Dostları necə qazanmalı və insanlara təsir etməli – III hissə

0
0

Dostları necə qazanmalı və insanlara təsir etməli – III hissə

NARAHATLIĞI ARADAN QALDIRMAQ VƏ RAHAT YAŞAMAĞA BAŞLAMAQ NECƏ OLAR

XXI əsrin ağlasığmaz qədər gur, mürəkkəb, problematik başlanğıcı!.. Bundan insan qalaraq necə salamat çıxmalı? Yaxınlara və əziz insanlara özlərindən baş çıxarmaqda necə kömək etməli? Necə özünü tapmalı? Necə narahat olmağa son qoymalı və yaşamağa başlamalı?

İnsan münasibətləri sahəsində məşhur amerikalı mütəxəssis Deyl Karneginin müdrik kitabı bizim həyatımızın bu və bir çox başqa vacib suallarına cavab verir.

BU KİTAB NECƏ YAZILDI VƏ NƏ ÜÇÜN

Otuz beş il əvvəl mən özümü Nyu-Yorkda ən bədbəxt oğlanlardan biri hesab edirdim. Yük maşınları satırdım və dolanışığıma pulu bu yolla qazanırdım. Yük maşınının hərəkətini idarə edən mexanizmlərdən qətiyyən baş açmırdım, bir də ki, bundan baş çıxarmağa heç can da atmırdım, çünki bu işi görən gözüm yox idi. Mən 56-cı Qərb küçəsindəki mebelli otaqda – tarakanların qaynaşdığı otaqda yaşamaqdan iyrənirdim. İndiyədək də yadımdadır ki, qalstuklarımı otağın divarlarından asırdım və səhər təmiz qalstuk götürəndə tarakanlar qalstukların altından çıxıb hərəsi bir yana qaçırdı. Mən ucuz, çirkli, çox güman, tarakanların dolu olduğu kafelərdə iyrənə-iyrənə qidalanardım.

Hər axşam tənha qaldığım yuvama ümidsizlik, əlacsızlıq, aclıq və hiddətdən meydana çıxan başağrısı ilə gəlirdim. Mən ona görə hiddətlənirdim ki, kollecdə oxuduğum illərdə sevə-sevə bəslədiyim arzular dəhşətə çevrilmişdi. Məgər bu həyatdır – fikirləşirdim. Həmişə gözlədiyim triumf bəs hanı? Yəni bütün həyatım, doğrudan da, məhz elə bu cür keçməlidir, mən niyə görməyə gözüm olmayan işə getməli, tarakanların dolu olduğu otaqda yaşamalı, ikrah doğuran xörək yeməli və gələcək üçün heç bir ümidə malik olmamalıyam?.. Mən mütaliə etmək üçün boş vaxtımın olmasını ehtirasla istəyir və yazacağım kitabların arzusu ilə yaşayırdım. Yazacağım kitablar haqqında hələ kollecdə oxuduğum vaxtlarda fikirləşirdim.

Bilirdim ki, sevmədiyim işdən gedərək heç nə itirməyəcəyəm və çox şey əldə edəcəyəm. Böyük pullar məni maraqlandırmırdı, mən öz həyatımı maraqlı etmək istəyirdim. Qısaca deyilərsə, mən gəlib rubikona – cavan adamlar öz həyat yollarını başlayanda bir çoxlarının qarşısına çıxan qərar qəbul etmək məqamına yetişmişdim. Beləliklə, mən gələcəyimi tamamilə dəyişən bir qərar qəbul etdim.

O, məni xoşbəxt elədi və mənə sonrakı otuz beş ildə həyatımdan – ən utopik ümidlərimi də üstələyən – məmnunluq gətirdi.

Mənim qərarım aşağıdakından ibarət idi: görməyə gözüm olmayan işdən getməliyəm. Əgər mən Missuri ştatının Uorresberq şəhərinin Pedaqoji kollecində dörd il təhsil almışamsa, deməli, yaşlıları axşam məktəblərində hazırlaşdırmaqla həyatım üçün vəsait qazanmağımın mənası var. Onda mənim kitab oxumağa, mühazirələrə hazırlaşmağa, roman və hekayələr yazmağa boş vaxtım olardı. Mən “yazmaq üçün yaşamağa və yaşamaq üçün yazmağa” can atırdım.

Bəs axşamlar yaşlı adamlara mən hansı fənni tədris edim? Kollecdəki məşğələlərimi xatırlayanda başa düşdüm ki, orada tədris olunan bütün predmetlər arasında işgüzar münasibətlərdə – və ümumiyyətlə, həyatda – ən vacib və faydalı olanı danışmaq sənətidir. Nəyə görə? Ona görə ki bu sənətə yiyələnməyim sayəsində mən utancaqlığa və inamsızlığa güc gəldim, cəsarət və insanlarla münasibətlər qurmaq bacarığını əldə etdim. Mən həm də dərk etdim ki, yalnız öz nöqteyi-nəzərini müdafiə eləməyi bacaran adam başqalarına rəhbərlik edə bilər.

Mən Kolumbiya və Nyu-York universitetlərinə natiqlik sənəti üzrə axşam kurslarının müəllimi vəzifəsinə ərizə verdim. Lakin bu universitetlərdə mənim köməyim olmadan keçinməyi qərara aldılar.

bəxtim yaman gətirib və mən heç nə itirməmişəm. Cavan İnsanların Xristian Assosiasiyasının (CİXA) axşam məktəblərində dərs deməyə başladım ki, mən burada konkret nəticələrə çox tez nail olum. Qarşımda çətin vəzifə dayanırdı! Yaşlı insanlar mənim məşğələlərimə diplom və ya sosial prestij naminə gəlmirdilər. Bu adamlar yalnız bir məqsədlə gəlirdilər: onlar öz problemlərini həll etmək istəyirdilər. Onlar mübahisə edərkən öz rəylərini müdafiə etmək bacarığına yiyələnməyə və işgüzar iclaslarda çıxış edəndə onları huşlarını itirmək dərəcəsinə çatdıran qorxudan yaxa qurtarmağa can atırdılar.

Ticarət agentləri dilə tutmaq mümkün olmayan müştərilərlə – belələri ilə görüşməzdən əvvəl cəsarət toplamaq üçün kvartalın ətrafında üç dəfə dolanmayıb – iş görmək bacarığını əldə etmək istəyirdilər. Onlar özlərini ələ almaq bacarığını və öz qüvvəsinə inam hissini inkişaf etdirmək istəyirdilər. Onlar gördükləri işdə irəli çıxmağa can atırdılar. Onlar daha çox pul qazanmaq və öz ailələrini təmin etmək istəyirdilər.

Hazırlaşmaları müqabilində onlar mütəmadi olaraq haqq ödəyirdilər. Bu minvalla, əgər dərslər nəticə vermirdisə, onlar məşğələlərə gəlmir və deməli, pul ödəmirdilər; mən isə təyin olunmuş maaş yox, məşğələlərimdə iştirak edənlərin ödədikləri məbləğin müəyyən faizini aldığımdan dolanışığımı təmin etmək üçün praktik olmalı idim.

O vaxt mənə belə gəlirdi ki, çox çətin şəraitdə dərs deyirəm, lakin indi başa düşürəm ki, dəyərsiz təcrübə əldə etmişəm. Məndən öz şagirdlərimdə maraq doğurmaq tələb olunurdu. Mən onlara öz problemlərini həll etməkdə kömək etməli idim. Mən hər bir dərsi yaddaqalan və təəssüratlandırıcı etməli idim ki, şagirdlərdə məşğələləri davam etdirmək istəyi meydana çıxsın.

Bu, aludəedici fəaliyyət idi. Və mən öz işimi sevdim. İşgüzar adamların özlərinə inam hissini necə tez əldə etdikləri, onlardan bir çoxunun öz işlərində necə sürətlə irəlilədikləri və “Dostları qazanmaq və insanlara təsir göstərmək necə olar” qazanclarının artması məni heyrətə gətirirdi. Müvəffəqiyyət mənim hətta ən nikbin gözləntilərimi də xeyli üstələdi. Hər axşam üçün mənə beş dollar verməkdən imtina edən CİXA üç semestrdən sonra mənə gəlirdən hesablanan faiz qismində hər axşam üçün otuz beş dollar ödəməyə başladı.

İlk vaxtlar mən yalnız natiqlik sənətini tədris edirdim, lakin tədricən, illər keçdikcə başa düşdüm ki, yaşlı şagirdlərim dostlar qazanmaq və insanlara təsir göstərmək bacarığına da eyni dərəcədə möhtacdırlar. Mən bu iş üçün yararlı olan dərs vəsaiti tapa bilmədiyimdən insanların cəmiyyətdə münasibətləri haqqında kitabı özüm yazdım. Kitab yazılmışdı – xeyr, o, adi qaydada yazılmamışdı. O ərsəyə gəlmişdi və yaşlı dinləyicilərimin həyat təcrübəsi əsasında yaranmışdı. Mən onu adlandırdım.

Kitab istisnasız olaraq mənim dinləyicilərim üçün dərs vəsaiti kimi yazılmış olduğundan, eləcə də mən heç kimin heç vaxt eşitmədiyi başqa dörd kitab da yazdığımdan və onların belə geniş yayıla biləcəyini isə heç ağlıma da gətirmədiyimdən məni hazırda sağ olan müəlliflər arasında ən heyrətlənmişi hesab etmək olar.

İllər ötürdü və mən başa düşdüm ki, dinləyicilərimin ən böyük problemlərindən biri narahatlıqdır. Onların böyük əksəriyyəti işgüzar adamlar idi: inzibatçılar, ticarət agentləri, mühəndislər, mühasiblər, bütün ixtisasların və peşələrin nümayəndələri. Və onların əksəriyyətinin qarşısında problemlər dururdu. Məşğələlərə xanımlar da gəlirdi: işləyənlər və evdar qadınlar. Və onların da problemləri var idi. Tamamilə aşkar idi ki, narahatlığın aradan qaldırılmasına kömək edəcək dərs vəsaiti zəruridir və mən yenə də müvafiq kitab tapmağa cəhd etdim. Mən 5-ci avenyu və 42-ci küçənin tinində yerləşən Nyu-York Mərkəzi Kitabxanasına yollandım və təəccübümə rəğmən aşkar etdim ki, kitabxanada “Narahatlıq” rubrikası altında siyahıda cəmi 22 kitab var.

“Qurdlar” rubrikası altında 189 kitabın olduğu da məni bərk heyrətləndirdi. Qurdlar haqqında kitab narahatlıqla müqayisədə, demək olar, doqquz dəfə çox idi. Sarsıdıcıdır, elə deyilmi? Axı narahatlıq – bəşəriyyət qarşısında duran ən vacib problemlərdən biridir və çox güman ki, ölkənin istənilən məktəbində və kollecində “Narahatlığa necə son qoymalı?” kursları oxunmalıdır. Lakin mən ölkənin heç bir tədris müəssisəsində bu məsələ ilə bağlı bir dənə də olsun dərs vəsaiti tapa bilmədim. Təəccüblü deyil ki, Devid Siberi “Necə narahatlığı üstələməli” kitabında yazırdı: “Biz yetkinlik mərhələsinə adlayarkən həyatın sınaqlarına kitab qurdlarının baletdə çıxış etməyə hazır olmadığı qədər hazırlıqsız oluruq”.

Və nəticədə nə olur? Bizim ölkəmizdə xəstəxana çarpayılarının yarısından çoxunu əsəbi və emosional pozuntulardan əziyyət çəkən adamlar tutub.

Mən Nyu-York Mərkəzi Kitabxanasının rəflərində saxlanılan narahatlıq haqqında həmin iyirmi iki kitabı oxudum. Bundan başqa, bu məsələ ilə bağlı axtarıb tapa bildiyim kitabların hamısını aldım. Lakin kurslarımda dərs vəsaiti qismində istifadə edə biləcəyim bir kitab da tapa bilmədim. Onda mən belə bir kitabı özüm yazacağımı qərara aldım.

Mən bu kitab üzərində işə yeddi il bundan əvvəl başladım. Nə cür? Bütün dövrlərin filosoflarının narahatlıq haqqında fikirlərini oxudum. Həmçinin yüzlərlə tərcümeyi-hal oxudum – Konfutsidən tutmuş Çörçilə qədər. Müxtəlif sahələr üzrə görkəmli insanlarla, məsələn, Cek Dempsi, general Omar Bredli, general Mark Klark, Henri Ford, Eleonora Ruzvelt və Doroti Dikslə söhbətlər apardım. Lakin bu yalnız başlanğıc idi.

Mən həmçinin bir iş də gördüm ki, bu, söhbət və mütaliədən daha vacib idi. Mən narahatlıq problemi üzrə tədqiqatlar laboratoriyasında, demək olar, beş il ərzində işlədim. Həmin laboratoriya bizim kursların nəzdində təşkil olunmuşdu. Bu, dünyada, mənə məlum olduğu qədər, belə profilli birinci və yeganə laboratoriyadır. Bizim fəaliyyətimiz aşağıdakından ibarət idi. Dinləyicilərimizə narahatlıqla mübarizə ilə bağlı bir sıra qayda təklif edir və onlardan bu qaydaları həyatda tətbiq etməyi, ardınca isə əldə olunan nəticələr barədə məşğələlərdə məlumat verməyi xahiş edirdik.

Başqa dinləyicilər narahatlıqla mübarizədə keçmişdə istifadə etdikləri üsullar haqqında danışırdılar.

Nəticədə mən “Mən narahatlığı necə adladım” mövzusunda dünyada, belə düşünürəm ki, istənilən bir kimsədən çox hekayə eşitmiş adam oldum. Bundan başqa, ölkənin hər tərəfindən bu mövzu ilə bağlı mənə poçtla göndərilmiş yüzlərlə əhvalat oxudum. Onlardan bir çoxu ABŞ və Kanadanın yüz yetmiş şəhərində keçirilən kurslarımızda mükafatla təltif olunmuşdu. Beləcə, bu kitab fil sümüyündən olan qüllədə yaradılmırdı. O həm də narahatlıqla necə mübarizə aparmaq haqda akademik traktat da deyildir. Mən minlərlə yaşlı insanın narahatlığı necə adladıqları ilə bağlı faktiki materiala əsaslanan, asan oxunan qısa iş yazmağa çalışırdım. Bir şey aydındır: bu kitab praktiki vəsaitdir. Siz onu öyrənməyə başlaya bilərsiniz.

Sevinclə sizə məlumat verirəm ki, bu kitabda şəxsiyyətləri heç kim tərəfindən müəyyən edilə bilməyən, təxəyyülün məhsulu olan “mister B.” və ya uydurulmuş “Meri və Con” haqqında hekayə tapmayacaqsınız. Kitab doğruçudur. O, sənədli materiala əsaslanıb. “Elm özü ilə, – demişdi fransız filosofu Valeri, – özünü doğrultmuş reseptlərin toplusunu təcəssüm etdirir”. Mənim kitabım da özünü doğrultmuş, zamanın sınağından çıxmış və öz həyatımızı narahatlığın caynağından xilas etməyə imkan verən reseptlərin toplusudur.

Amma izin verin sizi xəbərdar edim: siz kitabda təzə nə isə aşkar etməyəcəksiniz, amma gündəlik həyatda, adətən, istifadə olunmayanı burada tapacaqsınız. Bu halda bizə təzə nə isə heç tələb də olunmur. Kamil həyatı necə yaşamaq lazım olduğunu biz artıq kifayət qədər bilirik. “Qızıl qaydanı” və Dağüstü moizəni biz hamımız oxumuşuq. Bizim bəlamız savadsızlıqda yox, hərəkətsizlikdədir. Bu kitabın məqsədi – bir çox qədim inkarolunmaz həqiqətləri bir daha illüstrasiya etmək, modernləşdirmək və şöhrətə mindirmək, eləcə də sizi yerinizdən tərpətmək və onları tətbiq eləməyə məcbur etməkdir.

Bu kitab sizə lazımdır, amma ona görə lazım deyil ki, onun necə yazıldığını biləsiniz. Sizə fəaliyyət göstərmək lazımdır. Hə də, gəlin başlayaq. Əvvəl kitabın birinci iki hissəsini oxuyun və əgər bundan sonra narahat olmağınıza son qoymaq və həyatdan ləzzət almaq üçün sizə imkan verən yeni qüvvə və yeni ilham aldığınızı hiss etməsəniz, onda bu kitabı zibil qutusuna atın. Belə olan təqdirdə, o, sizin üçün faydasızdır.

Deyl Karnegi

NARAHATLIQ HAQQINDA BİLMƏLİ OLDUĞUMUZ ƏSAS FAKTLAR

Bu günün “bölməsində” yaşayın

1871-ci ilin yazında bir cavan oğlan əlinə kitab götürdü və öz gələcəyini tamamilə dəyişən on yeddi sözü oxudu. O, tələbə-həkim olanda və Monrealda ümumi profilli xəstəxanada praktika keçəndə onu aşağıdakı problemlər narahat edirdi: buraxılış imtahanlarını necə versin, işləməyə hara getsin, öz həkimlik praktikasını necə təşkil etsin, yaşamaq üçün vəsaiti necə qazansın.

Həmin gənc tələbə-həkimin 1871-ci ildə oxuduğu on yeddi söz ona öz dövrünün ən məşhur terapevti olmağa kömək elədi. O, Con Hopkins Universitetinin nəzdində, bütün dünyada məşhur olan Tibb Məktəbini təşkil etdi. O, Oksfordda səhiyyə üzrə Kral Professoru adına – Britaniya imperiyasında tibb üzrə alimin təltif oluna biləcəyi ən yüksək ada layiq görüldü. O, İngiltərənin kralı tərəfindən zadəgan adına yüksəldildi. Və vəfat edərkən onun həyat tarixçəsindən bəhs edən iki böyük, 1466 səhifədən ibarət cild buraxıldı.

Onun adı Uilyam Osler idi. Aşağıda Tomas Karleylin yazdığı, Uilyam Oslerə öz həyatını azad etməyə kömək etmiş həmin on yeddi söz verilir:

“Bizim hər birimizin əsas vəzifəsi – gələcəyin dumanlı uzaqlarına boylanmaq yox, hazırda gördüyümüz istiqamətdə qüvvəmizi əsirgəmədən fəaliyyət göstərməkdir”.

Üstündən qırx iki il keçəndən sonra, sakit yaz axşamında, universitet parkında zanbaqların gül açdığı bir vaxt ser Uilyam Osler Yel Universitetinin tələbələrinə müraciət etdi. Belə hesab edirlər ki, – demişdi o, – onun kimi bir insan – dörd universitetin professoru və populyar kitabın müəllifi “xüsusi keyfiyyətli beynin” yiyəsi olmalıdır. Bu, doğru deyil, bildirmişdi o. Demə, onun dostları da bunu bilirdilər ki, o, “ən ortabab qabiliyyətlərə” malik imiş.

Bəs onun uğurunun sirri nədədir? O, həmin gün tələbələrə demişdi ki, həmişə bu günün başqa günlərdən heç nə keçirməyən şəkildə ayrılmış “bölməsində” yaşamağa can atdığı üçün uğura nail olub. O, nəyi nəzərdə tuturdu?

Ser Uilyam Osler Yel Universitetində çıxışından bir neçə ay əvvəl böyük okean laynerində Atlantik okeanında səyahət etmişdi və bu gəminin kapitanı körpücükdə dayanaraq düyməciyi basa bilərdi və həmin andaca mexanizmlərin səsi eşidilir və gəminin ayrı-ayrı bölmələri hermetik şəkildə qapanmağa başlayırdı ki, onlara su keçməsin. “Bizlərdən hər birimiz özü ilə, – demişdi doctor Osler tələbələrə həmin müraciətində, – nəhəng laynerdən qat-qat gözəl mexanizm təcəssüm etdiririk və həyata qədəm qoyaraq biz daha uzaq səfərə üzməyə yollanırıq.

Mən bunda təkid edirəm ki, hamınız sizə verilmiş mexanizmə nəzarət etməyi və onu fırtınalardan müdafiə etməyi, yəni onun ayrı-ayrı bölmələrini vaxtında bir-birindən təcrid etməyi öyrənməlisiniz. Öz səyahətinizin təhlükəsizliyini siz yalnız bu halda təmin edəcəksiniz. Körpücükdə dayanın və heç olmasa gəminin əsas bölmələrinin iş qabiliyyətli vəziyyətdə olmasını təmin edin. Düyməciyi basın və siz həyatınızın hər bir mərhələsində dəmir qapıların keçmişi – ölü dünənki günləri sizdən necə təcrid etdiyini eşidəcəksiniz. Başqa düyməni basın və metal pərdə gələcəyi – hələ doğulmayan sabahkı günləri təcrid edəcəkdir. Onda siz tam təhlükəsizlikdəsiniz – hazırkı gün üçün!.. Keçmişi təcrid edin.

Qoy ölü keçmiş öz meyitlərini dəfn etsin… Axmaqlar üçün məzara gedən yolu işıqlandıran dünənki günləri təcrid edin… Sizin hazırda öz çiyinlərinizə götürdüyünüz keçmişin yükünün üzərinə əlavə edilən gələcəyin yükü – bu hətta ən güclüləri də yolda büdrəməyə məcbur edir. Keçmişi etdiyiniz kimi, gələcəyi də o cür hermetik təcrid edin… İndiki gündədir gələcək… Yoxdur sabah. İnsanın xilas günü – bu gündür.

Enerjinin mənasız yerə sərf olunması, ruhi əzablar, əsəbi narahatlıq – bütün bunlar gələcəyin dərdini çəkən adamın arxasınca dabandabana gedir… Beləliklə, gəminin bölmələrinin hamısını bərk-bərk qapadın, laynerin burun və arxa hissələrini dəmir arakəsmələrlə ayırın. Keçmişdən və gələcəkdən “hermetik arakəsmələrlə” ayrılmış vaxt kəsiyində yaşamaq vərdişini özünüzdə tərbiyə edin”.

Məgər doktor Osler demək istəyirdi ki, sabahkı günə hazırlaşmaq üçün biz heç bir səy göstərməməliyik? Xeyr. Heç də belə deyil. O, bu çıxışda yorulmaq bilmədən yalnız bunu bildirir ki, sabahkı günə hazırlaşmağın ən yaxşı yolu – öz qüvvə və qabiliyyətlərinin bu günün işinin ən yaxşı şəkildə yerinə yetirilməsi üzərində cəmləşdirməkdir.

Müharibə dövründə bizim hərbiçilərimiz gələcək üçün planlar tərtib edirdilər, lakin onlar narahat olduqlarını üzə vurmağa özlərinə izin verə bilməzdilər. “Mən ən yaxşı adamlarımı sərəncamımızda olan ən yaxşı hərbi texnika ilə təmin etdim, – deyə Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinə komandanlıq edən admiral Ernest C.Kinq bildirmişdi, – və onların qarşısında ən ağıllı vəzifə qoydum. Edə biləcəyim nə vardısa, budur”.

“Əgər gəmini batırarlarsa, – deyə admiral Kinq davam edirdi, – mən onu qaldıra bilməyəcəyəm. Əgər o batırılmış olarsa, mən bunun qarşısını ala bilməyəcəyəm. Dünən baş verənlərə təəssüflənməkdənsə, mən öz vaxtımı, yaxşı olar ki, sabahın problemlərinin həllinə sərf edim. Bundan başqa, əgər mən özümə belə şeylərlə bağlı narahat olmağa izin versəm, elə də çox çəkmərəm”.

Həm müharibə, həm də dinclik dövründə düzgün və yanlış düşüncə tərzi arasında fərq aşağıdakından ibarətdir: düzgün düşüncə tərzi səbəb və nəticələrin təhlilinə əsaslanır ki, bu, məntiqi konstruktiv planlaşdırmaya aparır; yanlış düşüncə tərzi çox vaxt gərginliyə və əsəb sarsıntılarına gətirib çıxarır.

İkinci Dünya müharibəsi dövründə hərbi formada olan bir cavan adam – harada isə Avropada – faydalı dərsi mənimsəmişdi. Onun adı Ted Bengermino idi. Bu adam hərbi şəraitdə özünü psixiki travmalara çatdırmışdı.

“1945-ci ilin aprelində mən, – deyə Ted Bengermino yazır, – həkimlərin “yoğun bağırsağın iltibahı” adlandırdıqları xəstəliyə tutulacağımdan bərk narahat olurdum. Bu azar mənə dözmək mümkün olmayan ağrı verirdi. Əgər həmin vaxt müharibə qurtarmasaydı, əminəm ki, sağlamlığımı tamamilə itirəcəkdim.

Mən tamamilə əldən düşmüşdüm. 94-cü piyada diviziyasının dəfn komandasında unter-zabit kimi xidmət edirdim. İşim döyüşdə həlak olanların, itkin düşənlərin və hospitala qoyulanların hamısı üçün uçot kartlarını doldurmaqla bağlı idi. Həmçinin həlak olmuş və elə döyüş gedə-gedə də tələmtələsik dərin olmayan məzarlarda basdırılmış həm müttəfiqlərin, həm də düşmənlərin əsgərlərinin cəsədlərini qazıb torpaqdan çıxartmalı idim.

Vəzifəmə həm də həlak olanların şəxsi əşyalarını yığmaq və ölənlərin valideynlərinə, yaxın qohumlarına göndərilməsinə göz qoymaq daxil idi. Ciddi səhvə yol verə biləcəyimizlə bağlı qorxu məni daim qarabaqara izləyirdi. Bütün bunlara necə tab gətirə biləcəyim məni bərk narahat edirdi. Mənə işgəncə verən bu fikir idi ki, öz yeganə oğlumu – oğlum on altı aylıq idi, amma mən onu heç vaxt görməmişdim – nə vaxt qucağımda saxlaya biləcəyəm. Başımı o qədər itirmiş və heydən düşmüşdüm ki, çəkim otuz dörd funt azalmışdı.

Havalanmaq həddində idim. Öz əllərimə baxdım. Onlar skeletin qollarını xatırladırdı. Taleyimə evə əlil qayıtmaq yazıldığı barədə fikirdən dəhşətə gəldim. Tam ümidsiz vəziyyətə çatmışdım və uşaq kimi ağlayırdım. O qədər sarsılmışdım ki, hər dəfə tək qalanda göz yaşları yanaqlarımla bulaq kimi axırdı. Ardendə döyüşdən sonra normal adam ola biləcəyimə bütün ümidlərimi itirdiyimçün tez-tez ağlayırdım.

Əvvəl-axır hospitala düşdüm. Bir hərbi həkim mənə həyatımı büsbütün dəyişən məsləhət verdi. Hərtərəfli müayinədən sonra o, bu qənaətə gəldi ki, xəstəliyimin əsasında psixiki pozuntu durur. “Ted, – deyə o, mənə müraciət etdi, – istəyirəm ki, sən öz həyatına qum saatına olduğu kimi baxasan. Sən bilirsən ki, minlərlə qum dənəciyi qum saatının üst hissəsində olur və onların hamısı yavaşyavaş və nizamla ortadakı dar boğazdan keçir.

Əgər sən və ya mən elə etsək ki, müəyyən vaxt ərzində həmin deşikdən bir dənədən çox qum keçsin, onda saat xarab olacaq. Sən, mən və qalan insanların hamısı da bu qum saatına bənzəyir. Biz səhər ayağa qalxanda həmin gün yerinə yetirməli olduğumuz yüzlərlə iş çıxır. Və əgər biz həmin işləri bir-bir müəyyən vaxt kəsiyində yerinə yetirmək əvəzinə (bir qum dənəciyinin dar deşikdən keçdiyi kimi), hamısını eyni vaxtda eləməyə can atsaq, onda fiziki və ya psixiki qüvvəmizi laxlada bilərik”.

Mən həmin unudulmaz, hərbi həkimin məsləhət verdiyi gündən etibarən bu fəlsəfəni həyada tətbiq edirəm. “Bir qum dənəciyi – bir vaxt vahidində… Bir iş – bir müəyyən vaxt kəsimində”. Bu məsləhət məni müharibə dövründə xilas etdi; o, mənə həmçinin də dinc həyatda kömək elədi. Mən Baltimorda Kommersiya Kredit Kompaniyasında işləyirəm. İşimdə elə müharibə dövründə də qarşımda peyda olan eyni problemlərlə üzləşdim – eyni vaxtda həddən çox işi yerinə yetirməli idim, lakin onların öhdəsindən gəlmək üçün sərəncamımda vaxt həddən artıq az idi. Bizim səhmlərimiz qiymətdən düşdü.

Fəaliyyətimizə yeni formalar tətbiq etməli idik. O vaxtlar yeni, açılan və bağlanan, ünvanlarını dəyişən və sair səhmdar cəmiyyətləri təşkil olunurdu. Qeyzlənmək və əsəbiləşmək əvəzinə, həkimin dediklərini xatırladım: “Bir qum dənəsi – bir vaxt vahidində, bir iş – bir müəyyən vaxt kəsimində”. Bu sözləri özlüyümdə təkrar edə-edə öz vəzifələrimi ən rasional surətdə yerinə yetirirdim. Artıq mən öz işimi edərkən hərbi şəraitdə az qala axırıma çıxan özümü itirmək və çaşbaş qalmaq halına düşmürdüm”.

Bizim həyat tərzimizin ən dəhşətli şərhlərindən biri budur – ölkəmizin xəstəxanalarında çarpayıların, demək olar, yarısı əsəbi və psixiki pozuntulardan əziyyət çəkən, qalaqlanan dünənki və qorxunc sabahkı günlərin həddən ziyadə ağır yükünün sındırdığı pasientlər tərəfindən tutulmuşdur. Axı bu adamların əhəmiyyətli dərəcədə əksəriyyəti həyatdan sakitcə həzz ala və xoşbəxt ola, onları əhatə edənlərə fayda gətirə bilərdilər, əgər onlar İsa Məsihin “Sabahkı gün haqqında narahat olmayın” tövsiyəsinə və ya Uilyam Oslerin “Bu günün “bölməsində” yaşayın” məsləhətinə qulaq asmış olsaydılar.

Siz və mən indiki saniyədə iki əbədiyyətin kəsişməsində dayanmışıq: ucsuzbucaqsız keçmişin və dünyanın axırının ən sonuncu məqamına qədər irəli uzanan gələcəyin. Biz, çox güman, həm bu, həm də digər əbədiyyətdə yaşaya bilmərik – xeyr, heç saniyənin bir anı qədər də. Buna nail olmağa çalışmaqla biz öz fiziki sağlamlığımızı və əqli qüvvəmizi sarsıda bilərik. Buna görə də gəlin yaşaya bildiyimiz, çox güman, yeganə – indiki məqamdan yuxuya gedəcəyimiz ana qədərki zaman kəsiyində yaşamaqla kifayətlənək.

“Hər bir kəs özünün, necə ağır olmasa da, yükünü gecə gələnə qədər aparmağa qadirdir, – yazırdı Robert Luis Stivenson. – Bizlərdən istənilən birimiz öz işimizin hətta ən ağırını da bir günün ərzində yerinə yetirməyə qabildir. Bizlərdən istənilən birimiz ətrafımızdakılara münasibətdə qəlb zərifliyi, səbirlə, sevgi ilə, xoş niyyət və mehribanlıqla gün batana qədər yaşaya bilər. Həyatın əsl mənası da məhz elə bundan ibarətdir”.

Həqiqətən də, həyat bizdən yalnız bunu tələb edir. Lakin xanım E.K.Şilds naümid vəziyyətə çatdırılmışdı və hətta intihar həddində idi – o, sübh açılandan günəş qürub edənə qədər yaşamağı öyrənənə qədər.

“1937-ci ildə mən ərimi itirdim, – öz əhvalatını mənə danışan missis Şilts demişdi. – Çox dərin qüssə içində idim. Yaşamaq üçün vəsaitim, demək olar, yox idi. Keçmiş sahibkarıma, Kanzas-Siti şəhərindəki “Rouç-Fauler” firmasının rəhbəri cənab Leon Rouça məktub yazdım və yenidən işə qəbul olundum. Keçmişdə dolanışığım üçün pulu kənd və şəhər məktəblərinə kitab satmaqla qazanırdım. Bundan iki il əvvəl, ərim xəstələnəndə avtomobilimi satmışdım. Lakin mən ilkin ödənişi etməklə kreditə işlənmiş avtomobil almaq üçün kifayət qədər pul tapa bildim və yenə də kitab satmağa başladım.

Fikirləşirdim ki, yenə də yola çıxaraq depressiyanı adlaya biləcəyəm. Lakin təklikdə maşın sürmək və təklikdə yemək – buna mənim gücüm çatmadı. Bəzi yerlərdə kifayət qədər qazana bilmirdim. Mənə hətta avtomobil üçün ödənişləri də vaxtlı-vaxtında keçirmək çətin idi, halbuki bu ödənişlər elə də iri deyildi.

1938-ci ilin yazında Missuri ştatının Versal şəhərinin yaxınlığında işləyirdim. Məktəblər yoxsul, yollar pis idi. Tənha həyatımdan elə məyus idim ki, bir müddət beynimdə hətta intihar barədə də fikirlər dolaşırdı. Mənə belə gəlirdi ki, müvəffəqiyyətə nail olmaq qeyri-mümkündür. Həyat mənim üçün mənasını itirirdi. Dünyada hər şeydən qorxurdum. Məni qorxu bürüyürdü ki, avtomobil üçün ödənişləri və balaca otaq üçün haqqı verə bilməyəcəyəm, yeməyə heç nə tapmayacağam.

Xəstələnməkdən qorxurdum, axı həkimin haqqını ödəmək üçün pulum yox idi. Məni intihardan yalnız bacımın bundan bərk qüssələnəcəyi və dəfn üçün xərcləri ödəməyə məndə kifayət qədər pulun olmaması ilə bağlı fikirlər saxlayırdı.

Lakin bir dəfə ümidsizliyi adlamaqda, həyatı davam etdirməkdə mənə kömək edən bir məqalə oxudum. Məqalənin müəllifinə məni çətinliklərlə mübarizəyə ruhlandıran bir ifadəsinə görə bütün ömrüm boyu minnətdar olacağam. Budur həmin ifadə: “Müdrik insan üçün hər gün yeni həyat açılır”. Mən bu ifadəni çap etdirdim və onu avtomobilimin qabaq şüşəsinə yapışdırdım.

Beləcə, sükanın arxasında oturanda bu sözləri hər dəqiqə görürdüm. Demə, yalnız bircə günü necə yaşamaqla bağlı qayğıların öhdəsindən gəlmək elə də çətin deyilmiş. Mən əvvəlki günlər barədə unutmağı və sabahkı gün üçün narahat olmamağı öyrəndim. Hər səhər özümə deyirdim: “Bu gün qarşımda yeni həyat açılır”.

Tənhalıq qorxusunu və ehtiyac qorxusunu adlaya bildim. Mən xoşbəxtəm və bütövlükdə işlərim yaxşıdır və indi entuziazm və həyata sevgi ilə doluyam. İndi bilirəm ki, həyatda məni nə gözləməsə də, heç vaxt qorxu hiss etməyəcəyəm. Mən gələcəkdən qorxmaq hissindən yaxamı qurtarmışam. İndi bilirəm ki, yalnız bu gün haqqında fikirləşməliyəm və bilirəm ki, “müdrik insan üçün hər gün yeni həyat açılır”.

Necə fikirləşirsiniz, aşağıda verilən şeiri kim yazıb?

Ətrafda ümid və qayğılar, qorxu və həyəcanların əhatəsində,

Hər günü sənin üçün açılan sonuncu gün bil;

Sevinc tapmayacaqsan o saatda ki,

Onun arzusunda olmayacaqsan.

Belə təsəvvür yaranır ki, bu sözlər müasirdir, elə deyilmi? Amma bunlar bizim eramızdan otuz il əvvəl Roma şairi Horatsi tərəfindən yazılmışdır.

İnsan təbiətinin ən faciəvi xüsusiyyətlərindən biri, mənə məlum olduğu qədər, arzularımızın həyata keçirilməsini gələcəyə saxlamaq meylimizdir. Biz hamımız – pəncərələrimizin altında bu gün yetişən qızılgüllərdən zövq almaq əvəzinə, hansısa sehrli, qızılgüllərlə dolu, harada isə üfüq xəttinin arxasında görünən bağ haqqında xülyalara dalırıq.

Biz niyə bu qədər axmağıq – bu qədər dəhşətli axmaq?

“Həyatımız adlandırılan bu qısa zaman kəsiyini biz nə qədər qəribə keçiririk, – yazır Stiven Likok. – Uşaq deyir: “Mən yeniyetmə olanda…” Bu axı nə deməkdir? Yeniyetmə deyir: “Mən yaşa dolanda…” Və nəhayət, yaşlı olanda o deyir: “Mən evlənəndə…” O, nəhayət, evlənir, lakin bundan çox az nəsə dəyişir. O fikirləşməyə başlayır:

“Mən təqaüdə çıxa biləndə…” Ardınca isə o, təqaüd yaşına çatanda keçdiyi həyat yoluna boylanıb baxır; elə bil onun sifətinə soyuq külək vurur və onun qarşısında amansız həqiqət açılır – o, həyatında nələri əldən buraxıb, hər şey dönməz olaraq necə də gəlib-keçib. Biz həddən artıq gec başa düşürük ki, həyatın mənası həyatın özündə, hər bir günün və saatın ritmindədir”.

Detroytdan olan mərhum Edvard S.Evans “həyatın mənasının həyatın özündə, hər bir günün və saatın ritmində” olduğunu dərk edənə qədər bir vaxt özünü az qala öldürmüşdü. Yoxsul ailədən olan Edvard Evans yaşamaq üçün qazanmağa qəzet satmaqla başlamışdı: sonra o, baqqal dükanında klerk işlədi. Sonralar kitabxanaçının köməkçisi işini aldı. O, yeddi nəfəri dolandırmalı idi. Maaşı az olsa da, işdən çıxmağa qorxurdu.

Hər şeyi təzədən başlamağa özündə mərdlik tapana qədər səkkiz il ötdü. O, borca götürdüyü əlli beş dollar yatıraraq müəssisə açdı və ildə iyirmi min dollar qazanc əldə etdi. Sonra ona öldürücü zərbə dəydi. Dostundan iri məbləğə veksel aldı, dostu isə gözlənilmədən müflis oldu. Tezliklə başqa zərbə gəldi: Evansın öz pullarını saxladığı bank müflis oldu. O təkcə öz varidatını sonuncu sentə qədər itirmədi, həm də on altı min dollar borclu qaldı. Onun əsəbi bu sarsıntıya tab gətirmədi.

“Mən nə yata bilirdim, nə də yeyə, – deyə o, mənə danışırdı. – Mən anlaşılmaz xəstəliyə düçar olmuşdum. Narahatıq və yalnız narahatlıq doğururdu bu xəstəliyi. Bir dəfə mən küçə ilə gedirdim və huşumu itirdim. Bundan sonra heç hərəkət də edə bilmirdim. Yatağa pərçimlənmişdim və bədənimi yalnız xaricdən deyil, həm də daxildən çibanlar basmışdı. Hətta yataqda uzana-uzana da qeyriinsani ağrılar keçirirdim.

Mən günbəgün zəifləyirdim. Nəhayət, həkim dedi ki, iki həftə ömrüm qalıb. Mən sarsılmışdım, mən vəsiyyətimi yazdım, sonra isə axırın gözləntisi ilə yenidən yatağa uzandım. Nə mübarizə aparmağın, nə də narahat olmağın mənası yox idi artıq. Barışdım, bədənim süstləşdi və yuxuya getdim. Həftələr idi ki, dalbadal iki saatdan çox yatmırdım, lakin indi bu dünyadakı qayğılarım başa çatmaq üzrə olduğundan uşaq yuxusuna getdim. Tədricən yorğunluq keçirdi. Məndə yenidən iştaha açıldı. Çəkim artmağa başladı.

Bir neçə həftədən sonra çəliklərlə gəzə bilirdim. Üstündən altı həftə keçəndən sonra işləməyə başladım. Keçmişdə ildə iyirmi min dollar qazanırdım, indi isə həftədə cəmi otuz dollar gətirən işlə qane olurdum. Avtomobillər daşınanda onların təkərlərinin bərkidildiyi tormoz kolodkalarını satmağa başladım. Mən, nəhayət ki, öz həyat təcrübəmi dərk etdim. Mənim üçün əsas olanı – narahatlıqdan yaxa qurtarmaq, keçmişdə baş verənlə bağlı peşman olmamaq və gələcək qarşısında qorxu duymamaq idi. Bütün vaxtımı, qüvvəmi və enerjimi yeni peşəni mənimsəməyə həsr etdim”.

Edvard S.Evans qulluq nərdivanı ilə sürətlə irəliləməyə başladı. Bir neçə ildən sonra o, kompaniyanın prezidenti oldu. Onun kompaniyası uzun illər ərzində Nyu-York fond birjasında qeydiyyatda idi. 1945-ci ildə Edvard S.Evans vəfat edəndə o, Birləşmiş Ştatların ən mütərəqqi işgüzar adamlarından biri hesab olunurdu. Sizə nə vaxtsa Qrenlandiyanın üzərindən uçmaq nəsib olsa, siz, ola bilsin, Evans-Filddə – onun şərəfinə adlandırılan aeroportda yerə enəcəksiniz.

Bu əhvalatın mahiyyəti bundan ibarətdir: əgər Edvard S.Evans bu günün “bölməsində” narahat olmağın sarsaqlıq olduğunu dərk etməsəydi, həyatda bu dərəcədə təəssüratlandırıcı uğurlara çata bilməzdi.

Bizim eramızdan beş yüz il əvvəl Heraklit öz şagirdlərinə demişdi ki, “hər şey dəyişir, bircə “dəyişikliklər qanunu” dəyişmir”. O həm də deyib: “Siz bir çaya iki dəfə ayaq basa bilməzsiniz”. Çay hər saniyə dəyişir, eyni şey də ona girən adamla baş verir. Həyat özü ilə daimi dəyişikliklər təcəssüm etdirir. Yeganə müəyyən olan – bu gündür. Sonsuz dəyişikliklər və qeyri-aydınlıqlarla dolu olan gələcəyin – heç kimin, görünür, öncədən deyə bilməyəcəyi gələcəyin problemlərini həll etmək cəhdləriylə bu günün gözəlliyini zay eləmək lazım deyil.

Qədim romalılarda bunun üçün müvafiq söz var idi. Faktiki iki söz: Carpe diem. “Bu gündən istifadə et”. Və ya: “Məqamı tut”. Bəli, məqamı tutun və ondan məmnunluq tapmağa çalışın.

Con Reskin öz yazı stoluna üzərində bircə söz həkk olunmuş daş qoymuşdu: “Bu gün”. Mənim yazı stolumun üstündə daş olmasa da, güzgümə cənab Uilyam Oslerin həmişə öz stolunun üstündə saxladığı şeir yazılmış kağız yapışdırılıb. Bu şeir məşhur hindistanlı dramaturq Kalidas tərəfindən yazılıb:

DAN YERİNƏ SALAM

Bu günə bir bax!

Axı həyat, həyatın məğzinin özü ondadır.

Varlığımızın həqiqəti və mahiyyəti büsbütün

Onun qısa kəsiyindədir:

Böyümək ləzzəti,

Hərəkət möhtəşəmliyi,

Nailiyyətin əzəməti.

Axı dünənki gün vur-tut bir yuxu,

Sabahkı gün isə yayğın görüntüdür.

Bu gün yaxşı yaşansa əgər,

Dünənki gün bizə xoşbəxt yuxu kimi görünür,

Hər sabakı gün isə – ümid görüntüsüdür.

Bu günlə yaşamağa çağırıram mən sizi!

Dan yerinə salam da məhz elə budur.

Beləliklə, narahatlıqla əlaqədar bilməli olduğunuz birinci məsələ bundan ibarətdir: əgər siz narahatlığı öz həyatınızdan çıxarmaq istəyirsinizsə, cənab Uilyam Osler kimi hərəkət edin:

Keçmişi və gələcəyi dəmir qapılarla ayırın. Hermetik bağlanmış bugünkü bölmələrdə yaşayın.

Özünüzə bu sualları verin və onlara cavablar yazın:

1.Mən bu günün işlərini gələcəklə bağlı narahatlığa görə təxirə salırammı, harada isə üfüqün arxasında görünən hansısa “qızılgüllərlə dolu sehrli bağça” barədə xülyalara dalırammı?

2.Keçmişdə baş verən və dönməz olaraq gedənlərə görə indiki zamanda peşmançılıq çəkməklə həyatımı hərdən çətinləşdirirəmmi?

3.Mən hər səhər yatağımdan “məqamı tutmaq” və mənə ayrılan iyirmi dörd saatı ən yaxşı şəkildə istifadə etmək qətiyyəti ilə qalxırammı?

4.Bu gün haqqında fikirləşməklə həyatdan daha çox şey ala bilərəmmi? Bunu nə vaxt həyata keçirməyə başlayacağam? Növbəti həftə?.. Sabah?.. Bu gün?

Narahatlıqla əlaqədar situasiyalardan çıxış tapmağa imkan verən magik formula

Narahatlıqla bağlı situasiyalardan çıxış tapmağa imkan verən tez təsir göstərən reseptə, dərhal, heç oxumağı da davam etdirmədən tətbiq etməyə başlaya biləcəyiniz metoda sizin ehtiyacınız, yəqin ki, olar?

Belə olan təqdirdə, izin verin sizə havanın kondisionerləşdirilməsi üçün qurğu buraxan müəssisəni yaradan istedadlı mühəndis Uillis H.Kerriyer tərəfindən işlənib hazırlanmış metod haqqında danışım. Hazırda o, Nyu-York ştatının Sirakyus şəhərində yerləşən, bütün dünyada tanınmış Kerriyer korporasiyasına başçılıq edir. O, narahatlıq doğuran problemlərin həlliylə bağlı, mənim haqqında eşitdiklərim arasında ən yaxşısı olan metod təklif edir. cənab Kerriyer mənə bu haqda şəxsən özü bir dəfə biz onunla Nyu-Yorkda Mühəndislər klubunda səhər yeməyi yeyəndə danışmışdı.

“Mən cavan oğlan olanda, – dedi cənab Kerriyer, – Nyu-York ştatında, Buffalo şəhərindəki Dəmirçi kompaniyasında işləyirdim. Mənə Pittsburq kompaniyasının Missuri ştatında, Kristal-Siti şəhərində yerləşən, güzgü şüşələri istehsal edən zavodunda qazın təmizlənməsi qurğusunu quraşdırmaq tapşırılmışdı. Bu zavodun qiyməti milyonlarla dollar idi. Yeni qurğu qazın qatışıqlardan təmizlənməsi məqsədilə quraşdırılırdı ki, qaz maşınlara ziyan vurmadan yana bilsin.

Qazın təmizlənməsinin bu metodu yeni idi. Keçmişdə bu metod yalnız bir dəfə sınaqdan çıxarılmışdı – özü də başqa şəraitdə. Kristal-Siti şəhərində işlədiyim dövrdə nəzərdə tutulmayan çətinliklər meydana çıxdı. Bu qurğu bütövlükdə işləyirdi, lakin bizim verdiyimiz zəmanətləri təmin etmirdi.

Mən iflasa uğramağımdan başımı itirmişdim. Özümü belə hiss edirdim ki, elə bil kim isə məni başımdan vurub. Bütün içalatım ağrımağa başladı. Elə səksəkəli olmuşdum ki, heç yata da bilmirdim.

Nəhayət, sağlam təfəkkür mənə dedi ki, həyəcan heç nə ilə kömək etməyəcək; onda öz problemimin rahat həlli üsulunu işləyib hazırladım. Bu üsul özünü əla doğrultdu. Narahatlıqla mübarizənin bu metodunu artıq otuz ildən çoxdur tətbiq edirəm. O lap sadədir. Ondan hər bir adam istifadə edə bilər. Prosedura üç mərhələdən ibarətdir:

I mərhələ. Mən situasiyanı heç bir qorxusuz təhlil etdim və mövcud şəraitdə baş verə biləcək ən pis halı təsəvvür elədim. Heç kim məni həbsxanaya salmağa və ya güllələməyə hazırlaşmırdı. Bunda mən tamamilə əmin idim. Həqiqətən də, vəzifəmi itirə biləcəyimlə bağlı müəyyən ehtimal var idi; bu da mümkün hesab olunurdu ki, işəgötürənlərim yeni avadanlığı istifadə etməkdən imtina edəcək və bizim bu işə yatırdığımız iyirmi min dolları itirəcəklər.

II mərhələ. Baş verə biləcək ən pisi təsəvvür edəndən sonra mən zərurət yaranacağı təqdirdə bununla barışmağı qərara aldım. Özümə dedim: bu uğursuzluq mənim reputasiyama ziyan vuracaq və nəticədə işimi itirə bilərəm; lakin bu baş verərsə də, başqa iş yeri həmişə tapa bilərəm. Şərait bundan qat-qat pis ola da bilərdi. İşəgötürənlərim, çox güman, başa düşürlər ki, biz qazın təmizlənməsinin yeni metodu ilə eksperiment keçiririk və əgər bu iş iyirmi min dollara dəyirsə, deməli, onlar bu xərcləri ödəmək iqtidarındadırlar. Onlar hesab edə bilərlər ki, pulu elmi-tədqiqat məqsədilə xərcləyiblər.

Mövcud şəraitdə baş verə biləcək ən pisi dərk edəndən və bununla barışandan sonra başa düşdüm ki, çox vacib bir hadisə baş verib: mən dərhal süstləşdim və özümdə xeyli vaxt ərzində duymadığım əmin-amanlıq hiss etdim.

III mərhələ. Həmin vaxtdan başlayaraq vaxtımı və enerjimi fikrimdə təsəvvür etdiyim və fikrimdə onunla barışdığım ən pis vəziyyəti yaxşılaşdırmaq cəhdlərinə həsr etdim.

İndi mən çalışırdım ki, bizi gözləyən iyirmi min dolların itirilməsinin qarşısını almağa kömək edə biləcəyi mümkün hesab olunan yollar və vasitələr işləyib hazırlayım.

Bir neçə hesablama apardım və nəhayət, bu qənaətə gəldim ki, əgər biz əlavə avadanlığa daha beş min dollar xərcləyəriksə, onda problemimiz həll olunacaq. Biz bunu həyata keçirdik və firmamız iyirmi min dolları itirmək əvəzinə, on beş min dollar qazandı.

Mən panika vəziyyətində qalmaqda davam edərdimsə, ola bilsin, bunu heç vaxt edə bilməzdim, çünki bu hal bizim diqqətimizi cəmləmək qabiliyyətimizi məhv edir. Lakin biz fikrimizdə özümüzü ən pis olanı qəbul etməyə məcbur edəndə yayğın qorxuları istisna edir və diqqətimizi problemlərin həlli üzərində cəmləmək imkanı əldə edirik.

Haqqında danışdığım hadisə çox illər bundan əvvəl olub. O elə dərs oldu ki, mən ondan bütün həyatım üçün ibrət götürməyi qət etdim. Nəticədə narahatlıqdan tamamilə yaxa qurtardım”.

Əgər bu problemin psixoloji aspektindən danışsaq, onda Uillis H.Kerrierin magik formulası niyə bu qədər qiymətli və praktikdir? Bu, onunla izah edilir ki, o, bizi narahatlıqdan heç nə görməyən gözlərlə vurnuxduğumuz keçilməz zülmətdən çıxarır. Bu formula bizə yerin üstündə dayanıqlı durmağa kömək edir.

Biz nə etmək və özümüzü necə aparmaq lazım olduğunu bilirik. Lakin ayaqlarımızın altında möhkəm zəminə malik deyiliksə, bu halda biz nəsə barədə fikirləşə və nəsə həll edə bilərikmi?

Tətbiqi psixologiyanın əsasını qoymuş professor Uilyam Ceyms otuz səkkiz il əvvəl vəfat edib. Əgər o, indiki zamanda yaşasaydı və bizim ekstremal situasiyalarda davranış formulamızı bilsəydi, onu ürəklə təqdir edərdi. Mən bunu nədən bilirəm? Ondan bilirəm ki, o, tələbələrinə deyirdi: “Mövcud şəraitlə arışın, ona görə ki… baş vermiş olanı qaçılmaz kimi qəbul etmək istənilən çətin vəziyyətin nəticələrinin adlanmasında birinci mərhələdir”.

Eynilə həmin fikir Lin Yutan tərəfindən onun geniş tanınmış “Həyatın vacibliyi” kitabında da deyilmişdir. “Əsl ruhi sakitlik, – deyib bu Çin filosofu, – ən pis ola biləcəklə barışmaq sayəsində əldə olunur. Psixoloji cəhətdən bu, düşünürəm ki, enerjinin azad olunması deməkdir”.

Həqiqətən də, söhbət enerjinin yeni azadolmasından gedir! Biz baş verə biləcək ən pislə barışanda bizim itirməyə heç nəyimiz qalmır. Bu, beləliklə, avtomatik olaraq o deməkdir ki, biz əldə edə bilərik! “Ola biləcək ən pislə barışaraq, – deyə Uillis H.Kerriyer xatırlayırdı, – mən dərhal süstləşdim və uzun günlər ərzində ilk dəfə özümdə əmin-amanlıq hiss etdim. Həmin məqamdan etibarən mən fikirləşmək qabiliyyətində idim”.

Bu, ağlabatandır, doğru deyilmi? Lakin milyonlarla insan ən pisi qəbul etməkdən imtina etdikləri üçün öz həyatlarını şiddətli narazılıqla darmadağın edib; nəyisə dəyişmək üçün fəaliyyət göstərməkdən imtina edib; qüvvələri çata biləni darmadağın olmaqdan xilas etməkdən imtina edib. Öz həyatlarını dəyişməyə cəhd etmək əvəzinə, onlar acı-acı “taleyin zərbəsindən” şikayət etməklə məşğul olublar. Bu cür şikayətlər yalnız melanxoliya adlandırılan ağır hala gətirə bilərdi.

İstəyirsiniz ki, mən Uillis H.Kerriyerin magik formulasının praktikada istifadə olunması nümunəsini göstərim? Onu mənim kurslarımda təhsil alan, Nyu-Yorkdan olan maye yanacaq taciri uğurla tətbiq etmişdi.

“Mən şantajın qurbanı olmuşdum! – deyə o, öz əhvalatını danışmağa başladı. – İnanmazdım ki, bu, mümkün ola bilər. Fikirləşirdim ki, belə hadisələr yalnız kinolarda olur, lakin məni, həqiqətən də, şantaj edirdilər. Hər şey belə baş vermişdi.

Başçılıq etdiyim neft kompaniyasının sərəncamında müəyyən sayda yük maşını var idi ki, onları bir neçə sürücü idarə edirdi. O vaxt Qiymətlərin Nizamlanması üzrə İdarənin tələblərinə ciddi riayət olunurdu və bizə öz müştərilərimizə verə biləcəyimiz benzin üçün məhdud həcm təyin olunmuşdu. Baş verəndən mənim xəbərim yox idi, amma hər şeydən göründüyü kimi, bəzi sürücülər daimi müştərilərimizi aldadır, onlara benzini tam yükləmir, sonra isə qalıq benzini başqalarına satırdılar.

Mən bu maxinasiyalardan ilk dəfə özünü hökumət müfəttişi kimi qələmə verən adam yanıma gələndə və bu əhvalatın ətrafında səs-küy qaldırmamaq üçün məndən pul tələb edəndə xəbər tutdum. Onun əlində sürücülərimizin qeyriqanuni sövdələri ilə bağlı sənədlər var idi və o hədələyirdi ki, əgər pul kisəmin ağzını açmasam, bunları rayon prokuroruna çatdıracaq.

Mən bilirdim ki, şəxsən özüm üçün heç bir təhlükə yoxdur. Lakin həm də bunu bilirdim ki, firma öz əməkdaşlarının əməllərinə görə məsuliyyət daşıyır. Üstəlik də özümə hesabat verirdim ki, əgər iş məhkəməyə verilərsə və bu haqda xəbərlər qəzetlərdə çıxarsa, onda bəd şayiələr işimi məhv edəcəkdir. Mən isə işimlə fəxr edirdim – bu işin əsasını atam iyirmi dörd il əvvəl qoymuşdu.

Elə bərk dilxor olmuşdum ki, özümü xəstəliyə saldım! Üç gün və üç gecə ərzində nə yeyir, nə də yatırdım. Mən hansısa bir ovsunlanmış dairəyə düşmüşdüm. Nə edim? Pulu – beş min dolları – ödəyim, yoxsa bu adama deyim ki, öz qara əməlini eləsin? Mənə belə gəlirdi ki, hansı qərarı qəbul etsəm də, bu, yaxşı nəticə verməyəcəkdir.

Sonra, bazar gününün axşamında Karneginin natiqlik sənəti üzrə sinfində məşğələlərdə mənə verilən “Narahatlığa necə son qoymalı” broşürasını oxumağa başladım. Mən onu oxuduğumuz zaman Uillis H.Kerriyerin “Özünüzü baş verə biləcək ən pisə kökləyin” adlı hekayəsi ilə də rastlaşdım. Beləliklə, özümdən soruşdum: “Əgər mən pul ödəməkdən imtina etsəm və bu şantajçılar öz sənədlərini prokurora versələr, baş verə biləcək ən pis nə ola bilər?”

Bu sualın cavabı aşağıdakı idi: “İşim məhv ediləcək – baş verə biləcək ən pis iş budur. Həbsxanaya düşmək perspektivi məni hədələmir. Mənə ən fəlakətli ziyan vura biləcək nə varsa – bu, ictimai qalmaqaldır”.

Ardınca özümə dedim: “Tutaq ki, işim məhv ediləcək”. Mən fikrən bu yekunla barışdım. Bəs sonra nə olsun?

İşdir, əgər işim məhv edilmiş olsa, onda mən, ola bilsin, başqa iş axtarmalı olacağam. Bu heç o qədər də pis deyil. Mən neft məhsulları üzrə kvalifikasiyalı mütəxəssis idim – bir neçə firma var idi ki, onlar məni işə sevinclə qəbul edərdilər… Üç gün və üç gecə ərzində olduğum ruhi düşkünlük vəziyyəti duman kimi dağılmağa başladı. Emosiyalarım yavaş-yavaş səngidi. Təəccübümə rəğmən indi mən fikirləşmək qabiliyyətində idim.

Mən üçüncü – baş verə biləcək ən pisin yaxşılaşdırılması mərhələsinə keçmək üçün fikirlərimin kifayət qədər aydın olduğunu hiss elədim. Problemin həlli yollarının axtarışında situasiyanı bir neçə nöqteyi-nəzərdən gözdən keçirdim. Əgər mən işlərin vəziyyətini öz vəkilimə danışsaydım, o, çox güman, haqqında fikirləşmədiyim çıxış yolunu tapa bilərdi.

Bilirəm, bu fikrin ağlıma əvvəl gəlmədiyinə inanmaq çətindir, amma mən problemin həlli barədə fikirləşmir, yalnız narahat olurdum axı! Dərhal səhər vəkilimlə məsləhətləşəcəyimi qərara aldım. Sonra yatmağa getdim və ölü kimi yuxuladım.

Bəs bütün bu əhvalat nə ilə qurtardı? Növbəti gün səhər vəkilim rayon prokurorunun yanına getməyi və hər şeyi ona danışmağı məsləhət gördü. Mən onun məsləhətinə əməl etdim. Başıma gələni danışıb qurtaranda təəccübümə rəğmən prokurorun bu sözlərini eşitdim ki, şantaj edib pul almaq bizim rayonumuzda artıq uzun aylar davam edirmiş və özünü “hökumət müfəttişi” adlandıran adam polisin axtarışında olan fırıldaqçıdır.

Mən peşəkar fırıldaqçıya beş min dolları verim və ya verməyim üzərində fikirləşə-fikirləşə üç gün və üç gecə əzab çəkəndən sonra bütün bunları böyük yüngüllüklə eşitdim.

Bu təcrübə mənə bütün ömrüm boyu dərs oldu. İndi qarşımda təxirəsalınmaz problem meydana çıxanda “qoca Uillis H.Kerriyerin formulası” adlandırdığım metodu tətbiq edirəm”.

Uillis H.Kerrier Kristal-Siti şəhərindəki zavodda qaztəmizləyici avadanlığın quraşdırılması ilə bağlı əzablı günlər keçirdiyi həmin vaxtlarda Nebraska ştatının Broken-Bou şəhərindən olan cavan adam vəsiyyətnaməsini tərtib edirdi. Onun adı Erl P.Heni idi, onun onikibarmaq bağırsağında xora əmələ gəlmişdi. Üç həkim, o cümlədən də xoralar üzrə məşhur mütəxəssis bildirmişdi ki, cənab Heninin müalicəsi yoxdur.

Həkimlər ona dietaya oturmağı və həyəcan keçirməməyi, narahat olmamağı, tam sakitləşməyi məsləhət görmüşdülər. Bundan başqa, onlar ona vəsiyyətnaməsini yazmağı da tövsiyə etmişdilər.

Xəstələnməyi Erl P.Henini əla və yaxşı məvacibli işdən imtina etməyə artıq məcbur etmişdi. Beləcə, onun heç bir işi və üstünə yavaş-yavaş gələn ölümü gözləməkdən başqa çarəsi qalmadı.

Onda o qərar qəbul etdi – orijinal və əla bir qərar. “İndi ki mənim ömrümə belə az qalıb, – fikirləşdi o, – bu qısa vaxt ərzində həyatdan hər şeyi almağa çalışmaq lazımdır. Mən həmişə dünya səyahətinə çıxmağı arzulamışam. Əgər mənə bu qismətdirsə, onda onu lap elə indi etmək lazımdır”. Və o, paroxoda bilet aldı.

Həkimlər dəhşət içində idilər. “Biz sizi xəbərdar etməliyik, – dedilər onlar cənab Heniyə, – əgər bu səyahətə çıxsanız, onda dənizdə dəfn edilmiş olacaqsınız”.

“Yox, bu olmayacaq, – cavab verdi o. – Mən öz qohumlarımla danışmışam və onlar məni Nebraska ştatında, Briken-Bou şəhərində ailə sklepimizdə dəfn edəcəklər. Buna görə də mən tabut almağa hazırlaşıram və onu özümlə səyahətə aparacağam”.

O, tabutu aldı, onu gəmiyə gətirtdi və səyahət zamanı vəfat edəcəyi halda nə etmək barədə paroxod kompaniyasının rəhbərliyi ilə danışdı. Onlardan xahiş etdi ki, bu halda onun meyiti layner vətənə qayıdana qədər soyuducu bölməyə qoyulsun. O, bu səyahətə qoca Ömərin bu şeiri ilə ilhamlanaraq yola düşdü:

Bəndə, dünənki itkilər üçün göz yaşı tökmə,

Bugünkü işləri dünənin arşını ilə ölçmə,

Nə keçmiş, nə gələcək ana inanma,

İndiki məqama inan – indi xoşbəxt ol!

Səyahət dövründə o, quru qanuna əsla riayət etmirdi. “Mən bu səyahət zamanı soda və buz qatılmış viski içir və uzun siqarlar çəkirdim, – deyə cənab Heni indi mənim qarşımda olan məktubunda yazır. – Mən ən müxtəlif təamları yeyirdim, o cümlədən də “buyerli”lərin məni mütləq öldürməli olan xörəklərini. Mən uzun illər ərzində keçirmədiyim ləzzətlə əylənirdim! Biz tək bircə qorxduğuma görə məni tabuta uzatmalı olan musson və tayfunlara düşdük, lakin mən yalnız kəskin romantik hisslər keçirirdim.

Gəmidə olanda idman oyunları oynayır, mahnı oxuyurdum, təzə dostlar tapdım, gecəyarıya qədər əylənirdim. Biz gəlib Çin və Hindistana çatanda mən işlərin meydana çıxardığı həyəcanların, məni evdə təqib edən qayğıların Şərqdə gördüyüm yoxsulluq və aclıqla müqayisədə cənnət olduğunu başa düşdüm. Mənasız həyəcanlarımdan əzab çəkməyə son qoydum və özümü əla hiss elədim.

Amerikaya çəkimi doxsan funt artıraraq qayıtdım. Məndə mədə xorasının olduğunu, demək olar, unutmuşdum. Özümü həyatımda heç vaxt bundan yaxşı hiss eləməmişdim.

Tabutu dərhal geri, tabutçunun özünə satdım və yenə də işlərimə girişdim. O vaxtdan bir dəfə də xəstələnməmişəm”.

Erl P.Heni bütün bunlar baş verən vaxt Uillis H.Kerriyer və onun narahatlıqla mübarizə metodu haqqında heç vaxt eşitməmişdi. “Lakin indi mənə aydın oldu ki, – deyə o, bu yaxınlarda mənə danışdı, – qeyri-şüuri olaraq eynilə həmin prinsipi tətbiq etmişəm. Mən baş verə biləcək ən pis şeylə barışdım – mənimlə bağlı söhbət ölümdən gedirdi. Ardınca, mənə buraxılan ömrün qalan qısa hissəsində həyatdan ləzzət almaqla öz vəziyyətimi yaxşılaşdırmağa çalışdım…

Əgər mən, – deyə o, sözünü davam edirdi, – əgər mən səyahət zamanı narahatlıq hiss etmiş olsaydım, onda, heç bir şübhə yoxdur ki, geriyə yolu mən tabutda uzanaraq keçərdim. Amma süstləşdim və hər şeyi yaddan çıxartdım. Əldə etdiyim ruhi sakitlik mənə həyatımı faktiki olaraq xilas edən enerji verdi”.

Beləliklə, bizim haqqında artıq danışdığımız magik formulaya əməl etməklə Uillis H.Kerriyer dəyəri iyirmi min dollar olan kontraktı xilas edə bildi, Nyu- Yorkdan olan biznesmen özünü şantajdan müdafiə etdi, Erl Heni isə faktiki olaraq öz həyatını xilas edə bildi. Bəlkə bu formula sizə də bəzi problemlərinizin həllində kömək edə bilər? Bəlkə o, sizə həlli olmayan məsələlər kimi görünən problemlərin adlanmasında da karınıza gəldi?

Beləliklə, ikinci qayda: əgər sizdə narahatlıqla əlaqədar olan situasiyalar yaranırsa, Uillis H.Kerriyerin magik formulasını tətbiq edin:
  1. Özünüzdən soruşun: “Baş verə biləcəklərin arasında ən pis olanı nədir?”
  2. Özünüzü zərurət yaranacağı halda bununla barışmağa hazırlaşdırın.
  3. Sonra isə situasiyanı necə dəyişmək lazım olduğu barədə sakitcə fikirləşin.

Narahatlıq nə kimi nəticələrə gətirə bilər

Narahatlıqla mübarizə aparmağı bacarmayan işgüzar adamlar cavan ölürlər.

Doktor Aleksis Karrel

Bir neçə il əvvəl axşam vaxtı qonşum qapımın zəngini vurdu və dilə tutmağa başladı ki, mən və ailəm özümüzə çiçək xəstəliyindən peyvənd etdirək. O, Nyu- Yorkun bir çox mənzillərinin qapısının zəngini çalan minlərlə könüllüdən biri idi. Qorxuya düşən insanlar peyvənd ediləcəklərini gözləyərək saatlarla növbədə dururdu. Peyvənd məntəqələri təkcə bütün xəstəxanalarda yox, həmçinin yanğınsöndürən, depo, polis idarələrində və iri sənaye müəssisələrində də açılmışdı.

İki min nəfərdən çox həkim və tibb bacısı topa-topa insanları peyvənd edərək, gecə və gündüz özlərini əldən-ayaqdan salaraq işləyirdi. Belə bir həyəcanın səbəbi nədədir? Nyu-Yorkda səkkiz nəfər çiçək xəstəliyinə tutulub, onlardan ikisi vəfat edib. Demək olar, səkkiz milyonluq əhali arasında iki ölüm halı.

Demək lazımdır ki, artıq otuz yeddi ildən çoxdur Nyu-Yorkda yaşayıram və indiyə qədər heç kim qapımın zəngini buna görə vurmayıb ki, məni emosional sarsıntıdan – son otuz yeddi ildə çiçək xəstəliyi ilə müqayisədə on min dəfə artıq ziyan vurmuş xəstəlikdən xilas etsin.

Könüllülərdən heç kəs qapımın zəngini çalmayıb və məni bu barədə xəbərdar etməyib ki, ABŞ-da yaşayan insanların hər on nəfərindən biri əksər hallarda narahatlıq və emosional konfliktlərin meydana çıxardığı əsəb sisteminin pozulması ilə xəstələnəcək. Beləliklə, mən bu fəsli yazaraq sizin qapınızın zəngini vurmağa və sizi bu haqda xəbərdar etməyə can atıram.

Məşhur alim, səhiyyə üzrə Nobel mükafatı laureatı doktor Aleksis Karrel deyib: “Narahatlıqla mübarizə aparmağı bacarmayan işgüzar adamlar cavan ölürlər”. Lakin bu həm evdar qadınlara, həm veteranlara, həm də bənnalara aiddir. Mən bir neçə il əvvəl məzuniyyətimi doktor O.F.Qoberlə – Santa-Fe şəhəri dəmir yolunun səhiyyə işçilərindən biri ilə birlikdə avtomobillə Texas və Nyu- Meksiko ştatlarında səyahət etməklə keçirirdim.

O, Meksika körfəzi, Kolorado və Santa-Fe Xəstəxanaları Assosiasiyasında baş terapevt vəzifəsini tuturdu. Biz narahatlığın insana təsiri barədə söhbət etdik və o dedi: “Həkimə müraciət edən pasientlərin yetmiş faizi özləri də müalicə oluna bilərdi, əgər onlar qorxu və narahatlıqdan yaxa qurtara bilsəydilər. Düşünməyin ki, mən onların xəstəliklərini guya təxəyyül olunan xəstəlik hesab edirəm. Onların xəstəliyi diş ağrısı kimi realdır və çox vaxt yüz qat ciddidir. Mən əsəb zəminində həzm prosesinin pozulması, yuxusuzluq, başağrıları və iflicin bəzi növləri haqqında danışıram”.

“Bu xəstəliklər realdır. Mən nə dediyimi bilirəm, – demişdi doktor Qober, – axı mən özüm də iyirmi il ərzində mədə xorasından əziyyət çəkmişəm.

Qorxu narahatlıq doğurur. Narahatlıq sizi qıcıqlanmış və əsəbi hala gətirir və mədənizin əsəblərinə təsir göstərir və həqiqətən də, mədənizin şirəsinin tərkibini dəyişir ki, bu da çox vaxt mədə xorasına gətirir”.

“Əsəb zəminində mədə pozuntusu” kitabının müəllifi doktor Cozef F.Monteqyu da eyni şeyi deyir. O yazır: “Mədə xorası sizin nə yediyinizdən meydana çıxmır. Xoralar sizin özünüzü yeyəndən meydana çıxır”.

Meyo klinikasının həkimi doktor U.S.Alvares deyib: “Xoralar çox vaxt emosional stress əyrisinin qalxma və enmələrindən asılı olaraq açılır və çapıqla örtülür”.

Bu qənaətə Meyo klinikasına mədə pozuntuları diaqnozu ilə qəbul edilmiş 15 000 nəfər pasientin müayinəsi əsasında gəlinmişdi. Pasientlərin hər beş nəfərindən dördündə mədə xəstəliklərini meydana çıxaran fiziki səbəblər yox idi. Mədə xəstəliklərini və mədə xorasını doğuran əsas faktorlar qorxu, narahatlıq, nifrət, istisnasız eqoizm və real gerçəkliyə uyğunlaşmaq qabiliyyətinin olmaması idi… Mədə xorası sizi öldürə bilər. “Layf” jurnalının verdiyi məlumata görə, mədə xorası hazırda ölümcül xəstəliklər sırasında onuncu yerdədir.

Bu yaxınlarda mən Meyo klinikasında çalışan doktor Qarold S.Habeynlə məktublaşırdım. O, Əmək gigiyenası sahəsində işləyən terapevt və cərrahların Amerika Assosiasiyasının illik konfransında məruzə etmişdi və həmin məruzədə orta yaş həddi 44,3 il olan 176 nəfər inzibati işçinin sağlamlıq vəziyyətinin tədqiqatı barədə məlumat verilirdi. Demə, bu inzibatçıların üçdəbirindən çoxu gərgin həyat tərzinə xas olan üç xəstəlikdən birindən əziyyət çəkir – ürək xəstəlikləri, həzmetmə traktının xorası və ya yüksək qan təzyiqi.

Siz bircə fikirləşin, bizim işgüzar adamlarımızın üçdəbirindən çoxu heç qırx beş yaşına belə çatmamış öz orqanizmini ürək xəstəlikləri, xoralar və yüksək təzyiqlə dağıdır. Uğur onlara necə də baha başa gəlir!

Və onlar heç uğura çatmırlar da. Xidmət üzrə irəliləməyin bahasını mədə xorası və ya ürək xəstəliyi ilə ödəyən insanın uğur qazandığını hesab etmək olarmı? Hətta bütün dünyanın sahibi olmağa və bunun müqabilində sağlamlığı itirməyinə dəyərmi? Axı bütün dünyanın sahibi olan adam eyni vaxtda yalnız bir yataqda yata və gündə cəmi üç dəfə yeyə bilər. Hətta kankanın da həmin şeyi etmək imkanı var və o, yüksək vəzifəli inzibati işçidən, ola bilsin ki, daha yaxşı yatır və daha böyük iştaha ilə yeyir.

Düzünü deyim ki, mən dəmir yolu kompaniyasını və ya siqaret istehsal edən firmanı idarə etməyə can ataraq qırx beş yaşımda sağlamlığımı bərbad hala gətirməkdənsə, Alabamın sahələrində icarəyə torpaq götürüb işləməyə və bancoda çalmağa üstünlük verərdim.

Siqaret haqqında danışanda siqaret buraxan, bütün dünyada tanınan firmanın bir mülkiyyətçisi barədə xatırladım. Bu yaxınlarda o, Kanadanın meşələrində istirahət etdiyi vaxt ürək çatışmazlığından vəfat etmişdi. O, milyonların sahibidir və altmış bir yaşında vəfat etdi. İşlərdə, necə deyərlər, uğur qazanmaq üçün o, çox güman, ömrünün uzun illərini sərf etmişdi.

Hesab edirəm ki, siqaret buraxılması üzrə firmanın sahibi öz milyonları ilə Missuri ştatının fermerinin – cibində bir dollar belə olmadan səksən doqquz yaşında vəfat etmiş atamın nail olduğu uğurun heç yarısına da çatmamışdı.

Məşhur Meyo qardaşları bildiriblər ki, ölkəmizdə xəstəxana çarpayılarının yarısından çoxu əsəb xəstəliklərindən əziyyət çəkən adamlar tərəfindən tutulub. Lakin həmin adamlar öləndən sonra onların əsəbləri güclü mikroskop altında nəzərdən keçiriləndə aydın olur ki, əksər hallarda onların əsəbləri Cek Dempsinin əsəbləri kimi sağlamdır. Deməli, bu adamlarda əsəb xəstəliklərini əsəb sisteminin fiziki pozuntuları yox, ümidsizlik, frustrasiya, narahatlıq, qorxu, məğlubiyyət, əlacsızlıq kimi emosiyalar doğurmuşdur.

Platon demişdi ki, “həkimlərin ən böyük səhvi onların insanın ruhunu müalicə etməyə cəhd belə eləmədən onun bədənini müalicə etmələrindən ibarətdir; lakin ruh və bədən özləri ilə vahid bütövü təcəssüm etdirirlər və onları ayrı-ayrılıqda müalicə etmək qeyri-mümkündür”.

Bu böyük həqiqəti dərk etmək üçün tibb elminə iyirmi üç yüzillik tələb olundu. Biz səhiyyənin psixosomatik təbabət adlanan yeni sahəsini yalnız indi inkişaf etdiririk. Bu tibb sahəsi eyni vaxtda həm ruhu, həm də bədəni müalicə edir. Biz bu elmin təkmilləşdirilməsiylə çoxdan məşğul olmalı idik.

Səhiyyə çiçək, xolera, sarılıq və onlarla digər bu kimi, milyonlarla insanı bivaxt məzara aparan infeksion xəstəlikləri əsas etibarilə ləğv etmişdir. Lakin tibb elmi mikrobların deyil, emosiyaların – narahatlıq, qorxu, nifrət, frustrasiya və əlacsızlıq emosiyalarının meydana çıxardığı psixiki və fiziki pozuntuların öhdəsindən indiyə qədər də gələ bilmir. Bu emosional pozuntuların qurbanlarının sayı faciəvi sürətlə artır.

Həkimlərin hesablamalarına görə, hazırda yaşayan amerikalıların hər iyirmi nəfərindən biri ömrünün bir hissəsini ruhi xəstələr üçün müəssisələrdə keçirəcəkdir. İkinci Dünya müharibəsi dövründə orduya çağırılan cavan insanların hər altı nəfərindən biri psixiki pozuntu səbəbindən orduda xidmətdən azad edilmişdi.

Psixiki xəstəlikləri meydana çıxaran nədir? Bu suala qənaətbəxş cavabı heç kim verə bilməz. Lakin əksər hallarda qorxu və narahatlıq buna şərait yaratmış olur. Səksəkəli və küncə qısnanmış, real dünyaya uyğunlaşmağı bacarmayan individ özünü əhatə edən mühitlə bütün əlaqələrini qırır və öz təxəyyülündəki fərdi dünyasına çəkilir. Bu minvalla o, həyəcan və təlatümlərdən azad olmağa çalışır.

Mən bu sətirləri yazarkən yazı stolumun üstündə doktor Edvard Podolskinin “Narahat olmağa son qoyun və normal həyat yaşayın” adlı kitabı var. Aşağıda bu kitabın bəzi fəsillərinin adları göstərilir:

“Narahat olmaq ürəyə necə təsir edir”, “Yüksək qan təzyiqi və onun narahatlıqla əlaqəsi”, “Revmatizmi narahatlıq meydana çıxara bilər”. “Mədəniz üçün az narahat olun”, “Narahat olmaq soyuqdəymə ağrılarını necə meydana çıxara bilər”, “Narahatlıq və mədəaltı vəzi”, “Narahatlıq səbəbindən meydana çıxan diabet”.

Narahatlıqla mübarizə problemlərinə başqa bir kitab da həsr olunub: “İnsan özü özünə qarşı”. Bu kitab məşhur psixoloq Karl Menninher tərəfindən yazılıb. Doktor Menninherin kitabı mənfi emosiyalara öz həyatımızda dominant təşkil etməyə imkan verəndə özümüzə nə qədər böyük ziyan vurduğumuzun heyrətamiz kəşfini təcəssüm etdirir. Əgər siz öz həyatınızı dağıtmağa son qoymaq istəyirsinizsə, bu kitabı alın. Onu oxuyun. Kitabın qiyməti dörd dollardır və bu, sizin həyatınızda etdiyiniz ən yaxşı pul yatırımlarından biri olacaqdır.

Narahatlıq hətta ən fleqmatik adamı da xəstə edə bilər. General Qrant bunu Vətəndaş müharibəsinin başa çatdığı mərhələdə hiss etmişdi. Baxın nə danışırlar.

Qrantın qoşunları Riçmondu doqquz ay idi mühasirə vəziyyətində saxlayırdı. General Linin cır-cındır içində və ac dəstələri darmadağın edilmişdi. Bütöv alaylar fərarilik etmişdi. Düşmənin digər əsgərləri öz çadırlarında kütləvi dua mərasimləri keçirir, qışqırır, ağlayır və sayıqlayırdılar. Son yaxında idi. Linin əsgərləri Riçmondda pambıq və tütün anbarlarını, cəbbəxananı yandırdılar və alovun nərildədiyi şəhərdən gecə ikən qaçdılar.

Qrantın ordusu düşməni  abandabana təqib edərək cənublulara hər iki cinahdan və arxadan həmlələr edir, həmin vaxtda isə Şeridanın süvariləri qabaqdan zərbə endirərək öz yolları üstündə dəmir yolu xətlərini partladır və hərbi yük dolu qatarları ələ keçirirdilər. Dəhşətli baş ağrısından yarıkor vəziyyətdə olan Qrant öz ordusundan geri qalmışdı və bir fermerin evində dayanmışdı. “Mən bütün gecəni, – memuarlarında xatırlayır o, – ayaqlarımı isti vannaya sallayaraq və xardallı sarğını biləklərimə və başıma bağlayaraq keçirdim. Ümid edirdim ki, səhərə sağalaram”.

Növbəti səhər üçün o ani olaraq sağaldı. Və onu xardal sarğısı yox, bütün yolu dördayaq atı çaparaq gələn süvari əsgərin ona verdiyi sevinc xəbəri oldu. Əsgər ona Linin göndərdiyi, generalın təslim olmaq istəyi ifadə olunmuş məktub vermişdi.

“Zabit (mənə məktubu gətirən) mənə yaxınlaşanda, – yazır Qrant, – hələ də başağrısından əziyyət çəkirdim, lakin məktubu oxuyan andaca sağaldım”.

Tamamilə aşkardır ki, məhz narahatlıq, əsəb gərginliyi və emosiyalar idi Qrantın xəstəliyini doğuran. O, özünə inam duyanda, əldə olunan uğurdan və qələbədən sevinc keçirəndə emosiyalar fərqli çalar alan kimi general sağaldı.

Üstündən yetmiş il keçəndən sonra Franklin Ruzveltin administrasiyasında maliyyə naziri Henri Morqentau-oğul aşkar etmişdi ki, narahatlıq onu başgicəllənmə halına çatana qədər əldən salır. O, öz gündəliyində yazırdı ki, prezident buğdanın qiymətini qaldırmaq üçün bir günün içində 4 400 000 buşel buğda alanda o çox bərk narahat olmuşdu. Gündəliyində yazırdı ki, “bundan xəbər tutanda, hərfi mənada, başım gicəlləndi. Evə getdim və lençdən sonra iki saat yatdım”.

Narahatlığın insanları nəyə gətirib çıxardığını görmək üçün nə kitabxanaya, nə də həkimə getmək lazım deyil. Mənə bu kitabı yazdığım otağın pəncərəsindən baxmaq kifayətdir və narahatlığın əsəb pozuntusuna gətirib çıxardığı evi bir kvartal həddində görəcəyəm – bir başqa evi də, hansında ki, adam özünü narahatlıqla diabetə çatdırıb. Fond birjasının səhmlərinin qiyməti düşəndə onun qanında və sidiyində şəkərin miqdarı artmışdı.

Məşhur fransız filosofu Monten öz doğma şəhəri Bordonun meri seçiləndə həmşəhərlilərinə bu sözlərlə müraciət etmişdi: “Mən sizin işlərinizi öz əllərimə almağa razıyam, amma qara və ağciyərlərimə yox”.

Haqqında danışdığım qonşum yol verdi ki, fond birjasında vəziyyət onun qanına təsir etsin və bu, onu az qala öldürmüşdü.

Narahatlıq sizdə revmatizm və ya artrit meydana çıxara və sizi həmişəlik əlil arabasına pərçimləyə bilər. Kornel Universitetinin professoru, tibb elmləri doktoru Rassel L.Sesil artrit üzrə dünya miqyasında məşhur olan mütəxəssisdir. O, artritin inkişaf etməsinə şərait yaradan əsas dörd şərti göstərmişdir:
  1. Ailə həyatının dağılması;
  2. Maliyyə faciəsi və ya hansısa bir dərd;
  3. Tənhalıq və narahatlıq;
  4. Uzun müddət ürəyə salınan kin-küdurət.

Aydın məsələdir ki, bu dörd emosional vəziyyət – artritin heç uzaqdan-uzağa da yeganə səbəbləri deyil. Artritin müxtəlif səbəblərdən meydana çıxan bir çox növləri mövcuddur. Lakin təkrar edirəm, artritin inkişafına gətirən ən çox yayılmış şərtlər doktor Rassel L.Sesil tərəfindən göstərilən amillərdir.

Məsələn, dostum maliyyə böhranı dövründə elə ağır ziyan çəkdi ki, qaz kontoru onun evində qazı bağladı, bank isə onu öz evini girovdan çıxarmaq hüququndan məhrum etdi. Bu adamın həyat yoldaşı gözlənilmədən artrit pristupu keçirdi. Dərman və pəhrizə baxmayaraq, ailənin maliyyə vəziyyəti düzəlməyənə qədər artrit müalicə olunmurdu.

Narahatlıq dişlərin kariyesini meydana çıxara bilər. Doktor Uilyam İ.L.Makqoniql Amerika Stomatoloji Assosiasiyasının toplantısında etdiyi çıxışında demişdi ki, “narahatlığın, qorxunun, qərəzli münasibətin… doğurduğu xoşagəlməz emosiyalar orqanizmdəki kalsiumun balansını poza və kariyes meydana çıxara bilər”. Doktor Makqoniql bir pasient haqqında danışmışdı ki, həyat yoldaşı qəfildən xəstələnməyənə qədər bu pasientin dişləri əla vəziyyətdə idi. Həyat yoldaşının xəstəxanada olduğu üç həftə ərzində onun ağzında doqquz karioz səth əmələ gəlmişdi. Bu, narahatlıqdan meydana çıxmışdı.

Siz nə vaxtsa mədəaltı vəzi xəstəliyinin aydın üzə çıxdığı bir adamla rastlaşmısınız? Mən belə adamlarla rastlaşmışam və sizə deməliyəm ki, onlar əsirlər, titrəyirlər və belə təsir bağışlayırlar ki, nədənsə ölümcül qorxublar. Bütün orqanizmin həyat fəaliyyətini nizamlayan mədəaltı vəzin funksiyası pozulub. Bu, ürəyin işini sürətləndirir və bütün orqanizm havaçəkəni açıq olan qıpqırmızı qızarmış sobanı xatırladır. Cərrahiyyə əməliyyatı və ya müalicə yolu ilə tədbirlər görülməsə, ölümlə nəticələnə bilər. Bu vaxt xəstənin “özünü yandırması” baş verir.

Lap bu yaxınlarda mən bu xəstəlikdən əziyyət çəkən dostumla Filadelfiyaya getmişdim. Biz ora dostumu bu tip xəstəliklərin müalicəsi ilə, demək olar, otuz səkkiz il məşğul olan məşhur mütəxəssisə göstərməyə getmişdik.

Onun dostuma verdiyi birinci sual bu oldu: “Orqanizminizin bu vəziyyətini hansı emosional sarsıntılar meydana çıxarıb?” O, dostumu xəbərdar etdi ki, əgər narahat olmağa son qoymasa, onda ürək xəstəliyi, mədə xorası və diabet kimi ağırlaşdırıcı hallar yarana bilər. “Bu xəstəliklərin hamısı, – dedi həkim, – yaxın qohumlardır”. Sözsüz ki, onlar yaxın qohumdur, axı onların hamısını doğuran narahatlıqdır!

Merl Oberondan müsahibə alanda o, mənə dedi ki, narahat olmağa son qoyub. O bilirdi ki, narahatlıq onun kinoaktrisa kimi əsas sərvətini – cəlbedici xarici görkəmini dağıtmış olardı.

“İlk dəfə kinoya çəkilmək istəyəndə, – xanım Merl Oberon xatırlayırdı, – həyəcanlanmış və qorxmuşdum. Mən Hindistandan indicə qayıtmışdım və Londonda iş almağa çalışsam da, burada heç kimi tanımırdım. Bir neçə prodüserin yanında oldum, lakin onlardan heç biri məni kinoya çəkilməyə dəvət etmədi. Sərəncamımda olan elə də çox olmayan pul yavaş-yavaş tükənirdi. İki həftə ərzində yalnız quru peçenye və su ilə dolanırdım. İndi mən, sadəcə olaraq, narahat deyildim. Mən ac idim. Özümə dedim:

“Bəlkə sən axmaqsan. Bəlkə kinoya heç vaxt düşə bilməyəcəksən. Əvvəl-axır, axı sənin təcrübən də heç yoxdur. Sən heç vaxt çıxış etməmisən. Sən yeganə nə iləsə cəlb edə bilərsənsə də – bu da sənin gözəl sifətindir”.

Mən güzgüyə yaxınlaşdım. Və özümə baxanda narahatlığın xarici görkəmimin başına nə oyun açdığını gördüm! Güzgüdə onun sifətimdə yaratdığı qırışları gördüm. Güzgüdə həyəcanlı sifət ifadəsi gördüm. Onda mən özümə dedim: “Sən buna dərhal son qoymalısan! Sən həyəcanlanmağı özünə qıya bilməzsən. Sənin təklif edə biləcəyin yeganə nə varsa, bu da xarici görkəmindir, amma narahat olmaqla gözəlliyini məhv edirsən!”

Narahatlıq kimi qadını qocaldan, onu acıqlı edən və onun gözəlliyini bu qədər tez məhv edə bilən başqa nə isə çox azdır. Narahatlıq sifətə insanı özündən itələyən ifadə verir. O, bizi alt və üst çənələrimizi bir-birinə sıxmağa məcbur edir və bizim üzümüzü qırışlarla örtür. Narahatlıq sifətə qaşqabaqlı görkəm verir. Narahatlıqdan bizim saçlarımıza dən düşə, bəzi hallarda isə onlar hətta tökülə də bilər. Narahatlıqdan sifətin dərisi korlanır – onun üzərində müxtəlif səpmələr, dermatit və çibanlar əmələ gəlir.

Ürək xəstəlikləri hazırda Amerikada bir nömrəli qatildir. İkinci Dünya müharibəsi dövründə döyüş meydanlarında, demək olar, üçdəbir milyon (amerikalı) kişi həlak olmuşdu. Lakin elə həmin müddətdə də ürək xəstəlikləri iki milyon mülki şəxsi öldürmüş və ölümlə nəticələnən bu hadisələrin bir milyonunu narahatlıq və fövqəladə gərgin həyatla bağlı meydana çıxan ürək xəstəlikləri törətmişdir. Həqiqətən də, doktor Aleksis Karreli bu sözləri deməyə sövq edən əsas səbəblərdən biri ürək xəstəliyi olmuşdur: “Narahatlıqla mübarizə aparmağı bacarmayan işgüzar insanlar cavan ölürlər”.

Birləşmiş Ştatların cənubunda yaşayan zəncilər və çinlilər narahatlığın meydana çıxardığı ürək xəstəliklərindən nadir hallarda əziyyət çəkirlər, çünki onlar belə şeylərə sakit baxırlar. Həkimlər kənd təsərrüfatı fəhlələriylə müqayisədə ürək çatışmazlığından iyirmi dəfə çox ölür. Həkimlər gərgin həyat tərzi yaşayırlar və bunun bahasını da ödəyirlər.

“Tanrı bizim günahlarımızı bizə bağışlaya bilər, – demişdi Uilyam Ceyms, – amma əsəb sistemi – heç vaxt”.

Bizim qarşımızda ən sarsıdıcı və ağlasığmaz fakt dayanır: öz həyatına intiharla son qoyan amerikalıların sayı ən çox yayılmış infeksion xəstəliklərdən ölənlərin sayından ilbəil daha çox olur.

Niyə? Əksər hallarda cavab birdir: “Narahatlığa görə”.

Qəddar çinli hərbi komandirlər öz əsirlərinə işgəncə verdikdən sonra onların əl və ayaqlarını bağlatdırır və su ilə doldurulmuş – damcılayan… damcılayan… gecə və gündüz damcılayan kisənin altına qoyurdular. Suyun bu damlaları əvvəlaxır əsirlərə çəkic zərbələri kimi təsir edirdi. Eynilə bu cür metod ispan inkvizisiyası, həmçinin də Hitlerin vaxtında alman konsentrasiya düşərgələrində tətbiq olunurdu.

Narahatlıq aramsız olaraq düşən su damlalarını xatırladır və onun göstərdiyi fasiləsiz təsir çox vaxt insanları havalanmaya və intihara çatdırır.

Mən kənd oğlanı olanda və Missuri ştatında yaşayanda Bill Sandinin o dünyanın cəhənnəm alovları haqqında hekayələrindən ölümcül qorxuya düşmüşdüm. Lakin o, daim narahatlıq içində olanların bəzən keçirdikləri fiziki canvermənin cəhənnəm əzablarından heç vaxt danışmırdı. Məsələn, əgər siz xroniki olaraq narahatlıq vəziyyətindəsinizsə, onda siz bir dəfə insanın nə vaxtsa keçirə bildiyi ən ağrılı cəhənnəm əzabını yaşaya bilərsiniz: stenokardiya ağrısını.

Əgər siz nə vaxtsa bu halı yaşamalı olarsınızsa, qeyri-insani ağrılardan qışqıracaqsınız. Dantenin “Cəhənnəm”ində eşidilən bağırtılar sizing qışqırıqlarınızla müqayisədə uşaq mızıltısı kimi səslənəcək. Onda özünüzə deyəcəksiniz: “Aman Tanrı, İlahi, əgər mən nə vaxtsa bundan salamat çıxsam, onda heç vaxt heç nə üçün narahat olmayacağam. Heç vaxt” (Əgər nəyisə şişirtdiyimi fikirləşirsinizsə, ailə həkiminizdən soruşun.).

Siz həyatı sevirsinizmi? Siz uzun ömür yaşamaq və sağlamlığınızı qorumaq istəyirsinizmi? Bunu bax bu cür edə bilərsiniz. Mən yenə də doktor Aleksis Karrelin sözlərini sitat gətirirəm. O deyib: “Müasir şəhərin vurnuxmasında ruhi sakitliyini qoruyub saxlaya bilənlər əsəb xəstəliklərinə tutulmurlar”.

Siz müasir şəhərin vurhavurunda ruhi sakitliyinizi qoruyub saxlamağa qabilsinizmi? Əgər siz normal adamsınızsa, cavab verəcəksiniz ki, “hə! Şübhəsiz ki, hə”. Bizlərdən əksəriyyətimiz özümüzün düşündüyümüzdən qat-qat güclüyük. Bizdə elə daxili qüvvələr vardır ki, biz onlara heç vaxt müraciət etmirik. Toronun özünün ölməz “Uolden” kitabında dediyi kimi: “Mən insanın ali məqsədlərə öz şüurlu səyləriylə irəliləmək qabiliyyətindən güclü ruhlandırıcı başqa bir şey bilmirəm…

Əgər siz məqsədinizin həyata keçirilməsinə doğru inamla can atırsınızsa və haqqında arzuladığınız həmin həyatla yaşamağa cəhd edirsinizsə, onda siz adi davranışda gözləməyin qeyri-mümkün olduğu uğuru qazanacaqsınız”.

Oxucuların bir çoxu, heç şübhəsiz ki, Olqa K.Carvi kimi daxili qüvvəyə malikdir. Bu xanım aşkar etdi ki, ən faciəvi hallarda belə narahatlığa son qoya bilər. Mən əminəm ki, siz də, mən də bu kitabda nəzərdən keçirilən köhnə həqiqətləri tətbiq etməklə bunu etmək qabiliyyətinə malikik. Olqa K.Carvi özü haqqında mənə bax bunları yazıb: “Səkkiz il əvvəl mən yatağa pərçimlənməyə məhkum olunmuşdum – xərçəngdən yavaş-yavaş, əzab-əziyyətlə ölməkdən ötrü. Ölkənin ən yaxşı həkimləri,

Meyo qardaşları bu hökmü təsdiq etmişdi. Mən ənginliyin kənarında idim, qarşımda dərin uçurum açılırdı! Mən cavan idim. Mən ölmək istəmirdim! Əlacsız qalaraq Kelloqq şəhərində yaşayan həkimimə zəng etdim və parça-parça olmuş qəlbimin bütün ağrılarını ona hönkürtü ilə danışdım. O, kifayət qədər səbirsizliklə məni danladı: “Nə olub, Olqa, məgər siz mübarizə aparmağa qabil deyilsiniz? Əgər siz ağlayacaqsınızsa, əlbəttə, öləcəksiniz. Bəli, sizin başınıza ən pis olan gəlib.

Əgər belədirsə, faktların üzünə dik baxın! Narahat olmağa son qoyun. Sonra isə nəsə edin!” Elə həmin məqamdaca mən and içdim. Bu anda qəlbimin gizlində olan bütün qüvvəsini qoydum; belə ki, dırnaqlarım bədənimə dərin işlədi və kürəyimdən soyuq titrətmə keçdi. Mən özümə əmr verdim: “Mən narahat olmayacağam! Mən ağlamayacağam! Və əgər nə isə edə bilərəmsə, mən qalib gəlməliyəm! Mən YAŞAMAĞA hazırlaşıram!”

Beləcə, iş işdən keçəndən sonra hər gün rentgen şüalanması seansında iştirak edirdim. Məni qırx doqquz gün ərzində hər gün 14,5 dəqiqə şüalandırırdılar. Sümüklər mənim tükənmiş bədənimdə səhralıqdakı təpələr kimi dikəlir və ayaqlarım sanki qurğuşundan tökülübmüş kimi təsir bağışlasa da, özümə narahat olmağa izin vermirdim. Mən bir dəfə də olsun ağlamadım! Mən gülümsəyirdim! Bəli, mən özümü gülümsəməyə, həqiqətən də, məcbur edirdim.

Mən o qədər də axmaq deyiləm ki, yalnız bircə gülümsəməklə xərçəngdən sağalmağın mümkün olduğunu fikirləşəm. Lakin mən, həqiqətən də, inanıram ki, şən ovqat orqanizmə xəstəliklə mübarizə aparmağa kömək edir. Hər halda, mən xərçəngdən möcüzəvi sağalmanı yaşadım. Özümü son bir neçə ildə belə sağlam hiss etməmişdim. Bu, doktor Makkafferinin sözləri sayəsində belə oldu: “Faktlara dik baxın. Narahat olmağa son qoyun, sonra isə nəsə edin”.

Bu fəsli tamamlayaraq mən epiqrafı – Aleksis Karrelin sözlərini təkrar edim:

“Narahatlıqla mübarizə aparmağı bacarmayan işgüzar insanlar cava ölürlər”.

Məhəmməd Peyğəmbərin fanatik davamçıları çox vaxt öz sinələrində Qurandan şeirlərin tatuajını döydürürdülər. Mən istəyərdim ki, bu fəslin epiqrafının tatuajını bu kitabın hər bir oxucusunun sinəsinə döydürüm: “Narahatlıqla mübarizə aparmağı bacarmayan işgüzar insanlar cavan ölürlər”.

Doktor Karrel sizin haqqınızda danışırdı?

Mümkündür.

Xülasə

Qayda 1: Əgər siz narahatlıqdan qaçmaq istəyirsinizsə, Uilyam Oslerin məsləhət gördüyünü edin: “Bu günün “bölməsində” yaşayın”. Gələcək üçün həyəcanlanmayın. Axşam yatağa uzanana qədər sakitcə yaşayın.

Qayda 2: Əgər Bəla – bəla, böyük hərflə – sizi izləyirsə və sizi küncə qısnayırsa, Uillis H.Kerriyerin magik formulasını tətbiq edin:

  1. a) özünüzdən soruşun: “Problemimi həll edə bilməsəm, ən pis nə baş verə bilər?”
  2. b) fikrən özünüzü ən pis olanı qəbul etməyə hazırlayın – zərurət meydana çıxacağı halda;
  3. c) fikrən qaçılmaz olan kimi qəbul etdiyiniz və barışdığınız situasiyanın yaxşılaşdırılması üçün tədbirləri sakitcə düşünüb-daşınmağa çalışın.

Qayda 3: Narahatlığın sağlamlığınıza vurduğu bərpaolunmaz ziyanı yaddan çıxarmayın. “Narahatlıqla mübarizə aparmağı bacarmayan işgüzar adamlar cavan ölürlər”.

NARAHATLIĞIN TƏHLİLİNİN BAŞLICA METODLARI

Narahatlıq problemlərini necə təhlil və həll etmək olar

Altı xidmətçim vardır.

Fərasətli, çox zirək.

Gördüyüm hər bir şeyi –

Onlardan öyrənim gərək.

Onlar mənim işarəmlə

Ehtiyac olanda gəlir.

Adları: Niyə və Nə üçün,

Harada, Nə, Nə vaxt və Kimdir.

Redyard Kiplinq

Bu kitabın birinci hissənin ikinci fəslində Uillis H.Kerriyerin haqqında danışılan magik formulası narahatlıqla bağlı olan problemlərin hamısını həll edə bilərmi? Əlbəttə, yox.

Belə olan halda bəs nə etməli? Bu sualın cavabı aşağıdakından ibarətdir: biz narahatlığın müxtəlif növləriylə mübarizə apara bilmək üçün hazırlaşmalıyıq. Bunun üçün problemin təhlilinin üç mərhələsini öyrənmək lazımdır.

Birinci qaydanı nəzərdən keçirək: faktları toplayın.

Faktların əldə olunması nə üçün bu qədər vacibdir? Axı bizim əlimizdə fakt yoxdursa, bu halda biz problemləri dərrakə ilə həll etməyə heç cəhd də edə bilmərik. Faktlar əlimizdə olmasa, biz yalnız panika içində vurnuxmağa qabilik. Bu, mənim fikrimdir? Xeyr, bu, Kolumbiya Universitetinin Kolumbiya kollecinin iyirmi iki il ərzində dekanı olmuş mərhum Herbert E.Hoksa məxsusdur.

Doktor Hoks iki yüz min tələbəyə narahatlıqdan yaxa qurtarmağa kömək etmişdir. Bir dəfə o, mənə demişdi: “Təşviş – narahatlığın əsas səbəbkarıdır”. O, fikrini belə ifadə etmişdi: “Dünyadakı narahatlıqların yarısı öz qərarlarını şərtləndirərək kifayət qədər informasiya əldə etməzdən əvvəl qərar qəbul eləməyə cəhd göstərən adamlar tərəfindən meydana çıxarılır”.

O demişdi: “Əgər mənim qarşımda gələn həftənin ikinci günü saat üçdə həll etməli olduğum problem durursa, növbəti həftənin ikinci günü gələnə qədər mən həmin problemi həll eləməyə heç cəhd də etmirəm. Həmin vaxta qədər isə diqqətimi bu problemlə bağlı olan faktların toplanması üzərində cəmləyirəm. Mən narahat olmuram, mən panikaya düşmürəm. Mən yuxumu itirmirəm. Mən diqqətimi, sadəcə olaraq, faktların toplanması üzərində cəmləşdirirəm. İkinci gün gəlib çatan vaxt üçün, əgər mənim sərəncamımda faktların hamısı varsa, problem, adətən, öz-özünə həll olur!”

Mən Hoksdan soruşdum ki, bu, özünün narahatlıqdan tamamilə yaxa qurtarması deməkdirmi. “Bəli, – cavab verdi o, – düşünürəm ki, indi mənim həyatım narahatlıqdan, demək olar, tamamilə azaddır. Mən başa düşdüm ki, əgər insan öz vaxtını faktların toplanmasına həsr edirsə və bunu qərəzsiz, obyektiv surətdə həyata keçirirsə, onun narahatlığı biliklərin işığında, adətən, yox olur”.

Mənə izin verin təkrar edim:

“Əgər insan öz vaxtını faktların toplanmasına həsr edirsə və bunu qərəzsiz, obyektiv surətdə həyata keçirirsə, onun narahatlığı biliklərin işığında, adətən, yox olur”.

Bəs bizim əksəriyyətimiz necə hərəkət edirik? Faktlarla tanış olmaq üçün heç olmasa cüzi də olsa, səy göstərməyə çalışırıqmı? Tomas Edison əbəs yerə tam ciddiliyi ilə deməmişdir: “İnsan hər şeyə getməyə hazırdır, təki ağlını əziyyət çəkməyə vadar etməsə”. Əgər biz faktları toplamaq əziyyətini öz üzərimizə götürürüksə də, bu halda da yalnız artıq bildiyimizi təsdiq edən faktları ovlayırıq. Biz qalan faktların hamısına saymazyana yanaşmağa meyilliyik! Bizi yalnız o faktlar qane edir ki, onlar öz hərəkətlərimizə haqq qazandırır, istəklərimizə uyğun gəlir və keçmişdə mənimsədiyimiz köhnə fikir qəliblərinin doğru olduğunu təsdiq edir!

Andre Moruanın ifadə etdiyi kimi: “Arzularımıza müvafiq olan hər şeyin düzgün olduğu təsəvvür olunur. Onlara zidd olan hər şey bizi hiddətləndirir”.

Belə olan halda təəccüblüdürmü ki, problemlərimizin həlli yollarının axtarışında çox böyük çətinliklərlə üzləşirik? Əgər biz “iki üstəgəl iki beşə bərabərdir” ehtimalından çıxış etmiş olardıqsa, onda ən sadə hesab misalını həll etmək də bizim üçün, çox güman, bundan asan olmazdı. Lakin dünyada belə insanlar hələ çoxdur ki, onlar iki üstəgəl ikinin beşə və ya beş yüzə bərabər olduğunda təkidlidir, həyatı özləri və başqaları üçün cəhənnəmə döndərirlər!

Bəs əgər belədirsə, biz nə etməliyik? Biz emosiyaların təfəkkür prosesimizə cəlb olunmasına yol verməməli və Hoksun ifadə etdiyi kimi, faktları qərəzsiz və obyektiv surətdə toplamalıyıq.

Amma bu vəzifəni yerinə yetirmək asan deyil, əgər narahatlıq bizi gəmirirsə. Biz narahat olan vaxt emosiyalarımız çox fəal olur. Mən sizə öz problemlərinizi kənar şəxsin mövqeyindən dərk etməyin iki faydalı üsulunu təklif edirəm. Bu, onları tam aydınlığı və obyektiv olaraq nəzərdən keçirməyə kömək edir.

1.Faktları toplayan zaman mən təsəvvür edirəm ki, informasiyanı özüm üçün yox, başqa bir adam üçün toplayıram. Bu, informasiyaya dərrakə və qərəzsiz yanaşmağımda kömək edir. Bu, mənə emosiyaları sıxışdırıb çıxarmağa kömək edir.

2.Məni həyəcanlandıran problemlə əlaqədar olan faktları aydınlaşdırmağa çalışarkən hərdən özümü ikinci tərəfin adından çıxış etməyə hazırlaşan hüquqşünas kimi təsəvvür edirəm. Başqa sözlə, özümə qarşı çıxış etməyə, arzuistəklərimə zidd olan faktların hamısını toplamağa çalışıram – müraciət etmək, nəzərə almaq istəmədiyim faktların hamısını.

Sonra “lehinə” və “əleyhinə” olan hər şeyi qeyd edirəm – əgər söhbət eyni bir problemdən gedirsə. Bir qayda olaraq, nəticədə qənaətə gəlirəm ki, həqiqət iki kənar hədlərdəki nöqteyi-nəzərlərin arasında haradasa ortadadır.

Mənim düşüncəmin mahiyyəti bundadır. Əvvəlcədən faktlarla tanış olmadan bu və ya digər problemin ağıllı həllini bilmək vergisi nə mənə, nə sizə, nə Eynşteynə, nə də Birləşmiş Ştatların Ali Məhkəməsinə verilib. Tomas Edison bunu bilirdi. O vəfat edəndən sonra onun iş otağından üzləşdiyi problemlərlə bağlı faktlarla dolu olan iki mindən çox qeyd kitabçası tapılmışdı.

Beləliklə, problemlərimizin həll olunması üçün zəruri olan birinci qayda: “Faktları toplayın”. Hoksdan nümunə götürəcəyik. İnformasiyanı öncədən qərəzsiz surətdə toplamadan problemlərimizi həll eləməyə heç cəhd də etməyəcəyik.

Lakin biz dünyadakı faktların hamısını axtarıb tapa bilərik və onları təhlil və dərk etməyənə qədər (ikinci qayda), onlar bizə azacıq da kömək etməyəcək.

Öz acı təcrübəmin əsasında başa düşdüm ki, faktları əvvəlcədən qeyd edəndə onları təhlil etmək qat-qat asan olur. Həqiqətən də, faktların kağız üzərində adicə qaydada yazılması və qarşımızda duran problemin aydın ifadə olunması onun ağılla həll edilməsinə əhəmiyyətli dərəcədə kömək edir. Çarlz Ketterinq hesab etdiyi kimi: “Yaxşı ifadə olunmuş problem – yarısı artıq həll edilmiş problemdir”.

Mənə izin verin, bu metodun praktikada necə həyata keçirildiyini sizə göstərim. Çinlilər deyirlər ki, bir şəkil on min sözə dəyər. Zənn edək ki, mən sizə bir adamın indi haqqında danışdığımızı işdə necə tətbiq etdiyini göstərirəm.

Gəlin Heylen Litçfildin başına gələn hadisəni nəzərdən keçirək. Mən bu insanla artıq bir neçə ildir tanışam. O, Uzaq Şərqdə ən uğurlu amerikalı biznesmenlərdən biridir. cənab Litçfild Çində 1942-ci ildə, yaponlar Şanxayı işğal edən vaxt yaşamışdı. O, qonağım olanda orada başına gələn bu hadisəni mənə danışmışdı.

“Yaponlar Perl-Harboru ələ keçirəndən tezliklə sonra, – Heylen Litçfild öz əhvalatını danışmağa başladı, – onlar kütləvi qaydada Şanxaya axışdılar. Mən Şanxayda Asiya Sığorta Kompaniyasının işlər müdiri idim. Bizim yanımıza admiral rütbəsində olan hərbi likvidçi göndərilmişdi. Mənə fondlarımızın likvidləşdirilməsində ona kömək etmək əmr olunmuşdu. Bu halda mənim seçimim yox idi. Mən ya yaponlarla əməkdaşlıq etmək, ya da… Məni ölüm gözləyirdi.

Mənə əmr olunanı adlaya bildim, çünki seçimim yox idi. Lakin admiral verilən siyahıya dəyəri 750 000 dollar olan qiymətli kağızı daxil etmədim. Bunları ona görə saxladım ki, həmin kağızlar Honkonq təşkilatımıza məxsus idi və Şanxay fondlarına onların heç bir aidiyyəti yox idi. Bununla belə, yaponların etdiyimi aşkar edəcəkləri təqdirdə başıma gələ biləcəyindən qorxurdum. Və tezliklə onlar bunu aşkar etdilər.

Bu fakt aşkar ediləndə mən kontorda yox idim, lakin baş mühasibim həmin vaxt orada idi. O, mənə dedi ki, yapon admiralı qeyzlənmişdi. O, ayaqlarını yerə döyəcləyir, söyür və məni oğru, xain adlandırırdı. Mən yapon ordusuna qarşı çıxış etmişəm. Mən bunun nə demək olduğunu bilirdim. Məni Brichauza ata bilərdilər.

Brichauz! Yapon gestaposunun işgəncələr kamerası! Dostlarım var idi ki, onlar bircə bu həbsxanaya düşməkdənsə, həyatlarına intiharla son qoymağa üstünlük vermişdilər. Başqa dostlarım orada on gün sorğu-sual və işgəncələrdən sonra həlak olmuşdular. Və indi də həmin həbsxana mənim özümü hədələyirdi!

Mən nə cür hərəkət etdim? Bundan bazar günü günorta vaxtında xəbər tutmuşdum. Hər şeydən göründüyü kimi, ümidsizliyə qapanmaq üçün mənim hər cür əsasım var idi. Və mən ümidsizliyə də qapanmış olardım, əgər öz problemlərimin həll olunmasında müəyyən metodu mənimsəmiş olmasaydım. Uzun illər ərzində hər dəfə həyəcanlı vəziyyətdə olanda öz yazı makinamın yanına gedir və iki sualı, həmçinin də onların iki cavabını yazırdım.
  1. Məni narahat edən nədir?
  2. Bununla bağlı nə edə bilərəm?

Əvvəllər mən bu sualların cavablarını yazırdım. Lakin tezliklə nöqteyinəzərimi dəyişdim. Aşkar etdim ki, sualların və cavabların yazılması problemin təhlilini asanlaşdırır. Beləliklə, bazar günü günorta vaxtlarında mən CİXA-nın Şanxay şöbəsində öz otağıma getdim və çap makinasını çıxardım. Bunu yazdım:

  1. Məni narahat edən nədir?
Qorxuram ki, sabah səhər məni Brichauza aparalar.

Ardınca ikinci sualı yazdım:

  1. Nə edə bilərəm?

Cavab axtarışlarında çox vaxt keçirdim və mövcud şəraitdə davranışımın və hər bir halda onların mümkün nəticələrinin dörd variantını yazdım.

  1. Hər şeyi yapon admiralına izah eləməyə cəhd edə bilərəm. Lakin o, “ingiliscə danışmır”. Əgər tərcüməçiyə müraciət etməyə çalışsam, admiral yenə də hirslənə bilər. Onun qəzəbi mənim ölümümə gətirə bilərdi. Axı o, qəddar idi və özünə mənimlə danışmaq əziyyətini verməkdənsə, məni Brichauza atmağa daha tez razı olardı.
  2. Qaçmağa cəhd edə bilərəm. Lakin onlar hər an məni izləyirlər. Mən hər dəfə CİXA-da öz otağıma gedəndə və oradan çıxanda məlumat verməli idim. Əgər qaçmağa cəhd etsəm, onda, çox güman, onlar məni tutacaq və güllələyəcəklər.
  3. Otağımda qala və kontora bir daha getməyə bilərəm. Əgər belə hərəkət edərəmsə, onda bu, yapon admiralında şübhə oyada bilər. Mümkündür ki, o, bura əsgərləri göndərsin, onlar da məni ələ keçirəcək və mənə bir söz belə deməyə imkan vermədən Brichauza göndərəcəklər.
  4. Kontora həftənin birinci günü həmişə olduğu kimi gedə bilərəm. Admiral, ola bilsin, o qədər bərk məşğul olacaq ki, etdiyim heç onun yadına da düşməyəcək. Əgər o, bu haqda fikirləşsə də, çox ola bilsin, onun qəzəbi soyuyacaq və məni rahat qoyacaq. Bu halda mən ziyan çəkməyəcəyəm. Əgər o, bu hadisəni xatırlasa da, ona nə isə izah etməyə ümidim olacaq. Beləliklə, birinci gün həmişə olduğu kimi səhər işə gələrək və heç nə olmayıbmış kimi hərəkət edərək mən həbsxanadan qurtulmaq üçün iki imkan əldə etmiş oluram.

Bütün situasiyanı düşünüb-daşınandan və dördüncü hərəkət planını – birinci gün səhər heç nə olmayıbmış kimi kontora getmək – qəbul edən kimi özümdə böyük yüngüllük hiss elədim.

Növbəti gün səhər işə gələndə yapon admiralı ağzında siqar kabinetimdə oturmuşdu. O, sınayıcı nəzərlərlə həmişə olduğu kimi mənə baxdı, amma heç nə demədi. Altı həftədən sonra, şükür Tanrıya ki, o, Tokioya getdi və bununla da həyəcanlarım qurtardı. Artıq dediyim kimi, həyatımı, hər şeydən göründüyü kimi, bütün bazar günü ərzində oturub edə biləcəyim mümkün hərəkətləri və onların ehtimal olunan nəticələrini yazmağım sayəsində xilas edə bildim. Bütün bunlar mənə sakit şəkildə qərar qəbul eləməyə kömək etdi.

Əgər mən situasiyanı bütünlüklə dərk etməmiş olsaydım, ola bilsin, əsəbiləşər və tərəddüd edər və qızğınlıqdan düşünüb-daşınmadan, tələsik hərəkət edə bilərdim. Əgər problemimi hərtərəfli düşünüb-daşınmasaydım və qərar qəbul etməsəydim, məni həyəcan bürüyər və bütün bazar gününü narahatlıq içində keçirərdim. Həmin gün gecəni yatmazdım. Birinci gün səhər işə narahat və ruhdan düşmüş görkəmdə gələrdim; tək bircə bu, yapon admiralında şübhə oyada və onu hərəkətə keçməyə məcbur edə bilərdi.

Həyat təcrübəsi məni düşünülüb-daşınmış müəyyən qərarın necə böyük fayda gətirdiyinə inandırdı. İnsanları əsəb pozuntularına gətirən və onların həyatını cəhənnəmə çevirən məhz, necə deyərlər, “ovsunlanmış dairədən” qurtulmaq üçün zəruri hərəkət planını tutmağı bacarmamaqdır. Mənə belə gəlir ki, aydın, müəyyən bir qərar qəbul edəndə narahatlığımın əlli faizi yox olur; yerdə qalanın qırx faizi isə, adətən, mən bunu həyata keçirməyə başlayanda yox olur.

Beləliklə, mən aşağıda göstərilənləri edəndə narahatlığımın təqribən doxsan faizini adlayıram:
  1. Məni narahat edən situasiyanı dəqiq təsvir etmək.
  2. Edə biləcəyim hərəkətləri yazmaq.
  3. Qərar qəbul etmək.
  4. Həmin qərarı dərhal həyata keçirmək”.

Heylen Ritçfild hazırda ABŞ firmalarının maraqlarını təmsil edən Starr, Park ənd Frimen korporasiyasının Uzaq Şərq şöbəsinin direktorudur.

Həqiqətən də, artıq dediyim kimi, Heylen Litçfild hazırda Asiyada ən nüfuzlu amerikalı biznesmenlərdən biridir. O, mənə etiraf etdi ki, uğura əhəmiyyətli dərəcədə, narahatlıqla bağlı problemlərin təhlilinin haqqında yuxarıda danışılan metodu sayəsində nail olmuşdur.

Onun metodunun uğurunun səbəbi nədədir? Bu metod təsirli olması və konkretliyi, həmçinin də problemin mahiyyətinə varmağı ilə fərqlənir.

Beləliklə, yuxarıda haqqında danışılanların hamısına yekun vuraraq mən sizə əvəzlənməsi qeyri-mümkün olan üçüncü qaydanı deyim: “Problemin həlli məqsədilə hərəkət edin”.

Əgər siz nəzərdə tutduğunuz hərəkət planının həyata keçirilməsinə başlamasanız, onda faktların toplanması və onların düşüncə süzgəcindən keçirilməsi “boş qabda olanı içində heç nə olmayan digər qaba tökmək” demək olacaqdır. Belə olan halda hər şey qüvvələrinizin mənasız yerə israfına gətirir.

Uilyam Ceyms demişdir: “Qərar qəbul olunduğu və onun həyata keçirilməsi nəzərdə tutulduğu vaxtdan etibarən üzərinizə düşən məsuliyyətlə bağlı narahat olmağınıza tamamilə son qoyun və nəticənin qayğısını çəkin”. Bu halda Uilyam Ceyms “narahatlıq” kəlməsinin sinonimi kimi “qayğısını çəkin” ifadəsini işlədib. O nəzərdə tuturdu ki, faktların dərk olunmasına əsaslanan qərar qəbul edəndən sonra dərhal hərəkətə keçmək lazımdır. Dayanmayın, ara verməyin ki, öz qərarınıza yenidən baxmayasınız. Nəzərdə tutduğunuz plandan çəkilməyin. Tərəddüdlərin içərisində itib qalmayın. Nəticədə yalnız yeni-yeni tərəddüdlər meydana çıxa bilər. Geriyə boylanmayın.

Mən bir dəfə Oklahomanın ən görkəmli neft sənayeçilərindən biri, Ueyt Fişerdən öz qərarlarını necə həyata keçirdiyini soruşdum. O, belə cavab verdi: “Fikirləşirəm ki, problemlərimizin üzərində həddən çox düşünüb-daşınmağımız başımızı itirməyə gətirə və narahatlıq doğura bilər. Elə bir məqam çatır ki, sonrakı təhlil və düşüncələr yalnız ziyan gətirir. Ona görə də qərar qəbul etməli və heç vaxt geriyə boylanmadan hərəkətə keçməliyik”.

Hazırda sizi narahat edən problemləri həll etmək üçün Heylen Litçfildin metodunu niyə də tətbiq etməyəsiniz?

Özünüzə 1 №-li sualı verin: Məni hazırda narahat edən nədir? (Lütfən, bu suala verdiyiniz cavabı karandaşla aşağıda yazın. Bunun üçün boş yer ayrılmışdır.)

Sual № 2: Nə edə bilərəm?

Sual № 3: Problemi həll etmək üçün nə etməyə hazırlaşıram?

Sual № 4: Nəzərdə tutduğum hərəkətləri nə vaxt həyata keçirməyə başlamalıyam?

İşdə meydana çıxan narahatlığın əlli faizini necə ləğv etməli

Əgər siz işgüzar adamsınızsa, onda tamamilə mümkündür ki, özlüyünüzdə deyəsiniz: “Bu fəslin başlığı cəfəngdir. Mən öz işimlə artıq iyirmi ildir məşğulam və özümdən başqa bütün cavabları kim bilər? İşdə meydana çıxan narahatlığın əlli faizindən necə yaxa qurtarmağı mənə öyrətməklə bağlı fikir – absurddur!”

Bu narazılıq tamamilə ədalətlidir – əgər mən bir neçə il əvvəl bu fəslin adını oxusaydım, ola bilsin, özüm də eynilə bunları düşünərdim. Bu ad çox şey vəd edir, vədlərin isə qiyməti elə də böyük deyil.

Gəlin tamamilə açıq olaq, işdə meydana çıxan narahatlığın əlli faizindən yaxa qurtarmağa mən sizə, ola bilsin, kömək edə bilməyəcəyəm. Əvvəl-axır, bunu özünüzdən başqa heç kim edə bilməyəcək. Lakin mən sizə başqalarının bunu necə etdiklərini göstərə bilərəm, qalan hər şey isə öz əlinizdədir.

Yəqin, yadınızdadır ki, bu kitabın əvvəlində mən bütün dünyada məşhur olan Aleksis Karrelin sözlərini sitat gətirmişdim: “Narahatlıqla mübarizə aparmağı bacarmayan işgüzar adamlar cavan ölürlər”.

Narahatlıq özündə bu qədər təhlükə ehtiva etdiyindən mən əgər onun heç olmasa on faizini adlamaqda sizə kömək edə bilsəm, zənn edirəm ki, məmnun qalacaqsınız… Doğru deyilmi? Çox gözəl. Mən sizə bir inzibatçı haqqında danışacağam ki, o nəinki narahatlığın əlli faizindən azad ola bilmiş, hətta keçmişdə işgüzar problemləri həll etməyə çalışaraq iclaslara sərf etdiyi vaxtın yetmiş faizinə də qənaət etmişdir.

Mən sizə hansısa bir “mister” Cons və ya “mister X”, yaxud da “Ohayodan tanıdığım bir cavan oğlan” haqqında danışmağa hazırlaşmıram. Bu cür dumanlı əhvalatları yoxlamaq mümkün deyil. Söhbət real insandan, ABŞ-da ən iri nəşriyyatlardan olan “Saymon ənd Şuster”in təsisçilərindən biri və direktoru – Leon Şimkindən gedir.

Budur, Leon Şimkinin özü haqqında danışdıqları:

“Mən on beş il ərzində iş vaxtımın yarısını iclaslarda keçirirdim. Biz problemlərin müzakirəsiylə məşğul olurduq. Biz başımızı sındırırdıq ki, filan və ya behman şeyi etmək, yoxsa ümumiyyətlə, heç nə etməmək lazımdır? Əvvəl-axır əsəblərimiz son həddədək gərilir, kreslolarımızda vurnuxa-vurnuxa qalır, dalaqabağa gedir, mübahisə edir və çıxışını heç cür tapa bilmədiyimiz ovsunlanmış dairəyə düşürdük. Gecə üçün özümü tamamilə əldən düşmüş hiss edirdim. Hesab edirdim ki, bütün ömrüm elə belə də keçəcək.

Bu minvalla on beş il işləmişdim və ağlıma heç vaxt gəlmirdi ki, bundan qat-qat yaxşı üsul var. Bu iclaslara sərf etdiyim vaxtın dörddə üçünü azad etməyin və əsəb gərginliyini dörddə üç qədər azaltmağın mümkün olduğunu kimsə mənə demiş olsaydı, onu kabinetdən bayıra çıxmayan, göylərdə pərvazlanan nikbin hesab edərdim. Lakin mən bir plan işləyib hazırladım ki, o məhz bu nəticələri də verdi. Mən onu artıq səkkiz ildir tətbiq edirəm. O, mənim həyatımda çevriliş həyata keçirdi, öz iş qabiliyyətimi artırdım, sağlamlıq və xoşbəxtlik qazandım.

Bütün bunlar sehr kimi görünür. Lakin bu metod, əgər siz onun necə həyata keçirildiyini bilirsinizsə, bütün sehrli fokuslar kimi qeyri-adi dərəcədə sadədir.

Sirr aşağıdakından ibarətdir. Hər şeydən əvvəl, dərhal iclasların keçirilmə qaydasını dəyişdim. İclaslar, bir qayda olaraq, başlarını itirmiş köməkçilərimin işimizdəki çatışmazlıqlar haqqında ətraflı söhbətləriylə başlayırdı. İclaslar həmişə eyni bir sualla qurtarırdı: “Bəs biz nə etməliyik?” Mən işgüzar problemlərin müzakirəsinin yeni qaydasını tətbiq etdim. Əgər əməkdaşlardan

kimsə mənə müzakirə etmək üçün problem təqdim etmək istəyirdisə, onda həmin əməkdaşdan əvvəlcə aşağıdakı dörd suala cavab verilən qeyd hazırlamaq tələb olunurdu:

Sual 1: Problem nədən ibarətdir? (Keçmişdə biz iclaslarda mübahisələrə bir və ya iki saat itirirdik, hərçənd bizdən heç birimiz problemi aydın ifadə edə bilmirdi. Çətinliklərimizi müzakirə edərək səsimiz batana qədər mübahisə edir, amma özümüzə əziyyət verib problemimizin konkret olaraq nədən ibarət olduğunu yazılı şəkildə ifadə etmirdik.)

Sual 2: Problemi doğuran nədir? (Arxaya boylananda və karyeramın ayrı-ayrı mərhələlərini xatırlayanda iclaslarımıza nə qədər vaxtın hədər yerə sərf olunduğu məni dəhşətə gətirir. Ən əsası isə, biz problemin əsasında duran şərtləri aydınlaşdırmağa heç cəhd də etmirdik.)

Sual 3: Problemin mümkün həll yolları hansılardır? (Ötən illərdə, adətən, bizlərdən kimsə problemin həll yolunu təklif edirdi. Bir başqası onunla mübahisə edirdi. Bir qayda olaraq, ehtiraslar qızışırdı. Çox vaxt elə olurdu ki, müzakirə olunan mövzudan kənarlaşırdıq və bəlli olurdu ki, heç kəs özünə əziyyət verib problemin həlli üçün edilən təklifləri qeyd etməyib.)

Sual 4: Nə təklif edirsiniz? (Mən iclasda elə adamla qarşılaşmışam ki, o, yaranmış vəziyyətlə bağlı saatlarla danışaraq elə hey mıs-mıs deyir, mümkün həll yollarının hamısını dərk etməyə və “Mən bu həll yolunu təklif edirəm” deməyə heç cəhd də etmirdi.)

Hazırda əməkdaşlarım mənə öz problemləriylə bağlı nadir hallarda müraciət edirlər. Niyə? Ona görə ki onlar başa düşüblər – təklif edilən dörd suala cavab vermək üçün faktların hamısını toplamalı və problemlərini təhlil etməlidirlər. Bunu edəndən sonra isə onların dörd haldan üçündə mənimlə konsultasiyalara ehtiyacları qalmır. Düzgün qərar öz-özünə, bişmiş çörək elektrik tosterindən çıxan kimi meydana gəlir.

Hətta konsultasiyaların zəruri olduğu hallarda da keçmişdə olduğunun yalnız üçdəbiri qədər vaxt tələb olunur; çünki diskussiya nizamlı surətdə, məntiqi ardıcıllıqla gedir və nəticədə biz ağlabatan bir qərara gəlirik.

“Saymon ənd Şuster” nəşriyyatında indi işdəki çatışmazlıqlarla bağlı narahatlıq və söhbətlərə əvvəlkindən qat-qat az vaxt sərf olunur. Əvəzində fəaliyyətin yaxşılaşdırılması üçün daha çox iş görülür”.

Dostum, Amerikada sığorta kompaniyalarının aparıcı mütəxəssislərindən biri olan Frenk Bettcer mənə analoji metodun köməyi ilə işdə vəziyyətlə bağlı narahatlıqlarını təkcə azaltmağa deyil, həm də öz gəlirini, demək olar, ikiqat artırmağa necə müvəffəq olduğunu danışmışdı.

“Bir neçə il əvvəl, – deyir Frenk Bettcer, – mən hələ sığorta agenti qismində fəaliyyətimə başlayanda işimə hədsiz entuziazm və sevgi ilə bağlı idim. Sonra nə isə baş verdi. Mən ümidsizliyə qapandım və özümdə bu işə nifrət duydum. Hətta işdən çıxmaq barədə fikirləşməyə başlamışdım. Çox güman, elə bu işi atacaqdım da, lakin növbəti şənbə günü birdən ağlıma oturmaq və həyəcanlarımın səbəbini aydınlaşdırmağa cəhd etmək fikri gəldi.

1.Hər şeydən əvvəl, özümə sual verdim: “Problem məhz nədən ibarətdir?” Problem aşağıdakından ibarət idi: mən lap çox sayda adamla görüşə gedirdim, gəlirlərim isə kifayət qədər yüksək deyildi. Sığorta prospektlərinin satışı üzrə işlərim pis getmirdi. Lakin sığorta haqqında müqavilə imzalamaq gələndə isə hər şey ilişib dayanırdı. Müştərilər çox vaxt mənə deyirdilər: “Təklifiniz barədə fikirləşdim, cənab Bettcer, bir dəfə də mənə baş çəkərsiniz”. Müştərilərə əlavə baş çəkməyə vaxt sərf etmək zərurəti məni naümid hala salırdı.

2.Özümdən soruşdum: “Problemin mümkün həll yolları hansılardır?” Lakin bu suala cavab vermək üçün faktları öyrənmək tələb olunurdu. Son on iki ay üçün öz qeydiyyat kitabımı açdım və rəqəmləri təhlil etdim.

Və heyrətamiz kəşf elədim! Məhz burada mürəkkəblə kağızın üzərində yazılmışdı ki, sığorta polislərinin yetmiş faizi mən müştərilərə birinci dəfə baş çəkəndə rəsmiləşdirilib. Sığorta polislərinin iyirmi üç faizi mən eyni müştəriyə ikinci dəfə baş çəkəndə satılıb. Və sığorta polislərinin yalnız yeddi faizi üçüncü, dördüncü, beşinci və s. təkrar görüşdən sonra bağlanıb. Məhz həmin bu təkrar vizitlər ən çox vaxtımı alır və mənə çox böyük narahatlıq gətirirdi. Başqa sözlə, vaxtımın, hərfi mənada, yarısını bağladığım müqavilələrin vur-tut yeddi faizini verən fəaliyyətə sərf edirmişəm.

3.Cavab nədir? Cavab aydın idi. İkincidən sonrakı vizitlərimin hamısına dərhal son qoydum, ixtiyarımda olan boş vaxtımı isə perspektivli müştərilərin axtarıb tapılmasına sərf etməyə başladım. Beləliklə də, hər müqavilənin dəyərini, demək olar, ikiqat artırdım!”

Artıq dediyim kimi, Frenk Bettcer hazırda Amerikada sığorta sahəsində ən tanınmış xadimlərdən biridir. O, Filadelfiyada “Fideliti Myuçuel” kompaniyasında işləyir və hər il milyon dollar dəyərində sığorta müqaviləsi bağlayır. Amma vaxtilə o, karyerasından imtina etməyə hazırlaşırdı. Qarşısında duran problemin yalnız təhlili onu uğura aparan yola çıxardı.

Siz həmin sualları öz işgüzar problemlərinizin həll edilməsi üçün istifadə edə bilərsinizmi? Təkrar edirəm – onlar bizim narahatlığımızı əlli faiz azalda bilər. Həmin suallar bunlardır:
  1. Problem nədən ibarətdir?
  2. Problemi meydana çıxaran nədir?
  3. Problemin mümkün həll yolları hansılardır?
  4. Siz hansı həll yolunu təklif edirsiniz?
Xülasə

Qayda 1: Faktları toplayın. Kolumbiya Universitetinin dekanı Hokosun dediklərini yadda saxlayın: “Dünyadakı narahatlıqların yarısı öz qərarlarını tələm-tələsik, kifayət qədər informasiya əldə etməzdən əvvəl qərar qəbul eləməyə cəhd göstərən adamlar tərəfindən meydana çıxarılır”.

Qayda 2: Faktları çox dəqiq təhlil edəndən sonra qərar qəbul edin.

Qayda 3: Qərar artıq qəbul olunanda hərəkətə keçin. Öz qərarınızın həyata keçirilməsiylə məşğul olun və nəticə ilə bağlı narahatlığı tamamilə kənara atın.

Qayda 4: Siz və ya əməkdaşlarınızdan kim isə hər hansı problemlə bağlı narahat olmağa meyil edəndə bu sualları və onların cavablarını yazın:

  1. Problem nədən ibarətdir?
  2. Problemi meydana çıxaran nədir?
  3. Mümkün həll yolları hansılardır?
  4. Ən yaxşı həll hansıdır?
Bu kitabdan maksimal fayda hasil etməyə imkan verən doqquz məsləhət

1.Əgər siz bu kitabdan maksimal fayda hasil etmək istəyirsinizsə, bir mütləq tələbi yerinə yetirin. Bu tələb sizə istənilən qayda və metoddan daha çox vacibdir. Yox, əgər siz bu əsas məsləhətə əməl etməsəniz, onda kitabı öyrənməklə bağlı min qayda da sizə kömək etməyəcək. Əgər siz bu ən vacib verginin yiyəsisinizsə, onda siz hansısa bir kitabdan maksimal fayda hasil etməklə bağlı heç bir məsləhət oxumadan da möcüzələr törədə biləcəksiniz.

Həmin magik tələb nədən ibarətdir? Budur, o, nədən ibarətdir:

Öyrənməklə bağlı coşqun istək, narahat olmağa son qoymaq və yaşamağa başlamaqla bağlı hədd-hüdudu olmayan qətiyyət.

Bu cür istəyi özündə necə inkişaf etdirmək olar? Bu qaydaların sizin üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini özünüzə daim xatırlatmalısınız. Bunları mənimsəməyin sizə daha varlı və xoşbəxt həyata çatmaqda necə kömək etdiyini təsəvvür edin. Özünüzə yenə və yenə təkrar edin: “Mənim ruhi sakitliyim, xoşbəxtliyim, sağlamlığım və son nəticədə, ola bilsin, gəlirlərim daha çox dərəcədə bu kitabda haqqında danışılan, öz-özlüyündə aşkar olan köhnə və əbədi həqiqətləri necə mənimsəyə biləcəyimdən asılıdır”.

2.Kitabın hər fəslini əvvəlcə ötəri gözdən keçirin ki, onun haqqında ümumi təsəvvürünüz olsun. Ola bilsin, dərhal növbəti fəslə keçmək istəyəcəksiniz. Lakin bunu etməyin. Axı siz əyləncə xətrinə oxumursunuz. Əgər siz narahat olmağa son qoymaq və yaşamağa başlamaq üçün oxuyursunuzsa, hər bir fəsli diqqətlə oxuyun. Son nəticədə bu, vaxta qənaət etməyə və müəyyən nəticələrə nail olmağa gətirəcək.

3.Kitabı oxuyarkən tez-tez dayanın. Bu və ya başqa məsləhəti necə və nə vaxt tətbiq edə biləcəyinizi özünüzdən soruşun. Belə mütaliə üsulu sizin üçün dovşanı qovan ov iti kimi irəli şütüməkdən çox-çox faydalı olacaq.

4.Kitabı oxuyanda əlinizə qələm, yaxud karandaş götürün və istifadə edə biləcəyiniz məsləhətlə qarşılaşanda böyürdən xətt qoyun. Əgər bu xüsusilə qiymətli məsləhətdirsə, onda hər bir ifadənin altından xətt çəkin və ya dörd üstəgəl işarəsi qoyun: + + + +. Qeyd etmək kitabı qat-qat maraqlı və sonralar onu sürətlə gözdən keçirməyə kömək edir.

5.Mən on beş il ərzində iri sığorta konserninə başçılıq edən bir nəfəri tanıyırdım. O, kompaniyasının bağladığı sığorta kontraktlarını hər ay təkrarən oxuyurdu. Bəli, o, eyni kontraktları aybaay, ilbəil oxuyur. Niyə? Çünki təcrübə ona öyrədib ki, bu, kontraktlarda nə yazıldığını aydın yadda saxlamağın yeganə üsuludur.

Bir dəfə mən natiqlik sənətiylə bağlı kitabın üzərində iki ilə yaxın işlədim. Lakin şəxsən öz kitabımda nə yazdığımı unutmamaq üçün onu təkrarən oxumaq lazım gəldi. Biz insanlar heyrətamiz dərəcədə unutmaq qabiliyyətinə malikik.

Beləliklə, əgər siz bu kitabdan real və uzunmüddətli fayda əldə etmək istəyirsinizsə, onu yalnız səthi oxumağın kifayət edəcəyini düşünməyin. Kitabı təfərrüatlı surətdə öyrənəndən sonra hər ay bir neçə saat sərf edərək onu təkrarən oxumaq lazımdır. O, sizin stolüstü kitabınız olmalıdır. Siz onu hər gün görməlisiniz. Onu bacardıqca tez-tez gözdən keçirin. Yaxın gələcəkdə həyatınızın kamilləşdirilməsini mümkün edəcək imkan qoy sizi ruhlandırsın. Yadda saxlayın, bu qaydaların istifadə olunması yalnız onları daim tətbiq etməklə vərdişə çevrilə bilər. Onda siz bu qaydaları qeyri-şüuri surətdə tətbiq edəcəksiniz. Başqa yol yoxdur.

6.Bernard Şou bir dəfə qeyd etmişdi: “Əgər siz adamı nəyə isə öyrədirsinizsə, o, heç vaxt heç nəyi öyrənməyəcək”. Şou haqlı idi. Öyrənmək – fəal prosesdir. Beləliklə, əgər siz bu kitabda haqqında danışılan prinsipləri mənimsəmək istəyirsinizsə, onları əməldə istifadə edin. Onları istənilən müvafiq vəziyyətdə tətbiq edin. Əgər onları yerinə yetirməyəcəksinizsə, bunlar tezliklə yadınızdan çıxacaq. Yalnız praktikada tətbiq olunan biliklər yaddaşda qalır.

Sizin üçün bu məsləhətləri həmişə istifadə etmək, çox güman, çətin olacaq. Burada göstərilən qaydaların hamısını praktikada tətbiq etmək hətta mənə, kitabın müəllifinə də çox vaxt çətin olur. Beləliklə, bu kitabı oxuyarkən yadda saxlayın ki, siz yalnız informasiya almağa can atmırsınız. Siz özünüzdə yeni vərdişlər formalaşdırmağa çalışırsınız. Həqiqətən də, siz yeni həyat tərzi aparmağa cəhd edirsiniz. Bunun üçün vaxt, inadkarlıq və gündəlik praktika tələb olunur.

Beləliklə, bu kitabın səhifələrinə tez-tez üz tutun. Onu narahatlıqla mübarizə üzrə dərs vəsaiti hesab edin. Hər hansı mürəkkəb problemlə üzləşəndə həyəcanlanmayın, öz-özlüyündə aşkar olduğu təsiri bağışlayan hərəkətə əl atmayın, impulsiv hərəkət etməyin. Bu cür hərəkətlər, adətən, yanlış olur. Bunun yerinə yenə də bu səhifələrə müraciət edin və xətlədiyiniz fəsilləri bir daha gözdən keçirin. Ardınca isə həmin yeni qaydaları mənimsəməyə çalışın. Siz görəcəksiniz ki, həyatınızda möcüzələr baş verir.

7.Həyat yoldaşınıza vəd edin ki, bu kitabda təklif olunan prinsiplərdən birini pozduğunuzu aşkar edəcəyi halda ona bir dollar verəcəksiniz. Ayıq-sayıq olun, yoxsa o, sizi tamamilə müflis edər.

8.Lütfən, kitabı səhifələyin və Uoll-Stritdən olan bankir H.P.Hauellin və qoca Ben Franklinin öz səhvlərini necə düzəltdiklərini oxuyun. Bu kitabda müzakirə edilən qaydaları yerinə yetirib-yetirmədiyinizi yoxlamaq üçün H.P.Hauellin və qoca Ben Franklinin metodlarını niyə də istifadə etməyəsiniz. Və onda siz iki nəticəyə nail olacaqsınız.

Birincisi, öyrənmək prosesi sizi özünə çəkib aparacaq ki, bu, özlüyündə həm cəlbedici, həm də dəyərsizdir.

İkincisi, siz narahatlığı üstələmək və yaşamağa başlamaq qabiliyyətinə yiyələnəcəksiniz. Bu qabiliyyət həmişəyaşıl dəfnə ağacı kimi böyüməyə başlayacaq.

9.Gündəlik tutun – burada siz bu kitabda danışılan prinsiplərin tətbiqində öz nailiyyətlərinizi qeyd etməlisiniz. Səliqəli olun, adları, tarixləri, nəticələri yazın. Bu cür qeydlərin aparılması sizi daha artıq səy göstərməyə ruhlandıracaq; bu qeydlər o vaxt xüsusilə maraqlı və heyrətamiz olacaq ki, üstündən çox illər ötəndən sonra siz onları təsadüfən aşkar edəcəksiniz!

Xülasə
  1. Narahatlığın adlanmasının prinsiplərini mənimsəməklə bağlı özünüzdə dərin, sizi daban-dabana təqib edən arzu formalaşdırın.
  2. Növbəti fəslə keçməzdən əvvəl hər fəsli iki dəfə oxuyun.
  3. Mütaliə etdiyiniz vaxt tez-tez dayanın ki, hər bir məsləhəti necə tətbiq edə biləcəyinizi özünüzdən soruşa biləsiniz.
  4. Hər bir vacib fikrin altından xətt çəkin.
  5. Bu kitabı hər ay təkrarən oxuyun. Bu kitabdan özünüzün gündəlik problemlərinizin həllində kömək edən dərs vəsaiti kimi istifadə edin.
  6. Bu prinsipləri əlinizə düşən istənilən imkanda tətbiq edin.
  7. Öyrənmək prosesini şən oyuna çevirin, bunun üçün dostlarınızdan kiməsə sizi bu prinsiplərin pozulmasında tutacağı halda bir dollar verəcəyinizi vəd edin.
  8. Hər həftə nə kimi uğurlara nail olduğunuzu yoxlayın. Hansı səhvlərə yol verildiyini, nədə inkişaf əldə olunduğunu, gələcəyə özünüz üçün nə kimi dərs çıxardığınızı özünüzdən soruşun.
  9. Bu prinsipləri necə və nə vaxt tətbiq etdiyinizi göstərən gündəliyi bu kitabın sonundakı təmiz səhifələrdə aparın.
NARAHAT OLMAQ VƏRDİŞİ SİZƏ ZİYAN GƏTİRMƏZDƏN ƏVVƏL ONU NECƏ ÜSTƏLƏMƏLİ

Narahatlığı qəlbinizdən necə sıxışdırıb çıxarmalı

Marion C.Duqlasın bir neçə il əvvəl öz həyat əhvalatını danışdığı həmin axşamı mən heç vaxt unutmayacağam. O, mənim kurslarıma gəlirdi (onun əsl adını çəkmirəm, çünki şəxsi səbəblərdən xahiş etmişdi ki, onun haqqında məlumat verməyim). Onun bir dəfə məşğələlərdə danışdığı əsl tarixçəsi budur. O danışırdı ki, ailəsinə faciə üz vermişdi, özü də bir yox, iki dəfə. Birinci dəfə o, dəli kimi sevdiyi beş yaşlı qızını itirdi. O və həyat yoldaşı fikirləşirdilər ki, bu dərdə dözə bilməyəcəklər. “Lakin üstündən on ay keçəndən sonra, – o danışırdı, – Tanrı bizə başqa balaca qız bəxş etdi və o da beş gündən sonra öldü.

Bu ikiqat zərbə bizim axırımıza çıxdı. Mən nə yata bilirdim, nə yeyə, nə dincələ, nə də özümü toxtada bilirdim. Əsəblərim tamam pozulmuşdu və həyata inamı itirdim”.

Nəhayət, o, həkimlərə müraciət etdi. Həkimlərdən biri ona yuxu dərmanları təyin elədi, bir başqası səyahətə çıxmağı tövsiyə etdi. O, bu məsləhətlərin hər ikisini yerinə yetirməyə çalışırdı, amma heç nə alınmırdı. O danışırdı: “Məndə belə hiss var idi ki, bədənim sanki mancanağın arasındadır və o, getdikcə daha bərk sıxılır”. Onun üzərini dərd almışdı. Əgər nə vaxtsa hüzn sizi mənəvi cəhətdən iflic etmişdirsə, onun nələr keçirdiyini başa düşərsiniz.

“Lakin şükür olsun Tanrıya ki, mənim bir uşağım qalırdı: dördyaşlı oğlum. O, mənə problemimi həll etməyə kömək elədi. Bir dəfə günortaçağı öz-özümə yazığım gələ-gələ tənha oturduğum vaxt o, mənə müraciət etdi: “Ata, sən mənə qayıq düzəldəcəksən?” Qayıq düzəltməyə mənim qətiyyən həvəsim yox idi; əslində isə heç nə edə bilmirdim. Amma oğlum – çox inadkar uşaqdır. Təslim olmaq məcburiyyətində qaldım. Oyuncaq qayığın düzəldilməsi üç saat vaxtımı aldı. Qayıq hazır olanda başa düşdüm ki, uzun aylar ərzində ilk dəfə ruhi sakitlik vəziyyətində idim.

Bu kəşf məni letargiya halından çıxardı və situasiyanı dərk etməyə məcbur elədi. Uzun aylar ərzində ilk dəfə idi ki, fikirləşirdim. Başa düşdüm ki, planlaşdırma və ölçüb-biçmə ilə bağlı fəaliyyətlə məşğul olduğumuz vaxt narahatlığı adlamaq mümkündür. Beləliklə, qayığı düzəltmək dərdimi yüngülləşdirdi. Özümü həmişə məşğul etməyi qərara aldım.

Növbəti axşamı otaqları gəzməyə, düzəldilməsi tələb olunan işlərin siyahısını tutmağa başladım. Çox şeyin təmirə ehtiyacı var idi: kitab rəfləri, pilləkənin pillələri, pəncərələrin ikinci çərçivələri, pərdələr, qapının dəstəkləri, qıfıllar, axan su kranları. Ağlasığmaz görünə bilər ki, iki həftə ərzində özüm üçün 242 iş aşkar etdim.

Son iki il ərzində bu işlərin əksəriyyətini yerinə yetirdim. Bundan başqa, öz həyat tonusumu stimullaşdıran fəaliyyətlə məşğul olmağa başladım. Həftədə iki dəfə Nyu-Yorkda yaşlılar üçün təhsil kurslarına gedirəm. Doğma şəhərimdə ictimai fəaliyyətlə məşğulam və hazırda məktəblərin idarə olunması üzrə komissiyanın sədri seçilmişəm. Çox sayda iclasda iştirak edirəm. Qırmızı Xaçın fonduna pul yığılmasına kömək edir və digər fəaliyyət növləriylə məşğul oluram. İndi o qədər bərk məşğulam ki, narahat olmağa vaxtım belə yoxdur”.

Narahat olmağa vaxtım yoxdur! Uinston Çörçill müharibənin ən qızğın çağında sutkada on səkkiz saat işləyəndə məhz bu haqda demişdi. Onun üzərinə düşən çox böyük məsuliyyətlə bağlı narahat olub-olmadığını Çörçildən soruşanda o cavab vermişdi: “Mən həddən çox məşğulam ki, narahat olmaq üçün vaxtım qalsın?!”.

Avtomobil üçün avtomatik starterin ixtira olunması üzərində işləyəndə Çarlz Ketterinq də eyni vəziyyətə düşmüşdü. Sonralar cənab Ketterinq “Ceneral Motors” firmasının vitse-prezidenti olmuşdu. O, təqaüdə yalnız bu yaxınlarda çıxmışdı. cənab Ketterinq “Ceneral Motors” firmasının bütün dünyada məşhur olan elmi tədqiqatlar üzrə korporasiyasına başçılıq edirdi. Amma öz fəaliyyətinin başlanğıcında o, elə yoxsul idi ki, laboratoriyasını tövlədə qurmağa məcbur olmuşdu.

O, ərzağın haqqını ödəmək üçün pulu həyat yoldaşının pianoda çalmaq dərslərindən aldığı min beş yüz dollardan götürmək məcburiyyətində qalmışdı. Bir qədər də sonra öz sığortasını girov qoyaraq beş yüz dollar borc almağa vadar oldu. Mən onun həyat yoldaşından belə bir ağır dövrdə narahat olub-olmadığını soruşdum. “Hə, – cavab verdi o, – elə bərk həyəcanlanmışdım ki, heç gözümə yuxu da getmirdi, amma cənab Ketterinq sakit idi. O, öz işinə həddən artıq bərk aludə olmuşdu ki, hələ bir narahat da olaydı”.
Böyük alim Paster deyirdi ki, “ruhi sakitliyi kitabxanalarda və laboratoriyalarda tapmaq olar”. Niyə məhz orada? Ona görə ki kitabxanalarda və laboratoriyalarda, adətən, insanlar elmi problemlərlə həddən ziyadə bərk məşğul olurlar və onların özləriylə bağlı narahatlığa vaxtları olmur. Alimlər əsəb pozuntularını nadir hallarda keçirirlər. Onların bu “ləzzəti” dadmağa vaxtları yoxdur.

Məşğul olmaq kimi adi bir şey nə üçün narahatlığı sıxışdırıb çıxarmağa kömək edir? Bu, psixologiyanın müəyyən etdiyi ən əsas qanunlardan biri ilə izah olunur. Həmin qanun aşağıdakından ibarətdir: istənilən, hətta ən parlaq insan beyni üçün eyni bir zaman kəsiyində bir fikirdən artıq nə isə barədə düşünmək qeyri-mümkündür. Siz buna o qədər də əmin deyilsiniz? Nə etmək, onda gəlin eksperiment keçirməyə cəhd edək.

Tutaq ki, siz kreslonun söykənəcəyinə yayılırsınız, gözlərinizi yumur və eyni vaxtda Azadlıq heykəli və sabah səhər nə edəcəyiniz barədə fikirləşməyə cəhd edirsiniz (Bunu etməyə çalışın.).

Siz görəcəksiniz ki, bu və o biri barədə eyni vaxtda yox, növbə ilə fikirləşmək mümkündür. Aydın məsələdir ki, eyni şey bizim emosiyalarımız sahəsində də baş verir. Biz maraqlı işlə bağlı ruhi gümrahlıq, entuziazm keçirə və eyni zamanda da sıxıntılı əhvalda ola bilmirik. Emosiyaların bir növü o birini sıxışdırıb çıxarır. Orduda işləyən psixiatrlara müharibə dövründə möcüzələr törətməyə məhz bu sadə kəşf imkan vermişdi.

Əsgərlər döyüş meydanından yaşadıqları elə dəhşətli sarsıntılarla qayıdırdılar ki, onları “psixonevrotik” adlandırır, hərbi həkimlər onlara dərman qismində “özünü nə iləsə məşğul etməyi” təyin edirdilər.

Yaşadıqlarından əsəb sistemləri sarsılan bu insanların həyatının hər dəqiqəsi fəaliyyətlə doldurulmuşdu. Bu, adətən, təmiz havada keçirilirdi. Onlar balıq tutmaqla, ovla, topla oynamaqla, qolf oyunu ilə, fotoşəkil çəkməklə, bağçılıq və rəqslərlə məşğul olurdular. Yaşadıqları dəhşətləri xatırlamağa onların vaxtı qalmırdı.

“Əmək terapiyası” – bu, psixiatriyada istifadə edilən, dərman qismində əməyin təyin olunduğu termindir. Bu, yeni deyil. Qədim yunanıstanlı həkimlər əmək terapiyasını bizim eramızdan hələ beş yüz il əvvəl təyin edirdilər.

Kvakerlər əmək terapiyasını Filadelfiyada Ben Franklinin dövründə tətbiq edirdilər. 1774-cü ildə kvakerlərin sanatoriyasını ziyarət edən bir nəfər ruhi xəstə olan pasientlərin yun əyirdiklərini görəndə heyrətlənmişdi. O, bədbəxtlərin istismar olunduğunu zənn etmişdi. Amma kvakerlər izah etdilər ki, pasientlər gücləri çatan fəaliyyətlə məşğul olanda onların sağlamlığı, həqiqətən də, yaxşılaşırdı. Bu, əsəbləri sakitləşdirirdi.

İstənilən psixiatr sizə deyər ki, iş – əmək fəaliyyəti – əsəb xəstəliyinə tutulmuş adamlar üçün ən yaxşı dərmandır. Henri U.Lonqfello bunu cavan həyat yoldaşını itirəndə başa düşmüşdü. Bir dəfə onun xanımı balaca surğuc tikəsini şamın alovunda əritmək istəyəndə od qəfildən paltarına düşmüşdü. Lonqfello həyat yoldaşının qışqırıqlarını eşitdi və onu xilas eləməyə çalışdı. Lakin artıq gec idi. Qadın yanıqlardan vəfat etdi. Lonqfello bir müddət bu qorxunc hadisədən o qədər sarsılmışdı ki, az qala havalanmışdı.

Lakin, bəxtindən, üç uşağı onun diqqətinə möhtac idi. Öz dərdinə baxmayaraq, Lonqfello onlar üçün həm ata, həm də ana oldu. O, uşaqları gəzməyə aparır, onlara nağıllar danışır, onlarla oyunlar oynayırdı. O, uşaqlarla ünsiyyətini özünün ölməz “Uşaq saatı” poemasında həkk etdi. Eyni vaxtda da o, Danteni tərcümə eləməyə girişdi və bütün bu işlərin sayəsində daim məşğul olurdu və öz dərdini tamamilə unutdu.

Ruhi tarazlığını o yalnız bu cür əldə edə bildi. Tennison ən yaxın dostu Artur Hallamı itirəndə demişdi: “Mən özümü fəaliyyətdə itirməliyəm, əks-təqdirdə, xiffət məni qurudacaqdır”.

Bizlərdən əksəriyyətimizə “özümüzü fəaliyyətin içində itirmək” çətin deyil, axı biz bütün günü xidməti vəzifəmizi yerinə yetirir və dələ təkərdə olduğu kimi fırlanırıq. Lakin bizim işdən sonrakı vaxtımız qalır, onlar isə ən qorxuludur. Biz məhz dincəlməkdən həzz alanda və elə bil ki, özümüzü ən bəxtəvər insan duymalı olanda pusquda duran narahatlıq iblisi bizim başımızın üstünü alır. Axı həyatda heç nəyə nail olmadığımız, elə öz yerimizdə təpik döydüyümüzlə bağlı düşüncələrə biz məhz elə həmin dəqiqələrdə dalırıq; bizə belə gəlir ki, rəis bizə irad tutanda “nə isə demək istəyirmiş” və ya dazlaşmağa başlamağımızdan pərişan oluruq.

Biz məşğul olmayanda beynimiz vakuum halına yaxınlaşmaq tendensiyasına malikdir. Hər bir tələbə-fizik bilir ki, “təbiət boşluğa imkan vermir”. Bizim nə vaxtsa görə biləcəyimiz vakuumun ən yaxın bənzəri – bu, qızma ilə yanan elektrik lampasının içərisidir: bu lampanı sındırın – və təbiət nəzəri olaraq boş olan bu məkanı doldurmaq üçün havanı güclə itələyib ora salacaq.

Heç nə ilə məşğul olmayan beyni dolduran da elə təbiətdir. Nə ilə? Bir qanunauyğunluq kimi emosiyalarla. Niyə? Ona görə ki narahatlıq, qorxu, nifrət, qısqanclıq və paxıllıq kimi emosiyalar ibtidai qüvvə və cəngəlliklərin dinamik enerjisi ilə hərəkətə gətirilir. Bu cür emosiyalar elə güclüdür ki, onlar bizim qəlbimizdən sakit, xoşbəxt fikirlərin və hisslərin hamısını sıxışdırıb çıxarır.

Kolumbiya dairəsi, Müəllim Kollecində pedaqogika üzrə professor Ceyms L.Mersell bu fikri aşağıdakı sözlərlə çox yaxşı ifadə edib: “Narahatlıq sizi xüsusilə fəaliyyət göstərdiyiniz vaxt yox, günün işləri qurtarandan sonra gəmirib dağıdır. Bu vaxt təxəyyülünüz guya məruz qaldığınız həyat uğursuzluqlarının sarsaq mənzərələrini təsvir edir və ən xırdaca səhvi belə şişirdib böyüdür”.

“Həmin vaxt, – o davam edir, – beyniniz faydalı iş görmədən işləyən mühərriki xatırladır. O, dəlisov sürətlə işləyir və diyircəkli yastıqların yanması və ya onların tamamilə məhv olması təhlükəsi yaranır. Narahatlıqdan müalicə olunmaq üçün konstruktiv nə isə bir iş görməklə özünü tamamilə məşğul etmək zəruridir”.

Bu həqiqəti dərk etmək və onu praktikada tətbiq etmək üçün kollec professoru olmaq mütləq deyil. Müharibə dövründə mən Çikaqodan olan bir evdar qadınla tanış olmuşdum ki, o, özü üçün etdiyi kəşfi mənə danışmışdı: “Narahatlıqdan ən yaxşı dərman – insanın bütün vaxtını və qüvvəsini alan fəaliyyətdir”. Mən bu qadın və onun əri ilə Nyu-Yorkdan Missuridəki fermama gedəndə qatarın vaqon-restoranında tanış olmuşdum (Əfsus ki, onların adlarını soruşmadım – insanların adlarını və ünvanlarını göstərmədən nümunələr göstərməyi xoşlamıram. Bu cür təfərrüatlar əhvalatın gerçək olduğuna dəlalət edir.).

Bu cütlük danışdı ki, onların oğlanları silahlı qüvvələrə Perl-Harbordan sonrakı gün daxil olmuşdu. Qadın öz yeganə oğlu barədə daim narahat olurdu, bu, onun sağlamlığını, demək olar, sarsıtmışdı. O, indi haradadır? Təhlükəsiz yerdədirmi? Yoxsa döyüşdədir? O, yaralı deyilmi? Həlak olubmu?

Öz narahatlığını necə üstələyə bildiyini ondan soruşanda qadın cavab verdi: “Mən məşğul idim”. Demə, o, hər şeydən əvvəl, öz qulluqçusunu buraxır və bütün ev işlərini özü etməyə başlayır. Lakin bunun o qədər də köməyi olmadı. “Bəla bunda idi ki, – deyirdi o, – mən ev işlərini, demək olar, avtomatik surətdə edirdim, beynim fəaliyyətsiz qalırdı. Buna görə də narahat olmaqda davam edirdim. Yorğan-döşəyi səliqəyə salanda və qab-qaşığı yuyanda başa düşürdüm ki, mənə başqa, günün hər saatında fiziki və zehni qüvvələrimin cəmləşdirilməsini tələb edəcək iş lazımdır. Onda iri universal mağazada satıcı işləməyə başladım”.

“Bu, mənə kömək elədi, dərhal aktiv fəaliyyətin burulğanına düşdüm: alıcılar daim ətrafımda yığışır, qiymətləri soruşur, ölçülər və rənglərlə maraqlanırdılar. Bilavasitə öz vəzifəmdən başqa nə isə barədə fikirləşməyə bir saniyə belə vaxtım qalmırdı. Axşam düşəndə isə yalnız ayaqlarımdakı ağrılardan necə yaxa qurtarmaq barədə fikirləşirdim. Şam yeməyindən dərhal sonra yatağa uzanır və ölü kimi yuxuya gedirdim. Narahat olmaq üçün nə vaxtım, nə də halım var idi”.

O, özü üçün Con Kuper Pouisin yazdığı “Xoşagəlməzləri unutmaq sənəti” kitabında haqqında danışdığını kəşf etmişdi: “Özünə tapşırılan işə büsbütün aludə olanda insanın əsəblərini hansısa bir xoş təhlükəsizlik hissi, hansısa dərin daxili rahatlıq, özünəməxsus bəxtəvər unutqanlıq sakitləşdirir”.

Bizim xoşbəxtliyimiz məhz elə bundadır. Dünyada ən məşhur səyahətçi qadın olan Ousa Conson bu yaxınlarda mənə öz narahatlığını və qüssəsini necə adladığını danışmışdı. Ola bilsin, siz onun həyat tarixçəsini oxumusunuz. Bu, “Mən macəralarla qohum oldum” adlandırılıb. Əgər hansısa bir qadın macəralarla qohum olubsa da, bu məhz elə odur. Martin Conson onunla Ousonun on altı yaşı olanda evlənmişdi. Martin xanımını Kanzas ştatının Çanuta şəhərinin səkilərindən Borneonun vəhşi cəngəlliklərinin cığırlarına köçürtdü.

Kanzasdan olan bu cütlük Asiya və Afrikanın nəsli yer üzərindən silinmək üzrə olan vəhşi heyvanları haqqında filmlər çəkə-çəkə dörddəbir əsr ərzində bütün dünyanı gəzmişdi. Doqquz il əvvəl onlar Amerikaya qayıtdılar və mühazirə və kinofilmlərlə ölkə üzrə səyahətə çıxdılar. Onlar Denverdən təyyarə ilə qalxdılar, okean sahilində yerə enməli idilər. Lakin təyyarə dağa çırpıldı. Martin Conson həmin məqamdaca həlak oldu.

Həkimlər Ousaya dedilər ki, o, yataqdan heç vaxt qalxmayacaq. Amma onlar Ousa Consonu tanımırdılar. Üç aydan sonra o, əlil arabasında hərəkət edir və çox böyük auditoriyaların qarşısında mühazirələrlə çıxış edirdi. Həqiqətən də, o, yüzdən çox mühazirə oxumuşdu və hamısını da əlil arabasında otura-otura. Mən ondan bunu nə üçün etdiyini soruşanda Ousa cavab verdi: “Bunu ona görə edirdim ki, qüssə və narahatlıq üçün vaxtım qalmasın”.

Ousa Conson Tennisonun bir əsrə yaxın bundan əvvəl vəsf etdiyi həqiqəti aşkar etmişdi: “Mən özümü fəaliyyətdə itirməliyəm, əks-təqdirdə, xiffət məni qurudacaqdır”.

Admiral Berd eyni həqiqəti Cənub qütbünü örtən nəhəng buz çanağının altında, beş ay ərzində tam tənhalıqda yaşadığı vaxt kəşf etmişdi. Bu buz çanağı təbiətin ən qədim sirlərini özündə gizlədir və ABŞ ilə Avropanın ərazisi birlikdə götürülərsə, ondan böyük olan naməlum kontinenti örtür. Admiral Berd beş ayını tamamilə tək orada keçirmişdi. Ətrafdakı yüzlərlə mil məsafədə bir canlı belə yox idi.

Soyuq o qədər qatı idi ki, qarşıdan əsən külək onun sifətinə vuranda o, buraxdığı nəfəsin necə donduğunu və kristallaşdığını eşidirdi. Yazdığı “Təkcə mən” kitabında admiral Berd əbədi, insanın qəlbini parçalayan zülmətdə keçirdiyi beş ay haqqında müfəssəl bəhs edir. Günlər də gecələr olduğu kimi qaranlıq idi. Dəli olmamaq üçün özünü daim məşğul etməli idi.

“Axşam, – deyə o yazır, – fənəri üfləyib söndürməzdən əvvəl, adətim üzrə, sabah üçün öz işlərimi bölüşdürürdüm. Məsələn, xilas tonelinin təmizlənməsi üçün özümə bir saat, küləyin yığdığı qar topalarının təmizlənməsinə yarım saat, bir saat yanacaq dolu dəmir çəlləklərin qoyulması, bir saat ərzaq üçün tonelin divarlarında kitab rəflərinin kəsilməsi, adamları və yük daşımaq üçün nəzərdə tutulan kirşənin dağılmış xizəyinin təmirinə iki saat vaxt… təyin edirdim”.

“Vaxtı bu cür bölüşdürmək ixtiyarında olmaq, – o xatırlayırdı, – əla idi. Bu, mənə özüm üzərində istisnasız nəzarət ixtiyarını qazanmağa imkan verdi…” Və əlavə edir: “Bunsuz günlər məqsədsiz keçərdi, məqsədsiz həyat isə bir qanunauyğunluq olaraq şəxsiyyətin deqradasiyasına gətirir”.

Sonuncu ifadəyə diqqət yetirək: “Məqsədsiz həyat bir qanunauyğunluq olaraq şəxsiyyətin deqradasiyasına gətirir”.

Əgər siz və mən nədənsə narahatıqsa, gəlin köhnə-qədim müalicə vasitəsi – iş haqqında xatırlayaq. Harvardda klinik səhiyyə üzrə keçmiş professor, mərhum doktor Riçard S.Kebot kimi nüfuz sahibi bu haqda danışırdı. “İnsanların həyatının mənası nədədir” kitabında o yazırdı: “Həkim olanda mən insanların üzərində hakim kəsilən şübhələr, tərəddüdlər və qorxunun meydana çıxardığı “ən əziz” – ruhun iflicindən əziyyət çəkən çox-çox insanı əməyin necə sağaltdığını sevinclə müşahidə edirdim… Öz işimizin bizə verdiyi mərdlik – bu, Emersonun bütün dövrlər üçün şöhrətləndirdiyi, özünün özünə etibarıdır, demək olar ki”.

Əgər biz məşğul deyiliksə, oturur və qüssə çəkiriksə, onda bizə Çarlz Darvinin, adətən, “qüssə ruhları” adlandırdığı varlıqların bütöv qoşunları baş çəkir. Bu ruhlar – bizim qəlblərimizi səhralığa çevirən və bizim fəaliyyət göstərmək qabiliyyətimizi və iradəmizin gücünü məhv edən, əzəldən kinli cırtdanlar kimi tanınan varlıqlardan başqa bir şey deyil.

Mən Nyu-Yorkda bir işgüzar adam tanıyıram ki, o, bu işlə çox ciddi məşğul olması sayəsində həmin cırtdanlara qalib gəlmişdi və onun əsəbiləşmək və həyatdan gileylənmək üçün vaxtı qalmırdı. Onun adı Tremper Lonqmendir. Bu adamın kontoru Uoll-Stritdə yerləşir. O, mənim yaşlılar üçün kurslarımın dinləyicisi idi. Onun narahat olmaq vərdişinə üstün gəlməklə bağlı əhvalatı mənə o qədər maraqlı və təəssüratlandırıcı göründü ki, onu məşğələlərdən sonar restoranda birlikdə şam yeməyinə dəvət elədim. Biz, demək olar, səhərə qədər oturduq. O, mənə öz həyatının tarixçəsini danışdı:

“On səkkiz il əvvəl o qədər narahat idim ki, məndə yuxusuzluq baş qaldırmışdı. Mən daim gərginlikdə idim, həmişə hirslənir və əsəbiləşirdim. Əsəb pozuntusu astanasında idim.

Narahat olmaq üçün səbəblərim var idi. Mən Nyu-Yorkda yerləşən “Frut ənd Ekstrakt” firmasının xəzinədarı idim. Biz həcmi bir qallon olan şüşə bankalara qablaşdırılan çiyələk ticarətinə yarım milyon dollar yatırmışdıq. İyirmi il ərzində bu bankaları dondurma istehsal edən firmalara satırdıq. Ticarətimiz gözlənilmədən dayandı, çünki “Neşnl Dyeeri” və “Bordens” kimi iri firmalar dondurma istehsalını kəskin artırmağa başladılar və pula, həmçinin də vaxta qənaət etmək məqsədilə çəlləklərə qablaşdırılan çiyələk almağa başladılar.

Bizim itkimiz yalnız milyon yarım dollara aldığımız giləmeyvəni sata bilməməklə məhdudlaşmırdı, biz həm də əlavə çiyələk partiyası almaq üçün milyon dollar qiymətində kontrakt da bağlamışdıq. Həmin kontrakt yaxın on iki ay ərzində qüvvədə idi. Banklardan artıq üç yüz əlli min dollar borc almışdıq. Biz nə borcu qaytara, nə də borcun qaytarılma müddətini uzada bilirdik. Qəribə deyildi ki, mən bərk narahatlıq içində idim.

Kaliforniya ştatına, bizim firmanın yerləşdiyi Uotsonvill şəhərinə cumdum. Firmanın prezidentini inandırmağa çalışdım ki, şərait dəyişib və bizi tam müflis olmaq gözləyir. O, buna inanmaqdan imtina edirdi. O hesab edirdi ki, bizim uğursuzluqlarımızın günahkarı – məhsulu sata bilməyən Nyu-York kontorudur.

Onu çiyələyin bankalara qablaşdırılmasının dayandırılmasına və bizim ehtiyatımızın hamısını San-Fransiskoda təzə giləmeyvə bazarında satmağa inandırmaq üçün mən bir neçə gün sərf etdim. Bu, problemimizi, demək olar, bütünlüklə həll elədi. Mən narahat olmağıma gərək dərhal son qoyaydım, lakin bu artıq özümdən asılı deyildi. Narahat olmaq – bu, vərdişdir və buna artıq adət etmişdim.

Nyu-Yorka qayıdandan sonra istənilən səbəbə görə narahat olmağa başladım: İtaliyadan aldığımız albalılara görə, Havay adalarında alınan ananaslara görə və s. Büsbütün gərginləşmişdim, əsəbi olmuşdum, yata bilmirdim. Artıq dediyim kimi, məni əsəb pozuntusu hədələyirdi.

Əlacsızlıqdan elə bir həyat tərzi sürməyə başladım ki, bu, mənə yuxusuzluqdan və narahatlıqdan yaxamı qurtarmağa imkan verdi. Özümü işlə yüklədim. Öz üzərimə bütün qabiliyyətlərimin cəmləşdirilməsini tələb edən işlər götürdüm. Beləcə, narahatlıq üçün vaxtım qalmırdı. Adətən, gündə yeddi saat işləyirdim. İndi isə gündə on beş və on altı saat işləməyə başladım. Kontorumuza hər gün saat səkkizdə gəlirdim və demək olar, gecəyarıya qədər orada qalırdım. Üzərimə yeni vəzifələr, yeni məsuliyyət götürdüm. Gecəyarı evə gələndə o qədər əldən düşmüş olurdum ki, dərhal yatağa girir və bir neçə saniyədən sonar yuxulayırdım.

Mən bu proqrama üç ay ərzində əməl etdim. Bu müddət ərzində narahat olmaq vərdişimə üstün gələ bildim və yenə də gündə yeddi-səkkiz saat işləməyə başladım. Bu hadisə on səkkiz il əvvəl baş vermişdi. O vaxtdan mən artıq yuxusuzluqdan əziyyət çəkmirəm və narahat olmaqdan yaxamı qurtarmışam”.

Corc Bernard Şou haqlı idi. O, bütün bunlara xülasə verərək demişdi: “Bədbəxtçiliklərimizin sirri bundadır ki, xoşbəxt olub-olmadığımız üzərində fikirləşmək üçün boş vaxtımız həddən artıq çoxdur”.

Beləliklə, gəlin bu barədə düşüncələrimizə son qoyaq. Qollarınızı çırmayın və işlə məşğul olun, qanınız daha aktiv dövr etməyə başlayacaq; beyniniz daha sürətlə işləməyə başlayacaq. Və çox tezliklə həyat tonusunuz yüksələcək ki, bu da sizə narahatlığı unutmağa kömək edəcəkdir. Özünüzü məşğul edin. Həmişə məşğul olun. Bu, yer üzərində ən ucuz və ən yaxşı dərmanlardan biridir.

Narahat olmaq vərdişi sizə ziyan gətirməzdən əvvəl onu üstələmək üçün birinci qaydanı yerinə yetirin:

Özünüzü məşğul edin. Narahatlıqdan əziyyət çəkən adam özünü işdə tamamilə unutmalıdır, əks-təqdirdə, o, naəlaclıqdan quruyar.

Boş-boş şeylərin sizi sarsıtmasına imkan verməyin

Bu yerdə, çox güman ki, ömrümün sonuna qədər yaddan çıxarmayacağım bir əhvalat yadıma düşdü: onu mənə Nyu-Cersi ştatının Meyplvud şəhərində yaşayan Robert Mur danışmışdı.

“Ömrümün ən vacib dərsini 1945-ci ilin mart ayında aldım, – deyə o söhbətinə başladı. – Mən bu dərsi Hind-Çin sahilləri yaxınlığında dənizin 276 fut dərinliyində almışdım. “Bayya S.S. 318” sualtı qayığının bortunda olan səksən səkkiz nəfərdən biri də mən idim. Radarın köməyi ilə biz aşkar etdik ki, sualtı qayığımıza elə də böyük olmayan yapon konvoy gəmisi yaxınlaşır. Səhər havanın işıqlanan vaxtı olardı, biz hücuma keçmək üçün dərinliyə baş vurduq. Periskopdan baxanda yapon keşik gəmisini, tanker və mina-çəpərləyici gəmisini gördüm. Keşikçi gəmisinə üç torpedo buraxdıq, lakin hədəfə dəymədik.

Torpedonun hər birinin mexanizmində nə isə sıradan çıxmışdı. Keşikçi gəmi ona nəyin hücum etdiyini bilmədiyindən öz kursu ilə getməkdə davam edirdi. Biz axırda gedən gəmiyə, mina-çəpərləyici gəmisinə hücum etməyə hazırlaşırdıq ki, o, qəfildən döndü və düz bizim üstümüzə gəlməyə başladı (yapon təyyarəsi bizi altmış fut dərinlikdə aşkar etmişdi və mövqeyimizi radio ilə yapon minaçəpərləyiciyə bildirmişdi).

Biz 150 fut dərinliyə endik ki, sualtı qayığımızın yerini müəyyən etmək mümkün olmasın və üzərimizə dərinlik mərmiləri ilə hücum ediləcəyinə hazırlaşdıq. Lyuklara əlavə boltlar taxdıq; sualtı qayığımızın hərəkətinin tamamilə səssiz olması üçün isə ventilyatorları, soyutma sistemini və elektrik cihazlarının hamısını söndürdük.

Üç dəqiqədən sonra qarşımızda cəhənnəmin qapıları açıldı. Yan-yörəmizdə altı dərinlik mərmisi partladı və partlayış dalğası bizi okeanın dibinə, 276 fut dərinliyə atdı.

Dəhşət içində idik. Belə dərinlikdə hücuma məruz qalmaq təhlükəli, 500 fut dərinlikdə isə bu, demək olar, ölümcül hesab olunur. Bizə isə 250 futdan azacıq çox dərinlikdə hücum etmişdilər. Odur ki, hər hansı bir təhlükəsizlikdən heç söhbət də gedə bilməzdi. Yapon mina-çəpərləyicisi on beş saat ərzində dərinlik mərmilərini atmaqda davam edirdi. Əgər mərmilər sualtı qayığın on yeddi fut həndəvərində partlayırlarsa, onda gəmidə çatlar əmələ gəlir. Əlli fut həndəvərimizdə partlayan dərinlik mərmilərini saymaq çətin idi.

Bizə “özümüzün təhlükəsizliyimizi təmin etmək” – çarpayılarımızda sakitcə uzanmaq və öz üzərimizdə nəzarəti itirməmək əmr olunmuşdu. Elə qorxmuşdum ki, güclə nəfəs ala bilirdim. “Bu, ölümdür, – deyirdim özlüyümdə yenə və yenə, – bu, ölümdür!..” Ventilyatorlar və soyuducu sistem söndürüldüyündən sualtı qayığın içərisində temperatur 100 dərəcədən keçmişdi, lakin qorxunun təsirindən mənə soyuq idi, məni heç əynimə geyindiyim sviter və xəz altlıqlı gödəkcə də qızışdırmırdı. Soyuqdan titrəyirdim. Dişlərim taqqıldayırdı. Dərimin üzərində soyuq, yapışqan tər əmələ gəlirdi. Hücum on beş saat davam elədi. Sonra qəfildən kəsildi. Çox güman, yapon mina-çəpərləyicisi dərin mərmi ehtiyatını tamam istifadə etmiş və üzüb getmişdi. Bu on beş saat hücum sanki on beş milyon il kimi uzanırdı.

Həmin vaxt ərzində bütün həyatım xatirəmdə canlandı. Ömrümdə etdiyim pis nə var idisə və barəsində narahat olduğum xırda xoşagəlməzliklərin hamısı yadıma düşdü. Dəniz donanmasında xidmətə qədər bankda klerk işləyirdim. Mən çox işləmək lazım gəldiyinə, əməkhaqqımın isə çox miskin olduğuna və vəzifədə irəliləyişimə, demək olar, heç bir ümidim olmadığına görə narahat olurdum. Yaşadığım ev mənə məxsus deyildi, özümə təzə maşın, öz həyat yoldaşıma gözəl paltarlar ala bilmədiyimə görə narahat olurdum.

Öz rəisimə – daim deyinən və məndə nöqsan axtaran qocaya necə də nifrət edirdim! Yadımdadır, çox vaxt axşam evə hirsli, narazı gəlir və həyat yoldaşımla boş şeylərə görə sözləşirdim. Avtomobil qəzasından sonra alnımda qalan çapıq məni narahat edirdi.

Əvvəllər mənə belə gəlirdi ki, bu xoşagəlməz hallar çox böyükdür. Lakin dərinlik mərmiləri məni o biri dünyaya göndərməklə hədələyəndə onlar mənə necə də cılız görünürdü. Onda özümə and içdim ki, əgər mənə bir daha günəşi və ulduzları görmək nəsib olarsa, bundan sonra artıq heç vaxt, heç vaxt narahat olmayacağam. Heç vaxt!!! Heç vaxt!!! Heç vaxt!!! Həmin on beş dəhşətli saat ərzində mən yaşamaq sənəti barədə Sirakyus Universitetində kitablardan təhsil aldığım dörd ildə olduğundan çox şey öyrəndim”.

Biz çox vaxt ağır həyat sarsıntıları baş verən vaxt özümüzü dəyanətli aparırıq, ardınca isə boş şeylərə, xırda sancmalara özümüzü yıxmağa imkan veririk. Baxın, məsələn, Harri Veynin edam edilməsi barədə Semyuel Pepis öz gündəliyində nə danışır. O, Veynin başının Londonda camaatın gözü qarşısında necə kəsildiyini görmüşdü. cənab Harri edam meydançasına qalxanda o, həyatının saxlanması üçün yalvarmırdı, o, cəllada yalvarırdı ki, boynundakı, ona olmazın ağrı verən çibana toxunmasın.

İnsanın eynilə həmin səciyyəvi cəhətini admiral Berd qütb gecələrinin dəhşətli soyuğunda və qaranlığında aşkar etmişdi. O deyirdi ki, tabeçiliyində olanlar ciddi məsələlərdən çox boş şeylərə görə əsəbiləşirdilər. Onlar təhlükələrə, həyatın ağır şəraitinə, çox vaxt 80 dərəcədən aşağı olan soyuğa dəyanətlə sinə gərirdilər. “Lakin hərdən olurdu ki, – deyə admiral Berd danışırdı, – iki ürək dostu biri o birisinin öz alətlərini onun üçün ayrılan yerə qoyduğundan şübhələndiyinə görə bir-biri ilə danışmırdı. Mən bir nəfəri tanıyırdım, o, yeməkxanada yalnız o vaxt əyləşə bilirdi ki, tikəsini ağzında iyirmi səkkiz dəfə cidd-cəhdlə çeynəyəndən sonra udan fletçeristi görmədiyi yer tapmış olsun”.

“Qütb arxasındakı düşərgədə bu cür boş şeylər, – deyirdi admiral Berd, – hətta intizamlı adamları da havalanmaq dərəcəsinə çatdırmağa qadir idi”.

Və siz admiral Berdə əlavə edə bilərdiniz ki, ailə həyatında da boş şeylər adamları havalanmaq dərəcəsinə çatdırır və “dünyadakı ürək xəstəliklərinin yarısını” meydana çıxarır.

Hər halda, mütəxəssislər belə hesab edirlər. Məsələn, qırx mindən çox boşanma prosesini keçirmiş Çikaqodan olan hakim bildirir: “Uğursuz nikahların əksəriyyətinin əsasında boş şeylər durur”. Nyu-York dairəsinin prokuroru Frenk S.Hoqan isə deyib: “Bizim məhkəmələrimizdə baxılan cinayət işlərinin yarısı boş şeylərdən baş verib. Kafe-barlarda dəliqanlılıq, evdə deyişmələr, təhqiredici iradlar, hörmətsiz söz, kobud zarafat – bunlar elə həmin boş şeylərdir ki, hücumlara və qətllərə aparır.

Bizlərdən çox azımız həyat tərəfindən qəddarcasına incik salınmışıq. Axı dünyada ürək xəstəliklərinin yarısını bizim şəxsi ləyaqət hissimizə edilən əhəmiyyətsiz həmlələr, təhqiramiz iradlar, bizim heysiyyətimizə toxunulması meydana çıxarır”.

Eleonora Ruzvelt birinci dəfə ərə gedəndə o, aşpazının yaxşı biş-düş eləmədiyinə görə “bütöv günlər ərzində narahat olurdu”. “Amma əgər indi belə olsaydı, – deyir missis Ruzvelt, – çiyinlərimi çəkər və bunu yaddan çıxarardım”. Nə gözəl! Yaşa dolmuş insanlar özlərini məhz elə bu cür də aparmalıdırlar. Hətta istisnasız despotizmi ilə seçilən II Yekaterina da aşpaz hansısa yeməyi xarab edəndə yalnız gülürdü.

Biz missis Karnegi ilə bir dəfə dostumuzun evində Çikaqoda nahar edirdik. O, əti doğrayarkən nəyisə düzgün eləmədi. Bu, mənim nəzərimə çarpmadı. Nəzərimə çarpmış olsaydı da, buna əhəmiyyət verməzdim. Amma onun həyat yoldaşı bunu gördü və bizim yanımızda onun üstünə düşdü. “Con, – deyə o qışqırdı, – nə etdiyini görmürsən? Özünü stolun arxasında aparmağı sən axı nə vaxt öyrənəcəksən!”

Ardınca o, bizə dedi: “O, həmişə səhv edir. O düzəlməyə heç cəhd də eləmir”. O, ola bilsin ki, əti düzgün doğramağa çalışmırdı, amma mən onun səbrinə heyran qalıram – o, bu qadınla iyirmi il necə yaşaya bilib. Açığını deyim ki, mən pekinsayaq bişirilmiş ördək və köpək balığının üzgəclərini yemək və bu cür həyat yoldaşının deyinmələrini eşitməkdənsə, daha çox xardal və sosiska ilə qidalanmağa üstünlük verərdim – amma dinclik şəraitində.

Bu ziyafətdən bir qədər sonra onlar bizə qonaq gəlmişdilər. Təşrif buyurmazdan bir qədər əvvəl xanım Karnegi gördü ki, üç əl salfeti süfrəyə uyğun deyil.

“Mən aşpazın yanına cumdum, – deyə o, qonaqlar gedəndən sonra mənə danışdı, – və öyrəndim ki, o biri üç salfet camaşırxanaya göndərilib. Qonaqlar artıq qapının qarşısında idilər. Salfetləri dəyişməyə vaxt yox idi. Özümü belə hiss edirdim ki, indicə hönkürtü vurub ağlayacağam. Mən yalnız bir şey haqqında fikirləşirdim: “Bu xırda səhlənkarlıq mənim bütün gecəmi axı niyə korlamalı idi?” Sonra isə fikirləşdim ki, axı mən buna niyə yol verməliyəm? Stolun arxasına gecəni yaxşı keçirmək qərarını möhkəm qət edərək əyləşdim. Və bütün ziyafət ərzində əla əhvali-ruhiyyədə oldum”.

“Dostlarımız məni tündməzac, əsəbi qadın hesab etməkdənsə, yaxşı olar ki, – dedi o, – qoy məni pinti evdar qadın hesab etsinlər. Hər halda (mənə məlum olduğu qədər), salfetlərə heç kim diqqət yetirmədi!”

Məşhur hüquq prinsipində deyilir: “De minimis поп curat lex” – “Qanun boş şeylərlə məşğul olmur”. Qayğıları başından aşan adam da boş şeylərə fikir verməməlidir – əgər o, ruhi sakitliyini qoruyub saxlamaq istəyirsə.

Boş şeylərə görə əsəbiləşməmək üçün əksər hallarda götürülərsə, bizə tələb olunan – beynimizdə məmnun olmağa istiqamətlənmiş yeni göstəriş yaratmaqdır. Dostum, “Onlar Parisi görməli idilər” və bir düjün də başqa kitabın müəllifi Homer Kroy bunu necə etmək lazım olduğu ilə bağlı heyrətamiz nümunə göstərir. O, yeni kitabının üzərində işlədiyi vaxt dəli olmaq həddinə çatmışdı. Homeri bu hala onun Nyu-Yorkda mənzilindəki istilik radiatorlarının cırıltısı çatdırmışdı. Buxar taqqıldayır və fışıldayırdı. Homer Kroy da yazı stolunun arxasında oturaraq əsəbindən fısıldayırdı.

“Və budur, – danışır Homer Kroy, – dostlarımla turist səyahətinə yollandım. Ocaqda yanan budaqların çartıltısına qulaq asa-asa fikirləşdim ki, bu, radiatorlardan gələn səsə oxşayır. Çartıldayan budaqların səsi niyə mənə bu qədər ləzzət verir, radiatorların səsi isə niyə xoşuma gəlmir? Evə qayıdanda özümə dedim: ocaqda budaqların çartıltısı sənə xoşdur, radiatorlardan gələn səs isə təqribən elə o cürdür. Mən yatmağa gedirəm və bu səs məni narahat etməyəcək. Elə belə də etdim. Bir neçə gün radiatorların səsini eşidirdim, lakin tezliklə onu tamamilə unutdum.

Boş şeylərin bir çoxu elə bu cür baş verir. Onlar bizə xoş deyil və bizi ağlımızı itirmək dərəcəsinə gətirir və bu ona görə belədir ki, biz boş şeylərin həyatımızda əhəmiyyətini olduğundan çox şişirdirik…”

Dizraeli demişdi: “Həyat çox qısadır ki, onu boş şeylərə israf edəsən”. “Bu sözlər mənə, – deyə Andre Morua “Zis Uik” jurnalında yazırdı, – bir çox çətinlikləri adlamağa kömək etdi. Biz nifrət etməli və unutmalı olduğumuz boş şeylərə görə öz kefimizin pozulmasına imkan veririk. Bizim bu torpaqda yaşamaq üçün vur-tut bir neçə onillik vaxtımız qalır, biz isə heç vaxt geri dönməyəcək bu qədər saatı bir ildən sonra unudacağımız inciklikləri götür-qoy etməklə itiririk. Ətrafımızdakı insanların hamısı da bunları unudacaq.

Xeyr, gəlin öz həyatımızı insana layiq olan hərəkətlərə və hisslərə həsr edək, qoy bizi möhtəşəm fikirlər, əsl bağlılıqlar, ölməz əməllər ruhlandırsın. Axı həyat həddindən çox qısadır, onu boş şeylərə israf etmə”.

Hətta Redyard Kiplinq kimi məşhur şəxsiyyət də hərdən unudurdu ki, “həyat həddindən artıq qısadır, onu boş şeylərə israf etmək olmaz”. Və nəticədə nə baş verdi? O və onun qaynı Vermontun tarixində ən qalmaqallı məhkəmə döyüşünə başladılar. Onların çəkişməsi o qədər məşhurlaşdı ki, onun haqqında kitab da yazdılar: “Redyard Kiplinqin Vermontda yaşamalı olduğu düşmənçilik”.

Həmin işin tarixçəsi təqribən belədir: Kiplinq Vermontdan olan bir qızla, Karolina Beylstirlə evləndi. O, Vermont ştatı, Brettlboro qəsəbəsində gözəl ev tikdirdi, orada qərarlaşdı və həyatının qalan hissəsini burada keçirməyə hazırlaşırdı. Onun qaynı, Bitti Beylstir Kiplinqin ən yaxın dostu oldu. Onlar birlikdə işləyir və əylənirdilər.

Sonra Kiplinq Beylstirdən torpaq sahəsi aldı. Lakin razılaşdılar ki, Beylstir hər il gəlib bu sahədəki otu biçəcək. Bir dəfə Beylstir görür ki, Kiplinq həmin çəmənlikdə bağ salmağı planlaşdırır. Onu hiddət götürür. Kiplinq də öz üzərində nəzarəti itirir və beləliklə, Vermontun yaşıl dağlarında atmosfer qızışır.

Üstündən bir neçə gün keçəndən sonra Kiplinq velosipedlə gəzintiyə çıxır. Onun qaynı atların qoşulduğu furqonla gözlənilmədən onun yolunu keçir, nəticədə Kiplinq yıxılır. Və “ətrafınızda hamı başını itirəndə və bunda sizing özünüzü də ittiham edəndə, əgər bacarırsınızsa, başınızı itirməyin” yazan Kiplinq başını itirir və Beylstirin həbs olunmasını tələb edir! Ardınca qalmaqallı, sensasiya doğuran məhkəmə prosesi başlayır.

Böyük şəhərlərdən jurnalistlər Brettlboroya axışır. Xəbər ani olaraq bütün dünyaya yayılır. Barışıq baş tutmur. Bu inciklik Kiplinqi və onun həyat yoldaşını Amerikadakı evlərini həmişəlik tərk etməyə məcbur edir. Boş bir şeyin üstündə nə qədər narahatlıq və acılıq! Hər şey, göründüyü kimi, bir qucaq samana görə baş verir.

Perikl iyirmi dörd əsr əvvəl demişdi: “Kifayətdir, şəhərdaşlar. Biz boş şeylərlə həddindən çox məşğul olduq”. Bu, doğrudur!

İndi isə sizə doktor Harri Emerson Fosdikinin mənə danışdığı ən maraqlı əhvalatlardan birini nəql edəcəyəm. Bu əhvalatda bir meşə nəhənginin udduğu döyüşlər və onun məğlubiyyətləri təsvir olunur.

“Koloradoda, Lonqs-Pik dağının yamacında nəhəng bir ağacın qalıqları var. Mütəxəssislər bildirirlər ki, bu ağac dörd yüz il dayanıb durmuşdur. Kolumb Salvadorda quruya ayaq basanda bu ağac kök atırdı. İngilis müstəmləkəçiləri Plimutda öz məskənlərini yaradanda ağac yarıya qədər boy atmışdı. Öz uzun ömrü ərzində ağac on dörd dəfə ildırıma məruz qalmışdı, onun yan-yörəsində dörd əsrin saya-hesaba gəlməyən fırtınaları və selləri cövlan etmişdi. Amma o duruş gətirmişdi.

Lakin əvvəl-axır xırda böcək ordusu onu gəmirməyə başladı. Həşəratlar onun qabığını gəmirir və öz əhəmiyyətsiz, lakin aramsız dişdəkləri ilə ağacın daxili qüvvəsini tədricən sarsıdırdılar. Əsrlərin quruda bilmədiyi, ildırımların və fırtınaların gücü çatmadığı meşə nəhəngi xırda – insanın iki barmağı arasında asanlıqla əzə biləcəyi qədər xırda həşəratların basqını altında yıxıldı”.

Biz hamımız həmin mübariz meşə nəhəngini xatırlatmırıqmı? Biz nadir hallarda baş verən fırtına, sel və ildırım vurmalarını mümkün dərəcədə əlverişli keçirə bilirik və bununla belə, öz ürəklərimizi narahatlığın xırda – iki barmaqla əzmək mümkün olan qədər xırda böcəklərin ixtiyarına buraxırıq ki, onu didib dağıtsınlar.

Bir neçə il əvvəl mən Vayominq ştatının baş yol müfəttişi Çarlz Seyfred və onun bir neçə dostu ilə Vayomiq ştatındakı milli parkda səyahətə çıxmışdıq. Biz Con D.Rokfellerin parkın ərazisində yerləşən mülkünü ziyarət etməyə hazırlaşırdıq. Lakin getdiyim avtomobil o tərəfə dönmədi, yolu itirdi və biz mülkə başqa maşınlardan bir saat gec çatdıq. Darvazanın açarı cənab Seyfreddə idi və o, bizi qızmar, ağcaqanadların dolu olduğu meşədə bir saat gözləmişdi.

Ağcaqanadlar o qədər quduz idilər ki, hətta müqəddəsi də dəli olmaq dərəcəsinə çatdıra bilərdilər. Lakin onlar Çarlz Seyfredə üstün gələ bilmədilər. O, bizi gözləyə-gözləyə ağcaqovaq ağacından bir budaq kəsmişdi və ondan fışqırıq düzəltmişdi. Biz gəlib çıxanda o, ağcaqanadları lənətləyirdimi? Xeyr. O, şən-şən fitləyirdi.

Mən həmin fışqırığı həyatın xırdalıqları üzərində qələbə çalmağı bacaran insan haqqında xatirə olaraq indiyə qədər də saxlayıram.

Narahat olmaq adəti sizə ziyan vurmazdan əvvəl onu üstələmək üçün ikinci qaydanı yerinə yetirin:

Nifrət etmək və unutmaq lazım olan boş şeylərə görə kefinizin pozulmasına yol verməyin. Yadda saxlayın: “Həyat həddindən artıq qısadır, onu boş şeylərə israf etmək olmaz”.

Sizin narahatliğınızın əhəmiyyətli hissəsini qanundan kənar qoyacaq qanun

Mənim uşaqlığım Missuri ştatında fermada keçib. Bir dəfə mən anama albalılardan çəyirdəyi çıxartmaqda kömək edirdim ki, qəfildən ağladım. Anam soruşdu: “Deyl, sənə nə oldu? Nəyə görə ağlayırsan?” Mən donquldadım: “Qorxuram ki, məni diri-diri basdıralar.”

O vaxtlar mən daim narahat olurdum. Şimşək çaxanda qorxurdum ki, məni ildırım öldürəcək. Ağır zamanlar gələndə qorxurdum ki, biz yeməyə heç nə tapmayacağıq. Bundan qorxurdum ki, öləndən sonra cəhənnəmə düşəcəyəm. Dəhşət içində idim ki, məndən böyük olan Sem Uayt yekə qulaqlarımı kəsəcək. Axı o, bunu edəcəyi ilə hədələyirdi. Qorxurdum ki, qızlara qulluq etməyə cəhd göstərərəmsə, onlar mənə güləcəklər. Qorxurdum ki, bir qız da mənə ərə getmək istəməyəcək. Əvvəlcədən qorxurdum ki, toydan dərhal sonra öz həyat yoldaşıma deməyə sözüm olmayacaq.

Təsəvvür edirdim ki, hansısa bir kənd kilsəsində nikahımız kəsiləcək və damı olan məxmərlə bəzədilmiş ikinəfərlik faytonda fermamıza yollanacağıq… Narahat olurdum ki, görəsən, yolboyu öz nişanlımla söhbət edə biləcəyəmmi? Özümü necə aparmalıyam? Sahədə kotanın dalınca gedəndə uzun saatlar ərzində başımı belə-belə problemlərin həlli üzərində sındırırdım.

İllər ötürdü və mənə çatdı ki, qorxularımın doxsan doqquz faizi yalançıdır və mənim belə qorxduğum hadisələr baş vermir.

Məsələn, artıq dediyim kimi, mən şimşək çaxmasından dəlilik dərəcəsində qorxurdum; amma indi bilirəm ki, Milli Təhlükəsizlik Şurasının məlumatlarına görə, ildırım vurmasından ölmək şansım istənilən ildə yalnız üç yüz əlli mindən birdir.

Diri-diri basdırılacağımla bağlı qorxu bundan da sarsaq imiş: heç on milyon nəfərdən də birinin diri-diri basdırıla biləcəyini təsəvvür eləmək qeyrimümkündür; axı mən bunun başıma gələ biləcəyinə görə həm də ağlayırdım. Hər səkkiz nəfərdən biri xərçəngdən ölür. İndi ki mən nəyə görə isə narahat olmağa meyilli idimsə, ildırım vuraraq öləcəyimdən və ya diri-diri basdırılacağımdan çox, xərçəngdən öləcəyimdən qorxmalı idim.

Tamamilə aydındır ki, bu cür söhbət gənclik və cavanlıq üçün səciyyəvi olan haldan gedir. Lakin yaşlı adamların da həyəcanlandıqlarının əksəriyyəti, demək olar, eynilə absurddur. Biz öz narahatlıqlarımızın onda doqquzunu dərhal kənarlaşdıra bilərdik, əgər qorxularımızın böyük ədədlər qanununa uyğun olaraq, özünü doğruldub-doğrultmadığını müəyyən etmək üçün kifayət edəcək müddət ərzində narahat olmaya bilsəydik.

Londonda yerləşən dünyanın ən məşhur sığorta kompaniyası “Lloyd” insanların çox nadir hallarda baş verə biləcəklərlə bağlı narahat olmaq meyilləri üzərində milyonlar qazanıb. Bu kompaniya ona müraciət edən adamlarla mərc qoşur ki, onları narahat edən bədbəxtliklər heç vaxt baş verməyəcək. Amma firma bunu mərc qoşmaq adlandırmır. O, bunu sığortalamaq adlandırır. Lakin, əslində, onlar böyük ədədlər qanunundan çıxış edərək, həqiqətən də, mərc qoşurlar.

Bu nəhəng sığorta şirkəti artıq iki yüz ildir çiçəklənir. Və əgər insanın təbiəti dəyişməsə, kompaniya böyük ədədlər qanununa uyğun olaraq, heç də bizim təsəvvür etdiyimiz kimi, elə də tez-tez baş verməyən çəkmələri və gəmiləri bədbəxt hadisələrdən sığortalamaqda davam edərək hələ əlli əsr də mövcud olacaq və çiçəklənəcək. Əgər biz böyük ədədlər qanunu ilə tanış olarıqsa, onda aşkar edəcəyimiz faktlar bizi tez-tez sarsıdacaqdır.

Məsələn, əgər bilsəydim ki, növbəti beş il ərzində mənə Gettisberq yaxınlığında baş verən döyüş kimi bir qanlı döyüşdə iştirak etmək lazım gələcək, dəhşətə gələrdim. Vəsiyyətnaməmi yazar və bu fani dünyadakı işlərimin hamısını qaydaya salardım. Fikirləşərdim: “Çox güman, bu döyüşdən sağ çıxa bilməyəcəyəm və buna görə də qalan bir neçə ili bacardıqca yaxşı yaşamalıyam”. Lakin böyük ədədlər qanununa uyğun olaraq, faktlar deyir ki, dinc dövrdə əlli yaşından əlli beş yaşına qədər yaşamağa cəhd etmək elə Gettisberq yaxınlığındakı döyüşdə iştirak etmək qədər təhlükəli və ölümcüldür.

Mən aşağıdakını nəzərdə tuturam: dinc dövrdə əlli yaşından əlli beş yaşına qədər insanların hər min nəfərindən ölənlərin sayının nisbəti Gettisberq yaxınlığında döyüşən 163 000 əsgərdən hər min nəfəri arasında həlak olanların sayı nisbəti qədərdir.

Bu kitabın bir neçə fəslini Ceyms Simpsonun Kanadada Qayalıq Dağlardakı Bou gölünün sahilində yerləşən Nam-Ti-Taxedəki ovçu evində yazmışam. Bir dəfə yayda orada San-Fransiskodan olan cənab və xanım Herbert H.Selincerlə tanış oldum. Sakit, yumşaqürəkli xanım Selincer məndə özü haqqında maraqlı bir qadın təəssüratı yaratdı. Necə oldusa, bir dəfə axşam yanan budaqların alovunun necə uğuldadığına qulaq asanda ondan həyatında nə vaxtsa narahat olubolmadığını soruşdum.

“Bir neçə dəfə, – deyə o cavab verdi. – Narahatlıq az qala mənim həyatımı puç etmişdi. Onu adlamağı öyrənənə qədər həyatım on bir il ərzində özümün yaratdığım cəhənnəm olub. Mən əsəbi və tez özümdən çıxan idim. Ağlasığmaz gərginlik içində yaşayırdım. Olurdu ki, yaşadığım San-Mateodan bazarlıq eləmək üçün hər həftə San-Fransiskoya gəlirdim. Mağazaları gəzdiyim vaxt ərzində özümü tamamilə ümidsiz vəziyyətə salırdım: “Birdən ütünü söndürmək yadımdan çıxıb?

Bəlkə evimiz od tutub yanıb. Birdən qulluqçu qadın qaçıb gedib və uşaqlar tək qalıb. Birdən uşaqlar velosiped sürməyə gedib və onları maşın vurub?” Bazarlığın ən qızğın vaxtında elə həyəcanlanırdım ki, məni soyuq tər basırdı. Özümü dərhal avtobusa çatdırır və hər şeyin qaydasında olduğuna əmin olmaq üçün evə şütüyürdüm. Qəribə deyil ki, birinci nikahım fəlakətlə başa çatdı.

İkinci ərim hüquqşünasdır. O, analitik təfəkkür tərzli sakit insandır. O, heç vaxt heç nəyə görə narahat olmur. Mən gərgin və həyəcanlı olanda o, adətən, deyir: “Toxtaq ol. Gəl vəziyyəti götür-qoy edək… Sən indi, əslində, nədən narahatsan? Gəl böyük ədədlər qanununu tətbiq edək və baxaq bu baş verə bilərmi?”

Məsələn, yadımdadır ki, biz bir dəfə avtomobillə Nyu-Meksiko ştatının Albukerke qəsəbəsindən Karlsbad mağaralarına doğru torpaq yolla gedirdik və qəfildən fırtına ilə dəhşətli leysan başladı. Avtomobil gah sürüşür, gah da təkərlər yerində boş-boşuna fırlanırdı. Biz onu idarə edə bilmirdik. Əmin idim ki, biz yolun kənarlarındakı kanallardan birinə sürüşüb düşəcəyik. Amma ərim elə hey təkrar edirdi: “Mən çox asta sürürəm. Çox güman, heç nə baş verməməlidir. Hətta əgər maşın sürüşüb kanala düşsə də, biz, böyük ədədlər qanununa görə, ziyan çəkməyəcəyik”. Onun sakitliyi və əminliyi mənə də sirayət etdi.

Bir dəfə biz Kanadada Qayalıqlar arasındakı Tunen dərəsinə səyahətə yollanmışdıq. Orada başımıza belə bir hadisə gəldi. Gecə dəniz səviyyəsindən yeddi min fut yüksəklikdə çadırları qurduq. Birdən fırtına qalxdı. Külək bizim çadırımızı parça-parça edə bilərdi. Çadırlar troslarla taxta döşəməyə bərkidilmişdi. Üstdəki çadır birdən yelləndi və titrədi, biz küləyin vıyıltısını eşitdik. Hər dəqiqə mənə belə gəlirdi ki, çadır indicə qırılacaq və havaya uçacaq. Dəhşətdən özümdə deyildim. Amma ərim yenə və yenə təkrar edirdi:

“Qulaq as, əzizim, biz “Bryuster” firmasının bələdçiləriylə birlikdə səyahət edirik. Belə çadırlar bu dağlarda artıq altmış ildir ki, qurulur. Və bizim çadırımız burada neçə mövsümdür ki, qoyulur. İndiyə qədər onu külək qoparmayıb və böyük ədədlər qanununa görə, onu bu gecə də qoparmayacaq; amma bu baş verərsə də, biz başqa bir çadırda özümüzə yer tapa biləcəyik. Odur ki, toxtaq ol və sakitləş…” Mən onun məsləhətinə əməl etdim və həmin gecənin qalan hissəsini möhkəm yatdım.

Kaliforniyanın bizim yaşadığımız hissəsini bir neçə il əvvəl poliomielit epidemiyası bürümüşdü. Əvvəlki vaxtlarda mən bundan isterikaya düşərdim. Lakin ərim məni toxtaq olmağa inandırdı. Biz ixtiyarımızda olan bütün ehtiyat tədbirlərini gördük. Biz uşaqlarımıza adamların çox olduğu yerlərə getməyə icazə vermirdik, onları məktəbə və kinoya buraxmırdıq.

Səhiyyə şöbəsinin məlumatları ilə tanış olduqda gördük ki, Kaliforniyanın tarixində baş verən ən ağır poliomielit epidemiyasının vaxtında bütün ştatda cəmi 1835 uşaq ziyan çəkmişdi. Adətən, olan rəqəm isə 200 və ya 300 təşkil edirdi. Bu rəqəmlər dəhşətə gətirsə də, biz, bununla belə, hesab edirdik ki, böyük ədədlər qanununa görə, istənilən uşağın epidemiyanın qurbanı ola bilməsi şansı elə də böyük deyildir.

“Böyük ədədlər qanununa görə, bu baş verməyəcək” – bu ifadə mənim narahatlığımın doxsan faizini ləğv etdi və “son iyirmi ilimi ən sevincli gözləntilərimi də üstələyən sakit və bəxtəvər həyat yaşamağıma imkan verdi”.

Mən geri, ötüb-keçən onilliklərə boylananda başa düşürəm ki, narahatlığımın əksər hissəsi təxəyyülümdə yaranırdı. Cim Qrant da mənə danışmışdı ki, bu halı o da yaşayıb. O, Nyu-Yorkda “Ceyms A.Qrant” firmasının mülkiyyətçisidir. Onun firması Floridadan portağal və qreypfrutun topdansatışı üzrə məşğuldur. Cim Qrant Floridadan bir dəfəyə on-onbeş vaqon meyvə göndərilməsini təşkil edir. O, mənə danışmışdı ki, adətən, özünü bu cür fikirlərlə didib parçalayırdı: “Birdən qatar qəzaya uğrayarsa? Meyvələrimin hamısı dağılarsa, onda necə? Bəs birdən qatar keçəndə körpü uçarsa?” Meyvələr, əlbəttə, sığorta olunmuşdu.

Lakin Qrant buna görə narahat olurdu ki, əgər meyvələr vaxtında çatdırılmasa, öz satış bazarını itirəcək. O, elə narahat olurdu ki, özündə mədə xorasının olmasından şübhələnməyə başladı və həkimə müraciət etdi. Həkim Qrantda pozulmuş əsəblərdən başqa heç bir xəstəlik tapmadı. “Birdən mənə vəhy gəldi, – deyə o danışırdı, – və özümə sual verməyə başladım. Özümə dedim: “Qulaq as, Cim Qrant, bütün bu illər ərzində neçə vaqon meyvə çatdırmısan?” Cavab belə idi: “İyirmi beş minə yaxın”.

Ardınca özümə ikinci sual verdim: “Qəzalar üzündən neçə vaqon ziyan çəkib?” Cavab belə idi: “Ola bilsin ki, beş”. Onda özümə dedim: “İyirmi beş min vaqondan vur-tut beşi? Sən bilirsən bu nə deməkdir? Beş minin birə nisbəti kimidir! Başqa sözlə, öz təcrübənə əsaslanan böyük ədədlər qanununa görə, sənin vaqonlarının ziyan çəkə biləcəyi şansı beş minin birə nisbətindədir. Belədirsə, nəyə görə narahat olmalısan?”

Sonra özümə dedim: “Bəs axı körpü uça bilər!” Onda özümdən soruşdum: “Doğrudan, körpünün uçması səbəbindən sən neçə vaqon itirmisən?” Cavab belə idi: “Birini də itirməmişəm”. Onda özümə dedim: “Yəni, doğrudanmı, sən heç vaxt uçmayacaq körpüyə görə özünü mədə xorası halına sala biləcəyindən xəcalət çəkmirsən? Dəmiryol qəzasına gəlincə isə, şanslar beş minə qarşı bir nisbətindədir!”

Bütün bunlara bu şəkildə baxdıqdan sonra özümü nə qədər axmaqcasına apardığımı başa düşdüm. Elə həmin andaca narahat olmağa son qoyacağımı və həmişə böyük ədədlər qanununu tətbiq edəcəyimi qət elədim. Həmin vaxtdan etibarən mədə xoramı tamamilə yaddan çıxartdım”.

El Smit Nyu-York ştatının qubernatoru olanda onun öz siyasi rəqiblərinin həmlələrini necə dəf etdiyini özüm eşitmişəm və o, buna bu sözləri təkrar edəedə müvəffəq olurdu: “Gəlin faktları öyrənək… gəlin faktları öyrənək”. Ardınca o, faktları göstərməyə başlayırdı. Gələn dəfə, əgər siz və ya mən baş verə biləcək hansısa bir hadisə ilə bağlı narahat olanda müdrik qoca El Smitin dediklərinə əməl edək: gəlin faktları öyrənək və öz işgəncəli narahatlığımız üçün bəhanənin, əgər o, ümumiyyətlə varsa, olub-olmadığını qət edək.

Frederik C.Malstedt özünün artıq qəbirdə uzandığından vahimələnərək qorxduğu vaxt məhz elə bu cür hərəkət etmişdi. O, Nyu-Yorkda yaşlılar üçün kurslarımda məşğul olduğu zamanlarda mənə bax bunu danışmışdı:

“1944-cü il iyunun əvvəlində Omaha-Biçin yaxınlığında təkadamlıq səngərdə idim. Mən 999 nömrəli rabitə rotasında xidmət edirdim və biz Normandiyada səngərlərimizi lap yenicə qazımışdıq. Mən bu təkadamlıq səngərə baxanda (səngər torpaqda dördbucaq formalı çala kimi idi) özümə dedim: “Məzara oxşayır”. Ora girib uzananda və yuxuya getməyə çalışanda mənə belə gəldi ki, həqiqətən də, məzardayam. Qeyri-ixtiyari olaraq fikirləşdim: “Bura, çox güman, elə doğrudan da, mənim qəbrimdir”.

Səhər saat 11-də bombardmançı təyyarələrin həmlələri başlandı və üstümüzə mərmilər töküldü. Qorxudan taxta kimi keyimişdim. Birinci iki və ya üç gecəni ümumiyyətlə yata bilmirdim. Dördüncü, ya da beşinci gecə üçün mən, demək olar, əsəb şoku vəziyyətində idim. Başa düşdüm ki, nə isə eləmək lazımdır, əks-təqdirdə, dəli olacağam. Onda özümə xatırlatdım ki, beş gecə keçib, mən isə hələ də sağam və bölməmizdə hamı sağ idi. Yalnız iki nəfər yaralanmışdı, o da alman mərmilərindən yox, öz zenith toplarımızın atdığı mərmilərin qəlpələrindən. Mən narahat olmağa son qoymağı və nə isə konstruktiv bir işlə məşğul olmağı qət etdim.

Öz səngərimin üstündə məni zenit mərmilərinin qəlpələrindən müdafiə etməli olan ağacdan qalın örtük düzəltdim. Bölməmizin həddən böyük sahə tutduğu barədə fikirləşdim. Özümə dedim ki, bu dərin, ensiz təkadamlıq səngərdə yalnız birbaşa dəyən mərmidən həlak olmaq mümkündür və hesabladım ki, mərminin birbaşa mənim üstümə düşməsi şansı hətta on minin birə nisbətindən də az təşkil edir. İki gecəni bu sayaq fikirləşə-fikirləşə, nəhayət, sakitləşdim və hətta bombardman vaxtında da yatırdım!”

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı böyük ədədlər qanununun statistik məlumatlarını dənizçilərin döyüş ruhunu yüksəltmək üçün istifadə edirdi. Keçmiş matroslardan biri mənə danışmışdı ki, o və yoldaşları yüksəkaktanlı yanacaq daşıyan tankerə göndəriləndə bərk qorxuya düşmüşdülər. Onlar hamısı əmin idi ki, anbarlarında yüksəkaktanlı yanacaq olan tankerə torpedo dəyərsə, gəmi partlayacaq və hamısı həmin andaca o dünyalıq olacaqdır.

Lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığının ixtiyarında başqa məlumatlar var idi; dəqiq məlumatlar təqdim olunmuşdu ki, onlara görə, torpedo dəyən hər yüz tankerdən altmışı suyun üzündə qalırdı; batan qırx tankerdən yalnız beşi on dəqiqədən az vaxt ərzində suyun altına getmişdi. Bu o demək idi ki, ekipajın gəmini tərk etməyə vaxtı var idi. Bu həmçinin də itkilərin fövqəladə dərəcədə əhəmiyyətsiz olduğu demək idi. Bu, döyüş ruhunun möhkəmlənməsinə kömək etdimi? “Böyük ədədlər qanununu bilmək məni əsəb sarsıntısından xilas etdi, – deyə bu əhvalatı mənə danışan adam, Klayd U.Maas bildirdi. – Bütün komanda özünü daha yaxşı hiss etdi.

Biz bilirdik ki, şansımız var və böyük ədədlər qanununa görə, biz, çox güman, ölməyəcəyik”.

Narahat olmaq vərdişi sizə ziyan gətirməzdən əvvəl onu üstələmək üçün üçüncü qaydanı tətbiq edin:

Faktları öyrənin. Özünüzdən soruşun: “Narahat olduğum hadisənin, böyük ədədlər qanununa görə, nə vaxtsa baş verə biləcəyi şansı nə qədərdir?”

Qaçılmaz olanla hesablaşın

Mən balaca olanda bir dəfə uşaqlarla Missurinin şimal-qərbində yaşayış olmayan bir köhnə taxta evin çardağında oynayırdım. Çardaqdan aşağı enəndə hansısa bir məqamda ayaqlarımı pəncərəaltının üstünə qoydum, sonra isə yerə tullandım. Sol əlimin nişan barmağında üzük var idi. Mən tullananda üzük mismara ilişdi və mənim barmağım qopdu.

Mən qışqırdım. Məni dəhşət bürümüşdü. Əmin idim ki, öləcəyəm. Amma barmağım sağalandan sonra bu barədə bir saniyə də olsun narahat olmurdum. Bunun haqda fikirləşməyin nə faydası?.. Mən qaçılmaz olanla barışdım.

Bəzən elə olur ki, sol əlimdə yalnız dörd barmaq olduğunu heç aylarla da xatırlamıram.

Bir neçə il əvvəl Nyu-Yorkun işgüzar binalarından birində lifti idarə edən bir nəfərlə rastlaşdım. Fikir verdim ki, onun sol qolu biləkdən yoxdur. Sol qolunun olmamasının onu narahat edib-etmədiyini soruşdum. O cavab verdi: “Azacıq da olsa, mən bu haqda artıq düşünmürəm. Mən evli deyiləm və bu yalnız sapı iynəyə keçirmək lazım olanda yadıma düşür”.

Heyrətamizdir ki, biz istənilən həyati vəziyyətlə necə tez barışırıq – əgər biz bunu etmək məcburiyyətindəyiksə. Biz ona uyğunlaşırıq və onun haqqında unuduruq.

Mən Hollandiyada, Amsterdamdakı on beşinci əsrin məbədinin xarabalıqlarındakı yazını tez-tez xatırlayıram. Flamand dilində olan həmin yazıda deyilir: “Bu, belədir. Bu, başqa cür ola da bilməz”.

Öz ömür yolumuzda biz dəyişdirilməsi qeyri-mümkün olan bir çox xoşagəlməz situasiyalara düşürük. Onlar başqa cür ola da bilməz. Biz ya həmin situasiyaları qaçılmaz kimi qəbul edə və onlara uyğunlaşa, ya da qaçılmaz olana qarşı etiraz edə-edə öz həyatımızı məhv edə, yaxud, ola da bilsin ki, özümüzü əsəb pozuntusu dərəcəsinə çatdıra bilərik.

Ən çox sevdiyim filosoflardan birinin – Uilyam Ceymsin müdrik məsləhətini diqqətinizə çatdıracağam:

“Artıq baş vermişi qəbul etməyə razılaşın, – demişdi o. – Artıq baş verənlə barışmaq – hər cür bədbəxtliklərin adlanmasına doğru birinci addımdır”.

Elizabet Konnli buna öz acı təcrübəsinin nəticəsində əmin olubdur. Bu yaxınlarda onun aşağıdakı məktubunu almışdım: “Silahlı qüvvələrimizin Afrikada qələbəsini Amerikanın bayram etdiyi gün, – deyilir məktubda, – Hərbi Nazirlikdən teleqram aldım: bacım oğlu – onu dünyada hər şeydən çox sevirdim – itkin düşüb. Tezliklə başqa, onun ölüm xəbərini çatdıran teleqram gəldi.

Dərd məni öldürmüşdü. İndiyə qədər həyatımla qane idim. Sevdiyim işim var idi. Bacımın oğlunun tərbiyəsinə kömək edirdim. Mənim üçün o, özü ilə gəncliyə xas olan gözəl nə varsa, bütün hər şeyi təcəssüm etdirirdi. Belə hiss edirdim ki, səylərim üçqat mükafatlandırılıb… Və qəfildən həmin teleqram. Mənim üçün bütün dünya uçub dağıldı. Hiss elədim ki, həyat mənim üçün mənasını itirdi. İşimə marağım söndü, dostlarımı unutdum. Hər şeyə biganə oldum. Mən əzazilləşdim.

Bu ən əziz, qarşısında bütün həyatı açıq olan oğlan nə üçün öldürülüb? Bununla barışa bilmirdim. Dərd məni elə bürümüşdü ki, işdən çıxmağı, insanlardan gizlənməyi və bütün qalan ömrümü göz yaşları və dərd içində keçirməyi qərara aldım.

İşdən çıxmağa hazırlaşarkən yazı stolumu qaydaya salırdım. Və birdən əlimə haqqında çoxdan unutduğum məktub keçdi – öldürülmüş bacım oğlunun məktubu. O, bu məktubu mənə bir neçə il əvvəl, anam vəfat edəndə yazmışdı. “Əlbəttə, biz ona görə xiffət çəkəcəyik, – deyilirdi məktubda, – və xüsusilə də sən. Amma bilirəm ki, sən buna tab gətirəcəksən. Şəxsi fəlsəfən səni dözümlü olmağa məcbur edəcək. Sənin öyrətdiyin gözəl müdrik həqiqətləri mən heç vaxt unutmayacağam.

Harada oluramsa olum, biz bir-birimizdən nə qədər uzaqda olsaq da, həmişə yadımda olacaq ki, sən mənə gülümsəməyi və baş verə biləcək hər şeyi mərdliklə qarşılamağı öyrətmisən”.

Bu məktubu bir neçə dəfə oxudum. Mənə belə gəlirdi ki, o, yanımda dayanıb və mənimlə danışır. Mənə belə gəlirdi ki, o, mənə deyir: “Mənə öyrətdiklərini özün nə üçün yerinə yetirmirsən? Nə baş versə də döz. Öz həyəcanlarını gizlət, gülümsə və döz”.

Mən yenə işləməyə başladım. Əsəbiləşməyimə və həyatdan gileylənməyimə son qoydum. Yenə və yenə özümə deyirdim: “Bu baş verib. Mən heç nəyi dəyişə bilmərəm. Amma mən, onun mənə məsləhət elədiyi kimi, dözə bilərəm və dözəcəyəm də”. Özümü büsbütün işimə həsr etdim, bütün mənəvi və fiziki gücümü ona verdim. Əsgərlərə – kimlərin isə oğullarına və qohumlarına məktublar yazırdım. Yaşlılar üçün axşam kurslarına yazıldım.

İstəyirdim ki, yeni maraqlarım və təzə dostlarım olsun. Həyatımın necə dəyişdiyinə inanmaq mənə çətindir. Mən geri dönməyəcək keçmişə ağı deməyə son qoydum. İndi hər bir günümü bacım oğlumun mənə arzuladığı kimi, sevinclə yaşayıram. Mən həyatımla barışdım. Mən indi əvvəllər nə vaxtsa olduğundan da şən və tamhəcmli həyat yaşayıram”.

Elizabet Konnli bizim hamımızın tez və ya gec başa düşmək məcburiyyətində olduğumuzu – məhz bunu dərk etdi ki, biz qaçılmaz olanla barışmalı və onu hesaba almalıyıq. “Bu, belədir. Bu, başqa cür ola da bilməz”. Bu dərsi mənimsəmək çətin deyil. Bunu hətta taxt-tacda əyləşən padşahlara da yadda saxlamaq lazım gəlir. Mərhum V Georq bu sözləri çərçivəyə saldırıb Bukingem sarayında öz kitabxanasının divarından asmışdı:

“Qeyri-mümkün olanı tələb etməməyi və geri dönməyəcək nəyin isə dərdini çəkməməyi mənə öyrət”. Eyni fikir Şopenqauer tərəfindən aşağıdakı şəkildə ifadə olunmuşdur: “Ömür səyahətinə hazırlaşarkən kifayət edəcək qədər dözüm ehtiyatı birinci dərəcəli əhəmiyyət kəsb edir”.

Aydındır ki, tək bircə şərait bizi nə bəxtəvər edir, nə də bədbəxt. Onlara necə reaksiya göstərdiyimizdir vacib olanı. Hisslərimizi müəyyən edən məhz bizim reaksiyamızdır.

Bədbəxtçiliyi və faciəni hamımız yaşaya və onların üzərində qələbə çala bilərik, əgər biz bunu etmək məcburiyyətində qalarıqsa. Bizə belə görünə bilər ki, bunu bacarmarıq, lakin biz daxili qüvvənin elə heyrətamiz resurslarına malikik ki, onlar bizə, əgər bircə onları istifadə etsək, hər şeyə tab gətirməyə kömək edəcək. Biz özümüz bunu təsəvvür etdiyimizdən güclüyük.

Mərhum But Tarkinqton həmişə deyirdi: “Mən həyatın mənə sırıdığı hər şeyə tab gətirə bilərdim, yalnız bir şeydən başqa: kor olmaq. Bu, dözə bilməyəcəyim yeganə şeydir”.

Bir dəfə, Tarkinqtonun yaşı altmışdan çox olanda o, döşəməyə sərilmiş xalçaya baxır. Rənglər yayılırdı. O, naxışları seçə bilmirdi. Tarkinqton mütəxəssisə müraciət etdi. Qorxunc həqiqəti öyrənməli oldu: o, görmə qabiliyyətini itirirdi. Onun bir gözü, demək olar, heç görmürdü, o biri gözü də sıradan çıxmalı idi. Onun üzərinə hər şeydən çox qorxduğu uçub tökülmüşdü.

Və Tarkinqton bu “ən qorxunc bədbəxtliyə” necə reaksiya verdi? O hiss edirdimi ki, “Budur o! Bu – mənim ömrümün sonudur”. Heç də yox. Və öz təəccübünə rəğmən o, kifayət qədər şən idi. Hətta bu məqamda da yumor hissi onu tərk etmirdi. Yayılan “ləkələr” onu əsəbiləşdirirdi: ləkələr onun gözləri önündə üzür və ətraf aləmi ondan örtürdü. Amma həmin ləkələrdən ən böyüyü onun qarşısından üzüb keçəndə onlara müraciət edirdi: “O-o, xoş gördük! Bax babacığaz yenə də gəldi! Maraqlıdır, belə gözəl bir səhər günündə o, görəsən, hara yol alıb!”

Məgər tale belə bir mənəvi gücü əyə bilərdimi? Cavab belədir – bacarmazdı. Vahiməli zülmət onun qarşısında açılanda Tarkinqton dedi: “Başa düşdüm ki, insan bir çox başqa şeylərlə barışdığı kimi, mən də görmə qabiliyyətimi itirməklə barışa bilərəm. Hətta əgər mən duyğu hisslərimin beşini də itirmiş olaramsa, mən öz daxili aləmimdə yaşamaqda davam edə bilərdim. Axı biz bunu bilibbilməməyimizdən asılı olmayaraq, zəka gözümüzlə görür və öz daxili dünyamızda yaşayırıq”.

Görmə qabiliyyətini qaytarmaq ümidiylə Tarkinqtona bir il ərzində on ikidən çox cərrahi əməliyyata dözmək lazım gəldi. Və əməliyyatların hamısı yerli anesteziya altında keçirilirdi! O, bundan hiddətlənirdimi? O bilirdi ki, bunu etmək zəruridir. O başa düşürdü ki, bu, qaçılmazdır və o başa düşürdü ki, öz əzablarını yüngülləşdirməyin yeganə üsulu – qaçılmaz olanla barışmaq və özünü ləyaqətlə aparmaqdır.

O, xəstəxanada ayrıca palatadan imtina etdi və xəstəliklərdən əzab çəkən insanların olduğu yerə getdi. O, onları ruhlandırmağa çalışırdı. Yeni-yeni əməliyyatlara məruz qalaraq – öz gözləriylə nə edildiyini başa düşə-düşə – Tarkinqton özünü bəxtinin çox gətirdiyinə inandırmağa çalışırdı. “Necə də gözəldir! – dedi o. – Elmin bu cür, insan gözü kimi mürəkkəb quruluşu olan orqanın üzərində əməliyyat keçirə bilməsi qədər ustalığa yiyələnməsi necə də gözəldir!”

Əgər adi insan kor olardısa və on ikidən çox cərrahi əməliyyat keçirməli olardısa, o, əsəb pozuntusu xəstəliyinə düçar ola bilərdi. Amma Tarkinqton dedi: “Mən razı olmazdım ki, keçirdiklərimi bundan xoşbəxt hadisələrə dəyişəm”. Bu, onu qaçılmaz olanla barışmağa öyrətdi. Demə, həyatda heç nə onun qüvvəsindən üstün deyilmiş. Tarkinqton Con Miltonun kəşf etdiyini başa düşdü: “Bədbəxtlik kor olmaqda yox, korluğa tab gətirməyi bacarmamaqdadır”.

Yeni İngiltərədən olan feminist xanım Marqarita Fuller bir dəfə öz kredosunu açdı: “Mən Kainatı qəbul edirəm!”

Qoca deyingən Tomas Karleyl bu sözləri İngiltərədə eşidəndə donquldamışdı: “Tanrıya and içirəm, bu, onun özü üçün daha yaxşıdır!” Və həqiqətən də, Tanrıya and içirəm, sizə və mənə də qaçılmaz olanla barışmaq daha yaxşıdır!

Əgər biz hiddətlənəcəyiksə, etiraz edəcəyiksə və əzazilləşəcəyiksə, qaçılmaz olanı dəyişməyəcəyik; amma özümüzü dəyişəcəyik. Mən bunu bilirəm. Mən bunu artıq sınamışam.

Bir dəfə mən qarşımda baş vermiş qaçılmaz situasiya ilə barışmaqdan imtina etdim. Özümü çox axmaqcasına aparırdım, əsəbiləşirdim və etiraz edirdim. Mənim yuxusuz gecələrim dəhşətə çevrildi. Və mən öz üstümə qətiyyən arzulamadığım şeyləri gətirdim. Nəhayət, bütöv birillik ruhi əzablardan sonra mən lap əvvəldən bildiyim şeylə, özümün heç nəyi dəyişə bilməyəcəyim fikriylə barışmaq məcburiyyətində qaldım.

Mən çox illər əvvəl qoca Uolt Uitmenlə birlikdə gərək deyəydim:

Necə duruş gətirim gecəyə, fırtınaya, aclığa,

Kinayələrə, təsadüflərə, imtinalara,

Mən sakit necə olum ağaclar və heyvanlartək.

Mən fermada on iki il işləmişəm, amma heç vaxt görməmişəm ki, yağışın olmaması səbəbindən çəmənlikdə otun yanması və ya sulu qar yağması və qatı soyuqların düşməsi üzündən cersi cinsli inəyin hərarəti qalxmış olsun. İnək öz sevgilisi olan buğanın başqa inəklə maraqlanması səbəbindən də həyəcanlanmır. Heyvanlar gecələri, fırtınaları və aclığı sakit keçirir; buna görə də onlarda nə əsəb pozuntuları, nə də mədə xorası olur, onlar heç vaxt dəli olmurlar.

Fikirləşirsiniz ki, mən taleyin həyat yolumuzda qarşımıza çıxardığı kəşməkəşlərlə, sadəcə olaraq, barışmağımızın tərəfdarıyam? Heç bir halda! Bu əsl fatalizmdir. Nə qədər ki situasiyanı öz xeyrimizə dəyişmək imkanı mövcuddur, gəlin mübarizə aparaq. Amma sağlam düşüncə deyəndə ki, biz nə cür varsa, elə o cür də qalacaq və başqa cür ola bilməyəcək şeylə qarşılaşmışıq, onda dərrakəmizin sağlam qalması naminə irəliyə və geriyə boylanmayın və olmayan şey üçün yas saxlamayın.

Kolumbiya Universitetinin dekanı olmuş Hoks mənə demişdi ki, o, “Ana Qaz”ın şeirlərindən birini öz devizi kimi seçmişdir:

Bu dünyada hər bir dərdin

Çarəsi var, ya da yoxdur tamam xilas.

Sən səy göstər, çarəni tap,

Əgər yoxsa, əzab vermə özünə əbəs.

Bu kitabın üzərində işlədiyim vaxt mən Amerikanın bir çox görkəmli işgüzar adamları ilə söhbət etmişdim. Onların qaçılmaz olanla hesablaşmaları və onların həyatında, çox qəribədir ki, narahatlığın olmaması məndə dərin təəssürat yaratmışdı. Əgər onlar bu qabiliyyətə malik olmasaydılar, onda öz fəaliyyətləriylə bağlı olan gərginliyə tab gətirə bilməzdilər. Budur, haqqında danışmaq istədiyim bir neçə nümunə.

C.S.Penni, eyniadlı firmanın əsasını qoyan, bütün ölkə üzrə mağazalar şəbəkəsinin mülkiyyətçisi mənə demişdi: “Əgər pullarımın hamısını axırıncı sentinə qədər itirmiş olsaydım belə, yenə də narahat olmazdım, axı narahat olmaq heç nəyə kömək etməyəcək. Mən, adətən, gücüm çatan hər şeyi edirəm, nəticələr isə necə olacaq – onu bir Tanrı bilir”.

Henri Ford mənə təqribən eyni şeyi demişdi. “Mən hadisələri idarə edə bilməyəndə, – demişdi o, – onların özünə imkan verirəm ki, məni idarə etsinlər”.

Mən K.T.Kellerdən narahatlıqdan necə qaçdığını soruşanda o cavab vermişdi: “Mən çətin vəziyyətə düşəndə, onda, əgər bacarıramsa, gücüm çatan hər şeyi edirəm. Əgər heç nə edə bilmirəmsə, bunu, sadəcə olaraq, unuduram. Gələcəklə bağlı mən heç vaxt narahat olmuram. Axı bilirəm ki, yer üzərində yaşayan insanlardan heç biri gələcəkdə nə baş verəcəyini öncədən görə bilmir. Həmin gələcəyə təsir göstərəcək elə çox qüvvələr mövcuddur ki! Bu qüvvələri nəyin idarə etdiyini heç kəs deyə bilməz. Heç kim onları başa düşə bilmir. Belədirsə, onlar barədə narahat olmaq nəyə lazım?”

Əgər onu filosof adlandırsaydılar, K.T.Keller utanardı. O, sadəcə olaraq, yaxşı biznesmendir. Amma o, həyatda Epiktetin Romada on doqquz əsr əvvəl yaratdığı fəlsəfəni tətbiq edir. “Xoşbəxtliyə çatmaq üçün yalnız bir yol mövcuddur, – deyə Epiktet romalıları öyrədirdi, – bunun üçün bizim iradəmizə tabe olmayan şeylər barədə narahat olmağa son qoymaq lazımdır”.

“İlahə Sara” adlandırılan Sara Bernar qaçılmaz olanla barışmaqla bağlı heyrətamiz qabiliyyətə malik idi. O, yarım əsr ərzində dünyanın ən yaxşı səhnələrində parlayırdı. Dörd kontinentdə onu teatrın kraliçası hesab edirdilər. O, yer üzündə ən sevimli aktrisa idi, sonra isə onun yetmiş bir yaşı olanda və o, pullarının hamısını itirəndə həkimi, Parisdən olan professor Potssi dedi ki, ayağını amputasiya etmək zəruridir. Sara bir dəfə Atlantik okeanı ilə gəmidə səyahət edərkən fırtına zamanı göyərtədə yıxılmışdı və ayağını möhkəm zədələmişdi. Nəticədə flebit inkişaf etdi. Ayaq şişməyə başladı.

Ağrı o qədər dözülməz həddə çatırdı ki, həkim ayağın amputasiyasını təkid eləmək məcburiyyətində qaldı. O, tez özündən çıxan, ekspansiv “ilahə Saraya” nə etmək lazım olduğunu deməkdən qorxurdu. Əmin idi ki, bu qorxunc xəbər isteriya partlayışını doğuracaq. Amma o səhv edirdi. Sara bir dəqiqəyə qədər ona baxdı, sonra isə sakit səslə dedi: “Əgər belə lazımdırsa, deməli, belə lazımdır”. Bu, tale idi.

Saranı kreslo-arabada əməliyyat otağına aparanda oğlu onun yanında idi və ağlayırdı. O, şən-şən əlini oğluna tərəf yellətdi və qıvraq səslə dedi: “Heç yerə getmə. Mən tez qayıdacağam”.

Əməliyyat otağına gedən Sara yolda bir vaxtlar oynadığı pyesdən səhnəni deklamasiya etdi. Kim isə ondan bunu özünü ruhlandırmaq üçünmü etdiyini soruşdu. Sara cavab verdi: “Yox, mən həkimləri və tibb bacılarını ruhlandırmaq istəyirdim. Bilirdim ki, bu, onlar üçün böyük gərginlikdir”.

Əməliyyatdan sonra səhhəti qaydasına düşəndə Sara Bernar dünya turnesinə yollandı və öz ifası ilə publikanı hələ yeddi il də məftun elədi.

“Qaçılmaz olanla hesablaşmayanda biz, – deyə Elsi MakKormik “Riders Daycest” jurnalında dərc olunmuş məqaləsində yazırdı, – öz həyatımızı zənginləşdirməyə imkan verən enerjini itiririk”.

Yer üzərində yaşayan insanlardan heç kim qaçılmaz olanla mübarizə aparmaq və eyni zamanda da yeni həyat yaratmaq üçün kifayət edəcək qədər emosionallığa və enerjiyə malik deyil. Bunu və ya o birisini seçmək zəruridir. Siz həyatın üzərinizə aşırtdığı qaçılmaz qarlı qasırğanın təzyiqi altında ya əyilməlisiniz, ya da onlara müqavimət göstərərək sınmalısınız!

Mən bunu Missuridəki fermamda müşahidə etmişəm. İyirmiyə qədər ağac əkmişdim. Əvvəl onlar heyrətamiz surətdə boy atırdı. Sonra isə qarlı qasırğa zamanı hər bir budaq qalın buz qatı ilə örtüldü. Ağırlığın altında aramla əyilmək əvəzinə, həmin ağaclar məğrur-məğrur müqavimət göstərirdi və əvvəl-axır ağır yükə tab gətirməyərək qırıldılar. Nəticədə onları məhv etmək lazım gəldi. Bu ağaclar şimal meşələrinin müdrikliyinə yiyələnməmişdi.

Mən Kanadanın həmişəyaşıl meşələrində yüz millərlə məsafəni səyahət etmişəm, amma sulu qarın və ya buzun ağırlığından qırılan bir dənə də olsun küknar və ya şam ağacı görməmişəm. Bu həmişəyaşıl meşələr necə əyilmək, öz budaqlarını necə sallatmaq – qaçılmaz olanla necə barışmaq lazım olduğunu bilir.

Ciu-citsu ustaları öz şagirdlərinə “palıd ağacı kimi müqavimət göstərməyi deyil, söyüd ağacı kimi əyilməyi” öyrədirlər.

Necə düşünürsünüz, niyə avtomobil şinləri belə çox zərbəyə tab gətirir və dağılmır? Amma əvvəl elə şinlər buraxılırdı ki, onlar yolun zərbələrinə müqavimət göstərmirdi. Onlar tezliklə parça-parça olub dağılırdı. Sonra elə şinlər buraxmağa başladılar ki, onlar yolun zərbələrini yumşaldırdı. Bu cür şin yolun zərbələrinə “tab gətirə” bilərdi. Əgər biz sizinlə həyatın qayalı yolunda zərbələri və təkanları yumşaltmağı öyrənə bilsək, bu dünyada daha çox və sakit ömür sürərik.

Əgər biz həyatın zərbələrini yumşaltmaq əvəzinə, onlara müqavimət göstərəriksə, sizinlə və mənimlə nə baş verəcək? Əgər biz “söyüd ağacı kimi əyilməkdən” imtina edib və inadkarcasına “palıd ağacı kimi müqavimət göstərəriksə”, nə baş verəcək? Cavab çox sadədir. Biz çoxlu daxili konflikt yaratmış olacağıq. Biz narahatlıq, gərginlik içərisində olacağıq və əsəblərimiz pozulmağa başlayacaq.

Əgər biz bir az da uzağa getsək və təxəyyülümüzdə yaratdığımız uydurma dünyaya qərq olaraq özümüzü əhatə edən amansız gerçəkliyi inkar etsək, onda dəli olacağıq.

Müharibə dövründə milyonlarla əsgər ya qaçılmaz olanla barışmalı, ya da əsəb pozuntularına tutulmalı idi. Mən bunu Uilyam H.Kasseliusun nümunəsində aydın etdim. Onun Nyu-Yorkda kurslarımın məşğələlərindən birində danışdığı əhvalat mükafata layiq görülmüşdü. Budur onun nəql etdiyi hadisə:

“Sahil mühafizə xidmətinə daxil olandan bir qədər sonra məni Atlantik okeanı sahilində ən təhlükəli yerlərdən birinə göndərdilər. Məni partlayıcı maddələr üzrə müfəttiş təyin etdilər. Təsəvvür edə bilərsinizmi?! Məhz məni!

Şirniyyat məmulatlarının satışı üzrə müfəttiş də olur… Minlərlə ton trotilin üstündə dayanmaq lazım gələcəyi fikri təkcə kifayət idi ki, şirniyyat məmulatları satıcısının damarlarında qan donsun. Öyrənmək üçün mənə yalnız ikicə gün verdilər; və öyrəndiyim məni dəhşətə saldı. Birinci tapşırığımı heç vaxt yaddan çıxarmayacağam. Qaranlıq, soyuq, dumanlı bir gündə mənə Nyu-Cersi ştatına, Beyonnda Keyven-Poynt açıq pirsinə yollanmaq əmr olundu.

Mənə gəmidəki 5 №-li tryum tapşırılmışdı. Həmin tryumda beş liman fəhləsiylə işləməli idim. Onların belləri möhkəm idi, amma partlayıcı maddələr haqda heç nə bilmirdilər. Onlar hərəsində bir ton – bu köhnə gəmini partladıb dağıtmaq və bizim hamımızı əcdadlarımızın yanına göndərmək üçün kifayət edəcək qədər trotil olan fövqəlgüclü fuqas mərmilərini yükləyirdilər. Mərmilər iki trosun köməyi ilə endirilirdi. Mən özlüyümdə elə hey təkrar edirdim: “Birdən troslardan biri sürüşsə və ya qırılsa?”

Aman Tanrı! Necə də qorxmuşdum! Məni titrətmə tutdu. Ağzım qupquru qurudu. Dizlərim bükülürdü. Ürəyim az qala sinəmdən çıxacaqdı. Amma heç yerə qaça bilməzdim. Bu, fərarilik olardı. Rüsvay olardım və mənim valideynlərim də rüsvay olardılar. Ola bilsin, məni fərari kimi güllələyərdilər. Mən qalmaq məcburiyyətində idim. Fəhlələrin bu mərmilərlə necə saymazyana davrandıqlarına baxmaqda davam edirdim. Gəmi hər an partlaya bilərdi. Bütün bədənimə üşütmə salan bu dəhşət artıq bir saat idi davam edirdi.

Nəhayət, köməyimə sağlam düşüncəni çağırdım. Özümü o ki var tənbeh elədim və özümə dedim: “Tutaq ki, səni partladacaqlar? Hə, nə olsun? Fərqi nədir? Bu, asan ölmək üsulu olacaq. Xərçəngdən ölməkdən qat-qat yaxşıdır. Axmaq olma. Onsuz da əbədi yaşamayacaqsan ki! Sən bu tapşırığı yerinə yetirməlisən – əks-təqdirdə, səni güllələyəcəklər. Hələ bəlli deyil ki, hansı daha yaxşıdır”.

Bu sayaq bir neçə saat öz-özümlə danışdım və yüngüllük hiss elədim. Nəhayət, özümü qaçılmaz olan situasiya ilə barışmağa məcbur edərək narahatlığımı və qorxularımı adladım.

Mən bu dərsi heç vaxt unutmayacağam. İndinin özündə də mən dəyişdirmək iqtidarında olmadığım nəyə görə isə narahat olmağa meyilli olanda çiyinlərimi çəkir və deyirəm: “Bu haqda fikirləşmə”. Və təsəvvür edin ki, bu, öz işini görür – hətta şirniyyat məmulatları satıcısı üçün də”.

Ura! Eşq olsun comərd şirniyyat məmulatları satıcısına!

İsa Məsihin çarmıxa çəkilməsindən sonra bəşəriyyətin tarixində ən məşhur və faciəvi ölüm Sokratın ölümü hesab olunur. Hətta on min əsrdən sonra da insanlar onun Platon tərəfindən çox kövrək şəkildə qələmə alınmış ölümünü heyranlıqla oxuyacaqlar – bu, dünya ədəbiyyatının ən həyəcanlandırıcı və gözəl əsərlərindən biridir. Ayaqyalın qoca Sokratın paxıllığını çəkən bəzi Afina vətəndaşları ona qarşı yalançı ittihamlar irəli sürmüşdülər.

Onu mühakimə etdilər və ölüm hökmü kəsdilər. Sokrata dostyana münasibət göstərən həbsxana gözətçisi içində zəhər olan piyaləni ona verərkən dedi: “Çalış ki, qaçılmaz olanı asanlıqla qəbul edəsən”. Sokrat elə bu cür də etdi. O, ölümü, demək olar, ilahi sakitlik və ləyaqətlə qarşıladı.

“Çalış ki, qaçılmaz olanı asanlıqla qəbul edəsən”. Bu sözlər bizim eramızdan 399 il əvvəl deyilmişdi. Lakin bizim qoca, daima həyəcanlı dünyamız indi bu sözlərə əvvəllər nə vaxtsa olduğundan daha çox möhtacdır: “Çalışın ki, qaçılmaz olanı asanlıqla qəbul edəsiniz”. Narahat olmaq vərdişi sizə ziyan vurmazdan əvvəl onu üstələmək üçün dördüncü qaydanı yerinə yetirin: Qaçılmaz olanla hesablaşın.

Öz narahatlığınıza “məhdudedici” quraşdırın

Siz fond birjasında pul qazanmağın necə mümkün olduğunu bilmək istəyərdinizmi? Əlbəttə, bunu milyonlarla başqa adam da öyrənmək istəyərdi; əgər mən cavabı bilsəydim, bu kitabın qiyməti göylərə qalxardı. Amma ağıllı bir ideya mövcuddur ki, işləri yaxşı gedən bəzi işbazlar ondan istifadə edirlər. Bu əhvalatı mənə Çarlz Roberts, kapital qoyuluşları üzrə konsultant danışmışdı.

“Texasdan birinci dəfə Nyu-Yorka gələndə məndə dostlarımın verdiyi iyirmi min dollar var idi. Mən həmin pulları fond birjasına yatırmalı idim. Mənə belə gəlirdi ki, – deyə o davam etdi, – fond birjasında “giriş” və “çıxış”ların hamısını bilirəm. Lakin mən hər bir senti itirdim. Doğrudur, bəzi alğı-satqılar mənə böyük gəlir gətirmişdi; lakin əvvəl-axır pulların hamısını itirdim”.

“Əgər öz pullarımı itirmiş olsaydım, bu qədər məyus olmazdım, – deyə cənab Roberts izah edirdi, – amma mən dostlarımın pullarını itirdiyimə görə dəhşətli sarsıntı içində idim, hərçənd onlar hərtərəfli təmin olunmuş adamlar idi. Bizim işimiz bu qədər uğursuz alınandan sonra onlarla görüşməyə qorxurdum. Amma təəccübümə rəğmən onlar nəinki incidilər, hətta onların islah olunmayacaq nikbin olduqları bəlli oldu.

Bilirdim ki, uğurdan və başqa adamların rəyindən əhəmiyyətli dərəcədə asılı vəziyyətdə olduğum halda, bəxtəbəxt hərəkət etmişəm. H.İ.Fillips ifadə etdiyi kimi, mən “birjada şayiələr üzrə oynayırdım”. Səhvlərimi təhlil etməyə başladım və qət etdim ki, birja əməliyyatları ilə yenə də məşğul olmazdan əvvəl birja ilə bağlı olan hər şeyi çox dəqiq öyrənməliyəm. Bunun üstünə düşdüm və birjada ən görkəmli oyunçulardan biri – Berton S.Kasla tanış oldum. Ondan çox şeyi öyrənə biləcəyimə əmin idim.

Çünki o, hər il uğur müşayiət edən birja oyunçusu reputasiyasını çoxdan qazanmışdı. Bilirdim ki, onun uğuru, sadəcə olaraq, bəxt gətirmək məsələsi deyildir.

O, birjada keçmiş alış-verişlərimlə bağlı mənə bir neçə sual verdi. Ardınca o, mənə birja əməliyyatlarında ən vacib prinsipi izah elədi. O dedi: “Mən iştirak etdiyim istənilən birja əməliyyatına “itkilər məhdudedicisi” qoyuram. Əgər mən, məsələn, bir ədədi 50 dollar olan səhm dəsti alıramsa, dərhal 45 dollar məbləğində “itki məhdudedicisi” qoyuram. Bu, aşağıdakı deməkdir: əgər həmin səhmlərin birinin qiyməti birjada 5 bənd aşağı düşərsə, onda onlar avtomatik surətdə satılacaq. Bu minvalla itkilər beş bəndlə məhdudlaşmış olacaqdır.

“Hər şeydən əvvəl, – deyə qocaman maestro davam edirdi, – birjada işlərinizi ağılla təşkil etməlisiniz və onda gəliriniz orta hesabla təqribən on, iyirmi beş və ya hətta əlli bənd təşkil edəcək. Deməli, öz itkilərinizi beş bəndlə məhdudlaşdıraraq girişdiyiniz əməliyyatların yarıdan çoxunda səhv edə və bununla belə, çoxlu pul götürə bilərsiniz”.

Mən bu prinsipi dərhal mənimsədim və həmin vaxtdan onu daim istifadə edirəm. Bu minvalla müştərilərim və özüm minlərcə dollara qənaət edə bilmişik.

Bir müddətdən sonra başa düşdüm ki, “itkilərin məhdudedicisi” prinsipini yalnız fond birjasında deyil, həyatın digər sferalarında da istifadə etmək olar. Mən “məhdudedicini” keçirməli olduğum istənilən xoşagəlməz hallar və incikliklər üçün qoymağa başladım. Bu prinsip möcüzəli şəkildə təsir göstərirdi.

Məsələn, biz dostumla səhər yeməyini birlikdə yemək üçün tez-tez vədələşirdik. Amma o, nadir hallarda vaxtında gəlirdi. Əvvəlki dövrlərdə buna görə səhər yeməyinə ayrılan vaxtın yarısını həyəcan keçirirdim, dostum da, nəhayət, bundan sonra gəlib çıxırdı. Əvvəl-axır ona öz həyəcanlanmam üçün qoyduğum “məhdudedici” barədə danışdım. Ona dedim: “Qulaq as, Bill, səni gözləmək üçün “məhdudedicim” düz on dəqiqə təşkil edir. Əgər sən on dəqiqədən çox geciksən, səhər yeməyi ilə bağlı razılığımız tamamilə ləğv olunur və mən çıxıb gedəcəyəm”.

Qüdrətli Tanrı! Əgər öz peşmançılığıma, özümü doğrultmağa can atmaq səylərimə, öz təəssüflərimə, öz əqli və emosional gərilmələrimə “məhdudedici” qoymaq bir neçə il əvvəl mənim ağlıma gəlmiş olsaydı! Niyə məndə sağlam düşüncə bəs etməyib ki, öz ruhi sakitliyimi hədələyən hər bir situasiyanı qiymətləndirim və özümə deyim: “Qulaq as, Deyl Karnegi, bununla bağlı düz bu qədər narahat olmağa dəyər və bundan azacıq da çox yox”. Mən niyə bunu etməmişəm?

Amma mən sağlam düşüncəmi heç olmasa bir dəfə işə saldığıma görə özümü tərifləməliyəm.

Bu, həyatımın ciddi məqamında – arzularım, gələcəklə bağlı planlarım və uzun illərin zəhməti kart evi kimi uçub dağılan vaxt baş vermişdi. Məsələ belə olmuşdu. Yaşım otuzdan bir qədər çox olanda həyatımı romanların yaradılmasına həsr etmək qərarına gəldim. Mən ikinci Frenk Norris və ya Cek London, və ya Tomas Qardi olmağa hazırlaşırdım. Yazıçı olmaqla bağlı qərarım o qədər ciddi idi ki, iki il Avropada yaşadım. Orada mən dollarla ucuz yaşaya bilərdim. Çünki Birinci Dünya müharibəsindən sonra Avropada daim pul islahatları keçirilir və qarşısıalınmaz şəkildə pul çap olunurdu.

Həyatımın əsas əsəri üzərində işləyə-işləyə orada iki il vaxt keçirdim. Onu “Qarlı qasırğa” adlandırdım. Əsərin adı yerinə düşürdü, çünki naşirlər yaratdığımı elə bir buz soyuqluğu ilə qəbul etdilər ki, bunu yalnız Dakota düzənliklərini cənginə alan qarlı qasırğa meydana çıxara bilərdi. Ədəbi agentim əsərimin heç nəyə yaramadığını və məndə yazıçı vergisinin olmadığını mənə deyəndə az qala ürəyim dayanmışdı. Elə bir vəziyyətdə idim ki, sanki o, başıma dəyənəklə vurmuşdu. Keyimişdim. Lakin başa düşdüm ki, həyat yollarının kəsişməsinə gəlib çıxmışam və fövqəladə dərəcədə vacib qərar qəbul etməliyəm. Bəs nə etməliyəm? Hansı yolu seçməliyəm?

Keyimiş vəziyyətdən çıxana qədər həftələr keçdi. Həmin dövdə şəxsi narahatlığa “məhdudedici” qoymağın mümkün olduğu barədə heç bir anlayışım da yox idi. Amma geriyə boylanaraq başa düşürəm ki, o vaxt mən məhz elə bunu etmişdim. Mən həmin romanı yazmaq üçün son qüvvəmi də qoyduğum iki ilin üzərindən xətt çəkdim və bunu tamamilə düzgün olaraq nəcib eksperiment kimi qiymətləndirdim, ardınca da öz həyatımı dəyişməyi qərara aldım. Mən yenə də yaşlılar üçün kurslarda müəllimlik etməyə, boş vaxtlarımda isə görkəmli adamların bioqrafiyasını və maarifləndirici xarakterli, indi əlinizdə tutduğunuza bənzər kitablar yazmağa başladım.

Bu qərarı qəbul etməyimlə qəlbimdə sevinc duyurammı? Qəlbimdə sevinc? İndi mən bu haqda fikirləşəndə hər dəfə sevincimdən küçədə rəqs etmək istəyirəm. Düzünü deyə bilərəm ki, ikinci Tomas Qardo olmadığıma görə, lap elə həmin vaxtdan bu yana nəinki bir gün, bircə saat belə olsa peşman olmamışam.

Yüz il bundan əvvəl günlərin birində gecənin bir aləmində Uolden gölünün sahilindəki meşədə bayquş vahiməli-vahiməli ulayanda Henri Toro qaz lələyini əldəqayırma mürəkkəbə batırdı və gündəliyində yazdı: “Şeyin qiyməti – bu, mənim ömür adlandırdığımın elə bir miqdarıdır ki, onu həmin şeyə bir dəfəyə və ya uzun müddət ərzində dəyişmək tələb olunur”.

Başqa sözlə, biz – hansısa bir şey üçün onun ömrümüzə başa gələn bahasından çox haqq ödəyəndə axmaqlıq edirik.

Amma Hilbert və Sallivan məhz elə bu cür hərəkət edirdilər. Onlar şən şeirlər və mahnılar yaza bilirdilər. Lakin onların öz həyatlarına şənlik gətirmək qabiliyyətləri tamamilə yox idi. Onlar bütün dünyanı valeh edən gözəl operettalar yaratmışdılar: “Səbir”, “Uşaq önlüyü”, “Mikado”. Amma onlar öz xarakterlərini idarə edə bilmirdilər. Onlar öz həyatlarını boş şeylərə görə, məsələn, xalçanın qiymətiylə bağlı zəhərləyirdilər! Sallivan teatr üçün xalça sifariş etmişdi və onlar onu almışdılar.

Hilbert xalçanın qiymətini görəndə əsəbdən özündən çıxmışdı. Onlar bir-birini məhkəməyə verdilər və bundan sonra ömürlərində bir dəfə də olsun bir-biriləriylə kəlmə kəsmədilər. Sallivan onların birgə əsəri üçün musiqini bəstələyəndə o, bunu Hilbertə poçtla göndərirdi, Hilbert isə musiqinin sözlərini yazaraq bağlamanı poçtla Sallivana göndərirdi. Bir dəfə onların ikisini də teatrda “bis”ə dəvət etmişdilər.

Onlar səhnənin əks tərəflərində dayanmışdılar və bir-birilərini görməmək üçün müxtəlif tərəflərə baxa-baxa tamaşaçılara baş əyirdilər. Öz incikliklərinin üzərinə Linkoln kimi “məhdudedici” qoymağa onların sağlam düşüncələri çatmırdı.

Vətəndaş müharibəsi dövründə bir dəfə Linkolnun dostları onun ən qatı düşmənlərini rüsvayçılıq ittihamı ilə damğalayanda o demişdi: “Sizdə mənim düşmənlərimə şəxsi hiddət məndə olandan çoxdur. Ola bilsin, məndə o çox azdır, amma mən heç vaxt hesab etməmişəm ki, o özünü doğruldur. İnsanın buna vaxtı yoxdur ki, ömrünün yarısını umu-küsülərə sərf etsin. Əgər mənim düşmənlərimdən kim isə mənə qarşı çıxış etməyə son qoyarsa, mən onu keçmişiylə heç vaxt günahlandırmaram”.

Çox təəssüf olsun ki, Linkolnun hər şeyi keçmək bacarığı mənim qoca Edit xalama xas deyildi. O və Frenk dayı girov qoyulmuş fermada yaşayırdılar, torpağı alaq basmışdı, məhsuldar deyildi, sahədə çoxlu kanal var idi. Xalam və dayım çox əziyyət çəkirdilər, onlar hər bir sentə qənaət etməli olurdular. Amma Edit xala kasıb evlərini bəzəmək üçün pərdə və digər şeyləri almağı sevirdi. O, bu xırdapara dəbdəbə əşyalarını Missuri ştatının Meri-Vill şəhərində Den Eversola məxsus olan parça dükanından alırdı. Borclar Frenk dayını narahat edirdi.

O bir fermer olaraq artmaqda olan borc hesablarından bərk qorxurdu və dayım Den Eversoldan gizli şəkildə xahiş elədi ki, həyat yoldaşına borca heç nə satmasın. Bunu biləndə Edit xala özündən çıxdı. Və o, hadisə baş verəndən, demək olar, əlli il sonra da bu səbəbdən özündən çıxmaqda davam edirdi. Onun bu hadisəni necə danışdığını mən bir deyil, dəfələrlə eşitmişdim. Onu axırıncı dəfə görəndə onun artıq səksənə yaxın yaşı var idi.

Ona dedim: “Edit xala, Frenk dayı sizi alçaltmaqla düzgün iş görməmişdi, amma sizə belə gəlmirmi ki, bu baş verəndən, demək olar, əlli il sonra onun hərəkətindən şikayətlənmək pisdir”. (Lakin sözlərim ona təsir etmədi. Eyni müvəffəqiyyətlə mən Aya da müraciət edə bilərdim.)

Əsəbiliyi və kinliliyi Edit xalaya baha başa gəldi. O, ruhi sakitliyini itirmişdi.

Bencamin Franklinin yeddi yaşı olanda o, yetmiş il yadında saxladığı səhvə yol vermişdi. O, yeddi yaşlı uşaq olanda fışqırığının olması üçün ürəyi gedirdi. O, oyuncaq mağazasına elə bir coşqun vəziyyətdə girir ki, fışqırığın heç qiymətini də soruşmadan dəmir-dümür pullarının hamısını piştaxtanın üstünə tökür. “Sonra mən evə getdim, – deyə o, üstündən yetmiş il keçəndən sonra dostuna yazırdı, – və fışqırığımla hədsiz dərəcədə lovğalana-lovğalana bütün evi fit səsinə bürüdüm”.

Amma böyük qardaşları və bacıları onun fışqırıq üçün qiymətindən qat-qat çox ödədiyini biləndə balacanı amansızcasına ələ salmağa başladılar. “Hirsimdən ağlayırdım”, – deyə Franklin xatırlayır.

Üstündən çox-çox illər keçəndən, Franklin məşhur şəxs və ABŞ-ın Fransada səfiri olandan sonra o, fışqırıq üçün artıq pul verdiyini hələ də yadında saxlayırdı və bu əhvalat ona “fışqırığın verdiyi ləzzətdən çox kədər gətirirdi”.

Lakin əvvəl-axır bu, elə də baha başa gəlməyən hadisə onun həyatında faydalı dərs oldu. “Mən yaşa dolanda, – o danışırdı, – cəmiyyət arasında olanda və insanların hərəkətlərini müşahidə edəndə öz fışqırıqları üçün həddən böyük qiymət ödəmiş olan çoxlarına, lap çoxlarına rast gəlirdim. Qısaca deyilərsə, bu qənaətə gəldim ki, bəşəriyyətin bədbəxtliklərinin əksəriyyəti bu və ya digər şeylərin əhəmiyyətinin yanlış qiymətləndirilməsi ilə meydana çıxıb və adamlar öz fışqırıqları üçün həddən artıq baha qiymət ödəyirlər”.

Hibert və Sallivan öz fışqırıqları üçün həddən artıq baha qiymət ödəyiblər. Bu, mənim Edit xalama da aiddir. Və bir çox hallarda elə Deyl Karnegi də bu cür hərəkət edib.

Bəli, mən səmimi-qəlbdən əminəm ki, əsl ruhi sakitliyin əsas sirlərindən biri – dəyərlərin düzgün qiymətləndirilməsidir. Və düşünürəm ki, əgər biz dəyərlərin qiymətləndirilməsiylə bağlı fərdi meyarlarımızı – bu və ya digər şeylərin bizim həyatımızda əsl əhəmiyyətinin ölçü meyarlarını işləyib hazırlamış olsaydıq, öz həyəcanlarımızın əlli faizini dərhal məhv etmiş olardıq.

Beləliklə, narahat olmaq vərdişi sizə ziyan gətirməzdən əvvəl onu üstələmək üçün beşinci qaydanı yerinə yetirin:

Ümidsiz işdə göstərdiyiniz tərsliyi davam etdirmək təhriki qarşınızda duranda dayanın və özünüzə üç sual verin:
  1. Barəsində narahat olduğumun həyatımda əhəmiyyəti həqiqətdə nə qədər böyükdür?
  2. Bu narahatlığı yaddan çıxarmaq üçün onun üzərində “məhdudedicini” hansı səviyyədə qoymaq lazımdır?
  3. Fışqırıq üçün mən dəqiqliklə nə qədər ödəməliyəm? Artıq ödədiyim onun əslindəki qiymətindən baha deyilmi?
“Yonqarı doğramağa” cəhd etməyin

Mən bu ifadəni yazanda pəncərədən boylanıb dinozavrın izini öz bağçamda görə bilərəm – dinozavrın gilin və daşın üstündə qalan izini. Bu izləri Yel Universitetinin Pibodi muzeyindən pulla almışam; məndə muzeyin qoruyucusunun məktubu var ki, məktubda bu izlərin yüz səksən milyon il əvvəl qoyulduğu deyilir. Bu izləri dəyişmək üçün yüz səksən milyon il əvvələ qayıtmağa çalışmaq fikri ən sarsaq adamın da ağlına gəlməzdi.

Bəli, bu, sarsaqlıqdır, amma yüz səksən saniyə əvvəl baş verəni dəyişmək üçün geriyə qayıda bilmədiyinizə görə narahat olmaq da bundan az sarsaqlıq deyil – lakin bizim bir çoxumuz məhz elə belə də hərəkət edirik. Həqiqətən də, yüz səksən saniyə əvvəl baş verənlərin nəticələrini dəyişməyə biz can ata bilərik, lakin biz o vaxt baş vermiş hadisəni, çox güman, çətin ki, dəyişmək iqtidarında olaq.

Keçmişdən fayda götürmək üçün bu dünyada yalnız bir üsul mövcuddur – bu, onları gələcəkdə bir daha heç vaxt təkrar etməmək üçün keçmiş səhvlərimizi sakitcə təhlil etməkdən, sonra da onu tamamilə yaddan çıxarmaqdan ibarətdir.

Bunun, həqiqətən də, doğru olduğuna mən əmin olmuşam. Amma bunu praktikada həyata keçirmək üçün mənim mərdliyim və ağlım həmişə çatıbmı? Bu suala cavab vermək üçün izin verin sizə başıma bir neçə il əvvəl gəlmiş bir fantastik hadisə haqqında danışım. Belə alınmışdı ki, əlimdə olan üç yüz min dollardan çox pul küləyə verilmiş oldu və mən bir sent də olsa gəlir götürmədim. Məsələ belə olmuşdu:

Yaşlıların hazırlığı sahəsində genişmiqyaslı müəssisə təşkil etmək qərarına gəlmişdim. Ölkənin müxtəlif şəhərlərində filiallar açdım və bu iş üçün izafi xərclərə və reklam elanlarına pulu əliaçıqlıqla xərcləyirdim. Kurslarda müəllimlik etməyə başım o qədər qarışmışdı ki, maliyyə məsələləri ilə məşğul olmağa nə vaxtım, nə də həvəsim var idi. Mən həddən artıq sadəlövh idim və başa düşmürdüm ki, xərclərim üzərində rəhbərlik edən diqqətli idarəçi lazımdır.

Nəhayət, üstündən təqribən bir il keçəndən sonra məni ayıq salan heyrətamiz həqiqəti aşkar etdim. Başa düşdüm ki, kursların təşkil olunmasına qoyduğumuz çox böyük pul yatırımı bir sent də olsun gəlir gətirməyib. Bunu biləndə mən gərək iki şeyi edəydim. Birincisi, mənə Corc Vaşinqton Karver kimi, əmanətlərini qoyduğu bank müflis olanda qırx min dollarını itirən zəncidən ibrət götürərək hərəkət etmək üçün sağlam düşüncəyə malik olmaq lazım idi. Bu, onun həyatı boyu yığdıqlarının hamısı idi. Kim isə ondan tam müflis olduğunu  ilibbilmədiyini soruşanda o cavab vermişdi: “Bəli, mən bu haqda eşitmişəm”.

Ardınca isə o, sakitcə mühazirəsini oxumaqda davam elədi. O, bu itkini yaddaşından tamamilə sıxışdırıb çıxartmışdı və bir daha bu haqda xatırlamırdı. İkincisi, mən aşağıdakını etməli idim: öz səhvlərimi təhlil etməli və onlardan bütün ömrüm üçün dərs götürməli idim.

Açığını desəm, mən nə bunu, nə də o birini etdim. Bunun əvəzində özümü narahat olmağımla əldən saldım. Aylarla başımı itirmiş vəziyyətdə idim. Yuxudan məhrum oldum və arıqladım. Bu çox böyük səhvdən dərs hasil etmək əvəzinə, eyni şeyi yenidən etdim və yenə də fiaskoya uğradım, doğrudur, bu dəfə daha kiçik miqyasda.

Bütün bunlarda axmaqlığı etiraf etmək mənə xoş deyil; amma çox illər bundan qabaq başa düşdüm ki, “nə etmək lazım olduğunu iyirmi nəfərə öyrətmək öyrətdiklərimi mənimsəyən iyirmi nəfərdən biri olmaqdan asandır”.

Çox heyif ki, mənə Nyu-Yorkda Corc Vaşinqton adına məktəbdə cənab Brenduaynın – Allen Sondersin təhsil aldığı həmin müəllimin sinfində oxumaq nəsib olmayıb.

Mister Sonders mənə danışmışdı ki, gigiyena kurslarının müəllimi cənab Brenduayn ona həyatının ən qiymətli dərslərindən birini vermişdi. “Mən hələ yeniyetmə idim, – Allen Sonders özü haqqında danışaraq xatırlayırdı, – lakin artıq o vaxt hər şeylə bağlı narahat olmağa meyilli idim. Mən, adətən, yol verdiyim səhvlərə görə əsəbiləşir və pis olurdum. Yazılı imtahan işimi yoxlanmaq üçün təhvil verəndən sonra bütün gecəni yatmır və imtahandan keçməyəcəyimin qorxusundan dırnaqlarımı çeynəyirdim. Keçmişdə etdiklərimə görə həmişə dərd çəkirdim və filanı və ya behmanı etmədiyimə görə özümü günahlandırırdım.

Amma necə oldusa, bir səhər sinfimiz sıra ilə elmi laboratoriyaya, müəllim cənab Brenduaynın bizi gözlədiyi otağa daxil oldu. Stolun kənarında görünən yerdə içərisində süd olan şüşə butulka var idi. Biz öz yerimizi tutduq və butulkanın gigiyena dərsinə nə dəxli ola biləcəyini anlamayaraq gözümüzü ona dikdik. cənab Brenduayn birdən ayağa qalxdı və süd olan butulkanı əl-üz yuyulan yerə tolazladı. Butulka sındı və süd töküldü. O isə qışqırdı: “Tökülən südə görə ağlamayın! İtiriləni qaytarmaq mümkün deyildir!”

Sonra o, bizim hamımıza əlüzyuyana yaxınlaşmağı və sınmış butulkanın çiliklərinə baxmağı hökm etdi. “Diqqətlə baxın, – dedi o, – mən istəyirəm ki, siz bu dərsi ömrünüz boyu yadda saxlayasınız. Süd artıq tökülüb, o artıq yoxdur – siz görürsünüz ki, süd əlüzyuyanın dəliyindən axıb gedib; dünyada heç bir həyəcan və giley bu südün heç olmasa bir damlasını belə qaytara bilməz. Biz nə etdiyimizi fikirləşsəydik və ehtiyatlı olsaydıq, südü xilas edə bilərdik. Lakin indi artıq həddən çox gecdir – edə biləcəyimiz isə yalnız onu hesabdan silmək, bu haqda unutmaq və başqa işlərlə məşğul olmaqdır”.

“Mən stereometriyanı və latını unutduqdan sonra, – dedi mənə Allen Sanders, – bircə bu kiçik təcrübə yadımda uzun müddət qaldı. Həqiqətən də, real həyata münasibətdə bu təcrübə mənə məktəbdə təhsil aldığım dörd ildə mənə tədris olunan qalan bütün hər şeydən çox öyrətdi. Bu təcrübə mənə imkan daxilində südü dağıtmamağı, amma o artıq dağılıbsa və əlüzyuyanın deşiyinə axıb gedibsə, onu tamamilə yaddan çıxarmağı öyrətdi”.

Oxucuların bəzisi güləcək ki, hamıya bəlli olan “Gedənin dalınca ağlamazlar” məsəli, yəni “İtiriləni geri qaytara bilməzsən” haqda bu qədər çox danışılır. Bilirəm ki, o, banaldır və lap çox çeynənib. Bilirəm ki, onu artıq min dəfə eşitmisiniz. Lakin mənə həm də bu məlumdur ki, əsrlər boyu toplanan müdriklik həmin banal məsəllərdə öz ifadəsini tapıb.

Onlar bəşəriyyətin çox böyük təcrübəsi əsasında yaradılıb və sayı-hesabı olmayan nəsillər vasitəsilə ötürülüb. Əgər siz bütün dövrlərin nəhəng alimlərinin narahatlıq haqqında yazdıqlarının hamısını oxumuş olsaydınız belə, “Çayı hoppanmazdan əvvəl hop demə”, yəni vaxtından əvvəl özün üçün çətinlikləri yaratma və “Dağıdılmış südə görə ağlamayın” kimi çeynənmiş məsəllərdə olduğu qədər dərin müdrikliyi heç yerdə tapmazdınız. Əgər siz bu iki müdrikliyi həyatınızda tətbiq etsəydiniz (onların banal olduqları ilə bağlı deyinmək yerinə), bizim bu kitaba qətiyyən ehtiyacımız olmazdı.

Həqiqətən də, əgər biz qədim məsəllərin əksər hissəsini praktikada tətbiq etsəydik, həyatımız, demək olar, kamil olardı. Lakin bilik yalnız tətbiq olunarkən qüvvəyə çevrilir və bu kitabın məqsədi sizə nə isə yeni bir şeyi bildirmək deyil. Kitabın məqsədi – artıq bildiyinizi sizə xatırlatmaq, sizi hərəkətə gətirmək və bu həqiqətləri öz həyatınızda necəsə istifadə etməyə sövq etməkdi.

Mən qədim həqiqətləri yeni və koloritli dillə izah etmək vergisinə malik olan, mərhum Fred Fuller Şeddə oxşayan adamlara həmişə heyran olmuşam. O, “Filadelfia bülleten” jurnalının redaktoru idi. O, bir dəfə kollecin məzunlarına müraciət edərək onlara sual vermişdi: “Sizdən kim nə vaxtsa odun mişarlayıb? Əlinizi qaldırın!” Onlardan çoxu əlini qaldırdı. Ardınca o soruşdu: “Bəs sizdən kim nə vaxtsa yonqar mişarlayıb?” Bir nəfər də əlini qaldırmadı.

“Əlbəttə, yonqarı mişarlamaq mümkün deyil! – deyə cənab Şedd bildirdi. – Onlar artıq mişarlanıb! Eyni şey də keçmişlə bağlı baş verir. Siz artıq baş vermiş və tamam olmuş nə ilə isə bağlı narahat olmağa başlayanda, sadəcə olaraq, yonqarı mişarlamağa başlayırsınız”.

Məşhur beysbol ustası Konni Makkın səksən bir yaşı tamam olanda mən ondan uduzulan oyunlara görə nə vaxtsa narahat olub-olmadığını soruşdum. “Oo, əlbəttə, məndə belə olub, – deyə Konni Makk cavab verdi. – Amma bu axmaqlıqdan çox illər bundan əvvəl yaxa qurtarmışam. Başa düşdüm ki, narahat olmağın heç bir xeyri yoxdur. O, heç nə ilə kömək etmir. Axı artıq axıb çaya getmiş su ilə buğdanı üyütmək mümkün deyil”.

Artıq axıb bulağa tökülmüş su ilə, sözsüz ki, buğdanı üyütmək və tirləri mişarlamaq mümkün deyil. Amma siz buna görə narahat olmağa başlasanız, onda qırışlar sifətinizdə şırımlar açacaq və sizdə mədə xorası əmələ gələcəkdir.

Keçən il Şükran günündə mən Cek Dempsi ilə birlikdə nahar edirdim; biz quşüzümü sousunda bişirilmiş hinduşka yeyirdik və o, mənə Tanni adlı boksçuya uduzaraq ağır çəkidə dünya çempionu adını itirdiyi matç haqqında danışdı. Bu, təbii ki, Cek Dempsinin heysiyyətinə zərbə idi. “Həmin matçın ortalarında, – deyə o, mənə danışdı, – mən qəfildən dərk elədim ki, qocaya çevrilmişəm… Onuncu

raundun axırlarında mən ayaq üstə hələ də dayana bilirdim, amma bundan başqa heç nə. Sifətim şişmişdi və büsbütün qançırla örtülmüşdü, gözlərim, demək olar, açılmırdı… Hakimin Cin Tanninin əlini qələbə əlaməti olaraq yuxarı qaldırdığını görürdüm… Mən artıq dünya çempionu deyildim. Yağışın altında izdihamın arasından öz paltardəyişmə otağıma tərəf getdim. Keçəndə bəziləri mənim əlimdən tutmağa çalışırdılar. Başqalarının gözləri yaşlı idi.

Bir ildən sonra yenə də Tanni ilə döyüşürdüm. Lakin bu, heç nə vermədi. Mənim üçün boksla bağlı hər şey qurtarmışdı. Özümü narahat olmaqdan saxlamaq mənə çətin idi, lakin özümə dedim: “Mən keçmişdə yaşamağa və ya tökülmüş südə görə ağlamağa hazırlaşmıram. Mən zərbəyə kişi kimi tab gətirəcəyəm və ona məni yerə sərməyə imkan verməyəcəyəm”.

Cek Dempsi özünü məhz elə bu cür də aparırdı. Necə? Özünə yenə və yenə təkrar edirdi ki, “mən keçmişlə bağlı narahat olmayacağam?” Xeyr, bu, onu yalnız öz keçmiş narahatlığını xatırlamağa məcbur edərdi. O, məğlubiyyətlə barışdı, sonra isə bu hadisəni yaddaşından tamamilə sildi və diqqətini gələcək üçün planların düşünülüb-daşınması üzərində cəmlədi. Brodveydə “Cek Depsi” restoranını və 57-ci küçədə “Böyük şimal” hotelini açdı, boks üzrə yarışların və nümayişkaranə matçların təşkil olunması ilə məşğul oldu.

O, işinə o qədər qərq olmuşdu ki, keçmişlə bağlı narahatlıq keçirməyə onun nə vaxtı, nə də istəyi qalırdı. “Axırıncı on ili mən, – dedi Cek Dempsi, – dünya çempionu olduğum vaxtlardan yaxşı yaşayıram”.

Mən tarixi və ya bioqrafik işləri oxuyanda, yaxud da insanları ekstremal situasiyalarda müşahidə edəndə onlardan bəzilərinin öz narahatlıqlarını, faciələrini kənara atmaq və kifayət qədər xoşbəxt ömür yaşamaqda davam etmək qabiliyyəti məni həmişə heyrətləndirir və ruhlandırır.

Bir dəfə mən məşhur Sinq-Sinq həbsxanasında oldum. Ən çox məni sarsıdan bu oldu ki, məhbuslar həyatlarından azadlıqda olan ən adi adamlardan heç də az məmnun deyildilər. Mən bunu o vaxt həbsxananın rəisi olan Lyuis E.Loueslə söhbət əsnasında qeyd elədim. O danışdı ki, cinayətkarlar Sinq-Sinq həbsxanasına gətiriləndə başlanğıcda, bir qanunauyğunluq kimi, incik və qəddarlaşmış halda olurlar. Lakin bir neçə aydan sonra onlardan ən ağıllıları öz bədbəxtlikləri barədə xatırlamır, həbsxana həyatı ilə barışır və bu həyatı bacardıqları qədər daha məqbul etməyə çalışırlar.

Loues mənə bir məhbus bağban haqqında danışdı ki, o, həbsxana divarları arxasında tərəvəz və gül yetişdirə-yetişdirə mahnı oxuyurdu.

Sinq-Sinqdən olan, güllərə qulluq edə-edə mahnı oxuyan məhbus bizim əksəriyyətimizdən çox sağlam düşüncə sahibi idi.

Əlbəttə, bizim hamımız səhvlərə və sarsaq hərəkətlərə yol veririk. Hə, nə olsun ki? Onları kim etmir ki? Hətta Napoleon da keçirdiyi çox vacib döyüşlərin üçdəbirində məğlubiyyətə məruz qalmışdı. Həyatda bizim məğlubiyyətlərimizin orta riyazi göstəricisi də bəlkə Napoleonda olduğundan heç də pis deyil? Kim bilir?

Hər halda, bütün kral süvarisi və kral qoşunları da keçmişi qaytara bilməz.

Beləliklə, narahat olmaq vərdişi sizi məhv etməmişdən, axırınıza çıxmazdan əvvəl onu üstələmək üçün gəlin altıncı qaydanı yadda saxlayaq: Yonqarı mişarlamağa cəhd etməyin.

Xülasə

Qayda 1: Narahatlığı həyatınızdan silmək üçün həmişə özünüzü məşğul edin. Özünü fəaliyyətlə yükləmək – məyusluq ruhunu qovmaq üçün nə vaxtsa yaradılmış ən yaxşı dərmanlardan biridir.

Qayda 2: Boş şeylərə görə dilxor olmaq lazım deyil. Boş şeylərə – həyatda onlar vur-tut qarışqalardır – xoşbəxtliyinizi alt-üst etməyə imkan verməyin.

Qayda 3: Narahatlığı həyatınızdan qovlamaq üçün böyük ədədlər qanununu istifadə edin. Özünüzdən soruşun: “Bu hadisənin ümumiyyətlə baş verə biləcəyi ehtimalı nə qədərdir?”

Qayda 4: Qaçılmaz olanla hesablaşın. Hansısa bir şəraiti dəyişməyin və ya düzəltməyin qüvvəniz daxilində olmadığını bilirsinizsə, özünüzə deyin: “Bu, belədir. Bu, başqa cür ola bilməz”.

Qayda 5: Narahatlığınıza “məhdudedici” qoyun. Bu və ya digər hadisənin nə dərəcədə narahatlığa layiq olduğunu özünüz üçün qət edin və bundan çox narahat olmayın.

Qayda 6: Qoy keçmiş öz ölülərini dəfn etsin. Yonqarları mişarlamayın.

SİZƏ RUHİ SAKİTLİK VƏ XOŞBƏXTLİK GƏTİRƏCƏK ƏQLİ ƏHVALİ- RUHİYYƏ FORMALAŞDIRMAĞIN YEDDİ QAYDASI

Həyatınızı tamamilə dəyişməyə qadir olan doqquz söz

Bir neçə il əvvəl radio ilə çıxış etdiyim vaxt məndən aşağıdakı suala cavab verməyi xahiş elədilər: “Həyatda aldığınız ən vacib dərs hansıdır?”

Cavab vermək mənə asan idi: həyatda mənimsədiyim ən qiymətli dərs – bu, fikirləşdiyimizin vacibliyini dərk etməyimizdir. Nə fikirləşdiyini mənə de və mən kim olduğunu sənə deyim. Fikirlərimiz bizim şəxsiyyətimizin səciyyələrini müəyyən edir. Bizim həyata münasibətimiz – taleyimizi müəyyən edən amildir.

Emerson deyib: “İnsan gün ərzində nə fikirləşirsə, odur”… Məgər o, başqa nə isə ola bilərmi?

İndi mən artıq bilirəm ki, bizim sizinlə üzləşdiyimiz ən böyük problem – həqiqətdə isə işlərimizin asılı olduğu az qala yeganə problem – düzgün əqli əhvali-ruhiyyənin seçilməsidir. Əgər biz bu seçimi etməyə qabiliksə, onda öz problemlərimizin hamısının həlli yoluna çıxmış olacağıq. Böyük filosof, Roma imperiyasının hökmdarı Mark Avreli bu fikri doqquz sözlə – sizin taleyinizi müəyyən edə biləcək doqquz sözlə ifadə etmişdi:

“Öz həyatımız haqqında nə düşünürüksə, bizim həyatımız elə odur”.

Həqiqətən də, əgər biz xoşbəxtlik haqqında fikirləşiriksə, biz özümüzü xoşbəxt hiss edirik. Əgər bizə kədərli düşüncələr baş çəkirsə, biz qüssələnirik. Əgər düşüncələrimizdə qorxu varsa, biz vahiməyə düşürük. Əgər azar-bezar haqqında düşünürüksə, tamamilə mümkündür ki, biz xəstələnəcəyik. Əgər uğursuzluq haqqında düşünürüksə, biz nədəsə mütləq fiaskoya uğrayacağıq.

Əgər özümüzə yazığımız gəlmək çirkabına qərq olmuşuqsa, hamı bizdən qaçacaq. “Siz, – demişdi Norman Vinsent Pil, – özünüz haqqında nə düşünürsünüzsə, o deyilsiniz; siz nə düşünürsünüzsə, məhz osunuz”.

Sizə belə gəlir ki, mən sizin bütün problemlərinizlə bağlı ibtidai nikbin münasibəti təbliğ edirəm? Xeyr, əfsus ki, həyat o qədər də sadə deyil. Lakin mən bunun lehinəyəm ki, biz özümüzdə bizi əhatə edən dünya ilə əlaqədar mənfi deyil, müsbət münasibət formalaşdırmalıyıq. Başqa sözlə, biz problemlərimizin həllinin qayğısına qalmalı, amma onlarla bağlı narahatlığa qərq olmamalıyıq. Fərq nədədir?

Gəlin mən bu müddəanı aydınlaşdırım. Mən hər dəfə Nyu-Yorkun nəqliyyat hərəkətinin intensiv olduğu hansısa bir küçəsini keçəndə hər dəfə maşının altına düşməməyin qeydinə qalıram – lakin bu, məni narahatlıq girdabına salmır. Qeydinə qalmaq – bu, öz problemlərimizin nədən ibarət olduğunu dərk eləmək və onların həll olunması üçün sakitcə tədbirlər görmək deməkdir. Narahat olmaq isə – fasiləsiz olaraq dairə üzrə fırlanmaq deməkdir ki, bu, əbəs yerə edilən və insanı dərrakəsiz haladək gətirən işdir.

Ciddi problemlər içində olmaq mümkündür, lakin bu vaxt da küçədə başını qürurla dik tutub və döş cibində qərənfil gülü ilə getmək lazımdır. Louell Tomas məhz bu cür hərəkət edəndə mən onun yanında idim. Bir dəfə mən Louell Tomasla işləmək şərəfinə layiq görülmüşdüm. Biz birlikdə Birinci Dünya müharibəsi dövründə Allenbi-Lourensin kompaniyaları haqqında Tomas Louellin məşhur filmlərini nümayiş etdirirdik. Louell Tomas və onun köməkçiləri hərbi əməliyyatları təqribən altı cəbhədə lentə alırdılar.

Və ən əsas olanı isə bu idi ki, onlar özləriylə T.E.Lourensi və onun ekzotik ərəb ordusunu təsvir edən xroniki kinomaterial, həmçinin də Allenbinin Müqəddəs Torpağı istila etdiyi haqqında sənədli film gətirmişdilər. Tomas Louellin “Allenbi ilə Fələstində” və “Lorenslə Ərəbistanda” filmlərinin nümayişi ilə müşayiət olunan çıxışları ona Londonda və bütün dünyada sensasion uğur gətirmişdi. Londonda opera mövsümünün açılışı altı həftəlik təxirə salınmışdı ki, Kovent-Qardendəki Kral Opera Teatrında Tomas bu ağlasığmaz macəralar haqqında filmlərini davam etdirə bilsin.

Onun Londonda sensasion uğurundan sonra bir çox ölkələrə triumfal turnesi baş tutdu. Ardınca o, Hindistanda və Əfqanıstanda həyat haqqında film üzərində iki il işlədi. Ağlasığmaz uğursuzluqlar zəncirindən sonra qeyri-mümkün olan baş verdi: o, Londona tamamilə müflis vəziyyətdə gəlib çıxdı. Həmin dövrdə mən onunla bir yerdə idim. Bizim ucuz restoranlarda bahalı olmayan yeməklər götürdüyümüz yadımdadır. Biz heç orada da qidalana bilməzdik, əgər bir şotlanddan – məşhur aktyor Ceyms Makbidən pul borc almasaydıq. Haqqında danışdığım əhvalatın məğzi isə budur: Louell Tomas hətta çox böyük borc və ağır məyusluq içində olanda da narahatlığa qərq olmayıb, öz problemləriylə məşğul idi. O bilirdi ki, özünə süstləşmək imkanı vermək olmaz, əks-təqdirdə, hamı, hətta onun kreditorları da ondan üz çevirər.
Buna görə də hər gün səhər, öz işləri dalınca çıxmazdan əvvəl o, gül alır, onu yaxasına taxır və Oksvord-stritdə başını qürurla dik tutaraq şən-şən gedirdi. Onun düşüncələri müsbət yüklü və comərd idi və o özünə məyusluğa qərq olmağa və məğlubiyyət barədə düşüncələrə qapanmağa imkan vermirdi. O, məğlubiyyəti oyunun elementi kimi, həyatda uğura nail olmağa can atanlar üçün faydalı məşq kimi nəzərdən keçirirdi.

Bizim əqli əhvali-ruhiyyəmiz fiziki qüvvələrimizə, demək olar, həqiqətə bənzəməyən təsir göstərir. Məşhur ingilis psixiatrı C.E.Hedfild yazdığı çox gözəl “Qüvvənin psixologiyası” kitabında bu faktın heyrətamiz izahını göstərir. “Mən üç kişi ilə eksperiment keçirdim, – C.E.Heldfild yazır. – Mən onların fiziki qüvvəsinə təlqinetmənin dinamometrin köməyi ilə ölçülən təsirini yoxladım”. O, sınaqdan çıxarılan hər bir kişiyə dinamometri var gücləri ilə sıxmağı hökm etmişdi. Eksperiment üç müxtəlif şəraitdə keçirilirdi.

Eksperiment sınaqdan çıxarılanların normal iş şəraitində keçiriləndə sıxılma təzyiqinin orta qüvvəsi 101 funt təşkil etmişdi.

Ardınca eksperiment sınaqdan çıxarılanlar hipnozun təsirinə məruz qalandan sonra keçirilirdi. Nəticədə onlar cəmi 29 funt – onların normal güclərinin üçdəbirindən az sıxa bilmişdilər. “Sınaqdan çıxarılanlardan biri boksçu idi; hipnozun təsiri altında ona zəif olduğu təlqin ediləndə boksçuya, öz sözlərinə görə, belə gəldi ki, onun əli birdən uşaqda olan kimi balacalaşdı”.

Üçüncü eksperimentin gedişində Hedfild sınaqdan çıxarılanlara təlqin etdi ki, onlar çox güclüdürlər. Bundan sonra onlardan hər biri orta hesabla 142 funt sıxa bildi. Şüur güc ilə bağlı müsbət fikirlərlə doldurulanda bu vaxt onların gerçək fiziki gücləri, demək olar, əlli faiz artırdı.

Bizim əqli əhvali-ruhiyyəmizin qüvvəsi bax belədir.

Yaşlılara otuz beş il ərzində müəllimlik etməyimin nəticəsində bilirəm ki, kişilər və qadınlar düşüncə tərzlərini dəyişmək yolu ilə narahatlıqdan, qorxudan və müxtəlif növ xəstəliklərdən yaxa qurtarmağa və öz həyatlarını yenidən qurmağa qabildirlər. Mən bilirəm! Mən bilirəm! Mən bilirəm!!! İnsanların bütün həyatlarının ağlasığmaz metamorfozalarını yüz dəfələrlə müşahidə etmişəm. Bunu o qədər tez-tez görmüşəm ki, onlar məni artıq qətiyyən təəccübləndirmir.

Mənim dərin inamım vardır ki, bizim ruhən dinc olmağımız və sevincimiz özümüzün harada olmağımızdan, nəyin yiyəsi olduğumuzdan və ya cəmiyyətdə hansı mövqe tutduğumuzdan deyil, istisnasız olaraq öz əqli əhvaliruhiyyəmizdən asılıdır. Xarici şəraitin buna, demək olar, heç bir aidiyyəti yoxdur. Məsələn, budur, qoca, Harpers-Ferri şəhərində hökumət cəbbəxanasını ələ keçirdiyinə və qulları üsyana çağırdığına görə dar ağacından asılmış Con Braunun əhvalatı. O, dar ağacına yolu öz tabutunun üstündə oturaraq keçmişdi.

Onun yanında arabanın üstündə gedən həbsxana nəzarətçisi bundan həyəcanlanmış və başını itirmişdi. Lakin qoca Con Braun sakit və soyuqqanlı qalmaqda davam edirdi. Virginiyada Blu-Ric dağlarının yanından keçəndə o səsləndi: “Necə mənzərəli yerlərdir! Bunu əvvəllər görmək üçün mənim heç cür imkanım olmayıb”.

Bax bu isə Robert Falkon Skott və onun yoldaşlarının – Cənub qütbünə çatan ilk ingilislərin nümunəsidir. Onların geriyə yolları, ümumiyyətlə, insana qismət olmuş, çox güman, ən qorxunc sınaqlardan biri idi. Onların ərzağı və yanacağı qurtardı. Onlar artıq irəli hərəkət edə bilmirdilər. Çünki dünyanın bu son nöqtəsində boran on bir gün ara vermədən cövlan edirdi. Külək o qədər əzazil idi ki, qütb buzu üzərində şırımlar açırdı.

Skott və yoldaşları bilirdilər ki, ölməlidirlər; səyahətə yola düşərkən özləriylə tiryək götürmüşdülər ki, zərurət yaranacağı halda özlərini işgəncələrdən azad etmək imkanları olsun. Tiryəkin böyük dozasını qəbul etmək kifayət idi ki, sakitcə yuxuya getmək və daha heç vaxt oyanmamaq mümkün olsun. Amma onlar bu narkotikdən istifadə etmədilər və ölərkən “şən və ruh yüksəkliyi yaradan mahnılar” oxuyurdular. Biz bu haqda axtarış qrupunun səkkiz ay sonra onların donmuş meyitləri ilə birlikdə tapdıqları vida məktubundan öyrəndik.

Bəli, əgər bizə yaradıcılıq ilhamı, mərdlik və sakitlik hopubsa, onda biz öz tabutumuzun üstündə otura-otura təbiətdən zövq almağa və acından və soyuqdan çadırlarımızda ölə-ölə “şən və ruh yüksəkliyi yaradan mahnılar” oxumağa qadirik.

Milton kor olduğu vaxt bu həqiqəti hələ üç yüz il əvvəl başa düşmüşdü:

“İnsanın ağlı – öz daxilindədir və o özü

Cəhənnəmi cənnətə və cənnəti cəhənnəmə çevirməyə qabildir”.

Napoleonun və Elen Kellerin həyata münasibətləri Miltonun fikrini tamamilə təsdiq edir. Napoleon insanların, adətən, can atdıqları hər şeyə nail olmuşdu: şöhrət, hakimiyyət və var-dövlət. Lakin o, Müqəddəs Yelena adasında olanda demişdi: “Mənim həyatımda heç vaxt – heç olmasa altı gün belə – xoşbəxtlik olmayıb”; kor-kar-lal Elen Keller isə bildirirdi: “Mənim həyatım elə gözəldir ki!”

Əgər mən yarım əsrlik ömrüm ərzində nəyisə öyrənmişəmsə, bu da yalnız odur ki, “özünüzdən başqa dünyada heç kim sizə ruhi sakitliyi gətirə bilməz”.

Mən, sadəcə olaraq, Emersonun yaratdığı “Özünə etibar” pyesinin sonunda deyilmiş gözəl sözləri təkrar eləməyə cəhd edirəm. O yazırdı: “Sən siyasi sahədə qələbə çalmağa müvəffəq olanda, gəlirlərinin artmasına nail olanda, evində kimsə xəstələnib və sağalanda, uzun müddət olmayan dost qayıdanda, başqa bir xoş hadisə baş verəndə səni sevinc bürüyür, zənn edirsən ki, qarşıda səni gözəl dövran gözləyir. Buna inanma. Sənin qəlbinə dincliyi özündən başqa heç kim gətirə bilməyəcəkdir”.

Möhtəşəm filosof-stoikçi Epiktet xəbərdar edirdi ki, biz “bədənimizdə əmələ gələn şişlərin və irinlərin ləğv edilməsindən çox”, başımızdan axmaq fikirlərin çıxarılmasına vaxt sərf etməliyik.

Epiktet bu haqda on iki əsr əvvəl danışırdı, lakin müasir səhiyyə onun nöqteyi-nəzərini dəstəkləyərdi. Doktor C.Kenbi Robinson bildirmişdir ki, Con Hopkins xəstəxanasının hər beş pasientindən dördü emosional gərginliyin və streslərin doğurduğu xəstəliklərdən əziyyət çəkirdi. Çox vaxt belə vəziyyət üzvi pozuntularla bağlı hallarda da müşahidə olunur. “Əvvəl-axır, – demişdi o, – bu xəstəliklər insanın həyata və həyatın problemlərinə uyğunlaşmamasının nəticəsidir”.

Böyük fransız filosofu Monten aşağıdakı on beş sözü öz həyatının devizi etmişdi: “İnsan daha çox nə baş verdiyindən deyil, baş verənə özünün nə qiymət verməsindən əzab çəkir”. Baş verənə verdiyimiz qiymət isə bütövlüklə bizim özümüzdən asılıdır.

Mən nəyi nəzərdə tuturam? Soruşa bilərsiniz ki, əsəblərinizi indicə qırılacaq naqillər kimi gərilmiş hala gətirən narahatlıqdan əzab çəkdiyiniz bir vaxtda mənim sizin üzünüzə şax deməyə necə cəsarətim çatır – sizin düşüncə tərzinizi iradənizin gücü ilə dəyişməyinizi sizdən bu qədər həyasızcasına tələb etməyə necə cəsarətim çatır? Bəli, mən məhz bunda təkid edirəm! Və bu hələ hamısı deyil. Mən sizə bunu necə etməyi göstərməyə hazırlaşıram. Bunun üçün sizin tərəfinizdən, ola bilsin, azacıq səy tələb olunacaq, lakin sirr çox sadədir.

Tətbiqi psixologiya sahəsində korifey olan Uilyam Ceyms bir dəfə aşağıdakıları müşahidə edib: “Hesab olunur ki, hərəkət əhvali-ruhiyyənin nəticəsidir, amma, əslində, biri o birindən ayrılmazdır. Öz iradəmiz tərəfindən bilavasitə nəzarət olunan hərəkətlərimizi nizamlamaqla biz iradənin nəzarətinə tabe olmayan əhvali-ruhiyyəmizi dolayısı ilə nizamlaya bilərik”.

Başqa sözlə, Uilyam Ceyms hesab edir ki, biz “tək bircə iradəmizin gücü hesabına öz emosiyalarımızı dərhal dəyişə bilmərik – lakin biz öz hərəkətlərimizi dəyişməyə qabilik”. Biz öz hərəkətlərimizi dəyişəndə isə avtomatik olaraq hisslərimizi dəyişdiririk.

“Beləliklə, – deyə o izah edir, – əgər siz kədərlisinizsə, siz dərhal şad ola bilməzsiniz. Amma əgər siz şən görkəmlə əyləşib, hərəkət edib və danışmağa başlasanız, onda bu, sizə qeyri-ixtiyari surətdə ruh yüksəkliyi gətirəcəkdir”.

Bu sadə tryuk, həqiqətən də, kömək edir? O, plastik cərrahi əməliyyat kimi təsir göstərir! Bunu öz üzərinizdə sınamağa cəhd edin. Hər şeydən əvvəl, geniş, şən-şən və ürəkdən gülümsəyin, çiyinlərinizi düzəldin, dərindən nəfəs alın və hansısa bir şən mahnıdan bir bəndi oxumağa cəhd edin. Əgər siz oxuya bilmirsinizsə, fitlə çalın. Əgər siz fit çala bilmirsinizsə, burnunuzun altında zümzümə edin.

Uilyam Ceymsin nəyi nəzərdə tutduğunu siz dərhal anlayacaqsınız. Əgər siz özünüzə xoşbəxt adamın maskasını taxmısınızsa, onda fiziki cəhətdən məyus və ruhi düşkünlük vəziyyətində ola bilməzsiniz.

Bu, təbiətin xırda əsas həqiqətlərindən biridir və o, sizin həyatınızda möcüzələr törədə bilər. Mən Kaliforniyada bir qadın tanıyıram ki (onun adını çəkməyəcəyəm), əgər o, bu sirri bilmiş olsaydı, öz bədbəxtliklərinin hamısından iyirmi dörd saatın ərzində canını qurtara bilərdi. O, indi qocalıb, üstəlik də dul qadındır. Etiraf edirəm ki, kədərli şəraitdir, amma o özünü heç olmasa belə aparmağa səy göstərirmi ki, guya xoşbəxtdir? Xeyr.

Əgər siz ondan özünü necə hiss etdiyini soruşsanız, o cavab verəcək: “O-o, məndə hər şey qaydasındadır”, lakin onun sifətinin ifadəsi, kədərli intonasiyası isə deyir: “İlahi, mənə necə çətin olduğunu bircə biləydiniz!” Belə təsəvvür yaranır ki, o, sizi onun yanında xoşbəxt olmağa özünüzdə cəsarət tapdığınıza görə mühakimə edir. Yüzlərlə qadın ondan da ağır vəziyyətdədir: əri sığorta polisi üzrə ona kifayət qədər pul qoyub ki, o, günlərinin axırına qədər ehtiyac çəkməsin; onun ərdə olan qızları ona həmişə yiyə dura bilərlər. Amma mən onun gülümsədiyini nadir hallarda görmüşəm.

O şikayət edir ki, kürəkənlərinin üçü də simic və eqoistik adamlardır. Lakin, buna baxmayaraq, özü onların evində aylarla qonaq qalır. Bundan başqa, o şikayət edir ki, qızları ona heç vaxt hədiyyə almırlar, hərçənd özü gizlində pul yığır. Özünün ifadə etdiyi kimi, pullar “qocalıq üçün” dala atılmalıdır. Bu qadın öz həyatını və öz bədbəxt övladlarının həyatını zəhərləyir! Lakin bu elə belə də olmalıdırmı?

Bütün bunlar çox kədərlidir. Amma o, bunu istəsəydi, bədbəxt, kinli, həyatından giley-güzar edən deyingən qarı yox, ailənin ehtiramlı və hamı tərəfindən sevilən üzvünə çevrilə bilərdi – əgər o, bunu istəsəydi. Belə bir çevrilmənin baş verməsi üçün bu qadın çilik-çilik olmuş həyatı üçün ağı deməklə məşğul olmaqdansa, gərək özünü belə aparmağa başlasın ki, guya onun həyatı şəndir və o, öz yaxınlarını heç olmasa azacıq sevir.

Mən İndianada bir nəfəri – H.C.Enqlerti tanıyıram ki, o, bu sirri kəşf etməsi sayəsində hələ də sağ-salamatdır. cənab Enqlert on il əvvəl yatalaq xəstəliyi keçirmiş, bundan sonra ağırlaşdırıcı hal kimi nefritə tutulmuşdu. O, çox həkimə müraciət etmişdi, “hətta türkəçarələrə də” əl atmışdı, amma heç kim ona kömək edə bilmirdi.

Tezliklə onda başqa ağırlaşdırıcı hallar da meydana çıxmağa başladı. Qan təzyiqi kəskin yüksəldi. O, həkimin yanına getdi və bəlli oldu ki, təzyiq 214-ə çatıb. Ona dedilər ki, vəziyyət kritikdir – xəstəlik inkişaf edəcək və yaxşı olar ki, o, öz işlərini sahmana salsın.

“Mən evə getdim, – deyə o danışırdı, – və sığorta polisimin haqqının ödənilibödənilmədiyini yoxladım. Sonra Yaradana bütün günahlarımı etiraf elədim və qüssəli düşüncələrə qərq oldum.

Mən hamını bədbəxt eləmişdim. Həyat yoldaşım və ailə üzvlərim əzab çəkir, özüm isə dərin depressiya halında idim. Bütün həftəni həyatımdan giley-güzar edir və özümə yazığım gəlirdi. Amma tezliklə özümə dedim: “Sən özünü axmaq kimi aparırsan! Bəlkə sən hələ bir il də yaşayacaqsan, belə isə o bir ilini xoşbəxt yaşamağa niyə də cəhd eləməyəsən?”

Mən çiyinlərimi düzəltdim, geniş gülümsədim və özümü belə aparmağa çalışdım ki, elə bil məndə hər şey qaydasındadır. Etiraf edirəm ki, başlanğıcda mənə əhəmiyyətli dərəcədə çox səy göstərmək lazım gəlirdi, amma özümü şən və həyatımdan məmnun görünməyə məcbur elədim və bu təkcə mənim ailəmə yox, özümə də kömək etdi.

Tezliklə özümü, həqiqətən də, nisbətən yaxşı hiss eləməyə başladım – demək olar, özümü göstərməyə çalışdığım kimi yaxşı. Sağlamlığım nəzərəçarpacaq qədər yaxşılaşdı. Və indi, ehtimal olunan dəfnimdən çox-çox aylar keçəndən sonra mən təkcə sağ, sağlam və xoşbəxt deyiləm, həm də qan təzyiqim aşağı düşüb. Mən bir şeyi möhkəm bilirəm: həkimin proqnozu mütləq özünü doğrultmuş olardı, əgər mən ölüm və məğlubiyyət haqqında düşünməkdə davam edərdimsə. Mən xəstəliyimi istisnasız olaraq düşüncə tərzimi dəyişməyim sayəsində adlaya bildim”.

İzin verin sizə sual edim. Əgər şən, məmnun görkəm və müsbət, sağlamlaşdıran düşüncə tərzi bu adamın həyatını xilas eləməyə kömək etdisə, onda siz və mən niyə özümüzə heç olmasa bir dəqiqə imkan veririk ki, kədərli və ruh düşkünlüyü vəziyyətində olaq? Biz məmnun və xoşbəxt adam rolunu oynamağa başlayar-başlamaz tədricən xoşbəxt olmaq imkanımız olduğu halda, özümüzü və ətrafımızdakı adamları niyə bədbəxt edirik və ruh düşkünlüyü vəziyyətinə salırıq?

Çox-çox illər bundan əvvəl mən kiçik bir kitab oxumuşdum ki, o, mənim həyatımda silinməz iz qoydu. Həmin kitab “İnsan necə fikirləşir” adlanırdı. Onun müəllifi Ceyms Leyn Allendir və orada görün nə deyilir:

“İnsana bəlli olacaqdır ki, o, ətrafına və adamlara öz münasibətini dəyişəndə onlar da onun özünə münasibətdə dəyişirlər… İnsanın öz fikirlərini radikal surətdə dəyişməsinə bənddir və o, yenə də heyrətlə görəcəkdir ki, öz həyatının maddi şəraiti necə sürətlə dəyişir. İnsanlar özlərinə nə istədiklərini yox, özlərinin nə olduqlarını cəlb edirlər… bizim talelərimizi müəyyən edən ilahi bizim özümüzdə yerləşir. Həmin ilahi – bu, bizim əsl mahiyyətimizdir… İnsanın nail olduğu hər şey onun öz fikirlərinin birbaşa nəticəsidir…

İnsan yalnız öz düşüncələrini yüksəltməklə ayağa qalxmağa, qələbə qazanmağa və uğura çatmağa qabildir. O yalnız öz fikirlərini yüksəltməkdən imtina edəcəyi təqdirdə zəif, miskin və bədbəxt qala bilər”.

Həyat kitabında deyildiyi kimi, Yaradan insana özünün nəhəng ölçüdə torpaqları üzərində hakimiyyət verib. Bu, sözsüz ki, möhtəşəm vergidir. Lakin bu cür müstəsna, fövqəlpadşah ixtiyarı mənə lazım deyil. Mənim istədiyim hər şey – bu, özüm üzərində hakimiyyət əldə etməkdir; öz fikirlərim və öz ruhum üzərində hakimiyyət. Və ən gözəl olanı isə budur ki, mən bu hakimiyyətə heyrətamiz qədər əhatəli surətdə nail olmaq və ürəyim istəyən hər bir vaxt buna necə çatmaq lazım olduğunu bilirəm. Bunun üçün, sadəcə olaraq, öz hərəkətlərimi idarə etmək lazımdır, onlar isə öz növbəsində mənim reaksiyalarıma təsir göstərəcəkdir.

Beləliklə, gəlin Uilyam Ceymsin bu sözlərini xatırlayaq: “Bizim şər adlandırdığımızın bir çoxunu… əzabkeşin əqli əhvali-ruhiyyəsində adi dəyişiklik etmək yolu ilə əksər hallarda qıvraqlaşdıran və ruh yüksəkliyi yaradan xeyirə çevirmək olar – qorxu və ümidsizlikdən mübarizəyə keçmək lazımdır”.

Odur ki, gəlin öz xoşbəxtliyimiz uğrunda mübarizə aparaq!

Gəlin nikbin konstruktiv düşüncə tərzi əsasında öz xoşbəxtliyimiz uğrunda mübarizəyə başlayaq. Bunun üçün mən sizə hər gün yerinə yetirilməli olan proqram təklif edirəm. Bu proqram “Məhz bu gün” adlanır. Mən onun o qədər stimullaşdırıcı olduğunu hesab edirəm ki, onu yüzlərlə nüsxədə paylamışam. Onu mərhum xanım Sibilla F.Pertric otuz altı il əvvəl yazıb. Əgər siz və mən bu proqrama riayət etmiş olsaq, öz həyəcanlarımızın əksər hissəsini kənarlaşdıra bilər və fransızların “la joie de vivre” adlandırdıqlarını hədsiz dərəcədə artıra bilərik.

Məhz bu gün

1.Məhz bu gün mən xoşbəxt olacağam. Bu o deməkdir ki, mən “insanların əksəriyyəti təqribən o qədər xoşbəxtdir ki, özlərinin nə qədər xoşbəxt olacaqlarını qət ediblər” deyən Avraam Linkolnun sözlərini rəhbər tutacağam. Xoşbəxtlik bizim daxilimizdədir; o, xarici şəraitin nəticəsi deyil.

2.Məhz bu gün mən hər şeyi öz arzularıma uyğunlaşdırmağa deyil, məni əhatə edən həyata uyğunlaşmağa çalışacağam. Mən öz ailəmi, öz işimi və həyatımın şəraitini necə varsa, o cür də qəbul edəcəyəm və onlara alışmağa çalışacağam.

3.Məhz bu gün mən orqanizmimin qeydinə qalacağam. Mən səhər idman edəcəyəm, bədənimə qulluq göstərəcəyəm, düzgün qidalanacağam, orqanizmimə ziyan vurmamağa və ona etinasızlıqla yanaşmamağa çalışacağam ki, orqanizmim tələblərimi yerinə yetirən ideal maşın olsun.

  1. Məhz bu gün öz zəkamın inkişaf etdirilməsinə diqqət ayırmağa çalışacağam. Faydalı nə isə öyrənəcəyəm. Zehni cəhətdən tənbəl olmayacağam. Səy göstərməyi, fikirləşməyi və diqqəti cəmləməyi tələb edən nə isə oxuyacağam.
  2. Məhz bu gün mənəvi özünükamilləşmə ilə məşğul olacağam. Bunun üçün üç iş görəcəyimə ümid edirəm: mən kiməsə xeyiri dəyən iş görəcəyəm, amma belə edəcəyəm ki, o, bundan xəbər tutmasın; ən azı iki iş görəcəyəm ki, onları etmək istəməzdim – Uilyam Ceymsin məsləhət gördüyü kimi, sadəcə olaraq, məşq xətrinə.
  3. Məhz bu gün hamıya münasibətdə xoşniyyətli olacağam. Bacardıqca yaxşı görkəmdə olmağa çalışacağam; imkan daxilində o pal-paltarı geyinəcəyəm ki, mənə ən çox yaraşır, sakit səslə danışacağam, özümü lütfkarcasına aparacağam, təriflərə səxavətli olacağam, heç kimi tənqid etməməyə çalışacağam, heç kimdə qərəzlə irad axtarmamağa və kiməsə rəhbərlik etməyə, yaxud kimisə islah etməyə çalışmayacağam.
  4. Məhz bu gün ömrümün problemini birdəfəlik həll etməyə can atmayacaq, yalnız bu günlə yaşamağa çalışacağam. İyirmi dörd saat ərzində elə işlər görə bilərəm ki, bu işlərlə bütün ömrüm boyu məşğul olmaq lazım gəlsəydi, dəhşətə gələrdim.
  5. Məhz bu gün işlərimin proqramını tutacağam. Hər saatda nə edəcəyimi yazacağam. Ola bilsin ki, bu proqrama dəqiqliklə riayət edə bilməyəcəyəm, amma onu tərtib edəcəyəm. Bu, məni iki bədlikdən xilas edər: tələskənlikdən və qətiyyətsizlikdən.
  6. Məhz bu gün yarım saat vaxtımı dinclikdə keçirəcəyəm və sərbəst olmağa çalışacağam.
  7. Məhz bu gün qorxmayacağam, ələlxüsus da xoşbəxt olmaqdan qorxmayacağam, gözəllikdən həzz alacağam, sevəcəyəm və inanacağam ki, sevdiyim adamlar məni sevirlər.

Əgər özünüzdə sizə rahatlıq və xoşbəxtlik gətirəcək əqli əhvali-ruhiyyə yaratmaq istəyirsinizsə, birinci qaydanı yerinə yetirin:

Həyatı sevən insan kimi fikirləşin, özünüzü o cür aparın və siz özünüzü həyatı sevən insan kimi duyacaqsınız.

Haqq-hesab çəkməyə can atmaq çox baha başa gəlir

Uzun illər bundan əvvəl bir dəfə axşamçağı mənə Yellouston Milli Parkı gəzmək nəsib olmuşdu. Mən digər turistlərlə birlikdə eyvanda əyləşmişdim. Biz küknar və şam ağaclarının yetişdiyi ecazkar meşədən həzz alırdıq. Tezliklə bizim qarşımızda meşələrin – gəlişini gözlədiyimiz – zalımı, qrizli ayısı peyda oldu. O, gur işıqlandırılan yerə çıxdı və yaxınlıqda yerləşən hotellərin birinin mətbəxindən atılmış tullantıları yeməyə başladı.

Meşəçi, mayor Martindeyl atın belində oturaraq coşmuş turistlərə ayılar haqqında danışırdı. Biz bildik ki, qrizli qərb dünyasında yaşayan, bizondan və kadyak ayısından başqa, istənilən heyvana üstün gələ bilər. Lakin həmin axşam ayı meşədən çıxmadı və gur işıq altında təamı onunla bölüşməyə yalnız bir heyvana izin verdi – bu, skuns idi. Qrizli əla bilirdi ki, öz qüdrətli pəncəsinin bircə zərbəsiylə skunsu məhv edə bilər. O, bunu niyə eləmədi? Ona görə etmədi ki, bunun özünü doğrultmadığını öz təcrübəsindən bilirdi.

Mən də bunda əmin olmuşam. Mən uşaq yaşlarımda fermada yaşayanda dördayaqlı skunsları Missuridə canlı çəpərdə tuturdum; yaşlı olanda isə Nyu- Yorkun səkilərində hərdən ikiayaqlı skunslarla rastlaşırdım. Kədərli təcrübəm mənə hər iki növə aid olan skunslara dəyib-dolaşmamağı öyrədib.

Biz öz düşmənlərimizə nifrət edəndə onlara özümüz üzərində hakimiyyət veririk – onlar bizim yuxumuza, iştahamıza, qan təzyiqimizə, sağlamlığımıza və xoşbəxtliyimizə mənfi təsir göstərirlər. Düşmənlərimiz, işdir, bizə nə qədər narahatlıq, iztirab verdiklərini və nə qədər xoşagəlməz hallar yaşatdıqlarını bilsəydilər, sevinclərindən atılıb-düşərdilər! Bizim nifrətimiz onlara ziyan vurmur, amma bizim günümüzü və gecəmizi dəhşətə çevirir bu.

Necə fikirləşirsiniz, bu sözləri kim deyib: “Əgər eqoistik adamlar sizi öz məqsədləri üçün isifadə etməyə çalışırlarsa, onların adını öz tanışlarınız arasından silib atın, amma onlarla haqq-hesab çəkməyə cəhd etməyin. Haqqhesab çəkməyə çalışmaqla siz həmin adamlardan çox, özünüzə ziyan vurmuş olursunuz”. Belə çıxır ki, bu sözləri hansısa bir gözəl qəlbli idealist deyib? Heç də yox. Bu sözlər Miluoki şəhəri polis idarəsinin buraxdığı bülletendə peyda olub.

Haqq-hesab çəkmək cəhdi sizə nə ilə ziyan yetirə bilər? Bu, bir çox tərəfdən təhlükəlidir. “Layf” jurnalında dərc olunmuş məqaləyə görə, bu hətta sizing sağlamlığınızı da laxlada bilər. Məqalədə deyilir: “Hipertoniyadan əziyyət çəkən şəxsiyyətin əsas səciyyəvi cəhəti – onun kinli olmasıdır; kin saxlamaq xroniki hala çevriləndə xroniki hipertoniya və ürək xəstəlikləri doğurur”.

Beləliklə, İsa Məsihin “Öz düşmənlərinizi sevin” deyəndə yalnız düzgün etik prinsipləri öyrətmədiyi, ümid edirəm ki, sizə aydındır. O, həm də iyirminci əsrin tibb prinsiplərini öyrədirdi. Məsihin “yeddi dəfə yetmiş sayda” bağışlayın sözləri yüksək qan təzyiqindən, ürək xəstəliklərindən, mədə xorasından və bir çox başqa xəstəliklərdən qorunmağa kömək edərdi.

Tanışım olan bir xanımda bu yaxınlarda güclü ürəktutması olmuşdu. Həkim ona yataq rejimi təyin etdi və heç nə ilə əlaqədar qətiyyən əsəbiləşməməyi tələb elədi. Həkimlər bilirlər ki, əgər sizin ürəyiniz zəifdirsə, əsəbiləşmək sizi öldürə bilər. Mən dedim sizi öldürə bilər? Bir neçə il əvvəl belə bir pristup Vaşinqton ştatı, Spokane şəhərindəki restoranın sahibini, həqiqətən də, öldürdü. Qarşımda Spokana şəhəri polis rəisinin məktubu var, burada deyilir:

“Bir neçə il əvvəl Uilyam Folkaber – Spokanoda bir kafenin altmış səkkiz yaşlı mülkiyyətçisi – ona görə həlak oldu ki, aşpazın qəhvəni mütləq onun fincanından içmək istədiyindən bərk hiddətlənmişdi. Kafenin sahibi elə qəzəblənmişdi ki, revolveri qapıb aşpazı qovmağa başladı və ürəktutmasından ani olaraq öldü. Onun əli isə hələ də revolveri sıxırdı. Müstəntiqin gəldiyi qənaətə görə, qəzəb ürəktutmasına səbəb olmuşdu”.

İsa Məsih “Öz düşmənlərinizi sevin” deyəndə eyni zamanda bizə öz xarici görkəmimizi necə yaxşılaşdırmağı göstərib. Mən (elə siz də) belə qadınlar tanıyıram ki, nifrətdən üzlərini qırışlar örtüb, qaşqabaqlı sifət ifadəsi qazanıblar və kin saxlamaqdan eybəcər hala düşüblər. Yer üzündə heç bir kosmetik vasitə onların görkəmini hər şeyi bağışlayan, nəvaziş və sevgi ilə dolu ürəyin edə biləcəyinin heç yarısı qədər də yaxşılaşdıra bilməz.

Nifrət bizi hətta dadlı yeməkdən həzz almaqdan da məhrum edir. İncildə deyilir: “Göyərti xörəyi və yanında da sevgi yağlı öküz və yanında da nifrətdən yaxşıdır”.

Düşmənlərimiz, işdir, bilsəydilər ki, onlara olan nifrətimiz bizi taqətdən salır və əsəbi edir, görkəmimizi pisləşdirir, bizə ürək xəstəlikləri gətirir və çox güman, ömrümüzü qısaldır, sevincdən əllərini bir-birinə sürtərdilər. Elə deyilmi? Əgər biz öz düşmənlərimizi sevə bilmiriksə də, gəlin heç olmasa özümüzü sevək. Gəlin özümüzü o qədər sevək ki, düşmənlərimizə xoşbəxtliyimizi, sağlamlığımızı idarə etmək və görkəmimizi pisləşdirmək imkanı verməyək. Şekspirin dediyi kimi: “Öz düşmənləriniz üçün sobanı elə də bərk odlamayın, əks-təqdirdə, özünüz onda yanarsınız”.

İsa Məsih deyəndə ki, biz öz düşmənlərimizi “yeddi dəfə yetmiş sayda” bağışlamalıyıq, o həm də sağlam işgüzar düşüncə öyrədirdi. Mən sizə aşağıdakı nümunəni göstərim: qarşımda İsveçdə yaşayan Georq Rona tərəfindən yazılmış məktub var. Çox illər əvvəl Georq Rona Vyanada vəkil olub, lakin İkinci Dünya müharibəsi dövründə o, İsveçə qaçıb. Onun pulu yox idi, işə kəskin ehtiyacı var idi. O, bir neçə dili bildiyi üçün idxal və ya ixracla məşğul olan hansısa bir firmada kargüzar işinə düzəlmək istəyirdi.

Firmaların əksəriyyəti cavab verdi ki, onların belə bir mütəxəssisə ehtiyacları yoxdur, çünki müharibə gedir. Amma onlar vəd edirdilər ki, onun familiyasını öz kartotekalarına daxil edəcəklər… və sair və ilaxir. Bir firmanın sahibi isə Georq Rona aşağıdakı məzmunda məktub göndərdi: “Mənim firmamın nə ilə məşğul olduğunu siz özünüzə düzgün təsəvvür etmirsiniz. Siz heç nədən xəbəri olmayan və axmaq adam təəssüratı yaradırsınız. Mənə heç bir kargüzar-filan lazım deyil. Amma mənim ona ehtiyacım olsaydı belə, sizi işə qəbul etməzdim, çünki siz İsveç dilində heç düzgün yazmağı da bacarmırsınız. Məktubunuzda səhv doludur”.

Georq Rona bu məktubu oxudu, o, qəzəbdən özündən çıxmışdı. Bu isveçli niyə bu qənaətə gəlib ki, mən İsveç dilində yaza bilmirəm? Axı isveçlinin məktubunda da səhv çox idi. Və budur, Georq Rona həmin adamı “öldürməli” olan məktub yazır. Sonra dayanır. Və özünə deyir: “İndi isə bir dəqiqə gözlə. Birdən bu adam haqlıdır? Mən İsveç dilini öyrənmişəm, bu isə mənim dogma dilim deyil.

Bəlkə mən elə səhvlər edirəm ki, onlardan heç xəbərim də yoxdur. Əgər belədirsə və əgər mən iş almaq istəyirəmsə, onda dili daha inadla öyrənməliyəm. Bu adam, çox güman, mənə minnət edib, hərçənd onun belə bir niyyəti heç olmayıb da. Onun öz iradını yaraşmayan formada ifadə etməsi özözlüyündə mənim ona borclu olduğuma təsir eləmir. Deməli, mən ona məktub yazmalı və ona öz təşəkkürümü bildirməliyəm”.

Georq Rona yazdığı qəzəbli məktubu cırdı və başqasını yazdı. Bunda deyilirdi: “Siz mənə münasibətdə böyük iltifat göstərmisiniz. Firmanıza kargüzar lazım olmadığına baxmayaraq, əziyyət çəkib mənə məktub yazmısınız. Təəssüf edirəm ki, firmanızın fəaliyyətiylə bağlı düzgün təsəvvürüm olmayıb. Sizə ona görə yazmışdım ki, məlumatlar toplamışdım və sizin adınız mənə fəaliyyət göstərdiyiniz sahədə liderlərdən biri kimi çəkilmişdi.

Mən bilmirdim ki, öz məktubumda bu qədər qrammatik səhvlər etmişəm. Bununla bağlı təəssüflənirəm. Bundan məyusam və xəcalət çəkirəm. İndi İsveç dilinin öyrənilməsiylə daha ciddi məşğul olacağam və səhvlərimi düzəltməyə çalışacağam. İzin verin sizə təşəkkür edim ki, mənə özünükamilləşdirmə yoluna qədəm qoymağa kömək etdiniz”.

Bir neçə gündən sonra firmanın rəhbərindən onun Georq Rona ilə görüşmək arzusu ifadə olunan cavab məktubu gəldi; Rona onunla görüşdü və işə qəbul olundu. Georq Rona şəxsi təcrübəsində əmin oldu ki, “mülayim cavab qəzəbi söndürür”.

Biz öz düşmənlərimizi sevə bilmək qədər müqəddəs olmaya da bilərik, lakin öz sağlamlığımız və xoşbəxtliyimiz naminə gəlin heç olmasa onları bağışlayaq və onların varlıqları barədə unudaq. Bu, çox güman, edə biləcəyimiz ən müdrik hərəkətdir. “Sizi incidiblərsə və ya qarət ediblərsə, – demişdi Konfutsi, – əgər bunu daim xatırlamayacaqsınızsa, heç nə demək deyil”.

Bir dəfə mən general Eyzenhauerin oğlundan, Condan atasının kinli olubolmadığını soruşdum: “Xeyr, – o cavab verdi. – Atam xoşuna gəlmədiyi adamlar haqqında heç vaxt heç bir dəqiqə də fikirləşmir”.

Qədim məsəl mövcuddur ki, axmaq adam qəzəblənməyi bacarmayandır, amma müdrik adam hirsli olmaq istəməyəndir.

Nyu-Yorkun keçmiş meri, Uilyam C.Heynorun nöqteyi-nəzəri belə idi. Onu sarı mətbuatda qərəzlə böhtanlamışdılar. Bundan sonra bir oğlan ona güllə atdı və az qala öldürmüşdü. Xəstəxanada yatdığı və öz həyatı uğrunda var gücü ilə mübarizə apardığı vaxt o demişdi: “Mən hər axşam düşüncələrimdə hamını və hər şeyi bağışlayıram”. Vəcdə gəlmiş idealizm? Həddən artıq çox mərhəmət və nurlu inam? Əgər belədirsə, onda gəlin məsləhət üçün dahi alman filosofu, “Pessimizmin etüdləri” kitabının müəllifi Şopenqauerə müraciət edək.

O hesab edirdi ki, həyat faydasız və əzablı macəradır. Şopenqauer, elə bil ki, hər addımında qəm-qüssə şüalandırırdı. Və bununla belə, öz ümidsizliyinin dərinliklərindən Şopenqauer xitab etdi: “Əgər mümkündürsə, heç kimə qarşı düşmənçilik hissi keçirməyin”.

Bir dəfə mən Bernard Baruhla, altı prezidentin: Vilsonun, Qardinqin, Kulidcin, Quverin, Ruzveltin və Trumenin səlahiyyətli məsləhətçisi olmuş adamla söhbət etmişdim. Mən ondan düşmənlərinin həmlələrinin onu bezdiribbezdirmədiyini soruşdum. O cavab verdi: “Məni heç kim nə alçalda, nə də bezdirə bilməz. Mən buna yol vermərəm”.

Sizi və məni kimsə nə alçalda, nə də bezdirə bilər, əgər bircə özümüz buna yol verməriksə. Taxta və daşlar mənim sümüklərimi sındıra bilər. Amma sözlər məni heç vaxt yaralaya bilməz. Bəşəriyyət əsrlər ərzində İsa Məsih kimi öz düşmənlərinə kin saxlamayan adamların qarşısında səcdə edib. Mən Kanadadakı Casperovski Milli Parkına tez-tez gedir və burada alman əsgərləri onu güllələyəndə ölümü müqəddəsliklə qarşılayan ingilis tibb bacısı, Edit Keyvellin şərəfinə adlandırılmış, qərb dünyasında ən mənzərəli dağlardan həzz alırdım. Bu hadisə 1915-ci il oktyabrın 12-də baş vermişdi. Onun cinayəti nədən ibarət idi?

O, Belçikada yaşayırdı və yaralı fransız və ingilis əsgərlərini öz evində gizlədir, yedirdir və müalicə edir, sonra isə onları Hollandiyaya yola salırdı. Həmin oktyabr səhərində ingilis keşişi onu ölümə hazırlamaq üçün Brüsseldəki hərbi həbsxanada kamerasına gələndə Edit Keyvell iki cümlə dedi ki, onlar bürünc və qranit üzərində həkk olunaraq əbədiləşdirilib: “Mən başa düşürəm ki, patriotism – hələ hər şey demək deyil.

Məndə kimsəyə qarşı nə nifrət, nə də kin olmalıdır”. Dörd ildən sonra onun nəşi İngiltərəyə gətirildi və Vestminster abbatlığında memorial mərasim keçirildi. Hazırda qranit heykəl Londonda Milli Portret Qalereyasının qarşısında durur – İngiltərənin ölməz qadın qəhrəmanlarından birinin heykəli.

“Mən başa düşürəm ki, patriotizm – hələ hər şey deyildir. Məndə kimsəyə qarşı nə nifrət, nə də kin olmalıdır”.

Öz düşmənlərini bağışlamağı və unutmağı, yəqin ki, öyrənmək olar; bunun üçün hansı isə bir vacib ali işə aludə olmaq lazımdır. Onda həyatda rast gəldiyimiz təhqirlər və düşmənçilik heç bir əhəmiyyət kəsb etməyəcək, çünki bizim yadımızda yalnız öz işimiz olacaqdır.

Epiktetin nəzərinə on doqquz əsr əvvəl çarpmışdı ki, biz, adətən, nə əkiriksə, onun məhsulunu yığırıq və tale nə üçünsə bizi həmişə öz bədxah işlərimizin bahasını ödəməyə məcbur edir. “Son nəticədə, – demişdi Epiktet, – hər bir adam öz cinayətlərinin bahasını ödəyəcəkdir. Bunu yadda saxlayan adam heç kimə hirslənməyəcək, heç kimdən narazı olmayacaq, heç kimi danlamayacaq, heç kimə nifrət etməyəcək”.

Amerikanın tarixində heç bir dövlət xadimi, çox güman, Linkoln qədər təhqirlərə, nifrətə və yalana məruz qalmamışdı. Amma Linkoln, Qrendonun klassik bioqrafiyasına görə, “heç vaxt adamlar haqqında özünün onlardan xoşunun gəlib-gəlmədiyi əsasında mühakimə yürütməzdi. Əgər hansısa bir tədbiri həyata keçirmək lazım gələrdisə, o, bunu hətta öz düşməninə də, əgər həmin adam bu iş üçün yararlı idisə, tapşıra bilərdi.

Əgər kimsə ona böhtan atır və ya onunla kobudluqla rəftar edirdisə, bununla belə, nəzərdə tutulan vəzifə üçün ən yaxşı namizəd idisə, onda Linkoln onu tərəddüdsüz təyin edirdi, sanki həmin adam onun dostu idi… Mən düşünmürəm ki, o, nə vaxtsa adamı özünün düşməni olduğuna və ya ondan xoşu gəlmədiyinə görə vəzifəsindən çıxarmış olsun”.

Linkoln hərdən ittihamlara və təhqirlərə öz hökumətində yüksək postlar

tutan adamlar: Makklennan, Syuard, Stenton və Çeys tərəfindən məruz qalırdı.

Amma Qrendonun, vəkilin sözlərinə görə, Linkoln hesab edirdi ki, adamın nəyisə etdiyinə və ya etmədiyinə görə heç bircə nəfəri də tərifləmək, yaxud tənbeh etmək lazım deyil, çünki “hamımız bizi əhatə edən mühitin şərtlərinin, şəraitinin, təhsilin, mənimsənilmiş vərdişlərin və irsən gələn cizgilərin təsirinə bu və ya digər dərəcədə məruz qalırıq. Məhz bu faktorlar insanı formalaşdırır və onu necə varsa, o cür və həmişəlik qalacağı kimi edir”.

Ola bilsin ki, Linkoln haqlı idi. Əgər öz düşmənlərimizə irsən keçən səciyyəvi fiziki, psixiki və emosional cəhətləri biz də miras almış olsaydıq və əgər həyat bizimlə də onlarla olduğu kimi rəftar etmiş olsaydı, biz də onlar etdiyi kimi hərəkət edərdik. Biz, çox güman, özümüzü başqa cür apara bilməzdik. Klarens Darrou dəfələrlə dediyi kimi: “Hər şeyi bilmək – hər şeyi başa düşmək deməkdir və bu nə ittihamlar, nə də mühakimə üçün yer qoyur.

Buna görə də öz düşmənlərimizə nifrət etmək əvəzinə, gəlin onlara yazığımız gəlsin və Tanrıya buna görə şükür edək ki, həyat bizi onlar kimi etməyib. Öz düşmənlərimizi mühakimə etmək və onlardan qisas almaq əvəzinə, onlara anlaqlı yanaşaq, hallarına acıyaq, kömək etməyə və hər şeyi keçməyə hazır olduğumuzu büruzə verək və onlar üçün dua edək”.

Beləliklə, sizə ruhi sakitlik və xoşbəxtlik gətirən əqli əhvali-ruhiyyəni özünüzdə formalaşdırmaq üçün ikinci qaydanı yadda saxlayın:

Öz düşmənlərinizlə haqq-hesab çəkməyə heç vaxt çalışmayın, çünki bununla özünüzə onlara olduğundan qat-qat çox ziyan vurmuş olacaqsınız. Gəlin general Eyzenhauer kimi hərəkət edək: xoşunuza gəlməyən adamlar haqqında heç vaxt bir dəqiqə belə fikirləşməyin.

Bunu edərsinizsə, naşükürlüyə görə heç vaxt həyəcanlanmayacaqsınız

Bu yaxınlarda mən Texasda narazılıqdan özündən çıxmış bir adamla tanış oldum. Məni xəbərdar etmişdilər ki, onunla görüşəndən on beş dəqiqə sonra o, mənə öz qəzəbinin səbəbləri haqqında mütləq danışacaq. Elə belə də oldu.

Onun narazılıq etdiyi hadisə on bir ay əvvəl baş vermişdi, amma o, qəzəbindən hələ də özünə yer tapa bilmirdi. O, başqa heç nə barədə danışa bilmirdi. Bu adam öz otuz dörd əməkdaşına on min dollar məbləğində yeni il mükafatı vermişdi – onlardan hər biri təqribən üç yüz dollar almışdı. Və biri də ona təşəkkür etməmişdi. “Mən indi çox təəssüflənirəm ki, – o, acı-acı gileylənirdi, – onlara heç olmasa bir sent vermişəm!”

“Hirsli adam, – deyir Konfutsi, – həmişə zəhərlə doludur”. Bu adamın içi zəhərlə o qədər dolu idi ki, ona ürəkdən yazığım gəldi. Onun altmışa yaxın yaşı var idi. Bizim vaxtımızda sığorta kompaniyaları hər birimizin ömrünün axırına təqribən nə qədər qaldığını hesablayıblar. Onların hesablamalarına görə, biz indiki yaşımız və səksən yaş arasındakı fərqin üçdə ikisindən bir qədər çox yaşayacağıq. Beləliklə, bu adamın bəxti gətirərsə, təqribən on dörd və ya on beş il ömrü qalıb. Amma o, ömrünün axırına qalan bu azsaylı illərin, demək olar, birini geri qaytarılması qeyri-mümkün olan hadisə ilə bağlı incikliyə və narazılığa sərf edib. Mənim ona yazığım gəldi.

Narazılıq etmək və özünə yazığı gəlməkdən həzz almaq yerinə, o, hərəkətinin nə üçün layiqli qiymət almadığını özündən soruşa bilərdi. Bəlkə o, öz əməkdaşlarının əməkhaqqısını kəsir və onları iş vaxtından çox işləməyə məcbur edirdi? Mümkündür ki, onlar Yeni il mükafatını hədiyyə kimi qəbul etməyib, onu qazandıqları əməkhaqqı hesab ediblər. O bəlkə həddən artıq sərt və təkəbbürlü olub; belə ki, heç kim ona təşəkkür etməyə cürət etməyib və bunu lazım da bilməyib. Mümkündür ki, onlar gəlirlərin böyük hissəsinin onsuz da vergilərə getdiyini və mükafatın buna görə verildiyini fikirləşiblər.

Bununla yanaşı, bəlkə əməkdaşlar eqoistik, əclaf və tərbiyəsiz olublar. Bəlkə də belədir. Bəlkə də başqa cürdür. Mən bu haqda sizdən çox bilmirəm. Amma dəqiq bilirəm ki, doktor Semyuel Conson deyib: “Təşəkkür etmək – insanın yüksək səviyyədə mənəvi inkişafının nəticəsidir. Siz onu tərbiyəsiz adamların arasında tapa bilməzsiniz”.

Görün, sizə nəyi izah eləmək istəyirəm: bu adam öz əməlinin müqabilində ona təşəkkür ediləcəyini gözləyərək təbii və kədərləndirici səhvə yol verib. O, insan təbiətini, sadəcə olaraq, bilmirdi.

Əgər siz bir kimsənin həyatını xilas etmiş olsaydınız, ondan təşəkkür gözləyərdinizmi? Siz, ola bilsin ki, gözləyərdiniz – bax cinayət işləri üzrə məşhur vəkil Semyuel Leybovits hakim vəzifəsinə keçənə qədər yetmiş səkkiz nəfəri elektrik stulundan xilas etmişdi. Və siz necə düşünürsünüz, onlardan neçəsi ona təşəkkür etmək və ya heç olmasa ona Yeni il açıqcası göndərmək üçün özünə əziyyət verib? Neçə? Axtarın… Düzdür – heç biri.

İsa Məsih on nəfər cüzam xəstəsini bir günə sağaltmışdı. Amma bu cüzamlı adamlardan neçəsi heç olmasa ona təşəkkür etmək üçün qayıtdı? Yalnız biri. Siz bu haqda Lukadan olan Yevangeliyada oxuya bilərsiniz. İsa Məsih öz şagirdlərinə müraciət edib və “Bəs doqquzu hanı?” soruşanda aydın oldu ki, onlar çıxıb gediblər. Heç bir təşəkkürsüz itib-getmişdilər. İzin verin sizə sual verim: “Niyə siz və mən, həmçinin də Texasdan olan biznesmen, elədiyimiz kiçik minnətlərin müqabilində İsa Məsihin aldığından çox təşəkkür gözləyirik?”

Bəs məsələ pulla bağlı olanda? Burada məsələ daha da ümidsizdir. Çarlz Şvab mənə bank xəzinədarını bir dəfə necə xilas etdiyini danışmışdı – xəzinədar banka məxsus olan pullarla birjada möhtəkirlik edirmiş. Bu adamı həbsxanadan xilas etmək üçün Şvab öz şəxsi pullarını ödəmişdi. Xəzinədar ona minnətdar idimi? Bəli, amma bu uzun çəkməmişdi. Sonra isə o, Şvabın üstünə düşmüşdü, onu söyür və ona böhtan atırdı – onu həbsxanadan xilas edən adama.

Əgər öz qohumlarınızdan birinə bir milyon dollar versəydiniz, ondan təşəkkür gözləyərdinizmi? Endrü Karnegi məhz belə hərəkət etmişdi. O, qohumuna bir milyon dollar miras qoymuşdu. Amma Karnegi, əgər o, bir müddətdən sonra qəbrindən çıxsaydı, öz qohumunun onu lənətlədiyini eşidəndə sarsılardı. Nəyə görə? Ona görə ki Endi üç yüz altmış beş milyon dolları xeyriyyə müəssisələri üçün miras qoymuşdu və həmin qohumun ifadə etdiyi kimi, “ona hansısa miskin milyon vəsiyyət etmişdi”.

Bax işlər bu cürdür. İnsan təbiəti həmişə insan təbiəti olub və o, çətin ki, sizin həyatınız ərzində dəyişə. Belədirsə, onu olduğu kimi niyə də qəbul etməyəsən? Buna Roma imperiyasına nə vaxtsa hökmdarlıq etmiş ən müdrik adam – Mark Avreli kimi realistikcəsinə niyə də yanaşmayasan. Bir dəfə o, gündəliyində yazmışdı: “Bu gün mən həddən artıq çox danışan adamlarla – diqqətləri özləri üzərində cəmlənmiş, eqoistik və nankor adamlarla görüşəcəyəm. Lakin bu, məni heyrətləndirmir, çünki mən dünyanı özümə belə adamlarsız təsəvvür edə bilməzdim”.

Bu, ağlabatandır, elə deyilmi? Əgər siz və mən nankorluqla bağlı həmişə deyinəcəyiksə, bunda kimi günahkar bilməliyik? İnsan təbiətini, yoxsa özümüzün bilməməzliyimizi? Odur ki, təşəkkür gözləməyək. Onda əgər kimsə birdən bizə təşəkkür edərsə, bu, möcüzəli sürpriz olacaq. Əgər biz onu almasaq, buna görə kədərlənməyəcəyik.

Bu fəsildə qeyd etməyə çalışdığım birinci tezis bax budur: təşəkkür etməklə bağlı unutqanlıq insanlar üçün təbiidir; buna görə də, əgər siz təşəkkür gözləyəcəksinizsə, onda özünüzə bir çox dərd-sər hazırlayırsınız.

Mən Nyu-Yorkda yaşayan bir qadın tanıyıram ki, o, tənha olmağından daim şikayət edir. Qohumlardan heç biri onu görmək istəmir və bunda qəribə heç nə yoxdur. Əgər siz onun yanına gəlsəniz, o, saatlarla sizə öz bacı və qardaşı uşaqları üçün nələr etdiyi haqqında danışacaq: onlar qızılca, qulaqarxası (svinka) və göyöskürək xəstəliyinə tutulanda onlara baxıb; onlar uzun illər onun yanında yaşayıblar; o, bacısı qızlarından birinə kommersiya məktəbini bitirməyə kömək edib; o, öz evini başqa bir bacısı qızı ərə gedənə qədər onun ixtiyarına verib.

Bacısı və qardaşı uşaqları ona baş çəkirlərmi? Bəli, vaxtaşırı onlar bunu borc hissindən edirlər. Amma onlar bu başçəkmələrdən çox qorxurlar. Onlar bilirlər ki, saatlarla oturub rübəndli gileyləri dinləməli, sonsuz tənbehlərə və öz yazıqlığına eyham edən “ah”lara dözməli olacaqlar. O, bacısı qızlarını hədə və danlaqlarla öz yanına gəlməyə məcbur edə bilməyəndə onda “ürəkkeçmə” başlayır. Ürək pristupu baş verir.

Bu pristup onda, həqiqətən də, baş verir? Bəli. Həkimlər deyirlər ki, onun “əsəbi ürəyi” var, o, taxikardiyadan əziyyət çəkir. Amma həkimlər həm də deyirlər ki, onlar bu qadın üçün heç nə edə bilmirlər – onun xəstəliyi emosional xarakter daşıyır.

Gerçəklikdə bu qadın sevgi və diqqətə möhtacdır. O, bunu “qədirbilənlik” adlandırır. Amma o, heç vaxt nə qədirbilənlik, nə də sevgi almayacaq, çünki bunları tələb edir. O, əmindir ki, bu, ona çatmalıdır.

Bu qadın kimi “qədirbilməzlikdən”, tənhalıqdan və yaxınların diqqətinin olmamasından xəstəlik tapan minlərlə qadın mövcuddur. Onlar sevilmələrinin yanğısını çəkirlər; lakin bu dünyada sevgi qazanmağın yalnız bir üsulu var: onu tələb etməyə son qoymaq və təşəkkür alacağını gözləmədən öz sevgini bəxş etmək.

Göylərdə pərvazlanan idealistlər bu cür mülahizə yürüdürlər? Heç də yox. Bu, sadəcə olaraq, sağlam təfəkkürdür. Bu, sizin və mənim üçün arzusunda olduğumuz xoşbəxtliyi qazanmağın yaxşı üsuludur. Mən bilirəm. Mənim ailəmdə belə olub. Mənim atam və anam başqalarına ürəklə kömək edirdilər. Biz kasıb idik və həmişə borc içində olmuşuq. Amma, buna baxmayaraq, valideynlərim hər il Ayova ştatının Kaunsil-Blafs şəhərindəki yetim evinə göndərmək üçün pul tapa bilirdilər.

Anam və atam həmin yetim evinə heç vaxt getməmişdilər. Heç kim, çox güman, onlara ianə etdiklərinə görə təşəkkür də etməyib – yalnız məktubla. Amma onlar bolluca mükafatlandırılmışdılar, çünki balaca uşaqlara cavabında minnətdarlıq arzulamadan və təşəkkür gözləmədən kömək etdiklərindən böyük sevinc duyurdular.

Mən evdən gedəndən sonra hər il atama və anama Yeni il üçün çek göndərir və bu pullara özlərinə ürəkləri istəyən nə isə almağı xahiş edirdim. Amma onlar bu pulları nadir hallarda özlərinə xərcləyirdilər. Mən Yeni ildən bir neçə gün əvvəl onların yanına gələndə atam mənə danışırdı ki, o, uşaqları çox və pulu az olan “bir yoxsul dul qadın üçün” kömür və ərzaq alıb. Bu hədiyyələri verdiklərini mənə danışanda valideynlərimin necə də sevinc hissləri keçirdiklərinin şahidi oldum.

Əminəm ki, atam Aristotelin ideal insan – xoşbəxtlik hüququna tamamilə layiq olan insan təsvirinə, demək olar, müvafiq idi. “İdeal insan, – demişdi Aristotel, – başqalarına xeyirxahlıq etməkdən sevinc duyur. Lakin o, başqalarından xeyirxahlıq qəbul etməkdən utanır. Yüksək təbiətli insanlar xeyirxahlıq edir, aşağı təbiətli insanlar onu qəbul edirlər”.

Bu fəsildə qeyd etməyə çalışdığım ikinci tezis bax budur:

Əgər biz xoşbəxtlik əldə etmək istəyiriksə, gəlin minnətdarlıq və ya naşükürlük haqda fikirləşməyə son qoyaq, xeyirxahlığı bunu edərkən keçirdiyimiz daxili sevincin naminə edək.

Övladlarının qədirbilməzliklərinə görə valideynlər on min illərdir saçlarını yolur.

Hətta Şekspirin Kral Liri də xitab etmişdi:

… Ağrılıdır

ilan sancmadan da artıq

nankor övladın olması!”

Axı övladlar niyə də qədirbilən olmalıdırlar – bircə əgər biz onlarda bu hissi tərbiyə etmişiksə? Qədirbilməzlik – alaq otu kimi təbiidir. Minnətdar olmaq qızılgül kimidir. Onu bəsləmək, nazını çəkmək lazımdır.

Əgər övladlarımız qədirbilməzdirlərsə, günahkar kimdir? Bəlkə elə biz özümüzük. Əgər biz onlara heç vaxt başqalarına minnətdarlıq etməyi öyrətməmişiksə, onlardan özümüzə qarşı minnətdarlığı necə gözləyə bilərik?

Mən Çikaqodan bir nəfərlə tanışam ki, onun oğulluğa götürdüyü uşaqlarının qədirbilməzliyindən gileylənməyə haqqı var. O, qutu fabrikində əldən düşənə

qədər işləyir, həftədə nadir hallarda qırx dollardan çox qazanırdı. Onun evləndiyi dul qadın iki oğlunun kollecdə təhsil almalarına imkan yaratmaq üçün ərini borc pul almağa dilə tutmuşdu. Bu adam həftədə aldığı qırx dollar maaşla ərzaq, yanacaq, geyim almaq və mənzil haqqını ödəmək məcburiyyətində idi. Bundan başqa, o, bu gəlirindən həm də öz borclarını ödəməli idi. O, dörd il ərzində öküz kimi işləyir və heç vaxt da şikayət etmirdi.

Kimsə buna görə ona minnətdarlıq etdimi? Xeyr, bu, heç kimin ağlına da gəlmədi. Onun həyat yoldaşı bunu elə belə də olmalıymış kimi qəbul edirdi, oğlanları da analarından nümunə götürürdülər. Onlar öz atalıqlarına nəyə görə isə minnətdar olduqlarını heç vaxt fikirləşmirdilər. Odur ki, qədirbilənlik haqqında heç söhbət belə gedə bilməzdi!

Bunda günahkar kimdir? Oğlanlar? Sözsüz, amma ana daha çox günahkar idi. Oğlanlarının cavan həyatlarını “borc hissi” ilə yükləmək anaya təhqiredici görünürdü. Ana istəmirdi ki, onun oğlanları həyata “borclu” kimi qədəm bassınlar. Buna görə də onun ağlına heç vaxt gəlmirdi ki, desin: “Sizin atalığınız mərhəmətli şahzadə kimidir! Kollecdə təhsil almağınıza kömək edən odur!” Bunun yerinə ana bu nöqteyi-nəzərə tərəfdar idi: “Ah, bu, onun edə biləcəyi ən xırda şeydir”.

Anaya belə gəlirdi ki, o, öz oğullarını hifz edir, lakin, əslində, o, oğlanlarında həyata qarşı təhlükəli münasibət tərbiyə edirdi – guya bütün dünya onlara nə isə borcludur. Və həqiqətən də, bu təhlükəli ideya onun oğlanlarından birini fəlakətə gətirdi. O, öz xozeyinindən “borca pul almağa” cəhd etdi və əvvəl-axır həbsxanaya düşdü.

Biz yadda saxlamalıyıq ki, övladlarımız bir çox hallarda biz özümüz onları necə böyüdürüksə, o cür də olurlar. Məsələn, mənim anamın bacısı Viola Aleksandr övladların “naşükürlüyündən” şikayət eləməyə heç cür haqqı çatmayan qadınlara nümunədir. Mən hələ uşaq olanda Viola xala çox sevdiyi və qeydinə qaldığı anasını öz yanına götürmüşdü və ərinin anasına münasibətdə də eyni hərəkət etmişdi. Gözlərimi yumuram və fikrimdə keçmişə gedirəm. Mənə belə gəlir ki, gözlərimin qarşısında bu iki qoca qadının Viola xalanın fermasında onun ocağının yanında rahatlıqla əyləşdiklərini görürəm.

Onlar Viola xalaya narahatlıq gətirirdilərmi? Düşünürəm ki, çox vaxt. Amma onun davranışından heç vaxt fikirləşməzdin ki, bu, elədir. O, hər iki qoca qadını sevirdi və onların nazı ilə oynayırdı. Onlar Viola xalanın yanında özlərini evlərindəki kimi hiss edirdilər. Viola xala altı uşağının olmasına baxmayaraq, onları çox yaxşı qəbul edirdi. Amma o, heç vaxt hesab etmirdi ki, nə isə nəcib bir iş tutur və qarılara göstərdiyi qayğının müqabilində heyrancasına minnətdarlıq gözləmirdi. Onun üçün bu, təbii idi.

O, öz qəlbinin səsinə əməl edirdi. Viola xala indi haradadır? O artıq iyirmi ildən çoxdur duldur, onun öz ailələri ilə ayrı-ayrılıqda yaşayan uşaqları var. Onların hamısı Viola xalanı səbirsizliklə gözləyir və onu özləriylə birlikdə yaşamağa dəvət edirlər! Uşaqların onun üçün ürəkləri gedir və onunla bacardıqca çox ünsiyyətdə olmaq istəyirlər. Bu, qədirbilənlikdən doğub? Heç də yox! Onları buna sövq edən səmimi sevgidir. Onlar səmimiyyətin və mərhəmətin hökm sürdüyü mühitdə böyüyüblər. Buna görə də qəribə deyil ki, indi vəziyyət dəyişəndə onlar öz analarına münasibətdə cavab sevgisiylə yanaşırlar.

Buna görə də yadda saxlamalıyıq ki, qədirbilən övlad tərbiyə etmək üçün biz özümüz başqa adamlara qarşı minnətdarlıq münasibəti göstərməliyik. Həmişə yadda saxlayın ki, uşaqlar böyüklərin söhbətinə qulaq asmağı sevirlər. Elə ona görə də sayıqlığı itirməyin. Analiz etmək üçün – başqa adamların mərhəmətini uşaqlarınızın yanında azaltmaq istəyi növbəti dəfə könlünüzə düşəndə – dayanın. Heç vaxt belə deməyin: “Kuzina Syunun Yeni il üçün göndərdiyi salfetlərə bir bax.

Bunları o özü toxuyub. Bunlar ona heç bir sentə də başa gəlməyib!” Belə bir giley bizə tamamilə təbii görünə bilər, amma uşaqlar bizə qulaq asırlar. Kuzina Syunu ürəkdən tərifləmək daha yaxşı olmazdımı: “Bir baxın, kuzina Syu bizim Yeni ilimizi təbrik etmək üçün neçə saat vaxtını sərf edib. O necə də gözəl insandır! Gəlin elə həmin dəqiqə ona açıqca yazaq və təşəkkür edək”. Və bu minvalla uşaqlarımız xeyirxahlığı qiymətləndirmək və xeyirxahlıq edənə öz minnətdarlığını bildirmək vərdişini qeyri-şüuri surətdə mənimsəyəcəklər.

Qədirbilməzliklə bağlı kədərlənməkdən və narahat olmaqdan yaxa qurtarmaq üçün üçüncü qaydanı yerinə yetirin:

A.Qədirbilməzliyə görə həyəcanlanmağın yerinə minnətdarlıq gözləməyin. Unutmayın ki, İsa Məsih bir gün ərzində on cüzamlı xəstəni sağaltmışdı və onlardan yalnız biri ona təşəkkür etdi. Biz İsa Məsihə ediləndən çox minnətdarlıq niyə gözləməliyik?

B.Yadda saxlayın ki, xoşbəxtlik qazanmağın yeganə üsulu – minnətdarlıq gözləməmək, xeyirxahlığı öz şəxsi sevincin naminə etməkdir.

C.Yadda saxlayın ki, minnətdarlıq – xasiyyətin elə bir cizgisidir ki, onu tərbiyə etmək lazımdır. Buna görə də, əgər biz övladlarımızın qədirbilən olmasını istəyiriksə, bunu onlara öyrətməliyik.

Malik olduğunuz nəyisə milyon dollara verərdinizmi?

kurslarda tədris hissə müdiri olub. Bir dəfə biz Kanzas-Sitidə görüşdük və o, məni öz avtomobilində Missuri ştatında, Beltondakı fermama gətirdi. Maşınla getdiyimiz vaxt ondan narahatlığı adlamağa necə müvəffəq olduğunu soruşdum. Cavabında o, heç vaxt yadımdan çıxarmayacağım bir ruhlandırıcı əhvalat danışdı.

“Mən, adətən, bərk narahat olurdum, – dedi o, – lakin 1934-cü ilin yaz günündə bir dəfə Uebb-Sitidə Uest-Douerti küçəsi ilə gedirdim və həyəcanlarımı həmin andaca ləğv edən mənzərə gördüm. Bu, on saniyə ərzində baş verdi. Amma həmin on saniyə ərzində mən necə yaşamaq lazım olduğu ilə bağlı son on ildə olduğundan daha çox şey öyrəndim. Mən Uebb-Sitidə iki ildən çox baqqal dükanının sahibi idim. Mən təkcə yığdığım pulların hamısını itirmədim, həm də yalnız yeddi il ərzində altından çıxa bildiyim borca düşdüm.

Mağazanı bağlamaq məcburiyyətində qaldım və Kanzas-Sitidə iş axtarmağa yollanmaq üçün bankdan borc pul almağa getdim. Mən dərdin öldürdüyü adam kimi gedirdim. Həyata inamımı və mübarizə aparmaq qabiliyyətimi itirmişdim. Birdən mən hər iki ayağı olmayan bir nəfəri gördüm. O, roliklərin diyircəklərinin bərkidildiyi taxtadan balaca arabacığın üstündə oturmuşdu. O, arabanı hər əlində tutduğu taxta parçasının köməyi ilə irəliləyirdi. Mən onu küçəni keçəndən dərhal sonra görmüşdüm və o, səkinin kənarında bir neçə düyüm qalxmağa çalışırdı ki, yoldan çıxsın. O, taxta arabacığını yüngülcə əyəndə bizim gözlərimiz qəfildən rastlaşdı. O, məni sevincli təbəssümlə salamladı.

“Sabahınız xeyir, ser. Necə də gözəl səhərdir, elə deyilmi?” – deyə o, sevinc içində dilləndi. Ona baxa-baxa mən necə böyük xəzinənin sahibi olduğumu anladım. Mənim iki ayağım var. Mən yeriyə bilirəm. Xəcalət çəkdim ki, özümə yazığım gəlməyə cürət etmişəm. Özümə dedim, indi ki bu adam iki ayağı olmaya-olmaya xoşbəxt, şən və özünə inamlı ola bilir, onda, sözsüz, mən özüm də bu cür ola bilərəm, axı mənim iki ayağım var.

Özümdə qəfildən qüvvə qabarması hiss elədim. Bu vaxta qədər bankdan borca cəmi yüz dollar xahiş etməyə hazırlaşırdım. İndi isə bankdan iki yüz dollar xahiş etmək qətiyyətinə gəldim. Bankın əməkdaşlarına demək istəyirdim ki, işə qəbul olmağa cəhd etmək üçün Kanzas-Sitiyə yollanıram. İndi isə inamla bildirdim ki, Kanzas-Sitiyə işə qəbul olmaq üçün gedirəm. Zayom aldım və işə qəbul olundum.

Hazırda mənim vanna otağımda güzgüyə hər gün səhər üzümü taraş edəndə oxuduğum bu sözlər yapışdırılıb:

“Məni dərd öldürmüşdü, çünki mənim ayaqqabım yox idi. Lakin bu yalnız o vaxta qədər davam etdi ki, ayaqları olmayan adamla qarşılaşdım”.

Bir dəfə mən Eddi Rikkanbakerdən – o və yoldaşları xilas olmağa heç bir ümidin olmadığı şəraitdə xilasedici bərələrin üstündə Sakit okeanın ucu-bucağı görünməyən ənginliklərində, dalğaların üç həftə ərzində sürüyüb apardığı vəziyyətdə hasil etdiyi ən böyük dərsin hansı olduğunu soruşdum. “Ən böyük dərs, – dedi o, – bundan ibarətdir ki, əgər siz kifayət edəcək miqdarda içməli su və ərzaqla təmin olunmusunuzsa, şikayət etməməlisiniz”.

“Taym” jurnalında Quadalkanal üzərində döyüşdə yaralanmış serjant haqqında məqalə dərc olunmuşdu. Mərminin qəlpəsi onun boğazına dəymişdi, bundan sonra ona yeddi dəfə qan köçürülmüşdü. O, kağız üzərində yazaraq həkimdən soruşmuşdu: “Mən yaşayacağam?” Həkim cavab vermişdi: “Hə”. Serjant başqa bir cızma-qara edib soruşur: “Mən danışa biləcəyəm?” Həkimin cavabı bu dəfə də təsdiqedici olur. Onda yaralı kağıza bunu yazır: “Bəs, lənət şeytana, mən nəyə görə narahat oluram?”

Siz niyə də lap elə indicə özünüzə sual verməyəsiniz: “Bəs, lənət şeytana, mən nəyə görə narahat oluram?” Siz, çox güman, başa düşəcəksiniz ki, bunun üçün səbəb nisbətən mənasız və əhəmiyyətsizdir.

Bizim həyati işlərimizin doxsan faizə qədəri yaxşı və düzgün, yalnız on faizə qədəri pisdir. Əgər biz xoşbəxt olmaq istəyiriksə, bunun üçün öz diqqətimizi yalnız yaxşının üzərində cəmləməli və pis barədə fikirləşməməliyik. Biz əgər narahat olmaq, kədərlənmək və mədə xorasına tutulmaq istəyiriksə, onda fikirlərimizi on faiz xoşagəlməzin üzərində cəmləməli və doxsan faiz işıqlı və sevincliyə saymazyana yanaşmalıyıq.

“Qulliverin səyahətləri”nin müəllifi Conatan Svift ingilis ədəbiyyatında ən ümidsiz bədbinlərdən biri idi. O, dünyaya gəldiyinə o qədər peşman idi ki, hər il öz doğum günündə qara geyinir və oruc tuturdu. Lakin bu, ingilis ədəbiyyatında hələ üstələnməyən pessimist öz naümidliyi içində də şənliyin və xoşbəxtliyin qüdrətli dirçəltmə gücündən danışırdı. “Dünyada ən yaxşı təbiblər, – deyə o elan etmişdi, – həkim Dieta, həkim Rahatlıq və həkim Şənlikdir”.

Siz və mən “həkim Şənliyin” xidmətlərindən pul-parasız hər gün və saatbasaat istifadə edə bilərik, əgər öz diqqətimizi sahibi olduğumuz ağlasığmaz sərvətlərin üzərində cəmləyəriksə. Onlar Əlibabanın nağıl sərvətlərindən qat-qat qiymətlidir. Siz iki gözünüzü bir milyard dollara satardınızmı? Hər iki ayağınız üçün siz hansı məbləği tələb edərdiniz? Bəs əlləriniz üçün? Bəs eşitmək qabiliyyətiniz üçün? Övladlarınız sizin üçün qiymətlidirmi? Bəs ailəniz? Öz məziyyətlərinizi fikrinizdə cəmləyin və siz anlayacaqsınız ki, malik olduğunuzu Rokfellerlərin, Fordların və Morqanların birlikdə götürülmüş var-dövlətinə dəyişməzdiniz.

Amma biz bütün bunları qiymətləndiririkmi? Aydın məsələdir ki, yox. Şopenqauerin dediyi kimi: “Biz malik olduğumuz haqqında nadir hallarda fikirləşirik, amma bizdə olmayana görə həmişə narahat oluruq”. Həqiqətən də, “malik olduğumuz haqqında nadir hallarda fikirləşmək, bizdə olmayana görə isə həmişə narahat olmaq” meyli yer üzərində ən böyük faciədir. Bu meyil bəşəriyyətə, çox güman, tarixdəki bütün müharibə və epidemiyalardan çox ziyan vurub.

Dostum Con Palmer həyata bu cür münasibətin nəticəsində “diribaş oğlandan deyingən qocaya” çevrildi və az qala öz ailə ocağını dağıtmışdı. O, bu haqda mənə özü danışmışdı:

“Ordudan qayıdandan dərhal sonra, – dedi o, – öz işimdə işlədim. Gündüz və gecə inadla işləyirdim. Başlanğıcda hər şey uğurlu alınırdı. Ardınca xoşagəlməz hadisələr başlandı. İş üçün zəruri olan detal və materialları tapa bilmirdim. İşimi bağlamaq məcburiyyətində qalacağımdan qorxurdum. Elə bərk narahat olurdum ki, diribaş oğlandan deyingən qocaya çevrilmişdim. Hirsli və əsəbi olmuşdum. Amma özüm bunu sezmirdim. Yalnız indi anlayıram ki, buna görə mən az qala öz xoşbəxt ailə ocağımdan məhrum olacaqdım. Lakin müəssisəmdə işləyən cavan müharibə əlili bir dəfə mənə dedi:

“Conni, sən gərək xəcalət çəkəsən. Özünü elə aparırsan ki, elə bil dünyada vəziyyəti ağır olan yeganə adam sənsən. Tutaq ki, sən müəyyən vaxta müəssisəni bağladın, hə, nə olsun? Hər şey qaydasına düşəndə onu yenidən aça bilərsən! Sən bir çox nemətə maliksən ki, bunlara görə taleyinə minnətdar olmalısan. Amma həmişə deyinirsən. İlahi, mən necə də istəyərdim ki, sənin yerində olam! Mənə bir bax. Mənim təkcə bir əlim var və sifətimin yarısı güllə yarasından eybəcər hala düşüb. Amma, buna baxmayaraq, mən şikayət eləmirəm. Əgər sən deyinməyinə və mısmırıq sallamağına son qoymasan, onda təkcə müəssisəni yox, həm də sağlamlığını, ailəni və dostlarını itirəcəksən!”

Onun dedikləri məni sarsıtdı. Bu sözlər məni malik olduqlarımı qiymətləndirməyə məcbur etdi. Mən dərhal dəyişməyi və əvvəlki kimi olmağı qət etdim. Mən belə də elədim”.

Tanışım xanım Lyusil Bleyk malik olduqlarına sevinməyi və onda olmayanlara görə narahat olmamağı öyrənənə qədər mənəvi fəlakət astanasında idi.

Mən Lyusillə çox illər əvvəl tanış olmuşdum. Biz birlikdə Kolumbiya Universitetinin jurnalistika fakültəsində, qısa hekayələrin yazılması ustalığını mənimsədiyimiz kurslarda birlikdə təhsil almışdıq. Doqquz il əvvəl o, həyatında ən dərin sarsıntı yaşamışdı. Həmin vaxtlar o, Arizona ştatının Tusone şəhərində yaşayırdı. Budur, onun özü haqda mənə danışdıqları:

“Mən hadisələrin və əyləncələrin burulğanında idim: Arizona ştatının universitetində orqan çalmağı öyrənirdim, diksiyanın düzəldilməsi üzrə məşğələlərə rəhbərlik edirdim, yaşadığım Dezert-Uillou-Rançda musiqinin qavranması üzrə dərslər aparırdım. Təşkil olunan gecələrə, rəqs tədbirlərinə gedir və hərdənbir at sürməklə məşğul olurdum. Bir gün səhər yatağımdan qalxa bilmədim. Ürəyim! “Siz yataqda bir il uzanmalısınız. Sizə tam sakitlik vacibdir”, – dedi həkim. O, əmin idi ki, mən nə vaxtsa yenə də sağlam olacağam.

Bütün ili çarpayıya pərçim olmaq! Əlil olmaq – bəlkə də ölmək! Dəhşətdən başımı itirmişdim. Bu, niyə məhz mənim başıma gəldi? Günahım nədədir? Ümidsizlikdən ağlayır və zarıyırdım. Mən kinli və hiddətli olmuşdum. Bununla belə, həkimin məsləhətinə baxdım və yataqda qaldım. Qonşum, rəssam cənab Rudolf mənə dedi: “Siz indi fikirləşirsiniz ki, bütöv bir ili yataqda qalmaq – bu, faciədir. Amma bu, elə deyil. Fikirləşməyə və özünüzü tanımağa vaxtınız olacaq. Həmin bir neçə ay ərzində siz ruhən bütün öz keçmiş ömrünüz ərzində olduğundan çox böyüyəcəksiniz”.

Mən sakitləşdim və dəyərləri yenidən qiymətləndirməyə çalışdım. Elə kitablar oxuyurdum ki, onlar məni ruhlandırırdı. Bir dəfə radioda bu sözləri eşitdim: “Siz yalnız şüurunuzda özünə yer tapanı ifadə edə bilərsiniz”. Keçmişdə mən belə sözləri çox eşitmişdim, amma indi onlar qəlbimə daha çox yatırdı. Mən yalnız mənə yaşamağa kömək edən şeylər haqqında fikirləşməyi qərara aldım: sevinc, xoşbəxtlik və sağlamlıq haqda. Hər gün səhər oyananda özümü, taleyimə nəyə görə minnətdar olmalıyamsa, hər şeyi xatırlamağa məcbur edirdim. Bu haqda fikirləşirdim ki, hazırda heç yerim ağrımır, məftunedici qızım, yaxşı görmə qabiliyyətim, musiqi duyumum var.

Radio ilə ecazkar mahnı verilir. Mütaliə etmək üçün vaxtım var. Mənim yaxşı dostlarım var idi. Bütün bunlardan mən o qədər şənləndim və yanıma o qədər qonaq gəlirdi ki, həkim palatamın qapısına, yanıma yalnız bir nəfərin – o da yalnız müəyyən olunmuş vaxtda – gəlişinə icazə verildiyi yazılmış lövhəcik asdı.

O vaxtdan artıq doqquz il ötüb və indi mən tamhəcmli fəal həyat sürürəm. Yataqda keçirdiyim bu bir il üçün mən taleyimə dərindən minnətdaram. Bu, mənim Arizonada həyatımın ən məhsuldar və xoşbəxt ili idi. Məhz həmin vaxt mən özümdə taleyin mənə bəxş etdiyi bütün nemətləri hər gün səhər yada salmaq vərdişini formalaşdırdım. Bu vərdiş məndə bütün ömürlük qaldı. O, mənim həyatda mənimsədiyim ən qiymətli sərvətlərdən biridir. Bunu xatırlayanda utanıram ki, yaşamağı yalnız ölməkdən qorxduğum vaxt öyrənə bildim”.

Əzizim Lyusil Bleyk, siz doktor Semyuel Consonun iki yüz il əvvəl mənimsədiyi həmin dərsdən ibrət götürdüyünüzü, ola bilsin, bilmirsiniz. “Hər bir hadisənin müsbət cəhətini görə bilmək qabiliyyəti… Bu çox dəyərlidi”, – demişdi doktor Conson.

Diqqət yetirin ki, bu sözlər peşəkar nikbin adam tərəfindən deyilməyib. Bunları, iyirmi il ərzində ruhi əzablar, dilənçilik və aclıq içində yaşayan və əvvəlaxır öz nəslinin ən görkəmli yazıçılarından biri və bütün dövrlərin ən parlaq həmsöhbəti olmuş adam ifadə etmişdir.

Loqan Pirsall Smit aşağıdakını deməklə bir neçə sözdə çox dərin müdriklik ifadə etmişdi: “Həyatda öz qarşında iki məqsəd qoymaq lazımdır. Birinci məqsəd – can atdığınızın həyata keçirilməsi. İkinci məqsəd – nail olduğuna sevinə bilmək bacarığı. İkinci məqsədə yalnız bəşəriyyətin ən müdrik nümayəndələri çatmağa qabildirlər”.

Yəqin, inanmayacaqsınız ki, hətta mətbəxdə qab-qacaq yuyulması da ekstaz halını doğura bilər. Əgər sizə bu barədə bilmək maraqlıdırsa, xanım Borhild Dalın üstələnməyən mərdliyi haqqında bəhs edən ruhlandırıcı kitabı oxuyun. Kitab “Mən görmək istəyirdim” adlanır.

Bu kitab əlli il ərzində faktiki olaraq kor olan bir qadın tərəfindən yazılıb. “Mənim yalnız bir gözüm var idi, – deyə o yazır, – və o da sıx çapıqlarla büsbütün örtülmüşdü. Nəyisə yalnız gözümün sol tərəfində zərrə boyda deşikdən görə bilirdim. Kitabı yalnız onu sifətimə çox yaxın tutanda və var gücümlə çəpəki sol tərəfə baxanda görə bilirdim”.

Lakin xanım Borhild Dal yazıqlığı inkar etdi və heç kimə də özünə yazığı gəlməyə və özünü “”natamam” hesab eləməyə izin vermirdi. Uşaqlıqda o, başqa uşaqlarla “klas-klas” oynamaq istəyirdi, amma xətləri və rəqəmləri görə bilmirdi. Buna görə də başqa uşaqlar evə gedəndən sonra o, gözləri xətlərin yerini tuta bilməsi üçün üzünü yerə yapışdıraraq sürünürdü. O, uşaqların oynadıqları yerdə hər bir santimetri yadında saxladı və tezliklə hətta əla qaçmağı da öyrənə bildi.

Evdə o, iri şriftli hərfləri olan kitabı gözünə o qədər yaxın tuturdu ki, kirpikləri səhifələrə toxunurdu. O, iki alimlik dərəcəsinə layiq görülüb: Minnesota Universitetinin incəsənət bakalavrı və Kolumbiya Universitetinin incəsənət magistri.

O, öz fəaliyyətini Minnesota ştatının kiçik Tuin-Velli kəndində müəllimlik etməklə başladı və Cənubi-Dakota ştatının Sui-Fols şəhərində Avqustin Kollecində jurnalistika və ədəbiyyat professoru adını qazandı. Borhild Dal orada on üç il ərzində dərs deyib. Bundan başqa, o, qadın klublarında mühazirələr oxuyur və ədəbi əsərlərin tənqidinə həsr olunan radio verilişlərində çıxış edirdi. “Qəlbimin dərinliklərində, –yazır o, – mən tam kor olmaqdan həmişə qorxurdum. Bu qorxunu adlamaq üçün özümü sərbəst aparmağa, əhvali-ruhiyyəmin şən olmasına çalışırdım”.

1943-cü ildə, onun əlli iki yaşı olanda möcüzə baş verdi: məşhur Meyo klinikasında cərrahi əməliyyat… İndi o, əvvəllər olduğundan qırx dəfə yaxşı görməyə başlamışdı.

Onun qarşısında yeni və heyrətamiz dərəcədə gözəl dünya açılmışdı. İndi hətta mətbəxdə qab-qaşıq yumaq da onun üçün çox maraqlı və cəlbedici idi. “Mən qabları yumaq üçün kasadakı ağ sabun köpükləriylə oynayıram, – yazır o. – Əllərimi bu köpüyə batırıram və bir ovuc sabun köpüyünü tuturam. Onları gur işıqda nəzərdən keçirirəm və hər birində xırda göy qurşağının ləpələnən rənglərini görürəm”.

O, mətbəx qab-qaşıq yuyanının üstündəki pəncərəyə baxanda “qara-boz qanadlarını çırpan sərçələri gördü. Möhkəm qar yağmasına baxmayaraq, onlar sürətlə uçurdular”.

Siz və mən özümüzə görə çox xəcalət çəkməliyik. Həyatımızın günlərinin və illərinin hamısı gözəlliyin nağıl şahlığında keçir. Amma biz həddən artıq koruq ki, bunu görmürük və həddən artıq toxuq ki, bundan həzz almırıq.

Əgər siz narahat olmağa son qoymaq və rahat yaşamağa başlamaq istəyirsinizsə, dördüncü qaydanı yerinə yetirin:

Öz uğurlarınızın hesabını aparın – uğursuzluqlarınızın yox!

Özünüzü tapın və özünüz olun: yadda saxlayın ki, yer üzərində sizin kimibaşqa bir adam yoxdur

Mən missis Edit Olreddən məktub almışam.

“Mən uşaq olanda yüksək hissiyyat və utancaqlığımla seçilirdim, – deyə o, məktubunda bildirir. – Mənim çəkim həmişə çox olurdu, yanaqlarım isə elə idi ki, olduğumdan da şişman görünürdüm. Anam köhnə qəlibdən idi və zənn edirdi ki, pal-paltar gözəl olmamalıdır. O hesab edirdi ki, bütün bunlar axmaqlıqdır. O, həmişə deyirdi: “Gen-bol paltar yaxşı geyiləcək, dar geyimlər isə tez cırılacaq”. O, məni bu prinsipə uyğun olaraq geyindirirdi. Mən heç vaxt qonaq getmirdim, heç bir əyləncəm yox idi.

Məktəbə gedəndə təmiz havada keçirilən oyunlarda heç vaxt iştirak etmirdim və heç idmanla da məşğul olmurdum. Mən xəstəlik dərəcəsində utancaq idim. Mənə belə gəlirdi ki, başqalarına oxşamıram və özümü tamamilə qeyri-cəlbedici hiss edirdim.

Böyüyəndə özümdən bir neçə yaş böyük adama ərə getdim. Amma yenə də dəyişmədim. Ərim tərəfdən qohumlarım sakit təbiətli və özlərinə inamlı adamlar idilər. Malik olmalı olduğum keyfiyyətlərin hamısı onlarda var idi. Mən var qüvvəmlə çalışırdım ki, onlara oxşayım, amma heç nə alınmırdı. Onların məni daha ünsiyyətcil etməklə bağlı cəhdlərinin hamısı buna gətirirdi ki, getdikcə daha çox özümə qapanırdım.

Əsəbi oldum və hər şey məni özümdən çıxarırdı. Dostlarımın hamısından qaçırdım. Səhhətim o qədər pisləşmişdi ki, qapının zəngi çalınanda məni dəhşətdən titrətmə tuturdu. Özümü uğursuz qadın hesab edirdim. Mən bunu bilirdim və qorxurdum ki, ərim də bunu duyacaq. Buna görə də biz cəmiyyət arasında olanda özümü şən göstərməyə çalışırdım və çox vaxt bu oyuna həddən artıq aludə olurdum.

Bundan sonra isə özümü bir neçə gün bədbəxt hiss edirdim. Nəhayət, mən elə bir sıxıntılı vəziyyətə düşdüm ki, bundan sonra yaşamağı davam etdirməyin mənasız olduğunu zənn eləməyə başladım. Mən artıq intihar haqqında fikirləşirdim”.

Bu bədbəxt qadının həyatını bəs nə dəyişdi? Təsadüfən deyilmiş bir söz!

“Təsadüfən deyilmiş söz, – deyə missis Olred davam edirdi, – mənim bütün həyatımı dəyişdi. Bir dəfə qayınanam öz uşaqlarını necə tərbiyə etdiyi haqqında danışırdı və dedi: “Nə baş verirsə versin, onlardan həmişə tələb edirdim ki, özləri olsunlar”… Özün olmaq?.. Bu söz məni öz həyatımı yeni nöqteyi-nəzərdən dərk etməyə məcbur elədi. Birdən mənə vəhy gəldi. Birdən başa düşdüm ki, dərdlərimin hamısı mənə qətiyyən yaraşmayan rol oynamağa çalışmağımdan doğur.

Davranışımı dərhal dəyişdim. Özüm olmağa başladım. Öz şəxsiyyətimi öyrənməyə çalışırdım. Mən özümün nə təcəssüm etdirdiyimi aydınlaşdırmağa cəhd edirdim. Məziyyətlərimi öyrəndim. Paltarın rənglərini və stilini seçməyi öyrəndim, mənə yaraşanı geyinməyə başladım. Yeni dostlar tapdım. Başlanğıcında böyük olmayan bir ictimai təşkilata daxil oldum və mənə məruzə ilə çıxış etmək tapşırılanda qorxumdan əl-ayağım soyudu. Amma hər yeni çıxışımla getdikcə daha cəsarətli olurdum.

Mənə çoxlu vaxt lazım gəldi – amma bu gün mən nə vaxtsa arzularımda təsəvvür etdiyimdən daha xoşbəxtəm. Öz uşaqlarımı tərbiyə edəndə həmişə onlara bu cür acı təcrübə nəticəsində dərk etdiyimi öyrədirdim: “Nə baş verirsə versin, həmişə özünüz olun!”

“Bu problem – özün olmaq istəyi – dünyanın özü qədər qocadır, – deyir doktor Ceyms Qordon Cilki, – və insan həyatı qədər universaldır”. Özün olmağı istəməmək bir çox nevrozların, psixozların və komplekslərin gizli səbəbi kimi çıxış edir. Ancelo Patri uşaqların tərbiyəsi haqda on üç kitab və minlərlə qəzet məqaləsi yazıb. O deyir: “Ən çox bədbəxt o adamdır ki, öz fiziki və psixiki quruluşuna görə olmalı olduğu şəxsiyyətdən fərqlənən başqa kim isə və nə isə olmaq yanğısı ilə yaşayır”.

Bu, başqa kim isə olmaq yanğısı Hollivudda daha çox adət halını alıb. Hollivudun ən tanınmış rejissorlarından olan Sem Vud danışırdı ki, onun cavan və şöhrətpərəst aktyorlarla ən böyük çətinlikləri həmin bu problemlə bağlı meydana çıxırdı: onları özləri olmağa məcbur eləmək. Onların hamısı ikinci növ Lanna Törner və ya üçüncü növlü Klark Geybl olmaq istəyirdilər. “Onların gur individuallığı tamaşaçılara artıq məlumdur, – deyə Sem Vud yorulmaq bilmədən təkrar edir, – və indi tamaşaçı başqa nə isə istəyir”.

“Əlvida, cənab Çips” və “Zəng kimin üçün vurur” kimi filmlərdən sonra Sem Vud satış üzrə agent kadrları hazırlayaraq uzun illər daşınmaz əmlak ticarəti sahəsində işlədi. O bildirir ki, eyni prinsiplər həm biznes aləminə, həm də kino dünyasına tətbiq oluna bilər. “Əgər həmişə meymunluq eləsəniz, siz heç nəyə nail olmayacaqsınız. Tutuquşu olmaq olmaz. Təcrübə mənə öyrədib ki, – deyir Sem Vud, – ən məqsədəmüvafiq olanı – özü olmayanı təsvir edən adamlardan bacardıqca tez yaxa qurtarmaqdır”.

Bu yaxınlarda mən “Sokoni-Vakuum-Oyl” iri neft kompaniyasının kadrlar şöbəsinin rəhbəri Pol Bayntondan işlə bağı ona müraciət edən adamların ən böyük səhvinin nədən ibarət olduğunu soruşdum. Pol Baynton bunu bilməlidir: o, iş axtaran altmış mindən çox adamla söhbət edib, bundan başqa isə “İşə qəbul olmağın 6 üsulu” adlı kitabı yazıb.

O cavab verdi: “İş axtaran adamların ən böyük səhvi bundan ibarətdir ki, onlar olduqları kimi yox, başqa təsir bağışlamağa çalışırlar. Özlərini sərbəst tutmaq və tamamilə açıq danışmaq əvəzinə, onlar çox vaxt sizin, öz rəylərinə görə, eşitmək istədiyiniz cavabı verməyə çalışırlar. Amma bu, işə keçmir, çünki yalançılar heç kimə lazım deyil. Elə saxta pullar kimi”. Budur, bunda öz acı təcrübəsi əsasında əmin olan bir qadının əhvalatı. O, tramvay konduktorunun qızı idi. Bu qız müğənni olmağa can atırdı.

Amma onun sifəti ona bir çox xoşagəlməzliklər yaşadırdı. Onun ağzı böyük idi və dişləri qabağa çıxırdı. O, birinci dəfə publika qarşısında Nyu-Cersidəki gecə klubunda çıxış edəndə dişlərini gizlətmək üçün üst dodağını aşağı çəkməyə çalışırdı. O özünü “məftunedici” göstərmək istəyirdi, amma bundan nə alındı? O, gülünc görünürdü. Onun karyerası iflasla başa çata bilərdi.

Lakin, bəxtəvərlikdən, gecə klubuna gələnlərin arasında onun səsini eşidərkən qızda talant olduğunu fikirləşən bir nəfər var idi. “Qulaq as, – deyə o, açıq surətdə qıza bildirdi, – mən sənin çıxışını izləyirdim və sənin nəyi gizlətməyə çalışdığını bilirəm. Sən öz dişlərindən utanırsan”. Qız pərt oldu, amma kişi danışmaqda davam edirdi: “Hə, indi nə olsun ki? Məgər bu – gözəl dişlərin olmaması cinayətdir? Onları gizlətməyə çalışma! Ağzını aç və publika görəndə ki, sən dişlərindən utanmırsan, səni sevəcək. Bundan başqa, – deyə o, uzaqgörənliklə bildirdi, – indi gizlətməyə çalışdığın həmin bu dişlər, ola bilsin, sənə uğur və var-dövlət gətirəcəkdir!”

Kess Deyli onun məsləhətinə əməl elədi və öz dişləri haqda unutdu. Həmin vaxtdan etibarən o yalnız onu dinləyən publika haqqında fikirləşirdi. O, ağzını geniş açır və elə hissiyyat və temperamentlə oxuyurdu ki, kino və radioda ən parlaq ulduzlardan biri oldu. Başqa komediya artistləri indi onu yamsılamağa cəhd edirlər.

Məşhur Uilyam Ceyms “orta təfəkkürlü adam özündə olan intellectual qabiliyyətlərin yalnız on faizini inkişaf etdirir” deyəndə məhz özünü tapa bilməyən adamları nəzərdə tuturdu. “Bizim necə olmalı olduğumuzla müqayisədə, – yazırdı o, – biz yalnız yarımçıq oyağıq. Biz öz fiziki və əqli resurslarımızın yalnız kiçik hissəsini istifadə edirik. Ümumiyyətlə deyilərsə, insan bu minvalla öz imkanlarını heç uzaqdan-uzağa da istifadə eləmir. İnsan müxtəlif təmayüllü qüvvələrə malikdir ki, bunlar, adətən, hədər yerə it-bat olur”.

Siz və mən bu cür qabiliyyətlərə malikik, buna görə də başqa adamlara oxşamadığımızla bağlı narahatlıqlara gəlin bir saniyə də vaxt itirməyək. Bu dünyada siz özünüzlə nə isə təzə bir şey təcəssüm etdirirsiniz. Dünyanın əzəli qoyulandan bu yana dəqiqliklə sizin kimi olan başqa bir adam olmayıb; və gələcək bütün zamanlar ərzində sizin tam təkrarınız yenə də heç vaxt olmayacaq.

Genetikanın məlumatlarına uyğun olaraq, biz əsas etibarilə 24 ata və 24 ana xromosomunun qarşılıqlı fəaliyyəti nəticəsində məhz olduğumuz kimi təşəkkül tapırıq. Bizə irsən miras çatan nə varsa, həmin 48 xromosomda qoyulub. “Hər bir xromosomda olan genlərin sayı, – deyə Amran Şeynfeld yazır, – iyirmidən yüzlərə qədərdir, – özü də bəzi hallarda tək bircə gen insanın bütün həyatını dəyişməyə qabildir”. Həqiqətən də, biz “qorxunc və möcüzəvi şəkildə” yaradılmışıq.

Hətta sizin atanız və ananız görüşəndən və nikaha girəndən sonra da məhz sizin kimi bir insanın doğulması şansı üç yüz milyarddan tək biri ola bilər. Başqa sözlə, əgər sizin üç yüz milyard qardaş və bacınız olsaydı, onların heç biri sizə oxşamaya bilərdi. Siz düşünürsünüz ki, bunların hamısı ehtimallardır? Heç də yox. Bu, elmi faktdır. Əgər siz bu məsələ ilə bağlı əlavə məlumat almaq istəyirsinizsə, öz ictimai kitabxananıza gedin və “Siz və irsi miras” adlı kitabı alın. Müəllifi Amran Şeynfelddir.

Mənim “özünü tapmaq” zərurəti haqda danışmağıma əsasım var, çünki bu, mənə çox dərin toxunan məsələdir. Mən nə haqda danışdığımı bilirəm. Kədərli təcrübəm mənə həddən artıq baha başa gəldi. Gəlin aydınlaşdıraq: mən Missurinin qarğıdalı sahələrindən ilk dəfə Nyu-Yorka gələndə Amerika Dramatik İncəsənət Akademiyasına daxil oldum. Mən aktyor olmağa can atırdım. Ağlıma, özümün hesab etdiyim kimi, parlaq ideya gəlmişdi – o qədər sadə, o qədər məğlubiyyətsiz ideya idi ki, minlərlə şöhrətpərəst adamın bu fikrə nə üçün gəlmədiyini başa düşə bilmirdim.

İdeya bundan ibarət idi: mən o dövrün məşhur – Con Drü, Uolter Hempden və Otis Skinner kimi aktyorlarının uğura necə nail olduqlarını öyrənəcəyəm. Bunun ardınca onlardan hər birinin ən yaxşı məziyyətlərini əxz etməyə və bunları özümdə birləşdirməyə hazırlaşırdım. Fikirləşirdim ki, bu, mənə ən parlaq və heç vaxt heç kimin üstün ola bilməyəcəyi aktyor olmaqda kömək edəcək. Necə bir axmaqlıq! Necə bir sarsaqlıq! Başqa adamları təqlid edə-edə mən ömrümdən illəri itirməli oldum; o vaxta qədər ki, özüm olmalı olduğum və heç, ola da bilsin ki, başqa kim isə ola bilməyəcəyim fikri mənim missuriyalı kütbeyin başıma çatdı.

Bu kədərli təcrübə mənə uzun illər üçün dərs olmalı idi. Amma bu baş vermədi. Bəs necə, mən həddən artıq kütbeyin idim. Mən bütün bunlardan bir daha keçməli oldum. Üstündən bir neçə il keçəndən sonra kitab yazmağa girişdim ki, bu, çox ümid etdiyim kimi, natiqlik sənəti üzrə vəsait qismində işgüzar adamlar üçün nə vaxtsa yazılmış ən yaxşı kitab olmalı idi. Amma kitab üzərində işləyərkən mən aktyor olmağa hazırlaşarkən tətbiq etdiyim elə həmin axmaq ideyanı rəhbər tuturdum. Mən başqa bir çox yazıçının fikirlərini əxz etmək və onları bir kitabda – özündə hər şeyi ehtiva edən kitabda cəmləməyə hazırlaşırdım.

Beləliklə, natiqlik sənəti üzrə onlarla kitab əldə elədim və onlardakı fikirləri öz əlyazmama daxil etmək üçün bütöv bir il işlədim. Lakin əvvəl-axır mənə vəhy gəldi ki, yenə də özümü sarsaqcasına aparıram. Mənim yazdığım bu, başqa adamların fikirlərindən ibarət olan həftəbecər elə bir dərəcədə kompilyativ, o qədər darıxdırıcı idi ki, bir nəfər də olsun işgüzar adam onun üzərində əlləşməzdi. Onda mən birillik əməyimin bu barını zibil qutusuna tulladım və hər şeyi təzədən başladım. Bu dəfə özümə dedim: “Sən gərək Deyl Karnegi qalasan, onun bütün çatışmazlıqları və zəiflikləri ilə bahəm.

Sən, çox güman, başqa heç kim ola bilməzsən”. Mən başqa adamların məziyyətlərini özümdə birləşdirmək ideyasından əl çəkdim, qollarımı çırmadım və lap əvvəldən etməli olduğum işə girişdim: şəxsi təcrübəmin, natiq və natiqlik məharəti müəllimi olaraq məndə toplanmış müşahidə və fikirlərin əks olunduğu natiqlik sənəti üzrə dərs vəsaiti yazdım. Mən Uolter Releyin mənimsədiyi dərsi mənimsədim. Mən kraliçanın qədəm basması üçün öz plaşını palçıqlı yola sərən ser Uolter haqda danışmıram.

Söhbət 1904-cü ildə Oksfordda ingilis ədəbiyyatı professoru ser Reledən gedir. “Mən Şekspirin səviyyəsində kitab yaza bilmərəm, – demişdi o, – lakin mən şəxsən öz kitabımı yaza bilərəm”.

Özünüz olun. İrvinq Berlinin mərhum Corc Qerşvinə verdiyi müdrik məsləhətə əməl edin. Berlin və Qerşvin ilk dəfə görüşəndə Berlin məşhur, Qerşvin isə özünə həyatda yol açan cavan bəstəkar idi. O, yüngül musiqi bəstələməklə həftədə vur-tut otuz beş dollar qazanırdı. Qerşvinin qabiliyyətləri Berlində dərin təəssürat yaratdı və o, cavan oğlana öz musiqi katibi qismində iş təklif elədi, özü də onun əməkhaqqısı üçqat artmalı idi. “Amma bu işə razılıq verməyin, – deyə Berlin məsləhət elədi. – Əgər siz bu işlə məşğul olarsınızsa, onda siz, ola bilsin, ikinci növ Berlin olarsınız. Amma əgər siz inadkarcasına özünüz qalsanız, onda sizin birinci dərəcəli Qerşvin olacağınız gün gəlib çatacaqdır”.

Qerşvin bu xəbərdarlığı eşitdi və tədricən öz nəslinin ən məşhur amerikalı bəstəkarlarından birinə çevrildi.

Çarli Çaplin, Uill Rocers, Meri Marqaret Makbrayd, Cin Otri və milyonlarla başqaları bu, mənim bu fəsildə sizin dərrakənizə çatdırmağa çalışdığım dərsi mənimsəmək məcburiyyətində qalıb. Bu, onlara baha başa gəlib – elə mənim özümə olduğu kimi.

Çarli Çaplin kinoda çəkilməyə başlayanda filmlərin rejissoru təkid edirdi ki, o, həmin dövrün populyar alman komikini təqlid eləsin. Çarli Çaplin öz individuallığını göstərə bilməyənə qədər heç bir nailiyyət əldə edə bilmirdi. Bob Houp eyni şeyi yaşamışdı: o, uzun illər ərzində mahnı oxuya-oxuya rəqs ifaçısı olmuşdu və uğur qazanmaq ona eləcə də nəsib olmamışdı. O, öz fərdi janrını – yumoristik hekayə sənətini seçəndən sonra şöhrət qazandı. Rocers uzun illər ərzində vodevillərdə statist qismində, bir kəlmə belə demədən çıxış edirdi. O, eləcə heç bir uğur qazanmazdı, əgər özündə yumoristik əhvalatları danışmaq vergisini aşkar etməsəydi.

Meri Marqaret Makbrayd ilk dəfə radioda çıxış eləməyə başlayanda özü üçün komik irlandiyalı aktrisa ampluasını seçmişdi və uğursuzluğa düçar olmuşdu. O, özünü – Missuridən olan sadə kənd qızını – oynamağa başlayanda isə Nyu-York radiosunun ən populyar ulduzlarından biri oldu.

Cin Otri özünün Texas ləhcəsindən yaxa qurtarmağa çalışanda və Nyu- Yorkdan olduğunu bildirəndə adamlar yalnız onun arxasınca gülüşürdülər. Amma o, bancosunda çalmağa və kovboy balladaları ifa etməyə başlayanda isə karyerasının başlanğıcını qoydu. Otri həm kinoda, həm də radioda dünyanın ən populyar kovboyu oldu.

Siz bu dünyada tamamilə yeni bir varlıqsınız. Buna sevinin. Təbiətin sizə verdiyini ən yaxşı surətdə istifadə edin. Hər bir sənət son nəticədə avtobioqrafikdir. Siz yalnız öz səsinizlə oxuya bilərsiniz. Siz yalnız öz əlinizlə rəsm çəkə bilərsiniz. Siz gərək öz təcrübənizin, öz mühitinizin və irsən keçən mirasın sizi etdiyi kimi olasınız. Nə baş verirsə versin, siz öz kiçik bağçanızı becərməlisiniz. Nə baş verirsə versin, siz bu həyat orkestrində öz balaca alətinizdə ifa etməlisiniz.

Emerson müəllifi olduğu “Özünə qarşı etibar” essesində yazırdı:

“Hər bir insanın mənəvi həyatında belə bir məqam yetişir və o, bu əqidəyə çatır ki, paxıllıq cahillikdən doğur; təqlidetmə – intihardır; insan bunu istəsə və ya istəməsə də, onun üçün təyin olunmuş qismətlə barışmalıdır; kainatın onu hansı nemətlərlə ərköyünləşdirdiyinə baxmayaraq, o, özü üçün ayrılmış torpaq parçasını əkib-becərməsə, bir tikə çörəyini tapa bilməyəcək. Ona verilmiş qüvvələrin təbiətdə bənzəri yoxdur və özünün nəyə qadir olduğunu bilmək yalnız onun özünə verilib, bu isə o özünü sınamayana qədər bəlli olmayacaqdır”.

Emerson belə deyib. Duqlas Mellok isə bunu bax bu cür ifadə edib:

Təpənin başında şam ola bilmirsənsə əgər,

Dərədə xırda ağac ol, amma

Bulağın başında ən yaxşı xırda ağac ol;

Kol ol, ağac ola bilmirsənsə əgər.

Kol ola bilmirsənsə əgər, ot ol,

Və yolu elə daha da gözəlləşdir,

Durnabalığı ola bilmirsənsə, ol xanıbalığı –

Amma göldə ən gözəl xanıbalığı ol!

Kapitan ola bilmərik hamımız,

Kimsə matros da olsun gərək;

Hamımıza iş burda tapılar.

İş ola bilər böyük və kiçik.

Nə vacibdirsə, biz onu edək gərək.

Yol ola bilmirsənsə, cığır ol,

Günəş ola bilmirsənsə, ulduz ol;

Qalib və ya məğlub oluruq – bu deyil vacib,

Özümüzdə olan ən yaxşını göstərək gərək.

Özünüzdə həyata münasibətdə sizə rahatlıq gətirəcək və sizi narahat olmaqdan azad edəcək nöqteyi-nəzər formalaşdırmaq üçün beşinci qaydanı yerinə yetirin:

Başqalarını təqlid etməyin. Özünüzü tapın və özünüz olun.

Əgər sizə limon qismət olubsa, ondan limonad düzəldin

Bu kitabın üzərində işlədiyim mərhələdə mən bir dəfə Çikaqo Universitetində oldum və onun rektoru Robert Meynard Hatçinsonla söhbət etdim. Mən ondan narahatlığı necə adladığını soruşdum. O cavab verdi: “Mən həmişə “Sdirs, Roubik ənd Kompani” firmasının keçmiş prezidenti, mərhum Culius Rozenvaldın mənə verdiyi məsləhətə əməl etməyə çalışmışam: “Sənə çatan limon olubsa, ondan limonad düzəlt”.

Məşhur pedaqoq məhz elə bu cür də hərəkət edir. Amma axmaq əksinə hərəkət edir. Əgər axmaq görürsə ki, tale ona limon təqdim edib, o təslim olur və deyir: “Mən fiaskoya uğradım. Bu, taledir. Mənim heç bir şansım yoxdur”. Ardınca o, həyatdan gileylənməyə başlayır və özünə yazığı gəlməkdən ləzzət almaqda  avam edir. Amma limon ağıllı adama çatanda o deyir: “Mən bu xoşagəlməz haldan hansı dərsi ala bilərəm? Bu limonu mən limonada necə çevirim?”

Bütün həyatını insanın və onun həyat qüvvəsinin gizli ehtiyatlarının öyrənilməsinə həsr etmiş məşhur psixoloq Alfred Adler bildirir ki, “insanın ən heyrətamiz keyfiyyətlərindən biri onun mənfiləri müsbətə çevirə bilmək qabiliyyətidir”.

Mən sizə məhz bu cür hərəkət etmiş bir tanış xanımın maraqlı və ruhlandırıcı əhvalatını danışacağam. Onun adı Telma Tompsondur. “Müharibə dövründə, – deyə o, mənə danışırdı, – ərimi Nyu-Meksiko ştatında Mohave səhrasındakı hərbi təlim düşərgəsinə xidmətə təyin etmişdilər. Ondan ayrılmamaq üçün onunla birlikdə getdim. Mən bu yerə nifrət elədim. Burada hər şey məndə ikrah hissi doğururdu. Mən həyatımda heç vaxt bu qədər bədbəxt olmamışdım.

Ərimi Mohave səhrasında keçirilən hərbi təlimlərə göndərdilər və mən xırdaca evdə tamamilə tək qaldım. İstilər dözülməz idi – kaktusun kölgəsində Farengeyt üzrə 125 dərəcə. Yaxınlıqda söhbət edəcəyim bir kimsə yox idi. Ətrafdakılar yalnız ingiliscə danışa bilməyən meksikalılar və hindular idi. Külək aramsız əsirdi və yediyim xörəklərin hamısı və elə nəfəs aldığım havanın özü də dolu idi qumla, qumla, qumla!

Mən o qədər bədbəxt idim, özümə o qədər yazığım gəlirdi ki, valideynlərimə yazdım. Yazdım ki, artıq taqətim qalmayıb və mən evə qayıdıram. Yazdım ki, bütün bunlara artıq bir dəqiqə də tab gətirə bilmirəm. Həbsxanaya düşmək bundan yaxşıdır! Atam mənə cəmi iki sətirdən ibarət olan cavab məktubu göndərdi. Həmin iki sətir mənim yaddaşımda həkk oldu. Onlar mənim həyatımı tamamilə dəyişdi:

“Həbsxana barmaqlığından iki nəfər baxır.

Biri palçığı, o biri ulduzları görür”.

Bu sətirləri yenə və yenə oxuyurdum. Və öz hərəkətimə görə xəcalət çəkdim. Mən öz vəziyyətimdə müsbət nə isə tapmağı qərara aldım. Mən ulduzları görməyi qət elədim!

Tezliklə yerli sakinlərlə dostlaşdım və onların mənə münasibəti məni nisbətən sakitləşdirdi. Mən onların toxunma və keramik məmulatlarına maraq göstərəndə onlar turistlərə satmaqdan belə imtina etdikləri ən yaxşı məmulatlarını mənə bağışladılar. Mən möcüzəvi formalı kaktusları tanıdım: yukki və ağacgövdəli yukki. Çəmənlik itləri haqda özüm üçün çoxlu təzə şey öyrəndim. Səhrada günəşin qürub etməsinə tamaşa edir və milyon illərdir burada düşüb qalmış dəniz balıqqulaqlarını axtarırdım.

Məndə bu heyrətamiz dəyişiklikləri meydana çıxaran nə idi? Mohave səhrası dəyişməmişdi. Hindular həmin hindular idi. Mən özüm dəyişdim. Öz əqli əhvaliruhiyyəmi dəyişdim. Və bu minvalla mən ən işgəncəli həyəcanlarımı öz həyatımın ən maraqlı macərasına çevirdim. Mən yeni bir dünya kəşf elədim. O, məni həyəcanlandırır və ruhlandırırdı. Mən elə bir dərəcədə heyran qalmışdım ki, bu haqda kitab – “Gur işıqlandırılan istehkamlar” adı altında nəşr olunan roman yazdım. Mən özümün yaratdığım həbsxanadan boylandım və ulduzları gördüm”.

Telma Tompson, siz özünüz üçün qədim həqiqəti kəşf etmisiniz ki, bunu yunanlar bizim eramızdan beş yüz il əvvəl öyrədirdilər: “Ən yaxşı şeyləri düzəltmək hamısından çətindir”.

Harri Emerson Fosdik bunu iyirminci əsrdə yenidən təkrar etdi: “Xoşbəxtlik əsas etibarilə həzz deyil, əsasən, qələbədir bu”. Bəli, çətinliklərin adlanmasının nəticəsi kimi, öz limonlarımızı limonada çevirəndə triumfumuz kimi duyulan qələbə.

Bir dəfə mənə Florida ştatında bir xoşbəxt fermerin evində olmaq nəsib oldu. O hətta zəhərli limonu da limonada çevirə bilirdi. O, fermanı alanda başlanğıcda əlacsız hala düşmüşdü. Torpağın heç nəyə yararlı olmadığı aydın oldu. Onda nə meyvə yetişdirmək, nə də donuz saxlamaq mümkün idi. Sahədə yalnız çətiryarpaqlı palıd ağacları bitirdi, həm də ora zınqırovlu ilanlarla dolu idi. Lakin əvvəl-axır ona vəhy gəldi.
Mənfiləri müsbətə çevirsə, onda necə? Zınqırovlu ilanlardan fayda niyə də hasil edilməsin? Hamının heyrətinə rəğmən o, zınqırovlu ilanların ətinin konservləşdirilməsiylə məşğul olmağa başladı. Bir neçə il əvvəl mən onun fermasında oldum və öyrəndim ki, çoxlu turist bu, zınqırovlu ilan fermasını görməyə can atır. Bura hər il iyirmi min turist gəlirdi. Onun işi çiçəklənirdi. İlanların dişindən alınan zəhər laboratoriyalara göndərilir və antitoksik immun zərdabının hazırlanmasında istifadə olunurdu.

İlan dərisi əfsanəvi məbləğdə pula satılırdı. Onlardan qadın tuflisi və çantaları hazırlayırdılar. Mən zınqırovlu ilanın konservləşdirilmiş ətinin bütün dünya üzrə müştərilərə göndərildiyini gördüm. Üzərində fermanın mənzərəsi olan açıqca aldım və onu kəndin poçt şöbəsindən göndərdim; yeri gəlmişkən, kəndin adı dəyişdirilib, zəhərli limonu şirin limonada çevirmiş adamın şərəfinə “Zınqırovlu ilan” qoyulmuşdu.

Bütün Amerikanı eninə-uzununa gəzdiyimdən mənə “mənfini müsbətə çevirməkdə öz qabiliyyətlərini” göstərən onlarla kişi və qadınla görüşmək xoşbəxtliyi nəsib olub.

“Tanrılara qarşı on iki” kitabının müəllifi, mərhum Uilyam Bolito bunu aşağıdakı şəkildə ifadə etmişdir:

“Həyatda ən vacib olanı öz uğurlarını maksimal istifadə etməkdən ibarət deyil. Bunu hər bir axmaq bacarardı. Həqiqətən vacib olanı itkilərdən fayda hasil etməyi bacarmaqdır. Bu, ağıl tələb edir; ağıllı adam və axmaq arasında fərq də elə bundan ibarətdir”.

Bolito bu sözləri dəmiryol qəzasında ayağını itirəndən sonra demişdi. Amma mən bir nəfər tanıyıram ki, o, hər iki ayağını itirib və bu itkini bəs deyincə kompensasiya edə bilib. Onun adı Ben Fortsondur. Mən onunla Corciya ştatının Atlanta şəhərində liftdə tanış olmuşam.

Mən liftə qədəm qoyanda diqqətimi hər iki ayağı olmayan şən-şən gülümsəyən adam cəlb etdi. O, kreslo-arabacıqda liftin küncündə oturmuşdu. Lift onun mərtəbəsində dayananda o, nəzakətlə xahiş etdi ki, liftdən diyirlənib çıxmasına yol vermək üçün liftin o biri küncünə çəkilim. “Sizi narahat etdiyimə görə, – dedi o, – mən elə pərişanam ki” və bunu deyəndə onun sifətini qəlb qızdıran nurlu təbəssüm işıqlandırdı.

Liftdən çıxaraq öz otağıma getdim. Həyatsevər əlil haqda fikirlər məni heç rahat buraxmırdı. Buna görə də onu axtarıb tapdım və öz həyatı haqqında danışmağı xahiş elədim.

“Bu, 1929-cu ildə baş vermişdi, – deyə o, təbəssümlə hekayətini başladı. – Fındıq ağacının budaqlarını kəsməyə getmişdim, onları öz bağımda əkdiyim paxlalar üçün dirək kimi istifadə edəcəkdim. Kəsdiklərimi öz “forduma” yüklədim və evə yollandım. Birdən budaqlardan biri sürüşdü və elə mən kəskin döngəni burulan anda avtomobilin altına girdi və idarəetməni sıradan çıxartdı. Avtomobil sürətlə çəpərdən keçdi, məni isə bayıra tulladı və zərblə ağaca çırpdı. Mənim onurğam zədələndi. Ayaqlarım iflic oldu.

Bu, iyirmi dörd yaşım olanda baş vermişdi. O vaxtdan mən bir addım da atmamışam”.

İyirmi dörd yaşında o, ömürlük əlil arabasına məhkum edilmiş oldu! Mən ondan bunu belə mərdliklə necə yaşadığını soruşdum və o cavab verdi: “Əvvələvvəl bununla heç cür barışa bilmirdim”. O qəzəblənirdi və ümidsiz halda idi. O, taleyini daima lənətləyirdi. Lakin illər ürəkçəkənlikə keçirdi və o əmin oldu ki, qəzəbi ona əzazilləşməkdən başqa heç nə gətirmir. “Nəhayət, başqa adamların mənə mərhəmətini və diqqətini qiymətləndirdim, – dedi o. – Və qərara gəldim ki, əlimdən gəlib edə biləcəyim ən az olan – onlara münasibətdə mərhəmətli və diqqətli olmaqdır”.

Üstündən bu qədər il keçəndən sonra həmin hadisənin ömrünün ən qorxunc faciəsi hesab edib-etmədiyini ondan soruşdum və o, dərhal cavab verdi: “Xeyr”. O dedi: “Mən indi bunun baş verdiyinə, demək olar, şadam”. O, mənə danışdı ki, sarsıntını və qəzəbini adlayandan sonra başqa aləmdə yaşamağa başladı. O, mütaliəyə aludə oldu və yaxşı ədəbiyyatı sevməyə başladı.

On dörd il ərzində ən azı min dörd yüz kitab oxudu və bu kitablar onun qarşısında yeni üfüqlər açdı və onun həyatını özü nə vaxtsa mümkün hesab etdiyindən də artıq zənginləşdirdi. O, yaxşı musiqini dinləməyə başladı və keçmişdə onu darıxdıran möhtəşəm simfoniyalara indi heyran qalır. Lakin ən vacib dəyişiklik bu oldu ki, indi onun düşünüb-daşınmaq üçün vaxtı var idi.

“Həyatımda ilk dəfə idi ki, – dedi o, – mən dünyaya qərəzsiz baxmaq və dəyərlərin əsl mənasını duymaq halında idim. Mən anlamağa başladım ki, keçmişdə can atdıqlarım əsas etibarilə qara qəpiyə belə dəyməzdi”.

Mütaliə sayəsində o, siyasətlə maraqlanmağa başladı, ictimai problemləri öyrəndi və öz kreslosunda otura-otura iclaslarda çıxış edirdi. Tədricən çox sayda adamlarla tanış oldu və adamlar da onu tanıdılar. Hazırda Ben Fortson – əvvəlki tək öz kreslosunu tərk etməyən adam Corciya ştatının katibi vəzifəsindədir.

Mən son otuz beş il ərzində Nyu-Yorkda yaşlılar üçün kurslara rəhbərlik edirəm. Bu dövrdə aşkar etdim ki, dinləyicilərimdən bir çoxu kollecdə təhsil almadıqlarına görə dərin peşmançılıq hissi keçirir. Onlar ali təhsilin olmamasının, çox güman, böyük maneə olduğunu hesab edirlər. Mən bilirəm ki,

bu heç də həmişə belə deyildir, çünki mən yalnız orta məktəbi bitirmiş və bununla belə, həyatda çox uğur qazanmış minlərlə adam tanıyıram. Buna görə də belə dinləyicilərimə həmişə tanıdığım bir nəfərin əhvalatını danışıram. O heç başlanğıc məktəbi də bitirməmişdi. O, dəhşətli yoxsulluq içində böyümüşdü. Atası vəfat edəndə onun dəfn olunduğu tabutu almaq üçün dostları pul yığmalı olmuşdular. Atasının ölümündən sonra oğlanın anası çətir buraxılan fabrikdə işləyirdi. Qadın gündə on saat işləyir və üstəlik də evə saathesabı muzd müqabilində iş götürürdü. Evdə o, axşam saat on birə qədər işləyirdi.
Belə bir şəraitdə tərbiyə almış oğlan kilsənin nəzdindəki klubda təşkil olunmuş dram dərnəyində məşğələlərə aludə oldu. Səhnədə çıxış etmək onu elə coşdururdu ki, o, natiqlik sənətini mənimsəməyi qərara aldı. Bu, onu siyasətə gətirdi. Otuz yaşında o, Nyu-York ştatının legislaturasına seçildi. Lakin o, təəssüflər olsun, bu cür məsuliyyətli işə hazırlıqlı deyildi. O hətta mənə açıq etiraf da etdi ki, nəyin nə olduğu barədə heç bir anlayışı yox idi.

O, səs verməli olduğu uzun-uzadı mürəkkəb qanun layihələrini öyrənirdi – amma bu sənədlər də onun üçün anlaşılmaz idi. Hələ ilk dəfə meşədə olmaq ona nəsib olanadək, onu Meşə İşləri üzrə Komitənin üzvü edəndə bərk narahat olmuş və başını itirmişdi. Özünün bank hesabı heç olmadığı bir halda onu ştatın Bank Komissiyasının üzvü edəndə o, bərk narahat olmuş və başını itirmişdi. O, mənə etiraf etmişdi ki, tutduğu vəzifədən imtina etməyə hazır idi. Amma bunu anasına deməyə utanırdı və yalnız buna görə işləməkdə davam edirdi. Əlacsız qalaraq gündə on altı saat məşğul olmağı və özünün cahillik limonunu bilik limonadına çevirməyi qərara aldı. Nəticədə o, yerli siyasətçidən milli miqyaslı fiqura çevrildi və o qədər məşhurlaşdı ki, “Nyu-York Tayms” qəzeti onu “Nyu-Yorkun ən sevimli sakini” adlandırdı.

Mən sizə El Smit haqda danışıram.

El Smit siyasi cəhətdən özünütəhsillə bağlı proqramını yerinə yetirməyə başlayandan on il sonra Nyu-York ştatının administrasiyasında ən görkəmli şəxsiyyət oldu. O, dörd müddət Nyu-York ştatının qubernatoru postuna seçilmişdi – belə bir rekord heç kimdə olmamışdı. 1928-ci ildə o, Demokratlar Partiyasından prezidentliyə namizəd idi. Altı məşhur universitet, o cümlədən də Kolumbiya Universiteti və Harvard Universiteti yalnız başlanğıc məktəbi bitirmiş adama alimlik dərəcəsi vermişdi.

El Smit şəxsən özü mənə dedi ki, bütün bunlar onun inadkar əməyinin nəticəsi olub. Əgər o, hər gün on altı saat işləməsəydi, öz mənfisini müsbətə dəyişə bilməzdi.

Mən həyatda nailiyyət qazanmış insanların həyatını nə qədər çox öyrənirəmsə, bir o qədər çox əmin oluram ki, onlardan heyrətamiz qədər çoxu öz fəaliyyətinin başlanğıcındakı maneələrin sayəsində uğura nail olub. Məhz maneələr onları çox böyük səy göstərməyə vadar edib və nəticədə çox böyük mükafata gətirib çıxarıb. Uilyam Ceymsin dediyi kimi: “Bizim mənfi amillərimiz qəfildən bizə kömək edir”.

Bəli, ola bilsin, Milton kor olduğu üçün gözəl şeirlər yazırdı və ola bilsin, Bethoven kar olmasaydı, bu cür ecazkar musiqi yarada bilməzdi.

Elen Kellerin indiyədək əldə etdiyi nailiyyətləri onun kor və kar olması səbəbindən mümkün olub.

“Əgər mən bu qədər ümidsiz əlil olmasaydım, – deyə Yerdə həyatla bağlı yeni elmi konsepsiyanı işləmiş adam yazırdı, – mən öz üzərimə bu qədər böyük əziyyəti götürməz və belə bir uğura çatmazdım”. Beləcə, Çarlz Darvin etiraf edirdi ki, çatışmazlıqları ona kömək etdi.

İngiltərədə Çarlz Darvinin doğulduğu elə həmin gündəcə Kentukkinin meşələrində tirlərdən tikilmiş bir evdə başqa bir uşaq dünyaya gəldi. Maneələr ona da kömək elədi. Onun adı Linkoln – Avraam Linkoln idi. Əgər o, aristocrat ailədə tərbiyə almış olsaydı, ardınca isə Harvardda hüquq fakültəsini bitirsəydi və onun xoşbəxt ailə həyatı olsaydı, onda çox ola bilsin, onun qəlbinin dərinliklərində nə Gettisberqdə əbədiləşdirdiyi təsirli sözlər, nə özünün ikinci müddətə prezident vəzifəsinə keçdiyi gün oxuduğu müqəddəs poema – insanların hökmdarı tərəfindən nə vaxtsa söylənmiş ən gözəl və nəcib sözlər tapılmazdı: “Öz qəzəbimi heç kimə tuşlamadan, hamıya öz xoşniyyətli ürəyimlə müraciət edərək…”

Harri Emerson Fosdik özünün “Məğzi görmək qabiliyyəti” kitabında deyir: “Bir Skandinav məsəli var – “Şimal küləyi vikinqləri yaratdı” – bizlərdən çoxu onu öz həyatının devizi etməlidir”.

Biz nədən bu qənaətə gəlmişik ki, sakit, bolluca kefli həyat, çətinliklərin və qayğıların yoxluğu öz-özlüyündə insanları yaxşı və xoşbəxt edə bilər? Əksinə, özünə yazığı gəlməyə adət etmiş insanlar bunu hətta yumşaq balışın üstündə uzananda da etməkdə davam edir. Lakin bəşəriyyətin tarixində həmişə məşhurluq və xoşbəxtlik istənilən – yaxşı, pis və ortabab – şəraitdə baş verir, bir şərtlə, əgər insanlar üzərilərinə öz şəxsi məsuliyyətlərini götürürlərsə. Beləliklə, “Şimal küləyi vikinqləri yaratdı”.

Biz, ehtimal edək, o qədər ruhdan düşmüşük ki, öz limonlarımızı nə vaxtsa limonada çevirə biləcəyimizə hər cür ümidimizi itirmişik. Belə olan halda mən sizə iki səbəb göstərəcəyəm ki, biz nə üçün bunu etmək cəhdlərimizi istənilən halda davam etdirməliyik – bu iki səbəbə görə bizim istədiyimizə çatmaq və heç nə itirməmək üçün hər cür imkanımız var.

Birinci səbəb: bizim uğur qazanmaq ehtimalımız var.

İkinci səbəb: hətta biz çox uğurlu olmamışıqsa da, mənfini müsbətə çevirmək cəhdimizin öz-özlüyündə bizi geriyə boylanmağa deyil, irəliyə baxmağa məcbur edir, mənfi fikirlərimizi müsbətləri ilə sıxışdırıb çıxarır. bu, yaradıcı enerjimizi azad edir və bizi o qədər məşğul edəcəkdir ki, keçən və daha heç vaxt qayıtmayanla bağlı dərd çəkməyə nə vaxtımız, nə də meylimiz olmayacaq.

Dünya miqyasında məşhur skripkaçı Ole Bull bir dəfə konsertlə Parisdə çıxış edirdi və qəfildən onun skripkasının bir simi qırıldı. Lakin Ole Bull, sadəcə olaraq, melodiyanı üç simlə çalıb tamamladı. “Həyat belədir, – deyir Harri Emerson Fosdik, – o, bizi melodiyanı simin biri sıradan çıxanda üç simlə çalıb tamamlamağa məcbur edir”.

Yalnız həyat deyil belə. Bu, həyatın özündən də böyükdür! Bu, qalib gələn həyatdır!

Əgər mənim belə bir imkanım olsaydı, Uilyam Bolitonun bu sözlərini bürüncün üzərində həkk etdirib əbədiləşdirə və onu ölkənin hər bir məktəbində asardım:

“Həyatda ən vacib olanı öz uğurlarını maksimal istifadə etməkdən ibarət deyildir. Bunu hər bir axmaq bacarardı. Həqiqətən vacib olanı itkilərdən fayda hasil etməyi bacarmaqdır. Bu, ağıl tələb edir; ağıllı adam və axmaq arasında fərq də elə bundan ibarətdir”.

Beləliklə, özümüzdə həyata münasibətdə sizə rahatlıq gətirəcək və narahat olmaqdan azad edəcək nöqteyi-nəzər formalaşdırmaq üçün altıncı qaydanı tətbiq etməyə cəhd edək:

Tale sizə limon təqdim edəndə ondan limonad düzəltməyə çalışın.

Melanxoliyanı on dörd gün ərzində necə müalicə etmək olar

Mən bu kitabı yazmağa başlayaraq, “Mən narahatlığı necə adladım” mövzusunda ən faydalı və ruhlandırıcı hekayə ilə bağlı konkurs keçirməyi qərara aldım. Belə bir hekayəyə iki yüz dollar təklif etdim.

Konkursun üç hakimi təyin olundu: “İstern Erlayns” kompaniyasının prezidenti Eddi Rikkenbakker, Linkoln adına Memorial Universitetin rektoru doktor Styuart U.Makklelland və radioda siyasi icmalçı H.V.Kaltenborn. Biz çoxlu hekayə aldıq. Bu hekayələr əksərən yaxşı olduğundan hakimlər hər hansı birinə xüsusi üstünlük verə bilmədilər. Buna görə də biz mükafatı böldük. İndi mən size onlardan biriylə tanış edəcəyəm. Onu S.R.Byorton göndərib (o, Missuri ştatı, Sprinqfild şəhərində “Uizzer” avtomobillərinin satışı üzrə firmada işləyir).

“Doqquz yaşım olanda anamı itirdim, on iki yaşında isə atasız qaldım, – cənab Byorton yazır. – Atam həlak oldu, anam isə on doqquz il əvvəl bir dəfə, sadəcə olaraq, evdən çıxıb getdi və həmin vaxtdan onu heç vaxt görməmişəm. Onun özü ilə apardığı balaca bacılarımı da daha görməmişəm. O çıxıb gedəndən yalnız yeddi il sonra mənə məktub yazdı. Anam gedəndən üç il sonra atam bədbəxt hadisə nəticəsində həlak oldu.

O və onun tərəf-müqabili Missuri ştatının bir kiçik şəhərciyində kafe almışdılar və atam işgüzar səfərdə olan vaxt onun tərəf-müqabili kafeni satıb, bütün pulları götürərək yox olmuşdu. Dostlarından biri atama teleqram göndərmişdi ki, o, təcili evə qayıtsın. Atam çox tələsirdi və Kanzas ştatı, Salinase yaxınlığında avtomobil qəzasında həlak oldu. Onun iki bacısı var idi. Onlar yoxsul, xəstə və qoca idilər. Buna baxmayaraq, onlar bizim ailədən üç uşağı özlərinə götürdülər. Bircə mən və kiçik qardaşım heç kimə lazım olmadıq.

Biz şəhər hakimiyyətinin qəyyumluğunda saxlandıq. Bizi daim qorxu təqib edirdi ki, bizimlə yetimlər kimi davranacaqlar. Tezliklə elə bu cür də oldu. Məni müəyyən müddətə yoxsul bir ailə tərbiyəyə götürdü. Amma zəmanə ağır idi, ailənin başçısı işini itirdi və onlar artıq məni saxlaya bilmirdilər. Sonra mən cənab və missis Loftinlərin fermasında yaşamalı oldum. Onların ferması şəhərdən on bir mil məsafədə yerləşirdi. cənab Loftinin yetmiş yaşı var idi və o, yatağa pərçimlənmişdi. O, mənə öz evində yaşamağa icazə verdi və bununla bahəm, tələb etdi ki, yalan danışmayım, oğurluq etməyim və sözə baxım.

Bu üç vəsiyyət mənim İncilim oldu, mən onlara çox ciddi əməl edirdim. Məktəbdə oxumağa başladım, amma artıq bir həftədən sonra evdə qaldım və balaca uşaq kimi ağlayırdım. Uşaqlar məni ələ salır, məni böyük burnuma görə cırnadır, deyirdilər ki, mən kütbeyinəm və məni “yetim balası” adlandırırdılar. Onların təhqirlərini ürəyimə salırdım və həmişə onlarla dalaşmaq istəyirdim. Amma cənab Loftinin – məni öz tərbiyəsinə götürən fermerin sözləri heç vaxt yadımdan çıxmadı: “Həmişə yadında saxla ki, mübarizədən imtina etmək sənin üstünə hücum edən rəqibə eyni cür cavab verməkdən daha çox mərdlik tələb edir”.

Mən dalaşmağa girişmirdim, amma bir dəfə bizim sinifdən olan oğlan məktəbin həyətində toyuğun peyinini götürdü və onu mənim sifətimə atdı. Mən onu yarımcan olana qədər döydüm və iki dost qazandım. Onlar dedilər ki, o, buna layiq idi.

Bir dəfə missis Loftin mənə papaq almışdı, onunla çox qürrələnirdim. Yuxarı sinifdə oxuyan qızlardan biri papağı başımdan qapdı və onu su ilə doldurdu. Papaq tamamilə xarab olmuşdu. Qız dedi ki, papağı “mənim toyuq beynimin cızbız olmaması üçün mis alnımı islatmaqdan ötrü” su ilə doldurub.

Məktəbdə heç vaxt ağlamırdım, amma evdə göz yaşları məni boğurdu. Və onda missis Loftin mənə həyəcanlarımın hamısını yox edən və düşmənlərimi dostlarıma çevirən bir məsləhət verdi: “Ralf, əgər sən uşaqlarla maraqlansan və onlar üçün nə isə faydalı və xoş bir şey eləməyə çalışsan, onlar səni heç vaxt cırnatmayacaq və “yetim balası” adlandırmayacaqlar”. Mən onun məsləhətinə əməl etdim. Mən cidd-cəhdlə məşğul olurdum və tezliklə ən yaxşı şagird oldum. Amma heç kim mənim paxıllığımı çəkmirdi, çünki var gücümlə başqa uşaqlara kömək eləməyə çalışırdım.

Mən bir neçə oğlana ifadə və inşa yazmaqda kömək edirdim. Onlardan bir neçəsi üçün məruzələrini büsbütün mən yazırdım. Bizim sinfin şagirdlərindən biri öz valideynlərinə deməyə utanırdı ki, mən ona kömək edirəm. Buna görə də, bir qayda olaraq, o, bizə gələndə anasına deyirdi ki, opossum ovlamağa gedir. Bəzən də o, cənab Loftinin fermasına gəlir, öz itlərini sarayda bağlayır və mən ona dərslərinə hazırlaşmaqda kömək edirdim. Bir şagird üçün kitabların icmalını yazırdım və bir neçə axşamı bir qıza riyaziyyat üzrə kömək etmişdim.

Bizim qonşuluğumuzda iki ölüm hadisəsi baş verdi. İki qoca fermer vəfat etdi, bir qadını isə əri atıb getdi. Mən dörd ailədə yeganə kişi qaldım. Bu dul qadınlara iki il kömək etdim. Məktəbə gedəndə və evə qayıdanda onların fermasına baş çəkir, onlar üçün odun doğrayır, inəkləri sağır, heyvanlara su içirdir və yemləyirdim. İndi ətrafımda hamı mənə xeyir-dua edir və heç kim məni söymürdü. Məni hər yerdə dost kimi qəbul edirdilər.

Donanmada xidmətdən sonra evə qayıdanda onlar öz hisslərini əyani şəkildə ifadə etdilər. Evə qayıtdığım elə birinci gündəcə mənə baş çəkməyə iki yüz nəfərdən çox fermer gəldi. Onlardan bəziləri səksən milə yaxın məsafə qət etmişdi və məni görəndə onların sevinci tamamilə səmimi idi. Mən az narahat olurdum, çünki başqa adamlara kömək etməyə səy göstərərək daim məşğul idim. Və bu, mənə böyük xoşbəxtlik gətirirdi. Budur, artıq on üç ildir heç kim məni “yetim balası” adlandırmır”.

Mister Byortona eşq olsun! O, dostları necə qazanmaq lazım olduğunu bilir! O həm də narahatlığı necə adlamaq və həyatdan necə zövq almağı bacarır.

Vaşinqton ştatı, Sietl şəhərindən olan mərhum doktor Frenk Lup eynilə bu cür hərəkət edirdi. O, iyirmi il ərzində əlil idi. Artrit. Amma “Sietl Star” qəzetinin müxbiri Styuart Uithaus mənə yazırdı: “Mən doktor Lupdan dəfələrlə müsahibə almışam; və bu cür qeyri-eqoistik, özü də həyatdan hər şeyi alan qeyri-eqoistik adamla ömrümdə heç vaxt rastlaşmamışam”.

Necə ola bilərdi ki, yatağa pərçimlənmiş əlil “həyatdan hər şeyi ala bilirdi?!” Sizə bunun cavabını deməyə iki imkan verirəm. O, daim həyatından gileylənir və hamını mühakimə edirdi? Yox… O özünə yazığı gəlməkdən həzz alır və ətrafında olanların hamısından özünə diqqət göstərməyi tələb edirdi? Yox. Yenə də doğru deyil.

O, həyatın sevincini bunun sayəsində dərk elədi ki, Uels şahzadəsinin gerbində həkk edilmiş alman dilində olan yazını öz devizi etdi: “İch dien” – “Mən xidmət edirəm”. Doktor Lup başqa əlillərin familiyalarını və ünvanlarını öyrənir və ümidverici məktublarla həm onları, həm də özünü ruhlandırırdı. O hətta əlillərin məktublaşma klubunu yaratmışdı və onları bir-birinə məktub yazmağa sövq edirdi. O, əvvəl-axır “Qapanmışlar Cəmiyyəti” adlandırılan milli təşkilat yaratdı.

Yataqda uzana-uzana o, ildə min dörd yüzə yaxın məktub yazır və minlərlə əlilə sevinc bəxş edir, xarici dünyadan təcrid olunmuş əlillər üçün radioqəbuledici və kitab əldə edirdi.

Doktor Lupla bir çox başqa adamların arasında əsas fərq nədədir? Yalnız bircə şeydə: onlardan fərqli olaraq, doktor Lupun qəlbi ali məqsəd, nəcib işin nuru ilə işıqlandırılıb. O, Şounun ifadə etdiyi kimi, “onu xoşbəxt etməyə özünü həsr eləmək istəməyən dünyadan şikayətlənən, xəstəliklərin və incikliklərin eqosentrik yumağı olmaq” əvəzinə, həyatının özündən qat-qat əhəmiyyətli olan ideyaya tabe olduğunu dərk etməkdən sevinirdi.

Məşhur psixiatrın qələmi altından çıxan, mənə oxumaq nəsib olmuş ən heyrətamiz fikir bax budur. Bu müddəa Alfred Adler tərəfindən irəli sürülmüşdür. O, melanxoliyadan əziyyət çəkən pasientlərinə, adətən, deyirdi: “Siz əgər bu reseptə riayət edərsinizsə, on dörd gün ərzində müalicə oluna bilərsiniz: hər gün kimin isə xoşuna gələcək bir işi necə edə biləcəyinizi fikirləşməyə çalışın”.

Bu, həqiqətdən də, o qədər uzaq müddəa kimi səslənir ki, mən doctor Adlerin çox gözəl “Həyat sizin üçün nə demək olmalıdır” kitabından təqribən iki səhifəni sitat gətirməklə onu izah etməyi özümə borc bilirəm (yeri gəlmişkən, sizə həm də bu kitabı oxumağı məsləhət görürəm).

“Melanxoliya, – deyə Adler “Həyat sizin üçün nə demək olmalıdır” kitabında yazır, – ətrafdakılara qarşı yönəlmiş, pusquda duran qəzəb və qınaq kimidir, hərçənd pasient özünü – özünə qulluq göstərilməsini, özünə qarşı simpatiyanı və özünə dəstəyi təmin eləmək naminə – yalnız öz günahına görə sıxıntı keçirən adam kimi qələmə verir. Pasientin ilk xatirələri təqribən bu cür olur: “Yadımdadır, mən taxtda uzanmaq istəyirdim, amma orada qardaşım uzanmışdı. Mən elə haray-həşir saldım ki, o, yerindən qalxmağa məcbur oldu”.

Melanxoliklər özlərinin qisasını almaq üçün çox vaxt intihar etməyə meyilli olurlar və həkimin qeydinə qalmalı olduğu birinci növbəli iş onlara intihar etmək üçün bəhanə verməməkdən ibarətdir. Şəxsən mən ümumi gərginliyi zəiflətmək üçün müalicədə ilk qayda olaraq təklif edirəm: “O şeyi ki istəmirsiniz, onu heç vaxt etməyin”. Bu çox təvazökar görünür, lakin hesab edirəm ki, bu, bütövlükdə problemin məğzinə toxunur.

Əgər melanxolikə istədiyi hər şeyi eləmək imkanı verilərsə, onda o axı kimi ittiham edə biləcəkdir? O, nəyə görə qisas almalıdır? “Əgər siz teatra getmək istəyirsinizsə, – deyirlər melanxolikə, – və ya istirahətə yollanmaq könlünüzdən keçirsə, bu cür də edin. Əgər yolda hiss etsəniz ki, bunu artıq istəmirsiniz, onda bunu etməyin”. Bu, kiminsə düşə biləcəyi ən yaxşı vəziyyətdir. Bu, pasientin öz üstünlüyünü təsbit etmək niyyətini tamamilə qane edir. O, Tanrı kimidir və ürəyi istəyən hər şeyi edə bilər.

Digər tərəfdən, bu, onun həyat stilinə çox asan daxil olur. O, dominant təşkil etmək və başqalarını ittiham eləmək istəyir, amma əgər onlar onunla razılaşırlarsa, onda onların üzərində dominantlıq etmək imkanı olmur. Bu qayda böyük yardımçıdır və mənim pasientlərim arasında bir dəfə də olsun intihar hadisəsi baş verməyib.

Adətən, pasient cavab verir: “Axı mən heç nə eləmək istəmirəm”. Mən artıq bu cavaba hazırlaşmışam, çünki onu dəfələrlə eşitmişəm. “Onda sizin xoşunuza gəlməyən heç nə etməyin”, – deyirəm mən. Hərdən görürsən pasient belə cavab verir: “Mən bütün günü yataqda uzanmaq istəyərdim”. Mən bilirəm ki, əgər mən icazə versəm, onda o, bunu artıq istəməyəcək. Bilirəm ki, əgər buna mane olsam, onda o, qalmaqal qaldıracaqdır. Həmişə razılaşıram.

Bu bir qaydadır. O biri qayda onların həyat stilinə daha çox təsir göstərir. Onlara deyirəm: “Siz əgər bu reseptə riayət etmiş olarsınızsa, on dörd günə müalicə oluna bilərsiniz. Hər gün kiminsə xoşuna gələcək bir işi necə edə biləcəyinizi fikirləşməyə çalışın”.

Bu, onlar üçün görün nə deməkdir. Onları məşğul edən bu fikirdir: “Necə edim ki, kiminsə qanını qaraldım”. Cavablar çox maraqlıdır. Bəziləri (kiminsə xoşuna gələcək bir işi necə edə biləcəkləriylə bağlı təklifə cavab olaraq) deyir: “Bu, mənim üçün çox asan olacaq. Mən bunu bütün ömrüm boyu edirəm”. Onlar bunu heç vaxt etməyiblər. Mən onlardan xahiş edirəm ki, bu haqda bir də fikirləşsinlər. Amma onlar bu haqda bir dəfə də fikirləşmirlər. Onda mən onlara deyirəm:

“Siz yuxuya getmək halında olmayanda bu vaxtın hamısını kiminsə xoşuna gələcək nə isə bir işi necə etmək haqda fikirlərə sərf edin və bu, sizing sağlamlığınızın yaxşılaşmasına doğru böyük addım olacaq”. Növbəti gün mən onlarla qarşılaşanda soruşuram: “Sizə məsləhət gördüyüm haqda fikirləşmisinizmi?” Onlar cavab verirlər: “Dünən axşam mən yatağa uzanan kimi dərhal yuxuya getdim”. Bütün bunlar, aydın məsələdir ki, sırımaq kimi yox, dostcasına, öz üstünlüyünə cüzi də olsun eyham etmədən baş verməlidir.

Başqaları belə cavab verəcək: “Mən bunu heç vaxt edə bilməyəcəyəm. Mən o qədər narahatam ki”. Mən onlara deyirəm: “Narahat olmağa ara verməyin; amma eyni zamanda da siz hərdən başqaları haqda da fikirləşə bilərsiniz”. Mən həmişə onlarda öz yaxınlarına münasibətdə maraq oyatmaq istəyirəm. Bir çoxu deyir: “Mən başqalarına xoş olanı axı nə üçün etməliyəm? Başqaları mənə xoş olanı eləməyə cəhd etmir axı”. “Siz öz sağlamlığınız barədə fikirləşməlisiniz, – mən cavab verirəm. – Başqaları sonralar əzab çəkəcəklər”. Fövqəladə dərəcədə nadir hallarda belə pasientlə rastlaşmışam ki, o, belə demiş olsun: “Sizin məsləhət etdiyiniz haqda mən fikirləşdim”.

Mənim səylərimin hamısı buna yönəlmişdir ki, pasientin sosial maraqları genişlənsin. Mən bilirəm ki, onun xəstəliyinin əsl səbəbi – onun tərəfindən əməkdaşlığın yoxluğudur və mən istəyirəm ki, bunu o özü də görsün. O yaxınları ilə bərabərlik əsasında ünsiyyətdə olmaq və əməkdaşlıq etmək halında olan kimi o sağalıb… Dinin buyurduğu ən vacib tələb həmişə bu olub: “Öz yaxınını sev…” Məhz öz yaxınına maraq göstərməyən adam həyatda çox böyük çətinliklərlə üzləşir və başqalarına çox böyük ziyan vurur.

Uğursuz insanların hamısı məhz belə şəxsiyyətlərin arasından gəlir… İnsana olan tələblərimizin hamısı və bizim ona edə biləcəyimiz ən böyük tərif aşağıdakından ibarətdir: o, başqaları ilə birlikdə işləməyi bacarmalı, bütün insanlara dostcasına münasibətdə olmalı və sevgi və nikahda etibarlı yol yoldaşı olmalıdır”.

Doktor Adler həm də təkid edir ki, biz hər gün xeyirxah iş görməliyik. Bəs xeyirxah iş nədir? Məhəmməd Peyğəmbər deyib: “Xeyirxah iş – başqa adamın çöhrəsində sevinc təbəssümü doğuran əməldir”.

Hər gün əgər xeyirxah iş görülərsə, bu, onu edən adama nə üçün bu qədər heyrətamiz təsir göstərir? Ona görə ki başqalarına zövq vermək istəyi bizə özümüz haqda fikirləşməyə imkan vermir, narahatlığın, qorxunun və melanxoliyanın isə əsas səbəbi məhz elə budur.

Bu minvalla özlərini unudaraq sağlamlıq və xoşbəxtlik əldə etmiş insanların hekayətlərindən mən bütöv bir kitab tərtib edə bilərdim. Məsələn, gəlin Marqaret Teylor Yeytsin – Amerika Hərbi Dəniz Donanmasında ən populyar qadınlardan birinin həyatı haqqında əhvalatla tanış olaq.

Mister Yeyts romanlar yazır, amma onun detektivlərindən heç biri özündə yaponların Perl-Harborda Amerika gəmilərinə zərbə endirdikləri faciəvi gün onun başına gələnlərin əsl tarixçəsinin doğurduğu marağın heç yarısını da ehtiva etmir. Missis Yeyts bir ildən çox müddət ərzində əlil idi: onun ürəyi xəstə idi. Hər iyirmi dörd saatın iyirmi ikisini o, yataqda keçirirdi. Onun ən uzun səyahəti günəş vannaları qəbul etmək üçün bağçada etdiyi gəzintilər idi. Hətta bağçaya çıxanda da o, qulluqçunun əlinə söykənməli olurdu.

Onun mənə danışdığı kimi, həmin günlər ona belə gəlirdi ki, ömürlük şikəst qalacaq. “Mən heç vaxt sağalmazdım, – dedi o mənə, – əgər yaponlar Perl-Harbora hücum etməsəydilər. Onlar gözlənilmədən məni dinclik halından çıxartdılar”.

“Bu baş verəndə, – missis Yeyts davam edirdi, – ətrafda hər yerdə xaos və çaşqınlıq hökm sürürdü. Mərmilərdən biri lap evimin yanında partladı və ev bundan elə lərzəyə gəldi ki, məni çarpayımdan tulladı. Hərbi yük maşınları tələsik Hikem-Fild aerodromuna, Skoufilddəki kazarmalara və Keniohe-Beydəki aviabazaya tərəf yollandı ki, quru və dəniz qoşunları əsgərlərinin həyat yoldaşlarını və uşaqlarını oradan çıxarsınlar və məktəbin binasında yerləşdirsinlər.

Qırmızı Xaçın işçiləri boş otağı olanlardan telefonla xahiş elədilər ki, onlar evakuasiya edilənləri qəbul etsinlər. Onlar mənim çarpayımın yanında telefon olduğunu bilirdilər; buna görə də məndən hərbi qulluqçuların ailələrinin evakuasiya olunması haqda informasiyanı ötürməyi xahiş etdilər. Mən, piyadaların və dənizçilərin həyat yoldaşlarının və uşaqlarının harada yerləşdirildiyi haqda bütün informasiyanı toplayırdım. Hərbi qulluqçuların hamısına təlimat verilmişdi ki, ailələrinin harada yerləşdirildiyi ilə bağlı informasiya almaq üçün mənə müraciət etsinlər.

Tezliklə xəbər tutdum ki, ərim, ikinci dərəcəli kapitan Robert Reley Yeytsə heç nə olmayıb. Mən ərlərinin başına nə gəldiyini, onların sağ və ya həlak olduqlarını bilməyən həyat yoldaşlarını sakitləşdirməyə çalışırdım. Ərləri həlak olan dul qadınlara təsəlli verməyə cəhd edirdim. Belələri isə az deyildi. Donanmada və dəniz piyadaları arasında 2117 zabit və sıravi öldürülmüş, 960 nəfər isə itkin düşmüşdü.

Telefon zənglərinə əvvəl yataqda uzanmış vəziyyətdə cavab verirdim. Sonra isə zənglərə oturaraq cavab verməyə başladım. Nəhayət, iş başımı o qədər qatdı və o qədər əl-ayağa düşdüm ki, zəifliyim yadımdan çıxdı, yataqdan qalxdım və stolun arxasında oturdum. Özümdən çox əzab çəkənlərlə bağlı göstərdiyim qayğı sayəsində xəstəliyimi unuda bildim. O vaxtdan etibarən yataqda yalnız yuxu üçün ayrılan səkkiz saatı keçirirəm.

İndi başa düşürəm ki, əgər yaponlar Perl-Harbora hücum etməsəydilər, bütün ömrüm boyu yarıəlil qalacaqdım. Vaxtımı çarpayıda keçirmək mənə xoş idi. Mənə daima qulluq edirdilər və indi mənə aydındır ki, günbəgün, özümdən asılı olmadan yaşamaq iradəmi, sağalmağım üçün mübarizə aparmaq qabiliyyətimi itirirdim.

Perl-Harbor üzərinə hücum Amerikanın tarixində ən böyük faciələrdən biri idi. Lakin şəxsən mənim üçün o ən əlamətdar hadisələrdən biri oldu. Bu dəhşətli böhran mənə qüvvə verdi. Mənim diqqətim öz əzablarımdan yayındırıldı və başqa adamların üzərində cəmləşdirildi. Bu, mənim həyatıma dərin və əhəmiyyətli məna verdi. Mənim bundan sonra özüm haqda fikirləşməyə və öz qayğımı çəkməyə vaxtım olmadı”.

Kömək dalınca psixiatrın yanına cuman adamların üçdə ikisi Marqaret Yeysin nümunəsini təkrar etmiş olsaydılar, ola bilsin, özləri özlərini sağalda bilərdilər. Onlar sağalardılar, əgər diqqətlərini başqalarına kömək etmək üzərində cəmləsəydilər. Mənim ideyamdır? Bu, Karl Yunqun dediyidir təqribən. Bunu ondan yaxşı kim bilər axı? O deyib: “Mənim pasientlərimin ən azı üçdəbiri kliniki diaqnoz qoyulan nevrozdan yox, həyatın mənasızlığından və boşluğundan əziyyət çəkir”.

Başqa sözlə deyilərsə, onlar istəyirlər ki, həyatda kimsə onları özü ilə aparsın, amma həyat onların yanından ötüb-keçir. Və onlar psixiatrın yanına tələsib, özlərinin məhdud, mənasız və boş həyatlarından şikayətlənirlər. Gəmi onlarsız çıxıb gedir, onlar limanda qalıb, özlərindən başqa hamını mühakimə edir və bütün dünyanın öz eqoistik istəklərinə “baş üstə” deməsini tələb edirlər.

Bəlkə də indi siz özünüzə deyirsiniz: “Hə də, əlbəttə, bu hekayətlər məndə dərin təəssürat yaratmadı. Əgər mən Perl-Harborda olsaydım, onda məmnuniyyətlə Marqaret Yeyts kimi hərəkət edərdim. Lakin məndə hər şey başqa cürdür: mənim həyatım ən adi və birxətlidir. Mən hər gün səkkiz saat ərzində darıxdırıcı işlə məşğul oluram. Həyatımda dramatik heç nə baş vermir. Axı mən başqalarına kömək etməyə necə aludə ola bilərəm? Bu, mənə nə verərdi?”

Sual tamamilə ədalətlidir. Ona cavab verməyə çalışıram. Bəli, sizin həyatınız birxətlidir, lakin siz hər gün, yəqin ki, hansısa adamlarla rastlaşırsınız. Bəs siz onlar üçün nəsə edirsiniz? Siz, sadəcə olaraq, onların yanından keçib gedirsiniz, yoxsa onları nəyin həyəcanlandırdığını öyrənməyə çalışırsınız? Məsələn, siz hər gün poçtalyonla qarşılaşırsınız. O, hər il yüzlərlə mil məsafə qət edir ki, sizə poçtu çatdırsın. Heç olmasa bir dəfə onun harada yaşadığı ilə maraqlanmısınız, onun həyat yoldaşının və uşaqlarının fotoşəklinə baxmaq arzunuzu ifadə etmisiniz? Öz işindən yorulub-yorulmadığını, bu işin onu bezdirib-bezdirmədiyini ondan soruşmusunuz?

Hər gün baqqal dükanında cavan satıcını, qəzet satıcısını və tində oturub çəkmələrinizi parıldadan ayaqqabı təmizləyən oğlanı görürsünüz. Axı onlar da insandır və hər birinin öz problemləri, arzuları və can atdıqları nə isə var. Onlar da bunları kiminləsə bölüşmək istəyərdilər. Məgər siz onlara nə vaxtsa belə bir imkan verirsiniz? Məgər siz nə vaxtsa onların şəxsiyyətinə və həyatlarına canlı, səmimi maraq göstərirsiniz?

Mən məhz elə bunu nəzərdə tuturam. Axı dünyanı – sizin şəxsi dünyanızı yaxşılaşdırmaq üçün qətiyyən vacib deyil ki, Florens Naytingeyl və ya sosial islahatçı olasan; siz bunu sabah səhər hər gün ünsiyyətdə olduğunuz adamlardan başlaya bilərsiniz!

Bu, sizə nə gətirəcək? Böyük xoşbəxtlik! Böyük məmnunluq, özünüzlə fəxr edə biləcəksiniz! Aristotel bu cür davranışı “tərəqqipərvər eqoizm” adlandırmışdı. Zərdüşt demişdi: “Başqalarına xeyirxahlıq etmək – bu, vəzifə deyil. Bu – sevincdir, zira bu, sağlamlığı yaxşılaşdırır və xoşbəxtliyi çoxaldır”. Bencamin Franklin isə bunun xülasəsini çox sadə vermişdi. “Siz başqaları üçün xeyirxah iş görəndə, – demişdi o, – ilk növbədə özünüzə xeyirxahlıq etmiş olursunuz”.

“Psixologiyanın, mənim rəyimə görə, heç bir müasir kəşfi yoxdur ki, – Nyu- Yorkda Psixoloji Xidmət Mərkəzinin direktoru Henri S.Link yazır, – bu kəşf insanın özünü realizə etməsi və xoşbəxt olması üçün özünüifadənin və intizamın zəruriliyinin elmi cəhətdən sübut olunması qədər vacib əhəmiyyət kəsb etmiş olsun”.

Başqaları barədə qayğı təkcə sizin diqqətinizi özünüzlə bağlı narahatlıqdan yayındırmayacaq, o həm də sizə çoxlu dost qazanmağa və həyatdan bolluca zövq almağa kömək edəcək. Nə cür? Bu sualla mən bir dəfə Yel Universitetinin professoru Uilyam Layon Felpsə müraciət elədim. Onun mənə cavabı belə oldu:

“Mən hotelə, bərbərxanaya və ya mağazaya gələndə qarşılaşdığım hər bir kəsə mütləq nə isə xoş bir söz deyirəm. Mən hər bir kəsə onu şəxsiyyət kimi səciyyələndirən nə isə deməyə çalışıram ki, o özünü, sadəcə olaraq, maşının bir vintciyi kimi hiss etməsin. Elə olur ki, bəzən mağazada mənə xidmət göstərən satıcı qıza kompliment deyirəm. Onun gözəl gözləri və ya saçları ilə bağlı heyranlığımı ifadə edirəm.

Bərbərdən bütün günü ayaq üstə dayanmağın onu yorub-yormadığını soruşuram. Bundan başqa, onun bu peşəyə necə yiyələndiyini, neçə il işlədiyini və bu vaxt ərzində nə qədər saç düzəldə bildiyini soruşuram. Bunu hesablamaqda ona kömək edirəm. Nəzərimə çarpıb ki, özünə münasibətdə göstərilən maraq insanı xoşbəxtlikdən işıldamağa məcbur edir. Sakvoyajımı gətirən yükdaşıyanın əlini sıxıram. Bu, onda bütün gün üçün yaxşı əhvali-ruhiyyə və qıvraqlıq yaradır.

Bir dəfə həddən artıq isti yay günündə dəmiryol ekspressinin vaqon-restoranında səhər yeməyinə getdim. Adamlarla dolu olan vaqon sanki qızdırılmış soba idi, sərnişinlərə xidmət isə çox ləng həyata keçirilirdi. Ofisiant, nəhayət, menyunu mənə təqdim edəndə ona dedim: “İstidən odlanan mətbəxdə işləyən aşpazlara bu gün çox ağırdır”. Ofisiant əvvəl söyməyə başladı. O, incik tonla danışırdı. Əvvəl mənə belə gəldi ki, o hirslənir.

“Xeyirxah, hər şeyə qadir olan İlahi, – dedi o. – Adamlar bura gəlir və daima da yeməklərdən şikayət edirlər. Onlar ləng xidmət göstərilməsindən narazıdırlar və isti və qiymətlərdən gileylənirlər. Mən isə on doqquz ildir bu şikayətləri dinləyirəm. Siz qızmar plitənin qabağında işləyən aşpazların halına acıdığını ifadə edən birinci və yeganə adamsınız. Tanrıya dua edirəm ki, sizin kimi sərnişinlər bura çox gəlsin”.

Ofisiant ona görə heyrətlənmişdi ki, mən zənci-aşpazlara insan kimi yanaşmışdım. Mən onlara dəmir yolunun mürəkkəb mexanizmindəki vintciklər kimi yox, canlı insan kimi baxırdım”.

“İnsanlar, – deyə professor Felps davam edirdi, – özlərinə qarşı azacıq da olsa insani münasibətlərə möhtacdırlar. Mən küçə ilə gedəndə və gözəl it gəzdirən adam görəndə mütləq dayanır və heyranlığımı ifadə edirəm. Bir qədər qabağa keçib geri boylanıram və çox vaxt görürəm ki, həmin adam itini sığallayır. İtin gözəlliyinə valeh olmağım onun itə sevgisini bir az da gücləndirir.

Bir dəfə İngiltərədə çox böyük və ağıllı ovçarkası olan bir çobanla rastlaşdım. Mən itin gözəlliyindən həzz alırdım və bunu çobana dedim. Ondan iti necə tərbiyə etdiyi barədə danışmağı xahiş elədim. Çobandan müəyyən məsafəyə uzaqlaşanda və çiynim üstündən geri boylanaraq baxanda gördüm ki, it arxa pəncələri üstə qalxıb, qabaq pəncələrini çobanın çiyninə qoyub, o isə iti nəvazişlə sığallayır. Çobana və itinə maraq göstərməyim onu xoşbəxt etmişdi. Mən eləcə də iti və özümü xoşbəxt etdim”.

Yükdaşıyana əlini sıxmaqla minnətdarlığını bildirən, qızmar gündə od kimi yanan mətbəxdə işləyən aşpazların halına acıdığını ifadə edən, küçədə tanımadığı insanlara, onların itlərinə heyran olduğunu deyən bir şəxsin qaraqabaq və narahat adam olduğunu təsəvvür edə bilərsinizmi? Belə bir adamın psixiatrın köməyinə ehtiyacı varmı? Aydın məsələdir ki, xeyr. Çin məsəlində deyilir: “Qızılgüllər bağışlayan əldən həmişə onların ətri gəlir”.

Əgər siz kişi xeylağısınızsa, aşağıdakı abzasın üstündən keçin. O, size maraqlandırmayacaq. Bu abzasda narahatlıqdan başını itirmiş bədbəxt bir qızın bir neçə cavan oğlanın ürəyini necə fəth edə bildiyindən bəhs olunur. Onların hamısı ona ərə getmək təklifi etmişdi. İndi həmin qız nənə olub. Bir neçə il əvvəl mən onun əri ilə birlikdə yaşadıqları evdə olmuşdum. Mən onların şəhərində mühazirə ilə çıxış etməli idim. Növbəti gün o, məni avtomobilində dəmiryol stansiyasına apardı.

Mən burada Nyu-Yorka gedəcək qatara oturmağa hazırlaşırdım. Biz əlli milə qədər məsafə qət etdik və yolda bizim aramızda dostları necə qazanmaq barədə söhbət açıldı. Yol yoldaşım xanım dedi: “Mister Karnegi, mən sizə nə isə danışmağa hazırlaşıram. Bunu hələ heç kimə etiraf etməmişəm, hətta öz ərimə də”. Amma öz aramızdır, bu hekayət sizin üçün, çox güman ki, maraqlı olmayacaq.

“Uşaqlığımın və gəncliyimin faciəsi, – dedi o, – yoxsulluq idi. Biz heç vaxt mənim dairəmdən olan qızların ailələri kimi qəbullar təşkil edə bilmirdik. Mənim heç vaxt effektli paltarlarım olmayıb. Mən eyni bir paltarı uzun müddət geyinirdim, hətta böyüyüb onlar əynimə olmayana qədər. Onlar əynimə pis otururdu və köhnə dəbli idi. Özümü o qədər alçaldılmış hiss edir və o qədər utanırdım ki, gecələr çox vaxt ağlayırdım.

Nəhayət, son dərəcə əlacsız vəziyyətdə olduğum vaxt mənə vəhy gəldi. Mən tədbirlərdə öz kavalerlərimdən keçdikləri kəşməkəşlərdən, həyata baxışlarından və gələcək üçün planlarından danışmalarını xahiş etdim. Bu sualları ona görə vermirdim ki, onların cavabları məni bərk maraqlandırırdı. Xeyr. Mən bunu yalnız onların diqqətini əynimdəki köhnə dəbli paltardan yayındırmaq üçün edirdim. Amma qəribə bir şey baş verdi: bu cavan oğlanların özləri haqda danışdıqlarını mən nə qədər çox dinləyirdimsə və onların həyatları ilə bağlı nə qədər çox öyrənirdimsə, onlarla söhbət etmək mənə bir o qədər maraqlı olurdu.

Məni maraq özünə o qədər çəkirdi ki, çox vaxt əyin-başım özümün də yadımdan çıxırdı. Lakin qazancım bircə bu oldu: yaxşı dinləyici olduğuma və cavan oğlanları özləri haqda danışmağa şirnikləndirdiyimə görə onlar özlərini xoşbəxt hiss edirdilər. Beləliklə, mən həmyaşıdlarım olan qızların arasında tədricən ən böyük uğurun sahibi oldum və cavan oğlanların üçü mənə ona ərə getməyi təklif etdi”.

(Qızlar, cavan oğlanların ürəklərini fəth etməyi öyrənin!)

Bu fəsli oxuyanlardan bəziləri, çox güman, deyəcəklər: “Ətrafdakı adamlara münasibətdə maraqla bağlı bütün bu çərənləmə – büsbütün cəfəngiyatdır! Mənasız sayıqlamalardır! Bunların heç biri mənə yaramır! Mənə pul qazanmaq lazımdır ki, pul kisəm boş olmasın. Mən həyatdan hər bir kamı almaq niyyətindəyəm – özü də indi, içi boş olandan içində heç nə olmayana  tökübboşaltmaq cəhənnəm olsun!”

Nə etmək, əgər fikriniz belədirsə, sizin buna haqqınız var, lakin siz haqlısınızsa, belə olan təqdirdə, dahi filosoflar və din mürşidlərinin hamısı: İsa Məsih, Konfutsi, Budda, Platon, Aristotel, Sokrat, Müqəddəs Fransisk bəşəriyyətin yazılı tarixinin lap başlanğıcından dərin səhv edirlərmiş. Amma söhbət dini fikir dühalarının təlimlərindən gedəcəyi halda siz ikrahla güləcəyinizdən məsləhət üçün gəlin ateistlərə müraciət edək.

Gəlin məsləhət üçün müraciət edək “iyirminci əsrin ən məşhur ateisti” Teodor Drayzerə. Drayzer dinlərin hamısını onların nağıl olduğunu bildirərək məsxərəyə qoyurdu və hesab edirdi ki, həyat – bu, “axmağın öz eşitdiyini danışdığı povestdir: onda söz və ehtiras çoxdur, olmayan bircə mənadır”.

Bununla belə, Drayzer İsa Məsihin bir vəsiyyətinə – başqalarına xidmət etmək vəsiyyətinə heyran idi. “O (insan), özü üçün ayrılmış qısa yol kəsiyində heç olmasa hansısa bir sevinc dadmaq üçün, – deyir Drayzer, – fikirləşməli, yalnız özünün deyil, həm də başqalarının vəziyyətini necə yaxşılaşdırmaqla bağlı planlar qurmalıdır, çünki onun sevinci – özünün başqalarının sevincinə nə qədər şad olduğundan və başqalarının onun sevincindən nə qədər şad olduqlarından asılıdır”.

Əgər biz – Drayzerin təkid etdiyi kimi – “başqalarının vəziyyətini yaxşılaşdırmağa” hazırlaşırıqsa, onda tələsməliyik. Vaxt gedir. “Bu yoldan mən yalnız bir dəfə keçəcəyəm. Qoy onda mən elə indi hansı isə bir layiqli iş görüm və xeyirxahlıq göstərim. Qoy mən bunu etməyi təxirə salmayım və məqamı əldən buraxmayım, zira bu yoldan mən bir daha heç vaxt keçməyəcəyəm”.

Odur ki, əgər siz narahatlıqdan yaxa qurtarmaq və ruhi sakitlik əldə etmək istəyirsinizsə, yeddinci qaydanı yerinə yetirin:

Ətrafınızda olanlara münasibətdə marağınızı göstərməklə özünüz barədə hər şeyi yaddan çıxarın. Hər gün kiminsə çöhrəsində sevincli təbəssüm doğuracaq mərhəmətli bir iş görün.

Xülasə

Qayda 1: Öz beyninizi sakitlik, mərdlik, sağlamlıq və ümid haqda fikirlərlə doldurun, axı “bizim həyatımız – bizim onun haqqında nə fikirləşdiyimizdir”.

Qayda 2: Heç vaxt öz düşmənlərinizlə haqq-hesab çəkməyə çalışmayın, çünki bununla özünüzə onlardan qat-qat çox ziyan vuracaqsınız. General Eyzenhauer kimi hərəkət edin: sevmədiyiniz adamlar haqda heç bir dəqiqə də fikirləşməyin.

Qayda 3:

a.Qədirbilməzliyə görə fikir eləmək əvəzinə, buna hazır olun. Yadda saxlayın ki, İsa Məsih bir gündə on cüzamlı xəstəni sağaltdı və onlardan yalnız biri ona təşəkkür elədi. Bəs siz niyə Məsihin aldığından çox təşəkkür gözləyirsiniz?

b.Yadda saxlayın ki, xoşbəxtlik tapmağın yeganə üsulu – minnətdarlıq gözləməmək, mərhəmətli işləri bundan aldığınız sevinc naminə etməkdir.

c.Unutmayın, minnətdarlıq – insan xarakterinin tərbiyənin nəticəsi olan cəhətidir; buna görə də, əgər övladlarınızın qədirbilən olmaqlarını istəyirsinizsə, bunu onlara öyrədin.

Qayda 4: Öz uğurlarınızın hesabını aparın, uğursuzluqlarınızın yox!

Qayda 5: Başqalarını təqlid etməyin. Özünüzü tapın və özünüz qalın, axı “paxıllıq – cahillikdirsə, təqlidetmə – özünəqəsddir”.

Qayda 6: Tale sizə limon qismət edəndə ondan limonad düzəltməyə çalışın.

Qayda 7: Başqalarına azacıq da olsa xoşbəxtlik gətirməyə çalışmaqla öz uğursuzluqlarınızı yadınızdan çıxarın. “Başqalarına mərhəmət etməklə ilk növbədə özünüzə kömək edirsiniz”.

TƏNQİDƏ GÖRƏ NARAHATLIQDAN ÖZÜNÜ NECƏ QORUMALI

Yadda saxlayın ki, heç kim heç vaxt ölmüş iti vurmur

1929-cu ildə Amerikada təhsil sahəsinin xadimləri arasında görünməmiş sensasiya doğuran bir hadisə baş verdi. Alimlər bütün ölkədən Çikaqoya cumdular ki, bu hadisənin şahidi olsunlar. Bundan bir neçə il əvvəl cavan oğlan (onun adı Robert Hatçins idi) ofisiant, meşəçi, repititor, zivə ipləri satıcısı işləyəişləyə özünə Yel Universitetinə yol açmışdı. İndi, onun universitetdə fəaliyyətinin başlanğıcından cəmi səkkiz il keçməmiş o, Amerikanın əhəmiyyətinə görə dördüncü universitetinin – Çikaqo Universitetinin rektoru vəzifəsinə keçirdi. Onun neçə yaşı var? Otuz. Ağlasığmazdır!

Yaşlı professorlar başlarını bulayırdılar. Elm dünyasında yeni “vunderkind” ətrafında ehtiraslar təlatümə gəldi. Onu hər tərəfdən tənqid edirdilər. Ona mümkün olan hər şeyi irad tuturdular – o çox cavandır, təcrübəsizdir, onun təhsillə bağlı ideyaları sarsaqdır. Onun üzərinə hücumlarda hətta qəzetlər də iştirak etdilər.

Hatçinsin universitetin rektoru vəzifəsinə keçdiyi gün onun dostu, Robert Meynard Hatçins-ataya dedi: “Bugünkü qəzetin baş məqaləsində oğlunuza qarşı həmlələri oxuyanda sarsılmışdım”.

“Hə, – deyə ata Hatçins cavab verdi, – belə başa düşmək olar ki, bu, qəddarlıqdır, lakin yadda saxlayın, heç kim heç vaxt ölmüş iti vurmur”.

Həqiqətən də, insan nə qədər əhəmiyyətlidirsə, onu təhqir edən adamlar bir o qədər çox həzz alırlar. Uels şahzadəsi, sonralar kral VIII Eduard (bunun ardınca isə Vindzor hersoqu) qeyri-ixtiyari olaraq bunu öz təcrübəsində sınamışdı. Bir vaxtlar o, Devonşirdə Dartmut Kollecində oxuyurdu. Bu kollec Annapolisdəki Hərbi Dəniz Akademiyasına müvafiqdir. Şahzadənin on dördə yaxın yaşı var idi. Necə oldusa, dəniz zabitlərindən biri onu ağlayan gördü və nə baş verdiyini soruşdu. Əvvəl oğlan heç nə demək istəmirdi, amma tezliklə etiraf elədi. Bəlli oldu ki, qardemarinlər onu döyüblərmiş.

Kollecin kommodoru onları yanına çağırtdırdı və ilk növbədə izah etdi ki, şahzadə şikayət etməyib, amma onların ələ salınmaq üçün obyekt qismində niyə məhz şahzadəni seçdiklərini özü üçün ayırd etmək istədiyini bildirdi.

Qardemarinlər bir müddət əzilib-büzülür, dilləri topuq vurur və anlaşılmayan nə isə donquldayırdılar. Amma əvvəl-axır etiraf etdilər. Onlar gələcəkdə kral donanmasında komandan və kapitan olanda cavanlıqlarında kralı əzişdirdiklərini danışacaqlarını təsəvvür edirdilər.

Beləliklə, üzərinizə hücumlar edəndə və ya ədalətsiz tənqid edəndə, yadda saxlayın, bu, çox vaxt ona görə edilir ki, sizi təhqir edənə özünün əhəmiyyət kəsb etdiyini duymaq imkanı verir. Çox vaxt bu, ona dəlalət edir ki, siz nəyəsə nail olmusunuz və diqqət qazanmısınız. Bir çox adamlar özündən daha təhsilli və daha çox uğur qazanmış insanları təhqir etməklə qəddar məmnunluq hissi keçirirlər. Məsələn, bu fəsli yazanda mən bir qadından “Nicat Ordusu”nun əsasını qoymuş general Uilyam Butu ifşa edən məktub aldım.

Radioda verilişdə general Butu tərif edən çıxış etmişdim. Bəs həmin qadın mənə nə yazmışdı? O, general Butu yoxsullara yardım etmək məqsədilə yığdığı səkkiz milyon dolları oğurlamaqda ittiham edirdi. Bu ittiham, əlbəttə, cəfəng idi. Amma həmin qadın həqiqətə can atmırdı. O, özündən xeyli yüksəkdə olan adama böhtan atmaqdan kinküdurətli ləzzət alırdı. Mən onun böhtan dolu məktubunu zibil zənbilinə atdım və qüdrətli Tanrıya təşəkkür etdim ki, o, mənim həyat yoldaşım deyil.

Mən onun məktubundan general But haqqında heç nə öyrənmədim, amma onun özü barədə çox şey bildim. Şopenqauer çox illər bundan əvvəl demişdi: “Alçaq qəlbli insanlar dahi adamların hərəkətində çatışmazlıq və ehtiyatsızlıq tapanda çox böyük məmnunluq duyurlar”.

Yel Universitetinin keçmiş rektorunu, çətin ki, alçaq qəlbli adam hesab etmək mümkün olsun. Lakin Timoti Duayt ABŞ prezidenti postuna namizəd olan adamın üzərinə həmlələrlə çıxış edərək ləzzət alırdı. Yel Universitetinin rektoru xəbərdarlıq edirdi ki, əgər bu adamı prezident seçərlərsə, “biz həyat yoldaşlarımızın və qızlarımızın qanuniləşdirilmiş fahişəliyin qurbanı olacaqlarını görəcəyik. Onlar soyuqqanlılıqla namussuz ediləcək, qəlbləri niyyətli olaraq təhqir olunacaq, ləyaqətlərindən məhrum ediləcək, Tanrının və insanın rüsvay edilməsinin qurbanına çevriləcəkdir”.

Demək olar ki, bu, Hitlerin ifşa olunması kimi səslənir, elə deyilmi? Lakin bu, tamamilə başqa bir adam haqqında deyilib. Bu, Tomas Ceffersonun ifşa olunması idi. Hansı Tomas Ceffersonun? Yəni, doğrudanmı, “Müstəqillik Deklarasiyası”nın müəllifi, demokratiyanın müqəddəs hamisi ölməz Tomas Ceffersonun? Bəli, təsəvvür edin ki, məhz o idi bu cür hücumlara məruz qalan adam.

Necə fikirləşirsiniz, bu amerikalı kim idi ki, onu “riyakar”, “fırıldaqçı”, “qatil” adlandırırdılar? Bir qəzetdə onun gilyotində şəkli təsvir olunmuş karikaturasını vermişdilər, böyük bıçaq artıq onun başının üstünü almışdı. Kütlə ona gülürdü, o, küçələrdə atın belində gəzəndə adamlar arxasınca onu fitə basırdılar. Kim idi bu? Corc Vaşinqton.

Axı bütün bunlar çox illər bundan əvvəl olub. İnsan təbiəti o vaxtdan heç olmasa cüzi də olsa kamilləşməyib? Gəlin qarşımızdakı admiral Pirinin 1909-cu il aprelin 6-da Şimal qütbündə apardığı tədqiqatı nümunə göstərək. O, bu səyahəti itlərin qoşulduğu kirşədə həyata keçirmişdi. Bu qəhrəmanlıq haqda xəbəri bütün dünya heyranlıqla qarşıladı.

Bu möhtəşəm məqsədə çatmaq üçün əsrlər ərzində bir çox cəsur insan əzab-əziyyətə qatlaşır və həlak olurdu. Piri özü az qala soyuqdan və aclıqdan öləcəkdi. Onun ayaqlarında səkkiz barmağını don elə vurmuşdu ki, onları amputasiya etmək lazım gəldi. Onun üzərinə o qədər dərdbəla töküldü ki, admiral Piri dəli olacağından qorxurdu. Lakin yüksək vəzifəli dəniz məmurları paxıllıqdan od tutub yanırdılar, çünki Piri bütün dünya tərəfindən tanınmış və yüksək qiymət almışdı.

Onlar Pirini bunda ittiham etdilər ki, o, elmi ekspedisiyaların keçirilməsi üçün pul toplamışdı, özü isə “Arktikada kef çəkir və əylənirdi”. Onlar, çox güman, elə bu cür fikirləşirdilər, axı istəsən, özünü istənilən hər şeyə inandıra bilərsən. Onların Pirini alçaltmaq və onun fəaliyyətinə mane olmaq istəyi o qədər güclü idi ki, yalnız prezident Mak-Kinlinin birbaşa əmri ona Arktikada öz fəaliyyətini davam etdirməyə imkan verdi.

Əgər Piri Vaşinqtonda Hərbi Dəniz Qüvvələri Nazirliyinin hansısa bir idarəsində hansısa bir kargüzarlıq işi ilə məşğul olsaydı, o, təhqirlərə məruz qalardımı? Xeyr. Onun fəaliyyəti o qədər vacib olmazdı ki, paxıllıq doğursun.

General Qrantla admiral Piridən də qəddarcasına rəftar etmişdilər. 1862-ci ildə o, Şimala birinci dəfə üstün gələndə ilk böyük qəti qələbə çalmışdı. Bu, bir günün ərzində qazanılan, Qrantı dərhal milli qəhrəman edən qələbə hətta uzaq Avropada da çox böyük rezonans yaratdı və Mendən Missisipi sahillərinə qədər hər yerdə onun şərəfinə kilsə zəngləri çalındı, nəhəng tonqallar yandırıldı. Bununla belə, bu görkəmli qələbənin üstündən heç altı həftə də keçmədi ki, Qrant – Şimalın qəhrəmanı – həbs olundu və öz ordusuna komandanlıqdan kənarlaşdırıldı. O, alçaldıldığından və əlacsızlıqdan ağlayırdı.

General U.S.Qrant öz şöhrətinin zenitində nə üçün həbs olunmuşdu? Birinci növbədə ona görə ki o, öz təkəbbürlü rəislərində şübhə və paxıllıq doğurmuşdu.

Əgər siz ədalətsiz tənqidə görə narahat olmağa meyillisinizsə, birinci qaydanı yerinə yetirin:

Yadda saxlayın ki, ədalətsiz tənqid çox vaxt üstüörtülü komplimentdir. Unutmayın ki, heç kim heç vaxt ölmüş iti vurmur.

Bu cür hərəkət etsəniz, tənqid sizi dilxor etməyəcək

Bir dəfə mən ləqəbi “Qoca Hərşeyigörən Göz” olan general-mayor Smedli Batlerlə söhbət edirdim. Onu həm də “cəhənnəm iblisi Batler” adlandırırdılar. Siz onu xatırlayırsınızmı? O, Birləşmiş Ştatların dəniz piyadalarına nə vaxtsa komandanlıq etmiş ən dözümlü və arsız general olub.

O, mənə danışmışdı ki, cavanlığında populyar olmağı coşqunluqla arzulayıb. O, hamıda özü haqqında xoş təəssürat yaramaq istəyirdi. Həmin günlərdə hətta ən adi tənqid də onu dərindən əzab-iztirab çəkməyə məcbur edirdi. Lakin o etiraf etdi ki, dəniz piyadaları qoşunlarında otuzillik xidmət onu daha “gönüqalın” elədi. “Məni istədikləri kimi təhqir və tənqid edirdilər, – Batler xatırlayırdı. – Məni quyruqbulayan, ilan və zibil adlandırırdılar. Məni təhqir edənlər öz işini bilən mütəxəssislər idi.

Məni ingilis dilində mövcud olan, çap edilməsi məsləhət olmayan söyüşlərin ağlabatan hər cür birləşmələri ilə adlandırırdılar. Elə bilirsiniz ki, buna diqqət verirdim? Heç də yox! Kiminsə məni söydüyünü eşidəndə bunu kimin dediyini görmək üçün heç başımı da qaldırmırdım”.

Batler – “Qoca Hərşeyigörən Göz” tənqidə münasibətdə bəlkə də həddən artıq biganə olmuşdu, lakin bir şey aydındır: bizim əksəriyyətimiz əhəmiyyətsiz inciklikləri və təhqirləri ürəyimizə çox salırıq. Nyu-Yorkun “San” qəzetinin müxbirinin çox illər bundan əvvəl mənim yaşlılar üçün açıq kurslarıma gəldiyini xatırlayıram. O, mənim barəmdə və mənim işim haqqında həcv yazdı. Hiddətdən özümdən çıxmadımmı?

Bunu şəxsi təhqir kimi qəbul etdim. “San” qəzetinin icraçı komitəsinin sədri Cil Hocesə zəng elədim və faktiki olaraq tələb etdim ki, o, sarsaq həcv əvəzinə fəaliyyətimlə bağlı əsl faktların əks olunduğu məqalə dərc etdirsin. Mən tam qətiyyətli idim ki, cəza cinayətə müvafiq olsun.

Özümü bu cür apardığıma görə indi xəcalət çəkirəm. İndi başa düşürəm ki, həmin qəzeti alan adamların yarısı məqaləni oxumaq üçün heç özlərinə əziyyət də verməyib. Oxuyanlardan yarısı isə ona dişsiz zarafat kimi gülüb. Bu məqalə ilə bağlı bədxahlıqla sevinənlərin yarısı da bir neçə həftədən sonra onu tamamilə unudub.

İndi başa düşürəm ki, adamlar nə sizin, nə də mənim haqqımda fikirləşmirlər və bizimlə sizin haqda kimin nə dediyi onları maraqlandırmır. Onlar yalnız özləri ilə məşğuldurlar, onlar səhər yeməyindən əvvəl, səhər yeməyindən sonra və gecəyarıdan on dəqiqə keçmişə qədər bütün vaxt ərzində yalnız özləri haqda fikirləşirlər. Özlərinin azacıq baş ağrısı onları sizin və ya mənim ölümüm barədə xəbərdən min dəfələrlə çox narahat edir.

Hətta bəlli olsa ki, ən yaxın altı dostunuzdan biri sizə böhtan atıb, məsxərəyə qoyub, kürəyinizə xəncər sancıb – yenə də özünüzə yazığınız gəlməsin. İsa Məsihin başına məhz elə bunun gəldiyini xatırlamağınız daha yaxşı olardı. Onun ən yaxın on iki dostundan biri Məsihi indiki hesabla on iki dollara bərabər olan rüşvətin müqabilində satmışdı.

Ən yaxın on iki dostundan bir başqası Məsihdən bəlaya düşən məqamda üz döndərmiş və üç dəfə bəyan etmişdi ki, onunla tanış olmayıb. On iki dostdan ikisi – altıda biri! Məsihin başına bax belə bir iş gəlmişdi. Bəs siz və mən bundan yaxşı nəticə niyə gözləməliyik?

Çox illər bundan əvvəl aşkar etdim ki, adamlara məni tənqid etmələrinə mane ola bilməsəm də, bundan vacib olan bir şey edə bilərəm: ədalətsiz tənqidə reaksiya verib-verməyəcəyimi müəyyən edə bilərəm.

Birbaşa deyim: mən təkid etmirəm ki, istənilən tənqidə etinasız yanaşmaq lazımdır. Mən bundan uzağam. Mən yalnız ədalətsiz tənqidə etinasız yanaşmağın zəruriliyindən danışıram. Bir dəfə mən Eleonora Ruzveltdən onun ədalətsiz tənqidə necə reaksiya verdiyini soruşdum. Onun qismətinə bu cür tənqidin az düşmədiyini isə Tanrı bilir. Onun sadiq dostu və barışmaz düşməni, hər şeydən göründüyü kimi, Ağ Evdə nə vaxtsa yaşamış istənilən başqa qadından çox olub.

O danışdı ki, cavanlığında xəstəlik dərəcəsində utancaq olub və adamların nə deyəcəyindən həmişə qorxub. Tənqiddən elə qorxurdu ki, məsləhət üçün öz xalasına, Teodor Ruzveltin bacısına müraciət etmişdi. Eleonora ona dedi: “Bay xala, mən filan cür hərəkət etmək istəyirəm. Amma qorxuram ki, məni mühakimə edələr”.

Teddi Ruzveltin bacısı onun gözünün içinə baxdı və dedi: “Əgər qəlbində düzgün hərəkət etdiyinə əminsənsə, adamların nə deyəcəkləriylə bağlı heç vaxt narahat olma”. Eleonora Ruzvelt mənə dedi ki, bu məsləhət onun üçün üstündən çox illər keçəndən, o, Ağ Evə gəlib çıxandan sonra Hibraltar qayası oldu.

O, mənə dedi ki, hər cür tənqiddən yaxa qurtarmağın yeganə üsulu – bu, Drezden farforundan düzəldilmiş heykəlciyə oxşamaq və rəfdə durmaqdır. “Öz ürəyinin səsi ilə hərəkət elə – nə cür hərəkət etsən də, səni onsuz da mühakimə edəcəklər. Əgər sən bunu etsən, səni lənətləyəcəklər və sən bunu etməsən, yenə lənətləyəcəklər”. Onun verdiyi məsləhət bax belə idi.

Mərhum Metyu S.Braş Amerika Beynəlxalq Korporasiyasının prezidenti olanda mən ondan tənqidə qarşı həssas olub-olmadığını soruşdum. O, mənə bunları dedi: “Bəli, cavanlığımda mən tənqidə çox ağrılı münasibət göstərirdim. O vaxt coşqunluqla arzulayırdım ki, təşkilatımızın əməkdaşlarının hamısı məni kamil insan kimi tanısın.

Onlar bunu ifadə etməyəndə həyəcanlanırdım. Mənə qarşı birinci çıxış edənlə, adətən, xoş münasibətlər qurmağa çalışırdım; amma onunla münasibət qurmaq faktının özü başqa bir əməkdaşda qəzəb doğururdu. Mən onunla da xoş münasibət qurmağa çalışırdım ki, bu öz növbəsində digərlərinin narazılığını meydana çıxarırdı. Nəhayət, əmin oldum ki, məni tənqid edənləri, incik salanları nə qədər çox yola gətirməyə və onlarla xoş münasibət qurmağa çalışıramsa, bir o qədər çox düşmən qazanıram. Əvvəl-axır özümə dedim:

“Əgər sən kütlədən yuxarı qalxmısansa, səni mühakimə edəcəklər. Buna adət etməlisən”. Bu, mənə çox kömək etdi. O vaxtdan gücüm çatan hər şeyi etməyi özümə bir qayda elədim, sonra isə öz köhnə çətirimi açırdım ki, o, məni ədalətsiz tənqid yağışından qorusun və yağış damlaları yaxalığımın arxasına düşməsin”.

Dimo Teylor bir az da uzağa getmişdi: o imkan verdi ki, tənqid yağışı onun yaxalığının arxasına düşsün, ardınca isə ictimaiyyət qarşısında buna görə doyunca güldü. O, Nyu-York filarmoniya-simfonik orkestrinin bazar günləri verilən konsertləri arasında radioda veriliş aparanda ona hansısa bir qadının onu “yalançı, xain, ilan və kəmağıl” adlandırdığı məktubu çatdırılmışdı.

Növbəti həftə radio ilə çıxış edərkən cənab Teylor həmin məktubu radio ilə milyonlarla adama oxudu. O, “İnsanlar və musiqi haqqında” kitabında danışır ki, bir neçə gündən sonra elə həmin qadından bir məktub da alır. Bu dəfə qadın Teylorun həmişəlik yalançı, xain, ilan və kəmağıl qalacağına möhkəm əminliyini ifadə etmişdi. “Məndə şübhə var ki, – cənab Teylor əlavə edir, – bu qadın onun məktubu ilə bağlı radioverilişdə danışdıqlarıma heç bir diqqət yetirməyib”. Tənqidə məruz qalanda özünü belə aparan adamlara biz qeyri-ixtiyari olaraq heyran qalırıq. Təmkinini itirməməyinə, öz tarazlığını saxlamasına və yumor hissinə heyran qalırıq.

Prinstonda bir qrup tələbənin qarşısında çıxış edən Çarlz Şvab etiraf etdi ki, həyatının ən mühüm dərslərindən birini o, poladtökmə zavodunda işləyən bir qoca almandan almışdır. Bir dəfə alman hərbi mövzu ilə əlaqədar başqa fəhlələrlə qızğın mübahisəyə girişir və onlar onu çaya tullayırlar. “O, mənim kabinetimə daxil olanda, – cənab Şvab danışırdı, – büsbütün islanmışdı və palçıq içində idi. Ondan onu çaya tullayan adamlara nə dediyini soruşdum, o isə cavab verdi: “Mən yalnız gülürdüm””.

Mister Şvab qoca almanın sözlərini öz devizi elədi: “Yalnız gül”.

Bu deviz ələlxüsus da siz ədalətsiz mühakimənin qurbanı olanda faydalı olur. Sizə cavab verərkən kobudluq edənə borclu qalmamaq olar, lakin “yalnız gülən” adama nə demək olar.

Linkoln şiddətli tənqidçilərinə cavab verməyə cəhd etməyin ağılsızlıq olduğunu başa düşməsəydi, Vətəndaş müharibəsinin gərginliyinə, çətin ki, tab gətirə bilərdi. O, nəhayət, dedi: “Əgər mən üzərimə edilən hücumların hamısını oxumağa cəhd etsəydim – onları oxumaq barədə hələ heç danışmıram – onda başqa nə ilə isə məşğul olmaq mümkün olmazdı. Mən gücüm çatan hər şeyi – mütləq şəkildə hər şeyi edirəm və axıradək də bu cür fəaliyyət göstərmək niyyətindəyəm.

Əgər son əlverişli olarsa, onda mənə qarşı həmlələrin hamısı heç bir əhəmiyyət kəsb etməyəcək. Əgər məni məğlubiyyət gözləyirsə, onda mənim haqlı olduğuma and içən on mələk də heç nəyi dəyişə bilməyəcək”.

Beləliklə, əgər sizi və məni ədalətsiz olaraq mühakimə edirlərsə, ikinci qaydanı yadda saxlamaq lazımdır:

Gücünüz çatan hər şeyi edin. Ardınca isə öz köhnə çətirinizi açın ki, o, sizi tənqid yağışından müdafiə etsin. Və onda soyuq damcılar yaxalığınızın arxasına düşməyəcək.

Etdiyim axmaq hərəkətlər

Öz şəxsi arxivimdə “EAH” indeksli qovluqlar saxlayıram – bu ixtisar “etdiyim axmaq hərəkətlər” deməkdir. Həmin qovluqlarda öz şəxsi günahım ucbatından yol verdiyim axmaq hərəkətlərim haqda qeydlərimi saxlayıram. Hərdən bu xatirə qeydlərini öz katibəmə diktə edirəm, amma bəzən onlar o qədər intim və o qədər axmaqdır ki, onları diktə etməyə də utanıram və onları öz əlimlə yazıram.

On beş il əvvəl “EAH” başlıqlı qovluqlara daxil etdiyim tənqidi qeydləri hətta indi də yadıma sala bilərəm. Əgər mən öz qarşımda tamamilə vicdanlı olsaydım, axmaqlıqlarımın təsvir olunduğu qovluqlar artıq çoxdan sökülüb-dağılardı. Odur ki, mənim padşah Saulun on iki əsrdən də əvvəl dediyi sözləri təkrar etməyə tam haqqım vardır: “Ağılsız hərəkət edirdim mən və lap çox günah etmişəm”.

Mən bu, üstündə “EAH” yazısı olan qovluqları çıxaranda və özüm haqqımda yazdığım tənqidi qeydləri oxuyanda onlar mənə qarşımda duran ən mürəkkəb problemi – Deyl Karnegini idarə etmək problemini həll etməyə kömək edir.

Mən öz çətinliklərimdə və alınmayan işlərimdə başqalarını ittiham eləməyə adət etmişdim; lakin yaşa dolandan – ümid edirəm ki, ağıllanandan – sonra başa düşdüm ki, bədbəxtliklərimin, demək olar, hamısı son nəticədə öz günahım üzündən baş verib. Yaşlanandan sonra çoxları bu qənaətə gəlir. “Özümdən başqa heç kim, – demişdi Napoleon Müqəddəs Yelena adasında, – mənim süqutumda günahkar deyildir. Mənim ən qəddar düşmənim – özüməm, özüməm – faciəvi taleyimin səbəbi”.

İzin verin sizə tanıdığım bir nəfər, özünəqiymət və özünüidarə tələb olunanda hələ üstələnməyən bir məşhur usta haqqında danışım. Onun adı H.P.Hauell idi. Onun Nyu-Yorkda “Ambassador” hotelinin aptekində qəfil ölümü haqqında xəbər 1944-cü il iyulun 31-də ölkəyə ildırım sürəti ilə yayılanda Uoll- Strit lərzəyə gəlmişdi. Axı o, Amerikanın maliyyə dünyasının aparıcı xadimlərindən biri, Milli Kommersiya Bankının İdarə Heyətinin və vəkalət olunmuş funksiyalar yerinə yetirən kompaniyanın sədri, həmçinin də bir sıra iri kompaniyanın direktoru idi.

Cavanlığında o elə də yüksək təhsil almamışdı. Hauell öz fəaliyyətini kənd dükanında satıcı qismində başlamış, sonralar isə “Y.S.Stil” iri poladtökmə kompaniyasının kreditlərinin sərəncamçısı olmuş və yuxarı – yüksək vəzifələrə və qüdrətə doğru yolunu davam etdirmişdi.

“Artıq uzun illərdir mən gün ərzində baş tutan bütün görüşlərimin qeydlər kitabını aparıram, – deyə cənab Hauell onun uğurunun səbəbinin nədə olduğunu ondan soruşanda mənə danışdı. – Ailəm heç vaxt şənbə gününün axşamı mənimlə bağlı bir plan qurmur, bilir ki, bu vaxtın bir hissəsini həmişə özümü yoxlamağa, öz hərəkətlərimə yenidən baxmaq və yenidən qiymətləndirməyə həsr edirəm.

Nahardan sonra öz otağıma çəkilirəm, görüşlər kitabını açıram və həftə ərzində baş tutmuş söhbətlərin, iclasların və toplantıların hamısını götürqoy edirəm. Özümdən soruşuram: bu dəfə mən hansı səhvlərə yol vermişəm? Nəyi düzgün etmişəm və nəyə münasibətdə daha yaxşı hərəkət edə bilərdim? Bu təcrübədən nə kimi dərs ala bilərəm? Hərdən elə olur ki, öz hərəkətlərimin bu, həftəlik icmalı məni çox bədbəxt hala gətirir.

Nadir hal deyil ki, yol verdiyim kobud səhvlərə özüm heyrətlənirəm. İllər ötdükcə bu səhvlər, əlbəttə, daha az-az təkrar olunur. Bu, ilbəil əməl etdiyim özünütəhlil sistemi mənə həyata keçirdiyim istənilən hər şeydə çox kömək etdi”.

Ola bilsin ki, H.P.Hauell özünütəhlil haqqında ideyanı Ben Franklindən əxz edib. Bircə Franklin şənbə gününün axşamına qədər gözləmirdi. O, öz üzərində hər axşam intensiv surətdə işləyirdi. O, özündə on üç ciddi çatışmazlıq aşkar etmişdi. Onlardan üçü bunlardır: boş yerə vaxt itirməyə meyil, boş şeylərə görə hiddətlənmək, mübahisə etmək və söz güləşdirmək. Qoca müdrik Ben Franklin başa düşdü ki, əgər o, bu çatışmazlıqları aradan qaldırmasa, onda həyatda uğur qazana bilməyəcək.

Buna görə də o, həftənin günlərindən hər birini öz çatışmazlıqlarından biri ilə mübarizəyə həsr edir və həmin gün kimin kimə üstün gəldiyini qeyd elədiyi gündəlik aparırdı. Növbəti gün o, çatışmazlıqlarından başqa birini seçir, əlcəklərini taxır və qonq səsi gələndə boksçu kimi rinqə çıxırdı. Franklin öz çatışmazlıqları ilə həftənin hər günü iki il ərzində şiddətli mübarizə aparmışdı.

Təəccüblü deyildir ki, o, Amerikanın nə vaxtsa ərsəyə gətirdiyi ən hörmətli və nüfuzlu adamlardan biri oldu.

Elbert Habbard deyib: “Hər bir adam gün ərzində heç olmasa beş dəqiqə ərzində başdan-ayağa axmaq olur. Müdriklik bundan ibarətdir ki, bu həddi aşmayasan”.

İnsanı ən əhəmiyyətsiz tənqid də hiddət dalğasına qərq edir. Lakin müdrik onu mühakimə edən və ona irad tutan, eləcə də ona “yol verməyən” adamlardan nəyisə öyrənməyə can atır. Uolt Uitmen bu fikri aşağıdakı kimi ifadə edib: “Siz yalnız özünüzə heyran qalanların, sizə simpatiyası olanların və sizə yol verənlərin dərsini mənimsəyirsiniz? Bəs sizi inkar və nifrət edən və ya sizə yol verməyənlərin möhtəşəm dərslərini mənimsəməyə cəhd etməmisiniz?”

Əleyhdarlarımızın bizi və ya bizim fəaliyyətimizi tənqid etmələrini gözləmək nəyə lazımdır? Onları niyə də qabaqlamayaq. Gəlin özümüzün ən sərt tənqidçisi özümüz olaq. Gəlin leyhdarlarımız bunu etməyə macal tapmazdan əvvəl öz zəifliklərimizi özümüz müəyyən etməyə və onları düzəltməyə başlayaq. Çarlz Darvin məhz bu cür hərəkət edirdi. Həqiqətən də, o, on beş il özünütənqidlə məşğul olub – görün bu necə baş verib.

Darvin özünün ölməz “Növlərin meydana çıxması” kitabının əlyazmasını sona çatdıranda başa düşdü ki, həyatın meydana çıxması ilə bağlı onun inqilabi konsepsiyasının dərc olunması intellektual və dini dünyanı lərzəyə gətirəcək. Onda o, özünün tənqidçisi oldu və öz mülahizələrinin gedişini şübhə altına ala-ala, öz əqli qənaətlərini tənqid edə-edə öz məlumatlarını bundan on beş il sonra da çox ciddi yoxladı.

Tutaq ki, kimsə sizi “lənətə gəlmiş axmaq” deyə söyüb. Onda siz nə edərdiniz? Hirslənərdiniz? Hiddətlənərdiniz? Baxın Linkoln necə hərəkət etmişdi. Linkolnun hərbi naziri Edvard M.Stenton bir dəfə onu “lənətə gəlmiş axmaq” adlandırmışdı. Stentonu hiddətləndirən Linkolnun onun işlərinə qarışması olmuşdu. Linkoln bir eqoistik siyasətbazı razı salmaq üçün bir neçə alayın yerinin dəyişdirilməsi haqda əmr imzalamışdı. Stenton təkcə onun əmrini yerinə yetirməkdən imtina etmədi, həm də and içdi ki, Linkoln “lənətə gəlmiş axmaqdır ki, bu cür əmrləri imzalayır”.

Bəs nə baş verdi? Linkolna Stentonun nə dediyi çatdırılanda o, sakitcə cavab verdi: “Əgər Stenton deyibsə ki, mən lənətə gəlmiş axmağam, deməli, bu elə belədir də, axı o, demək olar, həmişə haqlıdır. Mən bu məsələni özüm araşdırmalı olacağam”.

Linkoln Stentonun yanına yollandı. Stenton onu inandırmağa müvəffəq oldu ki, əmr səhv idi və Linkoln onu ləğv etdi. Linkoln öz hərəkətlərinin tənqid olunmasına, əgər onun səmimi, əsaslandırılmış və xeyirxah ruhda söyləndiyini bilərdisə, təqdiredici münasibət göstərirdi.

Həm siz, həm də mən bu cür tənqidi alqışlamalıyıq, çünki dörd dəfədən üçündə çox haqlı olduğumuza biz də ümid edə bilmərik. Hər halda, Teodor Ruzvelt Ağ Evdə olanda o, belə hesab edirdi. Bizim dövrümüzün ən dərin dühası olan Eynşteyn etiraf edirdi ki, onun qənaətləri doxsan doqquz faiz yanlışdır.

“Düşmənlərimizin rəyi həqiqətə, – demişdi Laroşfuko, – özümüzün şəxsi qənaətimizdən qat-qat yaxındır”.

Mən bilirəm ki, bu fikir çox vaxt düzgün çıxır. Lakin kimsə məni tənqid etməyə başlayırsa, onda əgər özümə nəzarət etmirəmsə, dərhal avtomatik surətdə – hətta tənqidçiyə nə demək niyyətimdə olduğum barədə azacıq da olsa anlayışım olmadan müdafiə olunmağa başlayıram. Özümü bu şəkildə aparanda hər dəfə özümə qarşı narazılıq hissi keçirirəm. Bizim hamımız – fərqi yoxdur ki, tənbeh və ya tərifə layiqik – tənqiddən hiddətlənməyə və bizə tərif söyləyəndə sevinməyə meyilliyik. Məntiq bizə xas deyil.

Emosiyalar bizi ağuşuna alır. Dərin, tutqun, təlatümlü emosiyalar dənizinin o yana və bu yana tulladığı qayığı xatırladır bizim məntiqimiz. Bizim əksəriyyətimizdə öz şəxsiyyətimiz barədə – onun hazırda olduğu kimi – rəyimiz kifayət qədər yüksəkdir. Amma qırx ildən sonar hazırda olduğumuz üzərində, ola bilsin, özümüz də güləcəyik.

Uilyam Allen Uayt – “Amerikanın elə də böyük olmayan şəhərində tarixdə ən məşhur qəzet naşiri” – özünün əlli il əvvəl olduğu cavan vaxtını xatırlayır və onu təsvir edirdi: “…təmtəraqlı… dediyindən dönməyən axmaq… təkəbbürlü cavan farisey… özündənrazı reaksioner…” İyirmi ildən sonra siz və mən indiki zamanda olduğumuz özümüzü xarakterizə etmək üçün, ola bilsin, elə bu cür epitetlərdən istifadə edəcəyik. Ola bilsin… Kim bilir?

Əgər sizi ədalətsiz tənqid edirlərsə, nə etmək lazım olduğu haqda mən əvvəlki fəsillərdə danışmışdım. Bunu əlavə etmək istəyirəm: ədalətsiz tənqid edildiyinizi hiss elədiyiniz üçün hirslənməyə başlayanda niyə də pauza etməyə və özünüzə deməyəsiniz: “Bir dəqiqə dayan… Mən kamillikdən uzağam. Əgər Eynşteyn doxsan doqquz faiz səhv etdiyini etiraf edirsə, bəlkə mən ən azı səksən faiz səhv edirəm. Bəlkə mən bu tənqidə layiqəm. Belə olan halda tənqidə görə minnətdar olmaq və bundan özüm üçün fayda götürməyə çalışmaq lazımdır”.

“Pepsodent” kompaniyasının prezidenti Çarlz Lakman hər il Bob Houpun radio ilə çıxışlarının maliyyələşdirilməsinə bir milyon dollar xərcləyir. Ona bu proqramla bağlı rəylər ifadə olunmuş çox sayda məktub gəlir. O, tərif qələmə alınmış məktubları nəzərdən keçirmir, lakin təkid edir ki, tənqidi məktublar haqda ona mütləq məruzə edilsin. O bilir ki, onlarda faydalı məsləhətlər tapmaq olar.

Ford kompaniyasının rəhbərləri öz fəaliyyətlərində çatışmazlıqları üzə çıxarmağa can atırdılar. Bu məqsədlə kompaniyanın əməkdaşları arasında bu yaxınlarda sorğu keçirilmişdi: onlara kompaniyanın fəaliyyətində istehsal və inzibati aspektlərin təşkili işini tənqid etmək təklif olunmuşdu.

Mən sabun satan bir agentlə tanışam ki, o, bir qayda olaraq, özünün tənqid olunmasında təkid edirdi. O, “Kolqeyt” firması üçün sabun satmağa başlayanda sifarişlər az idi. İşi itirməkdən qorxurdu. O, malın keyfiyyətinin əla və qiymətinin məqbul olduğunu bilirdi, buna görə də bu qənaətə gəldi ki, səbəb onun özündədir. O, satış müqaviləsi bağlamağa müvəffəq olmayanda, səhvin nədən ibarət olduğunu başa düşməyə çalışaraq çox vaxt kvartalın ətrafında hərlənirdi.

Bəlkə o, həddən artıq dumanlı danışırdı? Və ya onda fəhm çatışmırdı? Hərdən elə olurdu ki, ehtimal olunan alıcının yanına qayıdır və ona deyirdi: “Yenidən sizə sabun təklif etmək üçün yanınıza qayıtmamışam. Qayıtmışam ki, məsləhətiniz və tənqidinizə möhtacam. Əgər siz mənə bir neçə dəqiqə əvvəl sizə sabun satmağa çalışanda nəyi düzgün etmədiyimi açıq desəniz, sizə çox minnətdar olardım. Sizin təcrübəniz məndən qat-qat çoxdur və siz daha böyük uğur qazanmısınız. Lütfən, öz tənqidi fikirlərinizi deyin. Səmimi olun. İfadələrinizdə heç bir sıxıntı keçirməyin”.

Bu cür davranış sayəsində o, çoxlu dost və qiymətsiz məsləhətlər qazanmışdı.

Bu adamın sonrakı taleyi bəs necə oldu? Hazırda o, Kolqeyt-Palmoliv-Pit Soup kompaniyasının prezidentidir. Bu kompaniya dünyada ən iri sabun istehsalçısıdır. Onun adı E.H.Littldir. Keçən il ABŞ-da ondan çox gəlir gətirən yalnız on dörd nəfər olub: 240 141 dollar. H.P.Hauell, Ben Franklin və E.H.Littl kimi hərəkət etmək üçün gərək, həqiqətən, böyük insan olasan. İndi isə, nə qədər ki heç kim görmür, siz niyə də güzgüyə baxmaya və bu şəxslərin kompaniyasına yararlı olub-olmadığınızı özünüzdən soruşmayasınız?!

Tənqidə görə özünüzü narahatlıqdan qorumaq üçün üçüncü qaydaya riayət edin:

Yol verdiyiniz axmaq hərəkətlərin siyahısını aparın və özünüzü tənqid edin. Biz kamillikdən çox uzaq olduğumuzdan gəlin E.H.Littl kimi hərəkət edək: başqalarından bizi qərəzsiz, faydalı, konstruktiv tənqid etməyi xahiş edək.

Xülasə

Qayda 1: Ədalətsiz tənqid çox vaxt üstüörtülü komplimentdir. Bu o deməkdir ki, siz paxıllıq və qısqanclıq meydana çıxarırsınız. Yadda saxlayın ki, heç kim heç vaxt ölmüş iti vurmur.

Qayda 2: Gücünüz çatan hər şeyi edin, sonra isə öz köhnə çətirinizi açın və qoy yağış tənqidi yaxalığınızın arxasına düşmədən onun üstü ilə süzülüb getsin.

Qayda 3: Yol verdiyiniz axmaq hərəkətlərin siyahısını aparın və özünüzü tənqid edin. Biz kamillikdən çox uzaq olduğumuzdan gəlin E.H.Littl kimi hərəkət edək: başqalarından bizi qərəzsiz, faydalı, konstruktiv tənqid etməyi xahiş edək.

BU ALTI QAYDAYA RİAYƏT ETMƏKLƏ SİZ YORĞUNLUQ VƏ NARAHATLIĞINIZI ARADAN QALDIRACAQ, YAXŞI ƏHVALİ-RUHİYYƏDƏ OLACAQSINIZ

Aktiv həyatınızın hər gününə bir saat necə əlavə etməli

Narahatlığın qarşısının alınmasına həsr olunan kitabda yorğunluğun qarşısının alınması barədə niyə yazıram? Cavab sadədir: ona görə ki yorğunluq çox vaxt narahatlığın səbəbindən baş verir və ya heç olmasa narahatlığa meyilli olmağımıza şərait yaradır. İstənilən tələbə-həkim sizə deyər ki, yorğunluq orqanizmin soyuqdəyməyə – yüzlərlə başqa xəstəlik haqqında hələ heç danışmırıq – qarşı fiziki müqavimət qüvvəsini azaldır və istənilən psixiatr sizə bildirər ki, yorğunluq həm də qorxu və narahatlıq emosiyalarına müqavimət gücünüzü zəiflədir. Buna görə də yorğunluğun qarşısının alınması narahatlığın qarşısının alınmasına şərait yaradır.

Mən dedim: “Narahatlığın qarşısının alınmasına şərait yaradır?” Bu, həddən artıq yumşaq deyilib. Doktor Edmund Cekobson xeyli uzağa gedir. Doktor Cekobson süstləşməklə bağlı iki kitab yazıb. Çikaqo Universitetinin kliniki fiziologiya laboratoriyasının direktoru qismində isə o, süstləşmənin müalicəsi üzrə uzun illər tədqiqat keçirib. O bildirir ki, istənilən əsəbi və ya emosional gərginlik “tam dincəlməklə aradan qaldırılır”.

Beləliklə, yorğunluğu və narahatlığı qabaqlamaq üçün birinci qaydada deyilir: daha tez-tez dincəlin. Yorğunluq hiss etməmişdən əvvəl dincəlin.

Bu, nə üçün belə vacibdir? Ona görə ki yorğunluq heyrətamiz sürətlə yığılır. Birləşmiş Ştatların quru qoşunları tərəfindən dəfələrlə keçirilmiş eksperimentlərin nəticəsində aşkar olundu ki, uzun illər ərzində xidmətlərinin gedişində bərkimiş cavan adamlar da, əgər onlar öz yüklərini çiyinlərindən atıb və hər bir saatın on dəqiqəsini dincələrlərsə, yürüşləri daha yaxşı həyata keçirə bilər və yüksək dözüm göstərərlər. Orduda onları bunu etməyə məcbur edirlər. Sizin ürəyiniz Amerika ordusu qədər ağıllıdır.

O, hər gün bütün orqanizmdə elə həcmdə qan dövrəsi yaradır ki, həmin qanla dəmiryol çənini doldurmaq olardı. Hər iyirmi dörd saatda o elə miqdarda enerji sərf edir ki, bu enerji iyirmi ton kömürü bel ilə üç fut hündürlükdə platformaya yükləməyə kifayət edərdi. Bu, ağlasığmaz həcmdə işi o, əlli, yetmiş və ya ola da bilsin, doxsan il ərzində hər gün yerinə yetirir. Belə bir işin ağırlığına o, necə tab gətirir? Harvard Universitetinin tibb fakültəsinin professoru, doktor Uolter B.Kennon bunu izah edir.

O deyir: “İnsanların əksəriyyəti hesab edir ki, ürək fasiləsiz işləyir. Gerçəklikdə isə hər döyüntüdən sonra dincəlmək üçün müəyyən vaxt mövcuddur. Dəqiqədə yetmiş döyüntü tezliyi ilə vuran ürək iyirmi dörd saatın faktiki olaraq cəmi doqquzunu işləyir. Onun sutka ərzində dincəldiyi vaxt cəm halında on beş saat təşkil edir”.

İkinci Dünya müharibəsi dövründə Uinston Çörçilin yetmişə yaxın yaşı var idi. Amma o, Britaniya imperiyasının hərbi səylərinə rəhbərlik edərək, ilbəil gündə on səkkiz saat işləyə bilirdi. Bu, fenomenal hal təsiri bağışlayır. Bəs bunun sirri nədədir? Hər gün səhər o, saat on birə qədər yataqda işləyirdi. Bu vaxt o, qəzetləri oxuyur, əmrləri diktə edir, telefonla zəng vurur və mühüm iclaslar keçirirdi. Lençdən sonra o, yenidən uzanır və nahardan qabaq bir saat yatırdı.

Axşam o, yenə də uzanır və saat səkkizdə şam yeməyindən qabaq iki saat yatırdı. O, yorğunluqdan müalicə olunmurdu. Ona müalicə almaq lazım deyildi. O, yorğunluğun qarşısını almağa müvəffəq olurdu. Tez-tez dincəlməyin sayəsində o, qıvraq və şux qalır və gecəyarıdan çox sonraya qədər işləyə bilirdi.

Məşhur Con D.Rokfeller özünün iki möhtəşəm nailiyyəti sayəsində şöhrətlənmişdi. O, dünyada ən iri varidat topladı və doxsan səkkiz yaşına qədər yaşadı. O, buna necə müvəffəq oldu? Əsas səbəb bundadır ki, uzunömürlülük onlarda nəsillikcədir. Digər səbəb isə onun hər gün öz kabinetində günün ortasında yarım saat yatmaq vərdişi idi. O, kabinetdə qoyulmuş taxtın üstünə uzanırdı və dincəlmək vaxtında heç kim, hətta Birləşmiş Ştatların prezidenti də Con D.Rokfelleri telefona çağırtdıra bilmirdi.

Daniel U.Cossel yazdığı gözəl “Nəyə görə yorulmaq?” kitabında qeyd edir: “Dincəlmək əsla heç nə eləməmək demək deyil. Dincəlmək – təmirdir”.

Qısamüddətli dincəlməyin elə böyük bərpa qabiliyyəti var ki, hətta beş dəqiqəlik yuxu da yorğunluğun qarşısını ala bilər. Beysbolun şöhrətli kralı Konni Makk mənə demişdi ki, əgər o, oyundan qabaq günorta yatmasaydı, onda topu beşinci dəfə ötürəndən sonra artıq əldən düşürdü. Amma o heç olmasa beş dəqiqə yatmağa vaxt tapa bilirdisə, bir gündə oynanılan iki matça tab gətirə bilər, yorulduğunu hiss etməzdi.

Ağ Evdə olduğu on iki il ərzində belə taqətdən salan fəaliyyətə necə tab gətirdiyini Eleonora Ruzveltdən soruşanda o, mənə cavab verdi ki, hər görüşdən və ya çıxışdan əvvəl o, çox vaxt kresloda əyləşir və ya taxtın üstündə uzanır, iyirmi dəqiqəlik yatıb dincəlirdi.

Bu yaxınlarda mən Cin Otri ilə söhbət etmişdim. Biz onun Medison Skver Qardendəki otağında idik ki, burada o, rodeo üzrə dünya çempionatı yarışında publikanın ovladığı əsas şikar idi. Onun səhnə otağında gözümə çarpayı dəydi. “Mən bunun üstündə hər gün düncəlirəm, – dedi Cin Otri, – və tamaşalar arasında fasilədə bir saat yatıram. Mən Hollivudda kinoya çəkiləndə, – deyə o davam edirdi, – çox vaxt iri yumşaq kresloda yerimi rahatlayır və tam dincəlirdim.

Ardınca mən gün ərzində iki- üç dəfə on dəqiqə mürgüləyirəm. Bu, mənim həyat tonusumu fövqəladə dərəcədə yüksəldir”.

Edison hesab edirdi ki, öz tükənməz enerjisi və dözümlülüyü onun nə vaxt istəsə, o vaxt yuxuya gedə bilməsinin nəticəsi idi.

Mən Henri Fordla onun səksən yaşı tamam olmazdan bir müddət əvvəl söhbət etmişəm. Onun çiçəklənən və qıvraq görkəmi məni heyran etdi. Ondan bunun sirrini soruşdum. O cavab verdi: “Əgər oturmaq imkanım varsa, mən heç vaxt ayaq üstə dayanmıram və əgər uzana bilirəmsə, heç vaxt oturmuram”.

Horas Menn, “müasir pedaqogikanın atası” ixtiyar yaşına çatanda özünü məhz bu cür aparırdı. Antioh Kollecinin rəhbəri olandan sonra o, tələbələrlə, adətən, taxtın üstündə uzanaraq söhbət edirdi.

Mən Hollivudda bir kinorejissoru dilə tutdum ki, o, analoji metodu sınaqdan çıxarsın. O etiraf etdi ki, nəticələri möcüzə həddinə çatır. Mən Cek Çertok haqqında danışıram ki, o, hazırda “Metro-Qoldvin-Mayer” kinokompaniyasının aparıcı rejissorlarından biridir. Cek Çertok bir neçə il əvvəl yanıma gələndə MQM-də qısametrajlı filmlər şöbəsinin müdiri idi. O, yorğunluqdan tamamilə taqətdən düşmüşdü, onun qüvvəsi tükənmək üzrə idi.

O, hər şeyi sınaqdan çıxarmışdı: tonuslaşdırıcı vasitələr, vitaminlər, dərman preparatları. Amma heç nə ona kömək etmirdi. Mən ona hər gün dincəlməyi məsləhət gördüm. Nə cür? Kabinetdə taxt qoysun və öz ssenaristləriylə keçirdiyi iclasların gedişində uzanaraq dincəlsin.

Mən onu bir ildən sonra yenə də görəndə o dedi: “Möcüzə baş verdi. Mənim şəxsi həkimlərim belə hesab edirlər. Əvvəllər bizim tematik qısametrajlı filmlərimizin müzakirəsi zamanı özümü dik tutaraq, son həddə qədər gərilərək stulda otururdum. İndi iclasları öz kabinetimdə, taxtın üstündə sərbəst surətdə süstləşərək keçirirəm. Son iyirmi ildə birinci dəfədir özümü insan kimi hiss edirəm. İndi mən əvvəlki vaxtla müqayisədə iki saat çox işləyirəm və çox nadir hallarda yoruluram”.

Bütün bunları şəxsən siz nə dərəcədə tətbiq edə bilərsiniz? Əgər siz stenoqrafçısınızsa, özünüzə iş yerində, Edisonun etdiyi və ya Sem Qoldvinin indi etdiyi kimi, mürgüləməyə, aydın məsələdir, imkan verə bilməzsiniz. Və ya əgər siz mühasib işləyirsinizsə, kim sizə icazə verər ki, öz rəisinizlə maliyyə hesabatını müzakirə edərkən taxtın üstündə uzanasınız? Amma siz kiçik şəhərcikdə yaşayırsınızsa və lençə evə gəlirsinizsə, lençdən sonra on dəqiqə yatmaq, ola bilsin, sizə müyəssər oldu. General Corc S.Marşall məhz belə edirdi.

O, müharibə dövründə Birləşmiş Ştatlar ordusunun baş qərargah rəisi olarkən elə bir dərəcədə məşğul adam idi ki, günorta dincəlməyin zəruri olduğunu hesab edirdi. Əgər yaşınız əllini ötübsə və siz daima tələsirsinizsə və dincəlmək üçün heç bir dəqiqə də vaxt tapmırsınızsa, onda öz həyatınızı mümkün qədər hər vasitə ilə  sığorta edin. Dəfn mərasimləri baha başa gəlir – və qəfil baş verir – bizim günlərimizdə; can-ciyər həyat yoldaşınızın isə könlünə, ola bilsin, sığortanız üzrə pul almaq və daha cavan adama ərə getmək düşmüş olsun.

Əgər günorta mürgüləmək imkanınız yoxdursa, onda heç olmasa şam yeməyindən qabaq bir saat uzanmağa cəhd edin. Axı bu, su ilə qatılmış viskidən ucuz başa gələcək sizə və uzunmüddətli hesabda 5476 dəfə daha effektiv olduğu aydın olacaqdır. Əgər axşam saat beşdən altıya və ya altıdan yeddiyə qədər yata bilsəniz, onda bu minvalla siz öz aktiv həyatınıza bir saat əlavə edə bilərsiniz. Niyə? Nə cür? Ona görə ki şam yeməyindən əvvəl bir saat ərzində yuxu və üstəgəl də altı saatlıq gecə yuxusu – cəm halında yeddi saat – səkkiz saatlıq fasiləsiz yuxudan faydalıdır.

Fiziki əməklə məşğul olan işçi dincəlməyə daha çox vaxt sərf edərsə, daha böyük həcmdə işi yerinə yetirə bilər. Frederik Teylor bunu, “Betlehem Stil” poladtökmə kompaniyasının elmi idarəetmə üzrə mühəndisi vəzifəsində işlədiyi vaxt nümayiş etdirmişdi. O fikir vermişdi ki, hər bir fəhlə iş günü ərzində yük maşınına təqribən 12,5 ton çuqun yükləyir və günorta fəhlələrin hamısı yorğunluqdan artıq ayaq üstə dura bilmir. O, fəhlələrin yorulmasını doğuran amillərin hamısının elmi təhlilini apardı və bildirdi ki, fəhlələr iş günü ərzində 12,5 ton yox, 47 ton çuqun yükləyə bilər! O, hesablamaları nəticəsində bu qənaətə gəldi ki, onlar indiki ilə müqayisədə dörd dəfə çox yükləməli və özü də yorulmamalıdırlar. Deyəcəksiniz: bəs axı sübutlar hanı?

Teylor eksperiment üçün Şmidt adında bir fəhləni seçir və ona saniyəölçən üzrə işləmək təklif olunur. Şmidt işləyəndə onun yanında əlində saniyəölçən olan xronometrçi dayanır və komandalar verirdi: “İndi külçəni qaldırın və gedin… İndi isə oturun və dincəlin… İndi gedin… İndi dincəlin”.

Axı nə baş verirdi? Şmidt hər gün 47 ton çuqun yüklədiyi halda, başqa fəhlələrə cəmi 12,5 ton yükün öhdəsindən gəlmək müyəssər olurdu. Şmidt bu ritmdə faktiki olaraq üç il, Frederik Teylor həmin kompaniyada xidmət etdiyi vaxt ərzində işlədi. Şmidt bu nəticəyə ona görə müvəffəq olurdu ki, o, yorulduğunu hiss etməzdən əvvəl dincəlirdi. O, bir saat ərzində təqribən 26 dəqiqə işləyir, 34 dəqiqə isə dincəlirdi. O, işlədiyindən çox dincəlirdi – amma onun işinin məhsuldarlığı başqa fəhlələrlə müqayisədə dörd dəfə yüksək idi. Bu, vur-tut söz-söhbətlərdir? Xeyr, siz Frederik Uinslou Teylorun “Elmi idarəetmənin prinsipləri” kitabında göstərilən məlumatlarla özünüz də tanış ola bilərsiniz.

İzin verin təkrar edim: Amerika ordusunun əsgərindən nümunə götürün, teztez dincəlin. Siz də ürəyiniz edən kimi davranın – yorulduğunuzu hiss etməzdən əvvəl dincəlin və onda hər gün öz aktiv həyatınıza bir saat əlavə etmiş olarsınız.

Siz niyə yorulursunuz və yorğunluğu necə aradan qaldırmaq olar

Budur, heyrətamiz və çox mühüm fakt: əqli fəaliyyət öz-özlüyündə sizi yora bilməz. Absurd kimi səslənir. Lakin bir neçə il əvvəl alimlər insan beyninin “aşağı iş qabiliyyəti” (bu, beyin yorğunluğunun elmi adıdır) səviyyəsinə düşməyənədək nə qədər uzun müddət fəaliyyət göstərə bildiyini aydınlaşdırmağa cəhd etdilər. Həmin alimlərin heyrətinə rəğmən, demə, beyin aktiv halda olarkən ondan keçən

qan beynin yorulduğunu qətiyyən əks etdirmir. Əgər siz iş vaxtı günəmuzd fəhlənin venasından qan götürərsinizsə, onda qanda böyük miqdarda yorğunluq toksinləri və yorğunluğun digər məhsullarının olduğunu aşkar edəcəksiniz. Amma siz, deyək ki, Albert Eynşteynin beynindən bir damla qan alsaydınız, günün axırında onda heç bir yorğunluq toksinin olmadığı aşkar olardı.

Beləliklə, bizim beynimiz “səkkiz saatlıq və ya hətta on iki saatlıq iş gününün axırında iş gününün əvvəlində olduğu qədər yaxşı” işləyə bilər. Beyin qətiyyən yorulmur… Bəs onda siz niyə yorulursunuz?

Psixiatrlar bildirirlər ki, yorğunluq əksər hallarda psixiki və emosional əhvalın nəticəsi kimi meydana çıxır. İngiltərənin ən görkəmli psixiatrlarından biri olan C.E.Hedfild “Qüvvənin psixologiyası” kitabında yazır: “Biz, bir qayda olaraq, psixiki mənşəli olan yorğunluqdan əziyyət çəkirik; sırf fiziki xarakterli taqətdən düşmə nadir hallarda rast gəlinir”.

Amerikanın ən görkəmli psixiatrlarından biri, doktor A.A.Brill bir qədər də uzağa gedir. O bildirir: “Əqli əməklə məşğul olan sağlam işçinin yorğunluğunun yüz faizi psixoloji faktorlardan və ya başqa sözlə, emosional faktorlardan irəli gəlir”.

Stolun arxasında əyləşən işçinin yorulmasını hansı emosional faktorlar şərtləndirir? Sevinc? Məmnunluq? Xeyr! Heç vaxt! Darıxma, inciklik, öz əməyinin qiymətləndirilməməsi hissi, tələskənlik, həyəcan, narahatlıq – kabinet işçisinin qüvvəsini eşib heçə endirən, onun soyuqdəyməyə meyilli olmasına şərait yaradan, onun iş qabiliyyətini aşağı salan və onun evə başağrısı ilə getməsini şərtləndirən məhz bu emosional faktorlardır. Həqiqətən də, mənfi emosiyalarımız orqanizmimizin əsəbi gərginliyini doğurduğuna görə biz yoruluruq.

“Metropoliten Layf” sığorta kompaniyası yorğunluq haqda broşüra buraxıb. “Ağır iş öz-özlüyündə, – deyilir həmin broşürada, – yaxşı yuxu və dincəlməklə aradan qaldırıla bilməyən yorğunluğu nadir hallarda doğurur… Narahatlıq, gərginlik və emosional sarsıntılar – yorğunluğun üç əsas səbəbi bunlardır. Səbəbin fiziki və ya əqli iş olduğu təsəvvür olunanda günahkar çox vaxt məhz bunlar olur. Yadda saxlayın ki, gərgin vəziyyətdə olan əzələ heç vaxt dincəlmir. Dincəlin! Öz enerjinizi mühüm işlər üçün qoruyub saxlayın”.

İndi isə nə etsəniz də, dayanın və öz halınızın yoxlanışını həyata keçirin. Siz bu sətirləri oxuyarkən qaşqabaqlısınızmı? Gözlərinizin arasında gərginlik hiss edirsinizmi? Kreslonuzda oturaraq dincəlirsinizmi? Yoxsa belinizi bükmüsünüz? Sifətinizin əzələləri gərilmişdirmi? Əgər bədəniniz sözə baxmırsa və köhnə əsgi oyuncaq kimisinizsə, onda siz həmin bu məqamda özünüzdə əsəbi və əzələ gərginliyi yaradırsınız. Özünüzdə əsəb gərginliyini və əsəb yorğunluğunu özünüz meydana çıxarırsınız.

Əqli iş prosesində bu gərəksiz gərginlikləri biz nə üçün yaradırıq? Coselin yazır: “Məncə, əsas maneə… demək olar, ümumun əminliyidir ki, guya ağır iş gərginlik tələb edir, əks-təqdirdə, bu iş müvəffəqiyyətlə yerinə yetirilə bilməz”. Buna görə də biz diqqətimizi cəmləyəndə qaşqabaqlıyıq. Biz belimizi bükərək otururuq. Biz öz əzələlərimizi güc tətbiq etməyə məcbur edirik ki, bu, beynimizin fəaliyyətində ona heç bir köməklik göstərmir.

Sarsıdıcı və faciəvi həqiqəti etiraf etmək lazım gəlir: dollarlarını boş yerə xərcləməkdən qorxan milyonlarla adam Sinqapurda yeddi dənizçinin ağılsızlığı ilə mübarizəyə öz enerjisini boş yerə israf edir.

Belə əsəb yorğunluğu ilə necə mübarizə etməli? Süstləşin! Süstləşin! Süstləşin! Siz öz işinizi yerinə yetirəndə süstləşməyi öyrənin.

Bu, asandırmı? Xeyr. Siz bütün ömrünüz ərzində formalaşan vərdişlərinizi, çox güman, dəyişməli olacaqsınız. Amma cəhd etməyinə dəyər, çünki bu, sizin bütün həyatınızda inqilab həyata keçirə bilər. Uilyam Cess bu barədə yazır: “Amerikalılara xas olan fövqəlgərginlik, əsəbilik, tələsmək, fövqəlenerjiylə fəaliyyət göstərmək və özünüifadə etməyə əzablı tələbat… bu, pis vərdişlərdir, nə az, nə də çox”. Pis vərdişlərdən yaxa qurtarmaq mümkündür, yaxşı vərdişlər isə yaradıla bilər.

Siz nə cür dincəlirsiniz? Əvvəl beyninizdir dincələn, yoxsa əsəbləriniz? Nə bu, nə də o birisi. Hər şeydən əvvəl, əzələləriniz dincəlir.

İndi isə bunu etməyə cəhd edək. Biz bu proseduranı, yaxşı olar ki, gözlərimizdən başlayaq. Bu abzası axıradək oxuyun, sonra isə arxaya söykənin, gözlərinizi yumun və fikrinizdə gözlərinizə deyin: “Sakitcə dincəlin, sakitcə dincəlin, özünüzü gücə salmayın, acıqlı olmayın. Dincəlin, sakitcə dincəlin”. Çox aramla bu sözləri bir dəqiqə ərzində təkrar edin…

Siz, yəqin, fikir verdiniz ki, bir neçə saniyədən sonra gözlərin əzələləri sizə tabe olmağa başladı? Hiss elədiniz ki, elə bil kiminsə qayğıkeş əli sizi gərginlikdən azad etdi? Bu, sizə ağlasığmaz görünəcək, amma siz bir dəqiqə ərzində süstləşmək sənətinin universal açarını və sirrini tapdınız. Eyni şeyi çənənizlə, sifətinizin, boynunuzun, çiyinlərinizin və bütün bədəninizin əzələləri ilə edə bilərsiniz. Lakin hamısından vacib orqan gözdür.

Çikaqo Universitetindən doktor Edmund Cekobson hətta bu fikri söyləməyə cürət etmişdir ki, əgər siz gözlərinizin əzələlərini tamamilə süstləşdirməyi bacarırsınızsa, onda özünüzün bütün dərdi-sərinizi unuda bilərsiniz. Əsəb gərginliyinin aradan qaldırılmasında gözlərin rolu ona görə vacibdir ki, gözlər orqanizmimizin özünə hopdurduğu enerjinin dörddəbirinə qədərini sərf edir. Məhz buna görədir ki, tamamilə normal görmə qabiliyyəti olan belə çox adam astenopiyadan əziyyət çəkir. Onlar özləri gözlərini həddən artıq gücə salırlar.

Məşhur roman yazıçısı xanım Vikki Baum uşaq vaxtlarında ona həyatının ən vacib dərslərindən birini vermiş qoca ilə necə rastlaşdığını danışır. Bir dəfə o yıxılmışdı, dizləri əzilmişdi və biləyi zədələnmişdi. Qoca onu ayağa qaldırdı. Bir vaxtlar o, sirkdə kloun idi və onun paltarını çırpa-çırpa dedi: “Sən ona görə ziyan çəkdin ki, özünü süstləşdirməyi bacarmırsan. Təsəvvür elə ki, sənin bədənin corab, köhnə geyilmiş corab kimidir. Gedək, bunları necə etmək lazım olduğunu sənə göstərim”.

Qoca Vikki Bauma və başqa uşaqlara necə yıxılmaq, salto-mortale etmək və dombalaq aşmaq lazım olduğunu göstərdi. Və o, hər dəfə təkrar edirdi: “Təsəvvür et ki, sən köhnə geyilmiş corabsan. Onda sən mütləq dincəlməlisən!”

Siz iş arasında, demək olar, həmişə, harada olmağınızdan asılı olmayaraq, mütləq dincəlməlisiniz. Dincəlmək – hər cür gərginliyin yoxluğu və özünü qətiyyən gücə salmamaq deməkdir. Nə isə xoş bir şey və bir də dincəlmək haqqında fikirləşin. Əvvəl qoy gözlərinizin və sifətinizin əzələləri süstləşsin. “Sakitcə dincəlin… Sakitcə dincəlin… Sakitcə dincəlin və süstləşin”. Enerjinin sifətinizin əzələlərindən bədəninizin mərkəzinə doğru necə yönəldiyini hiss edin. Özünüzü hər cür gərginlikdən körpə kimi azad təsəvvür edin.

Möhtəşəm müğənni-soprano xanım Qalli-Kurçi özünü məhz belə aparırdı.

Xanım Elen Cepson mənə danışırdı ki, ona Qalli-Kurçini tamaşadan əvvəl görmək dəfələrlə nəsib olmuşdu. O, stulda oturub bütün əzələlərini tamamilə süstləşdirirdi. Alt çənə elə bir dərəcədə süstləşirdi ki, hərfi mənada, sallanırdı. Bu çox gözəl vərdiş ona səhnəyə çıxmazdan əvvəl həddən artıq əsəbiləşməməyə imkan verirdi; o, yorğunluğunu qabaqlayırdı.

Budur, sizə süstləşməyə kömək edəcək beş məsləhət:

1.Bu predmet üzrə yazılmış ən yaxşı kitablardan birini oxuyun: “Əsəb gərginliyindən azad olmaq”. Müəllifi doktor Devid Harold Finkdir.

2.Nə vaxt mümkündürsə, süstləşin. Qoy bədəniniz köhnə corab kimi sözəbaxan olsun. İşləməyə başlayarkən mən stolun üstünə tünd-qırmızı rəngli köhnə corab qoyuram. Bu corab nə qədər süst olmalı olduğumu yadıma salır. Əgər sizdə corab yoxdursa, pişik də yarayar. Siz günəşin altında mürgüləyən pişik balasını nə vaxtsa əlinizə götürmüsünüz? Yəqin, diqqət yetirmisiniz ki, onun başı və quyruğu islanmış qəzet kimi sallanır.

Hindistanda hətta yoqalar da süstləşmək sənətini mənimsəmək istəyənlərə pişiyi təqlid etməyi məsləhət görürlər. Mən heç vaxt yorulmuş pişik, əsəb pozuntusu olan pişik və ya yuxusuzluqdan əziyyət çəkən pişik görməmişəm. Pişiyi həyəcanlar didib dağıtmır və mədə xorası onu hədələmir. Siz də əgər pişik kimi özünüzü süstləşdirməyi öyrənsəniz, özünüzü bu bəlalardan hifz edə bilərsiniz.

3.Var gücünüzlə işləyin, lakin bircə rahat vəziyyət tapın. Yadda saxlayın ki, bədənin gərginliyi çiyinlərdə ağrı və əsəbi yorğunluq doğurur.

4.Özünüzə gündə dörd və ya beş dəfə nəzarət edin və özünüzə deyin: “Mən işimi yerinə yetirərkən həddən artıq güc sərf etmirəmmi? İşimə heç bir aidiyyəti olmayan əzələlərimi gücə salmırammı?” Bu, süstləşmək vərdişini yaratmağa sizə kömək edər. Devid Harold Finkin yazdığı kimi: “Psixologiyanı hər şeydən yaxşı bilən adamların arasında bu vərdiş geniş yayılmışdır”.

  1. Özünüzə bu sualı verməklə günün axırında özünüzü bir daha yoxlayın: “Mən nə qədər yorulmuşam? Əgər mən yorulmuşamsa, bu, əqli işdən yox, onun yerinə yetirilməsi üsuluna görədir”. “Mən gün ərzində nə dərəcədə məhsuldar işlədiyimi, – Deniel U.Cosselin yazır, – nə qədər yorulduğum ilə yox, nə qədər az yorulduğum əsasında qiymətləndirirəm”.
  2. Ardınca o deyir: “Özümü günün axırında xüsusilə yorğun hiss edəndə və ya hər şeydən hirslənməyim əsəblərimin yorulduğuna dəlalət edəndə mən heç bir şübhə etmədən bilirəm ki, həmin gün həm kəmiyyət, həm də keyfiyyət baxımından qeyri-effektiv işləmişəm”. Əgər hər bir adam bu dərsi mənimsəmiş olarsa, onda hipertoniyadan ölənlərin sayı dərhal kəskin surətdə azalar. Və sanatoriyalarımız və havalanmışlar üçün evlərimiz yorğunluğun və narahatlığın sındırdığı adamlarla bu qədər dolu olmaz.
Evdar qadın yorğunluqdan canını necə qurtara və cavan görkəmini saxlaya bilər

Əməkdaşım olan xanım keçən payız bir dəfə Bostona, dünyada ən qeyri-adi tibb kurslarına yollanırdı. Tibb kursları? Müəyyən mənada, bəli. Kurslarda məşğələlər həftədə bir dəfə Boston poliklinika xəstəxanasında keçirilir. Bura təşrif buyuran pasientlər məşğələlərə buraxılmazdan əvvəl mütəmadi olaraq çox ciddi müayinədən keçirilirlər.

Lakin bu kurslar özü ilə faktiki olaraq psixoloji klinika təcəssüm etdirir, halbuki rəsmi olaraq tətbiqi psixologiya kursları adlandırılır (keçmişdə bu kursları fikirlər üzərində nəzarət üzrə kurslar adlandırırdılar – bu adı kursların ilk iştirakçısı təklif etmişdi) və onların əsl məqsədi – narahatlıqdan xəstələnmiş insanlara kömək etməkdir. Və belə pasientlərin arasında əhəmiyyətli qədərini emosional pozuntuları olan evdar qadınlar təşkil edir.

Narahatlığın didib-dağıtdığı insanlar üçün bu kurslar necə təşkil olunmuşdu? Doktor Cozef H.Prett (yeri gəlmişkən, Uilyam Oslerin şagirdi) 1930-cu ildə diqqət yetirmişdi ki, Boston xəstəxanasının ambulator xəstələrinin bir çoxu fiziki cəhətdən xəstə deyil. Amma onların hamısında faktiki olaraq bu və ya digər xəstəliyin bütün simptomları var idi. Bir qadının əlləri “artritdən” elə bir dərəcədə burulmuşdu ki, o, əllərindən qətiyyən istifadə edə bilmirdi.

Başqa bir pasient xanım “mədə xərçəngi” simptomlarından tam naümid hala düşmüşdü. Digər pasient qadınlar kürəklərində ağrıdan, başağrılarından, xroniki yorğunluqdan və qeyri-aydın ağrı hisslərindən əziyyət çəkirdilər. Onlar, həqiqətən də, ağrı hiss edirdilər. Lakin ən səhih tibbi müayinələr göstərirdi ki, pasient xanımların hamısı sağlamdır. Köhnə məktəbin bir çox həkimi deyərdi ki, bu, sadəcə olaraq, təxəyyüldür – “hər şey ürəkdədir”.

Lakin doktor Prett anlayırdı ki, onlara bunu demək faydasızdır: “Gedin evinizə və bunu yaddan çıxarın”. O bilirdi ki, bu qadınların əksəriyyəti xəstəlik həsrətində deyildir; əgər öz azarlarını asanlıqla yaddan çıxara bilsəydilər, onlar bunu edərdilər. Bəs belə olan halda nə etmək mümkün idi?

Doktor Prett skeptikcəsinə köklənmiş bir çox səhiyyə xadimlərinin etirazlarına baxmayaraq, öz kurslarını təşkil etdi. Və ona möcüzə törətmək müyəssər oldu! Açıldığı gündən keçən on səkkiz il ərzində bu kurslara gələn minlərlə adamın “dərdinə əlac” gətirdi. Onlardan bəziləri məşğələlərə illərdir, dindar insanların kilsəyə getdikləri mütəmadi dəqiqliklə gəlirdi. Doqquz ildən də çox müddət ərzində bir məşğələni belə buraxmayan qadınla mənim assistentim söhbət etmişdi.

Qadın demişdi ki, klinikaya birinci dəfə yollananda möhkəm əmin idi ki, onda səyriyən böyrək və ürəyinin hansısa bir xəstəliyi var. O, elə bir dərəcədə həyəcanlanmış və gərginləşmişdi ki, bəzən hətta görmə qabiliyyətini itirir və onda korluq pristupları baş verirdi. Lakin hazırda o, şəndir, özünə əmindir və özünü əla hiss edir.

Görkəmindən ona qırx yaş vermək olar, halbuki biz onunla görüşəndə dizləri üstündə nəvəsini oturtmuşdu. “Mən öz ailəmizdəki xoşagəlməz hallara görə o qədər çox narahat olurdum ki, – danışırdı o, – ölməyimi istəyirdim. Amma bu klinikada mən narahat olmağın mənasızlığını anladım. Mən onu dayandırmağı öyrəndim. Və indi təmiz ürəklə deyə bilərəm ki, hazırda həyatım təlatümsüzdür”.

Kursların tibb üzrə konsultantı doktor Roza Hilferdinq demişdir ki,  narahatlığın yüngülləşdirilməsinin, onun rəyinə görə, ən yaxşı vasitələrindən biri – “problemləriniz haqda etibar etdiyiniz adama danışmaqdır”. “Biz bunu katarsis adlandırırıq, – demişdi o. – Pasientlər məşğələlərə gələndə özlərini həyəcanlandıran hər şeyi ətraflı danışa bilərlər – ürəkləri boşalana qədər. Təklikdə keçirilən həyəcanlar öz problemlərini başqalarından gizlətmək istəyi çox böyük əsəb gərginliyinə gətirir.

Biz hamımız öz həyəcanlarımızı kiminləsə bölüşmək tələbatını duyuruq. Öz narahatlığını bölüşmək. Biz hiss etməliyik ki, dünyada bizi dinləməyə hazır olan və bizi başa düşməyi bacaran kimsə var”.

Assistentim bir pasient xanımın öz problemlərini danışandan sonra nə qədər böyük yüngüllük tapdığının şahidi olmuşdu. Onun evində problem var idi və hekayətini danışmağa başlayanda o, yay kimi gərilmişdi. Sonra isə o, tədricən, danışmağını davam etdirdikcə sakitləşməyə başladı. Söhbətinin axırında o hətta gülümsəyirdi də. Onu narahat edən problem həll olundumu? Xeyr, bu, o qədər də asan deyildi. Dəyişikliyi kiminləsə danışmaq imkanı hansısa bir məsləhət almaq və bir qədər insani dərdəşəriklik münasibəti doğurmuşdu. Dəyişikliyin əsl səbəbi sözlərdə ehtiva olunan, onların sehrli məlhəmedici qüvvəsi idi.

Psixoanalizin əsasında duran da məhz elə sözlərin bu məlhəmedici qüvvəsidir. Psixoanaliz üzrə mütəxəssislər hələ Freydin dövründən bilirlər ki, pasientlər daxili həyəcandan yüngüllük tapa bilərlər, əgər onlara ürəyindəkiləri deyib boşaltmaq, onlara vur-tut özlərini söndürmək imkanı verilirsə. Niyə belə baş verir? Ola bilsin ki, hekayət etmək prosesində bizi həyəcanlandıran problem daha dərindən dərk edir və onu düzgün işıq altında görürük. Cavabı heç kim tam dolğunluğu ilə bilmir. Amma biz hamımız bilirik ki, əgər düşündüklərimizi deyiriksə, ürəyimizi boşaldırıqsa, onda dərhal yüngülləşirik.

Beləliklə, sizdə emosional problem meydana çıxan kimi niyə də kimisə, bölüşə biləcəyiniz kimisə axtarmayasınız? Mən, sözsüz ki, ətrafdakı hamını öz gileylərimiz və deyinmələrimizlə bezdirmək haqda danışmıram. Etibar etdiyiniz bir adamı seçin və ondan sizinlə görüşməyi xahiş edin. Həmin adam qohumunuz, həkiminiz, hüquqşünas və ya keşiş ola bilər. Ona bu cür müraciət edin: “Mənim sizin məsləhətinizə ehtiyacım var. Qarşımda problem meydana çıxıb və istəyərdim ki, siz məni dinləyəsiniz. Ola bilsin ki, siz mənə məsləhət verə biləcəksiniz. Siz elə aspektləri görə bilərsiniz ki, bunları özüm görə bilmirəm. Lakin siz problemimi həll edə bilməsəniz də, məni, sadəcə olaraq, dinləməklə çox böyük kömək etmiş olarsınız”.

Lakin siz, həqiqətən də, hiss edirsinizsə ki, müraciət edə biləcəyiniz heç kim yoxdur, yenə də ümidsizliyə qapılmayın. Xüsusi olaraq yaradılmış “Həyatın xilas edilməsi Liqası”, mövcuddur ki, o, sizi bəlada qoymaz. Onun Boston xəstəxanasına heç bir aidiyyəti yoxdur. “Həyatın xilas edilməsi Liqası” – bu, dünyada ən qeyri-adi liqalardan biridir. Başlanğıcda o, intiharların qarşısının alınması məqsədilə yaradılmışdı. Lakin illər keçir və onun fəaliyyət sferası tədricən genişlənirdi. Liqa bədbəxtliyə düçar olmuş və emosional dəstəyə möhtac olanlara mənəvi dəstək göstərməyə başladı.

Pasientlərin öz həyəcanları barədə hekayətləri – Boston xəstəxanası nəzdindəki kurslarda tətbiq edilən əsas terapevtik metodlardan biridir. Lakin bəzi ideyalar da var ki, biz onları bu kurslardan əxz etmişik və əgər siz evdar qadınsınızsa, bunları öz evinizdə tətbiq edə bilərsiniz.

1.“Ruhlandırıcı” mütaliə üçün dəftər və ya qeyd kitabı aparın. Bura zövqünüzü oxşayan və əhvali-ruhiyyənizi yaxşılaşdıran şeirlərin və sitatların hamısını yapışdıra bilərsiniz. Əgər bir yağışlı gündə sizi qəm-qüssə bürüyərsə siz, ola bilsin, bu dəftərdə tutqun fikirləri dağıtmaq üçün resept tapa biləcəksiniz. Boston xəstəxanasının pasient xanımlarının bir çoxu bu cür dəftərləri illərlə aparır. Onlar deyirlər ki, bu, onların psixi halına “tonuslaşdırıcı iynə” kimi təsir göstərir.

2.Başqalarının çatışmazlıqları barədə çox fikirləşməyin! Ərinizin çatışmazlıqları, sözsüz ki, vardır. Əgər o, müqəddəs olsaydı, onda heç vaxt sizinlə evlənməzdi. Belədir? Tədricən qəzəbli deyingənə çevrilmiş, sifətində əldən düşdüyü ifadə olunmuş bir xanım dinləyicinin kurslarda sözünü bir dəfə qəfildən bu sualla kəsirlər: “Əriniz ölsəydi, nə edərdiniz?” Bu fikir onu elə sarsıtdı ki, yerinə oturdu və dərhal ərinin üstün cəhətlərindən ibarət siyahı tutdu. Bəlli oldu ki, bunlar heç də az deyilmiş. Əgər birdən ağlınıza gələrsə ki, simic tirana ərə getmisiniz, niyə də bu qadının nümunəsini təkrar etməyəsiniz? Ərinizin üstün cəhətlərinin siyahısını oxuyarkən, ola bilsin, aşkar edəcəksiniz ki, o elə sizing görüşmək istədiyiniz adamdır!

3.Öz qonşularınıza maraq göstərin! Sizinlə eyni bir küçədə yaşayan adamlara münasibətdə özünüzdə dostcanlı, sağlam maraq formalaşdırın. Kurslarda özünü elə bir dərəcədə “istisnasız” hesab edən xanım pasient var idi ki, onun dostları yox idi. Məşğələlərdə ona rastlaşdığı birinci adam barədə hekayə yazmaq təklif olundu. Tramvayda getdiyi zaman o, gördüyü adamların tərcümeyi-hallarını və həyat şəraitləriylə əlaqədar hekayələr fikirləşməyə başladı. O, onların həyatının necə cərəyan etdiyini təsəvvür eləməyə çalışırdı. İndi həmin qadın harada olsa belə, insanlarla söhbətə başlayır və artıq xoşbəxt, ünsiyyətcil və mehriban, öz “əzablarından” canını qurtarmış adam olub.

4.Yatmağa getməzdən əvvəl növbəti gün üçün plan tərtib edin. Kurslarda keçirilən məşğələlərdə aşkar olundu ki, həyat yoldaşlarının bir çoxu – özlərini ev işlərinin və boynuna düşən vəzifələrin sonu olmayan dairəsində duyduqlarına görə – özlərini küncə qısnanmış və əsəbləri pozulmuş kimi hiss edirlər. Onlar evin işlərini heç vaxt görüb qurtara bilmirlər. Onların vaxtı həmişə çatışmır. Daim tələsmək və narahat olmaqdan yaxa qurtarmaq üçün onlara hər axşam növbəti gün üçün plan tərtib etmək məsləhət görülürdü.

Və nə baş verdi? Onlar daha çox iş görə bilir, daha az yorulurdular. Onlar öz əməklərinə görə qürur və məmnunluq hissi qazandılar. Onların dincəlmək və özlərinə qulluq etmək üçün vaxtları peyda oldu.

(Hər bir qadın öz görkəmiylə məşğul olmaq üçün gün ərzində vaxt tapmalıdır.

Şəxsən mənə belə gəlir ki, qadın gözəl göründüyünü biləndə o əsəbiləşməyə də son qoyur).

5.Və nəhayət, gərginlikdən və yorğunluqdan qaçın. Özünüzü süstləşdirin! Özünüzü süstləşdirin! Gərginlik və yorğunluq qədər başqa heç nə insanı vaxtından əvvəl qocaltmır. Cavanlığınızı və gözəlliyinizi yorğunluq qədər başqa heç nə dağıtmır! Boston xəstəxanasında fikirlər üzərində nəzarət üzrə kursların məşğələlərində kursların rəhbəri professor Pol E.Conson bir çox prinsiplər, bizim əvvəlki fəsildə haqqında artıq danışdığımız – özünü süstləşdirmək qaydaları haqda danışanda assistentim bütöv bir saat sinifdə oturmuşdu.

Assistentim həmin süstləşdirici məşqləri başqaları ilə birlikdə on dəqiqə yerinə yetirəndən sonra öz stulunda dik oturduğu vəziyyətdə, demək olar, yuxuya getmişdi. Fiziki süstləşməyə niyə belə böyük diqqət ayrılır? Ona görə ki Boston xəstəxanasının həkimləri – elə başqa həkimlər kimi – bilirlər ki, pasientləri narahatlıq pristupundan müalicə etmək üçün onlara özlərini süstləşdirməyi öyrətmək lazımdır.

Gerçəklikdə də, əgər siz evdar qadınsınızsa, süstləşməlisiniz. Sizin bir böyük üstünlüyünüz var: siz istənilən məqamda uzana bilərsiniz. Siz hətta döşəmənin üstündə də uzana bilərsiniz! Nə qədər qəribə olsa da, yaxşı möhkəm döşəmə süstləşdirici məşqlər üçün yaylı döşəkli çarpayıdan qat-qat çox yarayır. Döşəmə daha çox müqavimət göstərir. Bu, fəqərə sütunu üçün faydalıdır. İndi isə, budur, sizin evdə yerinə yetirə biləcəyiniz bir neçə məşq. Onları heç olmasa bir həftə yerinə yetirməyə cəhd edin və əhvali-ruhiyyənizin və xarici görüşünüzün necə yaxşılaşacağını görəcəksiniz.

a.Yorğunluq hiss edən kimi üzü üstə döşəməyə uzanın. Bütün gücünüzlə dartının, əgər istəyirsinizsə, bir böyrünüzdən o birinə yumalanın. Bunu gündə iki dəfə edin.

b.Gözlərinizi yumun. Siz professor Consonun məsləhət elədiyi kimi, nə isə buna oxşar sözlər deyə bilərsiniz: “Göydə günəş gur işıq saçır. Mənim üzərimdə parıltılı mavi göydür. Təbiət sakitdir və o, dünyanı idarə edir. Mən isə təbiətin övladı olaraq kainatla harmoniya halındayam”.

c.Bəlkə sobada ət qızartdığınıza görə uzanmaq imkanınız yoxdur? Nə etmək, stula əyləşsəniz də, demək olar, eyni effekt əldə oluna bilər. Düz söykənəcəyi olan bərk stul süstləşmək üçün hər şeydən yaxşı yarayır. Oturan halda yonulmuş qədim Misir heykəli kimi dik oturun, əllərinizi isə ovucları aşağı vəziyyətdə ombanızın üst hissəsinə söykəyin.

d.İndi ayaq barmaqlarınızı yavaş-yavaş gərin – sonra onları boşaldın. Ayaqların əzələlərini gərin – sonra onları boşaldın. Bunu yavaş-yavaş yuxarı qalxaraq, boynunuza çatana qədər bədəninizin bütün əzələləri ilə edin. Ardınca yavaş-yavaş başınızla fırlanma hərəkətini edin, sanki o, futbol topudur. Öz əzələlərinizə təkrar-təkrar deyin (əvvəlki fəsildə olduğu kimi) “Sakitcə dincəlin… Sakitcə dincəlin…”

e.Öz əsəblərinizi aramlı rəvan nəfəs almaqla sakitləşdirin. Dərindən nəfəs alın. Hindistan yoqaları haqlı idilər: ritmik tənəffüs – əsəbləri sakitləşdirmək üçün nə vaxtsa kəşf olunmuş ən yaxşı metodlardan biridir. f.Sifətinizdəki qırışlar və büküklər haqda fikirləşin və onların hamısını hamarlayın. Qaşqabaq tökəndə qaşlarınızın arasında yaranan bükükləri, həmçinin də ağzınızın künclərindəki bükükləri hamarlayın. Bunu gündə iki dəf etsəniz, masaj almaq üçün gözəllik salonuna getməyinizə ehtiyac olmayacaq. Ruhi vəziyyətinizin yaxşılaşması, ola bilsin, görkəminizi də yaxşılaşdıracaqdır.

Yorğunluğu və narahatlığı qabaqlamaqda sizə kömək edəcək dörd yaxşı əmək vərdişi

Yaxşı əmək vərdişi – № 1: Yazı stolunuzun üstünü hazırda həll olunan problemlə bağlı olanlardan başqa bütün kağızlardan azad edin.

Çikaqo və Şimal-Qərb dəmiryol kompaniyasının prezidenti Roland L.Uilyame deyir: “Müxtəlif suallar üzrə sənədlərin iş stolunda qalaqlandığı adam yalnız indicə həllini gözləyən problemlə bağlı kağızları saxlayıb, stolu boşaldarsa, işinin qat-qat asanlaşdığını və məhsuldar olduğunu hiss edər. Mən bunu yaxşı ev təsərrüfatçılığı adlandırıram və bu – effektivliyə doğru birinci addımdır”. Əgər siz Vaşinqtonda Konqresin kitabxanasını ziyarət etmisinizsə, orada tavanda yazılmış sözlər diqqətinizi cəlb etməlidir.

Həmin sözləri şair Pop deyib: “Nizam – göylərin birinci qanunudur”. Nizam işgüzar fəaliyyətdə də birinci qanun olmalıdır. Amma bu, belədirmi? Xeyr, orta biznesmenin yazı stolu onun bir həftə ərzində gözdən keçirməyə eləcə də vaxt ayırmadığı kağızlarla qalaqlanıb. Həqiqətən də, Yeni Orlean ştatında bir qəzet naşiri, necə oldusa, mənə danışmışdı ki, katibəsi onun stollarından birinin üstünü qaydaya salırdı və iki il əvvəl itirilmiş çap makinasını tapdı.

Cavabsız qoyulan məktublarla, məruzələr və yaddaş qeydləriylə qalaqlanan stolun yalnız təkcə görkəmi başı itirməyə, gərginliyə və narahatlığa səbəb olur. Amma ən qorxulu olan heç bu da deyildir. Bu, “milyonlarla yerinə yetirilməyən iş və onları yerinə yetirmək üçün vaxtın yoxluğu” ilə bağlı daimi xarakterli xatırlatma sizdə təkcə gərginlik və yorğunluq deyil, həm də qan təzyiqinin yüksəlməsini, ürəyin fəaliyyətinin pozulmasını və mədə xorasını doğura bilər. Pensilvaniya Universitetinin tibb fakültəsinin professoru, doktor Con H.Stouks Amerika Səhiyyə Assosiasiyasınin Milli Qurultayında məruzə ilə çıxış etmişdi. Məruzənin adı belə idi: “Funksional nevrozlar üzvi xəstəliklərin fəsadları kimi”.

Doktor Stouks həmin məruzədə “Pasientin psixiki vəziyyəti necə ola bilər” başlığı altında on bir hal sadalamışdı. Həmin siyahının birinci bəndi bu idi: “İnsanın nəyisə etməli olduğu və ya nəyisə etməyə borclu olduğu ilə bağlı daimi hiss; etmək zəruri olan işlərin sonsuz silsiləsi”.

Yazı stolunun qaydaya salınması və qərar qəbul edilməsi kimi elementar prosedura yüksək qan təzyiqindən, insanın nə isə etməyə borclu olduğu ilə bağlı daimi hissdən, qarşıda duran və etmək, sadəcə olaraq, zəruri olan işlər silsiləsindən qaçmaqda sizə nə cür kömək edə bilər? Məşhur psixiatr doctor Uilyam L.Sedler bu adi vəsaiti istifadə etməklə əsəb pozuntusunun qarşısını almağa müvəffəq olan pasient haqqında danışır.

Söhbət Çikaqonun bir iri firmasının inzibatçısı haqqında gedir. O, doktor Sedlerin kabinetinə daxil olanda gərginlik içində, əsəbi və narahat halda idi. O bilirdi ki, indicə “üzüaşağı burulğana düşəcək”, lakin onun öz işini qoyub getmək imkanı yox idi. O, köməyə möhtac idi.

“Bu adam mənə öz həyatından danışanda, – deyir doktor Sedler, – otağımda gözlənilmədən telefon zəng çaldı. Xəstəxanadan zəng edirdilər. Məsələni təxirə salmaq əvəzinə, mən məhz həmin məqamda qərar qəbul etdim. Mən imkan daxilində məsələləri dərhal həll edirəm. Heç dəstəyi yerinə asmağa macal tapmamış yenidən zəng gəldi. Bir təcili işi müzakirə etməli idim və buna vaxt tələb olunurdu. Bizim söhbətimizi üçüncü dəfə, ağır xəstə ilə bağlı məsləhətimə ehtiyacı olan həmkarım otağıma daxil olanda kəsdilər.

Onunla söhbəti bitirdikdən sonra yanıma gələnə müraciət etdim və onu gözləməyə məcbur elədiyim üçün üzr istəməyə başladım. Lakin o, qəfildən şənləndi. Onun sifəti tamamilə dəyişdi”.

“Üzr istəməyin, həkim, – dedi o, Sedlerə. – Son on dəqiqə ərzində məndə nəyin düzgün olmadığını başa düşdüm.

Mən öz kontoruma qayıdacağam və işimin prinsiplərinə yenidən baxacağam… Lakin getməzdən əvvəl izin verin yazı stolunuzu gözdən keçirim”.

Doktor Sedler stolun siyirmələrinin hamısını çəkib çıxartdı. Hamısı boşdur – indicə gələn poçtdan başqa heç nə. “Mənə bircə bunu deyin ki, – pasient soruşdu, – bəs tamamlanmamış işləri harada saxlayırsınız?”

“Tamamlanmamış iş yoxdur!” – Sedler cavab verdi.

“Bəs cavab verməyə macal tapmadığınız məktubları harada saxlayırsınız?”

“Məktubların hamısına cavab verilib! – dedi ona Sedler. – Mənim qaydam var – məktublara dərhal cavab verilməlidir. Cavabı dərhal katibimə diktə edirəm”.

Altı həftədən sonra elə həmin inzibatçı doktor Sedleri öz kontoruna dəvət etdi. O dəyişmişdi. Onun yazı stolunun görkəmi də dəyişmişdi. O, siyirmələri çəkib çıxartdı və onlarda tamamlanmayan heç bir iş yox idi. “Altı həftə qabaq, – dedi o, – iki kontorumda üç yazı stolum var idi və onlar topa-topa sənədlərlə qalaqlanmışdı.

Mən işləri heç cür başa çatdıra bilmirdim. Sizinlə söhbət edəndən sonra bura qayıtdım və bütöv bir vaqon məruzə və köhnə hesabat tulladım. İndi bir stolun arxasında işləyirəm, məsələləri onların daxil olma ardıcıllığı ilə həll edirəm və üstümə tökülmüş və məndə əsəbilik və narahatlıq doğuran dağ boyda tamamlanmamış işdən canımı qurtarmışam. Lakin ən heyrətamiz olanı tamamilə sağalmağımdır. İndi sağlamlığım tam qaydasındadır”.

Birləşmiş Ştatların keçmiş baş hakimi Çarlz Evans Hyuz demişdi: “İnsanlar işin çoxluğundan ölmürlər. İnsanlar qüvvələrinin mənasız itirilməsindən və narahatlıqdan ölürlər”. Bəli, enerjinin mənasız itirilməsindən və öz işlərini heç vaxt yerinə yetirə bilməyəcəklərini güman etdiklərinə görə.

Yaxşı əmək vərdişi – № 2: İşləri onların vaciblik ardıcıllığı ilə həll edin.

Şəhərlərə xidmət göstərilməsi üzrə ümummilli kompaniyanın əsasını qoyan Henri L.Dohert demişdi ki, işçiyə hansı məbləğdə məvacib ödəməsindən asılı olmayaraq, iki qabiliyyəti aşkar etmək onun üçün, demək olar, qeyri-mümkün olub.

Söhbət iki qiymətsiz qabiliyyətdən gedir: birincisi – fikirləşmək qabiliyyəti. İkincisi, işləri onların vacibliyi ardıcıllığı ilə həll etmək qabiliyyəti.

Qara günü üçün bir senti də olmadan cavan oğlan, Çarlz Lakman on iki il ərzində “Pepsodent” kompaniyasının prezidenti vəzifəsinədək yüksəldi, ildə yüz min dollar almağa başladı və bununla yanaşı, üstəlik də bir milyon dollar qazandı – deməli, belə, həmin bu cavan oğlan bildirir ki, öz uğurları üçün daha çox özünün iki – Henri L.Dohertinin sözlərinə görə, demək olar, heç vaxt tapa bilmədiyi – qabiliyyətinə minnətdardır.

Çarlz Lakman deyib: “Səhər saat beşdə durmaq adətini özümdə artıq çoxdan vərdişə çevirmişəm, çünki bu vaxt günün istənilən başqa hissəsindən daha yaxşı fikirləşirəm – həmin vaxt daha yaxşı fikirləşir və öz günümü daha yaxşı planlaşdırıram, elə planlaşdırıram ki, işləri onların vacibliyi ardıcıllığı ilə görüm”.

Amerikanın ən çox uğur qazanan sığorta agentlərindən biri, Franklin Bettcer öz gününü planlaşdırmaq üçün səhər saat beşə qədər gözləmir. O, bunu sabahkı gündən əvvəl axşam vaxtında edir: öz qarşısına müəyyən məqsəd qoyur – növbəti gün müəyyən sayda sığorta polisi satmaq. Planını tam şəkildə yerinə yetirmək ona müyəssər olmursa, satılmayan polisləri növbəti gün satmalı olduğu polislərin üzərinə əlavə edir və ilaxir.

Çoxillik təcrübəm əsasında bilirəm ki, işləri onların vacibliyi ardıcıllığı ilə həll etmək həmişə müyəssər olmur, lakin həm də bunu bilirəm ki, işləri görəgörə improvizə etməklə müqayisədə işlərin növbəliliyinin heç olmasa təqribi planlaşdırılması sonsuz qədər daha faydalıdır.

Əgər Corc Bernard Şou möhkəm qaydaya – ilk növbədə ən vacib işləri görmək qaydasına əməl etməsəydi, o, ola bilsin, yazıçı ola bilməz və ömürlük bank xəzinədarı qalardı. Onun planına uyğun olaraq, hər gün beş səhifə yazmaq tələb olunurdu. Bu plan və qarşısına qoyduğu vəzifənin yerinə yetirilməsində inadkarlığı onu xilas etdi. Bu plan onu ruhlandırdı: işıq ucu görünməyən doqquz il ərzində hər gün, heç nəyə baxmayaraq, beş səhifə yazmaq. Hərçənd o, bu doqquz il ərzində cəmi otuz dollar qazanmışdı – hər gününə təqribən bir penni.

Yaxşı əmək vərdişi – № 3: Qarşınızda problem meydana çıxanda, əgər qərar qəbul etmək üçün sərəncamınızda zəruri faktlar varsa, onu dərhal həll edin. Həlli təxirə salmayın.

Keçmiş dinləyicilərimdən biri, mərhum H.P.Hauell mənə danışmışdı ki, o, “Y.S.Stil” poladtökmə kompaniyasının idarə heyətinin üzvü olanda idarə heyətinin iclasları tez-tez uzanırdı. İclaslarda çoxlu problem müzakirə olunur və az qərar qəbul edilirdi. Nəticədə idarə heyətinin üzvləri hər gün evə bir qalaq sənəd aparmalı olurdular ki, onları öyrənə bilsinlər.

Əvvəl-axır cənab Hauell idarə heyətinin üzvlərini hər dəfə yalnız bir problemi nəzərdən keçirməyə və onu həll etməyə inandıra bildi. Hər hansı bir problemlə bağlı həll əlavə faktların axtarışından asılı ola bilərdi; hansısa hərəkətlər nəzərdə tutula və ya ümumiyyətlə, heç bir tədbir görülməyə bilərdi. Lakin növbəti problem ondan əvvəlki həll olunmadan nəzərdən keçirilmirdi. cənab Houell danışırdı ki, nəticələr heyrətamiz və məhsuldar idi: iclasın gündəliyi baxılıb başa çatdırılırdı.

Yubadılmış işlər yox idi. İdarə heyətinin üzvləri evə qucaq-qucaq sənəd aparmırdılar. Və idarə heyətinin üzvləri həll olunmayan problemlərə görə onları təqib edən narahatlıq hissindən azad oldular.

Bu yalnız “Y.S.Stil” kompaniyasının idarə heyəti üçün yox, həm də sizin və mənim üçün yaxşı qaydadır.

Yaxşı əmək vərdişi – № 4: İşi təşkil etməyi, məsuliyyəti başqasına ötürməyi və nəzarəti həyata keçirməyi öyrənin.

İşgüzar adamların bir çoxu özlərini vaxtından əvvəl məzara ona görə çatdırır ki, vəzifələri başqalarına ötürməyi eləcə öyrənə bilməyib, özləri hər şeyi etməyə can atırlar. Nəticə? Adam xırdalıqların içində itib-batır, dolaşıqlıq yaranır. Onu daima tələsmək hissi, narahatlıq, həyəcan və gərginlik bürüyür. Vəzifələri və məsuliyyəti ötürmək çətindir, mən bunu bilirəm. Mənim üçün bu, açıq-aşkar çətindir, dəhşətli dərəcədə çətindir.

Öz təcrübəmdən həm də bunu bilirəm ki, məsuliyyəti bu iş üçün yaramayan adama ötürməklə nə kimi fəlakətlər baş verə bilər. Lakin məsuliyyəti başqa adama ötürmək nə qədər çətin olsa da, inzibatçı bunu etməlidir, əgər o, narahatlıqdan, gərginlikdən və yorğunluqdan qaçmaq istəyirsə.

İri müəssisə yaradan və onun fəaliyyətini təşkil etməyi, məsuliyyəti ötürməyi və nəzarəti həyata keçirməyi öyrənməyən adam əlli-altmış beş yaşlarında gərginlik və narahatlığın doğurduğu hansısa ürək xəstəliyi qazanır, adətən. Konkret nümunə lazımdır? Yerli qəzetinizdə verilən başsağlıqlarını oxuyun.

Yorğunluq, narahatlıq və incikliyi doğuran darıxmaq hissini necə aradan qaldırmalı

Yorğunluğun əsas səbəblərindən biri darıxmaqdır. Bunu sizin küçənizdə yaşayan Alisanın nümunəsində aydınlaşdırmaq olar. Alisa bir dəfə işdən evə tamamilə əldən düşmüş halda qayıtmışdı. Belə görünürdü ki, o, yorğunluqdan heç ayaq üstə dayana bilmir. Və Alisa, həqiqətən də, yorğun idi. Onun başı ağrıyırdı. Beli ağrıyırdı. Onun bircə arzusu var idi: şam yeməyini gözləmədən uzanıb yatmaq. Anası ona yalvarırdı…

Alisa stolun arxasına əyləşdi. Birdən telefon zəng çaldı. Zəng edən onun dostu idi. Rəqs meydançasına getməyə dəvət edirdi. Alisanın gözləri parladı. Onun əhvali-ruhiyyəsi dərhal yüksəldi. O qaçaraq yuxarı, öz otağına qalxdı, ecazkar mavi paltarını geyindi və səhər saat üçə qədər rəqs etdi; o, evə qayıdanda isə qətiyyən əldən düşmüş kimi görünmürdü. O, sevincdən elə cuşa gəlmişdi ki, heç yuxuya da gedə bilmirdi.

Səkkiz saat əvvəl Alisa əldən düşmüş kimi görünəndə və özünü müvafiq surətdə aparanda o, həqiqətənmi, yorğun idi? Şübhəsiz. Alisa ona görə həqiqətən əldən düşmüşdü ki, iş, ola da bilsin, həyat onu darıxdırıb. Belə Alisalar milyonlarladır. Ola bilsin, siz də onlardan birisiniz.

Hamı bilir ki, bizim emosional əhvali-ruhiyyəmizi fiziki gərginlikdən çox yorğunluq doğurur. Bir neçə il əvvəl Cozef E.Barmak “Psixoloji arxivlər” jurnalında özünün keçirdiyi, darıxmanın yorğunluğu necə doğurduğunu göstərən bəzi eksperimentləriylə bağlı hesabat dərc etdirmişdi. Doktor Barmak bir qrup tələbəyə bir sıra testi yerinə yetirməyi təklif etmişdi ki, həmin testlər tələbələri maraqlandıra bilməzdi – bunu doktor Barmak özü də bilirdi. Nəticə?

Tələbələr yorğunluq və yuxusuzluqdan, başağrısından və gözlərinin yorulduğundan şikayət etməyə başladılar, əsəbi oldular. Bəzilərində hətta mədə pozuntusu da müşahidə olunurdu. Bütün bunlar “təxəyyülün işi” idi? Xeyr. Həmin tələbələrin metabolizmi tədqiq olunmuşdu. Nəticələr göstərdi ki, adam darıxanda orqanizmdə qanın təzyiqi və qanın oksigen təminatı, həqiqətən də, aşağı düşür. Lakin adam işə maraq hiss edən və ondan həzz almağa başlayan kimi orqanizmdə bütün maddələr mübadiləsi ani olaraq yaxşılaşır.

Maraqlı və əyləncəli nə iləsə məşğul olanda biz nadir hallarda yoruluruq. Məsələn, bu yaxınlarda mən Kanadada, Qayalıq Dağlarda Luiz gölünün yaxınlığında dincəlirdim. Bir neçə gün Korral-Krik bulağında alabalıq (forel) tuturdum. Boyumdan hündür kol-kosluqdan keçməli, yıxılmış ağacların gövdələrini adlamalı olurdum və bununla belə, səkkiz saatlıq səyahətdən sonar yorulmurdum. Nə üçün?

Ona görə ki yaxşı əhvali-ruhiyyədə idim, günümü yaxşı keçirdiyimi hiss edirdim: axı mən altı çox böyük alabalıq tutmuşdum. Amma balıq ovunu darıxdırıcı iş hesab etsəydim, onda bu, necə düşünürsünüz, mənim fiziki halımda nə cür əks olunardı? Özümü yeddi min fut yüksəklikdə gərgin işdən əldən düşmüş halda hiss edərdim.

Hətta alpinizm kimi çətin idman növü ilə məşğul olan adamlarda da darıxmaq əhəmiyyətli dərəcədə böyük fiziki səylərdən çox yorğunluq doğura bilər. Məsələn, Minneapolis şəhərində Fermerlərin və Mexaniklərin Əmanət Bankının prezidenti cənab S.H.Kinqmen mənə bu tezis üçün əla illüstrasiya olan bir hadisə haqqında danışmışdı.

1943-cü ilin iyulunda Kanada hökuməti Kanada alpinistlər klubuna müraciət edərək “Uels şahzadəsi adına diversiya-kəşfiyyat alayı”nın alpinizm üzrə məşqlər keçməsi üçün bələdçilər ayırmasını xahiş etmişdi. Həmin əsgərlərlə məşqlərin keçirilməsi tapşırılan bələdçilərin sırasında cənab Kinqmen də var idi. cənab Kinqmen danışırdı ki, özü və qırx iki yaşdan əlli doqquz yaşa qədər digər bələdçi-kişilər cavan əsgərlər üçün buzlaqlardan və qar çöllərindən uzunmüddətli keçidlər təşkil edir, onlar kəndirlərin və ayaqlar üçün xırdaca və əllər üçün etibarsız dayaqların köməyi ilə qırx fut hündürlüyündə sıldırım qayalara dırmaşırdılar.

Onlar Kanadanın Qayalıq Dağlarındakı Littl-Yoho dərəsində Maykl pikinə, Vitse-prezident pikinə və digər adsız zirvələrə dırmaşırdılar. Əla fiziki formada olan həmin cavan adamlar (onlar lap bu yaxınlarda diversiya-desant qoşunları döyüşçülərinin hazırlığı üzrə altıhəftəlik heç də asan olmayan kursları bitirmişdilər) on beş saat ərzində bu dağlara dırmaşandan sonra tamamilə heydən düşmüş vəziyyətdə olurdular.

Onların yorğunluğunu doğuran bu idi ki, hazırlıq kurslarında məşq etdirilməyən əzələlərini istifadə edirdilər? Diversiya-desant qoşunları düşərgəsində hazırlıq keçmiş istənilən əsgər bu cür sarsaq suala bərkdən gülərdi. Xeyr, əsgərlər yalnız buna görə heydən düşmüşdülər ki, dağ yamacları ilə dırmaşmaq onlar üçün darıxdırıcı idi. Onlar elə yorulmuşdular ki, əksəriyyəti heç şam yeməyini gözləmədən yuxuya getmişdi.

Bəs bələdçilər özlərini necə hiss edirdilər? Axı onlar əsgərlərdən iki və hətta üç dəfə yaşlı idilər. Onlar yorulmuşdular? Bəli, yorulmuşdular, amma heydən düşməmişdilər. Onlar şam yeməyini yedikdən sonra gün ərzində baş verənləri hələ bir neçə saat da müzakirə etmişdilər. Bələdçilər buna görə yorğunluq hiss etmirdilər ki, onlara maraqlı idi.

Kolumbiya Universitetindən doktor Edvard Torndayk yorğunluğun öyrənilməsi üzrə eksperiment keçirəndə cavan adamlara fövqəladə dərəcədə maraqlı iş tapşıraraq, onlara, demək olar, bir həftə ərzində yatmağa imkan vermirdi. Uzun tədqiqatlardan sonra doktor Torndayk, bildirildiyi kimi, bu qənaətə gəldi: “İş qabiliyyətinin aşağı düşməsinin yeganə əsl səbəbi darıxmaqdır”.

Əgər siz əqli əməklə məşğulsunuzsa, onda görülmüş işin həcmindən nadir hallarda yorulursunuz. Siz yerinə yetirməyi çatdırmadığınız işdən yorula bilərsiniz. Məsələn, yəqin, yadınızdadır ki, keçən həftə sizi işdən daim ayırırdılar. Siz məktublara cavab vermədiniz. Təyin olunmuş görüşlər baş tutmadı. Orada və burada xoşagəlməz hallar. Həmin gün hər şey kəlləmayallaq getdi. Siz heç nəyi çatdırmadınız, amma evə haldan düşmüş vəziyyətdə və başağrısı ilə getdiniz.

Növbəti gün kontorda hər şey yağ kimi gedirdi. Siz əvvəlki günlə müqayisədə qırx dəfə çox iş görməyə müyəssər oldunuz. Evə qıvraq qayıtdınız və görkəminizdən yorğun olduğunuzu qətiyyən demək olmazdı. Sizdə belə olubmu? Məndə də olub.

Bundan nə kimi dərs hasil olur? Yalnız bir: çox vaxt yorğunluğu doğuran iş yox, narahatlıq, əlacsızlıq və inciklik hissidir.

Bu fəslin üzərində işlədiyim mərhələdə mən Cerom Kernin “Üzən teatr” məftunedici musiqili komediyasının quruluşuna baxmağa getdim. Kapitan Endi – “Pambıq kolunun zaman gəmisinin kapitanı” öz fəlsəfi interlüdiyalarından birində deyir: “Yalnız o adamlar xoşbəxtdirlər ki, onlar özlərinə zövq verən işlə məşğul ola bilirlər”. Bu adamlar ona görə xoşbəxtdirlər ki, onlarda enerji daha çoxdur, daha xoşbəxtdirlər, az narahatdırlar və az yorulurlar.

Maraqlarımız hara yönəlibsə, bizim enerjimiz də ora istiqamətlənibdir. Sizə valeh olan sevgilinizlə on mil məsafəni getmək deyingən həyat yoldaşı ilə on kvartalı keçməkdən az yorucu ola bilər.

Hə, nə olsun ki? Siz bununla bağlı nə edə bilərsiniz? Oklahoma ştatı, Talsa şəhərində yerləşən bir neft firmasında işləyən stenoqrafçı xanım bax belə etmişdi. Hər ay bir neçə gün ərzində ona təsəvvür edilməsi mümkün olan ən darıxdırıcı işlərdən birini etmək lazım gəlirdi: neft yataqlarının icarəyə götürülməsi haqda çap olunmuş müqavilələri, rəqəmləri və statistik məlumatları yerinə qoyaraq doldurmaq. İş elə bir dərəcədə darıxdırıcı idi ki, o, bu işi özünümüdafiə qismində maraqlı etməyi qərara aldı.

Necə? Qız hər gün öz-özü ilə yarışırdı. Hər səhər doldurduğu blankları sayır, sonra isə gün ərzində bundan çox doldurmağa çalışırdı. Günün axırında o, doldurduğu sənədləri yenə də sayır və növbəti gün bundan da çox yerinə yetirməyə çalışırdı. Nəticə? Tezliklə o, bu darıxdırıcı blankları öz şöbəsində işləyən istənilən stenoqrafçı qızdan çox doldururdu. O, bunun müqabilində nə qazandı? Tərif? Xeyr… Təşəkkür? Xeyr… Lakin o, darıxmaqdan doğan yorğunluqdan yaxasını qurtara bildi. Onun psixiki stimulyatoru meydana çıxdı. Darıxdırıcı işi maraqlı etmək istəyi qıza enerji və entuziazm gətirdi.

O, boş vaxtlarında qat-qat çox sevinc alırdı. Təsadüfən belə alınıb ki, bu hadisənin doğru olduğu mənə bəllidir – axı mən həmin qızla evlənmişəm.

Bu isə başqa bir stenoqrafçı qızın əhvalatıdır ki, o, işinin guya maraqlı olduğu kimi fəaliyyət göstərməyin məna kəsb etdiyinə əmin olub. Keçmişdə o, işini yerinə yetirmək üçün çox böyük səy göstərməli olurdu. Lakin indi vəziyyət dəyişib. Onun adı xanım Velli C.Qoldendir. O, mənə bax bunu yazıb:

“Kontorumuzda dörd stenoqrafçı qız işləyir və bizdən hər birimizə bir neçə əməkdaşın məktublarını yazmaq tapşırılır. Bəzən elə olur ki, biz bu cür tapşırıqların altında itib-batırıq. Bir dəfə, şöbəmizin müdir müavini uzun məktubu yenidən çap etməyimi təkid edəndə hiddətləndim. Onu inandırmağa çalışırdım ki, təkrar çap etmək tələb olunmur və məktuba bunsuz da düzəliş etmək olar. Müdir müavini cavab verdi ki, əgər mən bundan imtina etsəm, onda o, bu işi etməyə razı olan başqa bir adam tapacaq!

Qəzəbdən özümdən çıxmışdım. Lakin mən həmin məktubu yenidən çap etməyə başlayanda qəfildən başa düşdüm ki, çoxları özünü xoşbəxt hesab edərdi, əgər mənim etdiyim işi ala bilsəydi. Və üstəlik də mənə məhz bu işə görə maaş verirdilər. Əhvali-ruhiyyəm yaxşılaşdı. Nəhayət, belə işləməyi qərara aldım ki, işim guya mənə zövq verir, hətta ona nifrət etdiyimə belə baxmayaraq. Onda mən növbəti vacib kəşfi etdim: əgər işimi ondan elə bil, həqiqətən də, zövq aldığım kimi yerinə yetirərəmsə, bu halda işimdən hansısa bir dərəcədə gerçəklikdə də zövq alacağam. Mən bunu aşkar etdim ki, zövqlə işləyəndə daha sürətlə işləyirəm.

Buna görə də məndə işdən sonra qalıb işləmək zərurəti nadir hallarda meydana çıxır. İşə dəyişən münasibətimin sayəsində yaxşı işçi reputasiyasını qazandım. Şöbə rəhbərlərindən birinə şəxsi katibə tələb olunanda o məhz məni seçdi, çünki özünün dediyi kimi, mən əlavə işi məmnunluq hissiylə yerinə yetirməyə razıyam. “Psixoloji əmrin dəyişməsinin bu nəticəsi, – yazırdı xanım Qolden, – mənim üçüm fövqəladə dərəcədə vacib kəşf oldu. O, möcüzə törətdi!”

Xanım Veli Qolden özünə bununla bağlı, ola bilsin, hesabat belə vermədən məşhur fəlsəfi “elə bil ki” prinsipini istifadə etmişdir. Uilyam Ceyms bizə belə hərəkət etməyi tövsiyə edir ki, biz “elə bil ki” cəsarətliyik və biz cəsarətli olacağıq, özümüzü “elə bil ki” xoşbəxtik kimi aparaq və biz özümüzü xoşbəxt hiss edəcəyik və ilaxir.

Özünüzü elə aparın ki, iş “elə bil ki” sizin xoşunuza gəlir. Əvvəl bu, oyun kimi olacaq, ardınca isə sizdə işinizə münasibətdə əsl maraq meydana çıxa bilər. Bu həm də yorğunluğunuzu, gərginliyinizi və narahatlığınızı azaldacaq.

Bir neçə il əvvəl Harlan A.Hauard öz həyatını tamamilə dəyişən bir qərar qəbul etdi. O, darıxdırıcı işi maraqlı etməyi qət elədi. Onun işi isə, həqiqətən də, darıxdırıcı idi: başqa oğlanlar topla oynadıqları və ya qızlarla deyib-güldükləri vaxt o, qab-qaşığı yumalı, piştaxtaları silməli və məktəb yeməkxanasında dondurma satmalı idi.

Harlan Hauardın öz işini görməyə gözü yox idi, lakin çıxıb getmək imkanı olmadığından o, dondurmaya aid olan hər şeyi öyrənməyi qərara aldı – onu necə hazırlayırlar, onun tərkibini, nə üçün bir növ başqasından daha yaxşıdır. O, dondurma istehsalının kimyəvi texnologiyasını öyrəndi və orta məktəbdə kimya kursları üzrə ən yaxşı dinləyici oldu. O, ərzaq məhsullarının kimyası ilə indi elə bir dərəcədə maraqlanmışdı ki, Massaçusets ştatının kollecinə daxil oldu və ərzaq texnologiyası sahəsi üzrə ixtisaslaşdı.

Nyu-Yorkun kakao firması kakao və şokoladın istifadə olunması ilə bağlı ən yaxşı tələbə məruzəsi üzrə konkurs elan edəndə və yüz dollar məbləğində mükafat təyin eləyəndə, necə fikirləşirsiniz, kim qalib oldu?.. Bəli, düz tapdınız. Harlan Hauard.

O, iş axtararkən çətinlklərlə üzləşdiyindən Massaçusets ştatının Amherst şəhərində öz evinin zirzəmisində şəxsi laboratoriya açdı. Bundan bir qədər sonar yeni qanun qüvvəyə mindi. Süddəki bakteriyaların sayının hesablanması tələb olunurdu. Harlan A.Hauard tezliklə Amherstdə on dörd firma üçün süd məhsullarında bakteriyaların sayını hesablayırdı və ona hətta iki köməkçi də tutmaq lazım gəldi.

Siz necə fikirləşirsiniz, iyirmi beş ildən sonra onu nə gözləyir? Həqiqətən də, ərzaq kimyası sahəsində fəaliyyət göstərən indiki aparıcı mütəxəssislər o vaxt üçün pensiyaya çıxacaq və onların yerini indi təşəbbüs və entuziazmla qaynayıbdaşan cavan adamlar tutacaqlar.

Harlan A.Hauard iyirmi beş ildən sonra, çox güman, işini uğurla davam etdirəcək, peşəsinin liderlərindən biri olacaq və həmin vaxt onun nə vaxtsa dondurma satdığı həmyaşıdları qaşqabaqlı uğursuzlara çevriləcək, işsizlərin sırasını dolduracaq, hökuməti lənətləyəcək və həyatlarlarını dəyişmək imkanının onların əlinə düşmədiyindən gileylənəcəklər. Çox güman ki, Harlan A.Hauardın da əlinə heç vaxt bu cür imkan düşməzdi, əgər o, darıxdırıcı işi maraqlı etmək qərarına gəlməsəydi.

Çox illər bundan qabaq bir cavan oğlan da var idi ki, işi onu boğaza yığmışdı. O, zavodda tornaçı dəzgahının qabağında dayanır və bolt düzəldirdi. Cavan oğlanın adı Sem idi. Sem işdən getmək istəyirdi, lakin başqa yerə işə düzələ bilməyəcəyindən qorxurdu. Sem darıxdırıcı işi yerinə yetirmək məcburiyyətində qaldığından işini maraqlı etməyi qərara aldı. O, qonşu dəzgahda işləyən operatorla yarış təşkil elədi. Onlardan biri nahamar səthi hamarlamalı, o biri isə boltları tələb olunan diametrə çatdırmalı idi.

Vaxtaşırı onlar dəzgahları dəyişirdilər ki, kimin daha çox bolt düzəldə biləcəyini yoxlasınlar. Semin işinin sürətini və səliqəsini usta yüksək qiymətləndirdi və tezliklə onu daha kvalifikasiyalı işə keçirtdi. Bu, Semin xidməti nərdivanla irəliləməsinin başlanğıcı oldu. Üstündən otuz il ötəndən sonra Sem – Semyuel Vokleyn – Bolduin Lokomotiv Uorks firmasının prezidenti oldu. Amma o, bütün ömrü boyu elə operator da qala bilərdi, əgər darıxdırıcı işi maraqlı etməyə cəhd göstərməsəydi.

Amerika radiosunun məşhur siyasi şərhçisi H.B.Kaltenborn bir dəfə mənə darıxdırıcı işi maraqlı etməyə necə müyəssər olduğunu danışdı. İyirmi iki yaşı olanda o, Avropaya yollanmışdı və gediş haqqını ödəmək üçün ona Atlantik okeanından buynuzlu mal-qara daşıyan gəmidə işləmək lazım gəlmişdi. O, öküzləri yemləməli və sulamalı idi. İngiltərə boyunca velosipedlə səyahəti başa vuraraq o, ac və yaşamaq üçün hər hansı bir vəsaiti olmadan Parisə gəlib çıxdı. Kaltenborn öz fotoaparatını beş dollar müqabilində lombarda qoymalı oldu.

O, “Nyu-York Gerald” qəzetinin Paris nəşrində iş axtardığı haqda elan verdi. Ona stereoskop satmaq təklif olundu. Əgər sizin qırx yaşınız varsa, ola bilsin, gözlərimizə yaxınlaşdırdığımız və tamamilə eyni olan iki şəkil gördüyümüz qədimi stereoskopları xatırlayırsınız. Biz baxmaqda davam edirdik və qəfildən möcüzə baş verirdi. Stereoskopdakı iki linza iki şəkli vahid rəsmə gətirir, bununla da üçüncü ölçü effektini yaradırdı. Biz məsafəni görə bilirdik. Biz heyrətamiz perspektiv hissi qazanırdıq.

Artıq dediyim kimi, Kaltenborn həmin aparatları satmağa başladı. O, Parisdə bir qapıdan o birisinə gedirdi, fransızca isə danışa bilmirdi. Bununla belə, o, birinci il ərzində satdığının faizi qismində beş min dollar qazana və həmin il Fransada əməyi ən yüksək ödənilən ticarət agenti ola bildi. H.B.Kaltenborn mənə danışdı ki, bu təcrübə ona uğurlu fəaliyyət üçün Harvardda bir il oxumaqdan az bilik vermədi. Özünə inam? cənab Kaltenborn mənə deyirdi ki, indi o, özünə belə gəldiyi kimi, fransız evdar qadınlara lap “konqresin protokollarını” da sata bilərdi.

Bu təcrübə ona fransızların həyatını elə dərin başa düşmək bacarığı verdi ki, bu, sonralar radioda Avropadakı hadisələri təhlil etməkdə qiymətsiz mənbə oldu. Fransız dilini bilməyə-bilməyə o, birinci dərəcəli ticarət agenti olmağa necə müvəffəq oldu? O, işəgötürənindən xahiş etmişdi ki, müştərilərə müraciət elədiyi mətni gözəl fransız dilində yazsın. Kaltenborn bu mətni əzbər öyrənmişdi. Olurdu ki, o, qapının zəngini çalır, evin qadını qapını açır və o, əzbərlədiyi mətni elə qəribə ləhcə ilə deyirdi ki, çox gülməli alınırdı. Sonra o, evin qadınına öz şəkillərini göstərirdi.

Qadın ona sual verəndə isə o, adətən, çiyinlərini çəkir və deyirdi: “Amerikalı… amerikalı…” Ardınca şlyapasını çıxarır və içəridən yapışdırılmış gözəl fransız dilində mətni göstərirdi. Evin qadını ürəkdən gülür, o özü də gülürdü və ona başqa şəkilləri göstərirdi. Bu haqda danışaraq H.B.Kaltenborn etiraf etdi ki, onun işi heç da yüngül deyildi. Lakin ona bir keyfiyyəti kömək etdi: öz işini maraqlı etmək qətiyyəti. Hər səhər işə yollanmazdan qabaq o, güzgüyə baxır və özünü bu sözlərlə ruhlandırırdı: “Kaltenborn, əgər sən yemək istəyirsənsə, bu işi yerinə yetirməlisən.

Sən bu işi yerinə yetirmək məcburiyyətində olduğundan niyə də onu xoş və maraqlı eləməyəsən? Sən hər dəfə qapının zəngini vuranda özünü tamaşaçıların baxdığı aktyor kimi təsəvvür edə bilərsən. Axı sənin elədiyin, əvvəl-axır, səhnədə edilən hansısa bir hərəkət kimi gülməlidir. Belədirsə, öz oyununu ilham və fəhmlə niyə də yerinə yetirməyəsən?”

Mister Kaltenborn mənə danışdı ki, hər gün özü ilə bu cür ruhlandırıcı söhbət etmək ona başlanğıcda nifrət və qorxu doğuran işi xoşuna gələn və çoxlu gəlir gətirən işə çevirməyə kömək etdi.

Mən cənab Kaltenborndan həyatda uğur qazanmaq yanğısı ilə yaşayan gənc amerikalılara hansısa məsləhət verə bilib-bilməyəcəyini soruşanda o dedi: “Hər səhər öz üzərinizdə işləyin. Biz çoxlarının düşüb qaldığı yarıyuxulu vəziyyətdən çıxaran fiziki məşqlərin vacibliyi barədə çox danışırıq. Amma biz bundan da çox özümüzü hər səhər fəaliyyətə stimullaşdıran mənəvi və ruhi məşqlərə möhtacıq. Özünüzə ruhlandırıcı sözlər deməyi unutmayın”.

Öz-özünlə hər gün etdiyin ruhlandırıcı söhbət yüngülxasiyyətlik, axmaqlıq və uşaqlıq kimi görünür? Xeyr, əksinə, sağlam psixologiyanın mahiyyətinin özü məhz elə bundadır. “Bizim həyatımız – bizim onun haqda nə düşündüyümüzdür”. Bu sözlər Mark Avreli onları “Düşüncələr” kitabında yazdığı on səkkiz əsr əvvəl olduğu kimi, bizim vaxtımızda da doğrudur: “Bizim həyatımız – bizim onun haqda nə düşündüyümüzdür”.

Günün hər bir saatında özünüzlə danışmaqla siz öz fikirlərinizi idarə etməyi öyrənə bilərsiniz. Mərdlik və xoşbəxtlik, qüvvə və rahatlıq haqda fikirləşin. Minnətdar olmalı olduğunuz şeylər haqda özünüzlə danışaraq siz ruhlanacaqsınız və qəlbiniz mahnı oxuyacaq.

Fikirlərinizi müsbət nota kökləyin və istənilən iş sizə daha az xoşagəlməz görünəcək. Müdiriniz istəyir ki, siz işinizə maraq göstərəsiniz, çünki onun gəliri bundan asılıdır. Lakin müdirin nə istədiyini yaddan çıxaraq. Yalnız bu haqda fikirləşin ki, özünüzdə işinizə maraq yaratmaqla nə əldə edəcəksiniz. Özünüzə

xatırladın ki, siz həyat sevincini ikiqat artıq duyacaqsınız, çünki öz fəal həyatınızın yarısına qədərini işdə keçirirsiniz. Buna görə də, əgər işiniz sizə sevinc gətirməsə, onda siz sevinci, ola bilsin, heç vaxt heç yerdə tapmayacaqsınız. Özünüzə xatırladın ki, işinizə maraq göstərməyiniz sizi narahatlıqdan xilas edəcək və son nəticədə sizi, çox ola bilsin, vəzifədə yüksəliş və əməkhaqqının artırılması gözləyir. Hətta əgər bu baş verməsə də, işə olan maraq yorğunluğunuzu azaldacaq və boş vaxtlarınızdan zövq almaqda sizə kömək edəcək.

Yuxusuzluğa görə narahatlıqdan necə yaxa qurtarmalı

Pis yatanda narahat olursunuzmu? Onda sizə bunu bilmək, ola bilsin, maraqlı olacaqdır ki, bütün dünyada məşhur olan hüquqşünas Semyuel Uentermeyer ömründə bir dəfə də olsun normal yatmayıb.

Sem Uentermeyer kollecə daxil olanda onu iki azar narahat edirdi: astma və yuxusuzluq. O, hər şeydən göründüyü kimi, bunlardan heç birini müalicə edə bilmədi, ona görə də bunu kompensasiya edə biləcək nə isə – oyaq qalmağından fayda hasil etməyi qərara aldı. Bütün gecəni yataqda bir böyründən o biri böyrü üstə vurnuxmağın və özünü əsəb pozuntusu halına çatdırmağın yerinə, o ayağa qalxır və məşğul olurdu. Nəticəsi? O, fənlərin hamısı üzrə parlayırdı və onu Nyu- York şəhər kollecinin dühalarından biri hesab edirdilər.

Hətta hüquqşünas praktikasına başlayandan sonra da o, yuxusuzluqdan canını qurtara bilmədi. Lakin Untermeyer ruhdan düşmürdü. “Təbiət, – deyirdi o, – mənim qeydimə qalacaq”. Təbiət onun qeydinə qalırdı. Yuxunun çatışmazlığına baxmayaraq, onun sağlamlığı pisləşmirdi və o, Nyu-York advokaturasının istənilən cavan hüquqşünası kimi inadkarcasına işləyə bilirdi. O hətta onlardan da çox işləyirdi. Axı onlar yatanda o zəhmət çəkirdi.

İyirmi bir yaşında olanda Sem Untermeyer ildə yetmiş beş min dollar qazanırdı; digər cavan vəkillər onun metodlarını öyrənmək üçün Semin çıxış etdiyi məhkəmələrə gəlirdilər. 1931-ci ildə bir işi aparmaq üçün ona bütün tarix ərzində vəkilə ödənilən ən yüksək qonorar – bir milyon dollar ödəmişdilər, özü də nağd pulla.

Amma yata bilməmək onda əvvəlki kimi qalırdı. O, adətən, gecənin yarısını mütaliə edirdi, sonra isə səhər saat beşdə ayağa qalxır və məktubları diktə etməyə başlayırdı. Adamların əksəriyyəti öz iş gününü yenicə başladığı vaxt onun gündəlik işinin, demək olar, yarısı yerinə yetirilmiş olurdu. Bu adam səksən bir yaşına qədər yaşadı, hərçənd heç vaxt normal yatmamışdı. Amma o, yuxuya gedə bilmədiyinə görə əsəbiləşsə və həyəcan keçirsəydi, onda öz həyatını, ola bilsin, məhv etmiş olardı.

Biz həyatımızın üçdəbirini yuxuda keçiririk. Lakin yuxunun özü ilə nə təcəssüm etdirdiyini heç kim bilmir. Biz bilirik ki, bu, vərdiş və dincəlmək halıdır və bunu da bilirik ki, təbiət bununla qayğıların bizə vurduğu ziyanı kompensasiya edir. Lakin biz hər bir adama nə qədər yuxu lazım olduğunu bilmirik. Biz heç bunu da bilmirik ki, ümumiyyətlə, yuxu bizə lazımdırmı?

Fantastikadır? Deməli, baxın, Birinci Dünya müharibəsində güllə macar əsgəri Paul Kernin alın nahiyəsini zədələmişdi. O yaralanandan sonra yaxşılaşdı, lakin çox maraqlı olan budur ki, o, heç cür yuxuya gedə bilmirdi. Həkimlər nə etsələr də – onlar isə sedativ və narkoloji preparatların hamısını və hətta hipnozu da istifadə etmişdilər – Paul Kerni yuxuya vermək və ya heç olmasa mürgülü hala salmaq qeyri-mümkün idi.

Həkimlər dedilər ki, onun günləri say hesabı qalıb. Lakin Paul Kern onları aldatdı. O, işləməyə başladı və uzun illər ərzində özünü əla hiss edirdi. Adətən, o, yatağa uzanır, gözlərini yumur və dincəlirdi, lakin yatmırdı. Paul Kernlə bağlı bu hadisə həkimlər üçün eləcə sirr olaraq qaldı.

Bəzi adamlara başqaları ilə müqayisədə çox yatmaq zəruridir. Toskanini üçün sutkada beş saat yuxu kifayət edirdi, lakin Kelvin Kulidc, demək olar, iki dəfə çox yatırdı. Kulidc hər iyirmi dörd saatdan on birini yatırdı. Başqa sözlə, Toskanini öz ömrünün təqribən beşdəbirini, Kulidc isə, demək olar, yarısını yatıb.

Yuxuya gedə bilməməklə bağlı narahatlıq sizə yuxusuzluğun özündən qatqat çox ziyan vurar. Məsələn, mənim dinləyicilərimdən biri – Aira Sendner xroniki yuxusuzluq üzündən intihar həddinə çatmışdı.

“Mən, həqiqətən də, fikirləşirdim ki, dəli oluram, – deyə Aira Sendner mənə hekayət edirdi. – Bəla bunda idi ki, lap başlanğıcda mən həddən artıq möhkəm yatırdım. Zəngli saat zəng çalanda mən oyana bilmirdim və buna görə də səhərlər işə gecikirdim. Mən buna görə fikir edirdim. Və üstəlik də rəisim mənə işə mütləq vaxtında gəlməyim barədə xəbərdarlıq etmişdi. Bilirdim ki, əgər əvvəlki kimi yatıb qalsam, məni işdən çıxaracaqlar.

Bu haqda dostlarıma danışdım və onlardan biri mənə yatmağa uzananda diqqətimi zəngli saatın üzərində cəmləməyi məsləhət gördü. Bununla da mənim yuxusuzluğum başlandı! Lənətə gəlmiş zəngli saatın sonsuz çıqqıltısı məni daima təqib edirdi. Yuxumu itirdim və bütün gecəni yatağımda vurnuxurdum. Səhər isə özümü, demək olar, xəstə kimi hiss edirdim. Yorğunluq və narahatlıq məni əldən salırdı.

Bu, səkkiz həftə davam elədi. Əzablarımın hamısını sözlərlə ifadə etmək qeyri-mümkündür. Əmin idim ki, dəli oluram. Hərdən elə olurdu ki, uzun müddət otaqda dala və qabağa var-gəl edir və bütün bunlardan canımı birdəfəlik qurtarmaq üçün özümü pəncərədən atmaq barədə tam ciddi surətdə fikirləşməyə başlayırdım!

Nəhayət, bütün ömrüm boyu tanıdığım bir həkimə müraciət etdim. O dedi: “Aira, sənə kömək etmək mənim gücüm xaricindədir. Sənə heç kim kömək edə bilməz, çünki özünü bu hala sən özün gətirib çıxarmısan. Bu gün gecə yatağına sakitcə uzan, əgər yuxuya gedə bilməsən, bunu yadından çıxart. Sadəcə olaraq, özünə de: “Əgər mən yuxuya getməsəm, bu, məni azacıq da olsa narahat etmir. Mən razıyam, səhərə qədər oyaq qalacağam”. Gözlərini yumaraq uzan və de: “Nə qədər ki sakitcə uzanmışam və əsəbiləşmirəm, mən bu və ya digər şəkildə dincəlirəm”.

“Mən onun məsləhətinə əməl etdim, – deyir Sendner, – və iki həftədən sonar yatmağa başladım. Heç bir ay da keçmədi, səkkiz saat yatmağa başladım və əsəblərim sakitləşdi”.

Aira Sendneri özünü intihar etmək dərəcəsinə gətirib çıxaran yuxusuzluq yox, yuxunun olmaması ilə bağlı keçirdiyi narahatlıq idi.

Yuxu problemini yer üzərində heç kim Çikaqo Universitetinin professoru, doktor Nataniel Kleytman qədər dərin öyrənməyib. O, yuxu üzrə dünyada ən böyük mütəxəssislərdən biridir. O bildirir ki, indiyə qədər hələ heç kim yuxusuzluqdan ölməyib. Gerçəklikdə isə, adam yuxusuzluğa görə elə narahat ola bilər ki, onda orqanizmin müqavimət qabiliyyəti azalır və o, mikrobların qarşısında aciz qalır. Lakin bu ziyanı yuxusuzluq yox, narahatlıq gətirir.

Doktor Kleytman həmçinin bunu da bildirir ki, yuxusuzluqdan şikayət edən adamlar, adətən, özləri bunu təsəvvür etdiklərindən çox yatırlar. Çox vaxt, ola bilsin ki, bütün gecəni heç gözünü də yummadığına and içən adam özü də bundan şübhələnməyərək bir neçə saat yatıb. Məsələn, on doqquzuncu əsrin ən məşhur fikir dühalarından biri olan Herbert Spenser subay qoca idi və pansionda yaşayırdı. O, yuxusuzluğu ilə bağlı şikayətlərlə hamını təngə gətirmişdi.

O hətta səs-küydən özünü qorumaq və əsəblərini sakitləşdirmək üçün qulaqlarına pambıq da tıxayırdı. Hərdən yuxusunun gəlməsi üçün tiryək qəbul edirdi. Bir dəfə o, Oksfordun professoru Seyslə bir nömrədə gecələməli olmuşdu. Səhər Spenser bildirirdi ki, bütün gecəni heç gözünü də yummayıb. Əslində isə bütün gecəni professor Seys gözünü yummamışdı. O yuxuya gedə bilmirdi, çünki Spenser xoruldayırdı.

Yaxşı yuxu üçün birinci şərt təhlükəsizlik hissidir.

Həm də fiziki tədbirlərin köməyi ilə süstləşməyi öyrənin. “Əsəb gərginliyindən xilas olmaq” kitabının müəllifi, doktor Devid Harold Fink hesab edir ki, bunun üçün ən yaxşı üsul – öz bədəninlə söhbət etməkdir. Doktor Finkin dediyinə görə, sözlər hər növ hipnozun açarıdır və əgər siz sistematik olaraq yata bilmirsinizsə, deməli, özünüzə təlqin etmisiniz ki, sizdə yuxusuzluq var. Bundan xilas olmaq üçün özünü dehipnozlaşdırmaq lazımdır və bunu siz bədəninizin əzələlərinə belə deməklə edə bilərsiniz:

“Sakitləşin, sakitləşin – süstləşin və dincəlin”. Biz artıq bilirik ki, əgər əzələlərimiz gərilmiş vəziyyətdədirsə, onda beynimiz və əsəblərimiz süstləşə bilmir. Buna görə də, əgər siz yuxuya getmək istəyirsinizsə, əzələlərinizdən başlayın. Doktor Fink tövsiyə edir ki (və bu, praktikada kömək edir), ayaqların gərginliyini azaltmaq üçün bir balışı dizlərin altına və iki balaca balışı eyni səbəbə görə əllərin altına qoymaq lazımdır.
Sonra isə öz çənələrinizə bir-birindən ayrılmalarını, gözlərinizə, əllərinizə və ayaqlarınıza isə süstləşməli olduqlarını deyə-deyə, heç özünüz də bunu bilmədən, nəhayət, yuxuya gedəcəksiniz.

Əgər yuxunuz pisdirsə, doktor Finkin, haqqında artıq danışdığım “Əsəb gərginliyindən xilas olmaq” kitabını oxuyun. Bu, mənim bildiyim yeganə kitabdır ki, özü ilə həm maraqlı mütaliə, həm də yuxusuzluqdan dərman təcəssüm etdirir.

Yuxusuzluğa qarşı ən yaxşı vasitə bağçada işdən, tennis və qolf oynamaqdan, xizək sürməkdən və sadəcə olaraq, taqətdən salan fiziki işdən yaranan fiziki yorğunluqdur. Teodor Drayzer məhz elə bu cür edirdi. O, ədəbiyyata özünə yol açanda yuxusuzluq ona əziyyət verirdi. Onda o, Nyu-York mərkəzi dəmir yoluna fəhlə işinə getdi; bütün günü rels mismarlarını vurandan və bellə çınqıl tökəndən sonra isə o, elə əldən düşmüş olurdu ki, şam yeməyini gözləyənə qədər yatmamaq üçün bütün gücünü toplayıb yuxu ilə mübarizə aparmalı olurdu.

Əgər biz kifayət qədər yorulmuşuqsa, onda təbiət bizi hətta yeriyə-yeriyə də yatmağa məcbur edəcək. Mən bunu öz təcrübəmdə sınamışam. On üç yaşım olanda atam yaxşıca kökəldilmiş donuzları vaqonla Missuri ştatının Sent-Co şəhərinə göndərirdi. Ona dəmir yolu ilə pulsuz gediş üçün iki talon verildiyindən məni də özü ilə apardı. Bu səfərə qədər mən sakinlərinin sayı dörd mindən çox olan şəhərdə heç vaxt olmamışdım.

Mən Sent-Coda – altmış min əhalisi olan şəhərdə olanda çox coşqun hala düşdüm. Mən altımərtəbəli göydələnlər və – möcüzənin möcüzəsi – tramvay gördüm. Və hətta indinin özündə də gözlərimi yummağa bəndəm ki, həmin tramvayı həm görür, həm də eşidirəm. Həyatımın ən möcüzəli və həyəcanlı günündən sonra biz atamla qatarda geri, Reyvenvuda qayıtdıq. Biz ora səhər saat ikidə çatdıq və fermamıza yetişmək üçün dörd mil məsafə qət etməli olduq.

Və bu əhvalatın məğzi görün nədir. Heydən elə düşmüşdüm ki, yeriyə-yeriyə məni yuxu apardı və hətta yuxu da gördüm. Atın belində yatmağım da nadir hal deyildi. Gördüyünüz kimi, mən sağ-salamatam və sizə bu haqda danışa bilirəm…

Tamamilə əldən düşmüş adamlar topların gurultusu və müharibənin dəhşət və təhlükələrinə baxmayaraq, yatırlar. Məşhur nevroloq, doktor Foster Kennedi mənə danışmışdı ki, 1918-ci ildə 5-ci Britaniya ordusu geri çəkilən vaxt o, əldən düşmüş o qədər əsgər görmüşdü ki, onlar harada dayanırdılarsa, elə oradaca yerə yıxılır və komaya bənzər surətdə bərk yuxuya gedirdilər.

Bu əsgərlər heç doktor Kennedi onların göz qapaqlarını barmaqları ilə qaldıranda da oyanmırdılar. O həm də deyirdi ki, onların bəbəkləri həmişə mütləq yuxarı zillənmiş olurdu. “Bundan sonra, – deyə doktor Kennedi danışırdı, – özümün yuxum pozulanda göz almacığımı elə hərlədirdim ki, bəbəklərim eyni vəziyyətdə olsun. Adətən, bir neçə saniyədən sonra əsnəməyə başlayır və yuxuladığımı hiss edirdim. Məndə avtomatik refleks yaranmışdı ki, onu idarə etmək iqtidarında deyildim”.

İndiyədək hələ heç kim yuxudan imtina etməklə həyatını intiharla başa vurmayıb və bunu heç kim etməyəcək də. Təbiət insanı onun iradəsinin nə qədər güclü olmasına baxmayaraq, yatmağa məcbur edəcək. Təbiət bizə qidasız və susuz qalmağa yuxusuz qalmaqdan qat-qat çox izin verir.

İntihar barədə danışarkən yadıma doktor Henri S.Linkin “İnsanın ikinci dəfə kəşf olunması” kitabında təsvir etdiyi hadisə düşdü. Doktor Link Psixoloji Korporasiyanın vitse-prezidentidir və o, narahatlıqdan və depressiyadan əziyyət çəkən bir çox adamla söhbət edib. O, “Qorxuların və narahatlığın aradan qaldırılması haqqında” fəsildə öz həyatını intiharla başa vurmaq istəyən bir pasient barədə danışır. Doktor Link bilirdi ki, xəstə ilə mübahisə etməyin heç bir faydası yoxdur, bundan onun halı yalnız pisləşə bilərdi.

Və o, öz pasientinə dedi: “Əgər siz həyatınızı istənilən halda intiharla başa vurmaq istəyirsinizsə, heç olmasa özünüzü qəhrəmancasına apara bilərdiniz. Canınız çıxıb yıxılana qədər kvartalın ətrafında qaçın”.

Pasient bunu özü də bir dəfə yox, bir neçə dəfə etməyə cəhd elədi və hər dəfə də özünü fiziki cəhətdən olmasa da, psixiki cəhətdən nisbətən daha yaxşı hiss edirdi. Üçüncü axşamda doktor Linkin ilk növbədə nail olmaq istədiyi nəticə əldə olundu. Xəstə fiziki cəhətdən o qədər yoruldu ki (və fiziki cəhətdən o qədər süstləşdi ki), ölü kimi yatdı. Sonralar o, atlet klubuna yazıldı və idman yarışlarında iştirak etməyə başladı. Tezliklə özünü o qədər yaxşı hiss eləməyə başladı ki, əbədi yaşamaq arzusuna düşdü.

Beləliklə, yuxusuzluqla bağlı narahatlıqdan yaxa qurtarmaq üçün mən sizə dörd qaydanı təklif edirəm:

1.Əgər siz yata bilmirsinizsə, Semyuel Uentermeyerin nümunəsini təkrar edin. Qalxın və yuxunuz gəldiyini hiss edənə qədər mütaliə edin.

2.Yadda saxlayın ki, yuxu çatışmazlığından indiyə qədər hələ heç kim ölməyib. Yuxusuzluğa görə narahatlıq, adətən, yuxusuzluğun özündən çox ziyan gətirir.

3.Öz bədəninizi süstləşdirin. “Əsəb gərginliyindən azad olmaq” kitabını oxuyun.

4.Fiziki məşqlər edin. Özünüzü elə bir fiziki yorğunluq vəziyyətinə çatdırın ki, oyaq qalmağa halınız olmasın.

Xülasə

Qayda 1: Nə vaxt yorulacağınızı gözləmədən dincəlin.

Qayda 2: İşdə özünüzü süstləşdirməyi öyrənin.

Qayda 3: Əgər siz evdar qadınsınızsa, evdə özünüzü süstləşdirməklə sağlamlığınızı və xarici görkəminizi qoruyun.

Qayda 4: Bu dörd yaxşı əmək vərdişini tətbiq edin:
  1. Yazı stolunuzu hazırda həll olunan problemə dəxli olmayan kağızların hamısından azad edin.
  2. İşləri onların vaciblik ardıcıllığı üzrə həll edin.
  3. Qarşınızda problem duranda, əgər sərəncamınızda qərar qəbul etmək üçün zəruri olan faktlar vardırsa, onu dərhal həll edin.
  4. İşi təşkil etməyi, vəzifələri, məsuliyyəti başqasının ixtiyarına verməyi və nəzarəti həyata keçirməyi öyrənin.

Qayda 5: Narahatçılığın və yorğunluğun qarşısını almaq üçün entuziazmla işləməyə çalışın.

Qayda 6: Yadda saxlayın ki, yuxu çatışmazlığından indiyədək hələ heç kim ölməyib. Yuxusuzluq üzündən narahatlıq yuxusuzluğun özündən qat-qat çox ziyanlıdır.

Dostları necə qazanmalı və insanlara təsir etməli – I fəsilDostları necə qazanmalı və insanlara təsir etməli – II hissə

Fikirlərinizi bildirin.