradan götürmüş olur.
Ton balığı piroqu

Hazırlanması: 8 dəqiqə/Bişirilməsi: 40 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 2 ədəd yumurta, 3 ədəd kəsmikli sırok (0%-li), 1 ədəd ton balığı konservi və şirəsi, 1 çay qaşığı karri, 4 xörək qaşığı yağsız süd, duz, istiot

  • Keks qabına bütün inqrediyentləri töküb yaxşıca qarışdırın.
  • Sobada 30 dəqiqə ərzində 240°C-də (termostat 8) bişirin, əlavə 10 dəqiqə isə 180°C-də (termostat 6) saxlayın.
  • Ton balığı piroqu qızıl sarısı kimi qızarmalıdır.

Qalxan balığı

Nadir tapılan, əti zərif və bahalı balıqdır. Lüks restoranların balığıdır. Pəhriz saxlayan hər adamın damağında dadı qalır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Söhbət qidalandırıcı xüsusiyyətlərinə gələndə kaloriləri, proteinləri və lipidləri unudun. Hər 100 qramında 116 kalori var. Bayram edin! Onlara fikir verməyin!
  • Dukan pəhrizində rolu: Bizim pəhrimizdə qalxan pəhriz üçün gündəlik lüks qidadır. Dadlı olduğu qədər də yağsızdır. Mükafatı almağa hazırlaşın. Təbii ki, əgər balıq sevirsinizə, yaxşı bir tikəni qaynadın yaxud sobada qızardın və istədiyiniz çəkidə olacaqsınız.
  • Dukan pəhrizində hazırlanma qaydası: Hazırlayarkən diqqətli olmaq lazımdır. Dəniz məhsulları, lanqust, xərçəng və quzugöbələyi ilə birgə hazırlanalıdır. Xüsusilə də diqqət edin ki, çox uzun müddət ocağın üstündə qalmasın, yoxsa Berezinayaya (adı 1812-ci ildə Rusiya ilə Fransa arasındakı Berezina çayı sahilində gedən döyüşdən götürülüb. Döyüş fransızların məğlubiyyəti ilə bitib və fransızların leksikounda “uğursuzkuq, qəza, faciə” kimi işlənir) dönəcək.
Vanilli qalxan balığı

Hazırlanması: 15 dəqiqə/Bişirilməsi: 10 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 4 ədəd qalxan balığının döş ətinin tikəsi, bir çimdik vanil, 2 çay qaşığı soya sousu, 1/2 limon şirəsi, 1 çay qaşığı kəklikotu, 4 xörək qaşığı yağsız qaymaq (3%-li), 1 xörək qaşığı xırda doğranmış şnitt, duz və istiot

  • Təzə qaymağı kiçik qazana tökün, üzərinə vanili, kəklikotunu, soya sousunu və limon şirəsini əlavə edib qarışdırın və gözləyin.
  • Balığı odadavamlı tavada 1 xörək qaşığı soya sousu və 1 xörək qaşığı suda duz və istiot əlavə edərək bişirməyə başlayın.
  • Duzlanmış və istiotlanmış tikələri hərtərəfli yüngül qızarsın deyə tez-tez hər üzünə çevirərək, 8-10 dəqiqə qızardın.
  • Sousu ocağın üstündə azca qızdırın və balığı isti sousla nuş edin.

Dukan pəhrizində ət və ət reseptləriDukan pəhrizinin mərhələləri və fiziki hərəkətAktiv insanlar üçün gündəlik qidalanma

Fikirlərinizi bildirin.