Aforizimlər, statlar, fikirlər

Aforizimlər – yunanca “aphorismos” – “qısa kəlam” deməkdir. Aforizm ümumiləşdirilmiş bitkin dərin mənalı fikir hikmətli sözdür. Atalar sözü və məsəllərdən fərqli olaraq aforizmlərin müəllifi olur. Aforizmlər bədii, elmi, və fəlsəfəsi əsələrdə də yaradıla bilər.

Hər bir aforizm özü bir ön söz, sirlisehirli düşüncə dünyasına açılan fərqli bir qapıdır. Bu dünyaya məhz hansı qapıdan girməyimizdən çox şey asılıdır. Çünki gözlərimiz önündə hər dəfə yeni bir aləm açılacaqdır. Söz sözü gətirir və onların hər düzülüşündən bir naxış yaranır.

“Fikrin düyün nöqtələri xalçanın ilmələri kimidir” (Əbu Turxan). Lakin xalçada ilmələr vahid bir ahəngin ifadəsinə xidmət etdiyi halda, fikir düyünlərini eyni bir ahənglə düzmək daha çətin bir məsələdir. Ona görə də fikirlərin düzülüşündən, neçə birləşməsindən asılı olaraq, çox müxtəlif ahənglər yaranır.

Fikrin bu tipli ümumiləşmiş, universallaşmış, yığcam, lakonik deyilişləri əslində fəlsəfi təfəkkürdən ciddi surətdə fərqlənir. Belə ki, bütün bu deyimlər hansı isə məqamın önə çəkilməsi, vurğulanması, bəzən hətta mütləqləşdirilməsi hesabına yaranır. Yəni burada təhlil yoxdur və konkret situasiyanın doğurduğu əlahiddə şərtlərdən sərf-nəzər edilir.

Riyaziyyat, təbiət elmləri ona görə dəqiqdirlər ki, burada fikir ilkin vəziyyətin, verilənlərin kafi əsas olması şərti ilə yürüdülür. İlkin vəziyyətdən asılı olmadan, bütün zamanlarda və məkanlarda hamı üçün eyni, universal prinsiplər fəlsəfənin preroqativinə aiddir. Amma müdrik fikirlər də həmin bu statusa iddialıdır. Bir fərqlə ki, fəlsəfə həqiqətən ən ümumi anlayışlardan çıxış edir və hər hansı bir konkret həyati məsələdə bələdçi, məsləhətçi olmaq iddiasına düşmür. Amma müdriklik aşağılarda, gerçək həyatın özündə və bəzən hətta dibində baş verənləri ümumiləşdirir və insanlara həyat və fəaliyyətində yol göstərmək və ya bu yola çıraq tutmaq iddiası ilə çıxış edir.

Filosofun müdrikliyi fikrin daha yüksək məqamında və daha yüksək mücərrədləşdirmə səviyyəsində ortaya çıxır. Ona görə də onun dedikləri adi insanlar üçün həm anlaşılmaz, həm də gündəlik həyati məsələlərdən çox uzaq olur. Başqa sözlə desək, filosofun tutduğu çıraq yolun özünü, onun künc-bucağını, enişini- oxuşunu yox, ancaq son məntəqəsini işıqlandırır. Amma bu məntəqəyə gedib çatmaq üçün hələ nə qədər müxtəlif həyati vəziyyətlərdən keçmək lazımdır?! Yəni müdrikliyin məkanı haradasa cari, gündəlik həyatla bu həyatın üfüqləri arasındadır. Burada fəlsəfədəki kimi mücərrəd insan ümumisinin dünya ilə münasibətləri yox, müəyyən ictimai mühitlə, milli-mədəni məkanla, konkret inkişaf səviyyəsi ilə bağlı olan əlamətlər, münasibətlər ehtiva olunur. Əslində sıravi insan bir mütəxəssis kimi yetişmək üçün müvafiq sahə üzrə ixtisaslaşmış təhsil alır. Amma bir insan kimi həyatını necə qurmaq, necə yaşamaq, nələrə üstünlük vermək, hansı vəziyyətlərdə hansı meyarlardan çıxış etmək və s. bu kimi suallarla təkbaşına qalar.

SEX haqqında fikirlər-statlarMəşhur qadınlardan 15 iynəliyici statYuxuyozma 1500

Fikirlərinizi bildirin.