Dostları necə qazanmalı və insanlara təsir etməli – II hissə

0
1

Dostları necə qazanmalı və insanlara təsir etməli – II hissə

İNSANI İNCİTMƏDƏN, ONDA HİDDƏT DOĞURMADAN ONA TƏSİR GÖSTƏRMƏYİN DOQQUZ ÜSULU

Əgər siz adama onun səhvini göstərməlisinizsə, buna aşağıda deyilən kimi başlayın

Kelvin Kulidcin prezidentliyi dövründə mənim ən yaxşı dostlarımdan biri Ağ Evə dəvət olunmuşdu. O, necə olursa, prezidentin kabinetinin yanında olanda Kulidcin öz katibələrindən birinə bunu dediyini eşidir: “Bu gün sizin əyninizdə ecazkar paltar var, siz bu paltarda çox cazibədarsınız”.

Bu, susqun Kelvinin ömründə öz katibələrindən hansınasa bəxş etdiyi, çox güman, ən səxavətli tərif idi. Bu, o qədər qeyri-adi və gözlənilməz olur ki, qızhətta qızarır. Onda Kulidc  deyir: “Həyəcanlanmayın. Mən bunu elə belə, sizi şənləndirmək üçün dedim. Və mən istəyərdim ki, bundan sonra siz durğu işarələrini qoyanda daha diqqətli olasınız”.
Onun metodu, çox güman, bir qədər primitiv olsa da, psixoloji cəhətdən möhtəşəm idi. Nöqsanlarımızı bizi tərifləyəndən sonra eşitmək bizə həmişə daha asandır.

Bərbər üzü taraş etməzdən əvvəl sabunlayır. Mak-Kinli 1826-cı ildə dəqiqliklə bu cür hərəkət etmişdi. Həmin vaxt o, prezidentliyə namizəd qismində seçki kampaniyasını aparırdı. Görkəmli respublikaçılardan biri nitq yazmışdı və hesab edirdi ki, bu, Siseronun, Patrik Henrinin və Daniel Vebsterin birlikdə yaza biləcəklərindən azacıq da olsa yaxşı yazılıb.

O, bu kiçik, yazdığı ölməz nitqini böyük pafosla və ruh yüksəkliyi ilə Mak- Kinliyə hündürdən oxudu.
Nitqdə yaxşı yerlər, həqiqətən də, var idi, lakin bütövlükdə yaramırdı. Mak- Kinli müəllifin hisslərini zədələmək istəmirdi. Ona lazım idi ki, qızğın entuziazmı öldürməsin və eyni zamanda da “yox” desin. Baxın o, bunu necə məharətlə etdi.

“Mənim dostum, bu, əla nitqdir, – dedi Mak-Kinli. – Heç kim bunu sizdən yaxşı yaza bilməzdi. Bir çox hallarda məhz elə bu cür də demək olardı, amma mövcud vəziyyətdə bu, yerinə düşürmü? Nitq nə qədər ağıllı görünsə də, mən onu partiyanın nöqteyi-nəzərindən qiymətləndirməliyəm. Xahiş edirəm, qayıdın evinizə və mənim göstərişlərimə uyğun nitq yazın. Və nüsxəsini mənə gətirin”.

O, tapşırığı yerinə yetirdi. Mak-Kinli nitqi redaktə etdi və ikinci nitqinin son variantını başa çatdırmaqda ona kömək elədi. O, həmin seçki kampaniyasında ən nüfuzlu natiqlərdən biri oldu.

Budur, Avraam Linkolnun ikinci, ən çox tanınmış məktubu. Linkoln onu, çox güman, beş dəqiqəyə yazmışdı. Bununla belə, məktub 1926-cı ildə auksionda 12 000 dollara satıldı. Bu məbləğ Linkolnun yarım yüzillik ərzində ağır iş hesabına yığa bildiyindən çox idi.

Məktub 1863-cü il aprelin 26-da, Vətəndaş müharibəsinin ən ağır mərhələlərindən birində yazılmışdı. Linkolnun generalları İttifaqın ordusunu 10 ay ərzində bir məğlubiyyətdən o birinə aparırdılar. Adamlar mənasız, boş-boşuna qırğına gedirdilər. Xalq dəhşətə gəlmişdi. Minlərlə əsgər ordudan fərarilik etmişdi və hətta senatın respublikaçı üzvləri də qiyam qaldırmışdı. Onlar Linkolnu Ağ Evi tərk etməyə məcbur etmək istəyirdilər. “Biz indi məhvin astanasındayıq, – demişdi Linkoln, – mənə belə gəlir ki, hətta Yaradan da bizim əleyhimizədir. Mən ümid şüasını çətinliklə görürəm”. Bu məktubun yazıldığı zülmət, dərd-bəla, dəhşət dövrü bax bu cür idi.

Mən həmin məktubu burada ona görə verirəm ki, məktub Linkolnun bir ipəsapa yatmayan generalı millətin taleyi ondan asılı olan anda inandırmağa necə çalışdığını göstərir.

Bu, Avraam Linkolnun prezident olandan sonra yazdığı, bəlkə də ən kəskin məktubudur. Bununla belə, siz görəcəksiniz ki, o, ciddi səhvlərdən danışmazdan əvvəl general Hukeri tərifləyirdi.

Bəli, bunlar çox ağır səhvlər idi, lakin Linkoln onları belə adlandırmırdı. O daha mühafizəkar, daha diplomatik idi. Linkoln yazmışdı: “Sizdən tam məmnun qalmağıma imkan verməyən faktlar mövcuddur”.

Bundan sonra ədəb-ərkan və diplomatiya haqqında danışın da!

Budur, Linkolnun məktubu:

“Mən sizi Potomak ordusunun başında qoydum. Mən bunu, əlbəttə, kifayət edəcək qədər səbəblərin əsasında etmişəm. Bununla belə, bilməlisiniz ki, sizdən tam məmnun qalmağıma imkan verməyən faktlar mövcuddur.

İnanıram ki, siz cəsur, məharətli əsgərsiniz və aydın məsələdir ki, bunu qiymətləndirirəm.

Buna da inanıram ki, siz siyasəti öz peşənizə qarışdırmırsınız. Və düzgün də edirsiniz. Siz özünüzə əminsiniz – bu, qiymətli, əgər deməsək ki, zəruri keyfiyyətdir.

Siz şöhrətpərəstsiniz ki, dərrakəli hədlərdə bu, ziyandan çox xeyir gətirir. Lakin düşünürəm ki, siz general Berisayd orduya komandanlıq edən dövrdə şöhrətpərəstliyinizə özünüzə üstün gəlməyə imkan verdiniz və onu bacardığınız qədər gözdən salmısınız. Bununla siz ölkəyə və layiqli həmqardaşınız zabitə böyük pislik etmisiniz.

Mən belə bir söhbət də, özü də bunu elə formada eşitmişəm ki, buna inanmaq olar, guya siz orduya və hökumətə diktator tələb olunduğunu demisiniz. Mən, əlbəttə, buna görə yox, buna baxmayaraq, sizə komandanlığı həvalə etmişəm.

Diktator yalnız o generallar olur ki, onlar uğura nail olurlar.

Mən sizdən indi nəyə nail olmaq istəyirəmsə – bu, onun naminə hətta diktatorluğun mümkünlüyü ilə də risk edilən hərbi qələbədir.

Hökumət sizi hər bir işdə, nəyə imkanı olarsa, dəstəkləyəcək və bu, onun istənilən komandan üçün etdiyindən və edəcəyindən nə az, nə də çoxdur. Çox qorxuram ki, komandanın tənqid edilməsi, ona inamsızlıq yaradılması sayəsində orduda meydana çıxan ruhi vəziyyət indi də sizin özünüzə qarşı çevrilsin. Mən sizə bunu adlayıb keçməyə öz imkanlarım çatan qədər kömək edəcəyəm.

Nə siz, nə Napoleon, əgər o dirilsəydi, belə bir ruhun hökm sürdüyü ordu ilə heç nəyə nail ola bilməz və elə ona görə də indi başısoyuqluqdan qorxun. Başısoyuqluqdan qorxun, lakin enerji ilə və yuxusuz sayıqlıqla irəli gedin, bizə qələbə gətirin”.

Siz nə Kulidcsiniz, nə də Mak-Kinli və ya Linkoln. Siz bilmək istəyirsiniz ki, bu fəlsəfə işgüzar kontaktlarınızda sizə kömək edəcəkmi? Baxaq. Götürək “Buk kompani” firmasından V.P.Qou ilə bağlı hadisəni. Cənab Qou sizin və mənim kimi bir adamdır. O, mənim Filadelfiyada dediyim kursların bir qrupunun dinləyicilərindən biri idi və bu hadisə haqqında auditoriya qarşısında çıxışlarından birində danışmışdı.

“Buk kompani” kontrakt üzrə Filadelfiyada böyük inzibati binanı tikməyi, avadanlıq və mebelləri quraşdırmağı öhdəsinə götürmüşdü.

Hər şey plana uyğun gedirdi. Bina, demək olar, hazır idi ki, bu vaxt fasad üçün ornamental bürünc bəzəkləri hazırlayan subpodratçı sifarişi vaxtında yerinə yetirə bilməyəcəyini bildirdi. Bu, kimin ağlına gələrdi! Bütün iş ləngiyir! Böyük məbləğdə cərimələr! Sarsıdıcı ziyan perspektivi! Və bütün bunlar bir nəfərə görə!

Şəhərlərarası telefon danışıqları heç nəyi həll etmədi. Onda cənab Qou bürünc şirlə onun yuvasında döyüşə girmək üçün Nyu-Yorka göndərildi.

“Bilirsinizmi ki, siz Bruklində bu familiyalı yeganə adamsınız? – deyə cənab Qou kompaniyanın prezidentinin kabinetinə daxil olanda soruşdu.

Prezident heyrətlənmişdi: “Yox, mən bunu bilmirdim”.

“Bəli, – dedi cənab Qou, – mən bu gün səhər qatardan düşəndə sizin ünvanı öyrənmək üçün telefon kitabına baxanda gördüm ki, siz Bruklin telefon kitabında bu familiyalı yeganə adamsınız”.

“Mən bu barədə heç nə bilmirdim, – deyə prezident maraqla telefon kitabını gözdən keçirməyə başladı.

“Bəli, bu, qeyri-adi addır, – o, qürurla səsləndi, – mənim ailəm Hollandiyadan gəlib və Nyu-Yorkda, demək olar, iki yüz il əvvəl məskunlaşıb”.

O, bir neçə dəqiqə ərzində öz ailəsi və əcdadları haqqında ətraflı danışdı. O, söhbətini başa çatdıranda cənab Qou onu belə böyük müəssisəsinin olması münasibətilə təbrik etdi və bu müəssisənin özünün indiyə qədər olduğu bir çox belə müəssisələr qarşısında üstünlüklərini qeyd elədi.

“Bu, mənim nə vaxtsa gördüyüm bürüncdən əşyalar istehsal edən fabriklərin arasında ən təmizlərindən biridir”, – dedi Qou.

“Mən bu işin yaradılmasına, demək olar, bütün həyatımı sərf etmişəm, – dedi prezident, – və bununla fəxr edirəm. Siz bütün fabrikə baxmaq istəməzdinizmi?”

Baxış zamanı cənab Qou istehsalatın necə təşkil olunduğunu təriflədi və fabrikin öz rəqibləri qarşısındakı üstünlüklərini nədə gördüyü ilə bağlı mülahizələrini söylədi. Bunların sırasında cənab Qou bəzi orijinal maşınları qeyd etdi. Prezident cavab verdi ki, onları özü ixtira edib. O, həmin maşınların necə işlədiklərini və hansı işi yerinə yetirdiklərini cənab Qouya izah etmək üçün xeyli vaxt sərf elədi. O, cənab Qounun onun lençə dəvətini qəbul etməsində təkid etdi. Bütün bunlar baş verən müddət ərzində, diqqət yetirin, cənab Qou gəlişinin əsl məqsədi barədə bir söz belə deməmişdi.

Lençdən sonra prezident dedi: “İndi isə keçək iş məsələsinə. Mən, təbii ki, sizin nə üçün gəldiyinizi bilirdim, lakin bizim görüşümüzün bu qədər xoş keçəcəyini gözləmirdim. Siz Filadelfiyaya mənim bu vədimlə qayıda bilərsiniz ki, hətta başqa sifarişləri ləngitmək lazım gəlsə belə, sizin sifarişiniz yerinə yetiriləcək və çatdırılacaqdır”.

Cənab Qou istədiyinə heç bu haqda xahiş eləmədən nail oldu. Material vaxtında çatdırıldı və tikinti işləri kontrakt müddəti bitən gün üçün başa çatdırıldı.

Əgər cənab Qou “çəkic və dinamit metodundan” istifadə etmiş olsaydı, bu baş verərdimi?

İnsana ona inciklik yetirmədən və onda hiddət doğurmadan təsir göstərmək üçün qayda 1-i tətbiq edin:

Təriflə və insanın üstün cəhətlərini səmimi-qəlbdən etiraf etməklə başlayın.

Necə tənqid etməli ki, bu vaxt həm də nifrət meydana çıxarmayasan.

Çarlz Şvab bir dəfə günortaçağı öz poladtökmə zavodlarından birini gəzərkən bir qrup fəhləni siqaret çəkən görür. Düz onların başları üzərində “Siqaret çəkmək qadağandır” yazısı olan lövhə asılmışdı. Şvab elanı göstərə və soruşa bilərdimi: “Nə? Siz oxuya bilmirsiniz?” Ah, yox, başqa kimi istəyirsinizsə bunu edərdi, ancaq Şvab yox.

O, fəhlələrə yaxınlaşdı, hər birinə siqaret təqdim elədi və dedi: “Mən istəyərdim ki, siz onları təmiz havada çəkəsiniz”. Fəhlələrə aydın idi ki, onların qaydaları pozduqlarını Şvab bilir və onlar ona heyran qalmışdılar ki, o, bununla bağlı heç bir söz demədi, xırda da olsa hədiyyə təqdim etdi və anlatdı ki, onların maraqları ilə hesablaşır.

Bu cür adamı sevməmək olarmı? Siz bacarardınızmı?

Con Venameyker eynilə həmin fəndi tətbiq etmişdi. Venameyker Filadelfiyada çox iri şəxsi univermağını hər gün gəzirdi. Bir dəfə o, piştaxtanın yanında satıcını gözləyən alıcı qadının dayandığını görür. Alıcıya heç kim cüzi də olsa diqqət yetirmirdi. Satıcılar? Ah, onlar piştaxtanın uzaq qurtaracağında toplaşmışdılar və gülüşür, laqqırtı vururdular. Venameyker heç bir söz demədi. Sakitcə piştaxtanın arxasına keçdi, alıcı qadına özü qulluq etdi və alınmış malları qablaşdırmaq üçün satıcıya ötürərək, gəzintisini sakitcə davam etdirdi.

Henri Uord Biçer 1887-ci il martın 8-də vəfat etdi və ya yaponların ifadə etdikləri kimi, onu dünya qəbul elədi. Növbəti bazar günü sükuta qərq olmuş kafedraya moizə oxumaq üçün Liman Ebot dəvət olunmuşdu. O çıxış etmək istəyi ilə moizəni yazdı, təkrar düzəlişlər edib köçürdü və öz moizəsini bacardıqca yaxşı cilaladı. Moizə yazdığı işlərin əksəriyyəti kimi miskin idi. Onun həyat yoldaşı deyə bilərdi: “Liman, bu, dəhşətlidir, bu, heç nəyə yaramır. Sən neçə illərdir moizə ilə çıxış edirsən və bunu hamıdan yaxşı başa düşməlisən.

Tanrı naminə, niyə də sən adamların danışdığı kimi danışmayasan? Nə üçün də təbii surətdə ifadə etməyəsən? Sən bu cəfəngiyatı oxumaqla özünü biabır edəcəksən”.

Hə, həyat yoldaşı bunu deyə bilərdi. Və siz özünüz belə deyilən yüz hal bilirsiniz və o, bunu demiş olsaydı, nə baş verəcəyini də bilirsiniz. Özü də bilirdi. Buna görə də o yalnız diqqətə çatdırdı ki, onun nitqi Şimali Amerikanın İcmalı üçün əla məqalə ola bilərdi. Başqa sözlə, o, ərini təriflədi və eyni zamanda da eyham etdi ki, nitq qismində yazdığı heç nəyə yaramır. Liman başa düşdü, ciddcəhdlə hazırladığı nitqini cırdı və moizə ilə heç qeydlərdən də istifadə eləmədən çıxış etdi.

İnsanı incitmədən, onda hiddət doğurmadan ona təsir göstərmək istəyirsinizsə, qayda 2-dən istifadə edin:

Adamların diqqətini öz səhvlərinə yönəldəndə bunu dolayısı formada edin.

Əvvəl öz şəxsi səhvləriniz barədə danışın

Mənim bacım qızı Jozefina bir neçə il əvvəl Kanzas Sitidəki doğma evini tərk etdi və mənim katibəm qismində işləmək üçün Nyu-Yorka köçdü. Onun on doqquz yaşı var idi, bundan üç il əvvəl o, məktəbi bitirmişdi və onun işgüzar təcrübəsi, demək olar, sıfıra bərabər idi.

O, bu gün – Süveyş kanalından tutmuş qərbə kimi kamil katibələrdən biridir, lakin həmin vaxt o, belə deyək, müəyyən təkmilləşdirmələrə möhtac idi.

Bir dəfə mən onu tənqid etməyə başlayanda özümə dedim: “Dayan, Deyl Karnegi, bir dəqiqə dayan. Sən yaşda Jozefinadan iki dəfə böyüksən. Sənin işgüzar təcrübən ondan on min dəfə çoxdur. Sən ondan şeylərə öz baxışını necə tələb edə bilirsən axı? Nə qədər təvazökar olmasa da, bu qızcığazdan öz mülahizələrini, öz təşəbbüslərini necə gözləyə bilərsən? Və bir dəqiqə də, Deyl, sən on doqquz yaşında nə edirdin? Özün o vaxt necə bir eşşək idin, nə cür səhvlərə yol verirdin? Yadına sal ki, sən filan şeyi… filanı necə edirdin?..”

Hər şeyi vicdanla və kompromissiz düşünüb-daşınandan sonra bu qənaətə gəldim ki, Jozefina on doqquz yaşında özüm onun yaşda olandan heç də pis deyil və mən onun xidmətlərini, bunu etiraf eləmək nə qədər kədərli olsa da, düzgün qiymətləndirmirəm.

Bundan sonra mən Jozefinanın diqqətini onun səhvinə yönəltmək istəyəndə bax belə başlayırdım: “Sən səhvə yol verdin, Jozefina. Lakin Tanrı bilir ki, bu səhv mənim özümün etdiklərimdən heç də pis deyil. Sən düzgün mühakimə yürütmək bacarığı ilə doğulmamısan, bu, təcrübə ilə gəlir. Və sən mən sən yaşda olduğumdan daha yaxşısan. Özüm bu qədər axmaqcasına mənasız şeylər edəndən sonra mənim səni və ya başqa bir kimsəni tənqid etmək istəyim yoxdur. Bununla belə, düşünmürsənmi ki, bunu belə və ya elə etmək daha yaxşı olardı?”

Tənqid edən özünün günahı olduğunu səmimi etiraf edəndən sonra sənin səhvlərinin sadalanmasını dinləmək qat-qat asandır.

1909-cu ildə bu cür hərəkət etmək zərurəti knyaz fon Byulovda meydana çıxmışdı. Həmin vaxt o, Almaniyanın imper kansleri idi, taxt-tacda isə II Vilhelm, təkəbbürlü Vilhelm, özündən müştəbeh Vilhelm, Vilhelm – sonuncu alman kayzeri, lovğalandığı kimi, öz qüdrətini istənilən kəsin üstünə tökə biləcək ordunu və donanmanı yaradan.

Və budur, əlamətdar şey baş verdi. Kayzer elə sözlər, ağlasığmaz sözlər, bütün dünyanı lərzəyə gətirən sözlər dedi. Müqayisəolunmaz dərəcədə daha pis etmək üçün kayzer bu sarsaq, eqoistik, absurd qənaətlərini ictimaiyyət qarşısında səsləndirdi.

O, bu sözləri İngiltərədə qonaq olarkən dedi və onların “Deyli teleqraf”da dərc olunmasına öz kral icazəsini verdi. Beləcə, o, məsələn, bildirdi ki, Almaniya – İngiltərəyə münasibətdə dostluq hissləri keçirən yeganə ölkədir; dedi ki, donanmanı yapon təhlükəsinə qarşı tikir; dedi ki, Rusiya və Fransa tərəfindən əzilib toza çevrilməkdən İngiltərəni yalnız o xilas edib; dedi ki, ingilis lordu Robertsə burları məğlubiyyətə düçar etmək imkanı verən kampaniyanın planı ona məxsusdur və bu kimi.

Son yüz il ərzində hələ heç vaxt monarxın dilindən belə sözlər çıxmamışdı. Bütün kontinent arı pətəyi kimi uğuldayırdı. İngiltərə hiddətlənmişdi. Almaniyanın dövlət xadimləri sarsılmışdılar. Və bütün bu çaşqınlığın içində kayzer panikaya düşür və şahzadə fon Byulova, imper kanslerinə təlqin etmək istəyir ki, günahı o, öz üzərinə götürsün. Bəli, kayzer istəyirdi ki, kansler fon Byulov məsuliyyətin tam olaraq onun üzərində olduğunu bəyan etsin. Bəyan etsin ki, monarxa bu ağlasığmaz şeyləri deməyi o məsləhət görmüşdür.

“Lakin, əlahəzrət, – deyə Byulov etraz etdi, – mən tamamilə qeyri-mümkün hesab edirəm ki, Almaniyada və İngiltərədə kimsə siz əlahəzrətə belə şeyləri deməyə qabil olduğunu hesab etsin”.

Bu sözlər Byulovun dilindən çıxar-çıxmaz kayzer partladı.

“Siz məni, – deyə o bağırdı, – elə kobud səhvlər edən eşşək hesab edirsiniz ki, özünüz bunları heç vaxt etməzdiniz!”

Fon Byulov bilirdi ki, mühakimə etməzdən əvvəl o gərək tərifləyə idi.

Lakin bunu etmək artıq gec olduğundan o etmək mümkün olan ən yaxşısını elədi. O, mühakimə edən sözləri deyəndən sonra təriflədi. Və bu, tərifin çox teztez etdiyi kimi, möcüzə törətdi.

“Mən bu fikri aşılamaqdan çox uzağam, – deyə o, ehtiramla cavab verdi. – Əlahəzrət məndən bir çox məsələlərdə, yalnız hərbi və dəniz işini bilməkdə deyil, ən çox da ictimai elmlərlə bağlı biliklərdə üstündür. Əlahəzrətin barometrin quruluşunu necə izah etdiyini və ya naqilsiz telefon və yaxud rentgen şüaları haqqında söhbətlərini mən tez-tez heyranlıqla dinləmişəm.

Mən təbiətşünaslığın bütün sahələri ilə bağlı rüsvayçı dərəcədə nadanam, fizika, kimya haqqında anlayışa malik deyiləm və təbiətin ən sadə təzahürlərini belə izah etməyi bacarmıram. Lakin, – deyə fon Byulov kompensasiya qismində izah elədi, – mən məlum tarixi biliklərə və ola bilsin ki, siyasətdə, ələlxüsus da diplomatiyada faydalı olan bəzi keyfiyyətlərə yiyələnmişəm”.

Kayzerin sifəti işıqlandı. Fon Byulov onu təriflədi. Fon Byulov onu yüksəltdi və özünü əskiltdi. Bundan sonra kayzer istənilən hər şeyi bağışlaya bilərdi. “Mən həmişə demirdimmi ki, – deyə o, fəhmlə səsləndi, – biz bir-birimizi möhtəşəm tamamlayırıq? Biz birlikdə olmalıyıq və biz bunu edəcəyik!”

O, fon Byulovun əlini sıxdı, özü də bir dəfə yox, bir necə dəfə. Və elə həmin gündəcə fəhmdən alışıb-yanan halda, yumruqlarını düyünləyib bildirmişdi: “Əgər kimsə mənə knyaz fon Byulova qarşı nə olursa olsun desə, mən həmin adama şapalaq çəkəcəyəm”.

Fon Byulov özünü müvəqqəti xilas etdi. Lakin o, necə diplomat olsa da, bununla belə, səhvə yol vermişdi: o, kayzerin yarıdəli, himayəçiyə möhtac adam olduğuna eyham etmək əvəzinə, özünün çatışmazlıqlarından və Vilhelmin üstünlüklərindən başlamalı idi.

Əgər özünü əskildən və başqasını ucaldan bir neçə cümlə qürrəli, təhqir olunmuş kayzeri sadiq dosta çevirə bilirsə, təvazökarlığın və tərifin gündəlik kontaktlarda sizə və mənə nə verə biləcəyini təsəvvür edin. Düzgün tətbiq ediləndə onlar insan münasibətlərində möcüzələr törədir.

İnsanı incitmədən, onda hiddət doğurmadan ona təsir göstərmək istəyirsinizsə, 3-cü qaydanı tətbiq edin:

Başqasını tənqid etməzdən əvvəl öz çatışmazlıqlarınız barədə danışın.

Amiranə tonu heç kim sevmir

Bu yaxınlarda mənə amerikalı bioqrafların ən tanınmışı, xanım İda Tarbeyllə nahar etmək kimi bir füsunkar imkan düşmüşdü.

Ona bu kitabı yazdığımı deyəndə biz əsas sualı – adamlarla özünü necə aparmalı sualını müzakirə etməyə başladıq və o, mənə danışdı ki, Ouen D.Yunqun bioqrafiyasını yazanda Yunqun kontorunda üç il çalışmış adamdan müsahibə almışdı. Həmin adam ona bildirmişdi ki, bütün bu müddət ərzində Yunqun kiminləsə əmr tonunda danışdığını eşitməmişdi. O, həmişə məsləhət edirdi, əmr vermirdi.

Yunq heç vaxt, məsələn, belə demirdi: “filan şeyi edin, behmanı edin”, yaxud “filan şeyi etməyin”. O deyirdi: “Filan və ya behman yerinə düşməzdimi?” “Düşünmürsünüz ki, filan cür etsəniz daha yaxşı olardı?” Məktubu diktə edəndən sonra çox vaxt soruşurdu: “Siz bu haqda nə düşünürsünüz?” Öz köməkçilərindən biri tərəfindən yazılan məktubları gözdən keçirərkən deyirdi: “Əgər biz filan cür yazsaydıq, bəlkə daha yaxşı olardı?”

Beləliklə, insanı incitmədən, onda hiddət doğurmadan ona təsir göstərmək istəyirsinizsə, 4-cü qaydanı tətbiq edin:

Əmrlərin yerinə suallar verin.

Adama öz simasını xilas etməyə imkan verin

Ümummilli Elektrik Kompaniyası bir neçə il əvvəl incə bir məsələ ilə üzləşmişdi: şöbənin rəhbəri postunda çalışan Çarlz Steyketsi əvəz etmək lazım idi.

Elektriklə bağlı hər şeydə dahi olan Steyketsin inzibati iş üçün yararsız olduğu üzə çıxmışdı. Lakin kompaniya onun məninə toxunmaq istəmirdi. O, kompaniyaya lazım idi və özü də son dərəcə həssas insan idi. Buna görə də ona yeni titul vermək qərara alındı. Onu Ümummilli Elektrik Kompaniyasının mühəndis-məsləhətçisi – onun indiyə qədər yerinə yetirdiyi iş üçün yeni titul – təyin etdilər, şöbənin başçısı postuna isə başqa adam təyin olundu.

Steykets məmnun idi. ÜEK-in rəhbərləri də məmnun idilər. Onlar öz temperamentli ulduzlarının yerini ehtiyatla dəyişdilər və bu vaxt fırtına qopmasından da qaça bildilər – çünki Steyketsin özünü alçalmış hiss etməsinə imkan vermədilər.

Alçaltmamaq – bu nə qədər də düzgündür! Bu nə qədər də həyati dərəcədə vacibdir! Və bu haqda nə qədər danışmasalar da, bizlərdən çox azımız bu barədə düşünüb-daşınırıq, biz başqalarının hisslərini kobudcasına tapdayırıq, səhvlər tuta-tuta, hədələyə-hədələyə, tabeçilikdə olan adamı və ya uşağımızı yad adamın yanında tənqid edə-edə öz istədiyimizə nail oluruq.

Bu vaxt isə bircə dəqiqəlik fikrə dalmaq, düşünüb-daşınmış söz və ya bir neçə söz, başqasının halının səmimi-qəlbdən başa düşülməsi kəskin ağrının yumşaldılması üçün nə qədər çox kömək edə bilərdi.

İşçini və ya evdə çalışan xadiməni işdən çıxarmaq kimi kədərli zərurətlə üzləşməli olacağımız vaxt bunu yadda saxlayaq… “İşçiləri işdən çıxarmaq – elə də böyük həzz deyil. İşdən çıxarılmaq isə bundan da az”. (Bu, vergi ödənişləri üzrə diplomlu mühasib A.Qreyncer tərəfindən mənə göndərilmiş məktubdur).

“Biz əsas etibarilə mövsümi işlə məşğuluq, – yazır o. – Buna görə də may ayında işçilərin çoxunu işdən çıxartmalı oluruq. Bizdə belə bir məsəl dəbdədir: “Cəllad baltasını heç kim qaldırmaq istəmir”. Elə bu səbəbdən də xoşagəlməz proseduranı bacardıqca tez həyata keçirmək vərdişi əmələ gəlmişdi və bu, adətən, aşağıda göstərilən şəkildə baş verirdi:

“Əyləşin, cənab Smit. Mövsüm başa çatdı və biz sizə başqa nə iş verə biləcəyimizi görmürük. Siz, əlbəttə, yalnız mövsümi işə qəbul edilmişdiniz və sair və ilaxir”.

Nəticədə adamlar pərt olur və özlərini alçaldılmış kimi hiss edirlər.

Onların əksəriyyəti bütün ömürləri boyu hesabat işləriylə məşğul olmuşdu və həmin adamlarda onlardan bu qədər saymazyanalıqla yaxa qurtaran firmaya münasibətdə elə də böyük sevgi hissi qalmırdı.

Bu yaxınlarda mən öz işçilərimi daha ədəb-ərkanla işdən çıxarmağı qərara aldım. Belə ki, hər bir işçini yanıma yalnız onun qış ərzində necə işlədiyi ilə bağlı şəxsi işini diqqətlə öyrənəndən sonra dəvət edirdim. Hər birinə nə isə belə bir şey deyirdim:

“Cənab Smit, siz əla işləmisiniz. Biz sizi Nyu-Arka göndərəndə qarşınıza kifayət qədər çətin iş qoyulmuşdu. Siz zirvədə idiniz, “dalğalanan bayraqlarla” qayıtmışdınız və biz istəyirik biləsiniz ki, firma sizinlə fəxr edir. Siz öz işinizi bilirsiniz. Siz harada işləyəcəyinizdən asılı olmayaraq, çox şeyə nail olacaqsınız. Bizim firma sizə inanır və istəyir ki, siz onu unutmayasınız”.

Effekt? Adamlar gedirlər, lakin işdən çıxarılmaları ilə bağlı üzüntünü xeyli asan keçirirlər. Onlar özlərini alçaldılmış hesab etmirlər. Onlar bilirlər ki, əgər bizdə iş olsaydı, onda biz onunla ayrılmazdıq. Və həmin adamlar bizə yenə də gərək olanda onlar daha möhkəm şəxsi bağlılıq hissi ilə gəlirlər.

Mərhum Duart M.Rou düşmənçilik edən, bir-birinin xirtdəyindən yapışmağa hazır olanları barışdırmaqla bağlı qeyri-adi bacarığın yiyəsi idi. O, hər bir tərəfdə nəyin düzgün, nəyin ədalətli olduğunu diqqətlə öyrənir, hamının qarşısında bunu açıb ortaya qoyurdu – və iş nə yerdə olsa da, o, tərəflərdən heç birini günahkar olan vəziyyətə qoymurdu. Hər bir hakimə məlum olan həqiqət – bu, adama öz simasını xilas etmək imkanı verməkdir.

Öz yerlərində və xalqı arasında, həqiqətən də, böyük olan adamlar – onlar həddən artıq böyükdürlər ki, özlərinin şəxsi triumflarından həzz almağa vaxt itirmiş olsunlar.

1912-ci ildə türklər yüz il ərzindəki antaqonizmdən sonra yunanları türklərin ərazisindən həmişəlik qovmaq qərarına gəldilər.

Mustafa Kamal öz əsgərləri qarşısında Napoleon stilində hissiyyatlı nitqlə çıxış edərək bildirdi: “Bizim məqsədimiz – Aralıq dənizidir!” və müasir tarixdə ən qəddar müharibələrdən biri başlandı. Türklər qələbə çaldılar və iki yunan generalı: Trikupis və Dionis kapitulyasiya aktını imzalamaq üçün Kamalın mənzil-qərargahına gələndə Türkiyə xalqı məğlub edilmiş düşmənin başına göylərin lənətini yağdırırdı. Lakin Kamalın davranışında onun zəfər çaldığının heç bir əlaməti gözə dəymirdi.

“Əyləşin, cənablar, – deyə o, onların əllərini sıxa-sıxa bildirdi. – Siz, yəqin ki, yorğunsunuz”. Ardınca hərbi kampaniyanın işlərini kədərli-kədərli müzakirə etdikdən sonra o, onların məğlubiyyətlərinin qüssəsini bəzəmək üçün əsgər əsgərə olduğu kimi dedi: “Müharibə – bu daha yaxşının bəzən daha pis vəziyyətə düşdüyü bir oyundur”.

Hətta qələbədən həzz aldığı məqamda da Kamal mühüm qaydanı unutmamışdı. Qayda 5:

Adama öz simasını xilas etməyə imkan verin.

İnsanları uğura necə sövq etməli

Mən Piter Barlou ilə tanış idim. Pit itlər və atlarla sirk nömrələri ifa edirdi, ömrünü sirklərlə və vodevil qrupları ilə səyahətlərdə keçirirdi. Pitin öz itlərini tamaşalar üçün necə hazırladığına baxmaq mənim xoşuma gəlirdi. Bir dəfə mən gördüm ki, it nəyisə etməyə müvəffəq olan kimi Pit nəvazişlə onu sığallayır, tərifləyir və bir tikə ət verərək bütün görkəmi ilə ondan razı olduğunu göstərir.

Bunda yeni heç nə yoxdur. Əhliləşdiricilər bu fənddən yüz ildən çoxdur istifadə edirlər. Bilmək istəyərdim ki, nəyə görə adamlara təsir göstərməyə çalışanda biz itlərə təsir göstərmək istəyəndə istifadə etdiyimiz həmin sağlam təfəkkürü işə salmırıq? Söymək əvəzinə, nə üçün tərifləmirik? Gəlin cüzi nailiyyətə görə də tərifləyək. Bu, inkişafın davam etdirilməsini şirnikləndirir.

Psixoloq Cessi Leyr özünün “Mən göydəki ulduzları qapmıram, balaca, lakin məndə nə varsa, mən onların hamısıyam” kitabında qısa şərh verir: “Tərifin insanın ruhuna təsirini günəş işığının bitkiyə təsiri ilə müqayisə etmək olar ki, bunsuz bitki çiçəklənə və inkişaf edə bilməz. Eləcə də adamlar. Lakin bizim əksəriyyətimiz tənqidin soyuq küləyini başqalarının üstünə ağlasığmaz hazırlıqla göndərdiyimiz halda, tərifin günəş istisini insanlara çox həvəssiz bəxş edirik”.

Həbsxananın rəisi Lyuis İ.Los belə başa düşür ki, işin qatı cinayətkarlarla bağlı olanda belə ən adi nailiyyətə görə edilən tərif hətta Sinq-Sinqdə də öz bəhrəsini verir. “Mən belə görürəm ki, – deyə Los mən bu fəslin üzərində işlədiyim vaxt ondan aldığım məktubda yazırdı, – məhbusların yenidən tərbiyə olunması işində müsbət nəticələrə nail olmaq üçün onların göstərdikləri səyləri kifayət edəcək qədər qiymətləndirmək onları kəskin tənqid etməkdən və törətdikləri qayda pozuntularına görə onları mühakimə etməkdən qat-qat faydalıdır”.

Mən Sinq-Sinqdə heç vaxt məhkumluqda olmamışam – hər halda, indiyə qədər, lakin geri boylanıb öz şəxsi həyatıma baxanda belə hallar tapıram ki, həmin vaxt bir neçə tərifli söz mənim bütün gələcəyimi dəyişərdi. Eyni şeyi siz özünüz haqqında məgər deyə bilməzsiniz? Tarix tərifin sehrli təsirinin nümunələri ilə zəngindir.

Məsələn, yarım yüzillik bundan əvvəl Neapolda fabrikdə onyaşlı uşaq işləyirdi. O, müğənni olmağı həsrətlə arzulayırdı, lakin birinci müəllimi onun əlqolunu yanına saldı: “Sən oxuya bilmirsən. Sənin səsin qətiyyən yoxdur. Sən elə bil jalüzlərdən keçən külək kimi ulayırsan”.

Uşağın anası, yoxsul kəndli qadın onu qucaqladı və dedi ki, o oxuya bilir, dedi ki, o, getdikcə daha yaxşı oxuyur. Ana ayaqyalın gəzirdi ki, onun musiqi dərslərinin haqqını ödəmək üçün pul yığa bilsin. Anasının tərifi və göstərdiyi dəstək oğlanın həyatını dəyişdi. Ola bilsin ki, siz onun haqqında eşitmisiniz. Onun adı Enriko Karuzodur və o, öz dövrünün ən böyük, ən məşhur opera müğənnisi oldu.

Çox illər bundan qabaq Londonda bir cavan oğlan arzulayırdı ki, yazıçı olsun. Lakin belə görünürdü ki, hər şey onun əleyhinədir. O, məktəbə dörd ildən çox gedə bilmədi. Onun atasını borcları qaytara bilmədiyinə görə həbsxanaya saldılar və oğlan aclığın nə demək olduğunu çox tez bildi.

Nəhayət, onu siçovullarla qaynaşan zirzəmidə çəkmə mazı bankalarına yarlıq yapışdırmaq işinə götürdülər. O, özü kimi iki evsiz-eşiksiz oğlanla birlikdə çardaqda gecələyirdi.

Özündəki yazmaq qabiliyyətinə onun inamı çox böyük idi, lakin o, bir-birinin ardınca imtina alırdı. Nəhayət, onun hekayələrindən birinin qəbul edildiyi möhtəşəm gün gəlib çatdı. Doğrudur, buna görə o, bir şillinq də olsa almadı, lakin redaktor onu təriflədi. Oğlan o qədər həyəcanlanmışdı ki, məqsədsiz surətdə küçələrdə veyllənir və yanaqlarında göz yaşları diyirlənirdi.

Tərif, öz ifadəsini hekayələrindən birinin dərc olunmasında tapan, ona verilən qiymət – bu, oğlanın bütün həyatını dəyişdi. Redaktorla həmin görüşü olmasaydı, o, ola bilsin ki, bütün ömrünü siçovulların qaynaşdığı fabrikdə işləməli olacaqdı. Bəlkə siz həmin oğlan haqqında eşitmisiniz? Onun adı Çarlz Dikkens idi.
Yarım yüzillik bundan qabaq başqa bir londonlu gənc manufaktura köşkündə klerk işləyirdi. O, səhər saat beşdə yuxudan durmalı, otağı süpürməli və katorqalı kimi gündə on dörd saat işləməli idi. Bu, ağır iş idi və bu işə o nifrət edirdi. İki ildən sonra onun bu işə tab gətirməyə artıq halı yox idi və bir gün səhər yeməyini gözləmədən on beş mil məsafə qət edir ki, bir varlı evində təsərrüfatı idarə edən anası ilə söhbət etsin.

O sakitləşmirdi, anasına yalvarırdı, ağlayırdı, and içirdi ki, əgər həmin köşkdə bundan sonra da qalsa, özünü öldürəcək. Sonra o, öz qoca müəlliminə uzun patetik məktub yazaraq bildirdi ki, dərd onu artıq sındırıb, daha yaşamaq istəmir. Qoca müəllim onu bir qədər təriflədi və inandırdı ki, o çox ağıllı, istedadlı, gözəlliyi incəliklə başa düşməyi bacaran gəncdir və ona müəllim yerini təklif etdi.

Bu tərif gəncin bütün gələcəyini dəyişdi və ingilis ədəbiyyatının tarixində böyük iz qoydu. Həmin gənc o vaxtdan 77 kitab dərc etdirdi və qələmi ilə milyonlarla dollar qazandı. Siz onun haqqında, çox güman ki, eşitmisiniz. Onun adı Herbert D.Uellsdir.

İndi görün görkəmli psixoloq və filosof Uilyam Ceyms nə demişdir:

“Biz bizim necə olmalı olduğumuzla müqayisədə vur-tut yarıyadək oyanmışıq. Biz özümüzün fiziki və əqli resurslarımızın yalnız cüzi hissəsindən istifadə edirik. Başqa sözlə, insan individuumu indiyə qədər də özünün minimal imkanları hüdudundan çıxmadan yaşayır. O çox müxtəlif, adətən, necə istifadə edəcəyini bilmədiyi qabiliyyətlərə malikdir”.

Bəli, siz, bu sətirləri oxuyanlar, bir çox qabiliyyətlərə maliksiniz ki, bunları istifadə etmək sizə, adətən, müyəssər olmur və bu, çox güman, tam həcmdə istifadə etmədiyiniz qabiliyyətlərdən biri – tərif və qiymət verməklə adamları öz gizli imkanlarını işə salmağa sövq etmək kimi magik imkanınızdır.

Beləliklə, əgər siz insanı incitmədən, onda hiddət doğurmadan ona təsir göstərmək istəyirsinizsə, 6-cı qaydadan istifadə edin:

Adamı hər bir, hətta ən adi uğuruna görə də tərifləyin və bu vaxt “öz etirafınızda səmimi, təriflərinizdə səxavətli olun”.

İtə yaxşı ad verin

Mənim dostum, Nyu-Yorkda Bryuster-roud Skardeyn 175-ci evdə yaşayan xanım Ernst Censt muzdla xidmətçi qız tutmuşdu və ondan gələn həftə bazar ertəsindən işə başlamağı xahiş etmişdi. Bu arada isə xanım Censt həmin qızın əvvəllər evində işlədiyi qadına zəng etmişdi. Məlumatlar heç də ürəkaçan deyildi. Qız işə başlamaq üçün gələndə xanım Censt dedi: “Nelli, mən bu günlərdə əvvəllər sizin evində işlədiyiniz qadına zəng etmişdim.

O dedi ki, siz düzgün qızsınız, sizə etibar etmək olar, yaxşı biş-düş edirsiniz, uşaqlara yaxşı baxırsınız. O həm də dedi ki, siz təmizkar deyilsiniz və evi heç vaxt təmiz saxlamırdınız. Lakin düşünürəm ki, bu, doğru deyil. Siz çox səliqəli geyinirsiniz, bunu hər kəs görür. Mən mərc çəkməyə hazıram ki, paltarınız necə təmizdirsə, siz evi də o cür təmiz saxlayacaqsınız. Düşünürəm ki, biz sizinlə yola gedəcəyik”.

Və onlar, həqiqətən də, gözəl yola gedirdilər. Nellinin yeni reputasiyası var idi və o, bunu doğrultmalı idi. O, məmnuniyyətlə gündə bir saat artıq evin səliqəsahmanına diqqət yetirirdi ki, təki xanım Censt onun haqqında ideal işçi təsəvvürünü dəyişməsin.

“Orta səviyyəli insanı, – Boduin Lokomotiv Uorks firmasının prezidenti Samyuel Vekson demişdir, – öz ardınca aparmaq asandır, əgər siz onun rəğbətini qazana və hansısa məziyyətinə görə ona hörmət elədiyinizi hiss etdirə bilmisinizsə”.

Qısaca deyilərsə, əgər siz adamın hansısa keyfiyyətinin üzə çıxmasını istəyirsinizsə, özünüzü elə aparın ki, elə bil həmin keyfiyyət artıq səciyyələndirici xüsusiyyətdir. Şekspir deyib: “Özünüz üçün bir xoş məram fikirləşib tapın, əgər bu sizdə yoxdursa”.

Və başqa şəxsdə inkişaf etdirmək istədiyiniz xoşməramlı xüsusiyyətin onda olduğunu hamı qarşısında bildirmək çox faydalıdır. Onun yaxşı reputasiyasını yaradın və o, sizi məyus etməmək üçün ağlasığmaz səylər göstərəcək.

Xanım Jorjet Leblan özünün “Xatirələr. Mənim Çeterdinklə həyatım” kitabında belçikalı sadə Zoluşkanın heyrətamiz transformasiyasını qələmə alır. O yazır: “Mənə yeməyi qonşu hoteldən qulluqçu qız gətirirdi. Onun adı Qabyuyan Mariya idi, çünki o, öz karyerasını qabyuyan köməkçisi işləyərək başlamışdı. O, demək olar ki, xortdan idi: çəpgöz, əyriayaq, həm fiziki, həm də intellectual cəhətdən miskin.

Bir dəfə o, mənə əlində tutduğu qırmızı nimçədə makaron gətirəndə ona birbaşa dedim: “Mariya, sizdə necə bir xəzinənin gizləndiyini siz özünüz üçün heç təsəvvür etmisinizmi?”.

Öz emosiyalarını saxlamağa vərdiş etmiş Mariya bəla baş verəcəyi qorxusundan bir anlığa da olsa hərəkətsiz dayanıb qaldı. Sonra o, nimçəni stolun üstünə qoydu, köksünü ötürdü və ağıllı cavab verdi: “Mən buna heç vaxt inanmazdım, xanım”.

O, tərəddüd ifadə etmədi və heç bir sual vermədi. O, sadəcə olaraq, mətbəxə qayıtdı və ona deyiləni orada təkrar etdi – özündəki inamın qüvvəsi sayəsində və inamın qüvvəsi elədir ki, heç kim onu ələ salmağa cürət eləmədi. Həmin gündən etibarən ona hətta müəyyən hörmətlə yanaşmağa başladılar.

Lakin daha heyrətamiz dəyişiklik sadə Mariyanın özündə baş verdi.

Günəş işığı görməyən xəzinənin özündə cəm olduğuna inanan qız öz bədəni və sifətinə elə cidd-cəhdlə qulluq etməyə başladı ki, onun aclıq çəkmiş gəncliyi sanki çiçəkləndi və onun çirkinliyini örtüb gizlətdi.

İki aydan sonra mən oradan gedəndə qız mənə bildirdi ki, hotelin yiyəsinin bacısı oğluna ərə gedir. “Mən xanım olacağam”, – dedi o və mənə təşəkkür elədi. Qısa bir cümlə onun bütün həyatını dəyişdi”.

Jorjet Leblan Mariya-qabyuyanı yaratdı, onun reputasiyasını dəyişdi və həmin reputasiya onu çevirib başqa adam etdi.

Henri İ.Risner eynilə həmin fəndi Fransadakı amerikalı əsgərlərin davranışına təsir göstərmək üçün tətbiq etdi. Populyar amerikalı generallardan biri olan Ceyms H.Harborq Risnerə dedi ki, Fransadakı iki milyon amerikalı əsgər, onun fikrinə görə, nə vaxtsa iş görməli olduğu və ya haqqında oxuduğu ən vicdanlı, nəcib adamlardır.

Sarsaq tərifdir? Ola bilər. Lakin Risnerin bundan necə istifadə etdiyinə baxın.

“Generalın dediyini, – Risner yazır, – onun haqlı olub-olmadığı sualını özümə bircə an belə verməyərək əsgərlərə təkrar etmək üçün mən cüzi imkanı da əldən buraxmırdım. Lakin mən bilirdim ki, əgər o hətta haqlı deyilsə də, onun rəyi əsgərləri onlar haqqında necə fikirləşirlərsə, o cür olmağa ruhlandıracaqdır”.

Köhnə məsəl mövcuddur: “İtə pis ad verin və sakitcə onu asa bilərsiniz, lakin itə yaxşı ad qoyun və siz nə baş verəcəyini görəcəksiniz”.

Demək olar, hər kəs: varlı, yoxsul, dilənçi, oğru yaxşı reputasiyasını doğrultmağa çalışır, əgər o, buna malikdirsə.

“Əgər siz fırıldaqçı ilə üzləşmisinizsə, – deyirdi Sinq-Sinq həbsxanasının rəisi Los (həbsxana rəisi isə nə dediyini, yəqin ki, bilir), – onu üstələməyin yeganə yolu – ona centlmen kimi münasibət göstərməkdir. Onun centlmen olduğunu özözlüyündə mövcud olan məsələ hesab edin. O, bu cür münasibətdən o qədər xoşhal olacaq, ona etibar edildiyinə görə elə fəxr edəcək ki?..”

Beləliklə, əgər siz insanı incitmədən, onda hiddət doğurmadan ona təsir göstərmək istəyirsinizsə, 7-ci qaydanı unutmayın:

Adam haqda yaxşı rəy söyləyin ki, o, buna uyğun surətdə yaşasın.

Belə edin ki, çatışmazlıq asan düzələ bilən bir iş kimi görünsün

Bir müddət əvvəl qırxyaşlı subay dostum nişanlanmışdı və nişanlısı onu inandıra bilmişdi ki, gec də olsa, bir neçə rəqs dərsi alsın. “Tanrı bilir ki, – deyə o, bu əhvalatı mənə danışanda etiraf etmişdi, – mən rəqs dərslərinə nə qədər möhtac idim, çünki mən iyirmi il əvvəl necə rəqs edirdimsə, indi də o cürdür. Birinci müəllimim mənə bəlkə də həqiqəti demişdi – demişdi ki, “etdiyim nə varsa, heç nəyə yaramır”.

Onun sözləri məni tamamilə ruhdan saldı. Davam etmək üçün mənim stimulum yox idi və mən rəqs dərslərini atdım.

İkinci müəllimim, çox güman ki, düzünü deməmişdi, ancaq bu, mənim çox xoşuma gəldi. O dedi ki, mən bir qədər köhnə dəblə rəqs edirəm, ancaq hərəkətlər əsas etibarilə düzgündür. Və o əmin etdi ki, bir neçə yeni “pa” mənimsəmək mənim üçün çətin olmayacaqdır. Birinci müəllimim səhvlərimi üzə vurmaqla mənim əl-qolumu yanıma salmışdı. İkincisi isə bunun düz əksini elədi.

O, düzgün etdiyim hər şeyə görə məni tərifləyir və mənim həm bacarıqsızlığımın, həm də səhvlərimin xətasını azaltmağa çalışırdı. “Sizdə təbii ritm hissi var, – deyə o, məni inandırırdı, – siz anadangəlmə rəqqassınız”. Doğrudur, mənim sağlam təfəkkürüm mənə deyirdi ki, mən həmişə üçüncü dərəcəli rəqqas olmuşam və elə bu cür də qalacağam.

Lakin qəlbimin dərinliklərində gizlədilmiş və xatırlanması bu gün də mənə xoşdur ki, o bəlkə, həqiqətən də, belə hesab edirdi. O, bunu, əlbəttə, ona görə deyirdi ki, mən dərslərə görə ona pul ödəyirdim, lakin bunu qeyd etmək nəyə gərəkdir?

Hər halda, bilirəm ki, indi mən – əgər o, məndə anadangəlmə ritm hissinin olduğunu deməmiş olsaydı, rəqs edəcəyimlə müqayisədə – daha yaxşı rəqs edirəm. Bu, məni ilhamlandırdı. Bu, məni özümü kamilləşdirməyə məcbur etdi”.

Uşağa, yaxud tabeçiliyinizdəki adama deyin ki, o – kütbeyindir, əlindən heç nə gəlmir, onun bu cür məsələlərin öhdəsindən gəlmək üçün heç bir istedadı yoxdur, hər nə edirsə, hər şey səhvdir və siz onu stimuldan məhrum edəcəksiniz.

Lakin əksinə hərəkət edin: təriflərə heyifsilənməyin, işi elə təsvir edin ki, bu, asan yerinə yetirilə biləcək iş kimi görünsün, adama hiss etdirin ki, siz onun bu məsələnin öhdəsindən gəlmək üçün qabiliyyətlərinə tam əminsiniz, onun bu cür məsələlərin həll olunmasına xüsusi, sadəcə, inkişaf etdirilməmiş istedadı var və həmin adam müvəffəqiyyət qazanmaq üçün gecələri də məşğul olacaqdır.

Louel Tomas məhz bu metoddan istifadə edir və mənə inanın ki, o, insan münasibətləri sahəsində möhtəşəm ustadır. O, sizi daha qüvvətli edir. O, sizə mərdlik və inam aşılayır. Məsələn, bu yaxınlarda mən cənab və xanım Tomasla dərs keçirdim.

Şənbə günü axşam məni şölələnən kaminin qarşısında keçiriləcək dostcasına bric partiyasında iştiraka dəvət etdilər. Bric? Mən? Ah, yox! Yox! Bircə mən yox! Mən bricdə heç nə anlamıram. Bu oyun mənim üçün həmişə böyük sirr olub. Bu, qeyri-mümkündür!

“Axı niyə, Deyl? Bu heç də o qədər çətin şey deyil, – dedi mənə Louel, – bric üçün yaddaş və bir az dərrakədən başqa, heç nə lazım deyil. Siz bir dəfə yaddaş haqqında məqalə yazmışdınız. Sizin üçün bric uduzulmaz oyundur. Bu məhz elə sizin xəttiniz üzrədir”.

Və heç iki saniyə də keçməmiş, mən nə etdiyimi özüm üçün ayırd edənə qədər həyatımda ilk dəfə kart stolu arxasında əyləşdim. Hər şey ona görə belə oldu ki, mənim buna anadangəlmə qabiliyyətim olduğunu dedilər və bunun elə də çətin oyun olmadığına inandırdılar.

Bric haqqında danışarkən Ela Kalbertsonu xatırladım. Bu, harada bric oynayırlarsa, orada məşhur olan addır. Onun bric haqqında kitabları dünyanın bir çox dillərinə tərcümə olunub və milyonlarla nüsxədə satılıb. Lakin o deyirdi ki, əgər cavan bir qadın onu bricdə iy qabiliyyətinə malik olduğuna inandırmış olmasaydı, o, heç vaxt bu oyunda peşəkar ola bilməzdi.

O, 1922-ci ildə Amerikaya gələndə fəlsəfə və sosioloq müəllimi yeri almağa çalışdı, lakin müvəffəqiyyətsizliklə üzləşdi.

Onda o, kömür alverinə girişməyə cəhd etdi, yenə də uğursuzluqla rastlaşdı. O, qəhvə satmağı sınadı, ancaq bundan da heç nə çıxmadı.

Həmin günlərdə bric oyununu öyrətmək işinə girişmək onun heç ağlına da gəlmirdi. O, bu oyunu nəinki yaxşı oynamırdı, həm də bezikdirici partnyor idi. Çünki lap çox sual verir və oyun qurtarandan sonra onu o qədər müzakirə edirdi ki, heç kəs onunla oynamaq istəmirdi. Lakin bir dəfə o çox gözəgəlimli bir qızla – bric oyunu üzrə müəllimə Cozefina Dillonla rastlaşdı. Onu sevdi və onunla evləndi.

Qız onun öz kartlarını nə qədər ciddi və ətraflı analiz etdiyini gördü və onu inandırdı ki, onda kart oyununun dahisi yatır. Kalbertson mənə danışırdı ki, onu brici öz peşəsi kimi seçməyə məhz bu tərif və yalnız həmin tərif məcbur etdi.

Beləliklə, əgər siz insanı incitmədən, onda hiddət doğurmadan ona təsir göstərmək istəyirsinizsə, 8-ci qaydanı yadınızda saxlayın:

Ruhlandırmaqdan daha geniş istifadə edin. Belə edin ki, çatışmazlıq asan düzələcək, həmin adamı aludə etmək istədiyiniz iş isə asan yerinə yetiriləcək bir məsələ kimi görünsün.

Çalışın ki, adamlar sizin istədiyinizi məmnuniyyətlə yerinə yetirsinlər

1915-ci ilin sonlarında Amerika dəhşət və çaşqınlıq halını yaşayırdı.

Avropa xalqları bir ildən çox idi ki, bir-birini bəşəriyyət tarixində indiyə qədər görünməmiş halda qırırdılar. Sülhə nail olmaq mümkün idimi? Heç kim bilmirdi. Lakin prezident Vudro Vilson buna cəhd etməyi qərara aldı.

O, müharibənin Avropadakı yiyələri ilə danışıqlar aparmaq üçün şəxsi nümayəndəsini, sülh emissarını ora göndərməyi qət etdi.

Dövlət katibi, sülh tərəfdarı Uilyam Ceninqs Brayan bu cür elçi olmaq üçün alışıb-yanırdı. O, burada böyük işi həyata keçirmək və öz adını əbədiləşdirmək üçün fürsət gəzirdi. Lakin Vilson başqa adamı təyin etdi – öz şəxsi dostu polkovnik Hauzu. Və Hauzun qismətinə ağır məsələ düşdü – bunu Brayana çatdırmaq, özü də bu vaxt onun özünü alçaldılmış hiss etməsinə imkan verməmək.

“Sülh emissarı qismində Avropaya mənim göndərildiyimi biləndə Brayan aşkar dilxor olmuşdu, – deyə polkovnik Hauz öz gündəliyində yazırdı, – o özü getməyə ümid edirdi…

Mən cavab verdim ki, prezident rəsmi nümayəndə göndərməyin ağıllı olmadığını hesab edir, çünki əgər o, Brayan getmiş olarsa, onda bu, həddən çox diqqət cəlb etmiş olar və adamlar onun nə üçün gəldiyi sualını verəcəklər”.

İşin nə yerdə olduğunu başa düşürsünüzmü? Hauz mahiyyət etibarilə dedi ki, Brayan bu cür tapşırıq üçün həddən artıq əhəmiyyətli simadır və Brayan məmnun qaldı.

Məharətli diplomat, insan münasibətlərində böyük təcrübəyə malik olan polkovnik bir çox mühüm qaydaya riayət edirdi: “Həmişə çalışın ki, adamlara sizin istədiyinizi yerinə yetirmək xoş olsun”.

Uilyams Cibbs Mak-Edunu öz kabinetinin üzvü olmağa dəvət edəndə Vudro Vilson eyni taktikanı rəhbər tuturdu. Bu, onun kiməsə göstərə biləcəyi ən böyük şərəf idi. Bununla belə, Vilson dəvətini elə düzüb-qoşdu ki, Mak-Edu özünü ikiqat əhəmiyyətli sima kimi hiss elədi. Budur, hadisənin necə baş verdiyini Mak- Edunun öz sözləri ilə veririk:

“O (Vilson) dedi ki, indi öz kabinetini formalaşdırır və mən Dövlət xəzinədarı postunu tutmağa razılıq vermiş olsaydım, çox şad olardı. Onun məsələləri çox gözəl ifadə etmək manerası var idi. O, belə təəssürat yaradırdı ki, onun təklifini qəbul etməklə mən ona şərəf göstərmiş oluram”.

Əfsus, Vilson həmişə bu cür diplomat olmurdu. Əks-təqdirdə, tarixin gərdişi tamam başqa ola bilərdi. Məsələn, ABŞ-ın Millətlər Liqasına daxil olması haqqında məsələ həll olunarkən o, Senata və Respublikaçılar Partiyasına lazımi loyallıq göstərmədi. Vilson Fay Rutu, yaxud Hyucu, yaxud Henri Kabbot Locu, yaxud da başqa bir iri respublikaçını özü ilə aparmaqdan imtina etdi. Bunun əvəzinə o, özü ilə öz partiyasından olan heç kəsin tanımadığı adamları apardı.

O, respublikaçıları özündən uzaqlaşdırdı. Millətlər Liqası ideyasının onun özünə olduğu kimi, eyni dərəcədə də onlara məxsus olduğunu hesab etmək hüququnu əllərindən almaqla və Versalda stol arxasında onlara yer verməməklə uzaqlaşdırdı. Belə kobud stilin nəticəsi bu oldu ki, Vilsonun karyerası qəzaya uğradı, onun sağlamlığı laxladı, ömrü isə qısaldı.

Amerika Millətlər Liqasından kənarda qaldı. Dünya tarixinin gedişi dəyişdi.

Məşhur “Dabldey Peyc” nəşriyyatı bu qaydaya həmişə riayət edib:

“Belə edin ki, sizin adamlara məsləhət gördüklərinizi yerinə yetirmək onlara xoş olsun”.

Bu mənada firma çox böyük kamilliyə nail olmuşdur.

O’Henri bildirmişdi ki, “Dabldey Peyc” hətta onun bu və ya digər əsərini çap etdirməkdən imtina edərkən belə ona öz hörmətini göstərə bilirdi və bunu o qədər incəliklə, elə yüksək qiymət verməklə edirdi ki, onun hekayəsini qəbul edən başqa naşirlə müqayisədə “Dabldey Peyc”in imtinası ona daha xoş idi.

Mən elə bir adam tanıyıram ki, o, dostlarının və minnətdar olduğu şəxslərin ona müraciət edərək nitqlə çıxış etmək dəvətindən imtina eləmək məcburiyyətində qalırdı. Amma bunu elə məharətlə edirdi ki, dəvət edənlər, ən azı, onun imtinası ilə razılaşırdılar. O, buna necə nail olurdu? O, bunu yalnız özünün bərk məşğul olduğunu və ya filanın həddən artıq belə, behmanın həddən artıq elə… olduğunu bildirməklə etmirdi.

Xeyr, dəvətə görə təşəkkürünü və dəvəti qəbul edə bilməyəcəyi ilə əlaqədar təəssüfünü bildirərək, öz əvəzinə kimi dəvət edə biləcəklərini göstərirdi.

O, dəvət edəni dərhal başqa natiq haqqında fikirləşməyə məcbur edirdi.

“Siz nə üçün də mənim dostum Klivlend Rocersi, “Bruklinli Qartalı” dəvət etməyəsiniz, – deyə o təklif edirdi. – Və yaxud niyə də Gi Hikokdan vəd almayasınız? O, Parisdə on beş il yaşayıb və Avropada müxbir olduğu dövrlərdə başına gələn macəralarla bağlı çoxlu heyrətamiz əhvalat danışa bilər. Və ya Livinqston Lonqfellonu. O, Hindistanda iri heyvan ovu haqqında möhtəşəm film çəkib”.

Nyu-Yorkda ən iri firmalardan birinin başçısı olan D.E.Vont firmanın mexanikinin davranışında dəyişikliyə nail olmaq zərurəti ilə üzləşmişdi; özü də bunu edəndə mexanikdə narazılıq yaratmamaq lazım idi. Həmin mexanikin vəzifəsi sayı onlarla olan çap makinası və digər aparatın vəziyyətinə nəzarət etmək, onların həmişə saz olmasını təmin etməkdən ibarət idi. Mexanik daim iş gününün uzun olmasından şikayət edir, işin həddən çox olduğunu bildirir və köməkçi tələb edirdi.

D.E.Vont ona köməkçi vermədi; nə iş gününü qısaltdı, nə də işin həcmini azaltdı; bununla belə, mexanikin tamamilə razı qalmasına nail oldu. Necə? Mexanikə şəxsi kabinet verildi. Qapının üstündə “Xidmət şöbəsinin rəisi” yazısı ilə birlikdə onun adı peyda oldu.

O artıq istənilən Tomun, Dikin və ya Henrinin sərəncam edə biləcəyi sazlayıcı, təmir üzrə usta deyildi. O, şöbə müdiri olmuşdu. O, indi böyük üstünlüyə, etirafa, özünün əhəmiyyət kəsb etməsi hissinə malik idi, təvazökarcasına və giley-güzarsız işləyirdi.

Uşaqlıqdır? Ola bilər. Napoleon Fəxri Legion yaradanda, 1500 xaç nişanını öz əsgərlərinə paylayanda, 18 nəfər generala Fransa Marşalı adını verəndə və öz ordusunu Qüdrətli Ordu adlandıranda da ona eyni şeyi deyirdilər. Müharibələrdə bərkimiş veteranlara oyuncaqlar hədiyyə etdiyinə görə Napoleonu tənqid edirdilər. Napoleon cavab vermişdi: “Oyuncaqlar uşaqları idarə edir”.

Bu fənd – titul və fəxri adlarla təltif etmək Napoleona fayda gətirirdi, o, sizə də fayda gətirəcəkdir.

Bu da nümunə: Skardeldən olan, haqqında artıq danışdığım xanım Centin rəfiqəsini onun evinin qarşısındakı çəmənlikdə qaçışan və otluğu zay edən oğlan uşaqları çox narahat edirdi. O, oğlanları danlayırdı. O, onları dilə tuturdu. Heç nə kömək etmirdi. Onda o, bu dəstədən olan ən qatı burnufırtıqlını xüsusi səlahiyyətlər və titulla təltif etməyi qərara aldı.

Qadın həmin oğlanı detektiv təyin etdi və onun boynuna otluğa heç kimi buraxmamaq vəzifəsini qoydu. Bu, problemi həll etdi. Onun detektivi dəmir mil qıpqırmızı qızaran kimi qızdırmışdı və çəmənliyə ayaq qoyan hər bir uşağı damğalayacağı ilə hədələyirdi.

İnsanın təbiəti belədir.

Odur ki, əgər siz insanı incitmədən, onda hiddət doğurmadan ona təsir göstərmək istəyirsinizsə, 9-cu qaydanı tətbiq edin:

Belə edin ki, sizin istədiyinizi yerinə yetirmək insanlara xoş olsun.

Xülasə
İnsanı incitmədən, onda hiddət doğurmadan ona təsir göstərməyin doqquz qaydası

Qayda 1: Tərifdən və adamın məziyyətlərini etiraf etməkdən başlayın.

Qayda 2: Adamların səhvlərinə diqqəti cəlb edəndə bunu dolayısı formada edin.

Qayda 3: Başqasını tənqid etməyə başlamazdan əvvəl öz şəxsi səhvləriniz barədə danışın.

Qayda 4: Əmrlər vermək əvəzinə suallar verin.

Qayda 5: Adama öz simasını xilas etməyə imkan verin.

Qayda 6: Hər bir, hətta ən kiçicik uğura görə adamı tərifləyin və bunu edərkən səmimi və təriflərə səxavətli olun.

Qayda 7: Adama yaxşı ad verin ki, həmin adam buna uyğun olaraq yaşamağa başlasın.

Qayda 8: Mükafatlandırmaqdan istifadə edin. Belə edin ki, kimdəsə düzəltmək istədiyiniz çatışmazlıq asan düzələn, onu aludə etmək istədiyiniz iş isə asan yerinə yetirilə biləcək məsələ kimi görünsün.

Qayda 9: Belə edin ki, sizin etmək istədiyinizi yerinə yetirmək adamlara xoş olsun.

MÖCÜZƏLƏR YARADAN MƏKTUBLAR

Mərc qoşuram ki, sizin indi nə fikirləşdiyinizi bilirəm. Siz özlüyünüzdə təqribən buna oxşar bir şey deyirsiniz: “Möcüzə təsirli məktub?” Boş şeydir! Patentləşdirilmiş tibbi vasitələrin reklamının iyi gəlir!”

Əgər belə düşünürsünüzsə, sizi mühakimə etmirəm. Əgər belə bir kitab mənim əlimə təqribən on beş il əvvəl düşmüş olsaydı, elə mən də, çox güman, eynilə bu cür fikirləşərdim. Skeptikcəsinə? Hə də, nə olar! Mən skeptikləri sevirəm.

Mən həyatımın ilk iyirmi ilini Missuridə keçirmişəm və sübut tələb edən adamları sevirəm. İnsan düşüncəsinin, demək olar, bütün tərəqqisini hər şeyi şübhə altına alan, suallar verən, sübutlar tələb edən “kefli adamlar” həyata keçiriblər.

Ədalətli olsaq, “Möcüzə təsirli məktublar” adı dəqiqdirmi?

Xeyr. Açığını desəm, dəqiq deyil.

Əslində, bu, şişirdilmişdir. Bu fəsildə göstərilən məktublardan bəziləri ikiqat möcüzə təsirli kimi qiymətləndirilmişdir.

Kim tərəfindən qiymətləndirilib? Satış üzrə ən məşhur amerikalı ekspertlərdən biri, Cons-Kenvill firmasında əvvəllər satış şöbəsinin müdiri, indi isə Kolgeyt-Palmoliv firmasının reklam şöbəsinə rəhbərlik edən və Milli Reklam Assosiasiyasının sədri cənab Ken R.Deyk tərəfindən.

Cənab Deyk bildirir ki, onun pərakəndə ticarət satıcılarına ünvanladığı məktubların 3-5%-dən çoxuna cavab verilməsi nadir hallarda olurdu. O dedi ki, 15% cavab alınmasını tamamilə qeyri-adi hal kimi qiymətləndirirdi, ancaq göndərilən cavabların sayı 20%-ə sıçramış olsaydı, onda o, bunu möcüzədən başqa heç nə hesab etməzdi.

Lakin Deykin bu fəsildə göstərilən məktublarından biri 42% cavab gətirmişdi, başqa sözlə, bu məktub ikiqat möcüzə təsirli idi. Gülün, əgər istəyirsinizsə. Və bu məktubla bağlı hal özü ilə heç də xoşbəxt təsadüf təcəssüm etdirmirdi, nə isə xüsusi bir şey deyildi. Bir çox başqa məktublar da analoji nəticə vermişdi.

O, buna necə nail olmuşdu? Bax bu cür. Ken Deyk bunu belə izah edir:

“Məktubların intensivliyinin heyrətamiz artımı mən cənab Karneginin “Natiqlik sənəti və insan münasibətləri” kursunu dinlədikdən dərhal sonra baş vermişdi. Gördüm ki, bu işə əvvəlki yanaşmam tamamilə yanlışdır. Və dinlədiyim kurslarda deyilən prinsipləri tətbiq etməyə cəhd elədim. İnformasiya vermək xahişindən ibarət olan məktubların effektivliyinin 500-600% artmasına gətirən də elə bu oldu”.

Budur məktub. Məktub ünvanlandığı adama bununla ləzzət verir ki, özündə məktubun müəllifinin boynuna minnət qoymaq xahişini ehtiva edir. Minnət – bu, ünvanlandığı adamda özünün əhəmiyyət kəsb etdiyi hissini doğuran sözdür.

Məktuba mənim şərhlərim mötərizələrdə verilir.

“Cənab Con Blenkə.

Blenkvill, İndiana.

Dərin hörmətli cənab Blenk!

Siz mənə, düşdüyüm kiçik bir çətinlikdən çıxmaqda kömək etməzdinizmi? (Gəlin bu mənzərəni özümüz üçün daha aydın təsəvvür edək. Cons-Kemvill firmasının inzibatçısından məktub alan, Arizona ştatında tikinti materialları ilə alver edən taciri təsəvvür edin və Nyu-Yorkdan olan həmin yüksəkmaaşlı inzibatçı elə ilk sətridə düşdüyü çətin vəziyyətdən çıxmaqda kömək xahiş edir.

Arizona ştatından olan tacirin özünə nə isə aşağıdakına oxşar bir şey dediyini mən təsəvvür edirəm: “Nə etmək, Nyu-Yorkdan olan bu tip əgər çətin vəziyyətə düşübsə, o, əlbəttə, ünvanı düzgün seçib, çünki mən həmişə genişürəkli olmağa və insanlara kömək etməyə çalışıram. Görək onun başına gələn nə işdir belə?!”)

Keçən il mən öz firmamızı il ərzində təklif edə biləcəyi malların preyskurantını öz hesabına buraxmağa inandıra bilmişdim. Bizim satıcıların satışı artırmaq üçün ilk növbədə bu cür preyskuranta ehtiyacı var (Arizonadakı tacir, çox güman, özlüyündə belə deyir: “Əlbəttə, qoy öz hesablarına buraxsınlar. Gəlirin, demək olar, hamısı onlara çatır. Onlar milyonlar qamarlayırlar, mən isə mənzil haqqını ödəməyə çətinliklə nə isə qopardıram… Görək ona nə lazımdır?!”).

Mən preyskurantdan istifadə edən 1600 tacirdən sorğu etmişəm və tacirlərin əməkdaşlığın bu formasını qiymətləndirdiklərini, onun çox məhsuldar olduğunu hesab etdiklərini göstərən yüzlərlə cavab alanda, əlbəttə, çox şad idim.

Buna görə də biz hazırda yeni, ümid edirəm ki, bir az da çox xoşa gələcək preyskurant hazırlayırıq. Lakin bu gün bizim prezident keçənilki preyskurant ilə bağlı məruzəmi dinlədikdən sonra həmin preyskurant üzrə necə sövda bağlandığını soruşdu. Ona cavab vermək üçün mən, təbii ki, kömək xahişiylə sizə müraciət etməyə məcburam.

(Bu heç də pis cümlə deyil: “Ona cavab vermək üçün mən kömək xahişiylə sizə müraciət etməyə məcburam”. Nyu-Yorkdan olan böyük işbaz həqiqəti deyir və bunu Arizonadan olan tacirə açıq-açığına, səmimi surətdə etiraf edir. Diqqət yetirin ki, Ken Dayk məktubu ünvanladığı tacirin nə dərəcədə əhəmiyyətli olduğu

barədə sorğu-suala vaxt itirmir. Əksinə, o, tacirin köməyinin onun üçün nə qədər vacib olduğunu göstərir. O hətta bu kömək olmadan firmanın prezidenti qarşısında hesabat da verə bilmir. Təbii ki, bu cür söhbət Arizonadan olan tacirin elə hər bir adam kimi xoşuna gəlir.)

Mən istəyərdim ki, siz:

1) Keçənilki preyskurantın köməyi ilə nə qədər sövda bağlamağa müvəffəq olduğunuz barədə ehtimallarınızı dəvətnamə açıqcasında yazasınız;

2) Bağlanmış həmin sövdaların məbləğini bacardıqca dəqiq, dollar və sentlərlə bildirəsiniz.

Sizə dərin minnətdar olardım və bu informasiyanı mənimlə bölüşdüyünüzə görə sizin lütfkarlığınızı yüksək qiymətləndirirəm.

Səmimi-qəlbdən sizin Ken R.Deyk, satış şöbəsinin müdiri.

(Onun axırıncı cümlədə “mən”in səsini necə azaltdığına və bütün səsi ilə “siz” qışqırdığına diqqət yetirin. Onun təriflərə simiclik etmədiyinə fikir verin: “dərindən minnətdaram”, “yüksək qiymətləndirirəm”, “sizin lütfkarlığınızı”).

Adi məktubdur, elə deyilmi? Lakin o minnət etmək – xahişlə müraciət olunan adama özünün əhəmiyyət kəsb etdiyini hiss eləməyə imkan verən minnət sayəsində möcüzələr törədir.

Bu cür psixoloji fənd sizin asbest dam örtükləri ticarəti və ya “Ford” avtomobillərində Avropa üzrə turist səyahətləri sahəsi üzrə fəaliyyət göstərməyinizdən asılı olmayaraq, təsir göstərir.

Misal üçün: Qomer Kroy və mən bir dəfə maşınla Fransada səyahət edəndə yolu azmışdıq. Öz köhnə “T” modelli “Ford” avtomobilimizi saxlayıb bir qrup kəndlidən ən yaxın şəhərə necə gedə biləcəyimizi soruşduq.

Sual sarsıdıcı effekt doğurdu. Həmin kəndlilər amerikalıların hamısının dövlətli olduğunu hesab edirdilər və bu yerlərdə avtomobil çox nadir görünən bir şey idi. Fransada maşınla səyahət edən amerikalılar!

Biz, əlbəttə, milyonçu olmalıyıq. Bəlkə də Henri Fordun özünün qohumlarıyıq. Lakin onlar elə bir şey bilirlər ki, onu biz bilmirik. Biz dövlətliyik, lakin biz ən yaxındakı şəhərə necə gedib çıxmağı öyrənmək üçün şlyapamızı çıxarmağa və onlara müraciət etməyə məcburuq. Və bu onlarda özlərinin necə əhəmiyyət kəsb etdikləri hissini doğurdu. Onlar hamısı birdən danışmağa başladı. Onlardan biri, nadir hadisədən bərk həyəcanlı olan kəndli qalanlara susmağı əmr etdi. O, bizə yolu göstərmək həzzindən təkbaşına zövq almaq istəyirdi.

Bunu özünüz sınayın. Gələn dəfə tanımadığınız şəhərdə olanda sosial və əmlak mövqeyi ilə sizdən aşağıda duran bir kimsəni yolda saxlayın və deyin: “Siz mənə düşdüyüm çətin vəziyyətdən çıxmağa kömək etməzdinizmi? Filan və ya behman yerə necə gedə biləcəyimi deməzdinizmi?”

Bencamin Franklin qorxulu düşməni ömürlük öz dostuna çevirmək üçün bu yanaşmanı tətbiq etmişdi. O vaxt hələ cavan oğlan olan Franklin yığa bildiyi nə pul vardısa, elə də böyük olmayan nəşriyyata yatırmışdı. O, Filadelfiyanın Baş Assambleyasında klerk yeri almağa müyəssər olmuşdu. Bu vəzifə ona öz nəşriyyatı üçün rəsmi sifarişlər almaq imkanı verirdi. Bu, ona yaxşı gəlir gətirirdi və Ben heç istəməzdi ki, onu itirsin.

Lakin bir müddətdən sonra ciddi təhlükə meydana çıxdı. Assambleyanın ən varlı və nüfuzlu adamlarından birinin Franklindən xoşu gəlmədi. Onun Franklindən, sadəcə olaraq, xoşu gəlmirdi demək azdır, o həm də ictimaiyyət qarşısında nitqində ona qarşı çıxış da etdi.

Bu, təhlükəli idi. Çox təhlükəli. Və Franklin həmin adamı özünə yaxınlaşdırmağı qət etdi.

Lakin necə? Bu, çətin problem idi. Öz düşməninə bir qulluq göstərmək? Yox. Bu, onda şübhə doğura, nifrət hissi oyada bilərdi.

Franklin çox ağıllı, çox fərasətli idi. Belə bir səhv addım ata bilməzdi. Buna görə də o, tamamilə əksinə olanı etdi: o, düşmənindən özünə qulluq göstərməyi xahiş elədi.

Franklin borca on dollar istəmədi. Yox. Franklinin xahiş etdiyi qulluq onun bədxahına xoş gəlməli idi, onun şöhrətpərəstliyini qıcıqlandırmalı idi, dolayısı ilə özündə Franklinin onu etiraf etdiyini ehtiva etməli, Franklinin onun biliklərinə və nailiyyətlərinə heyran olduğunu göstərməli idi.

Bu əhvalat, Franklinin öz sözlərinə görə, bax belə başa çatdı:

“Mən onun kitabxanasında çox nadir, maraqlı kitab olduğunu öyrəndim və ona məktub yazaraq həmin kitabı oxumaq istədiyimi bildirdim və ondan minnət göstərməyi – o kitabı bir neçə günlük mənə verməyi xahiş elədim.

O, kitabı dərhal göndərdi. Və təqribən bir həftədən sonra mən kitabı ikinci, səmimi-qəlbdən minnətdar olduğumu bildirdiyim məktubun müşayiəti ilə qaytardım.

Bundan sonra biz görüşəndə o, mənimlə söhbət etdi ki, əvvəllər bunu heç vaxt etməzdi; özü də çox nəzakətlə və sonralar mənə nə köməyi dəyə bilərsə, onu etməyə hazır olduğunu bildirdi. Biz möhkəm dost olduq və bizim dostluğumuz onun ömrünün axırına qədər davam etdi”.

Ben Franklin artıq yüz əlli ildir ki, vəfat edib, lakin onun tətbiq etdiyi, özünüzə qulluq göstərilməsini xahiş etməkdən ibarət olan metod uğurla işləməkdə davam edir.

Belə ki, bu metod mənim dinləyicilərimdən biri tərəfindən gözəl şəkildə tətbiq olunmuşdu. O, uzun illər ərzində su və istilik sistemləri üçün materiallarla alver edirdi və Bruklində bir işbaz-suçəkəndən sifariş almağa çalışırdı. Su çəkməklə məşğul olan işbazın nəhəng dövriyyəsi olan fövqəladə dərəcədə böyük işi var idi. Lakin mənim dinləyicim lap başlanğıcdan uğursuzluğa düçar olmuşdu. Suçəkən işbaz öz kobudluğu, yolagetməzliyi, kinliliyi ilə qürrələnən xoşagəlməz adamlardan idi.

O, stolun arxasında ağzının küncünə itələnmiş böyük siqar ilə əyləşir və Zizel hər dəfə qapını açan kimi nərildəyirdi: “Mənə bu gün heç nə lazım deyil. Özünüzün və mənim vaxtımı boş-boşuna sərf etməyin! Çıxın gedin!”

Lakin bir dəfə Zizel başqa taktika, öz qarşısında qapını geniş açan, ona dost qazandıran və çoxlu sifariş çatdıran taktika tətbiq elədi.

Zizelin firması Lonq-Aylend adasında Kvin Villicdə yerləşən bir ticarət tikilisini almaq barədə danışıqlar aparırdı. Suçəkən işbaz həmin rayonu yaxşı tanıyırdı, çünki orada iri işlər görürdü. Bu dəfə cənab Zizel onun yanına gəldi və dedi: “Cənab K., bu gün mən gəlməmişəm ki, bizdən nə isə almağı sizə təklif edim. Mən sizdən, əgər etiraz etmirsinizsə, mənə bir qulluq göstərməyinizi xahiş etmək istəyirəm. Siz öz vaxtınızın bir-iki dəqiqəsini mənə ayıra bilməzdinizmi?”

“Hə də, yaxşı, – deyə suçəkən işbaz siqarı ağzının o biri küncünə itələyərək səsləndi, – döşəyin görək sizdə olanı”.

“Bizim firma Kvin Villicdə filial açmağa hazırlaşır, – deyə cənab Zizel bildirdi, – siz isə həmin rayonu hamıdan yaxşı tanıyırsınız. Buna görə də gəldim ki, sizdən bununla bağlı nə düşündüyünüzü soruşam. Bu, ağlabatan addımdır, yoxsa yox”.

Situasiya tamamilə başqa idi. Həmin suçəkən işbaz illər uzunu idi ki, ticarət agentlərinin üstünə nərildəyə-nərildəyə, onları kabinetindən qova-qova öz üstünlüyü hissindən həzz alırdı. Lakin burada ticarət agenti özü ondan məsləhət istəyirdi.

“Əyləşin”, – deyə suçəkən işbaz stulu çəkərək təklif etdi. Və o, Kvin Villicdə bazarın xüsusiyyətləri və üstünlükləri barədə bütöv bir saat ərzində danışdı. O, ticarət tikilisinin yerini yalnız bəyənmədi, həm də əziyyətə qatlaşıb tikilinin alınması, təchizatın təşkil olunması və filialın açılması üçün hərəkətlər kursunu ümumi cizgilərdə başa da saldı. İri topdansatış firmasına işi necə aparmaq lazım olduğunu məsləhət edəndə o özünü iri persona kimi hiss edirdi. Dostcanlı oldu, cənab Zizelə özünün üzləşdiyi məişət çətinlikləri barədə danışdı.

“Mən axşam onun yanından getdiyim vaxt – deyə cənab Zizel danışırdı, – oranı yalnız cibimdə avadanlıq üçün iri sifarişlə tərk etmirdim, həm də sanballı işgüzar əməkdaşlığın zəminini qoymuşdum.

Mən indi bu, əvvəllər mənim üstümə yalnız nərildəyən və mırıldayan oğlanla qolf oynayıram. Onun mənə münasibətində dəyişiklik mənə xırda bir qulluq göstərməsini xahiş etməyimlə əmələ gəldi, bununla da onda özünün əhəmiyyət kəsb etməsi hissini meydana çıxardım”.

Ken Deykin bir məktubunu da nəzərdən keçirək və onun “mənə qulluq göstərin” psixoloji fəndini necə məharətlə tətbiq etdiyini qeyd edək. Cənab Deyk müəyyən informasiyanı göndərmələri xahişi ilə bir neçə il əvvəl biznesmenlərə, podratçılara və memarlara yazdığı məktublara cavab almağa nail ola bilmədiyindən bərk pərişan olmuşdu.

Həmin dövrdə o, ünvanına məktub göndərdiyi adamların bir faizinə qədərindən cavab alırdı. İki faizi o çox yüksək, üçü isə – istisnasız nəticə hesab edirdi. Bəs 10%-i? Hə, 10%-i isə o, möcüzə kimi alqışlayardı. Lakin aşağıda göstərilən məktub, demək olar, 50% cavab doğurdu… Möcüzəvi olandan 5 dəfə çox. Özü də necə cavablar! İki səhifədən ibarət olan məktublar! Dostcasına məsləhətlər və əməkdaşlıq istəyi ilə dolu məktublar.

Budur həmin məktub. Siz görəcəksiniz ki, psixologiyadan – hətta bəzi yerlərində fiziologiyadan da – istifadə etməklə nələrə nail olmaq mümkündür. Məktubun manerası yuxarıda göstərilənlə dəqiqliklə eynidir.

Siz onu oxuyanda sətirarası oxuyun, bu məktubu alan adamın hisslərini təhlil edin. Bu məktubun möcüzədən beş dəfə çox nəticəyə nəyə görə gətirdiyini özünüz başa düşməyə çalışın.

“Con Menvill 22 İst. 40-cı strit, Nyu-York, Cənab Con Dou 247. Dou-strit Douvil, Nyu-Cersi.

Əziz cənab Dou!

Mənə xırda bir çətinlikdən çıxmaqda kömək etməzdinizmi?!

Təqribən bir il bundan əvvəl mən öz firmamızı inandıra bildim ki, memarların ilk növbədə kataloqa ehtiyacı var və bu, elə bir kataloq olmalıdır ki, burada firmamızın təchiz edə bildiyi tikinti materiallarının hamısı və onların evlərin tikintisi və yenidən qurulmasında necə tətbiq olunduğu təfərrüatlı şəkildə göstərilmiş olsun.

Nəticədə əlavə olunan kataloqun mətni ərsəyə gəldi – bu sahə üzrə yeganə kataloq.

Lakin buraxılan tirajın sayının az olduğu aydınlaşdı və mən bu haqda prezidentə məlumat verəndə o, prezidentlərin hamısı nə deyərdisə, onu da dedi: əgər mən ikinci nəşrin məqsədəmüvafiqliyinin sübutlarını ona təqdim etsəm, buna qarşı etiraz etməyəcəkdir.

Təbii ki, mən kömək üçün sizə müraciət etməyə məcburam və buna görə də sizə, eləcə də ölkənin müxtəlif rayonlarındakı 42 memara bu məsələdə hakim olmağı xahiş etmək cəsarətini üzərimə götürürəm.

Sizin üçün ağır olmasın deyə vərəqin arxasında bir neçə sadə sual göstərirəm. Əgər siz onlara cavab versəniz, zəruri hesab etdiyiniz istənilən qeydləri əlavə etsəniz və zərfə qoyulmuş məktubu poçt qutusuna atsanız, şəxsən mənə minnət etmiş olacaqsınız.

Bunun sizin üzərinizə heç bir öhdəlik qoymadığını qeyd etməyə ehtiyac yoxdur, sizə bunu deməyi təklif edirəm ki, kataloqun nəşrini dayandırmaq lazımdır, yoxsa onu sizin məsləhətlərinizə və təcrübənizə əsaslanan düzəlişlərlə yenidən nəşr etmək?!

Hər halda, sizi əmin edirəm ki, sizin əməkdaşlığınızı çox yüksək  iymətləndirirəm. Sizə təşəkkür edirəm!

Səmimi-qəlbdən sizin Ken Deyk, satış şöbəsinin müdiri”.

Bir xəbərdarlıq etmək istəyirəm. Təcrübəmdən bilirəm ki, bu məktubu oxuyandan sonra bəziləri eyni təcrübəni mexaniki surətdə tətbiq etməyə cəhd edəcək. Onlar məktubu ünvanladıqları adamın insani dəyərlərindən əsl səmimi etirafın yox, mədhiyyəçilik və qeyri-səmimiliyin köməyi ilə istifadə etməyə çalışacaqlar.

Yadda saxlayın ki, biz, özümüzə yüksək qiymət verilməsinin və etiraf olunmağımızın yanğısındayıq və bunlara nail olmaq üçün hər nə olsa edərik. Lakin saxtalığı heç kim istəmir. Mədhiyyə heç kimə lazım deyil.

İzin verin təkrar edim: bu kitabda qələmə alınan prinsiplər yalnız o halda təsirli olacaqdır ki, onlar saf ürəkdən gəlmiş olsun. Mən bir kisə hoqqa təklif etmirəm, dediyim isə yeni həyat tərzi haqqındadır.

AİLƏ HƏYATINIZI XOŞBƏXT ETMƏK ÜÇÜN YEDDİ QAYDA
Ailə həyatınızın məzarını mümkün üsullardan hansı ilə ən tez qazımaq olar

Napoleon Bonapartın qardaşı oğlu Fransa imperatoru III Napoleon yetmiş beş il bundan əvvəl Mariya-Yevgeniya-Avqustina-İqnasiya de Montihoya, qrafinya Tobskaya, dünyanın ən gözəl qadınına vurulmuşdu və onunla evləndi. Onun müşavirləri qeyd edirdilər ki, o, cəmi-cümlətanı sadə bir ispan qrafının qızıdır. Lakin Napoleon cavab vermişdi: “Hə, bəs bundan nə çıxır?” Onun qəddqaməti, onun gəncliyi, onun məlahəti, onun gözəlliyi Napoleonu ilahi bəxtəvərliklə aşırıb-daşırırdı. Nikahın müqəddəs ocağı indiyə qədər hələ heç vaxt bundan gur alovlanmamışdı.

Lakin əfsuslar olsun ki, müqəddəs ocaq tezliklə titrədi, istilik azaldı və külə çevrildi. Napoleon Yevgeniyanı imperatriçə edə bilərdi, lakin gözəl Fransada bütün hər nə vardısa, heç nə: nə onun sevgisinin gücü, nə onun taxt-tacının qüdrəti Yevgeniyanın ona etdiyi sonsuz hücumlardan saxlaya bilməzdi.

Qısqanclıqdan didilən, şübhələr içində boğulan gəlin onun əmrlərini lağa qoyur, onunla bir yastığa baş qoymağın heç olmasa görüntüsünü də rədd edirdi. O, Napoleon dövlət işləri ilə məşğul olan vaxt onun kabinetinə soxulurdu. O, imperatorun vacib iclaslarını pozurdu. O, ərinin başqa qadınlarla görüşəcəyindən ehtiyat etdiyindən onu tək buraxmırdı.

O, tez-tez öz bacısının yanına qaçıb gəlir, öz ərindən şikayət edir, ağlayır, ondan giley-güzar edir, ona hədə-qorxu gəlirdi. Onun kabinetinə soxularaq ərini söyür və yuyub-sərirdi. Napoleon – bir düjün dəbdəbəli sarayın sahibi, Fransanın imperatoru özü ilə təklikdə qalmağa bir künc tapa bilmirdi.

Və Yevgeniya bütün bunlarla nəyə nail oldu?

Budur cavab. Mən İ.E.Reynqardın “Napoleon və Yevgeniya. İmperiyanın tragikomediyası” adlı çox maraqlı kitabından sitat gətirirəm.

“Və budur, tez-tez olurdu ki, Napoleon gözlərinə qədər endirilmiş yumşaq şlyapada saraydan oğrun-oğrun, böyürdəki balaca qapıdan özünün yaxın adamlarından birinin müşayiəti ilə çıxır və hansısa bir gözəl, həqiqətən də, onu gözləyən xanımın yanına yollanır, ya da imperatorların yalnız nağıllarda rastlaşdıqları yerlərin yanından keçə-keçə küçələrdə veyllənir və həyata keçməyən arzuların havası ilə nəfəs alırdı”.

Yevgeniyanın hücumları bax buna gətirdi. Doğrudur, o, Fransanın taxttacında əyləşmişdi. Doğrudur, o, dünyanın ən gözəl qadını idi. Lakin bəhanə və məzəmmətlərin zəhərli buxarları arasında canlı adamlarda sevgini nə krallıq, nə də gözəllik qoruyub saxlaya bilər. Yevgeniya səsini qaldıra və gileylənə bilərdi: “Hər şeydən bərk qorxduğum nə vardısa, mənim üstümə uçub töküldü”. Yevgeniyanın üstünə uçub töküldü? O, bunu öz üstünə qısqanclığı və bəhanələri ilə uçurub tökdü.

Sevgini dağıtmaq üçün iblislərin nə vaxtsa fikirləşib tapdıqları cəhənnəm ixtiralarından ən məhvediciləri – qınamaq və məzəmmət etməkdir. Onlar səhvsiz təsir edir, kral gürzəsinin sancması kimi, onlar da həmişə məhv edir, həmişə öldürür.

Qraf Lev Tolstoyun həyat yoldaşı bunu başa düşəndə artıq çox gec idi. Ölümündən qabaq o, qızlarına etiraf etdi: “Sizin atanızın ölümündə günahkar mənəm”. Qızları cavab vermirdilər. İkisi də ağlayırdı. Onlar bilirdilər ki, anaları həqiqəti deyir. Onlar bilirdilər ki, atalarını o, öz əbədi şikayətləri, daimi tənqidi, sonsuz bəhanələriylə öldürüb.

Ancaq bütün dəlillər deməyə əsas verir ki, qraf Tolstoy və onun həyat yoldaşı xoşbəxt olmalı idilər.

O, bütün dövrlərin məşhur yazıçılarından idi. Onun iki şedevri: “Hərb və sülh” və “Anna Karenina” əsərləri dünyanın ədəbiyyat xəzinəsində həmişə parlayacaqdır.

Tolstoy o qədər məşhur idi ki, onun pərəstişkarları gündüz və gecə onun ardınca düşürdülər və onun hər bir sözünü stenoqraflaşdırırdılar. Hətta o deyəndə: “Gedim bir yatım”, onun sözləri yazılırdı. İndi rus hökuməti onun yazdığı hər bir cümləni çap etdirir və onun əsərlərinin toplusu yüz cild təşkil edir.

Şöhrətdən başqa, Tolstoyun və onun həyat yoldaşının var-dövləti, yüksək sosial mövqeyi, uşaqları var idi. Heç bir nikah bu cür aydın, buludsuz səma altında çiçəklənməmişdi. Başlanğıcda onların xoşbəxtliyinin kamil olduğu təsiri bağışlanırdı, bəxtəvərlik həddən artıq böyük idi və uzun müddət davam edəcəyi güman olunurdu. Onlar birlikdə diz çökür və Tanrıya dua edirdilər ki, bu xoşbəxtlik ömürlərinin sonuna qədər tükənməsin.

Sonra heyrətli bir şey baş verdi. Tolstoy tədricən dəyişdi. O, tamamilə başqa bir adam oldu. O, yazdığı kitablara görə xəcalət çəkməyə başladı və həmin vaxtdan etibarən öz həyatını sülhə, müharibələrin dayandırılmasına və yoxsulluğun məhv edilməsinə çağıran məqalələrin yazılmasına həsr etdi.

O, cavanlığında bir dəfə necə olmuşdusa, təsəvvür oluna biləcək istənilən cinayəti, hətta qətl törətdiyini də etiraf edərək İsa Məsihin təliminin ardınca getməyə çalışdı.

O, öz torpaqlarının hamısını paylamışdı və yoxsul adam kimi yaşayırdı. O, əkin sahəsində işləyir, şumlayır, biçirdi. O, öz çəkmələrini təmir edir, öz otağını süpürür, taxta qabdan yemək yeyir və öz düşmənlərini sevməyə çalışırdı.

Lev Tolstoyun həyatı faciəyə çevrildi və bu faciənin səbəbi onun evlənməsi oldu. Onun həyat yoldaşı Tolstoyun nifrət etdiyi dəbdəbəni sevirdi. O, şöhrət və alqışların yanğısını çəkirdi, Tolstoy üçün isə bütün bunlar heç bir əhəmiyyət kəsb etməyən şeylər idi. O, pul və zinət əşyaları arzulayırdı, Tolstoy isə inanırdı ki, var-dövlət və şəxsi mülkiyyət – günahdır.

O, Tolstoyun öz müəlliflik hüquqlarından təmənnasız olaraq imtina etmək istədiyinə görə uzun illər ərzində qışqır-bağır salır, Tolstoya gün verib işıq vermir, onu boğaza yığırdı. O, Tolstoyun öz kitabları müqabilində ala biləcəyi pulları tələb edirdi.

Tolstoy ona etiraz edəndə o, isterikalar qurur, ağzına içərisində tiryək olan şüşə qab tutaraq döşəmədə yuvarlanır və and içirdi ki, özünü öldürəcək, quyuya atacaqdır.

Onların həyatında, mənə belə gəlir ki, tarixdə ən patetik olan səhnələr baş verirdi. Artıq dediyim kimi, öz ailə həyatlarının başlanğıcında onlar deyilməz qədər xoşbəxt idilər, lakin indi, qırx səkkiz il ötəndən sonra Tolstoy ona çətinliklə dözə bilirdi. Hərdən gecələr onun qoca, dərddən əldən düşmüş, sevgi həsrətini çəkən arvadı gəlir, diz çökür və ərindən əlli il qabaq öz gündəliyində onun haqqında yazdığı o məftunedici sevgi sözlərini bərkdən oxumağı xahiş edirdi.

Və o həmin, həmişəlik ötüb gedən, xoşbəxt, gözəl günlər haqqında oxuyanda hər ikisi ağlayırdı. Həyatın gerçəkliyi romantik arzulardan necə də kəskin fərqlənirdi.

Əvvəl-axır, 88 yaşında Tolstoyun öz evliliyinin, öz ailə həyatının faciəvi bədbəxtliyinə dözmək halı qalmadı və 1910-cu ilin qarlı oktyabr gecəsində öz həyat yoldaşından soyuğun və zülmətin ağuşuna, hara getdiyini özü də bilməyərək qaçdı.

On bir gün keçəndən sonra o, balaca dəmiryol stansiyasında vəfat etdi. Ölümündən əvvəl tələb edirdi ki, həyat yoldaşını onun yanına buraxmasınlar. Qrafinya Tolstoyun öz hücumları, zarıltıları və isterikalarına görə ödədiyi qiymət bu oldu.

Oxucu deyə bilər ki, onun şikayət etmək üçün kifayət qədər bəhanəsi var idi. Tutaq ki, amma məsələ bunda deyil. Sual bundan ibarətdir ki, onun dığdığıları və giley-güzarı kömək etdimi, yoxsa, əksinə, vəziyyəti sonsuz qədər pisləşdirdi?

“Düşünürəm ki, mən qeyri-normal idim” – onun həddindən gec dediyi sözlər budur.

Avraam Linkolnun da həyatının faciəsi onun evlənməsi idi. Diqqət yetirin, onun qətlə yetirilməsi yox, onun evlənməsi. But ona atəş açanda Linkoln hiss etmədi ki, onu öldürdülər. Lakin 23 il ərzində o, demək olar, hər gün onun həmkarı Qrendonun “uğursuz nikahın çox acı meyvəsi” kimi qələmə aldığının barını yığırdı. Uğursuz nikah? Belədir, əgər yumşaq desək.

Çünki xanım Linkoln, demək olar, əsrin dörddəbiri ərzində onu bezdirir və həyatını zəhərləyirdi.

O, həmişə şikayətlənir, ərini tənqid edirdi. Ərində heç nə düzgün deyildi. O donqarlanır, yöndəmsiz gəzirdi. Yeriyəndə ayaqlarını hindular kimi qaldırır və qoyurdu. Xanım Linkoln şikayət edirdi ki, onun addımları elastik deyil, onun hərəkətlərində şuxluq yoxdur. Onun yerişini lağa qoyur, ondan tələb edirdi ki, Lensinqtonda xanım Mentelin pansionunda özünə öyrətdikləri kimi, ayaq barmaqlarını aşağı salaraq gəzsin.

Linkolnun iri qulaqlarının necə şəkləndiyi onun xoşuna gəlmirdi. O, Linkolnu hətta burnunun kifayət qədər düz olmadığına, alt dodağının qabağa çox çıxdığına, əl və ayaqlarının həddən böyük, başının həddən balaca olduğuna görə də tənbeh edirdi.

Avraam Linkoln və Meri Todd Linkoln bütün hər şeydə bir-biri ilə ziddiyyət təşkil edirdilər: tərbiyədə, nəsil-nəcabətlərində, xarakterlərində, zövqlərində, zəka genişliyində. Onlar bir-birilərini daim qıcıqlandırırdılar…

“Xanım Linkolnun hündür, cingiltili səsi, – deyə mərhum senator, Linkolnun ən nüfuzlu bioqrafı Albert D.Beneric yazırdı, – küçənin o biri tərəfində eşidilirdi. Onun aramsız hiddət doğuran püskürtülərini isə qonşuların hamısı eşidirdi. Onun qəzəbi yalnız sözlərlə ifadə olunmurdu. Çoxları danışırdı ki, onun söyüşləri fasiləsiz biabırçı hərəkətlərlə müşayiət olunurdu və bu, həqiqətə uyğundur”.

Abraham Lincoln (1809.02.12 – 1865.04.15)

Toylarından bir müddət sonra cənab Linkoln ilə xanımı səhər yeməyi yeyirmişlər. Linkoln nə iləsə arvadının hiddətini doğurur. Nə ilə, indi bunu heç kim xatırlamır, lakin qəzəblənmiş xanım Linkoln qaynar qəhvə fincanını qapır və onu ərinin sifətinə vızıldadır. Özü də bunu başqa adamların yanında edir.

Heç nə deməyərək Linkoln alçaldılmış vəziyyətdə və susqun halda oturub qalır, xanım Erli nəm dəsmalla ona yaxınlaşır və üzünü və pal-paltarını silir.

Xanım Linkolnun qısqanclığı o qədər axmaqcasına, o qədər quduzcasına və o qədər ağlasığmaz idi ki, hətta üstündən 75 il keçəndən sonra da onun camaatın qarşısında çıxardığı biabırçı səhnələr barədə oxuyanda adam hiddətindən boğulur. Əvvəl-axır xanım Linkoln dəli oldu. Və ola bilsin ki, onun haqqında demək mümkün olan ən mərhəmətli nə varsa, bu, başlanmaq üzrə olan ruhi xəstəliyin, çox güman, onun xarakterini dəyişməsidir.

Bu hücumlar, danlaqlar, hiddət püskürtüləri Linkolnu dəyişdimi? Bir münasibətdə hə. Sözsüz ki, bu, onun xanım Linkolna münasibətini dəyişdi. Bunlar onu özünün uğursuz evliliyinin peşmançılığını çəkməyə və arvadından imkan daxilində uzaq olmağa məcbur etdi.

Sprinqfild şəhərində on iki nəfər vəkil var idi və şəhərdə onlara iş çatışmırdı. Buna görə də onlar, adətən, atla ətraf kəndlərə gedir, hakim Devid Devisin keçirdiyi səyyar məhkəmə sessiyalarında iştirak edirdilər. Beləcə, onlar bütün Sprinqfild məhkəmə dairəsində işləri aparırdılar.

Vəkillərin hamısı işlərini elə qururdu ki, şənbə günləri Sprinqfildə qayıdır və uik-endi öz ailələri ilə birlikdə keçirirdilər. Lakin Linkoln bunu etmirdi. O, evə qayıtmağa qorxurdu və yazda üç ayı, ardınca isə üç ay da payızda şəhərin ətraflarında keçirir, Sprinqfildə yaxınlaşmırdı.

İlbəil bu cür davam edirdi. Kənd mehmanxanalarında yaşamaq şəraiti iyrənc idi, lakin, buna baxmayaraq, o, bunu xanım Linkolnun daimi partlamaları və oyunlarının baş verdiyi öz ailə ocağından üstün tuturdu.

Xanım Linkoln, imperatriçə Yevgeniya və qrafinya Tolstoy öz hücumları və dığdığıları ilə bax belə nəticələrə nail olmuşdular. Onlar öz həyatlarına faciədən başqa heç nə gətirmədilər. Hər şeydən çox, bəsləyib yetişdirdiklərini məhv etdilər onlar.

Beləliklə, xoşbəxt ailə həyatını qoruyub saxlamaq üçün birinci qayda:

Heç bir halda bəhanə axtarmayın!!!

Sevin və yaşamağa mane olmayın

“Mən həyatımda bir çox axmaqlıqlar törədə bilərdim, – deyirdi Dizraeli, – amma sevib evlənməyə heç vaxt hazırlaşmamışam”.

O da sevib evlənmədi. O, 35 yaşına qədər subay qaldı. Və onda o, bunu bir varlı dul qadına təklif etdi. Ondan 15 yaş böyük olan dul qadına.

Qadın bilirdi ki, Dizraeli onu sevmir, bilirdi ki, Dizraeli onunla puluna görə evlənir.

Buna görə də bir şərt qoydu: onun xarakteri ilə tanış olmağa imkan vermək üçün ondan bir il gözləməsini xahiş etdi. Və vədə çatanda ona ərə getdi.

Meri Enn 30 il ərzində Dizraeli üçün yaşadı, yalnız onun üçün. Hətta varidatını da yalnız bunun Dizraelinin həyatını yüngülləşdirdiyinə görə qiymətləndirirdi. Və o, Dizraelinin qəhrəmanı oldu. Dizraeli qraf tacını Meri Enn vəfat edəndən sonar almışdı, lakin o hələ İcmalar Palatasının üzvü olanda kraliça Viktoriyanı Meri Ennə zadəgan titulu verməyə inandıra bilmişdi. Və 1868-ci ildə Meri Enn vikontessa Bikonsfild oldu.

Meri Enn bəzən cəmiyyət qarşısında axmaq və yüngüldüşüncəli təsir bağışlasa da, Dizraeli onu tənqid etmirdi. O, bir kəlmə də olsun danlaq sözü işlətmirdi və əgər kimsə qadını lağa qoymağa cürət edərdisə, Dizraeli hiddətlə onun müdafiəsinə atılırdı.

Dizraeli heç vaxt gizlətməzdi ki, Meri Enn onun üçün dünyada hər şeydən qiymətlidir. Nəticəsi? “Onun mənə göstərdiyi münasibət sayəsində, – deyirdi Meri Enn, – mənim həyatım özü ilə yalnız aramsız xoşbəxtlik lenti təcəssüm etdirirdi”.

Bəzən elə olurdu ki, onlar öz aralarında zarafat edirdilər:

“Bilirsən, mən necə olmasa da, səninlə yalnız pullarına görə evlənmişəm”, – deyirdi Dizraeli. Və Meri Enn gülümsəyərək cavab verirdi: “Hə, ancaq sən əgər bunu yenə də etməli olsaydın, sən mənimlə sevgi-məhəbbətə görə evlənərdin, doğru deyilmi?”

Və o etiraf edirdi ki, bu, həqiqətən də, elədir.

Henri Ceyn dediyi kimi: “İnsanlarla ünsiyyətdə mənimsəmək zəruri olan birinci şey – bu, onlara öz ləzzətləri üçün yaşamağa mane olmamaqdır, çünki onlar buna adət ediblər, əlbəttə, əgər həmin adətlər sizin vərdişlərinizlə həddindən artıq kəskin ziddiyyətə girmirsə”.

Bu, o qədər vacibdir ki, Henri Ceynin dediklərini təkrar etmək istəyirəm:

“İnsanlarla ünsiyyətdə mənimsəmək zəruri olan birinci şey – bu, onlara öz ləzzətləri üçün yaşamağa mane olmamaqdır, çünki onlar buna adət ediblər, əlbəttə, əgər həmin adətlər sizin vərdişlərinizlə həddindən artıq kəskin ziddiyyətə girmirsə”.

Yaxud Liland Forster Vudun yazdığı “Ailədə tərbiyə” kitabında qeyd etdiyi kimi: “Nikahda uğur üçün uyğun partnyor tapasan, həm də gərək özün uyğun partnyor olasan”.

Buna görə də əgər xoşbəxt ailə həyatı istəsəniz, 2-ci qaydanı tətbiq edin:

Öz partnyorunuzun başqa cür olmasına çalışmayın.

Belə hərəkət edin və siz Renoya gedən qatarların hərəkət cədvəlinə nifrət edəcəksiniz

Dizraelinin ictimai həyatda əsas rəqibi dahi Qladston idi. Britaniya imperiyasında mübahisəli bir şey belə yox idi ki, ona münasibətdə onların baxışları bir-birindən ayrılmış olmasın. Lakin bir şeydə onlar eyni idilər: hər ikisi uzun xoşbəxt ailə həyatı yaşamışdılar; Uilyam və Ketrin Qladston birlikdə 59 il yaşadılar. Sadiqlik və inam çələngi ilə əhatə olunmuş, demək olar, altı onillik.

Bunu özümə təsəvvür etmək mənə xoşdur ki, ən görkəmli ingilis baş nazirlərindən biri olan Qladston arvadını qucaqlayaraq, onunla kaminin qabağına döşənmiş xalçanın üstündə rəqs edə-edə zümzümə edir:

“Cır-cındır içində ər və çirkin həyat yoldaşı,

Bütün ömrümüzü rəqs və bikarçılıqla keçirəcəyik birlikdə”.

Parlamentdə təhlükəli rəqib olan Qladston öz evində heç vaxt heç kimi mühakimə etməzdi. O, sübh vaxtı səhər yeməyinə düşəndə və öz ailəsinin qalan üzvlərinin hələ yatdığını görəndə öz gileyini çox yumşaq şəkildə ifadə edirdi. O, səsini azacıq qaldırırdı və evi “İngiltərədə bir nəfər səhər yeməyini tənhalıqda gözləyir” mahnısının sədaları bürüyürdü. Başqalarına münasibətdə diqqətli, diplomatik Qladston öz evində tənqid etməklə məşğul olmağı özünə heç vaxt rəva görməzdi.

Möhtəşəm Yekaterina da eynilə bu cür hərəkət edirdi. Yekaterina nə vaxtsa mövcud olan ən geniş imperiyanı idarə edirdi. Milyonlarla təbəəsinin həyatı və ölümü onun hökmündən asılı idi. Siyasətdə o, tez-tez qəddar olurdu, mənasız müharibələr başlayırdı, özünün onlarla düşməninə edam hökmü çıxarırdı, lakin əgər aşpaz əti yandırardısa, heç nə deməzdi. O gülümsəyər və o qədər şikayətsiz yeyərdi ki, bu, bir çox amerikalı ərə ibrət üçün gözəl nümunə ola bilərdi.

Doroti Diks – bədbəxt nikahların səbəbləri məsələsində Amerikada ən yüksək nüfuz sahibi bildirir ki, bütün nikahların 50%-i bu cürdür. O bildirir ki, belə çox sayda kitab arzularının Reno qayalarına çırpılıb dağılmasının səbəblərindən biri – tənqid, bəhrəsiz tənqid, ürəkləri dağıdan tənqiddir”.

Buna görə də, əgər siz xoşbəxt ailə həyatınızı qoruyub saxlamaq istəyirsinizsə, 3-cü qaydaya riayət edin:

Tənqid etməyin!

Hər kəsi xoşbəxt etməyin sürətli üsulu

“Kişilərin əksəriyyəti evlənməyə hazırlaşarkən, – deyə Ailə Münasibətləri İnstitutunun direktoru Pol Poupnou bildirir, – həmfikir yox, cazibəli, onun heysiyyətini həvəslə mədh edən və öz üstünlüklərini hiss etməyə ona imkan verən qadın axtarır”.

Belə də ola bilər ki, rəhbər vəzifə tutan qadını lençə dəvət etmiş olsunlar. Lakin əgər o, stolun arxasında özünün “Müasir fəlsəfənin əsas cərəyanları haqqında” universitet kursunun qartımış qalıqlarını döşəməyə başlayacaqsa və üstəlik də öz pulunu özünün verəcəyində təkid edəcəksə, onda əmin edirəm ki, nəticə bir olacaq: sonra o artıq təklikdə səhər yeməyi yeməli olacaqdır.

Vacibdir ki, kişi qadının yaxşı görünmək və yaxşı geyinmək səylərini lazımınca qiymətləndirmiş olsun. Kişilər bunu həmişə unudurlar. Əgər onlar geyimin qadını nə qədər dərindən maraqlandırdığını, ümumiyyətlə, bilirlərsə. Belə ki, əgər kişi və qadın şam yeməyində başqa bir cütlüyü görürlərsə, qadın onlara rast gələn kişiyə nadir hallarda baxır. O, adətən, o biri qadının necə geyindiyinə göz gəzdirir.

Qəzetlərdən kəsib saxladıqlarımın arasında bir əhvalat vardır. Mən bilirdim ki, bu əhvalat, əslində, heç vaxt olmayıb. Lakin o, həqiqəti aşkar edir və buna görə də mən onu burada diqqətinizə çatdıracağam.

Həmin axmaq əhvalata görə bir kəndli qadın ağır iş gününün sonunda ərinin qabağına stolun üstünə bir qucaq saman qoyur. Və çaşqınlıq içində olan əri onun dəli olub-olmadığını soruşanda cavab verir: “Mən nə biləydim ki, sən bunu görəcəksən? Artıq iyirmi ildir ki, mən səni yedizdirirəm və indiyə qədər səndən bir dəfə də olsun eşitməmişəm ki, yediyin saman deyil”.

Beləliklə, əgər siz xoşbəxt ailə həyatınızı qoruyub saxlamaq istəyirsinizsə, ən vacib qaydalardan birində deyilir:

Səmimi-qəlbdən minnətdar olun!

Onlar qadın üçün elə böyük əhəmiyyət kəsb edir ki

Güllər hələ qədim vaxtlardan sevgi-məhəbbətin dili olub. Onların qiyməti baha deyil, ələlxüsus da mövsüm çağında. Çox vaxt onu hər tində satırlar. Lakin kişilərin əksəriyyətinin evə nadir hallarda nərgiz buketi gətirdiklərinə baxsaq, belə başa düşmək olar ki, onlar orxideyalar kimi bahalıdır, yaxud onlar edelveyslər kimi çətin tapılır.

Həyat yoldaşınıza bir neçə gül gətirmək üçün onun xəstəxanaya düşməsini gözləmək nəyə lazım? Bir neçə qızılgülü ona niyə də sabah axşam gətirməyəsiniz? Siz eksperimentləri sevirsiniz? Cəhd edin. Baxaq görək nə alınacaq.

Qadınlar doğum günlərinə və digər ildönümlərinə çox böyük əhəmiyyət verirlər. Niyə? Bu, əbədiyyətə qədər qadın sirlərindən biri kimi qalacaqdır. Sıravi kişi bir çox əlamətdar tarixləri yadda saxlamadan ömrünü pis-yaxşı keçə bilər, lakin bir neçə tamamilə zəruri olan günlər vardır: 1442-ci il (Kolumbun Amerikanı kəşf etdiyi il), 1776-cı il (Amerika Birləşmiş Ştatlarının dövlət müstəqilliyinin elan edildiyi il), həyat yoldaşının doğulduğu il, öz toyunun ili və günü. Bərkə düşəndə ilk iki tarixsiz də ötüşmək olar, ancaq axırıncı iki tarixi bilmədən keçinmək qeyri-mümkündür.

Boşanma ilə bağlı 40000 məhkəmə işinə baxmış və 2000 ailə cütlüyünü barışdıra bilmiş Çikaqodan olan hakim Cozef Sabbat deyir:

“Ailə faciələrinin əksəriyyətinin kökündə gündəlik həyatın xırda məsələləri durur. Ər işə gedəndə əl yellədərək sağollaşmaq kimi adi bir şey bir çox boşanmaların qarşısını ala bilərdi”.

Bu gündəlik diqqət əlamətlərinin əhəmiyyətini kişilərin bir çoxu düzgün qiymətləndirmir.

Əvvəl-axır – nikah adiləşmiş epizodlar sırasıdır. Və buna lazımınca diqqət yetirməyən ailə cütlüyünün vay halına. Edna Sen Vinsent Mille bunun məğzini iki sətirdə bildirmişdir:

“Günlərimi qaraldan sevginin getməsi deyil ,

Onun boş şeylərə görə getməsidir”.

Beləliklə, əgər siz xoşbəxt ailə həyatınızı qoruyub saxlamaq istəyirsinizsə, 5- ci qaydanı tətbiq edin:

Azacıq diqqət göstərin!

Əgər siz xoşbəxt olmaq istəyirsinizsə, buna saymazyana yanaşmayın

Ən böyük natiqlərdən biri Uolter Demorş prezidentliyə iki dəfə namizəd olmuş Ceyms C.Bleykin qızı ilə evlənib. Onlar çox illər bundan əvvəl Endrü Karneginin evində, Şotlandiyada görüşmüşdülər və o vaxtdan istisnasız olaraq xoşbəxt yaşayırlar.

Sirri nədədir?

“Partnyoru seçəndən sonra vacibliyinə görə növbəti yerdə, – deyir xanım Demorş, – nikaha daxil olandan sonra nəzakətli olmağın durduğunu hesab edərdim. Cavan həyat yoldaşları öz ərlərinə münasibətdə kənar şəxslərə olduğu kimi nəzakətli olaydılar!

Deyingən dildən istənilən kişi qaçardı.

Kobudluq – bu, sevgini gəmirən xərçəngdir. Bunu hər kəs bilir, bununla belə, yaxşı məlumdur ki, biz yadlarla öz qohumlarımızla olduğundan qat-qat çox nəzakətli oluruq.

Nə qədər qəribə olsa da, bizə alçaq sözlər deyən yeganə adamlar – bizim öz ailəmizin üzvləridir”.

Nəzakət ailə həyatı üçün mühərrikə yağ lazım olan qədər vacibdir.

Alıcıya artıq-əskik söz deməyi özünə rəva görməyən bir çox adam öz həyat yoldaşının üstünə heç düşünüb-daşınmadan çımxırır. Axı onların şəxsi xoşbəxtlikləri üçün evlilik biznesdən qat-qat həyati əhəmiyyət kəsb edir. Kişinin ailə ocağının qorunub saxlanması üçün qadın qədər niyə səy göstərmədiyini heç bir adam başa düşə bilməz.

Hər bir kişi bilir ki, nəvazişlə o, öz arvadından istədiyi hər şeyə nail ola bilər və bunun müqabilində qadın heç nə tələb etməz. Kişi bunu da bilir ki, qadının ev təsərrüfatını necə yaxşı idarə etdiyi və ona necə yaxşı kömək etməsi ilə bağlı bir neçə ucuz kompliment demiş olsa, qadın hər sentə qənaət edər. Hər bir kişi bilir ki, o, arvadına keçənilki paltarda necə yaxşı göründüyünü və həmin paltarın ona necə yaraşdığını demiş olsa, onda həyat yoldaşı həmin paltarı Parisin ən son dəbli paltarına belə dəyişməz.

Beləliklə, əgər siz xoşbəxt ailə həyatınızı qoruyub saxlamaq istəyirsinizsə, 6- cı qaydadan istifadə edin:

Nəzakətli olun!

Nikah həyatında cahil olmayın

Sosial Gigiyena Bürosunun baş katibi Ketrin Bimenq Devis bir dəfə min nəfər ərdə olan qadını bir sıra intim suallara açıq cavab verməyə inandıraraq anket sorğusu keçirmişdi. Doktor Devis min nəfər ərdə olan qadının cavabını oxuduqdan sonra tərəddüd etmədən bildirmişdi ki, onun əmin olduğu kimi, ABŞda boşanmaların əsas səbəblərindən biri fiziki uyğunsuzluqdur.

Doktor Pol Popnou ailə həyatı üzrə ən nüfuzlu amerikalı mütəxəssislərdən biridir. O, Ailə Münasibətləri İnstitutunun başçısı olaraq minlərlə nikah ilə bağlı minlərlə cavabı nəzərdən keçirir. O hesab edir ki, nikahda uğursuzluqlar aşağıda göstərilən dörd səbəbdən birinə görə baş verir. O, həmin səbəbləri bax bu ardıcıllıqla sadalayır:
  1. Seksual uyuşmazlıq.
  2. Asudə vaxtı necə keçirməklə bağlı fikir ayrılıqları.
  3. Maliyyə çətinlikləri.
  4. Əqli, fiziki, yaxud emosional qeyri-normallıqlar.
Diqqət yetirin ki, birinci yerdə seks durur. Və nə qədər qəribə olsa da, pul çətinlikləri yalnız üçüncü yerdədir.

Boşanmaların öyrənilməsi üzrə nüfuzlu mütəxəssislərin hamısı bununla razılaşır ki, seksual uyğunluq mütləq şəkildə zəruridir. Baxın, bir neçə il əvvəl hakim – ailə işləri üzrə məhkəmənin hakimi Hoffman nə bildirmişdir: “On boşanmadan doqquzu seksual çətinliklərdən meydana çıxmışdır”.

“Seks, – deyir doktor Batterfild, – ailə həyatında qane edilən tələbatlardan yalnız biridir, lakin əgər seksual münasibətlər qaydasında deyilsə, qalan heç nə qaydasında olmayacaqdır”. Sentimental gizlinlik ailə həyatının bütün aspektlərinin obyektiv və qərəzsiz müzakirə etmək bacarığı ilə əvəz olunmalıdır. Və bu bacarığa yiyələnmək üçün biliklə, yaxud zövqlə yazılmış kitabın köməyindən yaxşı üsul yoxdur.

Əldə etmək mümkün olan kitablar arasında geniş publika üçün ən məqsədəuyğun olanlar, mənə belə gəlir ki, aşağıdakı üç kitabdır:

“Nikahda seksual texnika”, müəllif Maks Eksner və b.

“Nikahda seksual amil”, müəllif Elen Bayt.

“Nikahın seksual tərəfi”, müəllif İzabella İ.Nyuton.

Beləliklə, ailə həyatınızı daha xoşbəxt etmək üçün qayda 7-ni tətbiq edin:

Nikahın seksual tərəfindən bəhs edən yaxşı bir kitab oxuyun.

Xülasə
Öz ailə həyatınızı daha xoşbəxt etmək üçün yeddi qayda:

Qayda 1. Heç bir halda bəhanə axtarmayın!!!

Qayda 2. Öz partnyorunuzun başqa cür olmasına çalışmayın.

Qayda 3. Tənqid etməyin.

Qayda 4. Səmimi-qəlbdən minnətdar olun.

Qayda 5. Azacıq diqqət göstərin.

Qayda 6. Nəzakətli olun.

Qayda 7. Nikahın seksual tərəfindən bəhs edən yaxşı bir kitab oxuyun.

Ərlər üçün

“Ameriken meqezin” jurnalının 1938-ci il buraxılışında Emmeta Krozyenin “Nikahlar nəyə görə baş tutmur?” məqaləsi dərc edilmişdi. Biz həmin məqalədəki sualların siyahısını bu kitabın oxucularına da təqdim edirik.

  1. Öz həyat yoldaşınıza pərəstiş edirsinizmi, bəzən ona gül təqdim edirsinizmi və bununla bahəm, diqqət, nəvaziş göstərirsinizmi?
  2. Həyat yoldaşınızı başqalarının yanında tənqid etməyin – siz bu qaydaya həmişə riayət edirsinizmi?
  3. Siz həyat yoldaşınıza ev təsərrüfatının idarə olunması üçün olan vəsaitdən başqa, onun tam həcmdə özünə xərcləyə biləcəyi pulu verirsinizmi?
  4. Öz asudə vaxtınızın heç olmasa yarısını öz həyat yoldaşınızla keçirirsinizmi?
  5. Siz öz tərəfinizdən qısqanclıq gileyləri etmədən həyat yoldaşınıza başqa kişilərlə rəqs etməyə, yaxud onlardan dostluq diqqəti qəbul etməyə icazə – verirsinizmi?
  6. Onu tərifləmək və öz heyranlığınızı ifadə etmək üçün yerinə düşən hallardan istifadə edirsinizmi?
Həyat yoldaşları üçün
  1. Siz öz ərinizə onun xidməti işlərində tam azadlıq verirsinizmi, onun həmkarlarını tənqid etməkdən özünüzü saxlayırsınızmı və s.?
  2. Siz ev ocağını maraqlı və cəlbedici etmək üçün səy göstərirsinizmi?
  3. Siz nahar menyusunu dəyişirsinizmi?
  4. Siz ərinizin işləri ilə bağlı o qədər təfərrüatlı təsəvvürə maliksinizmi ki, bunu onunla fayda gətirəcək şəkildə edəsiniz?
  5. Siz ərinizi yol verdiyi səhvlərə görə tənqid etmədən pul çətinliklərini mərdliklə və mısmırıqsız qarşılaya bilirsinizmi?
  6. Siz ərinizin sevdiyi və ya sevmədiyi geyimlərə, rənglərə və stilə diqqət yetirirsinizmi?
  7. Ərinizin boş vaxtlarını bölüşmək üçün onun sevdiyi oyunları öyrənmək əziyyətinə qatlaşmağı özünüzə rəva görürsünüzmü?
  8. Ərinizin intellektual maraqlarını bölüşmək üçün xəbərləri, yeni kitabları, yeni ideyaları izləyirsinizmi?
KÜTLƏVİ NİTQLƏRDƏ ÖZÜNƏ İNAMI NECƏ  ARATMALI VƏ İNSANLARA NECƏ TƏSİR ETMƏLİ
Özündə cəsarət və inam hissini necə inkişaf etdirməli

1912-ci ildən beş yüz min nəfərdən çox kişi və qadın mənim metodumun tətbiq olunduğu natiqlik sənəti kurslarının dinləyicisi olub. Onlardan çoxu bu fənni nə üçün öyrənməyə başladıqlarını və məşğələlərin nəticəsində nəyə nail olmaq istədiklərini yazılı formada bildirib. Hər kəs fikirlərini, aydın məsələdir ki, özünə xas olan şəkildə qələmə alır; lakin məktub müəlliflərinin böyük əksəriyyətinin can atdığı, duyduğu əsas tələbat heyrətamiz surətdə üst-üstə düşür.

“Mən ayağa qalxıb danışmalı olanda, – deyə korrespondentlərimdən biri yazır, – özümü o qədər buxovlanmış hiss edir, o qədər həyəcanlanıram ki, aydın düşünmək iqtidarında olmuram, diqqətimi cəmləyə bilmirəm, nə deməyi nəzərdə tutduğumu yaddan çıxarıram. Mən auditoriya qarşısında çıxış edərkən özümə inam, sakitlik və düşünmək qabiliyyəti əldə etmək istəyirəm. Mən öz fikirlərimi məntiqi ardıcıllıqla şərh etmək, işgüzar sferada, yaxud klubda və auditoriya qarşısında aydın, inandırıcı şəkildə danışmaq bacarığına yiyələnmək istəyirəm”.

Minlərlə adamın bildirdikləri, demək olar, eyni səciyyə daşıyır. Konkret bir nümunə gətirim.

Bir neçə il əvvəl bir centlmen (onu burada D.U.Cent adlandıracağam) mənim Filadelfiyada natiqlik sənəti kurslarımın dinləyicisi oldu. Məşğələlər başlayandan bir qədər sonra o, məni sənayeçilər klubunda səhər yeməyinə dəvət elədi. O artıq cavan olmayan, həmişə fəal həyat tərzi sürən şəxs idi: öz müəssisəsinə rəhbərlik edir, dini icmanın həyatında aparıcı rol oynayır, həmçinin də ictimai fəaliyyətlə məşğul olurdu. Həmin gün onunla stol arxasında oturanda o, mənə tərəf əyildi və dedi:

– Mənə müxtəlif toplantılarda dəfələrlə çıxış etmək təklif olunub, amma heç vaxt bunu edə bilməmişəm; mən elə həyəcanlanmağa başlayıram ki, başımda tamamilə boşluq yaranır və buna görə də bütün ömrüm boyu ictimaiyyət qarşısında çıxış etməkdən yayınmışam. Lakin indi, mən kollecin himayədarları şurasının sədri olandan sonra şuranın iclaslarında sədrlik etməliyəm və mənə nə isə danışmaq, sadəcə olaraq, zəruridir… Siz necə fikirləşirsiniz, mən bu sinnimdə çıxış etməyi öyrənə biləcəyəmmi?

– Siz bunu bacaracaqsınız, cənab Cent, – deyə mən cavab verdim.

– Buna heç bir şübhə yoxdur. Mən bilirəm ki, siz bunu bacaracaqsınız və bilirəm ki, siz bunu öyrənəcəksiniz, bircə əgər öz üzərinizdə təcrübə aparsanız, eləcə də mənim göstərişlərimə və məsləhətlərimə riayət etsəniz.

O, mənə inanmaq istəyərdi, ancaq perspektiv ona həddindən artıq sevincli, həddən artıq nikbin görünürdü.

– Qorxuram ki, siz bunu təkcə lütfkarlığınızdan belə deyəsiniz, – deyə o cavab verdi. – Siz yalnız məni buna sövq etməyə razı salmağa çalışırsınız.

Cənab Cent hazırlıq kursunu qurtarandan sonra müəyyən vaxt aramızda əlaqəni itirdik. Bir qədər üstündən keçəndən sonra biz yenə görüşdük və yenə də birlikdə Sənayeçilər klubunda səhər yeməyi yedik. Biz keçən dəfə olduğu kimi elə həmin küncdə, elə həmin stolun arxasında əyləşmişdik. Mən ona bizim söhbətimizi xatırlatdım və o vaxt həqiqətənmi həddən ziyadə nikbinlik büruzə verdiyimi soruşdum. O, cibindən qırmızı cildli qeyd kitabçası çıxartdı və ictimaiyyət qarşısında çıxış etməli olduğu görüşləri, onların təyin olunduğu tarixləri mənə göstərdi.

– Çıxış eləmək qabiliyyəti, bu vaxt keçirdiyim məmnunluq hissi, mənim cəmiyyətə gətirə biləcəyim əlavə fayda – bütün bunlar mənim həyatımın ən sevincli təzahürləri sırasına daxildir.

Bundan bir qədər əvvəl Vaşinqtonda tərk-silah məsələləri ilə bağlı mühüm konfrans baş tutmuşdu. İngiltərənin baş nazirinin bu görüşdə iştirak etmək niyyətinin olduğu məlum olanda filadelfiyalı baptistlər öz şəhərlərində keçirilməsi qərara alınan kütləvi mitinqdə çıxış etmək dəvəti ilə ona teleqram göndərmişdilər. Və cənab Cent mənə xəbər verdi ki, İngiltərənin baş nazirinin auditoriyasını təmsil etməyi şəhərin bütün baptistləri arasında məhz ondan xahiş etmişdilər.

Və bu həmin adam idi ki, üç il əvvəl elə bu stolun arxasında mənim qarşımda əyləşmişdi və özünün nə vaxtsa ictimaiyyət qarşısında çıxış etməyi öyrənə bilibbilməyəcəyini məndən qəmli-qəmli soruşurdu.

Onun çıxış etmək qabiliyyətinə belə sürətlə yiyələnməsi qeyri-adi hal idimi? Heç də yox. Eynilə bu cür yüzlərlə nümunə müşahidə olunub. Onlardan yalnız birini göstərim.

Bir neçə il əvvəl bir bruklinli həkim – onu doktor Kertis adlandıraq – qışı Floridada, “Giqantlar” beysbol komandasının məşq meydançasının yaxınlığında keçirmişdi; o, tez-tez onların məşqlərinə baxmağa gedirdi.

O, tezliklə komanda ilə dostlaşdı və onu bu dostluğun şərəfinə verilən banketə dəvət etdilər.

Qəhvə və ləpə veriləndən sonra fəxri qonaqların bəzilərindən “bir neçə söz demək” xahiş olundu. Və tamamilə gözlənilmədən:

– Bu gün burada həkim iştirak edir və mən doktor Kertisdən beysbolçuların sağlamlığının mühafizəsi barədə danışmağı xahiş edirəm.

O, bu cür çıxış üçün hazırlıqlı idimi? Əlbəttə, hazırlıqlı idi. Onun çox gözəl hazırlığı var idi – o, gigiyenanı öyrənirdi və demək olar, bir qərinə ərzində müalicə edən həkim işləmişdi. O, öz kreslosunda əyləşərək yanında outran adamla bu mövzu ətrafında bütün gecəni də söhbət edə bilərdi.

Lakin ayağa qalxmaq və həmin şeyləri qısa şəkildə də olsa, auditoriya qarşısında demək – bu, tamamilə başqa məsələ idi. Bu, onu iflic etdi, onun ürəyi sürətlə çırpınmağa və fasilələrlə döyünməyə başladı. O, ömründə heç vaxt ictimaiyyət qarşısında çıxış etməmişdi və fikirlərin hamısı dərhal beynindən buxarlanıb uçdu.

Nə etmək olardı? İştirakçılar alqışlayırdılar, hamı ona baxırdı. O başını buladı, ancaq bu, alqışları və xahişləri yalnız gücləndirdi. “Doktor Kertis! Danışın! Danışın!” sədaları getdikcə ucadan və təkidlə səslənirdi.

Kertis əsl ümidsizliyə qapandı. O bilirdi ki, heç on cümləni də əməlli-başlı deyə bilməyəcəkdir. Buna görə də ayağa qalxdı və bir kəlmə belə kəsmədən arxası ilə dostlarına tərəf döndü və dəhşətli çaşqınlıq və alçalma hissi ilə banketi tərk etdi.

Qəribə deyil ki, o, Bruklinə qayıdandan sonra dərhal mənim natiqlik sənəti kurslarıma yazıldı. O, özünün bir dəfə də qızarmağa məcbur olmasını, danışmaq qabiliyyətini başqa yerdə yenə də itirməsini istəmirdi.

Doktor Kertis müəllimin, adətən, fəxr etdiyi tələbələrdən oldu: o, bu işə fövqəladə dərəcədə ciddi yanaşırdı. O çıxış eləməyi öyrənmək istəyirdi və onun bu qərarı möhkəm idi. Həkim çıxışlara diqqətlə hazırlaşır, var gücü ilə məşq edir və bir məşğələ də olsun buraxmırdı.

Və nəticə bu cür tələbələrdə həmişə olduğu kimi idi: onun əldə etdiyi nailiyyətlər, hətta özünü də heyrətləndirən sürətlə baş verirdi, bu uğurlar onun ən cəsarətli arzularını da üstələyirdi. Bir neçə məşğələdən sonra həyəcan azaldı, özünə inam hissi artırdı. İki ay ərzində doktor qrupun ən yaxşı natiqi oldu. Tezliklə o, başqa yerlərdə çıxış etmək üçün dəvətlər almağa başladı – o, bu hissi, keçirdiyi ruh yüksəkliyi hissini sevdi, o, bu minvalla qazandığı hörmət və təzə dostları ilə fəxr edirdi.

Respublikaçılar Partiyasının Nyu-York seçki komitəsinin üzvlərindən biri doktor Kertisin hansısa bir tədbirdə etdiyi çıxışı eşidən kimi öz partiyasını şəhərdə təbliğ etmək üçün onu dəvət elədi. Bu siyasi xadim həmin natiqin cəmi bir il əvvəl auditoriya qarşısında qorxudan dili tutulduğu üçün banketdən pərt və acınacaqlı halda çıxıb getdiyini bilmiş olsaydı, necə də heyrətlənərdi!

Auditoriya qarşısında çıxış edərkən inam hissini, cəsarəti, sakit və aydın danışmaq bacarığını formalaşdırmaq özündə adamların əksəriyyətinin təsəvvür etdiyi çətinliyin heç ondabirini də ehtiva etmir. Bu heç də göylərin yalnız ayrıayrı şəxsiyyətlərə bəxş etdiyi istedad deyildir. Bu, qolf oynamağı bacarmaq kimi bir şeydir. İstənilən adam, əgər onun kifayət qədər güclü istəyi olarsa, özünün gizli qabiliyyətlərini inkişaf etdirə bilər.

Sizin oturmuş vəziyyətdə olduğu kimi, auditoriya qarşısında dayananda da yaxşı fikirləşmək qabiliyyətinə malik olmadığınızı düşünmək üçün heç olmasa cüzi bir əsas məgər var? Siz, əlbəttə, bilirsiniz ki, bu cür əsaslar yoxdur. Siz bir qrup adama müraciət edərkən mahiyyət etibarilə daha yaxşı fikirləşməlisiniz. Dinləyicilərin olması sizi vəcdə gətirməli, sizdə ruh yüksəkliyi doğurmalıdır.

Bir çox natiq deyər ki, auditoriyanın olması stimuldur, coşqunluq doğurur, onların beynini daha aydın, intensiv işləməyə məcbur edir. Elə bil heç vaxt onların ağıllarına belə gəlməyən fikirlər, faktlar, ideyalar bu cür məqamlarda, moizəçi Henri Uord Biçer dediyi kimi, “birdən haradansa peyda olur” və bircə onları tutub saxlamaq, səsləndirmək qalır. Eyni cür də sizinlə baş verməlidir. Və əgər siz təkidlə məşq etsəniz, çox güman ki, məhz elə belə də olacaqdır.

Hər halda, siz bunda tamamilə əmin olmalısınız ki, öz üzərinizdə işləmək və təcrübə sizi auditoriya qarşısında qorxudan azad edəcək və sizə özünəinam hissi və qarşısıalınmaz cəsarət gətirəcəkdir.

Ağlınıza gəlməsin ki, özünüzlə bağlı hal qeyri-adi dərəcədə çətindir. Hətta vaxt keçdikcə öz nəslinin ən gözəl nitqli natiqinə çevrilən adamlar da öz karyeralarının başlanğıcında bu cür izaholunmaz qorxu və utancaqlıqdan əziyyət çəkib.

Döyüşlərdə bərkimiş veteran, siyasi xadim Uilyam Cenninqs Brayan etiraf edirdi ki, ilk çıxışlarında onun içalatı əsirdi.

Mark Tven mühazirə oxumaq üçün birinci dəfə kafedraya qalxanda belə hiss eləmişdi ki, elə bil ağzı pambıqla tıxanıb, nəbzi isə elə döyünür ki, sanki o, hansısa kubok uğrunda yarışda iştirak edir.

General Qrant Viksberqi ələ keçirdi və həmin dövr üçün dünyada yaradılmış ən qüdrətli ordulardan birini qələbəyə gətirdi, lakin publika qarşısında çıxış etmək lazım gələndə, özünün sözlərinə görə, dinamik ataksiyaya çox oxşayan nə isə baş verdi.

Fransada öz nəslinin ən görkəmli siyasi natiqi olan Jan Jores ilk nitqini söyləmək üçün, nəhayət, cəsarətini toplayana qədər Deputatlar Palatasında düz bir il lal-dinməz oturmuşdu.

“Mən birinci dəfə auditoriya qarşısında çıxış etməyə çalışanda, – deyə Lloyd Corc etiraf edirdi, – sizi inandırıram ki, dəhşətli bir halda idim. Heç nəyi  rtırıbşişirtmirəm, olanı deyirəm – dilim udlağıma yapışmışdı və başlanğıcda mən heç bir kəlmə də tələffüz edə bilmirdim”.

Məşhur ingilis dövlət xadimi, ABŞ-da Vətəndaş müharibəsi gedən dövrdə İngiltərədə yunionistlərin tərəfində və qulların azad olunması uğrunda çıxış edən Con Brayt ilk nitqini məktəbin binasında toplanmış bir qrup kəndlinin qarşısında etmişdi. O, məktəbə qədər yolda elə həyəcanlanırdı ki, yol yoldaşına yalvarır və ondan həyəcanı həddən çox seziləcəyi halda onu canlandırmaq üçün əl çalmasını xahiş-minnət edirdi.

Görkəmli irland siyasi xadimi Çarlz Styuart Parnell ictimaiyyət qarşısında ilk çıxışlarında, öz sözlərinə görə, çox vaxt yumruqlarını elə bərk sıxırdı ki, dırnaqları ovcundan qan çıxardırdı.

Dizraeli etiraf edirdi ki, ona süvarilərin hücumuna başçılıq etmək İcmalar Palatasında birinci dəfə çıxış eləməkdən asan görünürdü. Onun birinci nitqi biabırçılıqla iflasa uğradı. Eyni hadisə Şeridanın da başına gəlmişdi.

Məşhur ingilis natiqlərinin çoxu öz ilk nitqini uğursuzluqla başlamışdır. Əgər cavan adamın birinci nitqi aşkar uğurla keçirsə, bu, indi parlamentdə pis əlamət hesab olunur. Odur ki, həvəsdən düşməyin.

Natiqlərin bir çoxunun fəaliyyətini izləyib öyrənən və müəyyən dərəcədə onların təşəkkül tapmasına yardım edən bu sətirlərin müəllifi, tələbəsi başlanğıcda qorxu və əsəbi gərginlik keçirəndə sevinir.

Publika qarşısında çıxış etmək həmişə məsuliyyətli işdir, hətta əgər bu, iyirmi nəfər qadın və kişinin iştirak etdiyi işgüzar görüşdə baş verirsə də. Çıxış müəyyən gərginlik, müəyyən sarsıntı, müəyyən ehtirasla müşayiət olunur. Natiq cilovlarını tarıma çəkmiş cins at kimi gərilmiş vəziyyətdə olmalıdır. Ölməz Siseron hələ iki min il əvvəl demişdi ki, ictimaiyyət qarşısında hər bir həqiqi yaxşı çıxış həyəcanlı olmalıdır.

Natiqlər eyni hissləri onlar radioda çıxış edəndə də tez-tez keçirirlər. Bu hal “mikrofon qorxusu” adını daşıyır. Çarli Çaplin radio ilə çıxış edəndə onun nitqləri həmişə əvvəlcədən yazılardı. O, “Myuzik-holda gecə” adlı vodevili ilə bütün ölkəni hələ 1912-ci ildə gəzib-dolaşmışdı. Buna qədər İngiltərədə peşəkar teatrda işləmişdi. Və bununla belə, o, divarları yumşaq üzlüklə döşənmiş otağa girəndə və mikrofonu görəndə mədəsində coşqun fevral havasında Atlantik okeanını üzəndə mədədə baş verənə təqribən oxşayan bir hal hiss eləmişdi.

Məşhur kinoaktyor və rejissor Ceyms Kerkvud da eyni hissləri keçirirdi. O, teatrda baş rolları oynayırdı, lakin gözəgörünməz auditoriya qarşısında çıxış edəndən sonra radiostudiyadan çıxanda alnının tərini silirdi. “Brodveydə premyera – bununla müqayisədə heç nədir”, – deyə o etiraf edirdi.

Bəzi adamlar, onlara nə qədər tez-tez çıxış etmək lazım gəlsə də, lap başlanğıc anında utancaqlıq hiss edirlər, lakin onlar danışmağa başlayandan bir neçə saniyə sonra bu hiss yox olurdu.

Hətta Linkoln da öz çıxışlarını başlayanda həyəcanlanırdı.

“Başlayanda o çox yöndəmsiz olurdu, – deyə vəkillik praktikası üzrə onun kompanyonu Qrendon şahidlik edir, – və belə təəssürat yaranırdı ki, o, şəraitə uyğunlaşmaqda çətinlik çəkir. O, aşkar nəzərə çarpan utancaqlığı ilə bir müddət mübarizə aparırdı və bu, onun utancaqlığını daha da gücləndirirdi. Mən tez-tez bunun şahidi olurdum və belə dəqiqələrdə cənab Linkolnun halına acıyırdım. O danışmağa başlayanda səsi kəskin, cingiltili, xoşagəlməz çıxırdı.

Onun özünü tutmaq manerası, onun qaməti, onun sarı, qırışlarla örtülü sifəti, onun qəribə pozaları, inamsız hərəkətləri – hər şey, elə bil ki, ona qarşıdır, lakin yalnız qısa müddətə. Bir neçə dəqiqədən sonra özünü ələ almaq qabiliyyəti, səmimilik, mehribanlıq, diqqəti cəmləmək öz sözünü deyir və onun əsl nitqi başlayırdı”.

Eyni şey, ola bilsin ki, sizinlə də baş verəcəkdir.

Sizə yaxşı natiq olmaq üçün göstərdiyiniz səylərin tez və müvəffəqiyyətlə həyata keçməsi üçün dörd qaydaya riayət etmək lazım gələcəkdir.

Birinci qayda: nitqinizi öz məqsədinizə nail olmaq üçün güclü və təkidli istəklə başlayın.

Bu, sizin, çox güman, özünüz üçün izah etdiyinizdən qat-qat artıq əhəmiyyət kəsb edir.

Əgər müəllim sizin qəlbinizə və ürəyinizə baxa və sizin istəklərinizin dərinliyini müəyyən edə bilsəydi, o, sizin nə qədər tez uğur qazanacağınızı, demək olar, əminliklə öncədən söyləyə bilərdi. Əgər sizin istəkləriniz ləms və zəifdirsə, sizin nailiyyətləriniz də eynilə bu cür xarakter alacaqdır. Lakin siz öz məqsədinizə inadla, pişiyi təqib edən buldoq enerjisiylə can atarsınızsa, onda bizim qalaktikamızda sizi heç nə saxlaya bilməyəcək.

Buna görə də özünüzün hazırlığınızla daha güclü ruh yüksəkliyi ilə məşğul olmalısınız. Onun faydasını yaddan çıxarmayın. Özünüzə daha güclü inam hissinə və auditoriya qarşısında daha inandırıcı şəkildə danışmaq qabiliyyətinə yiyələnməyinizin sizin üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi barədə düşünün. Fikirləşin ki, bu, dollara və sentlərə çevrilərsə, sizin üçün nə demək ola bilər və olacaqdır.

Bunu fikirləşin ki, sizin üçün bu, ictimai mənada nə əhəmiyyət kəsb edə bilər, nə cür dostlar qazana bilərsiniz, sizin şəxsi nüfuzunuzun artacağı barədə, rəhbər postlar tuta biləcəyiniz haqqında düşünün. Və bu, sizi rəhbər postlara haqqında fikirləşə biləcəyiniz istənilən başqa fəaliyyət növündən daha tez çatdıracaqdır.

“Karyerasını qurmaq və özünün etiraf olunmasına nail olmaq üçün, – deyirdi Çonsi M.Depyu, – insanın yiyələnə bildiyi başqa heç bir qabiliyyət ona yaxşı danışmaq bacarığı kimi sürətli imkan yarada bilməz”.

Filip Armor milyonların sahibi olandan sonra demişdi: “Mən məşhur kapitalist olmaqdansa, məşhur natiq olmağa üstünlük verərdim”.

Bu, demək olar, hər bir savadlı insanın can atdığı nailiyyətdir. Endrü Karnegi vəfat edəndən sonra onun şəxsi kağızları arasında hələ otuz üç yaşı olanda tərtib etdiyi həyat planı tapılmışdı. Həmin vaxt o hesab edirdi ki, iki ildən sonra hər il əlli min dollar gəlir götürə biləcəkdir. Buna görə də o, otuz beş yaşı üçün işlərdən kənarlaşmaq, Oksford Universitetinə daxil olmaq, sistemli təhsil almaq və “xüsusi diqqəti ictimaiyyət qarşısında çıxışlara yetirmək” niyyətində idi.

Bu yeni bacarığınızın sizə necə bir məmnunluq gətirəcəyi, necə bir sevinc yaşadacağı barədə fikirləşin. Bu sətirlərin müəllifi Yer kürəsinin heç də az hissəsini gəzməyib və geniş, həm də müxtəlif təcrübə toplayıb.

Lakin o, insanın auditoriya qarşısında çıxış eləmək və bununla da adamları özü kimi fikirləşməyə sövq etməkdən aldığı məmnunluqla müqayisə oluna biləcək çox az şeyin adını çəkə bilər. Bu, sizə qüvvə hissi, qüdrət hissi verəcəkdir. Bu, sizə qazandığınız uğurlara görə məğrurluq gətirəcəkdir. Bununla da siz başqa adamları qabaqlayacaq və onlardan yüksəyə qalxacaqsınız.

Bunda özünəməxsus magiya, nəsə unudulmaz cəlbedici bir şey vardır. “Çıxışa başlamazdan iki dəqiqə qabaq mən, – deyə bir natiq etiraf edirdi, – danışmaqdansa, özümü qamçılatdırmağa hazır olurdum, lakin nitqin başa çatmasına iki dəqiqə qalanda mən susmaqdansa, özümü güllələtdirməyə hazıram”.

Bəzi adamlar istənilən əlavə səydən ruhdan düşür və işi yarımçıq atırlar. Buna görə də siz bu sənətə yiyələnməyin sizə nə verəcəyi haqda daima düşünməlisiniz; sizin ona can atmaq istəyiniz qaynar, ağappaq ağaranadək qızdırılmış olmalıdır. Siz məşğələlərdən entuziazmla yapışmalısınız və bu, size qələbəyə gətirəcəkdir. Həftədə bir günün axşamını bu kitabın mütaliəsi üçün ayırın. Qısaca deyilərsə, özünüzə irəliləmək imkanını maksimal yüngülləşdirin, geri çəkilməyinizi çətinləşdirin.

Yuli Sezar Qalliyadan tərpənərək La-Manşı keçib və öz legionları ilə hazırda İngiltərə adlanan ölkəyə çatanda o, öz qoşunlarının uğurunu təmin etmək üçün nə tədbir görmüşdü? Çox ağıllı bir tədbir: o, öz əsgərlərinə Duvrun tabaşir qayalarında dayanmağı əmr etdi; onlar dəniz səthindən iki yüz hündürlükdən aşağıya baxanda bura gəldikləri gəmilərin hamısından alovun qırmızı dillərinin qalxdığını gördülər.

Onlar düşmən ölkədə idilər, kontinentlə axırıncı əlaqə itmişdi, geri çəkilməyin sonuncu vasitəsi yandırılmışdı və onların yalnız bir çarəsi qalırdı: hücum etmək və qalib gəlmək. Onlar da məhz elə bunu etdilər.

Belə idi ölməz Sezarın ruhu. Siz auditoriya qarşısında sarsaq qorxunun məhv edilməsi uğrunda müharibədə eynilə belə bir ruhla niyə də silahlanmayasınız?

İkinci qayda: nə haqda danışmağa hazırlaşırsınızsa, onu möhkəm bilmək lazımdır.

Əgər adam öz nitqini əvvəlcədən planlaşdırmayıbsa, onun üzərində düşünüb-daşınmayıbsa və nə deyəcəyini bilmirsə, o özünü dinləyicilər qarşısında inamlı hiss edə bilməz. O, başqa bir koru aparan kor adam təsiri bağışlayacaqdır. Bu halda bizim natiq mütləq pərt olmalı, özünü günahkar hiss etməli, öz səhlənkarlığına görə utanmalıdır.

“Mən ştatın qanunverici məclisinə 1881-ci ilin payızında seçilmişdim, – deyə Teddi Ruzvelt öz tərcümeyi-halında yazır, – demə, mən bu orqanın ən cavan üzvü idim. Cavan və təcrübəsiz adamların hamısında olduğu kimi danışmağı öyrənmək mənə fövqəladə dərəcədə çətin idi.

Qoca, çək-çevirlərdən çıxmış yerlimin məsləhətinin mənə çox böyük köməyi oldu və o, mənə Vellinqtonun sözlərini sitat gətirdi ki, Vellinqton özü də bunu, şübhəsiz, başqa kiminsə sözlərindən sitat kimi istifadə etmişdi. Budur həmin məsləhət: “Yalnız deməyə sözün olan və deyəcəyini yaxşı bildiyin halda çıxış et. Sözünü de və əyləş”.

Həmin “qoca, çək-çevirdən çıxmış yerli” Ruzveltə həyəcanı adlamağın başqa bir üsulunu da deməli idi. O gərək əlavə edəydi: “Əgər sən auditoriya qarşısında nə isə bir hərəkət edə, məsələn: əlinə nə isə götürə, xəritədə hansısa bir məntəqəni göstərə, stulun yerini dəyişə, pəncərəni aça, hansısa kağızları və ya kitabı götürüb başqa yerə qoya bilsən, utancaqlıqdan daha asan yaxa qurtararsan.

İstənilən müəyyən məqsədlə edilən fiziki hərəkət sənə özünü daha asudə hiss eləməyə imkan verəcək”.

Doğrudur, bu cür hərəkətlər üçün bir bəhanə tapmaq həmişə asan olmur. Əgər mümkün olarsa, bundan istifadə edin, lakin bundan yalnız ilk bir neçə çıxışınızda istifadə edin: uşaq yeriməyi öyrənəndən sonra daha stol-stuldan yapışmır.

Üçüncü qayda: özünüzə inamlı olduğunuzu göstərin.

Amerikanın yetişdirdiyi ən məşhur psixoloqlardan biri olan professor Uilyam Ceyms yazırdı: “Belə təsəvvür oluna bilər ki, hərəkət hissin arxasınca gəlir, lakin, əslində, hərəkət və hiss bir-birini tamamlayır: biz iradənin bilavasitə nəzarəti altında olan hərəkəti idarə etməklə həmin nəzarətin altında olmayan hissi dolayısı ilə idarə edə bilərik.

Beləliklə, gümrahlığa yiyələnməyin, əgər sizin əsl gümrahlığınız itirilmişdirsə, çox gözəl şüurlu yolu gümrah görkəmlə əyləşmək, elə hərəkət etmək və danışmaqdan ibarətdir ki, siz artıq sanki büsbütün gümrahsınız. Əgər bu davranış sizi gümrahlıq hissini keçirməyə sövq etməyəcəksə, onda bu halda sizə başqa heç nə kömək etməyəcəkdir.

Buna görə də özünüzü cəsarətli hiss etmək üçün belə hərəkət edin ki, siz sanki, həqiqətən də, cəsarətlisiniz, bu məqsədlə özünüzün bütün iradənizi toplayın və onda qorxu həyəcanı, çox güman ki, mərdlik qabarması ilə əvəz olunacaqdır”.

Professor Ceymsin məsləhətindən istifadə edin. Auditoriya qarşısında cəsarət formalaşdırmaq üçün özünüzü elə aparın ki, siz sanki həmin cəsarətin yiyəsisiniz. Öz-özlüyündə aydındır ki, əgər siz çıxışınıza hazırlıqlı deyilsinizsə, onda heç bir hərəkətin xeyri olmayacaqdır. Lakin əgər siz haqqında danışdığınız mövzunu yaxşı bilirsinizsə, qətiyyətlə ayağa qalxın və dərindən nəfəs alın.

Auditoriyanın qarşısına gəlib çıxana qədər otuz saniyə ərzində dərindən nəfəs alın. Oksigenin zəngin axını sizi qıvraqlaşdıracaq və sizə cəsarət gətirəcəkdir. Məşhur tenor Jan de Reşke deyirdi ki, əgər siz belə nəfəs ala bilirsinizsə, onda siz “onu minə bilərsiniz” və həyəcan yox olacaqdır.

Bütün dövrlərdə, bütün ölkələrdə adamlar mərdliyə həmişə heyran olublar, buna görə də, sizin ürəyiniz necə bərk çırpınmasa da, cəsarətlə qabağa çıxın, sakit dayanın və özünüzü elə tutun ki, bu sanki sizin xoşunuza gəlir.

Qamətinizi büsbütün dikəldin, öz dinləyicilərinizin düz gözlərinin içinə baxın və elə inamla danışmağa başlayın ki, elə bil onların hamısı sizə pul borcludurlar. Təsəvvür edin ki, iş məhz bu cürdür. Təsəvvür edin ki, onlar bura sizdən borcu qaytarmaq vaxtını təxirə salmağı xahiş etmək üçün yığışıblar. Bu, sizə əlverişli psixoloji effekt verəcəkdir.

Əsəbi hərəkətlərlə pencəyinizin düymələrini açmaq və bağlamaq, əlinizdə muncuq çevirmək, yaxud əllərinizlə boş-boşuna hərəkətlər etmək lazım deyil.

Əgər siz özünüzü əsəbi hərəkətlərdən saxlaya bilmirsinizsə, əllərinizi arxanızda saxlayın və barmaqlarınızı elə tərpədin ki, bunu heç kəs görməsin, ya da ayaq barmaqlarınızı qımıldadın.

Bir qanunauyğunluq kimi, mebelin arxasında gizlənmək natiq üçün yaxşı hal deyil. Lakin əgər siz birinci çıxışlarınızda stolun, yaxud stulun arxasında dayansanız, onlardan bərk-bərk tutsanız, yaxud da əlinizdə dəmir pulu sıxsanız, bu, sizə bir qədər cəsarət verə bilər.

Teddi Ruzvelt ona xas olan cəsarəti və özünüidarəni necə formalaşdırmışdı? Təbiətmi onu cəsarətli, comərd ruhlu etmişdi? Heç də yox.

“Uşaqlıqda xəstəhal və əlimdən heç nə gəlməyən olduğumdan, – deyə o, öz tərcümeyi-halında etiraf edir, – gənclik dövründə mən əvvəl əsəbi və öz taleyimə inamı olmayan adam olmuşam. Mən inadkarcasına yalnız bədənimi deyil, həm qəlbimi, həm də ruhumu əzabla məşq etdirməli olmuşam”.

Xoşbəxtlikdən, bu dəyişikliyə necə nail olduğunu o, bizə danışıb.

“Marrietanın kitablarından birindəki epizod, – yazır o, – uşaqlıqda məndə çox güclü təəssürat yaratmışdı. Orada elə də böyük olmayan ingilis hərbi gəmisinin kapitanı kitabın qəhrəmanına qorxmaz adama çevrilmək üçün nə etmək lazım olduğunu izah edir. O deyir ki, döyüşə girməzdən əvvəl, demək olar, hər bir adam qorxu hiss edir, lakin özünü elə ələ almağı bacarmalısan ki, özünü qorxulu heç nə yoxmuş kimi tuta biləsən.

Bir müddətdən sonra məqsəd əldə olunur və adam yalnız bunun sayəsində qorxu bilməyən şəxsə çevrilir ki, özünü qorxmaz adam kimi tutur (mən bunu sizə Marrietada olduğu kimi deyil, öz sözlərimlə danışıram).

Mən bu nəzəriyyəyə riayət etməyə başladım. Əvvəl mən çox şeydən qorxurdum – qrizli ayılarından tutmuş kəhgir atlara və başkəsənlərə qədər. Lakin mən özümü elə aparırdım ki, sanki qorxmuram və tədricən, həqiqətən də, qorxmamağa başladım.

Adamların əksəriyyəti, istək olarsa, eyni şeyi edə bilər”.

Və siz də, əgər istəsəniz, buna nail ola bilərsiniz. “Müharibədə, – demişdi marşal Foş, – müdafiə olunmağın ən yaxşı üsulu hücum etməkdir”. Buna görə də öz qorxularınızın üzərinə hücuma keçin. Onların qabağına çıxın, onlarla döyüşün, onları imkan düşən hər bir vəziyyətdə cəsarətinizlə məğlub edin.

Təsəvvür edin ki, siz hansısa bir naməni çatdırmaq üçün göndərilmisiniz. Biz naməni gətirənə xüsusi diqqət yetirmirik, bizi onun məzmunu maraqlandırır. Bütün mətləb məzmundadır. Öz diqqətinizi onun üzərində cəmləşdirin. Onu öz ürəyinizdə saxlayın. Onu öz beş barmağınız kimi tanıyın. Ona inanın. Ardınca isə danışın, inandırıcı şəkildə və qətiyyətlə.

Bu cür hərəkət edin və on şans birə qarşı ki, siz tezliklə vəziyyətin yiyəsi olacaq və özünüzü ələ almağı bacaracaqsınız.

Dördüncü qayda: təcrübə, təcrübə, təcrübə.

Burada yada salmalı olduğumuz axırıncı məsələ, sözsüz ki, ən mühüm olanıdır. Əgər siz indiyə qədər oxuduqlarınızı unutsanız belə, aşağıdakını yadda saxlayın: çıxış edərkən özündə inam hissini formalaşdırmaq üçün birinci (onun özü də axırıncıdır) səhvsiz üsul – bu, bacardıqca çox danışmaqdır. Hər şey mahiyyət etibarilə bir əsas məqamda cəmlənir – təcrübə, təcrübə və təcrübə. Bu, hər şey üçün “sine qua non” deməkdir, bunsuz heç nəyin alınmayacağı şərtdir.

“Başlayan hər kəs, – deyə Ruzvelt xəbərdarlıq edir, – “maral sətəlcəmi”

həyəcanına düçar ola bilər. Bu, son həddə əsəbi coşqunluq vəziyyətidir ki, onun utancaqlıqla ortaq heç nəyi yoxdur. Bu hal ovda birinci dəfə maral görən və ya döyüşdə iştirak edən hər bir kəsdə olduğu kimi, böyük auditoriya qarşısında ilk dəfə çıxış edən adamda da meydana çıxa bilər. İnsanın cəsarətə yox, özünü ələ almaq, soyuqqanlı olmağa ehtiyacı var. Bunu isə yalnız daim təcrübə keçməklə qazanmaq mümkündür.

O, daimi özünənəzarətlə öz əsəblərini tam şəkildə ələ almağı öyrənməlidir.

Bu, əhəmiyyətli dərəcədə vərdişin, daim səy göstərməyin və daim iradənin gücünü qabartmağın işidir. Əgər insanın təmayülləri yaxşıdırsa, o, həmin iradənin gücünün hər təzahürü ilə daha qüvvətli və bir az da qüvvətli olacaqdır”.

Siz auditoriya qarşısında qorxudan yaxa qurtarmaq istəyirsiniz? Gəlin bu qorxunun nədən doğduğuna baxaq.

“Qorxu cahillik və inamsızlıqdan doğur”, – deyə professor Robinson özünün “Zəkanın təşəkkül tapması” kitabında yazır. Başqa sözlə desək, qorxu nəticə kimi təzahür edərək özünə inamın kifayət qədər olmamasından doğur.

Bəs bu, sonuncunu meydana çıxaran nədir? Özünə inamsızlıq öz növbəsində sizin etməyə həqiqətən qabil olduqlarınızı bilməməyinizin nəticəsi kimi meydana çıxır. Həmin bu bilməməzlik isə təcrübənin kifayət qədər olmamasından irəli gəlir. Sizin çiyninizdə uğurlu təcrübə baqajı olanda qorxularınız yox olacaq; onlar iyul günəşi altında duman kimi əriyib itəcəkdir”.

Bir şey şübhəsizdir: üzməyi öyrənmək üçün suya tullanmaq lazımdır. Bununla hamı razılaşır. Siz bu kitabı artıq kifayət qədər xeyli vaxtdır ki, oxuyursunuz. Niyə də siz indi onu bir kənara qoymayasınız və praktiki işdən yapışmayasınız?

Özünüz üçün bir, yaxşı olardı ki, müəyyən biliklərə malik olduğunuz mövzu seçin və üç dəqiqəlik çıxış hazırlayın.

Həmin çıxışı təklikdə dəfələrlə məşq edin. Ardınca, əgər mümkündürsə, adamların və ya dostlarınızın qarşısında çıxış edin, həmin çıxışa bütün qüvvənizi qoyun.
Xülasə

1.Kursların minlərlə dinləyicisi bu kitabın müəllifinə yazaraq natiqlik sənətini nə üçün öyrənmək və bunun nəticəsində nəyə nail olmaq istədiklərini bildiriblər. Demək olar ki, hamının göstərdiyi əsas motiv budur: onlar həyəcandan yaxa qurtarmaq, publika qarşısında dayanarkən fikirləşməyi bacarmağı öyrənmək və istənilən miqyaslı auditoriya qarşısında inamla və asudə danışmaq istəyirlər.

2.Bütün bunları etmək bacarığına yiyələnmək çətin deyil. Bu heç də göylərin ayrı-ayrı şəxslərə bəxş etdiyi istedad hesab olunmamalıdır. Bu, nə isə poker oynamağı bacarmaq kimi bir şeydir: istənilən kişi, istənilən qadın – əgər onda kifayət qədər güclü istək olarsa, özündəki gizli qabiliyyətləri inkişaf etdirə bilər.

3.Təcrübəli natiqlərin bir çoxu auditoriya qarşısında ayrıca bir adamla söhbət zamanı olduğu ilə müqayisədə daha yaxşı fikirləşir və yaxşı danışır. Çoxsaylı dinləyicilərin olması onlar üçün stimuldur, onlarda ilham doğurur.

Əgər siz bu kitabda işıqlandırılmış məsləhətlərə dəqiq riayət edərsinizsə, onda vaxt gələr, siz də eynilə bu cür bacarığa yiyələnər və ictimaiyyət qarşısında gələcək çıxışlarınızda məmnunluqla belə düşünərsiz.

4.Belə düşünməyin ki, sizinlə bağlı hal – istisna təşkil edir. Sonralar məşhur natiq olmuş bir çox insan öz fəaliyyətinin başlanğıcında utancaqlıqdan əziyyət çəkir və auditoriya qarşısında qorxudan az qala iflic vəziyyətə düşürdü. Brayanla, Jan Joreslə, Lloyd Corcla, Çarlz Stüart Parnellə, Con Braytla, Dizraeli, Şeridan və bir çox başqaları ilə də eynilə bu baş vermişdi.
5.Tez-tez çıxış etməyinizdən asılı olmayaraq, siz bu utancaqlığı nitqinizin əvvəlində həmişə hiss edə bilərsiniz, lakin danışmağa başlayandan bir neçə an sonra o, tamamilə yox olacaqdır.

6.Bu kitabdan qısa vaxt ərzində bacardıqca çox şey əxz etmək üçün aşağıdakı dörd qaydaya əməl etmək lazımdır:

  1. a) Nitqinizi məqsədə güclü və inadlı can atmaq istəyi ilə başlayın.

Öyrənmək üçün göstərdiyiniz səylərin sizə gətirəcəyi faydaların hamısını yadda saxlayın. Özünüzdə ruh yüksəkliyi yaradın. Bunun sizə maliyyə və social mənada, eləcə də sizin nüfuzunuzun artması, rəhbər postları tutmaq mənasında nələr verə biləcəyi haqda düşünün. Yadda saxlayın ki, sizin uğur əldə edəcəyiniz vaxtın nə qədər tez yetişəcəyi özünüzün məqsədə doğru can atmağınızın gücündən asılı olacaqdır.

  1. b) Çıxışınıza hazırlaşın. Əgər siz haqqında danışmağa hazırlaşdığınız mövzunu yaxşı bilməsəniz, özünüzü inamsız hiss edəcəksiniz.
  2. c) Özünüzə inamlı olduğunuzu göstərin. “Özünü cəsarətli hiss eləmək üçün, – deyə professor Uilyam Ceyms məsləhət verir, – belə hərəkət edin ki, sanki siz, həqiqətən də, cəsarətlisiniz, bu məqsədlə bütün iradənizi toplayın və onda qorxu pristupu, çox güman ki, mərdlik qabarması ilə əvəz olunacaqdır”.
  3. Teddi Ruzvelt etiraf edirdi ki, qrizli ayıları, kəhgir atlar və başkəsənlər qarşısında qorxusunu məhz bu üsulla adlamışdır. Siz bu psixoloji metoddan istifadə etməklə auditoriya qarşısında qorxunuza qalib gələ bilərsiniz.
  4. d) Çıxış edin, təcrübə toplayın. Bu, məqsədə çatmaq üçün ən vacib olanıdır. Qorxu inamsızlığın nəticəsidir, inamsızlıq özünüzün nələrə qabil olduğunuzu bilməməkdən irəli gəlir, həmin bilməməzlik isə – təcrübənin kifayət qədər olmamasının nəticəsidir.

Buna görə də özünüzə uğurlu təcrübə baqajı yaradın və sizin qorxularınız yox olacaqdır.

Özünə inam hazırlaşmaqla yaradılır

Bu kitabın müəllifinin 1912-ci ildən başlayaraq peşəkar borcu və bununla da yanaşı sevimli məşğuliyyəti il ərzində təqribən altı min nitqi dinləmək və bunlara tənqidi yanaşma olmuşdur. Bu nitqləri kolleclərin tələbələri yox, yetkin insanlar: biznesmenlər və mütəxəssislər edirdi. Toplanan təcrübənin nəticəsində müəllif aşağıdakılara əmin olub: çıxışa qabaqcadan hazırlaşmaq təkidli dərəcədə zəruridir; natiq danışacağı mövzu barədə aydın və müəyyən təsəvvürə malik olmalıdır.

Natiqin danışacağı onda güclü təəssürat yaratmış olan və onun bu haqda susmağı heç cür bacara bilmədiyi bir şey olmalıdır. Dinləyici olaraq hiss etdiyiniz kimi, vacib ideya uğrunda sizin ağlınıza və ürəyinizə təsir göstərməyə coşqunluqla can atan natiq sizi qeyri-iradi olaraq cəlb etməzdimi? Natiqlik məharətinin sirrinin yarısı məhz elə bundadır.

Natiq belə bir əqli və emosional halda olanda o, özündə mühüm bir şərt aşkar edir – onun nitqi elə bil öz-özünə axır. Nitq onun üçün yük olmur və heç bir çətinlik təşkil etmir. Yaxşı hazırlanmış nitq – onda doqquzu səsləndirilmiş nitqdir.

Birinci fəsildə qeyd olunduğu kimi, insanların əksəriyyətinə bu cür məşq əsas etibarilə özlərinə inam hissini əldə edə bilmək, cəsarətli olmaq və özlərini ələ almaq bacarığına yiyələnmək üçün zəruridir. Çoxları faciəvi səhvə öz nitqlərini hazırlamağa saymazyana yanaşmaqla yol verirlər. Əgər döyüşə nəm çəkmiş barıt və ya boş güllələrlə, ya da tamamilə silahsız gedərsənsə, qorxu və əsəbiliyi adlaya biləcəyinə necə ümid etmək olar axı?

Belə olan təqdirdə, onların auditoriya qarşısında özlərini tam sərbəst hiss edə bilmədiklərinə təəccüblənmək lazım gəlmir. “Düşünürəm, – deyə Linkoln artıq Ağ Evdə olanda bildirmişdi, – heç vaxt o qədər qoca olmayacağam ki, deməyə bir sözüm olmayanda utanıb çəkinmədən danışa bilim”.

Əgər siz özünüzdə inam formalaşdırmaq istəyirsinizsə, onda siz bunun üçün zəruri olanı niyə etmirsiniz? “Kamil sevgi, – demişdir apostol İoann, – qorxunu qovur”. Eyni şeyi kamil hazırlıq da edir. Vebster deyirdi ki, o, dinləyicilər qarşısında bərabər dərəcədə nə pis hazırlıqlı, nə də yarıçılpaq dayanmağa qabil idi.

Biz çıxışımıza niyə daha ciddi hazırlaşmırıq? Niyə?

Bəzilərinin çıxışa hazırlaşmağın nə demək olduğu və onu dərrakə ilə necə etmək lazım olduğu ilə əlaqədar heç aydın təsəvvürləri belə yoxdur; başqaları vaxtın çatışmazlığına istinad edirlər.

Buna görə də biz növbəti fəsli həmin sualların ətraflı nəzərdən keçirilməsinə həsr edəcəyik.

Düzgün hazırlaşmaq

Hazırlaşmaq nədir? Kitabların mütaliəsi? Bu, hazırlaşmağın bir növüdür, özü də heç də ən yaxşı növü deyildir. Mütaliə kömək edə bilər. Lakin əgər adam kitablardan çoxsaylı “konservləşdirilmiş” fikir götürməyə çalışarsa və onları dərhal özünə məxsus olan fikirlər kimi qəbul edərsə, onda onun çıxışında müəyyən çatışmazlıqlar olacaqdır. Dinləyicilər nəyin çatışmadığını heç başa düşməyə də bilərlər, lakin onların, bununla belə, natiqə münasibəti soyuq olacaqdır.

Misal göstərim. Bu kitabın müəllifi bir müddət əvvəl Nyu-York banklarının yüksək vəzifəli şəxslərindən ibarət olan qrupa natiqlik sənəti üzrə məşğələlər keçirdi. Öz-özlüyündə aydın məsələdir ki, bu qrupun üzvlərinə, işləri başlarından aşan adamlara lazım olan qədər hazırlaşmaq, yaxud onların hazırlaşmaq hesab etdiklərini yerinə yetirmək çox vaxt çətin olurdu.

Bütün ömürləri boyu onlar özlərinə məxsus tərzdə fikirləşirdilər, fərdi baxışlarını formalaşdırmışdılar, bütün təzahürlərə öz nöqteyi-nəzərlərinin bucağı altından baxırdılar, şəxsi təcrübə toplamışdılar. Beləcə, onlar qırx il ərzində çıxış üçün mahiyyət etibarilə material toplayırdılar.

Lakin onlardan bəzilərinə bunu dərk eləmək çətin gəlirdi. Onlar ağacların arxasından meşəni görməyi bacarmırdılar.

Həmin qrup kurslarda cümə günləri axşam saat beşdən yeddiyə qədər məşğul olurdu. Nyu-Yorkun şəhərətrafı qəsəbələrindən birində yerləşən bankdan olan centlmen – onu cənab Cekson adlandıraq – bir dəfə görür ki, artıq saat beşin yarısıdır, çıxış üçün isə mövzusu yoxdur.

O, öz kontorundan çıxır, köşkdən “Forb meqezin” jurnalını alır və metro ilə məşğələlərin keçirildiyi Federal Ehtiyat Bankına gedənə qədər oradakı “Uğur qazanmaq üçün sizing sərəncamınızda yalnız on il var” başlıqlı məqaləni oxuyur. O, bu məqaləni yazının onu xüsusi olaraq maraqlandırdığına görə yox, çıxışa qədər ona verilmiş vaxtı nə iləsə doldurmaq üçün oxumuşdu.

Üstündən bir saat keçəndən sonra cənab Cekson ayağa qalxdı və məqalənin müəllifinin toxunduğu mövzu barədə inandırıcı surətdə, maraqla danışmağa cəhd etdi.

Nəticə, qaçılmaz nəticə necə idi?

O, haqqında danışmağa cəhd elədiyini həzm etməmişdi, mənimsəməmişdi. “Danışmağa cəhd edirdi” sözləri işin mahiyyətini tamamilə dəqiq ifadə edir. O yalnız cəhd edirdi. Onda özünə çıxış axtaran fikirlər yox idi. Onun özünü aparmaq manerası, onun səsinin tonu buna aydın dəlalət edirdi. O, məqalənin özünə göstərdiyi təəssüratdan güclü təəssüratı dinləyicilərdə yarada biləcəyinə necə ümid edə bilərdi?

O, tez-tez məqaləyə istinad edirdi, deyirdi ki, müəllif filan və behman yazır. Həmin çıxışda “Forb meqezin” jurnalından əxz edilmiş həddən çox, cənab Ceksona məxsus isə çox az söz var idi.

Bax buna görə bu kitabın müəllifi ona təqribən aşağıdakıları dedi:

– Cənab Cekson, bu məqaləni yazmış naməlum şəxs bizi maraqlandırmır. Həmin adam burada yoxdur. Biz bu xanımı görə bilmirik. Lakin siz və sizing fikirləriniz bizi maraqlandırır. Siz bizə başqa kimin isə dedikləri haqqında yox, şəxsən özünüzün nə düşündüyünüz barədə danışın. Deyəcəklərinizə cənab Ceksonun fikirlərini bacardıqca çox qatın.

Niyə də biz elə bu mövzuda gələn həftə çıxış etməyək? Məqaləni bir dəfə də oxuyun və özünüzdən soruşun ki, müəlliflə razılaşırsınız, ya yox. Əgər siz razılaşırsınızsa, onun mülahizələrini düşünübdaşının və onları öz müşahidələrinizlə illüstrasiya edin. İşdir, əgər razılaşmırsınızsa, onda elə bunu da deyin və nəyə görə razılaşmadığınızı izah edin. Qoy bu məqalə sizin öz şəxsi nitqinizin təkan aldığı başlanğıc məntəqə olsun.

Cənab Cekson bu təklifi qəbul etdi, məqaləni təkrarən oxudu və bu nəticəyə gəldi ki, məqalənin müəllifi ilə tamamilə razı deyildir. Yeni çıxışına o, metronun vaqonunda hazırlaşmırdı. Çıxış onun şüurunda tədricən yetişirdi. Bu çıxış onun beyninin törəməsi idi və çıxış elə bil onun öz övladı kimi inkişaf edir, böyüyür və forma alırdı.

Onun qızları kimi təzə övlad gündüz və gecə, onun bunu ən az dərk etdiyi vaxt böyüyürdü. Gah hansısa bir qəzetdə nəyisə oxuyanda onda yeni bir fikir peyda olur, gah da tanışı ilə söhbət əsnasında gözlənilmədən yerinə düşən misal üzə çıxırdı. O, bütün həftə ərzində boş dəqiqələrində mövzu barədə fikirləşdikcə bütün bunlar genişlənir, dərinləşir, sıxılıb kipləşirdi.

Növbəti məşğələdə cənab Cekson bu mövzuda çıxış edəndə o, nə isə özününkü olanı – öz karxanasında hasil etdiyi filizi, öz fərdi zərbxanasında zərb olunmuş sikkəni təqdim edə bildi. Və o ələlxüsus da buna görə yaxşı danışırdı ki, məqalənin müəllifi ilə razı deyildi. Fikirlərdə azacıq fərqdən yaxşı stimulyator yoxdur.

Eyni bir adamın bir həftə ərzində eyni bir mövzuda etdiyi bu iki çıxış necə də nəzərəçarpan təzad təşkil edirdi!

Düzgün hazırlaşmaq necə də böyük fərq meydana çıxara bilərmiş!

Hazırlaşmaq necə lazımdır və necə lazım deyillə bağlı başqa bir missal göstərim.

Bizim cənab Flinn adlandıracağımız centlmen natiqlik məharətini Vaşinqtonda öyrənirdi. Bir dəfə o, öz nitqini paytaxtımızın vəsfinə həsr elədi. O, bir qəzetin buraxdığı reklam broşürasını tələsik vərəqlədi və ondan faktları əxz etdi. Və bu faktlar müvafiq surətdə də səsləndirildi – quru, rabitəsiz və aydın hiss olunurdu ki, material mənimsənilməyib.

Natiq öz mövzusu üzərində lazım olan şəkildə düşünüb-daşınmamışdı, mövzu onu ilhamlandırmırdı. O, haqqında danışdığını hissiyyatından o qədər dərin keçirməmişdi ki, həmin hissləri səsləndirməyə dəymiş olaydı. Onun bütün nitqi səthi, zövqsüz və heç kimə lazım olmayan bir çıxış idi.

Bu, uğurlu ola bilməyəcək bir nitq idi.

Təqribən iki həftədən sonra cənab Flinnə bərk təsir etmiş bir hadisə baş verdi: ictimai qarajdan onun maşınını oğurlamışdılar. O, polisə cumdu, mükafat təklif etdi, lakin hər şey əbəs idi.

Polis etiraf etdi ki, o, cinayətkarlığa qarşı mahiyyət etibarilə mübarizə aparmaq iqtidarında deyildir, bu arada isə, bundan bir həftə qabaq polismen əlində tabaşir küçəni keçərək cənab Flinni onun maşınının dayanacaqda on beş dəqiqə artıq qaldığına görə cərimə etmişdi. Bu, işləri  aşlarından aşdığına görə cinayətkarları tuta bilməyən “tabaşirli polislər” cənab Flinnin qəzəbinə tuş gəldilər. O özündən çıxmışdı. İndi onun danışmaq üçün mövzusu – broşüradan əxz edilən yox, öz həyatından götürülmüş mövzusu var idi.

Bu, canlı insanla əlaqədar olan, onun hisslərinə və baxışlarına toxunmuş bir məsələ idi. Vaşinqtonu vəsf etdiyi nitqində o, bir cümləni zorla o birisi ilə əlaqələndirirdi; burada isə hələ heç ayağa tam qalxmamışdı və ağzını açan kimi polisin ünvanına ittiham dolu nitq sel kimi axdı və Vezuvu püskürəndə qaynayan lava kimi töküldü. Bu cür nitq, demək olar ki, həmişə səhvsiz vurur, bu nitq uğur qazanmaya bilməzdi. Onun əsasında həyati təcrübə dururdu və o düşünülübdaşınmışdı.

Əsl hazırlaşmaq özü ilə nə təcəssüm etdirir

Çıxışa hazırlıq özündə kağıza yazılmış və ya əzbərlənmiş hamar cümlələrin seçilməsini ehtiva edirmi? Xeyr. Çıxış mahiyyət etibarilə şəxsən sizin özünüzə çox az toxunan təsadüfi bir neçə fikrin seçilməsidirmi? Əsla yox.

Bu hazırlıq sizing fikirlərinizin, sizin ideyalarınızın, sizin baxışlarınızın, sizin istəklərinizin seçilməsi deməkdir. Axı sizdə belə fikirlər, istəklər olmamış deyil. Bunlar siz oyaq olanda beyninizdə hər gün doğulur, onlar hətta sizin yuxugörmələrinizə də sızır. Sizin bütün mövcudiyyətiniz hisslər və sıxıntılarınızla aşıb-daşır.

Bütün bunlar sizin təhtəlşüurunuzda yığılıb və o qədər çoxdur ki, elə bil çayın sahilində çınqıl kimidir. Hazırlaşmaq – bu, fikirlər üzərində düşünmək, onları bəsləyib böyütmək, xatırlamaq, sizi xüsusilə cəlb edənləri seçmək, cilalamaq, onları müəyyən ardıcıllıqla yerləşdirmək, özünəməxsus mozaika yaratmaqdır.

Bəlkə bu cür proqram sizə həddən artıq çətin görünür? Xeyr, bu, çətin deyil. Yalnız diqqəti bir qədər cəmləmək və məqsədyönlü surətdə fikirləşmək lazımdır.

Duayt L.Mudi dini düşüncə tarixinə daxil olan çıxışlarını necə hazırlayırdı?

“Bu, sirr deyil, – deyə o, ona verilmiş suala cavab verdi. – Məndə hansısa bir mövzu yarananda onu zərfin üstünə yazıram. Məndə bu cür zərflər çoxdur. Əgər mütaliə edərkən nəzərdə tutduğum mövzulara aidiyyəti olan dəyərli nə isə tapıramsa, onda çıxarışı müvafiq zərfin içinə qoyuram və o, zərfin içində qalır.

Mənim yanımda həmişə qeyd kitabçası olur və əgər kiminsə moizəsində bu məsələyə işıq sala biləcək nəsə eşidirəmsə, bunu qeyd edirəm, sonra onu zərfə qoyuram. Bütün bunlar bir il, ya da daha çox qala bilər. Mənə təzə moizə hazırlamaq lazım gələndə yığılanların hamısını çıxarıram.

Öz müşahidələrimlə yanaşı, bütün bunlar mənə kifayət edəcək qədər material verir. Bundan başqa, mən öz moizələrimin üzərində daim işləyirəm – onlardan nəyisə çıxarıram, nəyisə əlavə edirəm. Nəticədə onlar heç vaxt köhnəlmir”.

Yel məktəbinin dekanı Braunun müdrik məsləhəti

Yel İlahiyyat Məktəbi öz yüzilliyini qeyd edəndə onun dekanı Çarlz Reynolds Braun moizə etmək sənəti barədə mühazirələr silsiləsi ilə çıxış etmişdi. Həmin mühazirələr eyni başlıq altında Nyu-Yorkun “Makmillan” nəşriyyatı tərəfindən kitab halında buraxılmışdı.

Doktor Braun bir qərinə idi ki, hər həftə moizələrə hazırlaşırdı, eləcə də başqalarına moizələri hazırlamağı və onları deməyi öyrədirdi.

Buna görə də o, haqqında söhbət gedən mövzuda bəzi müdrik məsləhətlər verə bilərdi ki, bu məsləhətlər özü ilə (natiqin 91-ci psalmla bağlı danışmağa hazır olan kilsə xadimi, yaxud həmkarlar ittifaqları barədə nitqlə çıxış etməyə hazır olan ayaqqabı fabrikantı olmasından asılı olmayaraq) dəyər təcəssüm etdirirdi. Odur ki, burada mən doktor Braunun sözlərini iqtibas gətirməyi özümə rəva görürəm:

“İncildən seçdiyiniz sitatı və moizənin mövzusunu çox ciddi düşünübdaşının. Onları beyninizdə o qədər bəsləyin ki, onlar yetişsin, plastik olsun. Əgər siz onlardakı ən xırda cücərtilərin böyüməsinə və inkişaf etməsinə imkan verərsinizsə, onlardan çoxlu maraqlı fikir götürəcəksiniz…

Yaxşı olardı ki, bu proses uzun müddət ərzində baş versin, onu şənbə gününün səhərinə, bazar günü edəcəyiniz çıxışa hazırlığı bitirməli olduğunuz vaxta saxlamayın. Əgər kilsə xadimi bu mövzuda çıxış etməzdən əvvəl hansısa bir həqiqəti beynində bir ay, altı ay və ya hətta bir il ərzində saxlaya bilərsə, onda əmin olacaqdır ki, bundan aramsız olaraq yeni-yeni fikirlər yetişir və son nəticədə bol məhsul verir.

O, bu haqda küçədə gəzəndə, qatarla səyahətə çıxanda və ya gözləri mütaliədən çox yorulanda düşünə bilər.

O, bəzi şeyləri, şübhəsiz ki, gecələr də düşünüb-daşına bilər. Əlbəttə, yaxşı olardı ki, kilsə xadimi yatmağa öz kilsəsi və ya moizəsi barədə düşüncələrlə uzanmasın – kilsə kafedrası moizə etmək üçün çox yaxşıdır, lakin onunla “yatmaq narahatdır”. Hərdən belə olurdu ki, ağlıma gələn bir fikri səhərə qədər unudacağımdan qorxduğum üçün gecənin bir aləmində durur və onu qeyd edirdim…

Siz müəyyən bir moizə üçün material toplayanda seçdiyiniz sitat və mövzu ilə bağlı ağlınıza gələn hər şeyi qeyd edin. İncildən olan mətni siz onu birinci dəfə seçəndə necə başa düşdüyünüzü qeyd edin. Bunun ardınca sizdə meydana çıxan assosiasiyaların, fikirlərin hamısını yazın…

Bütün bu fikirləri qısaca, bir neçə sözlə qeyd edin, təki onlar qeyd edilmiş olsun və qoy sizin beyniniz hər vaxt yeni fikirlər axtarsın, elə axtarsın ki, elə bil bundan sonra həyatınızda bircə dənə də olsun kitab görmək sizə nəsib olmayacaqdır. Öz təfəkkürünüzü inkişaf etdirmək üsulu elə budur. Bu üsulla siz öz əqli fəaliyyətinizin həmişə təravətli, orijinal, yaradıcı olmasına nail olacaqsınız…

Sizdə müstəqil surətdə, başqasının köməyi olmadan doğan fikirlərin hamısını qeyd edin. Onlar sizin əqli inkişafınız üçün rubin, almaz və təmiz qızıldan qiymətlidir. Yaxşı olardı ki, bunları kağız parçasında, köhnə məktubların arxa üzündə, zərflərin tikələrində, qablaşdırma kağızında – əlinizə düşən hər şeyin üstündə yazasınız.

Bu, yazı kağızının uzun vərəqləri üzərində yazmaqdan hər bir mənada daha yaxşıdır. Burada məsələ təkcə qənaətdə deyil – siz öz materialınızı qaydaya salmağa başlayanda həmin tikə-parçaları yığmaq və yerbəyer etmək asan olacaqdır.

Ağlınıza gələn fikirlərin hamısını daim qeyd edin və onların üzərində həmişə çox ciddi düşünüb-daşının. Bu prosesi sürətləndirmək lazım deyil. Bu, sizə həyata keçirilməsi bəxş edilmiş ən mühüm əqli səylərdən biridir.

Onun sayəsində sizin şüurunuz əsl yaradıcı qüvvəyə çevrilir…

Siz buna əmin olacaqsınız ki, sizə ən çox həzz verən və sizin pastvanızın (kilsə icması) həyatı üçün ən çox faydalı olan moizələr – bu məhz özünüzün ən dərin açıqladığınız moizələrdir. Onlar – sizin öz sümüyünüzdən və sizin öz ətinizdəndir; sizin əqli övladınızdır, sizin yaradıcı enerjinizin törəməsidir.Başqalarının fikirlərindən doğan moizələr həmişə elə bil nimdaş  kimi, bayat kimi görünəcəkdir.

Yaşayan və nəfəs alan moizələr, yaradana tərif edə-edə məbədə daxil olan moizələr, insanların ürəyinə sızan, onları qartal kimi yüksəkliklərə qanad açmağa və onları getməyə borclu olduqları yolla mərdliklərini itirmədən irəliləməyə məcbur edən moizələr – əsl, onu deyənin həyat enerjisi tərəfindən doğulmuş moizə də elə bunlardır”.

Linkoln öz çıxışlarına necə hazırlaşırdı

Linkoln öz nitqlərini necə hazırlayırdı? Xoşbəxtlikdən, bəzi faktlar bizə məlumdur. Və siz burada onun metodu barədə oxuyanda nəzərinizə çarpacaq ki, dekan Braun öz mühazirələrində Linkolnun ondan dörddə üç əsr əvvəl istifadə etdiyi fəndlərin bir çoxunu məsləhət görür. Linkolnun ən məşhur nitqlərindən biri – bu, o nitqdir ki, Linkoln burada peyğəmbərcəsinə vəhylə bu fikri söyləyib: “Deyilmişdir ki, “bölünmüş ev duruş gətirə bilməz”.

Düşünürəm ki, bizim yarı qullardan, yarı azad insanlardan ibarət olan ölkəmizin hökuməti də duruş gətirə bilməz”. Bu nitq Linkoln öz gündəlik işləri ilə məşğul olduğu, nahar etdiyi, küçədə gəzişdiyi, inəyi sağdığı, əlində səbət, nimdaş boz rəngli şərfi çiyninə ataraq qəssab və ya baqqal dükanına getdiyi, böyrü ilə balaca oğlunun çərənləyə- ərənləyə, sual verə-verə, şıltaqlıq edə-edə yüyürdüyü və atasının uzun barmaqlarını dartışdıra-dartışdıra onu cavab verməyə əbəs yerə məcbur etdiyi vaxt düşünülüb-daşınırdı.

Lakin Linkoln öz düşüncələrinə dalmış halda, öz nitqi barədə fikirləşə-fikirləşə və oğlunun varlığını unudaraq irəli gedirdi.

Bu düşünüb-daşınma və fikirlərin bəslənib yetişdirilməsi prosesində o, vaxtaşırı qeydlər edir, gah burada, gah da orada köhnə zərflərin, kağız paketlərin tikələrində – əlinə keçən hər şeyin üstündə ayrı-ayrı cümlələri yazırdı. Bunların hamısını o vaxta qədər şlyapasının içində saxlayırdı ki, oturub qeydləri müəyyən ardıcıllıqla düzmək, onların hamısını bütövlükdə nəzərdən keçirmək və çıxış, yaxud mətbuatda dərc elətdirmək üçün hazırlamaq mümkün olsun.

1858-ci il diskussiyalarında senator Duqlas hər yerdə eyni bir nitqlə çıxış edirdi. Linkoln isə hər vaxt hazırlaşır, düşünürdü. Və elə ona görə də o, hər gün təzə nitqlə çıxış edir, köhnəni təkrar etmirdi. Beləliklə, mövzu onun şüurunda aramsız olaraq genişlənir və dərinləşirdi.

Ağ Evə köçməzdən bir qədər əvvəl o, konstitusiyanın və üç nitqinin mətnlərini götürür, əlində başqa heç bir şey olmadan Sprinqfilddə dükanın üstündəki tozlu, qaranlıq otaqda qapanır və prezident vəzifəsinə keçmək münasibəti ilə öz nitqini yazır.

Bəs Linkoln özünün Gettisberqdəki nitqini necə hazırlamışdı? Əfsuslar olsun ki, bununla bağlı yanlış məlumatlar yayılmışdır. Lakin həqiqi tarixçə istisnasız olaraq maraqlıdır. Budur o.

Gettisberq hərbi qəbiristanlığı ilə məşğul olan komissiya onun təmtəraqlı təqdim edilməsini təşkil etməyi qərara alanda nitqlə çıxış etməyi Edvard Everetə təklif etdi. O, Bostondan olan pastor, Harvard Universitetinin prezidenti, Massaçusets ştatının qubernatoru, Birləşmiş Ştatların senatoru, İngiltərədə elçi, dövlət katibi idi; o, Amerikanın ən istedadlı natiqi kimi qiymətləndirilmişdi.

İlkin olaraq təmtəraqlı mərasim 1863-cü il oktyabrın 23-nə təyin olunmuşdu. Cənab Everet çox ağıllı bəyanatla çıxış etdi ki, o, belə qısa vaxt ərzində lazım olan şəkildə hazırlaşa bilməyəcəkdir. Buna görə mərasim, demək olar, bir ay, noyabrın 19-na qədər təxirə salındı ki, ona hazırlaşmaq üçün vaxt verilsin.

Axırıncı üç günü Everet Gettisberqdə keçirdi, döyüş meydanını gəzdi və burada baş verənlərin hamısını hafizəsində təzələdi. Nitq üzərində düşünübdaşınmağın və onu ərsəyə gətirməyin bu mərhələsi ən yaxşı hazırlıq idi. O, döyüşün gedişini özündə aydın təsəvvür edirdi.

Mərasimə dəvət konqresin bütün üzvlərinə, prezidentə və onun kabinetinə göndərilmişdi. Əksəriyyət dəvəti qəbul etməmişdi və komissiya üzvləri Linkolnun gəlməyə razılıq verməsinə təəccüb etdilər.

Onlar onun çıxış etməsini xahiş etməli idilərmi? Onların belə bir niyyəti yox idi.

Etirazlar bildirilmişdi. Onun axı hazırlaşmağa vaxtı olmayıb, vaxtı olsaydı belə, bu cür nitqi hazırlamağa onun gücü çatardımı? Hə, əlbəttə, o, quldarlıq haqqında diskussiyalarda uğurla çıxış etməyi, yaxud Kuper İttifaqına salamla müraciət etməyi bacarardı, lakin heç kim onun təmtəraqlı nitq söylədiyini hələ eşitməyib.

Bu, ciddi, möhtəşəm mərasim idi. Onlar risk edə bilməzdilər. Onun çıxış etməsini xahiş eləmək lazım idimi? Onlar fikirləşir, götür-qoy edirdilər… Bircə onlar gələcəyə boylana və qabiliyyətlərinə şübhə ilə yanaşdıqları adamın bu münasibətlə insan tərəfindən nə vaxtsa söylənmiş ən unudulmaz nitqlərdən biri kimi hamı tərəfindən etiraf olunacaq bir nitq söyləyəcəyini görə biləydilər!

Nəhayət, mərasimə iki həftə qalanda komissiyanın üzvləri Linkolna gecikmiş xahişlə müraciət etdilər ki, “hadisə ilə bağlı yerinə düşəcək bir neçə qeydlə” çıxış etsin. Bəli, onlar məhz bu cür ifadə etmişdilər: “hadisə ilə bağlı yerinə düşəcək bir neçə qeyd”. Heç adamın ağlına gələrmi, Birləşmiş Ştatların prezidentinə bax belə yazasan!

Linkoln vaxt itirmədən hazırlaşmağa başladı. O, Edvard Everetə məktub yazdı, bu adlı-sanlı alimin deməyə hazırlaşdığı nitqin mətnini aldı və bir-iki gündən sonra şəklini çəkdirmək üçün fotoqrafın atelyesinə yollananda Everetin əlyazmasını özü ilə götürdü və gözlədiyi vaxt ərzində onu oxudu.

O, öz çıxışı üzərində bütöv günlər ərzində düşünürdü – Ağ Evdən Hərbi Nazirliyə də, geri qayıdanda da, Hərbi Nazirlikdə sonuncu teleqramları gözləyərkən dəri divanda uzandığı vaxtda da. O, kağız vərəqində qısa cızma-qara etmişdi və onu özü ilə ipək silindrində gəzdirirdi.

O, nitqi fasiləsiz olaraq düşünüb-daşınırdı və nitq onun şüurunda getdikcə daha aydın şəkil alırdı. Çıxışdan bir qədər əvvəl o, Noa Bruksa dedi: “Hələ o qədər də yazılmayıb və heç də tamamlanmayıb. Mən onu iki və ya üç dəfə köçürmüşəm və məni məmnun etməsi üçün onu hələ də cilalamalıyam”.

Linkoln Gettisberqə mərasim keçiriləcək gündən bir gün əvvəl çıxdı. Balaca şəhər yox deyənə qədər dolu idi. Onun, adətən, 1300 nəfər təşkil edən əhalisi qəfildən on beş minə qədər artmışdı. Səkilərdə adam əlindən tərpənmək mümkün deyildi, camaat palçıqlı yollarla gedirdi.

Altı orkestrin musiqisi guruldayırdı, kütlə “Con Braunun bədəni”ni oxuyurdu. İnsanlar Linkolnun qaldığı cənab Uillsin evinin qarşısında toplaşır, Linkolnu çağırır, çıxış etməyini xahiş edirdilər. Linkoln bir neçə sözlə cavab verdi və bu vaxt, demək lazımdır ki, ədəbərkandan çox birmənalılıq göstərmiş oldu; o bildirdi ki, sabahkı günə qədər danışmaq niyyətində deyil. Məlumdur ki, o, həmin axşamı öz nitqini cilalamağa həsr etmişdi.

O hətta qonşuluqdakı evə də getmişdi və orada qonaq olan dövlət katibi Cüarda nitqi bərkdən oxumuşdu ki, onun qeydlərini dinləsin. Növbəti gün səhər yeməyindən sonra o, nitqini cilalamaqda hələ də davam edirdi və o vaxta qədər işlədi ki, qapı döyüldü və ona dedilər ki, təntənəli nümayişdə öz yerini tutmaq vaxtıdır.

Prezidentin arxasıyca atda gedən polkovnik Karr danışırdı ki, prosessiya hərəkətə gələndə “prezident yəhərdə özünü dik tutaraq oturmuşdu və baş komandanın görkəmi necə olmalıdırsa, o cür də təsir bağışlayırdı; lakin yolda o, qabağa əyildi, onun qolları sallandı və başı endi. Aydın görünürdü ki, o, düşüncələrə qərq olub”.

Onun hətta bu məqamda da öz kiçik, on unudulmaz cümlədən ibarət olan nitqi üzərində bir daha düşündüyünü ehtimal etmək olar, o, nitqini hələ də  cilalayırdı”.

Linkolnun yalnız səthi maraq göstərdiyi nitqlərindən bəzisi, mübahisəsiz ki, uğursuz idi, lakin o, quldarlıq və ya ştatların ittifaqı haqqında danışanda qeyriadi dərəcədə təsir qüvvəsinə malik olurdu. Niyə? Ona görə ki o, bu məsələlər barədə aramsız olaraq düşünürdü və onlar ona dərin təsir göstərirdi.

İllinoys ştatının qəlyanaltısındakı otaqların birində onunla gecələyən adam səhər oyananda görür ki, Linkoln öz çarpayısında oturub və divara baxır. Onun birinci sözləri bunlar idi: “Bizim yarısı qullardan, yarısı azad adamlardan ibarət olan ölkəmiz duruş gətirə bilməz”.

İsa Məsih öz moizələrini necə hazırlayırdı? O, kütlədən ayrılırdı. O, düşüncələrə qərq olurdu. O, tək-tənha səhrada gəzirdi, düşünür və qırx gün, qırx gecə post (oruc) tuturdu. “O vaxtdan, – deyə müqəddəs Matfey yazır, – İsa Məsih moizə deməyə başladı”. Bundan bir qədər sonra o, dünyada ən məşhur olan moizələrdən birini – Dağüstü moizəni söylədi.

“Bütün bunlar çox maraqlıdır, – deyə siz etiraz edə bilərsiniz, – lakin mənim istədiyim heç də ölməz natiq olmaq deyil. Mənim istədiyim yalnız vaxtaşırı bir neçə adi məruzə etməkdir”.

Bu, doğrudur və biz sizin ehtiyaclarınızı yaxşı başa düşürük. Bu kitab xüsusi məqsədlə – sizə və sizin kimi başqa adamlara məhz istədiyinizə nail olmaqda kömək etmək üçün yazılıb. Lakin sizin çıxışlarınız nə qədər iddiasız olsa da, siz keçmiş dövrlərin məşhur natiqlərinin təcrübəsindən fayda əldə edə və onların metodlarından müəyyən mənada istifadə edə bilərsiniz.
Çıxışa necə hazırlaşmalı

Təcrübə toplamaq naminə siz hansı mövzular barədə danışa bilərsiniz? Sizi maraqlandıran istənilən mövzu barədə. Demək olar, hamıya xas olan səhvi etməyin – elə də böyük olmayan çıxışınızda məsələlərin həddən artıq böyük dairəsinə toxunmayın. Mövzunun bir, yaxud iki aspektini götürün və onları ətraflı işıqlandırmağa çalışın. Bunu qısa nitqin gedişində etmək sizə müyəssər olsa, çox yaxşı olardı.

Mövzunu əvvəlcədən elə seçin ki, asudə vaxtlarınızda onun üzərində düşünməyə vaxtınız olsun. Onun üzərində yeddi gün ərzində düşünün, onu yeddi gecə ərzində beyninizdə saxlayın. Qoy o, siz yuxuya getməzdən əvvəl sizing axırıncı fikriniz olsun. Səhər üzünüzü taraş edəndə, vanna qəbul eləyəndə, şəhərin mərkəzinə yollananda, lifti gözləyəndə, paltar ütüləyəndə və ya xörək bişirəndə bu haqda fikirləşin. Bu mövzunu dostlarınızla müzakirə edin. Onu söhbətin mövzusuna çevirin.

Özünüz özünüzə bu məsələ ilə bağlı mümkün olan hər cür sualları verin.

Məsələn, əgər siz boşanmalar haqqında danışmalı olacaqsınızsa, özünüzdən soruşun ki, boşanmaların səbəbi nədir? Bunların iqtisadi və sosial nəticələri necədir? Bu şərlə necə mübarizə aparmaq olar? Bizə boşanmalar haqqında eyni cür qanunlara malik olmaq lazımdırmı? Niyə? Ümumiyyətlə, boşanmalar haqqında qanunlar lazımdırmı? Boşanma imkanını istisna etmək lazımdırmı? Yoxsa onu çətinləşdirmək lazımdır?

Və yaxud asanlaşdırmaq?

Ehtimal edək ki, sizə natiqlik sənətini nə üçün öyrəndiyiniz barədə danışmaq lazımdır. Bu halda özünüzə bu cür suallar verməlisiniz:

Mənim çətinliklərim nədədir? Mən nəyə nail olmağa ümid edirəm? Mən indiyə qədər ictimaiyyət qarşısında çıxış etmişəmmi? Bu məhz nə vaxt olub? Harada? Bu, necə olub? Mən niyə hesab edirəm ki, bu məşğələlər işgüzar adam üçün faydalıdır?

Elə kişi və ya qadın tanıyırammı ki, onlar kommersiya və ya siyasi sferada əsas etibarilə özlərinə inamları, özlərini ələ almaq bacarıqları, inandırıcı surətdə danışa bildikləri sayəsində irəliləyə biliblər? Mən başqa elə bir adam tanıyırammı ki, bu mühüm keyfiyyətlərin olmaması səbəbindən onlar heç vaxt əhəmiyyətli uğur qazana bilməyəcəklər? Konkret olun. Lakin həmin adamlar haqqında onların əsl adlarını çəkmədən danışın.
Siz ayağa qalxanda aydın fikirləşə və iki, yaxud üç dəqiqə danışa biləcəksinizsə, sizin birinci çıxışlarınızdan gözləmək mümkün olan elə budur. Məsələn, “Natiqlik sənətini mən niyə öyrənirəm” mövzusu çox asandır, bu, aşkar məsələdir.

Əgər siz material seçiminə və onların yerləşdirilməsinə bir qədər vaxt sərf edərsinizsə, onda siz heç nəyi yaddan çıxarmayacağınıza, demək olar, əmin olacaqsınız, çünki siz şəxsi müşahidələriniz, şəxsi istəkləriniz, şəxsi təcrübəniz haqqında danışacaqsınız.

Lakin indi ehtimal edək ki, siz öz məşğuliyyətiniz və ya işiniz haqqında danışmaq istəyirsiniz. Belə bir çıxışa hazırlaşmağı necə həyata keçirəcəksiniz? Sizin bu mövzu ilə bağlı geniş materialınız var. Onda sizin işiniz onu seçməkdən və yerbəyer etməkdən ibarət olacaqdır. Bircə üç dəqiqə ərzində hər şey barədə danışmağa cəhd etməyin.

Bu, qeyri-mümkündür. Belə edərsinizsə, danışdığınız həddən çox ümumi, həddən artıq fraqmentləşdirilmiş olacaqdır. Öz mövzunuzun bir və yalnız bir aspektini seçin, onu inkişaf etdirməyə, açıb göstərməyə çalışın. Məsələn, sizin müəyyən işlə məşğul olmağınızın və ya bu peşəyə yiyələnməyinizin necə baş verdiyi barədə niyə də danışmayasınız?

Bu, təsadüfənmi olmuşdu, yoxsa şüurlu surətdə edilmişdi? Başlanğıcda adlamalı olduğunuz çətinliklərdən, öz uğursuzluqlarınızdan, bəslədiyiniz ümidlərdən, öz qələbələrinizdən danışın.

Qoy sizin söhbətiniz özündə hər kəs üçün maraq ehtiva etsin, qoy bu, öz təcrübənizə əsaslanan əsl həyatın mənzərəsi olsun. İstənilən ömrün doğru tarixçəsi, əgər o, təvazökarlıqla və təhqiredici özünəvurğunluq olmadan danışılıbsa, həmişə böyük maraqla dinlənir. Əmin ola bilərik ki, belə bir söhbət uğur qazanacaqdır.

Və yaxud öz işinizin başqa bir aspektini götürün: onun çətinlikləri nədədir?

Çalışdığınız sahədə fəaliyyətə başlayan cavan adamlara nə kimi məsləhətlər verə bilərdiniz?

Və ya üzləşdiyiniz insanlar haqqında danışın – vicdanlı və vicdansız adamlar haqqında. Öz qarşınızda duran vəzifələr barədə danışın. Dünyanın ən maraqlı sahəsində işiniz sizə nə öyrədib – insan təbiəti anlamında? Əgər siz öz işinizin texniki tərəfindən, yəni detallar barədə danışacaqsınızsa, onda söhbətiniz başqaları üçün maraqlı olmaya da bilər. Lakin söhbət insanlardan gedirsə, onlar haqqında söhbət, çətin ki, uğursuz olsun.

Və ən əsası – öz çıxışınızı abstrakt moizəyə çevirməyin. Bu, darıxdırıcı olacaqdır. Qoy sizin söhbətiniz konkret nümunələrdən və ümumi xarakterli fikirlərdən ibarət lay-lay piroq olsun.

Hansı konkret hadisələri müşahidə etdiyinizi və bu nümunələrlə, öz fikrinizcə, hansı ümumi həqiqətləri təsdiq etmək mümkün olduğunu xatırlayın. Siz bunda əmin olacaqsınız ki, konkret nümunələr abstraksiyalardan xeyli asan yadda qalır və onlar haqda danışmaq xeyli asandır. Onlar həm də sizing mülahizələrinizi daha canlı və rəngarəng edəcəkdir.

Baxaq ki, bir çox maraqlı müəllif bu işə necə girişmişdi. B.E.Forbsun yazdığı – firmaların rəhbərlərinin məsuliyyəti öz partnyorları ilə bölüşməli olduqlarını necə sübuta yetirdiyi ilə bağlı – məqalədən çıxarışı sizə təqdim edim.

Nümunələrə diqqət yetirin – bu, müxtəlif adamların həyatından hadisələrdir:

“Bizim nəhəng müəssisələrimiz əvvəllər təkbaşına idarə olunurdu, lakin onların əksəriyyəti bu statusdan artıq böyüyüb çıxmışdır.

Səbəb: hər bir iri təşkilatın sanki “bir nəfərin uzanmış kölgəsi” olduğuna baxmayaraq, kommersiya fəaliyyəti və sənaye elə bir miqyasa çatmışdır ki, hətta ən bacarıqlı adam da zərurətin təsiri altında qabiliyyətli, idarəetmənin cilovlarının hamısını öz əlində saxlamaqda ona kömək edə biləcək partnyorlarla əhatə etmək məcburiyyətində qalıb”.

Necə olmuşdusa, Vulvord bir dəfə mənə demişdi ki, uzun illər ərzində o, öz işinə, əsasən, təkbaşına rəhbərlik etmişdi. Lakin əvvəl-axır öz sağlamlığını laxlatdı və xəstəxanada olduğu həftələr ərzində başa düşdü ki, işin onun istədiyi kimi inkişaf etdirilməsi üçün bu işə rəhbərlik etmək məsuliyyətini kiminləsə bölüşməli olacaqdır.

“Betlehem Stil” – bu, təkbaşına rəhbərlik edilən korporasiyanın uzun illər ərzində nümunəsi olmuşdu. Çarlz Şvabın hər şeyə dəxli var idi. Lakin Yucin C.Qreys tədricən irəli çıxırdı və nəhayət, polad üzrə Şvabdan yaxşı mütəxəssis oldu ki, Şvab özü bunu ictimaiyyət qarşısında dəfələrlə etiraf edirdi.

İlkin mərhələsində “İstmen Kodak” firmasına əsas etibarilə Corc İstmen rəhbərlik edirdi, lakin effektli təşkilat yaratmağa onun müdrikliyi çoxdan çatıb. Çikaqonun konserv firmalarının hamısı əsası qoyulandan sonra eynilə bu cür dəyişikliklərə məruz qalıb. “Standard Oyl” kompaniyası iri miqyaslar aldığı dövrdən etibarən geniş yayılmış təsəvvürlərə zidd olaraq, təkbaşına idarə olunan təşkilat olmayıbdır.

C.P.Morqan nəhəng fiqur olsa da, qabiliyyətli partnyorların seçilməsi və öz vəzifələrinin onlarla bölüşməsinin qızğın tərəfdarı idi.

Kommersiya təşkilatlarının hələ də elə şöhrətpərəst rəhbərləri vardır ki, onlar təkbaşına idarəçilik prinsipindən yapışaraq işi məhv etməyə üstünlük verərdilər. Amma onlar müasir əməliyyatların nəhəng miqyasları üzündən istəsələr də, istəməsələr də, öz vəzifələrini başqalarına ötürmək məcburiyyətində qalırlar.

Bəzi adamlar öz işlərindən danışarkən bağışlanmaz səhvə yol verirlər – yalnız özlərini maraqlandıran cəhətlərə toxunurlar. Məgər natiq yalnız özünün yox, həm də dinləyicilərin nəyə maraq göstərdiklərini aydınlaşdırmağa çalışmamalıdır? Məgər o, onların şəxsi maraqlarına toxunmamalıdır?

Məsələn, o, yanğından sığorta ilə məşğuldursa, onda o, adamlara əmlakı yanğından necə qorumaq lazım olduğunu danışmamalıdır? Əgər o, bankirdirsə, onda o, maliyyə və ya kapital qoyuluşları sahəsində məsləhətlər məgər verməməlidir? Əgər natiq ümumdövlət qadın təşkilatının rəhbəridirsə, onda o, yerli təşkilatların proqramlarından konkret nümunələr göstərməklə yerlərdə öz dinləyicilərinə deməməlidir ki, onlar bütün hərəkatın hansı dərəcədə tərkib hissəsidirlər?

Hazırlıq prosesində öz auditoriyanızı öyrənin. Dinləyicilərin ehtiyacları, istəkləri barədə fikirləşin. Bəzən bu, uğurun yarısını təmin edir.

Bəzi mövzuların hazırlanması zamanı nə isə oxumaq, başqalarının bu məsələ ilə bağlı nə fikirləşdiklərini, yaxud danışdıqlarını aydınlaşdırmaq çox məsləhətdir.

Lakin nə qədər ki şəxsi fikirləriniz tükənməyib, o vaxta qədər oxumayın.

Bu, vacibdir, çox vacibdir. Sonra isə ictimai kitabxanaya yollanın və kitabxanaçıya nəyə ehtiyacınız olduğunu söyləyin. Deyin ki, siz filan mövzuda çıxışa hazırlaşırsınız. Açıq-açığına kömək xahiş edin. Əgər sizin tədqiqatçılıq işi ilə məşğul olmaq vərdişiniz yoxdursa, onda siz ixtiyarınıza nə qədər dəyərli material veriləcəyindən, çox güman, heyrətlənəcəksiniz.

Bu, eyni mövzuda bütöv bir kitab, yaxud ictimai əhəmiyyət kəsb edən gündəlik, qayğı doğuran məsələlərlə bağlı hər iki tərəfin dəlillərini əhatə edən diskussiya üçün tezislər ola bilər. Bu, dövri ədəbiyyatın göstəricisi – bizim yüzilliyin əvvəllərindən dərc olunmuş, müxtəlif mövzuları əhatə edən jurnal məqalələri ola bilər.

“Almanax ekspress-informasiyalar”, “Ümumdünya almanaxı”, ensiklopediya və onlarla başqa məlumat səciyyəli nəşrlər. Bütün bunlar sizin emalatxananızın alətləridir.

Onlardan istifadə edin.

Ehtiyat biliklərin sirri

Lyuter Berbank bir dəfə demişdi: “İstisnasız keyfiyyətlərə malik olan bir və ya iki bitkini seçmək üçün elə olub ki, onları milyon dəfə əkmişəm, sonra isə pislərinin hamısını məhv etmişəm”. İctimaiyyət qarşısında çıxışı təqribən elə bu cür hazırlamaq lazımdır: eyni cür israfçılıq və eyni cür sərt seçimlə. Yüz fikir seçin və onlardan doxsanını kənara atın.

İstifadə edə biləcəyinizdən çox material, çox informasiya toplayın. Bütün bunları yiyələnəcəyiniz əlavə özünəinam hissinin, əlin möhkəmliyi xətrinə əldə edin. Bunu sizin şüurunuza, sizin əhvalınıza, sizin danışmaq maneranıza göstəriləcək təsirin xətrinə əldə edin. Bu, hazırlaşmağın əsas, ən mühüm faktorudur və bununla belə, natiqlər buna ictimaiyyət qarşısında çıxışlarında olduğu kimi, fərdi söhbətlərdə də daim saymazyana yanaşırlar.

“Mən yüzlərlə kişi və qadın – malların satışı üzrə agentlər hazırlamışam, – deyə Artur Dann bildirir, – və onların əksəriyyətində aşkar etdiyim əsas çatışmazlıq – bu öz malları haqqında mümkün olan hər şeyi bilmək, özü də həmin malları satmağa başlamazdan əvvəl bilmək zərurətini başa düşməməkdir.

Satış üzrə agentlərin çoxu mənim kontoruma gəlir və malın təsvirini və alıcıya nə demək lazım olduğu ilə bağlı göstəriş alan kimi dərhal işdən yapışmağa hazır olur. Belə agentlərdən bir çoxu heç bir həftə də işləmirdi, onların sayca əhəmiyyətli hissəsi isə heç qırx səkkiz saat da duruş gətirmirdi.

Ərzaq məhsullarının satışı üzrə mütəxəssisləri öyrədərkən və hazırlaşdırarkən mən onları bu və ya başqa ərzaq növü üzrə mütəxəssis etməyə çalışırdım. Mən onları məcbur edirdim ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin ayrı-ayrı ərzaq məhsullarına verdiyi spesifikasiyaları öyrənsinlər – burada məhsulların tərkibində mayenin, zülalların, karbohidratların, yağların və əhəngli maddələrin miqdarı göstərilir. Mən onları məcbur edirdim ki, satacaqları məhsulların tərkibinə hansı elementlərin daxil olduğunu öyrənsinlər.

Mən onları məcbur edirdim ki, bütün bunları bir neçə gün əzbərləsinlər və sonra imtahan versinlər. Mən onları öz mallarını satış üzrə başqa agentlərə “satmağa” məcbur edir və alıcı ilə ən yaxşı söhbətə görə mükafat verirdim.

Mən tez-tez belə adamlarla üzləşirdim ki, onlar bu, malların öyrənilməsinin hazırlıq mərhələsində səbirsizlik göstərirlər. Onlar deyirdilər:

– Mənim heç vaxt bütün bunlar haqqında baqqal dükanının pərakəndə alıcısına danışmağa vaxtım olmayacaq. Alıcı həddən artıq məşğuldur. Əgər mən zülallar və karbohidratlar haqqında danışmağa başlasam, alıcı qulaq asmayacaq, hətta qulaq asmış olsa da, nə haqda danışdığımı başa düşməyəcəkdir.

Mən buna cavab verirdim:

– Siz bütün bu bilikləri alıcınız üçün yox, özünüz üçün əldə edirsiniz. Öz mallarınızı dəqiq və ətraflı tanıyacağınız halda sizdə təsvir olunması qeyrimümkün olan hiss meydana çıxacaqdır. Siz elə güclü pozitiv yüklənəcəksiniz, özünüzə əminliyiniz o qədər artacaq ki, qarşısıalınmaz və məğlubedilməz olacaqsınız”.

“Standart oyl” kompaniyasının məşhur tarixçisi xanım İda Tarbell bu kitabın müəllifinə danışmışdı ki, çox illər bundan əvvəl o, Parisdə olanda “Makklürs meqezin” jurnalının əsasını qoyan S.S.Makklür telefonla ona transatlantik kabel haqqında kiçik həcmli məqalə yazmağı sifariş etdi.

O, Londona yollandı, əsas kabelin çəkilişi üzrə Avropanın səlahiyyətli nümayəndəsi ilə söhbət etdi və tapşırığın yerinə yetirilməsi üçün kifayət qədər material topladı. Lakin o, bununla qane olmadı. Ona hələ ehtiyat məlumatlar da lazım idi. Buna görə o,

Britaniya muzeyində sərgidə nümayiş etdirilən kabellərin bütün növlərini öyrəndi, kabellərin tarixi ilə bağlı kitab oxudu və hətta Londonun həndəvərində yerləşən sənaye müəssisələrini gəzdi və kabel istehsalı prosesiylə tanış oldu.

O istifadə edə biləcəyindən on dəfə çox informasiyanı nə üçün toplamışdı? Xanım İda Tarbell hesab edirdi ki, bu, ona əlavə qüvvə verəcək; o başa düşürdü ki, ona bəlli olan, lakin məqalədə qələmə alınmayan məlumatlar onun yazacağı həmin o kiçik məqaləyə inandırıcılıq və rəngarənglik gətirəcəkdir.

Psixoloq Edvin Ceyms Kettell, cəm halda götürülərsə, otuz milyon adam qarşısında çıxış edib; bununla belə, o, bir dəfə mənə etiraf etdi ki, əgər hər dəfə evə qayıdanda özünü maraqlı şeyləri yaddan çıxardığına görə söyübdanlamasaydı, ondan sonrakı çıxışları heç nəyə dəyməzdi.

Niyə? Ona görə ki böyük təcrübənin əsasında o başa düşmüşdür ki, yaxşı məruzə – bu, həmin məruzədir ki, onun arxasında natiqin istifadə etməyə çatdırdığından xeyli çox ehtiyat material durur.
Xülasə
  1. Əgər natiqin beynində və ürəyində ideya, bunu demək üçün daxili tələbat, həqiqətən də, varsa, onda o uğur qazanacağına, demək olar, tamamilə əmin ola bilər. Yaxşı hazırlanmış nitq – bu, onda doqquz qədər söylənmiş nitqdir.
  2. Çıxışa hazırlaşmaq nə deməkdir? Bir neçə cümləni mexaniki surətdə kağıza köçürmək? Həmin cümlələri əzbərləmək? Qətiyyən yox. Əsl hazırlıq özün üçün nə isə qənaət çıxarmaqdan, öz fikirlərini seçib və yerbəyer etməkdən, öz baxışlarını işləyib və formalaşdırmaqdan ibarətdir.
  3. Məsələn, Nyu-Yorkdan olan cənab Cekson “Forbs meqezin” jurnalından oxuduğu başqalarının fikirlərini, sadəcə olaraq, səsləndirməyə cəhd edəndə süquta uğradı. Lakin onun çıxışı həmin məqaləni öz nitqinin yalnız başlanğıc məntəqəsi kimi istifadə edəndə, öz fikirlərini səsləndirəndə, şəxsi müşahidələrinə əsaslanan nümunələri göstərəndə uğurlu oldu.
  4. Əyləşib və otuz dəqiqə ərzində nitq hazırlamağa heç cəhd də etməyin. Nitqi piroq kimi sifarişlə “bişirmək” olmaz. Nitq gərək yetişsin. Mövzunu həftənin əvvəlində seçin, onu boş vaxtınızda düşünüb-daşının, onu bəsləyib böyüdün, onu nə gündüz, nə də gecə yaddan çıxarın. Onu dostlarınızla müzakirə eləyin. Onu söhbətlərinizin mövzusu edin. Bu mövzu ilə əlaqədar özünüzə mümkün olan hər cür sual verin.
  5. Ağlınıza gələn fikirlərin və nümunələrin hamısını kağız parçalarına qeyd edin və axtarışlarınızı davam etdirin. İdeyalar, mülahizələr sizə ən müxtəlif vaxtlarda gələcək: vanna qəbul edəndə, şəhərin mərkəzinə yollananda da, sizə sifariş etdiyiniz naharı gətirəcəklərini gözləyəndə də Linkolnun metodu belə idi. Uğur qazanan natiqlərin, demək olar, hamısı bu metoddan istifadə edibdir.
  6. Sualı müstəqil surətdə düşünüb-daşınandan sonra kitabxanaya gedin və bu mövzu ilə bağlı ədəbiyyatı oxuyun – əgər vaxt imkan verirsə. Kitabxanaçıya sizə nə lazım olduğunu danışın. Onun sizə böyük köməyi dəyə bilər.
  7. İstifadə etmək niyyətində olduğunuzdan çox material toplayın. Lyuter Berbankı təqlid edin. O, çox vaxt istisnasız keyfiyyətlərə malik olan bir və ya iki nümunəni seçib ayırmaq üçün milyonlarla bitki əkirdi. Yüz fikir seçib ayırın və onlardan doxsanını kənara atın.
  8. Bilik ehtiyatı yaradın, yəni istifadə edə biləcəyinizdən əhəmiyyətli qədər çox material toplayın, onda ən tam informasiya əldə etmiş olarsınız. Çıxışa hazırlaşanda Artur Dannın ərzaq məhsullarının satışı üzrə agentləri öyrətdiyi metoddan, eləcə də İda Tarbellin transatlantik kabel haqqında məqalə hazırlayarkən tətbiq etdiyi metoddan istifadə edin.
Məşhur natiqlər çıxışlarına necə hazırlaşırdılar

Bir dəfə mən Nyu-Yorkdakı “Rotari” klubunda səhər yeməyində iştirak edirdim.

Əsas natiq görkəmli dövlət xadimi idi. Tutduğu yüksək post onun nüfuzunu artırırdı və biz onun edəcəyi nitqindən alacağımız ləzzəti əvvəlcədən dadırdıq. O, öz idarəsinin fəaliyyəti haqqında danışacağını vəd etmişdi, bu isə nyu-yorklu biznesmenlərin hər birini maraqlandıra bilərdi.

Natiq öz sahəsini çox gözəl bilirdi, danışmalı olacağından əhəmiyyətli qədər çox məlumatlı idi. Lakin o, nitqini hazırlamamışdı, bunun üçün özünə lazım olacaq materialı seçib ayırmamışdı, yerbəyer etməmişdi, sistemləşdirməmişdi. Bununla belə, o, təcrübəli adamlara xas olan cəsarətlə, heç nəyə baxmadan natiqlik dəryasına baş vurdu. O, hara getdiyini bilmirdi, lakin buna rəğmən yıxıb dağıda-dağıda gedirdi.

Qısası, onun beynində vineqret idi və onun bizi qonaq etdiyi də eyni cür təsir bağışlayırdı. O, dondurmadan başladı, sonra duru yeməyi verdi, ardınca balıq və ləpə, sonda isə – nə isə duru yemək, dondurma və hisə tutulmuş siyənək balığından ibarət olan bir həftəbecər. Mən indiyə qədər hələ heç vaxt və heç yerdə özünü bu qədər itirmiş natiqə rast gəlməmişdim.

Əvvəl o, improvizə etməyə çalışdı, sonra əlacı kəsilərək cibindən bir dəst kağız çıxartdı və etiraf elədi ki, katibəsi bunu onun üçün tərtib edib. Məsələ, çox güman, elə bu cür də idi. Lakin bu qeydlərdə nizam dəmir-dümür qırıntılarının töküldüyü platformada olan nizamdan çox deyildi. O, əsəbi şəkildə kağızları vərəqləyir, onlardan baş açmağa və cəngəllikdən çıxmağa çalışaraq gah bir, gah da başqa səhifəni gözdən keçirirdi; birdən elə danışmağa cəhd edirdi ki, sanki bu, ona müyəssər oldu, lakin yenə də heç nə alınmırdı.

O üzr istədi, su xahiş elədi, əsən əli ilə stəkanı götürdü, bir neçə rabitəsiz cümlə səsləndirdi, dediklərini təkrarlamağa başladı, yenə də qeydlərdə eşələnməyə girişdi… O, dəqiqəbədəqiqə daha acizləşir, getdikcə özünü daha çox itirirdi. Onun alnını tər örtmüşdü və o, tərini siləndə əli əsirdi. Biz hamımız onun süqutunu müşahidə edə-edə oturub, onun yerinə əzab çəkir, onun halına acıyırdıq. Biz həm də bərk çaşqınlıq hissi keçirirdik. Lakin natiq danışmaqda inadkarcasına davam edirdi. O, vəziyyətdən çıxmağa çalışırdı, qeydlərdə eşələnirdi, üzr diləyirdi, su içirdi.

Dinləyicilər başa düşürdülər ki, bu tamaşa sürətlə tam faciəyə yaxınlaşır və o, nəhayət ki, əyləşib nəticəsiz cəhdlərini dayandıranda hamı yüngüllük hiss etdi. Özünü bu qədər pərt hiss edən dinləyiciləri, belə bir xəcalət və alçalma yaşamış natiqi mən indiyə qədər hələ görməmişdim. O, öz nitqini elə söylədi ki, bu cür, Russonun sözlərinə görə, sevgi məktubları yazılmalıdır: o, nə deməli olduğunu bilməyə-bilməyə başladı və nə yazdığını başa düşmədən məktubu bitirdi.

Bu hekayənin əxlaqi dərsi, Herbert Spenserin sözləri ilə desək, budur:

“Əgər insanın bilikləri nizamla yerbəyer olunmayıbsa, onda o, nə qədər çox bilirsə, onun fikirlərində bir o qədər dolaşıqlıq var”.

Sağlam düşüncəli heç bir adam layihə olmadan ev tikməyə başlamaz. Bəs o heç olmasa təqribi planı və ya tezisləri olmadan çıxışa necə başlaya bilər axı?

İctimaiyyət qarşısında çıxış – bu, qarşıya qoyulan məqsədlə səyahətdir və marşrut xəritədə qeyd olunmalıdır. Kim ki hara getdiyini bilmir, o, adətən, naməlum yerə gəlib çıxır.

Mən istəyərdim ki, Yer kürəsinin, natiqlik sənətini öyrənən adamların toplaşdığı otaqların qapılarının hamısının üstündə alovlu, azı bir fut ölçülü hərflərlə Napoleonun bu sözləri yazılsın:

“Müharibə sənəti – bu, ölçülüb-biçilmiş və düşünülüb-daşınmış olandan başqa heç nəyin alınmadığı bir elmdir”.

Bunun ictimaiyyət qarşısında çıxışlara aidiyyəti hərbi əməliyyatlarla müqayisədə heç də az deyil. Lakin natiqlər bunu başa düşürlərmi, başa düşürlərsə də, onlar həmişə bu cür hərəkət edirlərmi? Bir çox çıxışlarda system və nizam, bir boşqab irland raqusunda olandan çox deyildir.

Müəyyən fikirlər kompleksini ən effektiv surətdə necə nizama salmalı?

Onlarla tanış olmadan bunu heç kim deyə bilməz. Bu problem həmişə təzə olur; bu, əbədi, hər bir natiqin özü qarşısına qoymalı olduğu və hər dəfə yenə və yenə ona cavab verilməli olan sualdır. Bununla bağlı nöqsansız hansısa qaydalar təklif etmək qeyri-mümkündür, lakin burada konkret nümunə əsasında biz, hər halda, göstərə bilərik ki, nizama salmaq deyəndə nəyi başa düşürük.

Mükafat alan nitq necə qurulmuşdu

Aşağıda Daşınmaz Əmlak Birjası Milli Assosiasiyasının toplantısında neçə illər bundan əvvəl söylənmiş bir nitqin mətni verilir. O, müxtəlif şəhərlərdə söylənmiş digər iyirmi yeddi nitqlə yarışda birinci yerə verilən mükafatı almışdı və belə desək, həmin mükafatı bu gün də alardı. Bu nitq yaxşı qurulub, aydın, canlı, maraqlı şəkildə səsləndirilib, faktiki materialla zəngindir. Onda qəlb vardır. O, dinamikdir. O, buna layiqdir ki, onu oxusunlar və öyrənsinlər.

“Cənab sədr, dostlar!

Yüz qırx dörd il əvvəl mənim şəhərimdə – Filadelfiyada bizim qüdrətli ölkəmizin, Birləşmiş Ştatların əsasları qoyulmuşdur və buna görə də tamamilə təbiidir ki, belə bir tarixi keçmişə malik olan şəhərə onu yalnız bizim ölkəmizin ən böyük sənaye mərkəzi deyil, həm də bütün dünyanın ən iri və ən gözəl şəhərlərindən biri etmiş həmin qüdrətli amerikalı ruhu hopmuşdur.

Filadelfiyanın iki milyona yaxın əhalisi var; şəhərin ərazisi Miluoki və Boston, Paris və Berlinin birlikdə yerləşdikləri əraziyə bərabərdir. Biz 130 kvadrat mil ərazimizdən ən yaxşı torpaqların səkkiz min akrını gözəl parkların, bağların və bulvarların yaradılmasına ayırmışıq ki, sakinlərimizin dincəlmək və əylənmək üçün kifayət qədər yeri olsun, onların ixtiyarında hər bir ləyaqətli amerikalının layiq olduğu ətraf mühit olsun.

Dostlar! Filadelfiya – bu təkcə böyük, təmiz və gözəl şəhər deyildir; o, hər yerdə dünyanın qüdrətli emalatxanası kimi ad çıxarıb; onu buna görə belə adlandırırlar ki, bizim 9200 sənaye müəssisəmizdə çalışan, iş gününün hər on dəqiqəsi ərzində yüz min dollar dəyərində faydalı məhsul buraxan 400 min nəfərlik nəhəng ordumuz vardır.

Bir məşhur statistikaçının sözlərinə görə, bizim ölkəmizdə yun, dəri məmulatları, trikotaj, tekstil malları, dəzgah, akkumulyator, polad gəmilər və bir çox başqa adda məhsulların istehsalı üzrə Filadelfiya ilə müqayisə oluna biləcək şəhər yoxdur. Biz hər iki saatda bir parovoz buraxırıq – gündüz və gecə – və bizim qüdrətli ölkəmizin əhalisinin yarısından çoxu Filadelfiya şəhərində istehsal olunmuş tramvaylarda gəzir.

Biz hər dəqiqədə min ədəd siqar buraxırıq; keçən il bizim 115 trikotaj fabrikində ölkəmizin hər bir kişisinə, qadınına və uşağına iki cüt corab məmulatı hazırlanmışdır. Biz İngiltərə və İrlandiyanın birlikdə istehsal etdiklərindən çox xalça buraxırıq, bizim kommersiya və sənaye fəaliyyətimizin ümumi miqyası isə elə böyükdür ki, banklarımızın ötənilki, otuz yeddi milyard dollar təşkil edən qarşılıqlı hesablaşmalarının məbləği ölkədə olan “Azadlıq zayomları” istiqrazlarının hamısını geri almağa kifayət edərdi.

Lakin, dostlar, biz öz sənayemizin heyranedici nailiyyətləri, şəhərimizin ölkəmizdə tibb, incəsənət və təhsilin iri mərkəzlərindən biri olması ilə fəxr etsək də, qürur hissini daha çox onda keçiririk ki, Filadelfiyada dünyanın başqa istənilən şəhərində olduğundan çox şəxsi ev vardır. Filadelfiyada 397 000 ev var və əgər həmin evləri iyirmi beş futluq sahədə bir sıraya düzsək, onda bu sıra Filadelfiyadan başlayıb, Kanzas-Sitidə indi biz olduğumuz qurultaylar zalından keçərək Denverə qədər, yəni 1881 mil məsafəyə uzanardı.

Lakin sizin xüsusi diqqətinizi bu mühüm fakta cəlb etmək istəyirəm ki, on minlərlə bu cür ev şəhərimizin zəhmətkeşlərinə məxsusdur və həmin evlərdə yaşayanlar da onlardır, özünün yaşadığı torpaq və başının üstündəki dam insane məxsus olanda isə heç bir xarici xəstəlik həmin adama yoluxa bilməz.

Filadelfiya Avropa anarxizmi üçün münbit zəmin deyildir, çünki bizim evlərimiz, təhsil müəssisələrimiz və bizim çox böyük sənayemiz bizim şəhərimizdə doğulmuş və bizim əcdadlarımızın mirası kimi xidmət göstərən əsl amerikalı ruhu ilə yaradılmışdır. Filadelfiya – bu, bizim qüdrətli ölkəmizin anasıdır, bu, Amerika azadlığının əsl mənbəyidir.

Bu, birinci Amerika bayrağının hazırlandığı şəhərdir; bu, Birləşmiş Ştatların birinci konqresinin iclas keçirdiyi şəhərdir; bu, Müstəqillik Deklarasiyasının imzalandığı şəhərdir; bu, Azadlıq Zənginin, Amerikanın ən hörmət olunan əmanətinin, bizim on minlərlə kişi, qadın və uşağımızı ilhamlandırdığı şəhərdir.

Buna görə də hesab edirik ki, biz qızıl buzova səcdə qılmaqdan yox, amerikalı ruhunun bərqərar edilməsindən və yanan azadlıq məşəlini qoruyub saxlamaqdan ibarət olan missiyanı yerinə yetiririk ki, Vaşinqtonun, Linkolnun və Teodor Ruzveltin hökuməti Yaradanın izni ilə bütün bəşəriyyət naminə ilhamlanmış olsun”.

Gəlin bu nitqi təhlil edək. Gəlin onun necə qurulduğuna, onun nəyin sayəsində belə güclü təəssürat yaratdığına baxaq. Hər şeydən qabaq, onun başlanğıcı və sonluğu vardır. Bu dəyərli cəhət sizin, ola bilsin ki, düşünmək istəyəcəyinizlə müqayisədə nadir hallarda rast gəlinir. Nitq başlayır və dönməz olaraq, uçan vəhşi qaz dəstəsi kimi irəli hərəkət edir. Onda artıq olan söz yoxdur, natiq vaxtını hədər yerə itirmir.

Onda təravətlik, individuallıq vardır. Natiq bununla başlayır ki, başqa natiqlərin öz şəhərləri barədə, ola bilsin, deyə bilməyəcəklərindən danışır; göstərir ki, onun şəhəri bütün ölkənin beşiyidir.

O deyir ki, bu, dünyanın ən iri və ən gözəl şəhərlərindən biridir.

Lakin belə bir bəyanat ümumi bir cümlə, banallıq ola bilərdi. Bu cümlə zözlüyündə xüsusi təəssürat yaratmaya bilərdi. Natiq bunu başa düşürdü və buna görə də öz dinləyicilərinə onun “Miluoki və Boston, Paris və Berlinin birlikdə yerləşdikləri əraziyə” bərabər olan sahə tutduğunu deməklə Filadelfiyanın ölçülərini təsəvvür etməyə imkan verdi.

Bu, nə isə müəyyən, konkret bir haşiyədir. Bu, maraqlıdır. Bu heyran edir. Bu yadda qalır. Bu, söylənilən fikri şüura bütöv bir səhifə statistik göstəricidən yaxşı çatdırır.

Sonra natiq bəyan edir ki, Filadelfiya “hər yerdə dünyanın emalatxanası kimi ad çıxarıb”. Bu şişirtmək kimi səslənir, elə deyilmi? Təbliğata oxşayır. Əgər o, bundan dərhal sonra növbəti müddəaya keçmiş olsaydı, heç kimi buna inandıra bilməzdi. Lakin o, belə hərəkət etmədi.

O, Filadelfiyanın istehsalına görə dünyada birinci yeri tutduğu malları sadalamaq üçün dayandı. Bu, yun, dəri məmulatları, trikotaj, tekstil malları, fetr şlyapalar, dəmir məmulatları, dəzgahlar, akkumulyatorlar, polad gəmilərdir.

Bu, təbliğata o qədər də oxşamır, doğru deyilmi?

Filadelfiya “hər iki saatda – gündüz və gecə – bir parovoz buraxır və bizim qüdrətli ölkəmizin əhalisinin yarısı Filadelfiya şəhərində istehsal edilmiş tramvaylarda gəzir”.

“Mən isə bunu heç bilmirdim, – deyə dinləyici fikirləşəcək. – Bəlkə elə mən özüm də bu gün bu tramvaylardan birində getmişəm. Sabah gərək baxım və öyrənim ki, mənim şəhərim tramvayları haradan alır”.

“Dəqiqədə min ədəd siqar, – deyə natiq davam edir, – … ölkəmizin hər bir kişisi, qadını və uşağı üçün iki cüt corab məmulatı…”.

Bu daha böyük təəssürat yaradır. “Bəlkə mənim sevdiyim siqaretlər də Filadelfiyada hazırlanır… geyindiyim corablar da?..”

Bəs natiq indi nə edir? Bir qədər əvvəl toxunduğu məsələyə, Filadelfiyanın ölçüləri ilə bağlı suala qayıdır və yaddan çıxardığı faktları göstərir?

Heç də yox. O, bir mövzu haqqında onu tam yekunlaşdırana qədər danışır və natiqə həmin məsələyə bir daha qayıtmaq gərək deyildir. Buna görə biz sizə minnətdarıq, cənab natiq. Əks-təqdirdə, əgər məruzəçi bir sualdan başqasına sıçrayır və sonra yenə geri qayıdırsa, əgər natiq yarasa kimi ala-toranlıqda orabura vurnuxursa, onda dinləyici başını itirir, onun beynində tam qarmaqarışıqlıq yaranır.

Lakin natiqlərin bir çoxu məhz elə bu qaydada da danışır. Məsələləri 1, 2, 3, 4, 5 nizamında işıqlandırmaq əvəzinə, onlar futbol komandasının 27, 34, 19, 2 nömrələrini qışqıran kapitanı kimi hərəkət edirlər. Yox, bundan da pis. Onlarda düzülüş bax belə olur: 27, 34, 27, 19, 2, 34, 19.

Bizim natiq ona ayrılmış vaxta sığışaraq düz yolla gedir, haqqında danışdığı parovozlardan biri kimi ləngimir, geri qayıtmır, nə sağa, nə də sola sapır.

Lakin budur, o, öz nitqinin ən zəif yerinə yetişir: “Filadelfiya, – deyə o bildirir, – bizim ölkəmizdə ən iri tibb, incəsənət və təhsil mərkəzlərindən biridir”. O, bunu yalnız deklarasiya edir və dərhal da tələsik qaydada nə isə başqa məsələyə keçir. Bu faktı canlandırmağa, onu rəngarəng etməyə, yaddaşda möhkəmləndirməyə vur-tut on iki söz ayrılıb. Cəmi on iki sözün hamısı altmış beş hərfdən ibarət olan bircə cümlədə it-bat olub. Bu yaramır, sözsüz ki, yaramır.

İnsan beyni polad tələ kimi işləmir. Natiq bu məsələyə o qədər az vaxt həsr edib, o qədər ümumi, qeyri-müəyyən danışıb ki, bununla özünün də bunda az maraqlı olduğunu büruzə verib və dinləyicidə yaradılan təəssürat, demək olar, sıfıra bərabərdir. Bəs gərək o nə edəydi?

O lap indicə Filadelfiyanın dünyanın emalatxanası olduğunu göstərərək istifadə etdiyi elə həmin metodu tətbiq etməklə bu mövzunu inkişaf etdirməli olduğunu başa düşürdü. O, bunu bilirdi. Lakin o, bunu da bilirdi ki, xronometr işə salınıb, onun sərəncamında beş dəqiqə var və vaxt bir saniyə də çox deyildir. Buna görə də onun ya bu məsələni, ya da başqa birini yayğın göstərməkdən başqa çarəsi yox idi.

Filadelfiyada “dünyanın istənilən başqa şəhərindən çox şəxsi yaşayış evi vardır”. Natiq bu bəyanatının təəssürat yaratmasına, inandırıcı olmasına necə nail oldu? Birincisi, o, ədəd göstərdi: 397 000.

İkincisi, o, bu ədədə əyanilik verdi: “Əgər həmin evləri iyirmi beş futluq sahədə bir sıraya düzsək, onda bu sıra Filadelfiyadan başlayıb, Kanzas-Sitidə indi biz olduğumuz qurultaylar zalından keçərək Denverə qədər, yəni 1881 mil məsafəyə uzanardı”.

Dinləyicilər onun dediyi ədədi, çox güman, o hələ cümləni bitirməyə macal tapmamış unutmuşdular. Lakin onlar canlandırılan mənzərəni də unutdular? Bu, demək olar ki, qeyri-mümkündür.

Soyuq, maddi faktlarla bağlı toxunacağımız bax bunlardır. Lakin gözəl nitq bunların üzərində çiçəklənmir. Bu natiq ruh yüksəkliyi yaratmaq, qəlblərə toxunmaq, hissləri alovlandırmağa can atırdı. Və budur, yekunda o, emosiyaları meydana çıxaran məsələlərə keçir. O, bu evlərə malik olmağın şəhərin sakinləri üçün nə demək olduğu barədə danışır.

O, Filadelfiyanı “azadlığın əsl mənbəyi” kimi vəsf edir. Azadlıq! Sehrli hisslərlə dolu sözdür, milyonlarla adamın uğrunda həyatını qurban verdiyi sözdür. Bu cümlə öz-özlüyündə yaxşıdır, lakin natiq onu dinləyicilərin qəlbləri üçün qiymətli, müqəddəs olan konkret tarixi hadisələrə və sənədlərə istinad etməklə möhkəmləndirəndə o, min dəfə yaxşı olur…

“Bu, birinci Amerika bayrağının hazırlandığı şəhərdir; bu, Birləşmiş Ştatların birinci konqresinin iclas keçirdiyi şəhərdir; bu, Müstəqillik Deklarasiyasının imzalandığı şəhərdir… Azadlıq Zənginin… ilhamlandırdığı…

biz… amerikalı ruhunun bərqərar edilməsindən və yanan azadlıq məşəlini qoruyub saxlamaqdan ibarət olan missiyanı yerinə yetiririk ki, Vaşinqtonun, Linkolnun və Teodor Ruzveltin hökuməti Yaradanın izni ilə bütün bəşəriyyət naminə ilhamlanmış olsun”. Bu, nitqin əsl kulminasiyasıdır.

Dediklərimiz nitqin quruluşu ilə bağlıdır. Lakin kompozisiya nöqteyinəzərindən nitq nə qədər yaxşı olsa da, o, yenə də uğursuz ola, asanlıqla heç bir təəssürat yaratmaya bilərdi; əgər o, biganəliklə, ilhamsız, süstcəsinə səsləndirilmiş olsaydı. Ancaq natiq onu necə qurmuşdusa, o cür də səsləndirdi – hisslərlə dolu, dərin səmimilikdən doğan ruh yüksəkliyi ilə. Bu nitqin birinci mükafatı aldığına və onun Çikaqo Kuboku ilə təltif olunduğuna heyrətlənmək lazım gəlmir.

Doktor Konuell öz nitqlərini necə qururdu

Artıq dediyim kimi, nitqin ən yaxşı quruluşu məsələsini həll edə biləcək səhvsiz qaydalar mövcud deyildir. Nitqlərin hamısı və ya onların əksəriyyəti üçün yararlı olan çertyojlar, sxemlər, yaxud reseptlər yoxdur. Amma biz bəzi hallarda tətbiq edilə biləcək bir neçə çıxış planı göstəririk. Mərhum doktor, məşhur “Akrlarla almaz” kitabının müəllifi Rassel H.Konuell bir dəfə mənə dedi ki, o, ictimaiyyət qarşısında etdiyi saysız-hesabsız çıxışlarının çoxunu aşağıdakı prinsip üzrə qurur:

  1. Faktların göstərilməsi.
  2. Bunlardan irəli gələn mülahizələrin deyilməsi.
  3. Hərəkətə çağırış.

Çoxları belə bir planın da kifayət qədər məqsədəmüvafiq və ilhamverici olduğunu hesab edir:

  1. Nə isə pis bir şeyi nümayiş etdirmək.
  2. Həmin pisi necə düzəltmək gərək olduğunu göstərmək.
  3. Əməkdaşlıq barədə xahiş etmək.
Və ya başqa cür də göstərmək olar:
  1. Bax bu, düzəldilməsi gərək olan vəziyyətdir.
  2. Bunu etmək üçün biz gərək filan və behman işləri görək.
  3. Siz filan səbəblərə görə kömək etməlisiniz.
Nitqin başqa bir planını da təklif etmək olar:
  1. Maraq və diqqətə nail olmaq.
  2. Etibar qazanmaq.
  3. Öz faktlarınızı göstərmək, təklifinizin üstünlüklərini dinləyicilərə izah etmək.
  4. İnsanları hərəkətə gəlməyə sövq edən inandırıcı motivlər göstərmək.
Məşhur adamlar öz nitqlərini necə qururdular

Keçmiş senator Albert C.Beveric “İctimaiyyət qarşısında danışmaq məharəti” başlıqlı çox faydalı, elə də böyük olmayan kitab yazmışdır.

“Natiq mövzuya yaxşı bələd olmalıdır, – deyə yüksək xidmətləri olan siyasi xadim yazır. – Bu o deməkdir ki, faktlar toplanmalı, sistemləşdirilməli, öyrənilməli, düşüncə süzgəcindən keçirilməli, özü də bütün bunlar mövzu ilə əlaqədar təzahürlərin hamısını yalnız bir tərəfdən yox, həm də əks tərəfdən, eləcə də hər bir tərəfdən işıqlandırmalıdır. Əmin olmaq lazımdır ki, bunlar ehtimallar və ya axıradək açıqlanmayan bəyanatlar yox, həqiqətən də, faktlardır. Heç nəyi inamsızlıqla qəbul etməyin.

Buna görə də məlumatların hamısını yoxlamaq və dəqiqləşdirmək lazımdır. Bu, sözsüz ki, ciddi tədqiqat işinin zəruri olduğu deməkdir, ancaq nə olsun? Məgər siz öz həmvətənlərinizə informasiya vermək, onlara nəyisə başa salmaq, məsləhət vermək istəmirsiniz? Məgər siz nüfuz sahibi olmaq istəmirsiniz?

Bu və ya digər məsələ ilə bağlı faktları toplayıb və onları fikir süzgəcindən keçirib dərk edəndən sonra onların nə kimi qənaətə gətirdikləri məsələsini özünüz üçün qət edin. Onda sizin nitqiniz orijinallıq və təsir qüvvəsi əldə etmiş olacaqdır, – nitqiniz enerjili və qarşısıalınmaz surətdə inandırıcı olacaqdır. Nitqdə sizin şəxsiyyətiniz öz əksini tapmış olacaqdır. Ardınca öz fikirlərinizi bacardıqca aydın və məntiqli surətdə yazılı ifadə edin”.

Başqa sözlə, təzahürü hərtərəfli əks etdirən faktları seçin, sonra isə həmin faktları aydın və birmənalı edəcək qənaətlər tapın.

Vudro Vilsondan onun metodları barədə danışmağı xahiş edəndə o cavab verdi:

– Mən işıqlandıracağım məsələlərin siyahısından başlayıram, fikir süzgəcindən keçirirəm, onları təbii qarşılıqlı əlaqədə nəzərdən keçirirəm – beləliklə də, çıxışın sümüyü alınır. Sonra mən bunun stenoqrafik yazısını hazırlayıram. Stenoqrafik yazıları hazırlamağa mən vərdiş etmişəm, çünki bu, vaxta çox qənaət edir. Ardınca özüm mətni yazı makinasında yazıram, cümlələri dəyişdirirəm, ifadələri düzəldirəm və işin gedişində yeni material əlavə edirəm.

Teodor Ruzvelt çıxışlarını özünəməxsus manerada hazırlayırdı: o, faktların hamısını seçir, onları öyrənir, qiymətləndirir, onların əhəmiyyət dərəcəsini müəyyən edir və qənaətə gəlirdi. O, bunu məğlubedilməz inam hissi ilə edirdi.

Sonra o, qarşısında qeydlər olan bloknotla diktə etməyə başlayır və çox sürətlə diktə edir ki, onda təbiilik olsun, çıxış inadkar və canlı alınsın. Ardınca çap olunmuş mətni oxuyur, düzəlişlər, əlavələr edir, nəyisə çıxarır, karandaşla çoxsaylı nişanlar qoyur və bir dəfə də diktə edirdi. “Mən inadkar zəhmətsiz, bütün əqli qabiliyyətimi gərmədən, ciddi hazırlaşmadan və qabaqcadan görülən uzun sürən iş olmadan, – deyə o bildirirdi, – heç vaxt heç nəyə nail olmamışam”.

Çox vaxt o, necə diktə etdiyinə qulaq asmaq üçün tənqidçiləri dəvət edir və ya öz nitqlərinin mətnlərini onlara hündürdən oxuyurdu. O, dediklərinin düzgün olub-olmadığını onlarla müzakirə etməkdən imtina edirdi. O vaxt üçün onun qərarı artıq qəbul olunmuş idi və bu, dönməz qərar olurdu. O, nə deməli olduğu ilə bağlı yox, bunu necə demək lazım olduğu ilə bağlı məsləhət istəyirdi. Makinada çap olunmuş səhifələri o, yenə və yenə oxuyur, ixtisar edir, düzəlişlər verir,  yaxşılaşdırırdı.

Onun qəzetlərdə dərc olunmuş nitqləri bu cür idi. O, həmin nitqləri, aydın məsələdir ki, əzbər öyrənmirdi. Çıxış edərkən o improvizə edir və onun şifahi çıxışı dərc edilmiş və redaktə olunmuş mətndən çox vaxt fərqlənirdi. Lakin diktə etmək və düzəlişlər vermək əla hazırlıq işi idi. Bunun sayəsində o, materialı və onun səsləndirilməsinin ardıcıllığını yaxşı mənimsəyirdi. Bu, onun çıxışlarına axarlıq, itilik verir, özünə inam gətirirdi və bütün bunları başqa yolla əldə etmək, çətin ki, mümkün olaydı.

İngilis fiziki Oliver Lodc mənə deyirdi ki, öz məruzələrinin mətnini diktə etməklə o (əvvəl əsas tezisləri diktə edir, sonra onları inkişaf etdirir və nəhayət, bütün bunları dinləyicilərə necə danışırdısa, dəqiqliklə o cür də diktə edirdi) hazırlaşmaq və məşq etməyin əla üsulunu tapmışdır.

Natiqlik sənətini öyrənənlərin bir çoxu öz çıxışlarını maqnitofon lentinə yazmağın və sonra da özünə qulaq asmağın ibrətamiz olduğunu hesab edir. İbrətamizdir? Bəli, ibrətamizdir, lakin qorxuram ki, lent yazısına qulaq asılması hərdən pərişanlıqla nəticələnsin. Bununla belə, bu çox faydalı məşqdir, mən onu məsləhət görürəm.

Deməyə hazırlaşdığınızın qabaqcadan lentə yazılması metodu size fikirləşməyə məcbur edəcəkdir. Bu, sizin fikirlərinizə aydınlıq gətirəcək, onları hafizənizdə möhkəmlədəcək, təfəkkürünüzün qeyri-ardıcıllığını minimum endirəcək, söz ehtiyatınızı artıracaqdır.

Bencamin Franklin öz “Avtobioqrafiya”sında cümlə qurmaq üslubunu necə yaxşılaşdırdığı, sözləri seçməkdə yüngüllüyə necə nail olduğu, öz fikirlərini nizamlamağı necə öyrəndiyi haqqında yazır. Onun öz həyatını qələmə alması – bu, klassik ədəbi əsərdir, lakin klassik ədəbi əsərlərin böyük hissəsinə zidd olaraq o, asan və böyük maraqla oxunur. Onu sadə və aydın ingilis dilinin nümunəsi hesab etmək olar. Natiq və ya yazıçı olmaq istəyən hər bir kəs onu özü üçün fayda və ləzzətlə oxuyar.

“Təqribən elə həmin vaxt “Tamaşaçı”nın ayrıca bir cildi əlimə keçdi. Bu, üçüncü cild idi. İndiyə qədər mən hələ birini də görməmişdim.

Mən onu aldım, əvvəldən axıra qədər dəfələrlə oxumuşam və ona tamamilə heyran qalmışdım. Cümlə quruluşları mənə misli olmayan kimi təsir bağışladı və mən bacardığım qədər onu təqlid edəcəyimi qərara aldım.

Bu məqsədlə mən bəzi oçerkləri götürür və hər bir cümlənin mənasını qısaca qeyd edirdim, sonra onları bir neçə günlük kənara qoyurdum, ardınca isə kitaba baxmadan hər bir cümlənin mənasını orijinalda olduğu kimi tam və təfərrüatlı şəkildə qələmə alırdım ki, bunun üçün yerinə düşdüyünü hesab etdiyim ifadələrə əl atırdım.

Sonra mən öz yazdığım “Tamaşaçı”nı əsli ilə müqayisə etdim, bəzi səhvlərimi tapdım və onları düzəltdim. Lakin aydın oldu ki, məndə ya söz ehtiyatı, ya da onlardan istifadə eləmək bacarığı çatışmır; sonuncunu, zənn edirdim ki, şeir yazmağı davam etdirəcəyim təqdirdə mənimsəyə bilərdim; axı qafiyə üçün eynimənalı, lakin heca ölçüsünə uyğun gələcək müxtəlif uzunluqlu və ya müxtəlif cür səsləndirilən sözləri daim aramaq məni müxtəliflik axtarışlarına məcbur etməli idi, bundan başqa isə, bütün bu müxtəliflik mənim beynimdə möhkəmlənərdi və mən onların üzərində sahib olardım.

Onda mən “Tamaşaçı”da çap olunmuş əhvalatlardan bir neçəsini götürdüm və onları nəzmə çəkdim; nəsrlə yazılmış orijinal mənim yadımdan yaxşıca çıxandan sonra isə onları yenidən nəsrdə yazmağa başladım.

Bəzən mən öz konspekt qeydlərimi nizamsız şəkildə qarışdırır və bir neçə həftədən sonra, tamamlanmış cümlələri tərtib etməzdən və oçerki başa çatdırmazdan qabaq onları ən yaxşı tərzdə düzməyə çalışırdım.

Bu, mənə düşüncəmin nizama salınmasında kömək etməli idi. Öz yazdığımı sonradan orijinalla müqayisə edəndə mən çoxsaylı səhvlər tapır və onları düzəldirdim; lakin hərdən özümə bu fikirlə sığal verirdim ki, bəzi xırda detallarda ifadə tərzini yaxşılaşdırmağa müvəffəq olmuşam və bu fikir məni belə düşünməyə vadar edirdi ki, vaxt keçdikcə bir də gördün, heç də pis, hər vəchlə can atdığım yazıçı oldum”.

Öz qeydlərinizdən pasyanslar düzün

Əvvəlki fəsildə sizə qeydlər aparmaq məsləhət görülürdü. Müxtəlif fikirləri və nümunələri kağız parçalarında qeyd edərək onlardan pasyans düzün – ayrıayrı məsələləri əhatə edən bir neçə dəst alınacaqdır. Bu dəstlər özündə sizing çıxışınızın əsas mövzularını təqribən ehtiva edəcəkdir. Sonra hər bir dəsti bir neçə daha kiçik dəstə bölün.

Kəpəyi o vaxta qədər kənara atın ki, əlinizdə yalnız ən yaxşı dənlər qalmış olsun və hətta dənlərin bir hissəsini də, çox güman, kənara qoymaq və istifadə edilməmiş saxlamaq lazım gələcəkdir. Əməlli-başlı işləyən heç bir adam çıxışında topladığı materialın bir neçə faizindən çoxunu istifadə etməyə qadir deyil.

Toplanan materiala təkrar-təkrar baxmaq və seçib ayırmaq nitq söylənilən vaxta qədər dayandırılmamalıdır; hətta bundan sonra da həyata keçirilməli olan düzəlişlər, yaxşılaşdırmalar və əlavə sığal barədə fikirləşmək lazımdır.

Yaxşı natiq çıxışını qurtarandan sonra, adətən, əmin olur ki, nitqini dörd variantda hazırlaya bilərdi: səsləndirdiyi nitq, qəzetlərdə yerləşdirilən və onun evə qayıdarkən təsəvvür etdiyi, eləcə də söyləmək istədiyi nitq.

Çıxış edərkən qeydlərdən istifadə etmək lazımdırmı?

Linkoln ekspromtla gözəl danışmağı bacarsa da, o, prezident olduqdan sonar əvvəlcədən ciddi surətdə hazırladığı yazılı mətnsiz öz kabinetinin üzvləri qarşısında heç vaxt, hətta qeyri-rəsmi qaydada da çıxış etmirdi. Prezident vəzifəsinə keçəndə o, çıxışları, aydın məsələdir ki, oxumalı idi.

Bu cür xarakterli tarixi dövlət sənədlərində dəqiq ifadələr həddən artıq mühüm əhəmiyyət kəsb edir ki, hansı isə improvizəyə yol vermək mümkün olsun. Lakin İllinoysda Linkoln heç vaxt hətta qeydlərdən də istifadə etməyib. “Onlar dinləyicini həmişə yorur və dilxor edir”, – deyirdi o.

Kim ona etiraz edə bilər? Kağızdan oxumaq məgər sizin çıxışa marağınızı təqribən yarıbayarı azaltmır? Məgər o, natiq və onun dinləyiciləri arasında mövcud olmalı olan bu qədər dəyərli kontaktı, yaxınlığı pozmur, yaxud çətinləşdirmir? Məgər o, qeyri-təbii atmosfer yaratmır? Məgər dinləyicilər natiqin özünə inamlı və bilməli olduğu ehtiyat biliklərə malik olmasına inamlarını itirmirlər?

Təkrar edirəm, qeydləri hazırlığın gedişində edin – təfərrüatlı, geniş. Siz öz nitqinizi məşq edəndə onlara, ola bilsin ki, müraciət etmək istəyərsiniz. Siz auditoriya qarşısına çıxanda bunlar sizin cibinizdə olarsa, ola bilsin ki, siz özünüzü daha yaxşı hiss edəcəksiniz. Bunlar pulmansayaq vaqonda yalnız qatarların toqquşduğu qəza, ölüm və faciə halında istifadə olunan çəkic, mişar və balta kimi qəza alətləri olmalıdır.

İşdir, əgər şparqalka sizə mütləq lazımdırsa, qoy o, mümkün qədər qısa olsun və onu böyük kağızda iri hərflərlə yazın.

Sonra çıxış edəcəyiniz yerə bir qədər erkən gedin və öz qeydlərinizi stolun üstündə hansı isə kitabların altında gizlədin. Onlara zərurət meydana çıxanda nəzər salın, lakin özünüzün dinləyici qarşısındakı zəifliyinizi gizlətməyə çalışın.

Lakin bütün bu deyilənlərə baxmayaraq, qeydlərdən ağılla istifadə etmək azımdır. Məsələn, bəzi adamlar ilk çıxışlarının gedişində o qədər bərk həyəcanlanır və özlərini elə itirirlər ki, hazırladıqları nitqi beyinlərində saxlamaq iqtidarında olmurlar.

Onda nə baş verir? Onlar mövzudan yayınırlar, cidd-cəhdlə məşq etdikləri materialı unudurlar, yəni tapdanmış cığırdan sapırlar və bataqlıqda ilişirlər. Bax belə adamlara birinci çıxışları zamanı əllərində bir neçə çox qısa qeyd tutmaq lazımdır. Körpə yeriməyi öyrənəndə mebellərdən yapışır lakin bunu uzun müddət eləmir.

Mətni sözbəsöz əzbərləməyin

Nitqi kağızdan oxumaq və onu əzbər öyrənməyə çalışmaq lazım deyil. Bu, çox vaxt aparacaq və bəlaya gətirə bilər. Bununla belə, bu cür xəbərdarlığa baxmayaraq, bu sətirləri oxuyanlardan bəziləri bunu etməyə cəhd edəcəklər. Hə, necə olsun, bəs danışmağa başlayanda onlar nə haqda fikirləşəcəklər? Öz çıxışlarının mövzusu haqda? Xeyr, onlar cümlələrin hamısını dəqiqliklə yada salmağa çalışacaqlar.

Onlar insan təfəkkürünün vərdiş olunmuş prosesini astar üzünə çevirərək yazdıqları mətn barədə fikirləşəcəklər. Bütün çıxış dartılmış, soyuq, rəngsiz olacaq, onda insani heç nə olmayacaqdır. Sizdən xahiş edirəm, vaxtınızı və enerjinizi bu cür faydasız məşğuliyyətlərə hədər sərf etməyin.

Axı sizi işgüzar xarakterli vacib söhbət gözləyəndə məgər siz əyləşib deyəcəklərinizi əzbər öyrənməyə girişirsiniz? Əlbəttə, yox. Siz məsələ üzərində o vaxta qədər düşünüb-daşınırsınız ki, əsas fikirlər sizin üçün tamamilə aydın olsun. Siz, ola bilsin ki, bir neçə qeyd edəsiniz və bəzi sənədlərə baxasınız. Siz özünüzə deyəcəksiniz: “Mən filan-filan müddəaları irəli sürəcəyəm. Mən deyəcəyəm ki, filan-filanı behman-behman səbəblərə görə etmək lazımdır…”

Sonra siz özünüzə dəlilləri sadalayar və onları konkret nümunələrlə izah edərsiniz. İşgüzar söhbətə siz məgər belə hazırlaşmırsınız?

Elə həmin sağlam təfəkkürə əsaslanan metodu ictimaiyyət qarşısında ediləcək çıxışın hazırlanması üçün niyə də istifadə etməyəsiniz?

General Qrant Appomattoks qəsəbəsində

Li kapitulyasiyanın şərtlərinin Qrant tərəfindən yazılı surətdə ifadə edilməsini istəyəndə Federasiyanın Hərbi Qüvvələrinin komandanı general Parkerə  müraciət etdi və ona yazı ləvazimatlarının verilməsini xahiş elədi. “Mən lələklə kağıza toxunanda, – deyə Qrant öz “Memuarlar”ında yazır, – hansı sözdən başlayacağımı bilmirdim. Mən yalnız nəzərimdə nə tutduğumu bilirdim və bunu aydın surətdə, heç bir ikibaşlılıq olmadan ifadə etmək istəyirdim”.

General Qrant, sizə hansı sözdən başlamalı olduğunuzu bilmək lazım deyildi. Sizin fikirləriniz var idi. Sizdə elə bir şey var idi ki, siz onu deməyi və aydın deməyi çox istəyirdiniz. Nəticədə sizin adi sözləriniz kağızın üzərinə xüsusi səy göstərmədən axdı. Eyni şey istənilən adama da aiddir. Əgər siz bunda şübhə edirsinizsə, bir kəsi vurub yerə yıxın. O ayağa qalxanda bəlli olacaq ki, öz hisslərini ifadə etmək üçün ona söz axtarmaq lazım deyil.

Yazmağa başlamazdan nizamla fikirləşməyi öyrən,

Filosofların kitabları bu işdə sənə layiqli örnək olar.

Fikrin arxasınca ifadələr isə artıq özbaşına gələcək.

Siz fikirlərinizi artıq cəmləmiş olandan sonra öz nitqinizi əvvəldən axıra qədər məşq edin. Bunu səssiz, beyninizdə, qəhvədanın qaynamasını gözləyəndə, küçə ilə gedəndə, lifti gözləyəndə edin. Boş otağa girin və nitqi hündürdən, jestikulyasiya edə-edə, enerjili surətdə, canlı-canlı səsləndirin.

Kenterberidən olan övliya (keşiş) Noks Littl deyərdi ki, kilsə xadimi moizəni beş dəfə deməyənə qədər moizə pastvaya heç vaxt tam həcmdə çatmaz. Bəs siz məruzənizi bir neçə dəfə məşq etmədən onun dinləyicilərə çatacağına necə ümid edə bilərsiniz? Siz məşq edən vaxt təsəvvür edin ki, qarşınızda auditoriya var.

Bunu özünüzdə bacardıqca canlı şəkildə təsəvvür edin və onda əsl auditoriya qarşısına çıxanda sizə belə gələcək ki, onun qarşısında artıq çıxış etmisiniz.

Fermerlər niyə fikirləşirdilər ki, Linkoln “dəhşətli tənbəldir”

Əgər siz natiqlik sənətini bu tərzdə təcrübə edərsinizsə, onda bir çox məşhur natiqin nümunəsini dəqiqliklə təkrar etmiş olacaqsınız.

Lloyd Corc öz doğma şəhəri Uelsdə diskussiya cəmiyyətinin sədri olanda teztez əkin sahələrində gəzir, jestikulyasiya və nitqləri ilə ağaclara və dirəklərə müraciət edirdi.

Linkoln cavanlıq illərində otuz-qırx mil məsafəni piyada gedirdi ki, Brekenric kimi məşhur natiqi dinləsin. Bundan sonra Linkoln evə o qədər vəcdə gəlmiş, natiq olmaq istəyi möhkəm yer tutmuş halda qayıdırdı ki, sahədə öz ətrafına başqa muzdlu kəndliləri yığır və kötüyün üstə qalxaraq nitq söyləyir, müxtəlif əhvalatlar danışırdı.

Onun xozeyinləri hiddətlənir və deyirdilər ki, bu kənd Siseronu – “dəhşətli tənbəldir”, onun zarafatları və laqqırtıları başqa işçiləri yoldan çıxarır.

Askvit Oksfordda kilsə yanındakı diskussiya klubunun fəal üzvü olandan sonra sərbəst danışmağı öyrənmişdi. Sonralar o, özünün belə bir klubunu yaratdı. Vudro Vilson danışmağı diskussiya cəmiyyətində öyrənirdi. Eyni şeyi Henri Uord Biçer və qüdrətli Berk də etmişdi. Sufrajist xanımlar Antuanette Blekuell və Lyusi Stoun eyni cür hərəkət etmişdilər.

Elihyu Rut natiqlik sənətinə Nyu-Yorkda 23-cü küçəsinin Gənclərinin Xristian Assosiasiyası nəzdindəki ədəbi cəmiyyətdə məşqlərlə başlamışdı.

Məşhur natiqlərin ömür yolları ilə tanış olun və görəcəksiniz ki, onların hamısı eyni bir şeyi edib – MƏŞQ EDİB. Və haqqında söhbət gedən kursların dinləyiciləri arasında ən çox uğur əldə edənlər də hamıdan çox məşq edənlərdir.

Bunun üçün sizin vaxtınız kifayət etmir? Onda hüquqşünas və diplomat Cozer Çot kimi hərəkət edin. O, səhər qəzetini alır və nəqliyyatda gedəndə heç kimin ona mane olmaması üçün üzünü onunla örtürdü. Müxtəlif hadisələr və hər cür şayiələri oxumaq əvəzinə isə o, edəcəyi çıxışlar üzərində düşünüb-daşınır və onları planlaşdırırdı.

Çonsi M.Depyu dəmir yolu kompaniyasının idarə heyətinin sədri və ABŞ senatoru olanda çox məşğul adam idi. Və bütün bunlarla yanaşı, o az qala hər axşam nitqlə çıxış edirdi. “Mən bunun işgüzar fəaliyyətimə mane olmasına yol vermirdim, – deyirdi o. – Nitqlərin hamısı mən axşam işdən evə qayıdanda hazırlanırdı”.

Bizim ixtiyarımızda hər gün bir neçə saat vaxt var ki, həmin vaxt biz istədiyimiz hər şeyi edə bilərik. Darvin isə özünə elə də çox vaxt ayıra bilmirdi, çünki onun səhhəti zəif idi. İyirmi dörd saatdan ağılla istifadə etdiyi üçün o məşhur oldu.

Teodor Ruzvelt Ağ Evdə olanda, tez-tez olurdu ki, onun səhər vaxtının hamısı çoxsaylı beş dəqiqəlik söhbətlərə gedirdi. Lakin o, yanında həmişə kitab saxlayırdı ki, həmin görüşlərin arasında ələ keçən hətta saniyələri də istifadə edə bilsin.

Əgər siz çox məşğulsunuzsa və sizin vaxtınız azdırsa, Arnold Bennetin “Sutkada 24 saatı necə yaşamalı” kitabını oxuyun. Onu yan cibinizə qoyun və asudə dəqiqələrinizdə oxuyun. Mən bu minvalla həmin kitabın öhdəsindən iki günə gəldim. O, sizə vaxta qənaət etməyi, öz günlərinizdən daha yaxşı istifadə etməyi öyrədəcəkdir.

Sizə nəfəsinizi dərmək, daimi işinizi başqa bir məşğuliyyətlə əvəzləmək lazımdır. Natiqlik sənəti üzrə təcrübə toplamaq elə bu olmalıdır. Evdə öz ailənizin üzvləriylə nitqlərin improvizə edilməsi oyununu oynayın.

Xülasə
  1. Napoleon deyirdi ki, “müharibə sənəti – bu, ölçülüb-biçilmiş və düşünülübdaşınılandan başqa heç nəyin alınmadığı bir elmdir”. Bunun ictimaiyyət qarşısında çıxışlara aidiyyəti hərbi əməliyyatlardan heç də az deyildir. Çıxış – bu, marşrutu xəritədə qeyd edilməli olan səyahətdir. Hara getdiyini bilməyən natiq, adətən, naməlum yerə gəlib çıxır.
  2. Fikirlərin təşkilinin və nitqlərin quruluşunun nöqsansız, dəmir qaydaları mövcud deyildir. Hər bir çıxış özünün fərdi, xüsusi problemlərini yaradır.
  3. Natiq toxunduğu məsələni ətraflı işıqlandırmalı və bir daha ona qayıtmamalıdır. İllüstrasiya qismində mükafata layiq görülmüş Filadelfiya haqqında nitqi göstərmək olar. Bir məsələdən digərinə sıçramaq və təzədən onun üzərinə qayıtmaq lazım deyil – bu, ala-toranlıqda ora-bura cuman yarasanı xatırladan mənasız vurnuxmadır.
  4. Mərhum doktor
    Konuell öz çıxışlarının bir çoxunu aşağıdakı plan üzrə qururdu:
  5. a) faktların göstərilməsi;
  6. b) bunlardan irəli gələn mülahizələrin deyilməsi;
  7. c) fəaliyyətə çağırış.
  8. Siz, çox güman ki, aşağıdakı planın çox faydalı olduğunu hesab edərsiniz:
  9. a) pis nəyisə nümayiş etdirmək;
  10. b) həmin pisi necə düzəltmək lazım olduğunu göstərmək;
  11. c) əməkdaşlıq barədə xahiş etmək.
  12. Budur, nitq üçün bir dənə də əla plan:
  13. a) maraq və diqqətə nail olmaq;
  14. b) etibar qazanmaq;
  15. c) faktları söyləmək;
  16. d) insanları hərəkətə gəlməyə sövq edən motivlər göstərmək.
  17. Keçmiş senator Albert C.Beveric məsləhət görürdü ki, mövzunuzu hər iki tərəfdən işıqlandıran faktlar toplanmalı, öyrənilməli, sistemləşdirilməli, yoxlanmalıdır. Onları yoxlayın, bunda əmin olun ki, onlar, həqiqətən də, faktlardır; sonra isə həmin faktların sizi hansı qənaətə sövq etdiyini özünüz üçün düşünüb-daşının.
  1. Linkoln çıxış etməzdən əvvəl öz qənaətlərini riyazi dəqiqliklə düşünübdaşınırdı.
Onun qırx yaşı və o artıq konqresin üzvü olanda Linkoln sofizmləri aşkar etmək və öz qənaətlərini sübuta yetirmək bacarığına yiyələnmək üçün Evklidi öyrənirdi.
  1. Teodor Ruzvelt çıxışlarına hazırlaşanda faktların hamısını toplayır, onları qiymətləndirir, sonra öz nitqini çox sürətlə diktə edir, makina yazısında düzəlişlər edir və ardınca nitqi artıq yekun halda diktə edirdi.
  2. Əgər bacarırsınızsa, öz çıxışınızı lentə yazın və ona qulaq asın.
  3. Natiqin əlindəki qeydlər çıxışa marağı əlli faiz məhv edir. Bundan qaçın. Ən əsası – öz nitqlərinizi oxumayın. Auditoriyanı nitqin oxunmasına dözməyə məcbur etmək çətindir.
  4. Öz nitqinizi düşünüb-daşınandan və yerbəyer edəndən sonra onu küçədə gedərkən özlüyünüzdə məşq edin. Harada isə təklikdə qapanın və nitqi əvvəldən axıradək tam şəkildə səsləndirin, jestlərlə, özünüzə sərbəstlik verərək. Təsəvvür edin ki, siz əsl auditoriyaya müraciət edirsiniz. Siz bunu nə qədər tez-tez etmiş olsanız, ictimaiyyət qarşısında çıxışınızın vaxtı gələndə özünüzü bir o qədər yaxşı hiss edəcəksiniz.
Yaddaşı necə yaxşılaşdırmalı

“Orta insan, – deyə tanınmış psixoloq Karl Sişor bildirir, – öz yaddaşının anadangəlmə imkanlarının ən çoxu on faizindən istifadə edir. Qalan doxsan faiz it-bat olur, çünki o, yadda saxlamağın təbii qanunlarını pozur”.

Siz də belə insanlar sırasına mənsubsunuzmu? Əgər belədirsə, onda siz həm sosial, həm də kommersiya cəhətdən qeyri-məqbul vəziyyətdəsiniz; deməli, bu fəsli oxumaq və təkrar oxumaq sizə maraqlı olacaqdır. Burada yadda saxlamağın təbii qanunları qələmə alınıb, işgüzar və məişət söhbətlərində, eləcə də ictimaiyyət qarşısında edilən çıxışlarda onları necə istifadə etmək lazım olduğu göstərilib.

Bu, “yadda saxlamağın təbii qanunları” çox sadədir. İstənilən, necə deyərlər, “yadda saxlama sistemi” onlara əsaslanır.

Qısa deyilərsə, söhbət təəssüratdan, təkrardan və assosiasiyadan gedir.

Yadda saxlamağın birinci şərti – yadda saxlamaq barəsində haqqında dərin, rəngarəng və möhkəm təəssürat almaq lazımdır. Bunun üçün isə siz diqqətinizi cəmləməlisiniz. Teodor Ruzvelt onu tanıyanların hamısını öz gözəl yaddaşı ilə heyran edirdi. Lakin Ruzveltin qeyri-adi yadda saxlamaq qabiliyyəti bununla izah edilirdi ki, onun təəssüratları poladın üzərində həkk olunmuşdu, suyun səthində yazılmamışdı.

İnadkarlığı və məşqləri sayəsində o hətta ən əlverişsiz şəraitdə belə özünü cəmləməyi bacarırdı. 1912-ci ildə, Proqressiv Partiyasının Çikaqoda qurultayı keçirilən vaxt onun mənzil-qərargahı Konqres hotelində idi. Aşağıda, onun pəncərələrinin altında kütlə yığışmışdı. Adamlar bayraqları yellədir və qışqırırdılar: “Biz Teddini istəyirik!

Biz Teddini istəyirik!” İzdihamın nəriltisi, orkestrlərin musiqisi, siyasi xadimlərin gəlişi və gedişi, təcili iclaslar və məsləhətləşmələr – bütün bunlar adi adamın diqqətini yayındıra bilərdi, lakin Ruzvelt öz otağında kreslo-yelləncəkdə oturur, heç nəyə diqqət yetirmir və yunan tarixçisi Herodotu oxuyurdu. Braziliyanın səhralıq rayonlarında səyahət zamanı dincəlmək yerinə çatar-çatmaz o bir çətirli ağacın altında quru yer tapır,

səyahət stulunu və Hibbonun “Roma imperiyasının zəifləməsi və dağılmasının tarixi” kitabını götürür və dərhal da mütaliəyə o qədər dərin qərq olurdu ki, nə yağışı, nə düşərgədəki səs-küyü, nə də tropik meşənin səslərini vecinə almırdı. Bu adamın oxuduqlarını yadda saxladığına təəccüblənməyə dəyərmi?

Özünü beş dəqiqə ərzində tam, dərin cəmləmək bütöv günlər ərzində əqli dumanda dala-qabağa getməkdən çox nəticə verər. “Bir saat intensiv fəaliyyət, – deyə Henri Uord Biçer yazır, – illər uzunu mürgüləməkdən çox fayda verər”.

“Mən hər şeydən vacib olan bir şeyi mənimsəmişəm, – deyə “Betlehem Stil” kompaniyasının prezidenti, ildə bir milyon dollardan çox məvacib alan Yucin Qreys bildirmişdi, – və bunu hər gün, istənilən şəraitdə tətbiq edirəm – mən hazırda məşğul olduğum işin üzərində cəmlənirəm”.

Bu, qüvvənin, baxdığımız halda yaddaşın qüvvəsinin sirlərindən biridir.

Onlar ağacı niyə görə bilmirdilər

Tomas Edison müəyyən etdi ki, iyirmi yeddi nəfər laborant altı ay ərzində hər gün Menlo-Parkdakı (Nyu-Cersi ştatı) lampa sexindən zavodun əsas binasına doğru aparan yolla gedib. Yolun kənarında albalı ağacı bitmişdi, lakin həmin iyirmi yeddi nəfər arasında keçirilən sorğu göstərdi ki, onlardan heç birinin ağacın mövcud olduğundan xəbəri yoxdur.

“Orta təfəkkürlü adamın beyni, – deyə Edison qızğınlıqla və inamla bildirir, – gözlərin gördüyünün heç mində birini də qəbul etmir. Bizim müşahidə – əsl müşahidə qabiliyyətimizin nə qədər miskin olduğu, demək olar, ağlasığmazdır”.

Orta adamı iki və ya üç dostunuzla tanış edin və belə də alına bilər ki, iki həftədən sonra o, tanış olduğu adamların heç birinin adını xatırlaya bilməyəcəkdir. Bəs niyə? Ona görə ki o, hər şeydən əvvəl, onlara layiqincə diqqət yetirməmişdi, onlara diqqətlə baxmamışdı.

O, çox güman, sizə deyəcək ki, yaddaşı pisdir. Xeyr, onun müşahidə etmək bacarığı pisdir. Axı o, dumanlı havada fotoşəkillərin alınmadığına görə fotoaparatı mühakimə etməyəcək, amma istəyir ki, öz şüuru solğun və dumanlı təəssüratları yadda saxlasın. Bu, əlbəttə,  qeyrimümkündür.

“Nyu-York Uorld” jurnalının təsisçisi Cozef Pulitser öz redaksiyasının əməkdaşlarının hamısının stolu üzərində bu yazı olan lövhə asdırmışdı:

“DİQQƏTLİ OLUN, DİQQƏTLİ OLUN, DİQQƏTLİ OLUN”.

Sizə də məhz elə bu lazımdır. Yeni tanışın familiyasını düzgün eşitmək zəruridir. Buna nail olun. Familiyasını təkrar etməyi ondan xahiş edin.

Onun necə yazıldığını soruşun. O, bu cür diqqətdən xoşhallanacaq, siz isə onun adını yadda saxlamağa müvəffəq olacaqsınız, çünki siz diqqətinizi onun üzərində cəmlədiniz.

Bu minvalla da siz aydın, möhkəm təəssürat aldınız.

Linkoln niyə hündürdən oxuyurdu

Linkolnun uşaqlıqda getdiyi məktəbin döşəməsi ikiyə bölünmüşdü, pəncərə yerinə isə dəftərlərdən qoparılan və üstünə piy çəkilmiş kağız vərəqləri yapışdırılmışdı. Məktəbdə dərs kitabı yalnız bir dənə idi və müəllim kitabı hündürdən oxuyur, şagirdlər isə onun dalınca dərsi xorla təkrar edirdilər. Daim uğultu eşidilirdi və qonşuluqdakı sakinlər bu məktəbi “uğuldayan pətək” adlandırırdılar.

Bu “uğuldayan pətək”də Linkoln sonra bütün ömrü boyu onda vərdişə dönən adət qazandı: o yadda saxlamaq istədiyini həmişə hündürdən oxuyurdu. Hər səhər Sprinqfilddə öz vəkil kontoruna gələndə o, divanda yayxanır, uzun ayağını böyürdəki stulun söykənəcəyindən aşırır və qəzeti hündürdən oxuyurdu. “O, məni dəhşətli dərəcədə bezdirirdi, – deyə onun kompanyonu gileylənirdi. – Bir dəfə mən ondan qəzeti nə üçün məhz belə oxuduğunu soruşdum.

O, mənə izah elədi ki, “mən hündürdən oxuyanda bu vaxt məna iki duyğu orqanı tərəfindən qəbul olunur. Birincisi, mən oxuduğumu görürəm, ikincisi, mən bunu eşidirəm və buna görə də daha yaxşı yadda saxlayıram”.

Onun yaddaşı qeyri-adi dərəcədə möhkəm idi. “Mənim yaddaşım, – deyirdi o, – bir parça polad kimidir. Ona nə isə cızıb həkk eləmək çətindir, amma bir dəfə yazılanı pozmaq, demək olar, qeyri-mümkündür”.

O, lazım olan materialı yaddaşında həkk etmək üçün iki duyğu orqanından istifadə edirdi. Eyni şeyi siz də edə bilərsiniz…

Yadda saxlamaq lazım olanı yalnız görmək və eşitmək deyil, həm də onu əlləşdirmək, iyləmək və dadına baxmaq ideal olardı.

Lakin ən əsası – görməkdir. İnsanın yaddaşında təəssüratları həkk edən orqan əsas etibarilə görmə duyğusudur. Görərək alınan təəssüratlar möhkəm pərçimlənir. Çox vaxt elə olur ki, biz adamı üzdən tanıyırıq, amma onun adını xatırlaya bilmirik.

Gözlərdən beyinə gedən əsəb telləri qulaqdan beyinə aparan əsəb tellərindən iyirmi dəfə artıqdır. Çinlilərdə məsəl var: “Bir dəfə görmək yüz dəfə eşitməkdən yaxşıdır”.

Yadda saxlamaq istədiyiniz telefon nömrəsini, məruzənin planını yazın. Öz yazdığınıza baxın. Gözlərinizi yumun. Onları özlüyünüzdə alovlu hərflərlə yazılmış kimi təsəvvür edin.

Mark Tven qeydlərsiz danışmağı öyrənirdi

Mark Tven görmə yaddaşından istifadə etməyi öyrəndikdən sonra öz çıxışlarını uzun illər ərzində korlayan qeydlərdən imtina etməyi bacardı. O, bu haqda “Harpers meqezin”in səhifələrində danışmışdı:

“Tarixləri yadda saxlamaq çətindir, çünki onlar rəqəmlərdən ibarətdir: rəqəmlərin görkəmi ifadəli deyil və yaddaşda möhkəmlənmir. Onlar bir mənzərə təşkil etmir və buna görə də göz onlardan yapışa bilmir. Şəkillərsə tarixləri yadda saxlamağa kömək edə bilər. Onlar yaddaşda, demək olar, hər şeyi möhkəmlədə bilər – ələlxüsus da əgər şəkli siz özünüz yaradarsınızsa. Ən əsas olanı – rəsmi siz özünüz yaratmalısınız.

Mən bunu öz fərdi təcrübəmdən bilirəm. Otuz il əvvəl mən əzbər öyrəndiyim mühazirəni hər axşam oxuyurdum və hər axşam mənə yanımda özümə kömək üçün, çaşmamağa görə qeydlər olan vərəq saxlamaq lazım gəlirdi. Qeydlər deyəndə, abzasların birinci sözlərini yazırdım, onların sayı on bir idi. Onlar təqribən belə olurdu:

Bu rayonda hava…

O vaxtlar bir adət mövcud idi ki…

Lakin Kaliforniyada heç kim eşitməmişdi…

Bu cür on bir qeyd. Bu, nəyinsə üstündən keçməməkdə mənə kömək edən mühazirə planı kimi bir şey idi. Lakin kağız üzərində onlar bir-birinə oxşayırdı, onlar nə isə bir mənzərə təşkil etmirdi. Mən onları əzbər bilirdim, lakin onların ardıcıllığını möhkəm yadda saxlamaq mənə müyəssər olmurdu. Odur ki, həmin qeydləri həmişə qarşımda saxlamaq və vaxtaşırı onlara boylanmaq lazım gəlirdi.

Bir dəfə mən onları harasa qoydum və həmin axşam məni bürüyən dəhşəti siz təsəvvür edə bilməzsiniz. O vaxtdan mən başa düşdüm ki, sığorta üçün mən gərək başqa bir üsul da fikirləşib tapam. Onda mən həmin cümlələrin birinci on hərfini yadda saxladım, onları mürəkkəblə dırnaqlarıma yazdım və bu cür də tribunaya qalxdım.

Əvvəl mən barmaqlarıma ardıcıllıqla baxırdım, lakin sonar çaşdım və indicə hansı barmağıma baxdığımı artıq bilmirdim. Mən axı hərfdən istifadə edəndən sonra onu barmağımdan yalayıb poza bilməzdim. Bu, etibarlı metod olsa da, dinləyicilərdə həddən artıq böyük maraq oyadardım. Mən onlarda onsuz da maraq doğurmuşdum – onlara belə gəlirdi ki, məni mühazirədən çox dırnaqlarım maraqlandırır. Sonra bir neçə nəfər məndən soruşdu ki, barmaqlarıma nə olub.

Bax onda mənim ağlıma şəkillərlə bağlı fikir gəldi. Bununla da mənim əzablarım  qurtardı. İki dəqiqə ərzində mən altı şəkil qurdum və onlar on bir başlanğıc cümləni mənim üçün yaxşı əvəz etdi. Şəkilləri hazırlayandan dərhal sonra mən onları atdım, çünki əmin idim ki, gözlərimi yumub, onları istənilən vaxt öz qarşımda görə biləcəyəm.

O vaxtdan əsrin dörddəbiri keçib və həmin mühazirənin mətni mənim yaddaşımdan iyirmi il olar ki, buxarlanıb yox olub, lakin mən onu həmin şəkillərlə təzədən yaza bilərdim – onlar mənim yaddaşımda qalıb”.

Bir dəfə mənə yaddaş haqqında mühazirə oxumaq nəsib olmuşdu və mən həmin mühazirədə bu fəsildə haqqında danışılan materiallardan bacardıqca çox istifadə etməyə çalışdım. Mən ayrı-ayrı məqamları şəkillər kimi yadda saxladım – Ruzveltin pəncərələri altında kütlənin səs-küyü və orkestrlərin musiqisi səslənən vaxt onu tarix oxuyan vəziyyətdə təsəvvür elədim.

Mən gözlərim önündə albalı ağacına baxan Tomas Edisonu görürdüm. Mən Mark Tvenin mürəkkəblə yazılmış hərfləri dinləyicilərin qarşısında dırnağından yalayıb silən obrazını təsəvvür elədim.

Bəs mən bu şəkillərin ardıcıllığını necə yadda saxladım? Nömrələr üzrə – birinci, ikinci, üçüncü, dördüncü? Xeyr, bu çox çətin olardı. Mən nömrələri də şəkillərə çevirdim və nömrələrin şəkillərini mövzuların şəkilləriylə uyğunlaşdırdım.

Məsələn, “uan” (bir) sözü “ran” (çapmaq) sözü ilə təqribən eyni səslənir və buna görə də mən Ruzvelti öz otağında, cıdır atının belində oturan vəziyyətdə təsəvvür elədim. “Tu” (iki), demək olar, “zu” (heyvanxana) kimi səslənir və təsəvvür etdim ki, Edisonun baxdığı albalı ağacı zooparkda ayının qəfəsində bitir.

“Zsri” (üç) “tri”yə (ağac) oxşayır və mən Linkolnu ağacın başına dırmaşmış və öz tərəf-müqabilinə hündürdən qəzet oxuduğunu təsəvvür etdim. “For” (dörd) “dor” (qapı) sözünə oxşayır.

Mark Tven açıq qapının böyründə, çərçivəyə söykənmiş vəziyyətdə dayanmışdı və auditoriya qarşısında çıxış edə-edə dırnaqlarından mürəkkəbi yalayıb təmizləyirdi.

Mən yaxşı başa düşürəm ki, bu sətirləri oxuyanlardan bir çoxu bu metodun sarsaqlıq həddində olduğunu fikirləşəcəkdir. Bu, doğrudur və onun uğurlu olmasının səbəblərindən biri də məhz elə budur. Məhz qəribə və sarsaq şeylər nisbətən yaxşı yadda qalır.

Əgər mən öz nümunələrimi yalnız nömrələr üzrə yadda saxlamağa çalışsaydım, onları asanlıqla çaşbaş sala bilərdim, lakin indicə təsvir etdiyim sistemdə bu, demək olar, mümkün deyil.

Üçüncü bəndi yada salmaq istəyəndə mənə bircə özümdən soruşmaq lazım gəlirdi ki, ağacın başında nə var idi və dərhal da qarşımda Linkoln peyda olurdu.

Mən birdən iyirmiyə qədər rəqəmləri rəqəmlərlə həmsəs olan şəkillər seçməklə görmə obrazlarına əsas etibarilə öz rahatlığım üçün çevirmişdim. Əgər siz bu cür rəqəmli şəkillərin yadda saxlanmasına yarım saat vaxt sərf etsəniz, yalnız bircə dəfə sadaladığınız iyirmi əşyanın siyahısını dəqiq surətdə eyni ardıcıllıqla təkrar edə, eləcə də ixtiyari ardıcıllıqla, məsələn, hansı əşyanın səkkizinci, hansının on dördüncü, hansının üçüncü və ilaxir yerdə dayandığını deyə bilərsiniz.

Bunu özünüzdə sınaqdan çıxarmağa cəhd edin. Sizdə heç nə alınmayacağını fikirləşə bilərsiniz, lakin, bununla belə, cəhd edin. Siz tezliklə adamları öz yaddaşınızla heyran edəcəksiniz və hər halda, bunun maraqlı olduğunu görəcəksiniz.

Bütün kitabı necə əzbərləmək olar?

Qahirənin Əl-Əzhar Universiteti dünyada ən iri təhsil orqanlarından.? Bu, iyirmi bir min tələbəsi olan müsəlman təhsil müəssisəsidir. Qəbul imtahanlarında universitetə daxil olan hər kəsdən Quranı əzbər bilmək tələb olunur. Bu, təqribən Novıy Zavet həcmində kitabdır, onu hündürdən oxumaq üçün üç gün sərf etmək lazımdır.

Çinli tələbələrin dedikləri kimi, alim oğlanlar bəzi dini kitabları və klassik əsərləri əzbərdən bilməlidirlər.

Ərəb və çinli tələbələr bu cür ağlasığmaz görünən qəhrəmanlığı etməyə necə müyəssər ola bilirlər?

Təkrarlamağın – yadda saxlamağın “ikinci təbii qanunu” vasitəsilə.

Əgər siz materialı kifayət qədər tez-tez təkrar etsəniz, istənilən sayda material yadda saxlaya bilərsiniz. Yadda saxlamaq istədiyiniz məlumatları təkrar edin. Onlardan istifadə edin. Onları tətbiq edin. Sizin üçün təzə olan sözü söhbət əsnasında işlədin.

Əgər təzə tanışınızın adını yadda saxlamaq istəyirsinizsə, onu adı ilə çağırın. İctimaiyyət qarşısında çıxışınızda haqqında danışmaq istədiyiniz məqamlara söhbətlərinizdə toxunun. İstifadə edilən məlumatlar yaddaşda möhkəmlənir.

Hansı təkrar daha faydalıdır?

Lakin zəruri olan mexaniki, kor-koranə təkrarlama deyil. Ağılla, mənimsəmənin müəyyən xüsusiyyətlərinə uyğun surətdə həyata keçirilən təkrarlama – bizə lazım olan bax budur. Məsələn, professor Ebbinqhauz mənası olmayan, misal üçün, “deyuks”, “koli” və s. kimi sözlərin uzun siyahısını öz tələbələrinə yadda saxlamaq üçün verirdi.

O müəyyən etdi ki, tələbələrin üç gün ərzində otuz səkkiz dəfə təkrar edəndə yadda saxlaya bildikləri sözlərin sayı bir günün ərzində edilən altmış səkkiz təkrarın nəticəsi ilə eynidir. Digər psixoloji testlər dəfələrlə həmin nəticələri verirdi.

Bu, bizim yaddaşımızla bağlı olan çox vacib kəşfdir. İndi biz bilirik ki, oturub mətni təkrarlayan adam onu yaddaşında möhkəmləndirməyə, təkrarlama prosesi dərrakəli intervallarla edildiyi halla müqayisədə eyni nəticəyə nail olmaq üçün tələb olunandan iki dəfə çox vaxt və enerji sərf edir.

Mənimsəmənin bu xüsusiyyətini iki amillə izah etmək olar.

Birincisi, təkrarlamalar arasındakı vaxtlarda bizim təhtəlşüurumuz assosiasiyaların möhkəmləndirilməsi ilə məşğuldur. Professor Ceymsin qeyd etdiyi kimi, “biz üzməyi qışda öyrənirik, konkidə sürüşməyi isə yayda”.

İkincisi, beyin fasilələrlə işləyir, həddən çox yüklənmədən yorulmur. “Min bir gecə”nin tərcüməçisi olan cənab Riçard Berton iyirmi yeddi dildə öz ana dilində olduğu kimi danışırdı; amma o etiraf edirdi ki, heç vaxt dili dalbadal on beş

dəqiqədən çox öyrənməyib və danışmayıb, “çünki bundan sonra ağıl təravətini itirir”.

İndi bu faktların işığında özünü dərrakəli hesab edən heç bir adam, sözsüz ki, ictimaiyyət qarşısında etməli olduğu çıxışa hazırlığı çıxışın baş tutmalı olduğu günün ərəfəsinə saxlamayacaq. Əgər o, belə hərəkət edərsə, onun yaddaşı öz imkanlarının yalnız yarısı gücündə işləyəcəkdir.

Bizim necə yaddan çıxardığımızı izah edən çox dəyərli kəşf edilmişdi.

Dəfələrlə keçirilən psixoloji eksperimentlər göstərdi ki, biz fikir süzgəcindən keçirdiyimiz yeni materialın ilk səkkiz saat ərzində sonrakı otuz gün ərzində olduğundan çox hissəsini unuduruq. Heyrətamiz nisbətdir! Buna görə də işgüzar iclasdan, valideynlər və müəllimlər assosiasiyası üzvlərinin toplantısından, klubda təşkil olunmuş dərnəkdə məşğələdən əvvəl – ictimaiyyət qarşısında çıxışdan bilavasitə qabaq – öz materiallarınızı gözdən keçirin, öz faktlarınızı yada salın, öz yaddaşınızı təzələyin.

Linkoln bu metodun əhəmiyyətini yaxşı bilirdi və onu tətbiq edirdi. Gettisberqdə Linkolndan əvvəl adlı-sanlı alim – Edvard Everet çıxış etmişdi. Linkoln Everetin uzun, rəsmi çıxışının sona çatmaq üzrə olduğunu görəndə “açıqaşkar əsəbiləşməyə başladı ki, bu, Linkolnda o, başqa natiqdən sonra çıxış etməli olanda həmişə baş verirdi”. O, tələsik eynəyini taxaraq cibindən öz əlyazmasını çıxartdı və yaddaşını təzələmək üçün onu özlüyündə oxumağa başladı.

Professor Uilyam Ceyms yaxşı yaddaşın sirrini izah edir

Yadda saxlamağın birinci iki qanunu haqqında… Lakin hələ üçüncü – assosiasiya qanunu da var. Sonuncu – yadda saxlamağın zəruri elementidir.

Faktiki olaraq o, yaddaşın mexanizminin özünü izah edir.

“Bizim beynimiz, – deyə professor Ceyms müdrikliklə qeyd edir, – özü ilə, əsasən, assosiasiyalaşan mexanizm təcəssüm etdirir… Tutaq ki, mən müəyyən müddət danışmıram, sonra isə hökmlü tonla deyirəm: “Yada salın!

Yada salın! Sizin yaddaşınız bu əmrə tabe olacaqmı, o, sizin keçmişinizdən hansısa müəyyən bir şəkli canlandıracaqmı? Əlbəttə, yox. O, fəaliyyətsiz qalacaq və soruşacaq: “Mən məhz nəyi yada salmalıyam?”

Qısaca deyilərsə, ona göstəriş lazımdır. Lakin əgər mən desəm ki, öz doğum tarixinizi və ya səhər nə yediyinizi yadınıza salın, musiqi qammasında notların ardıcıllığını sadalayın, onda sizin yadda saxlamaq qabiliyyətiniz dərhal tələb olunan nəticəni verəcək: aldığı göstəriş sizin yaddaşınızın geniş ehtiyatlarının potensial imkanlarını müəyyən bir istiqamətə yönəldəcəkdir. Bu göstəriş sizin yada saldığınızla sıx bağlıdır.

“Mənim doğum tarixim” ifadəsi bilavasitə müəyyən rəqəm, ay və illə assosiasiyalaşır; “bugünkü səhər yeməyi” sözləri qəhvə və bekonlu qayğanaqdan başqa, xatirələrin qalan bütün tellərindən yan keçəcək; “musiqi qamması” sözləri şüurda do, re, mi, fa, sol, lya, si, do ilə yaxın qonşuluqdadır. Həqiqətən də, assosiasiyalar qanunu sizin fikirlərinizin xaricdən daxil edilən hisslərlə pozulmayan bütün gedişini idarə edir.

Şüurda hər nə doğursa, həmin şey ora kənardan daxil olmalıdır, daxil olaraq isə o, indiyə qədər şüurda olanlarla qarşılıqlı əlaqəyə girir. Bu həm sizin xatırladıqlarınız, həm də sizin haqqında fikirləşdiyiniz hər şeyə aiddir… Məşq edilmiş yaddaş assosiasiyaların təşkil olunmuş sisteminə əsaslanır və onun yüksək keyfiyyəti həmin assosiasiyaların iki xüsusiyyətindən asılıdır:

birincisi, assosiasiyaların möhkəmliyindən və ikincisi, onların sayından. Beləliklə, “yaxşı yaddaşın sirri” – bu, bizim yadda saxlamaq istədiyimiz faktların hamısı ilə bağlı çoxobrazlı və çoxsaylı assosiasiyaların formalaşmasının sirridir.

Lakin faktla assosiasiya formalaşdırmaq – bu, fakt barədə bacardıqca çox fikirləşmək deməkdir. Bir sözlə, kənardan eyni informasiya alan iki nəfərdən aldığı məlumatlar üzərində daha çox fikirləşən və onların arasında daha sıx bağlılıq quran adam daha yaxşı yaddaşa malik olacaqdır”.

Faktları bir-biriylə necə əlaqələndirməli

Bunların hamısı əladır, amma bizə məlum olan faktları bir-biriylə necə əlaqələndirək?

Cavab belədir: onların əhəmiyyətinin başa düşülməsi, onların dərk olunması ilə. Məsələn, əgər siz özünüz üçün yeni olan hər bir faktla tanışlıq zamanı aşağıdakı sualları qoyarsınızsa və onlara cavab verərsinizsə, bununla yeni faktları başqa faktlarla əlaqələndirmiş olacaqsınız. Budur həmin suallar:

  1. a) bu, niyə belədir?
  2. b) necə olub ki, bu, belədir?
  3. c) nə vaxtlar belə olur?
  4. d) harada belə olur?
  5. e) kim deyib ki, bu, belədir?

Məsələn, əgər biz tanımadığımız adamın adını öyrəniriksə və bu familiya adidirsə, onda biz onu eyni familiyalı başqa tanışımızla assosiasiya edə bilərik. Əgər o, qeyri-adidirsə, biz bundan istifadə edə və adama bunu deyə bilərik. Təzə tanışın öz familiyası haqqında nə isə danışması nadir hal deyil.

Məsələn, bu fəsli yazanda məni bir qadınla, missis Soterlə tanış etdilər. Mən ondan familiyasının necə yazıldığını soruşdum və diqqətini onun qeyri-adi olmasına cəlb etdim.

“Bəli, – deyə o cavab verdi, – o, qeyri-adidir. Bu, yunan sözüdür, mənası “xilasedici” deməkdir”. Sonra o, mənə ərinin əslən Afinadan olan qohumları və onların orada hökumətdə tutduqları yüksək postlar barədə danışdı. Adamları öz familiyaları haqqında danışmağa sövq etmək heç də çətin deyil. Bu, onları yadda saxlamaqda mənə həmişə kömək edir.

Təzə tanışınızın görkəmini diqqətlə gözdən keçirin. Onun gözlərinin və saçının rəngini yadda saxlayın, onun sifətinin cizgilərini öyrənin. Onun necə geyindiyinə diqqət yetirin. Onun danışıq manerasına qulaq verin. Onun xarici görkəmi və individuallığı ilə bağlı aydın, canlı, rəngarəng təəssürat alınacaqdır və bütün bunları onun familiyası ilə assosiasiyalaşdırın.

Növbəti dəfə bu rəngarəng təəssüratlar sizin şüurunuzda yenidən canlanacaq və eyni zamanda sizə bu adamın familiyasını yada salmağa da kömək edəcəkdir.

Siz elə bir adamla rastlaşmamısınız ki, onunla ikinci və ya üçüncü dəfə görüşəndə onun nə ilə məşğul olduğunu, peşəsini xatırlasanız da, onun adının nə olduğu yadınıza düşməyib? Səbəb bundadır ki, adamın məşğuliyyəti – bu, nə isə müəyyən və konkret bir şeydir, əhəmiyyəti var.. O, sizə yapışqanlı lent kimi ilişdiyi halda, əhəmiyyət kəsb etməyən familiya dik damdan dolu dənələri kimi yumalanıb kənara düşür.

Buna görə də adamın familiyasını həmişəlik yadda saxlamaq üçün bu adamın familiyasını onun peşəsi ilə bağlayan bir cümlə tərtib edin. Bu metodun effektivliyində heç bir şübhə yoxdur. Məsələn, bir-biri ilə tanış

olmayan iyirmi nəfər bu yaxınlarda Filadelfiyanın Pensilvaniya atletik klubunda yığışmışdı. Onların hər birindən ayağa qalxıb öz familiyasını və məşğul olduğu işi deməyi xahiş etdilər. Bundan sonra həmin məlumatları bir-biriylə bağlayan cümlə tərtib olundu və üstündən bir neçə dəqiqə keçəndən sonra iştirak edənlərin hamısı buradakı istənilən adamın familiyasını deyə bilərdi.

Bundan xeyli keçəndən sonra yenidən görüşəndə bəlli oldu ki, həmin adamların nə familiyaları, nə də məşğul olduqları iş yaddan çıxıb, çünki onlar bir-biri ilə assosiasiya olunmuşdu. Onlar bir-birinə yapışmışdı.

Nümunə üçün həmin qrupun bəzi üzvlərinin familiyasını və adamların familiyalarını onların məşğul olduqları işlə bağlamaq üçün düzüb-qoşduğumuz yöndəmsiz cümlələri göstərim:

Mister C.P.Olbrayt, qum təchizatçısı (send biznes) – “Send meyks ol brayt” (qum hər şeyi işıqlı edir, həmçinin sözlərin oyunu ilə bağlı – qum Olbraytı düzəldir).

Mister Tomas Fişer, kömür təchizatçısı (koul) – “Hi fişes for koul orders” (o, kömür sifarişlərini ovlayır).

Tarixləri yadda necə saxlamalı

Tarixləri yadda saxlamağın ən yaxşı üsulu onları yaddaşda artıq özünə möhkəm yer tutmuş əlamətdar tarixlərlə assosiasiyalaşdırmaqdır. Məsələn, amerikalı üçün Süveyş kanalının 1869-cu ildə açıldığını yadda saxlamaq birinci gəminin həmin kanaldan ABŞ-da Vətəndaş müharibəsi qurtarandan dörd il sonar keçdiyini yadda saxlamaqdan çətindir.

Əgər amerikalı Avstraliyada ilk insan məskəninin 1788-ci ildə salındığını yadda saxlamağa çalışsa, bu tarix onun başından maşında pis bərkidilmiş bolt kimi çıxıb uça bilər; bu, 1776-cı il iyulun 4-ü ilə assosiasiyalaşdırılsa və həmin hadisənin Müstəqillik Deklarasiyası imzalanandan on iki il sonra baş verdiyi yadda saxlanarsa, onu yaddaşınızda möhkəmlətmək şansı daha çox olar. Bu, zəifləmiş bolta qaykanı burmaq kimidir – o, yerində qalacaq.

Telefon nömrəsini yadda saxlamaq lazım gələndə bu prinsipi nəzərdə tutmaq faydalıdır. Məsələn, bu kitabın müəllifinin müharibə dövründə telefonunun nömrəsi 1776 idi. Onu yadda saxlamaq heç kim üçün çətin deyildi.

Əgər siz telefon kompaniyasından 1492, 1861, 1865, 1914, 1918 kimi nömrələr ala bilsəniz, sizin dostlarınız telefon kitabçasını eşələməli olmayacaqlar. Əgər siz onlara telefon nömrənizi solğun şəkildə bildirmiş olarsınızsa, onlar onun 1492 olduğunu unuda bilərlər, lakin əgər siz belə desəniz, məgər bu, onların başından heç çıxa bilər: “Mənim telefon nömrəmi yadda saxlamaq sizin üçün çətin olmayacaq – 1492, Kolumbun Amerikanı kəşf etdiyi ildir”.

Bu sətirləri oxuyan Avstraliya, Yeni Zelandiya və Kanada sakinləri 1776, 1861, 1865 rəqəmlərini, əlbəttə, öz ölkələrinin əlamətdar tarixləriylə əvəzləyəcəklər.

Aşağıda göstərilən rəqəmləri ən asan necə yadda saxlamaq olar?
  1. a) 1564 – Şekspirin doğulduğu il;
  2. b) 1607 – Amerikada, Ceymstaunda ilk ingilis məskəninin əsasının qoyulması;
  3. c) 1819 – kraliça Viktoriyanın doğulduğu il;
  4. d) 1907 – Robert E.Linin doğulduğu il;
  5. e) 1789 – Bastiliyanın alınması ili.
Sırf mexaniki surətdə təkrar edərək ilk otuz ştatı onların İttifaqa daxil olduqları ardıcıllıqla yadda saxlamaq sizə, əlbəttə, yorucu görünəcək. Lakin onları hansısa bir tarixi hadisə ilə əlaqələndirin və onda siz onları tez və çətinlik çəkmədən yadda saxlayacaqsınız. Aşağıdakı abzası cəmi bir dəfə oxuyun. Oxuyub qurtarandan sonra on üç ştatı düzgün ardıcıllıqla sadalaya bilib-bilməyəcəyinizi yoxlayın:

“Bir dəfə şənbə gününün axşamı Delaverdən olan cavan qadın Pensilvaniya dəmir yolu ilə kiçik səyahət üçün bilet aldı. O, çamadana Nyu-Cersidən aldığı sviter qoydu və rəfiqəsi Corciyaya Konnektikutda baş çəkdi.

Növbəti günün səhəri evin xanımı və qonaq messada iştirak etmək üçün Merislend kilsəsinə getdilər. Sonra onlar cənub xəttinin (kar layn) qatarı ilə evə qayıtdılar. Nahardan sonra onlar şimal xəttinin (kar layn) qatarına mindilər və adaya yollandılar (rod tu ze aylend)”.

Öz çıxışınızın planını yadda necə saxlamalı

Biz nəyinsə haqqında yalnız iki səbəbdən fikirləşə bilərik – birincisi, xarici stimulun nəticəsində, ikincisi, artıq bizə məlum olanla assosiasiya səbəbindən. Bu, ictimaiyyət qarşısında çıxışlara nəzərən aşağıdakılardır: birincisi, siz öz fikirlərinizin ardıcıllığına hansısa xarici stimulun, məsələn, qeydlərin köməyi ilə riayət edə bilərsiniz, amma kağızdan oxuyan natiq kimin xoşuna gələ bilər?

İkincisi, siz çıxışınızın hissələrini onları hafizənizdə artıq kök salmış nə ilə isə assosiasiyalaşdırmaqla yadda saxlaya bilərsiniz. Onlar elə bir məntiqi ardıcıllıqla yerləşməlidir ki, ikinci hissə qaçılmaz olaraq birincidən, üçüncü isə ikincidən bir otağın qapısının o biri otağa apardığı qədər təbii olaraq çıxmalıdır.

Bu, sadə səslənir, ancaq bu, naşı, əqli qabiliyyətləri qorxu ilə buxovlanmış adam üçün o qədər də sadə iş olmaya bilər. Lakin ifadənin ardıcıllığını təmin edən bir üsul vardır ki, o, sadədir, öz işini tez və praktiki olaraq nöqsansız görür. Mən mnemonik cümlələrin istifadə olunmasını nəzərdə tuturam. Misal göstərim. Ehtimal edək ki, siz öz aralarında heç cür əlaqəli olmayan çoxsaylı mövzuya toxunmaq istəyirsiniz. Onları yaddaşda saxlamaq çətindir. Eyni vaxtda, məsələn:

inək, siqar, Napoleon, ev və dini kultlar haqqında danışmaq necə mümkün ola bilər? Gəlin baxaq ki, həmin mövzuları aşağıdakı cümlənin köməyi ilə bir-birinə eyni zəncirin halqaları kimi pərçimləmək olarmı: “İnək siqar çəkirdi və Napoleona şıllaq atdı, ev isə dini kultlarla birlikdə yandı”.

İndi bu cümləni əlinizlə örtün və bu suallara cavab verin: çıxışın üçüncü hissəsi hansıdır? Beşinci? İkinci? Birinci?

Belə bir metod kömək edirmi? Bəli, kömək edir. Və öz yaddaşını yaxşılaşdırmaq istəyənlərə onu tətbiq etmək təkidlə məsləhət görülür.

Beləliklə, fikirlərin istənilən dəstini bağlamaq olar və mnemonik cümlə nə qədər sarsaqcasınadırsa, onu yadda saxlamaq bir o qədər asandır.

Tam iflasa uğrayan halda nə etmək lazımdır

Ehtimal edək ki, kilsə icmasının qarşısında çıxış edən məruzəçi xanım bütün hazırlığına və gördüyü bütün ehtiyat tədbirlərinə baxmayaraq, nitqinin ortasında qəfildən hər şeyi unudub və dinləyicilərin qarşısında daşlaşmış halda, davam etmək iqtidarında olmayaraq dayanıb. Vəziyyət dəhşətlidir. Qüruru ona başını itirmiş halda yerinə əyləşməyə və iflasa uğradığını etiraf etməyə yol vermir.

Xanım hiss edir ki, əgər onun xilasedici beş-on saniyə vaxtı olsaydı, o, çıxışının növbəti, yaxud heç olmasa hansı isə bir hissəsini yadına sala bilərdi. Lakin beş-on saniyəlik qorxunc sükut da dinləyicilərin nəzərində bəlaya bərabər görünərdi. Nə etməli? Bir məşhur amerikalı senator bu yaxınlarda belə bir vəziyyətə düşəndə o, dinləyicilərdən soruşdu ki, kifayət qədər hündürdən danışırmı, zalın axırında onun səsi yaxşı eşidilirmi.

O bilirdi ki, çox yaxşı eşidilir, lakin ona lazım olan bu məlumatlar deyildi. Ona vaxt udmaq lazım idi. Və bu qısa fasilə ona fikri tutmağa və nitqini davam etdirməyə kömək elədi.

Lakin mənə belə gəlir ki, bu cür “gəmi qəzasında” “xilasedici dairə” qismində belə bir üsul hamısından yaxşı olardı: axırıncı sözü və ya axırıncı cümləni təzə cümlənin başlanğıcına çevirin. Sonsuz bir zəncir alınacaqdır və nitq Tennison bulağı kimi məqsədsiz olsa da, dayanmadan axacaq. Bunun praktikada necə alındığına baxaq.

Təsəvvür edək ki, işin uğurları barədə danışan natiq aşağıdakı cümləni səsləndirəndən sonra əqli dalana düşmüş olur: “Orta qulluqçu ona görə irəli çəkilmir ki, o, öz işinə az maraq göstərir, təşəbbüs azdır”.

“Təşəbbüs”. Növbəti cümləni “təşəbbüs” sözündən başlayın.

Siz, çox güman ki, nə deyəcəyiniz və nə ilə qurtaracağınız haqqında heç anlayışa da malik deyilsiniz, lakin yenə də başlayın. Hətta zəif cümlə də heç nədən daha yaxşıdır.

“Təşəbbüs orijinallığı nəzərdə tutur, bu, nəyisə özünəməxsus tərzdə, daim göstəriş gözləmədən etməyi bacarmaq deməkdir”.

Fikir parlaq deyil, bu cümlə nitqə tarixi əhəmiyyət kəsb etdirmir. Lakin bu, əzabverici susqunluqdan yaxşı deyilmi? Sonuncu sözlər göstərişlərlə bağlı idi. Nə etmək, gəlin növbəti cümləni bu sözlərdən başlayaq.

“Hər cür müstəqil təfəkkürdən yayınan qulluqçularımıza daim göstəriş verilməsi, öyüd-nəsihət edilməsi – bu, özümüz üçün təsəvvür edə biləcəyimizin ən pisidir”.

Şükür Tanrıya, cümlə səsləndirilib. İrəli hərəkət etmək lazımdır. İndi təsəvvür haqqında nə isə demək olar.

“Təsəvvür – zəruri olan bax budur. Vəhydir, arzudur. Vəhy olmayan yerdə, – demişdi Solomon, – xalq məhv olur”.

Bax ilişməsiz-filansız artıq iki cümlə var. Ruhdan düşməyək, davam edək.

“Biznes döyüşündə hər il həlak olan işçilərin sayı, həqiqətən də, qüssəlidir. Mən deyirəm – qüssəlidir, çünki elə həmin kişi və qadınlarda azacıq entuziazm, bir qədər artıq şöhrətpərəstlik, bir az çox loyallıq olsaydı, onlar uğuru uğursuzluqdan ayıran demarkasiya xəttindən yüksəyə qalxa bilərdilər. Lakin biznesdə uğursuzluğa düçar olanda məsələnin bununla bağlı olduğunu heç vaxt etiraf etmirlər”.

Və bu sayaq davam edirik… Natiq bu ümumi cümlələri səsləndirdiyi vaxt ərzində planında olan növbəti hissəni, nəyi konkret olaraq demək istədiyini yadına salmalıdır.

Bu sonsuz zəncir metodunu əgər uzun-uzadı davam etdirsək, buna gəlib çıxmaq olar ki, natiq pudinqi necə bişirmək və ya bülbülün qiyməti ilə bağlı mülahizələr yürütməyə başlayacaq. Lakin yaddaşın müvəqqəti itirilməsi nəticəsində baş verən əqli fəaliyyətin pozulması vaxtı bu, hər halda, əla təcili yardımdır.

Bu üsulla bir çox can vermək vəziyyətində olan nitqləri həyata qaytarmaq mümkün olub.

Hər cür tipli əşyaların yadda saxlanmasını yaxşılaşdırmaq qeyri-mümkündür.

Mən bu fəsildə gur təəssüratların alınmasının, faktların təkrarlanmasının və assosiasiyalaşdırılmasının təmin edilməsini necə yaxşılaşdıra biləcəyimiz haqqında danışdım. Lakin yaddaşın əsasını assosiasiya təşkil etdiyinə görə “yaddaşın, – professor Ceymsin göstərdiyi kimi, – ümumi və ya ilkin qabiliyyətini yaxşılaşdırmaq qeyri-mümkündür; söhbət yalnız assosiasiyalaşdırılmış əşyaların xüsusi sistemlərini yadda saxlamağımızın yaxşılaşdırılmasından gedə bilər”.

Məsələn, hər gün Şekspirdən bir sitat öyrənməklə biz özümüzün ədəbi sitatlara yaddaşımızı heyrətamiz dərəcədə yaxşılaşdıra bilərik.

Hər bir yeni sitat bizim beynimizdə özünə çoxlu dost tapacaq ki, onlarla bağlanacaq. Lakin Şekspirin “Hamlet”dən tutmuş “Romeo”ya qədər bütün yazdıqlarının yadda saxlanması mütləq deyildir ki, pambıq bazarı və ya “çuqunun daşlardan təmizlənməsinin Bessemerov prosesi” barədə məlumatları yaddaşda saxlamağa kömək etmiş olsun.

Gəlin təkrar edək. Əgər biz bu fəsildə qələmə alınmış prinsipləri tətbiq etsək, istənilən hər şeyin yadda saxlanmasının metodunu yaxşılaşdıra və effektivliyini yüksəldə bilərik. Əgər biz bu metodları tətbiq etməsək, onda beysbolla bağlı on milyon faktın yadda saxlanması bizə fond birjasına dəxli olan məlumatları yadda saxlamaqda heç cür kömək etməyəcəkdir.

Bu cür, bir-birinə aidiyyəti olmayan məlumatları assosiasiyalaşdırmaq qeyri-mümkündür. Xatırladaq ki, “bizim beynimiz özü ilə əsas etibarilə assosiasiyalaşdıran mexanizm təcəssüm etdirir”.

Xülasə

  1. “Orta təfəkkürlü adam, – deyə görkəmli psixoloq Karl Siroş bildirir, – öz hafizəsinin anadangəlmə imkanlarının ən çoxu on faizindən istifadə edir. Qalan doxsan faiz məhv olur, çünki o, yadda saxlamağın təbii qanunlarını pozur”.
  2. Bu cür üç “yadda saxlamağın təbii qanunu var”: təəssürat, təkrar, assosiasiya.
  3. Yadda saxlamaq istədiyiniz barədə dərin, gur təəssürat almaq lazımdır.
Bunun üçün siz aşağıdakıları etməlisiniz:
  1. a) Diqqətinizi cəmləməlisiniz. Teodor Ruzveltin yaddaşının sirri bunda idi;
  2. b) Diqqətlə müşahidə etməlisiniz. Düzgün təəssürat almalısınız. Fotoaparat dumanlı havada yaxşı fotoşəkil verməyəcək, sizin şüurunuz da dumanlı təəssüratları saxlamayacaqdır;
  3. c) Təəssüratları bacardıqca çox sayda hissetmə orqanının köməyi ilə almaq lazımdır. Linkoln yadda saxlamaq istədiyini hündürdən oxuyurdu ki, qəbuletmə həm görmə, həm də eşitmə vasitəsilə baş versin;
  4. d) Hər şeydən qabaq, görmə təəssüratlarını almağa çalışın. O daha möhkəmdir. Gözlərdən beyinə aparan əsəb telləri qulaqlardan beyinə aparan əsəb tellərindən iyirmi dəfə çoxdur. Mark Tven qeydlərdən istifadə edəndə öz çıxışının ardıcıllığını yadda saxlaya bilmirdi, amma o, qeydləri bir kənara atanda və özünün müxtəlif mövzularını yadda saxlamaq üçün şəkillərdən istifadə etməyə başlayanda onun çətinliklərinin hamısı yox oldu.
  5. Yaddaşın ikinci qanunu – təkrar etmə. Minlərlə müsəlman tələbəsi Quranı– təqribən Novıy Zavet həcmində olan kitabı – əzbərdən bilir və onlar buna təkrar etmək yolu ilə nail olurlar. Əgər kifayət qədər tez-tez təkrar etsək, onda biz dərrakəli hədlərdə istənilən hər şeyi yadda saxlaya bilərik:
  6. a) Mətn sizin yaddaşınızda bərkiməyənə qədər onu yenə və yenə təkrar etməyin. Mətni bir və ya iki dəfə oxuyun, sonra onu bir kənara atın və bir müddətdən sonra yenidən ona qayıdın. Bu cür, intervallarla təkrar etmək üsulu mətni yadda saxlamaq üçün sizdən mətni birdəfəyə yadda saxlamaqla müqayisədə yarıbayarı az vaxt tələb edəcəkdir;
  7. b) Nəyisə yadda saxlayandan sonra biz birinci səkkiz saat ərzində sonrakı otuz gündə unutduğumuz qədər yaddan çıxarırıq, buna görə də öz qeydlərinizi çıxışınızdan cəmi bir neçə dəqiqə qabaq gözdən keçirin.
  8. Yaddaşın üçüncü qanunu – assosiasiya. Faktları yadda saxlamağın yeganə üsulu – bu, onun hansısa başqa bir faktla assosiasiyalaşdırılmasıdır. “Şüurda meydana çıxan hər şey, – deyə professor Ceyms bildirir, – ona daxil edilməlidir, əgər daxil olursa, o artıq orada olanla qarşılıqlı əlaqəyə girir… Aldığı məlumatların üzərində daha çox düşünüb-daşınan və onlar arasında daha sıx əlaqələr quran adam daha yaxşı yaddaşa malik olacaqdır”.
  9. Əgər siz bir faktı başqa, artıq sizə bəlli olan faktla assosiasiyalaşdırmaq istəyirsinizsə, onda təzə faktı bütün nöqteyi-nəzərlərdən düşünüb-daşının. Öz qarşınıza bu cür suallar qoyun: “Bu, niyə belədir?”, “Necə olub ki, bu, belədir?”

“Nə vaxt belə olur?”, “Kim deyib ki, bu, belədir?”

  1. Tanış olmayan adamın familiyasını yadda saxlamaq üçün həmin adama suallar verin – familiya necə yazılır və s. O adamın xarici görkəmini diqqətlə öyrənin. O adamın familiyasını onun sifəti ilə əlaqələndirməyə çalışın. Onun nə ilə məşğul olduğunu öyrənin və Pensilvaniya atletik klubuna toplaşan qrupla edildiyi kimi, onun adını onun məşğul olduğu işlə bağlayan mnemonik cümlə qurmağa çalışın.
  2. Tarixləri yadda saxlamaq üçün onları sizin bildiyiniz əlamətdar tarixlərlə assosiasiyalaşdırın. Məsələn, Şekspirin doğulmasının üç yüz illiyi ABŞ-da Vətəndaş müharibəsi tarixi ilə üst-üstə düşmüşdür.
  3. Öz çıxışınızın abzaslarının ardıcıllığını yadda saxlamaq üçün onları belə yerləşdirin ki, bir mövzu məntiqi olaraq özündən əvvəlkindən çıxsın. Bundan başqa, siz əsas məqamları özündə cəmləşdirən mnemonik cümlə fikirləşib tapa bilərsiniz, məsələn, belə: “İnək siqar çəkirdi və Napoleona şıllaq atdı, ev isə dini kultlarla birlikdə yandı”.
  4. Əgər bütün ehtiyat tədbirlərinə baxmayaraq, deməyə hazırlaşdığınızı qəflətən unudursunuzsa, onda siz sonuncu cümlənin axırıncı sözlərini təzə cümlə üçün birinci sözlər kimi istifadə etməklə tam iflasdan canınızı qurtara bilərsiniz.

Bu minvalla nitqi siz öz çıxışınızın növbəti bəndini yadınıza salana qədər davam etdirmək mümkündür.

İctimaiyyət qarşısında uğurlu çıxışın ilkin şərtləri

Bu sətirlərin yazıldığı gün, yanvarın 5-də cənab Ernest Şekltonun vəfatının ildönümü qeyd olunur. O, əla gəmi olan “Kvest”də (“Axtarış”) Antarktikanı tədqiq etmək üçün cənuba üzərkən vəfat etmişdi. “Kvest”in göyərtəsinə qalxanların diqqətini ilk cəlb edən mis lövhədə həkk olunmuş aşağıdakı sətirlər idi:

Əgər sən arzu edə və arzularını öz sahibinə çevirməməyi bacarırsansa,

Əgər sən fikirləşə və fikirlərini öz-özlüyündə məqsədə çevirməməyi bacarırsansa,

Əgər sən triumfla və bəla ilə qarşılaşmağı və bu iki yalançı ilə eyni cür davranmağı bacarırsansa,

Əgər sən ürəyini, əsəbini, əzələlərini onlar artıq olmayanda da öz işini görməyə məcbur etməyi bacarırsansa,

Və beləliklə, onlara: “Möhkəm durun!” deyən iradədən başqa, səndən daha heç nə qalmayanda da özünü yaşatmağı bacarırsansa,

Əgər sən bir göz qırpımında əldən çıxan dəqiqəni altmış saniyəlik yürüşlə doldurmağı bacarırsansa –

Yer və onda olan hər şey sənə məxsus olacaq,

Və hələ bundan da çox, sən insan olacaqsan, oğlum mənim!

Şeklton bu şeiri “Kvesta”nın ruhu adlandırırdı. Və həqiqətən də, Cənub qütbünə yola düşən adamın – ictimaiyyət qarşısında çıxış edərkən özünəinam hissini qazanmağı arzulayan adamın da – özünə hopdurmalı olduğu ruh əks olunmuşdur bu şeirdə.

Lakin təəssüflə deməliyəm ki, natiqlik sənətini öyrənmək istəyənlərin heç də hamısı bu işə həmin ruhu özünə hopduraraq girişmir. Çox-çox il bundan əvvəl, mən öz müəllimlik fəaliyyətimi yenicə başladığım vaxtlarda axşam tədris müəssisələrinə daxil olan tələbələrin xeyli hissəsinin öz məqsədlərinə çatmayaraq yorulub məşğələləri atdıqlarına heyrətlənirdim.

Onların sayı o qədər çoxdur ki, bu eyni zamanda həm heyrət, həm də kədər doğurur, insan təbiətini xoşagəlməz şəkildə qiymətləndirməyə sövq edir.

Mən öz kitabımın ortasına yaxınlaşıram və təcrübəmdən bilirəm ki, oxucuların bəzisi ruhdan düşüb, çünki auditoriya qarşısında qorxularını adlaya və özlərinə inam hissini qazana bilməyiblər.

Çox qüssəlidir, çünki:

“Dözümü olmayan necə də miskindir!

Yaranı ani olaraq müalicə etmək məgər mümkündür?”

Şekspir.

İnadkarlıq zəruridir

Biz hansısa bir işi, məsələn: fransız dilini, qolf oynamağı, yaxud natiqlik sənətini öyrənəndə heç vaxt aramsız irəliləmirik. Biz uğurları tədricən qazanmırıq. Biz onları gözlənilməz sıçrayışlar, kəskin irəliləmələrlə edirik. Biz hərdən müəyyən müddətə dayanırıq və ya hətta geri diyirlənib əvvəllər qazandıqlarımızdan nələri isə itirə də bilərik.

Staqnasiyanın və ya reqresin bu mərhələləri psixoloqların hamısına yaxşı məlumdur və “hazırlıq əyrisində plato” adını almışdır. Natiqlik sənətini öyrənənlər bəzən həmin “platoların” birində həftələrlə durub ləngiyəcəklər. Onlar nə qədər sürətlə işləsələr də, irəliləməyə müyəssər olmayacaqlar.

Zəiflər naümidliyə qapanır və bu işi atırlar, möhkəm xarakterli adamlar isə davam edir və bunda əmin olurlar ki, birdən, qəfildən, bunun necə və niyə baş verdiyini heç özləri də anlamadan böyük uğur qazanmağa başlayırlar. Onlar platodan təyyarə kimi qalxırlar. Qəfildən onlar tələb olunan vərdişləri əldə edirlər.

Onlar qəfildən özlərini sərbəst hiss edirlər, çıxış edən zaman təbii olmaq və özünə inam, eləcə də auditoriyaya təsir etmək bacarığı əldə edirlər.

Bu kitabda artıq deyildiyi kimi, ictimaiyyət qarşısında çıxışınızın ilk məqamlarında siz hansısa ötəri qorxu, təlatüm, əsəbi həyəcan, ola bilsin, həmişə hiss edəcəksiniz. Lakin əgər siz inadkarlıq nümayiş etdirmiş olarsınızsa, tezliklə bütün qorxulardan yaxa qurtaracaqsınız, bircə başlanğıc qorxusu istisna olmaqla, başlanğıc qorxusu da çox qısamüddətli olacaqdır. İlk bir neçə cümlədən sonra siz özünüzü ələ alacaqsınız. Çıxış sizə şübhəyə yer qoymayan həzz verəcəkdir.

Qətiyyətli olun

Hüququ öyrənmək istəyən bir cavan oğlan bir dəfə Linkolndan məsləhət almaq xahişi ilə ona məktub yazmışdı. Və Linkoln ona cavab vermişdi:

“Əgər siz hüquqşünas olmağı möhkəm qət etmisinizsə, işin yarısından çoxu artıq edilmişdir… Həmişə yadda saxlayın ki, sizin uğur qazanmaq qətiyyətiniz qalan hər şeydən vacibdir”.

Linkoln bilirdi ki, bu, belədir. O özü bu yolu keçmişdi. O, bütün ömrü ərzində məktəbdə üst-üstə bir ildən çox oxumamışdı. Bəs kitablar?

Linkoln deyirdi ki, mütaliə üçün xahiş-minnət edib ala biləcəyi istənilən kitabı əldə etməkdən ötrü evindən əlli mil radiusda yerlərə piyada gedirdi.

Onun komasında bütün gecəni od yanırdı və o, hərdən şam işığında oxuyurdu. Divarda, ağac dirəklərin arasında yarıqlar var idi və çox vaxt Linkoln kitabı bu yarıqlardan birinə taxırdı. Sübh açılan kimi o, özünün yarpaqlardan olan çarpayısından atılıb qalxır, gözlərini ovxalayır, kitabı çıxarır və hərisliklə onu oxumağa başlayırdı.

O, hansısa bir natiqi dinləmək üçün iyirmi-otuz mil məsafəyə piyada gedirdi və evə qayıdandan sonra nitqlərin söylənməsində təcrübəni hər yerdə keçirdi: əkin sahəsində, meşədə, Centrivilldəki Consun baqqal dükanının yanında toplaşan kütlə qarşısında. O, Nyu-Seylemdə və Sprinqfilddəki diskussiya klublarına üzv yazılmışdı və günün qayğılı mövzuları ilə bağlı çıxışlarla sizin kimi təcrübə toplayırdı.

Natamamlıq hissi ona həmişə əzab verirdi. Qadınların yanında utanır və bir söz də deyə bilmirdi. Meri Toddla münasibət qurduğu vaxtlarda elə olurdu ki, o, qonaq otağında utana-utana dinməzcə oturur və danışmağa söz tapmadan yalnız onun dediklərinə qulaq asırdı.

Lakin elə həmin adam məşqlər və özü özünü hazırlamaq yolu ilə elə bir natiqə çevrildi ki, senator Duqlas kimi yüksək savadlı bir adamla diskussiya edə bilərdi. Həmin adam Gettisberqdə prezident postuna təkrar seçilməsi münasibətilə etdiyi çıxışda bəşər tarixində başqa natiqlərin çox nadir hallarda yüksələ bildikləri gözəl, aydın, parlaq natiqlik zirvəsinə qalxdı.

Buna görə heç təəccüblü də deyil ki, o, adlamalı olduğu qorxunc çətinlikləri və əzablı mübarizəni yaddan çıxarmayaraq yazırdı: “Əgər siz hüquqşünas olmağı möhkəm qət etmisinizsə, işin yarısından çoxu artıq edilmişdir”.

Teodor Ruzveltin otağında Avraam Linkolnun əla portreti asılmışdı. “Mürəkkəb və dolaşıq məsələ ilə bağlı qərar qəbul etməli olduğum hallarda, hüquq və maraqların toqquşduğu vaxtlarda, – deyirdi Ruzvelt, – mən Linkolna baxır və onun eynilə bu cür şəraitdə necə hərəkət edəcəyini təsəvvür etməyə çalışırdım. Bu, sizə qəribə görünə bilər, lakin açıq deyəcəyəm, mənə belə gəlirdi ki, bu, mənim çətinliklərimin həllini asanlaşdırır”.

Ruzveltin nümunəsini siz də niyə təkrarlamayasınız? Əgər siz ruhdan düşmüsünüzsə və natiqlik sənətinə yiyələnmək uğrunda mübarizəni atmağa hazırsınızsa, cibinizdən üstündə Linkolnun portreti olan beş dollarlıq əsginazı çıxarın və onun bu şəraitdə necə hərəkət edəcəyini özünüzdən soruşun.

Onun necə hərəkət edəcəyini axı siz bilirsiniz. Stiven A.Duqlas ABŞ senatına seçkilərdə onun üzərində qələbə çalanda Linkoln öz tərəfdarlarına dedi ki, “bir yox, heç yüz məğlubiyyətdən sonra da təslim olmaq” olmaz.

Səylərinizin mükafatlandırılacağına əminlik

Mən çox istəyərdim ki, siz həftə ərzində hər gün səhər yeməyində Harvard Universitetinin professoru, məşhur psixoloq Uilyam Ceymsin aşağıda verilən sözlərini əzbərləyənə qədər bu kitabı açıq saxlayasınız:

“Heç bir yeniyetmə aldığı təhsilin istiqamətindən asılı olmayaraq, onun nəticəsinə görə həyəcanlanmamalıdır. Əgər o, iş gününün hər saatında vicdanla zəhmət çəkərsə, son nəticəyə qətiyyən şübhə etməyə bilər. O, buna möhkəm ümid edə bilər ki, biliyin hansı sahəsini seçmiş olsa da, gözəl səhərlərin birində yuxudan oyananda öz nəslinin ən bacarıqlı adamlarından biri olduğunu görəcəkdir”.

İndi isə məşhur professor Ceymsin fikrinə əsaslanaraq bunu deməyi özümə rəva bilirəm ki, əgər siz ictimaiyyət qarşısında danışmağa vicdanla və ruh yüksəkliyi ilə hazırlaşacaqsınızsa, əgər siz dərrakə ilə təcrübə toplayacaqsınızsa, siz tam əsasla buna bel bağlaya bilərsiniz ki, gözəl səhərlərin birində yuxudan oyananda şəhərinizin və ya icmanızın ən yaxşı natiqlərindən biri olacaqsınız.

Bu, sizə fantaziya kimi görünə bilər, lakin bu, prinsip etibarilə düzgündür.

İstisnalar da, əlbəttə, belə olur. Aşağı intellekt sahibi və şəxsiyyət kimi özü ilə heç nə təcəssüm etdirməyən, deməyə bir sözü olmayan adam yerli miqyaslı Daniel Vebster ola bilməyəcək, lakin bu fikir dərrakəli hədlərdə doğrudur.

İzin verin mən konkret nümunə göstərim.

Natiqlik sənəti məktəbinin dinləyicilərinin buraxılışı ilə bağlı Trentonda təşkil olunan banketdə Nyu-Cersi ştatının keçmiş qubernatoru Stouks iştirak edirdi. O dedi ki, həmin axşam dinlədiyi şagirdlərin çıxışları Vaşinqtonda Nümayəndələr Palatası və Senatda eşitdiyi nitqlərdən heç də pis deyildi.

Trentondakı həmin çıxışlar hələ bir neçə ay əvvəl auditoriya qarşısında dilləri tutulan biznesmenlər tərəfindən söylənmişdi. Onlar heç də gələcək Siseronlar deyildilər, onlar Nyu-Cersi ştatının biznesmenləri idilər. Lakin, bununla belə, bir də gördülər ki, gözəl səhərlərin birində onlar öz şəhərlərinin ən yaxşı natiqləri sırasındadırlar.

Sizin natiq kimi uğurunuzun bütün perspektivi iki məqama dirənir: sizing təbii qabiliyyətləriniz və sizin məqsədə çatmaq istəyinizin dərinliyi və qüvvəsi.

“Demək olar, bütün sahələrdə, – deyir professor Ceyms, – öyrəndiyiniz işə münasibətdə coşqun maraq sizi xilas edəcəkdir. Əgər siz nəticəyə kifayət qədər qüvvə ilə can atırsınızsa, buna mütləq nail olacaqsınız. Əgər siz dövlətli olmaq istəyirsinizsə, dövlətli olacaqsınız, əgər siz alim olmaq istəyirsinizsə, alim olacaqsınız, əgər siz yaxşı olmaq istəyirsinizsə, yaxşı olacaqsınız.

Amma bircə siz, həqiqətən də, bunu və yalnız bunu istəməli, eyni zamanda eyni qüvvə ilə bir-birinə aidiyyəti olmayan yüz cür şeyə can atmamalısınız”. Və professor Ceyms eyni dərəcədə ədalətlə bunu da əlavə edə bilərdi: “Əgər siz natiq, özünə inamlı natiq olmaq istəyirsinizsə, siz elə də olacaqsınız, amma bunu, həqiqətən də, istəmək lazımdır”.

Mən özünə inam hissinə yiyələnməyə və ictimaiyyət qarşısında danışmağı öyrənməyə cəhd edən, hərfi mənada, minlərlə kişi və qadını diqqətlə müşahidə etmişəm.

Buna müyəssər olanların yalnız az bir hissəsi parlaq qabiliyyətlərə malik idi. Əksər hallarda bu, adi, sizin öz şəhərinizdə gördüyünüz kimi adamlar olub. Lakin onlar inadkar idilər. Belə də olurdu ki, daha qabiliyyətli adamların bu işə əlləri soyuyur, ya da pul dalınca qovhaqova başları həddən bərk qarışmışdı və buna görə də onlar xüsusi uğura nail olmurdular. Lakin xarakter və məqsədyönlülüyün yiyəsi olan orta təfəkkürlü adam əvvəl-axır qabağa çıxırdı.

Bu, tamamilə təbii və insana xas olan haldır. Məgər siz eyni hala kommersiya və professional fəaliyyətdə rast gəlməmisiniz? Ata Rokfeller deyirdi ki, biznesdə uğurun birinci və əsas şərti – səbirdir. Bu, eynilə bizim sahədə də uğurun əsas şərtlərindən biridir.

Marşal Foş dünyanın indiyə qədər gördüyü ən qüdrətli ordularından birini qələbəyə ruhlandırmışdı və o deyirdi ki, yalnız bir məziyyətə malik olub, heç vaxt ümidsizliyə qapılmayıb.

Fransızlar 1914-cü ildə Marneyə tərəf geri çəkiləndə general Joffr tabeçiliyində olan iki milyon əsgər və generallara hücumu dayandırmağı və geri çəkilməyə başlamağı əmr etdi. Dünya tarixində ən həlledicilərdən biri olan bu yeni döyüşün şiddətləndiyi vaxt Joffrun ordusunun mərkəzinə komandanlıq edən general Foş ona hərb tarixinə həkk olunmuş məktub göndərdi: “Mənim mərkəzim geri çəkilir. Mənim sağ cinahım geri çəkilir. Vəziyyət əladır. Hücum edəcəyəm”.

Həmin hücum Parisi xilas etdi.

Odur ki, ən çətin, hətta sizin mərkəzinizin çəkildiyi, sağ cinahınızın isə geriyə üz tutduğu bəlli olan ümidsiz vəziyyətə düşdüyünüz təsəvvürü yarananda da “vəziyyət əladır” demək lazımdır. Hücum edin! Hücum edin! Hücum edin və siz özünüzdə olan ən qiymətli şeyi xilas etmiş olarsınız – öz mərdliyinizi və özünüzə inamı.

“Vəhşi kayzer” zirvəsinə qalxmaq

Bir neçə il qabaq mən Avstriya Alplarında “Vəhşi kayzer” adını daşıyan zirvəyə qalxmağı qət etdim. “Əvvəldən deyilmişdi ki, bu, çətin zirvədir və həvəskar alpinistlərə bələdçi lazımdır. Bizim bələdçimiz yox idi, buna görə də bir nəfər bizdən uğur qazanacağımıza ümid edib-etmədiyimizi soruşdu.

– Əlbəttə, – deyə biz cavab verdik.

– Siz niyə belə fikirləşirsiniz? – təkrar soruşdu o.

– Başqaları axı bələdçisiz ötüşüb, – dedim mən, – deməli, bu, mümkün olan işdir, mən isə nədənsə yapışanda bunu heç vaxt məğlubiyyət fikriylə etmirəm.

Bir alpinist kimi mən ən zəif, naşı idim. Lakin insan nədən yapışsa da – bu qoy ictimaiyyət qarşısında çıxış etmək cəhdi və ya Everestin zirvəsinə hücum olsun – fərqi yoxdur, onun psixologiyası məhz elə bu cür də olmalıdır.

Uğur haqqında fikirləşin, özünüzü tam ələ almış halda auditoriya qarşısında danışan vəziyyətdə təsəvvür edin.

Bunu etmək tamamilə sizin iqtidarınızdadır. Öz uğurunuza inanın. Ona möhkəm inanın və onda siz uğura nail olmaq üçün zəruri olanı edəcəksiniz.

Admiral Dyupon öz artilleriyasını Çarston limanına nə üçün daxil etmədiyini əsaslandırmaq üçün yarım düjün ən inandırıcı səbəb gətirdi. Admiral Farraqut onun dediklərini axıra qədər diqqətlə dinlədi.

– Axı bir səbəb də var ki, siz onu heç xatırlamadınız, – deyə o qeyd etdi.

– Hansı? – soruşdu admiral Dyupon.

– Siz bunu edə biləcəyinizə inanmırdınız, – oldu cavab.

Tələbələrin çoxunun ictimaiyyət qarşısında çıxışlarda məşq etmək sayəsində əldə etdikləri ən dəyərli cəhət – bu, özünə inamın artması, özünün nəsə edə bilmək qabiliyyətinə inamının möhkəmlənməsidir. Bəs istənilən işdə uğura nail olmaq üçün bundan da vacibi ola bilərmi?

Qələbə çalmaq iradəsinin yiyəsi olun

Mən burada müdrik Elbert Habbarddan sitat gətirmək ləzzətindən özümü məhrum edə bilmirəm. Bircə əgər orta təfəkkürlü adam – kişi və ya qadın – onun özündə ehtiva etdiyi müdrikliyi mənimsəyə, yaxud praktikada tətbiq edərsə, həmin adam daha xoşbəxt olar, onun həyatı asanlaşar.

“Siz evdən çıxanda çənənizi dartın, başınızı dik tutun və dərindən nəfəs alın. Günəşin işığını özünüzə hopdurun, dostlarınızı təbəssümlə salamlayın və əllə hər dəfə görüşəndə bunu ürəkdən edin.

Diqqətli olun və qorxmayın ki, sizi düzgün başa düşməyəcəklər və öz düşmənləriniz barədə fikirləşərək dəqiqələri hədər sərf etməyin. Etmək istədiyinizi beyninizdə möhkəm bərkitməyə çalışın və onda siz kənara sapmadan düz məqsədə gedəcəksiniz.

Fikirlərinizi həyata keçirmək istədiyiniz böyük, faydalı işlərin üzərində cəmləyin və onda günlər keçdikcə siz öz istəyinizin yerinə yetməsi üçün tələb olunan imkanlardan mərcan polipi ona lazım olan maddələri dəniz suyundan götürən kimi, qeyri-şüuri surətdə istifadə edəcəksiniz. Oxşamaq istədiyiniz bacarıqlı, ciddi, faydalı adamın şəklini beyninizdə çəkin və bu fikir sizi saatbasaat həmin adama çevirəcəkdir…

Fikir hər şeydən yüksəkdədir. Düzgün əqli mövqeni qoruyub saxlayın – mərdlik, açıqlıq və həyatsevərlik. Düzgün fikirləşmək – deməli, yaratmaq deməkdir. Hər şey arzu-istək sayəsində gəlir və hər bir səmimi dua cavab alır. Biz ürəyimizin can atdığına bənzər oluruq. Çənənizi qabağa dartın və başınızı dik tutun. Biz – xrizalida görkəmində tanrılarıq”.

Napoleon, Vellinqton, Li, Qrant, Foş – böyük sərkərdələrin hamısı etiraf edirdi ki, uğuru hər şeydən çox müəyyən edən – ordunun qələbə iradəsi və qalib gəlmək bacarığına onun inamıdır.

“Doxsan min nəfər məğlub, – demişdi marşal Foş, – yalnız buna görə doxsan min nəfər qalibin qabağından geri çəkilir ki, onlar ruhdan düşüblər, artıq qələbəyə inanmırlar, çünki mənəvi düşkünlüyə qərq olublar, onların mənəvi müqaviməti qırılmışdır”.

Başqa sözlə, həmin doxsan min nəfər geri çəkilən əsgər fiziki cəhətdən darmadağın olmayıb – onlar buna görə məğlub olublar ki, mənəvi cəhətdən darmadağın ediliblər, ona görə məğlub olurlar ki, mərdliklərini və özlərinə inamı itiriblər. Belə bir ordu heç nəyə ümid edə bilməz. Belə bir adamın da ümid edəcəyi heç nə yoxdur.

ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş baş kapellanı Freyzer Birinci Dünya müharibəsi dövründə hərbi keşiş olmaq istəyən şəxslərlə söhbətlər aparırdı.

Hərbi donanmanın keşişi vəzifəsini uğurla yerinə yetirmək üçün hansı insani keyfiyyətlərin lazım olduğunu ondan soruşanda o cavab vermişdi: göylərin vergisi, başını itirməmək, dözüm və mərdlik.

İctimaiyyət qarşısında çıxışlarda uğur qazanmaq üçün də eyni keyfiyyətlər lazımdır. Onları öz deviziniz edin. Robert Servisin aşağıdakı şeiri qoy sizin döyüş himniniz olsun:

Əgər sən səhrada azmısansa,

Və dəhşət səni uşağı bürüyən kimi bürüyübsə,

Və ölüm sənin düz gözlərinə baxırsa,

Və sən qan içindəsənsə, onda belə hallarda olduğu kimi,

Qalır tətiyi çəkmək və… ölmək.

Lakin kişilik kodeksi deyir: “Sonadək mübarizə et!”

Və yoxdur özünü məhv etməyə haqqın sənin.

Sən ac və bezmiş olanda da…

Çətin deyil hər şeyə son qoymaq…

Şeytanın ağzına girmək çətindir.

Sən mübarizədən yorulmusan? Bu nə deməkdir, utan!

Sən cavansan, cəsarətlisən, ağıllısan.

Sənə çətin idi, bilirəm, lakin bezmək lazım deyil,

Qüvvəni topla, qeyri-mümkün olanı elə və mübarizə apar!

Gətirəcək inadkarlıq qələbəni sənə,

Odur ki, ruhdan düşmə, dost!

Öz mərdliyini cəmlə, təslim olmaq çətin deyil.

Başı dik tutmaq çətindir.

Döyüldüyünə görə inildəmək və ölmək asandır,

Geri çəkilmək və sürünmək daha asandır.

Amma döyüşmək, artıq ümid görünməyəndə

Döyüşmək lazımdır.

Bax budur – paxıllıq doğuran qismət!

Və sən qorxunc əlbəyaxadan

Döyülmüş, yarımcan, çapıqla örtülmüş halda çıxsan da,

Bir dəfə də cəhd elə. Ölmək asandır.

Sağ qalmaq çətindir.

Xülasə
  1. Biz heç vaxt heç nəyi öyrənmirik (bu lap qolf oyunu olsun, fransız dili və ya natiqlik sənəti), tədricən kamilləşirik. Biz irəli qəfil sıçrayışlar və kəskin yürüşlərlə hərəkət edirik. Məhz buna görə çox vaxt elə olur ki, biz bir neçə həftə ərzində bir yerdə dayanır və hətta mənimsədiyimiz vərdişlərin bir hissəsini itiririk.
  2. Psixoloqlar staqnasiyanın bu mərhələsini “hazırlıq əyrisində plato” adlandırırlar. Biz uzun müddət inadkarcasına işləyə bilərik və bununla belə, bu cür “platodan” tərpənə və yüksəlişi davam etdirə bilmərik. Bəzi adamlar bu özünəməxsus təzahür barədə xəbərsiz olduqlarından bu cür “platolarda” ruhdan düşür və səylərini dayandırırlar.
  3. Bu çox kədərlidir, axı onlar işləməkdə davam etsəydilər, qəfildən aşkar edəcəkdilər ki, təyyarə tək yuxarı şığıdılar və qəfildən qısa vaxt ərzində çox böyük uğur qazandılar.
  4. Siz nitqin lap başlanğıcı ərəfəsində əsəbi həyəcan keçirmədən, ola bilsin ki, heç vaxt çıxış etməyəcəksiniz. Lakin siz inadkarlıq göstərmiş olarsınızsa, tezliklə bütün qorxulardan yaxa qurtaracaqsınız – bircə başlanğıcda olandan başqa. O da nitqinizi başlayandan bir neçə saniyə sonra yox olacaqdır.
  5. Professor Ceyms bildirir ki, gənc adamlar özlərinin elmləri mənimsəmək qabiliyyətlərinə şübhə etməməlidirlər. Əgər tələbə vicdanla məşğul olarsa, “o, biliklərin hansı sahəsini seçmiş olsa da, gözəl səhərlərin birində yuxudan oyanaraq öz nəslinin ən kompetent adamlarından birinə çevrildiyini görəcəyinə tamamilə ümid edə bilər”.
  6. Bu, Harvard Universitetinın məşhur alimi tərəfindən bəyan edilmiş psixoloji həqiqət eynilə sizə və sizin danışmağı öyrənmək istəyinizə aiddir. Bunda heç bir şübhə ola bilməz.

Bu sahədə nailiyyətlər əldə etmiş adamlar, bir qayda olaraq, qeyri-adi qabiliyyətlərin sahibi olmurdular. Onlar inadkarlığa və əyilməz qətiyyətə malik idilər. Onlar geri çəkilmir və məqsədə çatırdılar.

  1. Natiqlik sənətində uğurunuz barədə fikirləşin. Onda siz uğura nail olmaq üçün zəruri olanı edəcəksiniz.
  2. Əgər siz ruhdan düşərsinizsə, Teddi Ruzvelt kimi Linkolnun portretinə baxmağa və eynilə bu cür şəraitdə Linkolnun nə edəcəyini özünüzdən soruşmağa cəhd edin.
  3. ABŞ Hərbi Dəniz Qüvvələrinin baş kapellanı Birinci Dünya müharibəsi dövründə demişdi ki, hərbi keşişin uğurla çalışması üçün zəruri olanlar bunlardır: göylərin vergisi, başını itirməmək, dözüm və mərdlik.
Yaxşı çıxışın sirri

Birinci Dünya müharibəsi qurtarandan dərhal sonra mən Londonda iki qardaşla: Ross Smit və Kit Smitlə tanış oldum. Onlar lap yenicə Londondan Avstraliyaya təyyarə ilə birbaşa uçuş həyata keçirmişdilər, əlli min dollar mükafat almışdılar, bütün Britaniya imperiyasında sensasiya doğurmuşdular və kral tərəfindən zadəgan adı ilə təltif olunmuşdular.

Tanınmış kinooperator, kapitan Herli çəkilişlər apara-apara uçuşun bir hissəsini onlarla keçirmişdi. Mən onlara uçuş haqqında illüstrasiyalı mühazirə hazırlamaqda kömək edirdim və onlara auditoriya qarşısında çıxış etmək sənətini öyrədirdim. Onlar dörd ay ərzində Londonda, filarmoniyanın zalında çıxış etdilər. Onlardan biri gündüz, o biri axşam vaxtı çıxış edirdi.

Hər ikisində təəssüratlar eyni cür idi: təyyarədə yanaşı oturaraq onlar Yer kürəsinin yarısını dövrə vurmuşdular. Onlar sözbəsöz eyni şeyləri deyirdilər, lakin onların mühazirələrinin eyni cür olduqları təsiri nə üçünsə yaranmırdı.

Hər bir çıxışda sözdən başqa da nə isə var və həmin nə isə çox əhəmiyyət kəsb edir. Bu, individuallığın izidir. “Məsələ heç o qədər də sizin nə deməyinizdə yox, bunu necə deməyinizdədir”.

Bir dəfə mən konsertdə bir cavan qadının yanında əyləşmişdim və bu qadın notlar üzrə Şopenin “Mazurka”sını ifa edən Paderevskinin çıxışını diqqətlə izləyirdi. Qadın sarsılmışdı. O başa düşə bilmirdi. Paderevski eynilə qadın özü bu əsəri çalarkən götürdüyü notları götürürdü, lakin özünün ifası adi idi, onun isə – ilhamlı, heyrətamiz dərəcədə gözəl.

Paderevski auditoriyanı valeh etmişdi. Məsələ təkcə onun götürdüyü notlarda yox, həm də onun həmin notları necə götürməsində, hisslərdə, artistlikdə, ifaya qoyduğu şəxsi məlahətdə idi və ortabab və dahi arasında fərq də elə bundadır.

Böyük rus rəssamı Bryullov bir dəfə şagirdinin etüdünə düzəliş edir. Düzəldilmiş şəklə heyrətlə baxan şagird deyir:

– Siz yalnız azacıq toxundunuz və tamam başqa bir şey oldu!

– Sənət həmin bu azcadan başlayır, – deyə Bryullov cavab vermişdi.

Bu, rəssamlıq və Paderevskinin ifası ilə bağlı nə qədər ədalətlidirsə, o qədər də natiqlik sənəti üçün ədalətlidir.

Eyni şey adam sözləri tələffüz edəndə də baş verir. İngilis parlamentində

belə bir köhnə məsəl dəbdədir ki, məsələ nə barədə danışıldığında yox, bunun haqqında necə danışıldığındadır. Kvintilian bunu lap çoxdan, İngiltərə hələ Romanın əyalət müstəmləkələrindən biri olduğu dövrdə demişdi.

Köhnə məsəllərin əksəriyyəti kimi bunu cum grano salis qəbul etmək lazımdır; lakin, bununla belə, yaxşı təqdim olunarsa, çox zəif çıxış böyük təəssürat yarada bilər. Kolleclərdə keçirilən müsabiqələrdə mən tez-tez görürdüm ki, ən yaxşı materialı olan natiq heç də həmişə qələbə çalmır.

Daha çox qalib o kəs olurdu ki, o, başqalarından yaxşı danışmağı bacarır və onun materialı başqalarının materialından daha yaxşı səsləndirilirdi.

“Nitqdə üç şey əhəmiyyət kəsb edir, – deyə bir dəfə lord Morli bildirmişdi, – kim danışır, necə danışır və nə danışır. Və bu üç şeydən ən az əhəmiyyət kəsb edəni üçüncüdür”. Bu, şişirtmədir? Bəli, lakin onun arxasından həqiqətin işığı süzülür.

Edmund Berk məntiq, arqumentasiya və quruluşuna görə o qədər kamil nitqlər yazırdı ki, bunları indi onun ölkəsinin kolleclərinin yarısında klassik nümunələr kimi öyrənirlər. Lakin Berk heç yerə yaramayan natiq idi.

O, öz fikir dürlərini təqdim eləmək, onları maraqlı və inandırıcı etmək qabiliyyətinə malik deyildi. Buna görə də İcmalar Palatasında onu “nahar zəngi” adlandırırdılar. O, tribunaya qalxanda palatanın üzvləri öskürməyə başlayır, ayaqlarını döyəcləyir və zalı topa-topa tərk edirdilər.

Əgər siz polad gilizli gülləni bir kəsə var gücünüzlə atsanız, onun heç paltarını da cırmayacaqsınız. Lakin siz barıtı donuz piyindən hazırlanmış şamın oduna tutarsınızsa, siz həmin güllə ilə şam taxtasını deşə bilərsiniz. Təəssüflə deməliyəm ki, donuz piyindən şam tipli bir çox çıxışlar polad gilizli, lakin ləms halda deyilən nitqlərdən güclü təəssürat yaradır.

Buna görə də öz danışıq maneranıza çox ciddi göz qoyun.

Çıxış etmək manerası nədir

Universal mağaza sizin aldığınız malı çatdıranda nə edir? Məgər sürücü paketi sizin həyətinizdə ataraq çıxıb gedir? Məgər nəyisə çatdırmaq – onu təqdim etməklə eynidir? Teleqramı gətirən poçtalyon onu bilavasitə ünvanlandığı adama çatdırır. Bəs bu, natiqlərin hamısına müyəssər olurmu?

Mənə izin verin, çıxış edən minlərlə adam üçün tipik olan bir nümunə göstərim.

Bir dəfə necə oldusa, Myurrendə, İsveçrə Alplarındakı yay kurortunda dincəlirdim. Mən Londonun bir kompaniyasına məxsus olan hoteldə yaşayırdım və həmin kompaniya qonaqların qarşısında çıxış etmək üçün, adətən, iki lector göndərirdi. Əvvəl tanınmış ingilis yazıçı xanımı gəldi. O, “Romanın gələcəyi” mövzusunda danışırdı.

O etiraf etdi ki, mövzunu özü seçməyib və belə alındı ki, haqqında danışdıqları özünü bunlar haqda danışmağa dəyməyən qədər az maraqlandırırdı. O, tez-tələsik hansısa ayrı-ayrı qeydləri səsləndirdi və dinləyicilərin qarşısında onlara heç bir maraq göstərmədən, gah onların başı üstündən, gah öz qeydlərinə, gah da döşəməyə baxa-baxa dayanmışdı. O, öz sözlərini elə bil havasız məkana monoton səslə, laqeyd görkəmlə tullayırdı.

Belə çıxış etmək, ümumiyyətlə, çıxış etməmək deməkdir. Bu, öz-özünlə söhbətdir. Və dinləyicilərlə heç bir kontakt yoxdur. Yaxşı çıxış üçün isə ən əsası – məhz auditoriya ilə kontaktın hiss olunmasıdır. Dinləyicilər hansısa ismarışın bilavasitə natiqin beynindən və ürəyindən onların şüuruna və ürəklərinə çatdırıldığını hiss etməlidirlər.

İndicə qələmə aldığım nitq eyni müvəffəqiyyətlə qumlu susuz Qobi səhrasında da söylənə bilərdi. Və həqiqətən də, nitq elə səslənirdi ki, sanki canlı adamlar qrupu qarşısında deyil, belə bir yerdə səslənir.

Materialın təqdim olunması eyni vaxtda həm çox sadə, həm də mürəkkəb prosesdir. Bu prosesi çox vaxt yanlış başa düşür və yanlış həyata keçirirlər.

Yaxşı çıxışın sirri

Yaxşı çıxışın necə olmalı olduğu barədə çoxlu cəfəngiyat və boş laqqırtı yazılıb. Onu hər cür qaydalar və rituallarla hörüb-toxuyub və ona nə isə sirlilik veriblər. Köhnədəbli elokvensiya – bu dəhşət, ilahi və insani olana söyüş nitqə yöndəmsiz görkəm verirdi.

Kitabxanaya və ya kitab mağazasına yollanan işgüzar adamlar orada natiqlik sənəti haqda tamamilə yararsız olduğu bəlli olan kitablar tapırlar. Başqa sahələrdə nail olunan tərəqqiyə baxmayaraq, bəzi şagirdləri indinin özündə də Vebsterin və İnqersollun yüksək bəlağətli, bizim dövrümüzün ruhundan uzaq olan köhnəlmiş nitqlərini deklamasiya etməyə məcbur edirlər.

Vətəndaş müharibəsi dövründən etibarən ABŞ-da ictimaiyyət qarşısında çıxışların tamamilə yeni məktəbi meydana çıxmışdır. Nitq zamanın ruhuna müvafiq olaraq teleqram kimi sadə və aydın olmuşdur. Müasir auditoriya nə vaxtsa dəbdə olan söz atəşfəşanlığına dözməyəcəkdir.

Müasir auditoriya – qoy işgüzar iclasda toplaşan on beş və ya tentin altında min nəfər olsun – istəyir ki, natiq şəxsi söhbətdə olduğu kimi sadə və sanki bir nəfərlə danışdığı manerada çıxış etsin.

Həmin manerada, amma həmin səs gücü ilə yox, əks-təqdirdə, onu, sadəcə olaraq, eşitməyəcəklər. Qırx nəfər dinləyicinin qarşısında çıxış edən natiq təbii təsir bağışlamaq üçün bir nəfərlə söhbət etdiyindən qat-qat çox enerji sərf etməlidir. (Eyni prinsip üzrə, binanın damında qoyulan heykəlin də ölçüləri böyük olmalıdır ki, yerdə dayanan müşahidəçi onu adi ölçülü fiqur kimi qəbul edə bilsin.)

Mark Tven Nevadada filiz yataqlarından birində mühazirəsini başa çatdıranda qoca qazmaçılardan biri ona yaxınlaşdı və soruşdu:

“Bu, sizin danışığınızın təbii manerasıdır?”

Auditoriyaya məhz bu lazımdır: bir qədər həyəcanlı “təbii danışıq manerası”. Birləşmiş xeyriyyə fondunun iclasında dəqiqliklə elə danışın ki, elə bil Con Henri Smitin özü ilə danışırsınız. Axı fondun üzvləri – onlar Con Henri Smitlərin cəmindən başqa bir şey deyildir. Həmin kişi və qadınlarla ayrı-ayrılıqda söhbət əsnasında yerinə düşən fəndlər onlarla kollektiv kimi söhbətdə məgər işə yaramır?

Mən indicə bir yazıçı xanımın çıxışını qələmə almışdım. Bu xanımın çıxış etdiyi elə həmin zaldaca mənə bir neçə gündən sonra məşhur fizik cənab Oliver Lodcu dinləmək həzzi qismət oldu. Onun mövzusu “Atomlar və aləmlər” idi. O, buna yarım əsrdən çox düşüncə və zəhmətini, təcrübə və tədqiqatlarını həsr etmişdi.

Dedikləri onun ürəyindən, beynindən gəlirdi, onun həyatının bir hissəsi idi, bu, onun demək çox istədiyi bir şey idi. O, tamamilə unutmuşdu ki (mən buna görə Tanrıya minnətdarlıq edirdim), dinləyicilərə yalnız atomlar haqqında danışmaq, dəqiq, aydın və inandırıcı şəkildə danışmaq lazımdır. O, səmimiqəlbdən çalışırdı ki, biz onun gördüklərini görək və onun duyduqlarını hiss edək.

Və nəticə necə oldu? O, əla məruzə etdi. Bunda həm məlahət, həm də qüvvə var idi. Lodc istisnasız olaraq istedadlı natiq idi. Lakin mən bunda əminəm ki, o özünü natiq hesab etmirdi. Mən əminəm ki, ona qulaq asanlardan yalnız çox azı onu natiq hesab edirdi.

Əgər siz, bu kitabın oxucuları, ictimaiyyət qarşısında çıxış edərkən dinləyicilər sizin natiqlik sənətini öyrəndiyinizi hiss edəcəklərsə, bununla müəllifə şərəf gətirməyəcəksiniz. Müəllif sizin o qədər təbii danışmağınızı istəyərdi ki, hazırlıq keçdiyiniz dinləyicilərinizin heç ağlına da gəlməsin. Yaxşı pəncərə özünə diqqət cəlb eləmir. O yalnız işığı keçirir. Yaxşı natiq də belədir. O, elə təbiidir ki, onun danışıq manerası dinləyicilərin nəzərinə çarpmır, onlar yalnız haqqında söhbət gedən predmeti görürlər.

Henri Fordun sirri

“Fordun maşınlarının hamısı tamamilə eynidir, – deyərdi onların yaradıcısı, – lakin tamamilə eyni iki adam mövcud deyil. Hər bir yeni həyat – günəşin altında nə varsa, digəri ilə eyni deyildir, bu, əvvəllər də dəqiqliklə eyni olmamış və bundan sonra da heç vaxt olmayacaqdır. Cavan insan özünə məhz belə də baxmalıdır – o, özünü başqa adamlardan fərqləndirən individuallığının həmin o yeganə qığılcımını axtarmalı və onu bütün qüvvəsi ilə alovlandırmalıdır.

Cəmiyyət və məktəb həmin qığılcımı söndürməyə cəhd edə bilər, onlar hamının başını bir daraqla qırxmaq istəyirlər, mən isə deyirəm: qığılcımın sönməsinə imkan verməyin – bu, sizin mühüm rol oynamaq üçün yeganə dayağınızdır”.

Bu, auditoriya qarşısında çıxış edən natiqə münasibətdə ikiqat düzgündür. Dünyada sizin kimi, sizinlə eyni olan ikinci bir adam yoxdur. Yüz milyonlarla adamın iki gözü, burnu və ağzı var, lakin onların heç birinin görkəmi dəqiqliklə sizing kimi deyil; onlardan heç biri dəqiqliklə sizin sifət cizgilərinizə, sizdə olan təfəkkür tərzinə malik deyildir.

Ola bilər ki, onlardan az bir qismi sizin kimi danışa və öz fikirlərini ifadə edə bilər – əgər siz təbii danışarsınızsa. Başqa sözlə, sizin individuallığınız var. Bu, sizin üçün natiq olaraq ən dəyərli sərvətdir. Ondan bərk yapışın. Onu bəsləyin. İnkişaf etdirin onu.

Bu, sizin nitqinizə qüvvə və səmimilik gətirəcək həmin qığılcımdır. “Bu, mühüm rol oynamaq üçün sizin yeganə əsl dayağınızdır”.

Cənab Oliver Lodc ona görə başqaları kimi danışmırdı ki, özü başqaları kimi deyildi. Bu adamın danışmaq manerası onun saqqalı və daz başı kimi individuallığının bir hissəsi idi. Əgər o, Lloyd Corcu təqlid etməyə çalışsaydı, onun nitqi qəlp səslənərdi, heç nə alınmazdı.

Amerikada nə vaxtsa baş tutan ən məşhur diskussiya 1858-ci ildə senator Stiven Duqlas və Avraam Linkoln arasında İllinoysun preriyalarında yerləşən şəhərlərdə yer almışdı. Linkoln hündürboylu və hərəkətləri yöndəmsiz idi. Duqlas bəstəboy və eleqant idi.

Bu adamların xarakterləri, əqli qabiliyyətləri və təbiətləri də onların zahiri görkəmləri kimi müxtəlif idi.

Duqlas mədəni, yüksək dairələrin adamı idi. Linkoln isə ayağında təkcə corabla qonaqları qarşılamaq üçün eyvana çıxmağa qadir olan qadir olan insanlara bənzəyirdi.

Duqlasın jestləri incə idi, Linkolnun jestləri isə – köntöysayağı. Duqlas yumor hissindən tamamilə məhrum idi. Linkoln isə lətifələri bənzərsiz ləzzətlə danışırdı.

Duqlas müqayisələrə çox nadir hallarda əl atardı, Linkoln analoqiya və nümunələrdən həmişə istifadə edirdi. Duqlas yekəxana və hökmlü idi. Linkoln – təvazökar və qəlbiyumşaq. Duqlasda canlı, parlaq ağıl var idi, Linkolnda əqli proses əhəmiyyətli dərəcədə yavaş gedirdi. Duqlas qasırğanın yeli kimi sürətli idi, Linkolnsa daha sakit, dərin və ehtiyatlı.

Bu xadimlərin hər ikisi tamamilə müxtəlif olsa da, yaxşı natiq idi. Çünki onların öz individuallıqlarını qoruyub saxlamağa onlardakı mərdlik və sağlam təfəkkür kömək etmişdi. Əgər onlardan biri o birisini təqlid etməyə çalışsaydı, onda o, şaqqıltı ilə yıxılardı. Lakin öz istedadlarından tam həcmdə istifadə edərək hər ikisi orijinal və güclü oldu. Onları siz də təqlid etməyə çalışın.

Bu cür məsləhətlər vermək asandır, bəs onlara riayət etmək də asandır? Sözsüz ki, xeyr. Marşal Foş hərbi sənət haqqında dediyi kimi, “onun mahiyyəti kifayət qədər sadədir, lakin, bədbəxtçilikdən, onu həyata keçirmək mürəkkəb işdir”.

Auditoriya qarşısında təbii olmaq üçün praktika lazımdır. Aktyorlar bunu bilirlər. Dörd yaşında balaca uşaq olanda siz əgər cəhd etsəydiniz, çox güman, estradaya dırmaşa və dinləyicilərə “təbii” surətdə nə isə danışa bilərdiniz.

Amma iyirmi dörd və ya qırx dörd yaşında, onda necə, siz tribunaya qalxanda, danışmağa başlayanda nə baş verə bilər? Siz həmin, dörd yaşınız olan vaxtdakı təlatümsüz təbiiliyinizi qoruyub saxlaya biləcəksinizmi? Ola bilsin, lakin mərc qoşmağa hazıram ki, buxovlanmış halda olacaqsınız, öz səsinizlə danışmayacaqsınız və ilbiz kimi öz evinizdə gizlənəcəksiniz.

Adamlara öz fikirlərini ifadə etməyi öyrətmək onlara hansısa əlavə keyfiyyətlər vermək deyildir. Bu proses əsas etibarilə buxovlanmanı aradan qaldırmaqdan, adama özünü sərbəst hiss etməkdə, onu küçədə kimsə vurub yerə yıxanda olduğu kimi təbii danışmağa kömək eləməkdən ibarətdir.

Yüz dəfələrlə olub ki, mən danışanı saxlayır və ona yalvararaq “adam kimi danışmağı” xahiş etmişəm. Yüz dəfələrlə olub ki, dinləyicilərimi “adam kimi” danışmağa və onları təbii olmağa məcbur etmək cəhdlərindən evə yorğun və əsəbi cəhətdən tükənmiş halda qayıtmışam. İnanın mənə, bu, göründüyü qədər də asan deyil.

Və bu, affektar təbiiliyə yiyələnməyin dünyada yeganə üsulu – təcrübə keçməkdir. Və siz təcrübə keçəndə və buxovlanmış manerada danışdığımızı hiss edəndə dayanın və kəskin şəkildə özünüzə deyin:

“Eşit, nə baş verir? Ayıl. Adam ol!” Sonra isə auditoriyada bir kəsi, arxada əyləşən bir kəsi, tapa bildiyiniz ən adi zahiri görkəmi olan bir kəsi seçin və ona müraciət edərək danışın. Çıxış etdiyiniz yerdə başqa adamların olduğunu unudun. Həmin adamla söhbət edin. Təsəvvür edin ki, o, sizə sual verib, siz isə ona cavab verirsiniz.

Əgər o ayağa qalxıb sizə müraciət etsəydi və siz ona cavab verməli olsaydınız, bu, sizi dərhal və qaçılmaz olaraq şəxsi söhbət tonunda, daha təbii, daha sadə danışmağa vadar edəcəkdi.

Buna görə də təsəvvür edin ki, bu məhz elə belədir.

Siz belə bir fənd tətbiq edə bilərsiniz: həqiqətən də, sual vermək və onları cavablandırmaq. Məsələn, çıxışınızın ortasında soruşun: “Bunu necə sübut edəcəyimi siz bilmək istəyirsinizmi? Mənim inandırıcı sübutlarım var, budur onlar…” Ardınca da təsəvvür etdiyiniz suallara cavab verin. Bu cür şeyləri çox təbii surətdə etmək olar. Bu, danışığın monotonluğunu pozar, çıxışın qavranmasını daha asanlaşdırar, nitqi xoş və canlı edər.

Səmimilik, ruh yüksəkliyi və dərin inamınız da sizə kömək edər.

Adam öz hisslərinin təsiri altında olanda onun əsl mahiyyəti üzə çıxır. Bəndlər dağılır. Onun emosiyalarının alovu bütün maneələri yandırır. O, sərbəst və təbii danışır.

Beləliklə, materialın ifadə olunma manerası haqqında sualı müzakirə edərək biz kitabın əvvəlki səhifələrində artıq dəfələrlə qeyd etdiyimiz bu qənaətə gəlirik: çıxışa qəlbinizi qoymaq lazımdır.

“Dostumun bir dəfə Londonda kilsədə keçirilən mərasimdə iştirak etdiyi haqqında danışdığını, – deyə dekan Braun Yel İlahiyyat Məktəbində moizə sənəti haqqında oxuduğu mühazirədə söyləmişdi, – heç vaxt unutmayacağam. Moizəçi Corc Makdonald idi. Həmin səhər o, Müqəddəs Kitabdan mətn qismində yəhudilərə ismarışın on birinci fəslini oxumuşdu. Moizəni söyləmək vaxtı gələndə o dedi:

“Siz bu şərəfli insanlar haqqında eşitmisiniz. Mən sizə imanın nə olduğunu izah etməyə çalışmayacağam. İlahiyyat professorları bunu məndən yaxşı edərlər. Mən bura gəlmişəm ki, sizə inanmaqda kömək edim”.

Bunun ardınca isə bu adamın əbədi həqiqətlərə inamının o qədər sadə, hissiyyatlı və möhtəşəm nümayişi gəldi ki, öz dinləyicilərinin hamısının beyninə

və qəlbinə onu asanlıqla gətirdi. Çünki o, dediklərinə qəlbini qoydu, dedikləri onun özünün daxili həyatının əsl gözəlliyinə əsaslanırdı.

“O qəlbini qoydu”. Məhz bundadır sirr. Lakin mən bilirəm ki, belə məsləhətlər o qədər də işə yaramır. Onlar qeyri-aydın, qeyri-müəyyən təsir bağışlayır.

Tələbə aydın və anlaşılan məsləhətlər istəyir, ona müəyyən, əli ilə yapışa biləcəyi nə isə lazımdır. Ona eynilə avtomaşını sürmək qaydaları kimi qaydalar lazımdır.

Onun istədiyi bax budur və mən ona bunu vermək istəyərdim. Onda ona asan olardı və mən də yüngülləşərdim. Belə qaydalar mövcuddur, lakin onların xırda bir çatışmazlığı var: onlar təsir göstərmirlər. Onlar nitqi hər cür təbiilikdən, sərbəstlikdən məhrum edir, onu cansız və quru edir. Bu, mənə yaxşı bəllidir, cavan illərimdə mən onlara riayət etməyə cəhd edərək əbəs yerə çoxlu enerji sərf etmişəm. Onlar bu səhifələrdə olmayacaqdır.

Coş Billinqs şən vaxtında qeyd etdiyi kimi, “belə çox şey bilməyin mənası yoxdur, əgər onlar göründüyü kimi deyillərsə”.

Kütləvi nitqlərdə bu qaydalardan istifadə edirsinizmi?

İndi biz çıxışa təbiilik verən bir neçə fəndi nəzərdən keçirəcəyik ki, onlar sizin üçün daha aydın, daha canlı olsun. Mən bunu etməyin lazım olduğunda tərəddüd edirdim, amma dəqiq deyə bilərəm ki, kimsə deyəcək: “Ah, deməli, məsələ bundadır!..

Bircə gərək özünü buna məcbur edəsən və onda hər şey də qaydasında olacaq”. Xeyr, bu, elə deyil. Əgər siz özünüzü MƏCBUR ETSƏNİZ, nitqiniz taxta kimi quru və mexaniki olacaqdır.

Siz dostlarınızla söhbətlərdə bu qaydaların əksər hissəsini hələ dünən – bunu naharı necə həzm edirsinizsə, o cür də qeyri-şüuri surətdə tətbiq etmisiniz. Onları bax elə bu cür də tətbiq etmək lazımdır. Başqa üsul yoxdur. Və kütləvi nitqlərdə bu, sizin, artıq deyildiyi kimi, təcrübə toplama prosesində köməyinizə gələcəkdir.

Birincisi, mühüm sözləri vurğulayın və mühüm olmayanları ona tabe etdirin

Danışıqda biz sözdə yalnız bir hecanı vurğulayırıq, qalanını isə ötəri, onları tez, taksinin bir topa avaranın yanından keçib getdiyi kimi ötüb-keçməyə çalışırıq. Məsələn, MassaÇUsets, bədBƏXTlik, ətRAfımız. Demək olar ki, eyni şey cümlə ilə də baş verir. Bir və ya iki söz cümlənin üzərində Nyu-Yorkda Beşinci avenyudakı “Empayr Steyt Bildinq” göydələni kimi yüksəlir.

Mən heç də hansısa qəribə, yaxud qeyri-adi təzahürü qələmə almıram.

Qulaq verin. Siz bunu ətrafınızda həmişə eşidə bilərsiniz. Siz özünüz bunu hələ dünən yüz dəfələrlə və hətta min dəfələrlə etmisiniz. Siz, heç bir şübhə yoxdur ki, bunu sabah yüz dəfə edəcəksiniz.

Misal göstərim. Aşağıdakı sitatı oxuyun, iri hərflərlə çap olunmuş sözləri vurğu ilə səsləndirin və qalanlarının üstündən ötəri keçin. Nə alınacaq?

“Yapışdığım hər şeydə MƏN UĞUR QAZANIRDIM, çünki mən bunu İSTƏYİRDİM.

MƏN HEÇ VAXT TƏRƏDDÜD ETMƏMİŞƏM və bu, mənə hamıdan çox ÜSTÜNLÜK verdi”.

Napoleon

Bu sətirləri yalnız bu cür yox, başqa cür də oxumaq olar. Ola bilsin ki, başqa bir natiq onları fərqli səsləndirmiş olsun. İfadəli olmaq üçün dəmir qaydalar mövcud deyildir. Hər şey şəraitdən asılıdır.

Aşağıdakı sətirləri hündürdən oxuyun – ifadəli, fikri aydın və inandırıcı etməyə çalışaraq. Məgər siz bunda əmin olmayacaqsınız ki, mühüm sözləri qeyd edir və digərlərinin üzərindən ötəri keçirsiniz.

Əgər sən özünü darmadağın olmuş hesab edirsənsə, sən, həqiqətən də, darmadağın edilmisən.

Əgər sən fikirləşirsən ki, cürət etməyəcəksən, deməli, cürət etməyəcəksən.

Əgər sən udmaq istəyirsənsə, lakin bunu edə bilməyəcəyini fikirləşirsənsə, onda, demək olar ki, dəqiq uduzacaqsan.

Həyatın döyüşlərində qalib gələn həmişə ən güclü və ya ən sürətli olmur,

Lakin tez və ya gec qalib gələn, bunu bacaracağını hesab edən olur.

Anonim müəllif

“Xarakterin möhkəm, qətiyyətli olmaqdan vacib cizgisi, görünür, mövcud deyildir. Qüdrətli adam olmaq istəyən və ya bu həyatda bu və ya başqa cür öz izini qoymaq istəyən yeniyetmə yalnız minlərlə maneəni adlamağı qət etməməli, həm də minlərlə uğursuzluq və məğlubiyyətə baxmayaraq, qalib gəlməlidir”.

Teodor Ruzvelt

İkincisi, səsinizin tonunu dəyişin

Sizin səsinizin tonu söhbət əsnasında daim dəyişir: gah yüksəlir, gah enir, gah da yenə qalxır. O, dənizin səthi kimi daim təlatümdədir. Niyə? Heç kim bilmir və bu, heç kimi maraqlandırmır. Effekt yaxşı alınır və bu, təbiidir. Bizə bunu öyrənmək heç vaxt lazım gəlməyib – bu, bizə hələ uşaqlıq vaxtımızda, bizim iradəmizdən kənar, öz-özünə gəlmişdi.

Lakin biz, işdir, auditoriya qarşısında danışmağa çıxsaq, ola bilsin ki, bizim səsimiz Nevadadakı şoranlıq səhrası kimi darıxdırıcı, yastı və yeknəsəq olsun.

Əgər görsəniz ki, monoton səslə danışırsınız – adətən, hündür səslə – bir saniyəlik dayanın və özünüzə deyin: “Sən elə bil heykəl kimi danışırsan. Bu adamlarla SÖHBƏT ELƏ. Adam kimi danış. Özünü təbii apar”.

Bu cür özünətəlqin sizə kömək edəcəkmi? Ola bilər ki, bir az kömək etsin.

Pauza öz-özlüyündə faydalı olacaqdır. Siz təcrübi yolla özünüzə xilas yolu işləyib hazırlamalısınız.

Səsinizi qəfildən endirmək və yüksəltməklə siz özünüzün seçdiyiniz istənilən cümlə və ya sözün ümumi fonda, bağınızdakı həmişəyaşıl dəfnə ağacı kimi seçilməsinə nail ola bilərsiniz. Məşhur bruklinli keşiş-konqreqasionalist, doctor S.Parks Kedmen bunu tez-tez edirdi. Eyni şeyi cənab Oliver Lodc, eləcə də Brayan edirdi. Həmin şeyi Ruzvelt də edirdi.

Demək olar ki, hər bir yaxşı natiq bu cür hərəkət edir.

Aşağıda göstərilən nümunələri oxuyarkən qeyd olunmuş sözləri səsinizi əhəmiyyətli qədər endirərək oxumağa çalışın. Sizdə nə alınacaq?

“Mənim yalnız bir məziyyətim var – heç vaxt naümid olmuram!”

Marşal Foş

“Təhsilin ən böyük məqsədi – bilik yox, hərəkətdir”.

Herbert Spenser

“Mən səksən altı il yaşamışam. Mən adamların, yüzlərlə adamın uğurun zirvəsinə necə qalxdığını görmüşəm. Uğur qazanmaq üçün zəruri olan elementlərin hamısından ən vacibi, ən əsası – inamdır”.

Kardinal Gibbons

Üçüncüsü, nitqinizin tempini dəyişin

Balaca uşaq danışanda, yaxud biz adi söhbət edəndə nitqin tempi daim dəyişir. Bu xoşa gəlir. Bu, təbiidir. Bu, qeyri-şüuri surətdə baş verir. Bu, ifadəlilik verir. Bu, mahiyyət etibarilə hansı isə bir fikri fərqləndirməyin ən yaxşı üsullarından biridir.

Uolter B.Stivens yazdığı, Missuri ştatının Tarix Cəmiyyəti tərəfindən nəşr etdirilmiş “Linkoln reportyorun gözü ilə” kitabında danışır ki, Linkoln öz sözlərinə xüsusi inandırıcılıq gətirmək istəyəndə onun istifadə etdiyi sevimli metodlarından biri belə idi.

“O, bir neçə sözü çox tez səsləndirir, qeyd etmək istədiyi sözə və ya cümləyə çatanda isə nitqini yavaşıdır və həmin sözü təzyiqlə deyir, ardınca isə ildırım sürətiylə cümləni tamamlayırdı…

Bu cür metod mütləq diqqəti cəlb edir. Misal gətirim. Mən cardinal Gibbonsun aşağıda göstərilən fikrini ictimaiyyət qarşısında çıxışlarımda tez-tez sitat gətirirdim. Mən mərdlik ideyasını qeyd etmək istəyirdim və buna görə də qeyd olunmuş sözlərdə nitqimi yavaşıdır, onları elə səsləndirirdim ki, sanki özüm də onların təəssüratı altındayam və bu elə bu cür idi. Bu sitatı, lütfən, hündürdən, elə həmin metodu tətbiq etməklə oxuyun və bundan nə alınacağına baxın.

Ölümündən bir qədər əvvəl kardinal Gibbons demişdi:

“Mən səksən altı il yaşamışam. Mən adamların, yüzlərlə adamın zirvəyə necə qalxdığını görmüşəm. Uğura nail olmaq üçün zəruri olan elementlərin hamısından ən əsas olanı inamdır. Heç kim möhtəşəm bir şey həyata keçirə bilməz, əgər onda mərdlik yoxdursa”.

“Otuz milyon dollar” sözlərini sürətlə və saymazyana səsləndirməyə cəhd edin ki, məbləğin çox kiçik olduğu təəssüratı yaransın. İndi isə yavaş-yavaş, hisslə “otuz min dollar” deyin, elə deyin ki, sanki siz bu məbləğin iri olmasından sarsılmısınız. Məgər sizdə belə alınmadı ki, otuz min otuz milyondan böyük təsir bağışladı?

Dördüncüsü, mühüm fikirlərdən əvvəl və sonra pauza saxlayın

Çox vaxt elə olurdu ki, Linkoln nitqinin ortasında dayanırdı. Mühüm ideyaya yaxınlaşanda və onun öz dinləyicilərinin şüuruna dərin sirayət etməsini istəyəndə Linkoln qabağa əyilir və müəyyən vaxt ərzində heç nə demədən onların düz gözlərinə baxırdı. Bu qəfil susma elə qəfil səs kimi də təəssürat yaradırdı – o diqqəti cəlb edirdi. Hamı bundan sonra nə gələcəyini diqqətlə, gərginlik içində gözləyirdi.

Məsələn, onun Duqlasla məşhur diskussiyası sona yaxınlaşanda və əlamətlərin hamısı onun məğlub olacağından xəbər verəndə o ruhdan düşür, vaxtaşırı onu çoxdankı, vərdiş olunmuş melanxoliya bürüyür, bu, onun sözlərinə kövrək pafos verirdi.

Linkolnun bioqraflarından birinin yazdığı kimi, özünün yekun nitqlərindən birini söyləyərkən o, qəfildən “dayandı və yorğun, dərin oturan, həmişə axıdılmayan göz yaşları ilə dolu olduğu təəssüratı yaradan gözləriylə yarılaqeyd, yarıdostcanlı çoxsaylı sifətlərə baxa-baxa, bir müddət susaraq dayandı. Əllərini sanki onlar ümidsiz mübarizədən yorulubmuş kimi çarpazlayaraq özünə xas olan rəvan səslə dedi:

“Mənim dostlarım, Birləşmiş Ştatların senatına kimin: mənim və ya hakim Duqlasın seçiləcəyi vacib deyil. Bizim bu gün sizin qarşınızda qoyduğumuz möhtəşəm sual istənilən adamın şəxsi maraqları, yaxud siyasi fiquru məsələsindən əhəmiyyətli dərəcədə uzağa gedir.

Və mənim dostlarım (burada o, yenə də pauza etdi və dinləyicilər onun hər bir kəlməsini tuturdular), həmin sual hətta bizim ikimizin də – hakim Duqlasın və mənim – heysiz, zəif, kəkələyən səsimiz məzarda susanda da həyati və yandırıcı olacaqdır”.

Bu sadə sözlər və onların necə deyildiyi bütün ürəklərə dərin sirayət etdi”.

Linkoln qeyd etmək istədiyi cümlələrdən sonra da pauza saxlayırdı.

O, həmin cümləni vurğu ilə deyir, onların mənası dinləyicilərin şüuruna sızana və öz missiyasını yerinə yetirənə qədər susaraq dayanırdı.

Cənab Oliver Lodc öz nitqlərində tez-tez pauzalar edirdi – mühüm fikirləri söyləyəndən həm əvvəl, həm də sonra. O hətta bir cümlədə üç-dörd pauza edirdi, lakin onları təbii surətdə və şüursuz olaraq edirdi. Yalnız cənab Oliverin natiqlik fəndlərini öyrənən adam bunu sezə bilərdi.

“Öz susmağınla, – deyirdi Kiplinq, – sən danışacaqsan”.

Susmaq – nitqdə dərrakə ilə istifadə edildiyi hallarda olduğu qədər heç vaxt qızıl olmur. Bu çox güclü, həddən artıq vacib silahdır ki, ona saymazyana yanaşasan, öz aramızdır, təzə-təzə natiqliyə başlayanlar ondan istifadə etmirlər.

Holmenin “Döyüşkən nitqlər” kitabından gətirilən hissədə mən natiqin uğurla pauza edə biləcəyi yerləri qeyd etmişəm. Demirəm ki, bunlar susmaq lazım gələn YEGANƏ, yaxud bunun üçün ən yaxşı yerlərdir. Mən yalnız bunu deyirəm ki, bu cür etmək olardı.

Pauza üçün yerlər möhkəm və sərt qaydalarla təyin olunmur. Hər şey çıxışın məzmunundan, natiqin temperamentindən və əhvali-ruhiyyəsindən asılıdır. Bu gün siz nitqin bir yerində pauza edə bilərsiniz, sabah isə elə həmin nitqin başqa bir yerində.

Sitatı pauzalarsız oxuyun, sonra isə mənim göstərdiyim pauzaları edərək oxuyun. Onların nə cür effekt verəcəklərinə baxın.

“Malların satışı – bu, döyüşdür (susun və qoy döyüş ilə bağlı fikir dinləyicilərin şüurunda özünə yer eləsin) və yalnız döyüşçülər uda bilərlər onu (susun və bu fikrin yer eləməsinə vaxt verin). Bu şərt bizim xoşumuza gəlməyə bilər, lakin onu biz yaratmamışıq və biz onu dəyişə bilmərik (pauza). Adına ticarət deyilən oyuna girəndə mərdliyinizi cəmləyin (pauza). Əgər siz bunu etməsəniz (pauzanı bir qədər uzadın), siz hər dəfə hədəfdən yana vuracaqsınız (pauza).

Topu ötürməkdən qorxan bir nəfər də indiyədək heç vaxt qol vurmağa müyəssər olmayıb (susun və fikrinizin özünə yer etməsinə imkan verin). Bunu yadda saxlayın (susun və yenə də fikrinizin özünə yer etməsinə imkan verin). Topu bacarıqla oyuna daxil edən və ya onu son zərbəni endirmək üçün ötürən həmin oyunçu… (bir az çox susun ki, həmin oyunçu haqqında deyəcəyinizə marağı artırasınız) ürəyində möhkəm qətiyyətlə həmişə qələbəyə doğru gedən oğlandır”.

Aşağıdakı sitatları sərrast və düşüncə ilə oxuyun. Harada təbii surətdə pauza etdiyinizi müşahidə edin.

“Amerikanın möhtəşəm səhrası Aydahoda, Nyu-Meksikada və ya Arizonada yerləşmir. O, orta təxəyyüllü adamın şlyapasının altında yerləşir. Möhtəşəm Amerika səhrası – natural yox, daha çox əqli səhradır”.

C.S.Noks

“İnsanın bütün bəlalarına çarə olacaq bir əlac yoxdur; buna hər şeydən ən yaxın olanı aşkarlıqdır”.

Professor Foksuell

“Mənim yarınmalı olduğum iki varlıq mövcuddur – bu, ilahi Tanrı və Qarfilddir. Mən Qarfildlə burada yaşamalı oluram, ilahi Tanrıyla o dünyada”.

Ceyms A.Qarfild

Belə də baş verə bilər ki, natiq mənim bu fəsildə verdiyim göstərişlərə əməl edər və bununla belə, bir qucaq səhvə yol verər. O, auditoriya qarşısında şəxsi söhbətdə olduğu kimi danışa bilər və bu vaxt xoşagəlməz səslə çıxış edər, qrammatik səhvlər buraxar, yöndəmsiz olar, özünü təhqiredici tərzdə aparar və

yerinə düşməyən bir çox hərəkətə yol verə bilər.

Hər bir adamın gündəlik danışıq manerası bir çox düzəlişlərə möhtacdır. Öz təbii danışıq maneranızı təkmilləşdirin və sonra da bu metodu tribunaya keçirin.

Xülasə
  1. Nitqdə sözlərdən başqa da nə isə var və həmin nə isə mühüm əhəmiyyət kəsb edir.

Məsələ sizin NƏ dediyinizdə yox, NECƏ dediyinizdədir.

  1. Natiqlərin bir çoxu öz dinləyicilərinə saymazyana yanaşır: onların başlarının üzərindən döşəməyə baxır. Onlar, elə bil ki, özləri ilə danışırlar. Auditoriya ilə natiq arasında kontakt, qarşılıqlı əlaqə yoxdur. Bu cür davranış söhbəti öldürür, bu, ictimaiyyət qarşısında edilən çıxışı da öldürür.
  2. Yaxşı çıxış – bu, hər şeydən əvvəl, müəyyən dərəcədə nəzərə çarpdırılan danışıq tonu və sərbəstlikdir. Con Henri Smitin özü ilə necə danışardınızsa, Birləşmiş xeyriyyəçilik fondunun iclasında elə o cür tonla da danışın. Axı fondun üzvləri – onlar Con Henri Smitin cəmindən başqa nə isə deyillər.
  3. İstənilən adam nitq söyləyə bilər. Əgər siz bunda şübhə edirsinizsə, özünüz yoxlayın: tanıyıb-bildiyiniz ən cahil adamı vurub yerə sərin və o ayağa qalxanda, çox güman, nə isə deyəcək, özü də kəkələməsiz-filansız deyəcəkdir. Biz istəyirik ki, siz eynilə bu cür sərbəstliyə auditoriya qarşısında çıxış edərkən nail olasınız. Özünüzdə bu keyfiyyəti formalaşdırmaq üçün təcrübə keçmək lazımdır. Başqalarını təqlid etməyin.

Əgər siz özünüz olduğunuz kimi sərbəst danışırsınızsa, onda dünyada heç kimə bənzəmirsiniz.

Çıxışa öz individuallığınızı, yalnız sizə xas olan maneranı qatın.

  1. Dinləyicilərlə elə danışın ki, sanki onların indicə ayağa qalxacaqlarını və sizə cavab verəcəklərini gözləyirsiniz. Əgər onlar sual vermiş olsaydılar, sizing çıxışınız dərhal daha yaxşı olardı. Buna görə də təsəvvür edin ki, kim isə sizə sual edib və siz ona cavab verirsiniz. Hündürdən deyin: “Siz soruşacaqsınız ki, mən bunu haradan bilirəm. Mən sizə deyərəm…” Bu cür şeylər tamamilə təbii görünür; sizin ifadə tərziniz bundan sonra rəsmi olmayacaq, bu, çıxışınıza istilik gətirəcəkdir.
  2. Çıxışınıza qəlbinizin bir parçasını qoyun. Sizə yer üzərində mövcud olan qaydaların hamısından çox əsl emosional səmimilik kömək edər.
  3. Bizim hamımızın ciddi söhbətdə qeyri-şüuri surətdə tətbiq etdiyimiz dörd fənd mövcuddur. Amma siz ictimaiyyət qarşısında çıxış edərkən onları tətbiq edirsinizmi? Adamların əksəriyyəti bunu etmir:
  4. a) Siz cümlədə vacib əhəmiyyət kəsb edən sözləri vurğulayırsınızmı və az əhəmiyyətlilərini onlara tabe edirsinizmi? Siz sözlərin hamısını, o cümlədən də önlükləri və bağlayıcıları təqribən eyni cür səsləndirirsiniz, yoxsa “MassaÇUsets” sözünü tələffüz etdiyiniz kimi, cümləni deyərkən nəyə isə vurğu edirsiniz?
  5. b) Sizin səsinizin sədası balaca uşaq danışanda olduğu kimi növbə ilə yüksələrək və enərək dəyişirmi?
  6. c) Siz nitqinizin tempini elə də böyük əhəmiyyət kəsb etməyən sözləri sürətlə və vurğulamaq istədiyiniz sözləri tələffüz etmək üçün daha çox vaxt sərf etməklə dəyişirsinizmi?
  7. d) Sizin üçün vacib olan sözləri deməzdən əvvəl və onlardan sonra pauza edirsinizmi?
İctimaiyyət qarşısında çıxış və şəxsiyyət

Karnegi Texnologiya İnstitutu bir dəfə yüz nəfər görkəmli biznesmenə onların intellektual səviyyəsini yoxlamaq üçün test təklif etmişdi. Testlər müharibə dövründə orduda istifadə olunanları xatırladırdı.

Alınan nəticələr instituta bunu bəyan etməyə əsas verdi ki, uğur qazanmaq üçün şəxsiyyət yüksək intellektdən daha vacibdir.

Bu çox vacib – biznesmen üçün çox vacib, təhsil sahəsinin işçisi üçün çox vacib, azad peşə sahibi olan adamlar üçün çox vacib, natiq üçün çox vacib müddəa idi. İctimaiyyət qarşısında çıxışlarda şəxsiyyət, əgər çıxış üçün hazırlaşmaq lazım olduğunu hesaba almasaq, yəqin ki, ən vacib faktordur. Elbert Habbard deyib: “Gözəl nitqdə sözlər yox, nitqin manerası vacibdir”. “Manera üstəgəl ideya” demək daha düzgün olardı.

Lakin şəxsiyyət – bu, yayğın və ələkeçməz bənövşənin ətri kimi təhlilə yaxın durmayan bir “nə isə”dir. İnsanda olan hər şey, istər fiziki, ruhi, əqli, psixoloji, istərsə də onun üstünlük verdikləri, təmayülləri,temperamenti, düşüncə tərzi, enerjisi, təcrübəsi, təhsili, onun bütün  ömrü – bütün hər şey şəxsiyyətdə çulğaşır. Şəxsiyyət Eynşteynin nisbilik nəzəriyyəsi qədər mürəkkəbdir və şəxsiyyət bu nəzəriyyə qədər də az başa düşülür.

Şəxsiyyət irsi qanunauyğunluqların və əhatə edən mühitin nəticəsidir və onu dəyişmək və ya yaxşılaşdırmaq fövqəladə dərəcədə çətindir. Bununla belə, əgər səy göstərilərsə, biz onu müəyyən dərəcəyədək bərkidə və onu daha güclü, daha cəlbedici edə bilərik. Hər halda, təbiətin bizə verdiyi qəribə, şəxsiyyət adlandırılan təzahürdən maksimum almağa cəhd edə bilərik. Bu sual bizim hər birimiz üçün istisnasız dərəcədə vacibdir.

Şəxsiyyətin təkmilləşdirilməsi üçün imkanlar məhdud olsa da, bu imkanlar kifayət qədər böyükdür ki, onların müzakirə və tədqiq edilməsi mümkünsüz iş hesab olunsun. Əgər siz öz individuallığınızdan maksimuma nail olmaq istəyirsinizsə, onda öz dinləyicilərinizin qarşısında dincəlmiş halda çıxış etməlisiniz. Yorğun natiq heç bir maqnetik, cazibədar xüsusiyyətlərə malik olmur.

Həddən artıq yayılmış səhvi – natiqin çıxışa hazırlaşmağı və plan tərtib etməyi ən son məqama qədər təxirə salması və sonra isə əldən çıxardığı vaxtı qabaqlamağa cəhd edərək ağlasığmaz templə işləməsindən ibarət olan səhvi etməyin. Əgər siz belə etmiş olarsınızsa, onda orqanizminizdə bir çox ziyanlı maddələr yığılacaq, beyniniz yorulacaq və bu, nitqinizdə çox xoşagəlməyən ləngimələrə gətirəcək, sizi tormozlayacaq, beyin və əsəb sisteminizi zəiflədərək həyat qüvvənizi tükəndirəcəkdir.

Siz gündüz saat dörddə vacib xəbərlə komitənin iclasında çıxış edəcəksinizsə, onda, əgər mümkündürsə, yüngül qəlyanaltı etməli və dincəlməlisiniz. Fiziki, zehni cəhətdən dincəlmək və əsəblərin sakitləşdirilməsi – sizə lazım olan bax budur. Məşhur müğənni, xanım Ceraldin Farrat öz yeni tanışlarını çox vaxt bununla təəccübləndirirdi ki, erkən vidalaşır və onlar axşamın qalan hissəsini müğənninin əri ilə söhbət etməklə keçirməli olurdular.

Öz sənətinin tələbləri ona məlum idi. Xanım Nordike deyirdi ki, primadonna olmaq – qadına xoş olan hər şeydən imtina etmək deməkdir: ictimai fəaliyyətdən, dostlardan, iştahalı təamlardan.

Sizə vacib xəbərlə çıxış etmək lazım gələndə aclıq hissindən ehtiyat edin. Az yeyin, elə bil ki, müqəddəssiniz. Henri Uord Biçer bazar günləri, adətən, axşam saat beşdə süd ilə kreker yeyir və bundan sonra heç nə yemirdi.

“Əgər mən axşam oxumalı oluramsa, – deyirdi xanım Melba, – onda nahar etmirəm, yalnız çox yüngül qəlyanaltı edirəm. Qəlyanaltı balıqdan, cücədən və ya bişirilmiş alma ilə “şirin ətdən” ibarət olur, bunun üstündən bir stəkan su içirəm. Mən operadan və ya konsertdən sonra evə qayıdanda axşam yeməyindən qabaq güclü aclıq hissi keçirirəm”.

Özüm peşəkar natiq olana və hər axşam möhkəm yeyəndən sonra iki saatlıq nitq söyləməyə cəhd edənə qədər Melba və Biçerin nə qədər müdrikcəsinə hərəkət etdikləri heç vaxt ağlıma gəlmirdi. Təcrübə mənə göstərdi ki, əvvəl “dəniz dilindən” filedən, ardınca fransızca qızardılmış kartofdan, salatdan, tərəvəzlərdən, eləcə də desertdən ləzzət alıb, bunun ardınca isə, bir saatdan sonra dinləyicilərin qarşısında uğurla çıxış edə bilmərəm.

Mənim beynimdə sirkulyasiya etməli olan qan aşağıya, mədəyə düşərək bifşteks və kartofla mübarizəyə başlayır. Paderevski haqlı idi: o deyirdi ki, konsertdən əvvəl ürəyi istədiyini yeyən vaxtlarda onun daxilində yerləşən vəhşi onu, barmaqlarının ucu da daxil olmaqla, büsbütün ələ keçirir, onun ifasını darıxdırıcı və ifadəsiz edirdi.

Niyə bir natiqdə o birisi ilə müqayisədə daha yaxşı alınır

Sizin enerjinizi aşağı sala biləcək heç nə etməyin. Enerjiniz maqnetik xüsusiyyətlərə malikdir. Həyat qüvvəsi, şuxluq və entuziazm mənim ictimai çıxışlar sahəsində natiqlərə və müəllimlərə ilk növbədə vərdiş etdirmək istədiyim keyfiyyətlərdən ən vacibləridir. İnsanlar enerjili, özü ilə elə bil enerji generatorunu təcəssüm etdirən natiqi vəhşi qazlar payız taxılı əkilmiş sahəyə tökülüşdükləri kimi, dərhal əhatə edirlər.

Londonda Qayd-parkda açıq havada çıxış edən natiqlərin nümunəsində bu qaydanın öz təsdiqini necə tapdığını mən tez-tez görmüşəm. Mərmər Arkanın qarşısındakı meydança ən müxtəlif natiqlərin görüş yeridir. İstənilən bazar günü, günün ikinci yarısında bura gəlmək və Roma Papasının “Günahsızlığın katolik doktrinasının” izahını dinləmək, Karl Marksın iqtisadi nəzəriyyəsini təbliğ edən sosialistə, iki arvadı olan müsəlmanın nə üçün haqlı olduğunu başa salan hindliyə və s. qulaq asmaq olar.

Bir natiqin ətrafında yüzlərlə dinləyici dayandığı halda, o birisinin yanında adamların yalnız kiçik bir topasıdır. Niyə? Müxtəlif natiqlərin fərqli cəzbetmə qüvvəsini izah etmək üçün çıxışın mövzusunu əsas gətirmək həmişə kifayət edə bilərmi? Xeyr. Bir çox hallarda bu, natiqin özündən asılıdır: bu, hamıdan çox onun özü üçün əhəmiyyət kəsb edir və deməli, o daha maraqlıdır. O daha enerjili və emosional danışır. O, özündən həyat qüvvəsi və ruh yüksəkliyi şüalandırır. Bu cür natiqlər həmişə diqqəti cəlb edirlər.

Geyim sizə necə təsir göstərir

Universitetin rəhbərliyi ilə psixologiya üzrə mütəxəssis bir qrup adama suallar göndərmişdilər. Burada respondentlərə geyimin onlara necə təsir göstərdiyi barədə sual verilirdi. Rəyi soruşulanlar yekdilliklə cavab verdilər ki, öz görkəmləri yaxşı olanda və nöqsansız geyinəndə özlərinin bunu dərk etmələri, bu haqda fikrin onlara göstərdiyi təsir – bunu izah etmək çətin olsa da – tamamilə müəyyən və realdır.

Bu, onlara daha çox özünəinam, öz gücünə daha çox güvənmək hissi gətirir və özünəhörmət hissini artırır. Onlar deyirdilər ki, öz görkəmləri əla olan vaxtlarda problemləri uğurla həll etmək və müvəffəqiyyət qazanmaq daha asan olurdu. Geyimin onu əynində gəzdirənlərə göstərdiyi təsir bax belədir.

Geyim auditoriyaya necə təsir göstərir? Dəfələrlə nəzər yetirmişəm: natiq – əynində kisə kimi şalvar, formasız pencək, döş cibindən avtoqələm və karandaşların ucu çıxan, qoltuq cibindən qəzet görünən, yan cibləri qəlyan və tütün qutusundan dombalan kişi və yaxud nə iləsə doldurulmuş zövqsüz çantası olan və yubkasının altından kombinasiyası görünən qadın – fərqi yoxdur,dinləyicilər belə natiqə, o, özünə necə hörmət edirsə, o qədər də az hörmət edirlər. Onlar, ola bilsin, zənn edirlər ki, natiqin ağlı onun saç düzümü kimi pırtlaşıq, dərrakəsinin parlaqlığı isə onun təmizlənməmiş ayaqqabısında olduğu qədərdir.

General Li öz ordusunun kapitulyasiyası barədə elan etmək üçün Appomatoksda məhkəmə binasına gələndə əynində nöqsansız təzə mundir var idi, böyründəsə çox bahalı qılınc asılmışdı. Qrant özü mundirsiz və qılıncsız idi, əyninə isə əsgər köynəyi və şalvarı geyinmişdi. O, öz memuarlarında yazırdı: “Mən əynində nöqsansız mundir olan və elə bu qədər də ciddi geyinmiş altı futluq adamın yanında, çox güman, həddən artıq qəribə görünürdüm”. Qrantın belə bir tarixi hadisəyə müvafiq şəkildə geyinməməsi onu bütün ömrü ərzində kədərləndirən hadisə idi.

Kənd Təsərrüfatı Nazirliyinin Vaşinqtonda eksperimental fermada bir neçə yüz arı pətəyi vardır. Hər bir pətəyə böyüdücü şüşə quraşdırılmışdır və pətəyin içərisi düyməciyi basmağın köməyi ilə gur elektrik işığı ilə işıqlandırıla bilər. Odur ki, istənilən məqamda, gündüz və ya gecə həmin arıları ən detallı şəkildə gözdən keçirmək mümkündür. Onun kimi də natiq – o sanki böyüdücü şüşənin altında dayanıb, projektorlar onu işıqlandırır və bütün nəzərlər ona yönəlmişdir.

Onun xarici görkəmindəki cüzi uyğunsuzluq düzənliklərin ortasındakı Payk zirvəsi kimi dərhal gözə girir.

“Biz hələ danışmağa başlamazdan əvvəl ya tənə edirlər, ya da təqdir”

Bir neçə il əvvəl mən “Ameriken meqezin” jurnalı üçün bir Nyu-York bankiri haqqında oçerk yazırdım. Mən bankirin dostlarından birindən onun uğurlarının səbəbini izah etməyi xahiş elədim. O cavab verdi ki, onun məlahətli təbəssümünün rolu bunda az olmayıb. Bu izah ilkin olaraq şişirtmə təsiri bağışlaya bilər, lakin mən inanıram ki, bu, elə belə də olub. Başqa adamlar, onlarla, yüzlərlə adam maliyyə sahəsində, ola bilsin ki, daha əhəmiyyətli və elə onun qədər də biliklərə malik idi.

Amma onun əlavə bir üstünlüyü var idi ki, onlar buna malik deyildilər. O daha xoşagəlimli adam idi və onun ən güclü xüsusiyyətlərindən biri həmsöhbətin etibarını qazandıran və onun sahibinə yaxşı münasibəti təmin edən təbəssümü idi.

Biz həmişə belə adamın uğur qazanmasını istəyirik və onun işinə kömək etmək bizə həmişə ləzzət verir.

Çin məsəlində deyilir: “Gülümsəməyi bacarmayan adam ticarətlə məşğul olmamalıdır”. Bəs təbəssüm auditoriyaya mağazadakı alıcıya olan qədər xoş deyilmi? Mən Bruklin Ticarət Palatası nəzdindəki ictimaiyyət qarşısında çıxış etmək hazırlığı kurslarına gələn bir dinləyicini xatırlayıram. O, dinləyicilərin qarşısına çıxanda görünürdü ki, onların qarşısında olmaq xoşuna gəlir və bu məşğələ onun ürəyincədir.

O, həmişə gülümsəyirdi və özünü elə aparırdı ki, bizi gördüyünə elə bil çox şad idi və buna görə də onun dinləyiciləri dərhal və qaçılmaz olaraq ona münasibətdə ilıq hisslər keçirməyə başlayırdılar.

Lakin tribunaya soyuq və saymazyana görkəmlə çıxan natiqləri də görmək mənə nəsib olub. Onlar elə bil xoşagəlməz bir məsələni həll etməyə məcbur idilər və çıxışları başa çatanda Tanrıya minnətdarlıq etməyə hazır olduqları təsəvvürünü bağışlayırdılar. Biz dinləyicilər tezliklə eyni hiss keçirməyə başlayırdıq, ona görə ki bu cür əhvali-ruhiyyə yoluxucudur.

Professor Overstrit özünün “İnsanın davranışına təsir göstərmək” işində qeyd edir: “Bu cür olan meydana bu cürünü çıxarır”.

“Əgər biz öz dinləyicilərimizdə maraqlıyıqsa, onda zənn etməyə əsas var ki, onlar da bizlə eyni cür maraqlanacaqlar. Əgər biz öz dinləyicilərimizə hirslə baxırıqsa, onda zənn etməyə əsas var ki, onlar da bizə hirslə baxacaq və ya bunu zahirən büruzə verməsələr də, bizə hirslənəcəklər. Əgər biz özümüzü utancaq və həddən artıq kor-koranə aparsaq, onda onlar bizə, çox güman, elə də bərk etibar etməyəcəklər.

Əgər biz arsız və ya lovğayıqsa, onda buna cavab olaraq onlar öz fərdi özünəvurğunluqlarını nümayiş etdirəcəklər. Çox vaxt belə olur ki, biz hələ heç danışmağa başlamamış bizə tənə və ya bizi təqdir edirlər. Buna görə də belə bir əminlik üçün bütün əsaslar vardır ki, biz müsbət reaksiya doğurmaq üçün özümüzü məhz elə bu cür aparırıq”.

Dinləyiciləri bir yerə toplayın

Mən tez-tez həm gündüz saatlarında böyük zalda səpələnmiş qaydada əyləşən azsaylı dinləyicilərin qarşısında, həm də axşam vaxtlarında elə həmin zalı ağzına qədər dolduran çoxsaylı dinləyicilərin qarşısında çıxış etməli olmuşam. Gündüz qrupunun sifətində zorla təbəssümə səbəb olan söhbət axşam auditoriyasını ürəkdən uğunub getməyə məcbur edirdi; axşam auditoriyası tez-tez o yerlərdə alqışlayırdı ki, gündüz dinləyiciləri həmin məqamlarda heç cür emosiya büruzə vermirdilər. Niyə?

Hər şeydən əvvəl, ona görə ki, adətən, gündüz saatlarında gələn yaşlı qadınlar və uşaqlar öz hisslərini axşam gələn daha enerjili və dünyagörmüş dinləyicilər olduğu kimi büruzə verə bilmirlər. Lakin bu, izahın yalnız bir hissəsidir.

Məsələ ondadır ki, əgər auditoriya zalda səpələnibsə, onu hərəkətə gətirmək asan deyil. Geniş məkan və zalda boş kreslolar olduğu qədər başqa heç nə entuziazmı söndürmür.

Henri Uord Biçer Yel Universitetində oxuduğu mühazirələrində moizələri necə demək lazım olduğu barədə danışıb: “Adamlar tez-tez deyirlər: sizə belə gəlmirmi ki, böyük auditoriya qarşısında çıxış etmək kiçik auditoriya qarşısında çıxış etməkdən qat-qat maraqlıdır?

Mən cavab verirəm ki, xeyr; mən on iki nəfərin qarşısında da min nəfər dinləyici qarşısında olduğu kimi yaxşı danışa bilərəm, əgər həmin on iki nəfər mənim ətrafımda və bir-birinə toxunan qədər yaxın dayanıblarsa. Hətta min dinləyici də, əgər onların bir-biriləri arasında məsafə dörd futdursa, boş zal kimi təsir bağışlayacaqdır… Öz dinləyicilərinizi bir yerə toplayın və siz minimum səy göstərməklə onları inandıra biləcəksiniz”.

Böyük auditoriyada olan adam öz individuallığını itirə bilər. O, kütlənin bir hissəsinə çevrilir və bu halda ona təsir göstərmək – o, ayrıca bir individuum olduğu vəziyyətlə müqayisədə – xeyli asanlaşır. Adam elə söhbətlərlə bağlı güləcək və alqışlayacaq ki, həmin söhbətlər ondan yan keçərdi, əgər o, natiqə qulaq asan yarım düjün dinləyicidən biri olsaydı.

Adamları vahid bütöv halında hərəkətə gətirmək bunu individual şəkildə etməkdən qat-qat asandır. Döyüşə gedən adamlar, məsələn, ən təhlükəli və comərd tapşırıqları yerinə yetirməyə can atırlar, çünki onlar bir yerdə olmaq istəyirlər. Alman əsgərləri sonuncu müharibə dövründə bəzən döyüşə bir-birinin əllərindən tutaraq gedirdilər.

Kütlələr! Kütlələr! Kütlələr! Onlar özləri ilə maraqlı təzahür təcəssüm etdirirlər. Möhtəşəm islahatların və xalq hərəkatlarının hamısı kütlə psixologiyasının köməyi ilə həyata keçirilibdir. Everet Din Martin bu mövzuda maraqlı “Kütlənin davranışı” kitabını yazıb.

Əgər biz elə də böyük olmayan dinləyici qrupu qarşısında çıxış etməyə hazırlaşırıqsa, bu halda elə də böyük olmayan otaq seçməliyik. Dinləyiciləri böyük zalda oturtmaqdansa, kiçik otaqda stulları bir-birinə sıx qoymaq daha yaxşıdır.

Əgər sizin dinləyiciləriniz zalda dağınıq oturublarsa, onda onlardan qabağa keçməyi və sizə yaxın əyləşməyi xahiş edin. Çıxışınıza başlamazdan əvvəl buna nail olun.

Tribunaya yalnız auditoriya kifayət qədər böyük və bununla əlaqədar yüksəklikdə dayanmaq zərurəti həqiqətən də olduğu halda qalxın. Öz auditoriyanızla bir səviyyədə olun. Öz dinləyicilərinizin yanında dayanın. Hər hansı bir formal atmosferdən qaçmağa çalışın. İlıq kontakt qurun və çıxışınızı söhbətə çevirin.

Mayor Pond pəncərələri qırırdı

Zalda havanın təmiz olmasına fikir verin. İctimaiyyət qarşısında çıxış prosesində oksigen qırtlaq, udlaq və qırtlaq qapağı qədər vacibdir. Siseronun gözəl natiqliyi, myuzik-holldan “Rokkets” qadın ansamblının məlahəti havası kiflənmiş zalda, çətin ki, auditoriyanı gərginlikdə saxlaya bilərdi.

Ona görə də mən başqa natiqlərin sırasında auditoriya qarşısında çıxış etməli oluramsa, bu halda, demək olar, çıxışımdan əvvəl həmişə dinləyicilərdən yerlərindən qalxmağı və iki dəqiqə dincəlməyi xahiş edirəm; həmin vaxtda isə pəncərələri açıram.

Məşhur bruklinli moizəçi Henri Uord Biçer populyar lektor kimi öz şöhrətinin zirvəsində olan dövrdə mayor Ceyms B.Pond onun impressariosu qismində on dörd il ərzində Birləşmiş Ştatların və Kanadanın bütün ərazisini gəzmişdi. Dinləyicilər toplaşmazdan qabaq Pond həmişə Biçerin çıxış edəcəyi zala, kilsəyə, yaxud teatra gəlir və işıqlandırılmanı, kresloları, temperaturu, ventilyasiyanı diqqətlə yoxlayırdı.

Pond yorulmaq bilməyən və hay-küyçü qoca ordu zabiti idi və öz hakimiyyətini istifadə etməyi sevirdi. Buna görə də, əgər zalda həddindən artıq isti və ya qoxumuş hava olardısa və pəncərələri aça bilmirdisə, onda kitabları pəncərələrə vızıldadır, şüşəni sındıraraq çilik-çilik edirdi. Spercen güman edirdi ki, “moizəçiyə oksigen, demək olar, ilahi xeyir-duası kimi zəruridir”.

Qoy işıq olsun, sifətinizə nur çilənsin

İşdir, siz spritizmin nümayiş olunması ilə məşğul deyilsinizsə, onda, əgər bu mümkündürsə, zalı işığa qərq edin. Bildirçini əhliləşdirmək yarıqaranlıq, termosun içərisi kimi tutqun görkəmi olan zalda entuziazm meydana çıxarmaqdan asandır.

Devid Belaskonun səhnədə rejissura haqqında kitabını oxuyun və siz adi natiqin düzgün işıqlandırmanın istisnasız dərəcədə mühüm əhəmiyyət kəsb etməsi barədə azacıq da olsa təsəvvürünün olmadığını biləcəksiniz.

Qoy işıq düz sizin üzünüzə vursun. Adamlar sizi görmək istəyirlər. Sizin sifət cizgilərinizdə peyda ola biləcək cüzi dəyişikliklər özünüifadənin bir hissəsi, həm də çox vacib hissəsidir. Bəzən bunlar sizin sözlərinizdən də artıq əhəmiyyət kəsb edir. Əgər siz düz lampanın altında dayanıbsınızsa, onda sizin sifətinizə kölgə düşə bilər, amma düz işıqlandırma cihazının qabağında dayanıbsınızsa, onda sizin sifətiniz parıldayacaqdır.

Buna görə də öz çıxışınızı başlamazdan əvvəl işıqlandırma cəhətdən ən uduşlu olan yeri seçməyiniz daha ağıllı olmazdımı?

Səhnədə lazım olmayan heç nə

Çıxış edəndə stolun arxasında əyləşməyin. Adamlar sizi başdan-ayağa qədər görmək istəyirlər. Onlar sizi tam görmək üçün hətta boyunlarını da uzadacaqlar.

Hansısa bir xoşqəlbli adam səhnəyə üstündə qrafin və stəkan olan stol qoyacaqdır. Amma boğazınızda quruluq hiss etmiş olsanız, bir çimdik duz və ya bir tikə limon ona gətirəcək ki, tüpürcək Niaqara şəlaləsinin gücü ilə ayrılmağa başlayacaq.

Sizə nə su lazımdır, nə qrafin. Sizə lektorun çıxış etdiyi yüksəklikdə, adətən, qalaq-qalaq yığılan başqa faydasız əşyalar da lazım deyildir.

Avtomobil firmalarının Brodveydə salonları çox gözəldir, yaxşı tərtib edilib və göz oxşayır. Parisdə iri parfümeriya və zərgərlik firmalarının mağazaları dəbdəbəli və bədii zövqlə quraşdırılıb.

Niyə? Ona görə ki bu, gəlirli biznesi təmin edir. Bu cür tərtibatı görəndə adamda firmaya daha çox hörmət, etibar yaranır.

Elə bu səbəbdən də natiq gözoxşayan fonda çıxış etməlidir.

Mebelin, ümumiyyətlə, olmaması, məncə, ideal variant olardı. Çıxış edənin arxasında diqqəti cəlb edən heç nə olmamalıdır. Böyürlərdə də heç nə olmamalıdır. Tünd-göy rəngli pərdə daha çox məsləhət görülür.

Bəs lektorun arxasında, adətən, nə olur? Coğrafi xəritələr, diaqramlar və cədvəllər, hərdən isə çoxsaylı toz basmış stullar, özü də onlardan bəziləri çevrilib və bir-birinin üstünə qoyulub. Nə alınır? Ucuz, pinti, nizamsız şərait. Odur ki, bunların hamısını yığışdırmaq lazımdır.

Henri Uord Biçer deyirdi: “İctimaiyyət qarşısında çıxışda ən vacib olan adamdır”. Buna görə də çıxış edən qoy İsveçrənin mavi göylərinin fonunda ucalan qarlı Yunqfrau zirvəsi kimi yaxşı görünsün.

Səhnədə qonaq olmamalıdır

Bir dəfə mən Londonda, Ontario əyalətində olanda Kanadanın baş naziri orada çıxış edirdi. Birdən uzun şüvüllə silahlanmış xidmətçi bir pəncərədən o birisinə keçə-keçə zalın havasını dəyişməyə başladı. Nə baş verdi? Dinləyicilərin, demək olar, hamısı bir nəfər kimi müəyyən vaxt ərzində çıxış edəni saya almır və diqqətlə xidmətçiyə sanki o, nəsə bir möcüzə göstərirmiş kimi baxırdılar.

Dinləyicilər hərəkət edən əşyalara baxmaq təhriki ilə mübarizə aparmağı bacarmır və ya etmirlər ki, bunlar eyni şeydir. Əgər çıxış edən bu həqiqəti yadda saxlamış olarsa, o, özünü bəzi xoşagəlməz hallardan və lazımsız dilxorçuluqdan xilas edə bilər.

Birincisi, o, barmaqlarını fırlatmaqdan, paltarının ora-burasını düzəltməkdən və diqqəti çıxışından ayıran başqa əsəbi hərəkətlərdən özünü saxlaya bilər. Mənim yadımdadır ki, Nyu-Yorkun zallarından birində dinləyicilər tanınmış bir natiq danışa-danışa əli ilə nəsə döyəcləyəndə düz yarım saat ərzində onun əllərinə baxıblar.

İkincisi, natiq, əgər bu mümkündürsə, öz dinləyicilərini elə bir şəkildə oturtmalıdır ki, onlar gecikənlərin zala daxil olduqlarını görməsinlər və bununla da fikirləri yayınmasın.

Üçüncüsü, natiqlə birlikdə səhnədə heç kim olmamalıdır. Raymond Robins bir neçə il əvvəl Bruklində bütöv bir silsilə mühazirə oxumuşdu. Başqaları ilə birlikdə səhnəyə mən də dəvət olunmuşdum. Bunun natiqə münasibətdə ədalətsizlik olacağını hesab edərək bu dəvətdən imtina etdim.

Birinci axşam fikir verdim ki, səhnədə əyləşənlərin bir çoxu bütün vaxtı yerlərində qurcalanır, ayaqlarını ayaqlarının üstünə aşırır və bu kimi hərəkətlər edirdi. Buna görə də auditoriya nəzərlərini tez-tez natiqdən ayırıb həmin adama yönəldirdi. Mən bunu Robinsə danışdım və sonrakı axşamlarda o, səhnədə artıq tək olurdu.

Devid Belasko səhnəyə qırmızı rəngli güllərin qoyulmasına icazə vermirdi, çünki onlar diqqəti həddən artıq çox cəlb edir. Əgər belədirsə, onda natiq danışdığı vaxt hansısa bir narahat adamın üzü dinləyicilərə tərəf əyləşməsinə niyə icazə verməlidir? O, buna yol verməməlidir və o, ağıllıdırsa, onda buna yol verməz də.

Əyləşmək məharəti

Məsləhət görülür ki, natiq çıxış edənə qədər dinləyicilərlə üzbəüz əyləşməsin. Dinləyicilərin qarşısında köhnə deyil, təzə eksponat qismində peyda olmaq məgər daha yaxşı deyilmi?

Lakin sizə əyləşmək lazımdırsa, onda biz bunu necə etmək lazım olduğunu bilməliyik.

Sizə belə adamları görmək nəsib olubmu ki, onlar stul axtarışında öz ətraflarına baxır, bunu yatmağa hazırlaşan ingilis yarış itini xatırladan hərəkətlərlə müşayiət edirlər? Onlar öz ətraflarında fırlanır, nəhayət, stulu tapanda isə bükülür və sanki qumla dolu kisə kimi ona çökürlər.

Necə əyləşmək lazım olduğunu bilən adam stula arxası ilə çevrilir, onu ayaqları ilə tapır və sərbəstliklə, öz bədəninin hərəkətlərinə ciddi nəzarət edəedə stula oturur.

Təmkinlilik

Biz indicə paltarınızı dartışdırmamağı və ya zinət əşyalarınızı oynatmamağı məsləhət görmüşdük, çünki bu, dinləyicilərin diqqətini yayındırır. Lakin bir səbəb də var. Bu cür davranış sizin zəifliyiniz və sizdə özünənəzarətin olmaması təəssüratını yaradır. Sizin zahiri görkəminizə heç nə əlavə etməyən hər bir hərəkət sizin haqqınızda təəssüratları yalnız pisləşdirir.

Neytral hərəkətlər mövcud deyildir. Qətiyyən. Buna görə də sakit dayanın və

öz fiziki vəziyyətinizə nəzarət edin. Bu, sizin psixiki və fiziki cəhətdən təmkinli olduğunuzla bağlı təsəvvür yaradacaqdır.

Siz dinləyicilərin qarşısına çıxandan sonra danışmağa başlamağa tələsməyin, zira bu, diletantlara xasdır. Dərindən nəfəs alın.

Öz dinləyicilərinizə göz gəzdirin və əgər haradansa səs-küy gəlirsə, o kəsilməyənə qədər pauza edin.

Sinənizi gərin, hərçənd bunu dinləyicilərin qarşısına çıxmazdan əvvəl də etmək olar. Niyə də bunu hər gün, təklikdə olanda etməyəsiniz? Onda siz bunu qeyri-şüuri surətdə dinləyicilərin qarşısında da edəcəksiniz.

“Heç on nəfərdən biri də özündə, – deyə Lyuter H.Qalik “Effektiv ömür” kitabında yazır, – ona ən yaxşı zahiri görkəm verən qədd-qamət formalaşdırmır… Boynunuzu köynəyinizin yaxalığına sıxın”.

O, hər gün yerinə yetirmək üçün bax bu məşqi məsləhət görür: “Yavaş-yavaş və mümkün olan qədər dərindən nəfəsinizi çəkin. Elə həmin məqamda da boynunuzu köynəyinizin yaxalığına sıxın və onu bu vəziyyətdə saxlayın. Bu məşq hətta qüvvə ilə edilmiş olsa belə, sizə ziyan gətirməyəcəkdir. Onun məqsədi belin bilavasitə çiyinlərin arasında yerləşən hissəsini düzəltməkdən ibarətdir. Bu, sizing sinənizin həcmini genişləndirər”.

Bəs siz əllərinizlə nə etməlisiniz? Onlar barədə unudun. Əgər onlar təbii şəkildə yanlardan sallanarsa, bu, ideal olar. Əgər onlar sizə banan salxımı kimi görünürsə, elə düşünməyin ki, heç olmasa kimsə onlara azacıq da olsa diqqət yetirir və ya onlara hansısa bir maraq büruzə verir.

Əllərinizin kənardan görünüşü o vaxt lap yaxşı olar ki, onlar boşalmış halda sizin böyürlərinizdə sallanmış olsun. Bu halda onlar minimum diqqət cəlb edəcək və hətta sizə münasibətdə tənqidi köklənmiş adam da onların bu vəziyyətini bəhanə edə bilməyəcəkdir. Bundan başqa, bu vəziyyətdə onları azad surətdə və maneəsiz, eləcə də təbii şəkildə hərəkət etdirməklə, əgər zərurət yaranarsa, öz nitqinizi müşayiət etmək mümkün olacaqdır.

Təsəvvür edin ki, siz çox həyəcanlısınız və zənn edirsiniz ki, əgər siz əllərinizi arxanızda saxlasanız, onları cibinizə salsanız, yaxud tribunanın üstünə qoysanız, bu, sizə utancaqlığınızı adlamağa kömək edəcəkdir. Siz bu halda nə etməlisiniz? Sağlam təfəkkürdən istifadə edin. Mənə bu nəslin bir sıra görkəmli natiqini dinləmək nəsib olmuşdur.

Onların bir çoxu, hətta əksəriyyəti çıxış etdikləri vaxt hərdən əllərini ciblərinə salardı. Brayan, Çonsi M.Depyu, Teddi Ruzvelt belə edirdilər. Hətta Dizraeli kimi zərif, incə moda həvəskarı da hərdən bu təhrikin öhdəsindən gələ bilirdi. Lakin əgər yaddaşım məni aldatmırsa, göylər yerə düşmürdü və hava haqqında məlumatlara görə, növbəti gün günəş vaxtında çıxırdı.

Əgər adamın deməyə sözü varsa və əgər o, bunu yoluxucu inamla deyirsə, onda onun həmin məqamda əlləri və ya ayaqları ilə nə etdiyinin böyük əhəmiyyəti, sözsüz ki, olmayacaqdır. Əgər onun başı ideyalarla, ürəyi isə həyəcanla doludursa, onda bu ikinci dərəcəli detallar əsas etibarilə böyük rol oynamır. Əvvəl-axır, ictimaiyyət qarşısında çıxışlarda ən vacib olanı əl və ayaqların vəziyyəti yox, psixoloji aspektdir.

Yöndəmsiz əzilib-büzülmələr təbii jesti əvəz edə bilməz

Bu, bizi tamamilə təbii olaraq jestlər probleminə yaxınlaşdırır ki, bundan həddən artıq çox sui-istifadə edirlər. İctimaiyyət qarşısında çıxış sahəsində mən ilk dərsi Orta Qərbin kolleclərində almışam. Mənim yadımda olduğu qədər, həmin dərs əsas etibarilə jestikulyasiya ilə bağlı idi və bu yalnız faydasız yox, hətta açıq-aşkar ziyanlı idi.

Məni öyrədirdilər ki, əl sərbəst surətdə böyürdən sallanmalıdır, ovuclar içəriyə, barmaqlar yarı sıxılmış olmalı, baş barmaq isə ayağa toxunmalıdır. Mənə əli incə əyri cızaraq necə qaldırmaq, əvvəl nişan barmağını, sonra orta, sonra isə çeçələ barmağı açaraq əlin biləyini klassik hərəkətlə necə yellətmək lazım olduğunu öyrədirdilər.

Bu estetik və dekorativ hərəkət yerinə yetiriləndən sonra əl elə həmin incə və qeyri-təbii əyrini cızmalıdır ki, yenidən ayağın böyrünə gəlib çatmış olsun. Bütün bunlar köntöy və affektləşdirilmiş idi və bunda ağıllı və ya səmimi heç nə yox idi. Mənə o hərəkəti eləməyi öyrədirdilər ki, bunu ağlı başında olan heç kim heç yerdə və heç vaxt etməyibdir.

Hərəkətlərə mənim öz individuallığımı vermək üçün heç bir cəhd edilmirdi. Heç kim məni mahmızlamağa çalışmırdı ki, mən jestikulyasiya etməyə bir istək hiss etmiş olum; bu prosesi daha şux, təbii və qaçılmaz eləmək cəhdi yox idi.

Heç kim məni utancaqlıq qabığımı sındırmağa, eləcə də adam kimi danışmaq və hərəkət eləmək üçün özümü buxovlanmamış, sərbəst hiss etməyə sövq etmirdi. Bütün bu kədərli proses çap makinası kimi mexaniki, keçənilki quş yuvası kimi cansız, Panç və Cudinin çıxışları kimi sarsaq idi.

XX əsrdə bu cür absurd əzilib-büzülmələrə öyrətdikləri ağlasığmaz iş kimi görünür. Bununla belə, jestlər haqqında kitab yalnız bir neçə il əvvəl nəşr olunmuşdur – adamları avtomatlaşdırmağa cəhd edən, bu və ya başqa cümləni səsləndirərkən hansı jestlərdən istifadə etməyi, əlin biri ilə hansı, ikincisiylə hansı jesti etməyi, hansı hallarda əli bir qədər yuxarı qaldırmaq, hansılarda orta vəziyyətdə, hansılarda isə aşağıda saxlamağı, bu barmağı necə və o birisini necə tutmaq lazım olduğunu öyrədən bütöv bir kitab.

Mən iyirmi nəfərin eyni vaxtda sinfin qarşısında necə dayandıqlarını görmüşəm. Onların hamısı həmin kitabdan qəliz natiq mətnini oxuyurdu və onların hamısı mətnin eyni bir yerində tamamilə eyni bir jesti edirdi və onların hamısı eyni cür sarsaq təsiri bağışlayırdı. Bütün bu süni, vaxtı öldürən, mexaniki və ziyanlı sistem jestlərin reputasiyasını bir çox adamın gözündə süquta uğratdı.

Massaçusetsdə iri bir kollecin dekanı bu yaxınlarda demişdi ki, onun təhsil müəssisəsində ictimaiyyət qarşısında çıxışlar üzrə kurslar yoxdur, çünki o, ağıllı çıxış etməyi öyrədə bilən həqiqi praktiki kurs heç vaxt görməyib. Mən bu dekanın nöqteyi-nəzərini tamamilə bölüşürəm.

Jestlərə həsr olunmuş cızma-qaranın onda doqquzu faydasızdır və hətta bundan da pis – özü ilə yaxşı ağ kağızın və yaxşı qara tipoqraf boyasının israf edilməsini təcəssüm etdirir. Kitabdan əxz olunan istənilən jest, çox güman ki, eynilə həmin effekti verəcəkdir.

Jestlər sizin təbiətinizdən, sizin ürəyinizdən, beyninizdən, toxunulan məsələyə marağınızın səviyyəsindən, başqalarını öz gördüyünüzü görməyə məcbur etmək istəyinizin gücündən, nəhayət, sizin fərdi instinktlərinizdən irəli gəlməlidir. Yeganə dəyərli jestlər – bu, ekspromt surətdə meydana çıxan hərəkətlərdir. Adamın özü olmasının bir unsiyası bir ton təlimatdan bahadır.

Jesti əyninizə smokinq kimi geyinmək mümkün deyil. O yalnız daxili vəziyyətin zahiri ifadəsidir – öpüşlər, sancmalar, gülüş, dəniz xəstəliyi kimi.

Adamın jestləri diş fırçası kimi sırf şəxsi olmalıdır. Axı insanlar bir-birinə bənzəmirlər və əgər onlar özlərini təbii apararlarsa, onda onların jestləri də individual olacaqdır.

Heç iki nəfərə də eynilə bir manerada jestikulyasiya etməyi öyrətmək mümkün deyil. Kiminsə hündürboylu, ləng hərəkətli, asta fikirləşən Linkolnu sürətlə danışan, coşqun və eleqant Duqlasın jestlərini təkrarlamağa məcbur etməyə çalışdığını təsəvvür edin. Bu, sarsaqlıq olardı.

Vəkil Qrendonun sözlərinə görə, “Linkoln əlləriylə yox, başı ilə, onu enerjili surətdə müxtəlif tərəflərə hərəkət etdirməklə jestikulyasiya edirdi. Başın belə hərəkəti özünün hansısa bir bəyanatını qeyd eləmək istəyəndə əhəmiyyət kəsb edirdi. Hərdən bu istək əlin kəskin – elə bil o, elektrik qığılcımlarını alışan materiala atırmış kimi – hərəkətiylə müşayiət olunurdu.

O, əllərini heç vaxt yellətmir və bəzi natiqlər kimi məkanı cırıb parça-parça etmirdi. O, səhnə effektinə nail olmağa heç vaxt can atmırdı… Linkoln öz nitqini davam etdirdikcə öz hərəkətlərində getdikcə daha sərbəst və asudə olur, hətta zəriflik, incəlik meydana çıxırdı. O, istisnasız təbiiliyə malik idi və tamamilə ləyaqətli görünürdü.

O, dəbdəbəyə, nümayişkarlığa, döyülmüş ibarələrə və riyakarlığa nifrət edirdi… O, ideyaları öz dinləyicilərinin başına yeridən vaxtda onun sağ əlinin uzun sümüklü barmağında məna və ifadələrin dünyası yerləşirdi. Hərdən sevinc və ya məmnunluq ifadə etmək üçün o, hər iki əlini təqribən əlli dərəcəlik bucaq altında ovucları yuxarı halda, sanki onun xoşuna gələn obrazı qucaqlayırmış kimi qaldırırdı.

Əgər o, güclü ikrah hissini ifadə edirdisə – məsələn, quldarlığı mühakimə edəndə – onda hər iki əlini ovucları düyünlənmiş halda, havanı yararaq yuxarı qaldırmaqla iyrəndiyini ifadə edirdi ki, bu, həqiqətən də, möhtəşəm idi. Bu, onun ən effektli jestlərindən biri idi və bu, onun nifrət obyektini yerə çırpmaq və onu tapdayıb toza çevirməklə bağlı möhkəm qətiyyəti demək idi.

O, ayaqları üstə həmişə düz dayanırdı və heç vaxt bir ayağını o birindən qabağa qoymurdu. Heç vaxt heç nəyə toxunmur və heç nəyə söykənmirdi. Çıxış vaxtı pozasını çox nadir hallarda dəyişirdi. Heç vaxt təmtəraqlı danışmırdı və heç vaxt səhnədə dala və qabağa gəzmirdi. O, əllərini boşaltmaq üçün sol əli ilə tez-tez pencəyinin yaxasından baş barmağı yuxarı halda tutur və sağ əlini jestikulyasiya üçün azad saxlayırdı”.

Sen-Qoden onu Çikaqoda Linkoln-parkda duran heykəldə məhz bu cür həkk etmişdir.

Linkolnun metodu belə idi. Teodor Ruzvelt daha enerjili, qızğın, fəal idi və sifəti onu bürüyən hissləri əks etdirirdi, yumruğu düyünlənirdi və onun bütün bədəni özünüifadə vasitəsi idi. Brayan tez-tez açıq ovcundan, qabağa uzadılmış əllərindən istifadə edirdi, Qladston tez-tez yumruğu ilə stola və ya ovcuna vurur, ya da səs-küylə ayaqlarını yerə döyəcləyirdi.

Lord Rozberi, adətən, sağ əlini qaldırır və onu kəskin surətdə endirirdi. Natiqin fikirlərində və baxışlarında, hər şeydən qabaq, qüvvə olurdu və jestləri ifadəli və təbii edən də məhz o idi.

Bədahətənlik… Şuxluq… Hərəkət üçün summun bonum məhz onlardır. Berk köntöy və jestlərində fövqəladə dərəcədə yöndəmsiz idi. Pitt əllərini “yöndəmsiz təlxək kimi” yellədirdi. cənab Henri İrvinq bir ayaqdan axsaq idi və çox qəribə hərəkətlər yerinə yetirirdi. Lord Makoley tribunada yöndəmsiz görünürdü. Eyni şeyi Qrattan və Parnell haqqında da demək olar.

“Bu, görünür, onunla izah edilir ki, – deyə lord Kerzon parlament natiqliyi haqda Kembric Universitetində çıxış edərkən bildirmişdir, – dahi natiqlər fərdi jestlərini yaradıb formalaşdırırlar. Gözəl xarici görkəm və zərif maneralar möhtəşəm natiqə, şübhəsiz ki, kömək edir, lakin əgər o, gözəl deyilsə və yöndəmsizdirsə, onda bunun elə də böyük əhəmiyyəti olmur”.

Çox illər bundan qabaq mən məşhur Cipsi Smitin moizəsini dinləmişdim. Mən minlərlə adamı xristianlığa gətirən bu adamın nitqinin gözəlliyinə heyran qalmışdım. O, jestlərdən istifadə edirdi, çoxlu jeslərdən, lakin öz hərəkətləri onun nəzərinə çarpmırdı – nəfəs aldığı hava onun nəzərinə çarpmadığı kimi. Bu, ideal haldır.

Əgər siz bu prinsipləri həyata keçirərsinizsə, onda jestlərdən istifadə etdiyiniz sizin də nəzərinizə çarpmayacaqdır. Mən sizə jestikulyasiyanın hansısa qaydalarını təklif edə bilmərəm, zira hər şey natiqin temperamentindən, onun hazırlığından, entuziazmından, onun individuallığından, çıxışının predmetindən, auditoriyadan və şəraitin təsadüflərindən asılıdır.

Faydalı ola biləcək məsləhətlər

Bununla belə, faydalı ola biləcək bir sıra məsləhət vermək məqsədəmüvafiq olardı. Eyni bir jestin monoton olmaması üçün onu təkrarlamayın. Dirsəklərinizlə qəfil, kəskin hərəkətlər etməyin. Siz dinləyicilərin qarşısında olanda çiyinlərinizin hərəkəti daha əlverişli təəssürat yaradır. Öz jestlərinizi çox tez dayandırmayın.

Əgər siz öz fikrinizi qeyd etmək üçün nişan barmağınızla jest edirsinizsə, bu jesti cümlənin axırınadək saxlamaqdan qorxmayın. Buna çox tez-tez riayət etmirlər ki, bu çox sadə və ciddi səhvdir. Nəticədə ifadəlilik təhrif olunur: xırda sualların əhəmiyyəti artır, həqiqətən ciddi suallar isə onlarla müqayisədə trivial təsir bağışlayır.

Siz dinləyicilər qarşısında nitq söyləyəndə yalnız təbii görünən jestlər edin. Lakin təcrübə topladığınız mərhələdə özünüzü jestlərdən, əgər bu zəruridirsə, istifadə etməyə məcbur edin. Özünüzü məcbur edin və tezliklə jestləriniz təbii olaraq meydana çıxmağa başlayacaq.

Kitabı örtün. Jestləri çap olunmuş mətn üzrə öyrənmək qeyri-mümkündür. Danışdığınız vaxt öz instinktləriniz təlimatçınızın deyə biləcəklərindən daha etibarlı və daha qiymətlidir.

Əgər jestlər və onların istifadə olunması haqqında dediklərimizin hamısını unutmusunuzsa, bir şeyi yadda saxlayın: əgər adam demək istədiyinə o qədər aludə olubsa, əgər o, öz fikrini dinləyicilərin şüuruna çatdırmaq yanğısından elə bir dərəcədə alışırsa ki, özünü unudaraq bədahətən danışır və hərəkət edir, onda bu halda onun jestləri, çıxış etmək manerası, demək olar, nöqsansız olacaqdır.

Əgər siz bunda şübhələnirsinizsə, hər hansı bir adama yaxınlaşın və onu vurub yerə sərin. Həmin adam ayağa qalxanda siz onun deyəcəyi sözlərin, çox güman ki, nöqsansız gözəl nitq nümunəsi olacağını görəcəksiniz.

Və mənim fikrimcə, budur nitq söyləməklə bağlı özümdə müdrik məsləhət ehtiva edən bir situasiya.

Çəlləyi doldurun.

Tıxacı vurub çıxarın.

Siz təbiətin necə coşduğunu görəcəksiniz.

Xülasə
  1. Karnegi Texnologiya İnstitutunun keçirdiyi eksperimentlər nəticəsində müəyyən olunmuşdur ki, insanın işgüzar uğurlarında onun şəxsiyyəti dərin biliklərindən qat-qat əhəmiyyətli rol oynayır. Bu həqiqət natiqlik sahəsində də eyni cür doğrudur. Lakin şəxsiyyət o qədər ələkeçməz, hissolunmaz və sirlidir ki, onun inkişafı ilə bağlı göstəriş vermək, demək olar, qeyri-mümkündür. Bununla belə, bu fəsildə haqqında danışılan bəzi məsləhətlər natiqə ən yüksək uğurlar qazanmaqda kömək edəcəkdir.
  2. Yorğun olanda çıxış etməyin. Dincəlin, qüvvənizi bərpa edin, özünüzdə ehtiyat enerji toplayın.
  3. Çıxış etməzdən qabaq az yeyin.
  4. Sizin enerjinizi sıxışdıra biləcək heç nə etməyin. Enerji maqnetik xüsusiyyətlərə malikdir. Enerjili natiqin ətrafına adamlar payız taxılı sahəsinin ətrafına yığılan vəhşi qazlar kimi toplaşırlar.
  5. Səliqəli və zövqlə geyinin. Yaxşı geyindiyinizi dərk etməyiniz özünəhörməti artırır, özünəinamı möhkəmləndirir. Əgər natiqin əynində kisə kimişalvar, təmizlənməmiş ayaqqabı varsa, saçı daranmayıbsa, əgər onun döş cibindən avtoqələm və ya karandaşların ucu çıxırsa və yaxud qadının əl çantası zövqsüzdürsə, içi nə iləsə doludursa, onda dinləyicilər natiqə onun, güman ki, özünə etdiyi qədər az hörmət hiss edəcəklər.
  6. Gülümsəyin. Auditoriyanın qarşısına sifətinizdə elə ifadə ilə çıxın ki, bu, dinləyicilərə sizin onların qarşısında olmaqdan şad olduğunuzu demiş olsun. Professor Overstrit deyir: “Bu cürəsi bu cür olanı doğurur”.

“Əgər biz öz dinləyicilərimizdə maraqlıyıqsa, onda zənn etməyə əsas var ki, onlar da bizimlə eyni cür maraqlanacaqlar… Tez-tez elə olur ki, biz hələ heç danışmağa başlamazdan əvvəl bizə tənə və ya bizi təqdir edirlər. Buna görə də belə zənn etməyə əsas var ki, biz öz davranışımızla müsbət reaksiya meydana çıxarmaq istəyirik”.

  1. Dinləyiciləri bir yerə toplayın. Əgər onlar müxtəlif yerlərə səpələniblərsə, onlara təsir göstərmək çox çətindir. Kompakt auditoriyanın iştirakçısı olaraq adam əgər həmin adam tək olardısa və ya böyük zala səpələnmiş kiçik qrupun bir dinləyicisi olarkən onda şübhə və ya irad doğuracaq məsələyə gülər, alqışlayar və təqdir edərdi.
  2. Əgər siz elə də böyük olmayan dinləyicilər qrupu qarşısında çıxış edirsinizsə, onda onları kiçik otağa yığın. Hündür yerdə dayanmayın, onlarla bir səviyyəyə enin. Öz çıxışınızı intim, qeyri-formal edin, onu söhbətə çevirin.
  3. Zalda havanın təmiz olmasının qeydinə qalın.
  4. Zalı maksimal işıqlandırın. Elə dayanın ki, işıq düz sizin üzünüzə düşsün və dinləyicilər sifətinizdəki ifadələrin hamısını görə bilsinlər.
  5. Hansısa mebel predmetlərinin arxasında dayanmayın. Stolları və stulları bir tərəfə çəkin. Səhnəni çox vaxt dolduran əşyaları və zir-zibili yığışdırın.
  6. Əgər səhnədə dəvət olunmuş qonaqlar əyləşiblərsə, onda onlar, dəqiq ki, vaxtaşırı hərəkət edəcəklər və onlar hər dəfə azacıq da olsa hərəkət edəndə mütləq sizin dinləyicilərinizin diqqətini cəlb yayındıracaqlar.

Auditoriya hərəkət edən istənilən əşyaya, heyvana və ya adama baxmaq təhrikinə müqavimət göstərə bilmir. Buna görə də özünüz üçün çətinlik və konkurensiya yaratmağınız nəyinizə gərəkdir?

Çıxışı necə başlamalı

Bir dəfə mən Şimali-Qərb Universitetinin keçmiş rektoru, doktor Linna Harold Haudan bu sahədə öz çoxillik təcrübəsinə əsaslanaraq natiq üçün ən vacib nəyi hesab etdiyini soruşdum. Bir dəqiqə susandan sonra o cavab verdi: “Diqqəti özünə dərhal cəlb edən maraqlı, qəribə başlanğıc”. O, öz çıxışını nə ilə başlamalı və yekunlaşdırmalı olduğunu, demək olar ki, əvvəlcədən planlaşdırırdı.

Eyni şeyi Con Brayt, Qladston, Vebster, Linkoln edirdi. Sağlam düşüncəli və təcrübəli natiqlərin faktiki olaraq hamısı eynilə bu cür hərəkət edirdi.

Bəs yenicə başlayan? Nadir hallarda. Planlaşdırma vaxt alır, ağılın güc verməsini və iradənin cəmlənməsini tələb edir. Beyinin işi – bu, əzablı prosesdir.

Tomas Edison öz emalatxanalarının divarlarında üzərində Coşua Reynoldsa məxsus olan bu sözlər yazılmış lövhəciklər bərkitmişdi: “Düşüncə prosesiylə bağlı olan çətinliklərdən qaçmaq üçün insanın əl atmadığı elə bir fənd yoxdur”.

Yenicə başlayan natiq məqamında ilham gələcəyinə ümid edir və nəticədə bəlli olur ki, ona çoxsaylı çala və gölməçə olan yolla getmək lazım gəlir.

Miskin qulluqçuluqdan Britaniya imperiyasında ən varlı və nüfuzlu qəzet mülkiyyətçisinə qədər yol keçən mərhum lord Nortkliff deyirdi ki, Paskalın aşağıda göstərilən üç sözü (ingiliscədə) ona uğur qazanmaqda əvvəllər oxuduqlarının hamısından çox kömək etmişdir:

“Öncədən görmək – idarə etmək deməkdir”.

Siz öz çıxışınızı planlaşdıranda həmin möhtəşəm deviz stolunuzun üstündə olmalıdır. Beyniniz dincəlmiş halda olanda nədən başlayacağınızı öncədən görməyə çalışın ki, səsləndirəcəyiniz hər bir sözü dərk edəsiniz. Bütün hər şey qurtarandan sonra özünüz haqda – onu artıq heç nəyin silə bilməyəcəyi vaxt – necə təəssürat qoyacağınızı öncədən görməyə cəhd edin.

Hələ Aristotelin dövründən bu mövzuda yazılan kitablarda nitqin üç hissəyə bölündüyü göstərilirdi: giriş, nitqin özü və yekun. Lap elə yaxın keçmişə qədər giriş öz astagəlliyi ilə çox vaxt – və bunu özünə qıymaq olardı – kabrioletdə gəzintiyə bənzəyirdi. Bu halda natiq xəbərləri bildirir və eyni zamanda da dinləyiciləri əyləndirirdi.

O, yüz il əvvəl çox vaxt cəmiyyətdəki indiki zamanda qəzet, jurnal, radio, televiziya, telefon, kinoteatrın doldurduğu boşluğu doldururdu.

Lakin situasiya radikal surətdə dəyişmişdir. Dünyanı yenidən qurublar.

İxtiralar son yüz ildə həyatı Valtasardan və Novaxudonasordan başlayaraq bütün dövrlərdə edildiyindən çox dəyişdirib. Avtomobil, təyyarə, radio, televiziya sayəsində biz daha sürətlə gedirik və natiq zəmanənin bu səbirsiz tempindən geri qalmamalıdır. Əgər siz girişdən başlamaq istəyirsinizsə, onda mənə inanın ki, giriş afişa kimi qısa olmalıdır. Adi müasir auditoriyanın xoşuna bax bu gələrdi:

“Sizin deməyə sözünüz var? Yaxşı. Ancaq bacardıqca tez və bacardıqca bərbəzəksiz. Heç bir ritorika! Bizə tezcə faktları çatdırın və öz yerinizə əyləşin”.

Vudro Vilson sualtı müharibə ilə bağlı ultimatum barədə çox vacib məsələ ilə əlaqədar konqres qarşısında çıxış edəndə öz çıxışının mövzusunu elan etdi və auditoriyasının diqqətini bu məsələ üzərində yalnız aşağıda göstəriləcək sözlərin köməyi ilə cəmləşdirdi:

“Bizim ölkəmizin xarici siyasət münasibətlərində elə bir situasiya əmələ gəlmişdir ki, onun haqqında sizə səmimi surətdə danışmaq mənim birbaşa vəzifə borcumdur”.

Çarlz Şvab Nyu-Yorkda Pensilvaniya klubunda çıxış edərkən artıq ikinci cümlədən məsələnin məğzinə keçdi: “Hazırda Amerika vətəndaşlarının beynindəki əsas məsələ aşağıdakı sualdır: işgüzar fəallıqda bu gün mövcud olan zəifləmə necə başa düşülməlidir və bizi gələcəkdə nə gözləyir? Şəxsən mən nikbin köklənmişəm…”

“Neşnl Keş Recister” kompaniyasının kommersiya direktoru çıxışlarının birində öz əməkdaşlarına belə müraciət etmişdi. Onun nitqinin girişində cəmi üç cümlə var idi və onları dinləmək asan idi; çünki onlar enerji və perspektivlə dolu idi: “Sizin aranızda sifariş alanlar gərək, nəzərdə tutulduğu kimi, bizim fabrikin borusundan tüstü çıxmasının qeydinə qalsınlar.

Axırıncı iki yay ayı ərzində bizim borudan çıxan tüstünün həcmi ətraf peyzaja kölgə salmaq üçün edəcək qədər olmayıb.

İndi, ağır günlər arxada qalanda və işgüzar fəallığın bərpa olunması mövsümü başlayanda biz sizə qısa, lakin qəti xahişlə müraciət edirik: biz bacardıqca çox tüstü istəyirik”.

Təcrübəsiz natiqlərə öz çıxışlarının girişində bu dərəcədə tərifli sürət yığmaq və yığcamlığa çatmaq müyəssər olurmu? Təcrübəsiz və kvalifikasiyasız natiqlər öz çıxışlarını iki uğursuz yoldan biri ilə başlayırlar. Gəlin onları müzakirə edək.

Çıxışınızın əvvəlində, necə deyərlər, gülməli əhvalat danışmaqdan ehtiyatlanın.

Natiqliyə yenicə başlayan hansısa təəssüfə layiq səbəblər üzündən tez-tez belə zənn edir ki, o gərək dildən zirək ola. O, öz təbiəti etibarilə ensiklopediya kimi ciddi, yumor hissindən tamamilə məhrum adam da ola bilər. Bununla belə, o, çıxışını başlayan məqamda ona Mark Tvenin ruhundan vəhy gəldiyini təsəvvür edir.

Ona görə də o, çıxışını, ələlxüsus da əgər o, dəvətli nahardan sonra çıxış etməli olursa, gülməli əhvalat danışmaqla başlamağa can atır. Bəs nə baş verir? İyirmiyə qarşı bir qoymaq olar ki, bu, yenicə peyda olan nağılbazın danışdığı və hekayət etmək manerası lüğət kimi ağır olacaqdır.

Onun hekayəti dəqiq ki, uğurlu olmayacaq. Ölməz Hamletin ölməz sözləri ilə ifadə etsək, onun “miskin və kütbeyin” olduğu bəlli olacaqdır.

Əgər hekayətçi öz yerləri üçün haqq ödəmiş olan dinləyicilərin qarşısında bir neçə belə səhvə yol verərsə, onu fitə basmağa başlayarlar və zalda o, öz ünvanına xoşagəlməz sözlər eşitməli olacaqdır. Lakin dinləyicilər, adətən, natiqə simpatiya ilə yanaşırlar və buna görə də onlar sırf filantropik mülahizələrdən çıxış edərək bir neçə dəfə hırtıldamağa var qüvvələriylə səy göstərəcəklər, hərçənd ürəklərinin dərinliklərində uğursuz yumoristə iflasına görə yazıqları gələcəkdir.

Belə natiqlər özlərini öz yerlərində hiss etməyəcəklər. Bu cür fiaskonu müşahidə etmək məgər sizə heç vaxt nəsib olmayıb?

Ağır natiqlik sənətində dinləyiciləri gülməyə məcbur edə bilməkdən daha mürəkkəb və daha nadir başqa heç nə yoxdur. Yumor – bədahətən olan, individuallıqla, şəxsiyyətlə bağlı olan işdir.

Yadda saxlayın, hekayə öz-özlüyündə çox nadir hallarda gülməli olur. Hər şey necə danışmaqdan asılıdır. Mark Tveni məşhur etmiş eyni əhvalatları danışan yüz nəfərdən doxsan doqquzu dağıdıcı süquta uğrayardı.

Linkolnun İllinoys ştatının səkkizinci məhkəmə dairəsinin tavernalarında təkrar-təkrar danışdığı hekayələri oxuyun – o hekayələri ki, adamlar onlara qulaq asmaq üçün uzun yol qət edirdilər, o hekayələri ki, onları səhərə qədər dinləyir və şahidlərin sözlərinə görə, hərdən dinləyiciləri şaqqanaq çəkib gülməyə və stullardan yıxılmağa məcbur edirdi.

Həmin hekayələri öz ailənizə hündürdən oxuyun və görün onlar təbəssüm doğuracaqlarmı. Budur, Linkolna heyrətamiz uğur gətirən hekayələrdən biri. Siz onu danışmağa niyə də cəhd etməyəsiniz? Amma bunu, lütfən, başqalarının yanında, auditoriyanın qarşısında etməyin:

“Bir dəfə gecəyə qalan və İllinoysun pis gündə olan yolları ilə evinə tələsən yolçu yolda bərk yağışa düşür. Gecə mürəkkəb kimi qaranlıq idi. Yağış elə bərk yağırdı ki, elə bil göylərdə bənd dağılmışdı. İldırımlar hirsli buludları sanki dinamitlə partladırmış kimi partladırdı. Aramsız işartılar ətrafda yıxılan ağacları işıqlandırırdı.

Gurultu yolçunun qulaqlarını batırırdı. Nəhayət, bu köməksiz adamın ömründə nə vaxtsa görüb-eşitdiklərindən daha qorxulu, daha dəhşətli ildırım çaxdı və onu diz üstə çökdürdü. O, adətən, heç vaxt dua etməzdi, lakin indi boğula-boğula dua edirdi: “Aman qüdrətli Tanrı, daha çox işıq və daha az səs-küy göndər”.

Siz nadir yumor vergisi verilmiş xoşbəxt adamlardan biri ola bilərsiniz. Əgər bu, belədirsə, onda bu vergini özünüzdə bütün vasitələrlə bəsləyib yetişdirin.

Harada çıxış etməyinizdən asılı olmayaraq, sizi hər yerdə üçqat isti qarşılayacaqlar. Lakin sizin talantınız başqa sahələrdədirsə, onda Çonsi M.Depyunun mantiyasını əyninizə geyməyə çalışmaq sizin tərəfinizdən ağılsızlıq və hətta demək mümkündürsə, dövləti cinayət olardı.

Əgər sizə nə vaxtsa onun nitqlərini, Linkolnun və ya Cob Hodcesin çıxışlarını oxumaq nəsib olarsa, onda onların hər cür əhvalatları öz dinləyicilərinə ələlxüsus da nitqin əvvəlində nə qədər az danışdıqları sizi, görünür, heyrətləndirərdi. Edvin Ceyms Ketell mənə danışmışdı ki, o, məzəli əhvalatları heç vaxt yalnız gülmək xətrinə danışmırdı. Belə əhvalatlar gərək yerinə düşsün və haqqında danışılan hansısa bir vəziyyəti illüstrasiya etsin.

Yumor tortun üstündəki şirədir. Tortun layları arasında şokolad olmalıdır, amma heç bir vəchlə tortun özü olmamalıdır. Birləşmiş Ştatlarda ən yaxşı lektor-yumorist olan Striklend Cilliani çıxışının birinci üç dəqiqəsi ərzində heç bir əhvalat danışmamağı özünə qayda qoymuşdu. Əgər o, bunun öz işinə yaradığını hesab edirdisə, onda düşünürəm ki, siz də, mən də onun nümunəsindən ibrət götürə bilərik.

Belə olan halda çıxışların başlanğıcı ağırçəkili, təmtəraqlı olmalıdırmı? Qətiyyən heç bir halda.

Əgər bunu edə bilərsinizsə, mövcud situasiya ilə və ya sizdən əvvəlki hansısa bir natiqin qeydləri ilə bağlı yerli xarakterik xüsusiyyətlərə istinadlardan istifadə edərək zalda gülüş doğurun. Hansısa bir uyğunsuzluğu qeyd edin. Onu şişirdin. Bu cür zarafatlar sizə Pet və Maykdan, qayınana və ya keçi barədə köhnəlmiş lətifələrdən qırx dəfə tez uğur gətirər.

Amma belə düşünürəm ki, şən əhvali-ruhiyyə yaratmaq üçün ən asan yol şəxsən öz ünvanınıza etdiyiniz zarafatdır. Hansısa gülməli və ya dolaşıq vəziyyətə düşməyinizlə bağlı özünüz haqqında nə isə danışın və bu, yumoristik mühiti dərhal təmin edəcəkdir. Eskimoslar hətta ayağını sındıran adama da gülürlər.

Çinlilər ikinci mərtəbənin pəncərəsindən düşən və yerə çırpılıb ölən itə də hırıldayırlar. Biz bir qədər onlardan mərhəmətliyik, amma məgər biz küləkli havada şlyapasının dalınca qaçan, yaxud bananın qabığını tapdalayıb yıxılan kiməsə gülümsəmirik?

Əgər uyuşmaz şeylər tutuşdurularsa, adamları, demək olar, hər kəs güldürə bilər. Məsələn, bir jurnalist bəyanatında yazırdı ki, onun “uşaqları, döyülmüş ətdən xörəkləri və demokratları görməyə gözü yoxdur”.

Görün Redyar Kiplinq İngiltərədə etdiyi siyasi çıxışlarından birində dinləyicilərin gülüşünü necə ağıllı surətdə doğurmuşdu. O, hazır lətifələri danışmır, əvəzində öz şəxsi təcrübəsini bölüşür və uyuşmazları şən-şən tutuşdururdu:

“Hörmətli lordlar, xanım və cənablar! Cavan yaşlarımda və Hindistanda olanda qulluq etdiyim qəzetdə mən, adətən, cinayət işlərini işıqlandırırdım. Bu, maraqlı iş idi, çünki mən saxta pulkəsənlərlə, bədxərclərlə, qatillərlə və bu növdən olan digər işgüzar “idmançılarla” tanış olmuşdum (gülüş).

Elə olurdu ki, mən məhkəmə zalından hesabatı tərtib edəndən sonra həbsxanada cəzalarını çəkən dostlarıma baş çəkirdim (gülüş). Mən bir nəfəri tanıyırdım, o, qətlə görə ömürlük həbsə məhkum olunmuşdu. Bu, ağıllı, fikirlərini yaxşı ifadə edən cavan oğlan idi və o, mənə özünün ömür tarixi adlandırdığını danışmışdı.

O demişdi: “İnanın mənə – əgər adam vicdansız yola qədəm qoyursa, onda bir əməl öz arxasınca digərini çəkib gətirir və bu, o vəziyyətə qədər davam edir ki, o, yenə də düz yola çıxmaq üçün kimisə öz yolundan götürmək məcburiyyətində qalır” (gülüş). Nazirlər kabinetinin hazırkı vəziyyətini məhz belə müəyyən etmək olar (gülüş, təqdiredici xitablar)” .

Metropoliten Layf İnşurans kompaniyası rəhbərlərinin hər il keçirilən banketində Uilyam Qovard Taft da eyni tərzdə yumor payını qata bilmişdi. Ən gözəli isə bax bundan ibarətdir: o zarafat edir və eyni zamanda da dinləyicilərə zərif kompliment söyləyirdi:

“Cənab prezident, Metropoliten Layf İnşurans kompaniyasının hörmətli əməkdaşları!

Mən öz doğma yerlərimə təqribən doqquz ay əvvəl baş çəkmişdim və orada banketdə ruh yüksəkliyi ilə danışan bir centlmenin çıxışını eşitdim. O dedi ki, banket nitqlərinin söylənməsində çox böyük təcrübə yiyəsi olan bir dostu ilə əvvəlcədən məsləhətləşib və həmin dostu ona bildirib ki, bu sayaq nitqlər üçün ən yaxşı auditoriya – yaxşı təhsil almış, lakin dəmlənmiş ziyalılar auditoriyasıdır (gülüş və alqışlar).

Mən bu gün deməliyəm ki, sizin auditoriyanız banketdə çıxışlar üzrə mütəxəssis üçün nə vaxtsa rastlaşdığım ən yaxşı auditoriyadır. Doğrudur, sizdə əvvəlki cümlədə qeyd etdiyim element çatışmır (alqışlar), lakin düşünürəm ki, onu Metropoliten Layf İnşurans kompaniyasının ruhu kompensasiya edəcəkdir (sürəkli alqışlar).

Üzrxahlıqdan başlamayın

Təzə-təzə başlayanın çıxışının başlanğıcında yol verdiyi ikinci kobud səhv onun üzrxahlıq etməsindən ibarətdir: “Mən natiq deyiləm… Mən çıxışa hazırlaşmamışam… Mənim deməyə sözüm yoxdur…”

Heç bir vəchlə! Heç bir vəchlə! Kiplinqin şeirlərindən biri bu sözlərlə başlanır: “İrəliyə hərəkət etməyin mənası yoxdur”. Natiq öz çıxışını bu tərzdə başlayanda dinləyicilərdə məhz belə bir hiss meydana çıxır.

Bu və ya başqa cür olsa da, əgər siz hazırlıqlı deyilsinizsə, bu, sizin köməyiniz olmadan da bizlərdən bəzilərinin nəzərinə çatacaqdır. Başqaları isə bunu sezməyəcək. Belədirsə, onların diqqətini buna cəlb etmək nəyə lazımdır? Sizin hazırlaşmağı lazım bilmədiyiniz və “mətbəx plitənizin üstündə təsadüfən tapılan istənilən bayat xörəyin onlara yarayacağı” fikrini dinləyicilərinizə təlqin etməklə onları təhqir etmək nəyə lazım?

Xeyr, heç bir vəchlə! Biz sizin üzrxahlıqlarınızı dinləmək istəmirik. Biz bura gəlmişik ki, bizi məlumatlandırsınlar və maraqlandırsınlar, maraqlandırsınlar, bunu yadda saxlayın.

Siz dinləyicilərin qarşısına çıxan kimi onlar həmin saniyədəcə öz diqqətlərini, təbii ki, mütləq sizə verirlər. Onu növbəti beş saniyə ərzində saxlamaq elə də çətin deyil, lakin onu növbəti beş dəqiqə ərzində saxlamaq heç də asan deyil. Əgər siz onu itirərsinizsə, onu qaytarmaq sizə ikiqat çətin olacaqdır. Ona görə də öz çıxışınızı artıq birinci cümlədən hansı isə bir maraqlı məlumatdan başlayın. İkinci və ya üçüncü yox, elə BİRİNCİ cümlədən.

“Bunu necə etmək olar?” – soruşacaqsınız siz. Etiraf edim ki, bu elə də asan deyil.

Bu məqsəd üçün material toplamağa çalışarkən biz müxtəlif dolambac və əyri-üyrü cığırlarla getməliyik, zira sizdən, dinləyicilərinizdən, mövzudan, toplanmış materialdan, situasiyadan və s. elə çox şey asılıdır ki. Bununla belə, biz ümid edirik ki, bu fəslin yerdə qalan hissəsində nəzərdən keçiriləcək və illüstrasiyalaşdırılacaq məsləhətlər sizə müəyyən fayda gətirəcək və qiymətli olacaqdır.

Maraq doğurun

Houell Hili Filadelfiyanın “Penn Atletik” klubunda öz çıxışını bax belə başlamışdı. O, sizin xoşunuza gəlirmi, o, sizin diqqətinizi dərhal cəlb edirmi?

“Səksən iki il əvvəl, təqribən elə ilin bu vaxtlarında Londonda taleyinə ölməzlik yazılan bir kitab nəşr olundu. Çoxları onu “dünyada ən möhtəşəm balaca kitabça” adlandırırdılar. O, ilk dəfə işıq üzü görəndə Strenddə və ya Pell- Melldə qarşılaşan dostlar bir-birindən soruşurdular: siz onu oxumusunuzmu? Və cavabında həmişə eşidilirdi: “Bəli, oxumuşam, qoy Tanrı ona yar olsun”.

Kitab işıq üzünə çıxan gün min nüsxəsi satılmışdı. İki həftə ərzində tələb on beş minə çatdı. Həmin vaxtdan sonra kitab saysız-hesabsız yeni nəşrlərə tab gətirib. Bir neçə il əvvəl C.P.Morqan həmin kitabın əlyazmasını əfsanəvi məbləğə alıb və hazırda əlyazma onun digər qiymətsiz sərvətləri arasında Nyu-Yorkun bu, Morqanın öz kitabxanam adlandırdığı məftunedici rəsm qalereyasında saxlanılır.

Axı bu, dünya miqyasında məşhur olan nə kitabdır belə? “Yeni il mahnısı”.

Dikkensin…”

Siz belə bir başlanğıcı uğurlu hesab edirsinizmi? O, sizin diqqətinizi cəlb etdimi, əhvalat nəql edildikcə sizin ona marağınız artırdımı? Niyə? Bu, onunla bağlıdırmı ki, əhvalat sizin marağınızı qıcıqlandırmışdı və sizi gərginlikdə saxlayırdı?

Maraqlanmaq! Kim ona mübtəla deyil!

Mən meşədə quşlar görmüşəm ki, onlar sırf maraq xətrinə məni müşahidə edərək bir saat ətrafımda uçublar. Mən Alp dağlarında bir ovçu tanıyıram ki, o, dağkeçisi tutmaq üçün mələfəni yerə sərib onun altında ora-bura sürünərək bu heyvanların marağını qıcıqlandırırdı. İtlər, pişiklər, bütün heyvan növləri, o cümlədən də məşhur genus homo maraqlanmaq hissinə malikdir.

Buna görə də elə birinci cümlədən öz dinləyicilərinizin marağını oyadın və onlar sizi diqqətlə dinləyəcəklər.

Bir yazıçı polkovnik Tomas Lourens və onun Ərəbistanda macəraları barədə mühazirəsini aşağıdakı kimi başlayırdı:

“Lloyd Corc deyir ki, o, polkovnik Lourensi bizim zamanın ən romantik və koloritli şəxsiyyətlərindən biri hesab edir”.

Bu cür başlanğıcın iki üstünlüyü vardır. Birincisi, məşhur adamın dediklərindən sitat həmişə böyük diqqət cəlb edir.

İkincisi, o maraq doğurur. “Niyə romantik və niyə koloritli? – təbii sual meydana çıxır. – Mən onun haqqında əvvəllər heç vaxt eşitməmişəm. O, görəsən, nə edib?”

Tomas Lourens haqqında mühazirəsini Louell Tomas belə başlayırdı:

“Bir dəfə Yerusəlimdə Kristian-Stritlə gedirdim və əynində şərq hökmdarının dəbdəbəli paltarı olan bir nəfərlə rastlaşdım. Onun böyründə qızıldan əyri qılınc asılmışdı ki, beləsini yalnız Məhəmməd Peyğəmbərin nəslinin nümayəndələri gəzdirirdi. Amma bu adam ərəbə qətiyyən oxşamırdı. Onun gözləri mavi idi, ərəblərin gözləri isə həmişə qara və ya qonur olur”.

Belə başlanğıc sizin diqqətinizi pərçimləyir, elə deyilmi? Siz davamını eşitmək istəyirsiniz. Bəs o kim idi? O, niyə ərəb kimi geyinmişdi? O, nə ilə məşğul idi? Onun başına nə iş gəlmişdi?

Öz çıxışını “Siz bilirsinizmi ki, quldarlıq müasir dünyanın on yeddi ölkəsində mövcuddur?” sualı ilə başlayan bir lektor yalnız öz dinləyicilərinin marağını oyatmır, həm də onları sarsıdırdı: “Quldarlıq? Bizim dövrümüzdə? On yeddi ölkədə? Doğru sözə heç oxşamır. Hansı dövlətlərdir bunlar? Onlar harada yerləşir?”

Çox vaxt elə olur ki, auditoriyanın marağını nəticədən başlamaqla və dinləyiciləri səbəbi eşitməklə bağlı kəskin istək duymağa məcbur etməklə oyatmaq mümkün olur.

Məsələn, mənim dinləyicilərimdən biri öz çıxışını belə bir bəyanatla başlamışdı:

“Bizim qanunverici orqanlarımızdan birinin üzvü bu yaxınlarda çıxış etmişdi və çömçəquyruğun istənilən məktəb binasından iki mildən yaxın məsafədə qurbağaya çevrilməsini qadağan edən qanunun qəbul edilməsini təklif etmişdi”.

Siz gülümsəyirsiniz. Natiq zarafat edir? Bu nə cəfəngiyatdır. Bu, həqiqətən olubmu?

… Bəli, çıxış edən bunun necə baş verdiyini izah edir.

“Saterdey İvninq Post” jurnalında dərc etdirilmiş “Qanqsterlərlə birlikdə” başlıqlı məqalə belə başlayırdı:

“Qanqsterlər həqiqətənmi təşkil olunublar? Bir qayda olaraq, hə! Necə?..”

Siz görürsünüz ki, bu bir neçə sözdə məqalənin müəllifi mövzu barədə məlumat verdi, onun haqqında sizə nə isə danışdı və qanqsterlərin necə təşkil olunduqları ilə bağlı sizdə maraq oyatdı. Bu çox təqdirəlayiqdir. Jurnalistlərin oxucunun diqqətini dərhal cəlb etmək üçün istifadə etdikləri metodları ictimaiyyət qarşısında çıxış etmək istəyən hər bir adam öyrənməlidir.

Çıxışı necə başlamaq lazım olduğu ilə bağlı siz onlardan daha çox əxz edə bilərsiniz, nəinki çap olunmuş seçmə nitqləri öyrənməklə.

Niyə də hansısa bir əhvalatı danışmaqla başlamayasınız?

Natiq şəxsi təəssüratları barədə danışanda bizim daha çox xoşumuza gəlir. Rassel E.Konuell özünün “Akrlarla almaz” mühazirəsini altı min dəfədən çox oxumuşdu və ona görə milyonlar almışdı. Bəs bu istisnasız populyar mühazirə necə başlanır?

“1870-ci ildə biz Tiqr çayının axını ilə aşağı üzürdük. Muzdla bələdçi tutmuşduq ki, o, bizə Persepolu, Nineviyanı və Vavilonu göstərsin…”

Və o, əhvalatı danışmağa başlayır. Diqqəti cəlb edən də məhz elə budur. Bu cür başlanğıc, demək olar, səhvsizdir. O, çətin ki, uğursuz olsun. Hadisələr cərəyan edir. Dinamizm alır. Biz onların arxasınca gedirik. Biz bilmək istəyirik ki, sonra nə olacaq.

“Saterdey İvninq Post” jurnalının buraxılışlarından birində çap olunmuş iki hekayədən götürülən başlanğıc cümlələr belə idi:

  1. Revolver atəşinin kəskin şaqqıltısı sakitliyi pozdu.
  2. Öz-özlüyündə trivial, lakin gətirə biləcəyi mümkün nəticələrə görə heç də trivial olmayan insident Denverdə Monvyu mehmanxanasında iyulun birinci həftəsində baş vermişdi. Bu hadisə Gebelin, işlər müdirinin marağını elə bir dərəcədə oyatmışdı ki, o, baş verəni Monvyu mehmanxanasının və üstəlik də yarım düjün digər mehmanxananın sahibi olan Stiv Faradeyə hadisədən bir neçə gün sonra, növbəti yoxlamanı yayın ortalarında keçirmək arzusuna riayət edərək bura gələndə danışdı.
Diqqət yetirin ki, bu cümlələr hərəkətlə zəngindir. Onlar nəyisə başlayır.

Onlar sizin marağınızı oyadır. Siz ardını oxumaq istəyirsiniz; siz daha çox bilmək istəyirsiniz; siz orada sonra nə baş verdiyini aydınlaşdırmaq istəyirsiniz.

Hətta təzə-təzə başlayan təcrübəsiz natiq də bu fənddən istifadə edirsə və dinləyicilərin marağını oyadırsa, bir qayda olaraq, çıxışını uğurla başlamağa nail olur.

Hansısa bir konkret illüstrasiyadan başlayın

Ortabab auditoriyaya abstrakt bəyanatları uzun müddət ərzində dinləmək çətindir, çox çətin. İllüstrasiyaları dinləmək asandır və özü də qat-qat asandır. Niyə də bunlardan birindən başlamayasınız? Natiqləri buna məcbur etmək çətindir. Mən bunu bilirəm. Mən artıq cəhd etmişəm. Onlara belə gəlir ki, başlanğıcda bir neçə ümumi bəyanat verməlidirlər. Heç də belə deyil.

Çıxışınızı illüstrasiyadan başlayın, maraq oyadın, sonra isə özünüzün ümumi səciyyəli bəyanatlarınızla davam edin. Əgər sizə bu metodu illüstrasiya edən nümunə lazımdırsa, onda, lütfən, altıncı fəslin başlanğıcına baxın.

İndi sizin oxuduğunuz fəslin başlanğıcında hansı metod istifadə olunmuşdu?

Hansısa bir əşyadan istifadə edin

Diqqəti cəlb etmək üçün, fikrimcə, dünyada ən asan üsul – bu, əldə nə isə tutmaqdır ki, dinləyicilər həmin əşyanı görə bilsinlər. Hətta vəhşi təbiətli, havalı adamlar, beşikdəki körpələr və mağazanın vitrinindəki meymunlar, eləcə də küçədəki itlər də belə bir stimula diqqət yetirərlər. Bu üsul hərdən ən hörmətli auditoriyanın qarşısında da uğurla istifadə oluna bilər.

Məsələn, Filadelfiyadan olan S.S.Ellis öz çıxışlarından birini baş və nişan barmaqları arasında başı üzərində hündürdə dəmir pul tutaraq başlamışdı. Təbii ki, dinləyicilərin hamısı ona baxmağa başladı. Onda o soruşdu: “Zalda olanlardan kiməsə səkidə belə bir dəmir pul tapmaq nəsib olubmu? Hər şey buna dəlalət edir ki, onu tapan xoşbəxt daşınmaz əmlak qismində çoxsaylı nemət alacaqdır. Bu adama bircə gəlmək və həmin dəmir pulu təqdim etmək qalır…”

Sual verin

Ellisin istifadə etdiyi başlanğıcda daha bir müsbət keyfiyyət vardır. Onun çıxışı sualdan başlanır ki, bu, auditoriyanı çıxış edənlə birlikdə fikirləşməyə, onunla əməkdaşlıq etməyə məcbur edir. Diqqət yetirin ki, “Saterdey İvninq Post” jurnalındakı qanqsterlər haqqında məqalə ilk üç cümlədə iki sualla başlanır: “Qanqsterlər, həqiqətən də, təşkil olunublarmı?… Necə?”

Belə bir həlledici sualın istifadə olunması, əslində, öz dinləyicilərinizin təxəyyülünü qıcıqlandırmaq və ona daxil olmaq üçün ən sadə və ən etibarlı metodlardan biridir. Əgər başqa üsulların faydasız olduğu aşkar olarsa, onda bu metodu həmişə tətbiq edə bilərsiniz.

Hansısa bir məşhur adamın nitqindən sitatla niyə də başlamayasınız?

Hansısa bir məşhur insanın sözləri həmişə diqqəti cəlb edir, buna görə də nitqin girişi qismində gözəl sitat hər şeydən yaxşı yarayır. Kommersiyada uğura həsr olunmuş diskussiyanın necə başlandığı sizin xoşunuza gəlirmi?

“Cəmiyyət bizə həm pul, həm də ehtiram şəklində böyük mükafatlar bəxş edir, bircə təbəssümdən başqa”, – deyir Elbert Habbard. – Bəs təşəbbüs nədir belə? Mən sizə cavab verərəm: bu, insanın nəyi etmək lazımdırsa, onu etməsidir, hərçənd bunu ondan xahiş etməmişdilər”.

Belə giriş bir neçə tərifli söz qazandı. Birinci cümlə maraq oyadır, o, bizi çəkib aparır və biz daha çox bilmək istəyirik. Əgər natiq “Elbert Habbard” sözlərindən sonra məharətlə pauza edirsə, onda bu, gözlənti hissini təhrik edir. “Cəmiyyət bizə nəyə görə böyük mükafatlar bəxş edir?” – deyə biz özümüzdən soruşuruq. Tez olun bunu bizə danışın. Biz sizinlə razılaşmaya bilərik, lakin istənilən halda öz rəyinizi bizə bildirin.

İkinci cümlə bizi dərhal məsələnin məğzinə gətirir. Üçüncü – özü ilə sual təcəssüm etdirən cümlə dinləyicilərə müzakirədə iştirak etməyi, fikirləşməyi, nə isə eləməyi təklif edir. Dinləyicilər isə bunu çox sevirlər. Bu, onların çox xoşuna gəlir. Dördüncü cümlə təşəbbüs kəlməsi üçün tərif verir… Bu cür başlanğıcdan sonra natiq nümunə qismində öz həyatından hadisəni danışır.

Öz çıxışınızın mövzusunu dinləyicilərinizin həyati əhəmiyyət kəsb edən maraqları ilə əlaqələndirin

Nitqinizə auditoriyanın maraqlarına toxunan hansısa bir qeyddən başlayın. Bu, çıxışı başlamağın ən yaxşı üsullarından biridir. O, mütləq diqqəti cəlb edəcəkdir. Bizə bilavasitə və güclü surətdə dəxli olan məsələlərdə həmişə çox maraqlıyıq.

Bu, vur-tut sağlam təfəkkürdür, doğru deyilmi? Bununla belə, bu üsul son dərəcə nadir hallarda tətbiq olunur. Məsələn, mən bir çıxışçının mütəmadi tibbi müayinələrdən keçməyin zəruriliyinə həsr olunan nitqi necə başladığını eşitmişdim. O, öz çıxışına necə başlamışdı? O, nitqini insanın ömrünün uzadılması məsələləriylə məşğul olan institut haqqında danışmaqla başlamışdı.

O, həmin institutun necə təşkil olunduğu və nə kimi xidmətlər göstərdiyindən danışırdı. Boş şeydir! Bizim dinləyicilərimiz hansısa kompaniyaların harada və necə fəaliyyət göstərdiyi məsələsinə azacıq da olsa maraq göstərmirlər. Bəli, bu, doğrudur, lakin dinləyicilər özlərində çox dərin və əbədi maraqlıdırlar.

Bu mühüm faktor niyə də etiraf olunmasın? Həmin kompaniyanın dinləyicilər üçün həyati əhəmiyyət kəsb etməsi niyə də nümayiş etdirilməsin? Məsələn, niyə də belə başlanmasın: “Sığorta kompaniyaları tərəfindən işlənib hazırlanan cədvəllərə uyğun olaraq, ömrünüzün uzunluğunun nə qədər olduğu sizə məlumdurmu?

Həyatın sığortalanması sahəsində statistikaçıların bildirdiyi kimi, ömrünüzün uzunluğu sizin indiki yaşınızla səksən yaş arasındakı vaxtın üçdə iki hissəsini təşkil edir.

Məsələn, əgər indi sizin otuz beş yaşınız varsa, onda sizin indiki sinniniz və səksən yaş arasında fərq qırx beş il təşkil edir. Siz həmin müddətin üçdə ikisini, yəni daha otuz il yaşayacağınızı gözləyə bilərsiniz… Bu, kifayətdirmi? Xeyr, xeyr, biz hamımız bundan çox yaşamaq istəyirik.

Bununla belə, yuxarıda haqqında danışılan cədvəllər milyonlarla hadisənin əsasında tərtib olunubdur. Biz sizinlə onu təkzib etməyə ümid edə bilərikmi? Bəli, bilərik, əgər zəruri ehtiyat tədbirləri görəriksə və bu istiqamətdə ən birinci addım ciddi tibbi müayinədən keçmək olmalıdır…”

Bu halda əgər biz mütəmadi tibbi müayinədən keçməyin nə üçün zəruri  lduğunu xırdalıqlarına qədər izah etsək, onda dinləyici ona bu cür xidmətlər göstərmək üçün yaradılmış hansısa bir müəssisə ilə maraqlana bilər. Lakin bu cür müəssisə barədə danışmaqdan başlamaq katastrofik səhv olardı.

Başqa nümunəni götürək. Bir çıxış edənin öz nitqini meşələri qoruyub saxlamağın zəruriliyi ilə başladığını eşitmişdim. O, təqribən belə danışırdı: “Biz, amerikalılar, öz milli sərvətlərimizlə fəxr etməliyik…”

Bu cür girişdən sonra o, meşələrimizi vəhşicəsinə tar-mar etdiyimizi sübut eləməyə başladı. Lakin başlanğıc uğursuz idi, çox ümumi idi, çox yayğın idi. O, dinləyicilərin bu məsələnin özləri üçün vacib əhəmiyyət daşıdığını hiss eləmələrindən ötrü heç nə etmədi. Dinləyicilərin arasında nəşriyyat işçisi var idi.

Meşələrin məhv edilməsi onun işi üçün nə isə konkret bir şey deməkdir. Dinləyicilərin arasında bank sahibi var idi.

Meşələrin məhv edilməsi ona da təsir göstərəcək, söhbət, əlbəttə ki, ümumi firavanlıqdan gedir… və sair və ilaxir. Yaxşı, bəs onda çıxış aşağıdakı kimi niyə də başlanmasın: “Haqqında danışmağa hazırlaşdığım məsələnin sizin – cənab Epplbi və sizin – cənab Sol, biznesinizə dəxli var. Belə götürülərsə, bu məsələ müəyyən dərəcədə həm ərzağın qiymətinə, həm də mənzil haqlarının səviyyəsinə təsir göstərəcəkdir. O, bizim hamımızın rifahına və çiçəklənməsinə toxunur”.

Bu, bizim meşələrimizin qorunub saxlanması probleminin vacibliyinin şişirdilməsi demək olacaqdırmı? Xeyr, mən belə düşünmürəm. Bu cür başlanğıc yalnız Elbert Habbard tərəfindən deyilmiş prinsipə cavab vermiş olardı ki, buna uyğun olaraq, “mənzərəni əhatəli çəkmək və mövzunu elə bir şəkildə təqdim etmək lazımdır ki, o diqqəti cəlb etmiş olsun”.

Sarsıdıcı faktların cəzbetmə qüvvəsi

“Yaxşı jurnal məqaləsi, – deyə tanınmış dövri nəşrlərdən birinin əsasını qoyan S.S.Maklyur bildirir, – bu, sarsıntılar silsiləsidir”.

Onlar bizi silkələyir, bizi qamarlayır və diqqət tələb edirlər. Budur bir neçə nümunə. Baltimordan olan N.D.Ballantayn radionun möcüzəli xüsusiyyətlərinə həsr olunmuş çıxışını aşağıdakı sözlərlə başlamışdı:

“Başa düşürsünüzmü ki, Nyu-Yorkda pəncərə şüşəsinin üstündə hərəkət edən milçəyin addımlarının səsi radio ilə ötürülə bilər və bu səs Mərkəzi Afrikada Niaqara şəlaləsi kimi guruldayacaqdır?”

Nyu-Yorkda Harri C.Cons kompaniyasının prezidenti Harri C.Cons cinayətkarlığa həsr olunmuş çıxışını belə başlamışdı: “Birləşmiş Ştatlar Ali Məhkəməsinin keçmiş baş hakimi Uilyam Houard Taft bir dəfə bəyan etmişdi ki, bizdə cinayət hüququnun necə həyata keçirildiyi – bu, sivilizasiya üçün rüsvayçılıqdır”.

Bu cür başlanğıc özündə ikiqat fayda daşıyır: yurisprudensiya sahəsində nüfuzlu şəxsin göstərilən ifadəsi özü müstəqil qiymətə malikdir və üstəlik də o diqqəti cəlb edir.

Filadelfiyada “Nikbinlər klubu”nun keçmiş prezidenti cinayətkarlıq problemlərinə həsr olunmuş nitqini diqqəti cəlb edən aşağıdakı bəyanatlarla başlamışdı:

“Amerikalılar dünyada ən dəhşətli cinayətkarlardır. Bunun deyilməsi nə qədər sarsıdıcı olsa da, bu, gerçəkliyə müvafiqdir. Klivlenddə, Ohayo ştatında Londonla müqayisədə, əhalinin sayı nəzərə alınmaqla altı dəfə çox qətl və yüz yetmiş dəfə çox qarət hadisəsi baş verir. Klivlenddə hər il qarət olunan və ya qarət məqsədilə hücuma məruz qalan adamların sayı bütün İngiltərə, Şotlandiya və Uelsdə birlikdə götürüləndən çoxdur.

Sent-Luisdə hər il bütün İngiltərə və Uelsdə olduğundan çox adam qətlə yetirilir. Nyu-Yorkda qeydə alınan qətllərin sayı Fransada, Almaniyada, İtaliyada, yaxud Britaniya adalarında törədilənlərdən qat-qat çoxdur. Kədərli həqiqət bundan ibarətdir ki, cinayətkar cəza daşımır. Əgər siz qətl törətmisinizsə, yüzdəbirindən də az şans mövcuddur ki, sizi buna görə nə vaxtsa edam etmiş olsunlar.

Dinc sakin olaraq sizin xərçəng xəstəliyindən ölmək şansınız, əgər siz adam güllələmiş olarsınızsa, dar ağacından asılmaqdan on dəfə çoxdur”.

Bu cür başlanğıcı uğurlu hesab etmək olar, çünki Gibbons bu sözləri zəruri olan qüvvə və ciddiliklə səsləndirmişdi. Bu sözlər yaşayırdı, onlar nəfəs alırdı. Amma mən kursların başqa dinləyicilərinin cinayətkarlıqla bağlı problemlərə həsr olunmuş nitqlərini təqribən analoji illüstrasiyalarla başladıqlarını da eşitmişəm. Lakin, bununla belə, onların çıxışlarının başlanğıcı ortabab idi. Niyə? Sözlər. Sözlər. Sözlər.

Onların quruluşunun texnikası nöqsansız idi, lakin onlarda qəlb yox idi.

Bu adamların çıxış etmək manerası onların dediklərinin zayını çıxarırdı.

Adi görünən girişin əhəmiyyəti

Aşağıda göstərilən giriş sizin necə xoşunuza gəlir, xoşunuza gəlirsə, onda niyə?

Meri E.Riçmond Nyu-York Qadın-Seçicilər Liqasının illik toplantısına o vaxt müraciət etmişdi ki, yetkinlik yaşına çatmayanların nikahına qarşı qanunvericilik hazırlanırdı:

“Dünən getdiyim qatar buradan elə də uzaq olmayan şəhərdən keçəndə mən həmin şəhərdə bir neçə il əvvəl olan toy barədə düşündüm. Bu ştatda bir çox başqa nikahların da həmin nikah qədər tələsik və katastrofik olduğu ilə bağlı mən onun haqqında danışmaq və həmin konkret hadisənin bir neçə təfərrüatını göstərməklə başlamaq istəyirəm.

Bu, dekabrın 12-də baş vermişdi. Orta məktəbin on beş yaşlı qız şagirdi qonşuluqdakı kollecdə oxuyan, yetkinlik yaşına yenicə çatan bir gənclə ilk dəfə görüşmüşdü. Dekabrın 15-də, yəni üstündən cəmi üç gün keçəndən sonra onlar qızın artıq on səkkiz yaşı olduğuna və buna görə də valideynlərinin icazəsinə zərurət olmadığına and içərək, nikah üçün lisenziya əldə edə bildilər.

Bələdiyyədən bu icazə ilə çıxaraq, onlar dərhal keşişə müraciət etdilər (qız katolik idi), lakin o, tamamilə ədalətli olaraq onların kəbinini kəsməkdən imtina etdi. Necə oldusa, qızın anası övladının ərə getmək cəhdindən xəbər tutdu. Lakin o, qızını axtarıb tapa bilməzdən əvvəl bu cütlüyü sülh hakimi vüsala yetişdirdi. Adaxlı öz nişanlısını götürdü və onunla mehmanxanaya getdi ki, onlar burada iki gün və iki gecə keçirdilər; bundan sonra isə o, qızı atdı və bir daha onun yanına qayıtmadı”.

Bu başlanğıc şəxsən mənim çox xoşuma gəlir. Ən birinci cümlə yaxşıdır. O, maraqlı xatirələri nəzərdə tutur və bizdə təfərrüatları eşitmək istəyi yaranır. Biz insan həyatının maraqlı əhvalatını dinləməyə başlayırıq. Bundan başqa, o çox həqiqətəuyğun görünür. Akademik dadı yoxdur, rəsmiyyət xatirinə danışılmayıb,

düzülüb-qoşulmayıb… “Dünən getdiyim qatar buradan elə də uzaq olmayan şəhərdən keçəndə mən həmin şəhərdə bir neçə il əvvəl olan toy barədə düşündüm”. Bu, təbii, sərbəst, insani səslənir. Belə təəssürat yaranır ki, bir nəfər başqasına maraqlı əhvalat danışır. Bu, istənilən auditoriyanın xoşuna gəlir. Lakin həddən artıq cidd-cəhdlə, əvvəlcədən düşünülmüş niyyətlə hazırlandığı nəzərə çarpan çıxış, çox güman ki, dinləyicilərin xoşuna gəlməzdi.

Biz məharəti ört-basdır edən məharəti sevirik.

Xülasə

  1. Çıxışın başlanğıcı ən çətinidir, lakin eyni zamanda da o istisnasız olaraq vacibdir, zira həmin məqamda dinləyicilərin beyni yorğun deyil və onda təəssürat yaratmaq nisbətən asandır.

Əgər burada təsadüflərə bel bağlasaq, onda bu, həddən artıq ciddi nəticələrə gətirə bilər; çıxışın başlanğıcını əvvəlcədən dəqiq hazırlamaq lazımdır.

  1. Giriş qısa olmalı və bir və ya iki cümlədən çox olmamalıdır. Çox vaxt, ümumiyyətlə, onsuz da keçinmək olar.

Birbaşa öz çıxışınızın məğzinə buna minimal sayda söz sərf edərək girişin. Heç kim buna qarşı etiraz etməyəcəkdir.

  1. Natiqliyə yenicə başlayanlar çıxışlarını ya yumoristik hekayədən, ya da üzrxahlıqdan başlamağa meyillidirlər. Həm bu, həm də o biri, adətən, uğursuz olur.
Yalnız çox az sayda adam – çox, çox, çox az sayda – gülməli lətifəni uğurla danışa bilər. Belə cəhd auditoriyaya ləzzət vermək əvəzinə, adətən, onu çaşqın vəziyyətə salır. Hekayələr yerinə düşməli və onlar danışmaq xətrinə səsləndirilməməlidir.

Yumor tortun üstündə şirə olmalıdır, tortun özü yox… Heç vaxt üzrxahlıq etməyin, çünki bu, adətən, sizin dinləyicilərinizi təhqir edir və onları əsəbiləşdirir. Nəyi danışmaq istəyirsinizsə, məhz onu da danışın, bunu tez danışın və öz yerinizə əyləşin.

  1. Natiq öz auditoriyasının diqqətini aşağıdakı üsullarla qazana bilər:
  2. a) dinləyicilərin marağını oyatmaqla (Dikkensin “Yeni il mahnısı” kitabı ilə bağlı halda olduğu kimi);
  3. b) maraqlı əhvalatı adam kimi danışmaqla (məsələn, “Akrlarla almaz” mühazirəsində olduğu kimi);
  4. c) konkret illüstrasiyadan başlayaraq (bu kitabın altıncı fəslinin başlanğıcına bax);d) hansısa bir əşyanı istifadə etməklə (məsələn, onu tapana torpaq sahəsi almaq hüququ verən dəmir pul kimi);
  5. e) sual verməklə (məsələn: “Sizdən kim isə belə bir dəmir pulu səkidə tapıbmı?”);
  6. f) hansısa bir heyrətamiz sitatdan başlamaqla (məsələn, Elbert Habbardın öz çıxışında təşəbbüsün qiyməti barədə etdiyi kimi);
  7. g) çıxışın mövzusunun dinləyicilərin həyati maraqları ilə bağlı olduğunu göstərməklə (məsələn, bildirərək ki, “…sizin ömrünüzün uzunluğu sizin indiki yaşınız və səksən yaş arasındakı vaxtın üçdə ikisi qədərdir. …Siz öz ömrünüzü uzada bilərsiniz, əgər mütəmadi olaraq dəqiq tibbi müayinədən keçərsinizsə və s.);
  8. h) sarsıdıcı faktlardan başlamaqla (məsələn, “amerikalılar sivil dünyada ən dəhşətli cinayətkarlardır” fikrini bildirməklə).
  9. Öz çıxışınızı həddən artıq formal başlamayın. Üzə vurmayın ki, siz onu həddən artıq dəqiqliklə hazırlamısınız. Çıxış sərbəst, qərəzsiz, təbii görünməlidir. Buna indicə baş verən, yaxud indicə deyilən haqqında danışmaqla nail olmaq mümkündür (məsələn, “Dünən getdiyim qatar buradan elə də uzaq olmayan şəhərdən keçəndə mən bu şəhərdə bir neçə il əvvəl olan nikah barədə düşündüm…”).

Çıxışı necə yekunlaşdırmalı

Bilmək istəyirsinizmi ki, təcrübəli və ya təcrübəsiz olduğunuzu, məharətinizi, yaxud vərdişlərin olmamasını nitqinizin hansı yerlərində ən çox üzə vura bilərsiniz?

Başlanğıcda və sonluqda. Teatrda köhnə, əlbəttə, aktyorlara aid olan məsəl mövcuddur ki, o, təqribən belə səslənir: “Aktyorların məharətini onların səhnəyə necə çıxdıqları və oradan necə getdikləri ilə mühakimə etmək olar”.

Başlanğıc və sonluq. Onlar, demək olar, istənilən fəaliyyət növündə ən çətinidir. Məgər ictimai fəaliyyət sahəsində də gözəl peyda olmaq və bundan az olmayan gözəlliklə arenadan getmək ən çətin iş deyilmi? İşgüzar söhbətdə ən çətin məsələ –başlanğıcda həmsöhbəti özünə yaxınlaşdırmaq və sonda uğura nail olmaqdır.

Çıxışın yekunu, həqiqətən də, özü ilə nitqin strateji cəhətdən ən mühüm hissəsini təcəssüm etdirir. Natiqin sonluqda dediyi, onun axırıncı sözləri natiq artıq çıxışını başa vurandan sonra da dinləyicilərin qulaqlarında səslənir və ən çox yadda qalan da məhz elə bunlardır. Lakin natiqliyə yenicə başlayanlar bu faydalı faktorun mühüm əhəmiyyətini nadir hallarda dərk edirlər. Çox vaxt istəyərdik ki, onların çıxışlarının finalı daha yaxşı olsun.

Onların ən tipik səhvləri hansılardır? Gəlin onlardan bəzilərini nəzərdən keçirək və onları düzəltməyin yollarını tapmağa çalışaq.

Birincisi, belə natiqlər var ki, onlar nitqlərini aşağıdakı kimi yekunlaşdırırlar:

“Budur, bu da mənim bu məsələ ilə bağlı demək istədiyim təqribən hər şey.

Odur ki, bununla yekunlaşdırmağım yaxşı olardı”.

Bu, sonluq deyil. Bu, səhvdir.

Dərhal görünür ki, natiq – diletantdır. Bu cür səhv, demək olar ki, bağışlanmazdır.

Əgər bu, sizin demək istədiyiniz hər şeydisə, niyə də elə bununla yekunlaşdırmaya və yekunlaşdırmağa hazırlaşdığınız barədə söhbətsiz-filansız yerinizə əyləşməyəsiniz. Əyləşin, bunun demək istədiyinizin hamısı olubolmadığı barədə qənaətə gəlməyi isə sakitcə və ədəb-ərkanla dinləyicilərinizin öhdəsinə buraxın.

Belə natiqlər olur ki, onlar ürəklərində olanın hamısını deyirlər, lakin çıxışı necə yekunlaşdırmalı olduqlarını bilmirlər. Deyəsən, hələ Coş Billinqs öküzü buynuzundan yox, quyruğundan yapışmağı məsləhət görmüşdü, çünki bu halda onu buraxmaq daha asan olacaq.

Öküzün buynuzundan yapışan natiq ondan çəkilmək istəyir, lakin o, nə qədər səy göstərsə də, arxasında gizlənmək üçün yararlı çəpər və ya ağac tapa bilmir. Buna görə də o, əvvəl-axır sehrli dairədə olduğu kimi vurnuxmağa başlayır, dediklərini təkrar etməyə məcbur olur və özü haqqında mənfi təəssüratlar qoyur…

Belə vəziyyətdə bəs nə kömək edə bilər? Hərdən çıxışın sonluğunu əvvəlcədən planlaşdırmaq lazımdır, doğru deyilmi? Artıq dinləyicilərin qarşısına çıxdığınız, əsəbi gərginlik vəziyyətində olduğunuz, sizin fikirlərinizin nə haqda danışdığınıza yönəlməli olduğu bir vaxtda öz nitqinizin sonluğunu düşünmək məgər ağıllı işdir? Sağlam təfəkkür məsləhət görür ki, çıxışınızın sonluğunun əvvəlcədən, sakit və tələsiklik olmayan şəraitdə hazırlanması arzuolunandır.

Hətta Vebster, Brayt, Qladston kimi ingilis dilini gözəl bilən görkəmli natiqlər də hesab edirdilər ki, öz çıxışlarının axırıncı sözlərini əvvəlcədən yazmaq və bunları əzbərdən öyrənmək onlar üçün zəruridir.

Natiqliyə yenicə başlayan əgər bu deyilənlərə riayət edərsə, onda o, buna nadir hallarda heyifsilənmiş olacaqdır. O, çıxışını məhz hansı sözlərlə tamamlamalı olduğunu çox dəqiq bilməlidir. O, çıxışın sonluğunu bir neçə dəfə məşq etməlidir, mütləq deyil ki, hər dəfə təkrar edəndə eyni sözlərdən istifadə etsin, lakin öz fikirlərini konkret cümlələrdə ifadə etməlidir.

Natiq improvizə edilmiş nitq söyləyəndə çıxışı bəzən əhəmiyyətli surətdə dəyişmək, ixtisar etmək lazım gəlir ki, nitq onun dinləyicilərinin reaksiyasına müvafiq gəlsin. Buna görə də sonluğun iki və ya üç variantının əvvəlcədən hazırlanması, həqiqətən də, ağıllı iş olardı. Əgər onlardan biri yaramayarsa, başqası uyğun gələ bilər.

Natiqlərin bəzisi öz çıxışlarının sonuna, ümumiyyətlə, gəlib çata bilmir. Haradasa ortalarda onlar sürətlə və rabitəsiz danışmağa və elə bil yanacağı, demək olar, qurtaran mühərrik kimi yanıb-sönməyə başlayırlar və bir necə naümid sıçrayışdan sonra tamamilə dayanırlar. Qəza. Belələrinə, əlbəttə, daha ciddi hazırlaşmaq lazımdır və daha çox təcrübə toplamaq zəruridir – ehtiyat benzin olmalıdır.

Natiqliyə yenicə başlayanların bir çoxu çıxışlarını həddən artıq kəskin qurur. Onlarda aramlı olmaq və öz nitqini yekunlaşdırmaq bacarığı çatışmır. Onlarda sonluq faktiki olaraq yoxdur; onlar, sadəcə olaraq, qəfildən danışmağı dayandırırlar. Bu, xoşagəlməz təəssürat doğurur və dinləyicilər görürlər ki, qarşılarına çıxan diletantdır.

Əgər sizin tanışınız söhbət əsnasında qəfildən öz nitqini kəssəydi və sizinlə nəzakətlə vidalaşmadan, qaçaraq otağı tərk etsəydi, siz nə düşünərdiniz?

Hətta Linkoln kimi natiq də prezident postuna keçdiyi vaxt etdiyi çıxışının ilkin variantında bu səhvə yol vermişdi.

Həmin nitq ağır dövrdə söylənilmişdi. Narazılığın və nifrətin qasırğa buludları artıq ətrafda topalaşmağa başlayırdı. Üstündən bir neçə həftə keçəndən sonra qan seli və dağıntılar fırtınası ölkənin üstünə gəldi. Cənubun sakinləri üçün nəzərdə tutulan yekun sözlərlə çıxış edərkən Linkoln öz çıxışını aşağıdakı kimi tamamlamaq niyyətində idi:

“Vətəndaş müharibəsi kimi çox vacib problemin həlli sizin əllərinizdədir, mənim narazı həmvətənlərim, mənim əlimdə deyil. Hökumət sizin üstünüzə hücum çəkməyəcəkdir. Əgər siz özünüz təcavüzkar olmasanız, bizim heç bir münaqişəmiz olmayacaqdır. Mən hökuməti qoruyub saxlayacağım və müdafiə edəcəyimlə bağlı ən təmtəraqlı and içdiyim halda, siz onu məhv edəcəyinizlə bağlı göylər qarşısında heç bir and içməmisiniz.

Siz onun üstünə hücum çəkməkdən özünüzü saxlaya bilərsiniz. Mən isə onu müdafiə etməkdən yayına bilmərəm. Ən vacib sualın həlli məndən yox, məhz sizdən asılıdır: sülh olacaqdır, yoxsa qılınc!”

Linkoln bu nitqi öz naziri Syuarda göstərdi və o da tamamilə ədalətli olaraq bildirdi ki, yekun sözlər həddən artıq kəskin, birbaşa, təhrikedicidir. Syuard çıxışın sonluğunu özü dəyişməyə çalışdı; o faktiki olaraq iki variant yazdı.

Linkoln onlardan biri ilə razılaşdı və xırda dəyişikliklərlə onu ilkin olaraq hazırladığı nitqin axırıncı üç cümləsinin yerinə istifadə etdi. Nəticədə onun prezident postuna keçərkən etdiyi birinci nitqi özünün təhrikedici kəskinliyini itirdi və dostcanlılığın, həqiqi gözəlliyin və poetik ibarəbazlığın zirvəsinə çatdı:

“Mən öz çıxışımı həvəssiz tamamlayıram. Biz düşmən deyilik, dostuq.

Biz düşmən olmamalıyıq. Hansısa ehtiraslar qızışa bilər, lakin bunlar bizim dostluq bağlarımızı pozmamalıdır. Hər bir döyüş meydanından və hər bir patriotun məzarından bizim ucsuz-bucaqsız torpağımızın hər yerində yaşayan hər bir ürəyə və hər bir ocağa uzanan yaddaşın sirli simləri – əgər onlara bir daha toxunularsa və bu, bizim təbiətimizin ilahi başlanğıcı sayəsində mütləq baş verəcəkdir – öz səsini İttifaqın xoruna qoşacaqdır”.

Natiqliyə yenicə başlayan özündə çıxışının yekunlaşdırılmasının zəruriliyi ilə bağlı düzgün hissi necə formalaşdırmalıdır? Mexaniki qaydaların köməyi ilə?

Xeyr. İncəsənətlə bağlı olduğu kimi, bu da həddən artıq incə işdir. Bu, altıncı hissə çevrilməlidir, demək olar, intuisiya olmalıdır. Əgər natiq çıxışının harmonic olaraq və sənət baxımından yekunlaşdığını hiss etmirsə, onda o, buna nail ola biləcəyinə necə bel bağlayır?

Amma belə bir hissi özündə inkişaf etdirmək mümkündür və bunu görkəmli natiqlərin istifadə etdikləri metodları öyrənməklə etmək olar. Budur, məsələn, Uels şahzadəsinin Torontoda İmper klubunda çıxışının sonluğu:

“Qorxuram ki, cənablar, mən özümü saxlaya bilmədim və özüm haqqında həddən çox danışdım. Lakin mən Kanadada sizin qarşınızda çıxış etmək şərəfi göstərilən bu böyük auditoriyada özümün vəsiyyətim və bununla bağlı olan məsuliyyətlə əlaqədar düşündüklərimi sizinlə bölüşmək istəyirdim. Mən size yalnız bunda əmin edə bilərəm ki, bu böyük məsuliyyətə və sizin etibarınıza layiq olmağa həmişə can atacağam”.

Bu çıxışı hətta kor adam da eşitmiş olsaydı, onun başa çatdığını hiss edərdi. O, ucu heç yerə bağlanmayan kəndir kimi havadan asılı qalmadı, çıxış yekunlaşdı və tamamlandı.

Məşhur Harri Emerson Fosdik Cenevrədə Müqəddəs Pyotr məbədində Millətlər Liqasının VI Assambleyası açılandan sonra çıxış edirdi. O, çıxışı üçün bu mövzunu seçmişdi: “Əlinə qılınc alan hər kəs həmin qılıncla da məhv olacaqdır”. Onun öz moizəsini necə gözəl, təmtəraqla və qüvvə ilə yekunlaşdırdığına diqqət yetirin:

“Biz İsa Məsihi və müharibəni barışdıra bilmərik – məsələnin mahiyyəti bax bundadır. Xristianların vicdanını bu gün məhz bu problem narahat etməlidir.

Müharibə bəşəriyyətin yoluxduğu ən qorxunc və dağıdıcı ictimai günahdır; o, bütövlükdə və tamamilə qeyri-xristian mənşəlidir; öz metodlarında və nəticələrində o, Məsihin inkar etdiklərinin hamısını ehtiva edir və müharibə onun nəzərdə tutduğu demək ola bilməz.

Müharibə Tanrı və insan haqqında istənilən xristian doktrinasının ən qəti, yer üzündəki ateist-nəzəriyyəçilərin hamısının nə vaxtsa düşünüb tapa biləcəkləri ən qəti inkarı deməkdir.

Əgər xristian kilsəsi bizim zəmanəmizin bu ən böyük mənəvi probleminin həllini öz üzərinə götürmüş olsaydı, yaxşı olardı və yaxşı olardı ki, o, yenə də bizim əcdadlarımızın vaxtında olduğu kimi bu müasir dünyanın bütpərəstliyinə qarşı aydın üsul işləyib hazırlamış olaydı və döyüşən tərəfləri dəstəkləməkdən imtina edərək tanrı şahlığını millətçiliyin üstünə qoymuş və dünyanı sülhə çağırmış olaydı. Bu, patriotluğun inkarı yox, əksinə, onun apofeozu demək olardı.

Bu gün burada, bu hündür və qonaqpərvər tavanın altında mən, amerikalı, öz hökumətimin adından danışa bilmərəm. Lakin mən amerikalı və xristian olaraq milyonlarla öz həmvətənim adından deyirəm və sizin möhtəşəm, bizim inandığımız, adına dua etdiyimiz, iştirak etmədiyimizə görə dərindən məyus olduğumuz işinizdə sizə layiq olduğunuz uğurları diləyirəm. Biz elə həmin məqsədə – sülh üçün yaradılan dünyaya nail olmaq naminə çoxsaylı üsullarla mübarizə aparırıq.

Hələ indiyə qədər uğrunda mübarizə aparmağına bu qədər cəhd olmamışdı. Müharibə bəşəriyyətin nə vaxtsa qarşısında durduğu ən qorxunc bəladır. Mənəviyyat şahlığında tanrı qanunu, fizika şahlığındakı ümumdünya cəzbetmə qanunu kimi heç bir adam, heç bir xalq bunu istisna etmir: “qılıncdan yapışan hər kəs həmin qılıncla da məhv olacaqdır”.

Lakin çıxış sonluqları ilə bağlı bu nümunələr Linkolnun prezidentlik postuna ikinci dəfə keçdiyi vaxt onun çıxışının sonluğunu xarakterizə edən, səs tonları və orqan sədalarına bənzəyən musiqisiz tamamlanmamış olardı. Oksford Universitetinin fəxri rektoru, mərhum qraf Kerzon Keddltonski bildirmişdi ki, Linkolnun çıxışı “bəşəriyyətin şöhrətini və sərvətini artırır… natiqlik sənətinin ən saf qızılıdır, bundan da çox, demək olar, İlahidən gələn gözəl nitqdir”:

“Biz sevgi ilə ümid edir və qızğınlıqla göylər qarşısında dua edirik ki, bu dəhşətli müharibə bəlası bacardıqca tez qurtarsın. Lakin əgər Tanrı müharibənin iki yüz əlli illik məşəqqətli əmək sayəsində toplanan sərvətlərin hamısı məhv olana qədər və qamçı zərbəsindən çıxan hər bir damla qanın bahasının, hələ üç min il əvvəl deyildiyi kimi, qılıncla endirilən zərbədən çıxan qanla ödənəcəyi vaxta qədər davam etməsini buyurursa, biz ələlxüsus deməliyik ki, “Tanrının mühakiməsi düzgün və ədalətlidir”.

Öz kinimizi heç kimə qarşı çevirmədən, hamıya tərəf şəfqət qəlbiylə üz tutaraq, haqlı işdə – Tanrı bizə özünün haqlı olduğunu görmək imkanı verəndə möhkəm olaraq gəlin bizim qarşımızda duran məsələni həll etməyə can ataq: ölkənin yaralarını sarıyaq, döyüşün məşəqqətlərini çəkənlərin və başını qoyanların, dul qadınların və yetim uşaqların qeydinə qalaq – hər şeyi edək ki, bizim aramızda olduğu kimi, bütün xalqların arasında da ədalətli və möhkəm sülhə nail olunmasına kömək etmiş olaq”.

Siz indicə, mənim fikrimcə, fani varlığın dili ilə söylənmiş ən parlaq nitq sonluğunu oxudunuz…

Siz mənim qiymətimlə razısınızmı? Siz hansı nitqdə bundan çox humanistlik, bundan çox sevgi, bundan çox dərdəşəriklik tapa bilərdiniz?

“Gettisberq nitqi nəcib olsa da, – deyir Uilyam E.Barton yazdığı “Avraam Linkolnun həyatı” kitabında, – bu çıxışı daha yüksək nəciblik səviyyəsinə çatır…

Bu, Avraam Linkolnun ən görkəmli çıxışıdır və onun intellektual və ruhi qüvvəsinin çox yüksək səviyyədə olduğunu əks etdirir”.

“O, müqəddəs poemaya bənzəyirdi, – yazırdı Karl Şults. – Amerikanın heç bir prezidenti Amerika xalqına heç vaxt bu cür sözlər deməyib. Amerikanın heç vaxt belə prezidenti olmayıb ki, o, ürəyinin dərinliklərində bu cür sözlər tapa bilmiş olsun”.

Amma siz, çox güman, Vaşinqtonda prezident və ya Ottavada, yaxud Kanberrada baş nazir kimi ölməz nitqlər söyləməyə hazırlaşmırsınız. Sizin qarşınızda ictimai fəaliyyətlə məşğul olan bir qrup adamın qarşısında edəcəyiniz adi çıxışı necə yekunlaşdırmaq problemi duracaqdır. Bəs siz bunu necə edəcəksiniz? Gəlin bir az fikirləşək.

Gəlin bəzi faydalı təklifləri işləyib hazırlamağa çalışaq.

Öz çıxışınızın əsas müddəalarının xülasəsini verin

Hətta qısa üç və ya beş dəqiqəlik çıxışda belə natiq elə çox məsələyə toxuna bilər ki, sonda dinləyicilər onun nitqinin əsas müddəalarını tam aydın təsəvvür edə bilməyəcəklər. Amma bunu natiqlərin yalnız çox azı başa düşür. Onlar yanlış olaraq zənn edirlər ki, əgər həmin məqamlar onların öz təsəvvürlərində tamamilə aydındırsa, onda bu məqamlar dinləyicilər üçün də eyni dərəcədə aydın olmalıdır.

Heç də belə deyil. Natiq öz ideyalarının üzərində müəyyən vaxt ərzində düşünüb, lakin onun dinləyiciləri üçün bunların hamısı yenidir; onlar dinləyicilərin üstünə qırma gülləsi kimi yağır. Bunlardan bəziləri onlara toxuna bilər, lakin əksəriyyəti yan keçir. Dinləyicilər Yaqo kimi “çox şeyi xatırlaya, lakin heç nəyi dəqiq xatırlamaya” bilərlər.

Bir irlandiyalı siyasi xadim, deyirlər ki, çıxışlarla bağlı aşağıdakı məsləhəti vermişdi: “Əvvəl publikaya danışın ki, ona nə danışmaq istəyirsiniz; sonra danışmağa başlayın, ardınca isə ona artıq nə danışdığınızı danışın”. Elə də pis fikir deyil. Həqiqətən də, çox vaxt məsləhət görürlər ki, “artıq danışdığınız barədə danışasınız”.

Bunu, əlbəttə, qısaca, tez etmək lazımdır, yəni deyilənin yalnız icmalını və ya xülasəsini vermək lazımdır.

Baxın, buna yaxşı bir nümunə. Natiq Çikaqo dəmir yolları sistemində rəhbər işçilərdən biri idi:

“Qısa deyilərsə, cənablar, bu bloklaşdırıcı qurğunun istifadə olunması üzrə şəxsi təcrübəmiz, onun şərqdə, qərbdə və şimalda tətbiq olunma təcrübəsi, onun işinin əsasına qoyulan ağıllı prinsiplər, qəzaların qarşısının alınması sayəsində bir il ərzində qənaət olunan vəsaitlər – bütün bunlar mənə həmin qurğunun dərhal bizim cənub şöbəmizdə tətbiq edilməsini ən ciddi və qəti şəkildə məsləhət görməyə imkan verir”.

Onun nə etdiyini siz sezə bildinizmi? Siz bunu onun nitqinin qalan hissəsinə hətta qulaq asmadan belə görə və hiss edə bilərsiniz. O, bir neçə cümlədə əlli beş söz istifadə etməklə öz nitqində işlətdiyi əsas müddəaların praktiki olaraq hamısını cəmləşdirdi.

Məgər sizə belə gəlmir ki, bu cür xülasə kömək edir? Əgər kömək etdiyini düşünürsünüzsə, onda bu metodla silahlanın.

Hərəkətə çağırış

İndicə sitat gətirilən sonluq hərəkətə çağırış edən çıxışın sonluğu üçün parlaq illüstrasiyadır. Natiq nəyin edilməsini istəyirdi: öz dəmir yolunun cənub şöbəsində bloklaşdırıcı qurğuların quraşdırılmasını. O, öz çağırışını qənaət olunacaq vəsaitlərlə, həmçinin də bunun qəzaların qarşısını alacağı faktı ilə əsaslandırdı. Natiq hərəkət tələb edirdi və o, bunu da aldı.

Bu, təlim xarakterli çıxış deyildi. Bu, müəyyən dəmiryol kompaniyasının direktorlar şurasında səslənmişdi və bloklaşdırıcı qurğunun quraşdırılmasını, yəni nəyə çağırış edilirdisə, onu təmin etdi.

Qısa səmimi compliment

“Qüdrətli Pensilvaniya ştatı yeni zamanın gəlişini sürətləndirmək uğrunda hərəkata başçılıq etməlidir. Bu, dəmirin və poladın qüdrətli istehsalçısı olan ştat, ərazisində dünyanın ən iri dəmir yolu kompaniyasının olduğu və bizim kənd təsərrüfatı ştatlarımız arasında üçüncü yerdə dayanan ştat – bizim kommersiyamızın əsasını təşkil edir.

Bu ştatın qarşısında hələ heç vaxt belə möhtəşəm perspektivlər açılmamışdı, onun rəhbəredici rolu yerinə yetirməsi üçün imkan hələ heç vaxt belə parlaq olmamışdı”.

Çarlz Şvab Nyu-Yorkda “Pensilvaniya” cəmiyyətində öz çıxışını bu sözlərlə bitirmişdi. Onun dinləyiciləri özlərini məmnun, xoşbəxt, nikbin əhvali-ruhiyyədə hiss edirdilər. Bu, çıxışa yekun vurmağın müsbət qiymətə layiq olan üsuludur, lakin effektli olmaq üçün o, səmimi olmalıdır. Heç bir kobud riyakarlıq, heç bir ekstravaqantlıq olmamalıdır.

Bu cür sonluq, əgər onda səmimilik yoxdursa, saxta təsir bağışlayacaqdır, son dərəcə saxta. Adamlar onu qəlp pul kimi qəbul etmək istəməyəcəklər.

Yumoristik sonluq

Corc Kouenn deyirdi: “Siz dinləyicilərinizlə vidalaşanda onları gülən vəziyyətdə qoyub gedin”. Əgər sizdə bunu etmək üçün qabiliyyət, eləcə də zəruri olan material varsa, bu çox yaxşıdır. Bəs bunu necə etmək olar? Hamlet dediyi kimi, sual bax bundadır. Hər bir adam öz yolu ilə getməlidir.

Təsəvvür etmək çətindir ki, Con Ueslinin sərdabası ilə bağlı təmtəraqlı tədbirdə metodik kilsəsinin toplantısının iştirakçılarına nitqlə müraciət edən Lloyd Corc onları gülə-gülə qoyub gedəydi.

Lakin onun bunu necə ağıllı etdiyinə, öz çıxışını necə hamar və gözəl bitirdiyinə diqqət yetirin:

“Mən şadam ki, siz onun sərdabasının təmiri işini öz əlinizə götürmüsünüz. Bunu alqışlamaq lazımdır. O, elə bir insan idi ki, səliqəsizliyə və təmizliyin olmamasına xüsusilə nifrət bəsləyirdi. Mənə belə gəlir ki, bunu məhz o deyib:

“Qoy heç kim heç vaxt cır-cındır içində olan metodist görməsin”.

Beləsini siz məhz onun sayəsində heç vaxt görməmisiniz (gülüş). Onun məzarını səliqəsiz vəziyyətdə qoymaq ikiqat qədirbilməzlik olardı. O, kilsədən çıxanda və Derbşirdən olan bir qız qaçaraq qapıya yaxınlaşıb “Qoy Tanrı sizə yar olsun, cənab Uesli!” – deyə qışqıranda onun qıza nə dediyi yəqin xatirinizdədir.

O cavab vermişdi: “Qadın, xeyir-duanın qiyməti daha artıq olardı, əgər sənin sifətin və önlüyün daha təmiz olsaydı” (gülüş). Səliqəsizliyə onun münasibəti bax bu cür idi. Onun məzarını səliqəsiz vəziyyətdə qoymayın.

Əgər o, bunu elə vəziyyətdə görsəydi, bu, onu daha çox kədərləndirərdi. Onun qeydinə qalın. Bu, əlamətdar və müqəddəs sərdabadır. Bu məsuliyyət – sizin üzərinizdədir” (alqışlar).

Poetik sətirli sonluq

Çıxışı yekunlaşdırmağın heç bir üsulu yumor, yaxud poeziya kimi yararlı deyil, əgər onlar yerinə düşürsə. Həqiqətən də, əgər sizə çıxışınızın sonluğu üçün yerinə düşən şeir tapmaq müyəssər olursa, bu, demək olar ki, idealdır. Bu, çıxışınıza arzuolunan ətir, nəciblik, fərdilik, gözəllik vermiş olardı.

Harri Loder “Rotari” klubunun amerikalı deleqatlarının Edenburq qurultayında çıxışını aşağıdakı şəkildə tamamladı:

“Siz evə qayıdanda isə sizlərdən bəziləriniz qoy mənə poçt açıqcası göndərsin. Əgər bunu siz etməsəniz, mən sizə açıqca göndərəcəyəm. Bu açıqcanın mənim tərəfimdən göndərildiyini siz asanlıqla başa düşəcəksiniz; çünki onun üstündə marka olmayacaqdır (gülüş). Amma mən onun üstündə nə isə yazacağam və təxminən orada bax bu olacaqdır:

İlin fəsilləri gələcək və gedəcək,

Hər şey solur, bildiyiniz kimi, vaxtı gələndə.

Bir şey var, amma daim şeh təki çiçəklənir və təravətlidir –

Bu, mənim sizə sevgim və bağlılığımdır”.

Bu kiçik şeir Harri Loderin şəxsiyyətinə tam uyğundur və şübhəsiz ki, onun bütün çıxışı ilə həmahəng səslənir. Buna görə də konkret halda o, gözəl idi. Əgər “Rotari” klubunun hansısa bir başqa üzvü həmin şeiri özünün təmtəraqlı nitqinin sonunda istifadə etmiş olsaydı, onda bu, o qədər qeyri-təbii görünərdi ki, demək olar, gülünc olardı.

İctimaiyyət qarşısında çıxış etmək sənətini mən nə qədər çox tədris edirəmsə, həyatın bütün halları üçün düzgün olacaq ümumi qaydaları verməyin qeyri-mümkün olduğunu bir o qədər aydın başa düşür və daha canlı dərk edirəm. Axı müzakirə predmetindən, vaxtdan və hadisənin baş verdiyi yerdən, elə insanın özündən də çox şey asılıdır.

Hər bir kəs, müqəddəs Pavel dediyi kimi, öz xilasını həyata keçirməlidir.

Azad peşə sahibi olan bir nəfərin Nyu-Yorkdan getməsiylə bağlı verilən vida naharında qonaq qismində iştirak etmişdim. Natiqlər bir-birinin ardınca ayağa qalxır, şəhərdən gedən dostlarını vəsf edir və fəaliyyətinin yeni sahəsində ona uğurlar diləyirdilər. Bir düjünə yaxın çıxış edilmişdi, lakin onlardan yalnız biri yaddaqalan şəkildə tamamlandı.

Bu məhz elə şeirlə tamamlanan çıxış idi. Çıxış edən şəhərdən gedənə tərəf döndü və hisslə dolu səslə dedi: “Hə, indi isə görüşənədək, mən sənə özümə arzulaya biləcəyim bütün hər şeyi diləyirəm!

Mən əlimi Şərq əhli sayaq ürəyim üstə qoyuram:

Qoy Allah sənə yar olsun.

Sən harada olsan, hara gedib çıxsan da,

Qoy orada Allahın gözəl palmaları yetişsin,

Zəhmətli gündüzlər və dincəldiyin gecələr sənə

Qoy Allahın xeyir-duasını gətirsin.

Mən əlimi Şərq əhli sayaq ürəyim üstə qoyuram:

Qoy Allah sənə yar olsun.

Bruklindəki L.A.D. Motors korporasiyasının vitse-prezidenti C.A.Ebbot öz təşkilatının qulluqçuları qarşısında sadiqlik və əməkdaşlıqla bağlı çıxış edirdi. O, öz çıxışını Kiplinqin “Cəngəlliklərin ikinci kitabı” əsərindən cingiltili sətirlərlə bitirdi:

Bu da sizin üçün Cəngəlliklər Qanunu –

Və o, göy qübbəsi tək dəyişməzdir.

Canavar onu sayanadək sağdır;

Qanunu pozan Canavar öləcəkdir.

Lianatək, sarmaşıqtək hər iki tərəfə sarılır Qanun:

Canavar kimi yaşamaqdadır Dəstənin gücü,

Canavarın gücü – doğma Dəstədir”.

Əgər siz şəhərinizdəki kitabxanaya gedərsinizsə və kitabxanaçıya deyərsinizsə ki, filan-filan mövzu ilə bağlı çıxış hazırlayırsınız və bu, yaxud başqa bir ideyanı ifadə etmək üçün poetik sitat axtarırsınız, onda Bartlettin “Tanış sitat” tipli hansısa bir məlumat kitabından sizin üçün, ola bilsin ki, oxşar nəsə tapmış olarlar.

İncildən gətirilən sitatın qüvvəsi

Əgər siz öz çıxışınızda Müqəddəs Kitabdan sitat gətirə bilərsinizsə, onda sizin bəxtiniz gətirəcək. Yerinə düşən halda İncildən gətirilən sitat çox vaxt dərin təsir göstərir. Məşhur maliyyəçi Frenk Vanderlip bu metodu müttəfiqlərin Birləşmiş Ştatlara ödəməli olduqları borca həsr olunmuş çıxışının sonluğunda istifadə etmişdi:

“Əgər biz öz tələbimizin, hərfi mənada, yerinə yetirilməsini təkid etmiş olsaq, onda o, dəqiq ki, yerinə yetirilməmiş olacaqdır. Əgər biz eqoistik mülahizələrdən çıxış edərək təkid etsək, onda biz pul yox, nifrət alarıq. Əgər biz genişürəkli olsaq – müdrikcəsinə genişürəkli – onda borclar bizə qaytarıla bilər və bununla edəcəyimiz xeyirxahlıq bizim üçün maddi cəhətdən, bizim itirə biləcəyimiz başqa nə iləsə müqayisədə daha böyük demək olacaqdır.

“Zira öz həyatını xilas etmək istəyən onu itirəcək, lakin öz həyatını mənə və Müqəddəs Kitaba görə itirən onu xilas edəcəkdir”.

Kulminasiya

Kulminasiya özü ilə çıxışın başa çatdırılmasının populyar üsulunu təcəssüm etdirir. Onu həyata keçirmək çox vaxt çətin olur və o, bütün natiqlər və bütün mövzular üçün heç də həmişə yerinə düşən sonluq olmur. Lakin o, yaxşı yerinə yetirilibsə, parlaq təəssürat qoyur. O, hər cümlə ilə daha da güclənərək zirvəyə çatır. Kulminasiya üçün yaxşı nümunə kimi mükafatla təltif olunan və üçüncü fəsildə göstərilən Filadelfiya haqqında çıxışın sonluğunu göstərmək olar.

Linkoln kulminasiyanı Niaqara şəlaləsi haqqında mühazirələr üçün öz qeydlərini hazırlayarkən istifadə etmişdi. Diqqət yetirin ki, hər növbəti müqayisə əvvəlkindən daha güclüdür və o, Niaqaranın yaşını Kolumbun, Məsihin, Moiseyin (Musa peyğəmbər), Adəmin (Adəm peyğəmbər) və b. dövrü ilə müqayisə etməklə kulminasiya effektinə necə nail olur:

“Bu, yaddaşda sonsuz keçmişi oyadır. Kolumb ilk dəfə bizim kontinenti axtaranda, Məsih xaçın üstündə əzab çəkəndə, Moisey İsraili Qırmızı dənizdən keçirəndə, bundan da çox, hətta Adəm ilk dəfə Tanrının əli ilə yaradılmış olanda – o vaxt indi olduğu kimi burada Niaqara şəlaləsi nərildəyirdi. Nəsli kəsilmiş, sümükləri Amerikanın təpələrini dolduran tarixəqədərki nəhənglərin gözləri Niaqaraya biz ona indi baxdığımız kimi baxırdı.

İnsanların birinci qəbiləsinin müasiri və ilk insandan yaşlı olan Niaqara bu gün on min il əvvəl olduğu kimi güclü və təravətlidir. Nəsli çoxdan kəsilən, nə vaxtsa mövcud olduqlarını yalnız çox iri sümük qalıqları təsdiq edən mamontlar və mastodontlar da bütün bu uzun dövr ərzində bircə saniyə belə dayanmayan və axını heç vaxt qurumayan, heç vaxt donmayan, heç vaxt dincəlməyən Niaqaraya baxıblar”.

Tussen-Luvertyure haqqında çıxışında Uendell Fillips eynilə belə bir fənddən istifadə etmişdi. Onun çıxışının sonluğu aşağıda verilir. Bu hissə ictimaiyyət qarşısında edilən çıxışlara həsr olunmuş kitablarda tez-tez iqtibas gətirilir.

Onda enerji və həyat qüvvəsi hiss olunur. O, bizim praktiki əsrimiz üçün həddən artıq bərbəzəkli olmasına baxmayaraq, maraqlı təsir bağışlayır. Bu çıxış əlli il bundan əvvəl yazılmışdı. Con Braun və Tussen-Luvertyura ilə bağlı – “əlli il sonra, həqiqət öz sözünü alanda” deməklə – verdiyi proqnozunda Uendell Fillipsin nə qədər haqlı olmadığını qeyd etmək maraqlıdır. Görünür, tarixin gərdişini öncədən görmək gələn il birjada qiymətlərin və ya donuz salasının neçəyə olacağını əvvəlcədən deməkdən asan deyilmiş.

“Mən onu Napoleon adlandırardım, lakin Napoleon içdiyi andları pozaraq və dənizdə qan tökərək öz imperiyasını yaratdı. Bu adam öz sözünü heç vaxt pozmayıb. “Heç bir qisas” – budur onun möhtəşəm devizi və həyat prinsipi.

Budur, onun Fransada öz oğluna dediyi sonuncu sözlər: “Mənim oğlum, sən nə vaxtsa Santo-Dominqoya qayıdacaqsan. Yadından çıxart ki, Fransa sənin atanı öldürdü”.

Mən onu Kromvel adlandırardım, lakin Kromvel yalnız əsgər olub və onun əsasını qoyduğu dövlət onunla birlikdə məzara gedib. Mən onu Vaşinqton adlandırardım, lakin qüdrətli virginiyalı qulların sahibi idi.

Bu adam öz imperiyası ilə risk edirdi, lakin öz torpaqlarının ən uzaq kəndində belə qullarla ticarətə icazə vermirdi.

Siz bu gün məni fanatik hesab edə bilərsiniz, zira siz tarixi gözlərinizlə deyil, fikir qəliblərinizlə oxumusunuz. Lakin üstündən əlli il keçəndən sonra, həqiqət öz sözünü alanda, tarixin muzası Yunanıstan üçün Fokionun, Roma üçün Brutun, İngiltərə üçün Hempdenin, Fransa üçün Lafayetin adını yazanda, bizim daha erkən sivilizasiyamızın parlaq və kamil çiçəyi kimi Vaşinqtonu, həmçinin də bizim günortamızın yetişmiş barı kimi Con Braunu seçəndə, ardınca isə o, öz qələmini günəşin işığına batıraraq onların hamısının adlarının üstündə parlaq göy hərflərlə əsgərin, dövlət xadimi və əzabkeşin – Tussen-Luvertryuanın adını yazanda həqiqət öz sözünü alacaqdır”.

Vaxt başa çatmaq üzrə olanda

O vaxta qədər axtarın, tədqiq edin, eksperimentləşdirin ki, yaxşı sonluq və yaxşı giriş tapmış olasınız. Ardınca onları birləşdirin.

O natiq ki öz nitqini bizim tələskən və sürətli əsrimizin əhvali-ruhiyyəsinə müvafiq olması üçün ixtisar etmir, o, dinləyicilər tərəfindən sevincsiz, bəzi hallarda isə, sadəcə olaraq, mənfi qəbul olunacaqdır.

Başqa bir kimsə yox, Tarsdan olan müqəddəs Savl aşağıda göstərilən günahı etmişdi: o, moizə deyən vaxt dinləyicilərindən biri, “Yevtix adlı bir gənci” yuxu aparır, o, pəncərədən yıxılır və az qalır boynu sınsın. Lakin Savl heç bundan sonra da öz nitqini dayandırmadı. Hər şey ola bilər. Mənim yadımdadır ki, bir

natiq, həkim Bruklində universitet klubunda çıxış edirdi.

Uzun banket qurulmuşdu. Artıq xeyli natiq çıxış etmişdi. Onun növbəsi çatanda artıq gecə saat iki idi. Əgər onda ədəb-ərkan, nəzakət və məsuliyyət hissi olsaydı, o, yarım düjün cümlə deyər və bizə evimizə dağılışmağa imkan verərdi. O, bunu etdimi? Yox, bircə o, bunu etməzdi. O, viviseksiya əleyhinə qırx beş dəqiqəlik tiradaya başladı. O, nitqinin heç yarısını deməyə macal tapmamış dinləyiciləri artıq bu arzudaydılar ki, o, Yevtix kimi pəncərədən yıxılsın və nəyinisə sındırsın, təki sussun.

Mister Lorimer “Saterdey İvninq Post” jurnalının redaktoru olanda mənə danışmışdı ki, məqalələr populyarlığın zirvəsində olanda və oxucular davamını tələb edəndə onu dayandırır. Bəs onda dayandırmaq nə üçün? Bunu etmək nə üçün?

“Ona görə ki, – deyir Lorimer, – populyarlıq pikinin ardınca tezliklə doymaq həddi gəlib çatır”.

Bu müdrik qeyd ictimaiyyət qarşısında çıxışlara da aiddir.

Danışmağı o vaxt dayandırın ki, çıxışınızı davam etdirməyi dinləyicilər hələ də bərk istəyirlər.

Məsihin nə vaxtsa söylədiyi ən möhtəşəm moizəni, dağüstü moizəsini beş dəqiqə ərzində təkrar etmək olar. Linkolnun Gettisberqdə çıxışı cəmi on cümlədən ibarət idi. Dünyanın yaradılmasının bütün tarixini həyat kitabında qətl haqqında səhər qəzetində hekayəni oxumaq üçün tələb olunandan da az vaxt ərzində oxumaq olar… Qısa olun! Qısa olun!

Nyasanın arxiyepiskopu doktor Conson Afrikanın ibtidai xalqları haqqında kitab yazıb. O, qırx beş il ərzində onların arasında yaşayıb və onları müşahidə edib. O yazır ki, əgər natiq kəndin qvanqvana adlandırılan toplantısında həddən artıq uzun danışırsa, dinləyicilər onu “imetoşa!” qışqırtıları ilə susmağa məcbur edirlər ki, bu, “kifayətdir!” deməkdir.

Danışırlar ki, bir qəbilənin sakinləri natiqə o bir ayağı üstə dayana biləcəyi vaxt qədər danışmağa icazə verirlər. Qaldırılmış ayağın baş barmağı torpağa dəyəndə natiq çıxışını başa çatdırmalıdır.

Adi auditoriyanın dinləyiciləri daha nəzakətli və daha təmkinli ola bilsələr də, uzun-uzadı nitqləri eyni dərəcədə sevmirlər.

Odur ki, onların taleyini yadda saxlayın, hərçənd bilirəm ki, siz bunu unudacaqsınız.

Və necə çıxış etmək lazım olduğunu onlardan öyrənin.

Xülasə

  1. Nitqin sonluğu, həqiqətən də, onun strateji cəhətdən ən vacib hissəsidir. Sonda deyilən dinləyicilərin yadında, çox güman, daha uzun müddət qalacaq.
  2. Çıxışınızı bu sözlərlə yekunlaşdırmayın: “Mənim bu məsələ ilə bağlı demək istədiklərim təqribən bu qədər. Odur ki, yaxşı olar, bununla yekunlaşdırım”. Çıxışınızı qurtarın, amma deməyin ki, mən çıxışımı qurtarıram.
  3. Çıxışınızın sonluğunu çox dəqiq hazırlayın – necə ki, bunu Vebster, Brayt və Qladston edirdilər. Onu məşq edin. Çıxışınızı necə yekunlaşdırmağa hazırlaşdığınızı, demək olar, sözbəsöz bilin. Çıxışınızı aramla yekunlaşdırın. Onu tamamlanmamış və diş-diş qənbər daşı halında dağınıq saxlamayın.
  4. Sonluğun yeddi variantı budur:
  5. a)xülasəni vermək, yenə təkrar etmək və çıxışınızda toxunduğunuz əsas müddəaları qısa şəkildə söyləmək;
  6. b) hərəkətə çağırış;
  7. c) dinləyicilərə yerinə düşən kompliment etmək;
  8. d) gülüş doğurmaq;
  9. e) yerinə düşən poetik sətirləri iqtibas gətirmək;
  10. f) İncildən sitat istifadə etmək;
  11. g) kulminasiya yaratmaq.
  12. Çıxışın yaxşı başlanğıcını və yaxşı sonluğunu hazırlayın və belə edin ki, onlar bir-biriylə əlaqələndirilmiş olsun. Çıxışınızı həmişə o vaxt dayandırın ki, dinləyicilər bunu istəməsinlər. Yadda saxlayın:

“Populyarlığın pikindən sonra tezliklə doymaq həddi yetişir”.

Çıxışınızın mahiyyətinin aydınlığına necə nail olmaq olar

Birinci Dünya müharibəsi dövründə bir tanınmış ingilis yepiskopu Kemp- Aptonda savadsız əsgərlərin qarşısında çıxış etdi. Onları səngərə göndərməli idilər, lakin döyüşməyə nə üçün göndərildikləri barədə təsəvvürə onlardan çox azı malik idi. Mən bu haqda bilirəm, çünki onlardan soruşmuşam. Bununla belə, Lordlar Palatasının üzvü olan yepiskop həmin adamların beyninə “beynəlmiləl dostluq” və “Serbiyanın günəş altında yerə haqqı olduğunu” yeridirdi.

Bəli də. Onların yarısı Serbiyanın nə olduğunu bilmirdi: bu, şəhərdir, yoxsa xəstəliyin adı. Onun nitqinin yekunlarına gəlincə isə, o, eyni müvəffəqiyyətlə nebulyar kosmoqonik nəzəriyyə54 ilə bağlı da bəlağətli mədhiyyə söyləyə bilərdi. Bununla belə, əsgərlərdən biri də zalı tərk etmədi: revolverlə silahlanmış hərbi polislər onun nitqi ərzində hər qapıda dayanmışdı və heç kimi bayıra buraxmırdılar.

Mən həmin yepiskopun qabiliyyətlərini kiçiltməyə hazırlaşmıram. İstisna deyil ki, o, savadlı adamların qarşısında çıxış edəndə yaxşı natiq olduğu bəlli olardı. Lakin bu əsgərlərlə o, uğursuzluğa düçar oldu, özü də tam uğursuzluğa: o, öz dinləyicilərini tanımırdı və birmənalı ki, nə çıxışının dəqiq məqsədini bilir, nə də onu necə çatdırmağı.

Çıxışın məqsədi deyəndə biz nəyi nəzərdə tuturuq? Bax bunu: hər bir çıxışın qarşısında natiqin bunu dərk edib-etməməsindən asılı olmayaraq, dörd əsas məqsəddən biri durur. Bu, nə məqsədlərdir belə?
  1. Hansısa bir məsələni izah etmək.
  2. Təəssürat yaratmaq və inandırmaq.
  3. Hərəkətə nail olmaq.
  4. Əyləndirmək.

İzin verin bu müddəanı bir neçə nümunə ilə aydınlaşdırım.

Mexanika ilə az və ya çox dərəcədə maraqlanan Linkoln vaxtilə təyinatı gəmiləri dənizdəki dayaz qumsallıqdan çıxarmaq olan qurğu ixtira etmiş və onu patentləşdirmişdi. O, öz vəkil kontorunun yaxınlığındakı mexaniki emalatxanada işləyir, bu qurğunun modelinin hazırlanması ilə məşğul olurdu. Bu qurğu son nəticədə yaramasa da, Linkoln onun imkanları ilə bağlı entuziazmla dolu idi.

Dostları modelə baxmaq üçün onun kontoruna gələndə Linkoln qurğunun iş prinsipini izah etmək üçün vaxta heyifsilənmirdi. Bu izahların əsas məqsədi aydınlıq gətirməkdən ibarət idi.

Linkoln Gettisburqda ölməz nitqini söyləyəndə, prezident postuna keçərkən etdiyi birinci və ikinci nitqində, Henri Kley vəfat edərkən onun haqqında nitq söyləyəndə – bütün bu hallarda Linkolnun əsas məqsədi təəssürat yaratmaq, inandırmaq idi. İnandırmaq üçün o, əlbəttə, aydın danışmalı idi, lakin bu hallarda onun əsas qayğısı aydınlıq gətirmək deyildi.

Andlılar məhkəməsi qarşısında çıxış edəndə o, özünə lazım olan qərarın çıxarılmasına nail olmağa çalışırdı. Öz siyasi nitqlərində o, seçicilərin səsini almağa can atırdı. Bu hallarda onun məqsədi hərəkət idi.

Linkoln prezident seçilməzdən iki il əvvəl ixtiralarla bağlı mühazirə hazırladı və bu mühazirələrin məqsədi dinləyiciləri əyləndirmək idi. Hər halda, onun qarşısında məhz belə bir məqsəd dayanmalı idi. Lakin o, burada böyük uğura açıq-aşkar nail olmayıb. Populyar lektor qismində karyerası ona faktiki olaraq ciddi məyusluq gətirdi. Bir şəhərdə onun mühazirəsinə heç gələn də olmadı.

Lakin o, başqa, haqqında artıq danışdığım çıxışlarında uğur, hətta böyük uğur qazandı. Niyə? Ona görə ki bu hallarda o, öz məqsədini başa düşürdü və ona necə çatacağını bilirdi. O, hara getmək istədiyini və ora necə çatmaq lazım olduğunu bilirdi. Bir çox natiq məhz bunu bilmədiyindən çox vaxt sözlərdə dolaşır və çətin vəziyyətə düşür.

Məsələn, mən bir dəfə Nyu-Yorkun köhnə ippodromunda bir amerikalı konqresmenin necə fitə basıldığını və onun tribunanı tərk etməyə məcbur edildiyini görmüşəm. O, şübhəsiz ki, qeyri-şüuri, ağılsız seçim etmişdi. Bu, müharibə vaxtında baş vermişdi və o, dinləyicilərinə Birləşmiş Ştatların müharibəyə necə hazırlaşdığını danışırdı. Kütlə istəmirdi ki, ona nəyisə anlatsınlar, kütlə istəyirdi ki, onu əyləndirsinlər.

O, rabitəsiz şəkildə danışmaqda davam edir, bir fikirdən başqasına atılıb keçirdi, dinləyicilərin səbri tükəndi və onlar buna artıq dözə bilmirdilər. Kimsə istehza ilə alqışlamağa başladı. Başqaları bu alqışları dəstəklədi. Bir dəqiqədən sonra isə minlərlə dinləyici fit çalır və qışqırırdı.

Öz auditoriyasının əhvali-ruhiyyəsini başa düşməyi bacarmayan fərsiz natiq çıxışını davam etdirməyi qərara aldı. Bu isə onları özündən çıxartdı. Döyüş başlandı. Onların dözümsüzlüyü hiddətə keçdi. Dinləyicilər natiqi susmağa məcbur etməyi qət elədilər. Narazılıq gurultusu getdikcə daha bərkiyir və güclənirdi. Nəhayət, qəzəblənmiş kütlənin səs-küyü onun sözlərini batırdı və hətta iyirmi fut məsafədə belə onu eşitmək artıq mümkün olmurdu. Onda o, geri çəkilməyi, məğlubiyyətini etiraf etməyi və alçaldılmış surətdə mürəxxəs olmağı qərara aldı.

Bu nümunəni yadda saxlayın. Çıxışınıza hazırlaşmağa başlamazdan əvvəl öz məqsədinizi bilin, onu ciddi dəqiqliklə müəyyən edin. Siz həmin məqsədə necə çatmalı olduğunuzu bilməlisiniz. Bundan sonra ona çatmaq üçün hərəkətə keçin, incə və işi bilən adam tək işləyin.

Daha çox aydınlıq gətirmək üçün müqayisələrdən istifadə edin

Aydınlığa gəlincə isə, onun nə qədər vacib olduğunu düşünərək ona çatmağın çətinliyini olduğundan az qiymətləndirmək lazım deyil. Bir dəfə mən irlandiyalı hansısa şairin tədbirdə öz əsərlərini oxuduğunu eşitmişdim. Onun nə haqda danışdığını dinləyicilərin heç on faizi də müəyyənləşdirə bilmirdi. İctimaiyyət qarşısında və ya intim şəraitdə çıxış edən natiqlərin bir çoxu həmin adamı xatırladır.

Mən ictimaiyyət qarşısında çıxışların əsas prinsiplərini cənab Oliver Lodcla, qırx il universitetlərdə və publika qarşısında mühazirələr oxuyan adamla müzakirə edəndə o, birincisi, bilik və hazırlığın, ikincisi isə “asan başa düşülməyə yönəlmiş səylərin” əhəmiyyətini qeyd etdi.

Fransa-Prussiya müharibəsinin əvvəlində general fon Moltke öz zabitlərinə demişdi: “Cənablar, yadda saxlayın ki, düzgün başa düşülməyən istənilən əmr elə düzgün də yerinə yetirilməyəcəkdir”.

Napoleon bu təhlükənin varlığını etiraf edirdi. Onun öz katiblərinə ən təkidli surətdə və daha tez-tez təkrar etdiyi göstəriş bu idi:

“Bacardıqca aydın ifadə edin! Bacardıqca aydın ifadə edin!”

Şagirdləri Məsihdən onun adamları nə üçün hədislərlə öyrətdiyini soruşanda o cavab vermişdi: “Onlar görə-görə görmürlər və eşidə-eşidə eşitmir və dərk etmirlər”.

Dinləyiciləriniz və ya dinləyiciniz üçün yad olan predmet haqqında danışanda məgər əminsiniz ki, xalq müəllimi başa düşdüyündən daha yaxşı başa düşüləcəksiniz?

Çətin ki. Bəs nə etmək olar? O, eynilə bu cür vəziyyətlə üzləşəndə nə etmişdi? O, bunu mümkün olanlardan ən sadə və təbii üsulla etdi: o, adamların bilmədiyini onların bildikləriylə müqayisə etməklə izah etdi. Tanrı dərgahı… Bu, nəyə oxşayır? Fələstinin savadsız kəndliləri bunu necə başa düşə bilərdilər? Buna görə də Məsih onu kəndlilərə artıq bəlli olan əşyalar və təzahürlərin köməyi ilə təsvir edirdi:

“Tanrı dərgahı acıtma kimidir ki, qadın onu üç ölçü una qatsa da, indiyədək hamısı qıcqırmayıb…

Və Tanrı dərgahı yaxşı mirvariləri axtaran tacir kimidir… Bir də Tanrı dərgahı dənizə atılan tor kimidir…”

Bu, aydın idi və bunu onlar dərk edə bilərdilər. Dinləyicilərin arasında evdar qadınlar var idi ki, onlar acıtmanı hər həftə istifadə edirdilər; balıqçılar var idi ki, toru dənizə hər gün atırdılar; tacirlər mirvari ilə iş görürdülər.

Bəs David (Daud peyğəmbər) İeqovanın hamiliyini və sevgi mərhəmətini necə izah etmişdi?

“Tanrı – mənim rahibimdir! Mən heç nəyə möhtac olmayacağam: o, məni paxlalı bitkilərlə saxlayır və məni sakit suların yanına aparır”.

Bu, demək olar, barsız ölkədə paxlalı bitkilər… davarın içə bildiyi su – çobançılıq edən xalqlar belə sözləri başa düşə bilərdi.

Budur, həmin prinsipin tətbiq olunması ilə bağlı kifayət qədər əyani və müəyyən mənada məzəli nümunə. Bir neçə missioner İncili Ekvatorial Afrikanın yaxınlığında yaşayan bir qəbilənin dialektinə tərcümə edirdi.

Onlar belə bir cümlə ilə rastlaşdılar: “Sənin günahların al-qırmızı olsa da, onlar qar kimi ağ olacaqlar”. Onlar bu cümləni necə tərcümə etməli idilər? Hərfi mənada? Bu, mənasız və absurd olardı. “Bu yerlilərə” fevral ayının sübh vaxtında səkiləri heç vaxt qardan təmizləmək lazım gəlməmişdi.

Onların dillərində heç mənası qar demək olan söz də yox idi. Onlar qarla qatran arasındakı fərqi də anlaya bilməzdilər; lakin əvəzində onlar kokos palmasına dəfələrlə dırmaşmışdılar və nahar üçün ağacdan yerə kokos qozaları vurub salırdılar. Buna görə də missionerlər tanınmayanı tanış olanla müqayisə etdilər və həmin cümləni bu cür tərcümə elədilər: “Sənin günahların al-qırmızı olsa da, onlar kokos qozasının içi kimi ağ olacaqlar”.

Bu şəraitdə həmin işi bundan yaxşı etmək, çətin ki, mümkün olaydı, doğru deyilmi?

Missuri ştatının Uorrensburqdakı müəllim kollecində mən Alyaska haqqında danışan bir lektoru dinləmişdim. Çıxışının bir çox yeri dinləyicilər üçün aydın və maraqlı olmamışdı, çünki o, həmin afrikalı missionerlərdən fərqli olaraq, nəzərə almamışdı ki, dinləyicilərin anlaya biləcəkləri sözlərlə danışmaq lazımdır. Məsələn, o, bizə məlumat verdi ki, Alyaskanın əhalisi 64 356 nəfər, ərazisi isə 590 804 kvadrat mil təşkil edir.

Yarım milyon kvadrat mil – adi adam üçün bu nə deməkdir? Çox az. O, kvadrat mil kateqoriyaları ilə düşünməyə adət etməyib.

Bu deyilən onun təsəvvüründə heç bir mənzərə canlandırmır. O, 500 min kvadrat mil ərazinin Men və ya Texas ştatının ərazisinə təqribən bərabər olubolmadığını bilmir.

İndi isə natiqin verdiyi məlumatı belə təsəvvür edək ki, Alyaskanın və onun adalarının sahil xətti ekvator xəttindən uzundur və onun ərazisinin sahəsi Vermont, Nyu-Gempşir, Men, Massaçusets, Rod-Aylend, Konnektikut, Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Delaver, Merilend, Qərbi Virginiya, Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida, Missisipi və Tennesi ştatlarının birlikdə götürülmüş sahəsindən böyükdür.

Məgər bu, iştirakçıların hamısında Alyaskanın ərazisinin böyüklüyü ilə bağlı kifayət qədər aydın təsəvvür yaratmazdımı?

O bildirmişdi ki, Alyaskanın əhalisi 64 356 nəfər təşkil edir. Əhalinin siyahıyaalınması ilə bağlı rəqəmləri bəlkə də on adamdan biri heç bir dəqiqə belə yadda saxlamır. Niyə? Ona görə ki “altmış dörd min üç yüz əlli altı” ədədinin səsləndirilməsi o qədər də aydın təsəvvür yaratmır, yalnız sahil qumunda yazılmış sözlər kimi qeyri-müəyyən və qeyri-səlis təəssürat qoyur.

Diqqətin növbəti dalğası onları tamamilə yuyub aparır. Əhalinin sayı barədə məlumatı adamlara daha yaxşı tanış olanla əlaqəli surətdə demək məgər daha ağıllı olmazdımı? Məsələn, dinləyicilərin yaşadıqları Missuri ştatındakı kiçik şəhərin yaxınlığında Sent-Cozef şəhəri var. Onların bir çoxu Sent-Cozefdə olub, Alyaskanın əhalisinin sayı isə o vaxt Sent-Cozefin əhalisindən on min nəfər az idi. Alyaska haqda lektorun çıxış etdiyi şəhərlə əlaqəli şəkildə danışmaq daha da yaxşı olardı.

O əgər aşağıdakı kimi desəydi, qat-qat aydın olardı: “Alyaska Missuri ştatından səkkiz dəfə böyükdür, lakin eyni zamanda da onun əhalisi burada, Uorrensburq şəhərində yaşayan sakinlərin sayından cəmi on üç dəfə çoxdur”.

Aşağıda göstərilən “a” və ya “b” nümunələrində hansı müddəa daha aydındır?

  1. a) Bizə ən yaxında olan ulduz otuz beş trilyon mil məsafədə yerləşir.
  2. b) Dəqiqədə bir mil sürətlə gedən qatar Yerə ən yaxın ulduza qırx səkkiz milyon ilə çatardı; həmin ulduzda əgər mahnı oxusaydılar və səs Yerə çata bilsəydi, bunun üçün üç milyon səkkiz yüz min il vaxt tələb olunardı. Əgər həmin ulduzla Yerin arasında hörümçək toru çəkilmiş olsaydı, onun çəkisi beş yüz ton olardı.
  3. a) Dünyanın ən böyük kilsəsi olan Müqəddəs Pyotr məbədinin uzunluğu iki yüz otuz iki yard və eni üç yüz altmış dörd futdur.
  4. b) Onun hündürlüyü təqribən Vaşinqtondakı Kapitoli binası boyda üst-üstə qoyulmuş iki binanın hündürlüyü qədərdir.

Ser Oliver Lodc hazırlığı olmayan auditoriyaya atomun nə boyda olduğunu və təbiətini izah edərkən bu metoddan müvəffəqiyyətlə istifadə etmişdi. Onun Avropada bir qrup dinləyiciyə bir damla suda olan atomların sayının Aralıq dənizində olan su damlalarının sayı qədər olduğu barədə danışdığını mən eşitmişəm, onun dinləyicilərinin bir çoxu isə Hibraltardan Süveyş kanalına qədər bir həftədən çox səyahətdə idi.

Söhbətin predmetinin daha da aydın başa düşülməsi üçün o dedi ki, bir damla suda olan atomların sayı bütün planetimizdə olan ot saçaqlarının sayı qədərdir.

Riçard Hardinq Devis Nyu-Yorkda bir qrup dinləyicisinə məlumat vermişdi ki, Müqəddəs Sofiya məscidi (Ayasofya məscidi, Türkiyə) Beşinci avenyudakı teatrın zalı kimi böyükdür”.

O dedi ki, Brindizi “Lonq-Aylend-Sitinin görkəminə malikdir, əgər bura arxa tərəfdən gələrsinizsə”.

Öz çıxışlarınızda bu prinsipdən həmişə istifadə edin. Əgər siz möhtəşəm piramidanı təsvir edirsinizsə, onda öz dinləyicilərinizə əvvəl məlumat verin ki, piramidanın hündürlüyü dörd yüz əlli bir futdur, ardınca isə bu hündürlüyü onların günbəgün gördükləri hansısa bir binanın böyüklüyü ilə müqayisə edin.

Onun oturacağının sahəsində şəhərin neçə kvartalının yerləşə biləcəyini deyin. Filan şeyin neçə qallon və ya filan qədər barel olduğunu göstərən rəqəmlər işlətməzdən əvvəl dinləyicilərə həmin maye ilə çıxış etdiyiniz zal boyda neçə tikilini doldurmaq mümkün olduğunu söyləyin.

Hansısa bir əşyanın hündürlüyünün iyirmi fut olduğunu demək əvəzinə, onun bu zaldan bir dəfə yarım hündür olduğunu demək daha yaxşıdır. Məsafələri millərlə göstərməyin yerinə, məsafəni, məsələn, dəmiryol qovşaq stansiyasına və ya hansısa bir küçəyə qədər məsafə ilə müqayisə eləmək qat-qat ağıllı olardı.

Xüsusi terminlərdən qaçın

Əgər siz müəyyən peşənin nümayəndələrinə məxsussunuzsa – əgər siz hüquqşünas, həkim, mühəndissinizsə və ya hansısa bir çox ixtisaslaşmış fəaliyyət növü ilə məşğulsunuzsa – onda siz öz peşənizlə bağlı olmayan adamlarla söhbət edərkən onlara hansı isə zəruri təfərrüatlar barədə məlumat verəndə ikiqat ehtiyatlı olmalısınız.

Mən ikiqat ehtiyatlı olmaq zərurəti barədə danışıram, çünki peşəkar vəzifələrimlə bağlı mən uğursuzluğa və məhz haqqında danışdığım məsələ ilə bağlı qəddar uğursuzluğa düçar olmuş yüzlərlə çıxış dinləmişəm. Aydın oldu ki, natiqlər öz konkret sahələriylə bağlı dinləyicilərin hazırlıqsız olduqlarını diqqətə almırdılar. Bəs nə baş verirdi?

Onlar rabitəsiz danışır, bir fikirdən başqasına sıçrayır və ideyaları bilən adamlar üçün anlaşılan cümlələrlə ifadə edirdilər, lakin onların nitqi Missurinin iyunda yağan yağışlardan sonra Ayova və Kanzas ştatlarında təzəcə əkilmiş qarğıdalı sahələrini basan sular kimi bulanıq olurdu.

Bəs belə natiq nə etməlidir? O, İndiana ştatından keçmiş senator Bevericin aşağıdakı məsləhətlərini oxumalı və yadda saxlamalıdır:

“Əgər siz auditoriyanızdan, görkəmindən ən hazırlıqsız adam təsiri bağışlayan dinləyicini seçsəniz və onu öz çıxışınızla maraqlandırmağa çalışsanız, bu çox rahat fənd olardı. Buna yalnız faktların aydın ifadə olunması və dəqiq arqumentasiya yolu ilə nail olmaq mümkündür. Bundan yaxşı metod diqqətinizi valideynləriylə birlikdə iştirak edən oğlan və ya qız uşağının üzərində cəmləməkdir.

Özünüzə deyin və əgər istəyirsinizsə, bunu dinləyicilərinizə də hündürdən deyin ki, nitqinizdə toxunduğunuz məsələlərlə bağlı izahlarınızda hətta uşaq da anlaya və yadda saxlaya biləcək qədər aydın olmağa çalışacaqsınız. Və çıxış başa çatandan sonra uşaq sizin dediklərinizi təkrar edə biləcəkdir”.

Mənim yadımdadır, bir həkim söhbət əsnasında bildirdi ki, “diafraqmal tənəffüs, şübhəsiz, bağırsağın peristaltikasına kömək edir və sağlamlıq üçün çox faydalıdır”. O, bu cümlə ilə izahını başa çatdırmaq və növbəti suala keçmək istəyirdi. Mən onu saxladım və diafraqmal tənəffüsün başqa növ tənəffüs almalardan nə ilə fərqləndiyini, onun insan sağlamlığı üçün xüsusilə nəyə görə faydalı olduğunu, həmçinin də peristaltikanın nə demək olduğu barədə aydın təsəvvürü olan dinləyicilərdən əllərini qaldırmağı xahiş elədim.

“Referendumun” nəticələri həkimi heyrətləndirdi. O, həmin sualın izahına yenidən qayıtdı və onu aşağıdakı kimi danışdı:

“Diafraqma özü ilə ağciyərlərin oturacağını və qarın boşluğunun üst hissəsini təşkil edən nazik əzələ təcəssüm etdirir. Əgər diafraqma aktiv deyilsə və tənəffüs sinə qəfəsi vasitəsilə həyata keçirilirsə, onda o, çevrilmiş çömçə kimi əyilmiş olur.

Qarınla nəfəsalmada çəkilən hər nəfəs günbəzəbənzər əzələni o vaxta qədər aşağı düşməyə məcbur edir ki, o, demək olar, yastı şəkil alır və siz hiss etməyə başlayırsınız ki, qarının əzələləri kəmərə sıxılmağa başlayır. Diafraqmanın bu cür aşağıya istiqamətlənmiş təzyiqi qarın boşluğunun üst hissəsində yerləşən orqanları: mədəni, qaraciyəri, mədəaltı vəzini, dalağı və günəş qovşağını stimullaşdırır.

Siz yenidən nəfəsinizi buraxanda mədəniz və bağırsağınız diafraqmaya sıxılır və yenə də masaj olunur. Bu cür masaj orqanizmin təmizlənməsi prosesinə kömək edir.

Bağırsaq çox vaxt müxtəlif xəstəliklərin səbəbkarı olur. Əgər bizim mədəmiz və bağırsağımız dərin diafraqmal tənəffüs sayəsində zəruri hərəkət məşqləri alırsa, onda biz əksər hallarda həzmetmə pozuntuları, bağırsaq tutulmaları və orqanizmin özünü zəhərləməsindən yaxa qurtara bilərik”.

Linkolnun çıxışlarındakı aydınlığın sirri

Linkolnda arqumentləri elə şəkildə demək meyli var idi ki, bunlar dinləyicilərin hamısına dərhal aydın olurdu – bu, Linkolnda dərin və daimi kök salmış peşəyə çevrilmişdi. Konqresə ilk ismarışında o, “qəndləşdirilmiş” ifadəsini işlətmişdi. Hökumət tipoqrafiyasının müdiri və Linkolnun şəxsi dostu cənab Defriz dedi ki, belə bir ifadə İllinoysda improvizə edilmiş çıxış üçün yarayardı, lakin belə bir tarixi nitq üçün kifayət qədər uca deyil.

“Bilirsən nə var, Defriz, – deyə Linkoln cavab verdi, – əgər sən hesab edirsən ki, nə vaxtsa insanların bu ifadəni başa düşməyəcəkləri zaman gələcək, onda mən onu dəyişim, hələlik isə o qoy qalsın”.

Bir dəfə o, “Noks” kollecinin rəhbəri Qulliverə özündə sadə dilə “ehtirasın” necə inkişaf etdiyini izah etmişdi:

“Uzaq xatirələrimin içərisində o yadımdadır ki, hələ lap balaca oğlan olarkən mənimlə başa düşə bilmədiyim dildə danışanda bərk hirslənirdim. Mənə belə gəlir ki, həyatımda başqa heç nəyə belə hirslənməmişəm, lakin bu, məni əsəbiləşdirirdi və bu gün də əsəbiləşdirməkdə davam edir.

Yadımdadır, axşam, qonşularımızın atamla söhbətlərini eşidəndən sonra öz yataq otağıma çəkilirdim və otaqda dala-qabağa gedib-gəlir, gecənin əksər hissəsini mənə aydın olmayan ayrı-ayrı deyimlərin dəqiq mənasını başa düşməyə sərf edirdim. Yuxuya getmək istəyirdim, amma bacarmırdım, çünki hansısa bir fikri tutmağa çalışırdım.

Mənə belə gələndə ki, axtardığım fikri tutmuşam, onda da onu dəfələrlə təkrar etməyənə və onu kifayət qədər sadə, mənə belə gəlirdi ki, tanıdığım istənilən oğlana aydın olacaq dillə ifadə etməyənə qədər sakitləşmirdim.

Bu, mənim qızğın ehtirasım oldu və məni indiyə qədər də rahat qoymur”.

Ehtiras? Bəli, bunu məhz belə adlandırmaq olar. Nyu-Seylemdən olan mürşid Qrem şahidlik edirdi: “Vaxt olurdu ki, Linkoln uzun saatlar ərzində bu və ya digər fikri ifadə etmək üçün üçünün arasından ən yaxşısını seçməyə çalışırdı”.

Adamların başa düşülməməklərinin səbəblərindən biri odur ki, onlar ifadə etmək istədiklərini özləri kifayət qədər aydın başa düşmürlər. Dumanlı təsəvvürlər! Qeyri-səlis, yayğın ideyalar! Bəs nəticədə nə alınır? Onların dərrakəsi belə bir dumanda fotoaparatın əsl dumanda işlədiyindən yaxşı fəaliyyət göstərmir. Onlar qeyri-səlislik və ikimənalılıqla bağlı Linkoln kimi narahat olmalıdırlar. Onlar Linkolnun metodlarını istifadə etməlidirlər.

Dinləyicilərin görmə duyğusundan istifadə edin

Gözlərdən beyinə gedən əsəb telləri, dördüncü fəsildə artıq yazdığımız kimi, qulaqlardan beyinə gedən əsəb tellərindən dəfələrlə artıqdır. Elm göstərir ki, biz görmə təəssüratlarına eşitmə təəssüratlarından iyirmi beş dəfə çox diqqət ayırırıq.

Qədim Çin məsəlində deyilir: “Bir dəfə görmək yüz dəfə eşitməkdən yaxşıdır”.

Buna görə də əgər siz dəqiq başa düşülməyinizi istəyirsinizsə, öz ideyalarınızı daha yaxşı səciyyələndirin, onları görünən edin. Məşhur “Neşnl Keş Recister” kompaniyasının prezidenti, mərhum Con H.Pattersonun planı bundan ibarət idi. O, “Sistem meqezin” jurnalı üçün yazdığı məqalədə öz fəhlələri və ticarət agentləri qarşısında etdiyi çıxışların gedişində istifadə etdiyi metodları qələmə almışdı:

“Hesab edirəm ki, başa düşülməniz və daim maraqla dinlənilməniz üçün təkcə sözlər kifayət deyildir. Hansısa təəssüratlandırıcı əlavə vasitələr də zəruridir. Əgər bu mümkündürsə, çıxışınıza nəyin yaxşı, nəyin isə pis olduğunu göstərən illüstrasiyalar əlavə etmək yaxşı olardı: diaqramlar adi sözlərdən qatqat inandırıcı, illüstrasiyalar isə diaqramlardan da inandırıcıdır.

Hansısa bir məsələ haqqında danışanda ideal variant hər hissəsi illüstrasiyalarla müşayiət olunan və sözlərin yalnız onların arasında əlaqə üçün istifadə olunduğu çıxış olardı. Mən artıq çoxdan başa düşmüşəm ki, adamlarla ünsiyyətdə illüstrasiyalar deyə biləcəyim istənilən sözlərdən qat-qat vacibdir.

Kiçik şəkillər istisnasız dərəcədə effektlidir… Məndə onların nümayiş etdirilməsi və ya “illüstrasiyalı söhbətlərin” bütöv bir sistemi var. Dollar işarəsi olan dairə – pul vahidi, üstündə dollar işarəsi olan kisə isə – böyük məbləğdə pul deməkdir. İnsan sifətlərinin sadə şəkillərinin köməyi ilə çox yaxşı effektə nail olmaq mümkündür.

Bir dairə, onun daxilində isə gözləri, burunu, ağızı və qulaqları göstərən bir neçə cizgi çəkin. Əgər həmin cizgiləri müxtəlif istiqamətlərdə əysəniz, onda sifətə müxtəlif ifadələr vermiş olacaqsınız. Qocalmış adamı dodaqlarının küncləri aşağı əyilmiş vəziyyətdə təsvir edirlər; qıvraq, müasir insanda həmin cizgilər yuxarı yönəlib. Bu şəkillərin hamısı çox sadədir, üstəlik də yadda saxlamaq lazımdır ki, ən bacarıqlı şəkil çəkən heç də gözəl rəsmlər çəkən deyil. Burada məqsəd fikirləri təzadlı surətdə ifadə etməkdən ibarətdir.

Bir-birinin yanında qoyulan böyük və balaca pul kisələri düzgün və düzgün olmayan yolların təbii simvollarıdır; düzgün yol sizə çoxlu, düzgün olmayan isə az pul gətirir. Əgər siz çıxışınızın gedişində bu şəkilləri tez cızmağı öyrənərsinizsə, onda dinləyicilərinizin sizə diqqətlə qulaq asmayacaqları ilə bağlı təhlükə yox olacaq; onlar sizin nə etdiyinizə mütləq baxacaqlar və sizinlə birlikdə izahlarınızın bütün mərhələlərini sizin onları gətirib çıxarmaq istədiyiniz nöqtəyə qədər keçəcəklər. Bundan başqa, bu cür məzəli şəkillər adamlarda xoş əhvali-ruhiyyə yaradır”.

“Mən bir rəssamdan tez-tez xahiş edirdim ki, – deyə o davam edir, – mənimlə birlikdə sexləri gəzsin və nəyin düzgün edilmədiyi hər şeyi nəzərə çarpdırmadan cızma-qara etsin. Ardınca həmin cızma-qaralar şəkillərə çevrilirdi ki, bundan da sonra mən işçilərimi toplayır və məhz nəyi düzgün etmədiklərini onlara göstərirdim.

Stereoptikon aparatının mövcud olduğu barədə eşidəndə isə mən dərhal onu aldım və həmin şəkilləri ekranda göstərməyə başladım ki, bu, kağızda olandan daha effektiv idi. Sonra kino meydana çıxdı. Düşünürəm ki, ən birinci kinoaparatlardan biri məndə olub. Hazırda bizdə çoxlu sayda kinofilmlər və altmış mindən çox rəngli slayd olan iri şöbə fəaliyyət göstərir”.

Aydın məsələdir ki, hər bir əşya və ya hadisə əyani vəsaitlərin və ya şəkillərin köməyi ilə təsvir oluna bilməz. Bununla belə, onları imkan daxilində istifadə etmək lazımdır. Onlar diqqəti cəlb edir, marağı stimullaşdırır və bizim çıxışlarımızı çox vaxt iki dəfə aydın edir.

Rokfeller dəmir pulları stolun üstündən tökür

Rokfeller “Sistem meqezin” jurnalının səhifələrində “Kolorado Fyuel ənd Ayron” kompaniyasının maliyyə vəziyyətini izah etmək üçün əyani vəsaitdən necə istifadə etdiyini danışmışdı:

“Xəbər tutduğum kimi, onlar (“Kolorado Fyuel ənd Ayron” kompaniyasının fəhlələri) zənn edirlər ki, Rokfellerlər öz kompaniyalarından çox böyük gəlir götürürlər, çünki bu haqda onlara saysız-hesabsız adam danışır. Mən həqiqi vəziyyəti onlara danışdım. Mən onlara göstərdim ki, bu kompaniya ilə bağlı olduğumuz on dörd il ərzində o, bizə səhmlərimizə görə bir dəfə də olsun bir sent belə ödəməyib.

Görüşlərimizdən birində mən həmin kompaniyanın maliyyə vəziyyətinin konkret şəklini çəkdim. Stolun üstünə bir neçə xırda pul qoydum.

Sonra mən bu pulların fəhlələrin əməkhaqlarına müvafiq olan hissəsini tulladım, zira kompaniyanın birinci öhdəliyi əməkhaqqının ödənməsidir. Sonra mən bir neçə dənə də direktorların məvacibini simvollaşdıran xırda pulu atdım ki, bundan sonra səhmlərin yiyələri üçün bir dənə də olsun xırda pul qalmadı.

Və onda mən soruşdum: “Bizim hamımızın tərəf-müqabil olduğumuz bu korporasiyada tərəf-müqabillərdən üçünün, böyük və ya balaca olsa da, qazanc götürməsi, dördüncü tərəf-müqabilin isə heç nə almaması məgər ədalətlidir?”

Qoy sizin illüstrasiyalarınız qürub edən günəşin fonunda maralın buynuzlarının silueti kimi aydın olsun. Məsələn, “it” sözü sizin təsəvvürünüzdə bu heyvanın az və ya çox dərəcədə obrazını doğurur – ola bilsin ki, kokkerspanielin, skotçteryerin, senbernarın və ya şpitsin. İndi diqqət yetirin ki, mən “buldoq”, yəni daha konkret termin deyəndə sizin beyninizdə obraz nə qədər aydın olur.

Bəs “çilli buldoq” sözləri sizin təsəvvürünüzdə daha ifadəli şəkil meydana çıxarmır? Siz “qara şotland ponisi” deyəndə bu, sadəcə, “at” sözündən daha ifadəli deyilmi? “Ayağı sınıq Bantam cinsli ağ xoruz” cümləsi sizin təsəvvürünüzdə “ev quşu” terminindən qat-qat aydın və səlis şəkil doğurur.

Mühüm ideyaları müxtəlif sözlərlə təkrar edin

Napoleon ritorikada yeganə ciddi prinsip kimi yalnız təkrarı hesab edirdi. O bilirdi ki, ideya yalnız onun özünə aydın olduğuna görə qalan hamı üçün də ani olaraq anlaşılan olmayacaq. O bilirdi ki, təzə ideyaların dərk olunması üçün vaxt lazımdır və bilirdi ki, insanın təxəyyülü onun üzərində cəmlənməlidir.

Qısaca deyilərsə, o bilirdi ki, onları təkrar etmək lazımdır, amma eyni bir sözlərlə yox. Bu, dinləyicilərin xoşuna gəlməzdi və onlar haqlı olardılar. Lakin təkrar təzə cümlələrin köməyi ilə edilirsə, əgər o, qulaq üçün dəyişirsə, onda dinləyiciləriniz bunu heç vaxt təkrar hesab etməyəcəklər.

Konkret nümunəni götürək. Mərhum cənab Brayan deyirdi:

“Siz dinləyicilərinizi hansısa məsələni başa düşməyə məcbur edə bilməyəcəksiniz, əgər özünüz onu başa düşmürsünüzsə. Onu özünüz nə qədər aydın təsəvvür edirsinizsə, həmin məsələni başqalarına da bir o qədər aydın başa sala bilərsiniz”.

Burada axırıncı cümlə birinci cümlənin özündə ehtiva etdiyi fikrin təkrarından başqa bir şey deyil. Lakin bu cümlələr səsləndiriləndə sizin onların təkrar olduğunu görməyə vaxtınız çatmır.

Siz yalnız hiss edirsiniz ki, söhbətin predmeti daha aydındır.

Öz kurslarımda məşğələlərin gedişində mən belə nitqləri tez-tez eşitməli oluram ki, əgər natiq onlarda haqqında yuxarıda danışılan təkrar etmək prinsipini istifadə etmiş olsaydı, həmin çıxışlar qat-qat aydın olardı. Natiqliyə təzəcə başlayanlar buna, demək olar, tam surətdə saymazyana yanaşırlar. Amma heyif!

Ümumi kateqoriyalardan və konkret nümunələrdən istifadə edin

Öz nitqinizin aydın olmasına nail olmaq üçün ən etibarlı və sadə üsul – ümumi kateqoriyalardan və konkret nümunələrdən istifadə etməkdir. Bu anlayışların arasında fərq nədən ibarətdir? Adından göründüyü kimi, onlardan biri ümumi, digəri isə konkretdir.

İzin verin onların arasındakı və onların istifadə olunmasında fərqi konkret nümunələrlə nümayiş etdirim. Belə bir müddəanı götürək: “Azad peşə sahibi olan elə kişi və qadınlar var ki, onlar çox böyük pul qazanırlar”.

Bu müddəa aydındırmı? Bunu deyənin məhz nəyi nəzərdə tutduğu barədə siz səlis təsəvvür aldınızmı? Xeyr və öz müddəasının dinləyicilərin təxəyyülündə məhz nə kimi təsəvvür doğurduğuna heç natiqin özü də əmin ola bilməz. Ozak dağlarında işləyən kənd həkimi kiçik şəhərdə beş min dollar gəlirə işləyən ailə həkimini təsəvvür edə bilər.

Bəxti gətirən dağ-mədən mühəndisi öz peşəsində çalışan, ildə yüz min dollar qazanan adamlar haqqında düşünə bilər. Bu mülahizə çox yayğın və qeyri-müəyyəndir və onu daha konkret etmək lazımdır. Çıxış edənin məhz hansı peşələri nəzərdə tutduğunu və “çox böyük pul” sözləriylə nə demək istədiyini göstərmək üçün bir neçə izahedici təfərrüat əlavə etmək lazımdır.

“Vəkillər, peşəkar boksçular, musiqi bəstələyən bəstəkarlar, roman yazanlar, dramaturqlar, rəssamlar, aktyorlar, kişi və qadın müğənnilər var ki, onlar Birləşmiş Ştatların prezidentindən çox qazanırlar”.

Hə, bax indi dinləyici natiqin nəyi nəzərdə tutduğu haqda aydın təsəvvür almadımı? Lakin o, konkret familiya çəkmədi.

O, konkret nümunələrdən deyil, ümumi kateqoriyalardan istifadə etdi. O, “kişi və qadın müğənniləri dedi; müğənni Roza Ponselin, Kristen Fleqstadın və ya Lili Ponsun adlarını çəkmədi.

Beləliklə, bu bəyanat hələ də az və ya çox dərəcədə qeyri-müəyyən qalmaqda davam edir. Biz onu aydınlaşdırmaq üçün konkret nümunələri yadımıza sala bilmirik. Bəs natiq bunu bizim üçün etməməlidir? Əgər o, aşağıda göstərilən abzasda olduğu kimi konkret nümunələrdən istifadə etmiş olsaydı, məgər onun bəyanatı qat-qat artıq aydın olmazdı?

“Görkəmli vəkillər olan Semuel Antermeyer və Maks Styuer ildə bir milyon dollar qazanırlar. Məlumdur ki, Cek Dempsinin illik gəliri yarım milyon dollar çatır. Cavan və savadsız zənci boksçu Co Lyuis yaşı vur-tut iyirmidən bir az çox olanda ildə beş yüz min dollardan çox qazanırdı. Deyirlər ki, İrvinq Berlinin retqaym stilində musiqi əsərləri ona ildə yarım milyon dollar gətirir.

Sidney Kinqsli müəlliflik hüququ haqda qanuna uyğun olaraq, öz pyeslərinə görə həftədə on min dollar alır. Herbert Uels öz avtobioqrafiyasında etiraf etmişdir ki, ədəbi işi ona üç milyon dollar gətirib. Dieqo Rivyera öz rəsmləri ilə hər il yarım milyon dollardan çox qazanıb. Katarina Karnell kinofilmlərdə iştirakına görə həftədə beş min dollar qonorardan dəfələrlə imtina edib”.

İndi dinləyicilər natiqin nə demək istədiyi ilə bağlı istisnasız olaraq aydın və canlı təsəvvür aldılar.

Konkret olun. Dedikləriniz müəyyən olsun. Müəyyənlik nitqinizi daha aydın, inandırıcı və maraqlı edər.

Dağkeçisi ilə yarışmayın

Professor Uilyam Ceyms müəllimlərin qarşısında etdiyi çıxışlarından birində qeyd etmişdi ki, mühazirələrin gedişində yalnız bir məsələni nəzərdən keçirmək lazımdır, onun nəzərdə tutduğu mühazirə isə bir saat davam etmişdi. Bununla belə, mən bu yaxınlarda bir natiqi dinləmişdim ki, çıxışının vaxtı üç dəqiqə ilə məhdudlaşmışdı.

Lakin o, çıxışını bizim diqqətimizi on bir müxtəlif suala cəlb etmək istədiyi ilə başladı. Beləliklə, hər suala on altı saniyə yarım ayrılırdı. Dərrakəli adamın belə bir absurd cəhd edə biləcəyi ağlasığmaz təsir bağışlayır.

Doğrudur, mən burada son dərəcə nadir halı göstərirəm, amma bu tendensiya belə bir dərəcədə olmasa da, demək olar, hər bir yeni başlayan natiq üçün maneədir. O, Kuk kompaniyasının turistə Parisi bir günə göstərən gidini xatırladır. Bu, Amerika Təbiət Tarixi Muzeyini otuz dəqiqəyə gəzməyə cəhd etmək kimi bir şeydir.

Nəticədə nə aydınlıq olacaq, nə də həzz. Bir çox çıxışlar bu səbəbdən aydın olmur ki, natiq ona ayrılan vaxt ərzində toxunulan məsələlər üzrə, təsəvvür olunduğu kimi, dünya rekordu vurmağa çalışır. O, bir sualdan başqasına dağkeçisinə xas olan sürət və çevikliklə sıçrayır.

Çıxışların əksəriyyəti qısa olmalı, onlara müvafiq olan material hazırlamaq lazımdır. Məsələn, əgər siz həmkarlar ittifaqları haqqında danışmaq istəyirsinizsə, onda üç və ya altı dəqiqə ərzində onların nə üçün yarandığını, onların istifadə etdikləri metodlar, onların yetirdikləri pisliklər və sənayedə münaqişələri necə həll etmək lazım olduğu barədə danışmağa cəhd etməyin.

Heç bir vəchlə. Belə ki, əgər bunu etməyə çalışarsınızsa, onda nə danışdığınız barədə dinləyicilərinizin heç birində aydın təsəvvür yaranmayacaq. Hər şey dolaşıq olacaq, haqqında danışılan predmet qeyri-səlis konturlar alacaq, təəssürat həddən artıq qırıq-qırıq olacaq və bütün məlumat həddən artıq ümumi səciyyə daşıyacaqdır.

Həmkarlar ittifaqlarının fəaliyyətiylə bağlı hansısa bir bölməni götürmək və onu ətraflı nəzərdən keçirmək və illüstrasiya etmək məgər daha ağıllı olmazmı?

Bəli, daha ağıllı olardı. Və bu cür çıxış vahid təəssürat qoyacaq. O aydın olacaq, onu dinləmək və yadda saxlamaq asan olacaq.

Lakin sizə toxunulan mövzunun bir neçə hissəsini nəzərdən keçirmək lazım gələrsə, onda deyilənləri çıxışın sonunda qısa şəkildə cəmləmək məsləhət görülür. Gəlin bunun necə edildiyinə baxaq. Aşağıda bu bəhsin xülasəsi verilir. Bu xülasənin oxunması bizim haqqında danışdığımız ideyanın daha aydın və anlaşılan olmasına kömək edirmi?

Xülasə

  1. Aydın olmaq çox vacib, həm də çox çətindir. Məsih deyirdi ki, o, insanları hədislərlə öyrətməyə məcbur idi, çünki onlar “görə-görə görmür və eşidə-eşidə eşitmir və dərk etmirlər”.
  2. Məsih naməlum olanı onu məlum əşya və ya təzahürlə əlaqələndirməklə anlaşılan edirdi. O, Tanrı dərgahını acıtma ilə, dənizə atılan torla, mirvari axtaran tacirlərlə müqayisə edirdi. “Get və bu cür də elə”. Əgər siz Alyaskanın ərazisinin böyüklüyü ilə bağlı aydın təəssürat yaratmaq istəyirsinizsə, onda onun ərazisinin kvadrat millərlə sahəsi barədə məlumatları demək lazım deyil;
  3. onun ərazisində yerləşdirmək mümkün olan ştatları sadalayın və onun əhalisinin sayını çıxış etdiyiniz şəhərin əhalisinin sayı ilə müqayisə edin.
  4. İnsanların qarşısında çıxış edərkən öz peşənizlə bağlı olmayan xüsusi terminlərdən qaçın. Linkolnun metoduna riayət edin və öz fikirlərinizi o qədər sadə dillə izah edin ki, bunlar istənilən oğlan və ya qız uşağı üçün anlaşılan olsun.
  5. Əmin olun ki, haqqında danışmaq istədiyiniz predmet özünüzə gündüz günəşinin işığı kimi aydındır.
  6. Dinləyicilərin görmə duyğusundan istifadə edin. Bu mümkün olanda eksponatlardan, şəkillərdən, illüstrasiyalardan istifadə edin. Müəyyənləşdirin.
Əgər siz “sağ gözünün üstündə qara xal olan foksteryeri” nəzərinizdə tutmusunuzsa, “it” sözünü dilinizə gətirməyin.
  1. Öz əsas fikirlərinizi təkrar deyin, amma eyni cümlələri iki dəfə işlətməyin. Cümlələri dəyişdirin, lakin fikrinizi dinləyicilərə bunu sezməyə imkan vermədən təkrar deyin.
  2. Abstrakt müddəalarınızı ümumi kateqoriyaları konkret nümunə və hadisələrlə müşayiət etməklə anlaşılan edin.
  3. Həddən çox suala toxunmağa cəhd etməyin. Elə də böyük olmayan çıxışda böyük mövzunun bir və ya iki sualından çoxunu lazımi şəkildə nəzərdən keçirmək qeyri-mümkündür.
  4. Çıxışınızı haqqında danışdığınız müddəaların qısa xülasəsi ilə tamamlayın.
Dinləyicilərinizi necə maraqlandıra bilərsiniz

Sizin indiki məqamda oxuduğunuz səhifə, baxdığınız bu kağız vərəqi tamamilə adidir, doğru deyilmi?

Bu cür səhifələri siz istənilən qədər görmüsünüz. O, darıxdırıcı və maraqsız təsir bağışlayır. Lakin mən sizə onun haqqında nə isə qeyri-adi bir şey danışsam, onda sizi, demək olar, dəqiqliklə maraq götürəcək. Gəlin baxaq! Sizə belə gəlir ki, bu səhifə bütöv materialdan hazırlanıb, amma gerçəklikdə o daha çox hörümçək torunu xatırladır. Fizik bilir ki, o, atomlardan ibarətdir.

Bəs bu atom nə böyüklükdədir? Onuncu fəsildə biz bildik ki, bir damla suda olan atomların sayı Aralıq dənizindəki suyun damlalarının sayı qədərdir. Bildik ki, bir damla suda olan atomların sayı bizim bütün planetimizdə bitən ot saçaqları qədər çoxdur. Bəs bu kağızın ibarət olduğu atomlar nədən təşkil olunub?

Daha da kiçik, elektron və proton adlandırılan zərrəciklərdən. Həmin elektronlar atomun mərkəzi protonunun ətrafında, nisbi olaraq desək, Ayın Yerə qədər uzaqlığında olan məsafədə fırlanır. Və bu xırdaca kainatın elektronları öz orbitlərində təsəvvür olunmaz, saniyədə təqribən on min mil sürətlə fırlanmaqda davam edir.

Odur ki, əlinizdə tutduğunuz bu kağız vərəqinin tərkibinə daxil olan elektronlar siz bu səhifəni oxumağa başladığınız andan etibarən Nyu-Yorkla Tokio arasındakı məsafəyə bərabər olan yol qət edib…

Cəmi iki dəqiqə əvvəl siz, yəqin, fikirləşirdiniz ki, bu kağız vərəqi cansız əşyadır, tərpənmir, darıxdırıcı və ölüdür. Gerçəklikdə isə bu, Yaradanın sirlərindən biridir. Bu əsl enerji tsiklonudur.

Yəqin, indi də sizi maraq götürəcək ki, təzə və qeyri-adi faktı öyrəndiniz. Adamları necə maraqlandırmağın bir sirri məhz burada gizlənib. Bu, bizim adamlarla gündəlik ünsiyyətimizdə işlətməli olduğumuz vacib həqiqətdir. Tamamilə yeni olan maraqlı deyil; tamamilə köhnə olan bizi cəlb etmir.

Biz istəyirik ki, bizə köhnə haqqında təzə nə isə danışsınlar. Məsələn, Burjedəki məbədi və ya Mona Lizanı təsvir etməklə siz İllinoysdan olan fermeri maraqlandıra bilməzsiniz. Bunlar onun üçün həddən artıq yenidirlər və onun köhnə maraqları ilə heç bir bağlılığı yoxdur. Amma siz Hollandiyada fermerlərin dəniz səviyyəsindən aşağıda olan torpaqları necə əkdiklərini və hasar rolunu oynayan kanallar çəkdiklərini, həmçinin də darvaza kimi xidmət göstərən körpülər tikdiklərini danışmaqla onu maraqlandıra bilərsiniz.

Həmçinin siz ona hollandiyalı fermerlərin inəkləri qışda yaşadıqları evdə saxladıqlarını və inəklərin hərdən butalı pərdələrin arxasından qarın necə yağdığına tamaşa etdiklərini danışanda ağzını açaraq diqqət kəsiləcək. İnək və çəpərlər barədə onun məlumatı var idi, lakin bu, köhnə təzahürlərə yeni baxışdır. “Butalı pərdə! İnək üçün! Lənət şeytana!” – deyə o heyrətlənəcək. Və o, bu əhvalatı öz dostlarına danışmağa başlayacaq.

Bax bu isə başqa bir əhvalatdır. Siz onu oxuyanda onun size maraqlandırıbmaraqlandırmayacağına diqqət yetirin. Əgər maraqlandıracaqsa, bilirsinizmi bu, niyə baş verdi?

Sulfat turşusu sizə necə təsir göstərir

Mayelərin əksəriyyəti pint, kvart, qallon və ya barellə ölçülür. Biz, adətən, kvart çaxır, qallon süd və barel patka haqqında danışırıq. Təzə neft fontanı vuranda biz deyirik ki, quyu gündə filan qədər barel neft verir. Amma elə böyük həcmlərdə istehsal və istehlak olunan maye vardır ki, onu tonlarla ölçürlər. Sulfat turşusu belə bir mayedir.

Biz hər gün müxtəlif şəraitdə onunla rastlaşırıq. Əgər sulfat turşusu olmasaydı, onda sizin minik avtomobiliniz dayanar və siz yenə də “qoca qatırdan” və kabrioletdən istifadə etməli olardınız. Məsələ bundadır ki, sulfat turşusu kerosin və benzinin təmizlənməsində geniş istifadə olunur. Sizin kabinetinizi, nahar stolunuzu və yataq otağına aparan yolu gecə işıqlandıran elektrik lampaları onsuz mümkün ola bilməzdi.

Siz səhər durub vannaya suyu açanda nikelli, istehsal olunması üçün sulfat turşusunun zəruri olduğu kranı burursunuz. O həmçinin sizin vannanızın email üçün də lazımdır. Sizin sabunlandığınız sabun sulfat turşusunun köməyi ilə emal olunmuş piy və yağlardan hazırlanıb… Əl-üz dəsmalınız siz onunla tanış olmazdan əvvəl sulfat turşusu ilə tanış olmuşdu. Saç şotkanızın tükləri və sizing plastmasdan olan darağınız sulfat turşusunun köməyi olmadan istehsal oluna bilməzdi. Ülgücünüz qızdırılıb bərkidiləndən sonra, şübhəsiz ki, sulfat turşusu ilə aşılanıb.

Siz alt paltarınızı geyinir və üst geyiminizi düymələyirsiniz. Rəngləyicilərin istehsalçısı kimi, rəngləyicinin özü və ağardıcı da sulfat turşusundan istifadə ediblər. Düymələri hazırlayan da öz məmulatının istehsalında, ola bilsin, ondan istifadə edib. Dəri aşılayıcısı sulfat turşusundan sizin çəkmələrinizin dərisini istehsal etmək üçün istifadə edib və biz həmin çəkmələri təmizləmək istəyəndə yenə də o, bizə xidmət göstərir.

Siz səhər yeməyinə əyləşirsiniz. İstifadə etdiyiniz fincan və nəlbəki də həmin turşunun köməyi ilə hazırlanıb. O, qızılın və digər dekorativ rənglərin vurulmasında da istifadə olunur. Qaşığınıza, bıçağınıza və çəngəlinizə də gümüş suyu çəkiləndə onlar sulfat turşusu ilə doldurulmuş vannaya girməli olub.

Çörəyinizin hazırlandığı buğda, çox güman, fosfat gübrələrinin köməyi ilə yetişdirilib ki, bu gübrələrin istehsalı sulfat turşusuna əsaslanır. Əgər siz qarabaşaqdan hazırlanmış kömbəni patka ilə yeyirsinizsə, onda bilin ki, sulfat turşusu olmadan patkanın istehsalı da qeyri-mümkündür…

Beləliklə, sulfat turşusu bütün gün ərzində bizə hər addımda təsir göstərir. Hara getsəniz də, siz ondan qaça bilmirsiniz. Biz onsuz döyüşə və dinclik dövründə də yaşaya bilmirik. Ona görə də bu, qeyri-mümkün təsir bağışlayır ki, bəşəriyyətə bu qədər lazım olan turşu orta təfəkkürlü adama belə məlum deyil… Amma məsələ məhz bu cürdür.

Dünyanın üç əsəs maraqlı predmeti

Necə düşünürsünüz, dünyada ən maraqlı üç predmet hansıdır? Seks, mülkiyyət və din. Birincinin köməyi ilə biz həyatı yarada bilirik, ikincinin köməyi ilə onu qoruyub saxlayırıq, üçüncünün köməyi ilə isə həyatı o biri dünyada davam etdirəcəyimizə ümid edirik.

Amma bizi məhz öz seksimiz, öz mülkiyyətimiz, öz dinimiz maraqlandırır. Bizim maraqlarımız öz “mən”imizin ətrafında cəmlənib.

“Peruda vəsiyyətlərinin necə tərtib olunduğu” mövzusunda söhbət bizi maraqlandırmır; lakin “Öz şəxsi vəsiyyətnamələrimizi necə tərtib etməli” mövzusunda söhbətlərlə maraqlanardıq. Bizi – sırf maraqla bağlı hallar istisna edilərsə – indusların dini maraqlandırmır, lakin biz elə bir dinə çox dərindən maraqlıyıq ki, o, bizə o biri dünyada sonsuz həzz təmin etmiş olsun.

Hazırda mərhum lord Nortkliffdən insanları nəyin maraqlandırdığını soruşanda o, iki sözlə cavab vermişdi: “Onlar özləri”. Nortkliff nə dediyini bilirdi, zira o, Böyük Britaniyada ən varlı qəzet mülkiyyətçisi idi.

Özünüzün nə təcəssüm etdirdiyini bilmək istəyirsinizmi? İndi biz maraqlı mövzuya başlayırıq. Biz sizin haqqınızda danışırıq. Bax bu, sizin real təbiətinizə güzgüdə baxmağın və sizi gerçəklikdə olduğunuz kimi görməyin üsuludur. Öz arzularınıza göz qoyun. Biz arzu deyəndə nə nəzərdə tuturuq? Sözü professor Ceyms Harvi Robinsona verək. Biz onun “Dərrakənin təsbiti” kitabından sitat gətiririk:

“Hamımıza belə gəlir ki, biz ayıq olduğumuz vaxtda həmişə fikirləşirik, əksəriyyətimiz isə bilir ki, biz yuxuda da fikirləşməkdə davam edirik, özü də yuxuda olarkən düşüncələrimiz ayıqlıqdakı düşüncə prosesindən daha sarsaqdır. Əgər bizi hansısa praktiki qayğılar ayırmırsa, onda biz indiki zamanda “arzular” adlandırılanla məşğul oluruq.

Bu, bizim bədahətən baş verən və sevimli düşüncə növümüzdür. Biz fikirlərimizə öz yolu ilə getməyə izin veririk və həmin yol ümidlərimiz və qorxularımız, bədahətən doğan arzularımız, onların həyata keçməsi və ya qəzaya uğraması ilə müəyyən olunur; bizə nəyin xoş və nəyin xoş gəlmədiyi, nəyi sevdiyimiz, nifrət və etiraz etdiyimizlə müəyyən olunur. Bizim üçün bizim özümüz qədər maraqlı başqa heç nə mövcud deyildir.

Bizim bütün düşüncələrimiz, əgər biz onlara cidd-cəhdlə nəzarət etmir və yönəltmiriksə, qaçılmaz surətdə bizim “mən”imizin ətrafında fırlanmağa başlayacaq. Bu tendensiyanı özümüzdə və başqalarında müşahidə etmək məzəli və kövrəldicidir. Biz nəzakət və ürəkgenişliyi ilə bu həqiqəti görməməyə səy göstəririk, lakin onun haqqında fikirləşməyə cürət ediriksə, onda o, gözə günorta günəşi kimi gur düşür.

Bizim arzularımız – bizim xarakterimizin əsas göstəricisidir. Onlar bizim təbiətimizi, modifikasiyalaşmış keçmiş təcrübənin çox vaxt gizlin və unudulmuş məlumatlarını əks etdirir… Heç şübhəsiz ki, şəxsiyyətin özünüyüksəltməsi və özünə haqq qazandırmasının – bu, onun əsas qayğısıdır – təkidli tendensiyası üzərində əsaslanan arzularımız bizim bütün düşüncələrimizə təsir göstərir”.

Beləliklə, yadda saxlayın ki, qarşılarında çıxış etməyə hazırlaşdığınız adamlar onlar ev və ya xidməti problemlərlə məşğul olmayanda öz vaxtlarının əksər hissəsini özləri barədə, həmçinin də özlərinə haqq qazandırmaq və özlərini yüksəltmək haqqında düşüncələrə sərf edirlər. Yadda saxlayın ki, adi adam öz aşpazının onu tərk etməsi ilə İtaliyanın Birləşmiş Ştatlara borcunu ödəməsi problemindən çox narahat olacaq.

Onu öz küt ülgücü Cənubi Amerikada baş vermiş inqilabdan çox özündən çıxaracaq. Əgər qadının dişi ağrıdısa, bu, onu Asiyada yarım milyon insanın həyatını aparan zəlzələdən çox ümidsizliyə qərq edəcək. Qadın sizi daha böyük məmnunluqla o vaxt dinləyər ki, siz ona tarixdə ən görkəmli on adam haqda yox, hansısa xoş şeylər barədə danışasınız.

Yaxşı həmsöhbət necə olmalı

Bir çox insanın pis həmsöhbət olmasının səbəbi bundan ibarətdir ki, onlar yalnız özlərini maraqlandıran şeylər haqqında danışırlar; bu isə başqaları üçün ölümcül qədər darıxdırıcı ola bilər. Bu prosesi əks-istiqamətdə buraxın, başqa adamı öz maraqları haqqında, öz işləri haqqında, özünün qolf oyununda nəticələri haqqında, öz uğurları barədə, əgər həmsöhbətiniz anadırsa, onda onu uşaqları haqqında danışmağa sövq edin.

Bunu edin və diqqətlə qulaq asın. Siz adamlara ləzzət verəcəksiniz. Sizi yaxşı həmsöhbət hesab edəcəklər, hətta siz çox az danışmış olsanız da.

Filadelfiyadan olan Harold Duayt ictimaiyyət qarşısında çıxışlar kursunun bitirilməsi şərəfinə verilən banketdə istisnasız uğurlu nitq söyləmişdi. O, stolun arxasında əyləşən hər bir adam haqqında növbə ilə danışdı, filankəsin hazırlıq kurslarının başlanğıcında necə danışdığı, hansı uğurlar qazandığı, məşğələlərin müxtəlif iştirakçılarının çıxışlarını, onların müzakirə etdikləri mövzuları xatırladı.

O, onlardan bəzilərini yamsılayır, onların səciyyəvi xüsusiyyətlərini hiperbolizasiya edirdi ki, bu, bütün iştirakçıların gülüşünü doğurur və onlara ləzzət verirdi. Çıxış üçün bu cür material olanda o uğur qazanmaya bilməzdi, çünki belə material tamamilə idealdır. Göylərin mavi günbəzi altında heç bir mövzu iştirakçıları bu cür maraqlandıra bilməzdi. cənab Duayt insan təbiətini yaxşı bilirdi.

İki milyon oxucu qazanan ideya

Bir neçə il əvvəl “Ameriken meqezin” jurnalının tirajı kəskin artdı.

Tirajın bu cür kəskin sıçrayışı mətbuat aləmində sensasiyaya səbəb oldu. Sirr nədə idi? Hər şey mərhum Con M.Sidallda və onun ideyalarında idi.

Mən Sidalla ilk dəfə görüşəndə o, bu nəşrdə görkəmli müasirlərin avtobioqrafiyası şöbəsinin müdiri vəzifəsində idi. Mən onun üçün bir neçə məqalə yazmışdım. Bir dəfə biz onunla birlikdə əyləşdik və o, mənimlə uzunuzadı danışdı.

“İnsanlar eqoistdir, – dedi o. – Onlar əsas etibarilə özləri ilə maraqlanırlar. Hökumətin dəmir yollarının mülkiyyətçisi olub-olmaması onları o qədər də maraqlandırmır, lakin onlar necə uğur qazanmağın, necə yüksək məvacib almağın, necə sağlam olmağın cavabını bilməyi çox istəyirlər.

Əgər mən bu jurnalın redaktoru olsaydım, oxuculara öz dişlərinin qeydinə necə qalmaq, necə vanna qəbul etmək, necə yay mövsümündə evdə sərinliyi saxlamaq, necə yaxşı yeri tutmaq, əməkdaşlarla necə davranmaq, evləri necə almaq, yadda necə saxlamaq, qrammatik səhvlərdən necə yaxa qurtarmaq və sair və ilaxir barədə danışardım.

İnsanlar həmişə bioqrafik hekayətlərlə maraqlanırlar, buna görə mən hansısa bir varlı adamdan xahiş edərdim ki, daşınmaz əmlakdan milyon dolları necə qazandığı barədə danışsın. Mən görkəmli bankirlərdən, müxtəlif korporasiyaların prezidentlərindən, sıravi əməkdaşdan hakimiyyətin və vardövlətin zirvəsinə yolu necə keçdiklərini danışmağı xahiş edərdim”.

Bundan bir neçə müddət keçdikdən sonra Sidall redaktor təyin olundu. O vaxt jurnalın tirajı elə də böyük deyildi və o, nisbətən ziyanla işləyirdi. Sidall məhz haqqında danışdıqlarını elədi. Nəticə necə oldu? Nəticə sarsıdıcı idi. Tiraj iki yüz minə qədər qalxdı, üç yüz minə çatdı, dörd yüz minə, beş yüz min nüsxə…

Jurnalda publikanı nə maraqlandırırdısa, o peyda olmuşdu. Tezliklə bu jurnalı hər ay bir milyon adam alırdı, sonra bir milyon yarım və nəhayət, iki milyon. Lakin tirajın bu artımı dayanmadı, o, uzun illər ərzində çoxalmaqda davam edirdi. Sidall öz oxucularının eqoistik maraqlarını haylamışdı.

Çıxış həmişə diqqəti cəlb edən olmalıdır

Əşyalar və ideyalar haqqında danışmaqla siz dinləyicilərinizi yora bilərsiniz, lakin siz adamlar haqqında danışsanız, onların diqqətinə hakim kəsiləcəksiniz. Sabah Amerikanın bütün ərazisində, həyətlərdə qonşularla nahar vaxtı çay arxasında milyonlarla söhbət aparılacaq və onların əksəriyyətinin əsas mövzusu nə olacaq? Şəxsiyyətlər. Filankəs filan-filan dedi.
Filan xanım filan hərəkəti etdi. Mən onun filan və behman etdiyini öz gözlərimlə gördüm. Filankəs birjada böyük qənimət qoparacaq və s.

Mən Birləşmiş Ştatlarda və Kanadada məktəblilərin iclaslarında çox iştirak etməli olmuşam və aldığım təcrübənin əsasında tezliklə başa düşdüm ki, marağı saxlamaq üçün onlara adamlar haqqında danışmalıyam.

Mən ümumi cümlələr deməyə və abstrakt ideyalara toxunmağa başlayan kimi Connu stulda vurnuxmağa, Tommi sir-sifətini əyməyə, Bill isə keçiddən nə isə atmağa başlayırdı.

Bir dəfə mən Parisdə bir qrup biznesmendən uğuru necə qazanmaq olar mövzusunda danışmağı xahiş elədim. Onların əksəriyyəti adi məziyyətlərə tərif deməyə, moizə oxumağa və öyüd-nəsihət verməyə başladı və öz dinləyicilərini tezliklə yordu. (Yeri gəlmişkən, mən bu yaxınlarda eşitmişdim ki, ən məşhur amerikalı biznesmenlərdən biri eyni sualla bağlı radio ilə çıxışında analoji səhvə yol vermişdi.

Analoji səhvləri qadınlar – klubların üzvləri və səyyar lektorlar edirlər.) Onda mən məşğələni saxladım və onlara təqribən aşağıdakını dedim: “Biz istəmirik ki, bizə öyüd-nəsihət versinlər. Bu, heç kimin xoşuna gəlmir. Yadda saxlayın ki, siz bizi maraqlandırmalısınız, əks-təqdirdə, burada bizə nə danışsanız da, heç bir diqqət verməyəcəyik.

Bunu da yadda saxlayın ki, dünyada ən maraqlı şeylərdən biri etibarlılıq çələngi ilə əhatə olunmuş şayiələrdir. Buna görə də bizə tanıdığınız iki adam haqqında danışın.

İzah edin ki, biri nə üçün uğur qazandı, o biri isə uğursuzluğa düçar oldu. Biz bunu məmnuniyyətlə dinləyərik, danışdıqlarınızı yadımızda saxlayarıq və ola da bilsin ki, bundan hələ istifadə də edərik. Öz aramızdır, bizə belə yorucu və abstrakt moizələri etməkdənsə, bu cür əhvalatları danışmaq sizin üçün qat-qat asan olardı”.

Kursun dinləyiciləri arasında bir nəfər var idi ki, ona özünü və ya öz dinləyicilərini maraqlandırmaq açıq-aşkar çətin idi. Amma həmin axşam o, təklif olunan ideyadan istifadə etdi və bizə kollecdə özü ilə eyni kursda təhsil alan iki tanışı barədə danışdı.

Onlardan biri o qədər qənaətcil idi ki, köynəkləri müxtəlif mağazalardan alır və məhz hansı köynəklərin hamısından yaxşı yuyulduğu, hansıların daha çox geyildiyi, eləcə də onlardan hansının qoyulan hər dollara ən çox qazanc verdiyini göstərən cədvəllər tərtib edirdi.

O, həmişə sentlər barədə fikirləşirdi. Texniki kollecdə təhsilini başa vurandan sonra o, öz qabiliyyətləriylə bağlı elə yüksək fikirdə idi ki, digər məzunların etdiyi kimi kiçik vəzifədən başlamaq, ardınca isə uğur qazanmağa cəhd etmək istəmədi.

Keçmiş tələbələrin hər il keçirilən, hətta üçüncü görüşündə də o, köynəklərinin yuyulmasının cədvəllərini tərtib etməkdə davam edir, hansısa qeyri-adi uğurlu təsadüfü gözləyirdi. Bu təsadüf eləcə də ona rast gəlmədi. Həmin vaxtdan artıq iyirmi beş il keçib, həyatdan məyus olmuş və küsmüş bu adam isə cəmiyyətdə hələ də qibtə olunmayacaq mövqe tutmaqdadır.

Ardınca natiq bu həyat qəzasını həmkarı, özü ilə bağlı bütün gözləntiləri üstələyən adamın əhvalatı ilə müqayisə elədi. Bu oğlan çox ünsiyyətcil idi və onu hamı sevirdi. Bir müddət sonra onda şöhrətpərəstlik və böyük işlər görmək yanğısı təzahür etsə də, bununla belə, o, çertyojçu vəzifəsindən başladı. Amma o, həmişə cüzi imkanları da diqqətlə izləyirdi. O vaxtlar Buffaloda Panamerikan sərgisinin təşkil olunması planları işlənirdi.

O bilirdi ki, orada mühəndis talantı tələb oluna bilər, buna görə də Filadelfiyada öz işini atdı və Buffaloya gəldi. Xarici görkəminin xoşagələn və ünsiyyətcil olması sayəsində Buffaloda tezliklə bir nəfərlə, əhəmiyyətli siyasi təsir imkanları olan xadimlə tanış oldu.

Onlar tərəfmüqabil oldular və podratçı işlərdə iştirak etməyə başladılar. Onlar telefon kompaniyası üçün böyük işlər həyata keçirdilər və həmin adamı əvvəl-axır firmaya yüksək məvacibli işə qəbul etdilər. O, multimilyonçu oldu, “Uestern Yunion” şirkətinin əsas mülkiyyətçilərindən birinə çevrildi.

Biz burada çıxış edənin hekayətini yalnız ümumi cizgilərdə bildirdik. O, maraqlı və rəngarəng məlumat vermişdi, onu bir sıra məzəli və kövrək detallarla müşayiət etmişdi… O elə hey danışır və danışırdı – bu, elə bir adam idi ki, adətən, üç dəqiqəlik çıxış üçün material yığıb toplaya bilmirdi – və o, söhbətini qurtaranda yarım saat ərzində danışdığına çox heyrətlənmişdi.

Onun çıxışı o qədər maraqlı idi ki, söhbət hamıya çox qısa göründü. Bu, onun üçün birinci əsl triumf idi.

Demək olar, hər kəs bu hadisədən özü üçün fayda hasil edə bilər.

Adi çıxış qat-qat daha uğurlu ola bilər, əgər o, insani nöqteyi-nəzərdən maraqlı, əhvalatlarla tamamlanarsa. Natiq yalnız bir neçə problemi nəzərdən keçirməyə çalışmalı və onları konkret hadisələrlə izah etməlidir. Əgər çıxışın qurulmasının bu metodundan istifadə olunarsa, onda o, həmişə diqqəti cəlb edəcək.

Mümkündürsə, belə əhvalatlarda mübarizə aparmaq, onun nəyin uğrunda aparıldığı və qazanılan qələbələr barədə danışılsın. Biz hamımız döyüşlər və vuruşmalarla son dərəcə bərk maraqlanırıq. “Aşiq olanı bütün dünya sevir” – belə bir köhnə məsəl var. Bu, doğru deyil. Bütün dünyanın sevdiyi nə isə varsa, bu da mübarizədir. O görmək istəyərdi ki, iki aşiq qadının ürəyi uğrunda necə mübarizə aparır.

Bu müddəanın izahı qismində, demək olar, istənilən romanı, jurnal hekayəsini oxuyun, yaxud da gedib istənilən kinematoqrafik drama tamaşa edin. Maneələrin hamısı keçəndə və bərbəzəkli bədnam qəhrəman, necə deyərlər, xanım qəhrəmanı öz ağuşuna alanda auditoriya öz şlyapa və paltosunu axtarmağa başlayır. Hönkür-hönkür ağlayan qadınlar üstündən beş dəqiqə keçməmiş var gücləri ilə qeybətə başlayırlar.

Jurnallarda dərc etdirilən prozanın, demək olar, hamısı bu formula üzərində əsaslanır.

Oxucunu qəhrəmanı və ya qadın qəhrəmanını sevməyə məcbur edin. Onu kişi və ya qadın olmasından asılı olmayaraq, nəyəsə can atmağa vadar edin. Belə edin ki, həmin “nə isə”nin əlçatmaz olduğu təəssüratı yaransın. Kişi və ya qadın qəhrəmanın mübarizə apardıqlarını və öz məqsədlərinə nail olduqlarını göstərin.

Bizneslə və ya azad peşə ilə məşğul olan adamın, demək olar, adlanmaz maneələrə qarşı necə mübarizə apardığı və qalib gəldiyi haqda hekayə həmişə ruhlandırıcı və maraqlı olur. Bir dəfə jurnal redaktoru mənə dedi ki, istənilən adamın həyatının əsl tarixçəsi həmişə maraqlı olur. Əgər kimsə mübarizə aparıbsa (bizlərdən axı kim mübarizə aparmayıb), onda onun həyat əhvalatı, əgər o, düzgün danışılarsa, maraqlı olacaqdır. Bu haqda heç bir şübhə ola bilməz.

Konkret olun

Bu sətirlərin müəllifinin apardığı kurslarda bir dəfə fəlsəfə elmləri doktoru və bir köntöy, lakin enerjili, otuz il əvvəl öz gənclik illərini Britaniya Hərbi Dəniz Qüvvələrində keçirmiş kişi məşğul olurdu.

Eleqant alim universitet professoru, onun kurs üzrə həmkarı, yeddi dəniz arxasına üzmüş adam isə kiçik bir furqonun mülkiyyətçisi idi. Amma nə qədər qəribə olsa da, məşğələlər vaxtı sonuncunun çıxışları dinləyicilərdə universitet professorunun nitqlərindən xeyli böyük maraq doğururdu. Nəyə görə? Professor gözəl ingilis dilində danışırdı, mədəni insan idi və incə maneralı, eləcə də məntiq və düşüncə aydınlığına malikdi.

Lakin onun çıxışlarında bir əhəmiyyətli detal çatışmırdı: konkretlik. Onlar həddən artıq dağınıq, həddən artıq ümumi idi. Furqonun mülkiyyətçisi isə dərhal işə keçirdi. Onun nitqi müəyyən və konkret olurdu. Bu keyfiyyət onun comərdliyi və danışıq üslubunun təzəliyi ilə birlikdə çıxışlarını çox cəlbedici edirdi.

Mən bu nümunəni ona görə gətirmədim ki, bu, universitet professorları və ya furqon mülkiyyətçiləri üçün tipik haldır, xeyr, ona görə gətirdim ki, maraq doğurmaq bacarığı – aldığı təhsildən asılı olmayaraq, adamın malik olduğu bacarıq – konkret və müəyyən danışmaq keyfiyyəti kimi bəxtəvərliyə malik olanlara qismət olur.

Bu prinsip o qədər vacibdir ki, onu sizin beyninizdə möhkəmlətmək üçün bir neçə nümunə göstərək. Biz ümid edirik ki, siz onu heç vaxt yaddan çıxarmayacaq, ona heç vaxt barmaqarası münasibət göstərməyəcəksiniz.

Məsələn, nə daha maraqlıdır: Martin Lyuterin hələ uşaq olarkən “tərs və çətin tərbiyə olunan” olduğunu bildirmək və ya onun özünün etiraf etdiyi, müəllimlərin onu tez-tez çubuqla “gündə on beş dəfə” kötəklədiyini demək?

“Tərs və çətin tərbiyə olunan” kimi sözlər, demək olar, diqqəti cəlb etmir, kötəklənmənin sayı barədə məlumatı isə qəbul eləmək xeyli asandır.

Tərcümeyi-halın yazılmasının köhnə üsulu bundan ibarət idi ki, çoxsaylı ümumi yerlərin, Aristotelin adlandırdığı və haqlı olaraq adlandırdığı kimi, “ağlı zəif olanlar üçün sığınacaq” olan məkanların adları çəkilirdi. Yeni metod isə özləri özünə cavabdeh olan konkret faktların göstərilməsindən ibarətdir.

Köhnə üsluba məxsus olan bioqraf yazırdı ki, Con Dou “yoxsul, lakin vicdanlı valideynlərdən” dünyaya gəlib. Yeni metoda görə isə demək lazım idi ki, Con Dounun atası özünə bir cüt qaloş almağı rəva görmürdü və buna görə də qar yağanda o, ayaqlarının quru və isti qalması üçün çəkmələrinə kisə tikələri dolamalı olurdu.

Lakin yoxsul olmasına baxmayaraq, o, südə heç vaxt su qatmırdı, xəfənək xəstəliyi olan atı satanda isə onu heç vaxt sağlam kimi qələmə vermirdi. Bu faktlar göstərir ki, onun atası “yoxsul, amma vicdanlı” olub, doğru deyilmi? Və ifadə etməyin bu metodu “yoxsulluğun və vicdanlılığın”, sadəcə olaraq, konstatasiya edilməsindən qat-qat daha maraqlıdır.

Əgər bu metod müasir bioqraflara yarayırsa, onda o, deməli, müasir natiqlərə də yarayır.

Bir nümunəni də götürək. Təsəvvür edin ki, siz Niaqara şəlaləsinin hər gün məqsədsiz surətdə israf etdiyi potensial qüvvənin nəhəng rəqəmləriylə bağlı məlumat vermək istəyirsiniz.

Təsəvvür edin ki, bunu dediniz, sonra da əlavə etdiniz ki, əgər bu istifadə edilsəydi və bunun nəticəsində əldə edilən gəlirlər isə həyat üçün zəruri olan əşyaların alınmasına sərf olunsaydı, onda həmin pula çox sayda adamı geyindirmək və yedirtmək mümkün olardı. Həmin məlumatı bu üsulla daha maraqlı etmək mümkün olardımı?

Xeyr və bir daha xeyr. Aşağıda göstərilən hissə qat-qat maraqlı olmazdımı? Biz onu Edvin S.Slassonun “Deyli Sayens Nyus Bulleten” qəzetində dərc olunmuş məqaləsindən götürmüşük.

“Bizə deyirlər ki, ölkəmizdə dilənçi günündə və aclıqda yaşayan bir neçə milyon adam var, həmin vaxtda isə Niaqara şəlaləsi hər saat ərzində boş-boşuna, dəyəri 250 min kündə çörəyin qiymətinə ekvivalent olan enerji israf edir. Biz öz təsəvvürümüzdə hər saat ərzində uçurumdan aşağı düşən və burulğanda qayğanağa çevrilən altı yüz min gözəl təzə yumurta görə bilərik.

Əgər çit parka toxucu dəzgahlardan Niaqara çayı kimi dörd min fut enində axınla çıxsaydı, onda bu eynilə həmin mülkiyyətin ekvivalenti olardı. Əgər eynilə o cür kitab axını Karnegi kitabxanasına tökülsəydi, bu kitabxana yaxşı kitablarla bir və ya iki saatın ərzində dolardı. Biz özümüzə hər gün Eri gölündən üzüaşağı üzən və yüz altmış fut hündürlükdən düşərək içərisində olanların hamısı ilə birlikdə qayalara çırpılıb dağılan çox böyük universal mağaza təsəvvür edə bilərik.

Bu istisnasız olaraq maraqlı və ovsunlayıcı, kütlə üçün elə bu lakin ondan bahalı olmayan qədər cəlbedici tamaşa olardı. Bununla belə, bəzi adamlar belə bir layihənin həyata keçirilməsinin bədxərclik olacağına əsaslanaraq düşən suyun enerjisinin istifadə olunmasına qarşı hazırda etiraz edirlər”.

Mənzərə yaradan sözlər

Maraq doğurmaq üçün istisnasız dərəcədə mühüm əhəmiyyət kəsb edən, lakin saya alınmayan bir metod mövcuddur. Ortabab natiq, görünür, onun mövcud olduğunu heç ağlına da gətirmir. O, çox güman, bunun haqqında heç fikirləşməyib də. Mən şəkillər və obrazlar yaradan sözlərin istifadə olunması metodunu nəzərdə tuturam.

Danışan adam bizim gözlərimizin önündən keçən obrazların bütöv bir qalereyasını yaradanda onu dinləmək asan olur. Dumanlı, banal və solğun simvolları istifadə edən natiq auditoriyanı mürgüləməyə məcbur edir.

Obrazlar. Obrazlar. Obrazlar.

Onlar elə sizin nəfəs aldığınız hava qədər sərbəstdir. Öz hekayənizi və ya söhbətinizi onlarla zənginləşdirin və sizi dinləmək daha maraqlı olacaq və siz insanlara daha çox təsir göstərəcəksiniz.

İllüstrasiya qismində indicə “Deyli Sayens Nyus Bulleten”dən Niaqara haqqında sitat gətirilmiş hissəni götürək. Onlar hər cümlədə gözə dəyir və onlar Avstraliyada dovşanlar qədər çoxdur;

iki yüz əlli min kündə çörək, uçurumdan dərəyə düşən altı yüz min yumurta, burulğanda nəhəng qayğanaq, toxucu dəzgahlardan dörd min fut enində çıxan çit parça, kitab selinin altında olan Karnegi kitabxanası, qayalara çırpılan iri universal mağaza, hündürdən düşən su.

Bu cür hekayəyə və ya məqaləyə diqqət yetirməmək kinoteatrın gümüşü ekranında kinofilmin səhnələrinə azacıq da olsun diqqət verməmək kimi çətin olardı.

Herbert Spenser stilin fəlsəfəsi haqqında öz məşhur essesində təxəyyüldə rəngarəng şəkillər doğuran sözlərin əsas əhəmiyyət kəsb etdiyini çoxdan qeyd etmişdir:

“Biz ümumiyyətlə və bütövlükdə yox, konkret fikirləşirik… Biz “əgər ölkədə adətlər, ənənələr və əyləncə növləri qəddarlığı və barbarlığı ilə fərqlənirlərsə, onda cinayət qanunvericiliyi də öz yırtıcılığı ilə seçiləcək” kimi cümlələrin işlədilməsindən qaçmalıyıq. Bu cümlənin yerinə biz belə yazmalıyıq:

“İnsanlar vuruşmalardan, öküzlərin döyüşlərindən və qladiatorların müharibələrindən ləzzət aldıqları üçün onlar dar ağacından asmaq, odda yandırmaq və payaya taxılmaq kimi cəza tədbirləri tətbiq edirlər”.

Təxəyyüldə şəkillər doğuran cümlələr İncilin səhifələrində və Şekspirin əsərlərində alma şirəsini əhatəyə almış arılar qədər boldur. Məsələn, banal müəllif bildirə bilərdi ki, hər şeyin kamil olduğu yerdə istənilən əşya artıq ola bilərdi. Bu cür fikri Şekspir necə ifadə etmişdi? O, bunu obrazlı cümlənin, ölməz ifadənin köməyi ilə edirdi:

“… Qızıl onluğu qızıl suyuna salmaq

Və zanbaqlara əhəng çəkmək

Və buza parıltı və bənövşəyə ətir vurmaq…”

“Kral Con”, IV hərəkət, 2-ci səhnə.

Sizin nə vaxtsa nəzərinizə çarpıbmı ki, nəsildən-nəslə keçən atalar sözlərinin hamısı gözəçarpan obrazlar doğurur? “Göydəki durnadansa əldəki arıquşu yaxşıdır”. “Damcılamağa başladısa – yağışı gözlə”. “Atı çaya sürüb gətirmək olar, amma içməyə onu məcbur edə bilməzsən”.

Siz artıq uzun əsrlərdir yaşayan, lakin həddən artıq tez-tez işlədilən analoji müqayisələr tapa bilərsiniz: “tülkü kimi hiyləgər”, “lavaş kimi yastı”, “qənbər kimi möhkəm”.

Linkoln obrazlı terminologiyanı daim işlədirdi. Ağ Evdə aldığı uzun, mürəkkəb, bürokratik hesabatlar onu təngə gətirəndə onları solğun sözlərlə yox, obrazlı ifadələrin köməyi ilə tənqid edirdi ki, bunları yaddan çıxarmaq, demək olar, qeyri-mümkündür.

“Mən adamı at almağa yollayanda, – demişdi o, – atın quyruğunda neçə tük olduğunu mənə danışmasını istəmirəm. Mən yalnız atın eksteryerini bilmək istəyirəm”.

Dinləyicilərdə maraq doğurmaq üçün təzadların əhəmiyyəti

Makoleyin I Karlı necə mühakimə etdiyi ilə tanış olun. Buna diqqət yetirin ki, Makoley obrazlı nitqi təkcə istifadə etmir, həm də əks-ittihamları da dəf etməyə can atır. Kəskin təzadlar, demək olar, həmişə diqqəti cəlb edir və bu abzasın əsasını məhz onlar təşkil edir:

“Biz onu bunda ittiham edirik ki, o, tacqoymada içdiyi andı pozub. Bizə isə deyirlər ki, o, nikah mərasimində verdiyi anda sadiqdir! Biz onu bunda ittiham edirik ki, o, öz xalqını amansız və düşünüb-daşınmadan hərəkət edən din xadimlərinin əllərinə verib, onun müdafiəsi isə bəyan edir ki, o, balaca oğlunu öz dizlərinin üstünə qoyub və onu öpüb!

Biz onu buna görə damğalayırıq ki, o, sağlam və əhəmiyyət kəsb edən mülahizələrə əsaslanaraq, hüquqları müdafiə edəcəyini vəd edəndən sonra “Hüquqlar haqqında petisiya”nı pozmuşdur, bizə isə deyirlər ki, o, duaları səhər saat altıda dinləməyə adət edib!

Məhz bu kimi mülahizələr, eləcə də I Karlın vandeyk manerasında geyinməsi, onun gözəl sifəti və ucu bizə bənzər saqqalı, səmimi olaraq zənn etdiyimiz kimi, onun indiki nəsildə populyarlığını şərtləndirmişdir”.

Maraq yoluxucudur

İndiyə qədər biz auditoriya üçün maraq kəsb edə bilən materialların müxtəlif növlərini nəzərdən keçirirdik. Burada deyilmiş təkliflərin hamısına mexaniki surətdə əməl etmək və Kokker üzrə olduğu kimi çıxış etmək olar, amma bu çıxış ləms və darıxdırıcı olacaq.

Dinləyicilərin diqqətini ələ almaq və onu saxlamaq – bu, incə emosiyalar və əhvali-ruhiyyə ilə bağlı olan vəzifədir. Bu, buxar maşınını istismar etməyə heç nə ilə oxşamır və burada heç bir dəqiq göstəriş vermək mümkün deyil.

Yadda saxlamaq lazımdır ki, maraq yoluxucudur. Əgər maraq sizin özünüzə hopmuşdursa, onda o, dəqiq ki, dinləyicilərinizi də bürüyəcəkdir.

Bir müddət əvvəl Baltimorda mənim kurslarımın məşğələlərində bir centlmen ayağa qalxdı və dinləyicilərə bildirdi ki, Çesapiks körfəzində dəniz xanı balığının ovlanmasının indiki metodları əvvəlki kimi tətbiq olunarsa, onda bu balıq yox olacaq və bu, vur-tut bir neçə ildən sonra baş verəcəkdir! O, öz predmetini bilirdi.

Bu, onun üçün vacib idi və o, bu haqda çox ciddi şəkildə danışırdı.

Onun həm xarici görkəmi, həm də manerası bunu təsdiq edirdi. O danışmağa başlayanda mənim heç ağlıma da gəlməzdi ki, həmin körfəzdə bu növ balıq var. Mənə belə gəlir ki, həmin məqamda dinləyicilərin əksəriyyəti bunu bilmirdi və ona görə də maraq göstərmirdilər.

Amma natiq çıxışını qurtarmazdan qabaq bizlərdən hər biri onun qayğısının hansısa bir payını özündə hiss elədi. Dəniz xanı balığının qanunun köməyi ilə qorunması üçün yerli hakimiyyətə müraciət imzalamaq istəyi, mənə belə gəlir ki, bizim hər birimizin ürəyindən keçirdi.

Bir dəfə mən o vaxt İtaliyada səfir olan Riçard Uoşbern Çaylddan yazıçı kimi uğurunun sirrinin nədən ibarət olduğunu soruşdum. O cavab verdi: “Həyat məni o qədər narahat edir ki, mən sakit qala bilmirəm. Mən insanlara bunun haqqında danışmağa, sadəcə olaraq, borcluyam”. Belə müəllifi həyəcansız dinləmək və ya oxumaq qeyri-mümkündür.

Necə olmuşdusa, mən Londonda bir natiqin çıxışını dinləmişdim. O, çıxışını qurtaranda iştirak edənlərdən biri, tanınmış ingilis yazıçısı E.F.Benson qeyd etdi ki, çıxışın axırı onun xoşuna gəldi, özü də birinci hissədən xeyli çox xoşuna gəldi. Mən ondan bunun səbəbini soruşanda o cavab verdi:

“Belə təəssürat yaranırdı ki, natiq öz çıxışının axırında daha maraqlı idi, mən isə entuziazmla və maraqla danışan natiqə həmişə inanıram”.

Hamı bu cür hərəkət edir və siz bunu yadda saxlamalısınız.

Xülasə

  1. Bizi adi şeylər haqqında qeyri-adi faktlar maraqlandırır.
  2. Bizi hər şeydən çox özümüz maraqlandırırıq.
  3. Başqasını özü və öz maraqları haqqında danışmağa sövq edən və diqqətlə dinləməyi bacaran adam hər yerdə yaxşı həmsöhbət hesab olunacaq, hətta özü az danışsa da.
  4. Adamların həyatından etibarlılıq çələngi ilə əhatə olunmuş şayiə və nağıllarla dinləyicilərin diqqətini, demək olar, həmişə qazanmaq və saxlamaq olar. Natiq az sayda sualları nəzərdən keçirməli və onları dinləyicilər üçün sırf insani nöqteyi-nəzərdən maraq kəsb edən hekayələrlə aydınlaşdırmalıdır.
  5. Konkret olun. “Yoxsul, lakin vicdanlı” sistemi üzrə çıxış edən natiqlər məktəbinə qoşulmayın. Martin Lyuterin uşaqlıqda çətin tərbiyə olunan və tərs olduğu barədə danışanda bunu adi şəkildə demək lazım deyil. Bu barədə məlumat verin, ardınca isə deyin ki, müəllimlər onu gündə on beş dəfə kötəkləyirdi. Bu göstərici sizin bəyanatınızı yalnız aydın etməyəcək, onu həm də təəssüratlandırıcı və maraqlı edəcəkdir.
  6. Öz nitqinizi obrazlar yaradan cümlələr, həmçinin də gözləriniz önündə şəkillərin bütöv bir silsiləsini doğuran sözlərlə zənginləşdirin.
  7. Maraq yoluxucudur. Maraq, əgər o çıxış edənin özünə hopubsa, auditoriyanı, tamamilə dəqiq ki, bürüyəcəkdir. Lakin mövcud qaydalara mexaniki qaydada riayət etmək yolu ilə dinləyicilərin marağını qazanmaq qeyrimümkündür.

Cümlə qurmaq üslubunuzu yaxşılaşdırın

Yaşamaq üçün işi və vəsaitləri olmayan bir ingilis Filadelfiyanın küçələriylə iş axtara-axtara gəzirdi. O, tanınmış biznesmen Pol Gibbonsun kontoruna girdi və onu dinləməyi xahiş elədi. Gibbons tanımadığı, görkəmi açıq-aşkar onun xeyrinə olmayan adamı şübhə ilə gözdən keçirdi. Pal-paltarı köhnə və çox geyilmiş idi, onun bütün görkəmində maliyyə iflasının izləri açıq-aydın özünü büruzə verirdi.

Qismən maraqdan, qismən də yazığı gəldiyindən Gibbons onu dinləməyə razılıq verdi. Əvvəl Gibbons ona on dəqiqə ayırmağı qət etmişdi, amma dəqiqələr saatlara çevrildi, söhbət isə hələ də davam edirdi. Görüş bununla başa çatdı ki, Gibbons “Dillon Rid” kompaniyasının Filadelfiyadakı filialının işlər müdirinə zəng etdi və bu şəhərin aparıcı maliyyəçilərindən biri olan Teylor naməlum adamı lençə dəvət etdi və ona uyğun iş tapdı.

Görkəmindən açıq-aşkar iflasa uğradığı məlum olan adam belə qısa vaxt ərzində bu uğura necə nail oldu?

Sirri açmaq olar: ingilis dilini bilməsi sayəsində.

Demə, Oksfordu bitirəndən sonra o, işgüzar tapşırıqla Amerikaya gəlibmiş. Lakin burada onun işi düz gətirmir və bunun nəticəsində o yaşamaq üçün hər şeyini itirərək düzdə qalır. Amma gözə dəyən görün nə idi: onun nitqi o qədər nöqsansız və incə idi ki, onu dinləyənlər tezliklə onun dabanı getmiş çəkmələri, nimdaş paltosu və tüklü sifəti barədə unudurdular.

Onun danışıq üslubu özü üçün elə bil yüksək işgüzar dairələrə buraxılış vəsiqəsi oldu.

Bu adamın əhvalatı müəyyən dərəcədə qeyri-adidir, lakin o, əsas həqiqəti illüstrasiya edir ki, bu məhz budur: hər gün bizim barəmizdə necə danışığımıza görə mühakimə yürüdürlər. Sözlərimiz bizim ziyalılığımızı göstərir: onlar diqqətli adama bizim hərləndiyimiz dairələrdən xəbər verir; onlar bizim təhsilimizin və mədəniyyətimizin səviyyəsini göstərir.

Həm sizdə, həm də məndə ətraf dünya ilə cəmi dörd kontakt üsulumuz vardır. Bizim haqqımızda nə etdiyimiz, xarici görkəmimiz, bizim nə dediyimiz və bunu necə dediyimizin əsasında mühakimə yürüdürlər. Bununla belə, insanların bir çoxu məktəbi bitirəndən sonra özünün uzun ömür yolunu birtəhər keçərək heç öz söz ehtiyatını zənginləşdirməyə, sözlərin mənasının müxtəlif çalarlarına yiyələnməyə və sözləri səlis və aydın tələffüz etməyə şüurlu surətdə cəhd belə etmirlər.

Onlar iş yerində və küçədə eşitdikləri çeynənmiş cümlələri işlətməyə vərdiş edirlər. Bunda təəccüblü heç nə yoxdur ki, onlar tez-tez tələffüzün ənənəvi qaydalarını, bəzən isə hətta ingilis dili qrammatikasının əsas qaydalarını belə pozurlar. Və əgər alim dərəcəsi olan adamlar bu cür səhvlər edirlərsə, onda öz təhsilini iqtisadi çətinliklər üzündən yarımçıq qoymağa məcbur olanlardan nə gözləmək olar?

Çox illər bundan əvvəl mən Roma Kolizeyində düşüncələrə dalaraq dayanmışdım. Tanımadığım, ingilis müstəmləkələrindən birində yaşayan bir ingilis mənə yaxınlaşdı. Özünü təqdim elədi və Əbədi Şəhərdə öz həyatı haqqında danışmağa başladı. O heç üç dəqiqə də danışmamışdı ki, kobud qrammatik səhvlərə yol verməyə başladı.

Həmin səhər o, yataqdan qalxaraq çəkmələrini təmizləmiş və nöqsansız təmiz pal-paltar geyinmişdi ki, özünəhörmət hissinə dəstək versin və ünsiyyətdə olacağı adamların etimadını qazansın. Amma cüzi də olsun cəhd etməmişdi ki, öz ifadələrini nöqsansız qursun və cümlələri düzgün tələffüz eləsin.

Məsələn, o, qadınla söhbət edəndə şlyapasını qaldırmasaydı, xəcalət çəkərdi, amma o, qrammatika qaydalarını pozduğundan və diqqətli dinləyicilərin eşitmə hissini təhqir etdiyindən heç utanmadı və ümumiyyətlə, buna heç fikir də vermədi. Bununla da o, özünün kim olduğunu və cəmiyyətdə

tutduğu yeri müəyyən etdi. Onun qeyri-düzgün ingilis dili bütün aləmə təkzibolunmaz surətdə sübut edir ki, o, mədəni insan deyildir.

Harvard Universitetinin rektoru olmuş doktor Çarlz U.Elliot bildirmişdir: “Kişi və qadının təhsilinin zəruri hissəsi kimi mən yalnız bir mənəvi qazancı tanıyıram. Mənim nəzərdə tutduğum doğma dilin dəqiq və incəliklə istifadə olunmasıdır”. Bu, mühüm bəyanatdır.

Onun üzərində düşünün.

Lakin soruşa bilərsiniz ki, sözləri gözəl və dəqiq işlətmək üçün onları necə mənimsəmək olar? Xoşbəxtlikdən, söhbət istifadə etmək lazım olan vasitə haqqında gedəndə burada sirli və çoxbilmiş heç nə yoxdur. Bu vasitə polişinelin sirridir.

Linkoln onu heyrətamiz uğurla istifadə edirdi. Heç bir amerikalı heç vaxt sözlərin bu qədər uğurlu birləşməsini yaratmamışdı və nəsrdə misilsiz musiqi kimi səslənən təkrarolunmaz ifadələr deməmişdi: “Kinlə heç kəsə, hamıya şəfqət

qəlbiylə”. Anası – hər hansı görkəmli qabiliyyətləri olmayan qadın, atası isə – sadə savadsız dülgər olan Linkolna söz vergisi təbiətdən bəxş edilmişdimi? Belə bir ehtimalı qəbul etmək üçün əsas yoxdur.

Linkolnu konqresə seçəndə o, Vaşinqtonda rəsmi anketi doldurarkən təhsiliylə bağlı suala yalnız bir sifətin (cümlə üzvü) köməyi ilə cavab vermişdi: “Qeyri-kifayətdir”. Bütün həyatı ərzində o, məktəbə heç bir il də getməmişdi. Bəs onun müəllimi kim idi?

Kentukkinin meşələrində Zaxariya Birni və Kaleb Xezel, İndiana ştatının Pindcin-Krik qəsəbəsində Ezel Dörsi və Endrü Krouford – bunların hamısı pionerlərin bir məskənindən digərinə köçən, oxumağı, yazmağı və hesabı öyrənməyi toyuq, qarğıdalı və buğdaya dəyişməyə hazır olan şagirdlər tapanda özlərini zorla dolandıra bilən sərgərdan müəllimlər idi.

Linkoln onlardan təvazökar maddi yardım və kiçik mənəvi dəstək aldı. Eyni qədər də o, öz ətrafından əxz etmişdi.

Linkolnun İndiana ştatının səkkizinci məhkəmə dairəsində ünsiyyətdə olduğu fermerlər və tacirlər, vəkillər və işləri məhkəmədə olanlar sözün magik vergisinə malik deyildilər. Lakin Linkoln – bu, yadda saxlamağına dəyən vacib faktdır – əqli qabiliyyətlərinə görə özünə tay və ya ondan aşağı olanlarla ünsiyyətə vaxt itirmirdi.

O, özünə dostları intellektual elita, bütün dövrlərin müğənniləri və şairləri arasından seçirdi. O, Bernsin, Bayronun və Brouninqin əsərlərindən bütöv səhifələri sinədəftər sitat deyə bilərdi.

O, Berns haqqında mühazirə yazmışdı. Bayronun şeirlərinin bir nüsxəsini öz kabinetində, ikincisini isə evində saxlayırdı. Öz rəsmi kabinetində saxladığı nüsxə onun tərəfindən o qədər çox istifadə olunmuşdu ki, onu ələ götürən kimi “Don Juan” poemasının başlandığı səhifədən açılırdı.

O hətta Ağ Evdə olarkən Vətəndaş müharibəsinin faciəvi yükü onun qüvvəsini tükədəndə və onun sifətində dərin qırışların əmələ gəlməsinə gətirəndə də yataqda uzanaraq Qudun şeirlərini oxumağa vaxt tapırdı. Hərdən o, gecənin bir aləmində oyanır və kitabı açaraq xüsusilə xoşuna gələn şeirləri oxumağa başlayırdı. O, yataqdan əynində bircə gecə köynəyi və şapşapı ilə qalxaraq astaca zallardan keçib öz katibinin yanına gəlir və şeirləri bir-birinin ardınca ona oxumağa başlayırdı.

Prezident olanda o, Şekspirdən böyük hissələri əzbərdən deməyə, hansısa bir aktyorun ifa manerasını tənqid etməyə və bu və ya başqa əsərlə bağlı öz şərhini verməyə vaxt tapırdı. “Mən Şekspirin bəzi pyeslərini yenə də oxudum, – deyə o, aktyor Hekketə yazırdı. – Mən bunu xüsusi hazırlığı olmayan istənilən oxucudan çox etmirəm: “Lir”, “III Riçard”, “VIII Henri”, “Hamlet” və xüsusilə də “Makbet”. Düşünürəm ki, “Makbetə” tay ola biləcək heç nə yoxdur. Bu, heyrətamizdir!”

Linkoln poeziyaya sadiq idi. O, şeirləri yalnız yadda saxlamır və onları şəxsi söhbətlərdə olduğu kimi camaat arasında təkrar etmir, həm də özü şeir yazmağa cəhd edirdi. Öz bacısının toyunda özünün uzun poemalarından birini oxudu. Sonralar, ömrünün ortalarında o, bir dəftəri özünün orijinal əsərləriylə doldurmuşdu, lakin yaradıcılığının bu nümunələrindən o qədər utanırdı ki, hətta ən yaxın dostlarına da onları oxumağa heç vaxt icazə vermirdi.

“Bu özüöyrənən, – deyə Robinson özünün “Linkoln ədib kimi” kitabında yazır, – öz beynini həqiqi mədəniyyətin nümunələriylə zənginləşdirmişdi. Onu dahi və ya talant adlandırın, lakin onun nailiyyətləri prosesi Erazm Rotterdamskinin təhsili ilə bağlı professor Emertonun dediyi bu sözlərlə xarakterizə oluna bilər:

“Məktəbdə oxumaq artıq ona gərək deyildi – o, həmişə yeganə effektiv olan pedaqoji metoda riayət edərək öyrənirdi: daim biliklərin artırılmasına və praktiki fəaliyyətə yönəlmiş öz tükənməz enerjisinə söykənərək”.

Bu yöndəmsiz, İndiananın Pidcin-Krik qəsəbəsində fermalarda bir günü otuz bir sentə qarğıdalını dənələmək və donuzu kəsib-doğramaqla məşğul olan ilk məskənçi Gettisburqda fani insanın nə vaxtsa söylədiyi ən gözəl nitqlərdən birini söyləmişdi. Orada yüz yetmiş min adam döyüşürdü. Yeddi mini öldürülmüşdü.

Bununla belə, Linkoln öləndən dərhal sonra Çarlz Samner dedi ki, Linkolnun nitqi bu döyüşlə bağlı yaddaş itən vaxtlarda da yaşayacaq və nə vaxtsa bu döyüş haqqında əsas etibarilə bu nitq sayəsində xatırlayacaqlar. Bu peyğəmbərliyin düzgünlüyünə kim şübhə edə bilər?

Edvard Everet Gettisburqda iki saat ərzində danışmışdı, lakin onun dediklərinin hamısı çoxdan unudulub. Fotoqraf onun bu nitqi söyləyərkən fotoşəklini çəkməyə cəhd etmişdi, amma Linkoln öz çıxışını həmin dövrlərin primitiv fotoaparatını qurana və onun üzərinə yönəldənə qədər başa çatdırdı.

Linkolnun nitqi bürünclə tökülmüş və Oksfordda ingilis dili ilə nələr etməyin mümkün olduğunun nümunəsi qismində kitabxanada yerləşdirilmişdir. İctimaiyyət qarşısında çıxışları öyrənən hər bir kəs onu əzbərdən öyrənməlidir.

“Səksən yeddi il əvvəl bizim atalarımız bu kontinentdə azadlıq şəraitində bəslənib böyüdülən və insanların hamısının bərabər yaradıldığı prinsipinə sadiq olan yeni millətin əsasını qoyub. Biz hazırda bu və ya istənilən başqa, eyni ruhda tərbiyə almış və eyni ideallara sadiq olan millətin öz mövcudiyyətini bundan sonra da davam etdirə bilib-bilməyəcəyinin imtahana çəkildiyi Vətəndaş müharibəsini aparırıq.

Biz indi bu müharibənin ən möhtəşəm meydanlarından birində görüşürük. Biz bura gəlmişik ki, bu meydanın bir hissəsini öz həyatlarını bu millətin yaşaya bilməsi naminə qurban verənlərin uyuduqları son yer kimi ayıraq. Çox düzgündür ki, biz bunu edirik. Lakin böyük hesabla götürülərsə, biz deyilik bu torpağı müqəddəsləşdirən və ona şərəf gətirən.

Burada döyüşən, hazırda sağ olan və ya həlak olmuş cəsur insanlar onu artıq müqəddəsləşdirib və ona şərəf gətiriblər və bunu bizdən qat-qat uğurla ediblər – biz öz miskin qüvvəmizlə heç nəyi nə əlavə edə, nə də azalda bilirik. Onların burada nəyi həyata keçirdikləri dünyanın nəzərinə, demək olar, çarpmayacaq və dünya bunu uzun müddət yadda saxlamayacaqdır.

Burada döyüşənlərin bu qədər nəcibliklə həyata keçirdikləri başa çatdırılmayan işlərin həllinə biz, yaşayanlar, özümüzü həsr etməliyik. Biz özümüzü qarşımızda hələ duran möhtəşəm vəzifənin həllinə həsr etməliyik. Onların bu qədər sədaqətlə xidmət etdikləri işə dərin sadiqliyi biz məhz onlardan, şərəflə həlak olanlardan ibrət götürməliyik.

Biz burada təmtəraqla bəyan etməliyik ki, onlar nahaq yerə həlak olmayıblar və bizim millətimiz Tanrının xeyir-duası ilə azadlığın yeni yaranışını əldə edəcək və xalqın özü tərəfindən idarə olunan və xalq üçün idarə edən xalq hökuməti yerin üzündən heç vaxt yox olmayacaqdır”.

Adətən, hesab edirlər ki, bu çıxışın tamamlandığı ifadəni Linkoln özü yaratmışdır, amma bu, belədirmi? Qrendon – onun vəkillik işləri üzrə tərəfmüqabili, bu nitq söylənməzdən bir neçə il əvvəl Linkolna Teodor Parkerin çıxışının bir nüsxəsini vermişdi. Linkoln həmin kitabı oxumuş və orada bu sözlərin altından xətt çəkmişdi:

“Demokratiya – bu, bütün xalqın üzərində, bütün xalqın tərəfindən və bütün xalq üçün həyata keçirilən bilavasitə özünüidarədir”. Ola bilsin ki, Teodor Parker bu ifadəni Vebsterdən əxz etmişdi ki, o, dörd il əvvəl Heynə verdiyi öz məşhur cavabında demişdi: “Xalq üçün, xalqın özü tərəfindən yaradılan və xalqın qarşısında məsul olan xalq hökuməti”.

Vebster bu ifadəni eynilə həmin ideyanı otuz ildən də çox əvvəl deyən prezident Ceyms Monrodan əxz edə bilərdi. Bəs Ceyms Monro onu kimdən götürə bilərdi? O doğulandan beş yüz əvvəl Müqəddəs Kitabın tərcüməsinin ön sözündə Uiklif yazmışdı ki, “bu İncil xalq tərəfindən və xalqın naminə idarə olunan xalq hökuməti üçündür”.

Uiklif dünyaya göz açmazdan çox-çox qabaq, bizim eramızdan dörd yüz il əvvəl Afinanın vətəndaşları qarşısında çıxış edən Kleon “xalqı və xalqın naminə idarə edən” hökmdar haqqında danışırdı. Kleonun bu ideyanı hansı qədim mənbədən götürdüyünə gəlincə isə, bu sualın cavabı qədim dövrlərin zülmətində itib-batmışdır.

Yeni olan necə də azdır! Hətta qüdrətli natiqlər də mütaliəyə və kitablara necə çox borcludurlar!

Kitablar! Sirr bax bundadır! Öz söz ehtiyatını zənginləşdirmək və genişləndirmək istəyən ədəbiyyat xəzinəsini daim öyrənməlidir. “Kitabxanada olarkən həmişə keçirdiyim yeganə təəssüf hissi, – deyirdi Con Brayt, – həyatın həddən artıq qısa olduğu və qarşımda olan dəbdəbəli təamlardan doyunca həzz ala biləcəyimə heç bir ümidimin olmadığı ilə bağlı idi”.

Brayt məktəbi on beş yaşı olanda atmış və pambıq-əyirici fabrikə işləməyə getmişdi və bundan sonra ona öz təhsilini davam etdirmək nəsib olmamışdı. Bununla belə, o, öz nəslinin ən parlaq, ingilis dilini istisnasız olaraq yaxşı bildiyi ilə məşhur olan natiqlərindən birinə çevrilə bildi.

O, Bayronun və Miltonun, Vordsvortun və Uityerin, Şekspirin və Şellinin nəzmdə yazdıqları əsərlərindən uzun hissələri öz dəftərinə köçürür və onları əzbərləyirdi. O, öz söz ehtiyatını zənginləşdirmək üçün hər il “İtirilmiş cənnət”i təkrarən oxuyurdu.

Çarlz Ceyms Foks Şekspiri hündürdən oxuyurdu ki, öz üslubunu yaxşılaşdırsın.

Qladston öz kabinetini “dünya məbədi” adlandırır və burada on beş min kitab saxlayırdı. O etiraf edirdi ki, hamısından çox ona Müqəddəs Avqustinin, yepiskop Batlerin, Dantenin, Aristotelin və Homerin əsərlərini mütaliə etmək kömək etmişdi. “İliada” və “Odisseya” onu məftun edirdi. O, Homerin poeziyası və onun dövrü haqqında altı kitab yazmışdı.

Yunan və ya latın dilində bir və ya iki səhifəni gözdən keçirmək, sonra isə həmin parçanı öz doğma dilinə tərcümə etmək Pitt-oğulda vərdiş halını almışdı. O, bunu on il ərzində hər gün edirdi və “öz fikirlərini əvvəlcədən düşünübdaşınmadan, yaxşı seçilmiş və bir-birinə yaxşı uyuşan sözlərlə ifadə etmək kimi, demək olar, heç nə ilə müqayisə olunmayan imkana yiyələnmişdi”.

Fukididanın “Tarix”ini Demosfen səkkiz dəfə köçürmüşdü ki, bu məşhur tarixçinin möhtəşəm və təəssüratlandırıcı frazeologiyasına yiyələnmiş olsun.

Nəticələr necə idi? Üstündən iki min il keçəndən sonra Vudro Vilson öz üslubunu yaxşılaşdırmaq üçün Demosfenin işlərini öyrənirdi. Askvit hesab edirdi ki, onun üçün ən yaxşı hazırlıq yepiskop Berklinin işlərini oxumaqdır.

Tennison hər gün İncili öyrənirdi. Tolstoy Yevangeliyanı o vaxta qədər təkrar-təkrar oxudu ki, ondan böyük parçaları əzbər öyrəndi. Reskinin anası daimi və gündəlik səylər yolu ilə onu İncildən uzun fəsilləri əzbərləməyə və hər il bütün kitabı, “hər bir hecanı, çətin tələffüz olunan adları, hər şeyi – Həyat kitabından tutmuş Apokalipsisə qədər” hündürdən oxumağa məcbur edirdi.

Reskin hesab edirdi ki, belə intizamın və əməyin sayəsində o, ədəbiyyatda öz zövqünü və stilini inkişaf etdirə bilmişdi.

Deyirlər ki, ingilis ədəbiyyatında ən sevimli inisiallar R.L.S. olub. Robert Lyuis Stivenson mahiyyət etibarilə yazıçılar üçün yazıçı idi. Ona özündə bu, onu məşhur etmiş məftunedici stili inkişaf etdirmək necə müyəssər olmuşdu? Xoşbəxtlikdən, bu haqda bizə özü danışır:

“Xüsusilə xoşuma gələn və nəyinsə böyük məharətlə təsvir olunduğu, yaxud da hansısa bir xüsusi qüvvənin və ya möhtəşəm üslubun hiss olunduğu kitabı, yaxud abzası oxuyanda mən dərhal stolun arxasına oturur və özümü həmin ustanı yamsılamağa məcbur edirdim. Bu, mənə müyəssər olmurdu və bunu bilirdim.

Mən hər şeyi təzədən başlayır və yenə də uğursuzluğa düçar olurdum. Mənim bəxtim həmişə gətirmirdi. Lakin əbəs səylərə baxmayaraq, mən, hər halda, əsərin ayrı-ayrı hissələrinin ritmikası, harmoniyası və kompozisiyası sahəsində müəyyən təcrübə əldə etdim.

Bu minvalla mən Hezliti, Lemi, Vorsvortu, cənab Tomas Braunu, Defonu, Hotornu, Monteni böyük səylər bahasına təqlid edirdim.

Bu, bizə xoş olsa da, olmasa da, əsər yazmağı öyrənməyə aparan yol bu cürdür; bunun mənə faydası oldu və ya olmadı, amma bu məhz o yoldur. Kits məhz bu cür öyrənib, ədəbiyyatda isə ondan incə duyğulu və temperamentli yazıçı heç vaxt olmayıb.

Bu təqlidetmələrin möhtəşəm mahiyyəti bundan ibarətdir ki, şagirdin nail olduğu hədlərin arxasında təkrarolunmaz nümunə parlayır. Qoy o, ona xoş olduğu kimi başlasın. O, ola bilsin ki, uğursuzluğa düçar olsun, lakin köhnə və çox düzgün məsəl mövcuddur ki, uğursuzluq – uğura aparan ən yaxşı yoldur”.

Adlar və konkret əhvalatlar kifayətdir. Sirr aydındır. Linkoln uğurlu vəkil olmağı ehtirasla arzulayan cavan oğlana yazmışdı: “Uğura aparan yeganə yol kitabları əldə etmək və onları diqqətlə oxumaq və öyrənməkdən ibarətdir. İşləmək, işləmək, işləmək – əsas olan budur”.

Hansı kitabları? Başlayaq Arnold Bennetin “Sutkada iyirmi dörd saatı necə yaşamalı” kitabından. O, sizə sizin üçün bütün predmetlərdən ən çox maraqlı olanı haqqında danışır – özünüz haqqında.

Kitab sizə hər gün nə qədər çox vaxtı boş-boşuna itirdiyinizi, bu məqsədsiz itkilərlə necə mübarizə aparmağı və qənaət edəcəyinizi necə istifadə etməyi açacaq. Kitabın vur-tut yüz üç səhifəsi var. Onu asanlıqla bir həftəyə oxumaq olar.

Hər gün səhər ondan iyirmi səhifə qoparın və onları cibinizə qoyun.

Bundan sonra səhər qəzetlərini oxumağa əvvəlki iyirmi və ya otuz dəqiqənin yerinə yalnız on dəqiqə sərf edin.

“Mən qəzetlərdən onları Tasitə və Fukididaya, Nyutona və Evklidə dəyişməklə imtina etdim, – deyə Tomas Cefferson yazırdı. – Və özümü qat-qat daha bəxtəvər hiss edirəm”.

Yəni siz Ceffersonun nümunəsini təkrar etməklə (heç olmasa, qəzetlərin oxunmasına sərf etdiyiniz vaxtın iki dəfə azaldılması məsələsinə toxunan hissəsiylə bağlı) elə də uzaqda olmayan gələcəkdə özünüzü daha bəxtəvər hiss edəcəyinizi, doğrudan da, zənn etmirsiniz?

Yəni siz, doğrudan da, bunu heç olmasa bir ay ərzində etməyə və bu minvalla boşalan vaxtı faydalı işə – yaxşı kitabın mütaliəsinə sərf etməyə cəhd etməyəcəksiniz? Siz lifti, avtobusu, sifariş etdiyiniz təamları və ya görüşlərinizi gözləyəndə özünüzlə götürdüyünüz səhifələri niyə də oxumayasınız?

Siz bu iyirmi səhifəni oxuyub qurtarandan sonra onları qaytarıb kitaba qoyun və növbəti iyirmisini qoparın. Siz onların hamısını oxuyandan sonar kitabın cildinin üstündən rezin lent çəkin ki, qoparılan səhifələri itirməyəsiniz. Kitabı bu şəkildə eybəcər hala salmaq və onda olan fikirləri əxz etmək ona əl vurmadan və oxumadan öz kitabxananızın rəflərində saxlamaqdan yaxşı deyilmi?

“Sutkada iyirmi dörd saatı necə yaşamalı” kitabını oxuyandan sonra sizə həmin müəllifin başqa kitabı da maraqlandıra bilər. “İnsan maşını” kitabını oxumağa çalışın. Bu kitab sizə insanlarla daha həssas davranmağı öyrədəcək.

O, sizdə təmkin və özünü ələ almağı formalaşdıracaq. Adıçəkilən kitablar burada yalnız onlarda deyilənlərlə bağlı yox, həm də onların sizin söz ehtiyatınıza mütləq göstərəcəyi zənginləşdirici və saflaşdırıcı təsirinə görə məsləhət olunur.

Biz həm də bir neçə başqa faydalı kitab təklif edirik: Frenk Norisin “Sprut” və “Birja” kitabları. Bunlar Amerikada nə vaxtsa yazılmış ən yaxşı iki romandır. Birinci kitabda Kaliforniyanın buğda zəmilərində baş verən təlatümlər və insan faciələri, ikincidə isə Çikaqo birjasında “ayılar” və “öküzlər” arasında gedən döyüşlər qələmə alınır.

Tomas Hardinin “D’Erbervillər nəslindən olan Tess” romanı özü ilə ən gözəl əsərlərdən birini təcəssüm etdirir. Həmçinin də Nyuell Duayt Hillisin “İnsanın cəmiyyət üçün dəyəri” kitabını və professor Uilyam Ceymsin “Müəllimlə söhbət” işini oxumaq lazımdır. Andre Moruanın “Şellinin həyatı”, Bayronun “Çayld Harold” və Robert Luis Stivensonun “Eşşəklə səyahət” kitabları da sizin siyahınıza daxil edilməlidir.

Ralf Uoldo Emersonu özünüzün gündəlik yol yoldaşınız edin.

Ona ilk növbədə əmr edin ki, sizə özünün məşhur “Özünə etibar” essesini versin. Qoy o, sizin qulağınıza aşağıda verilənlər kimi rəvan ifadələri pıçıldasın:

“Qəlbinin dərinliklərində doğulmuş əqidəni dilə gətir və o, özündə hamı üçün məna kəsb edəcəkdir, zira vaxt ötür və qəlbin dərinliklərində doğulan ümumun olur və qiyamət gününün neyləri bizdəki qığılcımlanmış fikri aləmə car çəkir.

Bizlərdən hər birimiz qəlbin səsinə nə qədər etibar etməsək də, hər halda, Moiseydə (Musa peyğəmbər), Platonda, Miltonda bizi hər şeydən çox heyran edən məhz elə budur ki, onlar kitab müdrikliyinə və ümumun rəyinə saymazyana

yanaşa bilir və onları əhatə edən insanların deyil, özlərinin fikirləşdiklərini deyirdilər. İnsana bardlar və öncəgörənlər kəhkəşanından gələn şüaları yox, öz qəlbini daxildən nurlandıran işığın saçaqlarını tutmağı və tanımağı öyrənmək gərəkdir.

Biz isə öz fikirlərimizin sönməsinə yalnız buna görə biganəliklə imkan veririk ki, həmin fikirlər bizim beynimizə özləri gəlib. Dahinin hər bir sözündə biz özümüzün əldən qaçırdığımız həmin fikirləri tanıyırıq; onlar bizim özümüzə soyuq möhtəşəmliyin çələngi altında qayıdır.

İncəsənətin əzəmətli yaradıcılıq nümunələrinin bizə verə biləcəyi ən ibrətamiz dərs məhz bundan ibarətdir: onlar bizi özündənrazılıq hissi olmayan, lakin mətanətli tərsliklə özümüzdə yaranıb əmələ gələn təəssüratlardan instinktiv surətdə yapışmağı öyrədir – və ələlxüsus da xorla düz onun əksini yeritdikləri halda.

Əgər biz bu təəssüratdan imtina edəriksə, bizim, necə olmuşdusa, özümüzün fikirləşdiyimiz və ya duyduğumuzu, sabah tanımadığımız bir kimsə həmin şeyi fövqəladə dərəcədə inandırıcı surətdə dəqiqliklə sübut edəcək və biz öz şəxsi, lakin başqasının ərz etdiyi fikrimizi o vaxtdan etibarən utanıb-qızarmadan rəhbər tutacağıq.

Hər bir insanın mənəvi həyatında belə bir məqam gəlib çıxır ki, o, bu əqidəyə çatır: paxıllıq cahillikdən doğur; yamsılama – özünəqəsddir; insan özü bunu istəsə də, istəməsə də, özü üçün təyin olunmuş tale ilə olduğu kimi, özü ilə də barışmalıdır; kainat onu nə kimi nemətlərlə ərköyünləşdirsə də, əgər o, özü üçün ayrılmış torpaq tikəsini can-başla və əməksevərliklə əkməsə, gündəlik çörəyini tapa bilməyəcəkdir.

Onda olan qüvvənin təbiətdə tayı yoxdur və onun nəyə qadir olduğunu bilmək yalnız özünə verilib, bu isə o, özünü sınaqdan çıxarmayana qədər aydın olmayacaqdır”.

Lakin ən yaxşı müəllifləri biz axıra saxlamışıq. Onlar bəs kimdir? cənab Henri İrvinqdən ən yaxşı yüz kitabın siyahısını tərtib etməyi xahiş edəndə o cavab vermişdi: “Yüz kitabdan ibarət olan siyahını tərtib etməzdən əvvəl mənə izin verin ikisini öyrənim – İncili və Şekspiri”.

Ser Henri haqlı idi. İngilis ədəbiyyatının bu iki mənbəyindən için. Çox və teztez için.

Öz axşam qəzetinizi bir kənara tullayın və deyin: “Şekspir, mənim yanıma gəl və bu axşam mənə Romeo və onun Cülyettası haqqında, Makbet və onun şöhrətpərəstliyi haqqında danış”.

Əgər siz bu məsləhətlərə əməl edərsinizsə, onda qazancınız nə olacaq? Tədricən, nəzərə çarpmadan, lakin qaçılmaz olaraq sizin danışıq maneranız daha gözəl və incə olacaqdır. Siz tədricən yol yoldaşlarınızın şöhrətini, gözəlliyini və möhtəşəmliyini müəyyən dərəcədə özünüzdə əks etdirmiş olacaqsınız. “Mənə de ki, sən nə oxuyursan, – demişdi Höte, – və mən sənə kim olduğunu deyim”.

Təklif etdiyim bu mütaliə proqramı iradənin müəyyən gücünü, eləcə də vaxta daha ciddi qənaət olunmasını tələb edəcək… Siz Emersonun esselərinin və Şekspirin pyeslərinin cib nəşrlərini ala bilərsiniz.

Mark Tvenin sözlərdən istifadə etməyinin sirri

Mark Tven sözlərin istifadə edilməsində öz fitri qabiliyyətini necə inkişaf etdirə bilmişdi? O, cavan oğlan olduğu vaxt dilicanla Missuridən Nevadaya qədər yolu dəhşətli dərəcədə asta və çox böyük əzab-əziyyətlə keçmişdi. Həm sərnişinlər, həm də atlar üçün qidanı, bəzən isə hətta suyu da özləriylə daşımaq lazım gəlirdi. Əlavə yük bəlaya gətirə bilərdi.

Baqaj üçün çəkinin hər unsiyasına görə haqq ödənilirdi və bununla belə, Mark Tven özü ilə Vebsterin lüğətini aparırdı ki, onu aşırımlarında, günəşin yandırdığı səhrada, eləcə də yolkəsənlərin və hinduların qaynaşdığı yerlərdə də oxusun. O, sözün hökmdarı olmağı qarşısına məqsəd qoymuşdu. Və bu işdə Mark Tvenə onun üçün xarakterik olan cəsarəti, sağlam təfəkkürü kömək etdi.

Həm Pitt, həm lord Çetem lüğəti iki dəfə öyrənmişdi; hər bir səhifəni və hər bir sözü. Brouninq onu hər gün mütaliə edir, bundan ləzzət alır və fayda görürdü. “Linkoln ala-toranlıqda oturaraq, – deyə onun bioqrafları Nikoli və Hey yazırlar, – lüğəti oxumağı sevirdi və bunu nə isə görmək mümkün olan vaxta qədər edirdi”. Göstərdiyimiz bu hallar heç də istisna deyil. Hər bir görkəmli yazıçı və hər bir görkəmli natiq eyni şeyi edir.

Vudro Vilson ingilis dili sahəsində istisnasız biliklərə malik idi. Onun yazdıqlarında nələr isə – Deklarasiyanın bölmələri, Almaniyaya qarşı müharibə – ədəbiyyatda öz yerini, şübhəsiz, tutacaqdır.

Sözləri yerbəyer etməyi necə öyrəndiyi haqqında onun özü bunu danışıb:

“Mənim atam ailəmizin üzvlərindən heç kimə sözləri qeyri-düzgün istifadə etməyə izin vermirdi. Uşaqlardan hansısa biri tərəfindən danışanda yol verdiyi istənilən səhv dərhal düzəldilirdi; istənilən naməlum söz o dəqiqə izah edilirdi; bizim hər birimiz danışığımızda elə bir söz işlətməyə şirnikləndirilirdik ki, onu hafizəmizdə möhkəmlədə bilək”.

Cümlələrinin dəqiq strukturuna və danışığının gözəlliyinə görə tez-tez təriflənən bir nyu-yorklu natiq sərrast sözün seçilməsi bacarığının bu yaxınlarda etdiyi söhbətlərin birində yerinə düşən sirrini açmışdı. O mütaliə edəndə və ya söhbət əsnasında hər dəfə naməlum sözlə üzləşəndə onu xüsusi kitabçasına yazırdı.

Sonra o yatmağa uzanmazdan əvvəl öz lüğətinə baxır və həmin sözü cəbbəxanasına daxil edirdi. Əgər bu minvalla o, gün ərzində heç bir material toplaya bilmirdisə, Fernaldın “Sinonimlər, antonimlər və sifətlər /qramm./” işindən bir və ya iki səhifəni öyrənərək, tam sinonim qismində bir-birini qarşılıqlı surətdə əvəz edə biləcəyini hesab etdiyi sözlərin mənasını qeyd edirdi. Hər gün bir təzə söz – onun devizi budur.

Bu o deməkdir ki, o, fikirləri ifadə etmək üçün bir il ərzində əlavə olaraq üç yüz altmış beş silaha yiyələnirdi. Bu təzə sözlər qeyd kitabçasında toplanır, onların mənası isə gün ərzində boş vaxtlarda gözdən keçirilir. O diqqət yetirib ki, təzə söz onun danışıq dilinə həmin sözü üç dəfə işlədəndən sonra düşür.

İstifadə etdiyiniz sözlərin romantik tarixçəsi

Lüğəti yalnız sözlərin mənasını dəqiqləşdirmək üçün yox, həm də onun mənşəyini axtarıb tapmaq üçün istifadə edin. Sözlərin mötərizə arasında izahından sonra onun etimologiyası verilir. Heç bir saniyə də olsa düşünməyin ki, hər gün işlətdiyiniz sözlər vur-tut darıxdırıcı və laqeyd səslərdir. Onlar nur və romantika ilə doludur.

Məsələn, siz “qəndlə bağlı telefonla baqqala zəng edin” kimi prozaik ifadəni bir çox başqa dillərdən və sivilizasiyalardan əxz etdiyimiz sözləri işlətmədən deyə bilmirsiniz. “Telefon” iki yunan sözündən ibarətdir: “uzaqda olan” mənasını verən “tele” və “səs” demək olan “fon”.

“Baqqalçı” sözü ərəbcədə “bakkal” – “tərəvəz taciri” sözündən əmələ gəlib. İngilislər “qənd” sözünü fransızlardan əxz ediblər, fransızlar isə ispanlardan götürüblər. İspanlar öz növbəsində onu ərəb dilindən mənimsəyiblər, ərəblər isə – farslardan. Fars sözü olan “şəkər” Sanskrit “karkara”dan əxz edilmişdir ki, bu, “şirniyyat” deməkdir.

Siz “kompaniya” üçün işləyə və ya onun mülkiyyətçisi ola bilərsiniz. “Kompaniya” sözü köhnə fransız, “kompanyon” demək olan sözdən əmələ gəlmişdir; “kompanyon” sözünün hərfi mənası isə belədir: “com” – “ilə” və “panis” – “çörək”, yəni kompanyon – birlikdə çörək yediyiniz adam.

Faktiki olaraq “kompaniya” özü ilə özlərinə çörək pulu qazanmağa çalışan adamların birliyini təcəssüm etdirir. “Sizin cibinizdə olan “dollar”, hərfi mənada, “taler” – “dərə” deməkdir; dollarlar ilk dəfə XVI əsrdə müqəddəs İoahim dərəsində zərb olunmuşdur.

“Yanvar” sözü Romada yaşamış, ixtisası qıfıl və qıfıllar üçün bolt hazırlamaq olan Etruss dəmirçisinin adından əmələ gəlmişdir. O vəfat edəndə onu bütpərəst tanrısı etdilər və iki sifətlə təsvir edirdilər. Belə ki, o, eyni zamanda müxtəlif tərəflərə baxa bilirdi və bu, qapıların açılması və bağlanması ilə əlaqədar idi.

Buna görə də bir ilin axırında və o birinin başlanğıcında duran ay “yanvar”, yəni “Yanusun ayı” adlandırıldı. Bax buna görə biz yanvar haqqında danışanda bizim  ramızdan min il əvvəl yaşamış dəmirçini və onun həyat yoldaşı Yanuanı xatırlayırıq.

Yeddinci ay, iyul Yuli Sezarın şərəfinə adlandırılmışdır. Buna görə də imperator Avqust özünün geri qalmasını istəməyərək növbəti ayı avqust adlandırdı. Lakin o vaxtlar səkkizinci ayda cəmi otuz gün var idi, Avqust isə istəmirdi ki, onun adı ilə adlandırılan ay Yuli Sezarın şərəfinə adlandırılmış aydan qısa olsun.

O, fevraldan bir günü götürdü və onu avqusta əlavə etdi. Bu şöhrətpərəst oğurluğun izlərini siz bu gün evinizdə asılan təqvimdə görə bilərsiniz. Həqiqətən də, siz öyrənirsiniz ki, sözlərin tarixçəsi çox maraqlıdır.

Böyük lüğətdə aşağıdakı sözlərin əmələ gəlməsini tapmağa çalışın: atlas, boykot, koloss, sendviç, lunatik, maliyyə… Onların tarixçəsini öyrənin. Bunun sayəsində onlar ikiqat rəngarəng, ikiqat maraqlı olacaqlar. Və onda siz onlardan daha böyük həvəs və maraqla istifadə edəcəksiniz.

Bir cümlənin yüz dörd dəfə təkrar köçürülməsi

Nəzərdə tutduğunuzu dəqiq deməyə və fikirlərinizin ən incə nüanslarını ifadə etməyə çalışın. Bu, həmişə asan olmur, hətta təcrübəli yazıçılar üçün də. Xanım Fannı Herst mənə danışmışdı ki, hərdən o, öz cümlələrini əllidən yüz dəfəyə qədər təkrar köçürür.

O dedi ki, bizim söhbətimizdən cəmi bir neçə gün əvvəl bir cümlə yüz dörd dəfə yenidən yazılmışdı. Xanım Meybl Herbert Urner mənə bildirmişdi ki, bir neçə qəzetdə dərc olunacaq qısa bir hekayədə bir və ya iki cümləni ixtisar etmək üçün bəzən olur ki, bütün gününü sərf edir.

Mürəbbi Morris danışırdı ki, Riçard Hardinq Devis yerinə düşən və düzgün sözü tapmaq üçün daim işləyirdi.

“Onun bədii prozasında hər bir ifadə onun təklif edə biləcəyi saysız-hesabsız ifadələrin arasında ən yerinə düşəni idi.

İfadələr, abzaslar, səhifələr, hətta bütöv hekayələr yenə və yenə köçürülürdü. O ixtisar etmək prinsipi üzrə işləyirdi. Əgər o, avtomobilin darvazanın qarşısında döndüyünü təsvir etmək istəyirdisə, onda əvvəl bunu uzun və təfsilatlı surətdə, ən xırda, xristian dünyasında ən diqqətli adamın da bu hadisə ilə bağlı yadda saxlaya bilməyəcəyi detalı belə gözdən qaçırmadan qələmə alırdı.

Sonra o, özünü bu qədər gücə salaraq yadına saldığı həmin detalları bir-birinin ardınca atırdı. Hər ixtisardan sonra o, özündən soruşurdu: “Mənzərə saxlanılırmı?” Əgər mənzərə saxlanılmırdısa, onda o, indicə atdığı detalı bərpa edir və başqa detalları ixtisar etməyə başlayırdı və sair və ilaxir.

Bu, o vaxtadək davam edirdi ki, Herkules səylərindən sonra oxucu üçün yalnız onun hekayə və romantic əhvalatlarının həmişə bu qədər məftunedici şəkildə bəzədildiyi, hər bir xırda detalı ilə tamamlanmış gur və dəqiq mənzərələri qalırdı”.

Bizlərdən əksəriyyətimiz sözün üzərində cidd-cəhdlə işləmək üçün nə vaxta, nə də istəyə malikik. Bu epizodlar ona görə göstərilib ki, məşhur yazıçıların düzgün qələmə almaq tərzinə və fikri düzgün ifadə etməyə nə qədər böyük məna verdikləri diqqətinizə çatdırılmış olsun.

Bu, sizi ruhlandırmaq, sizdə dilin fəal işlədilməsinə güclü maraq doğurmaq üçün edilir. Cümləni deyərkən natiqin çatdırmaq istədiyi fikrin məhz düşündüyü çalarını ifadə etmək üçün məhz hansı sözü seçmək üzərində fikirləşməsi, əlbəttə, düzgün olmazdı.

Lakin o, fikrin dəqiq ifadə olunmasını gündəlik ünsiyyət prosesində o vaxta qədər özündə işləyib düzəltməlidir ki, bu, qeyri-şüuri surətdə baş versin. O, bunu etməlidir, bəs o, bunu edirmi? Xeyr.

Deyirlər ki, Milton səkkiz min sözdən istifadə edirdi, Şekspir isə – on beş mindən. İngilis dilinin normativ lüğətinə yarım milyondan əlli min az söz daxildir. Lakin adamların əksəriyyəti, əldə olan məlumatlara görə, təqribən iki min sözlə keçinir. Onun ehtiyatında müəyyən sayda fel, onları birləşdirmək üçün kifayət qədər sayda bağlayıcı söz, bir ovuc isim və bir neçə sürtülmüş sifət vardır.

O, əqli cəhətdən həddən artıq tənbəldir və ya o, həddən artıq məşğuldur ki, özündə ifadə tərzinin dəqiqliyini və səlisliyini işləyib formalaşdırsın. Nəticədə bəs nə alınır? İzin verin bir nümunə göstərim. Bir dəfə mən Kolorado platosundakı Böyük Kanyonun yanında bir neçə unudulmaz gün keçirmişdim.

Gün ərzində mən bir xanımın çau-çau cinsli it haqqında, orkestrin ifa etdiyi musiqi əsəri haqqında, insan xarakteri haqqında və Böyük Kanyonun özü haqqında danışarkən eyni bir sifət işlətdiyini eşidirdim. Bu, “gözəl” sifəti idi.

Bəs bu qadın nə deməli idi? Rojenin “Söz xəzinəsi” (P.Roget. «Treasury of Words») lüğətindən “gözəl” sözünün sinonimlərini istifadə etməli idi. Bu, onun tam lüğətinin (P.Roget. «Thesaurus of Words and Phrases») çox böyük fayda verən ixtisar olunmuş nəşridir.

Əgər bu kitab mənim stolumun üstündə deyilsə, şəxsən mən heç vaxt yazmağa oturmuram. Mən onu adi lüğəti işlətdiyimdən on dəfə çox istifadə edirəm.

Bu kitabın yaradılmasına Roje neçə il ağır əmək həsr etmişdir. Bununla belə, bu kitab daim sizin yazı stolunuzun üstündə olacaq və bahalı olmayan qalstuka verdiyiniz məbləğin müqabilində bütün ömrünüz boyu sizə xidmət edəcəkdir. Bu, kitabxana rəflərində saxlanmaq üçün alınan kitablardan deyil.

Bu, daim işlədilməli olan alətdir. Çıxışlarınızda dediyiniz fikirləri qeyd edəndə və ya cilalayanda ondan istifadə edin.

Öz məktublarınızı diktə eləyəndə və öz komitənizin hesabatını tərtib edəndə bu kitabdan istifadə edin. Ondan hər gün istifadə edin və o, sizin sözləri işlətmək bacarığınızı ikiqat, üçqat artıracaq.

Sürtülmüş cümlələrdən qaçın

Yalnız dəqiq olmağa yox, həm də təravətli və orijinal sözlərdən istifadə etməyə çalışın. Şeyləri öz adı ilə adlandırmağa səy göstərin.

Məsələn, nə vaxtsa, dünya suya qərq olandan dərhal sonra hansısa bir orijinal zəka ilk dəfə bu müqayisəni istifadə etdi: “xiyar kimi soyuq”. O vaxtlar bu istisnasız olaraq yaxşı səslənirdi, çünki tamamilə yeni bir ifadə idi.

Hətta məşhur Valtasar ziyafəti dövründə də bu ifadə, ola bilsin, özünün ilkin təravətini saxlamaqda davam edirdi və onu banketlərdə edilən çıxışlarda istifadə etmək olardı. Lakin öz orijinallığı ilə fəxr edən hansı adam bu qədər vaxt keçəndən sonra bir də onu təkrar edər?

Budur, sizin qarşınızda soyuğun ifadəsi üçün bir düjün müqayisə. Bunlar xiyarla bağlı sürtülmüş müqayisədən heç də az ifadəli deyildir, bununla yanaşı, həm də daha təzə və məqbuldur;

Qurbağa kimi soyuqdur.

Səhərlər qrelka kimi soyuqdur.

Şiş (kabab çəkmək üçün) kimi soyuqdur.

Sərdaba kimi soyuqdur.

Himalayın buzlu zirvəsi kimi soyuqdur.

İlan kimi soyuqdur.

Tısbağa kimi soyuqdur – Riçard Kemberlend.

Qar topası kimi soyuqdur – Allan Kanningem.

Duz kimi soyuqdur – Ceyms Hyunker.

Torpaq soxulcanı kimi soyuqdur – Moris Meterlink.

… kimi soyuqdur.

Payız yağışı kimi soyuqdur.

Soyuqluq ideyasında öz fərdi müqayisələriniz barədə həvəsiniz çatana qədər fikirləşin. Özünəməxsus olmağa mərdliyiniz çatsın. Onları burada yazın.

Elə soyuqdur ki, elə bil…

Elə soyuqdur ki, elə bil…

Elə soyuqdur ki, elə bil…

Bir dəfə mən Ketlin Norisdən stili necə yaxşılaşdırmaq mümkün olduğunu soruşdum. “Klassikləri, prozaikləri və şairləri oxumaqla, – deyə o cavab verdi, – və öz əsərlərinizdən sürtülmüş cümlələrin və dişlərdə ilişib qalan ifadələrin tənqidi əsasda atılması yolu ilə”.

Bir jurnalın redaktoru mənə dedi ki, o dərc olunmaq üçün göndərilən hekayədə iki və ya üç banal ifadə tapanda onu oxumağa vaxtını itirmədən geri, müəllifə göndərir, çünki onun əlavə etdiyi kimi, orijinal ifadə etməyi bacarmayan adam təfəkkür tərzində də az orijinallıq üzə çıxara bilər.

Xülasə

  1. Bizdə insanlarla kontaktın yalnız dörd metodu var. Bizim haqqımızda nə etdiyimiz, xarici görkəmimiz, bizim nə dediyimiz və bunu necə dediyimizin əsasında mühakimə yürüdürlər. İstifadə etdiyimiz danışıq dili ilə bizi necə tez-tez qiymətləndirirlər?
  2. Çarlz U.Eliott əsrin üçdəbiri ərzində Harvard Universitetinin rektoru olandan sonra bildirmişdi: “Kişilərin və qadınların zəruri təhsilinin bir hissəsi kimi mən yalnız bir mənəvi qazancı etiraf edirəm. Mən doğma dilin dəqiq və incə seçimlə istifadə olunmasını nəzərdə tuturam”.
  3. Sizin nitq maneranız dost-tanış dairənizə daxil olan adamlarla ünsiyyət maneranızı əhəmiyyətli dərəcədə əks etdirir. Buna görə də Linkolndan nümunə götürün və ədəbiyyat korifeyləriylə dostlaşın. Onun etdiyi kimi, axşam saatlarınızı Şekspirin və poeziyanın başqa böyük şairlərini və ustalarını oxumaqla keçirin.
  4. Bunu edin və beyniniz nəzərə çarpmadan, lakin qaçılmaz surətdə zənginləşəcək və nitq maneranız hansısa bir dərəcədə sizing kompanyonlarınızın manerasını və şöhrətini əks etdirəcəkdir.
  5. “Mən qəzetlərdən onları Tasit və Fukididaya, Nyuton və Evklidə dəyişərək imtina etdim, – deyə Tomas Cefferson yazırdı. – Və özümü xeyli daha bəxtəvər hiss edirəm”. Onun nümunəsini niyə də təkrarlamayaq? Qəzetləri oxumağı tamamilə dayandırmaq lazım deyil. Lakin onların gözdən keçirilməsinə indi olduğundan iki dəfə az vaxt sərf edin. Bu minvalla qənaət edəcəyiniz vaxtı hansısa ciddi kitabların mütaliəsinə sərf edin.
Hər kitabdan iyirmi və ya otuz səhifə qoparın, onları cibinizdə gəzdirin və gün ərzində boş vaxtınızdan istifadə edərək onları oxuyun.
  1. Yazı stolunuzun üstündə olan lüğətlə oxuyun. Tanış olmayan sözləri axtarın. Bu sözləri nə iləsə bağlı istifadə etməyə çalışın ki, onu öz yaddaşınızda həkk edə biləsiniz.
  2. İstifadə etdiyiniz sözlərin mənşəyini öyrənin. Həmin sözlərin tarixçəsi heç də darıxdırıcı deyildir; heç quru da deyil və bəzən elə olur ki, onların romantika ilə dolu olduğu bəlli olur.
  3. Sürtülmüş və çeynənmiş sözlərdən, ifadələrdən istifadə etməyin. Öz fikirlərinizi ifadə edəndə dəqiq olun. Rojenin “Sözlərin xəzinəsi” lüğətini daim öz yazı stolunuzun üstündə saxlayın. Onu tez-tez açın. Sizin gözlərinizi oxşayan hər şeyi təkcə “gözəl” sözü ilə adlandırmayın.
  4. Siz öz fikrinizi daha dəqiq və daha təravətli şəkildə ifadə edə bilərsiniz, əgər “gözəl” sözünə hansısa sinonimləri tətbiq edərsinizsə, məsələn: eleqant, qeyri-adi, xoşagələn, simpatiyalı, stilli, ecazkar, məftunedici, rəngarəng, dəbdəbəli, əla və ilaxir.
  5. Məsələn, “xiyar kimi soyuq” – buna bənzər sürtük müqayisələr istifadə etməyin. Təravətli misallara can atın, şəxsən özünüzə məxsus olan müqayisələr yaradın. Özünəməxsus olmağa mərdliyiniz çatsın.

Dostları necə qazanmalı və insanlara təsir etməli – I fəsilXırda şeyləri dərd etməyin – Richard Carlson

Fikirlərinizi bildirin.